Kitabı oku: «Mənə naz et»

Yazı tipi:

QƏZƏLLƏR

«Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir…»

 
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqdən məhrum olan insanlığa biganədir.
 
 
Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.
 
 
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
 
 
Qoy Vətən daim işıqlansın gözəl bir şəm tək,
Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.
 
 
Nazənin, rəna gözəllərdir baxırsan hər yana,
Bəs bu torpaq indi bir cənnət deyil, aya, nədir?
 
 
Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik,
Hər çiçək bir nazənin, hər qönçə bir cananədir.
 
 
Vahidəm mən, sevgilim, məndən xəyanət görməzsən,
Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.
 

«Bilsən, gözəlim, sən nə qədər sevgili cansan…»

 
Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!
Zülm eyləmə, qoy söyləməsinlər, can alansan.
 
 
Soldurma o gül çöhrəni, aldanma rəqibə,
Öz qədrini, bil ki, nə qədər indi cavansan.
 
 
Əğyarə inanma, gözəlim, qorxuram ondan,
Çox sadəsən, hər söz ki, deyirlər, inanansan.
 
 
Güldən də, çiçəkdən də, günəşdən də gözəlsən,
Sən baği-məlahət yetirən sərvi-rəvansan!
 
 
Gördüm, yenə min naz ilə biganəyə baxdın,
Çox şübhəyə saldın məni, bildim nigəransan.
 
 
Gör bir nə gözəllikdə yetirmiş səni tale,
Həsrət çəkir aləm sənə, məşhuri-cahansan.
 
 
Vahid, bu qədər səndə ki, var eşq-məhəbbət,
Dünya qocalıb getsə, çətin sən qocalansan.
 

«Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən…»

 
Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən,
Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən.
 
 
Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,
Bu çeşmi-məst ilə qılsan işarə bir dənə sən.
 
 
Sən olmasan, məni hicran qəmi həlak eylər,
Şikəstə könlümə aləmdə çarə bir dənəsən.
 
 
Zəmanə əhlinə məşhursan gözəllikdə,
Bu sirr gizli deyil, aşikarə, bir dənəsən.
 
 
Rəqibi qoyma yaxın vəslinə, xəyanət edər,
Ki, qorxuram, səni çəksin kənarə, bir dənəsən.
 
 
O zövqü dövləti-dünyayə vermərəm, hərdən
Məni fəqirə də qılsan nəzarə, bir dənəsən.
 
 
Gözəl həyatını, Vahid, fənayə sərf etmə,
Səni zəmanə yetirməz dübarə, bir dənəsən.
 

«Canın istər, ol deyil aşiq ki, canandan keçər…»

 
Canın istər, ol deyil aşiq ki, canandan keçər,
Aşiq oldur, mən kimi canan üçün candan keçər.
 
 
Mən qılma türreyi-canandan, ey vaiz, məni!
Hansı bir divanə ol zülfi-pərişandan keçər?
 
 
Şeyx Sənanə məzəmmət qılma, ey naseh, əbəs!
Görsə hər kəs ol büti-tərsanı imandan keçər.
 
 
Xaki-kuyin bilsə zahid baği-cənnət olduğun,
Uymaz ol əfsanə fikrə, baği-rizvandan keçər.
 
 
Xizr əgər ömründə bir dəm görsə zülfü ləlini,
Tərk edər zülmət seyrin, abi-heyvandan keçər.
 
 
Bu nə möcüzdür, qılıb heyran sərasər aləmi,
Mah rüxsarın görən mehri-dirəxşandan keçər?
 
 
Maili-qəddü rüxün, ləli-ləbin aludəsi
Qönçəvü gül istəməz, sərvi-gülüstandan keçər.
 
 
Dişlədin ləlin, könül, vəhm eylə, qanundan saqın,
Sanma ol bimehr rəhm eylər sənə, qandan keçər.
 
 
Vahida, sərraf olan görsə o şuxun ləblərin,
Meyli-yaqut eyləməz, ləli-bədəxşandan keçər.
 

«Gözəlim, gözlərinin söhbəti hər yanda olur…»

 
Gözəlim, gözlərinin söhbəti hər yanda olur,
Bu məlahətli baxışlar quzu ceyranda olur.
 
 
Bir əlac et mənə, istəkli təbibim sənsən,
Aşiqin çarəsi öz sevdiyi cananda olur.
 
 
Bülbül istər gülü, tuti şəkəri, mən də səni,
Eşq sevdası bu üç aşiqi-nalanda olur.
 
 
Nə təbiət görüb ömründə, nə dünya yetirib,
O gözəllər ki, bizim Azərbaycanda olur.
 
 
Gül əgər bülbülü incitsə, vəfasız deməyin,
Qızların taqsırı olmaz, günah oğlanda olur.
 
 
Bu gözəllik ki, sənin var, gözəlim, insafən,
Nə mələkdə, nə pəridə, nə bir insanda olur.
 
 
Mübtəla könlümə bilməm, nə olub, hər gün itir,
Axtarırkən yenə ol zülfi-pərişanda olur.
 
 
Vahidin bəlli deyil məskəni pərvanə kimi,
Gah şəmə dolanır, gahi gülüstanda olur.
 

«Bülbül gülü sevirsə də, gül xarə yar olur…»

 
Bülbül gülü sevirsə də, gül xarə yar olur,
İstəklin əhli-hüsn ola, bietibar olur.
 
 
Layiq deyildir hər gözələ aşiq olmağın,
Qanuni-eşqi kim ki, bilər, bəxtiyar olur.
 
 
Etmək gərəkdir təcrübə eşqin bəlaların,
Səhv eyləyən bu işdə inan, qəmküsar olur.
 
 
Mən bir rəqibə mail olan yarə mailəm,
Gahi mənimlə, gahi rəqibə, düçar olur.
 
 
Lazımdır indi, səbr eləsin əhli-eşq olan,
İbrətlə baxmayan bu işə biqərar olur.
 
 
Kaş, eylə nazənin gözəli sevməyəydim heç,
Vahid, bu fikirdən ürəyim tarimar olur.
 

«Qiyamə gəlsə qəddin, həşrdən əlamət olur…»

 
Qiyamə gəlsə qəddin, həşrdən əlamət olur,
Zəmanə əhli dəyər bir-birə, qiyamət olur.
 
 
Zəkati-hüsnün ilə al təsəddüq aşiqdən,
Həmişə fikrü xəyal eyləmə, vəcahət olur.
 
 
Gədayi-kuyinə zülm etməyi rəva görmə,
Cəfanı tərk elə, şahlarda ki, ədalət olur.
 
 
Qılırsa aləmi rövşən göy üzrə mah, vəli
Üzün şüasını hər kim görə, xəcalət olur.
 
 
Nə göydə şəmsü qəmər hüsnünə olur həmta,
Nə yerdə qönçədə ləlin kimi lətafət olur.
 
 
Həmişə mən sənə meylü məhəbbət eyləyirəm,
Və leyk səndən, əzizim, mənə ədavət olur.
 
 
Bu beş gün ömürdə təni-rəqibə döz, Vahid,
Kim ki, səbr edə, billəh, başı səlamət olur.
 

«Bilməm, bu nazənin kimin istəkli yarıdır…»

 
Bilməm, bu nazənin kimin istəkli yarıdır?
Ya hansı bəxtiyarların bəxtiyarıdır!
 
 
Açdıqca gül cəmalını, ellər fərəhlənir,
Guya, gözəllik aləminin novbaharıdır.
 
 
Dünya bu nazənin mələkin həsrətin çəkir,
Xəlqin sevimli afəti, həm şəhriyarıdır.
 
 
Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik,
Çünki diyarımız bizim odlar diyarıdır.
 
 
Bir vaxt səcdəgah idi atəşpərəstlərə,
Şəhri-Səba ki, mərkəzi dərya kənarıdır.
 
 
Qan etmə, saqi, bağrımızı, badə tez gətir,
Doldur qədəhləri, gecəmiz keçdi, yarıdır.
 
 
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri,
Bilmir ki, sevgi aləmi biixtiyarıdır.
 
 
Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər:
– Biçarə Vahidin bu qəzəl yadigarıdır.
 

«Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim…»

 
Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!
Çox cəfa çəkdim bu yolda, bir səfasın görmədim!
 
 
Üzdüm əl biganəxislət aşinalardan, könül,
Mən bu dünyanın həqiqi aşinasın görmədim!
 
 
İntəhayə yetdi ömrüm intizari-vəsl ilə,
Möhnətü dərdü fəraqın intəhasın görmədim!
 
 
Ney kimi fəryadıma göz yumdular həmdəmlərim,
Bir özüm tək əhli-eşqin binəvasın görmədim.
 
 
Xeyirxahı olduğum bədxahım oldu aqibət,
Hər kimi məhrəm xəyal etdim, ədasın görmədim.
 
 
Eşqdir baqi edən Leyliylə Məcnun namini,
Mən keçən aşiqlərin hərgiz fənasın görmədim.
 
 
Vahidi, mən əhli-insafəm, necə gözdən salım?
Başqalar tək mən onun bir iddiasın görmədim.
 

«Tale mənə yar olmasa, mən neyləyə billəm…»

 
Tale mənə yar olmasa, mən neyləyə billəm?
Zövqümcə nigar olmasa, mən neyləyə billəm?
 
 
Bir ahu baxışlı gözələ çoxdan əsirəm,
Ahimlə şikar olmasa, mən neyləyə billəm?
 
 
Mərdliklə, sədaqətlə gözəl dost yolunda,
Bir can ki, nisar olmasa, mən neyləyə billəm?
 
 
Yüz il yaşayıb, bircə gün ömrümdə fələkdən
Kamimcə mədar olmasa, mən neyləyə billəm?
 
 
Mən bir gül üçün yalvarıram xarə həmişə,
Güldən o kənar olmasa, mən neyləyə billəm?
 
 
Məhparələrin cövrünü çəkməkliyə, Vahid,
Könlümdə qərar olmasa, mən neyləyə billəm?
 

«Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq…»

 
Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.
 
 
Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik,
Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.
 
 
Pirimiz piri-muğandır, xadimi-meyxanəyik,
Rindlər zövqün görüb, divanələrdən çıxmışıq.
 
 
İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,
Yoxsa, min-min məclisi-məstanələrdən çıxmışıq.
 
 
Gah öpüb yarın ayağın, gah dolannıq başına,
Biz pərişan zülflərtək şanələrdən çıxmışıq.
 
 
Bir şüanın zərrəsindəndir, fəqət rəng özgədir,
Deyrilərdən1, məscidi-viranələrdən çıxmışıq.
 
 
Qədrü qiymətsiz bizi zənn etmə,
Vahid, arif ol!
 
 
Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.
 

«Yanında dilbərimin etibarım olmasa da…»

 
Yanında dilbərimin etibarım olmasa da,
Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.
 
 
Bədəndə yarı canım qalmayıb, gedib yarım,
Gərək dözəm qəmi-hicranə, yarım olmasa da.
 
 
Günüm ki, tar olub o zülf əlindən, ey tari,
Tərənnüm eylə, səni tari, tarım olmasa da.
 
 
Üzün xəyali bəsimdir behişti-kuyində,
Yüz il xəyalıma gəlməz, baharım olmasa da.
 
 
Ləbinlə məst gözün hər düşəndə xatirimə,
Şərabə rəğbətim artır, xumarım olmasa da.
 
 
Mənim bir ahim ilə şəmlər yanır gecələr,
Toxunma, şöleyi-eşqəm, şərarım olmasa da.
 
 
Kəməndi-zülfilə, Vahid, özüm şikar oldum,
Mənim o ahu baxışlı şikarım olmasa da.
 

«Könüllər qan olur sənsiz güli-həmrayə baxdıqda…»

 
Könüllər qan olur sənsiz güli-həmrayə baxdıqda,
Gözəllər yad edər xurşidi-ruyin ayə baxdıqda.
 
 
Dəhanın gərçi söz yox, nöqteyi-elmi-müəmmadır,
Vəli, bu barədə çox şərh var mənayə baxdıqda.
 
 
Gözümdə tifltək oynar dəmadəm əksi-rüxsarın,
Xəyali-arizinlə hər zaman dəryayə baxdıqda.
 
 
Qiyamət macərasından məni qorxutma, ey zahid,
Qiyamətdir mənə ol qaməti-rənayə baxdıqda.
 
 
Tapılmaz dəhrdə təşxis edən əlavü ədnani,
Hərə öz fəhminə məğrurdur dünyaya baxdıqda.
 
 
Əgər gül ləblərin mey məclisində keçsə xatirdən,
Əlimdə qan olur badəm meyi-minayə baxdıqda.
 
 
Fəzayi-eşqdə divanəlikdən başqa şey yoxdur,
Birər əfsanədir Məcnun ilə Leylayə baxdıqda.
 
 
Mənim aşiqliyim Məcnundan artıqdır, bilir aləm,
Onu yad eyləməz hər kim məni-rüsvayə baxdıqda.
 
 
Təbiətdə nə gizli sirlər var, indi zahirdir,
Qalır heyrətdə insan hər büti-zibayə baxdıqda.
 
 
Səni gülzar içində gül görərkən yad edər ellər,
Məni xatırlayarlar bülbüli-şeydayə baxdıqda.
 
 
Məhəbbətsiz, gözəlsiz gün keçirmək heç nədir, Vahid,
Yenə sevmək, sevilmək yaxşıdır dünyaya baxdıqda.
 

«Ey gül, yanıram qeyrilə sən həmdəm olanda…»

 
Ey gül, yanıram qeyrilə sən həmdəm olanda,
Bülbül alışar xar ilə gül məhrəm olanda.
 
 
Çoxlar olub ol zülfi-pərişanın əsiri,
Yığ, topla bu Məcnunları fikrin cəm olanda.
 
 
Tər qətrəsi vermiş üzünə başqa lətafət,
Gül yarpağı ziynətli olur şəbnəm olanda.
 
 
Təklikdə cəhənnəm keçir eşq əhlinə hər yer,
Yar ilə ona cənnət olur bahəm olanda.
 
 
Cananə ürək sirrini dəmsiz demək olmaz,
Hal əhli cəsarətli olurmuş dəm olanda.
 
 
Düşmən ola dünya qədəri, onlara batmaz,
Hərgah iki dostun arası möhkəm olanda.
 
 
Bir naz ilə can qoymadı məndə hələ gəl, gör
Aləm nə olur ortada yüz çəm-xəm olanda.
 
 
Qiymət verər ol qaşı hilalın sənə, Vahid,
Başın ağarıb onda ki, qəddin xəm olanda.
 

«Dindir məni hərdən, gözəlim, fürsət olanda…»

 
Dindir məni hərdən, gözəlim, fürsət olanda,
Vəslin bizə bir an, nə olar, qismət olanda?
 
 
Bax gör, məni zülfün nə pərişanlığa saldı,
Bir gün açaram dərdimi cəmiyyət olanda.
 
 
Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm,
Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda.
 
 
Biganə əgər olmasa, tez vəslə yetərdik,
Kim xeyr görüb düşməni kəmfürsət olanda?
 
 
Zülfün ki, tutub ruyini, çox qorxuram ondan,
Aləm toxunar bir-birinə zülmət olanda.
 
 
Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,
Bülbül dayanarmı gülünə həsrət olanda?
 
 
Vahid, hələ qarşında böyük bir gələcək var,
Dünya bizə ləzzət verəcək cənnət olanda!
 

«Şərab ola, mən olam, bir də nazlı dilbər ola…»

 
Şərab ola, mən olam, bir də nazlı dilbər ola,
Bir özgə aləmi vardır, əgər müyəssər ola.
 
 
Səfayi-məclisi-mey min behiştdən artıqdır,
Bir əldə gül tuta canan, bir əldə sağər ola.
 
 
Olanda məst, aça zülfün nigar, nəşəsi var,
Ümumə zövq verə bəzmi-mey, müəttər ola.
 
 
Büsati-badədə hal əhlinin fədası olum,
Şərabı qal ilə içmə, əgər peyəmbər ola.
 
 
Əsiri-zülfünəm, ey şux, gəl acıqlanma mənə,
Əsirə hörmət edərlər, əgərçi kafər ola.
 
 
Nə Leyli sən kimi olmuş, nə mən kimi Məcnun,
Nəkarədir gəlib onlar bizə bərabər ola?!
 
 
Görəndə, Vahid, üzün yarımın, əsir könlüm,
Nə növ sakit olum: od ola, səməndər ola?!
 

«İstərəm mən o gülü, öz güli-xəndanım ola…»

 
İstərəm mən o gülü, öz güli-xəndanım ola,
O da öz könlünü versin mənə, cananım ola.
 
 
Təki canan ilə bir yerdə günüm xoş keçsin,
Arizu eyləmərəm bağü gülüstanım ola.
 
 
Qıymayan canını aşiq deyil öz yarı üçün,
Mən fəda eyləyərəm yarıma min canım ola.
 
 
Gündə yüz yol edərəm canımı qurban o gülə,
O da bir yol dolanıb başıma qurbanım ola.
 
 
Bu pəriçöhrələrin bircə gözəllikləri var,
Sevmərəm heç birin, əldə əgər imkanım ola.
 
 
Neyləyim könlümə, bir qoymadı asudə məni,
Görüm, ey kaş ki, viran dili-suzanım ola.
 
 
Vahid, hər şuxə inandımsa, vəfasız çıxdı,
Bu gözəllərlə mənim həşrdə divanım ola.
 

«Yüzlərcə xəlq içində əgər əhli-naz ola…»

 
Yüzlərcə xəlq içində əgər əhli-naz ola,
Mümkün deyil ki, sən kimi bir sərvnaz ola.
 
 
Bülbül gülün sevir, səni mən, tuti şəkkəri,
Eşq əhli bir şeyə gərək, əlbəttə, baz ola.
 
 
Əsl gözəlliyin iki şeydir nişanəsi:
Zülfü qara, sineyi-safi bəyaz ola.
 
 
Aşiq gərək düşüb qədəmi-yarə yalvara,
Aşiqlər içrə bəlkə o bir sərfəraz ola.
 
 
Bülbül həmişə öz gülünə arizu çəkər,
Vay onda, xardan buna da etiraz ola.
 
 
Yar inciyib küsəndə onun başqa zövqü var,
Hərdənbir ortalıqda gərək ərk-naz ola!
 
 
Dünyaya gəlməyib elə bir nazənin gözəl,
Dərd əhlinə təsəlli verə, dilnəvaz ola.
 
 
Sultani-aləm olsa da Vahid zəmanədə,
Əvvəl gərək əsiri-kamali-Əyaz ola.
 

«Bir səbəb yox, demə, rüsvayi-cahan olmağıma…»

 
Bir səbəb yox, demə, rüsvayi-cahan olmağıma,
Qönçə ağzın kimi xəlq içrə nihan olmağıma.
 
 
Məni, səd heyf, qocaltdı bu gözəllər sitəmi,
Yoxdur ümmid dəxi bir də cavan olmağıma.
 
 
Qamətin cilvəsi çeşmimdə gəzər, vəchi odur,
Çeşmətək hər yana, ey sərv, rəvan olmağıma.
 
 
Mumiyanın həvəsi, qönçə dəhanın fikri
Səbəb oldu belə binamü nişan olmağıma.
 
 
İntizarəm ki, verəm canımı görcək üzünü,
Nola, ey gül, bir əlac et nigaran olmağıma!
 
 
Ey Müniri2 ! Yanıram eşq oduna, Azərə3 de,
Azər olsa, yanacaq şöləfəşan olmağıma.
 
 
Vahidəm, dərdü qəmi-qürbətə tabım yoxdur,
Var ümidim yenə ölkəmdə əyan olmağıma.
 

«Könül, vəfasız olan nazlı yarə yalvarma…»

 
Könül, vəfasız olan nazlı yarə yalvarma,
Nə etibar ona, bietibarə yalvarma!
 
 
Darıxma, yaxşı-yaman ruzigarımız keçəcək,
Bu beş gün ömrə görə ruzigarə yalvarma!
 
 
Sənin də bir gün olar novbaharın, ey bülbül,
Bu zövqsüz, bu səfasız baharə yalvarma.
 
 
Fəqirə, acizə, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!
 
 
Vətən yolunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!
 
 
Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Həqiqət” üstə çəkilsən də darə, yalvarma!
 
 
Nə oldu dövləti-Cəmşid, mülki-İsgəndər?
Nə tacidarə, nə bir şəhriyarə yalvarma!
 
 
Əgər həyatını, Vahid, xoş etmək istərsən,
Nə gül cəfasını çək, nə də xarə yalvarma!
 

«Demə, ey gül, ölərəm, getmə gözümdən o yana…»

 
Demə, ey gül, ölərəm, getmə gözümdən o yana,
Gərək aşiq dözüb hər cövrünə yarın, dayana.
 
 
Aləmi-eşqdə qanuni-məhəbbət belədir:
Bülbül həsrət gülə, pərvanə gərək odda yana!
 
 
Mən də hicran qəmini, qismət ola, çəkdirərəm,
Sənin ol gül üzünə könlümü həsrət qoyana.
 
 
Aqibət atəşi-ahimlə rəqib od tutacaq,
Öz cəzasın çəkəcək, qaçsa əlimdən hayana.
 
 
Bir mübariz igidəm, qoymaram əğyarı, gülüm,
Cənnəti-kuyinə yol tapsın o gündən bu yana.
 
 
Yar üçün aşiq odur, şövqlə candan keçsin,
Kim vəfa bəsləyəcək dostuna can qıymayana?
 
 
Sən də, Vahid, vətən uğrunda çalış mərd kimi,
İncə qəlbində böyük hissü-məhəbbət oyana.
 

«Gərçi dərd əhli içir badəni cansağlığına…»

 
Gərçi dərd əhli içir badəni cansağlığına,
İçirəm mən onu bir afəti-can sağlığına.
 
 
Qanmayan kimsə bu qan olmuşa qiymət verməz,
Arif ol, iç meyi-gülgünü qanan sağlığına.
 
 
Bil, nə mənayə qədəhlər toxunur bir-birinə,
Qaldırın cami-şərabı yaradan sağlığına.
 
 
Cam tut nazlı gözəllərlə, əgər ruhun var,
Qocalar zövq alar içdikcə cavan sağlığına.
 
 
Mən cahan zövqünün aludəsi olsaydım əgər,
Məst olardım əbədiyyətlə cahan sağlığına.
 
 
Zahidin təninə baxma, rəmazan ayı mey iç,
Qoy o, kövsər suyu içsin rəmazan sağlığına.
 
 
Tərki-adət özü cansağlığının düşmənidir,
Durma, iç badəni, ver fikrini cansağlığına.
 
 
Xatirimdən keçir əyyami-cavanlıq, Vahid,
Qaldırardım qədəhi piri-muğan sağlığına.
 

«Ey gül, dağıtma sünbüli-zülfün üzarına…»

 
Ey gül, dağıtma sünbüli-zülfün üzarına!
Ahəstə şanə çək ki, tökülsün kənarına.
 
 
Bəsdir, bu qədər naz ilə öldürdün aləmi,
Dünya verilməyib, gözəlim, ixtiyarına.
 
 
Meydən ziyadə nəşə verir xəstə könlümə,
Hər dəm baxanda nərgisi-məsti-xumarına.
 
 
Kuyində xoş keçər günüm, əğyarə baxmasan,
İndi bu iş qalıb sənin öz etibarına.
 
 
Biganə gördü ləzzətini lalə ruyinin.
Bir rəhmin olmadı bu dili-dağdarına.
 
 
Hər kim ki, aşiqəm dedi, Mənsurtək sənə,
Düşdü kəməndi-silsileyi-tabdarına.
 
 
Vahid, biz öz nigarımızın mübtəlasıyıq,
Sən də çalış ki, könlünü ver öz nigarına.
 

«Buraxma, ey könül, ol nazlı yarı özbaşına…»

 
Buraxma, ey könül, ol nazlı yarı özbaşına!
Rəva deyil, qala ellər nigarı özbaşına.
 
 
Gözilə kirpiyi birlikdə qan tökür gecələr,
Əcəb qalıb yenə dərya kənarı özbaşına!
 
 
Qərara gəldi rəqib, əl götürsün ol güldən,
Nə etibar ona, dəysin qərarı öz başına!
 
 
O qarə gözlünü gözdən kənara qoyma, könül,
Buraxmaz ovçu gözəl bir şikarı özbaşına!
 
 
Gülüzlülər nə qədər varsa, bağbanı mənəm,
Necə qoyum belə bir gülüzarı özbaşına?!
 
 
Rəqibi yarə tərəf qoymayın, yaxın gəlsin
Ki, gül solar, görə gülşəndə xarı özbaşına!
 
 
Ümumə xidmət elə, qorxma Vahid, artarsan,
Ki, sanma el qazanıb etibarı özbaşına!
 

«Nə qəm, əldə dolu peymanə olandan sonra…»

 
Nə qəm, əldə dolu peymanə olandan sonra?!
Sənə ümmid evi meyxanə olandan sonra.
 
 
Cami-mey zövqünə vaqif deyil irad eləyən,
Əhli anlar onu, məstanə olandan sonra.
 
 
Ya əsir eylə qora zülfə və ya zəncirə,
Fərqi yox aşiqə, divanə olandan sonra.
 
 
Anladım şəm qəmindən nə çəkir pərvanə,
Yarımın şəminə pərvanə olandan sonra.
 
 
Ey yaxan könlüm evin, indi gəl abad eylə,
Kim baxar bir evə viranə olandan sonra?!
 
 
Eşqi-Leylada nələr çəkdiyini Məcnunun
Bilmişəm aqilü fərzanə olandan sonra.
 
 
İndi, Vahid, nə edək bəs, əlimizdən nə gələr
Aşinalar bizə biganə olandan sonra?
 

«Gəlməsə üstümə yarım mən öləndən sonra…»

 
Gəlməsə üstümə yarım mən öləndən sonra,
Tutmaz aram məzarım mən öləndən sonra.
 
 
Hansı gülçöhrəni məşhuri-cahan eyləmədim,
Qoy desin şanlı diyarım mən öləndən sonra?!
 
 
Gördüyüm hər gözəli şövq ilə təsvir elədim,
Sən də xatırla, nigarım, mən öləndən sonra.
 
 
Vətənə, xalqa çalışdım, əbədi xidmət edəm,
Solmasın bağü baharım mən öləndən sonra.
 
 
Aşiqəm sənətə, şerə və gözəl musiqiyə,
Dillən, ey sevgili tarım, mən öləndən sonra.
 
 
Vahidəm, qaldı sözüm dəhrdə bir dürr kimi,
Yaşayar eldə şüarım mən öləndən sonra.
 

«Mən neylirəm o dilbəri, şirindil olmasa…»

 
Mən neylirəm o dilbəri, şirindil olmasa?
Bülbül baharə eşq yetirməz gül olmasa!
 
 
Məcnunun eşqi Leylinin artırdı şöhrətin,
Qədri bilinməz idi gülün, bülbül olmasa!
 
 
Əhd etmişəm ki, hər gözələ mail olmayım,
Mənsiz bəlalı könlüm əgər mail olmasa!
 
 
Dərdi-fəraqə badə özü bir əlac edər,
Yoxsa bu dərdə kim dayanar, qafil olmasa?!
 
 
Canan cəfasını çəkən aşiq rəva deyil,
Vəsli-nigarinə o əgər nail olmasa!
 
 
Cövr eylədikcə yar mənə, istərəm onu,
El sevməz, hər ağacda bəhər hasil olmasa!
 
 
Vahid, könüldə eşqimi mən gizli tutmaram,
Ürfanıma təərrüz edən cahil olmasa!
 

«Neyləsin biçarə aşiq, yar əgər yar olmasa…»

 
Neyləsin biçarə aşiq, yar əgər yar olmasa?
Xarə yalvarmazdı bülbül, eşqi-gülzar olmasa!
 
 
Məstdir ol gül hələ, qoy cövr qılsın bülbülə,
Məstlikdən nifrət etməz kim ki, huşyar olmasa!
 
 
Nə gülündən bülbül ayrılmaz, nə aşiq yardən,
Ortada söz gəzdirən naəhl əğyar olmasa!
 
 
Sevdiyim canan Züleyxadan da artıqdır mənə,
Yusifin qədri bilinməzdi, xiridar olmasa!
 
 
Şəmidə pərvanənin şövqün, çəməndə bülbülün
Kimsə bilməz, eşq dərdinə giriftar olmasa!
 
 
Eyşü işrət məclisi, əlbəttə, rövnəqdən düşər,
Naleyi-ney, şuri-mütrüb, nəğmeyi-tar olmasa!
 
 
Sənəti-şer ilə, Vahid, sən də göstər bir hünər,
Layiqi-təhsin deyil, kim ki, sənətkar olmasa!
 

«Ölməzdim, əgər sən kimi bir dilbərim olsa…»

 
Ölməzdim, əgər sən kimi bir dilbərim olsa,
Bir afəti-can, şuxi-mələkmənzərim olsa.
 
 
Hər gün dolanıb başına qurbanın olardım,
Pərvanəsifət uçmağa balü pərim olsa.
 
 
Mən də sevilərdim bütün aşiqlər içində,
Ahuləri Məcnun eləyən gözlərim olsa.
 
 
Şövq ilə nisar eylərəm hər bir qədəmində,
Dərya qədəri əldə dürü gövhərim olsa.
 
 
Kuyində mənə, qoy nə bilir, eyləsin əğyar,
Əlbəttə, cəzasın çəkər, Allah kərim olsa.
 
 
Biganəyə mən bir belə minnətmi edərdim,
Könlüm kimi bir yari-vəfapərvərim olsa.
 
 
Vahid, demərəm dərdimi mən başqa nigarə,
Yarım bilir, eşqində nə dərdi-sərim olsa.
 

«Yar əgər mehrü vəfanı düşünən yar olsa…»

 
Yar əgər mehrü vəfanı düşünən yar olsa,
Qəm deyildir, bütün aləm bizə əğyar olsa.
 
 
Əhli-dil zövqü səfanı ləbi-canandan alır,
Zülmdür aşiqə, cananı dilazar olsa.
 
 
Var nə qəm, gözlərinin xəstəsinə yoxdur əlac,
Ləblərin çarə edər, hər necə bimar olsa.
 
 
Zülfü, xalı o məhin göz yaşım eylər rövşən,
Gecə aydınlıq olar, sabitü səyyar olsa.
 
 
Yar əgər aşiqə qəmxarlıq etməzsə, nə qəm,
Qəm odur, özgəyə məşuqəsi qəmxar olsa!
 
 
Gözlərin şövq ilə qan tökməyə çox rağibdir,
Məstdir, bunca xəta eyləməz, huşyar olsa.
 
 
Var ümidim mənə, Vahid, daha zülm eyləməyə
Hali-zarımdan o məhparə xəbərdar olsa.
 

«Zülfünə mişki-xəta söylədi dil, qıldı xəta…»

 
Zülfünə mişki-xəta söylədi dil, qıldı xəta,
Zülfünün bir telinə müşk ola bilməzdi bəha.
 
 
Dili-pürxunimə min yarə vurub qəmzən oxu,
Ney kimi cismimə vurduqca edər ahü nəva.
 
 
Dönə-dönə ürəyim qan olu gördükdə ləbin,
Ləli-nabindən alıb baqidə gül zövqü səfa.
 
 
Taği-qaşın kimi xəm oldu qəddim gördükdə,
Səcdə etdikdə o xəm qaşına, ey mahliqa!
 
 
Zülf tək incəlib hicrində bu nazik bədənim,
Var ümidim, yetirə vəslə məni badi-səba.
 
 
Səri-kuyində gədalıqda qəbul eylə məni,
Kim ki şah olsa, nigarım, ona lazımdı gəda.
 
 
Müttəsil Vahidə cövr eyləmək olmuş karın,
Bəsdi bu zülmü əziyyət, bu qədər cövrü cəfa.
 

«Gün cəmalin görsə, cana, məh yəqin eylər həya…»

 
Gün cəmalin görsə, cana, məh yəqin eylər həya,
Əxz edər çünki məhü xurşid ruyindən ziya.
 
 
Sən Məsiha nitqsən, əhya edərsən mürdələr,
Kim, nədir İsa sənə həmtaliq etsin, dilbəra!
 
 
Zülfünü çək bir kənarə səfheyi-ruxsaridən,
Aşiqə məşuqəsi eylərmi bu qədri cəfa?
 
 
Bənd olubdur mürği-dil zənciri-dami zülfünə,
Bir tərəhhüm qıl mənə, gəl, ey büti-möcüznüma.
 
 
Çox sənintək nazəninlər naz edibdir aşiqə,
Gəlcəyin xətt ruyinə çəkmişlər xiclət bərməla.
 
 
Dilbəra, incitmə, bəsdir, bu dili-sədparəni,
Sən təbibi-rəhmdilsən, eylə dərdimə dəva.
 
 
Vahida, etmə təmənna bivəfa məşuqədən,
Xubrulər bivəfadır, bivəfadır, bivəfa.
 

«Sən də, ey şair, əcəb dəmlər keçirdin əvvəla…»

 
Sən də, ey şair, əcəb dəmlər keçirdin əvvəla,
Mey içib meyxanənin babində çəkdin əssəla.
 
 
Çox dolular nuş edib, çox camlar sındırmısan,
Neyli-meyli bəzmlərdə qaldı səndən xoş nəva.
 
 
Şişələr yox, boçkalar azlıq edirdi keyfinə,
Bəhrü ümmanı çəkirdin başına həm basəfa.
 
 
Çeşm məxmur, ləb püratəş, sinə suzan, səs bülənd,
Küçələr dolmuşdu şövqünlə sənin, ey bivəfa.
 
 
İndi noldu tövbəkar oldun füsuni-zövqdən,
Çıxmısan imanü-dindən, kafər, oldun biriya?
 
 
Kim şərab içməz, ərəq tökməz və sındırmazsa cam,
Kəbeyi-ömr içrə yoxdur ona bir cayi-rəha.
 
 
Bəxti gör, bir misrainda min qədəh tənnan ikən,
Bu əcəbdir ki, özün oldun qədəhlərdən cüda.
 
 
Təneyi-zahid səni qılmış İraq meyxanədən,
Ol keçən əyyami-işrətə ömür vahəsrəta.
 
 
Öylə bir əlhadə düşdün ki, daha piri-muğan
Yovmi-məhşərdə sənə etməz şərarət, Vahida!
 

«Gülsə hər kimsə bizim dideyi-giryanımıza…»

 
Gülsə hər kimsə bizim dideyi-giryanımıza
Düşsün aləmdə, görüm, hali-pərişanımıza.
 
 
Eşq çox dilbəri-bimehrə əsir etdi bizi,
Biri rəhm eyləmədi naləvü əfqanımıza.
 
 
Dost sandıq görüb hər şuxu, bəlasın çəkdik,
Düşmən oldu yenə axırda bizim canımıza.
 
 
Zövq alar eşqdə bizdən, görüb əhvalımızı,
Hansı dərd əhli əgər gəlsə bizim yanımıza.
 
 
Zülf zəncirinə əql ilə əsir olmamışıq,
Eşq divanəsiyik, baxma bu nöqsanımıza.
 
 
Gəldi gül fəsli, bizi saqi nəzərdən saldı,
Piri-meyxanə gərəkdir baxa divanımıza.
 
 
Dəm qənimətdi, mey iç, Bədrini4 , Vahid, başa sal,
Bir əlac olsa, odur dərdi-firavanımıza.
 

«Qılmış ol məhvəş üzünə zülfi-purçinin niqab…»

 
Qılmış ol məhvəş üzünə zülfi-purçinin niqab,
Çöhreyi-xurşidi guya göydə basmışdır səhab.
 
 
Ey günüzlüm, arizin zülf içrə gər göstərməsən,
Mahi-nov bəs nuri hər şəb qandan eylər iktisab.
 
 
Ləmə-ləmə nur peydadır üzündə ol məhin,
Qətrə-qətrə kim tökər ləli-sədəfdən dürri-nab.
 
 
Gün üzünlə qarşı durmaz, göydə xurşidi-fələk,
Kim yetər bilmiş zəvalə oldur eylər ictinab.
 
 
Gərçi ol qönçə ləbə sordum dəhanin sirrini,
Təng qıldı könlümü, ta vermədi bir dəm cavab.
 
 
Tökmə qanım, dilbəra, var isə cürmüm əfv qıl,
Şahisən nola, peyəmbər xislət ol, eylə səvab.
 
 
İstəməz Vahid behiştü kövsərü qılmanü hur,
Yar ilə həmbəzm olub, meyxanədə içsə şərab.
 

«Ta ki yetdi ləbi-ləlinə nigarın meyi-nab…»

 
Ta ki yetdi ləbi-ləlinə nigarın meyi-nab,
Rəngidən bağrını qan eylədi cam içrə şərab.
 
 
Badədən arizi-alində ərəq etdi zühur,
Damdı gül-gül güli-ruyündən onun ətri-gülab.
 
 
Tari-geysulərini qıldı pərişan üzünə,
Atdı əl şanəyə min işvə ilə çün mizrab.
 
 
Pərtovi-mehri-cəmal ilə işaqlandı cahan,
Eylə ki, açdı cəmalından o məhparə niqab.
 
 
Durdu ayinə ilə ayə müqabil ol mah,
Mahi məhv etdi həsəd, qalmadı ayinədə tab.
 
 
Şövqi-ləli o məhin qıldı məni badəpərəst,
Yoxsa hərgiz bu qədər olmaz idim xanəxərab.
 
 
Vahidəm, guşeyi-vəhdətdi məqamım daim,
Ürəyim qəmli, gözüm nəmli, əlacım nayab.
 

«Pərtov almış mehr ruyindən göy üzrə mahitab…»

 
Pərtov almış mehr ruyindən göy üzrə mahitab,
Ol səbəb pürnur olub, üzdən götürmüşdür niqab.
 
 
Zülfüdürmü, arizin tutmuş sərasər, bilməzəm,
Ya göy üzrə arizi-xurşidi tutmuşdur səhab.
 
 
Dəmbədəm ahu gözündür, qarşı durmuş çeşmilə,
Bu əcəbdir, seyd səyyadindən etməz ictinab.
 
 
Hər zaman peykanların surrax eylər cismimi,
Eyləməz müjganlarından zərrə cismim iztirab.
 
 
Daima, ey qönçələb, əğyarə qıldın lütfilər,
Atəşi-eşqində eşq əhlini qıldın dil-kabab.
 
 
Təşnədir Vahid şərabi-eşqinə, müddətdi kim,
Şərbəti-vəslindən, ey gül, onu qıl bir kamiyab.
 

«Bütün gözəlliyi tanrım o sərvinazə verib…»

 
Bütün gözəlliyi tanrım o sərvinazə verib,
O hər nə etsə, təbiət ona icazə verib.
 
 
Ol ahugözlü məni qorxuram xətayə sala
Ki, fitnəsilə çox aşiqləri güdaza verib.
 
 
Əyildi səcdəyə, mehrab gördü qaşlarını,
Odur ki, əhli-riya meylini namazə verib.
 
 
Gülərdi qırx gözəl eşqilə, ağlayardı Xəzər,
Həmin o zövqü səfanı Kürə, Arazə verib.
 
 
Cəmalı Yusifə, cahü cəlali Məhmudə,
Kəmalü mərifəti, sirri var, Əyazə verib.
 
 
Gözəllik aləminin şəhriyarıdır bu pəri,
Buna bu səltənəti-hüsni indi tazə verib.
 
 
Bu fəqrimiz bizə, Vahid, böyük səadətdir,
Zəmanə, sərvət ağır yükdür, annamazə verib.
 

«Məclisi-əğyardə gördüm ki, dün yar əyləşib…»

 
Məclisi-əğyardə gördüm ki, dün yar əyləşib,
Sanki əqrəb bürcünə ol mahi-məhvar əyləşib.
 
 
Dami-zülfiylə məni bənd eylədi ol şuxi-şəng,
Mən xəyal etdim ki, sərvə sarmaşıb mar əyləşib.
 
 
Söylədim, cana, əsirəm zülfünə, ey tazə gül,
Söylədi, səslənmə, aşiq, gülşənə xar əyləşib.
 
 
Çəkmə, məşşatə, nigarın zülfünə sən şanəni,
Hər telində şanənin, min aşiqi-zar əyləşib.
 
 
Vahida, çəkmə ayaq hərgiz dəri-meyxanədən,
Məst olanlar Vahidi görsünlər, huşyar əyləşib.
 

«Kim der ki, ləli-nabinə kövsər deyilməyib…»

 
Kim der ki, ləli-nabinə kövsər deyilməyib?
Mehri-cəmalına məhi-ənvər deyilməyib?
 
 
Yüz dəfə zikr olunsa kəlamın, xoşum gəlir,
Heç bir kəlamə bunca mükərrər deyilməyib.
 
 
Əyri qılınc deyən çox olub kəc hilalına,
Müjganların xədənginə xəncər deyilməyib.
 
 
Hər kim görüb, cəmalına min afərin deyib,
Bir mahiruyə bir belə afər deyilməyib.
 
 
Hicrində çəkdiyim bu qədər ahü nalələr,
Ol şuxi-nazəninə, deyirlər, deyilməyib.
 
 
Meyxanələrdə söhbəti-ruyin çox etmişik,
Ləlin yanında badəyə əhmər deyilməyib.
 
 
Cananə kim demişisə Səyyari5, Vahidi,
Odlara taleyi yanan Azər deyilməyib.
 

«Dedi ol yar mənə: dəftərimiz evdə qalıb…»

 
Dedi ol yar mənə: dəftərimiz evdə qalıb,
Eşqə dair yazılan sözlərimiz evdə qalıb.
 
 
Naz ilə, qaş-göz ilə can alırıq aşiqdən,
Ev yıxan, qan axıdan xəncərimiz evdə qalıb.
 
 
Bu gözəlliklə ki, biz naz ilə min can alırıq,
Hələ bizdən də gözəl dilbərimiz evdə qalıb.
 
 
Çeşmi-cadumuza heyran olan aşiq çoxdur,
Fitnələr yağdıran afətlərimiz evdə qalıb.
 
 
Biz əsir eyləmişik zülf ilə biçarələri,
Neçə Məcnuni-vəfapərvərimiz evdə qalıb.
 
 
Şeyx Sənan kimi aşiqləri yoldan çıxaran,
Dinü dil qarət edən kafərimiz evdə qalıb.
 
 
Hələ mən Vahidiyəm Azərbaycanımızın,
Atəşi-eşqə yanan Azərimiz evdə qalıb.
 

«Könlüm kimi, o zülfə yenə şanə bağlanıb…»

 
Könlüm kimi, o zülfə yenə şanə bağlanıb,
Can riştəsi o zülfi-pərişanə bağlanıb.
 
 
Ahəstə şanə çək, gözəlim, tari-zülfünə,
Hər bir telində min dili-divanə bağlanıb.
 
 
Saqi, aparma məst məni xüm ayağına,
Məstanələr yatıb, dəri-meyxanə bağlanıb.
 
 
Könlüm üzün qəmindən olub bənd zülfünə,
Pərvanə sanki şəmi-şəbistanə bağlanıb.
 
 
Meyxanələr açıldı, qədəhlərdə nəşə var,
Möhnət binası xaneyi-viranə bağlanıb.
 
 
Sənan əgər ki, bağladı zünnar, bilmədi,
Aşiq həmişə türreyi-cananə bağlanıb.
 
 
Vahid, zəmanə xubləri keçdi cənnəti,
Zahid hənuz rövzeyi-rizvanə bağlanıb.
 

«Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olub…»

 
Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olub,
Adətim bülbül kimi şamü səhər əfğan olub.
 
 
Kim, iki sərçeşmədir, cana, dü çeşmin, qıl yəqin,
Qorxum oldur, qərq olam, əzbəs axıb ümman olub.
 
 
Atəşi-ahim sədasi çulğayıb səhraləri,
Ahü naləmdən fələk müddətdi, sərgərdan olub.
 
 
Həddi olmaz ola həmta, eşqdə Sənan mənə,
Qeysü Fərhad ahü naləmdən mənim pünhan olub.
 
 
Sən məhi-övci-vəcahətsən, sənə yoxdur zəval,
Vəslinə yetsəm, çətin can verməyim asan olub.
 
 
Vahidi salma, amandır, çeşmidən, ey mahru,
Neçə müddətdir qapında kim, sənin dərban olub.
 

«Sünbülü gül öylə kim, zülfü rüxünlə xu tutub…»

 
Sünbülü gül öylə kim, zülfü rüxünlə xu tutub,
Gül üzündən ətr alıb, sünbül saçından bu tutub.
 
 
Guşeyi-əbrulərində xaldırmı, bilmirəm,
Ya qılınclardır əlində bəççeyi-hindu tutub?
 
 
Ey hilaləbru, deyil xurşid hər gün sübhdəm,
Çərx əksin görməyə göydən yerə güzgü tutub.
 
 
Çeşmi-məxmurun müsəxxər qıldı canü könlümü,
Gör necə səyyadi-mahirdir, iki ahu tutub!
 
 
İntizari-qamətü ruyinlə olmuş müztərib,
Sərvü gül bağ içrə müddətdir, kənari-cu tutub.
 
 
Ay batıb, ya gün tutulmuş, əbri-zülmətdir məgər,
Yoxsa, yarın gül üzün geysuyi-ənbərbu tutub?
 
 
Naz ilə, Vahid, yenə qan tökmək istər xatiri,
Tiri-müjganın əlində ol kamanəbru tutub.
 

«Qəmli könlüm yenə şad oldu, ruxi-yarı görüb…»

 
Qəmli könlüm yenə şad oldu, ruxi-yarı görüb,
Arizində o məhin türreyi-tərrarı görüb.
 
 
Zülfi-purçinini gördükdə könül qıldı fəqan,
Çəmən içrə, sanasan, mürğ o şəhmarı görüb.
 
 
Şəmi-ruxsarını dövr eylədi pərvaneyi-dil,
Yandırar özünü pərvanə necə narı görüb.
 
 
Bülbülün naləsi dünyanı tutar gülşəndə,
Hər zaman xar ilə həmdəm güli-bixarı görüb.
 
 
Daim əğyar ilə həmdəm olur ol simbədən,
Zülfi-bihədd qılır, hərdəm məni-zarı görüb.
 
 
Şövq ilə qıldı həvəs ləli-ləbi-dilbərimə,
Tutivəş mürği-dil ol ləli-şəkərbarı görüb.
 
 
Adət etmiş özünə ağlamağı Vahidi-zar,
Çünki yar ilə o gündən kim o əğyarı görüb.
 

«Ey könül, var bu ziyafətdə şərafət bu gecə…»

 
Ey könül, var bu ziyafətdə şərafət bu gecə,
Bir gözəl növrəs üçündür bu ziyafət bu gecə.
 
 
Xəlqimiz qüssəyi-qəmdən uzaq olsun, yarəb,
Bu səfa məclisinə yetməsin afət bu gecə.
 
 
Toplaşıb bir yerə dost-aşna, hamı xatiri şad,
Gül, danış sübhə kimi eylə zərafət bu gecə.
 
 
Musiqi zövq verir ruhinə pəjmürdələrin,
Tapacaq dərdinə hər şəxs şəfaət bu gecə.
 
 
Yusifi-Misr, sanırsan ki, Züleyxayə görə
Qurdurub izzət ilə təxti-xilafət bu gecə.
 
 
Olmamış bir kəsə dünyada müyəssər belə toy,
Hamı şadlıqla olur məclisə dəvət bu gecə.
 
 
Bu gözəl məclisə bir şer yazarsan, Vahid,
Sən də göstərməlisən xəlqə nəzakət bu gecə.
 

«Bir az da, gəlin, gözləyək ol yar gəlincə…»

 
Bir az da, gəlin, gözləyək ol yar gəlincə,
Min naz ilə ol sevgili dildar gəlincə!
 
 
Yetməz gülünün vəslinə, səbr etməsə bülbül,
Dözmək gərək ol yari-vəfadar gəlincə!
 
 
İzn olsa, məhəbbətlə deyərdim sənə: saqi,
Sal məclisi tərtibə səbəbkar gəlincə!
 
 
Öz yarımız, öz dostumuz, öz məclisimizdir,
Məxsusi, gəlin, zövq alaq əğyar gəlincə.
 
 
Şövq ilə, məhəbbətlə keçirdik bu büsatı,
Məclisdən iraq, bəzi dilazar gəlincə!
 
 
Gəzdir qədəh, ey dost, xərab olmadan ömrün,
Sərməst olaq, ol gözləri xumar gəlincə!
 
 
Sən indi bu gülşəndəsən, ey bülbüli-şeyda.
Fövt eyləmə bu fürsəti, ta xar gəlincə!
 
 
Vahid, bizə bir şer oxu bu məclisə dair,
Bir zövqə yetək çəngü dəfü tar gəlincə!
 

«Könül mürğü düşübdür seydvəş bir dami-səyyadə…»

 
Könül mürğü düşübdür seydvəş bir dami-səyyadə,
Salıbdır boynuma zənciri-zülfün misli-qülladə.
 
 
Səri-zülfi-nigarə dil verib, yüz min bəla çəkdim,
Yox imiş etibar heç kimsəyə bu dar dünyadə.
 
 
Mənimtək eşqdə olmazdı kimsə zarü sərgərdan,
Vəfa görsəydi gər Sənan ki, bir mucan o tərsadə.
 
 
Olur qan bu dili-zarim meyi-gülfamtək hər dəm,
Düşəndə, ey güli-qönçə, o ləli-ləblərin yadə.
 
 
Baş əyməz zahidi-kəcbin hərgiz taqi-mehrabə,
Xəmidə qaşların taqin görə bir dəfə röyadə,
 
 
Dalınca sayəvəş, cana, dolannam, bir budur qəsdim,
O yer kim sən durursan, can edim təslim o məvadə.
 
 
Nə müddətdir, könül, cana, təmənnayi-vüsal eylər,
Rizayəm can verim hicrində, ey məh, bu təmənnadə.
 
 
Mənə vəsf eyləmə, zahid, bu qədri Yusifin vəsfin
Ki, haşa Yusifi-Kənan ola bu hüsnü zibadə.
 
 
Salıbdır Vahidi ayrı vətəndən el şəmatətlə,
Odur, Məcnun kimi tutmuş məkan bir kuhü səhradə.
 

«Bəzmi-şərabxanədə durdum ayağidə…»

 
Bəzmi-şərabxanədə durdum ayağidə,
Verdi şərab saqi mənə bir ayaqidə.
 
 
Şəmi-şüai-hüsnünə yandırdı könlümü.
Pərvanə rəsmdir ki, yanar şəbçirağidə.
 
 
Görmüş məgər o qönçə ləbin gülşən içrə gül,
Olmuş şüküftə gülşən əra gül budağidə.
 
 
Ətri-gülab zülfünü hər kimsə iyləsə,
Getməz ölüncə ətri qalar ol dəmağidə.
 
 
Sərvim ki naz ilə qədəmin qoydu gülşənə,
Qıldı şikəst sərvi-qədi sərvi-bağidə.
 
 
Zülfü içində məskən edib könlümün quşu,
Dil riştəsini incidib ol məh dərağidə.
 
 
Hər kim yetişdi dəhrdə vəsli-nigarinə,
Vahid həmişə can verir rahi-fəraqidə.
 

«Olur şüküftə könül zülfi-yarə şanə dəyəndə…»

 
Olur şüküftə könül zülfi-yarə şanə dəyəndə,
Necə ki, ovçu olur şad oxu nişanə dəyəndə.
 
 
Fərəhlənir ürəyim hər zaman ki, ol gözəlin,
Xədəngi-qəmzəsi bu çeşmi-xunfişanə dəyəndə.
 
 
Zəmanə əhli olur cəm xalinin nəzarəsinə,
Bahar zamanı çıxar xəlq seyrə danə dəyəndə.
 
 
Sitarələr yanar, ol mahə zərrəcə əsər etməz,
Haçan ki, ahim odu taqi-asimanə dəyəndə.
 
 
Gələndə gərdişə əldən alır ünani-taqətimi
O şəhsəvarın əli hər zaman ünanə dəyəndə.
 
 
Dübarə can verir insanə, Vahid, ol pəri, guya
Bir özgə nəşəsi var tiri-nazi canə dəyəndə.
 

«Narazıyam, ey gül, mənə imdad eləsən də…»

 
Narazıyam, ey gül, mənə imdad eləsən də,
Naşad eləyən könlümü dilşad eləsən də.
 
 
Öz səhvinə bir vaxt peşiman olacaqsan,
Olmaz yetişən dadına, min dad eləsən də.
 
 
Sındırmısan, əl vurma sınıq könlümə, zalım,
Viranə düzəlməz, necə abad eləsən də.
 
 
Vəslin həvəsi indi başımdan necə çıxsın,
Zülfündə əsirəm, əgər azad eləsən də.
 
 
Öz yarına bax, başqa gözəllər məni sevməz,
Bülbül kimi yüz naləvü fəryad eləsən də.
 
 
Sən bir mələk olsan da inanmaz sənə könlüm,
Şəxsən özünü huri, pərizad eləsən də.
 
 
Əğyarə uyub, Vahidə yadlar kimi baxma,
Yaddan o çıxarmaz, sən onu yad eləsən də.
 

«Minlərcə gözəl olsa da hər millət içində…»

 
Minlərcə gözəl olsa da hər millət içində,
Olmaz sənə bənzər, gözəlim, xilqət içində.
 
 
Hicrində nələr çəkdiyimi, vəslinə yetsəm,
Bir-bir sənə ərz eyləyərəm söhbət içində.
 
 
Ol zülfi-pərişanə o gündən ki, əsirəm,
Məcnun deyilir adıma cəmiyyət içində.
 
 
Kuyində səfa çəkməyə yol vermə rəqibə,
Yoxdur yeri xain adamın cənnət içində.
 
 
Biganə sözün açma mənə, qüssədən ölləm,
Bimarə içirtmə zəhəri şərbət içində.
 
 
Min cazibə vardır, gözəlim, məst gözündə,
İnsan sənə baxdıqca qalır heyrət içində.
 
 
Vahid, məni hərdəm ki, görüb dindirir ol şux,
Könlüm açılır, ruhum uçur ləzzət içində.
 

«Çürütdük ömrümüzü bivəfalər eşqində…»

 
Çürütdük ömrümüzü bivəfalər eşqində,
Rəqibə qəmzə satan məhliqalər eşqində.
 
 
Sədaqət ilə vəfa aləmində can qoyduq,
Vəfadan əl götürən aşinalər eşqində.
 
 
Xəyali-vəsl ilə zənciri-zülfə bağlandıq,
Rəqibə naz eləyən dilgüşalər eşqində.
 
 
Büküldü bel, baş ağardı, qocaltdı qüssə bizi,
Bu sərv boylu, bu zülfi-qarələr eşqində.
 
 
Bizim nəvayə gələn neydən eşqimiz çoxdur,
Biz indi də gəzirik binəvalər eşqində.
 
 
Bəlayi-eşqdə hər cövrə dözmüşük, Vahid,
Bu daş ürəkli olan dilrübalər eşqində.
 

«Mən aləmə minnət çəkirəm yar həvəsində…»

 
Mən aləmə minnət çəkirəm yar həvəsində,
Yarımsa gəzir şövqlə əğyar həvəsində.
 
 
Bilməm, bu necə sirridir, hikmətdir, əzəldən
Bülbül gülə mail, gül olar xar həvəsində?
 
 
Mey oxşamasa ləblərinə qırmızılıqda,
Bir kimsə tapılmaz meyi-gülnar həvəsində.
 
 
Hər gün üzünü görməyə həsrət çəkir aləm,
Gül fəsli olar el hamı gülzar həvəsində.
 
 
Bilməm, nə görüb zülfdə Məcnun kimi könlüm?
Sərgəştədir ol türreyi-tərrar həvəsində.
 
 
Aşiq sevir ol şuxi, təəccüblü budur ki,
Yüzlərlə gözəllər də onun var həvəsində.
 
 
Vahid! Yenə qiymət çoxalıb Yusifi-şerə,
Gövhər satılır, olsa xiridar həvəsində.
 

«Keçib daim günüm meyxanələrdə…»

 
Keçib daim günüm meyxanələrdə,
Yəqin bir sirr var peymanələrdə.
 
 
Nə bilsin yanmayanlar eşq odunda,
Yanır, məqsəd nədir pərvanələrdə?
 
 
Riyakarın gözəldir, söhbətindən,
O “nuş olsun” ki, var məstanələrdə.
 
 
Məni zənn etməyin Məcnundan əskik,
Mən ondan yüksəyəm əfsanələrdə!
 
 
Kəməndi-zülfi-yarə mail olmaz,
Əgər eşq olmasa divanələrdə.
 
 
Məni, fəqr əhliyəm, təhqir qılma,
Neçün kim, gənc olur viranələrdə.
 
 
Sənin şerinlə, Vahid, nazəninlər
Dəmadəm zövq alır kaşanələrdə.
 

«Fələk salıbdı məni yüz cəfayə qürbətdə…»

 
Fələk salıbdı məni yüz cəfayə qürbətdə,
Gərəkdi səbr eləmək hər bəlayə qürbətdə.
 
 
Olubdu tirə günüm həsrətindən ol mahın,
Gecə-gündüz gəlirəm ahu vayə qürbətdə.
 
 
Nedim, nə çarə qılım, olmuşam bəlayə düçar,
Şikəstə dil qalıb həsrət dəvayə qürbətdə.
 
 
Həqiqi yoxdu mənə aşina, sora halım,
Deyim bu dərdimi ol aşinayə qürbətdə.
 
 
Nə vaxtdır, mənə gəlməz o yardən namə,
Varımdı, gər eləsəm min gilayə qürbətdə.
 
 
İlahi, könlünü şad et qəribi-bivətənin,
Tüfeyli eyləmə mərdi gədayə qürbətdə.
 
 
Xudaya, Vahidi lütfünlə tez yetir Vətənə,
Ki, yarisiz dözə bilməz cəfayə qürbətdə.
 

«Nigara, aşiqin sənsiz qalıb avarə qürbətdə…»

 
Nigara, aşiqin sənsiz qalıb avarə qürbətdə,
Necə gör hicrin etmişdir günümü qarə qürbətdə.
 
 
Düşəndə yadına zülfün olur daim gözü giryan.
Gecələr sübhədək əşkin tökər rüxsarə qürbətdə.
 
 
Fələk qıldı cüda səndən məni, ey şuxi-məhparə,
Tikibdir aşiqin sənsiz gözün yollarə qürbətdə.
 
 
Vətən avarası oldum, həbibim, sevgilim, rəhm et,
Düşübdür aşiqin Məcnun kimi kuhsarə qürbətdə.
 
 
Olub sənsiz ənisim qəm, nigara, munisim nalə,
Bu dərdi-hicrə yox ölməkdən özgə çarə qürbətdə.
 
 
Tərəhhüm qıl, nigara, Vahid olmuş eşqdən xəstə,
Ləbin derlər dəva, ey məh, məni-bimarə qürbətdə.
 

«Keçdi min naz ilə ol dilbəri-məhparə belə…»

 
Keçdi min naz ilə ol dilbəri-məhparə belə,
Bir də dönsə, vuracaq sinəmə yüz yarə belə.
 
 
İncimə, aşiqə cövr eyləsə, biganəyə naz,
O gülün bülbülə nazı belədir, xarə belə.
 
 
Zövqüm artar, üzü göyçəklərə düşdükcə yaxın,
Hələ pərvanə özün vurmamış odlarə belə.
 
 
Hər kimə söylədim eşqində əsir olduğumu,
Dedi: kim saldı bu dərdə səni, biçarə, belə?
 
 
Gözümün yaşını kuyində görənlər dedilər:
Sevgilin tək nə gül olmaz, nə fəvvarə belə.
 
 
Dedim, ağ üstə nə növi görünür qarə, o məh
Tökdü zülfün üzə, ağ üstə, dedi, qarə, belə.
 
 
Vahid, hər kimsədə ki eşq, məhəbbət yoxdur,
Almaram mən onu bir dirhəmü dinarə belə.
 

«Gözəlim, el duyar axır, mənə az qaş-göz elə…»

 
Gözəlim, el duyar axır, mənə az qaş-göz elə!
Bir də aldanmaram, ölsəm də, vəfasız gözələ.
 
 
Alacaqsan, bilirəm, canımı min naz ilə,
Çox gecikdirmə, gülüm, hər nə bilirsən, tez elə!
 
 
Çıx çəmən seyrinə, bülbüllər ölür dərdindən,
Xəstə aşiqlərinin ruhini güldür, təzələ.
 
 
Naz ilə gül, bizim ellərdə də güllər gülsün,
Solsun əğyarın açılmış gülü, dönsün xəzələ.
 
 
Bu gözəl ölkə yetirmiş bu məlahətdə səni,
Hər pəriçün bu səadət, bunu bil, düşməz ələ.
 
 
İnciyib məndən, eşitdim o gözəllər gözəli,
Aramız, bəlkə, bu günlərdə, güman var, düzələ.
 
 
Dəli ceyran kimi naz ilə o süzgün baxışın,
Vahidin şövqünü artırdı bu şirin qəzələ.
 

«Gözəlim, tutma bərabər məni pərvanə ilə…»

 
Gözəlim, tutma bərabər məni pərvanə ilə,
O əgər şəmə yanır, mən ruxi-cananə ilə.
 
 
Qorxuram, el düşüb ardınca ola heyranın,
Ehtiyat ilə dağıt zülfün üzə şanə ilə.
 
 
Bundan artıq qəmi-hicranına tabım yoxdur,
Ölərəm, bir də görəm gər səni biganə ilə.
 
 
Bu qədər göz görə zülfündə əsir olmazdım,
Mümkün olsaydı bacarmaq dili-divanə ilə.
 
 
Mən durarkən, yenə el söhbəti-Məcnunə uyur,
Nə zamandır, keçirir ömrünü əfsanə ilə.
 
 
Tövbə camın necə sındırmayım, insafım var?
Dilbərim saqi olub, mey verə peymanə ilə.
 
 
Mən əgər badəni tərk eyləməsəydim, Vahid!
Çürüyüb məhv olacaqdım rəhi-meyxanə ilə.
 

«Keçsəydi xoş günüm gər o zülfi-siyah ilə…»

 
Keçsəydi xoş günüm gər o zülfi-siyah ilə,
Hərgiz şikayət etməz idim suzi-ah ilə.
 
 
Ahu baxışlı gözlərinin mübtəlasiyəm,
Çox baxma, sevgilim, mənə süzgün nigah ilə.
 
 
Ruyin yanında zərrəcə gəlməz xəyala gün,
Müşkül, gəda bərabər ola padişah ilə.
 
 
Zahid sözüylə, yaxşı ki, mey tərkin etmədim,
Bəsdir səvabım eşqdə bir bu günah ilə.
 
 
Bilməz cəmalını məhü xurşidə bənzədən,
Çoxdur təfavütün, gözəlim, mehrü mah ilə.
 
 
Mehrabi istəyərmi sevən kəc hilalini,
Daşda nə zövq var, bir ola qibləgah ilə?
 
 
Zülfün düşəndə ruyinə, artar məlahətin,
Gül bağlananda qiyməti artar giyah ilə.
 
 
Nəyyirlə6 çox mübahisə oldu bu şerdə,
Vahid, qalıb bu məsələmiz iştibah ilə.
 

«Hər kəs cahanda dost ola bir xeyirxah ilə…»

 
Hər kəs cahanda dost ola bir xeyirxah ilə,
Keçməz həyatı naleyü fəryadü ah ilə.
 
 
Könlüm gülüzlü bir gözəlin mübtəlasıdır,
Hərgiz dəyişmərəm mən onu mehrü mah ilə.
 
 
Kuyi-nigarımın mən əzəldən gədasıyam,
Bəhs eylərəm bu rütbəmlə padişah ilə.
 
 
Dəşti Xətada seyr edən ahuyə vermərəm,
Ol nazənin baxanda mənə kəc nigah ilə.
 
 
Yarın cəfası olmasa biçarə aşiqə,
Səhrayi-eşq dolmaz idi əşki-ah ilə.
 
 
Vahid, bu nazəninlərə çox bivəfa dedik,
Tanrı bağışlamaz bizi böylə günah ilə.
 

«Bir ləhzə gülmədi üzüm ol gülcamal ilə…»

 
Bir ləhzə gülmədi üzüm ol gülcamal ilə,
Ömrüm yetişdi axirə yüz min xəyal ilə.
 
 
Hicran qəmilə eylə ki, mən adət etmişəm,
Şad olmaram ölüncə ümidi-vüsal ilə.
 
 
Öz eşqim ilə fəxr edirəm kainata mən,
Şahlar öyünməsin mənə cahü cəlal ilə.
 
 
Yar ilə xoş dəqiqələrin başqa zövqü var,
Yar olmayanda gün keçəcək qilü qal ilə.
 
 
Bir də cahana gəlməyəcəksən dübarə sən,
Mümkünsə, qoyma keçməyə ömrün məlal ilə.
 
 
Tədric ilə qocaldacaq axır fələk səni,
Vəhşiliyi burax, dolan əhli-kamal ilə.
 
 
Vahid, mənimlə düz dolanan yar tapmadım,
Çünki fələk də kəc dolanır əhli-hal ilə.
 

«Ey deyən, xar yaxınlaşdı vəfasız gül ilə…»

 
Ey deyən, xar yaxınlaşdı vəfasız gül ilə,
Gül bu az ömrü ilə bəhs qılır bülbül ilə.
 
 
Kaş ki, bir də bizə o vəslin olaydı qismət,
Yenə həmsöhbət olaq bir neçə əhli-dil ilə.
 
 
Hansı göylərdə mələklərlə gəzirsən gecələr?
Məh camalın bizə görsənməyir ayla, il ilə.
 
 
Könlümü odlara cəzb etdi xəyali-zülfün,
Yandırar xəlq çirağın gecələr məftil ilə.
 
 
Əhli-hal ilə cəhənnəm mənə cənnət görünür,
Həmdəm olmaqdan isə tərbiyəsiz cahil ilə.
 
 
Eylə ki, Vahid, o gülçöhrə sevir əğyarı,
Zənn edir, sanki mələk göydən enib zənbil ilə.
 

«Günəşlə bəhs edirəm mən bu gül cəmalım ilə…»

 
Günəşlə bəhs edirəm mən bu gül cəmalım ilə,
Necə bərabər olur ay iki hilalım ilə?
 
 
Mən istəsəm, salaram əhli-eşqi zəncirə
Kəmənd zülflərində, xəyali-xalım ilə.
 
 
Bir ay səfayi-vüsalimdən istifadə edən,
Yüz il də ömr eləsə, fəxr edər vüsalım ilə.
 
 
Nəzakət əhli bilər, var nə şivələr məndə,
Əsirdir mənə aləm bu xoş xisalım ilə.
 
 
Məni təbiət əzəl gündən nazənin yaradıb
Ki, layiqəm bu qədər şənə öz kəmalım ilə.
 
 
Məni sevən gərək eşqimdə min bəla çəksin,
Keçirdə xoş gününü möhnətü məlalım ilə.
 
 
O bağiban mənə layiqdir, əhli-dərd olsun
Ki, bəsləsin məni tər qönçətək bu halım ilə.
 
 
Mənim də dərdimi, Vahid, deyərsən ol şuxə,
Nədənsə, mən bacara bilmədim o zalım ilə.
 

«Ürəkdən eyləmişəm mən bu əhdi tarım ilə…»

 
Ürəkdən eyləmişəm mən bu əhdi tarım ilə,
Günüm keçəydi həmişə o nazlı yarım ilə.
 
 
Vəfalı bülbülüyəm bir gülüzlü cananın,
İnanmışam ona öz doğru etibarım ilə.
 
 
Şərəflə ömr keçirmək böyük səadətdir,
Fədasıyam bu yolun mən öz ixtiyarım ilə.
 
 
Həmişə xoş keçəcəkdir həyatımız, günümüz,
Bir olsa hər sözümüz nazənin nigarım ilə.
 
 
Vətən oğulları nəslilə iftixar eylər,
Olur ki, fəxr edərəm mən də yadigarım ilə.
 
 
Behişti görməmişəm, arizu da eyləmirəm,
Vətəndə keçsə günüm yari-gülüzarım ilə.
 
 
Məhəbbət əhlinə, Vahid, çalış, yaxın gəlmə
Ki, qorxuram, yana qəlbin bu ahü zarım ilə.
 

«Keçsəydi xoş günüm əgər ol gülüzar ilə…»

 
Keçsəydi xoş günüm əgər ol gülüzar ilə,
Əğyarə minnət etməz idim ahü zar ilə.
 
 
Mən ol səfa ki, arizi-cananda görmüşəm,
Hərgiz dəyişmərəm onu yüz min bahar ilə.
 
 
Bilməz vüsal qədrini hər aşiqəm deyən,
Ta yanmayınca dərdü qəmü intizar ilə.
 
 
Məşuqə aşiqilə tanınmışdır aləmə,
Qiymətlənir qaş ilə üzük, zər əyar ilə.
 
 
Cananə öz dilimlə dedim, aşiqəm sənə,
Zövqüm səninlədir, nə işim var kənar ilə.
 
 
Divanəyəmmi mən, yenə zəncirə bağlanam?
Salmış kəməndə eşq məni zülfi-yar ilə.
 
 
Kuyi-nigarə layiqi yoxdur hər aşiqin,
Mən tapmışam bu Kəbəyə yol etibar ilə.
 
 
Eşq əhlini təbiət özü imtahan edib,
Məcnunu dərdi-hicr ilə, Mənsuru dar ilə.
 
 
Aləm bizim diyarımızın həsrətin çəkir,
Biz mehribanlıq eyləyirik hər diyar ilə.
 
 
Ahu baxışlı Azərbaycan gözəlləri
Bir bax, çəməndə seyr eləyirlər qatar ilə.
 
 
Vahid, bu şeri Təbrizə göndərmək istərəm,
Qismət olaydı, bir görüşək Şəhriyar7 ilə.
 

«Görsəm, ey gül, ölərəm bir də səni xar ilə…»

 
Görsəm, ey gül, ölərəm bir də səni xar ilə,
Əvvəl öldür məni, get sonra gəz əğyar ilə.
 
 
Əhd qıldın ki, vəfasızlığı tərk eyləyəsən,
Varsan, əhsən sənə öz etdiyin iqrar ilə.
 
 
Sünbüli-zülfünə çoxdan vurulub badi-səba,
Gecə-gündüz keçirir ömrünü gülzar ilə.
 
 
Tapmamışdır hələ bülbül sənə bənzər bir gül,
Bağdən-bağə gəzir dideyi-xunbar ilə.
 
 
Qamətin sərvi, gözün nərgizi gözdən saldı,
Dəhənin qönçəni lal eylədi güftar ilə.
 
 
Dil gözün fikrinə çox düşdü, xəyal eyləmədi:
Rahət olmaz qoşulan məsti-xətakar ilə.
 
 
Dövlətim, simü zərim olmasa, Vahid, xoşdur,
Gənci-təbim doludur gövhəri-əşar ilə.
 

«Sevimlisən, gözəlim, gəzmə bivəfalar ilə…»

 
Sevimlisən, gözəlim, gəzmə bivəfalar ilə,
Məhəbbət ilə dolan yarü-aşinalər ilə.
 
 
Gözəlliyinlə qürur eyləmə, müvəqqətidir,
Zəmanəmiz doludur nazlı məhliqalər ilə.
 
 
Vətəndə xəlq baxır zülmükara nifrətlə,
Fəqirə, acizə, məzlumə mərhəbalər ilə.
 
 
Gözəllərin sitəmindən sızıldayır ürəyim,
Toxunma, pərdə dolub ney kimi nəvalər ilə.
 
 
Bu nalələr səni də yandırıb-yaxar bir gün,
Yox isə mərhəmətin gəzmə binəvalər ilə.
 
 
O şux baxışlarının fitnədir, xətadır işi,
Min ehtiyat gərək gözləri qəralər ilə.
 
 
Mənə təxəllüsü Yusif8 verib dedi, Vahid,
Gərək də fərqlənəsən sən bu xudnümalər ilə.
 

«Xoş ol aşiqə kim, ömr edər məhəbbət ilə…»

 
Xoş ol aşiqə kim, ömr edər məhəbbət ilə,
Həyatını keçirər zövqü eşqü ləzzət ilə.
 
 
Nigarım olsa mənimlə, keçər həyatım xoş,
Mənim nə zövqüm olardı behiştü cənnət ilə?!
 
 
Maarif əsri deyir el bizim zəmanəmizə,
Maarif ilə varam, yox işim cəhalət ilə!
 
 
Birisi yerlərin altın, biri səmada gəzir,
Müsəxxər eyləyir aləmləri cəsarət ilə.
 
 
Həmişə xəlqinə qarşı sədaqət ilə dolan,
İnan ki, çox yaşamaz zövq olan xəyanət ilə.
 
 
Açıq göz ilə çalış, kainata eylə nəzər,
Həyatını başa vur sülh ilə, ədalət ilə.
 
 
Cəfayə, zülmə bütün nifrət eyləyir aləm,
Xilas elə bəşəri zülmdən cəsarət ilə.
 
 
Lətif üçün bu sözü yadigar edib Vahid!
Həmişəlik qala gültək sözüm lətafət ilə.
 

«Könül, vəfalı olan yarə etibar eylə…»

 
Könül, vəfalı olan yarə etibar eylə,
Vəfalı olmayanı cəhd qıl, kənar eylə.
 
 
İnanmadıqlarına gizli sirrin olsa, demə,
İnandığın adama, qorxma, aşikar eylə.
 
 
Məhəbbət ilə, sədaqətlə xalq içində yaşa,
Ümumə yaxşılıq et, şərdən fərar eylə.
 
 
O kəslərin ki, sənə eşqi var, məhəbbəti var,
Yolunda sən onların canını nisar eylə.
 
 
Gözəl günündə səni istəyənlərin çox olar,
Çək imtahana, yaman gündə bərqərar eylə.
 
 
Zəmanə əyrilər ilə həmişə düşməndir,
Çalış ki, xalqın ilə doğruluq şüar eylə.
 
 
Əlində, Vahid, əgər yoxsa başqa bir əsərin,
Bu şeri yaz, vətənə, xalqa, yadigar eylə.
 

«Məni hər kim ki, sevir, gəl ona divanə demə…»

 
Məni hər kim ki, sevir, gəl ona divanə demə!
Aşina bildiyin öz dostuna biganə demə!
 
 
Aşiqin qəlbini get piri-qələndərdən sor,
Sən xərabati olan mənzilə viranə demə!
 
 
Yanmayıb mən kimi pərvanə də eşq atəşinə,
Özünü hər oda çırpan quşa pərvanə demə!
 
 
Məni sərməst eləyən gözlərinin həsrətidir,
Nəşeyi-camilə, ey gül, mənə məstanə demə!
 
 
Xeyirxah ol, gözəlim, aşiqi-biçarələrə,
Bisəbəb onların haqqında bir əfsanə demə!
 
 
Ağzının sirrini sərrafə, gülərkən söylə,
Qədrisiz hər daşa gövhər demə, dürdanə demə!
 
 
Başqa cananlara hər dərdini, Vahid, de, nə qəm,
Ancaq öz istədiyin sevgili cananə demə!
 

«Pabəstə olmasaydım o geysuyi-pürxəmə…»

 
Pabəstə olmasaydım o geysuyi-pürxəmə,
Divanəlikdə şöhrətim irməzdi aləmə.
 
 
Hər dəm düşəndə ruyinə ol zülfi-pürxəmin,
Bənzər xəzinə üstə duran mari-ərğəmə.
 
 
Ləlin dirildir, öldürür üşşaqı, ey sənəm,
Yox ehtiyacımız dəxi İsəbni-Məryəmə.
 
 
Bir danə üçün etməz idi tərk cənnəti,
Xalın xəyalı bais olub, derlər, Adəmə.
 
 
Zahid bilərmi sirrini qönçə dəhanının?
Vaqif olarmı nabələd əsrari-mübhəmə?
 
 
Zövqi-həyatımız rəhi meyxanələrdədir,
Verdik behişti biz sənə, zahid, cəhənnəmə!
 
 
Vahid, zəmanə içrə tapılmaz bir əhlidil,
Sanma vəfalı, bağlama bel yarü həmdanə.
 

«Ah, kim hər gün yetər min qəm dili-naşadimə…»

 
Ah, kim hər gün yetər min qəm dili-naşadimə,
Bir gün ol bimehr məh yetməz mənim fəryadimə.
 
 
Gülşəni-eşqində könlüm qan olur qönçəsifət,
Hər zaman kim, ey güli-rəna, düşərsən yadimə.
 
 
Bəsdir, ey gərdun, mənə hicran qəmi, təni-rəqib,
Sən nə hacət daş atırsan xaneyi-bərbadimə?!
 
 
Yel dəyib hər sübhdəm eylər xəmidə qamətin,
Hər zaman eylər həsəd sərv ol qədi-şümşadimə.
 
 
Qətlim üçün dəmbədəm gərdun cəfa tiğin çəkib,
Həqq özü bir rəhm versin rəhmsiz cəlladimə.
 
 
Kafirəm, versəm əgər meyxanə küncün məscidə,
Eybi yoxdur, qoy desinlər küfri-aləm adimə.
 
 
Vahida, bu şeri yaz, göndər hüzuri-Müznibə9,
Nola gər, ustaddır o, çəksə qələm iradimə.
 

«Səbr eylə, könül, möhnəti-hicranə, tələsmə…»

 
Səbr eylə, könül, möhnəti-hicranə, tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.
 
 
Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə, tələsmə.
 
 
Yusif də Züleyxanı məhəbbətlə sevirdi,
Saldırdı Züleyxa onu zindanə, tələsmə.
 
 
Dünyayə vəfa eyləmə, çox ağlama, könlüm,
Dünya nə vəfa qıldı Süleymanə, tələsmə.
 
 
Pərvanə əgər yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə, tələsmə.
 
 
Zahid çalışır yıxmağa meyxanə binasın,
Məscid qalacaq əksinə viranə, tələsmə.
 
 
Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr, əlbəttə, gülüstanə, tələsmə.
 
 
Gündən-günə artır bu gözəl huriliqalər,
Dünya dönəcək cənnətü rizvanə, tələsmə.
 
 
Vahid, içəcəksən, demə ki, tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə, tələsmə.
 

«Qara zülfün o məhrüxsarə, ey gül, sayəban etmə…»

 
Qara zülfün o məhrüxsarə, ey gül, sayəban etmə!
Hilalı zülməti-şəbdə bulud içrə nihan etmə!
 
 
Ləbindən dişlədim – qan eylədim, sanki xəta qıldım,
Amandır, zalım olma, tökmə qanım, qanə qan etmə!
 
 
Güli-ruyindəki xali-siyəhdən ehtiyat eylə,
Behiştin bağına hindunu, gözlə, bağiban etmə!
 
 
Qəmindən təngə gəldim, sərv boylum, böylə naz olmaz,
Tərəhhüm eylə, kuyində gözüm yaşın rəvan etmə!
 
 
Könül, vəhm eylə canından, düşərsən seydvəş damə,
Gedib hər nakəsin zülfün özünə aşiyan etmə.
 
 
Apardı könlümü zülfün, a zalım, barı insaf et,
Heç olmazsa, alıbsan könlümü, gəl qəsdi-can etmə!
 
 
Rəqibin başqadır kuyində gəzməkdən təmənnası,
İnanma, sevgilim, hər xainə, məhrəm güman etmə!
 
 
Özün, Vahid, müqəssirsən, sənə canan nə cövr etsə,
Könül vermə gözəllər zülfünə, ahü fəğan etmə!
 

«Salıbdır, dilbəra, zülfün üzündə sayə hər yanə…»

 
Salıbdır, dilbəra, zülfün üzündə sayə hər yanə,
Görünmür taği-əbrulər, düşübdür bəs ki pünhanə.
 
 
Ki, sən mahi-münəvvərsən, sənə yoxdur zaval, ey şux,
Görə ruyin əgər tərsa, gəlir din ilə imanə.
 
 
Məni Məcnun edib eşqin, salıb səhrayə sərgərdan,
Olub abad olan könlüm sənin eşqində viranə.
 
 
Mənə rəhm eylə, ey məhru, mənim nazlı nigarımsan,
Məni, Allah rizasına, bu qədər salma hicranə.
 
 
Fəraqi-həsrətin çəkməkdə, billah, zarü giryanam,
Sənin bil, rahi-eşqindir, məni salmış biyabanə.
 
 
Tənuri-eşqdə üşşaqlar könlün kəbab etmə,
Tərəhhüm qılmasan, ahım salar dünyanı tufanə.
 
 
Təmənna bəsdir, ey Vahid, bu qədri etmə dilbərdən,
Gələr insafə məhrulər, səni salmazlar əfqanə.
 

«Mənə hərdən baxır ol sevgilim biganə-biganə…»

 
Mənə hərdən baxır ol sevgilim biganə-biganə,
Qızıl qanlar içirdir könlümə peymanə-peymanə.
 
 
Əli daşlı uşaqlar düşmüş arxamca, deyirlər ki,
Budur zənciri-zülfə bağlanan divanə-divanə!..
 
 
Gülüzlü yar ilə həmsağər olmaqdan budur qəsdim:
Ürək sirrin ona şərh eyləyim məstanə-məstanə.
 
 
Görüb rüsvayi-aləm olduğum tən eyləyən çoxdur,
Düzəldibdir hərə həqqimdə bir əfsanə-əfsanə.
 
 
Dil açmış şölədən guya, axıtmış şəm göz yaşı,
Yanarsan, ehtiyat ilə dolan, pərvanə-pərvanə!
 
 
Nə qalmış mülki Daranın, nə təxtü taci Cəmşidin,
Hanı Şəddad, Firondan qalan kaşanə-kaşanə?
 
 
Vəfadan dönmərəm, Vahid, əgər yüz min bəla çəksəm,
Varam canan yolunda mən yenə mərdanə-mərdanə.
 

«Aşiqəm hüsnünə, ey gül, deyiləm biganə…»

 
Aşiqəm hüsnünə, ey gül, deyiləm biganə,
Yanıram atəşi-eşqə, necə bir pərvanə.
 
 
Demədim bir kəsə zülfündə əsir olduğumu,
İstərəm, sirrimə yol tapmaya hər divanə.
 
 
Nə cəfa çəksə vəfa əhli, bəladan qaçmaz,
Rəhmət ol kəslərə, hər dərdə dözüb mərdanə.
 
 
Zairi-kuyin olan cənnətə rəğbət qılmaz,
Aşiqi-vəslin olan meyl eləməz rizvanə.
 
 
Qəlbimin şişəsi zövqi-meyi-eşqinlə dolub,
Unudarmı səni, şövqündə olan məstanə?
 
 
Ləblərin badə müzürr olduğun öyrətdi mənə,
Uduzub əqlimi mey, zail edir peymanə.
 
 
Vahid, aydındır, uzatmaq nə gərək məsələni,
Xalq xoşlanmaz, əgər olsa uzun əfsanə.
 

«Zülm qılma, gözəlim, rəhm elə, gəldim canə…»

 
Zülm qılma, gözəlim, rəhm elə, gəldim canə,
Ürəyim dərdi-fəraqinlə dönübdür qanə.
 
 
Gül əgər olmasa, bülbül niyə fəryadə gəlir,
Eşqi var, odlara çırpır özünü pərvanə.
 
 
Xəstə könlüm o qara zülfünün avarəsidir,
Görsə zənciri necə sakit olur divanə?
 
 
Nə mənə badə gərəkdir, nə gülüstan seyri,
Olmuşam gözlərinin şövqü ilə məstanə.
 
 
Məhrəmi-vəslin olan gün belə nəzr eyləmişəm:
Can verəm sən kimi bir naz eləyən cananə.
 
 
Leyliyə eşqdə Məcnun olub aşiq, sənə mən,
İndi dillərdə bizimçün deyilir əfsanə.
 
 
Şad olardım, o gülün vəslinə yetsəm, Vahid,
Əgər etməzsə əcəl könlüm evin qəmxanə.
 

«O gül ki, naz qılardı məni-pərişanə…»

 
O gül ki, naz qılardı məni-pərişanə,
Mən indi naz edirəm ol gülüzlü cananə.
 
 
Bu eşq aləmini eşqə düşməyən bilməz,
Bilərmi, yanmasa şəmin şərəfni pərvanə?
 
 
Məni əsir eləmişdi o şux leylivəşim,
Dönüb o indi olub eşqim ilə divanə.
 
 
Vəfasız olmağını bundan ol gülün bilirəm,
Əziz olub ona məndən, nədənsə, biganə.
 
 
Nə eylə talibəm, ol dilbərin vüsalinə mən
Ki, səbr edim, dözüm, əlbəttə, dərdi-hicranə.
 
 
Nə Yusifəm, nə də ki, sevdiyim Züleyxadır,
Əsir edib məni salsın sitəmlə zindanə.
 
 
Cahanda bəsdi mənə, Vahidəm, bir öz yarım,
Behişt içində gözüm yoxdu hurü qılmanə.
 

«Məni hicran qəminə saldı o məhparə yenə…»

 
Məni hicran qəminə saldı o məhparə yenə,
Zülfü tək eylədi aydın günümü qarə yenə.
 
 
Xoş o günlər, sənə vəslində deyərdim dərdim,
İndi hicrin deyirəm hər dərü divarə yenə.
 
 
Bir vurub sinəmə müjgan oxunu getmiş idi,
Fikri var, bir də edə, könlümü sədparə yenə.
 
 
Nəqdi can əldə tutar kim ki, xiridarı ola,
Yusifi gər çəkələr səhneyi-bazarə yenə.
 
 
Kəndumi-xalini könlüm quşuna göstərdi,
Edəcəkdir məni-biçarəni avarə yenə.
 
 
Dün eşitdim səni, əğyar ilə həmsöhbətsən,
Vədeyi-vəsl veribsən, gülüm, əğyarə yenə.
 
 
Xəstə bülbül kimi, Vahid, işim əfğan oldu,
O gül həmdəm olubdur, dedilər xarə yenə.
 

«Çox etmə qaş-göz ilə, sevgilim, işarə mənə…»

 
Çox etmə qaş-göz ilə, sevgilim, işarə mənə,
Ürəkdə hər nə sözün var, de aşikarə mənə.
 
 
Xoşam qılınc qaşını göstərincə əğyarə,
Cəfa ilə vurasan yarə üstə yarə mənə.
 
 
Üzündə xalını gördükcə şad olur könlüm,
Nə ay verər bu səfanı, nə də sitarə mənə.
 
 
Kitabi-eşqini bir-bir vərəqlədim, baxdım,
Vüsalə yetməyə xoş gəldi istixarə mənə.
 
 
Təbiət eşq bəlasın mənə vəzifə verib,
Odur ki, cövr edir hər nazlı mahparə mənə.
 
 
Gözəl ki, aşiqin incitmədi, burax getsin,
Sevinnəm, etsə cəfa sevgilim dübarə mənə.
 
 
Diyari-eşqdə öz dərdü möhnətin unudar,
Bu halidə edən olsa əgər nəzarə mənə.
 
 
İşi girişmə, gəhi nazdır, gəhi qəmzə,
Nə qaldı, etməmiş olsun o zülfü qarə mənə?!
 
 
Dedim təbibə: – Məni, qoyma, yıxdı nəşeyi-mey,
Ləbi-nigarımı yazdı birinci çarə mənə.
 
 
Şərabı vəqf edərəm, Vahid, öz səvabın üçün,
Şərabxanələri versələr icarə mənə.
 

«Axır ağlatdın məni, biganələr gülsün mənə…»

 
Axır ağlatdın məni, biganələr gülsün mənə,
Şəm tək yaxdın məni, pərvanələr gülsün mənə.
 
 
Mən də yalvarram gözüm yaşilə piri-meykədə
Eylə məst etsin məni, məstanələr gülsün mənə.
 
 
Pərtövi-xurşidi-ruyin cami-mey içrə görüb,
Ağlaram, qoy dövrədə peymanələr gülsün mənə.
 
 
Qorxuram, sirri-dəhanın mey içib faş eyləyəm,
Məst olam kim, arifi-meyxanələr gülsün mənə.
 
 
Bağla ol zənciri-zülfinlə məni-sərgəştəni,
Qoyma kim, səhranişin divanələr gülsün mənə.
 
 
Leylivəş zülfündən ayrı istərəm, Məcnun olam,
Qoy eşitsin bu sözü, fərzanələr gülsün mənə.
 
 
Yıxa bilməzdi, fələk olsaydı, yıxdı hicri-yar,
Vahidəm, qoy sakini-viranələr gülsün mənə!
 

«Sənsiz yerim behişt ola, qəmxanədir mənə…»

 
Sənsiz yerim behişt ola, qəmxanədir mənə,
Kim aşina deyil sənə, biganədir mənə.
 
 
Hər kəs ki, payibəndi-səri-zülfün olmasa,
Yüz aqiləm desə, yenə divanədir mənə.
 
 
Şövqi-rüxünlə şəm kimi yandım hər gecə,
Həmdəm sirişki-çeşmlə pərvanədir mənə.
 
 
Abi-həyatı bir belə zahid ki, vəsf edir,
Ləli-ləbin yanında bir əfsanədir mənə.
 
 
Eşq aləmində bunca bəlalər ki, çəkmişəm,
Məqsəd təvafi arizi-canadir mənə.
 
 
Zülfünlə olsa, eyləməz aşüftə könlümü,
Düşmən o zülf içində gəzən şanədir mənə.
 
 
Vahid! Cahanda baqi qalan eşq mülküdür,
Ondan qalan nə varsa da, viranədir mənə.
 

«Nədən yaraşmadım, ey yari-mahiparə, sənə…»

 
Nədən yaraşmadım, ey yari-mahiparə, sənə
Ki, bəlkə, xəlvəti əğyar edib işarə sənə?
 
 
O gül cəmalını, bilməm, nə üzlə vəsf eləyim,
Günəş deyim, gözəlim, ya deyim sitarə sənə?!
 
 
Sənin gözəlliyinin mən də çoxdan aşiqiyəm,
Nə xəlvəti demək olmur, nə aşikarə sənə.
 
 
Kəməndi-eşqdən, əlbəttə ki, xilas olmaz,
Bu zülf ilə vurula hansı bəxtiqarə sənə.
 
 
Cavanlıq aləmidir, indi dil verən çox olar,
İnanma, eyləyə müşkül günündə çarə sənə.
 
 
Rəqibdən özünü gözlə, şənin əksiltmə.
Kənardən eləyər qeyrilər nəzarə sənə.
 
 
O gün dedim sənə, Vahiddən əl götür, əfsus,
Həmin sözü deyirəm indi mən dübarə sənə.
 

«Canan, nə etmişəm, belə biganəyəm sənə…»

 
Canan, nə etmişəm, belə biganəyəm sənə?
Məcnun olan da mən evi viranəyəm sənə!
 
 
Yüzlərlə nazlı yar ola, könlüm səninlədir,
Olsan nə yerdə, mən yenə həmxanəyəm sənə.
 
 
Canan da böylə cövr edər öz mübtəlasına?
Sən zülmkarsan, demə, cananəyəm sənə.
 
 
Şövqi-ləbinlə eyləyəli badə tərkini,
Sərməst gözlərin kimi məstanəyəm sənə.
 
 
Ancaq kəməndi-eşqə giriftar olan bilir,
Zülfün qəmində mən necə divanəyəm sənə!
 
 
Göstərmə gül cəmalını, yandırma könlümü,
Qoy bilməsinlər, eşqdə pərvanəyəm sənə.
 
 
Eşq aləmində mən də sədaqətli Vahidəm,
Hər bir işimdə doğru və mərdanəyəm sənə.
 

«Aldı mey camini ol yari-güləndam əlinə…»

 
Aldı mey camini ol yari-güləndam əlinə,
Can fəda saqiyə! Verdi o gülün cam əlinə.
 
 
Badə zövqün nə bilir, kim ki, xiridarı deyil,
Qoymayın, ləli-giranmayə düşə xam əlinə!
 
 
Dəri-meyxanə səfasın niyə zahid bilsin?
Vermə cənnət açarın cahili-bədnam əlinə!
 
 
Badə tarixini Cəmşidi-Cəm etmiş icad
Ki, düşübdür bu qədər kafərü islam əlinə.
 
 
Rahəti-ruhini şad etmək üçün Xəyyamın,
Cam tut ki, necə almış onu Xəyyam əlinə!
 
 
Mən də bir cam ilə aram tutardım, saqi!
Gər yetişsəydi əlim yari-dilaram əlinə.
 
 
Vahid üçün bu şərəf ləzzəti-dünyayə dəyər,
Yar ilə alsa əgər badeyi-gülfam əlinə.
 

«Əgər mən olsam, o geysuyi-müşkitər yerinə…»

 
Əgər mən olsam, o geysuyi-müşkitər yerinə,
Öpüb, qucub, sarılardım o şuxun hər yerinə.
 
 
Şəkər nədir ki, onun həsrətin çəkəm sənsiz,
Mənə kifayət edər ləblərin şəkər yerinə.
 
 
Qızıl, gümüşsüz hanı məndə öylə tale ki,
Qucaqlayaydım o nazik belin kəmər yerinə?!
 
 
Könüldə qəmzən oxu – ölmədim, deyirlər bəs,
Sağalmaz, hər kimin ox dəysə gər sevər yerinə.
 
 
Xəyali-zülfü rüxünlə keçər gecəm-günüzüm,
Birisi şamə bərabər, biri səhər yerinə.
 
 
Fələk, həqir eləyən kəslərin muradinə yet!
Bu mərhəmət, gün olur ki, gəlib düşər yerinə.
 
 
O şuxi-məhvəşi tavusa bənzədir könlüm,
Üzündə türreyi-müşkini balü pər yerinə.
 
 
Cahanda hər kəsin öz qibləgahı, Məkkəsi var,
Mənim də qibləm üzün, xalların Həcər yerinə.
 
 
Bu sərvboyluların, Vahid, hər qəmin çəkdim,
Həmişə göz yaşı verdi mənə səmər yerinə.
 

«İcazə ver, baxım, ey gül, o qarə gözlərinə…»

 
İcazə ver, baxım, ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim, aşikarə gözlərinə.
 
 
Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə, gözlərinə.
 
 
Camalın açma, gülüm, qorxuram görüb üzünü,
Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.
 
 
Olaydı qismət, öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm istixarə gözlərinə.
 
 
Kəməndi-ah ilə səyyadlar dalınca düşər,
Bu naz ilə əgər etsən işarə gözlərinə.
 
 
Gözüm götürməyir əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə.
 
 
Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə.
 

«Mail oldu könlüm ol mahin ruxi-zibasinə…»

 
Mail oldu könlüm ol mahin ruxi-zibasinə,
Payibənd oldu siyəh geysuyi-müşkasasinə.
 
 
Kilki-qüdrət dişlərin tərhin yazıb Quranidə,
Bilmək istərsən əgər, bax ibtidayi-Yasinə.
 
 
Bənd olub bir Leylivəş yarın kəməndi-zülfünə,
Ruzü şəb Məcnunsifət düşdüm bəla səhrasinə.
 
 
Yar ilə həmbəzm olub, gər mey içəm meyxanədə,
Zahidin verməm o bəzmi-cənnəti-üqbasinə.
 
 
Ey ləbi qönçə, çıxar varü yox əldən, hər o kəs,
Gər düşə məntək səri-geysulərin sevdasinə.
 
 
Qəm əlindən sərvim azad etmədi bir dəm məni,
Zülm edib baxdı rəqibin hiyləvü fitvasinə.
 
 
Yarı əğyar ilə görməkdənsə, Vahid, yaxşıdır,
Qərq ola bu zövrəqi-cismim bəla dəryasinə.
 

«Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə…»

 
Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə,
Leyliylə nə karın var, qoysun səni avarə”?
 
 
Eşq aləmi üşşaqə bir vadiyi-möhnətdir,
Fərhadı salıb dağə, Mənsuri çəkib darə.
 
 
Payani-qəmi-eşqi təfsirə nə hacət var,
Gör bir necə pərvanə şövq ilə yanır narə?
 
 
Dünya o qədər Leyli, Məcnun yetiribdir ki,
Saysan nə qədər göydə var sabiti-səyyarə.
 
 
Hər lalərüx eşqində öz bağrını qan etmə,
Hər dərdi çəkər bülbül, gül qismət olar xarə.
 
 
Bimehr gözəllərdən aləmdə vəfa umma,
Meylin salacaq bunlar axır yenə əğyarə.
 
 
Vahid! Biz ölüb getdik mehr ilə, məhəbbətlə,
Dünya dönəcək bir gün bir səhneyi-gülzarə.
 

«Hər kim mənə tən eyləsə meyxanələr içrə…»

 
Hər kim mənə tən eyləsə meyxanələr içrə,
Qan olsun onun badəsi peymanələr içrə.
 
 
Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə.
 
 
Mümkünsə, fəsad əhli ilə həmqədəh olma,
Nöqsan yetirər şəninə biganələr içrə.
 
 
Pərvanə əgər şəmə yanır atəşi-qəmlə,
Mən də yanıram hər gecə pərvanələr içrə.
 
 
Bir zülfü siyəh dilbərə çoxdandır, əsirəm,
Məşhuram o gündən bəri divanələr içrə.
 
 
Vahid, biləcək qədrini, sərraf əgər olsa,
Şaxlar bu gözəl şerini dürdanələr içrə.
 

«Ey namə, tez yetir özünü yar olan yerə…»

 
Ey namə, tez yetir özünü yar olan yerə,
Bülbüldən ərzi-hal elə, gülzar olan yerə.
 
 
Öz nazənin təbibinə de gizli dərdini,
Qoyma nigarı, yol tapa əğyar olan yerə.
 
 
Biganədən çətindir ayırmaq gözəlləri,
Mümkün deyil ki, getməyə gül xar olan yerə.
 
 
Çoxdandır, arizu edirəm bir görəm sizi,
Könlüm uçur həmişə vəfadar olan yerə.
 
 
Bir vaxt sən əsiri idin nazlı bir gülün,
Heç bir yolun düşürmü o dildar olan yerə?
 
 
Barı vəfasız olma ona, sən vəfalı ol.
Hərdən sifariş eylə o sərdar olan yerə.
 
 
Canan vəfasız olsa da, əl çəkmək olmayır,
Quş meyl edər həmişə giriftar olan yerə.
 
 
Sən yaz Kamal10 müəllimə, biz eşq məstiyik,
Bizdən qaçırsa, getsin o huşyar olan yerə.
 
 
Bir ahu gözlü Vahidi heyran edib yenə,
Gəlmiş təbib naz ilə bimar olan yerə.
 

«O qara zülf ki, hərdəm dolaşır şanələrə…»

 
O qara zülf ki, hərdəm dolaşır şanələrə,
Göstərir eşq kəməndin dili-divanələrə.
 
 
Mehri-rüxsarını məndən kəsib ol mah tamam,
Düşdü fürsət yenə bundan belə biganələrə.
 
 
Yoxsa, ey gül, bu qədər badeyi-nab içməz idim,
Şövqi-ləlin məni cəlb eylədi meyxanələrə.
 
 
Qana dönsün görüm ol badeyi-gülgün sənsiz,
Bir də gər rəğbət edəm sağərü peymanələrə.
 
 
Həsrəti çeşmi-xumarın, ləbi-ləlin həvəsi
Göstərir guşeyi-meyxanəni məstanələrə.
 
 
Şövqi-rüxsarın ilə odlara yanmış könlüm,
Öyrədib şəmidə yanmaqlığı pərvanələrə.
 
 
Cövrün az et mənə, qorxum budu, bir ah çəkim,
Bir yanar od düşə başdan-başa kaşanələrə.
 
 
Vahidəm, şairi-azadpərəstəm, nə qəmim,
Qılmasam rəğbət əgər məscidə, bütxanələrə.
 

«Əcəb oldu, gözəlim, uymadın əğyarlərə…»

 
Əcəb oldu, gözəlim, uymadın əğyarlərə,
Layiq olmaz, gül əgər həmdəm ola xarlərə.
 
 
Zülf zəncirinə bir kimsə giriftar olmaz,
Əgər etməzsə həvəs türreyi-tərrarlərə.
 
 
Bu məlahət, bu lətafətlə yaraşmaz, gözəlim,
Baxasan bir gül ikən bəzi dilazarlərə.
 
 
Əndəlibin nə qədər bağrını qan etsə də gül,
Yenə təsir edəcək naləsi gülzarlərə.
 
 
Ol səbəbdən bütün eşq əhli sevir Sənani,
Qarət etdirdi o öz dinini zinnarlərə.
 
 
Yarə can verməyən aşiq necə məqsudə yetər?
Niyə bəs eşqdə pərvanə yanır narlərə?!
 
 
Naz-qəmzəylə qara gözlülər öldürdü məni,
Kim bu təhsili veribdir bu xətakarlərə?
 
 
Dürrdür qiyməti ən yaxşı kəlamın, Vahid,
Sən də bu şerini sərf eylə xiridarlərə.
 

«Ləbin rümuzi üçün çox baxıldı təfsirə…»

 
Ləbin rümuzi üçün çox baxıldı təfsirə,
Gələndə şərhinə, dil aciz oldu təqrirə.
 
 
Behişti-kuyinə yol tapsa idi vaiz əgər,
İnan ki, aşiqini başlamazdı təkfirə.
 
 
Nə Leylisən, gözəlim, qıldın aləmi Məcnun,
Saçın xəyalı çəkib kainatı zəncirə.
 
 
Tökəndə mahin üzə zülfi-pürxəmin guya,
Günəş tutuldu, cahan oldu sərbəsər tirə.
 
 
Bəlayi-eşqə düşən aşiqə əlac olmaz,
Əcəl ki, gəldi nə bir ehtiyac tədbirə!
 
 
Qaşın xəyalı çəkib aşiqini mehrabə,
Qoyanda səcdəyə baş, rast gəldi şəmşirə.
 
 
Nə Vahidə, nə də ki, Şərqiyə11 vəfa qıldın,
Bir hörmət eyləmədin nə cavanə, nə pirə.
 

«Bənd edib zülfünü dildar məni dilgirə…»

 
Bənd edib zülfünü dildar məni dilgirə,
Bildi divanəsiyəm, saldı yenə zəncirə.
 
 
Əbrtək zülf tutub mahi-cəmalın dövrün,
Ay tutulcaq, bəli, adətdir, olur şəb tirə.
 
 
Ahu gözlüm yenə bir dam qurub zülfündən,
Sanki səyyah qurub dami-bəla nəxcirə12.
 
 
Xaldırmı o iki qaşın arasında düşüb,
Ya ki, hindubeçədirmi əl atıb şəmşirə?
 
 
Əhd qılmışdı nigarım ki, tökə qanımızı,
Biz ki həsrət çəkirik, salmış özü təxirə.
 
 
Civətək buteyi-hicrində yanıb məhv oldum,
Etmədi heç də əsər ol nəzəri-iksirə.
 
 
İstərəm, yarə yazam hicrdə hali-dilimi,
Vahida, nitq gələrmi bu çətin təhrirə?
 

«Dilbərim yar olub əğyarə eşitdiyimə görə…»

 
Dilbərim yar olub əğyarə eşitdiyimə görə,
Gül gedib həmdəm olub xarə eşitdiyimə görə.
 
 
Bu qara gözlülərin eşqinə hər kim düşsə,
Zülf əlilə çəkilər darə eşitdiyimə görə.
 
 
Dözmədi cövrünə Məcnun bu pəriçöhrələrin,
Qaçdı səhralərə biçarə eşitdiyimə görə.
 
 
Həvəsi-silsileyi-eşqə düşən aşiqlər,
Bağlanır türrey-tərrarə eşitdiyimə görə.
 
 
Yıxma, ey gül, nəzərindən düşən aşiqlərini,
Tez düşər torpağa fəvvarə eşitdiyimə görə.
 
 
Gözlərin xəstəsiyəm, gəl bir öpüm ləlindən,
Mey verər səhhəti bimarə eşitdiyimə görə.
 
 
Yar əgər olmasa, Vahid meyi-nab içməyəcək,
And içib badeyi-gülnarə eşitdiyimə görə.
 

«Yaşamaz aşiq olan dövlət ilə cahə görə…»

 
Yaşamaz aşiq olan dövlət ilə cahə görə,
Can fəda eyləmə, mehri yox olan mahə görə.
 
 
Sevsə Leylasını Məcnunə məzəmmət yoxdur,
Başqadır niyyəti qəlbində bu dilxahə görə.
 
 
Sevgilim, acizi-bikəslərin ahindən qorx,
Yıxılar zülm evi məzlum eləyən ahə görə.
 
 
İstə sən aləmi, qoy istəsin aləm də səni,
Qəlbi yanmaz bəşərin cahili-gümrahə görə.
 
 
Nazəninim, gözəlim, xəlqinə bədxah olma,
Yoxdur heç kimsədə rəğbət yeri bədxahə görə.
 
 
Qaşların xəlqi qılıncdan keçirir xalın üçün,
Can verir minləri bir zalim olan şahə görə.
 
 
Eşqdən Vahidi tənqid ilə islah etdin,
Əqli gəlsin başına, bəlkə, bu islahə görə.
 

«Qaçdı səhralərə Məcnun, demə Leylayə görə…»

 
Qaçdı səhralərə Məcnun, demə Leylayə görə!
Eşqə düşmüş o da bir başqa müəmmayə görə.
 
 
Hərə bir dərd ilə aludədir, eylər nalə,
Mən sənin hüsnünə bülbül güli-rənayə görə.
 
 
Bu təmənnadə idim vəslinə, ey gül, yetərəm,
Sındı məndən ürəyin tez bu təmənnayə görə.
 
 
Yusifin eşqi Züleyxanı şərəfdən saldı,
O da zindana düçar oldu Züleyxayə görə.
 
 
Başqa məhparələr eşqində gözümdən düşdü,
Qətrə gözdən düşər, əlbəttə ki, dəryayə görə.
 
 
Gül üçün bülbüli-şeyda keçir öz canından,
Gül nəyindən keçəcək bülbüli-şeydayə görə?
 
 
Ömrümüz indi ki, Vahid, belə sürətlə keçir,
Mümkün olduqca bu gün gör işi fərdayə görə.
 

«Hər kim məhəbbət əhlini salmış əziyyətə…»

 
Hər kim məhəbbət əhlini salmış əziyyətə,
Yox özgə qarğışım ona, düşsün məhəbbətə!
 
 
Məndən nə bir kənarə qaçır, nə yaxın gəlir,
Kim öyrədib bu qəmzeyi-nazi ol afətə?
 
 
And içdim, ağladım, dedim: ey gül, əsirinəm!
Nə andıma inandı, nə gəldi mürüvvətə.
 
 
Aşiq gərəkdir, istədiyi yarə yalvara,
Cananı salsa da onu yüzlərcə zillətə.
 
 
Yarımla xoş keçəydi həyatım, bu əhdəyəm,
Tanrım da razıdır, gözəlim, beylə niyyətə.
 
 
Məcnun vəfasız olduğunu gördü Leylinin,
Tərk etdi öz diyarını, üz tutdu qürbətə.
 
 
Sağlıqda çox dedim sənə, incitmə Vahidi,
Biçarə həsrətinlə sənin getdi rəhmətə.
 

«Töküb çin-çin siyəh zülfün nigarım məhcəmal üstə…»

 
Töküb çin-çin siyəh zülfün nigarım məhcəmal üstə
Sanırsan sayə salmış əbri-zülmətdir hilal üstə.
 
 
Göz üstə oynadır əbrulərin misri qılınclartək,
Misali-ləşkəri-hindu durub cəngü cidal üstə.
 
 
Nigahi-tünd ilə eylər cahanı məhv sərtasər,
Tutar afaqi, gərdişdən qalar əmri-məhal üstə.
 
 
Məlamət daşların çox atma, sınmış şişədir könlüm,
Nə hacət daş atırsan hicrdən sınmış səfal üstə.
 
 
Fələkdə ya bulud altında ulduzlar xəyal etdim,
Və ya yarım töküb geysulərin ol qarə xal üstə.
 
 
Gəhi könlüm çəkər canan qəmin, gəh özgədən minnət,
Nə möhnətdir, yağır bu binəvanın dalbadal üstə?
 
 
Xəyali-vəsli-dilbərlə yetirrəm ömrümü başə,
Cahanda razıyam, Vahid, ölüm böylə xəyal üstə.
 

«Salıbdır əbrtək zülfün o məh ruxsarinə sayə…»

 
Salıbdır əbrtək zülfün o məh ruxsarinə sayə,
Səbəb oldur ki, qaranlıq çökübdür səthi-dünyayə.
 
 
Gözəl, mən eyləmə hüsnün tamaşasından eşq əhlin,
Təzə ay başı, adətdir, baxarlar kim, yeni ayə.
 
 
Dəhanın sirrini, ey qönçələb, hər kimsədən sordum,
Dedi, hər nabələd olmaz bələd elmi-müəmmayə.
 
 
Göreydi gər səni Yusif bu hüsnü bu vəcahətdə,
Saleydi, kafərəm, meylin əgər bir də Züleyxayə.
 
 
Gözün cadu ilə qılmış könüllər bənd zülfündə,
Salıb divanəvar eşq əhlini, ey şux, səhrayə.
 

«Sevgilim, əksin düşüb peymanədən-peymanəyə…»

 
Sevgilim, əksin düşüb peymanədən-peymanəyə,
Artırıbdır zövqümü meyxanədən-meyxanəyə.
 
 
Leylinin divanəsi Məcnun olubdur, mən sənin,
Fərq qoya aqil gərək divanədən-divanəyə.
 
 
Şəm ilə pərvanə yandı, mən cəmali-yar ilə,
Bir təfavüt qoymalı pərvanədən-pərvanəyə.
 
 
Söylənir dillərdə çox aşiqlərin əfsanəsi,
Düşməmişlər mən kimi əfsanədən-əfsanəyə.
 
 
Yusifi göstərmək istərdi Züleyxa aləmə,
Çox gözəllər topladı kaşanədən-kaşanəyə.
 
 
Kəbədən bütxanəni hərgiz ayırmaz haqpərəst,
Eşqdir yol göstərən cananədən-cananəyə.
 
 
Tapmadı, Vahid, hələ heç kəs bu xəttin sahibin:
“Qaldı bu dünya evi divanədən-divanəyə”.
 

«Gülün fədası olan bülbülün nəvasına bax…»

 
Gülün fədası olan bülbülün nəvasına bax,
Üzari-yarı sevən aşiqin səfasına bax!
 
 
Ləbi-nigarım ilə gül çəməndə bəhs eləyir,
Nə şərm edib qızarır, bir onun həyasına bax!
 
 
Alaydı canımı, xoşdur, gülüzlü cananım,
Rəqib qoy deməsin, aşiqin vəfasına bax!
 
 
Əsiri-firqətiyəm bir nigari-gülbədənin,
Xəyali-vəsli ilə könlümün bəlasına bax!
 
 
Amandır, umma vəfa nazənin gözəllərdən,
Nə bir vəfalısın axtar, nə biədasına bax!
 
 
İşıq verən o gözəldir bizim həyatımıza,
Məhəbbət aləminin nuruna, ziyasına bax!
 
 
Fərəhli olsa da gər, zülfi-yarə bağlanma,
Uzun bir ömr gərək, ömrünün bəqasına bax!
 
 
Alışdım odlara pərvanələr tək aləmdə,
Dedim özüm-özümə, eşqin intəhasına bax!
 
 
Qədəhdə badə, nigarın yanında, gül əldə;
İtirmə fürsəti, öz ruhunun qəzasına bax!
 
 
Ziyalı bir gülə Vahid adı ilə şer yazıb,
İnanmasan, oxu hər sətrin ibtidasına bax!
 

«Daim cəmali-dilbərə məftun gözilə bax…»

 
Daim cəmali-dilbərə məftun gözilə bax,
Eşq aləmində Leyliyə Məcnun gözilə bax!
 
 
Laqeyd baxma zülfünə bu dilrübalərin,
Olma əsir bunlara, şəbxun gözilə bax!
 
 
Rənci-xumaridən məni qurtardı gözlərin,
Bəzən təbibi-eşqə Fəlatun gözilə bax!
 
 
İbrətlə dinlə cəngü rübabın sədasını,
Şərən bu küfrdür, demə, qanun gözilə bax!
 
 
Dəhrin cəfasına, qəminə qılma etina,
Baxma kədərlə aləmə, məmnun gözilə bax!
 
 
Öz əsrinin mühitinə hər kim yanaşmasa,
Tez məhv olub gedər, ona mədfun gözilə bax!
 
 
Vahid həmişə eşq, məhəbbət əsiridir,
Məcnuni-əsrdir, ona vurğun gözilə bax!
 

«O vəfasız mənə bundan sonra yar olma, dedi…»

 
O vəfasız mənə bundan sonra yar olma, dedi,
Sevmə hər bir gözəli, aşiqi-zar olma, dedi.
 
 
Bir gözəl eşqinə ver könlünü, sabitqədəm ol,
Coşma dərya kimi, xəzri, gilavar olma, dedi.
 
 
Bu qara zülfdə yüzlərlə əsirim vardır,
Ehtiyat eylə, bu zəncirə düçar olma, dedi.
 
 
Çəkmə, göz yaşı töküb gözlərimin həsrətini,
Gecə-gündüz bu xəyal ilə xumar olma, dedi.
 
 
Səni mən sevmirəm, ardımca düşüb yalvarma,
El içində düşün öz qədrini, xar olma, dedi.
 
 
Vermərəm izn, səri-kuyimə cənnət deyəsən,
Boş təmənna ilə bisəbrü qərar olma, dedi.
 
 
Əksi-rüxsarimə aləm olub heyran, şair,
Sən bu ayinəyə çox baxma, qubar olma, dedi.
 
 
Vahidəm, mən dedim, ey gül, qocalıq dövrü gəlir,
Eşq zövqündən uzaqlaşma, kənar olma, dedi.
 

«O bivəfa mənim istəkli yarım onda idi…»

 
O bivəfa mənim istəkli yarım onda idi,
Əsiri bir mən idim, ixtiyarım onda idi.
 
 
Rəqiblər yox idi, mən əsiri-eşqi idim,
Bu rütbə ilə mənim etibarım onda idi.
 
 
Gülərdi gül kimi, mən ağladıqca bülbültək,
Xəzan qəmin nə bilirdim, baharım onda idi.
 
 
Baxan zamanda məni öldürüb dirildərdi,
Mənim o eşq ilahisi tanrım onda idi.
 
 
Məni qoyub, gedib indi rəqiblərlə gəzir,
Yaxındı onda mənə, cümlə varım onda idi.
 
 
Hanı o dəm ki, nigarım mənimlə həmdəm idi?
Dəmim o dəmlər idi, ruzigarım onda idi!
 
 
Mənim də Vahid, olub eşqə düşdüyüm günlər,
O bivəfa mənim istəkli yarım onda idi.
 

«Canandı, bir də mən, gecə on bir tamam idi…»

 
Canandı, bir də mən, gecə on bir tamam idi,
Gizli deyib danışmağa əsli məqam idi.
 
 
Süzgün baxışla könlüm evin qarət eylədi,
Mahirdi fənni-sehrdə, zənn etmə xam idi.
 
 
Şövqi-ləbi nigar ilə bihuş, məst idim,
Bir də şəraba meyl eləsəydim, həram idi.
 
 
Eşq ilə sübhü şamımı sərxoş keçirmişəm,
Sübhüm də onda sübh idi, şamım o şam idi!
 
 
Hicran günündə naləmi bir kimsə bilmədi,
Yarın bu töhfəsi mənə bir ehtiram idi.
 
 
Hər bir suala yar cavabında müntəzir,
Heyran olurdum eylə ki, şirin kəlam idi.
 
 
Əvvəl mənimlə yar idi, sonra rəqib ilə,
Vahid, düşünmədim, bu nə həqqü səlam idi?!
 

«Bu bəzmi-işrətə, saqi, piyalə gec gəldi…»

 
Bu bəzmi-işrətə, saqi, piyalə gec gəldi,
Gözün fədası, bizi sal xəyalə, gec gəldi.
 
 
Tutubdu qəm ürəyim, ver piyalə peydərpey
Ki, nəfi-zövq verə bu məlalə, gec gəldi.
 
 
Yetir məni xüm ayağinə, tut əlim, saqi!
Xilasi-həsrət olum laməhalə, gec gəldi.
 
 
Bu ahü naləmi sanma əbəs ki, qorxum odur,
Yetər sənə mən edən ahü nalə, gec gəldi.
 
 
Qaşın xəyalına düşdükcə, ey kamanəbru!
Qəddim misal dönübdür hilalə, gec gəldi.
 
 
Günüm qaraldı mənim, badə tez gətir, saqi!
Ki, az qalıb yetə ömrüm zəvalə, gec gəldi.
 
 
Mürüvvət aləmidir, Vahidəm fərağında,
Yetir ümid əlimi bir vüsalə, gec gəldi.
 

«Qəm çəkmə, könül, məclisə canan yenə gəldi…»

 
Qəm çəkmə, könül, məclisə canan yenə gəldi!
Bu qalibi-biruhə verən can yenə gəldi!
 
 
Bir neçə gün olmuşdu günüm tirə qəmindən,
Şad etdi məni, ol mahi-taban yenə gəldi!
 
 
Ahəstə yığıb başına öz ləşkəri-zülfün,
Könlüm evini etməyə viran yenə gəldi!
 
 
Sal boynuma, canana dedim, həlqeyi-zülfün,
Güldü, dedi, divaneyi-dövran yenə gəldi?
 
 
Fərhadə deyin, eyləməsin dağdə fəryad,
Bu məclisə ol xosrovi-xuban yenə gəldi!
 
 
Qan ağlama, bülbül, dəxi gülzar həvəsində,
Əyyami-xəzan keçdi, gülüstan yenə gəldi!
 
 
Vahid, bilir aləm məni, ol zülfə əsirəm,
Sən çox demə, Məcnuni-biyaban yenə gəldi!
 

«Öz yarimə, bilməm, niyə biganəyəm indi…»

 
Öz yarimə, bilməm, niyə biganəyəm indi,
Onsuz, elə bil ki, dəli-divanəyəm indi.
 
 
Zülfündə əsir olduğum ol nazlı nigarın
Şəmi-ruxünün dövrünə pərvanəyəm indi.
 
 
Qan olsun o mey, bir də onu mən ələ alsam,
Səd şükr ola, tərki-rəhi-meyxanəyəm indi.
 
 
Gördükcə bu gülüzlülərin çeşmi-siyahın
Meysiz də həmin zövqlə məstanəyəm indi.
 
 
Nə hüsnünə, nə vəslinə möhtacam o şuxin,
Möhtac bir ol zülfi-pərişanəyəm indi.
 
 
Məcnunu mənəm indiki əsrin, hanı Məcnun?
Dillərdə mən ondan daha əfsanəyəm indi.
 
 
Divanə idim eşqdə xalqın nəzərində,
Şükr eylə, könül, aqilü fərzanəyəm indi.
 
 
Vahid, mənə kafər demə, mən eşqpərəstəm,
Nə talibi-məscid, nə də bütxanəyəm indi.
 

«Günümü qıldı siyəh, ol məhi-taban getdi…»

 
Günümü qıldı siyəh, ol məhi-taban getdi,
Bilməm, ol mah görüb məndə nə nöqsan getdi?
 
 
Sayəvəş düşdü dalınca fərəhindən ürəyim,
Hər yana naz ilə ol sərvi-xuraman getdi.
 
 
Tutivəş ayineyi-hüsnünə ol şəkkərləb
Qıldı axır məni sərgəştəvü heyran, getdi.
 
 
Ləşkəri-zülfünü cəm etmiş idi başında,
Qıldı aşüftə məni, ol şəhi-xuban getdi.
 
 
Xaneyi-qəmdə məni dideyi-giryan ilə
Qoydu Yəqubtək ol Yusifi-Kənan getdi.
 
 
Ağlaram, vəchi budur sübhü məsa bülbültək,
Saldı qəm içrə məni, ol güli-xəndan getdi.
 
 
Vahid, ol mahivəşin həsrətini çəkməkdən
Taqətü tabü təvan, səbri-dilü can getdi.
 

«Bu nə meydir ki, içirkən məni bihuş etdi…»

 
Bu nə meydir ki, içirkən məni bihuş etdi?
Xatirimdən qəmi-ənduhi fəramuş etdi!
 
 
Tapmadım çarə yanan könlümə meydən qeyri,
Məni eşqin nə qədər dərdü qəmə tuş etdi.
 
 
Gər əlim yetsə, ayağından öpərdim, saqi,
Xümi-meytək mey içərkən bədənim cuş etdi.
 
 
Cənnət əhli o adamdır ki, dönüb vaizdən
Piri-meyxanə nəsihətlərini guş etdi.
 
 
Mey əgər ləli-ləbi-dilbərə aludə deyil,
Bəs ayağinə sürahi niyə kürnuş13 etdi?
 
 
Eşq bir şölə çəkib, yandı vücudum yeksər,
Gör ki, bir ah bu şəmi necə xamuş etdi!
 
 
Tökdü, Vahid, yenə yarım üzünə tellərini,
Cəm ikən xatiri-məhzunimi məğşuş etdi.
 

«Olmuşam, ey tazə gül, hüsnü cəmalın aşiqi…»

 
Olmuşam, ey tazə gül, hüsnü cəmalın aşiqi,
Bülbülasa ol ləbi-qönçə misalın aşiqi.
 
 
Məscidü mehrabə baş əyməz, yəqinimdir, əgər
Olsa zahid taqi-əbruyi-hilalın aşiqi.
 
 
Neylər ol kəs sünbülü gülzarü səbzü danəni,
Ola gər ruxsarü zülfü xəttü xalın aşiqi.
 
 
Gün düşüb hər gün ayağın altına eylər sücud,
Sayeyi-qəddinlə olmuş payimalın aşiqi.
 
 
Mahi-nov yetməz təmamə görməyincə gün üzün,
Kəsbi-nur istər, olub rüxsari-alın aşiqi.
 
 
Nola, gər hicrində olsa könlümüz dərdə düçar,
Ahü zar eylər, olub bəzmi-vüsalın aşiqi.
 
 
Vahidə eyb etməyin dərvişə olsa aşina,
Əhli-hal olsun gərəkdir əhli-halın aşiqi.
 

«Sanma, ey dil, hünəri növi-bəşərdən xali…»

 
Sanma, ey dil, hünəri növi-bəşərdən xali,
Ehtiyat et, deyil heç kimsə hünərdən xali.
 
 
Doğmamış madəri-əyyam hünərsiz bir zat,
Gəlməmiş dəhrə nə bir mərd təpərdən xali.
 
 
İftira eyləmə haqqında hünər sahibinin
Ki, deyil əhli-hünər məddi-nəzərdən xali.
 
 
Sahibi-əqlü hünərdir hərə öz qədrincə,
Bir nihalıq demə biz, hiç səmərdən xali.
 
 
Salik ol, gümrahə yol göstər, əgər arifsən,
Olsa hər kəs, tut əlin rahi-kədərdən xali.
 
 
Nəqd sərmayəsin, əlbəttə, verir yəğmayə,
Pasiban gər ola gəncineyi-zərdən xali.
 
 
Vadiyi-cəhlə qədəm qoyma, taparsan afət,
Filməsəl bəhr olamaz xovfü xətərdən xali.
 
 
Bu hünərdən deyil, aləmi atəş bürüyüb?
Bir gün olmaz, ola kim dərh şərərdən xali.
 
 
Bir dəm insaf ilə bax, açma hüsudanə gözün,
Elə mirati-dilin jəngi-kədərdən xali.
 
 
Vahida, tuli-kəlam eyləmə çox, saxla dilin,
Sözü az et, olasan, bəlkə, zərərdən xali.
 

«Bəladəyəm, gözəlim, dərdi-eşqinə düşəli…»

 
Bəladəyəm, gözəlim, dərdi-eşqinə düşəli,
Əlacı səndədir, ey nazəninlərin gözəli!
 
 
Görəndə gül üzünü əndəlib olan könlün,
İnan, gözəlləşir hər ümidi, hər əməli.
 
 
Mənim məhəbbət ilə, eşq ilə yox idi işim,
Məni sən etdin əsirin o gül üzün görəli.
 
 
Həyatım, işrətim ancaq sənin xəyalındır,
Həyalı aşiqinəm, sirrimi kimə deməli?
 
 
Mənə yolunda sənin tənə eyləyən çoxdur,
Əgər vəfa ola, batmaz bizə rəqibin əli.
 
 
Dayan bir az da, gülüm, səbr qıl, görək nə olar,
Əlac səbrdədir, səhl sanma bu məsəli!
 
 
Unutma Vahidi, diqqətlə bax, bu şeri oxu,
Bizim bu sevgiyə bir yadigardır qəzəli.
 

«Olsa hər kim, sevgilim, hüsnü cəmalın qaili…»

 
Olsa hər kim, sevgilim, hüsnü cəmalın qaili,
Olmaz aləmdə, inan gülzari-cənnət maili.
 
 
İndi ki, rəna gözəllər can alırmış naz ilə.
Bilmirəm, tanrım neçin xəlq eyləmiş Əzrayili?!
 
 
Tutdu ol zülfi-pərişan dövri-ruyin yarımın,
San bulud olmuş fələkdə tazə ayın hayili.
 
 
Cənnəti-əlanı sevməz, hurü qılman istəməz,
Bu pərilər eşqinin hər kəs ki, olsa naili.
 
 
Məndən ikrah eyləmə, vəslin təmənna eyləsəm,
Padişahım, rəhm qıl, qovma qapından saili.
 
 
Məsti-mey gördükdə zahid tən edir aşiqlərə,
Faili-muxtar olan hər karın olmuş faili?
 
 
Kuyi-cananda yenə nəzr etdi Vahid canını,
San Mina dağına çəkmişdi Xəlil İsmayili.
 

«Salmış olsa gər nəzərdən, zülm ilə gül bülbüli…»

 
Salmış olsa gər nəzərdən, zülm ilə gül bülbüli,
Yad qılmaz gülşən içrə bir zaman bülbül güli.
 
 
Gəl qiyamə, xalqa bərpayi-qiyamət zahir et,
Sərvdə yox sən kimi hərgiz qiyamət hasili.
 
 
Zahidi-bizövq etmiş nuş qəflət badəsin,
Vacib oldu eyləmək huşyar öylə qafili.
 
 
Əhli-qalə çərxi-dun daim inayətlər edir,
Eyləyir yüz min cəfa, gər görsə bir əhli-dili.
 
 
Ey könül, sevdayi-eşqə düşmə, canından saqın,
Eşq bir bəhri-girandır kim, görünməz sahili.
 
 
Vahida, Məcnunmisal aşiq görüb hər kim səni,
Boynuva zəncirvəş keçmiş o şuxun kakili.
 

«Dağıtma gül üzə zülfün ay üzrə halə kimi…»

 
Dağıtma gül üzə zülfün ay üzrə halə kimi,
Şərabdan bir əsər var ləbində lalə kimi.
 
 
Qızarmış arizinə tər əcəb gözəl yaraşır,
Nə yaxşı görsənir, ey gül, gül üzrə jalə kimi!
 
 
Ləbin xəyali ilə kaş məclisi-meydə
Gəzəydim əldən-ələ bir qızıl piyalə kimi.
 
 
Görəndə qamətini göz yaşım olur cari,
Çəməndə payinə sərvin axan şəlalə kimi.
 
 
Piyaləm əldə dolu söz açıldı-ləlindən,
Məni bu nəşə götürdü meyi-düsalə kimi.
 
 
Həvayi-eşq ilə guya ki, bir şikəstə neyəm,
Sızıldayır bədənim hər nəfəsdə nalə kimi.
 
 
Hədisi-zülfünü, Vahid, haçan ki, şərh elədim,
Uzandı məsələ məclisdə bir risalə kimi.
 

«Atəşi-hicrin edibdir məni divanə kimi…»

 
Atəşi-hicrin edibdir məni divanə kimi,
Olmuşam şəmi-cəmalın ilə pərvanə kimi.
 
 
Mürği-dil bənd olub, ey dilbəri-üşşaqi-həzin,
Görcəgin xalini ruxsarın əra danə kimi.
 
 
Tökülüb gül üzünə türreyi-tərrarələrin,
Rişteyi-dil ona bənd olmadadır şanə kimi.
 
 
Aşiqi-zarına rəhm eyləməsən, tanrı bilir,
Baş götürrəm, gedərəm səmti-biyabanə kimi.
 
 
Dilbəra, vardı rəqib ilə sənin mərhəmətin,
Sərgilən halımı bir dəfə də biganə kimi.
 
 
Dolanıb Kəbeyi-kuyində nigarın daim,
Sinəmi eyləyərəm ah ilə viranə kimi.
 
 
Eşqdən dəm vuran aşiq keçər öz canından,
Necə Vahid verib öz canını mərdanə kimi.
 

«Zahirin düz görünsə də, amma…»

 
Zahirin düz görünsə də, amma
İçərin əyridir minarə kimi.
 
 
Günəş ol, kainatı yandırma,
Bombalardan çıxan şərarə kimi.
 
 
Cəhd qıl xəlq içində yekrəng ol,
Ləkə olma ağ üzdə qarə kimi.
 
 
Ney kimi nalə etməyin xoşdur,
Atılıb-düşmə boş nəğarə kimi.
 
 
Bulud olma üzündə dünyanın,
Nur saç ay kimi, sitarə kimi.
 
 
Heç kəsin ruhun incidib, yorma,
Bir para ləngidən idarə kimi.
 
 
Vahid, öz xəlqimin mənafeinə
İndidən ta varam məzarə kimi!
 

«Yandım o şəmiruyünə pərvanələr kimi…»

 
Yandım o şəmiruyünə pərvanələr kimi,
Oldum əsir zülfünə, divanələr kimi.
 
 
Könlümdə saxlaram ləbi-ləlin xəyalını,
Meyxanələrdə mey dolu peymanələr kimi.
 
 
Qaşınla həmpiyalədi, guya ki, gözlərin,
Çəkmişlər tiğ qətlimə məstanələr kimi.
 
 
Vurdun bu şişə könlümə səngi-məlaməti,
Etdin şikəst yerdə sınıq şanələr kimi.
 
 
Olma rəqibə yar, rəva görmə, aşiqin
Baxsın kənardan sənə biganələr kimi.
 
 
Yıxdın bu könlümün evini bir nigah ilə,
Etdin xarab xaneyi-viranələr kimi.
 
 
Vahid, deyirlər təzədən meypərəst olub,
Xəlqə nişan verim özüm, aya, nələr kimi?
 

«Görmədim bir zülm edən ol dilbəri-bədxu kimi…»

 
Görmədim bir zülm edən ol dilbəri-bədxu kimi,
Kim tökər üşşaqilər qanini hər gün su kimi.
 
 
Ağlaram bülbül kimi bir gülruxin hicrində mən,
Axar ol sərvin ayağinə sirişkim cu kimi.
 
 
Dam qurmuş zülflə yarım mənə səyyadtək,
İstər ol damə əsir etsin məni ahu kimi.
 
 
Ol hilaləbrülərin fikrilə, ey dil, ruzü şəb
İncəlib zəf aldı cismim firqətində muk kimi.
 
 
Neylərəm, ayinəyə mən baxım əksim görməyə,
Yarımın rüxsarı olmuşdur mənə güzgü kimi.
 
 
Dudi-ahim göylərə çıxmış şəriri-ah ilə,
Kövkəbi-bəxtim qaralmış ol siyəh gəysu kimi.
 
 
Çəkmərəm əl, Vahida, mən damənindən yarimin,
Çün qulami-kəmtərəm ol şahimə hindu kimi.
 

«Bir qaragöz əldən aldı din ilə imanimi…»

 
Bir qaragöz əldən aldı din ilə imanimi,
Bağlayıb zülfü ayağım, qaşı tökdü qanimi.
 
 
Yeddi əflaki fəğanım çuğladı hicrində, ah!
Bivəfa yarım eşitməzmi məgər əfqanimi?
 
 
Damənin tutdum, vüsalın istəyib ümmid ilə,
Kəsdi ümidim, dedi, aşiq, burax damənimi.
 
 
Əcz ilə, cana, dedim, sənsən təbibi-eşqi kim,
Bu mərizi-eşqə tapdım, şükürlər, dərmanimi.
 
 
Lütf qıl busə, nigara, Vahid olmuş müstəhəq,
De zəkat ilə qəni etdim mən öz dərbanimi.
 

«Keçən şəb, Nuriya, könlüm pərişan oldu, bildinmi…»

 
Keçən şəb, Nuriya, könlüm pərişan oldu, bildinmi?
Mənə vəsli-nigarım döndü hicran oldu, bildinmi?
 
 
Şərabi-nab ki, canan ilə bir yerdə içmişdim,
Gözümdən gəldi, bağrım döndü al qan oldu, bildinmi?
 
 
Siz öz məşuqənizlə şadü xürrəm, eyşü işrətdə,
Mənim qəm içrə könlüm mülki-viran oldu, bildinmi?
 
 
Mənə söz verdi, öldürsün, qurtarsın dərdi-firqətdən,
Sözündən ol cəfapişə peşiman oldu, bildinmi?
 
 
Demişdim, kuyinə ol bivəfanın getməyim bir də,
Həqiqət böylə bir əhd ilə peyman oldu, bildinmi?
 
 
Vəfasız, rəhmsiz bütlər əsiri olduq axirdə,
Cahan eşq əhlinə getdikcə zindan oldu, bildinmi?
 
 
Bu insafsız gözəllərdən əziyyətlər çəkən Vahid,
Sənə qurban olum, xak ilə yeksan oldu, bildinmi?
 

«Verdi şəmşiri-qaşın qətlim üçün fərmani…»

 
Verdi şəmşiri-qaşın qətlim üçün fərmani,
Sanki məhbusinə sultandır, edər divani.
 
 
Hökm edib zülfünə, canan edə pabəstə məni,
Kim ki, Məcnun ola, zəncirə çəkərlər ani.
 
 
Taqi-əbrulərinə eyləyirəm səcdə müdam,
Kuyini səcdəgəhim eyləmişəm pünhani.
 
 
Əydi bu çərx mənim qamətimi qaf kimi,
Yeri var, ahim edə qərq qəmə dünyani.
 
 
Vahida, oldun, əcəb, türreyi-dilbərdə əsir,
Çünki haqq böylə yazıb aşiq üçün tuğrani.
 

«Görən mehrabi-qaşın istəməz taqi-kəlisani…»

 
Görən mehrabi-qaşın istəməz taqi-kəlisani,
Şikəst eyləyib hüsnün müshəfi-İncili-İsani.
 
 
Bu qədr kim tökürsən binəva aşiqlərin qanın,
Həlal olmuş məgər dinində bu aşiqlərin qani?
 
 
Göreydi hüsnünü gər piri-Kənan bu vəcahətdə,
Fəramuş eylər idi Yusifin, ey Yusifi-sani.
 
 
Qiyam etdikdə qəddin min qiyamətlər olur peyda,
Nə qamətdir bu, cana, mat edib gəbrü müsəlmani.
 
 
Məzaqi-əhli-zövqü fəhm qılmaz hiç qal əhli,
Nə bilsin zahidi-bizövq qədri-eşqi canani.
 
 
Tilanın qədrini zərgər bilər, bilməz ki, ahəngər,
Mərizi-eşq olan daim dilər dərdinə dərmani.
 
 
Şikayət eyləmə, Vahid, cahanda yardan hərgiz,
Gərək üşşaqlər məşuqinin olsun da qurbani.
 

«Bilməm, nə çarə eyləyim, ol bivəfa məni…»

 
Bilməm, nə çarə eyləyim, ol bivəfa məni
Etsin qəbul xaki-dərində gəda məni.
 
 
Hər sübhü şam bəstəri-eşq içrə xəstəyəm,
Eylüb məriz möhnətü dərdü bəla məni.
 
 
Vəsli-nigaridən əlimi üzdü zülm ilə,
Saldı kəməndi-firqətə axır qəza məni.
 
 
Zənciri-zülfi-yarə əsir oldu mürği-dil,
Divanələr damə edib mübtəla məni.
 
 
Vahid, şikayət etmə cəfasından ol məhin,
Etmiş zəmanə gərdişi bəxtiqəra məni.
 

«Firqətindir, sənin, ey məh, gətirən canə məni…»

 
Firqətindir, sənin, ey məh, gətirən canə məni,
Salan avarə cununtək bu biyabanə məni.
 
 
Ağlaram rahi-fəraqində sənin şamü səhər,
Sənin eşqindir edən bilgilən divanə məni.
 
 
Rəhmə gəl, rəhm elə, incitmə məni, aşiqinəm,
Öldürər, axırı bu təneyi-biganə məni.
 
 
Bənd olub mürği-dilim zülfi-siyahində sənin,
Aldı aramimi gör, saldı nə hicranə məni!
 
 
Taqi-əbrulərinin səcdəsin etdikdə əcəb
Dəstirəs eylədi möcüz ilə imanə məni.
 
 
Vahida, etmə şikayət dəxi məhvəşlərdən,
Tuş edən bəxtdir bu dərdi-fəravənə məni.
 

«Saldı hicran oduna ol büti-məhparə məni…»

 
Saldı hicran oduna ol büti-məhparə məni,
Eylədi zülfütək hicridə günü qarə məni.
 
 
Dərdi-tüğyanimə bica yerə zəhmət çəkmə,
Tari şahiddi, təbib, öldürdü bu yarə məni.
 
 
Qıldı könlüm quşunu həlqeyi-zülfündə əsir,
Var xəyali, çəkə Mənsur kimi darə məni.
 
 
Səri-kuyində vətən qılmış idim dildarın,
Üzdü vəslindən əlim, eylədi avarə məni.
 
 
Məntək aləmdə qəmü dərdə giriftar olsun,
Kim ki, həsrət qoyub ol məhvəşi-dildarə məni.
 
 
Sən bu hüsnilə Züleyxayi-cahansan, ey məh,
Nola, eşqin çəkə Yusif kimi bazarə məni.
 
 
Vahida, zülfi-nigarim kimi incəldi tənim,
Bənzədir kim görə ol zülfdə bir tarə məni.
 

«Bir qələm qaşlı nigarın qəmi lal etdi məni…»

 
Bir qələm qaşlı nigarın qəmi lal etdi məni,
Xəm qılıb qəddimi, manəndi-hilal etdi məni.
 
 
Edirəm bəs ki xəyalın bu qara gözlülərin,
Bu xəyal axırı məbhuti-xəyal etdi məni.
 
 
Əşki-gülgunim ilə çöhreyi-zərdim boyanıb,
Qana dönmüş bu gözüm mərdümi al etdi məni.
 
 
Kimə yetdimsə, ləbin sirrini sordum ondan,
Xalq arasında əcəb əhli-sual etdi məni.
 
 
Bəsteyi-zülfü olandan bəri ol mahvəşin,
Çərxi-sərgəştəvi-bisəbri-cəmal etdi məni.
 
 
Azərə, olmadı bir kimsə, sora hali-dilim,
Çün fələk qərğeyi-girdabı-məlal etdi məni.
 
 
Evi abad ola aləmdə yenə Mümtazın,14
Sordu əhvalımı, fərxəndeyi-hal etdi məni.
 
 
Mənə baxşayişi yetdi o kərəm sahibinin,
Öylə kim sahibi-pür cahü cəlal etdi məni.
 
 
Dilərəm, bir sənin ehsanını aləmdə görüm,
Arizu gör necə bir fikri-məhal etdi məni.
 
 
Vahida! Gərçi həqirəm, vəli çoxdur qədrim,
Nola gər çərx dəxi əhli-sual etdi məni.
 

«Sənsiz, ey gül, demə biganələr ağlatdı məni…»

 
Sənsiz, ey gül, demə biganələr ağlatdı məni,
Bəzi uydurmalar, əfsanələr ağlatdı məni.
 
 
Ağladıb özgə pərişan edə bilməzdi məni,
Zülfünə məhrəm olan şanələr ağlatdı məni.
 
 
Şəm tək göz yaşım axmazdı qəmindən gecələr,
Dövri-ruyindəki pərvanələr ağlatdı məni.
 
 
Könlümün gördüm o zülf içrə əsir olduğunu,
Sanki zəncirdə divanələr ağlatdı məni.
 
 
Min xəyal eylər idim gözlərinin şövqi ilə,
Yad edərkən səni məstanələr ağlatdı məni.
 
 
Sənsiz, ey gül, nə mey içdimsə, gözümdən gəldi,
Döndü qan rənginə, peymanələr ağlatdı məni.
 
 
Vahid, aləmdə təki eşq evi abad olsun,
Hər zaman məscidi-viranələr ağlatdı məni.
 

«Bilməm, nə etmişəm, yenə yar istəmir məni…»

 
Bilməm, nə etmişəm, yenə yar istəmir məni,
Uymuş rəqibə nazlı nigar, istəmir məni.
 
 
Yandırdı daği-həsrəti ilə xəstə könlümü,
Ol sərvboylu, laləüzar istəmir məni.
 
 
Yarımdan özgə nazlı gözəllərdə yox gözüm,
Gül istəsin, cəhənnəmə, xar istəmir məni.
 
 
Bilməm, nə sirdir, o qara gözlü dilbərim
Hər dəm olanda məstü xumar istəmir məni?!
 
 
Əğyarə naz edir, məni dindirməyir o gül,
Guya xəzan yetişdi, bahar istəmir məni.
 
 
Vahid, əgər ki, var bizə də naz edən gözəl,
Mən sevdiyim o çeşmi-xumar istəmir məni.
 

«Sən nəzərdən salmasaydın, ey hilaləbru, məni…»

 
Sən nəzərdən salmasaydın, ey hilaləbru, məni,
Dami-eşqə bunca salmazdı yetən məhru məni.
 
 
Göz yaşım axdıqca, artar suzi-eşqim sinədə,
Yoxdur ümmidim, xilas etsin bu oddan su məni.
 
 
İncəlib zülfün xəyalilə vücudum, öylə kim,
Tari-zülfündən hesab eylər görən bir mu məni.
 
 
Bilmədim, qıldım nəzər ol zülfi-ənbərfaminə,
Sehrlə saldı kəməndə nərgisi-cadu məni.
 
 
Məclisi-meydə nigarım açdı müşkin zülfünü,
Bilmədim mey nəşəsi məst etdi, ya kim, cu məni?
 
 
Mən əsiri-zülfünəm, ancaq cəmalın sevmişəm,
Fikr qılma, istəyir vəslimdən ötrü bu məni.
 
 
Görməyincə gül üzün, Vahid, o şəhla gözlünün,
Sakit etməz nə çəmən seyri, nə bir ahu məni.
 

«Qismət et, yarəb, mənə daim meyü meyxanəni…»

 
Qismət et, yarəb, mənə daim meyü meyxanəni,
Xali etmə məclisimdən saqərü peymanəni.
 
 
Kövsəri-cənnət sifatin vəsf edirsən aşiqə,
Vermərəm mən kövsərə, zahid, meyü meyxanəni.
 
 
Əlaman, məşşatə, aşüftə edərsən aləmi,
Könlümü qılma pərişan, vurma zülfə şanəni!
 
 
Hər səri-muyində bənd olmuş neçə iftadələr,
Qoyma dəysin bir-birinə bu neçə divanəni.
 
 
Nöqteyi-xalın görüb ol səfheyi-ruyində kim,
Zikri-zahidtək edər ol sübheyi-səddanəni.
 
 
Atəşi-ruxsarini gördü könül pərvanəsi,
Gəl dolanım başına, yandırma bu pərvanəni.
 
 
Zahid istər məscidi, mən arizi-dildarimi,
Bülbül istər gülşəni, bayquş sevər viranəni.
 
 
Nəql edər vaiz behiştü duzəxi kim xəlq üçün,
Vahida, alma qulağə yüz belə əfsanəni.
 

«Oldum cünun görcəyin o zülfü qarəni…»

 
Oldum cünun görcəyin o zülfü qarəni,
Saydım səbahədək göy üzündə sitarəni.
 
 
Bir yarə vurdu sinəmə tiği-qaşilə kim,
Müşkül sağalda, gəlsə Ərəstun, bu yarəni.
 
 
Ey dərdi-eşqə çarə ilə hökm edən təbib,
Tədbirin olsa, bu mərəzə eylə çarəni.
 
 
Tökdü o yar səfheyi-ruxsarə zülfünü,
Etdi qürub, görmədim ol mahiparəni.
 
 
Əhsən səriri-hüsnüdə o qarə xalına,
Bir tək dolandırır bu qədər gənc idarəni.
 
 
Bir zərrə kəssə mehrini məndən o mah əgər,
Ahım oduyla çərxə yetirrəm şərarəni.
 
 
Vahid, əgərçi yar kəsə səndən ülfətin,
Sən cəhd qıl ki, dilbərilən vurma arəni.
 

«Etdi fələk zülm ilə məndən cüda səni…»

 
Etdi fələk zülm ilə məndən cüda səni,
Qıldı rəqib bəd sifətə aşina səni.
 
 
Çəkdim cəfayi-cövrünü, ey məh, zəmanədə,
Sandım xəyali-xam ilə əhli-vəfa səni.
 
 
Hər sübhü şam sayili-kuyində aşiqin,
Hatəm kimi çü bilmişəm əhli-səxa səni.
 
 
Üzdün vüsaldən əlimi tərki-lütf edib,
Ey məh, bu növ bilməz idim bivəfa səni.
 
 
Oldum məriz eşq ilə, halimi sormadın,
Qılsın düçar mən kimi dərdə xuda səni.
 
 
Sordum əlacım, ey büti-ziba, təbibdən,
Yazdı bu dərdi-eşqə müalic dəva səni.
 
 
Bu Vahidi-fəqirə, gözəl, eylə iltifat,
Ruhim, həyatda bircə bilibdir şəfa səni.
 

«Sordumsa hər kəsdən, dedilər, bivəfa səni…»

 
Sordumsa hər kəsdən, dedilər, bivəfa səni,
Neylim, həqiqi bilmiş idim aşina səni.
 
 
Yusif də olsan hüsndə, sən məndən incimə,
Hər yerdə söylərəm, gözəlim, mən gəda səni!
 
 
Məcnun zamanı Leyli görəydi camalını,
Eşqindən eylər idi, inan, tez fəna səni.
 
 
Təqsirim olmadan məni saldın bəlalara,
Mən ruhuma sanırdım, əzizim, qida səni.
 
 
Bir kəlmə söz kifayət edər anlayan kəsə,
Naəhlə tanrı eyləməsin mübtəla səni.
 
 
Fikrə, xəyalə, möhnətə sən salmısan məni,
Canan, əhatə eyləməsin bir bəla səni.
 
 
Tanrım özü cəza verəcək zülm edənlərə,
Könlüm əgər ki, bir qəmə görməz rəva səni.
 
 
Yoxdur günah səndə, səni öyrədəndədir,
Biganə göstərir hamıya kəcnüma səni.
 
 
Hal əhli olsa, Vahid, əgər sevdiyin gözəl,
Heç yerdə bivəfa deməz ol məhliqa səni.
 

«Əcəb gözəl yetirib gərdişi-zəmanə səni…»

 
Əcəb gözəl yetirib gərdişi-zəmanə səni,
Zəmanəmizdə sanır xəlqimiz yeganə səni.
 
 
Məhəbbətinlə könüllər dolub, unutmayacaq,
Nə bir rəfiqi-həqiqi, nə əhli-xanə səni.
 
 
Vətəndə namü-nişan ilə ölmək izzətdir,
Diyari-qürbətə kim saldı binişanə səni?
 
 
Cavanlaşardım, əlim çatsa, mehrsiz fələyə,
Səbəb nədir ki, salıb dərdi-biamanə səni?
 
 
Qərəzlə ev yıxanın xanimani odlansın!
Ki, qoydular gözü həsrətlə xanimanə səni.
 
 
Sən olmasan da, xəyalın bizimlə həmdəmdir,
Əgər ki, möhnəti-qürbət yetirdi canə səni.
 
 
Bəlayi-hicrə gərək səbr qılsın aşiqlər,
Bu işdə bəlkə çəkib bəxtin imtahanə səni.
 
 
Bahari-ömrünü, Vahid, fələk xəzan elədi!
Yetirdi bülbüli-şeyda bu cür fəğanə səni.
 

«Vəfalısan, gözəlim, çəkdim imtahanə səni…»

 
Vəfalısan, gözəlim, çəkdim imtahanə səni,
Vəfadə tək yetirib gərdişi-zəmanə səni.
 
 
Bu etibar ola bilməz bir özgə dilbərdə,
Mən indi bilmişəm öz könlümə yeganə səni.
 
 
Rəqiblər gözünə kirpiyin batır oxtək,
Vəfadə göstərirəm hər zaman nişanə səni.
 
 
Qəribə cazibə vardır gözəlliyində sənin,
Bərabər eyləmək olmaz bir özgə canə səni.
 
 
Sənə bəşər desələr – zülm ediblər haqqında,
Təbiət aşiq olub, göndərib cahanə səni.
 
 
Sədaqətində dayandın, rəqibə sirr demədin,
Elin şəmadəti gərçi gətirdi canə səni.
 
 
Deyən demişdi mənə: sevgilin vəfasızdır,
Salar o gül yenə, bir gün gələr ki, qanə səni.
 
 
Sənin sədaqətini Vahidə özüm demişəm,
O da sevir, gözəlim, indi qaibanə səni.
 

«Yaradıb tanrı, əzizim, nə gözəl yar səni…»

 
Yaradıb tanrı, əzizim, nə gözəl yar səni!
Gözlə, bu hüsn ilə aldatmasın əğyar səni!
 
 
Dişlərin inci, ləbin ləl, üzün gül kimi tər,
Xəlq edib, məncə, təbiət düri-şəhvar səni.
 
 
Eşq bimarı sağalmaz, bunu dərd əhli bilər,
Sağalar görsə bu tərkib ilə bimar səni.
 
 
Yandırıb Kəbəvü bütxanəni, zünnarı atar,
Görsə Sənan kimi min aşiqi-dindar səni.
 
 
Sən ki, hal əhli idin, aşiqi incitməzdin,
İndi can almağa kim eylədi vadar səni?
 
 
Aşiqin könlünə rəhm et, bu qədər incitmə,
Görməmişdim, gözəlim, bunca sitəmkar səni.
 
 
Məst idin sən bu qara gözlülərin eşqilə,
İndi, Vahid, sevinir, kim görür huşyar səni.
 

«Qəm çəkmə, ey könül, yenə canan sevir səni…»

 
Qəm çəkmə, ey könül, yenə canan sevir səni,
Dərdindən öldüyün güli-xəndan sevir səni.
 
 
Zalım fələk qoyarmı səni vəslə yetməyə,
Çox da o canalan, o gözəl can sevir səni.
 
 
Hər bir sözü müvəqqətidir nazəninlərin,
Aldanma, gərçi ol məhi-taban sevir səni!
 
 
Batdı rəqib ömr uzunu qarə günlərə,
Ol sərv boylu, zülfi-pərişan sevir səni.
 
 
Ceyran dalınca düşsə bir ovçu, əcəb deyil,
Yüzlərcə ovçu, yüz quzu ceyran sevir səni.
 
 
Xəlq eyləyəndə səhv deyil, tanrı gər desəm,
Olmuş camalına özü heyran, sevir səni.
 
 
Vahid, cəhənnəm, istəməsin qoy rəqiblər,
Sən fəxr qıl ki, Azərbaycan sevir səni.
 

«Yarım tökəndə gül üzə zülfi-siyahini…»

 
Yarım tökəndə gül üzə zülfi-siyahini,
Sandım ki, gizlədib fələk əbr içrə mahini.
 
 
Gər görsə bağban o məhin zülfü ruyini,
Ta ömrü var, xəzanə verər gül giyahini.
 
 
Gəlsin, cəmali-dilbərimə eyləsin nəzər,
Kim görməyibsə sənəti-feyzi-ilahini.
 
 
Səyyadlar dalınca düşüb, həsrətin çəkər,
Görsə nigarımın əgər ahu nigahini.
 
 
Bihudə sanma, naleyi-üşşaqdan saqın,
Ey məh, yetirmə göylərə üşşaqin ahini.
 
 
Hər gün düşüb ayaqlarına gün bu şövqlə,
Bəlkə olur ki, bir gün öpə xaki-rahini.
 
 
Vahid qapında olsa müqəssir, ümidi var,
Bir lütf ilə özün keçəcəksən günahini.
 

«Çəkmək istər mən kimi hər kimsə canan fikrini…»

 
Çəkmək istər mən kimi hər kimsə canan fikrini,
Öz canından əl götürsün, etməsin can fikrini!
 
 
Ağlaram sübhü məsa bir dilbərin eşqində mən,
Bülbül ağlar necə çəkdikdə gülüstan fikrini.
 
 
Yusifin hicrində Yəqub eylədi min fikr əgər,
Çəkməyibdir bunca ol mən kimi hicran fikrini.
 
 
Olsam ol şux ilə gər bir guşeyi-meyxanədə,
Bir də namərdəm, çəkərsəm baği-rizvan fikrini!
 
 
Ey günüzlüm, gər tuta zülmət sərasər aləmi,
Eyləməz ruyin görənlər mahi-taban fikrini.
 
 
Vursan, ey məh, sinəmə tiri-xədəngin, razıyam,
Sinədə peykanın olsa, çəkmərəm can fikrini!
 
 
Bigünah qanlar tökərsən rəhmsiz cəlladtək,
Bil, tutar axır səni, ey çəkməyən qan fikrini!
 
 
Oldu, Vahid, xatirimdə cəm ikən aşüftəlik,
Müttəsil çəkməkdən ol zülfi-pərişan fikrini.
 

«Gəldi qəmdən gözəlim qurtara divanəsini…»

 
Gəldi qəmdən gözəlim qurtara divanəsini,
Gördü öz şəminə yandırdığı pərvanəsini.
 
 
Mənim əfsaneyi-eşqim bürüyüb məmləkəti,
Leyli-Məcnunun unutmaq gərək əfsanəsini.
 
 
Ey yıxan könlüm evin, indi gəl abad eylə,
Daimi eyləmə viranə bu qəm xanəsini.
 
 
Bülbül istər gülü, zövq əhli sevər cananı,
Hər bir aşiq sevir öz sevgili cananəsini.
 
 
Eşq peymanəsidir aşiqi sərməst qılan,
Alma dəhrin ələ qəm-qüssəli peymanəsini.
 
 
Əhli-fəqrik, bizə bu künci-qənaət xoşdur,
Neylirik şahların altun dolu kaşanəsini.
 
 
Xalqa göz yaşı ilə ədami-riyadır, qurmuş,
Vaizin sanma əbəs sübheyi-səddanəsini.
 
 
Məncə, Vahid, yenə meyxanələr abad olsun,
Tərk qıl zahidə öz məscidi-viranəsini.
 

«Ləbindən aşiqə olsaydı istifadə yeri…»

 
Ləbindən aşiqə olsaydı istifadə yeri,
Qədəhdə qanə dönüb qalmaz idi badə yeri.
 
 
Diyari-eşqə, könül, laübali qoyma qədəm,
Bu barigahə gedərkən bir etiqadə yeri.
 
 
İradəsizlərə yer yoxdur eşq mülkündə!
Xoşa o aşiqə var onda bir iradə yeri.
 
 
Şərab məclisinə qoymayın gələndə rəqib,
Deyil bu guşeyi-cənnət həramzadə yeri.
 
 
Sənin gözəlliyinin acizəm ifadəsinə,
Mələkdən özgə sənə tapmadım ifadə yeri.
 
 
Təkəbbür əhlini eşq içrə istəməz canan,
Təriqi-eşqə, könül, daima fitadə yeri.
 
 
Diyari-eşqdə, Vahid, hamı bərabərdir,
Bilinməz orda gəda ilə şahzadə yeri.
 

«Sanma cahanda əhli-vəfa məhliqaləri…»

 
Sanma cahanda əhli-vəfa məhliqaləri,
Bietibar olurmuş hamı, yox vəfaləri!
 
 
Aldanmayın zəmanədə hərgiz gözəllərə,
Daim edərlər aşiqə cövrü cəfaləri.
 
 
Yoxdur cahanda bir nəfər əhli-vəfa, könül,
Bəs ki tutubdu aləmi boş iddialəri.
 
 
Eşqə əbəsdi qılma həvəs, ey əsiri-eşq,
Çünki çəkibdi eşqdə başım bəlaləri.
 
 
Kəsmə, amandır, lütfünü aşiqdən, ey sənəm,
Şahlar həmişə rəsmdir, saxlar gədaləri.
 
 
Hər mahiru gözəldə məgər beylə zülm olur?
Tərk et cəfanı, tut rəvişi-binəvaləri.
 
 
Vahid, cəfayi-eşqdən ikrah qılmadın,
Etdin qəbul ruzi-əzəldən bəlaləri.
 

«Ey dil, unutma zülm eləyən məhliqaləri…»

 
Ey dil, unutma zülm eləyən məhliqaləri,
Onlardır eşq əsiri edən binəvaləri.
 
 
Zənciri-zülfə etmə həvəs, ey əsiri-eşq!
Çox görmüşük bu damə düşən mübtəlaləri.
 
 
Hüsn əhlinin bu adətidir, bivəfa olur,
Çox da məzəmmət eyləməyin dilrübaləri.
 
 
Hər şuxa vermə könlünü, bağlanma zülfünə,
Çünki çəkib bu yolda başım çox bəlaləri.
 
 
Divanə etməyincə götürməz yaxandan əl,
Çox çəkdim imtahanə bu zülfü qəraləri.
 
 
Aldanma rəhmsiz, bu vəfasız gözəllərə,
Daim edərlər aşiqə cövrü cəfaləri.
 
 
Vahid, cahanda təneyi-biganə yaxşıdır,
Püriddia görüncə bu dost-aşinaləri.
 

«Bir arzudə yoxam vəsli-yardən qeyri…»

 
Bir arzudə yoxam vəsli-yardən qeyri,
Nə zövq bülbül üçün laləzardən qeyri.
 
 
Vətəndə möhnətə bir çarə tapmadı Məcnun,
Diyari-qürbətə yalnız fərardən qeyri.
 
 
Nə cami-Cəm qalıb indi, nə şövkəti-Cəmşid,
Fəsanələrlə quru iftixardən qeyri.
 
 
Behişti-əqdəsə dönsə çəmən, nə bəhcəti var,
Bizə nə zövq olur gülüzardən qeyri.
 
 
Təbii ziynətə layiq deyildir hər gülrux,
Bu izzətə yetən olmaz nigardən qeyri.
 
 
Nə bir rəşadəti var Bisütunda Fərhadın,
Bir əksi-Şirin ilə cuyi-bardən qeyri.
 
 
Həmidin15 eşqini Zöhtabdan16 soranda dedi:
O binəvadə nə var etibardən qeyri.
 
 
Bəradərim Məcidə17 sən bu şeri yaz, Vahid,
Səmimi dost yoxumdur Qafardan18 qeyri.
 

«Gözəlim, varmı bir aşiq sənə məndən qeyri…»

 
Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?
Ölərəm, baxsam əgər bir gülə səndən qeyri!
 
 
Könlümü qan eləyən varmı bu aləmdə məgər,
Bir sənintək üzü gül, qönçədəhəndən qeyri?
 
 
Özgə bir dilbər ilə könlüm açılmaz sənsiz,
Nə gərək bülbüli-şey dayə çəməndən qeyri?
 
 
Özgələr ləzzəti-vəslinlə səfalər çəkdi,
Mənə hicrin nə verib dərdi-mühəndən qeyri!
 
 
Dərdi-hicranını da könlümə tapşırdı fələk,
Əlimi daməni-vəslindən üzəndən qeyri.
 
 
Ləblərin nəşəsini piri-muğandan xəbər al,
Badə zövqün nə bilir rindi-kühəndən qeyri?
 
 
Vahid, aləmdə bir insanlığa xidmət qalacaq,
Varmı bir şey aparan qəbrə kəfəndən qeyri?!
 

«Sevgilim, bülbülə olsaydı gülün imdadı…»

 
Sevgilim, bülbülə olsaydı gülün imdadı,
Bülbülün aləmi ağlatmaz idi fəryadı.
 
 
Eşq sevdasına layiqli deyil hər aşiq,
Dərdü qəm çəkməyə gər olmasa istedadı.
 
 
Qopsa yüzlərcə bəla, qəlbinə təsir etməz,
Hər kimin eşqilə möhkəm qurulub bünyadı.
 
 
Gör necə hüsndə məğrur idi Şirin özünə,
Dağ-daşı çapmağa məcbur elədi Fərhadı.
 
 
Hanı rəhmətlik o Məcnun, gedib dünyadan?
Bizik indi o bəlalər çəkənin övladı.
 
 
Hüsni-Leylanı da Məcnun özü öyrətdi bizə,
Əhli-eşqin odur aləmdə böyük ustadı.
 
 
Məni, Vahid bu qədər sevgilim incitməz idi,
Yerə girsin, görüm, ey kaş, rəqibin adı.
 

«Gəldim vüsali-yarə yetəm fürsət olmadı…»

 
Gəldim vüsali-yarə yetəm fürsət olmadı,
Bir dəm doyunca söhbət edəm, qismət olmadı.
 
 
Cövrün çəkib həmişə bu zülfü qarələrin,
Divanə könlümə yenə bir ibrət olmadı.
 
 
Cənnətdi məclisim, elə ki, gəldi dün rəqib,
Məclis cəhənnəm oldu, mənə cənnət olmadı.
 
 
Az olsa badənin çox olur ruhə ləzzəti,
Həddindən artıq içdin, o bir ləzzət olmadı.
 
 
Sərvim, deyəndə sanma, qiyamətdi qamətin,
Məhşər ki qopmadı, sənə bir töhmət olmadı.
 
 
Fərhadı fəzli-sənəti sevdirdi Şirinə,
Şirini eşqə bənd eləyən surət olmadı.
 
 
Eşqində ölmək həsrəti öldürdü Vahidi,
Çox yaxşı oldu – istəyinə həsrət olmadı.
 

«Bu sərvi-qamətim qaşın xəyalıilə dütalandı…»

 
Bu sərvi-qamətim qaşın xəyalıilə dütalandı,
Gözüm ayineyi-safi-cəmalından cilalandı.
 
 
Fəğanü ahü naləmdən xəbərdar olmadın, ey məh,
Göy üzrə dudi-ahimdən kəvakiblər qaralandı.
 
 
Dəyəndə sinəmə üst-üstə, ey gül, navəki-qəmzən,
Dəlinmiş ney kimi könlüm yeri-yerdən nəvalandı.
 
 
Deyirlər Qeys üçün, cana, cünuni-eşq olub, amma
Mənim ondan betər görcək səni, başım havalandı.
 
 
Üzündən dün götürdükdə düşəqqə zülfi-mişkinin,
Üzün nurilə, ey mahim, cahan yeksər ziyalandı.
 
 
Çəməndə sərv qəddin göstərib yüz min qiyamətlər,
Qədin sərvin çəmən görcək xəcalətdən həyalandı.
 
 
Salıbdır Vahidi-zari bəlayi-hüznə hicranın,
Həmişə qeyrilər vəslinlə, ey gülrux, səfalandı.
 

«Demədim dərdimi canana, yadımdan çıxdı…»

 
Demədim dərdimi canana, yadımdan çıxdı,
Gördüm öz yarımı, biganə yadımdan çıxdı.
 
 
Bülbülə gül nə cəfa eylədiyin bildirdim,
Yandı canım, niyə pərvanə yadımdan çıxdı?
 
 
Deyəcəkdim o qara zülfə nə dərdim var idi,
Oldu könlüm dəli-divanə, yadımdan çıxdı.
 
 
Vəslinə mail olan günləri bir-bir saydım,
Yandığım atəşi-hicranə, yadımdan çıxdı.
 
 
Zülf əlindən nə bəla çəkdiyimi bildirdim,
Nə qədər fikr elədim, şanə yadımdan çıxdı.
 
 
Mey içərkən məni bir lütflə dindirdi o gül,
Məst olanlar kimi peymanə yadımdan çıxdı.
 
 
Bəlkə, Vahid, deyim ol şuxə, inansın sözümə,
And içim sevgiyə, vicdanə yadımdan çıxdı.
 

«Yarəb, itirmişəm, neçə gündür nigarımı…»

 
Yarəb, itirmişəm, neçə gündür nigarımı,
Tezliklə sən yetir mənim ol nazlı yarımı.
 
 
Yoxdur gülüm, nə üzlə gedim seyri-gülşənə,
Bəxtim bu il xəzan eləyib novbaharımı.
 
 
Ol laləüzlüdən mənə hər kim xəbər verə,
Billah, sevindirər bu dili-dağdarımı.
 
 
Namərd rəqibin hiyləsinə uydu dilbərim,
Yandırdı nari-həsrət ilə qəlbi-zarımı.
 
 
Başım bəlalıdır, ölürəm, kimsə bilməyir,
Bir qarəgözlü əldən alıb ixtiyarımı.
 
 
Mən bir vəfalı aşiqəm, ölsəm də eşqdə,
Örtər çiçəklə, güllə gözəllər məzarımı.
 
 
Yarım mənə ölüncə vəfasızlıq eyləməz,
Çox çəkmiş imtahana mənim etibarımı.
 
 
Bir də qədəh alıb əlimə badə içmərəm,
Ta görməyincə gözlərim ol gülüzarımı.
 
 
Vahid, bu şeri yaz Həsənə, ömrdən gedir,
Bir vaxt olur ki, xəlq oxuyar yadigarımı.
 

«Bir də görəsən, naili-canan olarammı…»

 
Bir də görəsən, naili-canan olarammı?
Eşqində onun bülbüli-xoşxan olarammı?
 
 
Minayi-səri-kuyini min dəfə dolansam,
Bir yol, görəsən, layiqi-qurban olarammı?
 
 
Yüz cövr edəsən, bir demərəm, cövrünü az et,
Min böylə cəfa olsa, peşiman olarammı?
 
 
Sinəm bu qədər yarələnib qəmzən oxundan,
Axır, görəsən, qabili-dərman olarammı?
 
 
Dindir məni bir naz ilə, ey qönçeyi-ümmid,
Bir gün açılıb gül kimi xəndan olarammı?
 
 
Çoxlar yetişib kamə, olub xadimi-kuyin,
Mən də o hərəmxanəyə mehman olarammı?
 
 
Vahid, o qəra zülfə ki, həsrət çəkirəm mən,
Ol zülfə əlim yetsə, pərişan olarammı?
 

«Ey gül, sənə dünyada bərabər yenə varmı…»

 
Ey gül, sənə dünyada bərabər yenə varmı?
Səndən də gözəl sevgili dilbər yenə varmı?
 
 
Gülzari-cahanda, görəsən, səndən əlavə
Ən incə, lətafətli güli-tər yenə varmı?
 
 
Qan tökməyə çox mahir idi gözlərin əvvəl,
Ol fitnəli gözlərdə o şakər yenə varmı?
 
 
Bülbülləri mən tək gətirən şurə çəməndə,
Bir bülbüli-şeyda mənə bənzər yenə varmı?
 
 
Yüz aşiqi bir rəmzlə Məcnun eləyənlər,
Ol Leyli məlahətli gözəllər yenə varmı?
 
 
Öz aşiqinə zülm edə, biganəyə min naz,
Bir sən kimi birəhm, sitəmgər yenə varmı?
 
 
Sultanlara, xaqanlara baş əyməyən əsla,
Dərviş kəramətli qələndər yenə varmı?
 
 
Vahid! Hanı Yusif, hanı Səyyar ilə Saqib,
Kimdən soraq; ustadımız Azər yenə varmı?
 

«Göstərmə məndən özgəyə, ey gül, cəmalını…»

 
Göstərmə məndən özgəyə, ey gül, cəmalını,
Tanrım mənə nəsib eyləyə ta vüsalını.
 
 
Daim xəyali-vəslin ilə şad olur könül,
Bildir mənə ürəkdə olan öz xəyalını.
 
 
Tale həmişə könlünü şad eyləsin sənin,
Göstərməsin mən aşiqə dərdü məlalını.
 
 
Neylər ayı, günü, gözəlim, ya sitarəni,
Lalə üzündə kim görə ol qarə xalını.
 
 
Yüz min gözəl yetirsə əgər kainat özü,
Dünya üzündə, bil ki, yetirməz misalını.
 
 
Nazlı gözəlsən, olmalıdır səndə mərifət,
Davran ədəblə, istəsin ellər kamalını.
 
 
Vahid, şikayət eyləmə ol nazlı yaridən,
Bəlkə eşitdi, bildi sənin xəstə halını.
 
1.Atəşpərəstlərin ibadət yeri.
2.Şair Ağadadaş Müniri
3.Şair Məşədi Azər Hacı Məmmədzadə.
4.Şair Bədri Seyidzadəyə işarədir.
5.Şair Həsən Səyyar
6.Bakıda yaşamış fars şairi Qulamhüseyn Novruz Nəyyir.
7.Şair Məhəmmədhüseyn Şəhriyara işarədir.
8.Şair Əbdülxalıq Yusif.
9.Şair Əlabbas Müznib.
10.Göyçay rayonunda əməkdar müəllimdir.
11.Şair Əlağa Şərqi.
12.Vəhşi keçi.
13.Təzim etmək.
14.Ədəbiyyatşünas Salman Mümtaz Əsgərov.
15.Alim Həmid Məmmədzadə.
16.Alim Məhəmmədtəqi Zöhtab.
17.Məcid Abbasi.
18.Alim Qafar Kəndli.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺69,50
₺139,01
−50%
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
270 s. 1 illüstrasyon
ISBN:
978-9952-8453-2-5
Telif hakkı:
JekaPrint
İndirme biçimi:

Benzer kitaplar