Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Yalnızıq», sayfa 4

Yazı tipi:

Aydın inşallah meningit deyil, amma əgər olubsa, mütləq bu, oxuduğu dərsə qarşı duyduğu üsyanın, sinir sistemi yolu ilə bədən üzvlərinə olan sirayətin nəticəsidir. İndi ruhən duyduğu bu sıxıntı öz şəklini dəyişdirərək onun cismində davam edir. Dünən bu, imtahana qarşı üsyan idi, bu gün isə imtahana girə bilməməyin nəticələrinə, sinifdə qalmağa, yoldaşları arasında pərt olmağa qarşı qaldırdığı üsyandır. Ona hiss etdirmək lazımdır ki, bu itkinin onun üçün heç bir əhəmiyyəti yoxdur. Ən əsası, o bilməlidir ki, günah onun özündə deyil, ehtiyaclarını, hansı təmayüldə olduğunu və qabiliyyətlərini nəzərə almayan təhsil sistemindədir. Əgər bunu əvvəlcədən etsəydik, xəstəliyin qarşısını almış olardıq.

Bəsim bir qədər əvvəl həkimin “serebrospinal anbar” dediyi sözü xatırladı. Bu anbar sıxıntı və ya zehni yorğunluq üzündən yıxıldığı zaman mikroblar beyin hissəsinə girir. Səmimin nəzəriyyəsi müasir tibbin, güclə də olsa, sezdiyi bir həqiqətin daha anlaşıqlı şəkildə inkişaf etdirilməsindən və müalicəyə tətbiq edilməsindən başqa bir şey deyildi.

Ona görə də, başını təsdiq edirmiş kimi tərpətdi:

– Bəli, mən də eyni fikirdəyəm.

Səmim isə qazandığı uğurun əhəmiyyətini azaltmaq istəyən təvazökar bir təbəssümlə əlavə etdi:

– İstəyirsən, indi sənə Simeranyada niyə təbabət deyə xüsusi bir elmin olmadığını, bütün bilgilərin məhz bir mərkəzin əmrində olan tədqiqat qollarına ayrılğını başa salım.

– Quzum…

Üçü də birdən başını Aydının yatdığı otağın pəncərəsinə tərəf qaldırdılar. Məfharət bağırırdı:

– Hardasınız, ay balam? Bunun yenə ağrısı tutdu axı, tez olun, özünüzü yetirin!

Qardaşların ikisi də o dəqiqə yerlərindən sıçrayıb otağa tərəf götürüldülər.

Ayaq üstündə dayanan Səlmin gözlərini yerə dikərək nədənsə heç dillənmirdi. Eşitdiyi bağırtı belə onu yerindən tərpənməyə vadar edə bilmədi…

Nəhayət, bir qədər sonra başını yuxarı qaldırdı, gözlərini yumdu və dərin bir nəfəs aldıqdan sonra çox pis hadisələrə doğru getdiyini yaxşı bilirmiş və dayılarının arxasınca sürüklənirmiş kimi irəlilədi.

***

Evdəki ən optimist adamı belə bu cür bərbad, fəlakət dolu bir günün bu qədər fərəhli və nəşəli gecəsi olacağına ümid edə bilməzdi. İkinci mərtəbənin arxadakı bağçaya baxan geniş balkonunda şezlonqların birində uzanmış, göy üzünü seyr edərkən diqqətlə udqunaraq bir qədər əvvəl yediyi rəvaninin ləzzət dolu xəyalını ulduzların parıltılarına qarışdıran və iki hiss arasında incə bir qarışıq duyğu əldə etməyə çalışan Bəsim yanında, ayaq üstündə dayanmış ablasının ilk qəhqəsinin eşidən andaca bağırdı:

– Oh, belə ha! Yaşa! Yaşa! Oh… Gördünmü? Bax sağlamlığın, bəxtiyarlığın, hər şeyin sirri məhz bu qəhqəhədədir. Düzdür, bir az gecikdin, amma eyibi yox, əsas odur ki, ürəkdən çəkdin!

Məfharət bir əlini qardaşının çiyninə qoydu və hələ də sinəsindən çıxan qəhqəhələrə ara vermədən:

– Sənə gülürəm, – dedi, – süfrədə söylədiklərinə… Kefim yerinə gəldi, vallah… Gedib o Səbri həkimin əlindən öpəcəyəm. Pensilin ağrını bıçaq yağı kəsən kimi kəsdi. Çox yaxşıdır indi, maşallah. Üzü güldü yazıq uşağın. Artıq qalxmaq istəyir. Məni necə qorxutdu, ay Allah! O necə qıvrılmaq, o necə bağırmaq, o necə çırpınmaq idi elə? İndi: “Daha heç nəyim yoxdur”, – deyir. Ağabəyim ona da, mənə də nə qədər gözəl sözlər söylədi. Ah, əlimdə bir qələm olsaydı, yazsaydım.

Bəsim bir əlini çiyninə qaldıraraq ablasının əlini sığallamağa başladı. Pensilinin bu qədər tez bir zamanda təsir edəcəyini ağlına gətirməzdi. Səmimin təlqinləri də bu cür möcüzə yarada bilməzdi.

– Deməli, meningit deyilmiş, – dedi, – boşuna narahat olmuşuq. Sabri, onsuz da, bu ehtimalın zəif olduğunu Pensilini də hər ehtimala qarşı vurmuşdu.

Məfharət də qardaşlarının yanına keçib şezlonqa uzandı.

Havada təyyarə pərvanəsinin uzaqdan gələn səsi kimi davamlı və monoton bir uğultu var idi. Dəniz tərəfdən motorun yaxınlaşdıqca artan gurultusu bu səsi eşidilməz edir, sonra uzun və kəskin qatar fiti gələrək uğultuların üzərindən atəşdən bir cizgi çəkirdi. Aradabir siqnal səsləri ilə yırtılan arasıkəsilməz uğultu bir qədər keçmiş yenidən havanı bürüyürdü.

Yuxusu gəlməyə başlayan Bəsim gözlərini yarı yummuşdu. Bir az mürgüləmək istəyirdi. Lakin bacısı onu səslədi:

– Bəsim, sənin gözün mənimkindən yaxşı görür, bir ora baxsana… Burada, gilas ağacı ilə divarın arasında adam kölgəsi görürsənmi?

Bəsim yerindən dikəldi. Orada bir övliya türbəsi olmadığını söyləməyə üşəndiyi halda balkonun geniş barmaqlıqları arasından gözlərini bacısının dediyi yerə dikdi.

– Hə, – dedi.

– Deyəsən, yenə də o hərifdir. Ac adam…

Bəsim gözlərini baxçada çəkingən və ehtiyatlı addımlarla köşkə doğru irəliləyən adamdan çəkmədən baxırdı. İki ay əvvəl mətbəxin qapısına çatar-çatmaz özündən gedib yerə sərilən bu müəmmalı adamın adı hər kəsin dilinə “Ac adam” kimi düşmüşdü.

Hasibə onun qarnını doyurmuş və acından ölməkdən qurtarmışdı. Lakin Məfharətin beynində şübhə istehsal edən fabrik cəmi iki gün sonra işləməyə başlamışdı. Ac adam həftədə bir, sonra iki dəfə gəlir, Hasibənin yanında ən ac insanın belə bol-bol yemək yeyib doyması üçün keçirə biləcəyi müddətdən daha uzun zaman qalırdı.

– Baxaq görək indi nə qədər qalacaq, – Məfharət dilləndi.

Bəsim ac bir adam üçün gombul Hasibənin əsmər və yağlı bədənində sözün hər mənasında yaxşı ləzzətlər tapıla biləcəyini inkar etmirdi. Yəni bacısının şübhəsi boş yerə deyildi. Lakin ev sakinlərinin yeməyindən qalan artıqların bu adama verilməsinə səsini çıxarmayıb Hasibənin bədəninin qeydinə qalmağın, buna əsəbiləşməyin mənası yox idi.

– Nəyimizə lazımdır, – dedi, – bir-birlərindən xoşları gəlirsə, bizə nə?

      Məfharət öz ağır bədənini şezlonqdan qaldırmaq üçün boş yerə hıqqandığı vaxt, az qala, pıçıltı ilə dedi:

– Bircə elə bu qalmışdı, bircə bu əskik idi!

Ac adam quyunun yanındakı mətbəx qapısına doğru vərdiş etdiyi rahatlıqla və sakit addımlarla getdi. Bəsim mızıldandı:

– Artıq hərif lap ailənin bir üzvü kimi davranır.

Elə bu vaxt arxadan ayaq səsləri eşidildi. İkisi də başını çevirdi. Səlmin balkon qapısının ağzında dayanmışdı. Məfharət ona avtoritarlığının əl-qolunu bağladığı bir şəfqətlə:

– Qızım, – dedi, – Ac adam yenə gəldi. Mən çox yorğunam. Qolumu belə tərpədə bilmirəm. Sən bunları güdərsənmi? Amma elə et ki, başa düşməsinlər. Baxaq görək bu qədər vaxt ərzində nə iş görür, nə haqda danışırlar. Yaxşılıq edirik deyib, evin içinə axmaq adamları salmış olmayaq…

Səlmin balkondakı alçaq və kiçik kresloya doğru gedərkən ağızucu dilləndi:

– Mən bilirəm neyləyirlər.

– Nə bilirsən? Haradan bilirsən?

Səlmin bu dəfə sualı cavabsız qoydu. Məfharət qızına qarşı indi nə qədər də yumşaq idi. Bəsim Səlminin bu xoş rəftara görə Aydının baş ağrılarına borclu olduğunu çox yaxşı başa düşürdü. Amma ruhundakı şəfqət və nəşə dolu anlar çox qısa sürən Məfharətin əcaib-qəraib ruh iqlimində beş dəqiqə sonra nə ola biləcəyini, hansı fırtınalar qopacağını əvvəlcədən anlamaq mümkün deyildi. Səlminin parlaq zəkası hələ ki yuxu buludları arasında itib-batmamışdısa da, anasının coşmaq üçün bəhanə axtaran qəzəbini Ac adama tərəf yönəltmək üçün əlinə əsl fürsət düşmüşdü… Fürsət elə bu fürsət idi. Ağıllı qız olsaydı, əslində, tez aşağı enib qulağına dəyən dörd-beş kəlmədən Məfharəti özündən çıxara biləcək bir əhvalat quraşdırması lazım idi. Amma gedib kresloda əyləşdi, bu isə onun əlinə düşən fürsətin fərqinə varmadığını göstərirdi. Bəsim bacısı qızını özünə gətirmək üçün dedi:

– Doğrudan ha, bu hərif kimdir belə? Aclığından və adam olduğundan başqa haqqında heç nə bilmirik. Həftədə iki dəfə axşam gəlib evimizdə qarnını doyurur. Yerdə qalan günlərdə ne iş görür? Elə acmı qalır? Heç bir işlə məşğul olmurmu? Heç olmasa, hər axşam gəlsə idi… Diqqət edirəm, deyəsən, xəmir şirnisi və rəvanə olan axşamları fürsəti heç əldən vermir. Elə bil əvvəlcədən ona xəbər verirlər… Hasibə ilə aralarının çox yaxşı olduğu elə bundan da bəllidir. Lakin ablamın haqqı var. Hərif gecələrin birində hamımızı qiymə-qiymə doğraya da bilər. Gedib gözünün odunu almaq lazımdır. Ablam üçün də başını qatacaq yeni bir mövzu çıxar.

Səlmin inadla heç bir şey anlamırmış kimi dilləndi:

– Yox, elə adam deyil, – dedi.

Sonra da əlavə etdi:

– Çox yaxşı adamdır.

Məfharət birdən-birə üzünü qızına tərəf çevirdi:

– Yaxşı adamdır? Sən haradan bilirsən? Yaxından gördünmü heç onu?

Qız cavab vermədi. Səlminin oyununu başa düşən kimi olan Bəsim ürəyində sevindi: “Bu daha parlaq fikirdir!”

Məfharət qaranlıqda Səlminin üzünü görə bilmək üçün başını ona tərəf uzadaraq dedi:

– Nə bilirsənsə, danışsana!

Qız müəmma dolu dolğun və donuq bir səslə təkrar etdi:

– Bilirəm də… Bilirəm…

Bəsim ürəyində: “Bu da yaxşıdır, məchul bir cavabla qarşındakını narahat qoymaq”. Sonra da bacısını lap şübhələndirmək üçün hündürdən dedi:

– Var, – dedi, bu işin içində bir sirr var. Bayaq fikir verdim, hərifin əlində ağır paket gördüm. Güclə daşıyırdı. Görəsən o nə idi elə? Bomba filan olmasın ha…

Məfharət ayaqlarının ikisini də yerə dirəyərək bədənini bir qədər irəli çəkdikdən sonra eyvanın məhəccərindən yapışdı və güclə ayağa qalxaraq:

– Yoooox, – dedi, – mən evimin içində nə olduğunu öyrənməliyəm. Eyibi yox… Özüm gedərəm.

Məfharət uzaqlaşar-uzaqlaşmaz Bəsim qıza tərəf dönərək dedi:

– Ananın qəzəbinin yolunu azdıracaq bir fürsət keçdi əlimizə. Sən özün aşağı düşüb qarışıq bir əhvalat uydurmalı idin. Dedi-qodu aylarla davam edər, ablamın diqqəti səndən yayınardı… Niyə getmədin?

Səlmin hər məsələdə olduğu kimi, bu dəfə də əsas xasiyyəti olan inadkarlıqla kəsə cavab verdi:

– Belə daha yaxşıdır…

Məfharət ikinci mərtəbədən aşağı enən dar pilləkənlərin başında dayandı. Əgər indi ensəydi, pilləkənlər həddindən artıq səs çıxarıb cırıldayacaqdı. Hələ lap birinci pillə… Fişəng partlayırmış kimi cıyıltılı bir səs çıxarmaq adəti var idi…

Qadın ağır bədəninə baxmayaraq, aşağıdakılara heç bir şey hiss etdirmədən səssizcə aşağı düməyin mümkünsüz olduğunu anladığı vaxt yaxınlaşmaqda olan fit səsi eşidildi. Qatar gəlirdi… Bir qədər sonra onun gurultusu pilləkənlərin cırıltılı səsini eşidilməz edə bilərdi. Ona görə də gözlədi və aşağıya qulaq verib dinləməyə başladı.

Mətbəxdən qab-qacaq səsləri gəlirdi. Ac adam yeməyini yeyərkən Hasibənin çirkli qab-qaşığı yuduğunu təxmin etdi. Bir az da gözlədi. Qatar yaxınlaşır, gurultusu ilə evi əməllicə silkələyirdi.

Nəhayət, fürsətdən istifadə edən Məfharət qaranlıq pilləkənlərlə ağır-ağır aşağı endi. Bu fikir yaxşı ağlına gəlmişdi. Qatarın çıxardığı gurultunun içərisində pilləkənlərin cırıltısı güc-bəla ilə eşidilirdi. Heç kəs buna fikir verməyəcəkdi…

Pilləkənlərin altı da qaranlıq idi. Mətbəxə gedən ara dəhlizin lampası yanırdı. Hasibə orada yatırdı. Məfharət yarıaçıq qalmış qapıdan içəri boylandı. Aralıqdan mətbəxə gedən qapı sona qədər açıq qalmışdı. Lakin qadın da, hərif də gözə dəymirdilər.

Məfharət qulaqlarını şəklədi və gözlədi. Aşağıdakılar danışmırdılar. Aradan xeyli zaman keçdi. Birdən-birə mətbəxdən çıxıb bura gəlsəydilər, Məfharət nə isə axtarırmış kimi görünmək üçün əlini sağ tərəfdəki kamutatora yaxın tutmuşdu. Nəhayət, Hasibənin səsini eşitdi:

– Rəvanə yaxşı alınıbmı?

Cavab verməyən adam ağzının dolu olduğunu bəlli edən bir səs çıxardı. Yenə uzun zaman heç kəs heç nə danışmadı. Sonra yenə də Ac adamın səsi eşidildi:

– Sənin dolabının açarı yoxdurmu?

– Yox… Narahat olma, indi aparıb çarpayının altına qoyaram… Onu gizlətmək üçün sonra bir yer taparam.

Hərif yalvarmağa başladı:

– Amanın bir günüdür, Hasibə, bu məsələ ilə zarafat eləmək olmaz… Özün bilirsən də.

– Narahat olma, məgər ilk dəfə gördüyüm işdir?

İkisi də susdular. Aradan qısa müddət keçdi. Deyəsən, söhbət edirdilər. Lakin yandakı köşkün köpəyi hürməyə başladığı üçün Məfharət nə danışdıqlarını eşitmədi. Hürüşmə səsi davam edirdi. Köpək susduqdan sonra da Məfharət xeyli müddət gözlədi. Hasibə soruşdu:

– Şəkərli istəyirsən?

– Yox, istəmirəm. Daha çıxım gedim. Saat on birdə maşın gələcək. On iki ilə bir arasında Muradla Sirkəçidə stansiyanın qarşısında görüşməliyik.

Məfharət Ac adamın bağçadan gələn ayaq səslərini eşitdi. Yenə bir müddət gözlədi. Hasibə güclə daşıdığı paketi götürərək ara dəhlizə keçdi. Məfharətin dayandığı yerdən onun çarpayısı görünmürdü. Sonra qadın Məfharətə tərəf gəldi. Bütün diqqəti paketdə olduğu üçün ev sahibəsinin olduğu yerə heç baxmadı da. Sonra yenidən mətbəxə qayıtdı. Yuxarıdan Bəsimin qəhqəhələri eşidilirdi. Ac adam haqqında ağlına gələn ilk şübhəli fikrin boş çıxdığını görən Məfharətin ürəyindən keçdi ki, geri qayıtsın: “Boş yerə şübhələnmişəm… Sən demə, aralarında heç bir başqa münasibət yox imiş. Amma çox yaxın adam kimi danışırdılar. Həm də o paketdə nə idi axı? Nə var idi içində?” O kişi nə dedi elə? “Amanın bir günüdü, Hasibə, zarafat ediləsi şey deyil”, – dedi də…”

Qadının cavabını xatırlayanda da Məfharətin ürəyi bulandı. “Narahat olma, ilk dəfə gördüyüm iş deyil ki”…

“Görəsən, nə iş idi ki bu?”

İlk şübhəsinin boşa çıxmasından utanan Məfharət ürəyinə gələn ikinci şübhə haqqında düşünməkdən çəkinirdi. Bu barədə yuxarıdakılarla söhbət etmək keçdi ürəyindən. Bəsim, yəqin ki, ona lağ edəcək, paketin içərisində bomba olduğunu söyləyəcəkdi.

Məfharət çox yorğun idi. “Artıq qoy bu məsələ elə burada da qalsın. Paketin içində də nə varsa, var”, – deyə düşündü. Pilləkənə doğru getdi. Amma ilk pilləyə ayağını atmazdan əvvəl dayandı. Ağlına gəldi ki, Hasibə ilə kişi çox yaxın adam kimi danışırdılar.

“İki ay… Az müddət deyil… Olur da… Camaat belədir. Tez bir zamanda bir-biri ilə yaxınlaşırlar”.

İki pillə də qalxdı. Sonra yenə dayandı. “Paketi nə üçün gizlətmək istəyirdi, görəsən?”

Əsasən də, qadının sözləri ürəyini bulandırırdı: “İlk dəfə gördüyüm iş deyil ki…”

Nə işi? Soruşsunmu? Soruşsa, iyrənclikdir axı… Birdən bəsit, mənasız bir şey olarsa?

İki pillə də çıxdı.

“Narahat olma. İlk dəfə gördüyüm iş deyil ki…”

“Hərifin iki ay əvvəl mətbəxin qapısı ağzında yıxılıb özündən getməsi yalan idi onda? Sonra o maşın, Murad-filan məsələsi nə idi, görəsən? Deməli, Hasibə bütün bunları bilir. Əgər soruşsa, nə olacaq? Qapı arxasından onlara qulaq asdığı meydana çıxacaq. Elə etmək olmaz. İyrənclikdir… İyrənclik də deyil, bu ərəfələrdə Hasibəni itirmək çox pis olardı. Bir də ortaya xidmətçi məsələsi çıxmasın. Səhər onun ağzını arayaram. İndi gedim yaxşıca yatım. Bu gün çox yoruldum. Ancaq yuxuya gedə biləcəyəmmi?”

Gedə bilməyəcəkdi. Diqqəti bir dəfə nəyəsə ilişdisə, yuxuya gedə bilməyəcəkdi. Hər şeyi öyrənməli idi.

Dayandı. Yaxınlıqdakı evlərdən birində əl çalaraq mahnı oxuyurdular. Ya da oyun havası idi…

“Camaat öz kefində, damağında.... Nə axmaq xasiyyətim var, ya rəbbi! Nə üçün özümü bu şübhələrdən, vəsvəsələrdən xilas edə bilmirəm? Anam rəhmətlik də belə idi”.

Arxasında ayaq səsləri eşidildi. Geri çevrildi. Hasibə pilləkənaltı arakəsmənin işıqlarını yandırmışdı, qabları dolaba yerləşdirirdi. İndi onu görəcəkdi. Artıq başqa çarə yox idi. Pilləkənləri aşağı endi. Mətbəx tərəfə gedən xidmətçi geri çevrildi və xanımı görən kimi ayaq saxladı.

Əvvəlcə xeyli baxışdılar. Hasibənin yuxarı dartınan qara qalın qaşlarının altındakı heyrət ifadə edən gözləri sola doğru axdı… Öz otağına sarı gözucu baxırdı… Sezmişdi, deyəsən… Hansısa təhlükədən qaçmaq istəyirmiş kimi mətbəxə tərəf azacıq meyilləndi, ancaq gedə bilmədi. Məfharət ona yaxınlaşdı. Xidmətçi qorxmuş kimi ürpərdi və başını qaldırdı. Gözlərini sanki içinə nəsə düşübmüş kimi qırpdı.

Məfharət bir az da yaxınlaşıb soruşdu:

– Getdimi?

Hasibə xanımının bu sualı nə üçün verdiyini anlamaq arzusunun təsiri ilə diqqətlə ona baxdı:

– Getdi.

– Nə söylədi sənə?

Xidmətçi başını aşağı saldı, önünə baxdı. Bir az düşündükdən sonra çiyinlərini atdı:

– Heç nə…

Məfhartə ara dəhlizə doğru yüyürdü, qapının ağzında ayaq saxladı. Hasibəyə tərəf çevrilərək qaşlarını çatdı:

– Nə var idi o paketdə?

Xidmətçi özünü itirmədi.

– Bilmirəm ki… Deyəsən, hansısa sənədlər var, – dedi, – Hadıköyə aparmalıdır… Elə dedi… Nə olduğunu soruşmadım. Beş-on qəpik qazanmaq üçün beləcə gətir-götür işləri ilə məşğuldur. Ora-bura yük daşıyır.

Məfharət tərəddüd hissi keçirdi. Soruşmalı olduğu bir söz qalmışdımı, görəsən? Bir az fikirləşdi, amma tapa bilmədi. Aşağı onları güdmək üçün düşdüyünü gizlətməyə çalışdı. İşə yaraya biləcək yalan axtardı və birdən xatırladı.

– Qara kəmərim sənin gözünə dəyməyib ki? Mən, deyəsən, səhər-səhər paltarımı ütüləmək üçün aşağı düşəndə onu çıxarıb buralarda bir yerə qoymuşdum.

Hasibə yenidən insanda şübhə yaradacaq bir həyəcanla bağırdı:

– Hə, əlbəttə, burada, buradadır!

Sonra öz otağına qaçaraq kəməri tapıb gətirdi. O, Məfharətə lazım olduğundan daha çox sevinirmiş kimi göründü. Sorğu-sualdan qurtulduğunamı sevinirdi, görəsən?

Məfhərət bir şey söyləmədi və kəməri götürüb yuxarı qalxdı. Görək hələ bir onlar nə deyəcəkdilər. Lakin Bəsim çox həyəcanlı idi. Ağabəyinin önündə, ayaq üstündə, əl-qolunu ata-ata nə isə izah edirdi.

– ....dən gəlsə nə faydası var? Bunların hamısı nəzəriyyədir. Mən hələ indiyənə qədər həyatla uyğun gələn bircə iqtisadi nəzəriyyə belə görmədim. Dövlətçilik etməyən liberal rejim, az-çox sərbəstlik verməyən dövlətçi rejim, mülkiyyəti kökündən qazımış kommunist idarə orqanı, proqramını son cümləsinə qədər tətbiq edən hansısa sosialist hökumət də, həmçinin… Evdəki bazar çarşıya uymur. Həm də, əfəndim, anlamadığım bir məsələ var. Nə üçün cəmiyyət, dövlət fərdin bəhanələrinə, tənbəlliyinə, bacarıqsızlığına, qabiliyyətsizliyinə görə məsuliyyət daşısın ki? Bizim mətbəximizə pişik kimi dadanan Ac adam öz xətalarınınmı, ictimai nizamınmı qurbanıdır? İşsiz qalmaq çox zaman tənbəlliyin, əxlaqsızlığın, bacarıqsızlığın cəzası deyilmi? Sendikatlar və ya sosialist dövlət bu cəzanı mükafata çevirir, işsizləri bəsləyir, yedirdir, içirdir… Bax mən bunu anlamıram.

– Çünki işsizlik kapitalist cəmiyyətinin problemlərindən biridir. Kütlə halında olsa belə, iqtisadiyyatın başqa cəbhələri gözə görünmür. Ac adam yaxşı misal deyil. Çünki təkdir. Bir çox individual xüsusiyyətləri ola bilər. Onu mütləq şəkildə yanlış qurulmuş sosial bir nizamın qurbanı kimi qəbul edə bilmərik. Çünki o öz əxlaq və ya iradə xətalarının günahkarı da ola bilər. Gəl onu bir kənara qoyaq. İşsizi deyil, işçini alaq. Onun qazancı istehsaldakı rolunun qarşılığı olaraq düzgün müəyyən edilirmi? Necə fikirləşirsən?

– Bu məsələdə ölçü yoxdur.

– Elə deyil… Mən deyim… Qazancı əziyyətinin tam şəkildə qarşılığı deyil. Yaxud belə də demək olar: bir çox işçilər üçün deyil… Çalışanlar və sərmayəçilər arasında qazanc fərqləri böyükdür. Ölçüyəgəlməzdir… İqtisadi narahatlığın da məhz bundan yarandığı bəllidir. Qəbul edirsənmi?

Bəsim balkonun məhəccərinin yanında arxasını ağabəyinə çevirərək bir neçə addım atdı, sonra geri döndü və cavab verdi:

– Bəli, kasıb-varlı fərqi aşkardır… Həmçinin fərq böyükdür… Haqsızlıq olduğu da bəllidir. Beş qəpiyə dəyməyən həriflərin milyoner, dəyərli adamların kasıb olduqları da açıq-aydın görünür. Bütün bunlar məlum məsələlərdir. Amma çarə nədədir? Sən onu söylə. Axı mülkiyyətin aradan qalxacağına inanmırsan.

– Buna ehtiyac da yoxdur… Daha doğrusu, insanı istehsaldakı rolunun təbii nəticəsindən məhrum etməyə ehtiyac yoxdur.

– Onu anladıq. Mən “çarəsi nədir?” soruşuram. Tətbiqi mümkün olacaq bir şey söyləməsən, ağlım heç nə kəsən deyil. Nəzəriyyələrlə heç aram yoxdur.

– Çarəsi qazancı müəyyən etmək, hər kəsə haqqı olanı verməkdir. Amma fərqli mirdarlarda deyil… Çünki insanların istehsaldakı rolları və cəmiyyətə verdikləri xeyir eyni olmur. Ləyaqətlə qazanc bir-birinə uyğun gələrsə, həsrəti çəkilən sosial ədalətə qovuşmaq yalnız o zaman mümkün olacaq.

Bəsim əllərini havada yelləyərək bağırdı:

– Yaxşı, amma necə? Necə? Bütün bunları kim müəyyənləşdirəcək?

– Sindikalatr, təşkilatlar, dövlət… Kim olursa olsun… İnsanda təşkilatçılıq dühasının bu qədər irəlilədiyi bir dünyada paylaşma və tənzimləmə sistemu müəyyən etmək bu qədərmi çətindir?

– Sən tapdınmı? Tanrısı olduğun dünyada bütün bunlar tətbiq edilirmi?

Səmim gülümsədi:

– Mükəmməl şəkildə edilir, – dedi, – orada sərmayə sahibi gəlir deyil, sadəcə, risk haqqı əldə edir. Əgər qurduğu işdə çalışırsa, qazancı layiq olduğu həcmdə olur. Balansları fabrikin işçi nümayəndələrindən ibarət mürəkkəb bir idarə məclisi araşdırıb müəyyənləşdirir və təsdiq edir. Əldə edilən qazancı da o paylaşdırır. Qanunvericilik buna görə müəyyən olunur. Dövlət “qazancın nizamlanması” qanununu böyük bir diqqət və ehtiyatla tətbiq edir. Onun vəzifəsi budur. İxtilafları, münaqişələri qazanc məhkəmələri həll edir. İctimai sığorta ömrünün sonuna qədər baş verə biləcək neqativ hallara qarşı işçinin təhlükəsizliyini təmin edir… İşsizlik yoxdur. Sərmayə sahibi tərəfindən istismar edilmək də yoxdur. Lakin hər kəsin öz bacarığına uyğun, layiq olduğu səviyyədə mülkiyyəti var. Kasıb bugünkü dünyamızda olduğu qədər kasıb deyil. Zəngin də şahzadələr sinfinin ərköyün vəliəhdi ola bilmir. Qazanc fərqi nizamlanmış və azalmışdır.

– Bəs bizim kimi miras yeyənlərə qarşı necə davranırlar?

– İşləməmək yasaqdır. Hər gəlir sahibi istehsalda sərmayəyə xidmət göstərməyə dəvət edilir. Banklardakı depozitlərin yüzdə səksəni əsl və ehtiyat sərmayələrdir. Şəxsi sərvətlər müəyyən həddi keçə bilməz.

Şezlonqa uzanan Məfharət Ac adamın paketi haqqında fikirlərini dinləmək üçün iki qardaş arasındakı münaqişənin bitməsini gözləyirdi. Lakin göz qapaqları ağırlaşmışdı. Yuxusu gəlirdi. Aradabir Bəsimin birdən-birə yüksələn səsi olmasa, yəqin ki, yuxuya gedəcəkdi.

– Yaxşı… O başqa məsələdir! Qiymət arasındakı fərqin məhdud sayda adamların əlində toplanmasına…

Məfharət danışılanların bir qismini eşitmir, yuxuya dalırdı. Gözləri tamamilə qapanıb yuxuya getməyə başladığı an yenə də Bəsimin səsi onu oyadır, lakin bu səfər də beynini bürüyən yuxu buludlarının arasında yalnız bəzi kəlmələri duya bilir, cümlələrin hər birinə aid olan mənaları qavramaqda çətinlilk çəkirdi.

– Kirəc yığınından… olur… arxasından… məncə elə deyil, qətiyyən… Çin nümunəsi göstərir ki… bu sürətlə… istehlakdan… düyü tarlalarında…

Səs uzaqlaşır, yuxu buludlarının getdikcə kiçilən dəlikləri arasında kəlmələr də mənasız hecalar halına düşürdü…

– Sanç… Yor… Cek… Şanrr… Di…

***

Qaranlıqda oyandı. Başında bir ağırlıq var idi… Neçə zaman idi ki, belə… Yerinə uzanar-uzanmaz yuxuya gedir, dörd-beş saat sonra oyanırdı. Bəlkə də, təzyiqdəndi… Kaş ki dünən axşam Səbridən soruşa idi. Yuxu dərmanının da heç bir faydası olmurdu. Yuxuya getməsinə gedir, amma tez qalxmamağın çarəsini tapa bilmirdi. Sonra qulaqlarında bir uğultu yaranırdı… Anası da belə hallardan şikayət edirdi. Demək, irsi məsələdir…

Baş tərəfdəki düyməyə basdı və qol saatına baxdı. Altıya az qalırdı. Günlər qısalmışdı. Hava hələ də qaranlıq idi. Bir siqaret… Qorxurdu… Həkim gündə beş dənədən artığını çəkməyə icazə vermir. Hələ ac qarnına – qətiyyən! Özünü saxlamağa qərar verdi. İstəyi isə getdikcə artırdı… “Qoy çəkim, nə olarsa-olsun”.

Baş tərəfdən bir siqaret götürdü və yandırdı. Aydın indi yuxuda idi… Onun haqqında düşünmürdü də… Səlminlə dünənki davasını xatırladı. Ayıldıqdan sonra niyə mən o həyasızın həddini bildirmədim?

“Sən bunu heç bir zaman öyrənməyəcəksən!”

“Son günlərdə çox cürətlənmişdi. Nə üçün gizlədir, görəsən? Necə şübhələnməyim? İnsan gizlənəcək şeyi gizləmirsə, gizlənməyəcək şeyi gizlədərmi? Deməli, ad söyləməyə cəsarəti çatmır. Görəsən, nə düşünür yezid? Artıq məni tamamilə heç bilir. O sarı ilanı bu evə soxmaq istəmədiyim gündən bu yana mənə düşmən kəsilib. Onunla da dalaşıbmış, sən demə. Əgər belədirsə, mənim günahım nədir? Sırf mənə inad üçün getdi başqa birinin qoynuna gedib girmək nə deməkdir? Yalnız mənə inad olsun deyə… Məni özümdən çıxarmaq üçün… Elə bir donuzdur bu qız… Gizlədiyi də mənim ağabəyimdir, yəqin ki… Offff.... Nə iyrənc işdir… Allahım, nə biabırçılıqdır bu! Yenə qan beynimə vurur! Eləyə bilmərəm mən, Bəsim kimi ola bilmərəm! Eyni ata-ananın övladlarıyıq, amma mən anama oxşayıram… Sakit qala bilmərəm. Hövsələm çatmaz. Ölsə də bu qız, yenə də gözümdən bir damla yaş çıxmaz… Mən ancaq onun xətrinə ailə qurmadım. Səkkiz il dul qaldım, düz səkkiz il…

Aşağıdakı böyük salonda Məmduhun ona necə yalvardığını xatırladı: “Bədbəxt olacağam. Məfharət, yaxşı-yaxşı fikirləş, ağzından çıxan bir söz həyatımı cənnətə də çevirə bilər, cəhənnəmə də. Yaxşı düşün. Neçə illər səbr etdim, neçə illər gözlədim… Ayaqlarından öpüm…”

“Yox”, – dedim. “Ola bilməz”, – dedim. Özü də elə bu yezid qızı düşünərək… Bu nankor üçün həm bir adamı bədbəxt etdim, həm də özümü. Ax, bu başım! İndi mənə qarşı ən sevmədiyim, ən istəmədiyim hərəkətləri edir. Vallah biabırçılıqdır! Ağabəyim olsun, ya başqa biri, nə fərqi? İstənilən halda biabırçılıqdır! Dəhşətdir! Mən bunu qətiyyən həzm edə bilmərəm. Yediyi nanəyə bir bax… Utanmadan üzümə qarşı: “Sən bunu heç vaxt öyrənə bilməyəcəksən!” – deyir. Vay həyasız, vay! Nə olacaqdı ki? O pulsuz-parasız adamla evlənəcəkdi də? Guya o sərsəri onu sevirdi ki? Özü bunu başa düşdüyü üçün onunla əlaqəsini kəsmədi məgər? Lap yaxşı, deməli, mən haqlı imişəm. İndi niyə mənə düşmən olur? Arada nəsə olub. Mütləq olub… Anlayacağam axır-əvvəl. Əgər inad edib deməzsə, vallah boğaram onu”.

Üzü od tutub yanırdı. Əlini yanağına doğru apardı. Başındakı ağırlıq artmışdı.

“Anam kimi bir gün mən də ürəktutmasından gedəcəyəm. Dözə bilmərəm. Kaş ki bu qızı doğduğum yerdə Allah canımı alaydı… İndi gedib onu oyandırıb bir az sıxışdıraram. Yuxunun sərsəmliyi altında hər şeyi söyləyər. Dilini açaram mən onun. Əlimdən canını qurtara bilməz. Anasıyam! Haqqımdır. Səkkiz il ona həm analıq, həm atalıq etmişəm. Nankor! Nəyin əskikdir sənin, bir desənə! Çiçək kimi böyütdüm səni mən! Bir dediyini iki eləmədim. Qəsəbədə gör sənin kimi geyinən qız var? Baxsana, bir dəfə heç olmasa bu zənginlərə… Əcnəbilərə də bax… Romler qızını basma əntarilərlə dolaşdırır. Zavallı Janettanın bir zəngin qızı olduğunu əyin-başından kim anlaya bilər? Kamran bəyin qızını desən, o da eyni halda… İki ildir ki, bir velisoped istəyir, amma milyoner atası almır. Mən sənə velisoped, stol, pinq-ponq stolu – nə istədinsə, aldım. Fransız məktəbi dedin, göndərdim. Bir zamanlar “Paris” deyə əl çəkmədin, ona belə razı oldum. O çiyan çıxdı ortaya, sən getmək istəmədin. Belə bir ananın ürəyini partladacaq hərəkətlər etmək olarmı bəs? Tfu sənə, nankor! İndi görərsən! Heç eyibi yox! Göstərəcəm sənə mən!”

Məfharət yatağından qalxdı, tərliklərini və kimonosunu geyindi. Güzgüyə baxdı. Saçları dağılmış, pırpızlaşmışdı. Darağını aldı, lakin o dəqiqə də əlindən yerə qoydu. “Qoy məni belə əcinnə kimi görsün, lap yaxşı… Daha çox qorxar, – dedi ürəyində. – Səhər-səhər təpəsindən vurar bu qorxu… Bəlkə, həyəcanın bir təsiri oldu. Ondan istifadə edərəm. Mışılmışıl yatdığı yerdəcə dəli edərəm, yatağından hoppanıb qalxar, bəlkə, o zaman ağlı başına gələr”.

Otağın qapısına doğru getdi, sonra ayaq saxladı. Başı qazan kimi idi.

“Birdən yenə də özündən çıxıb hirslənər və özündən gedər, onda necə?”

Bəzək masasına doğru getdi, gözü ilə seditol16 qabını axtardı. Tapa bilmədi. Aşağıda, aptek dolabında olmalı idi. Əsəbləşərmi, görəsən? Bayaq oyandığı vaxt ürəyi çox sürətlə döyünürdü.

“Nə olacaqsa olsun… Gedirəm, Allah kərimdir”.

Dəhlizə çıxdı. Qaranlıq idi. Bircə çıqqıltı belə eşidilmirdi… İrəli yeridi. Səlminin otağının qapısında ayaq saxladı. Bağlıdırmı, görəsən? Əlini qapının dəstəyinə doğru uzatdı, amma tez də geri çəkdi. İçəriyə qulaq verdi. Lüzumsuz idi… Nə duyacaqdı ki? Bayaqkı cəsarəti də yox olmuşdu elə bil.

“Nə üçün? Mən ona görə yuxusuz qalıram ki… Qoy o da partlasın, oyansın”.

Dəstəyi çevirdi. Qapı bağlı deyilmiş. Tələsik itələyib açdı. Dayandı. Qaranlıq otaqda ağ mebellərin bəyazlığı və qarderob güzgüsünün parıltısından başqa heç nə görə bilmədi… Pəncərədə tünd bir mavilik görünürdü, sadəcə… Xəfif bir lavanda qoxusu gəlirdi bir də…

“Nə münasibət?!”

Yatağa tərəf boylandı. Yorğan kənara çəkilmişdi, altında isə heç kim yoxdu… Bu səbəbdən də yataq ona həddindən artıq ağ göründü.

“Yatağında deyildimi bu qız?”

Tez əl atıb işığı yandırdı.

“Aaaa..! Yoxdur, vallah, yoxdur. Hara gedib, görəsən, bu səhərə yaxın bir zamanda?”

Ətrafa göz gəzdirdi. Bəzək masasının qarşısındakı stulun üstündə kimanosu, yatağın ayaq hissəsində isə pijamasının yalnız şalvarı, bir kreslonun üstündə isə də axşam geyindiyi basma əntarisi var idi. Nə qədər çox siqaret çəkmişdi… Çarpayının yanındakı stulun üstü siqaret kötükləri ilə dolu idi.

“Səhərə qədər yatmadımı o? Hara getdi görəsən? Gecə paltarı ilə çıxmışdı. Ağabəyimin otağında olmaz ki? Ah, vallah ağlımı itirəcəyəm. Həm də bu lavanda ətri haradandır belə? Elə belə də vurmayıb ha… Əməllicə çimib ətirlə. Vallah da, billah da, bu qız kiminsə yanına gedib. Ağlımı itirəcəyəm…”

Dəhlizə çıxdı. Ayaq saxladı. Ürəyi bərk-bərk döyünürdü. Qarşı sıradakı otaqların qaranlıqda belə parlayan bəyaz yağlı boya ilə rənglənmiş qapılarına baxdı. Qulaqlarındakı uğultu artmaqda idi. Birdən-birə: “Səlmin”, – deyə bağırmaq keçdi ağlından. Amma özünü güclə də olsa, saxladı. Bu dəqiqə qardaşının otağının qapısından içəri boylanmağa belə cəsarəti çatmazdı. Şübhəsinin bu qədər canlı və yaxın bir məsafədə özünü göstərmiş olması onu ağlını itirdəcək qədər də qorxudurdu.

“Səmim! Aman ya rəbbi! O lavanda! Səhərin alaqaranlığında…”

Heç bir şey etməyə gücü çatmadığı üçün dəhlizdə ora-bura gəzişməyə başladı. Barmaqlarının ucunda yeriyir, aradabir ayaq saxlayır və qulaqlarını şəkləyirdi. Köşkün içində elə bir səssizlik var idi ki, sanki bura yerin yeddi qat altı idi.

Getdikcə qaranlıq azalırdı. Qapıların bəyazlığından başqa, tavandakı çilçıraqlar da ağarır və parlayırdı. Divarlardakı rəsm əsərləri yavaş-yavaş görünməyə başlamışdı. Uzaqdan qatar fiti və zəng səsi eşidilirdi. Birdən-birə ağlamaq keçdi ürəyindən. Bu zəng səsi onun içində yaşadığı şübhənin çirkin aydınlığı ilə ruh və əxlaq təmizliyi arasındakı fərqi dözülməz hala gətirirdi. Dərhal bir məscidə qaçıb, sadəcə, yerə çökər, hönkür-hönkür ağlaya bilərdi.

“Ya rəbbim, mənə qüvvət ver”.

İrəli getdi. Qardaşının otağının qapısına yaxınlaşdıqca ürəyi zəbtedilməz halda çırpınmağa başladı. Elə bil bu dəqiqə rezin top kimi sinəsindən sıçrayıb çıxacaqdı. Ayaqları öz-özünə onu ardınca irəli sürükləyirdi.

Otağın qapısının önündə ayaq saxladı və qulağını qapıya yaxınlaşdırdı. Oradan səs-səmir gəlmirdi. Lakin qulağındakı uğultu, ola bilər ki, incə səsləri və gurultuları eşitməsinə mane olsun. Açar deşiyindən içəri baxmaq ağlından keçdiyi an yerindən sıçradı. Qarşı tərəfdən –haradansa gur su səsi gəlirdi. Kimsə kranı axıra qədər açmışdı. Başa düşdü. Səlmin hamamda idi. Ürəyindəki xəcalət hissi şübhədən qurtulmasının ruhunu bürüyən rahatlığına kölgə saldı.

₺87,25

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
440 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre