Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Üç Muşketyor»

Yazı tipi:

BİRİNCİ HİSSƏ

Atanın üç hədiyyəsi

1625-ci il aprel ayının ilk bazar ertəsi Menq qəsəbəsində aləm bir-birinə qarışmışdı. Uşaqların çığırışdığını, arvadların baş küçəylə qaçdığını görən kişilər tələsik zireh geyinir, kimi balta, kimi muşketlə silahlanıb “Azad dəyirmançı” meyxanasına sarı yüyürürdü.

Çaxnaşmaya səbəb on səkkiz yaşlarında qarayanız, boyu yaşına görə uca bir oğlan idi. Belindən uzun qılınc asılmış oğlanın atı da vardı. Qısaquyruqlu kürən yabının yorğun, qoca görkəmi, qəribə yerişi dərhal hamının diqqətini çəkirdi. Atlının özü də bunu bilirdi, yabını atasından hədiyyə alanda nahaq yerə dərindən köks ötürməmişdi.

Qaskoniya əsilzadəsi ata Dartanyan oğlunu muşketyorların kapitanı, yəni kralın fəxr etdiyi qəhrəmanlar legionunun başçısı cənab de Trevilin yanına göndərəndə ona bir çox məsləhət vermişdi. Demişdi ki, əsilzadə adını şərəflə qorusun, cənab kardinalla kraldan başqa heç kəsin yanında özünü əskik tutmasın, qoçaq olsun, həmişə macəra axtarsın, hər fürsət düşəndə vuruşsun, mərdliklə özünə yol açsın.

O, qarayanız, boyu yaşına görə uca bir oğlan idi. Onun atının yorğun yerişi dərhal hamının diqqətini çəkirdi.


Cavan oğlan atasının verdiyi on beş ekü pul, bir at, bir də cənab de Trevilə yazılan məktubla həmin gün Parisə yola düşmüşdü.

Hər təbəssümü təhqir, hər baxışı vuruşa dəvət sayan Dartanyan Menq qəsəbəsinə çatana qədər azı on dəfə əlini qılıncının qəbzəsinə atdı. Ancaq nə yumruğu bir çənəni əzdi, nə qılıncı qından siyrildi. Kürən yabının görkəminə gülümsəyənlər at belindəki cavan oğlanın qəzəblə parıldayan gözlərinə, bir də uzun qılıncına baxıb öz təbəssümlərini bacardıqca gizlədirdilər.

“Azad dəyirmançı” meyxanasının qarşısında atdan düşəndə aşağı mərtəbənin açıq pəncərəsi önündə onun gözünə zahirən təmkinli görünən qırx-qırx beş yaşlarında ucaboy bir əsilzadə dəydi. O, yanındakı iki adama nəsə deyirdi, bu adamlar da onun danışdığına uğunub gedirdilər. Onlara qulaq asanda Dartanyan başa düşdü ki, söhbət onun atından gedir.

Dartanyan bir əlini belinə qoydu, o biri əlini qılıncının qəbzəsinə uzadıb qəzəblə qışqırdı:

– Ey, cənab! Nəyə gülürsünüz, deyin, bir yerdə gülək!

Naməlum adam meyxanadan bayıra çıxıb Dartanyanın atına yaxınlaşdı. O, təmkinini pozmayıb Dartanyanı istehza ilə süzdü:

– Mən sizinlə danışmıram, cənab.

– Ancaq mən sizinlə danışıram! – Dartanyan qışqırdı. – Bəzi adamlar ata rişxənd etsə də, at yiyəsinə gülməyə cürəti çatmaz!

Naməlum adam gənc oğlanın sözlərinə əhəmiyyət verməyib meyxanaya tərəf yönəldi. Dartanyan onun arxasınca yüyürüb qılıncını siyirdi. Əsilzadə kənara sıçramasaydı, yəqin ki, axırı heç yaxşı olmayacaqdı. O da qılıncını çəkdi, elə bu vaxt meyxana sahibiylə birlikdə onun iki həmsöhbəti əllərində bel, dəyənək Dartanyanın üstünə atıldılar. Dartanyan nə qədər bacarıqla müdafiə olunsa da, nəhayət, taqətdən düşdü və ağac zərbəsi ilə iki parça olmuş qılıncını əlindən saldı. Başqa bir zərbədən alnı çapıldı, sir-sifəti qan içində yerə yıxıldı.

Meyxana sahibi onun başına bir iş gələcəyindən qorxub qulluqçuların köməyi ilə yaralını tələsik mətbəxə apardı.

Sonra naməlum adam meyxana sahibindən öyrəndi ki, cavan oğlan huşunu itirməmişdən qabaq cənab de Trevilin adını çəkib, onun himayəsində olan adamı təhqir etdiklərinə görə peşman olacaqlarını deyib. Həm də cibindən cənab de Trevilə yazılmış məktub tapılıb.

Əsilzadənin qaşları düyünləndi: “Yoxsa bu adam qiyafəsini dəyişmiş əsilzadədir? De Trevil, doğrudanmı, bu qaskoniyalını mənim dalımca göndərib? Bəs görəsən, o məktubda nədən danışılır?!”

Dartanyan artıq özünə gəlmişdi. Pəncərədən baxanda düşməninin bir xanımla söhbət etdiyini gördü. Bu qadına iyirmi yaş vermək olardı. Onun gözəlliyi cavan oğlanı heyrətə saldı. Üzü solğun, yanaqları ağ idi, çiyinlərinə düşən qıvrım hörükləri, iri göy gözləri, çəhrayı dodaqları, qar kimi ağappaq əlləri vardı.

– Deməli, kardinal həzrətləri1 mənə əmr edir ki…

– Dərhal İngiltərəyə qayıtmalı, hersoq2 Londondan çıxarsa, kardinalı xəbərdar etməlisiniz. Tapşırıqlar bu zərfdədir. Mən isə Parisə qayıdıram.

Bu söhbəti eşidən Dartanyan bağırdı:

– Əminəm ki, qadının hüzurunda qaçmağa cürət etməzsiniz.

Əsilzadənin qılınca əl apardığını görən miledi onu tələsdirdi:

– Gedin, gedin, kiçik bir ləngimə hər şeyi məhv edə bilər.

Əsilzadə tez atına mindi. Qadının kareti də hərəkətə gəldi.

– Qorxaq, əclaf, riyakar! – Dartanyan qışqırıb atın dalınca yüyürdü. Ancaq yaralı olduğundan heç onca addım qaçmamış küçənin ortasında yerə yıxıldı.

Ertəsi gün Dartanyan meyxana sahibi ilə hesablaşıb getməyə hazırlaşanda de Trevilə yazılmış məktubun itdiyindən duyuq düşdü. Bildi ki, məktubu dünən dalaşdığı adam oğurlayıb.

O öz kürən yabısını minib macərasız-filansız Parisin Sent-Antuan darvazasına yetişdi. Orada atı dəyər-dəyməzinə satıb pay-piyada şəhərə girdi. Parisi gəzib-dolaşıb cibindəki qəpik-quruşa uyğun bir çardaq kirayələdi. Sonra dəmirçi bazarına gedib qılıncına yeni tiyə düzəltdirdi.

Səhər saat doqquzda Dartanyan yuxudan oyandı və atasının sözlərinə görə, ölkədə üçüncü şəxs olan məşhur cənab de Trevilin yanına getməyə hazırlaşdı.

Cənab de Trevilin dəhlizində

Muşketyorlar kapitanı qaskoniyalı de Trevil öz karyerasına Dartanyan kimi başlamışdı. Yəni pulsuz-parasız əyalətdən gəlib ağlı, zirəkliyi, cəsarəti sayəsində saray pillələrini üç-üç, dörd-dörd qalxmışdı. Onun səliqəsiz geyinən muşketyorları meyxanaları, bazarları, qumarxanaları gəzib bağıra-bağıra mahnı oxuyur, bığlarını bura-bura qılınclarını cingildədir, kardinalın qvardiyaçılarına rast gələndə onlarla vuruşurdular. Muşketyorlar dustaqxanaya düşməkdən qorxmurdular, çünki de Trevil həmişə onların dadına çatırdı.

Cənab de Trevilin “Köhnə göyərçin hini” küçəsindəki evinin həyəti yayda səhər saat altıdan, qışda saat səkkizdən düşərgə kimi olurdu. Əlli-altmış muşketyor həyətdə əmrə müntəzir gəzişirdi. Onlardan başqa, ev xahişə gələnlə, muşketyorluğa yazılmaq istəyənlə dolu olurdu.

Həmin gün də de Trevilin qapısında adam çox idi. Pilləkəndə muşketyorlar qılınclaşıb oyun çıxarırdılar, artırmada qadınlardan, dəhlizdə isə saraydakı yeniliklərdən danışırdılar. Buradakı söhbətlər, bütün Avropanı qorxuya salan siyasətin açıq-saçıq tənqidi Dartanyanı heyrətə gətirdi. Hətta kardinalın şəxsiyyətinə lağ edirdilər, onun əyri ayaqlarını, donqar belini məsxərəyə qoyurdular.

Dartanyan qorxu içində düşündü: “Yəqin, bu cənabları tutub asacaqlar. Söhbətlərini eşitdiyimə görə məni də onlarla əlbir sayacaqlar. Kardinala hörmət bəsləməyi tapşıran atam belə allahsızlar içinə düşdüyümü bilsə, görəsən, nə deyərdi?”

Dartanyan yavərə yaxınlaşıb kapitanın yerlisi olduğunu xüsusi vurğuladı, onunla görüşməyə icazə almasını xahiş etdi. Sonra oradakıların paltarına, görkəminə tamaşa etməyə başladı.

Ən coşqun dəstənin ortasında dayanan məğrur simalı ucaboy bir muşketyor hamının diqqətini özünə çəkirdi. Söhbətdən onun adının Portos olduğunu bildi. Aramis adlanan o biri muşketyor Portosa əsla bənzəmirdi. Onun iyirmi iki-iyirmi üç yaşı olardı. Üzü mülayim, gözləri qara, yanaqları payız şaftalısı kimi çəhrayı və dolu idi. Bığları elə bil qələmlə çəkilmişdi.

– Amma bu Aramis yaman ağıllı oğlandı ha!.. – Portos dedi və Aramisə tərəf döndü. – Heyif ki, siz layiq olduğunuz yolla getməmisiniz, əziz dostum, sizdən çox gözəl bir abbat olardı.

– Mən haçansa abbat olacağam, – Aramis təmkinlə cavab verdi. – Mənim ilahiyyatı öyrəndiyimi siz ki bilirsiniz.

– O dediyini edəcək, – Portos dilləndi, – geci-tezi var.

– Əyninə ruhani paltarı geyinmək üçün bircə şeyi gözləyir, – muşketyorlardan biri söhbətə qarışdı.

Bir başqası soruşdu:

– Nəyi gözləyir?

– Gözləyir ki, kraliça3 fransız taxtına varis bəxş etsin.

– Gəlin buna istehza etməyək, cənablar, – Portos dedi, – Allaha şükür, kraliça hələ cavandır.

– Deyirlər ki, Bekingem hersoqu Fransadadır, – Aramis mənalı-mənalı gülümsədi.

– Aramis, dostum, bu dəfə siz haqlı deyilsiniz,– Portos etiraz etdi. – Əgər cənab Trevil sizin sözlərinizi eşitsə, dediyinizə peşman olarsınız.

– Yoxsa mənim başıma ağıl qoymaq fikrindəsiniz? – Aramisin gözlərində qığılcım parladı.

– Bəsdirin, cənablar! – deyə ətrafdakılar çığırışdılar.

– Cənab de Trevil cənab Dartanyanı gözləyir, – yavər qapını açıb onların sözünü kəsdi.

Gənc qaskoniyalı bu təhlükəli mübahisədən vaxtında uzaqlaşdığına sevinib Trevilin otağına sarı yönəldi.

Görüş

Cənab de Trevilin ovqatı təlx olsa da, cavan oğlanı nəzakətlə qəbul etdi. Dartanyanın ləhcəsi vətənini, cavanlığını onun yadına saldı. Ancaq qəfildən Dartanyanın sözünü ağzında qoydu, qapını açıb qışqırdı:

– Portos! Aramis!

Artıq tanıdığımız muşketyorlar həyəcanla özlərini kabinetin qapısından içəri saldılar. Kapitan qəzəbli baxışlarla onları süzdü.

– Bilirsinizmi, cənablar, kral mənə dedi ki, bundan sonra öz muşketyorlarını kardinalın qvardiyaçıları arasından seçəcək. Çünki öz turşumuş şərabına yaxşı şərab qatmağı vacib sayır.

Hər iki muşketyor qulaqlarına qədər qızardı.

– Bəli, bəli, – de Trevil sözünə davam etdi, – dünən şahmat oynayanda kardinal krala əda ilə danışırdı ki, üç gün bundan əvvəl bir meyxanada onun qvardiyaçıları sakitliyi pozan muşketyorları həbs ediblər. İşə bir bax! Kral muşketyorları imkan verirlər ki, kardinalın qvardiyaçıları onları həbs etsin.

– İndi ki belə oldu, cənab, – Portos dedi, – mən sizə olanı söyləyim. Biz altı altıya döyüşürdük. Onlar xaincəsinə üstümüzə basqın etdilər, bizdən iki nəfəri öldürdülər. Atos da ağır yaralanıb. Bununla belə, təslim olmadıq. Yolda qaçmağa fürsət tapdıq.

– Ərz olsun qulluğunuza ki, mən də düşmənlərdən birini öldürdüm, – Aramis söhbətə qoşuldu.

– Mən bunları bilmirdim, – de Trevil bir qədər sakitləşdi, – görürəm ki, cənab kardinal məsələni xeyli şişirdib.

Bu yerdə qapı açıldı, kandarda yaraşıqlı bir muşketyor göründü.

– Atos! – hər iki muşketyor birdən qışqırdı.

– Dedilər, məni çağırmısınız, – Atos güclə dilləndi, – qulluğunuzda hazıram, cənab kapitan.

Özünü şax tutmağa nə qədər çalışsa da, Atos ağrıya qalib gələ bilməyib yerə yıxıldı.

– Cərrah! – de Trevil çığırdı. – Mənim cərrahımı, kralın cərrahını çağırın! Tez olun, yoxsa igid Atosum əldən gedər!

De Trevilin kabineti bir anın içində adamla dolub ayaqaltı oldu. Cərrahın tapşırığı ilə Atosu qonşu otağa apardılar. Az sonra Portosla Aramis qayıtdı. Nəhayət, cərrah xəbər verdi ki, Atosun vəziyyəti qorxulu deyil, bayılmağına səbəb də qan itirməsidir.

Hamı kabinetdən çıxandan sonra cənab de Trevil dönüb cavan oğlanı gördü. Bayaqdan onu tamam unutmuşdu.

– Bağışlayın, eloğlu, az qalmışdı sizi unudam, – de Trevil gülümsədi. – Mən sizin atanızın yaxın dostu yam. Deyin görüm, onun oğlu üçün nə iş görə bilərəm?

Dartanyan muşketyorluğa qəbul olunmasını xahiş etdi.

– Atam sizə məktub yazmışdı, ancaq onu məndən xaincəsinə oğurladılar.

Sonra Menqdə baş verən əhvalatı yerli-yataqlı danışdı.

– Söyləyin görüm, o əsilzadənin gicgahında kiçik bir çapıq var idimi? – de Trevil soruşdu.

– Bəli, var idi.

– Özü də bir qadını gözləyirdi, eləmi?

– Kişi ona “miledi” deyirdi. O, qadına bir zərf verib tapşırdı ki, zərfi Londona çatandan sonra açsın…

– Özüdür ki var! – de Trevil pıçıldadı.

– Cənab kapitan, siz o əsilzadəni tanıyırsınızsa, mənə söyləyin. Mən ondan qisasımı almaq istəyirəm.

– Özünüzü gözləyin, cavan oğlan! Onunla üz-üzə gəlməkdən çəkinin, ona toxunsanız, parça-parça olarsınız. Muşketyorluğa gəlincə isə təəssüflə sizə bildirməliyəm ki, əlahəzrətin xüsusi fərmanı var: muşketyorluğa ancaq bir neçə müharibədə iştirak edənləri, ya da bir ayrı şəraitdə igidlik göstərib fərqlənənləri qəbul edirlər. Mən bu gün kral akademiyasının müdirinə məktub yazaram, sizi pulsuz-parasız qəbul edər. Orada at minməyi, qılınc oynatmağı, rəqs etməyi öyrənərsiniz.

Cənab de Trevil məktubu yazıb möhürlədi. Ancaq məktubu vermək üçün Dartanyana yaxınlaşanda cavan oğlanın həyəcanla pəncərədən boylandığını gördü.

– Ax, lənət şeytana! Bu dəfə əlimdən qaça bilməyəcək!

– Kim? – de Trevil soruşdu.

– Oğru! Xain! – Dartanyan bu sözləri deyib kabinetdən yel kimi çıxdı.

Duel

Naməlum adamın arxasınca qaçan gənc qaskoniyalı hər yanı ələk-vələk etsə də, onu tapmadı. Əvəzində bayaq cənab de Trevilin evində gördüyü üç muşketyorla duelə çıxası oldu. Kabinetdən özünü dəhlizə atanda Atosun yaralı çiyninə toxundu, yolda Portosla toqquşdu, bir başqa yerdə Aramisin xətrinə dəydi. Qəlbinə yaxın bildiyi igid muşketyorlarla döyüşdən yayınmaq üçün üzr istəsə də, onların duel çağırışını qəbul etməyə məcbur oldu, Atosla vuruşmaq üçün Karmelitlər monastırına doğru uça-uça getdi.

Parisdə heç kimi tanımadığından Dartanyanın şahidi yox idi, Atosun şahidləri isə hələ gəlməmişdilər.

– Möhtərəm cənab, mən iki dostumu dəvət etmişəm ki, şahidim olsunlar, – Atos dedi, – nədənsə ləngiyirlər. Budur ha, deyəsən, gəlirlər.

Dartanyan Atosun göstərdiyi səmtə baxanda Aramislə Portosu görüb heyrətləndi.

– Mən bu cənablarla da vuruşacağam.

– Bu necə işdir? – Atos təəccübləndi.

– İndi ki hamınız yığışmısınız, cənablar, icazə verin sizdən üzr istəyim.

“Üzr istəyim” sözlərini eşidəndə Atos qaşlarını çatdı, Portosun üzündə lovğa bir təbəssüm göründü, Aramis isə dodaqlarını həqarətlə büzdü.

Dartanyan qürurla başını dik tutub dedi:

– Mənim sözümü yaxşı başa düşmədiniz, cənablar. Atosun məni hamıdan qabaq öldürmək haqqı var, qorxuram sizə olan can borcumu ödəyə bilməyəm. Yalnız buna görə sizdən üzr istədim. İndi isə başlayaq!

Atosla Dartanyanın qılıncları bir-birinə yenicə toxunub cingildəmişdi ki, cənab de Jüssakın komandanlığı altında bir dəstə kardinal qvardiyaçısı monastırın önündə göründü.

Jüssak onlara yaxınlaşıb əmr etdi:

– Ey, muşketyorlar! Kardinalın duel barədə fərmanını, bəlkə, unutmusunuz? Qılıncınızı qına qoyub dalımca gəlin. Əgər tabe olmasanız, zorla apararıq.

Atos yoldaşlarına yavaşca dedi:

– Onlar beş nəfərdi, biz üç. Yenə bizi üstələyəcəklər. İkinci dəfə məğlub olub kapitanın üstünə qayıtmaqdansa, ölmək yaxşıdır.

Dartanyan üzünü Atosla dostlarına tutub:

– Cənablar, mənə elə gəlir ki, biz dörd nəfərik, – dedi. – Ayrı qiyafədə olsam da, qəlbən mən də muşketyoram.

Jüssak gendən-genə onun fikrini başa düşüb:

– Siz gedə bilərsiniz, cavan oğlan, – dedi.

Dartanyan yerindən tərpənmədi:

– Namusuma and içirəm, lap məğlub olsaq da, buradan gedən deyiləm.

– Nə qərara gəldiniz? – Jüssak soruşdu.

– Biz sizə hücum çəkmək şərəfinə nail olacağıq, –Aramis qılıncını siyirib cavab verdi.

Bu sözlərdən sonra doqquz nəfər bir-birinin üstünə atıldı.

Dartanyan de Jüssakın özüylə üz-üzə gəldi. Jüssak təcrübəli olsa da, gənc qaskoniyalı çevikliyi, cəldliyi sayəsində zərbələrdən yayınıb dalbadal hücumlar edirdi. Gənc oğlanın bu inadla döyüşməsindən qəzəblənən Jüssak qızışıb səhvlərə yol verməyə başladı. Belə səhvlərin birində Dartanyan ilan kimi sivişib qılıncını onun sinəsinə elə soxdu ki, ucu kürəyindən çıxdı. De Jüssak çul kimi yerə sərildi.

İki qvardiyaçı ilə vuruşan Aramis də düşmənin birini öldürmüşdü. Dartanyan bu vaxt qüvvəsi tükənmiş yaralı Atosun köməyinə tələsdi.

Biri öldürülən, dördü yaralanan qvardiyaçılar, nəhayət, təslim oldular. Muşketyorlar təslim olan qvardiyaçıların qılınclarını götürüb cənab de Trevilin evinə sarı yönəldilər. Darvazadan içəri girəndə Dartanyan öz yeni dostlarına dedi:

– Hələ muşketyor olmasam da, hər halda, şəyirdliyə götürülmüşəm, elə deyilmi?

Kral XIII Lüdovikin4 mükafatı

Bu hadisə böyük hay-küyə səbəb oldu. Cənab de Trevil tələsik saraya getsə də, kardinal onu qabaqlayıb krala muşketyorlardan şikayətlənmişdi. Ancaq de Trevil kralı inandıra bildi ki, kardinalın qvardiyaçıları birinci hücum çəkiblər, muşketyorlarsa yalnız özlərini müdafiə ediblər.

– Üç muşketyor olub, bir nəfər də cavan oğlan, – de Trevil dayanmadan danışırdı, – onlar cənab kardinalın beş qorxunc qvardiyaçısından nəinki qoruna biliblər, hətta onlardan dördünü yerə səriblər. Əlahəzrət, bunu da deməliyəm ki, muşketyorlardan biri əvvəlcədən yaralı idi.

– Bu ki qələbədir! – kral heyranlıqla dedi. – Deməli, biri yaralı, biri də cavanca uşaq, eləmi?

– Məhz o uşağın de Jüssakı yaralaması kardinalı belə qəzəbləndirib.

Kral döyüş barədə söhbətləri xoşladığından de Trevili dönə-dönə danışdırıb tapşırdı ki, muşketyorları onun yanına gətirsin.

Kardinal görməsin deyə, de Trevil ertəsi gün muşketyorları Luvra arxa qapıdan gətirdi.

Kral üç muşketyorla Dartanyanı diqqətlə süzüb:

– Bura gəlin, qoçaqlar, – dedi, – mən gərək sizi danlayam. İki-üç günün içində kardinal həzrətlərinin bir xeyli qvardiyaçısını vurub sıradan çıxarmısınız, cənablar! Belə getsə, kardinal bütün bölüyünü təzələyəsi olacaq.

– Əlahəzrət özü görür ki, onlar nə qədər xəcalət çəkirlər, tutduqları işdən peşmandırlar, – de Trevil dilləndi.

– Deyirsən peşmandırlar? Mən bu riyakarlara çox da etibar etmirəm. Xüsusən bu qaskoniyalıdan heç gözüm su içmir. Bura buyurun, cənab.

Dartanyan xəcalət çəkə-çəkə irəli yeridi.

– Bu ki lap uşaqdır, cənab de Trevil. Jüssaka elə dəhşətli zərbəni bu uşaq vurub?

– Hələ o, mənə kömək etməsəydi, – Atos söhbətə qarışdı, – bu gün əlahəzrətin hüzurunda dayanmaq şərəfi mənə qismət olmayacaqdı.

– Elə isə bu cavan oğlan lap şeytandır. Cənab de Trevil, bu gənci yeznəniz Dezessarın qvardiya bölüyünə göndərin. – Kral üzünü yenə onlara sarı çevirdi: – Mən sizdən razıyam, cənablar. Bu da mənim razılığımın sübutu.

Bunu deyib kral bir ovuc qızıl pulu – qırx pistolu Dartanyanın ovcuna tökdü.

1.Kardinal Rişelye (1585-1642) nəzərdə tutulur. Fransa kralı XIII Lüdovikin sarayında dövlət katibi və baş nazir vəzifələrini icra edib. Fransada kraldan sonra ikinci şəxs sayılırdı.
2.Bekingem hersoqu (1592-1628) nəzərdə tutulur. Əsl adı Corc Vilyers olub. İngiltərədə kraldan sonra ikinci şəxs sayılırdı.
3.Fransa kralı XIII Lüdovikin arvadı, İspaniya kralının qızı Avstriyalı Anna (1601-1666) nəzərdə tutulur. Kralla kraliçanın münasibətləri uzun müddət yaxşı olmamış, evləndikdən yalnız 23 il sonra onların ilk uşağı dünyaya gəlmişdir.
4.IV Henrixin və Mariya Mediçinin oğlu kral XIII Lüdovik (1601-1643) 1610-cu ildə (9 yaşında ikən) hakimiyyətə gəlib.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
6 s. 11 illüstrasyon
ISBN:
9789952241266
Telif hakkı:
Altun Kitab / Алтын Китаб

Bu kitabı okuyanlar şunları da okudu