Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.
Kitabı oku: «İzabel üçün mandala», sayfa 3
Həqiqətən, mən də özümü bir qədər yetim kimi hiss edirdim. Çünki İzabelin valideynləri əsl valideynlər idi… Mənimkilər heç vaxt belə olmamışdılar. Atam həmişə Mersedes-Benzlə, evdə deyildiyi kimi, işləri ilə əlaqədar səfərə çıxardı. Anamın isə öz rəfiqələri, öz məsuliyyəti var idi. Beləliklə, mən də bir qədər yetim qaldım. Çay gəzintiləri, Amarantedəki qədim ev, ecazkar yay ayları – hər şey bitdi.
Universitetdə yenidən görüşdük. Ancaq daha heç nə əvvəlki kimi deyildi. Mən o vaxtlar Lissabon Universitetində ideoloji baxımdan konservativ seçimə bərabər olan klassik filologiyaya daxil olmuşdum. Həqiqətən də, klassik fənlərin tələbələri qətiyyən hərəkət etməz, yığıncaqlar keçirməz, hətta ən çox müzakirələr aparılan yeməkxanada belə çox görünməzdilər.
İzabel müasir dillərə daxil olmuşdu və orada, həqiqətən də, həyat var idi. Müəllimlərdən biri “Kamü və ekzistensializm”, digəri isə “Portuqaliyada sürrealizm” mövzusunda kurs aparırdı. Şanlı hərəkatın bəzi şairləri isə öz yazılarından parçalar oxumaq üçün bura gəlirdilər. Kim olduqları indi yadımda deyil, ancaq söhbət üzdə olan şairlərdən gedir. Bu, bir qalibiyyət idi…
Böyük zal adamla dolurdu. Artıq liderə çevrilmiş, şairləri tələbələrə təqdim edən İzabeli xatırlayıram. Hətta döşəmədə oturmuş uşaqlar da var idi. Şairlər faşizm əleyhinə açıq şəkildə danışmırdılar. Bu, mümkün də deyildi. Ancaq onların şeirləri antikonformist, müəyyən mənada da inqilabi idi. Dırnaqarası inqilabi… Çünki o dövrdə hər şey dırnaqarası idi.
İzabel səhnəyə qırmızı şərfdə çıxırdı. Bu da həmin dövrdə bir işarə sayılırdı. Qırmızıdan istifadə etmək olmazdı, ona görə də yaxın rənglərdən istifadə edirdilər. Ancaq bu özü də işarə idi.
İzabeli bu cür yığıncaqlarda səhnədə görmək mənə qəribə gəlirdi. O, sərbəst danışırdı. Bəlkə də, səsində kiçicik bir həyəcan dalğası var idi. Amma çox yox. O, şairlərin tərcümeyi-halını oxuyub deyirdi: “Bizi şərəfləndirən iki azad şair… Bu gün azad şeir sürgündədir”.
Bu sözlər deyilər-deyilməz sürəkli alqışlar qopurdu. Şairlərdən biri ayağa qalxıb burjua dəyərlərini ələ salan sürrealist bir şeir oxuyurdu. Yığıncaqdakıların sanki ağlı çaşmışdı. Sonra başqa bir şair səhnəyə qalxıb faşistlər tərəfindən qətlə yetirilmiş Qarsia Lorkanın xatirəsini bir sayğı şeiri ilə yad edirdi…
Bu gün bütün bunlar adama gülməli gəlir, ancaq o dövrdə belə bir şey böyük siyasi hadisə hesab olunurdu. Siz bunu, bəlkə, məndən də yaxşı bilirsiniz: Portuqaliya Avropanın unutduğu, Avropanı isə unutmuş bir ölkə idi. Biz çıxılmaz bir dalanda, keşikçisi Antoniu di Oliveyra Salazar olan, kif atmış monastıra bənzər bir yerdə bağlanıb qalmışdıq. Hər şey elə monastırda olduğu kimi baş verirdi: konqreslər, vərdişlər, mərasimlər, oğlanların kimlərdənsə birisinin evində keçirdiyi görüşlər, müti və melanxolik toplantılar…
Bəzən İzabel öz evlərində fado castiço11 toplantısı keçirərdi. Sizin bildiyiniz aristokrat fadusunu deyirəm… Bu da İzabelin başqa bir ziddiyyətli xüsusiyyəti idi. Universitetdə inqilabçılarla görüşlər, öz evlərində isə aristokrat faduları… Ancaq bu yığıncaqlar mənim xoşuma gəlirdi. Dəfələrlə ora getmişdim… Yadımdadır, hətta bir dəfə bu ziyafətə o vaxtlar bizim üçün əfsanə sayılan Tereza de Noronya da gəlmişdi. O, qədim zadəgan nəslindən idi və məğrur səslə qədim fadular oxuyardı. İzabel qonaq otağındakı masanın şamlarını yandırardı. Hər kəs üçün bir şüşə Porto şərabı olardı. Biz hamımız müğənninin sözlərinə diqqətlə qulaq asardıq. Aristokrat faduçu çiyinlərinə şal atmışdı. Hamı ehtiramla şamların və Portu şərabının ətrafında dövrə vurub oturmuşdu. Biz bir mərasimi qeyd edirdik. Hamı da onun nə olduğunu bilirdi. Dünya isə öz gedişində idi. Bayırdakı dünya… Ancaq İzabelin o görüşlərində olarkən biz sanki bunun fərqində deyildik.
İzabel valideynlərindən sonra onunla birlikdə yaşayan dayəsinin toxuduğu əməköməci rəngli sviterlər geyinərdi. Dayəsi ona kiçik yaşlarından qulluq etmiş yaşlı bir senyora idi. Məhz o, İzabel üçün valideynlərini əvəz etmişdi. Özü əslən Beyra Bayşadan idi və neçə illər Lissabonda yaşamasına baxmayaraq, hələ də güclü əyalət aksentiylə danışırdı. O, İzabel barəsində hər şeyi bilirdi. Ən ağır illərində qızın yanında olmuşdu. Bu, əsl fədakarlıq hesab oluna bilərdi. Ancaq… Deyəsən, mən söhbətimizdən yayınıram… Yayınıram, eləmi?
Nə isə… Elə də əhəmiyyətli deyil. Hər halda, gedib dayəsindən soruşa bilərsiniz, mən İzabel haqqında çox şey bilmirəm. İndiyə qədər bildiklərim də yalnız eşitdiklərimdir. O sevgi hekayəti barəsində də nəsə deyirdilər, ancaq təkrar edirəm, mən İzabeli, demək olar ki, gözdən itirmişdim.
Məndə belə təsəvvür yaranıb ki, bu hekayət onun məhvi demək idi. Hər şey elə ondan başlamışdı… Yəni onun sonu haqqında danışıram. Ancaq yalnız eşitdiklərimi deyəcəyəm.
Deyəsən, universitetdə əcnəbi bir oğlanla tanış olmuşdu. Hansı millətdən olduğu yadımda deyil. Məncə, andaluziyalı idi, ancaq dəqiq bilirəm ki, təqaüd alırdı. Onları bir neçə dəfə birlikdə görmüşdüm. Çünki bir-birindən ayrılmazdılar. İndi bu barədə fikirləşəndə yadıma düşür ki, o, həqiqətən də, ispan idi. Başqa heç nəyi xatırlamıram…. Gör aradan neçə illər keçib…
Bir dəfə Saldanyanın12 yaxınlığındakı balaca Toni duş Bifes restoranında birlikdə şam edirdik. Orada, adətən, ya az, ya da heç nə xərcləmirdin. Mətbəxi də sadə, ancaq bol idi. İzabel oğlan dostu ilə birlikdə ora tez-tez gələrdi.
Həmin axşam da yaxşı yadımdadır. İzabel çox həyəcanlı görünürdü, çünki yaxınlıqdakı masanın arxasında Almanaque jurnalının bütün redaksiyası əyləşmişdi. Yanlarında da tanınmış bir yazıçı… Ümumiyyətlə, redaksiya tez-tez burada – Toni duş Bifesdə yığışardı. O zamanlar bu jurnal bir əfsanə idi. Çünki hamını – ölkəni və onun qurumlarını, burjuaziyanı və Portuqaliyanın bu qədər öyündüyü dəniz kəşflərini ələ salıb gülürdü. Bundan başqa, jurnal gənclərdə və antikonformistlərdə təəssurat yarada biləcək qədər cürətli idi. İzabel isə cavan qızdı və antikonformist olmaq istəyirdi.
Yazıçı yanımızdakı əcnəbini görüb onunla salamlaşdı, sonra durub masamıza da yaxınlaşdı. Səmimi bir görkəmlə bizə əl uzatdı.
Bəstəboy, enlikürək bir adam idi. Görünüşündən kəndliyə oxşayırdı. Baxanda heç vaxt deməzdin ki, həmin o nəfis yazıçıdır. Ancaq yazıçılar həmişə belə – aldadıcı olurlar. Biz bu yeməkxananın ən ucuz yeməklərindən birini – yumurta çırpılmış ət yeyirdik. Yazıçı bizdən onların masasına keçmək istəyib-istəmədiyimizi soruşdu. Beləcə, boşqablarımızı götürüb onların masasına adladıq. Almanaquenin işçiləri “cavanlar yaxşı qidalanmalıdır” deyib bizə ördəkli plov təklif etdilər. Sonra yazıçı əcnəbi ilə birlikdə Vittorini13 və italyan neorealizmi barədə söhbət etməyə başladı. İzabel də ara-sıra nəsə deyirdi. O, “Uomini e no”nu14 oxumuşdu və italyan müqavimət hərəkatına heyran idi. Bax, indi yaxşı xatırlayıram: İzabelin oğlan dostu, həqiqətən də, ispan idi. Bütün görünüşündən andaluziyalılıq yağırdı. Qaraçılar, ya da ispan yəhudiləri kimi zil qara saçları, sivri burnu vardı. O, portuqaliyalı qızlara “gənəciyəzlər” deyirdi və yazıçı da fürsəti göydə qapıb söhbəti burjuaziyanı gənə, daha doğrusu, həşərat adlandıran Sa-Karneyruya15 doğru yönəltdi. Beləcə, axşam görüşü həşəratlar barədə söhbətlə tamamlandı və jurnalın redaktorlarının hər biri həşəratlar üçün fərqli kateqoriyalar tapdı. Sən demə, radioda futbol yarışlarını izləmək həşəratlıq idi. Bazar günü çimərliyə yollanmaq həşəratlıq idi. Qurudulmuş treska yemək həşəratlıq idi. Etiraf etmək həşəratlıq idi. Tünd rəngdə geyinmək həşəratlıq idi. Tezdən oyanmaq həşəratlıq idi. Bahalı restoranlarda şam etmək həşəratlıq idi. Gündəlik tutmaq həşəratlıq idi. Və sair və ilaxır. Bir sözlə, əsl həşəratlıq gecəsi yaşadıq.
Restorandan çıxanda İzabel birdən hansımızın daha çox həşərat olduğunu soruşdu. Dərhal “mən” deyə cavab verdim. Çünki doğrusu bu idi. Adətlərə, ənənələrə olan bağlılığımla daha çox burjua sayıla bilərdim. İzabel artıq öz yolu ilə gedirdi. O, demək olar ki, əcnəbiləşmişdi. Artıq onu tanıya bilmirdim. Sanki mənim üçün də əcnəbiyə çevrilmişdi. Bəlkə, daha bir-birimizə söyləyəcək heç nəyimiz qalmamışdı?
Yaşadığı sevgi hekayətini də mənə özü danışmadı. Artıq dediyim kimi, onu universitetdə gəzən dedi-qodulardan öyrəndim. Məncə, bunların hamısı yalan idi. Dedi-qodu həmişə olurdu, ancaq həmin dəhşətli illərdə onlar daha şiddətli şəkildə dolaşırdı. Görünür, ispan tələbə hansısa polyak yazıçının dostu imiş və onu da İzabelə təqdim edibmiş. Aralarında bərk dostluq yaranıbmış. Bu, üçlüyün dostluğu idi. Ancaq məncə, bu münasibət dostluqdan kənara çıxmamışdı. Uzun sözün qısası, Eriseyradakı piknikləri, həşərat olmamaqdan ötrü Teju çayı ilə bərədə bazar günü istirahətləri və bu qəbildən olan digər şeyləri, məncə, İzabel bilavasitə həşərat olmamaq üçün, özünü olmaq istədiyi, ancaq bəlkə də, ola bilmədiyi azad qadıntək göstərmək istəyindən edirdi… Amma kim bilir? Hər halda, universitetdə bəzi ziddiyyətli şayiələr eşidirdim… Bu şayiələrdən isə belə görünürdü. “Görünürdü” deyirəm, çünki dəqiqliyi ilə bilmirəm. Bunu mənə bir dəfə onu elə də yaxından tanımayan tələbə qız pıçıldamışdı. O qız, yəqin ki, İzabelin özünü həşərat kimi hiss etməmək üçün yanına gedib-gəldiyi balaca bir fanatik, üstəlik də, həmin dövrün bütün kommunistləri kimi “əxlaqçı” idi.
O, bir gün mənə dedi:
– Görünür, İzabel hamilədir. Ancaq bilinmir ki, ispandandır, yoxsa polyakdan.
Sonra da məni inandırmağa çalışdı ki, İzabel kommunistlərə qoşulub, ona görə də daha gözə dəymir. Özü də, deyəsən, Maqda, ya da buna bənzər bir ləqəblə “Avante”yə məqalələr yazdığına görə, demək olar ki, qeyri-leqal həyat yaşayır.
– İzabel Kommunist Partiyasının qəzeti üçün nə yaza bilərdi? – deyə mən soruşdum. – O öz uşaqlığı, mənsub olduğu ailə və indiyə qədər sürdüyü həyatla bağlı ora nə yaza bilərdi ki?
– O, demokratik gənclik üçün çağırışlar yazır, – deyə bu dəli qız mənə cavab verdi. – O bizim qəzetin ən böyük ideoloquna çevrilib. Məqalələri qamçılayıcı, çağırışçı mitinqlərə səsləyir. Sənin rəfiqən böyük şəxsiyyətdir. İndi isə başı bəladadır.
Ancaq İzabel artıq mənim diqqətimdən yayınmışdı. Onun barəsində mənə ara-sıra xəbər gətirən də həmin kommunist qız idi. Sonradan o, azadlıq hərəkatı sıralarında döyüşmək üçün Anqolaya yollandı və bir daha görünmədi. Artıq heç adını da xatırlamıram, deyəsən, Fatima idi. O vaxt o mənə dedi:
– Bilirsən, İzabel abort elətdirməyi qərara alıb. Dayəsindən, bir də bizdən – yoldaşlarından başqa hamı onu atıb. Ancaq dayəsi bu xoşagəlməz əhvalatdan xəbərsizdir.
Mən də ona dedim:
– Gözəl qız, mənə elə gəlir ki, sən bir qədər başdan xarabsan. İzabeli səndən yaxşı tanıyıram və mənə danışdığın bütün bu cəfəngiyyat da, görünür, yaşadığın o qeyri-leqallıqdan gəlir. Bil ki, İzabelin heç bir qeyri-leqal ruhu-filanı yoxdur və bütün işlərini aydın gün işığında görüb. Ona görə də sürüşün bu ölkədən… Sən də, elə sənin partiyan da…
Sonra İzabeli bir daha görmədim. Ancaq o kommunist qızla bir müddət sonra yenidən rastlaşdıq və o mənə dedi:
– İzabel depressiyadadır, görünür, problemləri onu depressiyaya salıb. Səs-səmiri gəlmir. Yəqin ki, şimaldakı kiçik şəhərlərdən birinə köçüb… Sən bilmirsən onu necə tapmaq olar?
– Onu Amarantedəki nömrəsi ilə axtardım, – dedim. – Ancaq mənə dayəsi cavab verdi, İzabel yox idi. Onun harada olduğunu da bilmirdi. Sonra dayəsi mənə dedi ki, Monika, əzizim Monika, İzabel haqqında bir şey öyrənə bilsən, mənə xəbər ver. Çox narahatam. Polisə xəbər vermək istəyirdim, ancaq tanımadığım dostları mənə zəng edib tapşırdılar ki, o hətta sağ olmasa belə, polisə xəbər verməyim. Görünür, nəsə ölüm-dirim məsələsidir. Dərd içindəyəm, İzabelimin səsini eşitmək istəyirəm. Haralarda dolaşdığını, nə ilə məşğul olduğunu bilmirəm. Hiss edirəm ki, ölümüm yaxınlaşır…
O telefon söhbətindən sonra sanki mən də özümü ölü kimi hiss edirdim. İzabelə nə olmuşdu? O hara yoxa çıxmışdı? Niyə görünmürdü? Bir də ki, kommunist qızın mənə söylədikləri doğru idimi? Əgər doğru idisə, bu o deməkdir ki, İzabelin ona kömək edəcək, ona həyan olacaq, təskinlik sözləri söyləyəcək birinə ehtiyacı var. Və bunu etmək iqtidarında olan yeganə şəxs mənəm. Mən onu uşaqlıqdan tanıyan ən sadiq və köhnə rəfiqəsi idim. Bütün olub-keçənləri, dostluğumuzu, Amarantedəki yay günlərini, qurbağaları heç unutmaq olardımı?
Mən bundan sonra onun izinə düşüb axtarmağa başladım. Bir ara Afrikaya yollanmış kommunist yoldaşlarından biri ilə əlaqə yaratdım. Bu, heç vaxt dərslərə gəlməyən, gününü yeməkxanada keçirən, təhsildən yayınan, dazbaş cavan bir oğlan idi. Qeyri-leqal fəaliyyət göstərirdi və bu o dərəcədə aşkar görünürdü ki, siyasi polisin onu hələ də faş etmədiyinə məəttəl qalmışdım. Əslində, özünü məlumatlı aparan siyasi polis o qədər səfeh idi ki, universitetə nəzarət edə bilmir, dazbaş hər dəfə onları aldadıb aradan çıxırdı.
Bir gün onu yeməkxanada yaxaladım. Arxasına keçib, sanki öz-özümlə danışırmış kimi dedim:
– Mən İzabelın rəfiqəsiyəm, başına nə iş gəldiyini bilmək istəyirəm.
Həmin vaxt biz yemək götürüb məcməyiyə qoymaq üçün sıraya düzülmüşdük. O heç halını da pozmadı. Görünür, qeyri-leqal həyata adət etmiş biri idi. Bizə xidmət edən qadına tərəf çevrilib dedi:
– Treskadan xoşum gəlmədi, mənə göyərtili xek ver.
Sonra da, sanki ofisiantla danışırmış kimi sözünə davam etdi:
– İzabelin bəzi psixoloji problemləri var, gizli bir yerdədir. Səni onunla görüşdürə bilmərəm, təəssüf edirəm.
Yeməyimi götürərək “Get sikdir” deyə ona cavab verdim. Bu, İzabel barəsində eşitdiyim sonuncu sözlər idi. Çünki bir həftə sonra çoxlu oxucusu olan səhər qəzeti “Diariu di Noticiaş”da elan dərc olundu. Orada yazılırdı: “İzabel Keyroş Montenin dostları bildirirlər ki, Tanrı öz iradəsi ilə istəkli qızı İzabeli ilahi hüzuruna aparmışdır. Bu münasibətlə sabah – aprelin 18-i, saat 11-də Kaşkayşdakı16 Enkarnasau kilsəsində yeddinci günün ayini icra olunacaq”.
Ücretsiz ön izlemeyi tamamladınız.
