Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Elmi yanlışlıqlar-təbiət və insan»

Yazı tipi:

MÜQƏDDİMƏ

Yüz il, min il əvvəl baş vermiş tarixi hadisələr, ixtiralar, kəşflər haqqında yanlış təsəvvürlərin cəmiyyətdə hökm sürməsi xoşagəlməz olsa da, başa düşüləndir. Bəs bu günün təbiət hadisələri, yanaşı yaşadığımız canlılar, gözlərimizlə gördüyümüz, bəzən əllərimizlə böyütdüyümüz bitkilər, hətta öz orqanizmimiz barədə səhv təsəvvürlərə nə deyirsiniz? Hesab edirsiniz, ola bilməz?

Onda suallarımıza cavablarınızı bir vərəqə qeyd edin: dünyada ən təhlükəli heyvan hansıdır? Pərvanə niyə özünü oda vurub yandırır? Buqələmun rəngini niyə dəyişir? Hansı musiqi ilanı daha yaxşı ovsunlayır? Dəvəquşu niyə başını quma soxur? Pantera hansı rəngdə olur? Qırmızı rəng öküzü niyə özündən çıxarır? Arılar niyə vızıldayır? Siçanlar pendiri niyə çox xoşlayır? “Planetin ciyərləri” meşələrdirmi? İnsan beyninin neçə faizindən istifadə edir? Onun neçə duyğusu var? Adam gündə neçə saat yatmalıdır? İnsan həyatı üçün müharibədən üçqat təhlükəli olan nədir? Adam balıqqulağında nəyin səsini eşidir? Bədənimizdə ən güclü əzələ hansıdır? Mədə aclıq hiss edirmi? Və nəhayət, insan, doğrudanmı, meymundan əmələ gəlib?

Bu kitabı oxuyandan sonra isə əvvəlcədən hazırladığınız cavabları bir daha nəzərdən keçirin.

BİRİNCİ HİSSƏ
TƏBİƏT

Ən nəhəng canlı orqanizm hansıdır?

Mavi balina? Elə deyil, yer üzündə elmə məlum olan ən böyük canlı orqanizm Armillaria ostoyae – bal göbələyidir. ABŞ-ın Oreqon ştatında Malheur meşəsində bitən bu nəhəng göbələk 1665 futbol sahəsinə bərabər ərazini tutur, yaşı isə azı 2400 ildir. Yerli əhali ona “Nəhəng göbələk” adı verib.

“Nəhəng göbələk” ilin əksər hissəsi gözə görünmür. Onun ağacların qabığının və torpağın altı ilə sürünən, qara qaytana bənzəyən köklərinin uzunluğu 10 kilometrə çatır. Göbələk ağacların şirəsini sorur, onlara ziyan vurur, qurudur. Payızda o canlanır. 1998-ci ildə Oreqonda böyük bir sahədə 112 ölmüş ağacın dibindən göbələk toplayan Şimal-Qərbi Sakit Okean Elmi Stansiyasının əməkdaşları tədqiqat za – manı müəyyən ediblər ki, bunlar hamısı eyni bit – kinin hissələridir. Möcüzə barədə Kanadanın meşəçiliyə aid jurnalında məlumat dərc edilib. Həmin məqalədə stan – siyanın mütəxəssisi Ketrin Park yazır: “Bu, bir mikroskopik spordan inkişaf etmiş vahid orqanizmdir. Əgər torpağın üst qatını kəsib götürsək, onun altını tamamilə dolaşıq saplardan ibarət bir göbələyin tutduğunun şahidi olarıq”. Oreqon Dövlət Universitetinin professoru Qreqori Filip bildirir ki, “təbiətdə heç bir bitki, yaxud heyvan öz ölçülərinə görə bu göbələklə müqayisəyə gələ bilməz”.

Vahid orqanizm təşkil edən bu göbələk 880 hektar meşə sahəsini tutur


Bibərin ən acı hissəsi hansıdır?

Ümumi rəyə görə, bibərə acılıq verən onun içərisindəki balaca toxumlardır. Yəqin, hətta aşpazların da əksəriyyəti təəccüblənəcək, amma bibərin ən çox “yandıran” hissəsi toxum ları yox, onların yerləşdiyi arakəsmələrdir (membranlardır). Bibərə acılıq gətirən kapsaisin adlanan mad dəyə təbiətdə yalnız bu bitkinin tərkibində rast gəlinir. Həmin rəngsiz və iysiz maddənin ən sıx konsentrasiyası məhz membranların yumşaq toxumalarında olur.


Bibərlərin Skovill şkalası üzrə “reytinqi”. İlk sırada təmiz kapsaisinin, ikinci sırada polislərin işlətdikləri bibər aerozolunun (ABŞ standartı) acılıq dərəcəsi göstərilib. Onlardan sonra yer tutan Bhut Jolokia (“kabus-bibər”) naqa bibərinin başqa adıdır.


Yaşıl bibərin acılığı 1912-ci ildə amerikalı əczaçı Vilbur Skovill tərəfindən təklif olunmuş şkala üzrə ölçülür.

Skovill müx təlif növ bibərlərin spirtdə hazır lanmış məh lu lunu şirin su ilə qarışdırır və dadırdı. Acılıq məhlulla şirin suyun hansı nisbətdə qatı şığında itirdisə, bu da həmin bibərin “tünd lük” dərəcəsini göstərirdi.


Naqa bibəri


Dünyada ən acı bibər İngiltərənin Dorset qraflığında bitən, Banqladeşdən gətirilmiş dorset naqasıdır (“naqa” sanskrit dilində “ilan” deməkdir). 2005-ci ildə ABŞ laboratoriyalarının birində müəyyənləşdirilib ki, bu zəqqumun acılığı 923 min skovill təşkil edir. Yəni onun acısı naqa məhlulunu şirin su ilə 1:923000 nisbətində qatışdıranda itir. Buna baxmayaraq ildə təxminən 250 min naqa satılır.

Kapsaisinin özünün isə təmiz halda acılığı 15-16 milyon skovilldir. Əczaçılar kapsaisinlə yalnız güclü filtrlərlə təchiz edilmiş toksikoloji kameralarda skafandr geyib işləyirlər ki, bu maddədən nəfəs yollarına zərrə qədər də düşməsin.

Çay neçə dəqiqə dəmdə qalmalıdır və yaşıl çay qara çaydan xeyirlidirmi?

Çay bəşəriyyətin əsrlər boyu ən çox istifadə etdiyi, yəni ən yaxşı tanıdığı qədim içki növlərindəndir. Bununla belə, qəribədir ki, insanların çay haqqında xeyli yanlış təsəvvürləri var.

Adamların əksəriyyəti düşünür ki, çayın dəm alması üçün onu bir neçə dəqiqə isti suda saxlamaq lazımdır. Əslində isə yaşıl çay 10-15 saniyəyə, qara və qırmızı çaylar isə uzağı bir dəqiqəyə dəmlənir.

Yaşıl çayı çox dəmdə saxlayanda acılıq verir, qara çay isə həddən artıq tünd olur, insanın orqanizminə, xüsusilə ürək və mədə xəstəliyi olanlara ziyan gətirir.

Eyni zamanda tez-tez eşidə bilərsiniz ki, dünəndən qalan çay orqanizm üçün zəhərdir, onu içmək olmaz. Elə şey yoxdur. Sadəcə təzə dəmlənmiş çayın ətri təxminən bir saata itir, dadı dəyişir. Amma antiseptik xüsusiyyətlərini çay bir gündən sonra da saxlayır.

Yaşıl çay tərəfdarları ilə qara çay tərəfdarlarının uzun tarixə malik mübahisəsi də maraqlıdır. Amma bu mübahisənin mahiyyəti həmin çaylardan hansının daha xeyirli olmasında deyil, zövqlərin müxtəlifliyində və bir də yanlış təsəvvürlərdədir. Yaşıl çay da, qara çay da eyni bitkinin yarpaqla rından hazırlanır, son məhsula çevrilməzdən əvvəl müxtəlif emal proseslərindən keçir. Kimyəvi analizlər göstərir ki, onların hər ikisinin sağlamlığa eyni dərəcədə müsbət təsiri var.


Yaşıl çay da, qara çay da, qırmızı çay da eyni bitkinin yarpaqlarından hazırlanır, sadəcə, müxtəlif emal prosesləri keçir.


Zanbaqların vətəni haradır?

Bütün dünyada zanbaqlar Hollandiyanın simvolu kimi tanınır. Ona görə də hesab edilir ki, onların vətəni bu ölkədir.

Yabanı zanbaqlar Orta Asiyanın, Əfqanıstanın və İranın dağlarında bitib. Amma onların seleksiyası və yetişdirilməsi ilə birinci türklər məşğul olublar. Bu, XV əsrin sonlarından başlayaraq bir sıra türk mətnlərində (məsələn, “Baburnamə”) öz əksini tapıb.


Avropa zanbaq haqqında ilk dəfə Busbekin XVI əsrdə dərc olunmuş “Türk məktubları” əsərindən məlumat alıb.


1554-cü ildə Almaniya kralı I Ferdinand diplomat Ogyen Busbeki Osmanlı sultanı Süleyman Qanuninin (Avropada onu Möhtəşəm Süleyman adlandırırdılar) sarayına səfir təyin etdi. Sonradan “Türk məktubları” əsərində Busbek yazırdı ki, buraya gələndə o, “hər yanda çiçək bolluğu” gördü, xüsusilə “türk dilində Lale deyilən güllərin onlar üçün heç də xoş olmayan qış aylarında açması” səfiri təəccübləndirdi. Diplomat Türkiyədən Avstriyaya, dostu botanik Şarl de l`Eklyüzə çoxlu sayda lalə, yəni zanbaq soğanı və toxumu göndərdi. Eklyüz bu gözəl güllərdən Vyanada bağ saldı, onun toxumlarından başqa ölkələrdəki həmkarlarına da yolladı. 1593-cü ildə Eklyüz Hollandiyanın Leyden Uni versitetində nəbatat bağı yaratdı və çoxlu zanbaq əkdi. Növbəti il çiçək açan zanbaqlar flamandların xoşuna gəldi və sürətlə bütün ölkədə yayıldı. Bu güllər ilk vaxtlar bazarda çox baha olduğu üçün burada hamı “zanbaq xəstəliyi”nə tutuldu. Fermerlər əkin sahələrini zanbaq bağlarına çevirir, seleksiya yolu ilə yeni növlər yetişdirirdilər. Hər şey XVII əsrin 30-cu illərində böyük ucuzlaşma və gülçülərin əksəriyyətinin müflisləşməsi ilə bitdi. Bu gün Hollandiyada ildə 3 milyard zanbaq yetişdirilir. Onların 60%-dən çoxu ixrac edilir.


Həmin vaxt isə zanbaq Osmanlı imperiyasında saray rəssamlarının ən çox istifadə etdikləri ornament elementlərindən biri idi. (XVI əsrə aid türk keramikası)


Zanbağın dünyada ən geniş yayılmış adı tülpandır. Bu sözü də avropalılar türklərdən götürüblər. Türk dilində hündür papağa “tülbənd” deyilir. Bəzi mənbələrdə isə onun fars dilində eyni məna verən “dulbənd” sözünün dəyişdirilmiş forması olduğu bildirilir. Zanbağın gülü tərsinə çevrilmiş tülbəndi – hündür papağı xatırladır.

"Planetin ciyərləri" meşələrdirmi?

Meşələri, həqiqətən, “planetin ciyərləri” adlandırırlar. Əslində isə bizim planetin “ciyərləri” suyun altındadır.


Meşələri “planetin ciyərləri” adlandırırlar, amma atmosferə ötürülən oksigenin cəmi 20%-i onların payına düşür


Hər il insanların və heyvan ların nəfəs almasına, sənaye məqsədlərinə və s. milyardlarla ton oksigen işlədilir. O isə azalmır, çünki yerini bitkilərin ayırdığı oksigen doldurur.

Atmosferə ötürülən oksigenin 80%-ni yosunlar, fitoplankton deyilən səyyar dəniz və okean bitkiləri verir. Onlar işlətdikləri hər bir tonun əvəzinə, fotosintez prosesinin “tullantısı” kimi, altı dəfə çox oksigen istehsal edirlər. Karbon dioksidindən (CO2) və sudan günəş işığının təsiri altında qlükoza sintez edir, özlərinə lazım olmayan oksigeni isə havaya ötürürlər.

Elmi institutların təxmini hesablamalarına görə, bu üsulla ildə 145 milyard ton oksigen hazırlanır. Amma onun çoxunu insanlar işlətmirlər. Oksigenin əksər hissəsi ölmüş orqanizmlərin parçalanmasına və çürüməsinə sərf olunur. Odur ki oksigen təkcə canlı var – lıqlar üçün həyat mən – bəyi deyil, həm də bir növ tullantıların yandırılması üçün “sobadır”, təbiəti zibillənməkdən qoruyur.


Oksigenin 80%-ni isə yosunlar, dəniz və okean bitkiləri verir


Kartofu Avropaya kim gətirib?

Çox geniş yayılmış əfsanəyə görə, ikinci çörək sayılan kartofu Cənubi Amerikadan Avropaya Kolumb gətirib. Amma Avropada kartofun dadına ilk dəfə Kolumbun Amerikaya son səfərindən təxminən 60 il sonra baxıblar.

Kolumbun səfərində iştirak edən bioqrafının qeydlərində, həqiqətən də, bu qiymətli bitkinin təsviri var: “Kolumbun kəşf etdiyi İspanyola (Haiti) adasının sakinləri bitki kökündən hazırlanmış çörəklə qidalanırlar. Balaca kolun dibində armud, ya kiçik balqabaq boyda meyvə bitir. Meyvələr yetişəndə biz turpu qazıb çıxardığımız kimi, ada sakinləri də onları yerdən çıxarırlar, gündə qurudurlar, doğrayırlar, üyüdürlər və çörək bişirirlər…”

Amma bu qeydlər həmin vaxt heç kimi maraqlandırmayıb və kartof haqqında ilk məlumat dərc olunmamış qalıb.


Qədim inklərin kartof ilahəsi – Akso-mama


İspan konkistadoru Fransisko Pissaro da XVI əsrin 30-cu illərində Peruda olanda kartofu görüb və ona əhəmiyyət verməyib. Pissaroya inklərin qızılı lazım idi. Lakin dəstəsinin üzvlərindən birini – gənc əsgər Pedro Syeza de Leonu yerli əhalinin həyat tərzi heyrətə gətirib. Leon bundan sonra daha altı dəfə Cənubi Amerikaya səfər edib və 1553-cü ildə “Peru xronikası” kitabını yazıb. Avropalılar ananas, avokado, kokain kolu kimi bitkilərin, alpaka, lama, quanako, anakonda, iquana, puma kimi heyvanların nə olduğunu bu kitabdan öyrəniblər, Naska heroqlifləri, möcüzəvi Tiuanako tikililəri haqqında bilgilər əldə ediblər. Kartof barədə də ilk dəfə həmin əsərdən xəbər tutublar. Peru hinduları ona “papa” deyiblər. Leon yazıb: “Papa – yer qozunun xüsusi növüdür, qabığı donbalanın qabığından qalın deyil, bişirəndə isə qaynadılmış şabalıd kimi yumşaq olur”.


Kartofun nə olduğunu avropalılar Pedro Leonun 1553-cü ildə nəşr olunmuş “Peru xronikası” kitabından öyrəniblər.


Kartofun özünün isə Avropaya kim tərəfindən gətirildiyi dəqiq müəyyən edilməyib. Güman olunur ki, bunu 1560-cı illərin ortalarında Amerikadan qayıdarkən özləri ilə yola ərzaq götürən ispan konkistadorları ediblər. Amma tarixdə “Kraliça Yelizavetanın piratı” kimi tanınmış ingilis kapitanı Frensis Dreykin adı daha çox çəkilir. Dreyk təkcə dəniz döyüşü ustası olmayıb, bir sıra çoğrafi kəşflər edib, Amerikadan İngiltərəyə xeyli flora və fauna nümunəsi gətirib.


Prussiya kralı II Fridrix (1712-1786) kartof əkininə şəxsən nəzarət edir. (Robert Vartmüllerin rəsm əsəri)


Əvvəllər Avropada kartof yalnız botanika bağlarında yetişdirilib. Ərzaq problemini həll etməyə çalışan hökumətlərin cəhdlərinə baxmayaraq, adamlar onu əkib-becərməkdən imtina ediblər, “şeytan yeməyi” adlandırıblar. “Vəhşi insanların yaşadığı yerlərdən gətirilmiş” kartofun müxtəlif xəstəliklər törətdiyi barədə şayiələrə inanıblar. Hökumətlər bu problemi müxtəlif yollarla həll etməyə çalışıblar. Prussiya kralı I Vilhelm, məsələn, kartof becərməkdən imtina edən kəndlilərin burun-qulaqlarını kəsmək əmri verib, oğlu II Vilhelm onları buna məcbur etmək üçün kəndlərə əsgər göndərib. İngilislər kartof becərənlər üçün xüsusi medal təsis ediblər.

Fransızlar isə kartofun “kəşfi” üçün əczaçı Antuan Parmantyeyə minnətdardırlar. Parmantye 1757-ci ildə almanlara əsir düşəndə katrof onu aclıqdan ölməyə qoymayıb. Parmantyenin vətəninə döndüyü il Fransada böyük qıtlıq baş verib. Paris Akademiyası yeni qida mənbələri tapmaq üçün müsabiqə elan edib. Əczaçı kartof haqqında məqaləsi ilə müsabiqədə qalib gəlib.


Fransa kraliçası Mariya Antuanetta (1755-1793) saçlarına, şlyapasına, paltarının yaxasına kartof gülü taxırdı. (Vije-Lebrenin rəsm əsəri)


Parmantye kartof becərməyin perspektivli olduğuna kral XVI Lüdoviki və kraliça Mariya Antuanettanı da inandıra bilib. Bu bitkini populyar laşdırmaq üçün Mariya Antuanetta saçlarında kartof çiçəyi gəzdirib. Yüksək cəmiyyətdə “yer alması” (kartofu Fransada belə adlandırırdılar) dəbi yaranıb. Parmantye Paris yaxınlığında böyük kartof sahəsi əkib və biclik işlədib. Gündüzlər bu sahə möhkəm qorunur, gecələr isə gözətçilər evlərinə göndərilirdilər. Bu qədər ciddi mühafizə olunan bitkinin qiymətli olduğunu düşünən kəndlilər gecələr oğurluğa gəlir, kartof kollarını çıxarıb öz sahələrinə aparırdılar. Parmantyenin ilk kartof sahəsi saldığı yerdə indi ona heykəl ucaldılıb. Heykəlin postamentində “Bəşəriyyətin xeyirxahı” ifadəsi və bir vaxtlar kral XVI Lüdovikin əczaçıya dediyi sözlər yazılıb: “İnanın, zaman yetişəcək, aclıq keçirən insanlara çörək verdiyiniz üçün bütün Fransa sizə minnətdar olacaq”.

İtaliyaya kartof Fransadan Roma Papasına hədiyyə kimi göndərilib. Yer altında yetişdiyi və formaca donbalanı (trüfel) xatırlatdığı üçün italyanlar “yer alması”nın adını dəyişiblər, ona tartufolli deyiblər. “Kartof” sözünün buradan yarandığını başa düşmək çətin deyil.


Fransada ilk kartof sahəsi salınan yerdə Parmantyeyə qoyulmuş heykəl


Rusiyaya ilk dəfə kartofu 1700-cü ildə I Pyotr Hollandiyadan göndərib. Peterburq ballarında kartof delikates kimi verilib: onu həm duza batırıb, həm də üstünə şəkər tozu səpib yeyirdilər. Ancaq katrofun Rusiyada geniş yayılması XVIII əsrin ortalarına təsadüf edir. Yeddiillik müharibə zamanı (1756-1763) ruslar Prussiyada kartof sahələrinə rast gəliblər. 1765-ci ildə II Yekaterina “Potetes” adlandırılan yer almasının yetişdirilməsi haqqında fərman imzalayıb. Prussiyadan, İngiltərədən toxumluq kartof gətirilərək quberniyalara göndərilib. Azərbaycana da kartof Rusiyadan gəlib çıxıb.

Zəfəran qızıldan qiymətlidir?

Tez-tez eşidə, yaxud oxuya bilərsiniz ki, zəfəran qızıldan qiymətli yeganə ədviyyatdır.

Qızıldan bahalı daşlar və maddələr var, amma ədviyyat yoxdur. 2014-cü ilin əvvəlində 1 qram qızılın qiyməti 35-50 dollar, 1 qram zəfəranın qiyməti isə 8-11 dollar idi.

Zəfəran, həqiqətən, çox dəyərli bitkidir və onun qızıldan qiymətli olması barədə deyilənləri məcazi mənada qəbul etmək mümkündür. Zəfərandan təkcə kulinariyada istifadə olunmur. Bu təbii dərman bitkisi psixi pozuntulardan tutmuş ürək xəstəliklərinə qədər bir çox mərəzlərin müalicəsində olduqca səmərəlidir.

Bilirsinizmi, zəfəran niyə belə bahadır? Çünki bütün dünyada ildə cəmi 300 ton zəfəran istehsal olunur. Bircə kiloqram məhsul almaq üçün 140 minədək zəfəran çiçəyi toplamaq, hər birinin ləçəklərini aralayıb ortasındakı üç qırmızımtıl teli çıxarmaq lazımdır. Həm də zəfəran qulluq sevən bitkidir. Üç ildən bir onun soğanlarını qazıb çıxarmaq, təmizləmək və yenidən əkmək məsləhətdir.

Bu bitkinin vətəni İran, Kiçik Asiya və Hindistan hesab edilir. Hələ şumer sivilizasiyasına aid mənbələrdə zə fəranın adı çəkilir. Amma Avropada da onu qədim zamanlardan becərirlər. Egey dənizində yerləşən Santorini adasında e.ə. XVI əsrdə zəfəran çi çəklərinin yığılmasını təsvir edən freskanın qalıqları durur. Rəvayətə görə, Makedoniyalı İskəndər saçlarına pa rıltı vermək üçün onları zəfəran məhlulu ilə yuyurmuş.



Zəfəran yığan qızlar. Santorini adasında və Knossos sarayında (Krit adası) aşkar edilmiş qədim freskaların qalıqlarından parçalar


Orta əsrlərdə Almaniyada zəfəranı bənzər bitkilərlə qarışdırıb satanlara ölüm hökmü çıxarırlarmış. Hətta bəzi cinayətkarların saxta malları ilə birgə diri-diri basdırılması halları da olub.



Azərbaycanda zəfəran sovxozunda ildə 150 kiloqramadək məhsul alırdılar. Bunun üçün 20 milyondan artıq zəfəran gülü yığırdılar.


İngiltərənin Esseks qraflığında Saffron-Valden şəhəri var (saffron – ingilis dilində zəfəran deməkdir). Bura bir zamanlar Böyük Britaniyanın “zəfəran paytaxtı” imiş.

İspaniya və Yunanıstanda zəfəran istehsalı xüsusilə geniş yayılıb. İspan zəfəranı bu gün də dünyada ən bahalı zəfərandır.

Əvvəllər zəfəran çayı da çox içilirdi. İlk baxışdan adama elə gəlir ki, bu bahalıqda malı “suya atmaq” böyük bədxərclikdir. Amma 1 qram zəfəranın 100 litr suya rəng qatmağa bəs etdiyini biləndə bunun heç də belə olmadığını görərik. Əvəzində insanın sağlamlığı möhkəmlənir, əhval-ruhiyyəsi yax şılaşır. Lakin çay, kofe, şokolad içkiləri geniş yayıldıqdan sonra zəfəran suyuna ehtiyac azaldı.

Zəfəran Azərbaycanda da qədim vaxtlardan becərilir. XVIII əsrdə Bakı şəhərinin gerbində zəfəran təsvir olunurdu. Gerbdə yüklü dəvə, yükün üstündə isə çiçək açmış zəfəran çəkilmişdi. 1927-ci ildə Abşeronda (Bilgəh) SSRİ-də ilk və yeganə Zəfəran sovxozu yaradıldı. 1990-cı ildə ölkədə siyasi və iqtisadi hərc-mərclik dövründə sovxoz dağıldı.

Adam balinanın qarnından sağ çıxa bilərmi?

“Kapitan Vrungelin sərgüzəştləri” cizgi filmində balinanın dəniz quldurlarını udması yadınızdadırmı? Nəinki multiplikasiyalarda, yaddaşımızda dərin iz qoymuş onlarla bədii filmdə, əsərdə, gəmi qəzaları haqqında hesabatlardakı şahid ifadələrində balinanın adamı udması barədə danışılır. Hətta dini rəvayətlərdə də Yunis peyğəmbərin üç gün balinanın qarnında yaşaması, sonra isə sağ-salamat sahilə çıxmasından bəhs edilir.



Bu nəhəng balinanın ağzına qaya da sığar, ancaq boğazından bilyard şarı boyda daş keçir.


Bu heyvanlar iki böyük dəstəyə bölünürlər: bığlı balinalar və dişli balinalar. Bığlı balinalar, ümumiyyətlə, adam yemirlər. Ona görə yox ki, xoşları gəlmir, sadəcə bunu bacarmazlar. Çəkisi 160 tona, uzunluğu 33 metrə çatan ən böyük bığlı balinanın boğazı gö bəyindən böyük deyil, yəni nəlbəki boydadır. Onun dar boğazından xırda dəniz heyvanlarından başqa heç nə keçmir.

Dişli balinaların bəzi növlərinin, məsələn, kaşalotun (ispermeçet balinası) isə boğazı kifayət qədər genişdir. Amma onlar da insana çox nadir hallarda, yalnız üzən adamı suiti ilə səhv salanda hücum edirlər. Belə bir halı təsəvvürümüzə gətirə bilərik, lakin yenə də unutmamalıyıq ki, kaşalotlar iri ovu dişləri ilə tuturlar və udmazdan əvvəl parçalayırlar.

Odur ki insanın balinanın qarnından nəinki salamat çıxması, heç ora sağ düşməsi də mümkün deyil.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
66 s. 111 illüstrasyon
ISBN:
9789952242171
Telif hakkı:
Altun Kitab
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin PDF
Ortalama puan 4,7, 22 oylamaya göre
Metin
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 4,8, 5 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,5, 13 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,5, 8 oylamaya göre
Metin
Ortalama puan 4,8, 12 oylamaya göre
Metin
Ortalama puan 4,6, 12 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre