Kitabı oku: «Solovkidə gördüklərim»
“BİLDİRİŞ” QƏZETİ AZƏRBAYCANA GƏTİRİLDİ
Osmanlı İmperiyası Birinci Dünya Savaşında məğlub oldu. Lakin xalq bununla razılaşmadı. Anadoluda Mustafa Kamalın başçılığıyla yeni bir hərəkat başladı. Türklər öz müstəqilliklərini qorumaq uğrunda Antanta və onun himayə etdiyi qüvvələrə qarşı ölümdirim savaşına atıl-dılar. Bu işdə özlərinə xarici ölkələrdə də dəstək axtarmağa başladılar. Savaşdan məğlubiyyətlə çıxmış, ölkədə vətəndaş qarşıdurmasını son həddə çatdırmış Sovet Rusiyası bu işdə gənc Türkiyəyə münasib müttəfiq oldu. Qara dənizdən Antanta qüvvələrinin təzyiqini azaltmaq üçün Rusiya Türkiyənin müvəqqəti də olsa güclənməsini istəyirdi. Bu ona çar Rusi-yasının işğal dairəsində olmuş, indi azadlıq əldə edərək öz dövlətlərini qurmaq istəyən xalqları yenidən əsarət boyun-duruğu altına salmaq, iqtisadi cəhətdən önəmli olan bölgələri yenidən tutmaq üçün lazım idi.
1920-ci ilin aprelində Rusiyanın XI Ordusu “Anadoluda dö-yüşən türklərə köməyə gedirik” adıyla Azərbaycan Xalq Cüm-huriyyətini işğal etdi. Azərbaycanla kifayətlənməyib qısa müd-dətdə Qafqazı bütövlükdə öz təsir dairəsinə saldı. Lakin burada möhkəmlənmək Rusiya üçün problemə çevrildi.
Avropa dövlətlərinin təzyiqi altında sıxılan gənc Türkiyə də Sovet Rusiyasının güclənməsini həm istəyirdi, həm də bundan ehtiyat edirdi. Rusiyanın Antanta blokundan çıxması Avropa dövlətlərinin diqqətini Türkiyədən yayındıraraq Sovet Rusi-yasına yönəldirdi. Türkiyə strateqləri nə qədər “Biz Osmanlı dövlətinin varisi deyilik, əksinə, onun düşməniyik” desələr də yaxşı bilirdilər ki, yeniləşən Rusiya gücləndikcə onları sıxış-dıracaq. Buna görə Türkiyə Sovet Rusiyasına ikili münasibət bəsləyirdi. Sözdə əbədi dostluqdan bəhs etsə də, altdan-altdan Rusiyaya təzyiq vasitələri hazırlayırdı. Keçmiş Rusiya ərazi-sindən Türkiyəyə qaçıb antisovet baxışlarını gizlətməyən ictimai-siyasi xadimlərin dərnək qurmalarına, qəzet-jurnal nəşr etmələrinə şərait yaradırdı. Azərbaycan Xalq Cümhuriyyətinin məğlubiyyətindən sonra Türkiyəyə mühacirət etmiş soydaşlarımız burada daha yaxşı təşkilatlanmışdılar.
İki ildən çox parakəndə fəaliyyət göstərən ictimai-siyasi xa-dimlərimiz M.Ə.Rəsulzadənin gəlişilə təşkilatlanmağa başla-dılar. 1922-ci ildə İstanbulda “Yeni Kafkasya” adlı jurnal nəş-rə hazırlandı. Ayda iki sayı çap olunan jurnalın fəaliyyəti 1927-ci ilədək, yəni 100 sayadək davam etdi. Mühacirətdə nəşr edilən əksər qəzet, jurnal və kitablara redaktorluq etmiş Mirzəbala Məmmədzadə “Yeni Kafkasya”nı “yalnız azərbay-canlıların deyil, rus əsarəti altındakı bütün türklərin” jurnalı1 adlandırırdı.
İctimai-siyasi xadimlərimizin Türkiyədə çap etdirdikləri qə-zet və jurnallar haqqında son onillərdə xeyli araşdırma apa-rılıb. Lakin hələ çox qaranlıq məsələlər də qalır. Azərbaycanda mühacirət mətbuatından və ədəbiyyatından yazan araşdırıcı-larımız ara-sıra “Bildiriş” qəzetindən bəhs etsələr də, onun haqqında ciddi araşdırmaya rast gəlmirik. Xaləddin İbrahimli “Azərbaycan siyasi mühacirəti” kitabında yazır: “1930-cu il 7 avqustdan etibarən Azərbaycan mühacirləri ilk siyasi həftəlik qəzet olan “Bildiriş”in nəşrinə başladı. Bu qəzetin imtiyaz sahibi də A.Kazımzadə, məsul müdiri Kamal idi.(1931-ci ildən məsul müdir M.B.Məmmədzadə oldu)”2
Türkiyədə isə Səbahəttin Şimşir “Azərbaycanlıların Türkiyədə siyasi və kültürəl fəaliyyətləri” kitabında3 “Bildiriş” qəzetinə 4 səhifədən çox yer ayırıb. Bu kitab 1999-cu ildə müəllifin tarix elmləri doktoru adı alması üçün hazırladığı dissertasiya əsasında yazılıb. “Bildiriş” qəzetini Ankarada olarkən Mehmet Kəngərlinin ofisində görmüşdüm, amma onu diqqətlə oxumağa imkan tapmamışdım. 2003-cü ilin martında Mersində Novruz bayramına həsr olunmuş konfransda məruzə edənlər sırasında mən də vardım. Oradan qayıdarkən bir neçə gün Ankarada yubanmalı oldum Vüsalə Rauf qızı Mehmet Kəngərlinin gəlişimdən xəbər tutduğunu və məni görmək istədiyini bildirdi. Türkiyədə ali təhsil almış, mühacirət mət-buatımızın tarixindən doktorluq dissertasiyası yazmaq üçün Qazi Universitetində təhsilini davam etdirən Vüsalə Rauf qızı və “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasının rəhbəri Seyfəddin Altaylı ilə birlikdə M.Kəngərlinin görüşünə getdik. Söhbətimiz həmişəki kimi çox uzaqlardan başladı. Xatirələr dilə gəldi. Söz gəlib ömrün vəfasızlığına çatanda mən M.Kəngərlidən onda olan əlyazmaları və sənədləri Azər-baycan arxivlərinə bağışlamasını xahiş etdim . Həmişəki kimi “yox” demədi.
Biz getməyə hazırlaşanda “Bildiriş” qəzetinin səliqə ilə sax-lanmış dəstini gətirtdirdi və “Azərbaycana apar” dedi. Onun bu fikrə düşməsinin səbəbkarı V.Rauf qızı olmuşdu. Lakin S.Altaylı buna imkan vermədi. Qəzetin ona da lazım oldu-ğunu, CD-yə köçürmək istədiyini bildirdi. M.Kəngərli qəzet dəstini saxladı və mənə: “Sonra Vüsalədən yollayaram” dedi.
O, sözünə sadiq qaldı. 2003-cü ilin qışında “Bildiriş” qəze-tinin dəstini Vüsalə xanımdan yolladı. Qəzeti AMEA Əlyaz-malar İnstitutuna bağışlamağı qərarlaşdırsaq da oradakı yazılar diqqətimi çəkdi. Xüsusən də “Solovkidə gördüklərim” adlı xatirələr.
Mövzu mənə tanış idi. Rus yazıçısı Oleq Volkovun 1980-ci illərdə qəzet və jurnallara verdiyi müsahibələrdə, 1989-cu ildə Moskvada çap etdirdiyi “Zülmətdə” romanında müsavat-çıların aclıq aksiyasını təsvir etməklə, soydaşlarımızın hünə-rindən yazmaqla çoxlarımızı heyrətləndirmişdi.
Amma mən də əksər oxucular kimi Oleq Volkovdan 53 il əvvəl N.İ.Kiselyov-Qromovun Şanxayda 200 səhifəlik “Lageri smerti v SSSR”4 kitabının və B.E.Ağa oğlunun 1930-cu ildə “Bildiriş” qəzeti səhifələrində “Solovkidə gördüklərim” adlı xatirəsinin çap etdirdiyini bilmirdim. Onu da bilmirdim ki, N.İ.Kiselyov-Qromov Rusiyadakı vətəndaş müharibəsində Novorossiyskidə yaralı halda bolşeviklərə əsir düşüb. Həqiqi ad və familiyasını gizlədərək özünü Qızıl əsgər Karpov kimi təqdim edib. Sovet hökuməti ona inanıb vəzifə verib. O da əvvəl Quzey Qafqazın müxtəlif bölgələrində, sonra da Solovki sürgün düşərgəsində rəhbər vəzifələrdə çalışıb. Oradan da xaricə qaçaraq bolşeviklərə qarşı mübarizəyə başlayıb.
N.İ.Kiselyov-Qromovun kitabında da müsavatçıların aclıq aksiyası, xüsusən həkim Cahangir Ağayevin faciəli taleyi geniş təsvir edilib. Həmin hadisələrin iştirakçısı olmuş bir soydaşımız – B.E.Ağa oğlu da başlarına gələni qələmə alaraq 1930-cu ildə “Bildiriş” qəzetinin 14 sayında “Solovkidə gördüklərim” adı altında çap etdirib.
Öncə “Solovkidə gördüklərim”in müəllifi B.E.Ağa oğlunun şəxsiyyəti ilə maraqlandım. Axtarışım bir nəticə vermədi. Oxuduğum qaynaqlarda Solovkidə həbsdə olmuş yazıçı, jurnalist və ictimai-siyasi xadimlər sırasında B.E.Ağa oğlu imzasıyla yazıb-yaradana rast gəlmədim.
Solovki haqqında oxuduqlarım isə bişkin bir qələmin məhsulu, yetkin və mübariz bir siyasi xadimin xatirələridir. Mühacirət mətbuatımızın və ədəbiyyatımızın araşdırıcısı olan tanışlarım da bu işdə köməyimə çata bilmədilər. Məcbur qalıb Mehmet Kəngərli ilə əlaqə saxladım. O da, “dəfələrlə bu sualı mən də vermişəm. Amma bir cavab ala bilməmişəm” dedi.
Azərbaycan mühacirlərinin fəaliyyətləri ilə bağlı bir neçə kitab yazmış, Türkiyədəki Balıkəsir Universitetinin müəllimi, Doç.Dr.Səbahəttin Şimşir də B.E.Ağa oğlunun şəxsiyyətini müəyyənləşdirməkdə bizə yardımçı ola bilməsə də “Solovkidə gördüklərim”i kitabça kimi nəşrə hazırlamaq qərarına gəldim. Qəzeti səhifələyərkən Solovki ilə bağlı 4-5 kiçik yazı da diq-qətimi çəkmişdi. Mövzuca yaxın olduqlarından onları da kitab-çaya əlavə etməyi lazım bildim. Düşündüm ki, bu həm araşdı-rıcılarımızın diqqətini özünə çəkər, həm də gənclərin vətənpərvərlik tərbiyəsinə təsir göstərər.
Xatirələri çapa hazırlayarkən müəllifin dil və üslubuna toxunmamağa çalışsam da buna tam əməl edə bilmədim. Oxu-cularımızın əhval-ruhiyyəsini nəzərə alaraq bəzi sözləri və şəkilçiləri bugünkü ədəbi dilimizin yazı qaydalarına uyğun-laşdırdım. Çətin anlaşılan sözlərə isə səhifənin aşağısında – ətəkyazıda izah verdim. Belə sözlər mətində dəfələrlə təkrar-lansa da, kitabçanın kiçikliyini nəzərə alaraq hər sözün izahını bir dəfə verməklə kifayətləndim. Əslində ötən yüzilliyin əvvəl-lərindəki yazı üslubumuz “Solovkidə gördüklərim” müəllifinin yazı üslubundan o qədər də fərqlənmir. Həmin illərdə elə Tür-kiyədə də təxminən bu cür yazıblar. Dediyim odur ki, bu gün “Solovkidə gördüklərim”i Türkiyədə çapa hazırlamalı olsalar, bəlkə məndən çox ətəkyazısı verməli olardılar.
“Bildiriş” qəzetinin dəsti səliqəli saxlanılıb. Lakin zaman öz işini görüb. Qəzeti səhifələdikdə və ya əl vurduqda kağız qırılıb tökülür. Respublikamızda qəzetin nüsxələrinin çox olmadığını nəzərə alaraq orada gedən yazılar haqqında oxuculara geniş bilgi verməyə çalışdım. Bu bəlkə bir qədər də qəzeti səhifələməyə ehtiyacı azaldar.
Qəzet 1930-cu ilin 7 avqustundan həftənin pərşənbə5 gün-ləri çap olunmağa başlayıb. İlk saydakı baş məqalə adsızdır. Məqalənin sonunda isə “Bildiriş” yazılıb. İkinci saydan baş-layaraq baş məqalələrə ad qoyulub. 1930-cu ilin Birinci Kanun6 18-də çap olunan 20-ci sayındakı “Vandervelde və Rusiya” adlı baş məqaləsinə M.B. imzası qoyulub və sonadək də bu qaydaya əməl edilib. Əlimizdəki dəstdə sonuncu qəzet – 58-ci sayıdır. O da 1931-ci ilin Eylülün7 10-da çap olunub. Burada qəzetin bağlanacağına dair heç bir qeyd yoxdur. Qəze-tin 1931-ci il Temmuzun8 30-da çap olunan 52-ci sayından başlayaraq 1931-ci il Eylülün 10-da çıxan 58-ci sayınadək ardıcıl M.B.Məmmədzadənin “Lenin milli siyasəti. Azərbay-canda nə nəticələr verdi?” məqaləsinin səkkiz parçası verilib. Məqalənin sonuncu parçasının altında “arkası var” yazılıb. Buna əsaslanıb əlimizdəki qəzetin tam dəsti olmadığını söyləsək yəqin ki, yanlışlığa yol vermiş olarıq. Çünki, “1931-ci ildə Türkiyədəki Azərbaycan siyasi mühacirləri SSRİ-nin təzyiqi ilə ölkədən çıxarıldığından” və orada nəşr edilən “siyasi mətbuatın da fəaliyyətinə uzun müddət fasilə verildiyi”9ndən xeyli yazılıb.