Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Ağ qoç, qara qoç», sayfa 3

Yazı tipi:

Dostlar məni xatırlasın.

Hər aşığın öz çeşməsi vardı və hərəsinin üstündə onun sözləri həkk olunmuşdu: Aşıq Qurbani, Abbas Tufarqanlı, Pir Sultan Abdal, Sarı Aşıq, Qaracaoğlan, Dadaloğlu, Əmrah, Aşıq Alı, Aşıq Bəsdi, Molla Cuma, Aşıq Veysəl…

Məlik düşündü ki, nə yaxşı bu dərd, niskil, qəm – aşıq qoşmalarında, gəraylılarda, bayatılarda, Füzuli qəzəllərində, neçə-neçə əski şairin yanıqlı şeirlərində, Segahın, Şüştərin, Humayunun hüznündə əbədi həkk olunub qalıb. Çünki öz ömrün də, xalqının günü-güzəranı da nə qədər qayğısız keçir- keçsin, insanın bəzən qüssəyə, kədərə, həsrətə də ehtiyacı olur. Bəlkə indi, bizim bütün ağrı-acılarımız ötənlərdə qaldığından qəlbləri sarsıdan ədəbiyyat da yarana bilmir. Bir-birindən nəfis kitab nəşrləri, bir-birindən parlaq aylıqlar, həftəliklər… Amma insanın könlünü titrədən əsərə nə yazıq ki, rast gəlmirsən. Bəlkə bu da firavanlığımızın bədəli, əvəzidir. Kim bilir?

Adəti üzrə hər bulaqdan bir qurtum içib avtomobilinə qayıtdı, Aşıqlar bulvarından Firudin İbrahimi küçəsinə buruldu, Mirzə Cəlil Məmmədquluzadə heykəlinin, Qaçaq Nəbi İdman sarayının, Şeyx Şamil bağının yanından ötüb Gəncə meydanına çıxdı. Burada 20-ci ilin Gəncə üsyanına həsr olunmuş abidə ucalırdı.

Səməd Vurğun bağının düz qənşərində – Bülbül bağında böyük sənətkarın heykəli ucaldılmışdı və üzbəüz duran bu iki heykəl, şairin və müğənninin heykəlləri – sanki bir-birini salamlayırdı.

Qarşısında Əliağa Şıxlının və Səməd bəy Mehmandarlının qoşa heykəlləri ucaldılmış Hərb Akademiyasının yanından Füzuli bulvarına çıxdı.

Füzuli bulvarında Opera teatrının yeni binasına nəzər saldı. Operanın fasadında yeddi iri pəncərədə yeddi rəngbərəng vitraj çəkilmişdi – Leyli və Məcnun, Şah İsmayıl, Aşıq Qərib, Koroğlu operalarına, Qız qalası, Yeddi gözəl, Min bir gecə baletlərinə həsr olunmuş əlvan vitrajlar gecələr daha cazibədar görünürdü. Memar və rəssam bu vitrajları, teatrın qarşısındakı iri hovuzu elə yerləşdirmişdilər ki, rəngli – şüşə şəkillər qarşıdakı hovuzda da əks olunurdu.

Məlik Əbülfəz Elçibəy prospektinə çıxdı, Durnalar parkının yanından keçdi. Durnalar Parkında Vaqif və Vidadinin birgə heykəlləri sanki uzaqlara uçub gedən durna qatarının seyrinə dalmışdı.

Səfəvilər prospektinə çıxdı, Qızılbaşlar meydanından keçdi, Şəhidlər dağı istiqamətində irəlilədi.

Dağın 20 yanvar, Qarabağ şəhidləri və 1918-ci il mart Qurbanları cərgələrindən aşağıda yerləşən Şəhidlər muzeyinin eksponatları, şəkilləri, fotoları, sənədləri XX əsrdə xalqın başına gətirilən bütün müsibətləri əks etdirirdi. 1905, 1918-ci illəri mart, 1920-ci il aprel, 1921-ci il Xiyabani hərəkatının tar- mar edilməsi, 1937, 1946-cı illər 21 Azər, 1990-cı il – Qara yanvar, Baqanis Ayrım, Qukark, Xocalı faciələri…

Ana Yasa küçəsindən bu muzeyə qalxan pilləkənlərın iki tərəfində, açıq havada – terrorçu cinayətlərinin nəticələri – musiqiçi Rafiq Babayev həlak olduğu metro vaqonunun, Sumqayıt yolunda alimlərin tank tırtılları altında əzilmiş Jiqulisinin, Qanlı yanvarda gülləbaran edilmiş təcili yardım maşınının, Yevlax yolunda partladılmış sərnişin avtobusunun qalıqları nümayiş etdirilirdi.

Məlik Şəhidlər dağının yuxarı girişindən yoxuşla iş yerinə çatdı, avtosunun açarlarını qaraj xidmətçisinə      tapşırdı, avtomobili içəri salacaqdı. Hələ xeyli vaxtı vardı. Yenicə ucaldılmış və bütün Yaxın Şərqdə ən uca qüllə sayılan TV qülləsinin aşırı sürətli liftiylə yuxarı qalxıb Bulud restoranına daxil oldu.

Bulud restoranı qüllənin ən üst qatında yerləşirdi və aramla hərlənirdi – yarım saat ərzində Bakının və bütün ətrafların mənzərəsini seyr edə bilərdin. Bulud restoranından da yuxarı Buludüstü kafesi vardı, amma o açıq havada idi, hələ bu ilıq mart günündə orada oturmaq olmazdı.

Restoran öz oxu ətrafında dövr etdikcə Məlik səhər yeməyini yeyir, ətirli Astara çayı içir və hər gün seyr etdiyi doğma şəhərinə baxdıqca baxırdı.

Əvvəlcə müştəri gözüylə Azadlıq meydanına baxdı. Bir neçə telekamera bu gün orda qurulmuşdu.

Keçmişlərdə Hökumət evi adlanan bina indi Odlar sarayı adlanırdı. Sarayın dörd qülləsinin üstündə dörd tərəfdən on altı daimi məşəl yanırdı – bu məşəllər Qüzey və Güney Azərbaycanın on altı tarixi ərazisini, – vaxtilə xanlıqlar adlanan əraziləri təmsil edirdi – sağ cinahda Bakı, Gəncə, Qarabağ, Şirvan, Şəki, Naxçıvan, Lənkəran və Quba, sol cinahda Təbriz, Ərdəbil, Zəncan, Marağa, Urmiya, Qaradağ, Maku və Xoy.

Şəhidlər dağının üstündə də (deyilənə görə, bir vaxtlar burada Kirov adlı bir inqilabçının abidəsi varmış) üç məşəl – Bakının rəmzi – şölələnirdi.

Bulud restoranı aramla hərləndikcə Məlik şəhərin beş girişində də yanan üçlü məşəlləri görə bilirdi. Balaxanı və Suraxanı şoselərinin kəsişdiyi yerdə, Xırdalan şosesində – Sulutəpədə, Lənkəran şossesində – Qaradağda, Sahil yolunda – Türkanda, bir də dənizdə, Böyük Zirə və Kiçik Zirə adalarının arasındakı haçansa Makarov bankası adlanan qaldırımda. Xəzərin səthi yenidən bir qədər aşağı düşəndən sonra bu qaldırım da, Səbayelin qalıqları da üzə çıxmışdı və Üç çırağın birini də bu qaldırımda – şəhərin dəniz qapısında qurmuşdular.

Bulud hərlənib elə bir baxış nöqtəsinə çatmışdı ki, indi Nərgiz adası ovuc içi kimi görünürdü. Məlik xatırladı ki, bir vaxt bu adanın adı haqqında qızğın mübahisələr olmuşdu. Nargin adını dəyişəndə adanın keçmiş adına – Böyük Zirəyə etiraz olundu, Xəzərdə bir neçə Zirə adlı ada var, çaş-baş düşəcək, – dedilər. Sonra kimsə xatırladı ki, indi çoxdan unudulmuş Anar adlı bir yazıçının hekayəsində bu ada Nərgiz adlanır. (Bu Anar, deyilənə görə, o vaxt mövcud olan Yazıçılar Birliyinin sədri olub, sonra ömrünün axırınadək Suraxanı- Əzizbəyov avtobusunda konduktor işləyib).

Nə isə bu ad qəbul olundu, həm köhnə Nargin adına yaxın idi, həm də burda hər il Çiçək bayramları keçirildiyinə görə. İndi Nərgiz adası Xəzər hövzəsinin ən məşhur dincərlik və əyləncə yeri idi. Buna da vaxtilə etirazlar olmuşdu. Bu adanın faciəvi keçmişi var, sovet dönəmində nə qədər günahsız insanı burada güllələyib dənizə atıblar, – deyirdilər. Və məhz elə buna görə də bu adada repressiya qurbanlarına abidə ucaldılıb. Bu müddəaya qarşı da dəlil gətirirdilər ki, həmin insanlar elə bu arzularına görə – milləti azad, xoşbəxt, şad görmək istədiklərinə görə qurban gediblər. Bu günün insanları uşaqlar və böyüklər burada xoş istirahət edəcək, əylənəcək, sevinəcəklərsə, elə bu da qurban getmişlərin ruhunu şad edəcək. Hər nəysə təklif qəbul olundu və indi buradakı, uşaqlar və böyüklərçün əyləncə yerlərinə gəmilərlə, katerlərlə, xüsusilə yaz və yay aylarının bazar günlərində minlərlə insan gəlirdi. Adanın ən uca nöqtəsində Şeytan-çarxı – Karusel o qədər böyük idi ki, hətta Xəzər bulvarından, Bayıldan, Zığdan və əlbəttə, bax burdan – “Bulud” restoranından aydınca görünürdü. Şeytan çarxı göy qurşağının yeddi rəngində idi və şəhərdən baxanda yarısı adanın o tərəfində qaldığına görə bu tərəfdən, doğrudan da, yeddi rəngli göy əyrisini xatırladırdı. Çarxda əylənənlər hündürə qalxdıqca bütün ada, dəniz, uzaq şəhər aydın görünürdü. Bu nöqtədən adanın düz yerində əlvan gül-çiçəkdən düzəldilmiş Azərbaycan xəritəsi daha qəşəng görünürdü.

Min bir gecə, Ömər Xəyyam, Bəhlul Danəndə əyləncə mərkəzləri səhərə qədər maraqlı proqramlar, konsertlər təqdim edirdi. Vətəgə restoranında yalnız Xəzərin və Kürün balıqları deyil, dünyanın hər yerindən gətirilən okean, dəniz, göl və dağ çaylarının nemətlərini dadmaq olardı.

Matəm günlərində təbii ki, adada bütün əyləncə yerləri qapanırdı. Bura gələn müxtəlif heyətlər Repressiya qurbanları abidəsi önünə əklillər qoyur, anma duruşunda durur və adanın dörd tərəfindən dənizə çiçəklər səpirdilər.

Adaya şəhərdən adi günlərdə iki saatdan bir, bazar günləri hər saat yola düşən dəniz tramvaylarıyla getmək olardı. Qızıl balıq, Ağ balıq, Ala balıq, Şahmaya, Sazan adlı dəniz travmayları, taksi-katerlər, matorlu, yelkənli və avarlı kirayə qayıqlar şəhərdən-adaya, adadan-şəhərə şütüyürdü. Əlbəttə, şəxsi yaxtaları – təknələri olanlar da istədikləri vaxt adaya gələ bilərdilər, amma küləkli havalarda buna icazə verilmirdi. Şəxsi təknələr Bayıl burnunda yaxt-klubun körpülərində lövbər salmışdı. Bir-birindən fərqli, əlvan və göyçək təknələr gül bağçasını xatırladırdı. Amma bu səmtin ən yaraşıqlı nəhəng gəmisi – üç ağ yelkənli qədim üslubda düzəldilmiş gəmi-otel idi. Adı da elə Yelkən idi. Qapalı yerlərində və göyərtəsində yay və qış restoranları işləyirdi.

Bulud bir qədər də hərlənmiş və indi Bayıl yüksəkliyi aydın görünürdü. Bu yüksəkliyin ən uca yerində möhtəşəm Çənlibel qala-oteli yerləşirdi. Qalanın damında şəhərin və dənizin hər yerindən görünən bir heykəl ucalırdı – Qıratın belində Koroğlu heykəli.

Yalnız Nərgiz adasına deyil, Xəzərin başqa adalarına (onların çoxunda dincərliklər, çimərliklər və dəniz havası müalicəsinə möhtac olanlar üçün xəstələr evləri qurulmuşdu) şəhərin müxtəlif yerlərindən getmək olardı. Hətta bəzi nisbətən iri vapurlar Bakıdan çıxıb Salyana qədər gəlir, oradan Kür boyu Yevlaxadək, ya da Araz boyu üzürdülər. Bu da türistlərin sevdikləri marşrutlardan idi. Xəzərdə üzən iri Azərbaycan gəmiləri Dədə Qorqud, Nizami Həştərxana, Ənzəliyə, Mahaçqalaya, Qazaxstan və Türkmənistana gedib-gəlirdilər. Adi sərnişin daşıyan, yaxud turizm kruizlərinə çıxan gəmilər Bakı dəniz limanından gedib-gəlirdisə, dəniz tramvayları daha çox ya Bayıl burnundan, ya da bulvardakı Xəzər muzey-akvariumun körpüsündən yola çıxırdı. İstifadədən çıxmış böyük şelf-qazma qurğularından biri bura gətirilib sahilə bənd edilmişdi və qurğunun müxtəlif mərtəbələrində Xəzər muzeyinin tarix, gəmiçilik, balıqçılıq, neft bölmələri, suyun altında – divarları sukeçməz qalın şüşəli salonlarda akvarium yerləşdirilmişdi.

Bulud hərlənib baxış nöqtəsini keçmiş İliç buxtası adlanan əraziyə tuşlamışdı. Neftçilərin çoxdan tərk etdikləri bu iri ərazini indi amerikalıların qurduqları Disney nağıl dünyası tutmuşdu. Disney şirkətiylə uzun danışıqlar və müəyyən maddi güzəştlərin hesabına bu yerin adı məhz Azərbaycan tükcəsində qəbul edildi: Disneyland, ya Disneyuord yox, – Disney nağıl dünyası. Məşhur Disney personajlarıyla bir sırada Cırtdanın, Divlərin, Pərilərin, Küpəgirən qarıların, sehrbaz dərvişlərin, Güləndə ağzından gül tökülən Gül Qəh-qəh xanımın, Ovçu Pirimin, Armudan bəyin, Qaraqaşın, Göyçək Fatmanın da məzəli fiqurları elektron idarəetmələr vasitəsilə yüz cür oyun çıxarıb uşaqların sonsuz sevincinə səbəb olurdu.

Burdan Qorqud dağına kanat yolu çəkilmişdi. Qorqud dağının şəhərə baxan yamacında Qızıl çadırda restoran, alaçıq, dəyə, muxuru şəklində içi komfortlu otaqlarda isə Qorqud otelinin ayrı-ayrı nömrələri yerləşirdi. Dağın Şıx çimərliyinə baxan səmtində Ağ Çadırda dastan teatrı və yenə də alaçıq- odalar vardı. O tərəfdəki böyük Təpəgöz mağarası da çocuqların sevimli əyləncə yerlərindən idi. Burada elektron cihazlarla idarə olunan nəhəng Təpəgöz fiqurunu görəndə uşaqlar azacıq vahimələnir, sonra Təpəgözün çıxardığı oyunlardan həzz alıb doyunca gülüşürdülər.

Bulud hərəkət etdikcə Qorqud dağının zirvəsi daha yaxşı görünürdü. Bu zirvədə ucalan nəhəng Dədə Qorqud abidələr kompleksinin siluetləri aydın seçilirdi. Dədə Qorqud kompleksi beş ayrı heykəl-süjetdən ibarət idi. Qopuzlu Dədə Qorqud özü, yağıları at belində zəbun edən Salur Qazan, Qırx incə belli qızla Burla xatun, bağlandığı böyük ağacı köklü-köməcli yerindən çıxaran Qaraca Çoban və Beyrəklə Banuçiçək.

Bulud hərlənir və Məlik burdan görə bilmədiyi, amma qarış-qarış gəzdiyi yerləri xəyalında canlandırırdı. Səngəçaldan çıxan dəniz tramvayları Qaradağ, Şıx çimərliyi, Bibi-Heybət, Bayıl və şəhərin mərkəzindəki duraqlardan keçərək Əhmədli, Günəşli, Zığ, Hövsan, Türkandan ötüb son dayanacaqlarına – Şah dilindəki yüzüncü buruğa çatırdılar. Uzun illər istifadəsiz qalmış 100-cü buruq da turistlər üçün görməli yerlərdən biri idi. Liftlə, ya pilləkənlə buruğun təpəsinə qalxan turistlər dəniz durbinləri vasitəsilə bütün Abşeronu seyr edə bilərdilər. Yaxın vaxtlarda dəniz tramvayları Şah dilini də burulub quzey Abşeron qəsəbələrinə, oradan Corat bağlarına və Sumqayıta qədər işləyəcəkdi.

Məlik Lökbatanın, Çeildağın vulkanlarını təsəvvüründə canlandırdı, təsəvvüründəcə daha uzaqlara –Ceyranbatan qoruğuna çatdı. Bilirdi ki, bu bayram günü orada xüsusi ayrılmış yerlərdə pikniklər –çölçü məclisləri qurulacaq. Özün bişir, özün ye guşələrində manqallardan qalxan tüstü, təndirlərdə yapılan çörəklər, kabab iyi, çal-çağır…

–Burnuna kabab iyi dəyməsin – deyə Məlik öz-özünü xəyallar aləmindən ayırdı, – pendir-çörəyini ye, vaxta az qalıb. Bulud onun baxışlarını şəhər məhəllələrindən bir-bir keçirirdi. Uzaqdan öz otuzmərtəbəlik binalarını da sezdi, Qaçaqlar dağında Razin mağarası da yadına düşdü, Günəşlinin yeni göydələnlərini də gördü, Zığın Zeytun meşəsini də…

Bulud bayaqkı nöqtəsinə gəlmişdi və Məlik yenidən Azadlıq meydanına, Odlar sarayına baxmağa başladı.

Azadlıq meydanının yerinə Şeyx Səfi xalçasının min dəfə böyüdülmüş əksi rəngli daşlarla düzülmüşdü. Meydanın qarşısında, bulvarda çağdaş Azərbaycan istiqlalının beşiyi Gəncədən gətirilmiş, nə bilim neçə əsrlik Xan Çinar, onun iki tərəfindən isə iki çinar pöhrəsi əkilmişdi. Bəzi şərhçilər bu pöhrələri Azadlıq və Məsuliyyət çinarları adlandırırdı ki, Azərbaycanın rəmzi olan Xan Çinar bu iki duyğunun – Azadlıq və Məsuliyyət duyğularının arasında daima baqi qala bilər. Pöhrə çinarlar isə il-ildən ucalaraq haçansa Xan çinara boy verəcəkdi.

Məlikin yadına düşdü ki, elə burdaca Xan çinarın altında bir göstərici qoyulub – məsafə göstəricisi. Yollar bu nöqtədən hesablanırdı.

Göstəricidə bu nöqtədən altı ox – altı istiqamətdə ən ucqar yerlərə olan məsafələr kilometrlər və dəniz milləriylə qeyd olunmuşdu. Şərq istiqamətində –Şah dəniz, Şimal istiqamətində – Dərbənd, Şimal-Qərb istiqamətində –Sınıq körpü, Qərb istiqamətində – Sədərək, Cənub-Qərb istiqamətində Urmiyə, Cənub istiqamətində – Zəncana qədər olan məsafələr.

Odlar sarayının fasadında, haçansa Leninin heykəli ucalan yerdə indi rəmzi bir fiqur ucalırdı: 90-cı illərin meydan günlərində üçrəngli bayrağı bura sancan igidin məşhur fotosuna əsasən yaradılmış heykəl sal divara dırmaşan adam və əlində üçrəngli bayraq. Heykəl daşdandı, əlindəki üçrəngli bayraq isə real bayraq idi, parçadan.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺32,33
Türler ve etiketler
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
120 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu