Kitabı oku: «Xatirələrim», sayfa 2
Mövhumat
Bir fars şairi demişdir: "Bə hər koca ki, rəvi, aseman bəyek rəng əst", yəni "Hər yerə getsən, göy bir rəngdədir". O zaman Şərq xalqlarının həyat tərzi, adət və ənənələri bir çox cəhətdən bir-birinin eyni idi. Bu yaxınlığı yaradan mənəvi amillərdən biri islam dini idi.
Tiflis Zaqafqaziyanın mədəni mərkəzlərindən biri olmasına baxmayaraq, müsəlman Şərqinə məxsus həyat tərzi, adət və ənənələr, etiqad və görüşlər burda da davam etməkdə idi. Xüsusən Cənubi Azərbaycandan Tiflisə gələn azərbaycanlılar, orda hökm sürən mövhumatı, İran istibdadının məhsulu kimi meydana çıxan adət və ənənələri özləri ilə bərabər gətirir və yayırdılar. Tiflisdə yaşayan azərbaycanlıların bir hissəsini də öz vətənindən didərgin düşən, şah istibdadının şikəst və müti etdiyi Cənubi azərbaycanlılar tərəfindən rəğbət və məhəbbətlə qarşılandılar. Lakin Cənubi Azərbaycandan Tiflisə mollalar, seyidlər, falçı və dərvişlər gəlirdilər ki, bunlar yerli xalqa dini adətlərin, mövhumatın möhkəmlənməsi və yayılmasına təsir göstərirdilər. Dövrün qabaqcıl ziyalıları gimnaziyalarda, şəhər məktəblərində müəllimlik edərək rus və Avropa mədəniyyətini, təbiət elmlərini yaymaqla məşğul olduqları halda, Cənubi Azərbaycandan gələn din nümayəndələri yerli mürtəcelərlə birləşib, yeni üsullu məktəblər əleyhinə təbliğat aparır, öz uşaqlarını "üsuli-cədid" məktəblərində oxudanlara minbərlərdən lənət oxuyur, qiyamət günü peyğəmbərin yanına üzüqara gedəcəklərini söyləyir, uşaqları mollaxanalarda oxutmağı tələb edirdilər. Beləliklə, yeni, qabaqcıl görüşlərlə köhnə, mürtəce görüşlər mübarizə aparır, üz-üzə gəlirdi.
Bütün bunlarla yanaşı, xalqın şüurunda dini görüşlər, avamlıq və mövhumat çox möhkəm yer tutmaqda idi. Xalqın çoxu savadsız idi; fala, duaya, pirlərə, qəza-qədərə, caduya, istixarəyə inam möhkəm idi. Avam arvadlar bir xəstəlik, ya bədbəxtlik üz verən kimi falçılara fala baxdırır, Altınbarmaq Seyidə dua yazdırır, Tiflisin məşhur ruhanilərindən olan Mir Nemətulla ağanın ocağına, Xıdır Nəbiyə nəzir verir, şam yandırır, onlardan nicat, sağlamlıq və xoşbəxtlik istəyirdilər.
Mir Nemətulla ağanın evi "Botanik bağı"nın yanında idi. (O bağa "Gəncə bağı"da deyirdilər.) Atam danışırdı ki, Mir Nemətulla ağanın həyətində iri, şaxəli, qoca bir tut ağacı var imiş. Bir gün qonşuluqda yaşayan avam bir qadın gecə qaranlıqda həmin ağacın altında işıldayan atəş böcəyini görüb, onu şama oxşatmış, səhər ətrafa səs salmışdı ki, gecə tut ağacının altında səhərə qədər şam yanmışdır. Həqiqəti anlamayan bu avam qadın ertəsi günü axşamçağı tut ağacı altında birinci şamı özü yandırmışdı. Beləliklə tut ağacı ocaq olur. Ona hər yandan nəzir-niyaz gəlməyə başlayır. Uşağı olmayan, ya bir fəlakət üz vermiş olan qadınlar nəzir edib, tut ağacına əski bağlaya-bağlaya hər dərdin dərmanı bildikləri bu ağacı axırda qurutdular. Bundan sonra ağanın ocağını yaşatmaq üçün tut ağacının yerində böyük bir günbəd tikildi.
Yadımdadır, qonşulardan biri xəstələnsəydi, ya işləri çətinə düşsəydi, dərhal Altıbarmaq Seyidə dua yazdırar və Mir Nemətulla ağanın ocağına nəzir edərdilər.
Anamın təbiətində Sənəm nənəmin aşıladığı mövhu-matçılıq qulluqçumuz məşədi Pərinin təsiri ilə daha da güclənmişdi. Bu qılıqlı arvad anama özünü elə sevdirmişdi ki, anam ona çox zaman, "bacım" deyə xitab edir və hər sözünə inanırdı.
* * *
Şeytanbazar o vaxt Tiflisin ən izdihamlı küçələrindən idi. İki-üç yerdə çayxana var idi. Bu çayxanalar səhərdən axşama qədər hey dolub boşalır; hərə qarşısında bir stəkan çay oturur, dərvişlər nağıl söyləyir, ilan oynadır, xanəndələr çalıb-oxuyurdular. Böyük samovar səhərdən gecə yarısınadək qaynayır, onun yanından qızarmış kömür əskik olmur, çayxana xidmətçiləri qəlyan başına maşa ilə od qoyub, çəkə-çəkə alışdırır, sonra aparıb müştəriyə verirdilər. Müştəri də bir əli ilə qəlyanın uzun boğazından, bir əli ilə də uzun müştüyündən yapışıb çəkir və tez-tez tüstünü havaya buraxırdı. Samovarların hisi, tənbəkilərin acı tüstüsü çayxananın içini duman kimi bürüyürdü. Mən dayımgilə həmişə bu çayxananın qabağından keçib gedərkən qapı ağzında durub, içəridə nağıl söyləyən, ilan oynadan dərvişlərə tamaşa edirdim. Bu çayxanalar o zaman işsiz-peşəsiz həyat keçirən, ətalət və qəflət azarına tutulmuş adamların məskəni idi. Elə çayxana düşkünləri var idi ki, bütün günlərini orda keçirirdilər.
Şeytanbazarın çayxanaları kişilərin əyləncə yeri olduğu kimi, Tiflis hamamxanaları da arvadların gün keçirdikləri yer idi. Bu hamamlar gecə-gündüz qurnalardan4 şırhaşır axıb hovuzlara tökülən kükürdlü isti mədən suları ilə məşhurdur. Heç bir ictimai yerə çıxmayıb evdə dustaq kimi yaşayan çarşablı arvadların ən böyük əyləncə yeri bu hamamlar idi. Hamı burada görüşür, burada tapışır, burada şirin söhbətə qızışır, oğlunu evləndirmək istəyənlər burada qız bəyənirdi. Hər kəs öz gücünə görə boğçasına pendir, çörək, yayda qarpız, xiyar bağlayıb hamama gedir, axşama qədər gününü orada keçirirdi.
Uşaq vaxtından mən də hamama anam ilə gedirdim. Yadıma gəlir, bu arvad hamamında elə səs-küy olardı ki, ağız deyəni qulaq eşitməzdi. Təəccüb burasındadır ki, hamısı birdən danışır, hamısı da bir-birini anlayıb cavab verirdi.
Sonralar hamama mən atamla gedirdim. Hamama daxil olan kimi gözə dərhal kərpicdən tikilmiş, əhəng və gəc ilə suvanmış böyük bir hovuz çarpırdı. Hovuzun sağ və sol tərəflərində soyunmaq üçün yerdən bir qədər uca xüsusi səkilər vardı. Nazik və uzun taxtalardan qayrılmış kiçik bir daxmada hamamçı otururdu. Soyunulan paltarlara nəzarət edən xidmətçi çimib gələnlərin ayağına su tökür, geyinmək istəyənlərə hər cür kömək göstərirdi. Bir tərəfdə isə samovar qaynayır, çayçı müştərilərə çay paylayırdı. Bir dəfə atam ilə hamama getməyim heç xatirimdən çıxmır. Biz hamama daxil olan kimi ətrafımızı kisəçilər bürüdü. Atam birini seçdi. O əvvəlcə hamamın səkisinə iki fitə sərdi. Sonra uzanmaq üçün bir kisəni yumrulayıb başı altına qoydu. Biz fitə üstündə oturduq. Kisəçi əvvəlcə atamın saqqalına xına qoydu. Sonra mənə kisə çəkdi. Mən oturub atamı gözləyirdim. Kişi başqa birisinə kisə çəkdikdən sonra atamın saqqalının xınasını yuyub yerinə rəng yaxdı. Mən gözləməkdən darıxırdım. Bir saatdan sonra kisəçi atamın saqqalının rəngini yuyub bədəninə kisə çəkməyə başladı. Sonra canını ovuşdurdu. Bütün bu tamam-dəsgahdan sonra böyük hovuza girdik. Dolu hovuzun suyu o qədər təmiz idi ki, ayaq barmaqlarımızın dırnağı görünürdü. Üç-dörd saat davam edən yuyunma nəhayət başa çatdı. Hamam xidmətçisi ayaqlarımıza su tökdü. Kişi hamamı intizamlı və səs-küysüz idisə də, kisəçinin hoqqabazlıqları, atamın saqqalının xınası və rəngi, onun bütün hamam qanun-qaydalarına qeyd-şərtsiz itaət etməsi məni lap hövsələdən çıxarırdı.
* * *
Tiflis cavanlarının bir hissəsi oxumur, işləmir, günlərini xoruz və qoç döyüşdürmək, meydançalarda güləşməklə keçirirdilər. Bir gün evdən çıxıb yoldaşım Hüseyn Minasazov ilə "Virana bağ"a oynamağa gedirdik. Yolda iki nəfər kişinin öz qoçlarının zəncirindən tutub, yanlarında bir dəstə adam ilə həmin bağa tərəf addımladıqlarını gördük. Bildik ki, qoçlarını döyüşdürməyə aparırlar. Biz də onlara qoşulduq. Qoçların ikisi də ağ idi. Qoçbazlardan biri öz qoçunu yol uzunu tərifləyib deyirdi:
– Tiflisdə mənim qoçumun qabağına çıxan qoç olmayıb. Heydər ağanın qoçu ki, səsi Tiflisi tutmuşdu, onu mənim qoçum beşcə dəqiqədə qaçırtdı.
O biri qoçun sahibi sakit-sakit onu dinlədikdən sonra:
– İgidin gücü meydanda bilinər! – deyə cavab verdi.
Onlar qoçlarını "Virana bağ"a yox, onun aşağısındakı
Qarpız meydanına gətirdilər. Ora çatıncaya qədər yolda adamlar çoxalmışdı. Qarpız meydanında böyük bir ağaclıqda dayandıq. Hər iki kişi qoçların boynundakı nazik zəncirə bağlı qalın meşin xaltaları açıb, qoçların buynuzlarından yapışdılar; onları bir-birinə yaxın gətirib buraxdılar. Qoçlar əvvəlcə bir-birilə iyləşdi, sonra dəhşətli bir döyüş başlandı. Vuruş getdikcə qızışır, hər iki qoç geri çəkilir, sonra irəli cumub bir-birinin kəlləsinə "şaraq-şaraq" buynuz vururdu. Qoçların yiyələri, "Ha qoçum, ha" deyə-deyə, elə bil onlara ürək-dirək verirdilər. Vuruşma uzun sürdü. Öyünən qoçbazın qoçu axıra yaxın bir-iki dəfə yediyi buynuzdan başını yana çevirib qaçmaq istədisə də, sahibinin, "ha, qoçum, ha" – deyə bağırtısı ilə yenə döyüşməyə başladı. Lakin bu axırıncı həmlə ona kömək etmədi. Hamı qalib gələn qoçun sahibini alqışladı. O biri qoçbazın rəngi qaçmış, dərin hüzn və həyəcan içində durmuşdu. Çox keçmədi ki, cibindən bir onluq çıxarıb, qalib gələn qoçun sahibinə verdi.
– Al, bu, sənin mərcin.
Qalib qoçun sahibi Qurban pulu almaq istəmədi. Rəqibi Baba zor ilə pulu onun ovcuna basdı.
Bu zaman Qurbanın qoçu yiyəsinə yaxınlaşıb əlini yaladı, başını onun ayaqlarına sürtdü. Baba acıqlı-acıqlı qoça baxdı, onun buynuzundan tutub dilləndi:
– Kim deyirdi ki, bu dinc, sakit görünən qoç mənim odalov qoçumu qaçıra bilər?! – Sonra o üzünü Qurbana tutub əlavə etdi, – Qurban, bu qoçu sat mənə.
– Yox, satmıram!
– Qoy bu adamlar qiymət qoysun. İki dəfə artıq verərəm, – bu sözləri deyib Baba şəst ilə əlini cibinə saldı.
– Yox, Baba, satmıram.
– Bu qoçumu da üstəlik verirəm…
– Dedim ki, mən qoçumu satmıram.
Lakin qoç döyüşdürmək büsatı bununla bitmədi. Məğlub olan qoçbaz birdən qaçıb öz qoçunu tutdu. Onu yerə yıxdıqdan sonra cibindən bıçağı çıxarıb qoçun başını kəsmək istədi. Ətrafdakılar nə qədər ona mane olmaq istədilərsə də, hirsindən dodağını gəmirən kişi razı olmadı:
– Adam içində mənim başımı yerə soxan qoç mənə lazım deyil! – deyib qoçun başını kəsdi. Sonra üzünü adamlara tutub dedi, – Götürün, soyun, ətini aranızda bölüşdürün, mən belə namərd qoçun ətindən yemərəm!
Baba qoçun zəncirini oynada-oynada o biri qoça baxdı. Sonra necə oldusa, onunla o biri qoçun sahibi arasında mübahisə başlandı. Mübahisə bir anda elə alovlandı ki, bu dəfə qoç sahibləri özləri döyüşə girişdilər…
* * *
Gecə idi. Anam bizi yedirdib, içirdib yatmağa uzandırmışdı. Birdən-birə bayırda dəhşətli bir səs-küy qopdu. Elə bil bütün şəhər ayağa qalxmışdı. Hər yerdə tüfəng, tapança atılır, qəribə həyəcanlı səslər eşidilirdi. Tez yerimdən qalxıb, həyətə baxan artırmaya çıxdım. Anam yerindən sıçrayıb qolumdan yapışdı. Bütün bədənimin titrədiyini gördükdə:
– Qorxma, oğlum, cinlər ayın üzünü tutub, onları qovurlar, – dedi və göydə üzünü qara bir pərdə qapamış, yalnız kənarları parıldayan ayı göstərdi.
Kişilər aya güllə atır, arvadlar iki mis qabı bir-birinə vurub cingildədirdilər. Bir arvad isə həyətdə, kəsilmiş at quyruğunu uzun bir payanın ucuna bağlayıb havada oynada-oynada:
– Kişə, kafir, kişə, – deyə çığırırdı.
Mən yenə də qorxu içində idim. Bütün bu işlərin sirlərini başa düşmək üçün anamdan soruşdum:
– Ana, cinlər ayın üzünü niyə tuturlar?
– Oğlum, cinlər, şeytanlar insanların düşmənidir. Onlar ayın, günün üzünü tutub dünyanı zülmətdə tutmaq, zülmətdə qoymaq istəyirlər.
Mən xəyalımda vəziyyəti bir az da böyüdərək, "Doğrudan, bu cinlər ayın, günün üzünü tutub yer üzünə işıq verməyə qoymasalar, qaranlıqda biz necə yaşayarıq?" – deyə düşünməyə başladım.
Athaat, cingilti, bağırtı davam edirdi. Bir az sonra ayın bir yanı işıqlandı. Anam sevinə-sevinə:
– Aha, ay cinlərin əlindən qurtarır, – dedi.
Çox keçmədi ki, "cinlər qovuldu", ayın üzü açıldı, səsküy yatdı. Hamı sevinə-sevinə evinə çəkildi. O gecə səhərə qədər yata bilmədim. Cinlərin nə olduğunu və onların ayın yanına necə gedib ucaldıqlarını düşünürdüm.
Sonralar coğrafiya dərslərində ayın və günün nə səbəbə tutulduğunu müəllim bizə anlatdı.
* * *
Qafqaz və bəzi Şərq xalqları arasında belə bir əfsanə dolaşmaqda idi ki, guya Xızır adlı bir peyğəmbər var, o həmişə diridir. Ona bəzi yerdə Xızır Nəbi, bəzi yerdə Xıdır Nəbi deyirlər. Böyük dərd, fəlakət, ya bədbəxt bir hadisə üz verdiyi zaman, "Ya Xızır" – deyə onu köməyə çağırırdılar. Tiflisdə Xıdır Nəbi adına ayrıca bir kilsə də var idi. İldə bir dəfə fevralın üçüncü həftəsində cümə axşamı o kilsənin günü idi. Çərşənbə axşamı gürcü, erməni və azərbaycanlı arvadlar niyyət edir, buğdanı qovurub kirkirədə üyüdür, sonra onu böyük bir qaba töküb şərbət ilə isladırdılar. Səhərəcən qalıb quruyurdu. Buna "qovut" deyirdilər. Nəzir edən şəxslər hazırladıqları qovutu Xıdır Nəbi kilsəsində dilənçilərə paylayırdılar. Deyərdilər ki, guya kimin nəziri qəbul olubsa, çərşənbə gecəsi Xıdır Nəbi gəlib o qovutdan ya bir az yeyər, ya barmaqlarını üstünə basıb gedərmiş.
Yaxşı yadımdadır, anam da Xıdır Nəbi gecəsi nəzir eləyib qovut hazırlamışdı. Mən qovutu sevməzdim. Anam qovutu böyük bir qabda pəncərəyə qoymuşdu. Mən hər səhər hamıdan əvvəl oyanardım. Həmin gün də tezdən oyananda anamın pəncərəyə qoyduğu qovut yadıma düşdü. Tez pəncərəyə yanaşdım, gördüm ki, Xıdır Nəbi barmağını qovutun üstünə basmayıbdır… Demək, anamın nəziri qəbul olunmayacaq. Tez barmağımı beş-altı yerdən qabdakı qovuta basdım. Anam oyananda pəncərəyə sarı qaçdı. Qovutun üstündə barmaq yerlərini görüb, sevincək çığırdı:
– Xıdır Nəbi qovutuma barmağını basıb!
Tez gedib Məşədi Pərini çağırdı. Barmaq yerlərini göstərib:
– Görürsənmi? – dedi, – Ona şəkk gətirənə lənət!
Məşədi Pəri heyrətlə qovutun üstündəki barmaq yerlərinə baxıb:
– Mehri xanım, Allah nəzirini belə qəbul eləsin: gör, neçə yerdən barmaq basıb, – dedi.
O gün anam qovutu paylamaq üçün Məşədi Pəriyə verib Xıdır Nəbi kilsəsinə göndərdi. Ancaq bu işlərin hamısı atamdan xəlvət olurdu. Bizim ev müəllim evi olduğu halda, mövhumat yuvası idi.
* * *
Yeddi-səkkiz yaşında ikən bir dəfə xorzək olmuşdum; səsim tutulmuşdu, danışanda boğulub xoruz kimi banlayırdım. Həmişə evdə uşaqlardan biri xəstələndiyi zaman anam başını itirirdi. O, indi də bərk əl-ayağa düşdü. Qala məhəlləsində dayımgilin qonşuluğunda Gözəldostu adlı bir qoca arvad vardı. Hər kəs xəstələnsə, onu çağırırdı. Hamı ona təcrübəli türkəçarə həkimi kimi inanırdı. Anam tez onu çağırtdırdı. Gözəldostu gəldi. Boğazımı əli ilə yoxlayıb:
– Xorzəkdir, – dedi, – Boğazı da iki tərəfdən gəlib. Bir az yağ ver, ovuşdurum.
Anam nəlbəkidə yağ gətirdi. Gözəldostu barmaqlarını yaladıqdan sonra nə qədər etdisə, ağzımı açmadım. Axırda anam mənə yalvarmağa başladı:
– Oğlum, boğazını basmayacaq, eləcə baxır ki, görsün, qızarıb, yoxsa yox.
Ağzımı açdım. Gözəldostu baxdıqdan sonra:
– İkitərəfli gəlib, görmürsən, vəzləri nə boyda olub? Boğazını basmaq gərəkdir, – dedi.
Gözəldostu ucaboy, əlli beş-əlli altı yaşlarında bir arvad idi. Başına qara kəlağayı örtmüş, üstündən də ağ çarşab salmışdı, əyninə tünd göy rəngdə gen don geymişdi. Uzun, yoğun barmaqları kirdən çatlayıb şişmişdi. Mən onun barmaqlarına baxaraq, özümü kənara çəkməyə çalışdım. Anam yenə yalvarmağa başladı. Mən:
– Barmaqları kirlidir, – dedim.
Sonra o arvadın qolundan tutub dedi:
– Qalx, Gözəldostu, su töküm, əlini sabun ilə təmiz yu.
Gözəldostu əllərini göstərib narazılıqla mızıldandı:
– Mənim əlimə nə olub ki? Tərtəmizdir.
Ancaq yenə də anamın sözünü yerə salmamaq üçün Gözəldostu əllərini yuyub gəldi. Barmaqlarını mənə göstərərək:
– Bax, tərtəmizdir. Yaxşı, oğlum, ağzını aç, boğazını basım. Elə bu gün sağalacaqsan, – dedi.
Nəhayət, ağzımı açdım. O bir əli ilə boğazımdan yapışıb, o biri əlinin şəhadət barmağını ağzıma soxdu. Boğulurdum. Boğazımdakı vəzi barmağı ilə basanda ağrıdan, elə bil ağlım başımdan çıxdı. Qışqırdım. İstər-istəməz onun barmağını dişlərimin arasında bərk sıxmağa başladım. İndi mən də qışqırırdım, o da; səsimiz otağı başına götürmüşdü. Onun əlindən bərk yapışıb çəkə-çəkə ağzımı açdım. O, barmağını tez çıxardıb havada oynada-oynada ufuldayır, anam da mənə acıqlanır, Gözəldostudan üzr istəyirdi. Boğazımın sol tərəfini basmamışdı, ancaq barmağını bir də ağzıma uzatmağa cəsarət etmədi:
– Mehri bacı, sol tərəfdə elə bir şey yoxdur, – deməklə canını qurtardı. Sonra anamdan bir yumurta istədi. Yumurtanın sarısını üstdən boğazıma sürtüb, dəsmal ilə bağladı, tez-tez üzüm turşusu içməyi tapşırdı.
Gözəldostunun "müalicəsi" vəziyyətimi yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırdı. Bu xəstəlikdən xeyli əziyyət çəkdim, ancaq o qara kəlağayılı arvadın uzun, yoğun barmaqları yadımdan çıxmadı. Bəzən hətta o barmaqlar yuxuma girir, qaranlıqda ilan kimi boğazıma sarı uzanıb, elə bil məni boğmaq istəyirdi.
İki qardaş
Anamdan eşitdiyimə görə, Cəfər babam öldükdən sonra ailəsini Sənəm nənəm idarə edirmiş. Sənəm nənəm qoçaq və kişi təbiətli bir qadın imiş. Ərindən ona bir yaşadıqları ev, bir də Tiflisin yaxınlığındakı Qarayazda bir bostan yeri qalmışdı. Nənəm Qarayazdakı bostan yerinin ixtiyarını böyük oğlu İsmayıla verib, hər il orda bostan əkdirirmiş. Kiçik oğlu Abbas da Qala məhəlləsində evlərinin qabağında olan Vano bəy Orbelianinin hamamını icarəyə götürmüşdü. Bu iki qardaş həm xarici görkəmcə, həm də təbiətcə bir-birinə bənzəmirdi.
İsmayıl qısaboy, kök, qarayanız, xırda gözlü, Abbas isə ucaboy, qumral gözlü, xoşsifət bir adam idi.
Nənəm oğlanlarını evləndirmək istəyirdi. Ancaq İsmayıl dayımın hər il mədaxili az gətirməsi onu şübhələndirirdi. O, Qarayaza adam göndərib, oğlu İsmayılın orada nə ilə məşğul olduğunu öyrəndi. İsmayıl dayımın Qarayazda pulları siğə etdiyi dul arvadlara yedirtdiyini bilincə birbaş Qarayaza getdi. Dayıma bərk qulaqburması verib, bu işdə yaxından iştirak edənləri məzəmmətlədi. Bu hadisədən sonra nənəm İsmayıl dayımı gözdən saldı, ondan əvvəl kiçik dayım Abbasa Sarban kəndindən atamın bacısı Mina bibimi alıb içində yaşadığı evi də ona bağışladı. İki il sonra İsmayıl dayımı Gəncədən öz qohumlarından evləndirdi. Dayılarımın hər ikisi məhəllə məktəbində molla yanında oxumuş olduqlarından az savadlı idi.
O zaman Kərbəlaya, Məşhədə və Məkkəyə at ilə gedirdilər. Qərib ölkələr keçib bu uzun yolları at ilə getmək zəhmətli olduğuna baxmayaraq, dindar və şöhrətpərəst adamlar o zəhmətlərə qatlanırdı. Onlar özlərilə yol bələdçisi götürürdülər. Belə bələdçilərə "çovuş" deyirdilər. Bu çovuşların özünəməxsus səfər paltarı olurdu. Onlar əllərində ələm, at üstündə küçə-küçə gəzib adamları Kərbəlaya və Xorasana getməyə təşviq edirdilər. Haca, Kərbəlaya, Məşhədə getmək cahil adamlar içində böyük hörmət sayılırdı.
Kərbəlaya getməyə hazırlaşan dostlarından biri Abbas dayıma onunla bərabər getməyi təklif etmişdi. Abbas dayım ona razılıq verib fikrini nənəmə demiş, o isə oğlunun bu tədbirini çox bəyənmişdi. Bundan sonra dayım səfər tədarükü görməyə başlayaraq bir at aldı. Səfər günü çovuş Kərbəlaya gedən atlılarla birgə dayımgilin qapısına gəlib, ucadan oxuya-oxuya İmam Hüseyn qəbrini ziyarət etməyin savabından danışırdı. Məhəllə adamları toplanıb dayımla görüşür, sağsalamat qayıtmasını arzu edirdilər. Abbas dayımın bu dəbdəbə ilə Kərbəlaya getməsi İsmayıl dayımın arvadının izzətinə toxunmuş, böyük qardaşı dura-dura kiçik qardaşa olan bu ehtirama qarşı söylənməyə başlamış, hətta o gün ərini qardaşı ilə görüşməyə qoymamışdı.
Bu hadisədən sonra iki qardaş ailəsinin arasında gizli bir ədavət əmələ gəldi. Abbas dayımın Kərbəladan qayıdandan sonra məhəllə adamları tərəfindən, "Kəblə Abbas, ziyarətin qəbul olsun!" – deyə hörmətlə qarşılanması, dayımın Kərbəlayı adı alıb hörmətə minməsi iki ailə arasında ədavəti bir qat da artırdı. İki qardaşarvadı bu tüstülü kösöyü püfləyə-püfləyə alovlandırdılar və bir-birinə düşmən oldular.
Böyük dayımı sadəcə olaraq İsmayıl çağırmalarını arvad həzm edə bilməyib, ona deyirdi:
– Kiçik qardaşın Kərbəlaya gedib Kəblə Abbas oldu, qeyrətin varsa, sən də Haca gedib Hacı İsmayıl ol!
Dayımgil ata-babadan Orbeliani hamamının sol tərəfindəki birmərtəbəli köhnə evdə yaşayırdı. Kiçik həyəti vardı.
Babam ona bitişik uçuq bir ev alaraq, yerində təzə ev tikdirməyə başlamışdı. Ev tamam olmamış o vəfat etdiyindən evi Sənəm nənəm tikdirib başa çatdırdı. Ev dördmərtəbəli idi. Kiçik qardaşın dördmərtəbəli yeni evdə, böyük qardaşın isə köhnə birmərtəbəli evdə yaşaması da İsmayıl dayımın arvadı Səkinəni hövsələdən çıxarırdı. O, hər gün, "Qeyrətimdən çatlayıram. Mənə də dördmərtəbəli ev tut!" – deyə dayımı boğaza yığmışdı. Dayımın bu söz-söhbətə, heç bir şeyə əhəmiyyət vermədiyini görüb, Səkinə özü ev axtarmağa başladı. Nəhayət, Şeytanbazarından Botanik bağına gedən küçədə üçüncü mərtəbədə boşalmış bir mənzil tapdı və zor-güc ora köçdü.
İsmayıl dayım sadəlövh, dindar bir kişi idi. Molla Həsən ağa adlı bir vaizin ən sadiq müridlərindən idi. O, hər il Qarayazdakı bostanın məhsulunu satdıqdan sonra qazancını götürüb Molla Həsənin yanına gedirdi. Molla Həsən xümsünü seyidlərə və zəkatını yoxsullara vermək üçün qazancın müəyyən qismini ayırıb götürür, xeyir-dua verib, var-dövlətinin artmasını allahdan arzu edirdi. İsmayıl dayım bu fırıldaqçı mollanın hiylələrinə uyan adamların nə birincisi, nə də sonuncusu idi. Molla Həsən onun kimilərinin çoxunu hörümçək kimi tora salıb qanını sorurdu.
Bir gün dayım arvadı yarı gerçək, yarı zarafat ilə:
– İsmayıl, bura bax, – dedi, – bu il qazancından o Molla Həsən kişiyə versən, burda oturanların hamısının günahı sənin boynuna.
İsmayıl dayım acıqlı-acıqlı dedi:
– Arxayın ol, bu il heç kəsə pul verə bilməyəcəyəm. "Hacı İsmayıl ol!" – deyə-deyə bostanı qurutdun. Gələn il bostan əkdirməyə pulum çatmır, – dedi.
Ər-arvad bir az sözə gəlib deyişdilər. Arvad deyirdi:
– Görəsən, pulu yenə hansı köpək qızına yedirtmisən?
Bu zaman qapıda birdən səs-küy ucaldı. Dayım arvadı qulaqlarını şəkləyib narazı səslə:
– Yenə rəncbərlərin gəldi. Görək, Ağa İsmayıla nə buyruq göstəriblər, – deyə üz-gözünü turşutdu. Sonra dayıma amiranə bir səs ilə dedi, – Qabaqlarına çıxmayacaqsan, mən deyəcəyəm ki, evdə yoxdur.
Rəncbərlər qapıdan həyətə baxan eyvana girib, "Ağa İsmayıl" – deyə səsləndilər. Dayım arvadı qabaqlarına çıxıb:
– Ağa İsmayıl evdə yoxdur. Qarayaza gedib, – deyə onları yola salmağa çalışdı.
Rəncbərlər bu sözdən döyükə-döyükə bir-birlərinin üzünə baxdılar. Hamısının başında yanlarını kir kəsmiş qara papaq vardı. Üzləri günəşdən yanmış, vücudları bir dəri, bir sümükdən ibarət idi. Paltarlarında o qədər cırıq və yamaq vardı ki, üstlərinə bir put darı tökülsəydi, biri də yerə düşməzdi. Çalsaqqal, zəif bir rəncbər dayım arvadına heyrətlə baxıb cavab verdi:
– Xanım, Ağa İsmayıl Qarayaza necə gedir, onun orada daha bir işi qalmayıb, bizim onun ilə işimiz var. Gəlmişik onu görməyə.
Dayım arvadı dediklərini yenə təkrar etdi:
– Evdə yoxdur, deyirəm, özü dedi ki, Qarayaza gedəcəyəm.
Səsindən, simasından xəstəyə bənzəyən arıq bir oğlan dedi:
– A xanım, bu qədər yol gəlmişik, Allah rizasına, bizi balalarının başına çevir, Ağa İsmayılı gizləmə. Qoy ona dərdimizi danışaq.
Dayım arvadı bir az yumşaldı.
– Onda bir saatdan sonra gəlin, – deyə onları yola saldı.
Rəncbərlərin bu halına anamın yazığı gəlib dedi:
– Ay İsmayıl, bunların üst-başı niyə belədir? Arvadları yoxdur? Görünür, rəncbərlərə az zəhmət haqqı verirsən ki, yazıqlar özlərini düzəldə bilmirlər.
Dayım istehza ilə gülərək, məğrur bir səslə cavab verdi:
– Bəs necə, hamı sizin kimi xoşbəxt ola bilməz ki… Bir parça çörəyin var, oturub rahat yeyə bilmirsiniz… Onların da alnına Allahdan belə yazılıb. Molla Həsən ağa deyir: "Hər insanın qəza-qədəri hələ ananın bətnində ikən alnına yazılır. Bəndə kömək etməklə onun işi yaxşılaşmaz. Gərək Allah kömək eləsin".
Anam dedi:
– Ay İsmayıl, mənə qalsa, o Molla Həsənə verdiyin pulu bu yazıqlara versən, onlara əl tutsan, belə yazıq halına düşməzlər…
– Bəsdir, bəsdir, sən allah, – deyə dayım arvadı anama etiraz etdi, – qardaşın o yan-bu yana az paylayır, sən də ona təzə yol göstərirsən. Bəs biz neyləyək? Ağzımızı göyə açaq?
Anam cavab vermədi. İsmayıl dayım arvadına haqq qazandıraraq dedi:
– Molla Həsən düz deyir, onların da alnına bu yazılıbdır, biz neyləyək?
Dayım arvadı fürsətdən istifadə edib söhbəti yenə "Hacı İsmayıl" məsələsinə gətirdi:
– Molla Həsən ağanın da alnına Ağa İsmayılı soymaq yazılıbdır. O olmasaydı, sən çoxdan Hacı İsmayıl olmuşdun.
Söhbət uzandı. İsmayıl dayım çuxasını geyib evdən çıxmaq istərkən, yenə həyətdə rəncbərlərin "Ağa İsmayıl" deyə səsləri eşidildi. Dayım tez qapıya tərəf getdi. Mən də küçə qapısına çıxdım.
Rəncbərlər dayımı görən kimi əllərini döşlərinə qoyub:
– Salam əleyküm, Ağa İsmayıl, – dedilər.
Dayım salamlarını aldıqdan sonra:
– Hə, nə deyirsiniz? – deyə məğrur bir vəziyyət aldı.
Birinci qoca kişi dilləndi:
– Ağa İsmayıl, bizə pul lazımdır. Gəlmişik…
Dayım onun sözünü kəsdi:
– Mən sizə demişəm ki, pul əlimdən oynayıb, bu il mən sizi yaza qədər saxlaya bilməyəcəyəm. İstəyən qalsın, istəməyən getsin, özünə iş tapsın.
Arıq, xəstə rəncbər:
– A kişi, bu vaxt biz işi hardan tapaq? Heç olmasa, bunu iki ay əvvəl deyəydin. Görünür, sən bizi acından öldürmək istəyirsən!
– Öldürmək neçin? Bu il mənimki belə gətirdi. Yoxa nə çarə?
– Günah kimdədir? O ifritə Zeynəb gündə bir arvad tapıb səni soğan qabığı kimi soydu.
– Artıq-əskik danışmayın, mən sizi yaza qədər saxlaya bilməyəcəyəm.
– Ağa deyir, sür dərəyə, sür dərəyə, əlimizdən nə gəlir! Barı bu günə qədər olan haqq-hesabımızı ver! – deyə qoca rəncbər mübahisəyə yekun vurmaq istədi.
İsmayıl dayım qocanın əlinə 45 manat pul qoyub:
– Aranızda bölüşdürün, – dedi.
Hamı gözünü qocanın əlindəki pula dikmişdi. Xəstə rəncbər nə isə demək istəyirdi. Elə bu vaxt dayım əlimdən tutub evə qayıtdı.
* * *
Molla Həsən Ağanın adını eşitmişdimsə də, üzünü görməmişdim. Bir gün təsadüfən atamla bazara gedərkən küçədə ona rast gəldik. Atamı görüncə dayandı. Salamlaşdılar. Bir-birinin əhvalını soruşduqdan sonra o, diqqətlə mənə baxıb dedi:
– Yəqin, bu ağazadədir?
Atam cavabında:
– Bəli, bəndəzadədir, – deyə cavab verdi.
Mən onun Molla Həsən olduğunu hiss etmişdim.
Molla Həsən ağa ucaboy, qarayanız və sağlam bir kişi idi. Ensiz, qırışıq alnı, enli və çatma qara qaşları, kiçik bəbəkli, qara, kəskin gözləri vardı. Vücuduna nisbətən kiçik başına qazan boyda iri bir əmmamə qoymuşdu. Bu əmmamə qalın, iri dodaqlarının ucuna qədər boru kimi uzanmış, nazik burnuna, xırda gözlərinə və qırışıq sifətinə heç yaraşmırdı. Təxminən altmış yaşlarında olan bu molla Tiflis camaatının əksəriyyətini öz təsiri altına ala bilmişdi. Minbərdə üzünü camaata tutub deyirmiş: "Hər kəsin xanəsində rusca kitab olsa, hər kəs özünü rusa bənzədib, rus əlbisəsi geyinsə, hər kim uşaqlarını rus məktəblərində təlim və təhsil almağa qoysa, qiyamət günü Allah-təalanın və peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın hüzuruna üzüqara gedəcəkdir. Bizə ancaq din və şəriət elmi lazımdır, vəssalam, mabəqi elmlər şeytan elmidir. Onlardan qaçın, vücudunuzu cəhənnəm odundan qoruyun…"
Belə görüşlərin təsirilə çox zaman Tiflis camaatı uşaqlarını rus dilində açılmış məktəblərə qoymayıb, mollaxanalara göndərirdilər.
Molla Həsən ağanın iki arvadı vardı. Böyük arvadı Zibeydə xanımı özü ilə İrandan gətirmişdi. Zibeydə xanım özünü kişinin gözünə soxmağı bacaran, 45 yaşında nazlıqəmzəli bir arvad idi. Ağa evə qayıdana yaxın hər gün qaşlarına vəsmə, gözlərinə sürmə çəkib, gözəl və təmiz paltarını geyinər, Molla Həsən ağanın yolunu gözləyərdi. Kişi içəri girincə əl-əl üstündə onun qarşısında durub salam verər, səhhətini soruşar və Allah-taaladan ağaya can sağlığı arzu edərdi. Ağa bir şey istədikdə heç kəsə fürsət verməyib, hər kəsdən əvvəl özü ona xidmət etməyə çalışardı.
İkinci arvadı Güləndam xanımı Tiflisdən almışdı. Güləndam xanım Zibeydə xanımdan həm cavan, həm də gözəldi. Ancaq nədənsə Ağa Zibeydəni daha çox istəyirdi.
Ağa yeməyə də çox tələbkar idi. Plov ilə küftəni çox sevərdi. Ona görə də, xanımlar ona bir gün plov, bir gün küftə bişirirdilər.