Kitabı oku: «Atlantidanın son sakini», sayfa 2
Atlantidanın son sakini
Ön söz
Mən özüm üçün yazıram.
Atlantidanın öyrənilməsinə uzun illər sərf etmişəm. Ona yaxından bələd olmuş, okeanın dibində Atlantidanın xarabalıqları arasında xeyli dolaşmışam. Orada, gözlərim önündə bu materikin keçmiş qüdrətinin və dəhşətli aqibətinin mənzərələri canlanıb. Okeanın dibində və Yerin səthində müxtəlif ölkələrdə tapılmış sənədlərə əsasən mən Atlantida xalqının, hətta onun ayrı-ayrı önəmli şəxslərinin taleyi ilə tanış olmuşam. Sonda isə qəlbimdə bütün bunları yazmaq kimi qarşısıalınmaz istək yarandı. Bu əlyazmanın çap olunmasını istəməzdim.
Onu da deməliyəm ki, Atlantida haqqında yazdığım əsər roman üçün həddindən çox elmi, elm üçünsə həddindən artıq bədiidir. Ancaq mən onu yazmaya bilməzdim, çünki okeanın dibində şahidi olduqlarım məni qarabasma kimi təqib edir. Bəlkə, indi onları qələmə almaqla elmi işlərimi də daha rahat davam etdirmək imkanı qazanacağam.
Professor Larison
I. Atlantida
Günəş qərbə doğru əyilirdi. Axşam sahildən əsən külək çiçəkləmiş portağal ağaclarının, maqnoliyaların6 və dağ otlarının ətrini gəmiyə doldururdu.
Beşmərtəbəli gəminin yuxarı göyərtəsinə çıxmış sərnişinlər qarşılarında açılan möhtəşəm mənzərəyə heyranlıqla tamaşa edirdilər.
Onların gözü önündə qızmar günəşin şüalarında çimən nəhəng Atlantida sahilləri qollarını geniş açaraq dayanmışdı.
Sahilin lap yaxınlığında məşhur və möcüzəvi Poseydon mayakı7 ucalırdı. O, konus formasında idi, kəsik zirvəsi sanki göy qübbəsinə dirənmişdi. Üzərinə füsunkar naxışlar çəkilmiş mayak qırmızı, qara və ağ rəngli nəhəng daş kublardan düzəldilmişdi. Onun ətrafı ilə altı arabanın rahatlıqla yan-yana gedə biləcəyi spiralşəkilli geniş yol burulurdu.
Bu dolama yolla gecə-gündüz arabalar hərəkət edir, bəziləri mayakın zirvəsinə qatranlı ağaclar, bəziləri isə geriyə kül və kömür daşıyırdı. Mayakın yuxarısındakı dairəvi meydançada bütöv bir şəhərcik yerləşə bilərdi. Burada çox böyük odun ehtiyatı, kül və kömür üçün çalalar, ocaq qalamaq üçün şəbəkələr vardı. Kükürd və neft qarışmış qatranlı ağac elə parlaq yanırdı ki, onu heç tufan da söndürə bilməzdi. Leysandan qorunmaq məqsədilə köşk düzəldilmişdi. Cilalanmış əyri, tunc güzgülərin yaratdığı bütöv bir sistem güclü kondensatorlar kimi işığı özündə toplayır, daha sonra isə onun şüalarını okeanın on millərlə uzaqlığına əks etdirirdi.
Mayakın düz yanında yamyaşıl bağlarla əhatələnmiş liman yerləşirdi. Bağların arasında qara, qırmızı və ağ rəngli daşlardan tikilmiş kubşəkilli evlər görünürdü. Sonra torpaq get-gedə yüksəlib dağ silsiləsinə çevrilirdi.
Dağın ətəyində dünyanın və Atlantidanın paytaxtı sayılan Poseydonisin mərkəzi binasının tunc üzlüyü günəş şüaları altında ərimiş qızıl kimi parlayırdı. Daha yuxarıda isə yarımdairə şəklində ucalan başı qarlı dağlar onu qoruyan gözətçi dəstəsinə bənzəyirdi.
Bütün bu dağ silsilələri boyunca atlantların ən möhtəşəm incəsənət əsərlərindən biri uzanırdı. Atlantidanın qüdrətli heykəltəraşı Adişirna-Quançın yaratdığı Günəş tanrısı sol böyrü üstə uzanmış gənc oğlan şəklində təsvir olunmuşdu. Budlarına tərəf uzanan sağ əlində tutduğu nəhəng buynuzdan şəlalə tökülürdü. Dirsəklənmiş tanrı sol əlinin açıq ovcunu qabağa tutaraq qarşıda yerləşən məbədlərə (Poseydonis məbədi onların düz ortasında idi), böyük piramidalara və obelisklərə8 təbəssümlə baxırdı. Bu tanrı fiquru başdan-ayağa dağ silsiləsindən yonulmuşdu. Heykəlin qatlanmış dirsəyindən ayağına qədər gedib çatmaq üçün iki gün vaxt lazım idi. Bu əzəmətli əsəri ərsəyə gətirmək üçün minlərlə qul gecə-gündüz əziyyət çəkməli olmuşdu.
Heykəlin ovcunda yerləşən nəhəng məbəd və piramidalar qəşəng, balaca oyuncaqlara bənzəyirdi.
Sərnişinlər bu əsrarəngiz mənzərəyə heyrətlərini susmaqla ifadə edərək hədsiz ehtiramla baxırdılar.
– Bəli, Atlantidanın tanrısı, doğrudan da, möhtəşəmdir, – onlardan biri fikirli-fikirli dedi.
Gəmi buxtaya daxil oldu.
Matroslar üzərlərinə rəngbərəng ipəklərlə qanadlı öküz şəkilləri çəkilmiş nəhəng, qırmızı yelkənləri endirdilər. Yelkənlər “Л” şəklində tikilmiş dor ağaclarıyla yağış çətiri kimi aşağı enməyə başladı. Avarçəkənlər bir-birinin ardınca nazik tunc lövhələrdən üzlənmiş ağır avarları buraxırdılar. Yalnız ən aşağı qatdakı avarlar hələ də ahəngdar fleyta sədaları altında suya çırpılmaqda idi.
Nəhayət, gəminin burun hissəsində yerləşən kiçik üçbucaq yelkən də aşağı salındı. O, küləyin təsiriylə zərif kəpənək qanadları kimi titrəyib dayandı.
Gəmi sahillərinə ağ daş döşənmiş geniş kanala daxil oldu.
Kanal bir-birinin arxasınca yerləşən üç limandan keçirdi. Gəmi yaxınlaşanda birinci limandan dəniz keşikçilərinin böyük tunc şeypurları ucadan səsləndi.
İti, dik burunları və “Л” şəkilli gödək dorları olan altı ədəd yastıdibli ticarət barjası9 gəmiyə yanaşıb onun ətrafında yarımdairə şəklində dayandı. Barjalarda uzun nizəli və gödək qılınclı, cilalanmış tuncdan hazırlanan dəbilqə geyinmiş əsgərlər durmuşdular.
Dəniz gözətçilərinin başçısı gəminin göyərtəsinə çıxdı.
O, ehtiram əlaməti olaraq əlini qabağa uzatdı – azad atlantlar hətta öz hökmdarlarının da qarşısında diz çökmürdülər – və yola davam etməyi xahiş elədi. Avarlar aram-aram suya endi.
Gözlənilmədən bu kanal qurtardı və gəmi batan günəşin işığına bürünmüş Böyük Poseydonis limanına daxil olub, uzunluğu on kilometrə çatan böyük kanalla yoluna davam etdi. Kanalın sahili boyunca evlər, məbədlər, anbarlar, kanaldan ayrılan xırda arxlarla suvarılan qarğıdalı və buğda tarlaları uzanırdı. Yaşıl bağların arasında ağ, qırmızı və qara daşlardan tikilmiş alçaq kubşəkilli evlər görünürdü. Evlərin divarlarına sadə, lakin qəşəng naxışlar vurulmuşdu.
Sol tərəfdə, batan günəşin son şüalarında Dəniz Birjasının yazılarla dolu, hündür obeliskli binası ucalırdı. Onun qarşısında isə müxtəlif qəbilələrin nümayəndələrindən ibarət izdiham vardı. Burada məkrli qılınclarını xəz paltarlarının altında gizlətmiş skandinavları, qırmızı qalpaqlı, üstünə qızıldan naxışlar vurulmuş uzun donlu asiyalıları da görmək olardı, başlarına konusşəkilli taclar qoymuş, dayanmadan həmaillərini cingildədən fil sümüyü satıcılarını – nubiyalıları da.
Nəhayət, gəmi üçüncü, daxili dəniz hövzəsində dayandı. Burada kiçik qayıqlar, qondolalar10, felyuqalar11 sürətli dəniz böcəkləri kimi aramsız hərəkətdə idi.
Səyyahlar gəmilərdən düşüb günəş diskiylə bəzədilmiş qara qondolalara mindilər.
Qondolalar üç kanalla kəsişən düz bir kanal boyunca sürətlə üzməyə başladı. Qırmızı tunc döşənmiş bu kanalların arasından Poseydonis şəhərinin Müqəddəs Təpəsi yüksəlirdi.
Birinci və ikinci həlqəvi kanalların arasında böyük qışlalar12 tikilmişdi. Burada öz sədaqəti və cəsarəti ilə ağır sınaqlardan çıxmış döyüşçülər görmək olardı, onların əksəriyyətini sarışın, uzunsaçlı qallar və qarabəniz bərbərlər13 təşkil edirdi.
Qonaqlar qondolalardan düşüb piyada Müqəddəs Təpəyə qalxmağa başladılar.
Onun zirvəsindən bütün məbədləri dövrəyə alan piramidalar aydın görünürdü. Piramidaları isə saraylar, monastırlar, kilsələr, asma bağlar, astronomik qüllələr və kahinlərin elmi laboratoriyaları əhatələmişdi.
Yolun hər iki tərəfində sivri yarpaqları və dərin kökləri olan əjdaha ağacları bitmişdi. Bu ağacların şirəsi qan kimi qırmızıdır. Palmaların arası ilə fəvvarələr şırıltı ilə axırdı.
Ay çıxmış, onun işığı şəhəri nurlandırmışdı. Hava çiçəklərin ətriylə dolmuşdu.
Arabir qışladan qəfil şeypur səsləri eşidilirdi.
Yolda heykəl kimi hərəkətsiz dayanmış keşikçi döyüşçülərdən başqa, heç kəs yox idi. Onların parlaq silahları ay işığında bərq vururdu. Bunlar “Neptunun əsgərləri” – kahinlərin və hökmdarların oğulları idi. Əsil-nəcabətli olduqları üçün qadağan edilmiş yerlərdə keşik çəkmək şərəfinə layiq görülmüşdülər.
Təpəni qalxdıqca dənizin təravətverici nəfəsi daha yaxşı hiss olunurdu.
Poseydon məbədi tuncla örtülmüş kəsik bir piramidanın üstündə ucaldılmışdı. Uzunluğu bir stadiyə14 çatan bu məbəd başdan-başa gümüşə, qızıla və tunca bürünmüşdü. Məbədin içindəki heykəl və sütunlar fil sümüyü ilə bəzədilmişdi. Yuxarısında isə qanadlı atların qoşulduğu arabasında əzəmətlə dayanmış Günəş tanrısının nəhəng heykəli yüksəlirdi. Heykəlin ətrafında cərgə-cərgə astronomik sütunlar, bir də dəniz pərilərinin tunc və Poseydonun on oğlundan törəyən hökmdarlarla qadınlarının qızıl heykəlləri qoyulmuşdu.
Parıldayan tuncdan üzlənmiş bütün bu tikililər bir qədər qorxunc, lakin öz gözəlliyi ilə eyni zamanda heyrətamiz təəssürat yaradırdı.
Məbədin yaxınlığındakı qayadan iki bulaq axırdı: onların birindən soyuq, digərindən isə isti su çağlayırdı. Həmin bulaqlar üzərində hamamlar ucaldılmış hovuzlara tökülürdü. Hamamların biri yay üçün nəzərdə tutulmuşdu və üstüaçıq idi, digərindən isə qışda yağışlar yağan zaman istifadə edilirdi və üstüörtülü idi.
Bələdçi qonaqları Poseydon məbədinin yaxınlığında, dəfnə ağacları arasında tikilmiş saraylardan birinə apardı. Sütunlar çiçəkli sarmaşıqlara qərq olmuşdu.
Ay qapının tunc üzlüyünü işıqlandırdı; onun üzərində Günəş tanrısının çöhrəsi – dağınıq saçlarını alov sarmış insan başı şəklində təsvir olunmuşdu.
Bələdçi qapını döydü, açdılar.
– Atlantidanın qüdrətli hökmdarı bu sarayı sizin sərəncamınıza verib, – bələdçi əlini Aşur çarına uzadaraq dedi.
Atlantların fəxri qarovulu nizəsini yelləyib salamlaşma əlaməti olaraq qalxanına vurdu, bundan sonra qonaqlar saraya daxil oldular.
II. Sel
– Nə bürkülü gecədir! Bu tunc üzlük gündüz elə qızır ki, gecə də nəfəs almaq olmur. Gərək memarımız Kuntinaşara deyəm ki, mənə Şişen-İtsanın iqamətgahı kimi məsaməli daşlardan iqamət tiksin. Pərdəni aç, Sa!
Şahzadə xanım Selin qoca dayəsinin adı Qu-Şir-Sa idi. Amma Sel uşaqlıqdan ona qısaca “Sa” deyirdi.
Qarı üzərinə gümüşü zanbaqlar tikilmiş bənövşəyi pərdəni kənara çəkdi. Açıq pəncərədən sütunların arasında ayın gümüşü işığına qərq olmuş okean səthinin bir parçası göründü. Otağa dolan sərin külək Selin kəmərinin enli kənarlarını tərpətdi.
Sel fil sümüyündən hazırlanmış stolun yanında dayanmışdı. Stolun üstü yəşəm daşından düzəldilmiş qutular, büllur və qızıldan qayrılmış uzunsov ətir şüşələri, əqiqdən hazırlanmış xırda fincanlar və ənlik-kirşan üçün istifadə olunan adi əqiqlər, bir də kiçik heykəllərlə dolu idi.
Sel əlində cilalanmış tuncdan düzəldilmiş güzgü tutmuşdu. O, qara saçlarını düzəldə-düzəldə güzgüdə özünə tamaşa edirdi.
Qızın üstünə bir tərəfdən hündür tunc çırağın qırmızı alovu, o biri tərəfdən isə ayın sütunların arasından keçən mavi şüaları düşürdü.
Tunc güzgü onun qaraşın dərisinə qızılı çalar verir, güzgüdə əks olunan üzü isə iki tərəfdən işıqlandığı üçün qeyri-adi, qarışıq rəngə çalırdı.
– Sa, mənim saçlarımı səliqəyə sal. Bayrama çoxmu qonaq gəlib? – deyə Sel bəbir dərisiylə örtülmüş alçaq taxta uzandı.
– Elə bir ucdan gəlirlər. İndiyədək düz on altı hökmdar gəlib. Şerkurla, Aqad, Erex, Ur, İşna, Marsam, Atsor çarları – saymaqla qurtarmaz… Quan-Ataqueraqan çox qüdrətlidir, bütün dünyanı fəth edib; məsələn, götürək elə Aşur çarını. Hünəri var ona baş əyməsin…
– Sa, mən bu gecə qəribə bir yuxu gördüm. Gördüm ki, mənim göyərçinimi bir çalağan caynağına alıb aparır. Qışqırmağa başladım, səsim çıxmadı. Birdən havaya bir qartal qalxıb çalağanın üstünə şığıdı. Onlar vuruşmağa başladılar, elə amansızcasına döyüşürdülər ki, lələkləri tökülürdü. Qəfil yuxudan oyandım. Çox heyif!.. Qartalın göyərçini xilas edib-etmədiyini öyrənə bilmədim. Səncə, bu yuxunun mənası nədir? Bəlkə, Elzairdən soruşum. Axı o, yuxuları yaxşı yozur.

– Ehtiyac yoxdur, mən özüm də yozaram. Göyərçin sənsən. Sənə görə aşiqlərin çoxdandır ki bir-birini qırır. Mən eşitmişəm ki, Aşur çarı sənə yenidən elçi göndərəcək.
– O qıvrımsaçlı, uzunsaqqallı adam? Heç vaxt! Mən bu çalağana qoşulub öz gözəl ölkəmi tərk edə, dünyanın o başına gedərəmmi? Mümkün deyil!
– Hökmdarın sözü qanundur. Hər şey heç də bizim istəyimizlə həll olunmur!
– Buna hələ baxarıq. Sənin saç düzəltməyin nə uzun çəkdi?
– Hazırdır. Səhərki bayrama hansı donunu geyinmək istəyirsən?
– Sabaha don yox, zireh, qılınc və nizə lazımdır! – o bunu deyib əliylə elə kəskin bir hərəkət etdi ki, sanki qılıncla havanı kəsirdi.
– Mən sabah öz amazonkalarımla gələcəyəm. Qoy bütün ölkələrin şahinləri və qartalları bilsinlər ki, atlant qızları qılınc-nizə oynatmağı onların döyüşçülərindən heç də pis bacarmır! Bəlkə, bundan sonra amazonkaları özlərinə arvad etmək istəyindən əl çəkələr15.
Sel sözlərinə azacıq pauza verib mövzunu dəyişdi:
– Sa, görəsən, Adişirna-Quanç indi neyləyir? Bayrama qədər Qızıl Bağları salıb qurtara biləcək, ya yox?
– Deyirlər, hər şey hazırdır.
– Mən onun işinə baxmağa gedirəm!
– Nə danışırsan, Sel! – Sa əlini yellədi. – Bilmirsən ki, Qızıl Bağlar salınıb qurtarana qədər atan ora girməyi qəti qadağan edib? Sabah açılış olacaq, onda nə qədər istəsən, baxa bilərsən!
– Mən xəlvətcə gedəcəyəm, açarım var.
– Qızıl Bağlara vurulmuş qıfıllara heç bir açar düşə bilməz.
– Mənimki düşür!
Sa qıza şübhəylə baxdı.
– O səndə haradandır? Yoxsa Adişirna-Quanç özü sənə verib?
– Burada pis nə var ki! – Sel gülüb Sanı qucaqladı. – Gedək mənimlə, əziz qarıcığım…
Selin bu nəvazişi Sanı yumşaltdı:
– Birdən atan gəlib səni orada görsə, onda necə?
– Onun başı indi dövlət işlərinə qarışıb. Gəl belə eləyək: əvvəlcə atamın yanına gedək, əgər görsək ki Şi-Şen-İtsa ona məruzə eləməklə məşğuldur, deməli, Qızıl Bağlarda səhərədək gəzə bilərik.
Sa narazılıqla başını buladı, ancaq naəlac qalıb ayaqlarını sürüyə-sürüyə qızın dalınca getdi.
III. Atlantida hökmdarı Quan-Ataqueraqan
Quan Ataqueraqan, həqiqətən də, sütunsuz, uzun, dar bir otaqda dövlət işləri ilə məşğul idi. Divarlar Atlantida çarlarının qəhrəmanlıqlarını təsvir edən tunc barelyeflərlə örtülmüşdü. Onlardan aşağıda əsatir səhnələrini əks etdirən rəngbərəng xalçalar asılmışdı. Tavanın üzərindəki kvadrat pəncərələrdən ulduzlu səma görünürdü. Bir cərgə pəncərə isə sarayın ikinci mərtəbəsinə açılırdı. Sel dayəsiylə birlikdə buradan – pəncərənin ipək pərdəsi arxasından aşağı baxırdı.
Quan-Ataqueraqan dəhlizə bənzəyən otağın sonunda, ensiz divarın yanında qiymətli ağacdan düzəldilmiş hündür taxtında əyləşmişdi. Taxtın söykənəcəyini günəşin qızılı diski bəzəyirdi. Taxtın ayaqları isə fil sümüyündən kəsilmiş şir pəncələri şəklində idi.
Bir tərəfdə kahinlərdən biri – əyninə uzun qara paltar geyinmiş Günəşin Müjdəçisi durmuşdu. Digər tərəfdə isə hökmdarın sevimli kahini Şişen-İtsa dayanmışdı.
Taxtın yanında mozaikalı döşəməyə salınmış mağara ayısının dərisi üzərində üzüüstə uzanmış qul can-başla mirzə vəzifəsini yerinə yetirirdi. Onun qarşısına üzərində papirus vərəqləri, mürəkkəb və fırça olan kiçik stol qoyulmuşdu.
Hökmdar donuq baxışlarını boşluğa zilləyərək asta-asta diktə edirdi:
– Yaz: “Mən – qüdrətli, mötəbər, nəhəng, cəsur, şirürəkli bahadır Quan-Ataqueraqan yenilməz hökmdar, Atlantidanın hakimiyəm. Mən bütün düşmənlərimin qənimi kimi üzümü hakimiyyətimə üsyan qaldırmış Uruazal çarına tutub deyirəm: sən qəzəbimə düçar olacaqsan. Mən üsyançıların başından piramida düzəldəcəyəm. Sənin dərini diri-diri soyub şəhər qapılarına heyvan dərisi kimi sərəcəyəm. Şəhər qapılarının önündə dirəklər düzəldəcək, qiyam qaldırmış bütün əyanlarının dərisini soyacaq, həmin dəriləri bu dirəklərin üstünə çəkəcəyəm. Digərlərini sütunun yuxarısındakı, o birilərini isə onun ətrafındakı payalara keçirəcəyəm. Dünyanın o başında da olsan, qəzəbimdən qurtula bilməyəcəksən…”
Sonra hökmdar üzünü Şişenə tutdu:
– İndi isə əmrin üzünü köçürt və mənim möhürümü vur! Sən isə, – bu dəfə Günəşin Müjdəçisinə tərəf çevrildi, – Məğlubedilməz Legionlardan ibarət min gəmi göndər, qoy onlar daşı daş üstə qoymasınlar. Atlantların hakimiyyəti torpağın özü kimi sarsılmaz olmalıdır!
Əslində, indiyədək, doğrudan da, belə idi. Atlantların hakimiyyəti Yer kürəsini üzük qaşı kimi dövrəyə almışdı. Onlar məqsədə silah gücünə çatmağın mümkün olmadığı yerlərdə siyasət işlədirdilər.
Atlantida hökmdarına qarşı üsyanlar isə nadir hallarda baş verir, dərhal da amansızlıqla yatırılırdı…
Hökmdar Şişen-İtsadan soruşdu:
– Səndə nə xəbər var?
– Ey üçqat qüdrətli, böyük, məğlubedilməz hökmdarımız! Kahinlərin Ali Şurası sizdən xahiş edir ki, yeni ildə toplanacaq bütün torpaq vergilərini məbədlərə bağışlayasınız.
– Onlara beşdə bir hissəsi bəsdir. Belə getsə, kahinlər tezliklə məndən də varlı olacaqlar.
– Amma bu, narazılıq yaradacaq, hətta, ola bilsin ki…
Hökmdar qaşlarını çatdı. Uzun burnunun üstündə iki dərin büküş əmələ gəldi: bu onun qəzəbini güclə boğduğunun əlaməti idi.
– Necə yəni, narazılıq? Kahinlər hədlərini aşırlar. Özlərinə çox pay götürür, hətta məndən çox söz sahibi olmaq istəyirlər. Mən hakimiyyətimin məhdudlaşdırılmasına dözə bilmərəm!.. Tanrıların hökmü mənim üçün müqəddəsdir, ancaq onlar, həqiqətənmi, yaşadığımız dünyanın işləri ilə kahinlərin təsəvvür etdikləri kimi maraqlanırlar? Bəsdir! Mən sizin özbaşınalığınıza çox dözmüşəm. Bu gündən şurada yeddi kahinin əvəzinə yalnız üçü olacaq. Qalan dörd yeri isə hərbi rəhbərlərə və Poseydonis evinin əyanlarına verirəm. Əmr hazırlansın!
Şişen-İtsa ovcu ilə alnından süzülən soyuq təri sildi:
– Böyük hökmdar…
– Artıq nəsə demək lazım deyil. Məsələ bitib!
Bu söhbəti ikinci mərtəbədən dinləyən Sel:
– Onların mübahisəsi tezliklə qurtaran deyil, – deyə pıçıldadı və dayəsinin paltarından tutub dairəvi pilləkənlə qaçmağa başladı. Qoca dayə isə başını əsdirə-əsdirə qızla ayaqlaşmağa çalışırdı:
– Bədbəxtlik… bədbəxtlik! Elə ki əllər başın sözünə baxmadı, bədən salamat qala bilməz…
– Nə mızıldanırsan?
– Kahinləri incitmək olmaz! Tanrıların qəzəbi hökmdarın qəzəbindən dəhşətlidir!
IV. Adişirna-Quanç
Sel Qızıl Bağları qoruyan hündür, qızıl divara yaxınlaşdı. Divarda alçaq bir qapı vardı. Sel plaşının altından tunc açarı çıxardıb qıfılı açdı, ahəngdar bir cingilti eşidildi. Ağır qapı çətinliklə aralandı.
– Gedək!
Güclə nəfəs alan Sa tərəddüd edirdi.
– Yaxşı, əgər qorxursansa, burada qal. Mən tək gedərəm, – Sel qətiyyətlə dedi və yarıaçıq qapıdan içəri keçdi.
Qarı belini əyib nıqqıldaya-nıqqıldaya, başını bulaya-bulaya onun ardınca getdi. Qapının arasından keçəndə paltarı qızılı lövhənin iti ucuna ilişib cırıldı.
– Bu, pis əlamətdir… pis əlamətdir, – mızıldandı.
Sel artıq hündür meydançada dayanmışdı, qarşısında açılan sehrli mənzərəyə heyran-heyran tamaşa etməkdəydi.
Qızıl Bağlar geniş səkilərlə aşağıya doğru uzanırdı. Səkilərin hər biri öz ağacları, yarpaqları, meyvələri, qeyri-adi çiçəkləriylə ay işığında parıldayırdı. Bunların hamısı qızıldan və gümüşdən tökülmüşdü. Çiçəklərin üstündə qanadlarını açmış kəpənəklər, budaqlarda isə quşlar oturmuşdu; qızılı otların arasında qıvrılmış ilanlar, nəhəng kərtənkələlər və ilbizlər görünürdü. Bütöv qarğıdalı tarlaları qızıldan və gümüşdən məharətlə düzəldilmişdi. Yolun qızıl torpaq səpilmiş hər iki tərəfində nəhəng şirlər mürgüləyirdi.
Ən güclü külək belə bu qeyri-adi bağın bir budağını, bir yarpağını tərpədə bilmirdi.
Sel bu heyrətamiz mənzərə qarşısında uzun müddət donub-qaldı.
Sa hökmdarın əmrindən çıxdıqlarını unudub əyri, sümükləri çıxmış barmaqlarını həyəcanla dizlərinə çırparaq ucadan:
– Afərin nəvəmə! – dedi.
– Nəvənə? – Sel çaşqınlıqla soruşdu.
– Adişirna mənim nəvəmdir axı…
– Mən heç bilmirdim! Bəs niyə mənə deməmisən?
– Biz balaca adamlarıq, qohumluğumuz kimə lazımdır ki? Amma nəvəmin işi tərifəlayiqdir. Tanrılar ona belə gözəl qabiliyyət veriblər… Hər adam, hətta kahinlər də bu cür gözəlliklər yarada bilməz. Amma o, qul kimi də öləcək… Neyləmək olar! Kiminsə bəxtinə hökmdar, kiminsə bəxtinə qul olmaq yazılıb… Hər kəsin öz taleyi var…
– Mən bilmirdim, – Sel fikirli-fikirli təkrarladı. – Kimi hökmdar olur, kimi də kölə. Görəsən, bu ayrı-seçkiliyi kim salıb: tanrılar, yoxsa insanlar?
Sa əllərini yellədi.
Sel ona aman vermədən danışmağa başladı:
– Qulaq as, Sa, sən ki məni sevirsən, elə deyil? Əlbəttə, bilirəm ki, sevirsən. Mənim plaşımın ətəyini öpmə. Yaxşı? İndi isə bax burada, bu qızıl şirin üstündə otur, o oyanıb sənə əl dəyməyəcək. Sakit otur və məni gözlə. Mən tək gedirəm… Tezliklə qayıdacağam.
Sa ağzını açmağa macal tapmamış Sel artıq qızıl yolla qaçmaqda idi.
İkinci səkidə qısa kölə paltarları geyinmiş adamlar gözə dəyirdi. Bəzilərinin yalnız budları sarınmışdı. Qulların arasında əynində enli dəri kəmərlə sıxılmış köynək olan qədd-qamətli bir gənc vardı. Dirsəkdən yuxarı qolları və geniş sinəsi açıq idi. Sıx, qıvrım saçları kiçik qayışla yığılmışdı. Sadə geyiminə baxmayaraq oğlan gənc tanrı kimi necə də gözəldir!
Bu – dahi rəssam, heykəltəraş və zərgər Adişirna-Quanç idi.
Sel qaça-qaça arxadan ona yaxınlaşıb birdən özünü itirmiş halda dayandı.
Qullar işlərinə ara verib başlarını qaldırdılar. Adişirna çevrildi və təəccübdən donub-qaldı… Qız dedi:
– Mən qulların işlərinə baxmağa gəlmişəm. Sən burada neyləyirsən?
Rəssam çaşqınlığını gizlətmək üçün hərarətlə izah etməyə başladı:
– Bir buna bax, fəvvarələrdən axan sular brilyantlardan düzəlib. İndi biz onları canlandırarıq!
Sonra yerdəki quyuya tərəf əyilib bərbər ləhcəsində qışqırdı:
– Şiran, işıq ver!
Fəvvarə yer altından çıxan işıq şüası ilə şölələndi. İşıq əlvan zolaqlar şəklinə düşüb fəvvarənin brilyantdan düzəldilmiş su şırnaqları arasından keçdi, bu isə fəvvarə illüziyası yaratdı.
Sel gördüklərinə uşaq kimi heyran qalmışdı.
– Sən, doğrudan da, sehrbazsan, – o, gülə-gülə deyib sinəsindəki qırmızı gülü düzəltdi. – Göstər görək daha maraqlı nəyin var?
– Bax, o gölməçəni görürsən?..
– Gedək, – qız amiranə tərzdə dedi. Sel və Adişirna qullardan ayrılıb tənha gölməçənin yanına gəldilər.
– Onun suyu dağ büllurundan düzəldilib!
Adişirna yerə əyildi, gizli dəstəyi çevirdi və göl mavi rəngə boyandı.
Dəstəyin bir də burulması ilə qızıl balıqlar büllur dərinlikdə üzgəclərini və quyruqlarını tərpədə-tərpədə üzməyə başladılar.
– Sehrbaz, sehrbaz! – Sel uşaq heyranlığı ilə əl çaldı.
– Burada sehrbazlıq yoxdur, – rəssamın qarabəniz yanaqlarına məmnunluq qızartısı çökdü. – Adi mexanika qanunlarıdır! Bütün bu quşlar, – deyə əlini üstündə quşlar oturmuş budaqlara tərəf uzatdı, – oxuya və qanad çala bilirlər. Baxmaq istəyirsən?
– Yox, lazım deyil, – Sel bunu deyib fikrə getdi. – Adişirna, mənə de görüm, bu sehrli bağı yaratmaq fikri ağlına haradan gəldi?
– Bu fikir haradan ağlıma gəldi? – rəssam sualı astadan təkrarlayıb başını aşağı saldı.
O nəsə fikirləşir, deyəsən, tərəddüd edirdi. Sonra qətiyyətlə başını qaldırıb Selin gözlərinin içinə baxdı:
– Deməli, belə… Bu bağ mənim üçün rəmzi məna daşıyır.
– Bu məna nədən ibarətdir?
– Bir bağa bax! Sən orada gözəl meyvələr görür, amma onların dadına baxa bilmirsən. Qeyri-adi çiçəklərə rast gəlir, lakin onları dərə bilmirsən. Bunu eləmək istəsən, tikanlar əlinə batacaq. Burada hər şey göz oxşayır, həm də heç nəyə sahib olmaq mümkün deyil. Həyat bu Qızıl Bağlar kimidir…
O, köksünü ötürüb başını aşağı saldı və susdu.
Sel də danışmadı.
Sonra oğlana yaxın gəlib sakit səslə soruşdu:
– Sən… sən istərdinmi ki, dünyanın bütün çiçəklərinə sahib olasan?
– Yalnız birinə!
– Hansına?
– O çiçək sənsən!
– Ancaq sən unutmusan ki, bu çiçəyin bitdiyi bağ sənə qadağan edilib, – Sel bic-bic gülərək etiraz etdi və onu gözləyən Sanın yanına qaçdı.
Ücretsiz ön izlemeyi tamamladınız.