Kitabı oku: «Leonardo da Vinçi», sayfa 2
Leonardo Milanda
Leonardo otuz yaşa çatmışdı, lakin istedadının cilalandığını, bir rəssam kimi püxtələşdiyini göstərən əyani sübutlar o qədər də çox deyildi. Həmin vaxtadək Verokki onun rəsmlərinə bir neçə əlavələr etmiş, elə bir fərqli özəlliyi olmayan bir neçə madonna şəkli, sifarişçiyə təhvil verilməmiş qadın portreti və iki tamamlanmamış şedevr çəkmişdi, vəssalam!
1481-ci ildə ovaxtkı papa IV Sikst böyük bir kilsəni freskalarla9 bəzəmək üçün tanınmış rəssamları Florensiyadan və digər şəhərlərdən Romaya dəvət etdi. Leonardo dəvət edilənlərin arasında yox idi. O bunu yaradıcılığındakı durğunluqla əlaqələndirdi və Florensiyanı tərk etmək qərarına gəldi.
Beləliklə, da Vinçi 1482-ci ildə, on beş yaşlı musiqiçi Atalante Milyorotti ilə birlikdə Milana köçdü. Onda hələ bilmirdi ki, ömrünün on yeddi ilini bu şəhərdə keçirəcək. Leonardo gündəliyində 180 mil (təxminən 290 km) yol qət etdiklərini yazmışdı. O, yenicə ixtira etdiyi, odometrə10 bənzəyən cihazın köməyi ilə yolun uzunluğunu kifayət qədər düzgün hesablamışdı. Həmin cihaz arabanın təkərinin fırlanma sayına görə məsafəni ölçürdü. Florensiyadan Milana səyahət düz bir həftə çəkdi. Da Vinçi özüylə skripkaya bənzər, «lira» adlanan musiqi aləti götürmüşdü. Bu musiqi alətini Leonardo özü düzəltmiş və gümüşlə işləmişdi.
O dövrdə Milan özünün yüz iyirmi beş minlik əhalisi ilə Florensiyadan üç dəfə böyük idi. Leonardodan ötrü ən mühüm olan isə o idi ki, hökmdar sarayı da bu şəhərdə yerləşirdi. Milan artıq iki əsrdi müstəqil dövlət idi və hakimiyyəti irsən bir-birinə ötürən hersoqlar tərəfindən idarə olunurdu.
Leonardo Milana gələndə, dövləti onun yaşıdı olan Lodoviko Moro Svortsa idarə edirdi. Şəhərə çatan kimi da Vinçi hökmdara məktub yazdı. Bəzi tarixçilər isə ehtimal edir ki, rəssam məktubu Florensiyada olarkən qələmə almışdı.
Məktubda deyilirdi: «Zati-aliləri, adil hökmdar, özünü sənətkar və döyüş alətlərinin ixtiraçısı kimi qələmə verən kifayət qədər adamlar var. Lakin onların ixtira etdiyi alətlər başqalarından heç nə ilə fərqlənmir. Mən heç kəsə zərər vermək, işinə pəl vurmaq istəməzdim. Lakin özümü zati-alilərinə təqdim edərək bəzi sirlərimi ona açmaq istəyirəm ki, lazım bilsə, onlardan uğurla istifadə etsin. Bunlar aşağıdakılardır: olduqca yüngül, ancaq davamlı körpülər salmağın üsullarına bələdəm. Düşmən ordusunun saldığı körpüləri yandırmaq və dağıtmaq üçün vasitələr təklif eləyə bilərəm. Sizin üçün düzəldə biləcəyim olduqca münasib, asanlıqla daşınan bombardalar11 düşmən ordularını pərən-pərən salmağa qadirdir. Dəniz döyüşləri zamanı hücum etmək və müdafiə olunmaq üçün kifayət qədər effektli qurğular hazırlamaq imkanım var. Bundan başqa, elə qapalı arabalar düzəldə bilərəm ki, onlarla rəqib düşmən orduların içərilərinə doğru irəliləmək və tez bir zamanda düşmənlərin iradəsini sındırmaq mümkündür. Qeyd edim ki, topları da daşıya bilən həmin arabaların arxasınca piyadalar təhlükəsiz və maneəsiz şəkildə irəliləmək iqtidarındadırlar. Bombardalardan istifadə etmək mümkün olmadığı hallar üçün tamamilə fərqli katapultlar12 və digər qurğular hazırlamağa gücüm çatar. Həmin qurğular müxtəlif mərmilər atmağa qadirdir.
Sülh şəraitində istər ictimai, istərsə də fərdi evlərin və binaların layihəsini hazırlamaq, eləcə də su xətlərinin çəkilməsi kimi məsələlərdə əvəzsiz xidmətlər göstərə bilərəm. Mərmər, tunc və gildən heykəllər düzəldirəm. Rəssamlıqda, nəqqaşlıqda istənilən adamla rəqabət aparmaq iqtidarındayam. Atanızın əziz xatirəsinə və şanlı Sfortsa ailəsinin şəninə tuncdan ölümsüz bir abidə, möhtəşəm at heykəli hazırlayaram».
Göründüyü kimi, Leonardo məktubda çəkdiyi şəkillərdən, eləcə də musiqi alətləri düzəltmək bacarığından söz açmır. O, ilk növbədə özünün mühəndislik qabiliyyətlərini qabartmağa və bununla Lodovikonun diqqətini cəlb etməyə çalışır. Əslində isə Leonardo həmin vaxtadək heç bir döyüşdə iştirak etməmiş, məktubda sadaladığı qurğuların heç birini düzəltməmişdi. Sadəcə, xəyalında canlandırdığı, təsəvvürünə gətirdiyi bəzi silahların rəsmini çəkmişdi. Buna baxmayaraq, iş elə gətirdi ki, Milanda məskunlaşan Leonardo, doğrudan da, hərbi mühəndis kimi çalışmağa başladı və bir neçə yeni mexanizm ixtira elədi. Bunlardan biri hücum edən düşmən əsgərlərinin qala divarlarına söykədiyi nərdivanları vurub aşırtmaq üçün mexanizm idi. O, həmçinin düşmən ordusuna qarşı hücuma keçərkən rəqib döyüşçülərə mümkün olduğu qədər ağır zərbə vurmaq üçün təkərlərinə orağabənzər iri, əyri bıçaqlar bərkidilmiş döyüş arabası yaratmışdı. Bütün canlılara şəfqətlə, sevgiylə yanaşan, elə bu səbəbdən ət yeməyən incə qəlbli Leonardonun belə bir qorxunc, dəhşətli qurğu yaratması, həqiqətən, ağlasığmazdır!
Da Vinçinin ixtira etdiyi başqa bir silah – nəhəng arbalet idi. Bu qurğunun kağız üzərindəki rəsminə baxanda heyrətlənməyə bilmirsən: onun karkasının eni 25 metrə çatır. Qurğunu döyüş meydanına gətirən dördtəkərli araba da təxminən bu uzunluqda idi. Arbaletin özü isə yüz futluq13 daşı atmağa qadir idi!
Lakin həmin vaxtlar artıq barıtdan gen-bol istifadə etməyə başlamışdılar. Odur ki Leonardonun məktubda söz açdığı, müasir tanklara bənzəyən qapalı və zirehli araba, eləcə də digər mexanizmlər və qurğular kimi, arbalet də kağız üzərində qaldı. Onun yalnız bir hərbi təyinatlı ixtirası reallaşdı: bu, tüfəngin və ya digər odlu silahın içindəki barıtı odlamaq üçün düşünülmüş mexanizm – təkərcikli çaxmaq idi. Silahın tətiyini çəkəndə, metal təkərcik yayın köməyi ilə hərəkətə gətirilir, çaxmaq daşına sürtülərək qığılcım qoparırdı.
Bir sözlə, Milan hersoqu Leonardonun icadlarından heç birini döyüş meydanında sınaqdan çıxarmadı. Bir az da irəli gedib deyək ki, 1499-cu ildə isə Lodovikonun çoxdan gözlədiyi hərbi təhlükə, nəhayət ki, açıq qarşıdurmaya çevrildi – fransız ordusu Milana soxuldu. Lodoviko baş götürüb qaçmağa məcbur oldu. Beləcə, da Vinçinin hersoqdan əli tamamilə üzüldü…
İdeal şəhər
Milanda yaşadığı ilk illərdə Leonardo özünü memar kimi tanıtmağa çalışdı. Lakin heç bir sifariş ala bilmədi. Odur ki bu sahədə də öz ideyalarını və fantaziyalarını kağıza köçürməklə kifayətlənməli oldu.
1480-ci illərdə Milanı taun bürüdü: qorxunc epidemiya şəhər əhalisinin üçdəbirini məhv etdi. Leonardo sövq-təbii hiss edirdi ki, taunun yayılmasının səbəbi natəmizlik, indiki dillə desək, antisanitariyadır. O, başa düşürdü ki, şəhər əhalisinin sağlamlığı birbaşa şəhərin təmizliyi ilə bağlıdır. Odur ki o şəhər həyatını yaxşılaşdırmağa hesablanmış ikincidərəcəli tədbirlər barədə fikirləşməkdənsə, tamamilə yeni konsepsiya işləyib-hazırlamaq qərarına gəldi. Estetik məsələləri və sağlamlığı əsas götürən Leonardo «ideal şəhər» lər salmağı təklif edirdi. Onun fikrincə, Milan əhalisini çay kənarında salınmış on yeni şəhərə köçürmək lazımdı. Beləliklə, onun yeni konsepsiyası «keçilər kimi sürüylə yaşayan, üfunət qoxuyan, ətrafa vəba və digər ölümcül xəstəliklər yayan insanları seyrəltmək lazımdır» fikrinə əsaslanırdı. Leonardo hesab edirdi ki, şəhərlər də canlı orqanizm kimidir, nəfəs alır, burada maye dövran edir, tullantılar əmələ gəlir; bu tullantıları vaxtlı-vaxtında şəhərdən kənarlaşdırmaq lazımdır. Həmin vaxtlar Leonardo insan bədənində qan, ümumiyyətlə isə maye dövranını öyrənirdi. Müqayisələrlə düşünən da Vinçi təmiz ticarət yerləri qurmaqdan tutmuş zibilin yığışdırılmasına qədər, şəhərin müxtəlif ehtiyaclarını ödəyə biləcək sirkulyasiya sistemi yaratmağa çalışırdı. Onun layihələndirdiyi şəhər «ikimərtəbəli» idi: geniş küçələri, gözəl evləri, bağ-bağçası ilə seçilən «yuxarı mərtəbə» yaşamaq və piyadaların hərəkəti üçün nəzərdə tutulurdu. «Alt mərtəbədə» isə müxtəlif su kanalları, tullantıların kənarlaşdırılması üçün infrastruktur yaradılmalıydı.
Lakin həmişə olduğu kimi, bu dəfə də Lodoviko onun təklifini ciddiyə almadı. Halbuki Leonardonun planının yalnız bir qismi həyata keçirilsəydi belə, İtaliyada və bütün Avropada şəhərlərin siması tezliklə tamam dəyişər, epidemiyalar milyonlarla insanın həyatına son qoymazdı.
Leonardonun əlyazmaları
Milana gələndən sonra Leonardo gündəlik tutmağa başladı və ömrünün axırına kimi bu vərdişindən əl çəkmədi. Onun bəzi əlyazmaları qəzet səhifəsi böyüklüyündədir. Bəziləri isə dəri üzlüklü kiçik dəftərçələrdən ibarətdir. O, həmişə qurşağında kitabça gəzdirir, vaxtaşırı burada qeydlər aparırdı. Həmin kitabçalar və emalatxanasının divarlarından asılmış vərəqlər Leonardonun sönməyən yaradıcılıq ehtirasından, bitib-tükənməyən ideyalarından xəbər verir. Da Vinçi bir mühəndis kimi daim texniki vərdişlərini cilalayır, gördüyü və fikirləşib tapdığı mexanizmlərin çertyojunu çəkir; rəssam kimi ideyalarını qeyd edir, ayrı-ayrı şəkillərin ilkin variantını hazırlayır; saray şənliklərinin tərtibatçısı kimi müxtəlif qurğuların eskizini cızır; teatr tamaşalarında istifadə etmək üçün təmsillər, məzhəkələr yazırdı. Vərəqlərin kənarında görməli olduğu işlər, xərclədiyi pullar haqqında qeydlər aparır, hətta xarici görünüşü ilə diqqətini cəlb edən insanların sifət cizgilərini çəkirdi. Bir sözlə, da Vinçinin qeyd kitabçaları müxtəlif fikirlərdən, ideyalardan təşkil olunmuş mozaikanı xatırladırdı.
Renessans dövründə xüsusilə İtaliyada bu tipli qeyd kitabçaları geniş yayılmışdı; onları «zibaldonu» (qarışıq, həftəbecər) adlandırırdılar. Lakin həmin qeyd kitabçalarının heç biri məzmun etibarilə da Vinçininki qədər zəngin, maraqlı, rəngbərəng deyil. Ümumilikdə on minlərlə səhifədən ibarət bu qeydlər tədqiqatçılar üçün əvəzolunmaz mənbə, Leonardonun yaradıcı axtarışlarının sənədli sübutudur.
Mütləq deməliyik ki, haqqında danışdığımız əlyazmalarda müəmmalı məqamlar da az deyil. Məsələn, Leonardo öz qeydlərinə tarix qoymadığı üçün onların ardıcıllığını müəyyən etmək mümkünsüzdür. Ölümündən sonra onun bir çox kitabçaları başqalarının əlinə keçdi, sonralar isə auksionlarda satıldı. Bu əlyazmaları toplayan kolleksionerlərdən Pompeo Leonini ayrıca qeyd etmək lazımdır. Milanın məşhur Abroziano muzeyində Leoninin müxtəlif mənbələrdən topladığı 2238 səhifə əlyazma yer alır. Britaniya kitabxanasında isə da Vinçiyə aid 579 səhifəlik əlyazma saxlanılır. Dünyaca məşhur kompüter maqnatı, «Microsoft» şirkətinin qurucusu və sahibi Bill Qeytsin şəxsi kolleksiyasında da Leonardonun qeyd kitabçalarından səhifələrə rast gəlmək mümkündür. Ümumiyyətlə isə da Vinçinin əlyazmaları İtaliya, Fransa, İngiltərə, İspaniya, ABŞ kimi dünyanın müxtəlif ölkələrində qorunur.
Da Vinçi Milan hersoqunun sarayında
Nəhayət, Lodoviko Sfortsa günlərin bir günü Leonardo da Vinçini saraya dəvət etdi: ancaq memar və ya mühəndis kimi yox, şənliklərin və tamaşaların quruluşçusu kimi! Məsələ burasındadır ki, hələ Florensiyada, Verokkionun şagirdi olarkən, Leonardo bir neçə teatr tamaşasının və bayram şənliklərinin hazırlanmasında yaxından iştirak etmişdi.
Lodoviko tarixi, eləcə də Bibliya14 personajlarının gen-bol yer aldığı tamaşalara xüsusi əhəmiyyət verirdi. Bu tamaşalardan özünün və mənsub olduğu Sfortsa sülaləsinin təbliği məqsədilə gen-bol istifadə edilirdi. Ona görə də Milan hersoqu belə tamaşaları bütöv bir istehsalat sahəsinə çevirmişdi. Memarlar, mexaniklər, musiqiçilər, şairlər, hərbi mühəndislər – tamaşaların hazırlanmasında bütün bu peşə sahibləri yaxından iştirak edirdi. Özünü bu peşə qruplarından hər birinə aid edən Leonardo üçün Sfortsanın sarayında yaxşı imkan yaranmışdı. O, sarayda bir çox tamaşalara tərtibat verdi. Onların arasında «Planetlərin maskaradı» da Vinçiyə xüsusi uğur qazandırdı. Belə ki, Leonardonun yaşıdı olan Lodoviko özünün toy mərasimini təşkil etməyi də ona tapşırdı. 1496-cı ildə o dövrün ən qəribə pyeslərindən birini – Lodovikonun saray şairi Baldassare Takkonenin əsərini də Leonardo səhnələşdirdi.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Da Vinçinin əlyazmaları arasında dekorasiyaları sürətlə dəyişdirən və səhnədə xüsusi effektlər yaradan mexanizmlərin çertyojlarını görmək mümkündür. Teatr tamaşalarının bədii və texniki tərəfləri onu eyni dərəcədə maraqlandırırdı. Leonardonun böyük həvəslə düzəltdiyi mürəkkəb qurğular, mexanizmlər havaya qalxır, fırlanır, yerini dəyişir, canlı kimi hərəkət edirdi. Tamaşaçılar bütün bunları heyranlıqla izləyirdi. Tamaşa tərtibatçısı kimi Leonardo həm öz işindən həzz alır, həm də əldə etdiyi vəsaitlə bütün ehtiyaclarını ödəyə bilirdi. Bu işin başqa bir üstünlüyü də vardı – o, istər-istəməz, fikrində tutduğu, planlaşdırdığı işlərin bir qismini yerinə yetirirdi. Rəssamlıqdan fərqli olaraq tamaşaları vaxtında hazırlayıb təhvil verməli idi. Pərdə qalxınca səhnədə hər şey hazır olmalı idi. Burada ideyaları cilalamaq, daha da təkmilləşdirmək üçün aylarla baş sındırmağa vaxt qalmırdı.
Məhz həmin dövrdə düzəltdiyi bəzi qurğular, o cümlədən mexaniki quşlar və aktyorlar üçün qanadlar Leonardonu yeni elmi axtarışlara sövq edirdi. O, quşların uçuşunu öyrənir, uçan aparat düzəltmək barədə düşünürdü. Teatr jestləri ilə yaxından maraqlanan Leonardo sonralar onlardan özünün rəsm əsərlərində istifadə elədi.
Leonardo Milan hersoqunun sarayına əliboş gəlməmişdi: özünün düzəltdiyi musiqi alətini Lodovikoya hədiyyə gətirmişdi. Bu alət yeddi simli idi və lira adlanırdı. Simlərdən beşini yayla, ikisini isə barmaqla çalmaq lazım idi. Vazari yazır: «At başı formasında düzəldilmiş alətin böyük hissəsi gümüşdən idi. Ümumiyyətlə isə o, kənardan çox qəribə təsir bağışlayırdı; səsi daha gur, daha məlahətli çıxırdı».
Naməlum bir müəllifin yazdığına görə, Leonardo liranı çox məharətlə çalırdı. Çox zəngin repertuarı vardı, klassik musiqi ilə bərabər, özünün bəstələdiyi musiqi parçalarını da ifa edirdi. Bir dəfə Florensiyada keçirilən musiqi yarışmasında qalib olmuşdu. Dövrünün məşhur həkimlərindən və humanistlərindən15 biri, eyni zamanda Leonardonu çox yaxından tanıyan Paolo Covio yazır: «O, lira çalır, gözəl səslə oxuyurdu. Bu zaman ətrafdakılar onu heyranlıqla dinləyirdilər». Maraqlıdır ki, da Vinçinin əlyazmaları arasında bəstələdiyi musiqi əsərləri yoxdur. Leonardo hersoqun sarayında ifa edərkən not kağızlarına baxmır, əvvəlcədən heç nə bəstələmirdi – o, sadəcə olaraq, improvizə edirdi.
Ümumiyyətlə, da Vinçi yeni musiqi alətlərinin hazırlanmasına işinin bir parçası kimi baxırdı. Onun qeyd kitabçalarında həmin alətlərin eskizlərinə tez-tez rast gəlmək olar. Bu qəribə, bənzərsiz musiqi alətləri, doğrudan da, görənləri heyran qoyur. Leonardo əvvəlcə kağız üzərində bir neçə ənənəvi musiqi alətinin rəsmini çəkir, sonra onların əsasında yenisini hazırlayırdı. Bunun üçün o, müxtəlif heyvanların ayrı-ayrı bədən hissələrini birləşdirir, əjdahaya bənzər xəyali məxluq düzəldirdi. Məsələn, düzəltdiyi musiqi alətlərindən biri dimdiyi və qanadı olan, başı isə təkə başına bənzəyən əcaib məxluqu xatırladır. Alətin simlərinin bir ucu həmin məxluqun dişlərinə bağlanıb.
Leonardo barabanların və simli musiqi alətlərinin çıxardığı səslərin tonallığını16 nəzarətdə saxlamaq üçün yeni-yeni üsullar fikirləşib tapırdı. Eyni zamanda müxtəlif səs tonu olan baraban tipli alətlər hazırlamağa cəhd edirdi. Məsələn, düzəltdiyi uzun silindrli barabanların birində fleyta dəliklərinə bənzər deşiklər açmışdı. Leonardonun düzəltmək istədiyi ən mürəkkəb musiqi aləti isə violençellə orqanın hibrididir.
Bir sözlə, Leonardo qarşısına növbəti ciddi məqsəd qoymuşdu: daha mükəmməl musiqi alətləri icad etmək! Nyu-York Metropoliten muzeyində mühafiz işləyən Emanuiel Vinternits yazır: «Da Vinçinin düzəltdiyi alətlər heç də saray əyanları və ya adi tamaşaçılar qarşısında fokus göstərmək üçün nəzərdə tutulmamışdı. O, sadəcə qarşısına müxtəlif məqsədlər qoyur, həmin məqsədlərə çatmaq üçün səy göstərir və buna nail olurdu». Lakin musiqi, şübhəsiz ki, xüsusilə sarayda onun mövqelərinin möhkəmlənməsinə, rifahının yaxşılaşmasına kömək edirdi. Eyni zamanda musiqi ona perkussiyanı – səs dalğaları, onların əks olunması və zərbədən yaranan titrəyişlər haqqında elmi daha dərindən öyrənmək imkanı yaradırdı. Təsadüfi deyil ki, həmin vaxtlar o, səs və su dalğalarının oxşar təbiəti haqqında düşünməyə başlamışdı.
Milan hersoqunun sarayında olarkən Leonardo alleqorik17 rəsmlər və qrotesklər18 də çəkir. Məsələ burasındadır ki, Lodoviko mürəkkəb məzmunlu gerbləri, müəmmalı təsir bağışlayan gerbləri, nişanları və məcazi mənalar ifadə edən şəcərə emblemlərini xoşlayırdı. Beləliklə, Leonardonun alleqorik rəsmləri meydana gəldi. Çox güman ki, bu rəsmlər sarayda nümayiş olunurdu. Bəzən isə da Vinçi onlara şifahi izahlar və şərhlər vermək məcburiyyətində qalırdı. Çünki həmin rəsmləri anlamaq elə də asan deyildi. Onun bir sıra bu cür rəsmlər çəkməkdə məqsədi hersoqun istənilən əməllərinə haqq qazandırmaq, gördüyü hər işi qabartmaq idi. Belə rəsmlərdən birində cavan xoruz (xoruzbeçə) təsvir olunub. Ona bir dəstə quş, bir neçə tülkü, eləcə də əcaib məxluqlar hücum edir. Lakin Lodovikonu iki gözəl xüsusiyyət qoruyur: bunlar Ədalət və Ağıldır. Ədalətin əlində fırça və ilan, həmçinin Sfortsa şəcərəsinin simvolları, Ağılın əlində isə güzgü var.
Düzdür, Leonardonun alleqorik rəsmləri başqalarının özəlliklərini ifadə etmək üçün çəkilirdi. Lakin həmin şəkillərdə onun özünün də iztirabları aydın əks olunub. Bu mənada Paxıllığın təsvir olunduğu rəsmlər xüsusilə səciyyəvidir. «Comərdlik doğulan kimi Paxıllıq da dünyaya gəlir və ona hücum etməyə başlayır», – o, rəsmlərdən birinin altında belə yazır. Rəsmdən aydın olur ki, Leonardonun özü də dəfələrlə paxıllıqla üzləşməli olub. Eyni zamanda bu hissi həm özündə, həm də başqalarında müşahidə eləyib. Leonardo Paxıllığı bir neçə alleqorik rəsmdə göstərməyə çalışıb. Həmin rəsmlərdə Paxıllıq arıq-quru, sinəsi sallanan, skeletə minən, iməkləyən cadugər qarı kimi təsvir olunur. Leonardo bu obrazı belə şərh edir: «O, Ölümün belində oturub, çünki Paxıllıq heç vaxt ölmür, həmişə meydan sulayır». Başqa bir rəsmdə Paxıllığın dilindən ilan çıxır, Comərdlik isə, zeytun ağacının budağını onun gözünə soxmağa çalışır…
Leonardonun Sfortsa sarayında insanları əyləndirmək üçün çəkdiyi karikaturalar qrotesk janrının ən yaxşı nümunələrindən sayıla bilər. Müxtəlif muzeylərdə onun çəkdiyi iyirmiyə yaxın orijinal karikatur saxlanır.
Vegetarian Leonardo
Da Vinçinin müasirləri – məşhur riyaziyyatçı Luka Paçolidən (1445–1514) tutmuş görkəmli memar Donato Bramante (1444–1514) və şair Pyattino Pyattiyə (1441–1508) qədər hər kəs Leonardo haqqında qiymətli yoldaş, yaxşı dost kimi söhbət açır.
Leonardo şux geyinib gəzməyi xoşlayırdı. Başqaları uzun libaslar geydiyi halda, onun əynindəki plaşın ətəyi yalnız dizlərinə çatırdı. Saqqalını sinəsinə qədər uzatmışdı, saçlarını isə hörürdü.
Gənc Leonardo ürəyində söz saxlamazmış, bütün fikirlərini dostları ilə bölüşərmiş. Üstəlik, əliaçıq adam kimi tanınırmış. «Çox səxavətliydi… ehtiyacı olana da əl tuturdu, olmayana da…» – Vazari yazır. Da Vinçi varlanmaq, mal-mülk sahibi olmaq arzusunda deyildi. Yəqin, bu səbəbdən qeyd kitabçalarından birində yazırdı: «Var-dövlət hərisliyi bəzilərinin gözünü tutub, ağıla-biliyə can atmaq istəyindən məhrumdurlar; ağılın həqiqi zənginliyi isə məhz bilik, müdriklikdir». Elə ona görə də Leonardo çoxlu pul qazanacağı sifarişlərin üzərində işləməkdənsə, vaxtını yaradıcı axtarışlara həsr etməyə üstünlük verirdi. Lakin evin ehtiyaclarını ödəmək imkanında idi. Vazari yazır: «Demək olar, heç nəyi yox idi, az qazanırdı, buna baxmayaraq nökər tutmuşdu, at saxlayırdı». Leonardo atları çox sevirdi, ümumiyyətlə, isə bütün heyvanlara böyük şəfqətlə yanaşırdı. Bəzən quş bazarına yolu düşən Leonardo satıcıların haqqını verib qəfəsləri açır, quşları azadlığa buraxırdı. Elə heyvan sevgisi səbəbindən vegetarian idi, ət yemirdi. Buna baxmayaraq, evdəkilərə tez-tez ət alırdı. «O, birənin də həyatına qıymazdı, – dostlarından biri yazırdı. – Əynində həmişə kətan geyimlər olurdu, çünki ölü heyvanların dərisini geymək istəmirdi».
Leonardonun qeyd kitabçalarında ət yeyənləri qınayan fikirlərə tez-tez rast gəlinir. «Əgər sən heyvanların şahısansa, – o, insana müraciətlə yazırdı, – onda niyə yalnız qarnın haqqında düşünür, digər heyvanlara qənim kəsilirsən?»
Da Vinçi hamını «sadə yeməklər» lə, yəni meyvə-tərəvəzlə kifayətlənməyə çağırırdı. Onun bu çağırışları elmi əsaslara dayanır, eyni zamanda özünəməxsus əxlaqi-mənəvi dəyərlərə söykənirdi. Leonardo bilirdi ki, bitkilərdən fərqli olaraq, heyvanlar ağrını hiss edirlər. «Təbiət hərəkət etmək iqtidarında olan canlılara ağrını hiss etmək qabiliyyəti verib. Buna görə də onlar hərəkət edərkən xəsarət almamağa çalışır, ehtiyatlı tərpənirlər. Bitkilər isə hərəkətsizdirlər, odur ki ağrını duymurlar» – Leonardo belə düşünürdü. Bu səbəbdən də «ağrını hiss edən» canlılarla qidalanmağı vəhşilik əlaməti sayırdı.
Ücretsiz ön izlemeyi tamamladınız.