Kitabı oku: «Əzilsəm də susmaram!», sayfa 3
Yazı tipi:
DÖNÜR
Eşqindən güc alıb bu ilhamım da,
Duyğular qəlbimdə sellərə dönür!
Ellərin verdiyi arzu-kamım da
Yenidən baş alıb ellərə dönür!
Nə böyük bir qüdrət varmış sənətdə,
Ömürlük bağlıdır söz də, söhbət də;
Çəkilən əzab da, iş də, zəhmət də
Çiçəklərə dönür, güllərə dönür!
Fikirlər içində fikrim var deyə,
Tuturam torpaqdan, qalxıram göyə!
Xəyalım uçduqca hey gələcəyə,
Gah da ötüb keçən illərə dönür!
Batum, 1916, 11 oktyabr
BİR GÜN
Hicranlar, ələmlər, tufanlar içrə
Qısıq bir səs kimi eləcəyəm bən!
Böylə göz yaşıyla keçən ömrümün
Sonunda bir acı güləcəyəm bən!
Eşqimin nə imiş bilməm günahı?
Yıxıldı qəlbimin istinadgahı.
Nəsibim olsa da dünyanın ahı,
Bir gün göz yaşımı siləcəyəm bən!
Yaxında didarın nəsib olmasa,
Ümidsizlik bəni düşürməz yasa!
Alaraq əlimə dəmirdən əsa
Bir gün hüzuruna gələcəyəm bən!
Tutuldum tufana, sarıldım sana,
Sən ey qırıq qələm, gəl bir tüğyana!
Dözmək güc olarsa böylə hicrana,
Səninlə dərdimi böləcəyəm bən!..
QİTƏLƏR
Sən bəni bircə an gözləməsən də
Səni ömrüm boyu gözləyəcəyəm!
Sən bəni bircə yol səsləməsən də
Səni ömrüm boyu səsləyəcəyəm!
Min dəfə gülsən də, demərəm sağ ol,
Sən ey həyatıma, ömrümə qənim!
Qonmasa, gülmərəm, gülmərəm bir yol
Dodaqdan-dodağa gülüşüm mənim!
Demişdin: “Ölüm də ayırmaz bizi!”
Sənə kim demişdi, de, bu cümləni?
Demişdin: “Sən qoru, saf eşqimizi!”
Aldadıb, aldadıb oynatdın bəni?!
Sənə kim demişdi, de, bu cümləni?
Məhəbbət gələndə insan ömrünə,
Sanırsan hər yerə ilk bahar gəlib,
Məhəbbət gedəndə – lənət o günə,
Sanırsan dünyaya boran, qar gəlib!
Sanki varlığımı salırlar bəndə,
Sevən könüllərdə qəm ötüşəndə!
Alışıb yanıram səməndər kimi
Məhəbbət yanılıb oda düşəndə!
Mənə nə lazımdır gündə bir gözəl,
Onları dişimə çox vurmuşam mən.
Dost, tanış çox dedi, bir sən də düzəl,
Bu yolda özümü çox yormuşam men,
Onları dişimə çox vurmuşam mən!
Nə çoxdur dünyada qədir bilməyən,
Hər Leyli üzlüdə sədaqət olmaz!
Nə çoxdur məhəbbət nədir bilməyən,
Hər Şirin gözlüdə məhəbbət olmaz!
Hər Leyli üzlüdə sədaqət olmaz!
Səndən dövlətlisi gələndə ona,
Bir su qiymətinə satacaq səni!
Səndən şöhrətlisi güləndə ona,
Əlüstü bir yana atacaq səni,
Bir su qiymətinə satacaq səni!
Deyirlər, gözəllik gəldi-gedərdir,
Gözəllik odur ki, duyanı olsun!
Gözəllik odur ki!.. Yoxsa, hədərdir,
Başını bu yolda qoyanı olsun!
Gözəllik odur ki, duyanı olsun!!
Sevda yollarında ağlamayan kəs,
Dünyanın zövqünü duya bilərmi?
Sevda yollarında çağlamayan kəs,
Dağları, daşları oya bilərmi?
Dünyanın zövqünü duya bilərmi?!
Könül bir budaqdır, cavan yaşında
Gündə çiçək açan gülə bənzəyir!
Yarımın sevdası gəzir başımda,
Min səsli, sədalı telə bənzəyir!
Gündə çiçək açan gülə bənzəyir!
Hicran istəyənə vüsal nə lazım?
Qəm, kədər çəkənə gün nə gərəkdir?
Həqiqət sevənə xəyal nə lazım?
Nalə qoparana ün nə gərəkdir, -
Qəm, kədər çəkənə gün nə gərəkdir?!
Sən güldükcə mən ağlaram, mən ağlaram!
Sən susduqca mən çağlaram, mən çağlaram!
Sən atdıqca mən saxlaram, mən saxlaram!
Məhəbbəti, etibarı!
Məhəbbəti, etibarı!
Dünyaya yas tutdum ürəyimdə mən,
Axan göz yaşımı silən olmadı!
Cahanı güldürüm, diləyimdə mən,
Özümün dərdimi bilən olmadı, -
Axan göz yaşımı silən olmadı!!
Batum, 1916, sentyabr-oktyabr
SEVMƏSƏYDİM SƏNİ MƏN?
İnanmadın sözümə,
Bir gülmədin üzümə.
İllər məni ucaltdı,
İllər məni qocaltdı.
Deyirəm öz-özümə:
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!
Bağda çiçək dərəndə,
Dosta töhfə verəndə;
Hey düşürsən yadıma,
Yanıram öz oduma!
Bir gözəl gül görəndə,
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!
Yaylağa çıxanda da,
Dost əli sıxanda da;
Yollar çənə bürünür,
Dağdan duman sürünür!
Bir qıza baxanda da,
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən?!
Quşlar qanad çalanda,
Çölə haray salanda;
Yenə səni anıram,
Andıqca da yanıram?
Könlüm ilham alanda,
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən?!
Gəzib çölü, çəməni.
Ən gözəl bir nəğməni,
Durub dinləyəndə mən
Yadıma düşürsən sən.
Rahat qoymursan məni!
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!
Hər gün söküləndə dan,
Oğrun-oğrun uzaqdan
Gözlərimə baxırsan,
Ürəyimə axırsan!
Hər şeir yazan zaman:
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən!
Sevməsəydim səni mən?!
ŞÜKRİYYƏM ÜÇÜN
Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz!
Kam aldım ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz!
Söylə yadındamı Çakva, Batumi?
Ovladın könlümü, çaldın ruhumu!
Kamana dönmüşdü qəlbimin simi,
Hurini, mələyi görmərəm sənsiz!
Nə çoxdur dünyada qənirsiz pəri!
Gözümə görükməz daha heç biri!
O qızıl saçları, ipək telləri
Əl atıb birini hörmərəm sənsiz!
Məndən xoşbəxt varmı dünyada, deyin?
Ey telli yavrusu Süleyman bəyin!
Bəxtim tərlan imiş: yeyindən, yeyin!
Heç kəsə bu bəxti vermərəm sənsiz!
Səninlə gəzərəm eldən-elə mən,
Bataram, çıxaram seldən-selə mən.
Düşsəm də ağıza, dildən-dilə mən,
Yaşaya bilmərəm bir kərəm sənsiz!
Sonatək göllərdə üzsən də mənsiz,
Quş olub göylərdə süzsən də mənsiz;
Sən Əsli qalsan da, dözsən də mənsiz,
Alışıb yanaram mən Kərəm sənsiz!
Şükriyyə taleyim, şükür Xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürəyimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!
Əvət, bu sevdanın səfası çoxdur,
Sevdasız həyatın mənası yoxdur!
Gözlərin yıldızdır, kirpiyin oxdur,
Ürək qubar olar – can vərəm sənsiz!..
Şerimin sözüsən, sözün – ahəngi!
Üzündə bərq vurur güllərin rəngi!
Xəyalın, camalın gözəl çələngi!
İlham yetim qalar, ağıl – kəm sənsiz!
Gəncə, 1917
QURBAN OLDUĞUM
Bir xeyli zamandır getdi, gəlmədi,
Əhdi peymanına qurban olduğum!
İstədi can verdim, qədir bilmədi,
O şirin canına qurban olduğum!
Dedim: ayrılığa yoxdur tavanım,
Ayrılıb getməsin sərvi-rəvanım!
Bir daha dönməzmi yosma tərlanım,
Adına, sanına qurban olduğum!
(O təmiz qanına qurban olduğum!)
Mən hey göyə baxdım, göy mənə baxdı,
Göylərə baxmaqdan gözlərim axdı!
Şimşək oldu, ancaq bir dəfə baxdı,
Baxdı qurbanına qurban olduğum!
Könül vermək istər bir müjdə yenə,
Sevgili yurdumun gözəllərinə!
Şerimə can verib, göylərdən enə,
O haqq divanına qurban olduğum!
O mənim şerimin ruhu, rəvacı,
Bütün gözəllərin başının tacı!
Bilməzmi ki, onsuz ömrüm çox acı,
Şöhrətü şanına qurban olduğum!
Gözəlliklər yapma, duyğular cansız,
Mənə tən eyləyir hər yetən qansız.
Atılan oxlardan çıx gəl ziyansız,
Namü nişanına qurban olduğum!
Bir gecə yatmışdım qəmli, mükəddər.
Qəlbimi sıxırdı sonsuz fikirlər.
Birdən Günəş doğdu, açıldı səhər,
Baxdı gözlərimə o qumral gözlər!
Səsimə oyandım, bomboş bir otaq,
Dağların qarına dönmüşdü yataq.
Eşqimə, duyğuma yoxdu bir ortaq,
Bu iyi dünyada ixtilat qataq!
Batum, 1916
GƏNCƏDƏN GƏLİRƏM…
Gəncədən gəlirəm, yüküm üzümdü,
Gəncənin əsgəri düzüm, düzümdü.
Bir əmim qızı var, iki gözümdü,
Özgəyə vermərəm, mən özüm allam,
Şirin qadasını canıma sallam!
Aşıq şerindən
Gəncədən gəlirəm, yüküm xurmadı,
Gəncənin yollan burma, burmadı.
Gəncədə bir qız var, teli durnadı,
Günəşə sən çıxma, mən çıxım deyir!
Gəncədən gəlirəm, yüküm çiçəkdi,
Gəncənin gülləri ləçək-ləçəkdi.
Gəncədə bir qız var, adı Çiçəkdi,
Quşlara sən uçma, mən uçum deyir!
Gəncədən gəlirəm, malım nə maldı,
Gəncədən aldığım ipəkdi, şaldı.
Gəncədə bir qız var, adı Maraldı,
Ceyrana sən qaçma, mən qaçım deyir!
Gəncədən gəlirəm, yüküm xınadı,
Könlüm dəli quşu ona qonadı.
Gəncədə bir qız var, adı Sonadı,
Sulara sən axma, mən axım deyir!
Gəncədən gəlirəm, sözə bənd olub,
Gəncənin meyvəsi şəkər, qənd olub.
Gəncədə bir qıza gözüm bənd olub,
Cavada sən baxma, mən baxım deyir!
“Səhər zamanıydı əsərkən yellər”
Səhər zamanıydı əsərkən yellər,
Düşərkən jalələr oyatdı səni.
Çatıldı qaşların, darıldın bana,
İslatdı jalələr nazik bədəni.
Bütün bir səhəri yanılıyordum,
Boş qalmış qoynuna çiçək doldurdum.
Gülzarına Quran deyə əl vurdum,
İnanmadın niyə, bilmədin yəni?
And içdim ki, könlüm sənsiz yaşamaz.
Ağlar sənsiz, sınıq, o bir telli saz.
Qollarına verdin o dəm bir pərvaz,
Oxşadın sinənə cansız düşəni!
Şimdi sənsiz xəstə könlüm sərsəri,
Dolaşıyor, durur qürbət elləri.
Ey məni bir dəfə güldürən pəri,
Ağlar neçin qoydun illərcə məni?
BƏNZƏRDİ
Bayılırkən gözlərindən, qaşından,
Sevirkən onu pək gənc yaşından;
Bənim çaldı ürəyimin başından,
Bir yılan ki, göyərçinə bənzərdi!
İtirdim hədəfi, qırıldı yayım,
Bu şikardan bənim yoxdur bir payım.
Başqa Tanrı göstər, ona tapayım,
Sənin eşqin, çünki dinə bənzərdi!
Keçirdim dərd ilə çox qışı, yazı,
Həsrətlə bəklərkən o sərvinazı!
Uzatdı əlimə qırılmış sazı,
Çaldım… nəğməm bir ölümə bənzərdi.
Hörürdüm saçını bir qəzəl kimi,
Çıxırdın qarşıma bir gözəl kimi!
Əski şair yazmış bir məsəl kimi
Baxışların bir şahinə bənzərdi.
Bilməm ki, şəfəqsən, ruhsan, xülyasan?
Həqiqətmi parlar, yoxsa röyasan?
Saçında çiçəklər, sən Ofelyasan!
Onun saçı, səninkinə bənzərdi!
Hamlet, “Azərbaycan", 1919, 19 oktyabr
LEYLA
Deyirlər Qarabağ bir cənnət imiş,
Bəslərmiş qoynunda gözəllərini!
Məndə qüdrət yoxdur qələm çalmağa,
Tərif eyləməyə ancaq birini.
O gərgin qaşların kölgəsindəki,
Can alıb, can verən gözlərə qurban!
Bugünkü Leylanın xoş səsindəki
Mənalı, mənasız sözlərə qurban!
Qurban qəbul edib töksə qanımı,
Nəyi var şairin, verər canını?!
Qəmzəsi qan olan, gərdişi əla,
Doğrudan gözəldir, göyçəkdir Leyla!
Çiçəklər qoynunda bəsləmiş əndam,
Çıxdı dodağında badənin canı.
Gözəlsən, incəsən, qur yeni bir dam,
Əsir et, qul eylə mahi-tabanı.
Böylədir önündə hər yeni şair,
Yeni bir yol bular, bir əməl bəslər.
Mənim təbiətdən istəyim budur,
Çoxalsın yurdumda böylə gözəllər!
Könül tazalandı sitayişindən,
Könüllər sultanı, ellər gözəli!
Qorxum var dünyanın bircə işindən,
Mümkünsə dəyişdir qələm-əzəli!
Söylə ki, çiçəklər solmasın, Leyla!
Mənim qorxduğum hal olmasın, Leyla!
Dolansın başına ulduzlar, aylar,
Bu köhnə dünyanın Leylası da var!
Gözəllər toplaşıb olsunlar bacı,
Leyla da onların başının tacı!
1934
BEYTLƏR, ÜÇLÜKLƏR VƏ DÖRDLÜKLƏR
Ovçu bilməz, xəyalının öz səsidir,
Öz qəlbinin, öz eşqinin nəşəsidir?!
Bu səs bəzən bir quş olur,
Bir budağa qonmuş olur,
Ötür yoncalı bağda!
Bəzən baxarsan bir maral,
Əndamının hər yeri xal, -
Gəzər dumanlı dağda!..
İlk baharın ilk nəfəsi,
Coşan eşqin bir həvəsi;
Nə olursa, olsun adı,
Səsdir ruhumun qanadı!
Ancaq mənim duyduğum səs,
Bu səslərə heç bənzəməz.
SƏSLƏR
1. Bu səsi mən duymadım,
Ağlayan dərdli neydən.
2. Bu səs bambaşqa şeydi
Qəzəldəki gileydən.
3. Bu səsi duyammadım
Mövləvi dərgəhindən.
4. Bu səsi duyammadım
Bağrı yanıq bülbülün
Sızlayan cəh-cəhindən.
5. Mən bunu eşitmədim
Bəzmin ayaqlarından
Mey soran saqilərin
Gülgün dodaqlarından.
6. Mən bunu dinləmədim
Hicranı vüsalından
Daha çox sürən yardan.
Sızıldayan kamandan,
Qüssəli, qəmli tardan.
7. Nə mümkündür durulsun
Böylə imanlı bir səs.
Xayır, mənim duyduğum səs
Bunlara heç bənzəməz.
Bu səsi mən duymadım
Əski dövr ozanından.
Küsəgən camelərin
Titrəyən əzanından.
Bunun yanında söndü
“Ərkinəqon” nağılı.
Bundan bir şeymi anlar
Ərənlərin ağılı?!
Tarixə sordum bir gün
Haqqında əbəs, əbəs.
O da heç görməmişdir
Böylə uğurlu bir səs.
8. Çox danışdım könlüm ilə,
Birdən gəldi qəlbim dilə,
Dedi: bəzən keçmişdə;
Böylə səslər doğulmuş.
O yalınqat səslər də
Beşiyində boğulmuş.
Mən özüm də doğrusu
Bu səsin heyranıyam.
Cansızlara can verən
Nəfəsin heyranıyam!
Bu səsin Məcnunudur
Musiqi, sənət, şeir.
Çünki bu qoç döyüşlü
Bir sinifin səsidir.
Budda böyük adı ilə,
Musa öz inadı ilə;
İsa qanlı xaçı ilə
Xaçilə, torpağilə;
Məhəmməd Quranilə,
Qılıncı, qalxanı ilə;
Dinlədiyim səsdir, o səs,
Heç bir səsə bənzəməz!
Bən səninçün bəzəmişəm yolları,
Sənin üçün sevdim qürbət elləri!
NƏ YAZIM
Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!
Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
İşıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!
Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu – pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!
Dərbənd, 3 may, 1920
BUNUMU İSTƏRDİN
Çoxdan bəridir ki, bu zavallı könlüm,
Mən səndən aldığım nur ilə yaşayır.
Sənin yadigarın ruhumdakı bu ölüm,
O coşmaq istəyir də, yazıq ki, coşmayır.
Qaranlıq bir yolda söndürdün çırağımı,
Öylə zənn etdin ki, bir daha yanmayacaq.
İndi bir nazənin almaqda sorağımı,
O keçən yolların qurbanıyam ancaq!..
Mən and içmişdim ki, o gün səndən sonra
Yalvarmayacağam artıq heç bir gözələ.
Ancaq günlər keçdi, sağaldı köhnə yara,
Bax onun qəlbimdə yox bir nişanı belə!
Mən artıq əvvəlki sərsəri deyiləm ki,
Sənin dizlərində tökəm göz yaşımı?!
Bu kəskin üsyanı, sən anlamazsan bəlkə?
Bir başqa mehraba əyməkdəyəm başımı!
İstədiyim kimi, sən qalx, onları dara,
Artıq nə mənası vardır, ağarmış tellər?!
Qaldır şu güzgünü, vur dilsiz divara!
Və sonra üzünü qaranlıqlara göstər.
O QIZA
Əli Nəzmiyə
Ömür dedikləri, çarpaşıq bir yol,
O çarpaşıq yolun yolçusuyam mən.
Gəl, yolum üstündə bir sözüm vardır,
Gözəl qız, bu yolda Xızırım ol sən!
Sevda dedikləri çılğın bir dəniz,
Bən çıxdım dənizə, qaldım yelkənsiz.
Bən ölmək, qurtarmaq istəməm sənsiz,
Sənsiz hər ikisi nə gündür bilsən?!
Söylərsəm dərdimi göydə yıldıza,
Olur pək pərişan dərd yaza-yaza…
Bir soran yoxdur ki, o gözəl qıza -
Verdiyi dərdlərin dərmanı kimdən?!
Çılpaq omuzlara pərişan tellər
Tökülər, aşiqi pərişan eylər.
Neyləyim, dərd bilən deyil bu ellər,
Ağla, yazıq könlüm, yoxdur bir kimsən.
Gəncə, 1919, 5 mart
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
18 ekim 2022ISBN:
978-9952-8450-6-4Telif hakkı:
JekaPrint