Kitabı oku: «Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü»
Kitab ilk dəfə 1996-cı ildə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq institutunda hazırlanıb
Redaktor: Akademik Ziya Bünyadov
© “Kitab Klubu”, 2015
© “İRŞAD” İAM, 1996
Redaktordan
Hüquq elmləri doktoru, prof. A. Q. Rzayev keçmiş Sovet İttifaqı Respublikalarında, ABŞ-da, Türkiyədə, Pakistanda, Bolqarıstanda və başqa ölkələrdə özünün siyasi və hüquq elmlərinin tarixindən bəhs edən bir sıra maraqlı elmi tədqiqatları ilə geniş şöhrət tapmış və ən çox nəşr olunan, oxunan və misal gətirilən müəlliflərdən biridir. Bu tədqiqatlar içərisində Moskvada və Bakıda nəşr olunan "Rusiya və Azərbaycanda siyasi fikir və onların qarşılıqlı əlaqəsi", "Siyasi və hüquqi nəzəriyyələrin tarixi oçerkləri" kitablarının adını xüsusilə çəkmək istəyirəm. A. Q. Rzayevin elmi ictimaiyyət tərəfindən tanınan və geniş oxucu kütləsi içərisində məşhur olan "Mirzə Kazımbəy. Dünyagörüşü", "M. F. Axundovun siyasi görüşləri", "M. F. Axundov və Qərbi Avropa siyasi-hüquqi fikirləri" kimi monoqrafiyaları da alimin böyük yaradıcılıq imkanlarına malik olduğunu göstərir. Professor yaxın illərdə nəşr olunan “İctimai-siyasi və hüquqi tədqiqatlar", "Siyasi kompromis", "Kilsə və siyasət", "Hegelin fəlsəfəsi və onun siyasi ideyalarının aktuallığı", "Milli təhlükəsizlik konsepsiyası" və başqa bu kimi kitablarda dövrün çox mühüm və aktual məsələlərinin obyektiv təhlilini vermişdir.
Prof. A. Q. Rzayevin elmi yaradıcılığında, XIII əsrin məşhur ensiklopedik alimi Nəsir əd-Din Məhəmməd ət-Tusinin siyasi görüşlərinin tədqiqi xüsusi yer tutur. Nəsir əd-Din ət Tusinin həyatı, siyasi-hüquqi görüşləri, dövlətçilik və elmi fəaliyyəti və dünyagörüşü həmişə A. Q. Rzayevin elmi axtarışlarının ən mühüm sahəsi olaraq qalır. Oxuculara təqdim olunan bu monoqrafiya N. Tusiyə və onun adı ilə bağlı olan hər şeyə müəllifin yüksək hörmətindən irəli gələn yaradıcılıq axtarışlarının davamıdır.
Nəsir əd-Din Tusinin adına və çoxəhatəli fəaliyyətinə dərin hörmət və ehtiramla yanaşmaq lazımdır. Orta əsr Şərqinin məşhur alimləri olan İbn Sina, Məhəmməd ər-Razi, Ömər Xəyyam və başqalarının arasında Nəsir əd-Din Tusi xüsusi yer tutur. Orta əsr Şərqinin bir sıra məşhur alimlərinin tələbəsi, sonralar isə bir çox görkəmli zəkaların müəllimi olmuş Nəsir əd-Din ət-Tusi uzun illər ərzində dövlətçilik və siyasi fəaliyyətlə məşğul olmuşdur. O, İsmaililər dövlətinin naziri olmuş və Ələmut qalasının bütün əzab və sevincini dərk etmişdir. İsmaililərin əlçatmaz və alınmaz "qartal yuvaları" yalnız Nəsir əd-Din Tusinin köməyi ilə monqollar tərəfindən zəbt olunmuş və darmadağın olunmuşdu. Ancaq onun məsləhəti ilə Hülaku xan 1258- ci ildə Bağdada hücum etmək qərarına gəlmişdi. Nəsir əd-Din Tusinin monqollar arasında olan hədsiz hörməti sayəsində, həmin dövrün bir çox görkəmli alimlərini ölümdən xilas etmək mümkün olmuş, minlərlə nüsxə əlyazmalarını məhv olmaqdan qorumuş və özü onları Marağaya aparmışdır. Məşhur Marağa rəsədxanasının və nəhəng elmi kitabxanasının yaradılması Nəsir əd-Din Tusinin adı ilə bağlıdır və yalnız bu fəaliyyəti onu ölməzliyə qovuşdurmuşdur.
Nəsir əd-Dinin çoxəhatəli elmi yaradıcılığı, astronomiya, həndəsə, triqonometriya və başqa dəqiq elmlərə həsr edilmiş çox saylı əsərləri, onun adını hələ Avropada elm yenicə inkişafa başladığı zaman artıq məşhur etmişdi.
Nəsir əd-Din Tusi elmin hərəkətverici böyük zəkalarından biri olmuşdur. Orta əsr elminin bir çox klassik sahələri onun nailiyyətidir.
Oxucu Nəsir əd-Din Tusinin həyat yolu, onun uzaqgörənliyi, qaynar fəaliyyəti, qayğıları və düşüncələri haqqında prof. A. Q. Rzayevin hədsiz dərəcədə maraqlı olan kitabından geniş məlumat alacaq.
İndi – öz tariximizə yeni gözlə baxdığımız, elmi və mədəni dəyərlərimizin qaynaqlarını daha obyektiv meyarlarla araşdırmağa başladığımız bir vaxtda prof. A. Rzayevin oxucular qarşısında vərəqlənən kitabı sanki bizim zəngin keçmişimizə açılan pəncərədir. Vətəndaş yanğısı ilə yazılmış bu əsər bizim müasir elm və mədəniyyətimizin necə həyati köklərə bağlı olduğunu göstərməklə bu möhkəm təməl üzərində daha yüksək inkişafa nail olmağa hər birimizin borclu olduğumuzu bizə xatırladır. Dahi həmyerlimiz, böyük Nəsir əd-Din Tusi haqqında bu gözəl əsər, onun müəllifinə öz təşəkkürümüzü bildirməyə bizə haqq verir.
Akademik Ziya Bünyadov
Müqəddimə
Elmimizin tarixi – ümumi tariximizin, mədəniyyətimizin, sənətimizin çox parlaq və çox mühüm səhifəsidir. Elmimizin tarixi – xalqımızın tarixidir: insan tərəfindən təbiətin qanunauyğunluğunu öyrənmək, onun sirlərini açmağa kömək edən nəhəng bir qüvvənin tarixidir. Elmin tarixi xalqın dünyagörüşünün inkişaf mərhələlərinin güzgüsüdür.
Qədim dövrlərdən başlamış bu günə kimi elmin keçdiyi ilk addımlardan ulduzları öyrənməyə qədər bütün mərhələləri nə qədər geniş tədqiq etsək elm tariximizin xəzinəsini daha çox zənginləşdirərik. Elmin tarixini öyrənməyə həsr edilmiş tədqiqatlar elmin klassiklərinin, böyük dühaların dünyagörüşünü, işləmə üsullarını öyrənməyə, elmi yaradıcılıqlarının psixologiyasını açmağa, onların keçdikləri əzablı yollara aydınlıq gətirməyə, arxalandıqları dühaların onlara olan kömək və təsir miqyasını müəyyənləşdirməyə və hətta ilk nəzərdə xırda görünən məsələləri aydınlaşdırmağa kömək edər; onların istifadə etdikləri başqa elm sahələrinin həmin alim üçün sirlərinin açılmasına, müxtəlif ilk nəzərdən bir-birinə uzaq olan elmlərin vəhdətini yaratmaq bacarığının üsullarını açmağa yardım edər.
Nəsirəddin Tusi – XIII əsr elmimizin ən möhtəşəm dühalarından biridir. Onun elmi yaradıcılığı elm tariximizin ən parlaq səhifəsidir.
Ensiklopedik zəkaya malik olan alim-astronom və riyaziyyatçı, iqtisadçı və hüquqşünas, mineroloq, ədəbiyyatşünas, təbiətşünas, musiqişünas, məntiq, etika, ilahiyyat alimi, şair bütün ömrünü elmin inkişafına, xalqının dirçəlməsinə qurban vermişdir.
Onun möhtəşəm təsəvvür qüvvəsi və sehrli, füsunkar yaddaşı, intellektinin qüdrəti, həyatı dərk etmə qabiliyyəti bir vəhdət təşkil edirdi. Gələcəyi görmək bacarığı onda mövcud daxili qüvvənin və qırılmaz iradənin, qüdrətli işgüzarlığının nəticəsi idi. Bütün faciələrə, başına gələn əzab-əziyyətlərə zindan əzablarına baxmayaraq Nəsirəddinin həddi-hüdudu olmayan dühası, təntənəyə, qələbəyə dərin inamı onun adını dünyanın ən qüdrətli simaları ilə bir sıraya qoymuşdur.
Bu dahi insan hünər, fədakarlıq, qəhrəmanlıq, şücaət göstərmək üçün dünyaya gəlmişdir.
O, dahilərə də, hökmdarlara da güzəştə getmədi. O, əzəmətli, qüdrətli Hülaku xandan da qorxub çəkinmədi; onu ələ almış, minlərlə günahsız adamları ölümdən xilas etmiş və demişdi: "Siz elə başa düşməyin ki, mən öz şəxsi həyatım üçün sizə hörmət edirəm. Yadınızdan çıxarmayın ki, Sultan Səncərdən böyük deyilsiniz. O, həkim Ömər Xəyyamı əz yanında taxt üstündə oturtmuşdu. Halbuki mən elm və fəzilətimə görə Ömər Xəyyamdan çox yüksəyəm…»
Nəsirəddin Tusidən bizi səkkiz yüz illik bir ömür ayırır. Səkkiz yüz ildir ki, onun elmi irsi, şəxsiyyəti və dini mənsubiyyəti ətrafında gedən mübarizə sakitləşmək bilmir. Hələ alimin müasirləri yazırdılar ki, Nəsirəddin islama xəyanət edib, ismaililərə və nüseyriyyə təriqətinə xidmət edib.
Şeyx Təqiəddin Əbül Abbas Əhməd İbn Teymiyyə yazırdı ki, "bir qrup adamlar özlərini nüseyriyyə, qərmətilər, batinilər qrupuna mənsub etmişlər, hətta onlar özlərini xristian da adlandırırdılar. Bu təriqətlərə mənsub olan tayfalar həmişə islam dininin düşmənləri ilə yaxınlıq etmişlər. Bu cəhətdən onlar tatarlara yaxın idilər. Əkər bu tayfanın nümayəndələrindən başqa Ələmut qalasının vəziri dinsiz Nəsirəddin Tusi tatarlara köməklik göstərməsəydi, onda tatarlar heç vaxt Bağdada hücum edib xəlifəni öldürə bilməzdilər. Xəlifənin öldürülməsini şəxsən o, Tusi, Hülaku xana məsləhət görmüşdür. Bu dəstəyə daxil olan adamlar müxtəlif ləqəblərlə, o cümlədən mülhidlər, qərmətilər, batinilər, ismaililər, nüseyriyyə, xürrəmilər, müxəmmirələr adı ilə məşhur idilər".
Nəsirəddinin cavabı qəti idi: "Əgər mənə qanunsuz olaraq kafir deyirlərsə, bu, işıq saçmayan yalançı şama bənzər. Mən müsəlmanam. Ona gərə də mənim haqqımda deyilənlərin hamısı yalandan başqa şey deyildir".
Nəsirəddin Tusi islamın qüdrətinə inanırdı. İslam onun üçün təkcə dini əqidə deyil, xalqın mədəniyyəti, əxlaqi dəyərləri, çox möhtəşəm ünsiyyət forması idi. Alim üçün islam hər bir müsəlmanın fəaliyyətinin istiqamətvericisidir. Əgər bu birlik və ünsiyyət yoxdursa bu islamın yox, mənsəbpərəst, yerlipərəst, millətpərəst və vəzifəpərəst müsəlman hökmdarlarının günahıdır.
"Din qaydadır, dövlət onun sütunları", "müsəlmanlar əldirlər, əl-ələ verib birləşsələr, bir bədən olarlar" – bunları yazan, təbliğ edən Nəsirəddin deyildimi?
Çox əfsus ki, hələ bu gün də sağlam düşüncənin əksinə olaraq yazırlar ki, "Nəsirəddinin riyaziyyat və astronomiya əsərlərinə nisbətən humanitar biliklər sahəsində mütərəqqi fikirləri az olmuşdur", "Onun şəxsiyyətinin zəif, dünyagörüşünün məhdud və nöqsanlı cəhətləri də az deyildir”; guya o öz dini əqidələrini tez-tez dəyişirmiş.
Ağıla sığmaz iradlardır!
Bu məsələni şərh edən "İranın Kembridc tarixi" yazır ki, "Şiə fikrinin o zaman iki aparıcı nümayəndəsi vardı – Nəsirəldin Tusi və onun tələbəsi Əlləmə Xili.
Nəsirəddin Tusi haqqında ancaq onu əlavə edə bilərik ki, o, imamət ilahiyyətinin əsasını qoyanlardan biri idi və onun çox saylı əsərləri çox şərhlərin mövzusu idi".
Nəsirəddin Tusinin İslama düşmən kəsdirməyə cəhd edənlərə İmam Xomeyninin cavabı bu gün daha əzəmətlə səslənir: "Xacə Nəsir və Nəsir kimilər belə vəzifələrdə ona gərə işləmirdilər ki, böyük qulluq tutub böyüklük etsinlər, ona görə oralara gedirdilər ki, onları adam eləsinlər. Onların təsiri altına düşmək üçün getmirdilər. Onları yola gətirmək, onları islah etmək istəyirdilər. Hülakunun qulluğunda olmaqdan ötrü Xacə Nəsirin onun dalınca getməyi çox böyük xidmət idi. Ona görə ki, Hülakunu qüdrətə çatmaq üçün yola gətirməyi əslində Xacənin İslam aləminə əvəzsiz xidməti idi".
Dahilərin həqiqi qiymətini bu günün ölçüləri ilə vermək qəbahətdir. Bir daha unutmayaq ki, o zaman dünya indikindən səkkiz yüz il cavan idi. İztirablar da şadlıqlar da, xoşbəxtlik də bədbəxtlik də, dərd-qüssə də, təntənə də, nikah, doğum, ölüm də, dostluq da düşmənçilik də, xəstəlik də cansağlığı da, şan-şöhrət də var-dövlət də, dilənçilik də səfillik də, toy da dəfn mərasimi də bu günkülərə bənzəmirdi. İşıq və zülmət, xeyir və şər də başqa məna verirdi. Qəzəb, intiqam, qorxu, namus, günah, mükafat, ədalət də başqa məna kəsb edirdi. Heç qış ilə yay arasındakı fərqlər də bugünkü günü xatırlatmırdı. Şəhərlər möhtəşəm qalaları və məscidləri ilə seçilirdi. Məscidlərdən ucalan azan səsləri insanları həm bayrama, həm də matəmə dəvət edirdi: həm həyəcan, həm də sevinc doğururdu. Gün günü, həftə həftəni, il ili əvəz edirdi. Heç kim heç yerə tələsmirdi. Hərənin öz dərdi, öz qəmi, öz səadəti, öz sevinci. Müharibəsiz keçən illər nağılları xatırladırdı. Bayram günləri hökmdarlar saray məmurlarının, keşikçilərinin böyük bir dəstəsi ilə şəhərə çıxardılar. Məscidlərdə moizələr oxunar, cümə namazları böyük bir ünsiyyət mərasiminə çevrilərdi.
Qasidlərin gur səsi, şeypurlar xalqı meydana edam mərasimlərinə baxmağa çağırardı: ağlayan kim, susan kim, sevinən kim, qəzəblənən kim.
O zamanlar çox az adam öz əqidəsini dəyişərdi. Din hamının müqəddəs məbədgahı idi. Əqidəsini dəyişənləri Allah qəzəbinə düçar edərdilər.
Axşam yaxınlaşanda bütün şəhərlər, kəndlər zülmət pərdəsinə bürünərdi. Şam işığında nağıl, rəvayət danışan kim, dərdlərini götür-qoy edən kim, qeybət edən kim.
Səhər yenə də dünənin təkrarı. Yeni xəbərlər çox tez yayılardı. Hakimiyyət uğrunda hansı ata öz oğlunu, hansı oğul öz atasını qətlə yetirib. Hakimiyyəti başqasına verməmək üçün xalqı zülmətə qərq edib yeganə ağılsız, azyaşlı, ruhi xəstə oğlunu özünə varis edən hökmdarlar da çox olub. Nəsirəddin hökmdarlara üz tutub dedi: hökmdar odur ki, "şərafətli ölümü rəzalətli yaşamaqdan üstün tutsun". Heç kim onu eşitmədi.
Nəsirəddin bütün islam dünyasının pərakəndə olduğu bir dövrdə yaşamışdır. Bütün müsəlman aləmini düşmənlər qarşısında diz çökdürən bu pərakəndəlik, qarşılıqlı düşmənçilik, dində yaranmış təriqət parçalanmaları olmuşdur. Peyğəmbərin ölümündən sonra islamda yaranmış parçalanma – sünnilik, şiəlik, peyda olmuş zeydilər, ismaililər, qərmətilər, xəşşaşinlər, ələvilər və s. dövlətləri də parçaladı. Bağdad xəlifəliyi, İsmaili dövləti, Xarəzmşahlar dövləti bir-birinə düşmən kəsildilər. Dövlət, din unuduldu, hakimiyyət, var-dövlət üstündə mübarizə başladı. Monqolların qələbəsinə, müsəlman hökmdarları bais oldular.
Nəsirəddin Tusi öz zəmanəsinin oğlu idi. Onun əsərləri zamanın siyasi-iqtisadi, mədəni, elmi həyatının güzgüsü idi. Nəsirəddinin yaşadığı həyat bir əsrə, bir ölkə hüdudlarına sığışmayan bir dünyadır. Onun dahiliyi, fövqəladə istedadı, şəxsiyyəti, qırılmaz iradəsi nəsillərə nümunə olaraq qalır; qarşısına qoyduğu məqsədə çatmağı, zamanın çərçivəsindən çıxmağı bacaran, zəncirləri qırmağa qadir, hökmdarları özünə itaət etməyə məcbur edən, ölüm qorxusunu rədd edib həyat eşqiylə yaşayan bu böyük şəxsiyyətin ömrü nəsillər üçün məşəl olaraq yanacaq.
* * *
Həyatını, elmini, dünyagörüşünü bu kitabda vermək istədiyim bu böyük insan haqqında çox yazılıb və hələ də çox yazılacaq. Mən də kövrək bir addım atmaq istədim. Bu kövrək addımımda mənə yaxından kömək etmiş akad. Ziya Bünyadova, akad. Urxan Ələkbərova, EA müxbir-üzvü Fuad Qasımzadəyə, prof. Rəhim Hüseynova və həmçinin M. Hacıyeva, L. Tarıverdiyevə, Q. Camalova öz dərin minnətdarlığımı bildirirəm.
Köklər dərindir
1201-ci ilin soyuq fevral ayı idi. Tus şəhərinin tanınmış savadlı adamlarından olan Firuzşah Cəhrudi ləqəbi ilə tanınmış Məhəmməd bin Həsən Tusi qarlı-çovğunlu şəhərin qaranlıq məhəllələriylə keçib məscidə səhər namazına getdi. O, evdən bu gün həmişəkindən çox tez çıxmışdı. Məscidə girib ibadətinə başladı. Firuzşahın bugünkü namazı həmişəkindən çox uzun sürdü. Namazı qurtardıqdan sonra da ayağa durmağa tələsmirdi. Dizi üstə oturub sanki taleyi ilə danışırdı. Arabir əllərini göyə qaldırıb Allaha yalvarırdı.
– Ey böyük yaradan! Mənə, Sənin yazıq bəndənə bir oğul payı ver. Mənim səsimi eşit ey pərvərdigar, ilk övladımı oğul görmək istəyirəm.
Səhər açılar-açılmaz Firuzşah məsciddən çıxıb şəhərə yollandı. Şəhər divarlarının istiqaməti ilə ilahiyyatdan dərs dediyi mədrəsəyə az qalmış həyətində qulluq edən cavan oğlan onun qabağına çıxdı:
– Ağa, muştuluğumu ver, oğlun oldu. Dedilər özümü sənə çatdırım, xanım da yaxşıdır, uşaq da.
Firuzşah özündən asılı olmadan əllərini göyə qaldırıb: – Ey böyük Allahım! Mənim səsimi eşidən tanrım!
Bu 1201-ci ilin fevralın şənbə günü, sübh tezdən, günəşin doğan çağında olmuşdu.
Firuzşahın bütün qohum-qardaşı axın-axı onun evinə gözaydınlığa gəlirdilər. Otaqlarda üzərliklər yandırıldı. Axşam düşənə yaxın həyətdə tonqallar qalandı, otaqlarda o qədər şam yandırmışdılar ki, bütün ətraf çil-çıraqbana dönmüşdü.
Firuzşah çoxlu qurbanlar kəsdirdi, nəzirlərini paylamağa başladı, bütün qohum – qonşuların, yaxın-uzaq adamların evlərinə qurban payı, dolçalarda şərbətlər göndərildi. Ehtiyatçın yığdığı dinarları da yoxsullara payladı.
Firuzşahın evində böyük bayram idi.
* * *
Nəsirəddin uşaqlıq illərini doğma Tusda keçirmişdi. Bu illər onun ən unudulmaz illəri idi. Bu qədim şəhərin hər qarış torpağı, hər daşı onun uşaqlıq yaddaşında ömürlük olaraq həkk olunmuşdu. Şəhərin palçıqdan hörülmüş divarları ona möhtəşəm qala kimi görünürdü, sanki bu divarları heç bir qüvvə, heç bir qoşun dağıda bilməzdi.
Şəhərin bütün sakinləri, xüsusilə uşaqlar bayramları səbirsizliklə gözləyirdilər. Bütün ölkənin ən əziz bayramı Novruz idi. Bu bayrama Tusda çox qabaqcadan hazırlaşırdılar. Bahar bayramına az qalmış hamı təzə paltar tikdirər, uşaqlarını başdan ayağa kimi bəzəyərdilər. Deyirdilər – günəş dolandı, il başa çatdı.
Gəldi bərəkətli Fərvərdin ayı
Bülbülün yüksəldi yuvasından nəvası
Al saqinin əlindən piyaləni
Xoş gün üçün yaranmışdı piyalə
Zövq al badədən ki, bu günün
Sevincinin başqa bir aləmi var.
Qışın son ayı. Baharın gəlişi hamıda xoş əhval-ruhiyyə yaradır. Bütün ailələrdə bayrama böyük hazırlıq gedir. Kasıbçın da, varlıyçın da bu əziz bayram idi. Bayrama hazırlıq çərşənbə axşamlarında daha geniş miqyas alırdı. Son çərşənbə axşamına kimi evlər ağardılır, xalça-palazlar yuyulur, həyətlər səhmana salınır, dükan-bazarlar bəzədilir, küçələrə gündə bir neçə dəfə su səpilirdi. Son çərşənbə axşamı bütün həyətlərdə tonqallar qurulurdu. Hava qaralanda tonqallara od vurulurdu. Bütün şəhər çır-çırağbana bürünürdü. Bütün ailələr tonqalların ətrafında gecə yarıya kimi gülür, danışır, zarafatlaşırdılar. Uşaqlar, cavanlar tonqalların üstündən tullanırdı.
Tollanatda. Atıl-matıl çərşənbə
Ayna təkin bəxtim açıl çərşənbə.
Həyətlərdə tütək çalan kim, rəqs edən kim, mahnı oxuyan kim.
Bu yerlərdə tonqallara üzərlik atmaq bir adət olmuşdu – hamı özünü bəd nəzərdən qorumaq istəyirdi. Hamı dost deyil. Aşkar düşmənlərdən başqa pis nəzərli paxıllar da var. Paxıl həmişə paxıldır – bayramda da, yasda da. Qozbeli qəbir düzəldər. Bəd nəzərdən özünü gözlə:
Üzərlik yaxarlar gəz deyən üçün
Od yaxıb yandırar dərdi büsbütün.
Sözümün bəxtini göyə ucaltdım,
Qəlbimdən atəşə üzərlik atdım.
Od tüstüsünü evə qarşı yönəldərdilər – gələn bəlanın qabağını bu tüstü saxlaya bilər.
Son çərşənbə axşamı bayram süfrəsi bəzənərdi. Süfrəyə səməni, yeddi növ şirniyyat, quru meyvə, ayna, göy, noğul, narınc, lumu, gülab, qırmızı yumurtayla bəzədilmiş xonça qoyardılar. Çox evləri içərisinə balaca balıq salınmış bir qab su, zeytun, nar, söyüd ağacının budaqları da bəzəyərdi.
İlin təhvilinə az qalmış bütün ailə üzvləri süfrə ətrafına yığışardı, süfrəyə plov gələrdi. İlin gəlməsini xəbər verən toplar atılar, təbillər, şeypurların səsi ərşə qalxardı. Evlərdə hər adam başına bir şam yandırılardı. Ailə başçısı ailənin hər üzvünə üç parça nabat, üç xırda pul, üç qaşıq bal verərdi.
Bayram günü hamı bir-birinin evinə qonaq gedərdi, küsülülər barışardı, nişanlı qızların evlərinə xonçalar göndərilərdi. Şəhərdə, meydanda əyləncələr, oyunlar, gülüşlər, zorxanalar, çövkən, ox atmaq, kosa kosa oyunları qızışardı. At çapmaq adət olmuşdu. Şənliklər bir həftə davam edərdi.
Nəsirəddinin Tusda keçirdiyi xatirələr çox şirin idi.
* * *
Firuzşah Cəhrudinin nəsli Dəstkərd vilayətinin Vərşah kəndindən idi. Dəstkərd o zaman Qum vilayətinin tərkibinə daxil olan Cəhrudun tabeliyində idi.
Firuzşah gənc yaşlarından təhsil almaq üçün Tusa gəlmiş, burada da məskən salmışdı.
Nəsirəddin atası haqqında yazırdı:. "Atam dünya görmüş, söz qədri bilən, insanlara hörmət edən, yaxşı tərbiyə almış şəxs olub. Tacəddin Şəhristaninin şagirdlərindən və onun tərif və dualarından daim bəhrələnənlərindən idi. O, qaydaların təqlidində az mübaliğəyə yol verər, elmlərin sirlərinə yiyələnməyə səy göstərər, məzhəb sahiblərinin kəlamlarına və əsər müəlliflərinin sözlərinə qulaq asar, onlardan bəhrələnərdi. Belə oldu ki, Kəmaləddin Məhəmməd Hasib kimi tanınan, hikmət elmində, xüsusilə riyaziyyat fənnində şöhrət qazanmış Əfzələddin Kaşaninin şagirdlərindən birinin yolu həmin diyara düşdü. Atamla onun demək olar ki, heç bir dostluğu və tanışlığı yox idi. O, atamdan istifadə etmək və ondan kömək üçün onu öz yanına dəvət etdi. Atam onun yanında riyaziyyat elmini öyrənməklə məşğul oldu".
Tanınmış alimlərdən olan Seyid-ər-Rza Fəzlullah Ravəndi də Firuzşahın müəllimlərdən biri olmuşdur.
Nəsirəddinin ilk şəriət müəllimi atası olmuşdu. Nəsirəddin ilk elmi təhsilini eyni zamanda dayısı Nurəddin Əli ibn Məhəmməd Şaidən (rasional elmlər üzrə) və atasının əmisi Nəsirəddin Abdullah ibn Həmzədən (müsəlman hüququ, hədislər üzrə) almışdır.
Şeyx Abbas Qumi öz ustadları haqqındakı yazılarında qeyd edir ki, “Xacə Tusinin, atasının izni ilə bir rəvayəti söyləmək icazəsi vardı. O, həmin rəvayəti nəql etmək icazəsini Seyid Əbi ər-Rza Fəzlullah bin Əli əl Hüseyndən, o da Seyid Əbi-əs-Səmsam Zülfüqar bin Məhəmməd bin Məbəd əl-Hüseyndən, və o da Şeyx Tusidən almışdı".
Firuzşahla oğlu arasında yaranmış şəxsi münasibətlər haqqında dəqiq yazılar qalmayıb. Lakin Nəsirəddinin çox sonralar yazdığı və bütün atalara həsr olunmuş düşüncələri çox səciyyəvidir: “Ata övladını ona görə sevir ki, onun üzərində çox haqqı olduğunu görür, bu məhəbbət bir növ böyüklük məhəbbətinə yaxınlaşar, başqa ibarə ilə övladını sövq-təbii, zati bir məhəbbətlə sevər, bu o deməkdir ki, övladını həqiqətən öz nəfsi hesab edər, elə bilər övladının vücudunu təbiət onun surətinə baxaraq yoğurmuş zamanın timsalını övladına aşılamışdır. İnsafən, bu düz təsəvvürdür, çünki ilahi hikmət öz kəraməti sayəsində atanın ilhamını övladının icadına səbəb etmiş, onu övladının doğulmasında ikinci amilə çevirmişdir. Buna görədir ki, ata özü üçün istədiyi kamalı övladı üçün də arzulayar, özünə nəsib olmamış xoşbəxtlik və səadətin oğluna qismət olması üçün çalışar… Atanın övlada olan məhəbbət çoxluğunun bir səbəbi də odur ki, övladını ömrünün meyvəsi hesab edər, doğulduğu gündən onu şadlıq müjdəsi adlandırar, tərbiyəsi ilə məşğul olar, könlünü ona salar, get-gedə məhəbbəti artar; ona həyatının amalı, sevincinin mənbəyi deyər, ürəyində ona varis kimi baxar, özü öləndən sonra onu xatırladan bir vücudun yerində oturacağını düşündükcə, qəlbi iftixarla dolar". Oğul isə “nə qədər ki, ağılı bir şey kəsmir, atası sağdır qədrini bilməz, elə ki, ağlı başına gəldi, gözü açıldı, həyatı başa düşdü, ya atası öldü, əli onun qazancından kəsildi, onun böyüklüyünü dərk edər, qəlbində ona qarşı məhəbbət əmələ gələr”.
Çox çəkmədi ki, Firuzşah Cəhrudi dünyasını dəyişdi. O, bu dünyanı çox tez tərk etdi. Ailəni Nəsirəddinin öhdəsində qoyub getdi. Çox əfsus ki, Firuzşahın qohum-qardaşı, yetim qoyub getdiyi ailəsinin arxası və köməyi haqqında da məlumatımız yoxdur. Çox əfsus ki, Nəsirəddinin anası, onun nəsli haqqında da mənbələr heç bir məlumatlar vermirlər. Yenə də Nəsirəddinin çox sonralar analar haqqında yazdığı bir fikrini burada misal gətirməyə məcburuq: “Ana övladını atadan çox istər, ona valeh olar, ondan çox şey gözləyər, çünki övladın meydana gəlib tərbiyə edilməsində ana zəhməti daha çox olar".
Firuzşahın ailəsinə qoyub getdiyi vərəsəlikdən də xəbərimiz yoxdur. Onu bilirik ki, o, böyük oğlu Nəsirəddinə bir vəsiyyət qoyub getmişdi – təhsilini davam etdir, böyük alimləri axtar tap, onlardan elm öyrən. Böyük alimləri ətraf vilayətlərdə tapmasan səyahətə çıx, onları uzaq ölkələrdə axtar.
Atasının vəsiyyətinə sadiq qalan Nəsirəddin sonralar yazmışdı: "Mən də atamın vəsiyyətinə əməl edərək səyahətə çıxdım. Hər fənn üzrə hansı bir ustada rast gəldimsə ondan istifadə edərdim. Lakin daxilən meylim və marağım həqiqəti batildən təmizləmək olduğundan hikmət və kəlam kimi elmlərin mahiyyətinə girmək istəyərdim".
Öz səyahətləri zamanı tale Nəsirəddini zəmanəsinin görkəmli alimlərindən olan Şəhabəddinlə görüşdürür. Çox sonralar İsmaililər dövlətinin hökmdarı olmuş Əbülfəth Mənsur Şəhabəddin həkim və filosof, "alim hikmət və ağıl sahibi idi". O, hər tərəfdən axışıb gələn qərib adamlara elm öyrədir, öz var-dövləti hesabına onları saxlayır, töhfələr və hədiyyələr də verərdi. O, hökmdar olmasına baxmayaraq ətrafına ancaq müsəlmanları toplayardı, bu isə Nəsirəddinin allahsızlar adlandırdığı ismaililərin xoşuna gəlməzdi.
Əbülfəth Mənsur Şəhabəddin İraqa səfərə çıxarkən Nəsirəddini özü ilə aparır, oradan Xorasana qayıdır və "bu əzəmətli diyarı" gəzir. Şəhabəddin Nəsirəddini öz yanında xidmətə dəvət edir. Nəsirəddin Şəhabəddin iqamətgahını tərk edərək doğma Tusa qayıdır.
Nəsirəddin vətəndə çox qalmır. Özünə yeni müəllimlər axtarmaq arzusu ilə Nişapura yollandı. Nişapurda onun ilk müəllimləri İmam Siracəddin Qəməri, Qütbəddin Sərəxsi və Fəridəddin Damad oldular. Bizdə olan məlumata görə Fəridəddin Əbu Məhəmməd Həsən ibn Həsən Heydər Fəritumdi Nəsirəddinə məntiq və tibb elmlərindən təlim verərdi. Damad haqqında Əşkuri öz "Məhbub ül-gülub" əsərində yazırdı ki, "Fəridəddin Damad Sədrəddin Sərəxsinin şagirdi, Sədrəddin isə Əfzələddin Gilaninin şagirdi, o da Bəhmənyarın şagirdi Əbül Abbas Laukərinin şagirdi idi. Bəhmənyar isə Əbu Əli Sinanın şagirdi olmuşdur".
Nəsirəddin haqqındakı yazılardan belə bir nəticəyə gəlmək olar ki, onun Nişapurda sürən təhsil müddəti çox səmərəli keçmişdir. Nəsirəddinin Nişapur ustadlarından məşhur alim Əl-Əttar, Əl-Arif ləqəbləri ilə tanınmış Şeyx Ətqarın da – Fəridəddin Səid bin Yusif bin Əlinin də gələcək alimin yetişməsində böyük əməyi olmuşdur.
Nəsirəddin Nişapurdan Quma yollanır. Bu qədim şəhərdə ona zəmanəsinin görkəmli alimi Əbu-s-Səadət İsfahani təlim verir (mənbələr yazırlar ki, Qumda Nəsirəddinlə bərabər Seyid Əli bin Tavus Hüseyni və Şeyx Meysəm bin Əli bin Meysəm Böhrani də dərs alırdılar). Nəsirəddinin ustadları arasında Səlahəddin Səfədi özünün “Əl-vafi bilvəfəyat” əsərində Nəsirəddinin müxtəlif vaxtlarda təhsil aldığı aşağıdakı görkəmli alimlərin adını çəkir: tibb və fəlsəfə üzrə, təhsilini Misirdə, Xorasanda, Heratda və Xorəzmdə almış, monqol işğalı zamanı həlak olan Qutbəddin Misri (Nəsirəddin İbn Sinanın “Kitab əl-Qanun" adlı tibb əsəri ilə ilk dəfə Qutbəddin Misrinin yanında tanış olmuşdu); müsəlman hüquqi üzrə Əbdul Həsən ibn Bədraki Şeyx Muinəddin; riyaziyyat, astronomiya və musiqişünaslıq üzrə Mosulda "Kamiliyyə" məktəbinin ustadlarından olan "26 elmin bilicisi" Kəmaləddin Mövsüm-Əbdül Fəttah Musa ibn Əbilfəzl Yunis ibn Məhəmməd; hədislər üzrə Qəzvinli alim Şeyx Bürhanəmin Məhəmməd Əbülhəsən Ali.
Nəsirəddinin ustadları arasında Şeyx Bürhanəmin Həmədaninin və Muinəddin Salim ibn Bədəran Mazani Misrinin də adları çəkilir. Mənbələr göstərir ki, Nəsirəddin Məzani Misrinin yanında müsəlman hüququ üzrə təhsilini başa vurduqdan sonra 1223-cü ildə ustadı ona fərqlənmə şəhadətnaməsi vermiş və bu şəhadətnamə “Bahar əl-anvar" kitabında qeydə alınmışdır.
Nəsirəddinin bir alim kimi yetişməsində, təkmilləşməsində və dünya şöhrəti qazanmasında çox böyük ustadlar (bura Nəsirəddinin təlim almadığı, lakin əsərlərindən bəhrələndiyi alimlər də daxildir) haqqında bizə məlum olan məlumatları qısa şəkildə aşağıda veririk.
Vəcihəddin Məhəmməd bin əl-Həsən əl-Tusi:
Bəzi alimlər onu Fəxrəddin ləqəbi ilə yad ediblər. Lakin İbn əl-Füvati “Məçmə əl-adab" da onun ləqəbini Vəcihəddin kimi göstərmişdir. Bu böyük şəxsiyyət Seyid Fəzlullah bin Əli Əbidullahın şagirdlərindəndir və ondan nəql etmək icazəsinə malikdir. Onun həmçinin Qütbəddin Əbülhüseyn Səid bin hibbətullah bin əl-Həsən ər-Ravəndidən də rəvayət icazəsi vardı.
Ziyaəddin Əbi-r-Rza Fəzlullah bin Əli Abdullah bin Kaşani: öz dövrünün böyük şəxsiyyətlərindən və alimlərindən biri olmuşdur. Onun nəsibinə düşən şeyxlərin sayı iyirmidən artıqdır. Onlardan Dai Həsəni övladları olan Seyid Murtaza və Seyid Müctəbanın, həmçinin Seyid Zülfüqar Mərvəzinin, Şeyx Əbi-s-Səadət Müstəcəzinin, Seyid Əbu-l-Bərəkat Hüseyni Məşhədinin adlarını çəkmək olar. Şiələrin böyük şəxsiyyətlərindən olan Şeyx Raşid bin İbrahim Böhraninin, Xacə Nəsirəddinin atası Məhəmməd bin əl-Həsən ət-Tusinin, Bürhanəddin Məhəmməd Qəzvininin, Məhəmməd bin Şəhraşub Mazandaraninin və Şeyx Abdullah bin Cəfər Duryəstinin Seyid Fəzlullah Ravəndidən nəql etmək icazəsi vardı. “Zəvə, əş-şəhab", "Əl-Ərbəeyn fi-l-Həvadis", "Nəzm əl-əruz lil-qəlb əl-məruz vəl-müvcəz-əl-kafi fi elm əl-əruz" kimi əsərlər bu müəllifin qələminə məxsusdur.
Seyid Murtaza Elm əl-hədi: Zülməcideyn Əbulqasim Əli bin Musa bin Məhəmməd bin Musa bin İbrağim bin əl-İmam Musa əl-Kazim, əleyhəssəlam, görkəmli və tanınmış alim olmuşdur. Dərin savada, yüksək elm, irşad və təlimə malik olduğu üçün ona Elm əl-Hədi ləqəbi verilmişdir. Fiqh, Kəlam və ədəb elmlərində yüksək məqama çatmış, Bağdad alimlərinə başçılıq etmişdir. Elm əl-hədi 355-ci ildə anadan olmuş, "Nəhcülbəlağə" müəllifi olan qardaşı Seyid Rza ilə birlikdə Şeyx Mufiddən dərs almışdır.
Elm Əl-hədi bütün elm sahələrində mahir idi və onlardan dərs deyirdi. Onun “İmamiyyə"sini IV əsrdə ən geniş yayılmış imamiyyə hesab edirdilər. Onun 80 min cild kitabı olan kitabxanası vardı, öz qələmindən çıxan əsərlərinin sayı 80 çildə yaxın idi, özü də 80 il ömür sürmüşdü. Buna görə də ona Əbu-s-Səmanin ("səksən atası") deyirdilər.
İmamətə dair “Dürər və Cürər" ("Dürrlər və seçilmişlər"), "Müsail-e Nasiriyyat” və "əş-Şafi", üsula dair" “Əl-Müxtəsər" və Peyğəmbərlərin ismətinə dair "Ət-Tənziyyə" kimi kitabların müəllifi həmin böyük alimdir. "Riyaz əl-üləma" müəllifi yazır ki, Xacə Tusi dərs zamanı hər dəfə Seyid Murtazanın adını çəkəndə "Səlavat Allah əleyhi", – deyərdi. Sonra dərsdə iştirak edən qazilərə və müdərris1 lərə üzünü tutub buyurardı: Murtazanın şərəfinə səlavət çəkməməkmi olar?
Əbul Ülə Məərri Elm əl-Hədinin atasının şərəfinə qəsidə həsr etmiş, Rza və Seyid Murtazanı mədh etmişdir. Bu böyük şəxsiyyət 436-cı ilin Rəbiül- əvvəl ayında vəfat etmişdir.
Kəmaləddin bin Yunis Mausili: Əbülfətx Musa bin Əbi-l-Fəzl Yunis bin Məhəmməd bin Müne bin Malik bin Məhəmməd. Ləqəbi Kəmaləddindir. Öz dövründə Şafei məzhəbinin başçısı olmuşdur. Fiqhi öz atasından öyrənmişdir. Sonra 571-ci ildə Bağdada səfər edərək Nizamiyyə mədrəsində Şeyx Rəzi Şirazinin yanında üsul elmini oxumuş, Əbi-l-Bərəkat Əbdürrəhman bin Məhəmməd Ənbaridən isə ədəbiyyatı öyrənmişdir. O, sonra Mosula qayıtmış, atası öləndən sonra müəllimlik etmişdir. Onun islam aləmindəki şöhrəti müxtəlif yerlərdən çoxlu tələbəni çəkib onun yanına gətirərdi, onlar da müxtəlif elmləri bu böyük alimdən öyrənərdilər. İbn Xəllikan "Vəfat əl-əyan" da yazır: "626-ci ildə Mosulda bu alimlə görüşdüm. Atası ilə tanış olduğuma görə onunla bir neçə dəfə görüşüb söhbət etdik. Lakin təcili Şama qayıtmağa məcbur olduğumdan qala bilmədim və onun dərsində iştirak etmədim. Fəqih2 lər deyirdilər ki, Kəmaləddin iyirmi altı fənnin ustadıdır. Tələbələrin hamısı ixtisasından asılı olmayaraq bütün elmlər barəsində ona müraciət edirdilər. Hətta Əhlizimmə (Qeyri müsəlmanlar, – əsasən müsəlmanların himayəsi altında olan yəhudilər və xristianlar. A. R.) – də Tövrat və İncili ondan öyrənirdilər. Hənəfi məzhəbli tələbələr öz fiqhlərini ondan soruşardılar. Xilaf üsul-e fiqh, təfsir, ərəb ədəbiyyatı, tarix və görkəmli şəxsiyyətlərin həyatı kimi fənlərdə, xüsusilə riyaziyyatda müasirlərini qabaqlamışdı. İrşad Əmidi Mosula gəlir, Mosulda çoxlu alimlərin olduğuna baxmayaraq Kəmaləddindən başqa heç kəs onun elmi formulalarını aça bilmir; o, isə bunları iki gündə nəinki həll edir hətta onları başqalarına da izah eləyir. Şeyx Əsirəddin Müfəzzəl Əbhəri 626-cı ildə Mosuldan Ərbilə gəlir. Mən Darülhəd-qüsdə Xilaf elmini ondan öyrənirdim. Bağdad Fəqihlərindən biri onun yanına gəlir, söhbət əsnasında Kəmaləddindən söhbət düşür. O, fəqihdən soruşur:
– Şeyx Kəmaləddin Həccə gedən ili Bağdadda olarkən siz orada idiniz?
Cavab verir: – Bəli. Soruşur: – Hökumət adamları onu necə qarşıladılar?
Cavab verir: Onun qədrini bilmədilər
Əsirəddin deyir: – “Vallah, Kəmaləddin kimi bir böyük şəxsiyyət hələ Bağdada gəlməmişdir". Bu söz mənə çox ağır gəldi. Ərz elədim ki, bu çox təəccüblüdür: Sizin bu sözünüzü deyirəm.
Əsirəddin dedi: Əbi Hamid Qəzzali Bağdada gələndə onu böyük ehtiramla qarşıladılar. Halbuki onun elmi məqamı Kəmaləddin dərəcəsinə çata bilməz.
Əsirəddin ancaq bu alimdən faydalanmaq üçün Mosula getmiş və Bədriyyə mədrəsəsində yaşamışdır. Əbu-l-Bərəkat Mübarək bin Mustovfi "Ərbil tarixi" ndə yazır ki, Kəmaləddin riyaziyyatı “Usturlab" (Astrolyabiya) müəllifi olub Əsa ləqəbi ilə məşhur olmuş Şərafəddin Müzəffər bin Məhəmməd əl-Müzəffər Tusidən öyrənmişdir. O, Əlaiyyədə, Qahiriyyədə, Bədriyyədə və Ərdəbil hakimi əmir Zeynəddinin məscidində dərs demişdir. Bu alim bu məsciddə uzun müddət dərs dediyindən sonralar həmin məscid Kəmaliyyə mədrəsəsi adı ilə şöhrət tapmışdır. O, Quranın tədrisinə dair olan "Kəşf-ül-Müşkülat" və "İzah-əl-Məzelat", nücum haqqında olan "Müfrədat-e əlfaz-e qanun", "Uyun əl-məntiq" və “Əsrar-e Soltaniyyə" kitablarının müəllifidir. Bəzilərinə görə bu adim simiya (Ağ cadugərlik, ovsunçuluq. A. R.) elmini də bilirmiş. Xəzrəci öz tarixində Qazi Cəlaləddinin sözünə istinadən belə nəql eləyir: Mən İbn Yunisin yanında olanda Mosul hakimi Bədrəda,in Lulu bir nəfəri göndərmişdi ki, bəs Firəng hökmdarı Abrover (?) tərəfindən adam gəlib, onun nücum və başqa elmlərə dair sualları var, gərək Kəmaləddin onlara cavab versin. O, peyğam3 göndərir ki, Firəng Hökmdarının nümayəndəsini qəbul etməyə hazırlaşacaqdır. Yaxşı paltar geyinməli, layiqli məclis qurmalıdır. Çünki bilirdi ki, onun paltarı da köhnə idi, mədrəsədə döşəməyə münasib fərş də yox idi. Şeyx müsbət cavab verəndən bir qədər sonra Firəng padşahının nümayəndəsi gəlir. Fəqihlərdən bir necə nəfəri pişvaza çıxır. Elçi Şeyxin hüzuruna daxil olanda görür ki, yerə əla fərşlər döşənib. Şeyxin də qulluğunda qulamlar və nökərlər əmrə müntəzir dayanıblar.
Padşahın nümayəndəsi məsələləri şərh etdi, Şeyx də onların hamısına cavab verdi. Elçi gedəndən sonra gördük ki, xalça-palazdan və nökər-naibdən əsər-əlamət də yoxdur. Təəccüb bizi bürümüşdü. Şeyxdən bunun sirrini soruşduq. O, cavabında ancaq güldü və bizə aydın bir cavab vermədi.
Şafei fəqihlərindən olan Təqiəddin Osman bin Əbdürrəhman ki, ibn əs-Səlah ləqəbi ilə məşhur idi, Kəmaləddindən ona məntiq elminin sirlərindən xüsusi dərs deməyi xahiş edir. O, bir müddət Şeyxin yanına gəlib gedir. Şeyx Kəmaləddin ona məntiqi öyrədirsə də o, bunu qavraya bilmirdi. Kəmaləddin ona deyir: Ey Fəqih, məsləhət belədir ki, bu elmi öyrənməkdən sərf-nəzər edəsən. Səbəbini soruşanda Şeyx deyir: Ona görə ki, adamlar səni yaxşı insan kimi tanıyırlar. Məntiq elmini öyrənmək istəyənlərə isə adamlar fəsad (puç) işlər dalınca gedən kimi baxırlar. Belə olduqda sən bu fəndən faydalanana qədər adamların sənin haqqındakı yaxşı fikirlərini heç eləyərsən. O, bununla razılaşır və məntiq elmini öyrənməkdən əl çəkir. Bəziləri onu əqidəsinə görə müttəhim edirdilər. Ona görə ki, zehni elmləri daha yaxşı bilir, onlara üstünlük verirdi. Musiqidən də dərs deyirdi. Şəmsəddin bin Muyəddin Ərzinin sözünə əsaslanan Səlahəddin Səfədi yazır ki, Xacə Tusi İbn Yunisin şagirdi olmuşdur. Bu alim səfər ayının beşində pəncşənbə günü 551-ci ildə anadan olmuş və Şaban ayının on dördündə 639-cu ildə vəfat etmişdir. Salim bin Bədran. Muinəddin Salim bin Bədran. Muinəddin Salim bin Bədran bin Əli əl-Misri əl-Mazəni fiqhi "Səraer" (akkultik, mistik elmlərin sirri. A. R.) kitablarının müəllifi Şeyx Fəqih Məhəmməd İbn İdris Əcəli Hillidən öyrənmiş və İbn Zöhrə hillidən rəvayət etmək icazəsi almışdır. Əllameye Hilli və Şəhid Rai kimi məşhur şiə fəqihləri öz kitablarında ondan bəhs etmişlər. Xacə Nəsirəddin "Cəvahir əl-Fəraiz” kitabının "Nəsib zil-qərabəteyn və-l-qərabat" (“Qohumluq və qohumluqlar payı”) fəslində buyurur ki, Şeyximiz İmam əs-Səid Mouinəddin Salim bin Bədran əl-Mötəzili “Bit-təhrir" adlı kitabında belə zikr etmişdir; Əllameye hilli “Fəraiz" (“Fərziyələr") kitabında şiəliyin müxtəlif məsələlərindən bəhs edərkən altıncı məsələnin şərhindən sonra Mouinəddin əl-Misridən bəhs edir, Qütbəddin Ravındidən danışır, Tusi adı ilə məşhur olan alimdən söz açır. "Rovzat əl-Zənnət müəllifi yazır; “Bəzi əshabələrin icazələrindən göründüyü kimi Salim bin Bədranın “əl-Ənvar əl-Məziə əl-Kaşefət-liləhdaf ər-risalə əş-şəmsiyyə" adlı kitabı olmuşdur; həmçinin bu böyük alimin fəraiz4 haqqında başqa bir kitabını da görmüşəm. O, bu əsərdə Qazi Neman Misrinin kitabından gen-bol istifadə etmişdir.
Şeyx Bürhanəddin Məhəmməd bin Əli əl-Həmədani əl-Qəzvini, hədislərin görkəmli şərhçisi kimi tanınmış bu alicənab insan və məşhur alim Reydə yaşamışdır. O, “Fihrist" kitabının müəllifi Şeyx Müğtəbəddin ƏbülHəsən Əli bin Abdulla bin əl-Həsəndən və Seyid Fəzlullah Ravəndidən hədislər əxz5 etmiş, həmçinin Sədəddin Mahmud Hümsidən rəvayət söyləmək icazəsinə malik olmuşdur. Əllameye Hilli, Mühna bin Sənanın icazəsində bu görkəmli şəxsiyyətin adını öz rəvayəti şeyxlərinin adları arasında yad etmişdir.
Qütbəddin Əbu-l-haris İbrahim bin Əli Məhəmməd əs-Səlmi əl-Misri əl-Usuli öz əsrinin görkəmli alimlərindən olmuşdur. Onun əsli Məğriblidir. Bir muddət Misirdə yaşamışdır, sonra Xorasana gəlmiş, Xarəzmdə və Heratda imam Fəxrədain Razidən dərs almışdır. İmam Fəxrəddin onun qabiliyyəti və zəkasından iftixarla bəhs etmişdir. Təbabət və hikmət sahəsində çoxlu əsərləri olmuşdur. İbn Sinanın «Qanun» unu başdan-başa şərh etmiş, həmin kitaba yazdığı şərhlərində Məsihinin və İbn Xütibin tibbə dair kitablarını İbn Sinanın “Tibb kitabı"ndan üstün tutmuşdur. "Əl-vafi bil-vəfəyat" müəllifi də Qütb MisriMəsihi və ibn Xətibi (Tibbə dair kitablarına görə) İbn Sinadan üstün (əfzəl) tutmuşdur.
618-ci ildə tatar qoşunları Nişabur şəhərinin sakinlərini küyləvi şəkildə qırarkən Qütbəddin də onların arasında qətlə yetirilmişdir.
Xacə Əbu-s-Səadət İsfəhani. Şeyx Əbu-s-Səadət Əsəd bin Əbdul Qahir (ya: Əbdül Qadir) bin Əsəd əl-İsfəhani. "Rəşh əl-vəla fi şərh dua sənəmi-ye Qureyş", "Eksir əs-Sadeqin" və başqa əsərlərin müəllifidir. O, Şeyx Meysəm Bəhraninin, Seyid Rzaəddin bin Tavusun və Xacə Nəsirəddin Tusinin müəllimi olmuşdur.
Seyid Rzaəmin "Fəllah əs-sail" kitabında yazır: "Bağdadın Şərq hissəsində Abbasi xəlifəsi əl-Müstənsirin ona bağışladığı mənzilində 635-ci ildə ustaddan icazəyə nail oldum".
Fəridəddin Damad Nişaburi. Fəridəddin Əbu Məhəmməd Həsən bin Məhəmməd bin Heydər Fərivmədi Həkim Nişaburi. İmam Fəxr Razinin şagirdlərindən olmuşdur. Bütün müəlliflərin rəvayətlərində nəql olunduğu kimi icazəli ustad idi. Yaradılışın təsdiqi haqqında əsəri vardı ki, hörmətli alim cənab Müdərris Rəzəvi “Xacə Nəsirəddin Tusinin həyatı və yaradıcılığı" əsərində onu eynilə çap etmişdir. Bu alim tədqiqat və mütaliəni sevmiş, guşənişin olmuşdur.
Seyid Sədrəddin Əli bin Nasir Hüseyni Sərəxsi Muqim Nişabur. Sədrəddin Sərəxsi İmam Fəxr Razi ilə müasir olan görkəmli alimlərdən idi. Bu iki görkəmli şəxsiyyət məktublaşıblar. İbn əl-Xətibin Sərəxsiyə məktubundan Sədrəddinin yüksək məqam sahib olduğu məlum olur.
Əbu-l-Abbas-Laukəri. "Dürrət-ül-Əxbar" da deyilir ki, Xorasanda hikmət elminin bünövrəsini qoyan o olmuşdur. Hikmət elmini bütün dərinliyi və əzəməti ilə bilirdi. Qocalanda gözləri zəifləmişdi. Mərvin məşhur ailələrindən birinin başçısı idi. “Bəyan əl-həqq bizəman əs-sədq" onun əsəridir. Ömrünün sonunda o, kor olur. Daha mütailə edə bilmədiyinə görə ölüm arzulayırdı. Sual-cavab şəklində yazılmış "Əsrar əl-hikmət" adlı qəsidəsi vardır. Orada qiyas (analogiya A. R.) haqqında belə deyilir:
Sən qiyasi eşitmisən, sən sübutu görmüsən?
Yunan məntiqi haqqındakı əsərləri oxumusan?
Qiyasın mənasını niyə belə çətinləşdiriblər?
Axı onun qədər mənaca və formaca asan olan heç nə yoxdur.
(Sətri tərcümə).
Bəhmənyar. Həkim Əbu-l-Həsən Bəhmənyar bin Mərzban Deyləmi Azərbaycani. İbn Sinanın məşhur şagirdlərindəndir. "ət-Təhsil" kitabını öz dayısı Əbi Mənsur bin Bəhram bin Xurşid bin Burdyar üçün yazmışdır. Məntiq bəhsini, təbii və ilahi hikməti məşşain (peripatetik üsul, Aristotel ardıcıllarının müqayisə üsulu. A. R.) üsulu ilə bəyan etmişdir. “Riyaz-ül-üləma" müəllifi yazır: "Onun bu kitabının başqa bir nüsxəsini fars dilində gördüm. Məlum olmadı ki, onu özü tərcümə edib, ya başqa adam. "Əl-Bəhcət və-s-Səadət" kitabının da müəllifi odur.
Onun İbn Sina ilə rastlaşması haqqında belə deyirlər ki, o, hələ uşaq ikən Şeyx (İbn Sina. A. R.) onu bir dəmirçi dükanında od aparanda görür. Dəmirçi deyir: – Mənim heç nəyim yoxdur ki, odu onun üstünə qoyum, aparasan.
Bəhmənyar bir az fikirləşəndən sonra dəmirçixananın bir küncündəki torpaqdan ovçuna bir qədər tökərək deyir: – Odu qoyun torpağın üstünə aparım. Uşağın dərrakəsi və zəkası Şeyxin xoşuna gəlir və onun tərbiyəsi ilə məşğul olmağı oradaca öz öhtəsinə götürür. “Təhsil" kitabından da aydın-aşkar göründüyü kimi İslam dinini qəbul etmişdir. O, 458-ci ildə vəfat etmişdir.
Əbu Əli Sina. Hüseyn bin Abdulla bin Həsən bin Əli bin Sina ləqəbləri: Hüccət-ül-həqq, Şərəf əl-mülk, Şeyx ər-Rəis adı ilə məşhurdur. İranın böyük alimi, filosofudur.
Qısa icmaldan görünür ki, Nəsirəddinin müəllimləri böyük ustadlar, elmi yaradanlar olmuşlar. Nəsirəddin də öz əllərini bu böyük nəhənglərin möhtəşəm çiyinlərinə qoyub bu qədər yüksəkliyə qalxa bilmişdi. Bu ustadların hikməti nəticəsində o özünü dərk etmişdi, insanın varlığını dərk etmişdi. İnsan nədir, kimdir, o nəyə qadirdir. Həyat nədir, onun əvvəli və sonu nədir. Günəş, Ay, ulduzlar, səma, kainat nədir, bunların sirrini insan açmalıdır. İnsan buna qadirdir, o ki, bütün mövcudatın ən şərəflisidir, zamanın düşünən beynidir, “çünki ağıllı adamlar üçün ən aşkar və ən aydın dəlil onların özlərinin varlığıdır". Çox sonralar keçdiyi məktəbi xatırlayan, ustadlarını yad edən alim yazacaq ki, "Müəllim cismani ağa, ruhani atadır… Nəfs fəzilətdə cismə nisbətən nə qədər yüksəkdirsə, müəllimin də haqqı atanın haqqından o qədər çoxdur… Müəllimin tələbəyə olan məhəbbəti xeyirxahlıq məhəbbəti nöqteyi-nəzərindən də atanın oğula olan məhəbbətindən haman nisbətdə üstün olar, çünki onun tərbiyəsi tam fəzilət, mənəvi qida, xalis hikmət əsasında olar".
* * *
Müəllimlər müxtəlif, fənlər müxtəlif, istiqamətlər müxtəlif. Təhsil aldığı şəhərlər, məktəblər, mühitlər də, ustadların təlim tərzi də müxtəlif. Ustadların ustadlarının da təhsil üslubu müxtəlif. Burada çox şey tələbənin istedadından, qavrama bacarığından, dərketmə sürətindən, açıqgözlülüyündən, inadkarlığından, zəkasından, idrak sürətindən, zehin aydınlığından, hafizəsindən, ağıl gözəlliyindən, təmkinliyindən, dözümlüyündən, vüqarından, şəfəqqətindən asılıdır. Nəsirəddini hamı, hər yerdə eyni cürə qəbul etmir. Çünki onun ustadlarına olan münasibəti də müxtəlifdir. Nəsirəddin ustadlarının dünyagörüşlərini də eyni şəkildə qəbul etmirdi. Ustadlar da hamısı ona eyni gözlə baxmırdı. Bu tələbə hamıdan seçilir, onda bir-birinə zidd, fikirlər özünü büruzə verir, o, ustadlara hamıdan çox, həm də çox mürəkkəb suallar verir, aldığı hər cavabla sakit olmur, mübahisəyə girişir, öz iradlarını sübut etməyə cəhd edir. Bu gənc utanmır, çəkinmir, iradlarını, şübhələrini gizlətmir. Hər almaq istədiyi cavabda həqiqət axtarır, yeri gəldikcə Tövratdan da misallar gətirir; sübut üçün İsa peyğəmbərin aşağıdakı hikmətini misal gətirir: "Mən Tövratın ehkamlarını batil etməyə gəlməmişəm, təkmilləşdirməyə gəlmişəm".
Nəsirəddin təkcə ustadların dediklərini oxumur, daha çox oxuyur, hər deyilənlə kifayətlənmir, yeni mənbələr axtarır, ustadlarının kitabxanalarından çıxmır. Oxuduğu bütün kitablar həm yaxşısı, – həm ortababı, həm pisi – onun dərdlərinin dərmanıdır; – biri sakit edir, o biri gözünü açır, bəzisi onu cuşa gətirib üsyankar edir. Fantaziyası o qədər güclü idi ki, kitab müəlliflərinin cürət edib demədikləri fikirlərini də oxuyurdu. Təkcə oxumurdu, görürdü də.
O, istirahət bilmir. Öz axtarışlarının əsiri olan bu çavan həqiqət axtarır. Çox zaman ona elə gəlir ki, bu həqiqət lap yaxındadır, bu gün də tapmasa sabah, o biri gün tapacaq. O bu inamla yaşayır.
Nəsirəddinin ətrafında ağıllı, zəkalı, istedadlı həmfikirləri də çoxdur. Paxılları da var. Bu paxılların acı nəzərləri, bəzən açıq, bəzən də gizli nifrətləri onu çaşdırmır, bunları soyuqqanlılıqla, təmkinlə qarşılayır. Bunlara diqqətini artırsa həqiqəti axtarmaq, onu tapmaq çətin olar. Ustadları ilə də mübahisələri çox olur, hər deyilənlə razılaşmır. Nəsirəddin haqqındakı rəvayətlərin birində deyilir ki, Qütbəddin Şirazi adlı bir ustad tibb elmindən təlim keçirmiş.
Növbəti məşğələ nəbz, onun vasitəsilə xəstəliklərin müəyyən olunması məsələsinə həsr olunmuşdu. Sonra Qütbəddin Şirazi tələbələri sorğu-suala tutdu. Növbə Nəsirəddinə çatdı. Nəbz haqqında suala cavab verməmişdən qabaq Nəsirəddin soruşdu: "Ustad, düzünü deyim, ya siz dediyiniz səhv fikirləri təkrar edim?" Ustadın icazəsi ilə Nəsirəddin düzünü dedi. Ustad onu qucaqladı: "bala, bu dünyada ustadlıq sənə yaraşır" dedi.
Ustadları Nəsirəddinin əfsanəvi yaddaşına heyran olurdular. "Unutqanlıq elmin düşmənidir". O, heç kimin gözünə görünməyən həyəcanlar keçirir. Bugünkü günüylə yaşamır, sabahı aydın görürdü. Başqaları öz iradələrini cilovlayır, o isə iradə azadlığına yol açırdı. Yox! O, bu xüsusiyyəti təhsil yoldaşlarına irad tutmurdu. Bütün insanlar eyni ola bilməz, "insanların eyniliyi onların məhvidir. Lakin bəziləri tədbirdə, bir qismi fəzilətdə, bir hissəsi şövkətdə, bir dəstə ağılın çoxluğunda, bir güruh istedadın azlığında fərqlənsə, sonuncular birincilərin əli altında alət və vasitə mənzələsində olar, işlər (necə ki, müşahidə edilir) qaydasında gedər, hər kəs öz layiq olduğu işi görər".
İnsan özünü dərk etməlidir.
Ələmut zindanindan gələn səslər
1090-cı ildən 1256-cı ilə kimi ömür sürmüş İsmaililər dövlətinin çox faciəli tarixi vardır. İslamın qatı düşməninə çevrilmiş bu dövlət əsr yarım ismaili təriqətinin bayrağı altında bütün ətraf vilayət və şəhərlərə meydan oxumuşdur. Terroru əsas mübarizə üsulu seçən bu dövlətin başçıları neçə-neçə insanları, neçə-neçə hökmdarları, alimləri qətlə yetirmişdir. Dövlətin mərkəzi olan Ələmut qalası neçə-neçə qanlı faciələrin şahidi olmuşdur.
XIII-əsrin əvvəlində İsmaililər dövlətində daxili çəkişmələr güclənməyə başlandı. Mübarizə əsas etibarilə iki feodal dəstə arasında gedirdi. Birinci dəstə ismaililər təriqətinə son qoyub yenidən islama qayıtmaq, yaxın və uzaq müsəlman ölkələrilə yaxınlaşmaq, bu dövləti daha da gücləndirmək uğrunda mübarizə aparırdı. Bu dəstənin tərafdarları getdikcə güclənirdi. İkinci dəstə isə əksinə olaraq, ismaililər təriqətinə sadiq qalaraq, ətraf ölkə və dövlətlərə qarşı nifrət və düşmənçilik mövqe tuturdu. Hətta tarixin cilovlarını əlində tutan və dünyanı dəhşətə salan monqollarla belə müharibə etməkdən belə qorxmurdu.
Hər iki dəstə Ələmut hökmdarı Ələddin III Məhəmmədin və onun varisinin rəğbətini qazanmağa cəhd edirdi. Birinci feodal dəstə taxt-tacın varisi, hökmdarın böyük oğlu Cəlaləddin Həsənə arxalanırdı. Hələ uşaq ikən atası onu öz varisi elan etmişdi.
Cəlaləddin Həsən böyüdükcə ağlı və zəkası da artırdı. O, atasının tutduğu yolu-islamdan üz döndərməyini tarixi səhv hesab edirdi. Hökmdar da bunu yaxşı bilirdi. Ata ilə oğul arasındakı münasibətlər getdikcə pisləşirdi.
Ata ilə oğul arasındakı bu narazılıq və şübhələr o dərəcəyə çatmışdı ki, Cəlaləddin Həsən sarayda qəbullar təşkil edəndə atası Məhəmməd qorxu və şübhə ilə qıvrılır, geyiminin altında silah gəzdirirdi. Məhəmməd yan-yörəsində inandığı, etibarlı adamlar saxlayırdı ki, oğlu ona qarşı qəsd etmiş olsa onlar onun köməyinə çatsınlar. Cəlaləddin Həsən öz etiqadında sadiq qalaraq gizlində adamlar göndərərək Bağdad xəlifəsini, başqa dövlətlərin sultan və hökmdarlarını inandırmışdı ki, atası kafirdirsə, o, əsl müsəlmandır və əgər Allah-taala hökmdarlıq tacını ona qismət etsə o, bütün kafirləri cəhənnəmə göndərəcək və böyük islam dinini bərpa edəcəkdir. Beləliklə o, güclü müsəlman dövlətinin rəğbətini qazanmaq üçün ilk addımını atdı.
1210-cu ilin 1 sentyabrında Məhəmməd öldü. Rəşidəddin və Cüveyni yazırdılar ki, onu zəhərləyiblər. Tac Cəlaləddin Həsənin (1210–1221) başında parladı. Bu tacın gözqamaşdıran şəfəqləri altında İsmaililər dövləti daxili və xarici siyasətini dəyişdi.
Cəlaləddin Həsən ismaililər təriqəti ilə əlaqələrini kəsdiyini və sünniliyi bərpa etdiyini aləm bildirdi. Qonşu feodal dövlətlərinə qarşı mübarizəni dayandırdı, onlarla dostluq və qohumluq əlaqələrini bərpa etdi.
Monqolların Xarəzmşahlar dövlətinə hücumu zamanı Cəlaləddin Həsən Çingiz xana tam itaət etdiyini də elan etdi.
Sünnilik İsmaililər dövlətinin rəsmi dini oldu. Cəlaləddin öz xalqını kafirliyə-ismaililər təriqətinə itaət etdiyinə görə məzəmmət etdi, islamı qəbul edib şəriət qanunlarına itaətə çağırdı.
Onun əmri ilə bütün şəhər və kəndlərdə məscidlər, hamamlar tikildi.
Cəlaləddin Bağdad xəlifəsi ən-Nasirə, İraqın məliklərinə, sultanlarına, əmirlərinə və başqa ölkələrə elçilər göndərdi; dövlətdəki dəyişikliklər haqqında onlara məlumat verdi. Bağdadda xəlifənin sarayında Cəlaləddinin elçilərinə xələtlər verildi, müntəzəm yazışmalar bərpa olundu, səfirlik göndərildi. Məscidlərdə Cəlaləddinin adına xütbə oxundu. Yeni məscidlər tikilib qurtaran kimi Cəlaləddin Xorasandan və İrandan islam üləmalarını dəvət etdi.
Cəlaləddinə inanmayan qəzvinlilərə, xalqı kafirliyə çağıranların "qəbrinə Allah od vursun" – deyə namələr göndərdi.
Monqol qılıncları və Çingizxanın şöhrəti Orta Asiya üzərində parlamağa başlayınca Cəlaləddin Həsən bu şöhrətin şəfəqlərində qərq olmamaq üçün Çingizxanın hüzuruna elçilər göndərib monqollara tabe olduğunu bildirdi.
Çingizxanın qoşunları Maverənşəhərin qapılarında ikən Cəlaləddin monqol zəfərlərini böyük bir şərəf kimi qəbul etdi.
Bu siyasətin səbəbləri müxtəlif idi. Birinci səbəb Xarəzmşahlar kimi nəhəng, qüdrətli bir müsəlman dövlətinin monqol qılıncları qarşısında boyun əyməsi idi. İkinci səbəb o idi ki, Cəlaləddin öz dövlətinin monqol fırtınasında qərq olacağından qorxurdu. Üçüncü – Cəlaləddin öz xalqının sevgisindən də məhrum idi. Hökmdar ilə xalq arasında dərin bir nifrət uçurumu açılmışdı.
1221-ci ilin noyabrın əvvəlində Cəlaləddin öldü. Şayiələr gəzdi ki, onu arvadları, bacısı və bir başqa qohumları zəhərləmişdilər.
Cəlaləddinin ölümü ilə siyasəti də alt-üst oldu. Cəlaləddinin düşmənləri hakimiyyətə gəldi. Taxta-taca Cəlaləddinin 9 yaşlı oğlu Əlaəddin sahib oldusa (1221–1255), dövləti Cəlaləddinin vəsiyyəti ilə təyin olunmuş vəzir idarə edirdi. O, ilk növbədə Cəlaləddinin bacısını, arvadını və yaxın qohumlarını qətlə yetirdi. Cəlaləddinin tərəfdarları – müsəlman feodalları məhv edildi. Əlaəddinin hökmdarlığı dövründə daxili siyasətdə böyük dəyişikliklər baş verdi.
İlk növbədə islama münasibət dəyişdi, ismaililər təriqətinin tərəfdarları yenidən baş qaldırdılar və bu təriqət yenidən dövlətin rəsmi dininə çevrildi. Terror yenidən gücləndi və 20–50-ci illərdə geniş miqyas aldı. Cəlaləddin tərəfindən təyin olunmuş vilayət başçıları dəyişdirildi. Müsəlmanlara himayəlik edən vilayət və qala başçılarının vəzifələrindən çıxarılması İsmaililər dövlətinin daxilində gedən mübarizəni daha da kəskinləşdirdi.
1224-ci ildə monqol qoşunlarının əsas hissələri Xorasanı tərk etdi. Bu zaman Kuxistan vilayətinin hökmdarı Nəsirəddin Əbülfəth Əbi Şihabəddin Münsur idi. Müasirləri yazırdılar ki, o çox aqıllı şəxsiyyət, alim və filosof idi. Kənardan Kuxistana sığınacaq tapmaq üçün gələn alimləri, islam tərəfdarlarını, o cümlədən Xorasan müsəlmanlarını qəbul edir, onlara sığınacaq verir, ismaililər təriqəti tərəfdarlarının hücumlarından müdafiə edirdi. Qazi Səhac "Təbəqate Nasiri" əsərində Əbül Fəth haqqında yazırdı; “621-ci ildə monqol qoşunları Xorasandan çıxandan sonra Esəfzadan Qainə getdim, oradan da Məzyəx (Sərəxs) qalasına gedərək o yerlərin hökmdarı olan Möhtəşəm Şibahla görüşdüm. O, savadlı, həkim və filosof idi, qəribləri öyrədirdi. Müsəlmanlara, alimlərə və qəriblərə daim töhfələr və hədiyyələr verərək əzizləyərdi. Ona görə də allahsız camaat hakimə şikayətlənirdilər ki, möhtəşəm Şihab dövlətin malını müsəlmanlara paylayır, bunun üçün onu hökmdarlıqdan məhrum etmək lazımdır.
Xacə Tusi onun sifarişi ilə "İşarət-e şeyx" kitabını şərh etmiş və onu 644-cü ildə yazıb qurtarmışdı”.
Tusinin Kuxistana gəlməsi həmin dövrə, 1224-cü ilə təsadüf edir. Nəsirəddin Əbülfəth Tusinin alimliyini, istedadını, uzaqgörənliyini çox yüksək qiymətləndirirdi, bir sıra mühüm dövlət məsələlərinin həlli zamanı onunla məsləhətləşirdi. Hökmdarın yanına tez-tez elmi müzakirələr keçirilir, fəlsəfi axtarışlar aparılır, islamın İsmaililər təriqətinin hücumlarına qarşı yolları axtarılırdı.
Belə məclislərin birində hökmdar Tusiyə təklif etdi ki, o, X əsrin məşhur alimi Əbu Əli Əhməd ibn Məhəmməd ibn Muşkuye ibn Miskaveyxin “Əttəharə" fəlsəfi əsərini fars dilində tərcümə etsin. Nəsirəddin Tusi bu böyük alimin ümumdünya tarixinə həsr olunmuş altı cildlik "Kitab tacarib əl-ümam" ("Xalqların imtahan kitabı") əsəri ilə və həmçinin "Əttəharə" ilə yaxından tanış idi. Tusi "onun üslubunu ən səlis, ən fəsahətli" hesab edir və bu əsərin fars dilində tərcüməsinin vacibliyini yaxşı dərk edirdi. Yazırdı ki, "bu zamanın adamlarının çoxu ədəb libasından məhrumdurlar, cəvahir kimi mənası olan belə qiymətli bir geyim (“Əttəharə" kitabı – A. R.) onların fəzilətini ziytətdirsə, çox böyük savab olar".
Nəsirəddin Tusi bu işin məsuliyyətini və çətinliklərini dərk edirdi. Məclis üzvlərinin təkidini bir daha nəzərdən keçirən alim dərin xəyala daldı: "Bu qədər gözəl mənaları çevirmək, onların qəşəng libasını soyundurub birovuz6 paltar geyindirmək adamı meymun şəklinə salıb eybəcərləşdirməyə oxşar, hər zövq sahibi bunu gördükdə özünü qeybət və məzəmmətdən saxlaya bilməz. Bundan əlavə adı çəkilən kitabda hikmət fəsillərinin ən əziz fəsilləri verilmiş olsa da, orada iki fəsil yox idi: şəhərlər salmaq və ev qurmaq fəsli, halbuki bu iki hikmət, zamanın tələbinə görə, indi böyük əhəmiyyət kəsb etmiş, onun şərh və izahı lazım və zəruri olmuşdur. Yeni bir əsər yazılsaydı, əvvələn, kitabın tərcüməsi üçün edilə biləcək məzəmmətdən yaxa qurtarmaq olardı, ikincisi, təqlid deyil, orijinal, yığcam, əksəriyyətin başa düşə biləcəyi şəkildə, o böyük alim İbn Miskaveyhin kitabında olan bütün hikmətlərin xülasəsini verməklə haman iki məsələ haqqında, başqa alimlərin fikirlərini də əlavə etməklə, təzə bir kitab yaradılmış olardı.
Bu fikir ürəyimdən keçdikdən sonra, onu dilimə gətirdim, bəyənildi. Mən yazıq belə şeyə layiq, belə bir cəsarətə malik olmadığımı, tənə vuranların tənəsinə, bədxahların məsxərəsinə məruz qalacağımı bildiyim haldı o böyük və alicənab adamın (Şihabəddin – A. R.) himayəsi mənə cürət verdi, bu əsəri yazmağı təkidlə əmr etdiklərindən, mən bu işə başlayıb, Allahın köməyi ilə onu sona çatdırdım. Bu kitabın yazılması onun əmri və təşviqi ilə olduğundan adı "Əxlaqi-Nasiri" qoyuldu".
Nəsirəddin Əbülfəth Əbi Şihabəddinin islamı müdafiə etməsi, ismaililər təriqətinə qarşı mübarizəsi və öz ətrafına islam tərəfdarlarını cəmləşdirməsi ismaililərin qəti narazılığına və etirazına səbəb oldu. İsmaililər təriqətinin başçıları Ələmuta məktub göndərib bildirmişdilər ki, əgər Şihabəddinin islam tərəfdarlarına olan bu rəğbəti davam etsə İsmaililər dövlətinin bütün əmlakı müsəlmanlara bağışlanacaqdır! Bu məsələdə ismaililər əsas günahı Şihabəddinin yaxın məsləhətçisi Nəsirəddin Tusidə görürdülər.
Bu məktub həm Şihabəddinin, həm də Nəsirəddin Tusinin taleyində dərin izlər buraxdı, bu iki böyük şəxsiyyətin qara günləri başlandı. Şihabəddin hökmranlıqdan uzaqlaşdırılıb geri çağrıldı, Nəsirəddin isə həbs edilib Ələmut zindanına salındı.
İyirmi il bitib-tükənməz zindan belə başlandı. "Dürrət ül-Əxbar" kitabında yazırlar ki, Ələmut zindanında Nəsirəddin ayaqları bağlı saxlanılırdı.
İsmaililər hökmdarı Nəsirəddin Tusini məhv etmədi, bu əqidənin əleyhinə mübarizə aparan başqa alimlər kimi onu edam etmədi. Bunun bir səbəbi “Tarix-e cahanquşay-e Cuveyni” kitabında belə izah edilir: "İsmaililər rəhbərlərinin ən çox diqqət yetirdikləri elmlərdən biri ulduzların tədqiqi olmuşdur. İsmaililər istehkamlarının, qalalarının, qüllələrinin – Ələmut, Kuxistan qalalarının hündür yerlərdə tikilməsinin əsas səbəblərindən biri də bu idi ki, münəccimlər münasib yerlərdə yerləşdirilsin və kainatı tədqiq etsinlər… Digər tərəfdən isə ismaililər hərəkatı öz inkişafının ən yüksək zirvəsinə çatmış, yüksək səviyyədə elmi tədqiqat işləri apardığına görə xüsusi diqqət mərkəzində idi. Çalışırdılar ki, müxtəlif elm sahələri üzrə böyük alimləri öz mərkəzlərinə toplayıb, onlar üçün tədqiqat aparmaq üçün imkanlar yaratsınlar…
Xacə Nasirin Ələmutda olması, sonralar onun o dövrün ölkələrində – Çinə qədər elmi nəzəriyyələrinin yayılması göstərir ki, o, orda elmi tədqiqat fəaliyyəti ilə məşğul olurmuş. Unutmaq olmaz ki, Ələmutda zəngin kitabxanalardan biri mövcud idi. Hətta orada münəccimlik alət və dəzgahları da geniş şəkildə işlədilirdi.
Nəsirəddin özü yaxşı dərk edirdi ki, o öz əqidəsi uğrunda apardığı mübarizəyə görə zindana atılıb. Tarixlər boyu hökmdarlar haqq-ədaləti zindanlarda boğmaqa çalışıblar.
Ələmut zindanının qan və ölüm qoxuyan divarlarından zülm və iztirab saçılırdı. Gündüzlər də bu məhbəsin zülmətində öz işığını itirirdi. Gecələr zindanın qaranlığına qarışıb dünyanı daha qatı bir zülmətə bürüyürdü.
Nəsirəddin bu zülmət quyusunda baharların həsrətini yaşayırdı. Doğma diyar ürəyində qan çağlayan bir yara oldu bu dəhşət quyusunda. Onun gözlərində Nişapur uzaq, şirin bir arzu kimi xəyala dönürdü. Ələmut zindanının ağırlığı Nəsirəddinin çiyinlərinə çökürdü. Bəs gözlərinə çökən o dərd, o iztirab hansı sevinc selləri ilə keçib gedəcəkdi. Gözlərində əbədi qalacaq və ölümün belə silə bilmədiyi dərdi və həsrəti Nəsirəddin qəbr evinə qədər özü ilə daşıyacaqdı.
Nəsirəddinin bu dəhşət saçan Ələmut zindanında yeganə iki dostu var idi: kağız və qələm. Bir də kitabxanadan istifadə etmək icazəsi. Bu icazəni də Şihabəddini əvəz edən Şəmsəddin Həsən İxtiyar ona görə vermişdi ki, Nəsirəddin onun hökmü ilə suallarına cavab axtarsın və bir də… onun üçün münəccimlik etsin.
– Xoca, Hökmdar səfərə çıxmaq niyyətindədir, ulduzlar nə deyir görəsən?
Ustad fikrə gedir. O, münəccim deyil. O, ulduzlarla fala baxmır. O, ulduzları seyr edir, öyrənir.
Məmurlar öz yuxularını ona danışır, yozmasını xahiş edirlər, axı ulduzlarla danışan adam hər şeyi bilməlidir. O adi dustaq deyil, o hər şeyi bilən, görən, eşidən, hiss edən dahi dustaqdır. Heç kəsin görə bilmədiyini görənlər, heç kəsin düşünə bilmədiyini düşünənlər dahi dustaqlardır; hörmət ehtirama layiq dustaqlardır. Hörmət və ehtiram isə yüksəklərdə parlayan yaranmışlar üçündür.
Ələmut zindanına atılan dustaqların, qatı canilərin belə Nəsirəddin ilə danışıqları zaman səslərindəki titrəyiş, gözlərindəki qorxu hörmət və ehtiramdan xəbər verirdi.
Bu gənc dustaq qeyri – adi bir adamdır. Təpədən-dırnağa qədər zəkadır, o, dühadır. O, qaranlıq göylərdən, əlçatmaz ulduzlardan xəbər verirsə, hökmdarların taleyini, onların zəfər yürüşlərindən və dəhşətli məğlubiyyətlərindən qabaqcadan xəbər verirsə, o, hər şeyə qadirdir. O, elə bu Ələmut zindanında fəlakət törədə bilər, hər şeyi yerlə-yeksan edə bilər və ya cəhənnəmi cənnətə döndərə bilər.
Dahilər hər şeyə qadirdirlər. Baxın, elə burada, Ələmut zindanında çox məğrur başları, bir zaman meydan oxuyanları elə susdurublar ki, qiyamətə qədər səsləri çıxmayacaq. Nəsilləri belə yerli-dibli yoxa çıxarıblar. Burada Ələmutun hökmdarı Həsən əs-Sabbah vaxtilə iki igid oğlunu öldürüb.
Nəsirəddinə, bu dahiyə isə söz deyən yoxdur. Hətta… Əcaibdir, hökmdar burada ondan məsləhətlər alır, ondan çəkinir, qorxur. Özünü zindanlara məhkum edibsə, zəkasını zəncirləyə bilməyib. Çünki bütün zamanlarda, bütün dövlətlərdə zəkaya möhtac olub.
Yox! O, cinayət etməyib. O, həqiqət axtarır, Onu Ələmuta, bu dağlara gətirən ədalət sorağı olub. O, əqidəsini dəyişmək fikrində deyil. O, ömrünü islamın saflığı uğrunda mübarizəyə həsr etmək əzmindədir. O, ismaililər təriqətinə baş əymək niyyətində deyil, bu təriqətin müdafiəsi üçün heç bir əsər də yazmayacaq. VIII əsrin ortalarında şiəliyin parçalanmasına gətirib çıxaran, siyasi mübarizədə terrorçuluq üsullarını əsas götürən bu təriqətin müdafiəçisi ola bilməz. Bu yolda o nə ölümdən qorxur, nə də zindandan.
…Günlər axıb gedir, həftələr aylara illərə qovuşurdu. Ələmut zindanında isə heç ümid işığı görünmürdü. Bura adi zindan deyil. Hür şey, hər əməl, hər baxış, hər yazılmış səhifə, hər təbəssüm, hər acı nəzər, ürəkdən çəkilən ah belə nəzarət altındadır. İsmaililər təriqətinin hökmlərinə uyqun gəlməyən hər qafiyə özünə qarşı yazılmış bir hökm olur.
…Nəsirəddinin bircə təsəllisi var, o da yazmaq. Gecə də yazır, gündüz də. Zindan qaranlığında bircə qələminin xırıltısı eşidilir.
Bəzən pəncərədən çobanın çaldığı tütək səsi eşidilir. Bir anlığa qələmin yerə qoyur. Dinləyir. Bir anda hər şeyi unutmağa cəhd edir. Əksinə, çox şeylər xətrinə gəlir. Bu səs möcüzədir, ilahi səsdir.
Həyatın, dünyanın bitməz-tükənməz, fitnə- fəsadlı, taleyin min bir acı sirli, müəmmalı oyunlarını götür-qoy edir. Ürəyi iztirabdan boğulmaq dərəcəsinə gəlir beyni sanki gürz zərbələri altında ağır acı fikirlərdən əzilirdi.
– Axı zalımlar nədən bu qədər yüksəkliklərdə parlaya bilirlər? Nədən zəka günəşləri qırx arşın zülmət quyusunun dibindədir? Niyə ədalət qalxanı haqsız qılıncların zərbələri altında parçalanır? Niyə zülm baltalarının altındakı qan dünya yaranandan bəri qurumaq bilməyir? Aman, Allah! Zalımlarmı bu qədər güclüdür, məzlumlarmı bu qədər aciz? Tanrımı günahkardır, ya insanlar? Müzlumların göz yaşlarını qurudacaq bir tanrı gəlməyəcəkmi bu acıları, iztirabları bitib-tükənməyən dünyaya son qoysun? Tale nə göstərir? Monqolların zəfər qılıncları parçalanacaqmı? Yoxsa monqol dəhşəti dünyanı bürüyəcək? Bu monqol tufanını cilovlaya biləcək bir güc tapılmayacaqmı? Harada qırılacaq, hansı qapıların ağzında susdurulacaq monqolların dəhşətli zəfər qılıncları? Harada? Nə zaman? Yüz ilmi, iki yüz ilmi çəkəcək bu dəhşətlər? Amma gec-tez dünya, bütün hökmdarları udan dünya monqol dəhşətini də susduracaq.
Amma Nəsirəddinin ağlına gələ bilməzdi ki, həmən bu vəhşi monqollar onu Ələmut zindanından çıxaracaq, şöhrət və şərəf zirvəsinə qaldıracaqlar. Amma hələlik, ki, Nəsirəddini zindanda sakit buraxmırlar, gündə bir fitnə, bir fəsad törədirlər. Hökmdarın qulağına çatdırırlar ki, guya o, Bağdad xəlifəsinə məktub göndərib ondan imdad diləyib və sünnilərə satılıb.
Nəsirəddini sorğu-suala, işgəncələrə məhkum edirlər. Tusi müdrik cavabları ilə onun üçün hörülmüş hiylə torlarını parçalayır, hökmdarın şübhələrini alt-üst edir. Ümidini böyük Allaha və özünün qırılmaz iradəsinə bağlayanlar düşmənlərin hiyləsinə qurban gedə bilməzlər.
… Nəsirəddin qələmə elə sarılıb ki, gecə bilmir, gündüz bilmir. "Əxlaqi-Nasiri" artıq qurtarmaq üzrədir. Ancaq qarşısına qoyduğu məqsədə çatmaq üçün Tusi hakimiyyət kürsülərində meydan sulayanlara mədhnamələr oxumaq məcburiyyətində qalır. O yaxşı bilirdi ki, zalım hökmdarları göylərə qaldırmaq elm sahiblərinə şərəf gətirməz. O, buna görə mənəvi əzabların məngənəsində boğulsa da bəşəriyyətə elm gövhərini bağışlayır. Nəsirəddin "Əxlaqi-Nasiri" nin müqəddiməsində yazırdı:
“Əxlaqi-Nasiri" adlanan bu kitabın yazılması elə vaxta təsadüf etdi ki, dünyanın qarmaqarışıqlığı üzündən mən vətəndən didərgin düşmüş, qəzanın əli məni Kuxistan torpağına atıb, ağır vəziyyətə salmışdı. Əz izzəti-nəfsim və abrımı saxlamaq üçün müqəddimədə, bu camaatın adəti üzrə, onların böyüklərini, əyan əşrəflərini həddən artıq şişirdilmiş şəkildə təriflədim, halbuki, belə hərəkət məslək sahiblərinin əqidəsinə, təriqət, şəriət və sünnət əhlinin ənənəsinə zidd idi. Lakin başqa çarə yox idi. Bu səbəbə görə kitab haman üslubda yazılmış oldu. Bu, qədirbilən bəndəni o ağır vəziyyətdən xilas etdi. Qələm sahibləri bu sözlərin nə demək olduğunu başa düşsələr, kitabın başlanğıcını bu mənada anlasalar, həqiqətə daha yaxın olar".
O burada ancaq hikmətdən, elmdən, əxlaqdan, ədalətdən, sevgi və məhəbbətdən, ata-ana-övlad münasibətlərindən yazır. Heç bir dini təriqətə öz münasibətini bildirmir. Bu zindanda sərbəst fikir demək qadağandır. Sonralar başa vurduğu kitabın müqəddiməsində yazacaq: "Kitabın məzmunu hikmət fənlərindən birinə həsr edildiyindən, dini təbliğ, ya onu tənqid ilə əlaqədar olmadığından əqidələri müxtəlif olan adamlar da onu oxumağa böyük həvəs göstərdilər, kitabın çoxlu miqdarda üzü çıxarılaraq xalq içərisində yayıldı". Nəsirəddin əsərinə elə bir müqəddimə yazdı ki, "lap əvvəldən başağrısına səbəb olmasın".
* * *
Ələmut zindanının qaranlığında Nəsirəddin Tusi işıq saçıb bəşəriyyətin elm xəzinəsini zənginləşdirməklə məşğul ikən ətrafda siyasi burulğanlar güclənirdi.
Şəhabəddinin yerinə Şəmsəddin Həsən İxtiyar təyin edildi. Silaha arxalanan, döyüşən qiyamçı ruhlu Şəmsəddin alim və filosof Şihabəddini əvəz etdi. Əlaəddin tərəfdarlarının apardığı siyasət feodal qüvvələrinin müqavimətinə səbəb oldu. Bir neçə dəfə Şəmsəddini qətlə yetirmək cəhdi bir nəticə vermədi.
Əlaəddin hökuməti monqollara bəslənən hüsn-rəğbəti rədd edərək işğalçılara qarşı qatı düşmənçilik mövqeyindən çıxış etməyə başladı.
Monqol zülmünə qarşı mübarizəni gücləndirmək üçün bütün antimonqol qüvvələrini birləşdirmək təşəbbüsünü Xarəzmşah Cəlaləddin boynuna götürdü (1221–1231). 1221-ci ildə Qabil yaxınlığında Cəlaləddinin qoşunları monqol ordusuna ciddi zərbələr vurub onları qaçmağa məcbur etdi. Bu monqol işğalı başlanandan bəri ilk qələbə idi. Cəlaləddinin qələbəsindən ruhlanan ismaililər onunla əlaqə saxlamaq qərarına gəldilər. İlk görüş 1226–27-ci ildə oldu. Həmən il, monqol qoşunlarının Mərkəzi İrana hücumlarının gücləndiyi bir zamanda bu əlaqələr daha da fəallaşmağa başladı. Lakin 1230-cu ildə Cəlaləddinin vəziyyəti pisləşməyə başladı. Onun Ələmuta göndərdiyi səfirliklər çəkişmələri qismən nizama sala bildi.
Bu zaman Çormaqunın başçılıq etdiyi monqol qoşunları İran torpaqlarının işğalına başladılar. Cəlaləddinin qoşunları darmadağın edildi.
Bu dövrdə müsəlman dövlətləri arasındakı pərakəndəliyi və satqınçılığı Ziya Bünyadov belə qələmə alır:
Xarəzmşah Cəlaləddinin Yassı Çəməndə məğlubiyyətindən xəbər tutan ismaililər hökmdarı Əlaəddin onun zəif düşməsi və qaçması barədə monqollara xəbər göndərdi; Cəlaləddinə son zərbəni endirmək vacibliyini başa saldı. Monqollara anlatdı ki, bu yaralı aslan bir daha dirçələrsə monqolların da başına bəla gətirəcək, ismaililərin də…
Cəlaləddin ismaililərin monqollarla gizli əlaqədə olmasından şübhələnmişdi. Onun üçün o, öz münşi7 si Şihabəddin ən-Nəsavini Ələmuta göndərdi və Ələmut hökmdarına başa saldı ki, satqınlıq ən çirkin bir xəyanətdir və tez-gec monqollar onların da axırına çıxacaq.
İsmaililər öz xəyanətlərini onunla izah etdilər ki, onlar monqollara həmsərhəddirlər və buna görə də monqol bəlasını özlərindən uzaqlaşdırmaq məqsədini güdürmüşlər. Əslində isə Xarəzmşahlar illər boyu ismaililərin torpaqlarını zalımcasına dağıtdıqlarına görə ismaililər xarəzmşahdan intiqam alırdılar. Çıxılmaz vəziyyətdə qalan Cəlaləddin hələ yaxın vaxtlara qədər ona düşmən olan hökmdarlara yardım üçün müraciət etməyə məcbur oldu. O, bu hökmdarlara yazırdı: – monqol qoşunları həddindən artıq çoxdur, onlar düzü-dünyanı bürüyüb. Bütün dövlət və hökmdarları dəhşətə salıb. Əgər siz əsgər və hərbi ləvazimat göndərməsəz, məhv olaram. Siz isə Çinqizxana qarşı çıxa bilməyəcəksiniz. Özünüzə, uşaqlarınıza və bütün müsəlmanlara yazığınız gəlsin, gəlin döyüş bayraqlarını qaldırın. Qoşun göndərin ki, bizim birliyimizdən xəbər tutan monqollar əks zərbə alsınlar, bizim də qoşunlar ruhlansınlar. Əgər bu məsələdə hər hansı bir xətaya yol verilsə, özünüz görəcəksiniz ki, başınıza nə müsibət gələcək.
Lakin heç bir dövlət Cəlaləddinə kömək etmədi. Əksinə. Cəlaləddinin başının üstündə ölüm buludları sıxlaşdığı zaman vəziri Şərəf əl-Mülk onun əleyhinə fəaliyyətə başladı. Bu xain vəzir qonşu ölkələrin hökmdarlarına Cəlaləddinin ünvanına təhqirlər dolu məktublar yazdı və xahiş etdi ki, xarəzmşahın torpaqlarını zəbt etmək üçün ona yardım etsinlər. Bu məktubların bir neçəsi Cəlaləddinin əlinə keçdi. O, vəziri həbs edib, edam etdirdi. Yenə qoça tarix şahid oldu ki, dünyanı idarə edən qüvvə xeyir və şər, sədaqət və xəyanət təltifsiz və cəzasız qalmır. Və nəhayət monqolların ən güclü düşməni Cəlaləddin özü də 1231-ci avqustunda Amid yaxınlığındakı dağlarda öldürüldü.
Yenidən Əlaəddinin Ələmutdakı hökmdarlıq illərinə qayıdaq.
XIII-cü əsrin əvvəllərindən İsmaililər dövlətinə çoxlu müsəlman köçüb gəlmişdi. Yuxarıda dediyimiz kimi bu Cəlaləddin Həsənin siyasətinin nəticəsi idi. Bu axın 40–50 illərdə də davam edirdi. Bu axının səbəblərindən biri də bu dövlətin iqtisadi vəziyyətinin yaxşı olmasında idi. İranın və Orta Asiyanın monqollar tərəfindən talan edildiyi, dağıdıldığı bir vəziyyətdə İsmaililər dövlətinin əhalisi bolluq içində yaşayırdı. Burada bu dövlətin düşmənləri də siyasi sığınacaq tapa bilirdilər. Onlar bu dövlətdə gizli fəaliyyət göstərən müsəlmanlarla əlaqə yaratmağa cəhd edirdi, siyası mübarizəyə qoşulur, islamın müdafiəçiləri kimi çıxış edirdilər. Onlar hökmdara təsir etməklə ismaililər təriqətindən onu islama dəvət etməyə çalışırdılar; Bir azdan bu adamlar dövlətin iqtisadiyyatında hakim mövqe tutmağa başladılar.
40–50-ci illərdə Əlaəddinin vəziyyəti ağırlaşdı. Onun yaxın dostları gizli surətdə feodal qüvvələrə meyl edirdilər. Onun doğma oğlu atasına qarşı sui-qəsd hazırlayırdı. Əlaəddinə düşmən olan qüvvələrin başında doğma oğlu Rüknəddin Xurşah dururdi. 1155–56-cı illərdə ata ilə oğul arasındakı gərginlik son həddə çatdı.
1252-ci ilin avqustunda Hülaku xan 12 mindən ibarət olan qoşunlarının ön dəstələrini İsmaililər dövlətinin əleyhinə göndərdi. Qoşunlara sərkərdə Kütbuğa rəhbərlik edirdi. 1253-cü ilin martında qoşunlar Amu-Dəryanı keçib Kuxistana qarşı hərbi əməliyyatlara başladılar.
Bu gərgin vəziyyətdə İsmaililər dövlətində yaşayan islam tərəfdarları öz rəğbətlərinin Ruknəddin tərəfində olduğunu bildirib onun siyasətinə şərik olduqlarını elan etdilər.
1255-ci ilin 1 dekabrında Əlaəddin naməlum şəxslər tərəfindən qətlə yetirildi və həmən gün Ruknəddin İsmaililər dövlətinin taxt-tacına sahib oldu.
Rüknəddin ilk gündən bütün ətraf vilayətlərə Əlaəddinin ölümünü xəbər verib bildirdi ki, o, ismaililər təriqətindən üz döndərib islamın yolu ilə gedəcək. Yəni Rüknəddin babası Cəlaləddin Həsənin siyasətini davam etdirmək niyyətində idi. Xarici siyasətini elan edən Rüknəddin bildirdi ki, onun dövləti monqol qoşunlarına müqavimət göstərmək niyyətində deyil. Bu məqsədlə o təxirə salınmadan monqollarla danışıqlara başladı.
Diplomatik danışıqlar bir sıra səbəblər üzündən çox uzandı. Monqol qoşunlarının sərkərdəsi, Çingizxanın nəvəsi Hülaku xan danışıqların qurtarmasını gözləyə bilməzdi.
1256-cı ilin avqustun 5-də Hülaku xanın elçiləri Ələmut qalasına gəlib qalanın təslim edilməsi haqqında xanın fərmanını Rüknəddin Xurşaha verdilər. Həmən gün də monqol qoşunları Ələmuta yaxınlaşıb döyüş vəziyyətində durdular. Həmən ilin 2 sentyabrına kimi Hülaku xanın qoşunları Xarrakan və Bistama qədər gəlib çıxdılar. Hülaku xan yenidən elçilərini Xurşahın yanına göndərib təslim olmağını tələb etdi.
Rəşidəddin yazırdı ki, bu zaman “dünyanın ən ağıllı və ən kamil adamlarından biri" olan Xoca Nəsirəddin Tusi və qalaya öz xoşu ilə gəlmiş təbiblər Rəisdövlə, Müvaffikəddövlə və onların oğlanları Xurşahın özünü ağılsız, iradəsiz bir hökmdar kimi aparmasını gözləriylə görürdülər. Onun hərəkətləri anlaşılmaz idi. O ancaq kiməsə əzab-əziyyət vermək haqqında düşünürdü; ağılasığmaz hərəkətləri özünü daha çox biruzə verirdi.
Bu adamların ürəkləri ismaililərə qarşı kinlə dolmuşdu və onlar Hülaku xana meyl etməyə başlamışdılar. Onlar bu barədə əvvəllər də düşünürdülər; gizlində görüşür və müzakirə edirdilər ki, hansı ən əlverişli üsulla, qan tökmədən Hülaku xan qalanı ala bilər. Onların ətrafına müsəlmanlar və başqaları da toplaşmağa başlamışdılar və hamı bu məsələdə yekdil idi. Onlar Xupşahı yola gətirmək üçün yollar axtarır, hətta onu qorxudurdular.
Xurşahı müəyyən qədər yola gətirmək mümkün olmuşdu və tezliklə Hülaku xanın elçilərinin gəlişinə cavab olaraq o öz kiçik qardaşı Şahənşahı və xoca Əsiləddin Züvzanini çoxlu saray məmurlarının müşayiəti ilə Hülaku xanın hüzuruna göndərdi… Onlar Xurşahın təslim olmaq niyyətini Hülaku xana çatdırdılar.
Hülaku xan Ələmut hökmdarına xəbər göndərdi ki, əgər o doğrudan da təslim olmaq niyyətindədirsə qala divarlarını uçurmağa başlasın və Xurşahın özü şəxsən Hülaku xanın hüzuruna gəlsin.
Xurşah Meymundiz, Ələmut və Ləmbəsər qalalarının bir hissəsinin dağıdılması haqqında əmr verdi. Qala qapılarını çıxartdırdı, xəndəkləri doldurtdurdu. Amma qaladan çıxmaq üçün Hülaku xandan bir il vaxt istədi. Bu qəribə xahişdən sonra Hülaku xan qəti qənaətə gəldi ki, bu danışıqların heç bir faydası və nəticəsi olmayacaq. O, 1256-cı ilin 2 sentyabrında Bistamdan qalalara tərəf hərəkət əmrini verdi. İraqda yerləşən başqa qoşun hissələrinə də əmr verdi ki, hücumda olsunlar. Sağ cinahdan Mazandarandan gətirilmiş qoşunlar qalalar istiqamətində hərəkətə başladılar. Hülaku xan bir daha Xurşaha təslim olması haqqında fərman göndərdi. Xurşah yenə də bir il möhnət istədi və əz 7–8 yaşlı oğlunu 1256-cı ilin 8 oktyabrında Hülaku xana girov göndərdi. Hülaku xan uşağı geri qaytarıb tələb etdi ki, onun yanına Xurşahın qardaşı Şahənşahı göndərsən. Əmri yerinə yetirən Xurşah qardaşı Şahənşahı, Xoca Əsiləddin Züvzanini üç yüz nəfərin müşayiəti ilə Hülaku xanın hüzuruna göndərdi.
Bu müddət ərzində Xurşahın oturduğu qala bütövlükdə mühasirəyə alınmışdı. Qoşunların miqdarını müəyyən etmək qeyri-mümkün idi.
1256-cı ilin 31 oktyabrında Hülaku xan Xurşaha təslim olmaq üçün daha beş gün vaxt verdi, çünki yağışlar ara vermirdi. Qoşunların hərəkəti qeyri-mümkün idi.
Bu beş gün ərzində Xurşah o biri qardaşı İranşah başda olmaqla o biri oğlunu, vəzirini, məmur və bir sıra hərbiçilərdən ibarət dəstə düzəldib Hülaku xanın hüzuruna göndərdi. Bu heyətə Nəsirəddin Tusi başçılıq edirdi. Hülaku xan Tusini hörmət və şərəflə qəbul etsə də Xurşahın onun hüzuruna gəlməsini tələb etdi. Nəsirəddin bu görüşün nəticəsini Xurşaha dedikdən sonra o, başqa çıxış yolu görməyib 1256-cı ilin 20 noyabrında Nəsirəddin Tusinin və başqalarının müşayiəti ilə qaladan çıxıb Hülaku xanın hüzuruna gəldi və ona təslim oldu və beləliklə yüz əlli illik İsmaililər dövləti qan, ölüm, terror bahasına ömrünü uzada-uzada tarixə qarışdı.
İyirmi illik zindan Nəsirəddin Tusinin əqidəsini, iradəsini, əzmini qırmamışdı. Bu iyirmi il ərzində o çoxdan bəri başladığı "Əxlaqi-Nasiri" ni başa vurmuş, "Şərhül-işarət", "Təhrir məcəsti", "Tührir İqlidis" əsərlərini yazmışdı.
İyirmi illik zindan əzablarını qələmə alan alim 1242-ci ildə "Şürhül işarət" in müqəddiməsində yazırdı ki, "bu kitabın fəsillərini elə bir dözülməz şəraitdə yazmışam ki, bundan daha ağır ola bilməz, bundan dəhşətli ürək sıxıntısı ola bilməzdi. Mənim bu kitabı yazdığım vaxtın günü, hər saatı qəmlə, iztirabla və böyük hüzn ilə dolu idi. Mən bu kitabı elə bir şəraitdə tərtib etmişəm ki, hər bir an başımın üstündə cəhənnəm odu yandırılır və sanki qaynar su tökülürdü. Gözümdən yaş tökülməyən bir günüm, dərdsiz bir dəqiqəm olmayıb, mənim sıxıntımı və narahatlığımı artırmayan bir dəqiqə belə olmurdu. Bu sözləri deyən şair haqlı imiş: "Mən əz ətrafımda fəlakət üzüyü görürəm. Mən isə bu üzüyə taxılmış qaşam". Əgər mənim bütün həyatım boyu heyfsilənmə və daimi hüzn doğurdan hadisələrdən boş vaxtım qalmamış isə mən nə edə bilərəm. Mənim həyatımın kefinin mənbəyi kədər daşıyan, əsgərləri isə narahatlıq gətirən ordu idi. Allah! Sən məni bədbəxtlik kütləsinin təzyıqindən və çətinliklər dalğasının hücumundan azad et".
1256-cı ilin iyirmi noyabrında Nəsirəddin Tusi Ələmut zindanından Hülaku xanın hökmü ilə azad edildi. Tusinin xahişi ilə vaxtı ilə ona himayədarlıq etmiş Seri-Taxtda yaşayan Nəsirəddin Əbülfəth Şihabəddin Hülaku xanın əmri ilə xanın hüzuruna gətirildi. Hülaku xan ondan soruşdu: “Sən arvadlarına və uşaqlarına yazığın gəlib təslim oldun. Bəs niyə əhalini qaladan çıxarıb xilas etmədin". O, cavab verdi: "Onların hökmdarı Xurşah idi, əhali ona qulluq edirdi".
Əbülfəth Şihabəddin 1257-ci ildə əcəli ilə vəfat etdi.
Monqolların XIII əsrin əvvəllərindən Şərq ölkələrinə başlanan amansız hücumları bütün müsəlman aləmini fəlakətə gətirib çıxardı.
Bu dövrdə bütün islam dünyası görünməmiş müsibətə düçar olmuş, islamın daxilində müxalifət güclənmişdi. Mərkəzləşdirilmiş islam dövləti yox idi. O dövrün islam dövlətləri arasında heç bir qarşılıqlı münasibət, ünsiyyət, iqtisadi, siyasi və mədəni əlaqələr yaradıla bilmirdi. Dövrün ən güclü dövlətləri olan Abbasilər, Xarəzmşahlar və İsmaililər dövlətləri ayrı-ayrılıqda öz qüdrətlərinə arxalanıb ərazilərini genişləndirməklə məşğul idilər.
İslam dövlətləri üçün yaranmış ən böyük təhlükə ondan ibarət idi ki, bu dövlətlərin başçıları xalqa arxalanmırdılar. İran dövləti ilə Abbasilər hakimiyyəti arasında böyük çəkişmələr mövcud idi. Xarəzmşahlarla ərəblər arasındakı çəkişmələr də islam dünyasına böyük zərbələr vururdu. Ruhani təbəqələr Xarəzmşahların xəlifəyə qarşı apardığı açıq və gizli mübarizədən çox narahat olduqlarını bildirirdilər. Həmin əsrin çox məşhur alimlərindən olan Şeyx Məcdədinin Xarəzmşahlar tərəfindən qətlə yetirilməsi (1215-ci il) ruhaniləri daha da qəzəbləndirdi və Xarəzmşahlar dövlətini islam aləmində nüfuzdan saldı.
İsmaililər dövlətinin daxilində ictimai-siyasi çəkişmələr getdikcə güclənirdi. Sünnilər və şiələr arasındakı uçurum daha da genişlənirdi: şiələrin dini ehkamlara zidd olan əqidələri də parçalanmanı gücləndirmişdi. İsmaililərin şəhər və kəndlərdə yaratdıqları gərginlik, qorxu, terror və vəhşiliklər xalqın bu dövlətə olan inamını tamamilə sarsıtmışdı.
Daxili və xarici çəkişmələrlə üzləşən islam dünyası belə bir şəraitdə Şərqdə dünyanı fəth etmək və ona hakim kəsilmək əzmi ilə yaranmış və hökm sürən Monqol dövləti ilə üzləşməli olmuşdu. XIII əsrin Yaxın və Orta Şərq müsəlman ölkələrini bu dövrdəki bütün ən ağır, faciəli və qanlı hadisələri Monqol dövlətinin hücumları ilə bağlıdır. Monqol işğalının ən qorxulu və dəhşətli nəticəsi onda idi ki, işğalçılar bu mədəni ölkələrə və xalqlara özlərinin geri qalmış sosial münasibətlərini və təsərrüfat formalarını gətirirdilər.
İşğal olunmuş ölkələrin xalqları məhv edilir, qul halına salınır, uzun əsrlər boyu yaradılmış şəhərlər, kəndlər, böyük mədəniyyət, sənət və din mərkəzləri dağıdılır, talan edilirdi.
Böyük şəhərlərdə əmək qabiliyyətli adamlar, ilk növbədə sənətkarlar məhv edilirdi. İbn əl-Asir yazırdı ki, ancaq Qəzvin uğrundakı döyüşlərdə 40000 adam öldürülmüşdü. Zəncan, Ərdəbil, Marağa şəhərləri yerlə yeksan edilmişdi.
Həddi-hüdudu aşmış vergi sistemi, iqtisadiyyatın, ilk növbədə istehsal edici qüvvələlərin dağıdılması, suvarma qurğularının məhv edilməsi, bununla əlaqədar kənd təsərrüfat məhsullarının istehsalının yox dərəcəsinə gətirilib çıxarılması xalqları dilənçi halına salmışdı. Bu faciələrə tab gətirməyən xalq kütlələri öz doğma yerlərini tərk edib dağlara çəkilirdilər. Füzlullah Rəşidəddin "Came ət-təvarix" əsərində yazırdı ki, Nəsirəddin Tusi Hülaku xanı inandırmağa çalışırdı ki, "zəbt olunmuş ölkələrə dövlət münasibəti bəsləmək lazımdır". Bununla əlaqədar alim ölkənin maliyyə, büdcə məsələlərini hökmdara yazmışdı.
Zaman keçdikcə xalqların vəziyyəti daha da ağırlaşırdı. Müxtəlif vergilər adı ilə kəndlilərin əldə etdikləri məhsulların üçdə ikisi və ya dörddə üçü onlardan alınırdı. Mənbələr xəbər verirlər ki, əhalidən ümumən 40 adda vergi alınırdı.
Monqol işğalı zəbt olunmuş ölkələrin tarixi inkişafını uzun bir müddətə dayandırdı və onların inkişafını əsrlərcə geri atdı. Bu işğal ölkələrin sosial-iqtisadi geriliyinə səbəb oldu. Monqol işğalı həmçinin bu ölkələrin elminə, mədəniyyətinə böyük zərbə vurdu. Xalqların uzun əsrlər boyu yaratdıqları tarixi və mədəni abidələri dağıdıldı – kitabxanalar, saraylar, məscidlər, sənət abidələri məhv edildi.
Monqol hücumları xalqlara misli görünməmiş faciələr gətirdi. Əhalini qətlə yetirmək üçün monqol döyüşçüləri çatışmayanda onlar bu işə özləri ilə gətirdikləri qulları və əsirləri cəlb edirdilər. Bircə Mərv şəhərində böyük qırğınlardan sonra qətlə yetirilmiş meyitləri saymaq üçün on üç gün vaxt lazım gəlmişdi. Monqol qoşunlarının vəhşilikləri nəticəsində İsfahan, Sistan, Mazandaran, Buxara, Herat, Rey, Xarəzm, Xorasan, Beyləqan, Şamaxı, Marağa, Gəncə, Təbriz, Dərbənd, Şəmkir, Xoy, Bərdə, və bir çox böyük şəhərlər yerlə yeksan edilmişdi, təsadüfən sağ qalmış adamlar dağlara qacmışdı. Rəşidəddin yazırdı ki, yalnız İran və Azərbaycanda torpaqların onda doqquzu əkilmirdi. Böyük şəhərlərdə salamat qalmış hər on evdən doqquzunda yaşayan yox idi.
Monqolların ayağı dəydiyi bütün ölkələr yas içərisində idi. Günahsız adamlara tale yalnız göz yaşlarını qismət etmişdi.
Monqollar Nəsirəddin Tusini iyirmi illik zindandan xilas etmişlər. Lakin o da ağlayırdı, vətənin, xalqın halına ağlayırdı. Yox! O belə azadlığı arzulamamışdı. Xalqın faciəsi üstündə yaranmış bu azadlığı, bu səadəti arzulamamışdı. Onu yaxından tanıyan bütün hökmdarlar yaxşı bilirdilər ki, o həmişə müharibələri rədd edib, xalqları, hökmdarları sülhə sövq edib, baş verə biləcək faciələrin, qanlı müharibələrin qarşısını almaq üçün tədbirlərə çağırıb, dövlətləri müttəfiqliyə dəvət edib, o, dinc əhalinin təhlükəsizliyini, müharibə qurtardıqdan sonra əsir düşənlərin, üzərində qələbə çalınmış xalqların taleyini düşünüb. Bu sonu görünməyən qanlı qırğınlar, dağıdılmış şəhərlər, kəndlər, parçalanmış və məhv olmuş talelər, aclıq, xəstəlik, dilənçilik kimə xidmət edirdi.
Bu müharibələrdə axıdılan qanların qiyməti hökmdarların gəlir mənbəyinə çevrilmişdi. Hökmdarlar başa düşmədilər ki, zor gücünə yaranmış dövlət heç zaman möhkəm ola bilməz, onun ömrü az olar. Onların ağıla batmayan xülyaları onların az-çox ağlına üstün gəldi. Amma xülyaların da ömrü az olur. Ağlın çoxluğu ağılsızlıqdandır. Hər halda on üçüncü əsrdə belə olub.
Tarixdə hakim olduğu dövləti öz əlləri ilə boğan hökmdarlar çox olub.
Həyat bu dünyada hər bir insana ayrılmış vaxtdır. Bu vaxt insana əmanət verilir. Ayrılmış vaxt sona yetəndə qaytarmaq lazım gələcək: könüllü yox. Bu ilahi əmanətdir, "istədiyi vaxt istədiyi adama verər, istədiyi vaxt geri alar". "Ağıllı adamlar bilərlər ki, yaradanın kamil hikməti, bitkin ədaləti nə qədər lazım bilibsə, o qədər də olar, artırma qəbul etməz, insan vücudu bu tərkibdə, bu biçimdə elə bir vücuddur ki, onun arzusunun harada qurtaracağını təsəvvür etmək mümkün deyildir". İnsan ona "müvəqqəti əmanət verilmiş" vaxtdan sui-istifadə etməməlidir.
O, vaxtı udmalıdır. Zaman səni udana qədər sən ona qələbə çalmalısan. Həyatda çox şeyi itirmək olar. Vaxtı itirmək olmaz. Vaxtı itirsən hər şeyi itirə bilərsən. Əmanətə xəyanət bağışlanılmaz günahdır.
Bəs bu müharibənin günahkarlarının cəzası nədir? Bu müharibələrdə qılınclara keçirilmiş, yandırılmış körpələrin günahı nədir? Allah bu körpələri onların hansı günahlarına görə bu əmanətdən məhrum edir?
Yox! Bu Allah əməli deyil, insan əməlidir. Deyirlər ki, ədaləti, səadəti insanlara Allah verir. Əgər insan həm ədaləti, həm səadəti Allahın hökm sürdüyü o yüksəkliklərdən ala bilsəydi o zaman bəşəriyyəti qan içərisində boğan hökmdarlar onun nəyinə lazım idi. Özlərini Allahın kölgəsi sayan bu hökmdarlar niyə ədaləti iki yerə bölürlər: ilahi ədalət. İnsan ədaləti. Hansı ədalətdən söhbət gedir? Böyük Allahın hansı qanunlarında, peyğəmbərin hansı hikmətində deyilib ki, müsəlmanın müsəlmanı qırmağı günah deyil.
Yox! Müharibələri Allah göndərmir. Qurani-Kərim buyurur ki, “Ey insan! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündədir… Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir".
Bəlkə onlara Qurani-Kərimin aşağıdakı kəlamlarını xatırladaq:
“Hamınız bir yerdə sülhə gəlin. Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir".
"Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz".
"Allah zülm edənləri sevməz… Allah aləmlərin əhlinə (bəşər əhlinə) zülm etmək istəməz".
"Allah fitnə-fəsad törədənləri sevməz".
"Həqiqətən Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər".
* * *
İnsanlar ilk dəfə tərəzini, sadəcə iki gözlü ipdən asılmış tərəzini, ixtira edəndə elə bildi ki, nəhayət yer üzərinə ədalət qalib gələcək. Faciə o gün başladı ki, namərd hökmdarın biri barmağını öz xeyrinə tərəzinin bir gözünə basdı.
Yox! Tusi həbsdən azad olunmağına sevinmədi, göz yaşlarıyla qarşıladı – ona kor səadət lazım deyildi.
Nəsirəddin Tusi öz məğrurluğunu itirməmişdi, iyirmi illik zindan onu sarsıtmamışdı – faciə iradəsiz adamın belini bükür, müdriklərin isə gözünü açır. O, öz nöqsanlarını da gözü qabağına gətirdi. Əqidəsinə yenə də həmişəki kimi sadiq qaldı – insan buraxdığı səhvlərin əsiri olmamalıdır. Bu ilk növbədə alimlərə aiddir – məğrur ol, heç kimə, şahlara da baş əymə. Alimin gücü onun elmində və onun məğrurluğundadır.
Plutarx belə bir rəvayəti qələmə alıb: İstmədə yaşayan yunanlar yığışıb belə bir qərara gəlirlər ki, İrana qarşı hücuma hazırlaşmaq lazımdır. Yunanlar bu xəbəri böyük sevinclə qarşılamış və Makedoniyalı İsgəndəri özlərinə bu yürüşdə sərkərdə seçmişdilər. Bu münasibətlə bütün dövlət məmurları və filosoflar İsgəndərə yaxınlaşıb öz sevinclərini ona bildirirdilər. İsgəndər belə hesab edirdi ki, böyük filosof Diogen də gəlib öz sevincini bildirəcək. Bu zaman Korinf yaxınlığında yaşayan filosof heç İsgəndərin yanına getmək fikrində də deyildi. İsgəndər filosofun yanına getmək qərarına gəldi. Sərkərdə Diogenə yaxınlaşanda o uzanıb özünü günə verirdi. Filosof başını qaldırıb İsgəndərə baxdı. İsgəndər salam verib ondan soruşdu: "Sənin məndən bir xahişinin vardırmı?". Diogen cavab verdi: "Bir az o yana çəkil, günəşin qabağını kəsmə".
Filosofun belə hərəkəti İsgəndəri qəzəbləndirmədi, əksinə, o, xəyala dalıb düşündü: "Mən İsgəndər olmasaydım, Diogen olmaq istəyərdim".
Müharibə nədir? Onu kimlər törədir? Gəlin Nəsirəddin Tusinin özünü dinləyək.
"Dostluq, ülfət və ünsiyyətin aradan çıxması, ziddiyyət, düşmənçilik və ədavətin ortaya çıxması nəticəsində dava-dalaş əmələ gələr, dünyanın yaşaması isə dostluq və məhəbbətdədir. Deməli, dava-dalaş dünyanın nizam-intizamını pozmaq istəyən fəsadlardandır, özü də rəzilətlərin ən təhlükəlisidir". "Müharibə son tədbir olmalıdır".
"Əksər dövlətlər, xeyirxah və iradəli başçıları, ədalətli hökmdarları olduqca, müttəfiqlik şərtləri yerinə yetirildikcə yaşamış və inkişaf etmişlər.
"Dövlətin inkişafdan dayanması və inhitata uğramasının bir səbəbi də hökmdarların mal toplamağa, sərmayə yığmağa, vəzifə tutmağa aludə olmalarıdır". Belə vəziyyətdə onlar: "silahları yerə qoyar, müdafiə qüvvəsini zəiflədər, döyüş vərdişlərini unudar, zəhmətsevərliyi əldən verər… Belə halda zəif bir düşmən də hücum etsə, bu camaatı məğlub etmək ona asan olar… İxtilaf, münaqişə və müharibələr meydana çıxır: bir-birin məhv edərlər".
Hökmdar “düşmənləri dəf etməkdə… sərhədləri qorumaqda, keşikçilərin halına qalmaqda… etinasızlıq göstərməməlidir… bir an da olsun ölkə haqqında fikirləşməyi, işlərini nizama salmağı unutmamalıdır, çünki şahın ölkəni mühafizə etmək haqqındakı tədbirləri böyük orduların qüvvəsindən daha güclü olar".
“Xəfiyyə işçiləri, kəşfiyyatçılar həmişə gizli işlərdən xəbər tutmağa çalışmalı, xüsusilə, düşmənlərin vəziyyətini yaxşı öyrənməli, onların gizli fikirlərini aşkara çıxarmalıdır, çünki zidd qüvvələrə müqavimət göstərməkdə ən qüdrətli silah onların nə edəcəklərini əvvəldən bilməkdir".
"Hərbi hazırlıq başlıca şərtdir",
“Düşmənləri yola gətirib onlara saziş bağlamağa son dərəcə səy göstərməli və ehtiyatlı olmalıdır, lakin elə etməlidir ki, müharibə və ölüb-öldürməyə ehtiyac qalmasın… Əvvəlcədən mütləq üstün gəlib qələbə çalacağına arxayın olmayınca hücuma başlamamalıdır, zəruri və qeyri zəruriliyini, xeyir-zərərini ölçüb-biçməli, məsləhət məşvərət etməli, yaxın adamları eyni fikirdə deyilsə, qələbəyə ümid yoxsa, əlbəttə müharibəyə başlamamalıdır".
“Müharibənin ən mühüm şərtləri sayığlıq, cəsuslar göndərmək və dövrələmə keşikçilər qoymaqdır".
"Müharibə dövründə tacirlərin pulundan zorla da olsa, istifadə etmək lazımdır… Lakin xüsusi ehtiyac və böyük fayda götürmədən xalqın malına dəymək olmaz".
“Müharibə zamanı adamları etibarlı, möhkəm, yaxşı qorunan yerlərə, qalalara toplamaq lazımdır".
“Müharibə dövründə şücaət göstərib fərqlənənlərə yüksək mükafatlar, xələt və ənamlar, təşəkkür və tərifnamələr vermək lazımdır".
“Səbatlı, mətanətli, təmkinli olmalı, tələsmə, özünü itirmə, kəmhövsələlik və dəlisovluğa yol verilməməlidir".
"Düşmənə məhəl qoymamaq, onu kiçik saymaq, səhlənkarlıq edib öz qüvvələrini tam səfərbərliyə almamaq ağıldan uzaq hesab edilər… Qələbə çaldıqdan sonra ehtiyatı əldən verib arxayınlaşmamalı, sayığlıqı azaltmamalıdır".
"Qələbədən sonra əlbəttə başdantutma edama başlamamalı, kin və nifrətdən əl çəkməli, ədavətə son qoymalıdır".
Nəsirəddin Tusi aşağıdakı Yunan rəvayətini xatırladır: "Bir dəfə Aristotelə xəbər çatır ki, İsgəndər bir şəhəri məğlub etdikdən sonra yenə onun əhalisini qırmaqdan əl çəkməmişdir. Aristotel dərhal ona bir nəsihətamiz məktub yazır və orada deyir: "Zəfərdən əvvəl düşməni öldürməyə üzürlü idinsə, qələbədən sonra öz rəiyyətini öldürməyə nə bəhanə gətirə bilərsən?"
Nəsirəddin özü isə nəql edirdi ki, Cəlaləddin Xarəzmşah monqolların hücumundan qaçıb Təbrizə gəlmişdi. Onun döyüşçüləri rəiyyətə zülm etməyə başlamışdı. Bunu Cəlaləddinə deyəndə o cavab vermişdi: "biz indi dünyanı fəth edirik, ona hökmranlıq etmirik. Dünyanı fəth etdiyimiz bir zamanda rəiyyəti qorumaq məcburi deyil. Dünyanı idarə etməyə başlayanda, o zaman şikayətçilər üçün ədalət məhkəməsi təşkil edirik". Hülaku xan bunu dinləyib demişdi: "Biz, Allaha şükür olsun, həm dünyanı fəth edirik, həm də onu idarə edirik. Düşmənlərçin mən işğalçıyam, tabe olanların hökmdarı. Mən Cəlaləddin kimi zəif və gücsüz deyiləm".
"Müharibə zamanı müdafiədə olsa, müqavimət göstərməyi bacarmalı, səngərlər tikməli, pusqular düzəltməli, düşmənlərin üzərinə gecə basqınları təşkil etməlidir". "Düşmənlərin vəziyyətindən həmişə xəbərdar olmalı, onların gördükləri işləri nəzarət altına almalıdır ki, onların hiylə və xəyanətlərini öyrənib vaxtında tədbir görsün, ölçü götürsün, onlara qələbə çalmağa müvəffəq olsun".
"Düşmənlərin nöqsan və eyiblərini yaxşı bilməli, onların cikini-bikini bütün incəliyi ilə öyrənməli, onları toplayıb sübut üçün gizli saxlamalıdır, yeri gəldikdə istifadə etməlidir".
"Öz ölkəsini saxlamaq, başqalarının torpaqlarını zəbt etmək çox çətin məsələdir".
* * *
Allahın yaratdığı "İnsan, bu dünyada olan mövcudatın ən şərəflisidir". İnsanı yaratmış bu "böyük sənətkar, müqəddəs, əbədi, ən kamil cövhər, ən yüksək əql, mütləq şüur, ən bilikli, ən tədbirli, ən iradəli" varlıq olan "qüdrətli bir ustad" insanlara müharibə göndərə bilməz. Bu dünyada törədilən bütün fəlakətlər yalnız insan əlinin işidir. "İxtiyar insanın öz əlindədir", çünki "insanın mənəvi ehtiyacları, mənəvi qüvvələri, kamalı, fəzilətlərinin şərafəti fikir, əql, şüur və iradə vasitəsi ilə təmin və idarə edilir. İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Əgər düzgün, ardıcıl, məqsədəuyğun, müstəqim xətlə hərəkət etsə, tədriclə elm, mədəniyyət, bilik və hikmətə yiyələnsə, təkamülə qadir olan fitri istedadı hədləri aşaraq onu bir mərtəbədən başqa bir mərtəbəyə, bir dərəcədən o biri dərəcəyə yüksəldər, dübbədüz gətirib arzu etdiyi məqsədə, ilahi nurun şəfəq saldığı ali məqama çatdırar". İnsanı yüksəldən, onu səadətə qovuşduran mal-dövlət, sərvət və əyri yollarla, qarətlə, hərbi yürüşlərdə əldə etdiyi qənimətlər, haram mallar deyil "ehtiras, əmək, bilik, iradə, təəbin qüvvəti, arzunun şiddəti, əqidənin möhkəmliyi, fəaliyyətin ardıcıllığı və istedadın qüdrətidir".
Bu həyatda insan, istər əkinçi, istər katib, istər hökmdar olsun öz fəaliyyətsizliyinin qurbanı olur. İnsan yalnız o zaman "mütləq insan" olur ki, o, haqq işi uğrunda özünü qurban verməyə, məslək uğrunda düşmənlərə qarşı mübarizədə qəddar olmağa, mübarizədən qaçmamağa, qəhrəmanlığa, ölümü məğlubiyyətdən yüksək tutmağa hazır olsun; "İnsanın yaradıcı ağlına və sağlam düşüncəsinə" arxalanmaq lazımdır, “bu şərtlə ki, bütün bunlar bəşəriyyətin qüdrətinin artmasına, onun təkmilləşməsinə səbəb olsun".
İnsan müdrikdir. O, müharibə istəmir. Heç bir xalq müharibə istəmir. Onları bu qırğına hökmdarlar məcbur edirlər. Bunlara qarşı yeganə yol birləşməkdir. İctimai xeyirxahlığın və ictimai əlaqələrin bərqərar olması, sosial ədalətsizliyin aradan qaldırılması, müharibələrin qarşısının alınması insanın ağlı, zəkası, müdrikliyi və birləşməyə, vəhdətə olan meylləri ilə bağlıdır. İnsanın bütün bəşər övladları ilə vəhdət yaratmaq kimi yüksək əxlaqi idealı həyatın rəmzi olmalıdır. “Heç kəs təklikdə bir kamala çata bilməz" və bunun üçün "bir-birinə kömək edən bütün insanları vahid bir bədən timsalında birləşdirən bir quruluşun yaranması zəruriyyəti meydana çıxır. Böyük yaradan insana elə bir qüdrət və istedad bəxş etmişdir ki, o, öz təbiəti etibarilə daima inkişafa meyl edir və bu inkişaf yalnız onların birləşməsi sayəsində daha yüksək zirvələrə qalxa bilər.
İnsanların birləşməyə olan şövqü məhəbbətdir. Birləşmək üçün əsas amil məhəbbətdir. Məhəbbətsiz bəşəriyyət fəlakətə uğrayır. "Məhəbbətin səbəbi insan təbiətində təşəkkül tapmış ünsiyyət qabiliyyətidir… Yalnız bu qabiliyyətə görə adama «insan» (bu ərəb sözüdür-üns saxlayan) deyilmişdir".
İnsanlar arasında, xalqlar arasında, məhəbbət olsa müharibələrin qarşısını almaq olar. Nəsirəddin Tusi belə düşünürdü. "Varlıqların davamı, kainatın nizami məhəbbətlə bağlıdır. Məhəbbət şərəfini qorumaq üçün isə adamların ədalət fəzilətinə yiyələnmələri zəruridir. Əgər rabitədə olan adamlar bir-birinə məhəbbət bəsləsələr, bir-birinə qarşı da insaflı olarlar, ixtilaf aradan qalxar. nizam-intizam yaranar… Hər varlığın kamalı və şərafəti ona nəsib olmuş vəhdətdir".
Buna alim "ilahi məhəbbət", “müqəddəs məhəbbət" deyir.
Faciələr o zaman başlayır ki, ölkədə bir yerdə azlığa, bir yerdə çoxluğa yol verilir, ədalət pozulur, fəsad törənir, "ölkədə zəiflik və zorakılıq əmələ gəlir; məhəbbət ədavətə çevrilir; dostluq düşmənçiliyə dönür; səmimilik aradan qalxır, riyakarlıq meydana çıxır;… sədaqət yox olar, nizam-intizam pozular".
Heç bir xalq müharibə istəmir. Heç bir ana oğlunu, heç bir arvad ərini, heç bir uşaq atasını qurban vermək istəmir. Müharibə faciədir, qandır, aclıqdır, ölümdür. Müharibəni istəməyən xalq məhəbbətin qüdrətinə arxalanmalıdır, çünki, "məhəbbətin qüdrəti insanların tamahına səbəb ola biləcək daş-qaş və cəvahiratdan bütün dənizlərin, səhraların varidatından, sularından, torpağından, bitkisindən, heyvanatından və başqa nemətlərindən daha üstündür". İnsanlar arasında yaranmış məhəbbət "xalqlar arasında sülhə səbəb olar".
Bağdada hücum hazirlanir
1256-cı ilin 20 noyabrında Hülaku xanın göstərişi ilə Nəsirəddin Ələmut zindanından azad edildi. Alimin müdrikliyinə, dərin zəkasına və uzaqgörənliyinə çoxdan bələd olan Hülaku xan onu yanına dəvət etdi. Onların aralarında olan söhbətlər haqqında bizdə heç bir məlumat yoxdur. Lakin onu bilirik ki, bu görüşdən sonra Hülaku xan Nəsirəddindən xahiş etdi ki, onu tərk etməsin və xanın məsləhətçisi kimi onun yanında qalsın.
Nəsirəddin razılıq vermişdi. O, bilirdi ki, qabaqda hələ çox gərgin, çətin, mürəkkəb faciələr var; Hülaku xanın hücumları davam edəcək, hələ çox qırğınlar olacaq. Hülaku xanla olan söhbətdən Nəsirəddinə aydın olmuşdu ki, monqol qoşunlarının növbəti yürüşləri Abbasilər xilafətinin paytaxtı Bağdad şəhərinə olacaq. Müşahidələr də göstərirdi ki, qoşunlar Bağdad hücumuna ciddi hazırlaşırdılar.
* * *
Bağdad Yaxın və Orta Şərqin ən böyük ən möhtəşəm şəhəri idi. O, “Allah vergisi", "sülh şəhəri" /"Mədinət əs-Səlam"/ adlarıyla da dünyada şöhrət tapmışdı. Şəhərin əsasını 762-ci ildə xəlifə Mənsur qoymuşdu və o zamandan Abbasilər xilafətinin paytaxtı olmuşdu.
Dəclə çayı şəhəri iki yerə-şərq və qərb hissələrinə bölürdü. Qərb hissəsində daha çox adam yaşayırdı. Şərq hissəsinin adamlarının çoxusu gəlmələr idi. Dəclənin üzərində, xəlifə sarayının yaxınlığinda tikilmiş körpü şəhərin hər iki hissəsini birləşdirirdi. Şəhərin qərbindəki meyvə bağları, üzümlüklər bu yerlərə xüsusi gözəllik verirdi. Şərq hissəsi öz zəngin, gözəl və rəngarəng bazarları ilə məşhur idi.
Bazarlarda kimlərə rast gəlməzsən – üləmalar, dərvişlər, dilənçilər, su daşıyanlar, su satanlar, hamballar, oğrular, sahibsiz qalmış uşaqlar, hər dəstədə qeybətçilər, sözgəzdirənlər, carçılar, xəlifənin xəbərçiləri, şayiə yayanları, tərəzi yoxlayanlar, qiymət davası edənlər; söyüş, qalmaqal, dava salanlar.
Bu mallar haradan gəlir? Burada nələr yoxdur! Can dərmanından tutmuş zəhirmara kimi.
Müxtəlif vaxtlarda tikilmiş əl-Mənsurə, ər-Rusafa məscidləri, hələ 1110-cu ildə Nizam əl-Mülk tərəfindən inşa edilmiş Nizamiyyə mədrəsəsi şəhərin ən gəzəl abidələrindən idilər. /”Ən-Nizamiyyə" mədrəsəsi 1067-ci ildə Səlcuq hökmdarlarının puluna tikilmiş Şərqdə ilk mədrəsə idi. Səlcuq hökmdarlarının vəziri Nizamülgün şərəfinə belə adlandırılmışdı. Burada müxtəlif vaxtlarda Azərbaycanın görkəmli alim və şairləri Xətib Təbrizi, Fəxrəddin Əbülfəzl İsmayıl ibn əl-Müsənna ət-Təbrizi, Əbülfəzl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-Ərdəbili, Əminəddin Müzəffər ibn Əbu Məhəmməd ibn İsmayıl ibn Əli ət-Təbrizi, Tacəddin Əbül Fəzail Məhəmməd ibn əl-Hüseyn ibn Abdulla əl-Ürməvi, Əbu Həfs Ömər ibn Osman ibn Şüəyb əl-Cənzi, Qəvaməddin Əbu Nəsr Yunis ibn Mənsur ibn İbrahim əş-Şirvani və başqaları dərs demişlər/.
Söyləyirlər ki, xəlifə çox tez-tez qayıqlarla Dəclədə səyahətə çıxar, sonra isə şəhər ətrafındakı səhralarda ovla məşğul olardı. Şəhərin və ətraf yerlərin əhalisi, gəlmələr xəlifənin tamaşasına yığışardı. Xəlifə tamaşaçılara yaxınlaşar, öz məhəbbətini onlara bildirər, xeyir-dua verərdi. Xalq onun vədlərinə ürəkdən inanardı; inanardı ki. xəlifə vətəni daha da çiçəkləndirəcək, insanları daha da xoşbəxt edəcək. Yığışanlar onun qarşısında diz çökür, Allahdan ona, nəslinə cansağlığı diləyirdilər.
Çox mühüm ticarət yollarının kəsişdiyi yerdə məskən tapmış şəhər tez bir zamanda möhtəşəm ticarət, mədəniyyət, ədəbiyyat və siyasət mərkəzinə çevrilmişdi. Beş əsrlik tarixi dövründə dairəvi hasara alınmış şəhərin içərisində saraylar, xiyabanlar, yaşayış evləri, məscidlər, türbələr, su kanalları, hovuzlar tikilmişdi. Şəhərə Hindistandan, Ərəbistandan, Avropadan saysız-hesabsız var-dövlət, qiymətli sərvətlər, qaş-daş, ərzaq və başqa mallar karvanlarla daşınıb gəlirdi.
Doqquzuncu əsrdə Bağdad ən yüksək çiçəklənən zirvəsinə çatmışdı. Şəhərdə tikilmiş Abbasilər sarayı, Zübeydə məqbərəsi, Müstənsiriyyə mədrəsə ansamblı, bir neçə memarlıq abidələri, Şərqin nadir əlyazmalarını özündə cəmləşdirən çox kitabxana Bağdadı bütün dünyada məşhur etmişdi.
Bağdad mədəni həyatın qaynar nöqtəsi idi. Bu möhtəşəm şəhərdə müxtəlif mədəni ənənələr bir-birinə güclü təsir göstərirdi. Bağdad islamın, xristianlığın, yəhudiliyin, bütpərəstliyin bir çox xalqların mədəniyyətinin, müxtəlif istiqamətli dünyagörüşlərinin üz-üzə gəldiyi şəhər idi. Uzun illər boyu şəhərdə yaşayıb yaratmış əl-Fərabi Bağdad haqqında yazmışdı: “Bu şəhər cəhalət şəhərləri arasında ən valehedici və xoşbəxt şəhərlərdəndir və öz xarici görünüşü ilə təmtəraqlı, çiçəkli, bəzəkli geyimi xatırladır və buna görə də hər adamın istəkli sığınacağına çevrilmişdir. Hər adam bu şəhərdə öz istəklərinə və arzularına çata bilir. Nədənsə adamlar bu şəhərə axışıb gəlirlər və həmişəlik orada qalırlar. Onun hüdudları hədsiz dərəcədə genişlənir. Burda müxtəlif qəbilələrin adamları doğulur, müxtəlif nikahlar və cinsi əlaqələr mövcuddur, müxtəlif tayfalardan, müxtəlif tərbiyəli və müxtəlif əsli-nəsəbli uşaqlar doğulur. Bu şəhər müxtəlif istiqamətli, bir-birinin tərkibinə daxil olan, bir-birindən fərqlənən hissələrin birləşmələrindən ibarətdir. Gəlmə adam yerli camaatdan seçilmir. Bu birləşmələrdə bütün arzular və fəaliyyətlər vəhdət tapır. Buna görə də çox mümkün olan bir haldır ki, zaman keçdikcə burada ən layiqli adamlar yetişəcək, müxtəlif, şaxəli müdriklər, natiqlər, şairlər bir-biri ilə dil tapacaqlar".
Əl-Fərabinin qələmə aldığı Bağdadın lövhələri Nəsirəddini də çox düşündürürdü. Hələ Bağdadı görməmiş Tusi əl-Fərabinin təsiri altında şəhərin adını çəkmədən onun obrazını yaratmış və əl-Fərabi kimi bu şəhəri cəhalət şəhərlərinin sırasına salmış və onu "hürriyyət icması" adlandırmışdı. Nəsirəddin yazırdı: "Buna "cəmaət şəhəri də deyilir. Bu elə bir şəhərdir ki, burada hər kəs özü üçün hakimi-mütləqdir, hərənin ixtiyarı tam öz əlindədir, kim nə istər onu da edər. Bu şəhərin adamları azad yaşayarlar, onların arasında hürriyyət çoxluğundan başqa heç bir fərq, artıq-əskiklik yoxdur.
Bu şəhərdə ixtilaflar çox, maraqlar müxtəlif, istəklər fərqli, məqsədlər rəngarəng olar, onların sayı həddi-hüdudu aşar. Bu şəhərin əhalisi bir-birinə oxşayan və bir-birindən fərqlənən tayfalara bölünər.
Hər tayfanın öz başçısı vardır, bütün əhalinin cümhuriyyətində isə çoxlu rəislər və başçılıq mövcuddur, rəis və başçılar camaat nəyi istəyirsə, onu da etməlidirlər. Dərin fikir edilərsə, belə vəziyyətdə, onlarda nə rəis olar, nə də tabe… Bu şəhər cahiliyyət şəhərlərinin ən qəribəsi olar, bu üzəri cürbəcür şəkillər və boyalarla bəzədilmiş və ya rəngarəng təsvirli bir tabloya oxşayar… Hamı belə şəhərdə yaşamağı sevər… Bu səbəbdən bütün xalqlar və tayfalar üz tutub bu şəhərə axışmağa başlayar, az müddət içərisində şəhər adamla dolar, nikah çoxalar, doğum artar, müxtəlif təbiətli, müxtəlif tərbiyəli uşaqlar meydana çıxar, bir şəhər içərisində çoxlu şəhərlər /icmalar/ yaranar; artıq bunları bir-birindən ayırmaq çətinləşər… belə bir şəhərdə gəlmə ilə yerli arasında fərq olmaz, bir müddət keçdikdən sonra alimlər, filosoflar, şairlər, xətiblər çoxlu miqdarda müxtəlif sənətkarlar sinfi meydana çıxar. Bunların qayğısına qalıb onlara qiymət verilsə "Fəzilət şəhəri" əmələ gələr, əks təqdirdə şər və dələduzlar şəhəri yaranar".
Əl-Fərabidən sonra keçən dövr ərzində Tusi Bağdad haqqında çox eşidib, çox oxumuşdu, orada baş verən çəkişmələrdən, ziddiyyətlərdən, tayfalar arasında, sarayda gedən mübarizələrdən yəqin ki, xəbərdar idi. Nəsirəddin yuxarıda yazdıqlarına əl-Fərabidə olmayanları özü əlavə edir: "Belə şəhərlərdə, yəni müxtəlif təbiətli insanlardan təşəkkül tapmış şəhərlərdə, ziddiyyətlər, çətinliklər, əzab-əziyyətlər, ölüb-öldürmələr, basqın və sui-qəsdlər çox olar; buna görə müxtəlif cəzalar və silahlar ixtira edilər".
Və ən nəhayət Tusi əlavə edir ki, bu şəhərdə: "Deyildiyinə görə, ərəb bədəviləri və türk köçəriləri arasında vəziyyət məhz bu cürdür, deyirlər ki, onların arasında əyyaşlıq və arvadbazlıq həddini aşıbdır, hətta qadınlar orda üstünlük təşkil edir, qan tökür, təəssüb çəkir, vuruşa gedirlər".
* * *
Bağdadın 945-ci ildə buveyhilər və 1055-ci ildə səlcuqlar tərəfindən zəbt olunması və talan edilməsi onu süquta sürükləməyə başlamışdı. Abbasilər dövləti zəiflədikcə şəhər öz siyasi əhəmiyyətini, bir mərkəz kimi mövqelərini itirməyə başlamışdı.
Bağdad xəlifəliyinin son illəri faciəli keçirdi. Daxildə gedən çəkişmələr ölkəni zəiflətmiş, onu taqətdən salmışdı.
Xəlifəliyin, onun sonuncu xəlifələrinin 1225–1258-ci illərinə və monqol hücumlarına qədərki dövrünə ötəri nəzər salaq.
Atası Ən-Nasirə qarşı müxalifətdə olan əz-Zahir hakimiyyətə gələn kimi ölkə siyasətini qəti şəkildə dəyişdi. Atasının yaratdığı vergi sistemini dağıtdı. Bu vergi hesabına ən-Nasir əsas etibarilə xəlifə xəzinəsinin gəlirini artmışdı. Atası tərəfindən artırılmış xəracı azaltdı. Ən-Nasirin müsadirə etdiyi torpaqlar, əmlaklar öz sahiblərinə qaytarıldı. Əz-Zahir atası zamanı çox geniş miqyas almış casusluq sistemini məhv etdi, məhkum olunmuş adamların zindanlardan azad edilməsi barədə hökm verdi.
Lakin onun hökmranlığı uzun sürmədi; o qədər qısa ömür sürdü ki, onun yeritdiyi siyasət ölkədə möhkəmlənməyə imkan tapmadı.
Onun ən əhəmiyyətli fəaliyyətindən biri o idi ki, 1226-ci ildə xarəzşahlarla yaxınlaşdı və ora səfirlik göndərdi.
1226-cı ilin 13 iyulunda əz-Zahiri oğlu əl-Müstəsir əvəz etdi. Müasirləri yazırdılar ki, onun israfçılığı o dərəcəyə çatmışdı ki, həm babasının və həm də atasının gücü hesabına yığılmış bütün xəzinə göz qabağında boşalmağa başladı. Kasıblara pul paylamaq onun adətinə çevrilmişdi. Çoxlu miqdarda pul kasıblar üçün Bağdadda tikdirdiyi evə xərcləndi. Lakin qeyd edək ki, o əsas fikrini Bağdad xəlifəliyinin sərhədlərinin möhkəmlənməsinə və dinin güclənməsinə vermişdi. Onun zamanında mövcud olan ordusunun sayı babası və atasının dövrünə nisbətən daha çox idi.
Əl-Müstəsir də atasının xarəzmşahlarla yaratdığı əlaqələri genişləndirməyə başladı. 1228-ci ildə xarəzmşah Cəlaləddinə çox qiymətli hədiyyələrlə üç səfirlik göndərdi.
Monqol hücumlarının sədaları getdikcə daha yaxından eşidilirdi. Hələ 1237–1238-ci ildə monqol qoşunları Bağdad xilafətinin sərhədlərinə yaxınlaşmış, xəlifənin yeddi minlik qoşununu məhv etmiş, qiymətli qənimətlərlə geri qayıtmışdılar.
Bu monqolların Bağdadda apardıqları ilk kəşfiyyat əməliyyatı idi.
Əl-Müstəsimin taxta çıxarılması çox xəlvəti keçirildi – Gecə qaranlığında onu saraya gətirib xəlifə elan etmişdilər.
Onun taxta çıxması ayrı-ayrı dəstələr arasında gedən mübarizə, daxildə müxalifətin daha da güclənməsi dövrünə təsadüf edir.
Şəxsiyyət etibarilə əl-Müstəsim çox zəif adam idi. Hətta müasirləri yazırdılar ki, o, ağıldan da kəm idi. Siyasətdən uzaq düşmüş bu hökmdarın günləri kef məclislərində keçərdi.
Əl-Müstəsimin xəlifə olduğu birinci ildə ölkənin təsərrüfatı acınacaqlı vəziyyətə düşdü. Nəzərdə tutulmuş islahatlar həyata keçirilmirdi; qara camaat həyəcan, təşviş içərisində yaşayırdı. Saray qoşunları maaşların artılacağı barədə vədlərin yerinə yetirilmədiyinə görə qiyam hazırlayırdılar.
1245–1255-ci illər arasında Bağdadın iqtisadiyyatı tamamilə dağınıq vəziyyətinə düşdü, aclıq başladı. Çörək, un yoxa çıxdı, mal-qara qırıldı. Bir-birini əvəz edən tufanlar, qasırğalar, daşqınlar nəticəsində məhsulun, xüsusilə taxılın, 70 min xurma ağacının məhv olması vəziyyəti daha da ağırlaşdırdı.
Monqollar isə öz niyyətlərindən əl çəkməmişdilər. Onların qoşunları qərb istiqamətində Bağdad sərhədlərinə tərəf hərəkətdə davam edirdilər.
1249-cu ildə şayiə yayıldı ki, 16 minlik monqol qoşunları Bağdada yaxınlaşır. Xəlifə əmr verdi ki, hücumun qarşısını almaq üçün ölkədə səfərbərlik keçirilsin. Əhaliyə silah paylandı. Lakin şayiə düz çıxmadı. Gərginlik isə azalmırdı. Həccə gələnlərin axını azaldı – Bağdada gələn yollar monqolların nəzarəti altında idi.
1250-ci ildə xəbər yayıldı ki, monqol qoşunları Xanikimə tərəf hərəkətdədirlər. Yenidən təşvişlər gücləndi. Bağdad əhalisi yenidən silahlandı, evlərində, dükanlarında, karvansaralarda oturub əmr gözlədilər. Qoşunlar şəhərdən kənara çıxıb ön cərgələri təşkil etdilər. Lakin tezliklə xəbər gəldi ki, monqol qoşunları istiqamətlərini dəyişib Dərbəndə tərəf hərəkətə başlayıblar. Bağdad qoşunları yenidən şəhərə qayıtdı. Əhali sakitləşdi.
1252-ci ildə Bağdadın şiələri ilə sünniləri arasında iğtişaşlar baş verdi. Xəlifənin oğlu Əbubəkr bu iğtişaşı yatıra bildi, lakin öz çıxışında şiə camaatını təhqir etdi.
1253-cü ildə monqol qoşunları yenidən Bağdadın ətrafına hücumlar təşkil etdilər, lakin Bağdada toxunmayıb istiqamətlərini Azərbaycan tərəfə yönəltdilər.
Xəlifə isə heç başa da düşmürdü ki, şəhər üzərində nə qədər də ağır təhlükə var. Belə ağır vəziyyətdə xəlifə dövlət məmurları və yaxın adamları ilə Vasitdəki sarayında kef məclisləri təşkil edirdi. Əl-Müstəsimin hərəkətlərini, verdiyi ağlasığmaz göstərişləri heç kim başa düşə bilmirdi. Şəhər dilənçilik şəraitində yaşayırdı. Evsiz adamların sayı çoxaldığından ailələr mədrəsələrdə yaşayırdılar. Qarət baş alıb gedirdi. Mədrəsələri, evləri, dükanları, qəbiristanlığı qarət edirdilər. Gündüzün günorta çağı küçələrdə camaatın başındakı əmmamələri qapıb aparır, hamamlardan geyimləri oğurlayırdılar.
Şəhərdə şayiə yayanlarla düz danışan adamları ayırd etmək mümkün deyildi. Araqızışdıranlar öz əməllərindən qalmırdılar. Qədim alimlər söz gəzdirib araqızışdıranları o adamlara bənzətmişdilər ki, onlar əvvəlcə dırnaqları ilə divarların dibini eşələyir, sonra barmaqlarına yer eləyir, sonra külüngü gətirib divarın özülünü qazıdar, bünövrəsini sarsıdar və bütün binanın uçub-dağılmasına səbəb olarlar". Nəsirəddin "Kəlilə və Dimnə"dən “Şir və öküz" təmsilini də nümunə gətirir, onun məğzini açır: "Belə hekayələrin quraşdırılmasından məqsəd odur ki, qüvvətli bir yırtıcı zəif bir tülkünün felinə uyduqda günahsız, güclü bir heyvanı məhv edə biləcəyi kimi, qüdrətli bir hökmdar da özünü xeyirxah qələmə verən araqızışdırıcı bir xainin yalanına inandıqda dövlətinin sütunu, hakimiyyətinin dayağı olan vəzir-vəkillərini, alimlərini, işdən başı çıxanlarını məhv edə biləcəyini başa düşsün… Bəlkə dostlar bu hekayətlərdən ibrət dərsi alıb onun öz həyatlarında təkrar edilməsinə yol verməsinlər, ağır günlərdə sınanmış dostlarını bir hiyləgərin canfəşanlığına qurban verməsinlər". Alim bizə məlum olmayan müəllifin şerlərindən bir parça da verir:
Ayıq olun, a dostlar haray verin haraya,
Qoymayın sözgəzdirən girə bilsin araya…
1256-cı ilin yayın axırlarında Bağdada daha bir faciə üz verdi. Uzun müddət, arası kəsilmədən yağan yağışlar nəticəsində çaylar daşmış, bütün şəhəri su basmışdı. Bağdad evlərinin birinci mərtəbələri suyun altında qalmışdı. Şəhərin başının üstünü almış bu dəhşətli faciə əlli gün davam etdi. Xalq bütün hadisələri unudub Bağdadı və İraq əyalətlərinin yarısını bürümüş bu daşqınların dəhşətlərindən danışırdılar. Əhalinin ağır vəziyyətindən istifadə edən ayrı-ayrı dəstələr, o cümlədən onlara qoşulmuş dilənçilər, səfillər şəhəri qarət edir, adamları qətlə yetirirdilər. Davatdar Mücahiddin Elbəy xalqı xəlifədən narazı salmaq məqsədilə bu dəstələri birləşdirmiş və onlara başçılıq edirdi. Elbəyin əsas məqsədi o idi ki, xəlifə Müstəsimin iradəsizliyindən, qətiyyətsizliyindən, ağılsızlığından, hətta sadəlövhlüyündən istifadə edib onu taxti-tacdan etsin və onun yerinə abbasilər sülaləsindən başqa bir xəlifə oturtsun. O, bu məqsədini həyata keçirmək üçün saray məmurlarının da razılığını almışdı. Elbəyin bu niyyətindən xəbər tutan xəlifin vəziri Müayyiddin İbn Əlqami bunu Müstəsimə çatdırmışdı və xahiş etmişdi ki, ölçü götürsün. Xəlifə isə ölçü götürmək əvəzinə davatdarı yanına çağırıb vəzirin dediklərini ona çatdırmışdı və əlavə etmişdi: "Sənə inandığım üçün bunları sənə deyirəm". Öz növbəsində, Elbəy xəlifə çatdırdı ki, onun vəziri gizlində monqollarla əlaqə saxlayır, öz adamları vasitəsilə Hülaku xana lazımı məlumatları göndərir.
Elbəy isə xəlifə qarşı xalqı qaldırmaq fəaliyyətini davam etdirirdi. Xalq artıq abbasilərə qarşı öz narazılığını bildirməyə başlamışdı, hiss etmişdi ki, xəlifənin hakimiyyətinin sonu yaxınlaşır.
Ölkənin ən ağır və acı ili 1256-cı il oldu. Əhali, məhəllələr arasında qanlı toqquşmalar və qırğınlar başladı. Həmən ilin fevralında qırğını yatırtmaq üçün göndərilən ordu hissələri şiələrin yaşadıqları məhəllələrə hücum edib onları qırmağa başlamışdılar. Əhalini qorxutmaq üçün şəhərdə dar ağacları quruldu. Heç bir tədbir kömək etmədi.
Qırğına başqa məhəllələr də qoşuldu və tezliklə faciə Dəclə çayının o biri sahilinə keçdi. Həyəcan bütün şəhəri bürüdü – şiələrlə sünnilər bir-birini qırırdılar.
Bağdaddakı bu faciəli vəziyyət 1258-ci ilə kimi davam etdi.
Monqollar isə Bağdadı zəbt etmək üçün uzun müddət və çox dəqiq hazırlaşırdılar. 1257-ci ilin 27 sentyabrında Hülaku xan Həmədandan Bağdada əl-Müstəsimə təslim olmasını tələb edən qəti bir məktub göndərdi. Bu, əslində müharibənin elan olunması demək idi.
Xəlifə qəzəbləndi.
Hülaku xan yaxşı bilirdi ki, Bağdadı almaq o qədər də asan əməliyyat deyil. Xanın Bağdad qoşunlarının sayca çox olmadığından da xəbəri var idi.
Hülaku xan hərbi şura çağırdı. Bütün sərkərdələr hücumun başlanmasının tərəfdarı olduqlarını bildirdilər.
Hülaku xanın son məsləhətləşmələri münəcçim Hüsaməddinlə və Ələmut zindanından azad edilmiş Nəsirəddin Tusi ilə oldu.
Hüsaməddin ulduzların hərəkətinə, sürətinə istinad edib hər vəchlə xanı bu yürüşdən yayındırmağa cəhd edirdi, bu yürüşün böyük təhlükə ilə bağlı olduğunu təkidlə sübut etmək istəyirdi: "Abbasilər sülaləsinə qəsd etməkdə, qoşunların Bağdada hücumunda səadət yoxdur, çünki bu vaxta qədər Bağdada və Abbasilərə qəsd edən heç bir hökmdar orada şahlıq edə bilməyib, həyatı məhv olub. Əgər hökmdar mənim sözlərimə qulaq asmayıb yürüşə başlasa altı qətl üz verəcək – birinci növbədə atlar məhv olacaq, döyüşçülər xəstələnəcək, ikinci – günəş çıxmayacaq, üçüncü yaxış yağmayacaq, dördüncü – soyuq qasırğa qopacaq, dünya zəlzələdən məhv olacaq, beşinci – torpaq məhsul verməyəcək, altıncı – böyük hökmdar, Hülaku xan həmən ili öləcək".
Fəzlullah Rəşidəddin yazır ki, Hüsaməddindən sonra Hülaku xan məsləhət üçün Nəsirəddin Tusini yanına dəvət etdi və ona sual verdi: “Bu hücumun nəticəsi necə olacaq?" Nəsirəddinin cavabı qısa və qəti oldu: "O olacaq ki, xəlifənin yerinə Hülaku xan oturacaq". Daha sonra Hülaku xan Hüsaməddini də dəvət edib Nəsirəddinlə üzləşdirdi. Hüsaməddin xana dediklərini təkrar eqdi. Nəsirəddin bütün tarixi hadisələri gözü qabağına gətirib cavab verdi: “Bütün müsəlmanların fikrincə Məhəmməd peyğəmbərin ulu əshabələrindən çox adamlar şəhid olmuşlar və heç bir bədbəxtlik üz verməmişdir. Əgər deyirlər ki, bu, Abbasilərin ayrıca xüsusiyyətidir, bəs onda nə üçün Məmunun əmri ilə Tahir Xorasandan gəlib onun qardaşı Məhəmməd Əmini öldürəndə, əmirlərin köməyi ilə Mütəvəkkili öz oğlu öldürəndə, Müntəzir əmirlər və qulamlar vasitəsi ilə öldürüləndə, eləcə də bir neçə xəlifə müxtəlif adamların əli ilə öldürüləndə heç bir bədbəxtlik üz vermədi".
Tarixin çox böyük imtahanlarından çıxmış Nəsirəddin nücum /astrologiya/ elminə arxalanıb bəşəriyyətin taleyini ulduzların hərəkəti, toqquşması ilə həll etməkdən çox uzaq idi. O, münəccim Hüsaməddinin yolu ilə gedə bilməzdi, onun əsas meyarı həyatın imtahanları idi. O bilirdi ki, böyük dövlətləri ilk növbədə onların daxili yaraları məhv edir. Bağdad xilafətinin bədənindəki, bu yaralar – parçalanmalar, çəkişmələr, ziddiyyətlər, satqınlıqlar, aclıq, dilənçilik; münaqişələr, tayfalar və təriqətlər arasındakı qanlı toqquşmalar Nəsirəddin Tusiyə yaxşı məlum idi. O, dərk edirdi ki, "belə zəif bir düşmən də onlara hücum etsə bu camaatı məğlub etmək ona asan olar. Bunsuz da mal-dövlət onların gözlərini tutub, təkəbbür, mənsəb, lovğalıq, qürrə onları qudurdub"… O yaxşı bilirdi ki, "dövləti iki şey ilə mühafizə etmək olar: birinci hökumət başçılarının birliyi; ikinci – düşmən qüvvələrinin tərk-silahı". Bunların hər ikisindən Bağdad məhrum idi.
Nəsirəddin belə bir əhvalatı da xatırladır. "İsgəndər Daranın ölkəsini istila etdikdən sonra əcəmilərin mədəniyyətli, qüdrətli, nizam-intizamlı, çoxlu bacarıqlı sərkərdələri, küllü miqdarda silah və ordusu olan bir xalq olduğunu gördükdə başa düşdü ki, o buradan getsə, bir az keçməmiş bunların içərisindən intiqam almaq istəyənlər baş qaldıracaq. Rum hakimiyyətinə son qoyulacaqdır. Onlardan sədaqət və ədalət gözləmək də sadəlövhlük olardı. O, dərin fikrə dalaraq, çarəsiz qaldı və nə barədə düşündüyünü Aristotelə anlatdı. Filosof buyurdu: "Aralarına nifaq sal, qoy başları bir-birinə qarışsın; onlardan arxayın ola bilərsən".
Bütün bunlar təkcə Bağdadın bəlası deyildi. Bütün müsəlman aləminin faciəsi idi. İslamda əmələ gəlmiş çəkişmələr xalqları bir-birinin əleyhinə qaldırırdı, müharibələrə sövq edirdi. Dini çəkişmələr hakimiyyət uğrunda kəskin mübarizələrə səbəb olurdu. Ölkələr zəifləyir, məhv olur, qeyri-müsəlman dövlətlərinin hücumlarına müqavimət göstərmək üçün birləşməyə imkan vermirdi. Bir-birinə zidd nöqteyi-nəzərlərin tərəfdarları Qurana eyni dərəcədə istinad edərək, orada öz mövqelərinin doğru olduğunu təsdiq edən hökmlər tapırdılar. Mötəzililər insan iradəsinin azadlığı barəsində hökmün lehinə Quranda 129 yer göstərirdilər, sünnilər isə öz növbələrində "qəza-qədər" haqqında təlimin xeyrinə Quranda 216 yeri misal gətirdilər. Siyasi əleyhdarlar da öz dəlillərini Qurandan əxz edirdilər. Şiələr həmçinin sübut etməyə çalışırdılar ki, Quranın bəzi yerləri qəsdən təhrif edilmişdir.
İslamın dini təliminin başqa bir mənbəyi olan "sünnə" daha çox mövqe müxtəlifliyi yaradırdı.
Erkən orta əsrlər müsəlman cəmiyyətində nəinki ayrı-ayrı məsələlər barəsində, hətta islamın əsas müddəalarına dair də vahid və mütləq vacib rəy yox idi. Dini məsələlər barəsində ayrı-ayrı şəxslər tərəfindən "ictimai rəy" yaradılırdı və belə bir şəraitdə labüd olaraq tez-tez bir-birinə zidd çoxlu rəylər peyda olurdu. İslam azı ilk dörd əsr ərzində müxtəlif məzhəb və cərəyanların təlimləri şəklində mövcud olmuşdu və islamın ideologiyası bu məzhəb və cərəyanlar arasındakı mübarizənin gedişində təşəkkül tapmışdı.
İslamda yaranmış bu pərakəndəliyi, parçalanmanı müsəlman ilahiyyatçıları Məhəmməd peyğəmbərə mənsub edilən belə bir hədislə bağlayırdılar ki, yəhudilər 71 firqəyə, xristianlar 72 firqəyə bölünmüşlər, onun müsəlman ümməti isə 73 firqəyə bölünəcəkdir ki, onlardan yalnız biri – "sünnə və həmrəylik əhli" /"Əhl əs-sünnə və-l-cəmaə"/ nicat tapacaq, qalanları həlak olacaq; hər firqənin də rəhbəri sübut etməyə can atırdı ki. peyğəmbərin xatırlatdığı həmin o yeganə ümməti təşkil edirdilər.
İslamda yaranmış saysız-hesabsız, bir-birinə zidd, cərəyanlar – əməvilər, mürciilər, cəbərilər, mötəzililər, müşəbbihilər, hənbəlilər, zahirilər, kərramilər, sufilər, cöhmilər, sifatilər, əşərilər; daha sonra sünnilər və şiələr; şiələrdən parçalanan xəttabilər, mənsurilər, müzirilər, nüseyrilər, qeysanilər, xürrəmilər, çəfərilər və s. müsəlman xalqlarının birliyini pozmuşdu. İslamda daha dərin və köklü ixtilaflar ali hakimiyyət problemi ilə əlaqədar kəskinləşdi. Bu, əsas etibarı ilə Məhəmməd peyğəmbərin vəfatından 30 il sonra kəskin xarakter aldı; şiəlik yarandı. Şiəliyin iki qolu – zeydilər və ismaililər meydana çıxdı. İsmaililər öz növbəsində iki dəstəyə – nizarilər və müstəlilərə parçalandı. İsmaililərin ideya varisləri qərmətilər peyda oldu. İlkin islama yad olan Məsih ideyaları geniş yayıldı.
Bütün bunlar müsəlman cəmiyyətindəki sosial-siyasi çəkişmələri gücləndirdi, müsəlman dövlətlərinin və xalqlarının birliyinə böyük zərbələr vurdu və onları bir-birinin arasında müharibələrə sövq etdi.
Belə bir pərakəndəlikdə monqol hücumlarının qarşısını kim alacaqdı, müsəlmanları kim xilas edəcəkdi?
Nəsirəddin yaxşı bilirdi ki, ölkənin xəstəliyi, onun faciəsi "iki şeydən törəyir: biri ölkədə qəddar şahlıq olanda, digəri ölkə özbaşına buraxılanda". Alim yaxşı dərk edirdi ki, “nadanlığa və səhlənkarlığa yol verməyin nəticəsi dəhşətli olar”. O, dəfələrlə yazmışdı ki, hökmdarın "başı kef və əyləncəyə qarışsa, işləri özbaşına buraxsa, şəhərin vəziyyəti xarablaşar, şər və zərər işə düşər, qayda-qanun tərsinə çevrilər, mənimsəmə qapıları açılar, tamahkarlıq qüvvələri ona kömək edər, bədbəxtlik xoşbəxtliyə qalib gələr; dostluq ədavətə, nizam-intizam hərc-mərcliklə yerini dəyişər… Belə bir dövrdə əhali var-yoxdan çıxar". Nəsirəddin dəfələrlə xəbərdarlıq etmişdi ki, "Ən doğru yol odur ki, yalnız kef, əyləncə vaxtlarından deyil, ən zəruri olan yemək, içmək, yatmaq, arvad-uşaqla görüşmək vaxtlarından da kəsib ölkə işlərinə, tədbir hazırlamağa, xalqın halını yaxşılaşdırmağa sərf etdiyi saatlara artırsın".
Bunlardan heç biri Bağdad hökmdarlarında yox idi. Nəsirəddin bunları yaxşı bilirdi. Bu həqiqəti bilmək üçün onun ulduzlara heç bir ehtiyacı da yox idi. Nəsirəddinin Hülaku xana verdiyi məsləhət ulduzların hökmü deyildi, tarixi reallıq idi.
Nəsirəddinin Hülaku xana Bağdada hücum haqqındakı məsləhətini şərh edən İran alimləri yazırlar: "Xacənin tədbiri ilə Hülakunun Bağdadı fəth etmək üçün təşviq etdiyinə, xilafətin məhv olmasına görə bəzi sünni mütəəssiblər ona qarşı hücuma keçdilər. Onu islam xilafəti pərdəsi altında ərəb hakimiyyətinin məhv edilməsinin günahkarı saydılar. Onlar unutmuşdular ki, Abbasilər xilafət hakimiyyətini qəbul etməyən xorəzmşahlar hakimiyyətini məhv etmək üçün nə kimi hiylələr işlətmişdilər. Bir çox məktub və sifarişlər göndərməklə Çingiz xanı İrana hücum etməyə təşviq etmişdilər. Tarixdə böyük faciə yaradaraq çiçəklənən mədəniyyəti olan bir millətə necə zərbə vurmuşdular. Bütün bu müddət ərzində iranlılar monqollar tərəfindən kütləvi şəkildə qırılır, şəhərlər bir-birinin ardınca dağıdılaraq zülmə məruz qalır, bu millətə dünyanın ən böyük zülmləri edilirdi. Xəlifə isə Bağdadda bu haqda düşünmür, müsəlman xalqının başına gələn bəladan xəbərsiz rüzgarını eyş-işrətdə keçirirdi. Qüdrətli islam dövləti təkcə ona tabe olmadığı üçün rəhmsizcəsinə qaniçən ordunun zülmü altında payimal8 oldu. Bilmirdi ki, bir neçə ildən sonra bu dəhşətli tufan onun öz həyatını da bürüyəcəkdir"
Nəsirəddin Tusinin məsləhəti hökmdarda hücum barədə qəti inam yarada bilmişdi.
Hülaku xan qoşunlarına Həmədandan Kermanşaha və Xulvana tərəf hərəkət etmələri barədə əmr verdi. Tez bir zamanda Bağdadın ətrafındakı şəhər və kəndlər işğal olundu.
Bağdada tərəf hərəkət edən Hülaku xanın qoşunları 1257-ci ilin 26 aprelində Dinavərə çatdılar. Sonra qoşunlar xanın əmri ilə geriyə, Təbrizə qaytarıldı. Həmən ilin 27 iyulunda Hülaku xan Həmədana gəldi və oradan Bağdad xəlifinə hədə-qorxu ilə dolu bir məktub göndərdi: "Biz kafirlərin qalasında müharibə aparanda sənə xəbər göndərmişdim ki, bizə kömək edəsən. Sən razılıq verdin, amma qoşun göndərmədim. Sənin dövlətin qədimdir, böyükdür, nəslin qüdrətlidir. Lakin ay o vaxta kimi şəfəq saçır ki, ta günəşin çöhrəsi gizlənməyə başlayır. Şübhəsiz ki, zadəganlardan, sadə xalqdan sənin qulağına xəbər çatıb ki, monqolların şücaəti nəticəsində dünyanın və insanların başına nələr gəlib. Bilərsən ki, Çingiz xanın vaxtından bu zamana kimi bu cənabın qüdrəti ilə böyük və möhtəşəm Xorezmşahlar, Səlcuqlar, Dəyləm və Atabəy məlikləri və başqaları yox ediliblər. Bu nəsillərin heç birinin üzünə Bağdadın qapıları bağlı olmayıb, Bağdad bunların hər biri üçün paytaxt olub. Bizim bu güc və qüdrətimiz qarşısında bu qapılar bizim üzümüzə neçə bağlı qala bilər? Biz sənə əvvəllər də demişik, yenə də deyirik: Bizimlə düşmənçilikdən və mübarizədən əl cək, yumruğunu vurma, günəşin üzünü palçıqlama, yoxsa əzabın cəkərsən. Olan olub, keçən keçib. Əgər sən qala divarlarını dağıtsan, xəndəkləri doldursan və hakimiyyəti oğluna tapşırıb bizi görməyə gəlsən, gəl. Özün gəlmək istəməsən vəzirini, Süleymanşahı və davatdarı göndərərsən ki, hər üçü bizim dediklərimizi artırmadan, əksiltmədən sənə çatdırsınlar. Bir sözlə əgər sən bizim fərmana tabe olsan, o zaman biz düşmənçilik etməyəcəyik və torpaqların, qoşunların və təbəələrin özündə qalacaq.
Bizim məsləhətə qulaq asmasan, əleyhimizə getsən, düşmənçilik etsən, o zaman qoşunlarını meydana çıxart, döyüş meydanını müəyyən et, çünki biz mübarizə üçün hazırlaşıb, silahlanıb dayanmışıq. Əgər mən qəzəbli halda Bağdada hücum etsəm səni göydə də olsan tapacağam.
Əgər sənin öz qədim nəslinə yazığın gəlirsə, o zaman mənim ağıllı məsləhətimə riayət et, qulaq asmasan, o zaman Allahın iradəsinə baxacağam".
Elçilər Bağdada çatanda onları geri qaytardılar və Hülaku xana cavab yazdılar, ki, "Dost olmaq istəyirsənsə dost ol. Bizim qala divarlarıyla nə işin var. Xorasana qayıt. Yox, əgər döyüşmək qərarına gəlmisənsə, bir an da özünü itirmə, dayanma, qaçma. Mənim döyüşə yararlı süvarilərim, piyadalarım min-mindir".
Hülaku xan bu cavabı alıb qəzəbləndi. Qəti qərara gəldi ki, Bağdada hücumu başlamaq lazımdır.
1258-ci ilin yanvarında monqol qoşunları artıq Bağdadın qərb tərəfində idilər. Hülaku xan Xorasan yolu ilə hərəkət edib şəhərə şərq tərəfdən yaxınlaşdı.
Ücretsiz ön izlemeyi tamamladınız.