Kitabı oku: «Yazsa roman olar», sayfa 2
2. Susqunluğun sirri
Yeknəsək günlərin birində fikirli-fikirli addımlayarkən özümü qəfil İstanbulun gözdən-qulaqdan iraq, balaca bir kitab dükanıda gördüm. Axırıncı dəfə buraya nə vaxt gəldiyimi tam xatırlamasam da, görünür, yolu unutmamışdım deyə qeyri-iradi gəlib bura çıxmışdım. Odur ki, dərhal içəri keçib kitablara baxmağa başladım. Belletristika və üçüncü-dördüncü dərəcəli həvəskar türk tarixçilərinin kitabları ilə dolu dükanda Jose Saramaqodan yeganə tapdığım kitabı almaq üçün çox da fikirləşməyə gərək qalmamışdı. “Bütün isimlər” adlı roman Saramaqonun yaradıcılığının təqribən orta dönəmlərinə düşür. Əksər yazıçıların qocalıq sindromu adlanan son romanlarındakı əksilikdən doğan məəziyətləri Saramaqonun yaradıcılığı üçün bu dövrdə xarakterikdir sanki, çünki Saramaqo bu romanda ənənəvi üslubundan birazca kənara çıxır, adətən hər əsərində göstərdiyi cümlələr üzərindəki master-klassını təkrarlamır. Qısası, bu əsərdə Saramaqoya məxsus uzun-uzadı cümlələr demək olar ki, azdır. Bundan əlavə mətnin tərtibatı Saramaqonun öz fəndinə əsasən oxuma prosesini çətinləşdirdiyindən, əsər biraz da cansıxıcı gələ bilər. Folknervari gediş edərək cümlələrdə nöqtə və vergül istisna heç bir durğu işarəsindən istifadə etməyən Sarmaqo, hətta dialoqların da ənənəvi düzülüşünü verməyib. Tərcüməçi də bu üslubu qoruyub saxlamağa cəhd etdiyindən romanı oxumaq o dərəcədə çətinləşir ki, bəzən dialoqlarda tərəfləri belə qarşışdırırsan. Bundan başqa, ənənəvi klassik romanlardakı təhkiyəçi – üçüncü şəxsin təkində danışan mən, bu əsərdə bəzən metaromanlardakı təhkiyəçiyə çevrilir, oxucu ilə intertekstual dialoqa keçir. Amma təbii ki, müəllif Saramaqodursa onun hər bir kaprizinə dözmək olar, ki, sonda Saramaqo öz oxucusnu bu fədakarlığına görə mütləq mükafatlandırır.
Əsərin tanıtımında Saramaqonun məqsədi bu əsərdə qəhrəmanının simasında şöhrət anlayışının irdələnməsi olduğu göstərilsə də, fikrimcə, Saramaqo burada şöhrətdən ziyadə adlar üzərindən bir oyuna baş vurur. Bu isə öz növbəsində, Vitgeynşteynin təbiri ilə ilə desək, “dil çatlarında yaranan fəlsəfə” ilə gündəlik qarşılaşdığımız, məruz qaldığımız dil oyununa girərək anlayışların kökünə enir, ölüm, yaşam, intihar və s. anlayışlara fərqli yöndən nəzər salır. Əsərin qəhrəmanı arxiv idarəsində çalışan yaşlı bir məmurdur. Hər gün doğulan, ölən, ayrılan, evlənən yüzlərlə insanın şəxsi qovluqları birbaşa onun əlindən keçərək arxiv idarəsinin tozlu rəflərinə daxil olur. Burada isə əsas iki kateqoriya var. Ölülər və dirilər üçün ayrılmış hissə. Arxiv idarəsinin qapı ilə ayrıldığı digər otaqsa qəhrəmanımız – Don Xosenin yaşadığı köhnə evdir. Uzun illər bu idarədə çalışa-çalışa, Don Xose qəribə bir mübtəlalığa yoluxur. Adları maraqlı gələn insanların şəxsi işlərini idarədən icazəsiz çıxarmaqla – bir növ oğurlayaraq kolleksiya toplamaqla gününü keçirən bu şəxs bir gün bir qadının arxivi ilə tanış olur. Ona maraqlı gələn qadının arxivini tapması ilə də qəhrəmanımızın hekayəsi başlayır. Tipik postmodernist əsərlərdə baş verən axtarış motivi bu əsərdə də keçir. Belə ki, Don Xosenin bu müəmmalı şəxsin axtarışından bəhs edən əsərdə hər nə qədər Saramaqonun fəlsəfi disputlara dalmasında bir şikəstlik hiss olunsa da əsərin kuliminasiya nöqtələrində müəllifin ölüm və həyat arasındakı incə cizgiyə arxiv sənədləri timsalında irəli sürdüyü yeni baxış tərzi də maraqlıdır. Bundan başqa, fərdin topluma dönüşü, hierarxiyanın amansız tənqidi və s. kimi bürokratik anlayışlar da əsərdən öz tənqid payını alırlar. Axtarış prosesi uzandıqca qəhrəmanın şəxsiyyətindəki incəliklər də üzə çıxır. Tədirginliyi ilə bərabər sərhəd tanımaz inadı ilə Don Xose axtardığı şəxsin izinə düşür və romanda sonrakı hadisələrin açılması üçün işıq ucu görünməyə başlayır. Beləliklə, oxucu Don Xose ilə bərabər naməlum qadının axtarışına çıxır.
Əsərin sehrinə daldığımdandı, ya nədir bilmirəm – adətimə xilaf olaraq bu kitabı oxuyarkən təqdimat vərəqlərinə baxmamışdım deyə ikinci səhifədəki əl yazma ilə yazılmış kiçik mətn diqqətimdən qaçmışdı. Əsərin ortalarına yaxın ikinci səhifədəki üç-dörd cümləlik yazı bu əsəri həyatıma bağlayan əsas hadisə oldu. Demək, kitabın ikinci əl olmasının səbəbi bu kitabı 1998-ci ildə bir qadının öz bacısına bağışladığı hədiyyə olması idi. “Ən xoş arzular və xoşbəxtlik ümidi” ilə bağışlanmış əksər hədiyyə kitablardan fərqli olaraq, bu kitab necə olub gəlib satılma həddinə çatmışdısa, bilmirəm. Ancaq bildiyim o idi ki, bu yazını oxumağım mənim həyatımda təsadüfi bir şey olmamalı idi. Deməli, ortada iki əsas ehtimal vardı. Ya kitabı hədiyyə kimi qəbul edən şəxs onu bəyənməmişdi, ya da bəyənib oxuduğu kitab onun üçün hansısa arzuolunmaz bir xatirəyə çevrilmişdi ki, onu satmaq məcburiyyətində qalmışdı. Hər halda ehtimallar tükənməzdir. Ancaq aradan iyirmi ilin keçməsi bu sirri dərinləşdirdiyi qədər də içimə qəribə bir hiss salmışdı ki, bəlkə də bu əsəri oxuduqca əsərin qəhrəmanına çevriləcəm. Bəlkə də əsərdəki qəhrəmanın gizlənmə səbəbi kimi bu qadının da kitabdan imtina səbəbi də hardasa eynidir. Daha da dəhşətli, bəlkə, bu ola bilərdi ki, əsərdə axtarılan qadın elə bu kitabdan imtina edən qadının özü ola bilərdi. Belə olduğu təqdirdə mən bu əsərdəki Don Xosenin özü olmurdummu? Axı yaşam elə mətnin özü deyilmidir? Bəlkə də bu həyatın özü bir mətndir? Hər halda ədəbi oyun ilahi bir oyuna çevrilmişdi. Mənim bu qadına olan marağım, bu qadını axtarmağa məni təhrik edirdi. Bu işdə isə ən böyük kömək elə bu əsəri özümə bələdçi seçmək ola bilərdi. Yəni oyuna qatılmışdımsa oynamalı idim. Gözümü açıb qəfil özümü içində gördüyüm bu oyun məni həyatla mətn arasındakı əlaqədə kövrək bir bağa çevirmişdi.
Ağır iş günlərindən imkan tapdıqca əsəri oxuya – oxuya əsərin qəhrəmanı sayaq mənim də axtarışlarım bəzən dalana dirəndiyinidən Don Xosedən fərqli olaraq mən daha tez həvəsdən düşürdüm. Sanki bütün axtarışlar əbəs yerə idi. Qəhrəmanımızdan bir fərqim də – mənim axtarış üçün elə də böyük bir imkanımın olmaması idi. Kitabı satan şəxsi yalnız virtual dünyada axtara bilirdim. Bu axtarışların birində isə tapdığım yeganə olması ehtimal olunan profil heç bir ümid vəd etmirdi. Çünki profil “ölü profil” idi. Ola bilsin ki, profilin sahibi ölməsin, hələ də yaşasın. Amma istənilən halda, profili işlətməməsi məni bu qərarı almağa vadar etdi ki, bu axtarışı hələlik dayandırım və qəhrəmanımızın da axtardığı şəxsin ölü olması mənimçün yeganə çıxış yolu saxlayırdı ki, yaxşısı hadisələrin sonrakı gedişatına uyğun olaraq sonluq əsasında bir qərar qəbul edim. Bütün sirlər sonda açıla bilərdi.