Kitabı oku: «35 kq ümid», sayfa 2
Mari haqda daha bir şey deyəcəm: ona nəyə görə borclu olduğumu dəqiq bilirəm. Hazırlıq sinfində qazandığım normal nailiyyət dərəcəmi ona borcluyam. O isə kimlə iş gördüyünü başa düşmüşdü. Öz adımı yazmağı məndən xahiş etsələr, hönkür-hönkür ağlayacağımı bilirdi. Bilirdi ki, yadımda heç nə qalmır və hətta əzbərdən şeir demək mənimçün səssiz kabusdur.
Tətildən əvvəlki gün onunla vidalaşmağa gəldim. Boğazım tutulmuşdu, danışmaq çətin idi. Ona öz hədiyyəmi uzatdım. Bu qısqaclar və yastı başlıqlı mıxcıqlar üçün irəli hərəkət edə bilən qutuları, təkər və başqa əl altındakı şeylər üçün yuvaları olan əla karandaşqabı idi. Onu nə qədər yapışdırıb, rəngləmişdim – dəli olmaq olardı. Mari razı qaldı. Onun da mənim kimi həyəcanlı olduğunu gördüm. Mənə dedi:
– Qrequar, mənim də sənə hədiyyəm var…
Bu qalın kitab idi.
– Gələn il madam Darenin yanına hazırlıq sinfinə gedəcəksən, – Mari əlavə etdi, – və çox hazırlaşmalı olacaqsan… Bilirsən, niyə?
Başımı buladım.
– Burda yazılanların hamısını oxuya bilmək üçün.
Evdə anamdan xahiş etdim ki, kitabın adını oxusun. Qalın kitabı dizlərinin üstünə qoyub dedi:
– “Bacarıqlı əllər üçün 1000 iş”. Obba, gör qarşıda nə qədər iş var!
Madam Daredən zəhləm gedirdi: səsindən, əzilib-büzülməsindən, şagirdlərə cidd-cəhdlə özünü sevdirsəyindən. Buna baxmayaraq oxumağı öyrəndim. Çünki yüz iyirmi dördüncü səhifədəki yumurta qabıqlarından olan begemotu düzəltmək istəyirdim.
Mari pedoqoji xasiyyətnaməmdə yazmışdı: “Bu oğlanın yaddaşı zəifdir, qızıl əlləri və böyük ürəyi var. Cəhd etsək, ondan nəsə çıxar”.
Həyatımda ilk və son dəfə təhsil işçisi haqqqımda xoş söz söyləmişdi.
İstənilən halda onu sevməyən yüzlərlə adam tanıyıram. Götürək elə size. Soruşsam ki, “Məktəbi sevirsiniz?”, nə cavab verəcəksiz? Başınızı bulayacaqsız: yox. Aydın məsələdir. Yalnız yaltaqların ən yaltağı, ya da öz qabiliyyətlərini yoxlamaq üçün hər gün məktəbə getməyi xoşlayan botaniklər “hə” deyəcək. Amma mən onlardan danışmıram… Kim bunu, həqiqətən, xoşlayır? Əşşi, heç kim. Bəs kim, həqiqətən, nifrət edir? Yenə az adam. Azdır, amma var. Mənim kimilər: onları “avara” və “səfeh” adlandırırlar, onların isə həmişə qarnı ağrayır.
Saatın zəngindən bir saat əvvəl oyanıram. Bəlkə də daha tez. Və bu bir saatı uzanıb qarnımdakı ağrının necə şişdiyini hiss edirəm. Çarpayıdan durmaq vaxtı çatanda isə artıq ürəyim bulanır, sanki açıq dənizdə gəminin göyərtəsindəyəm. Səhər yeməyi işgəncədir. Ümumiyyətlə, heç nə yemək istəmirəm, amma anam həmişə başımın üstünü kəsdirdiyindən istədim-istəmədim tostları ağzıma dürtmək məcburiyyətindəyəm. Avtobusda ağrı sıxılır və bərk ağırlığa çevrilir. Yolda sinifdəki uşaqlardan biri ilə rastlaşanda, məsələn, “Zelda” haqda danışmaq olar. Onda ağrı bir az azalır. Tək gedəndə isə qəhər məni boğur. Ən dəhşətlisi məktəb həyətinə girməkdir. Məktəb iyi – ən pisi də budur. Tabaşir və köhnə idman ayaqqabılarının iyindən nəfəs almaq olmur və ürəyim ağzıma gəlir.
Saat dördə ağırlıq dağılır və evdə otağımın qapısını açanda artıq onu hiss eləmirəm. Sonra – atamla anam işdən gəlib günün necə keçdiyi haqda sorğu-sual edəndə, çantamı ələk-vələk edib gündəliyimi yoxlayanda yenə ağrımağa başlayıram. Amma elə də güclü yox. Çünki onların dava-dalaşlarına artıq öyrəşmişəm.
Yox, əlbəttə, yalan deyirəm. Heç nəyə öyrəşməmişəm. Ev həmişə bu gündədir. Və heç cür bundan yaxamı qurtara bilmirəm. Çətindir. Valideynlərimin bir-birlərini görən gözü yoxdur. Ona görə gərək hər axşam dalaşsınlar. Sadəcə bilmirlər nəyə ilişsinlər, bunda məndən istifadə edirlər. Zibil qiymətlərimlə onların əlinə yaxşı bəhanə verirəm.
– Sən günahkarsan, özünsən günahkar!
Anam qışqır-bağır salır ki, atam mənlə məşğul olmur, mənə vaxt ayırmır, o isə əvəzində cavab verir ki, qaşınmayan yerdən qan çıxarmasın, özü məni ərköyün edib.
Boğaza yığılmışam… Dəhşət!
Heç təsəvvür etməzsiniz, necə zəhləm gedir.
Onlar bağıranda fikrimdə qulaqlarımı tıxayıb indi nə hazırlayacağımı düşünməyə çalışıram: məsələn, ya “Leqo-sistem”dən olan ulduz döyüşləri üçün kosmik gəmi, ya diş məcununu sıxmaq üçün aparat, ya da taxta “Kappas” konstruktorundan nəhəng piramida. Əşşi, nə gəldi. Sonra dərslərlə işgəncə başlayır. Anam kömək edirsə, nəticədə həmişə o ağlayır. Kömək edən atamdırsa, ağlayan mən oluram.
Bütün bunları sizə danışıram, siz isə valideynlərimin nadan olduğunu, ya da mənə xor baxdıqlarını düşünəcəksiz. Yox, yenə də yox, onlar əla adamlardır, əla… Bir sözlə, əsl valideyn. Hər şey məktəbə görədir. Yeri gəlmişkən, elə buna görə keçən il gündəliyimə tapşırıqların yarısını yazırdım ki, axşamlar dava-dalaş və göz yaşları az olsun. Doğru sözümdür, direktorun kabinetində gözümün suyunu axıdanda dilim dönmədi ki, deyəm. Dəlixana!