Kitabı oku: «Poeziya ulduzları», sayfa 2
10. İnsan müstəhəb əməlləri ilə öz gələcək müqəddəratını və axirətini kamilləşdirir, günah və bəyənilməyən çirkin əməllərlə isə pisləşdirir.
11. Mən tanıdığım Allah o Allahdır ki, qədimdə radikal bütpərəst olan Misiri indi müsəlman dövlətə döndərdi.
12. Tənqid etməzdən əvvəl tənqid edəcəyiniz insanı və istifadə edəcəyiniz sözləri yaxş-yaxşı düşünün. Əks halda istifadə edəcəyiniz sözlər təhqir, tənqid edəcəyiniz insan qanmaz ola bilər.
13. Ürək ağrısı ilə qəlb ağrısı bir-birindən ayrıdır. Ürək ağrısı bədəni, qəlb ağrısı isə ruhu xəstə edir.
14. Söz elə kəsərli bir şeydir ki, doğru yerində işlənsə, sevənləri qovuşdurar, yanlış yerdə işlənsə, sevənləri bir-birinə düşmən edər.
15. Eşqə əminliklə inanan şəxs ona iman gətirər.
16. İslam dininin özündə bir problem yoxdur. Problem üç şeydədir: bir o dini səhv anlayanda, bir o dini səhv yaşayanda, bir də radikal məzhəblərdə.
17.Toyun yasa döndüyünü görmüşdüm, lakin yasın toya döndüyünü görməmişdim. Onu da əsgərlərimiz yaşatdılar.
18. Sən ol Dəclə, mən Fərat, Şəttül-Ərəbdə qovuşaq.
19. Mərhəmətsiz insanların qəlbləri dar, başları taxtadır.
20. Zalımlarla münasibətim o qədər soyuqdur ki, isti Ekvator ölkələrini dondura bilər.
21. Əcəb hamı Allahdan çox bilir, Qiyamət gəlməmiş onun-bunun inancını, əməlini mühakimə edir.
22. Əruz vəzni ismi-əzəm kimidir: hər kim ki, ondan bir bəhr belə bilsə, möcüzələr yaradar.
23. Əhli-beyt(ə) qədər çox hikmətli hədisi xəzan kimi səpələmişdir ki, Şeyx Kuleyni onun bir hissəsini öz səbətinə toplaya bilmişdir.
24. Gözələ gözəl hədiyyə verdim ki, gözəlliyin zatına xələl gəlməsin.
Dini-fəlsəfi şeirlər
ALLAH
Əzəldən belədir dünyada qanun,
Allahın sözüdür xəlqi-kafünun.
Allahdır laməkan, heç hara sığmaz,
Allahın qadını, kişisi olmaz.
Allah istəsə, olar hər zaman,
Allah əmr etsə, tar olar kaman.
Allahın zatında elm edib təcəlli,
Onun öz zatındadır pak ədaləti.
İstəyən Allahı görər hər zaman,
Pak qəlblə görünər həmişə, inan.
Qəlbi kor olanlar görməz Allahı,
Görmədiyi məbuda etməz imanı.
Allahın sözüdür ən gözəl kəlam,
Hədis də kəlamdır, ona da inan.
Allahın işidir yaradıb-qurmaq,
Onun da əmridir İslama uymaq.
Allah qədimdir, əzəldən var idi,
Heç nədən doğulub, doğulmaz idi.
Allahın nişanı vardır hər yerdə,
Bəsirətin pak olsa, görə bilərsən.
Verdiyi nemətə şükür et ki sən,
Sonradan min qatın ala biləsən.
Allah yaratdığın sevir hər zaman,
Sən də sev Allahı, olsun tam tamam.
İbadət etməkdir sevməyin yolu,
Allahı sevənin yaxşıdır sonu.
Allah eyləyirsə bizlərə hörmət,
Biz də hörmət edib, qazanaq hikmət.
Allah hörmətinin sirridir təqva,
Möminin hörməti çoxdur hər zaman.
Hörmət çox olsa, dua olur qəbul,
Möminin duası məqbuldur, məqbul.
Duanın önünə sədd çəkir günah,
Günahkar duası gec qəbul olur, ah.
Allah duamızı qəbul eyləsin,
Bizi behişt ilən müjdələsin.
Allah ayırmasın bizi haq yoldan,
Əməl dəftərimiz verilməsin soldan.
Ey Allah, xəstələrimizə eylə şəfa,
Məzlum insanlara vermə sən bəla.
Dostları bir-birinə yaxın eylə,
Onlara qardaşlıq əqdini söylə.
Sevənləri biri-birinə qovuşdur,
Pis niyyətləri aradan sovuşdur.
Ömrün uzun eylə yaxın qohumların,
Bəxtlərini xoş eylə dost-tanışların.
Geri qaytar itirilmiş torpaqları,
Düşmənə verginən ağır bəlanı.
Hər kəsin duasın tez qəbul eylə,
Hamının duasına xeyirlər söylə.
Fateh deyər, bu şeiri oxuyan söyləsin amin,
Allah-Təala da dayansın arxamızda zamin.