Kitabı oku: «Daş yuxular. Rekviyem romanı», sayfa 9
– Bəs axı indicə bir söz dedi. – Doktor Abasəliyev, sual dolu, çaşqın gözlərilə yazıq-yazıq Fərzaninin üzünə baxdı.
– Hə, ağzından bir səs çıxdı, deyəsən. Bu gərək çoxdan danışaydı. Məsələ çox uzandı.
– Bəs bunu əvvəldən niyə demədiz?
Doktor Fərzani ərkyana məzəmmətlə:
– Heç ağzımızı açmağa qoydun ki!.. Bizlərdən 340 il o tərəfdə – o köhnə əyyamlarda Əylisdə özün üçün kef eləyirdin. Heç bizi görürdün ki! – Doktor Fərzani ürəkdən gülə-gülə ucadan dedi və sonra səsinin tonunu dəyişib, ciddi maraqla soruşdu: – O Əylisdə, doktor, doğrudan, elə adamlar olub?
– Olub, bəli! O Əylisdə bir vaxt Allah kimi insanlar yaşayıb. Su çəkiblər, bağ salıblar, daş yonublar. Gedib, min zülmünən orda-burda pul qazanıb, gətirib o Əylisin hər qarışın cənnətə döndəriblər. 18-19-cu illərdə türk ordusu Əylisi dağıdıb gedəndən sonra kəndin müsəlman camaatı erməni xarabalarında hələ də hər gün qızıl axtarır. Torpağı belləyəndə də hamı elə bilir ki, yerdən qızıl çıxacaq. Qəbirləri sökürlər, kilsələrin divarlarının dibini qazma ilə qazdıqca qazırlar. Əylisin müsəlmanı gecə yuxusunda da erməninin qızılını görür. O qızılnan ki, erməni yerin dibindən su çıxarıb – dağın-daşın arasından Əylisin hər yerinə fayton yolu çəkdirib. Dəhnə tikib. Çayın yatağı boyunca hər yerdə sal daşdan hörgü hörüb. Küçələrin hamısına seçmə çay daşı döşəyib. O qızılın hesabına Əylisdə 10-dan çox möhtəşəm kilsə tikilib. O kilsələrin hər biri bəlkə bir ton qızıla başa gəlib.
– O kilsələrin bir-ikisi bizim Urmiyədə də vardı. Ancaq o zonada ermənilərin ən böyük kilsəsi, deyəsən, Maku tərəfdəydi. Mən balaca uşağıdım, amma bizim Urmiyə ermənilərinin də yığışıb, ildə bir-iki dəfə o kilsəyə ibadətə getməyin görmüşdüm. O kilsənin adı, deyəsən, Qara kilsəydi. – Öz uşaqlıq vətənini birdən yada salmış doktor Fərzani az vaxtda xeyli kövrəlmişdi.
– Bildim, bildim! Makudakı monastırı deyirsən. – Sevimli mövzusuna qayıdan doktor Abasəliyevin marağı təzədən coşmağa başladı. – O monastır Makudan 30–40 kilometr aralıda, İranla Türkiyənin sərhədində olmalıdır. Çaldıran yamacının yaxınlığında. O dərədə İsmayıl şah türk ordusuna məğlub olub. Sonra nəşəni-tiryəki xorlaya-xorlaya, oturub ölənəcən şer yazıb. O monastır bir o qədər də qədim monastır deyil. Ermənilərin xristianlığı qəbul eləməyindən, təxminən 600 il sonra inşa olunub. O ətrafda başqa bir böyük monastır da olmalıdır – Keşiş Tatevosun monastırı. O Tatevos 71 il ömür yaşayıb. İsa Məsih dininin güclü təbliğatçılarından olub. Dini, tarixi mövzularda bir neçə kitab yazıb. Bizim Əylıisdə də olub, deyəsən. Ancaq onun Əylisdə nə vaxt olduğunu dəqiq bilmirəm.
İndi xəstə öz uzaq aləmindən doktor Abasəliyevə hədsiz heyrətlə baxırdı.
Bu dilli-dilavər gümrah qoca Saday Sadıqlıya tanış gəlirdi və artist haçansa, haradasa gördüyü bu adamın kim olduğunu sanki var gücü ilə yada salmağa çalışırdı. Qadınlar səbirsizliklə bu kilsə, keşiş, Əylis söhbətinin qurtarmağını gözləyirdi. Və xəstənin vəziyyəti barədə danışmağa bu dəfə Münəvvər xanım başladı:
– Yaraları tez sağaldı, doktor. – Şəfqət bacısı doktor Abasəliyevə deyirdi. – Qolunun birində çıxıq vardı, əlinin barmaqları da 3 yerdən çıxmışdı, 4–5 günün içində bitişdi hamısı. Sınığının da heç bir qorxusu yoxdu, barmaqların rahatca tərpədir. Bədən cavandı, möhkəmdi, sınığı da, inşallah, tez bitişəcək. Beyin silkələnməsinin fəsadları çox olur. Siz bunu hamıdan yaxşı bilirsiz. Ancaq, doktor, 10 gün az vaxt deyil. Xəstə indiyəcən, heç olmasa, danışmalıydı. Xəstəni, bəlkə, vaxt ikən Moskvaya aparmaq lazımdı? Fərid Qasanoviçlə Azadə xanım da bu fikirdədi.
– Anqioqrafiya eləmisən? – Doktor Abasəliyev Fərzanidən soruşdu.
– Dünən kraniqrafiya eləmişəm. Bizdə anqioqrafiya aparatı yoxdu.– Doktor Fərzani fikirləşdi. – Münəvvər xanım düz deyir, Moskvaya götümək məsləhətdi. Ancaq bunu yerindən tərpətmək də indi çox təhlükəlidi. Bir az da gözləyək, görək. Ancaq Moskvasız ağlım bir şey kəsmir. – Doktor Fərzani müqəssircəsinə Azadə xanımın üzünə baxdı və başını aşağı salıb durdu.
Bir müddət heç kəs cınqırını çıxarmadı.
Sonra doktor Abasəliyev başqa bir pis xəbərlə o hüznlü sükutu pozdu:
– O Nüvariş bildin də neynədi, Asya?
– Yox. Bəyəm nə olub ki, Nüvarişə?
– Deyirlər, evinin balkonundan özünü yerə atıb.
– Kim deyir? – Azadə pıçıltılı, titrək səslə soruşdu.
– Mərdəkanda çörək dükanında arvadlar danışırdılar. Ölməyin mən özüm də 3–4 gün bundan qabaq radioda eşitmişdim. Ancaq özün balkondan atmağın bilmirdim.
– Deyirəm axı, bu niyə görsənmir buralarda? – Doktor Fərzani dedi. – Ay zalım, ay zalım, bu da kəndirbazlıq eləməyə vaxt tapdı.
– Allah rəhmət eləsin! – Münəvvər xanım başını-bədənini dərdli-dərdli yırğalaya-yırğalaya dedi.
Və o gün səhər o palataya az qala uça-uça girən doktor Abasəliyev günortaya yaxın acza qalanda tamam başqa bir görkəmdə xəstəxanadan çıxıb, Mərdəkana yollandı.
Saday isə o dünyadan hələ qayıtmamışdı.
Bu dünyanın sarımtıl-çəhrayı işığından hörülmüş uca-uca divarlar boyunca, bir qara və qəşəng tülkü balasını pusa-pusa, nə zamandan bəri yol gedən o 4, ya 5 yaşlı uşaq indi kəndin aşağı məhəlləsini yuxarı məhəlləsindən ayıran dikin başında – rəngi günəşin işığında bir azca qırmızıya çalan – boz dağın döşünə sığınmış Daş Kilsənin lap yaxınlığındaydı. Havadan ceviz yarpağının acımtıl tünd qoxusu, həm də səpsərin su iyi gəlirdi. Çünki yolun qırağındakı bir uca ceviz ağacının yaşıl budaqları hər tərəfdən uşağın dayandığı o dikin üstünə sallanmışdı və Daş Kilsənin altındakı daş ovdandan axan gur suyun şırıltısı hər yeri ağzına götürmüşdü.
O qara və qəşəng tülkü balası indi o ceviz ağacının yarpaqları arasında, körpəcə uşaq kimi sevinə-sevinə, yenə atılıb düşürdü, gizlənib görünürdü və uşaq o tülkü balasını gözdən qoymaq istəmirdi. Ancaq uşaq həm də su içmək istəyirdi. Susuzluqdan uşağın başının-beyninin az qala içi də od tutub yanırdı. Və yaxındakı o daş ovdandan şırıltı ilə axıb, yolun ağzındakı xırdaca daş hovuza tökülən o sərin su uşağı maqnit kimi özünə çəkirdi. Ancaq o tülkü balasını gözdən itirməyin qorxusu onu suya yaxın düşməyə qoymurdu.
Sonra uşaq o bala tülkünün ceviz ağacından atılıb, yaxındakı daş divarın üstü ilə yenidən yol başladığını gördü. Sevinib, ürəklənib o şırhaşır axan suya, nəhayət, yaxınlaşa bildi. Ovcunu şırşırın altına tutdu. Ancaq o suyun bir damcısı da uşağın ovcuna düşmədi. Öz ovcunun içində uşaq bir zərrə sərinlik duymadı, əksinə, bir – ürəkbulandıran – isti hava duydu. O şırhaşır axan suda beyninin yanğısını söndürmək üçün uşaq başını ovdanın altına soxdu. Ancaq onun bu istəyi də alnmadı, o gur su uşağın beynindəki yanğını söndürə bilmədi. O qara və qəşəng tülkü balasını həmişəlik gözdən itirməyin bütün dəhşətini də uşaq məhz bu zaman hiss elədi. Haradasa tüfəng atıldı və açılan güllənin səsi, qaynar qurğuşun kimi, uşağın qulaqlarına doldu. Və o güllənin harda atıldığını bilmək üçün uşaq son gücünü toplayıb, başını qaldıranda əvvəlki uca və işıqlı daş divarların yerində Əylisin – palçıqdan hörülmüş – adicə bir boz divarını və o divardan üstdən-aşağı yağış suyu kimi süzülən alqırmızı qan gördü.
Və o qan o palçıq divardan hələ süzülüb axmaqda ikən haradasa bir uca Kilsənin çat verib cadar-cadar olmuş divarları arasında nə zamandan bəri, bir qara xəbər kimi dolaşan o səs də indi o tüfəngdən açılan güllənin səsinə qarışıb, bir qara bulud kimi göyün üzünə qalxdı. Və o güllənin harda açıldığını görmək üçün xəstə güc-bəla başını qaldırıb, göyə baxanda göyün nəhayətsiz ucalığında “Göyərçin bazarı” deyilən “Vurağırd” kilsəsinin çat vermiş divarını gördü.
1990-cı ilin yanvar ayının 12-si, cümə günü, axşamtərəfiydi.
Başının bir dəstə arvadı ilə şəhərin küçələrində bütün günü şüar deyib, xalqı azadlıq mücadiləsinə çağıran Savalan Turanlı indi, axşamtərəfi, Parapet bağının yanındakı erməni kilsəsinin qabağında növbəti mitinq keçirirdi. Qulaməli Qasımovun adamları bəlkə bir saatdan çox olardı ki, kilsəyə od vurmuşdu. Ancaq kilsə hələ də əməlli-başlı alışmaq bilmirdi və işin bu tərəfi şairin başına toplaşan bir neçə ərsiz, vətənpərvər arvadı xüsusilə hövsələdən çıxarırdı.
Azadə xanımla Münəvvər xanım Saday Sadıqlının cənazəsini, xəstəxananın maşınında, Göy məsciddə yudurtmağa aparırdı.
Xəstəni insultdan hifz edə bilməyən doktor Fərzani – yorğun və yazıq bir görkəmdə – öz kabinetində oturub, qızının Moskvadan zəng eləməyini o axşam xüsusi təlaş və nigarançılıqla gözləyirdi.
Parapet bağının yanındakı kilsənin pəncərələrindən çıxan qara tüstü, get-gedə arta-arta, 1990-cı ilin 13 yanvarının qara gecəsinin qan qoxulu havasına qarışırdı.
Doktor Abasəliyev Mərdəkanda hələ ki hər şeydən xəbərsiz idi.
Və o Əylisin kilsələrində gecələyən göyərçinlər hələ öz yuvalarında asudə yatırdılar.
Naşir tərəfindən
Vaxt gələcək ki, Azərbaycan və Türkiyə erməni xalqının soyqırımına görə cavab verməli olacaqlar. 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasında baş verən qətllərə, 1988-1989-cu illərdə Bakı və Sumqayıtda baş verən amansız qətllərə, birinci və ikinci Qarabağ müharibələrində həlak olanların hamısına görə. Ədalət qalib gəlməlidir.
Oxumağı da tövsiyə edirik:
Levon Zaven Surmelyanın" xanımlar və cənablar, sizə müraciət edirəm"
Avstriya-bohem yazıçısı Franz Tersanenin "Musa-dağın qırx günü"
Saday Şakarlinin "qurd ürəyi"