Kitabı oku: «Yalama»
© «Altun kitab» MMC – 2017
Müəllifdən
«Yalamanın müdafiəçiləri… başa düşürlər ki, rusların qarşısını kəsməyə cəhd göstərsələr, bu onların əksəriyyəti üçün son döyüş olacaq. Ancaq Vətən təəssübü, əsgər şərəfi həyat eşqinə üstün gəlir».
(«Ayna.az», noyabr, 2016)
Əsgərlər vurulanda yox, unudulanda ölürlər.
Yalama stansiyasında XI Qırmızı Ordunun zirehli qatarlarının yolunu kəsmiş, son nəfəsinədək döyüş mövqeyindən çəkilməmiş qəhrəman əsgərlərimiz haqqında az adamın məlumatı var. Amma «onlar unudulublar» demək düzgün olmazdı. Unutmaq üçün – tanımaq lazımdır. Bizsə onları tanımamışıq. Əksəriyyətinin adını belə bilmirik və bəlkə, heç zaman bilməyəcəyik. Bu adların sahiblərinin, çoxu 19-20 yaşında olan gənclərimizin ləyaqətsiz həyatla şərəfli ölüm arasında etdikləri şüurlu seçim barədə həqiqət bir əsr bizdən gizlədilib.
Sovet Rusiyasının məqsədi sadə və aydın olub: şimal qonşumuz Azərbaycana yeritdiyi ordunun «işğalçı» adlandırılmasını istəməyib, həmişə, hər yerdə onu «xilaskar» kimi qələmə verib. Buna görə də tarixi saxtalaşdırıb; inadla, bütün mümkün vasitələrlə hamıya təlqin etməyə çalışıb ki, Qırmızı Ordu ölkəmizə soxulmayıb, dəvətlə gəlib, Samurdan Bakıya qədər müqavimət görmədən irəliləyib, yolboyu Azərbaycan əsgərlərini əsir götürə-götürə, stansiyalarda mitinq keçirə-keçirə Bakıya daxil olub və paytaxtda gül-çiçəklə qarşılanıb. Bu əfsanənin yaradılmasında iştirak edən və onu yaşadan soydaşlarımızın isə bəzisinin öz əli həmin gənclərin qanına bulaşıb, bəzisi rahatlığını qorumaq naminə, bəzisi qorxduğu üçün susub, lakin əksəriyyət, gerçəkdən, xəbərsiz olub, sovet təbliğatına inanıb. Həqiqəti bilənlər və söyləmək istəyənlər də tapılıb, amma onlardan kimisinin özü, kimisinin səsi «quyunun dibinə» düşüb.
«Təbliğat» sözünü sevməsək də, onun kütləvi şüura təsir gücünü inkar edə bilmərik. 1990-cı ilin qışında Moskvanın planları alınsaydı, onilliklərlə yorulmadan təbliğat aparmaqla gələcək nəsilləri də inandırmaq mümkün idi ki, 20 yanvarda rus tankları Bakıya xalqımızın xilaskarı kimi daxil olub və millət bu tankları gül-çiçəklə qarşılayıb. «Mümkünsüzdü» deməyin. Tarixin gülməyi gələr. Ən yaxın keçmişimizi, Yanvar qırğınından cəmi 21 ay sonra Azərbaycanın müstəqilliyi əleyhinə səs verən deputatlarımızı yada salın.
Belə bir haqsızlıq sizi ağrıdardımı? Əlbəttə. Çoxlarınız o tankların qabağında «canlı barrikadalar» da dayanmısınız. İndi təsəvvür edin, Azərbaycanın müstəqilliyinin ömrünü cəmi bir neçə saat uzatmaq üçün həyatlarını vermiş, nəinki məzarları qalmamış, heç həlak olduqları yerdə xatirə lövhəsi də qoyulmamış gənclərimizin ruhları necə göynəyir! Ədaləti bərpa etmək, vicdanımızı böyük bir ləkədən təmizləmək şansını niyə əldən verməliyik?!
Mən bu povestdə «ittiham tərəfi» nin şahidi kimi çıxış etmirəm. Azərbaycan – Qarabağ, Yalama, Bakı müdafiəçiləri, Gəncə, Şəki, Quba üsyançıları kimi mərd oğullar doğub. Eyni zamanda yüzlərlə qorxaq, yaltaq, siyasətbaz və satqın yetişdirib. Biz birincilərlə həmrəyliyimizi nümayiş etdirməklə yanaşı, ikincilərlə də qohumluq əlaqələrimizi inkar edə bilmərik. «Yaxşısı mənimdir, pisi özgənin» formulu burada işə keçmir. Biz mərdlərimiz və qorxaqlarımızla, qəhrəmanlarımız və satqınlarımızla eyni xalqın nümayəndələriyik, istəsək də, istəməsək də, bir Vətəni bölüşür, onun taleyini həll edirik. Və əgər zaman-zaman məmləkətimizdə ikincilər birincilərə üstün gəliblərsə, gəlirlərsə, məğlubiyyətlərimizin məsuliyyətini başqa tərəfin üstünə atmaqla heç nəyi dəyişmirik, çünki xalq olaraq bu məğlubiyyətlərin acısını hamımız çəkirik, tənəsinə hamımız dözürük.
Beləcə, xalqı bütöv bir toplum şəklində xarakterizə etməyə çalışanda görürsən ki, onun məşəqqətli taleyinə acımaqla, uğursuzluqlara yanmaqla, günahsız qurbanları xatırlayaraq soyqırımlara abidələr ucaltmaqla qürurlu millət formalaşdırmaq, məğrur və ləyaqətli vətəndaş yetişdirmək olmur. Bunun üçün qəhrəmanlıq tarixini bilmək, nəsillərə örnək olacaq fədakarlarımızın xatirəsini yaşatmağı bacarmaq, onlara da heykəl qoymaq lazımdır.
Millət öz böyüklüyünü torpaqlarının genişliyi, yoxsa ruhunun ucalığı ilə təsdiq etməlidir? Əlbəttə, bu əsərin qəhrəmanı kimi deyə bilərsiniz ki, «nə fərqi var: torpaq da ruhdur». Amma onun sonrakı sözlərinə də diqqət yetirin: «Fərqi ondadır ki, torpağı özünlə daşıya bilmirsən. Ruhunsa, hara getsən, içindədir, səninlədir».
Mənsə sözümü çox sevdiyim fransız yazıçısı, hərbi təyyarəçi, öz əsərlərinin qəhrəmanı Sent-Ekzin (Antuan de Sent-Ekzüperi) əbədi sualları ilə bitirirəm (yoxsa başlayıram?): niyə insan tabeliyində olan, həm də özünə dost saydığı adamları aşkar ölümə göndərir? Və niyə yüzlərlə gənc əvvəlcədən uduzulmuş döyüşdə canından keçməyə razı olur?..
Proloq əvəzi
«Bizim hərbi qüvvələrimiz öz xalqının şanlı döyüş keçmişindən xəbərdar olmalıdır. Bu xalq dünya tarixinə qəhrəmanlıqlarla dolu bir çox səhifələr yazıb. Avropa millətləri həmin qəhrəmanlıqları unutmurlar, onlar haqqında danışırlar. Lakin mənə elə gəlir ki, biz bunu hamıdan az xatırlayır, bu barədə, bəlkə də, hamıdan az danışırıq. Yüz ildən artıq çəkən rus hökmranlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır ki, biz heç də həmişə başqalarının əlinin altında olmamışıq, əksinə, öz iradəmizi Avropaya və Asiyaya diktə etmişik».
Azərbaycan Xalq Cümhuriyyətininhərbiyyə naziri, general Səməd bəy Mehmandarov
I. Paraddan – cəbhəyə
«Nazirlər Şurasının sədri
N.Yusifbəyliyə.
Zəngəzur qəza rəisindən teleqram almışıq: …ermənilər güclü kəşfiyyat aparırlar, dəqiq məlumatlara görə, bütün cəbhəboyu hücuma hazırlaşırlar. Əsas məqsədləri Qarabağla birləşməkdir…
Qarabağın general-qubernatoru X.Sultanov, dəstə rəisi general T.Novruzov.
22 mart 1920-ci il».
Zəngəzur səfərindən Bakıya qayıtmış ordu Novruz bayramı münasibətilə parad-nümayişə hazırlaşırdı. Alayların seyrəlmiş sıraları yeni çağırışçılarla doldurulurdu, onlara gecə-gündüz təlim keçilirdi, ağzı əyilmiş çəkmələr, süzülmüş şalvarlar, nimdaş kitellər, tərdən duz kəsmiş papaqlar təzələri ilə əvəzlənirdi. Nahardan sonra verilən qısa fasilədə hərə bir tərəfə çəkilib silahını sürtə-sürtə parıldadırdı. Kiçik zabitlər bir-biri ilə bəhsə girir, mərc kəsirdilər: parad günü kimin dəstəsi meydandan daha yaxşı keçsə, çox təriflənsə, qalanlar bir ay onun yerinə növbə çəkəcəkdilər.
Nəhayət, çoxdan gözlənilən həmin gün yetişdi. Krasnovodskaya1 və Merkuryevskaya2 küçələrinin kəsişməsində, hərbiyyə nazirliyinin qarşısındakı meydan səhər tezdən sulanıb süpürüldü. Meydanın girişində qoşun hissələri ard-arda düzüldü. Öndə Bakı, Göyçay və Quba piyada alaylarının dəstələri, hərbiyyə məktəbinin, istehkamçılar məktəbinin müdavimləri və ehtiyat polis qüvvələri dayanmışdılar. Sonra 1-ci Tatar alayının süvariləri, 2-ci artilleriya briqadasının, süvari-dağ divizionunun, yüngül artilleriya divizionunun hissələri sıralanmışdı. Lap axırda altı zirehli avtomobil durmuşdu, sağ tərəfdə, Xəzərin sahilində isə «Qars» və «Ərdəhan» hərbi gəmiləri reydə çıxarılmışdı.
Sahil bağı, yan küçələr, evlərin damları adamla dolu idi. Binaların qarşısından xalı-xalça, cecim, üzərinə iri ağ hərflərlə şüar yazılmış qırmızı parçalar asılmışdı, dükanların böyrünə, alaqapılara üçrəngli, ulduzlu-ayparalı bayraqlar sancılmışdı. Açıq pəncərələrdən qadınlar əl edir, bəziləri dəsmal yelləyirdilər, uşaqlar sərçə topaları kimi ağacların budaqlarına qonub civildəşirdilər.
Mən zabit yoldaşlarımla birgə Quba batalyonunun önündə dayanmışdım. Son yarım ildə çox döyüşlərdə olmuşdum, heç vaxt savaşqabağı bu qədər həyəcan keçirməmişdim, ürəyim belə çırpınmamışdı.
Hökumətimizin sədri və sevimli müdafiə nazirimiz eyvanda görünəndə alqışlar qopdu, şüarlar səsləndi. Sonra tədricən ətrafa sakitlik çökdü. Kimsənin cınqırı çıxmırdı, yalnız küləyin oynatdığı bayraqlar pıçıldaşırdı.
Nazirliyin binası qarşısında ağ atın üstündə general Əliağa Şıxlinski görsəndi. O, qoşun hissələrinin arası ilə gəzir, hər hissənin qabağında dayanıb «Mərhəba, əsgər!» deyə parad iştirakçılarını salamlayırdı. Əsgərlər cavabında ciyərlərini hava ilə doldurub qışqırırdılar: «Çox sağ ol!» Baxış bitəndən sonra general öz yerinə qayıtdı və uca səslə komanda verdi:
– Bayraqdarlar, irəli!
Zabitlər paradı qəbul edən komandanın əmrini dalğa-dalğa ötürdülər. Milli marşın sədaları yüksəldi:
«Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni…»
Qoşun hərəkətə gəldi.
Növbə bizim dəstəmizə çatanda ayaqlarım öz-özünə yerindən qopdu. İlk dəfə idi paradda iştirak edirdim. Mən yerimirdim, uçurdum. Qarşı cərgələrdə əsgərlərin çiyinlərindəki tüfənglərin süngüləri günəş şüaları altında bərq vururdu, onların sehrli işığı adamı çəkib öz arxasınca aparırdı. Bilməzdim ki, sadəcə, mahnı oxuya-oxuya təpiyini yerə döyməklə insanın qanı belə qaynaya bilər! İndi biz ayrı-ayrı bölüklər, dəstələr, alaylar deyildik; sonadək dərk etmədiyimiz və çox vaxt fərqli yozduğumuz ümumi bir həqiqətin, vahid məqsədin təntənəsi uğrunda ölümə getməyə hazır olan monolit qüvvə idik. Belə vəziyyətdə ən mücərrəd anlayışlar da konkretləşir, gözlə görəcəyin qədər aydın cizgilər alır. Üzünə vuran küləyin iyində Vətənin iyini duya, yanaşı addımladığın yoldaşının pörtmüş sifətində millətin rəngini görə bilirsən. Tamaşaya toplaşanlarla bərabər «Eşq olsun!», «Yaşasın!», «Var olsun!» qışqırmaqdan, onlara qoşulub sevincindən ağlamaqdan özünü güclə saxlayırsan.
Qoşun hissələri növbə ilə nazirlik binasının qarşısından keçib üzüyuxarı Bazarnaya3 küçəsinə çıxır və Salyan kazarmalarına doğru hərəkət edirdi. Yol kənarına düzülmüş insanlar bizi alqışlarla, təbriklərlə qarşılayırdılar. Xalq öz ordusuna məhəbbət və minnətdarlığını izhar edirdi, əsgərlərin başına gül-çiçək səpələyirdi. Cavanlar qucaqlaşıb öpüşür, yaşlılar əllərini cütləyib dua oxuyurdular. Uşaqlarsa səf bağlayıb qollarını yelləyə-yelləyə arxamızca gəlirdilər.
Birdən mənə elə gəldi ki, səkidə kimsə adımı çəkdi:
– Yaşasın qəhrəman Ağaəli Babazadə!
Başımı səsə döndərəndə qıraqları xəzlə bəzədilmiş uzun, məxmər arxalıqda gənc bir qadının gülə-gülə mənə əl etdiyini gördüm.
Bu arxalığı hamilə olduğunu biləndə həmin qadına özüm hədiyyə almışdım.
Onu paradda görməyim elə gözlənilməz oldu ki, bir anlığa çaşdım, ayağım büdrədi, amma tez özümü düzəltdim.
* * *
Kazarmada işlərimi bitirən kimi buraxılış vərəqəmi imzalatdırıb Bazarnaya küçəsinə – Səftər müəllimgilə qaçdım. Növbətçi təyin olunanlardan başqa, bütün zabitlərə Novruz bayramı münasibətilə birgünlük istirahət vermişdilər. Kim istəsə evinə, yaxud qohumlarının yanına bayramı qeyd etməyə gedə bilərdi.
Səftər müəllim məndən 8 yaş böyük dayım qızını almışdı, Bakıda ən yaxın qohumlarımız onlar idilər. Bizimkilər şəhərə gələndə həmişə bu mehriban müəllim ailəsində məskən salırdılar.
İndi də Nərgiz Bakıya, yəqin, dayımla gəlmişdi və heç şübhəsiz, Səftər müəllimgildə oturub yolumu gözləyirdi.
Dayım haqqında ayrıca danışmaq istəyirəm. O, Quba qəzasının ən hörmətli kişilərindəndir, mənim üçünsə ata da olub, böyük qardaş da, müəllim də, dost da. 1905-ci ildə ermənilər axşamqabağı dükanı bağlayıb evə qayıdan atamla böyük qardaşımı qapımızın ağzındaca güllə ilə vurub öldürdülər. Yaxşı yadımdadı, avqust ayı idi, ertəsi gün mənim 9 yaşım tamam olacaqdı, səhər tezdən hamımız ailəliklə bulaq başına çıxacaqdıq, atam kabab bişirəcəkdi, biz yeyəcəkdik. O vaxtdan bəri bir dəfə də olsun yaşımı qeyd etməmişəm. Gecəynən dayım və mərdliyi ilə bütün qəzada ad çıxarmış dostu Həmdulla əfəndi4 Qubaya gəldilər. Yası özləri yola verdilər. Atamın ad günümə aldığı quzu yasa kəsildi. Dəfndən sonra evimizin qapısına qıfıl vurduq, dayım anamla məni götürüb Xaçmaza, öz yanına apardı. Həyətində bizə təzə ev tikdi, məni böyütdü, oxutdu, küçəmizdə yaşayan başqa bir dostunun qızı ilə evləndirdi. Evləndirdi deyəndə ki, seçimi özüm etdim, amma dayımın da ürəyindən oldu. Hərçənd Nərgiz əmindir ki, onu mənim beynimə məhz dayım salıb.
Yolboyu özümü hazırlayırdım ki, içəri girən kimi əriməyim, üzümə ciddi ifadə verim və mənə demədən Bakıya gəldiyi üçün arvadımla sərt danışım. «Hələ bir bunun çıxardığı oyuna bax! «Yaşasın qəhrəman Ağaəli Babazadə…» Göstərərəm sənə qəhrəmanlığımı!»
Qapını üzümə anam açdı. Onu görəndə dərhal sifətimin ifadəsini dəyişməli oldum. Gülümsəyib mızıldandım:
– Bunu xəbər eləyə bilməzdiniz?
Anam cavab vermədən boynuma sarıldı. Uşaqlıqdakı kimi, iyimi çəkdi. Səsi çıxmırdı, yüngülcə çiyinləri titrəyirdi. Məni də qəhər boğdu.
– Di bəsdir. Bəsdir, ağlamaq nəyə lazımdır? Yaxşı eləyib gəlmisiniz, əcəb eləyib xəbər verməmisiniz.
Anam, nəhayət, toxtayıb məni özündən araladı. Üzümü, saçlarımı sığallayan əlindən öpdüm.
– Buna bax, beş aydır evdən çıxıb, gör mənə birinci sözü nə olur? Yox bir, səndən icazə alacaqdım!
– İcazə niyə, ay ana? Sadəcə, gözlənilməz oldu…
– Şikayətini arvadına eləyərsən. Qoymadı dayın ismarlasın.
Anam heç vaxt Nərgizi adı ilə çağırmazdı, şəraitdən asılı olaraq ya «qızım» deyərdi, ya da «arvadın».
Nərgizsə anamın arxasında dayanıb növbə gözləyirdi. Bilmirəm, çoxdandır görüşmədiyimiz üçün darıxmışdım, ya hamiləlik qadınları doğrudan belə gözəlləşdirir, o mənə həmişəkindən daha cazibədar göründü. Könlümdən Nərgizi bərk-bərk qucaqlamaq keçdi. Hislərimi cilovlayıb tələsik onun əllərindən tutdum: anamın yanında bundan artığını edə bilməzdim.
– Nərgiz, istəyirəm elə bir hərəkət edim ki, məni, doğrudan, qəhrəman sayasan.
– Sən, həqiqətən, bizim qəhrəmanımızsan.
Yəqin, anam elə bildi, «bizim» deyəndə Nərgiz onunla özünü nəzərdə tutur. Amma mən başa düşürdüm ki, bu «biz» əslində kimə aiddir.
Sonra anam məni sual atəşinə tutdu. Artıq o, oğlunun həsrətini çəkməkdən üzülmüş bayaqkı kövrək qadın deyildi, həmişəki amiranə bəy qızı idi. Mən qısa cavablarla «atəş»dən yayınmağa çalışırdım: «Əvvəl Zəngəzurda vuruşduq, sonra üç aya yaxın Qarabağda olduq», «Yox, heç bir cızığım da yoxdur, vallah, yanımdan bir güllə də ötməyib», «Kim mənim xətrimə dəyə bilər ki!?», «Hə, göndərdiklərini aldım, çox sağ ol, corablar və əlcəklər lap yerinə düşdü» (əlcəkləri başqasına verdiyimi deməyə cəsarətim çatmadı), «Narahat olma, ay ana, yeməyimiz də yaxşıdır, geyməyimiz də», «Hələ bilmirik, yəqin, Novruzdan sonra öz yerimizə qaytararlar».
Nəhayət, anamın sualları tükəndi və o susdu. Bu o demək idi ki, sual növbəsi mənimdir.
– Səhər gəlmisiniz?
– Hə. Neçə gün idi ki, arvadın dəng eləmişdi: «Gedək, Ağaəlinı görək, gedək, bayramı bir yerdə keçirək, gedək, parada da baxaq…» Axır, saqqızımı oğurladı, boğçamı yığdım…
Anam belədir: dilinə gətirməz ki, özünün də ürəyindən olub.
– …Dayın axşam vağzaldan yola saldı. Dedi, Səftərə zəng vurub tapşıracam, qarşılasın. Arvadın and-aman elədi ki, bircə Ağaəli bilməsin, sürprizdi-nədi, ondan hazırlamışam. Bütün gecəni qatarın taqqa-tukundan yata bilmədim. Səhər tezdən də Səftər bizi vağzaldan götürüb evə gətirdi… Nə idi o sürpriz, a qızım?
Nərgiz başını aşağı salıb kəlağayısının saçaqlarını didişdirdi. Mən masanın altından onun ayağını basdım və mövzunu dəyişdim:
– Dayım necədir? Mənə sözü-zadı olmadı?
– Yox, dedi, arada özümüz telefonla danışırıq. Dayın, maşallah, yaxşıdır. Yaşı 55-i ötüb, ancaq çox qıvraqdır. O yazığın da arvadı ağır xəstədir, illərdir, müalicəyə aparıb-gətirir, xeyri yoxdur. Özü də gəlmək istəyirdi, mən gəldim deyə qalası oldu. Eşidirsən məni, a bala? Elə bil fikrin başqa yerdədir?
Yenə söhbəti çevirdim:
– Səftər müəllimgil hanı?
– Uşaqları da götürüb məktəbə gediblər. Novruz bayramı keçirirlər. Gələrlər indilərdə. Sənin fikrin hardadır, ay oğul?
Anam gəlininə baxdı (Nərgiz qızarıb üzünü çevirdi) və ayağa qalxdı:
– Yaxşı, mən bir az yatım. Qatarın səsi başıma düşüb, beynim küyüldəyir. Səni görməmiş gözümə yuxu getmədi. Sizsə, istəyirsiniz, gedin, gəzin. Əsl yaz havasıdır. Arvadına bu saat təmiz havada çox olmaq lazımdır.
Biz səssizcə evdən çıxdıq və yolu keçdik. Bayaqdan tək qalmaq istəyirdik, indisə sanki danışmağa söz tapmırdıq. Mehmanxanalarla, çayxana və restoranlarla əhatələnmiş Quru bağda5 həyat qaynayırdı. Paradın əhvali-ruhiyyəsi hələ duyulurdu, hərbi geyimdə olduğum üçün qarşıma çıxanlardan çoxu məni salamlayırdı. Bundan açıq-aşkar qürur duyan Nərgiz qoluma sığındı:
– Təsəvvür edirəm, hamilə qadınla yol gedən zabit kənardan necə qəribə görsənir.
– Nə demək istəyirsən?
– Demək istəyirəm, yəqin, planlarını pozmuşam ki, belə qaşqabaqlısan. Mən gəlməsəydim, sən də onlar kimi indi birini tapıb kefdə idin.
Nisbətən xəlvət yerdəki skamyada iki zabit iki sarışın qızla şirin-şirin söhbət edirdi.
– Buna deyərlər ki, qara məni basınca, mən qaranı basım. O nə hoqqa idi?
– Əslində, başqa şey qışqıracaqdım, Ağam, dilimdən bu çıxdı.
Təklikdə Nərgiz mənə «Ağam» deyirdi. Bir dəfə anam eşitmişdi, adımı qısaltması acığına gəlmişdi.
– Nə qışqıracaqdın?
– Gələn paradda bilərsən.
Hirslə qolumu Nərgizin əlindən çəkdim:
– Bu vəziyyətdə yola çıxırsan, məsləhətləşmirsən də!
Nərgiz təzədən qoluma girdi.
– Niyə məsləhətləşmirəm? Məsələn, mən faytonla gəlməyin tərəfdarı idim. Bilirəm ki, anan qatarın nə səsini, nə iyini götürür. Özü razı olmadı, dedi, bu boyda yolu sənə silkələnmək olmaz, mən də qulaq asdım. Narahat olma, özümü quş kimi hiss edirəm. Səni görmək üçün lap qaça-qaça da gələrdim, Ağam.
– Bəs o?
– O da mənimlə qaçacaqdı.
Səsimi azca qaldırdım:
– Hər şeyi zarafata salma! İki ildir, uşaq həsrətindəyik.
– Yavaş, eşidir. Böyüyəndə anasının üstünə qışqırdığın üçün səndən heyfini çıxacaq.
– Qələt eləyəcək, dartıb qulaqlarını uzadaram, – dedim. Papağının altından uzun qulaqları görsənən, bir əlini bələkdən çıxarıb mənə barmaq silkələyən uşağı təsəvvürümə gətirdim və güldüm.
Nərgiz də güldü:
– Bax bu, başqa məsələ. Yığışdır qaşqabağını.
Biz parkda gəzir, yorulanda oturur, sonra yenə gəzirdik, gələcək övladımız (Nərgiz üçün fərqi yox idi, mənsə oğlan istəyirdim) haqqında danışırdıq. Onu necə sevəcəyimizi, bəsləyəcəyimizi təsəvvürümüzə gətirirdik. Mən hətta oğlumuza ad fikirləşməyi təklif etdim. Nərgiz qəti razı olmadı:
– Uşağa doğulmamış ad qoymazlar, düşər-düşməzi olar.
Biz müsəlman kişiləri niyə beləyik? Arvadımıza məhəbbətimizi, nəvazişimizi uşaq vasitəsilə bildiririk, birbaşa deməyə utanırıq. Hətta başqasının yanında onun adını da çəkmirik, «uşaqların anası» deyirik. Bax indi də mənim içim sevgi sözləri ilə dolu idi. Nərgizlə yanaşı addımlaya-addımlaya onları ürəyimdə təkrar edirdim. Amma birini də dilimə gətirə bilmirdim. Sadəcə, tez-tez qolunu sıxırdım.
* * *
Ertəsi gün anamla və Nərgizlə sağollaşıb Salyan kazarmasına qayıtdım. Yolüstü poçtdan dayıma zəng etdim, dedim ki, Səftər müəllim onları yola salacaq, səhər qatar ağzına bir adam göndərsin.
Axşam 5-ci Bakı alayı Novruz bayramı münasibətilə banket təşkil etmişdi. Paradda iştirak edən bütün zabitlər oraya dəvət almışdı. Hərbiyyə nazirinin, ümumi qərargah rəisinin, 2-ci diviziya komandirinin, xarici qonaqların da gəlişi gözlənirdi.
Saat səkkizdə biz kazarmanın zabitlər üçün yeməkxanasına toplaşmışdıq. Nazirin göstərişi ilə bayram günlərində ordunun ərzaq təchizatını yaxşılaşdırmaq üçün adambaşı gündəlik əlavə 40 rubl pul ayrılmışdı, odur ki heç nədən korluğumuz yox idi, masaların üstü yeməklə, çərəzlərlə doldurulmuşdu. Bir neçə yerdə nəlbəkilərdə səməni qoyulmuşdu. Amma heç kim əyləşmirdi. Hamı əsas qonağı gözləyirdi.
Qonaq gecikirdi. İçəri qələbəlik olduğundan biz – Bakı alayından praporşik Mehrəli Hüseynov, podporuçik Parmen Dauşvili, pulemyotçuların komandiri ştabs-kapitan Cəbrayıl bəy Əliyev, Tatar alayından rotmistr Gəray bəy Vəkilov, poruçik Osman ağa Gülməmmədov, rotmistr Yura Qayıbov, 2-ci artilleriya briqadasından podporuçik Solomon Çicavadze və mən – binanın yan tərəfində dayanıb söhbət edir, zarafatlaşırdıq. Hava gözəl, kefimiz kök idi. Dünənə qədər heç birini yaxşı tanımırdım (Mehrəlidən başqa, onunla 1918-ci ildə Gəncə podpraporşiklər məktəbində oxumuşduq), rastlaşanda, sadəcə, hərbi salam verib keçirdik: «Salam!» – «Əleyküm-salam!» Nazirin əmri ilə orduda məhz bu cür hərbi salamlaşma forması qəbul edilmişdi. Amma paradın yaratdığı əhvali-ruhiyyə hamımızı qardaşlaşdırmışdı, sanki çoxdanın dostları idik. Söhbət səngiyən kimi Çicavadze pulemyotçular haqqında lətifələr danışır, Cəbrayıl bəy də ona borclu qalmamağa çalışırdı. Topçularla pulemyotçular nədənsə bir-birini cırnatmağı xoşlayırdılar.
– Hərbi hissənin zabiti çağırışçılar arasında bölgü aparır, – deyə Solomon gülməkdən gözləri yaşaranların sakitləşməsini gözləmədən növbəti lətifəsinə başladı. – Əvvəlcə o, sütül əsgərlərdən birini yanına çağırıb soruşur: «Mülki həyatda nə ilə məşğul olmusan?» – «Aşpaz köməkçisi işləmişəm». – «Onda sən mətbəxə yollanırsan!» Sonra zabit ikinci əsgəri çağırır: «Bəs sənin sənətin nədir?» Yaxşı tar çalmağı bacaran əsgər sevinir ki, onu da orkestrə göndərəcəklər, xatadan-baladan bir az uzaq olacaq. Ancaq demə, yazığın pəltəkliyi varmış. «Mən ta-ta-ta-ta-ta…» Zabitin hövsələsi daralır. «Anladım. Pulemyotçular dəstəsinə təyin edilirsən!»
Cəbrayıl bəy təşəbbüsü Solomonun əlindən almağa cəhd göstərdi:
– İndi də mən deyəcəm. Bir topçu…
Çicavadze onun qolundan yapışdı.
– İcazə verin, ştabs-kapitan, birini də deyim. Yoxsa yadımdan çıxacaq. Sonra susacağam, söz verirəm. Deməli, pulemyotçu balda gənc qızla rəqs edir…
Gürcü zabiti azərbaycanca o qədər şirin və məzəli danışırdı ki, onun elə ilk cümləsindən sonra yenə hamımızı gülmək tutdu. Hətta Cəbrayıl bəyin də dodağı qaçdı, amma kazarmanın həyətinə daxil olan avtomobili görəndə sifəti ciddi görkəm aldı.
– Deyəsən, nazir gəldi…
Dərhal hamımız özümüzü yığışdırdıq, hər kəs qeyri-ixtiyari üst-başına əl gəzdirdi.
* * *
Səməd bəy Mehmandarovun da, onun müavini Əliağa Şıxlinskinin də orduda böyük nüfuzu vardı. Xüsusən mənim kimi Azərbaycanın hərbi məktəblərini bitirənlər, hərb tariximizdən az-çox məlumatı olanlar hər iki generalı canlı əfsanə hesab edirdilər. Mən fanatik deyildim, ordu quruculuğunda uğurları da, əyər-əskikləri də bilirdim. Ancaq hərbiyyə nazirimizi belə yaxından gördüyümə və hətta onunla eyni masa arxasında əyləşdiyimə görə özümü xoşbəxt sanırdım. Qulaq kəsilmişdim. Mehmandarovun nə deyəcəyini səbirsizliklə gözləyirdim.
Nazir bir neçə dəqiqə yanında oturanlarla söhbət edəndən sonra ayağa qalxdı. Biz də durduq.
– Gecikməyimi… və sizi də gecikdirməyimi, – o, əli ilə masanın üstündəki təamlara işarə etdi, – üzrlü sayın. Təəssüf ki, bütün işlər istədiyimiz kimi getmir. Özünüz tez bir zamanda hər şeyi biləcəksiniz. Biz əsrlik yuxudan yenicə oyanan xalqda sağlam milli hislər yaratmalıyıq. Odur ki dünənki paradı yüksək qiymətləndirirəm, hamınıza onun uğurlu keçməsi üçün sərf etdiyiniz bö-ö-yük əməyə görə təşəkkürlərimi çatdırıram, hökumət adından bayramınızı təbrik edirəm! Sevincindən ağlayanları, əsgərlərimizə gül atanları, bayraq yelləyən milləti gördünüzmü? Xarici müşahidəçilər mənə yaxınlaşıb deyirdilər: «İnanmazdıq, qısa zamanda nizami ordu yaratmağa müvəffəq olasınız, çünki bilirik ki, çar Rusiyasında yüz ildən çox azərbaycanlıları əsgər aparmayıblar». Sağ olun ki, qoca vaxtımda bu qüruru mənə yaşatdınız. Azərbaycan ordusunun əsgəri, Azərbaycan ordusunun zabiti şərəfini həmişə belə yüksək tutun. Yadıma ötən il, söz vaxtına çəkər, Novruz bayramı ərəfəsində baş vermiş bir əhvalat düşdü. Tatar alayının süvarisi, Saray kəndindən Xanmirzə Məlikəhməd oğlu adlı əsgər xəstə anasına baş çəkmək üçün icazə alıb evlərinə gedibmiş. Necə olursa, evlərində keçinir. Ölümündən qabaq anasından xahiş edir ki, əsgər libası ordunun malı olduğu üçün onu hərbi hissəyə göndərsin. Anası da oğlunun vəsiyyətinə əməl edib dəfndən sonra paltarı geri qaytarır. Mənə bunu deyəndə mərhumun kimliyi, alayda necə xidmət etməsi ilə maraqlandım. Məlum oldu ki, davranışı, təmizliyi, işə can yandırması ilə fərqlənirmiş. Onun öz ordusuna sədaqəti məni çox təsirləndirdi, amma məsələ təkcə bunda deyildi. Təzəcə itirdiyi oğlunun paltarını bağrına basıb hərbi hissənin qabağında dayanmış tənha ananı təsəvvürümə gətirəndə tüklərim biz-biz olurdu. O bu paltarı yadigar saxlaya, sata da bilərdi. Qoca, xəstə ana ehtiyac içərisində yaşayırdı, bununla belə, oğlunun iradəsini yerinə yetirməyi vacib bilmişdi. Biz, əlbəttə, əsgər anasını tək qoymadıq, lakin başqa şey demək istəyirəm. Xanmirzə Məlikəhməd oğlu ölüm anına qədər əsgəri borcunu, hətta bütün xidməti əmlakı öz hissəsinə qaytarmalı olduğunu unutmamışdı! Belə sədaqətli və vicdanlı əsgərlər yetişdirin. Unutmayın: əsgər komandirinə, zabit generalına oxşayar. Komandir cəsurdursa, əsgəri də döyüşkəndir, zabit zəifdirsə, əsgəri də əfəldir. Qələbə yalnız və yalnız o halda əldə edilir ki, döyüş zamanı əmr verənlərlə əmri yerinə yetirənlər arasında tam anlaşma yaranır. İndi isə mən getməliyəm, bir azdan Nazirlər Şurasının mühüm iclası başlanacaq. İmkan tapıb sizə öz təşəkkürlərimi şəxsən çatdıra bildiyim üçün şərəf duyuram.
Biz yalnız Mehmandarovu avtomobilinə qədər ötürən qərargah rəisi general-mayor Səlimov yerinə qayıtdıqdan sonra əyləşdik. Ancaq hamımız iynə üstündə oturmuşduq. Hiss edirdik ki, nəsə ciddi bir şey baş verib və böyük hadisələr ərəfəsindəyik.
Gecə saat 12-yə yaxın şam yeməyi bitdi. Kənardan dəvət olunmuş qonaqlar dağılışdılar, bizə, hərbi hissələrin zabitlərinə isə qalıb gözləmək tapşırıldı. General Səlimovla alay komandirləri yan otağa keçdilər.
Zabitlər ayaq üstündə astadan söhbət edir, tez-tez saata baxırdılar. Kazarmanın yeməkxanasında ən zövqlü restoranları bəzəməyə layiq köhnə bir dolab-saat var idi. Hündürlüyü təxminən iki metr olan dolabın gövdəsi qiymətli ağacdan düzəldilmiş, oyma naxışlarla bəzədilmişdi. Saatın iri daşı lövbəri xatırladırdı, gəmi sükanına bənzər kəfkirinin üstündə ikinci bir balaca saat da quraşdırılmışdı. Ola bilsin, bu sənət əsəri hansısa dəniz döyüşündə qənimət götürülmüşdü, yaxud vətənpərvər xeyriyyəçilərdən kimsə onu kazarmaya bağışlamışdı.
Masanın arxasında təkcə bir kapitan qalmışdı, heç nə olmamış kimi qoz ləpəsi ilə kişmiş yeyirdi. Kapitanın mənə tanış gəlməyən donuq sifətində elə bir ifadə var idi ki, sanki o, dünyada hər şeyi əvvəlcədən bilir və bu adamı nə iləsə təəccübləndirmək, yaxud həyəcanlandırmaq mümkün deyil.
Mən gözümü kapitandan çəkmədən rotmistr Gəray bəyin qulağına pıçıldadım:
– Bu gün aralıqda gəzən söz-söhbət boş deyilmiş. Yüz faiz, Zəngəzura qayıdırıq.
– Bilmək olmaz, bəlkə, Qazaxda, ya Samurda vəziyyət pisləşib. Dığda ermənilərin başına elə oyun açmadıq ki, belə tezliklə özlərinə gəlsinlər.
– Qazağı bilmirəm, amma bura gəlməmişdən əvvəl poçtdan dayımla danışmışam. Samurda sakitlikdir.
Nəhayət, yan otağın qapısı açıldı.
Hamı susdu. Hətta kapitan da ovcunu qoz-kişmişlə doldurub yerindən durdu və çeynəməyi dayandırdı…
General Səlimov hamı ilə sağollaşaraq onu ötürmək istəyən Bakı alayının komandiri polkovnik İsrafil bəy İsrafilova «Lazım deyil, siz vəziyyəti zabitlərə izah edin» dedi və getdi. İsrafilov gözaltı dolab-saata nəzər saldı. Artıq yeni gün başlamışdı. Biz polkovniki dövrəyə aldıq.
– Dünən səhərə… – İsrafilov bu dəfə qol saatına baxdı, sanki həqiqətən yeni günün başladığına əmin olmaq istəyirdi, – daha dəqiqi, gecə 3-ə yaxın ermənilər Qarabağda qiyam qaldırıblar. Onlar bölgədə yalnız daxili qayda-qanunu qorumaq üçün azsaylı qoşun hissələri saxlamağımızdan istifadə ediblər. Əvvəlcədən hazırlıq görüblər, hər şeyi hesablayıblar. Novruzun birinci günü bayram ediləndən sonra müsəlman kəndlərinin camaatı və əsgərlərimiz yuxuda ikən teleqraf-telefon xətlərini kəsiblər, ardınca eyni zamanda bir neçə istiqamətdə – Şuşaya, Xankəndinə, Əsgərana, Xocalıya, Tərtərə hücuma keçiblər. Bu hücumlarda Ermənistanın nizami ordu hissələri də iştirak edib, toplardan, pulemyotlardan istifadə olunub. Əksər məntəqələrdə hücumlar dəf edilib. Lakin bir neçə kəndimiz ələ keçirilib və yandırılıb. Əsgəran qalası tutulub. Qalada cəmi 50 nəfərdən ibarət qarnizonumuz olub. Qarnizonun əsgərlərinin taleyindən dəqiq məlumat yoxdur. Ən başlıcası isə ermənilər Əsgəran keçidini nəzarətə götürə biliblər. Beləliklə, Qarabağı Azərbaycanın qalan hissəsi ilə bağlayan yeganə yol kəsilib. Şuşa, Xankəndi faktik olaraq mühasirəyə düşüb. Hökumət təcili olaraq Qarabağa ümumi qərargah rəisi Həbib bəy Səlimovun rəhbərliyi altında xüsusi hərbi dəstə göndərməyi qərara alıb. Dəstəyə 5-ci Bakı alayının, 1-ci Tatar süvari alayının, 2-ci artilleriya briqadasının, yüngül artilleriya divizionunun hissələri, 4-cü Quba alayının bir bölüyü, parlament mühafizəçilərinin iki eskadronu daxildir. Gəncədən və Ağdamdan bizə əlavə qüvvələr qoşulacaq. Saat 10-da kazarmalardan çıxırıq, 11-də dəmir yolu ilə Yevlaxa yollanırıq. O vaxta qədər bütün silahlar vaqonlara yüklənməlidir. Bütün komandirlər, təsərrüfat hissə müdirləri tapşırığın maksimum dəqiqliklə yerinə yetirilməsini təmin etməlidirlər. Lazımi təlimatlar ümumi qərargahdan birbaşa hərbi hissələrə göndəriləcək…
Səhər saat 11-də biz tam hazır vəziyyətdə Bakı vağzalından Qarabağa yola düşdük. Axşama Yevlax stansiyasına çatdıq, oradan Ağdama üz tutduq. Təxminən 90 kilometrlik yolu iki günə keçdik. Elə həmin gün, martın 26-da general Səlimovun qərargahı da Ağdama yetişdi.
Ücretsiz ön izlemeyi tamamladınız.