Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Polkovnikin ölümü», sayfa 2

Yazı tipi:

Bilyard salonuna getmək üçün pilləkənlərdən enib kitabxana və silah otağına uzanan dəhlizdən keçmək lazımdır. Dəhlizin başına çatanda kitabxananın açıq qapısından çölə işıq süzüldüyünü gördüm. Yatmamışdan əvvəl lampanı söndürmüş, qapını da bağlamışdım. Təbii ki, ilk ağlıma gələn oğrular oldu. Harlstonun dəhlizlərində divarlar boydan-boya antikvar silahlarla doludur. Divarların birindən döyüş baltası götürdüm, şamdanı yerə qoyub barmaqlarımın ucunda dəhlizi keçdim. Açıq qapıdan içəriyə başımı uzatdım.

Eşikağası Branton kitabxanada idi. Əyin-başı yerində tapdığı ilk kürsüdə oturmuşdu. Masanın üstündə xəritəyə bənzəyən kağız parçası vardı. Başı əllərinin arasında düşüncəli şəkildə xəritəyə baxırdı. Qaranlıqda səssizcə dayanıb onu izləyirdim. Masanın kənarına qoyulmuş kiçik şamın işığı geyimli olduğunu göstərməyə çatırdı. Birdən kürsüsündən qalxdı, yan tərəfdəki iş masasına getdi, açarı çevirib siyirmələrdən birini açdı və kağız çıxardı. Yenə kürsüsündə əyləşdi və kağızı masanın kənarındakı şamın yanına qoydu, diqqətlə araşdırmağa başladı. Ailə sənədlərimizi belə soyuqqanlılıqla qurdalamasına dözə bilmədim və ona doğru bir addım atdım. Branton başını qaldırıb məni görəndə ayağa sıçradı. Qorxudan üzü gömgöy göyərmiş, götürdüyü kağızı sinəsinə sıxmışdı.

– Demək, sənə göstərdiyimiz etibarın əvəzini belə qaytarırsan, hə? Sabahdan gec olmayaraq buranı tərk edəcəksən, – dedim.

Tamamilə sarsılmışdı. Başı ilə məni salamlayıb bir söz demədən yanımdan keçib getdi. Şam hələ masanın üstündə yanırdı, şamın işığında Brantonun iş masasından götürdüyü kağıza baxdım. Çaşdım, çünki qətiyyən əhəmiyyətli olmayan sənəddi. “Masqreyv ritualı” adı verilən, sual-cavab şəklində yazılmış köhnə bir ailə sənədinin nüsxəsi idi. Bu, ailəmizə xas ritualdır. Əsrlərdir, Masqreyv ailəsinin yaşı çatan hər fərdi bu ayini oxuyur. Bizə məxsusdur və bəlkə, arxeoloqların da diqqətini çəkə bilər. Xanədan gerblərimiz, silahlarımız kimi… Amma praktikada işə yarayan bir şey deyil.

– Bu kağızdan danışsaq, yaxşı olar, – dedim.

Tərəddüdlə:

– Həqiqətən, lazım görürsənsə… – dedi, – Amma əvvəl bunu izah edim: Brantonun unutduğu açarla iş masasının siyirmələrini yenidən qıfılladım. Geri çevriləndə baxdım ki, eşikağası otağa qayıdıb. Qarşımda dayanmışdı. Gərginlikdən boğuq çıxan səslə:

– Cənab Masqreyv, – qışqırdı, – Bu utanca dözə bilmərəm. Həyatım boyu qürurum mənim üçün hər şeydən üstün olub. Bu utanc məni öldürər. Məni belə əzaba salsanız, inanın, ölümüm sizin əlinizdən olar. Bu hadisədən sonra məni işdə saxlamaq istəmirsinizsə, Tanrı eşqinə, heç olmasa bir ay vaxt verin, öz istəyimlə getmiş kimi edim. Buna dözə bilərəm, amma bu qədər tanışın qarşısında qovulmağıma dözə bilmərəm.

– İstədiyin mərhəmətə layiq deyilsən, Branton, – cavab verdim, – Etdiklərinə görə, onsuz da, kifayət qədər adın çıxıb. Yaxşı ki, uzun zamandır, ailənin xidmətindəsən, səni insanların qarşısında təhqir etmək istəmərəm. Bir ay çoxdur. Bir həftə içində çıx get. İstədiyin səbəbi də uydura bilərsən.

– Bir həftəmi, cənab? – ümidsizliklə dilləndi, – İki həftə… Heç olmasa iki həftə deyin!

– Bir həftə! – təkrarladım, – Eyni zamanda sənə qarşı layiq olduğundan daha insaflı davrandığımı da qəbul et.

Başı sinəsində ayaqlarını sürüyüb uzaqlaşdı, mən də işığı söndürüb otağıma qayıtdım.

Sonrakı iki gün boyunca Branton vəzifələrini daha vasvasılıqla yerinə yetirdi. Mən də olanlarla bağlı kimsəyə bir kəlmə demədim. Etdiyi tərbiyəsizliyin üstünü necə örtəcəyini maraqla gözlədim. Üçüncü gün səhər Branton ortalıqda görünmədi. Halbuki hər səhər yeməkdən sonra yanıma gələr, ogünkü işlərə bağlı təlimat alardı. Yemək otağından çıxanda xidmətçi Reyçel Hovelslə qarşılaşdım. Dediyim kimi, xəstələnmişdi, təzəcə yaxşılaşırdı. Olduqca yorğun, əldən düşmüş, solğun görünürdü. Bu halda işə başladığı üçün bir az danladım:

– Yatağında olmalısan, – dedim, – Özünü yaxşı hiss edənə qədər işləməyəcəksən.

Mənə elə qəribə baxdı ki, yaşadıqlarının beynində qalıcı zədə buraxdığından şübhələnməyə başladım.

– Kifayət qədər yaxşıyam, cənab Masqreyv, – dedi.

– Görək həkim nə deyəcək. Hələlik işi burax, aşağı enəndə də oradakılara de, Brantonu görmək istəyirəm.

– Eşikağası gedib.

– Gedib? Hara?

– Bəli. Görən olmayıb. Otağında da yoxdur. Bəli, bəli, o gedib, o gedib! – dedi. Və arxaya, divara doğru aşdı, qəhqəhə və qışqırıq içində diyirlənməyə başladı. Bu ani hərəkət məni qorxutdu, dərhal zəngi basıb kömək çağırdım. Qızı otağına apardılar, mən Brantonu axtaranda qız hələ də qışqırmağa davam edirdi. Brantonun itməsinə şübhə yox idi. Yatağı pozulmamışdı, gecə otağına çəkiləndən sonra kimsə onu görməmişdi. Səhər bütün qapılar və pəncərələr bağlı idi, evdən necə çıxıb getdiyi məlum deyildi. Paltarları, saatı və hətta pulu otağında idi. Davamlı geydiyi qara paltarı yox idi. Çəkmələrini otağında qoymuş, başmaqlarını götürmüşdü. Gecənin bir aləmi eşikağası Branton hara getmiş ola bilərdi? İndi haradaydı?

Bütün dəlmə-deşiyə baxdıq, amma ondan bir iz tapa bilmədik. Dediyim kimi, ev, xüsusilə də, indi, az qala, istifadə edilməyən ən köhnə binamız labirint kimidir. Evin otaqlarına bir-bir baxsaq da, adamdan bir iz tapılmadı. Sahib olduğu hər şeyi qoyub getməsi inandırıcı deyildi. Yaxşı, bəs indi haradaydı? Yerli polisə xəbər verdim, amma nəticəsi olmadı. Əvvəlki gecə yağış yağmışdı, bağçanı və evin ətrafındakı bütün yolları nəzərdən keçirdik, səylərimiz hədər idi. İşlər bu halda ikən yeni hadisə diqqətimizi əsl müəmmadan kənara çəkdi.

İki gün boyunca Reyçel Hovelsin vəziyyəti çox ağır idi. Əsəb gərginliyi, sayıqlamalar bir-birini izləyirdi. Gecələri yanında qalması üçün tibb bacısı da tutmuşduq.

Brantonun yoxa çıxmasının üçüncü gecəsində xəstəsinin rahat yatdığını görüncə tibb bacısı da kresloda bir az mürgüləyibmiş. Səhər erkəndən oyananda yataq boş, pəncərə açıqmış. Xəstə isə heç yerdə gözə dəymirmiş.

Dərhal hərəkətə keçdik. Özümlə iki xidmətçi götürüb qızı axtarmağa çıxdım. Hansı tərəfə getdiyini anlamaq çətin olmadı, ayaq izləri pəncərənin altından başlayır, bağçadan keçərək gölün kənarına qədər davam edirdi, izlər əraziyə uzanan xırda daş döşənmiş yola yaxın yerdə bitirdi. Gölün dərinliyi iki metr yarım olardı, izləri göl kənarında görüncə ağlını itirmiş yazıq gənc qız üçün nə qədər narahat olduğumuzu təxmin edə bilərsən.

Təbii ki, dərhal tor gətirib bir iz tapa bilmək üçün işə başladıq, amma cəsəd tapılmadı. Başqa tərəfdən sudan heç ağlımıza gəlməyən şey çıxardıq. Bez kisənin içində bir yığın köhnə, paslı, rəngi solmuş metal, tünd rəngli şüşə və daş parçaları çıxdı. Bu qəribə kisədən başqa göldən heç nə tapmadıq. Dünən də ağlımıza gələn hər yeri axtardıq, amma nə Reyçel Hovelsin, nə də Riçard Brantonun aqibətinə dair ipucu tapdıq. Yerli polis də onların izindədir, son çarə kimi sənin yanına gəldim.

– Bax belə, Vatson, – Holms üzünü mənə tutdu, – Bu əcaib hadisələr zəncirini maraqla dinləyəndən sonra parçaları birləşdirməyə çalışdım. Beynimdə hansı ortaq nöqtənin ola biləcəyini tapmağa çalışdım. Eşikağası da, xidmətçi qız da getmişdi.

Qız eşikağasını sevirdi, amma sonra ona nifrət etməsinə səbəb olan hadisələr baş vermişdi. Qalliyalı qanı daşıyırdı, qızğın, ehtiraslı qadındı. Eşikağasının yoxa çıxmasından sonra əsəbləri sarsılmış, içində qəribə şeylər olan kisəni gölə atmışdı. Bu detalları nəzərə almaq lazımdı, amma heç biri məsələnin səbəbini izah etməyə kifayət deyildi. Bu hadisələr zəncirinin başlanğıc nöqtəsi nə idi? O nöqtəni tapsam, düyün də çözülərdi.

– O kağızı görməliyəm, Masqreyv, – dedim, – Çünki bu eşikağası işini itirmə riskini də gözə alaraq o kağızı araşdırmağa vaxt ayırmışdı.

– Bizim bu ritual, həqiqətən, axmaq işdir. Sadəcə adətləri yaşatmaq baxımından əhəmiyyəti var. Bu an əlimdə o sual və cavabların kopiyası var, buyurun, baxın.

Mənə bu kağızı verdi, Vatson, hər Masqreyvin həddi-buluq yaşına çatanda söyləməsi lazım olan sual-cavablardır. Olduğu kimi oxuyuram:

“– Kimindi o?

– Gedənin.

– Kimin olacaq?

– Gələcək olanın.

– Günəş haradaydı?

– Palıdın üstündə.

– Kölgə haradaydı?

– Qaraağacın dibində.

– Ora necə getmək olar?

– Şimala on və on, şərqə beş və beş, cənuba iki və iki, qərbə bir və bir, düz onun altında.

– Onun üçün nə verəcəyik?

– Hər şeyimizi.

– Niyə verməliyik?

– Etibar üçün”.

Orijinalında tarix-filan yoxdur. Yazıya əsasənsə on yeddinci əsrin ortalarında qələmə alındığını demək olar, –Masqreyv bildirdi. Amma qorxuram, bunun məsələnin həllində çox faydası olmasın.

– Heç olmasa, – dedim, – İlkindən daha maraqlı sirr çıxdı. Birini həll edincə digərinin də həllini tapa bilərik. Bağışla, Masqreyv, sənin bu eşikağan olduqca ağıllı adammış, üstəlik sahiblərinin on nəslindən daha güclü ehtimal qabiliyyətinə sahibmiş.

– Nə demək istədiyini anlamıram, – Masqreyv dedi, – Fikrimcə, kağızın heç bir əhəmiyyəti yoxdur.

– Amma məncə, son dərəcə əhəmiyyətlidir. Əminəm ki, Branton da mənim kimi düşünüb. Böyük ehtimalla onu gördüyün gecə bu kağızı ilk dəfə görmürdü.

– Ola bilər. Onsuz da, gizlətmirdik.

– Aydındır, daha əvvəldən gördüyü kağıza bir dəfə də göz gəzdirib, yaddaşını təzələmək istəyib. Belə başa düşdüm ki, əlində bu kağızla tutuşdurduğu xəritə, ya da cədvəl varmış. Səni görəndə cibinə soxub.

– Düzdür. Yaxşı, bu köhnə ailə ritualımızla nə işi ola bilər? Ümumiyyətlə, bu ayin nə mənanı verir?

– Bunu tapmaqda çətinlik çəkəcəyimizi sanmıram. Gəl, ilk qatarla Susseksə gedək, hadisəni yerində və daha dərindən araşdıraq.

günortadan sonra Harlstondaydıq. Bəlkə də, bu məşhur tarixi binanın şəkillərini görmüsən, yaxud haqqında nəsə oxumusan. Qısaca desək, bina “L” şəklində tikilib. “L”-nin qısa qolu binanın əsas hissəsini meydana gətirir. Uzun qol daha sonradan əlavə edilib. Digərinə görə daha müasir sayıla bilər. Bu köhnə hissənin tam ortasında, alçaq, geniş, üstü işləməli qapının üzərində 1607-ci il tarixi həkk olunub. Amma mütəxəssislərin fikrincə, tir və daş işləmələrə baxılsa, tarixi daha da qədim ola bilər. Qalın divarları və kiçik pəncərələri narahatlıq yaratdığından dolayı ailə keçən əsr yeni tikilən hissəyə köçüb. Köhnə bina isə anbar kimi istifadə edilib. Evin dörd tərəfi qocaman ağaclarla dolu çox gözəl parkla əhatə olunub. Dostumun da haqqında danışdığı göl yola yaxın bir yerdə, binadan iki yüz metr məsafədə idi.

Anlamışdım ki, Vatson, burada üç yox, cəmi bir sirr vardı. Bu Masqreyv ayini doğru oxuya bilsəm, eşikağası Branton və xidmətçi Hovels məsələsini də həll edəcək dəlil əlimə keçmiş olacaqdı. Bütün enerjimi buna cəmləşdirmişdim. Eşikağası bu qədim şifrəni həll etməyə nə üçün bu qədər çox həvəs göstərmişdi? Aydındır ki, içində əsrlər boyu kimsənin diqqətini çəkməyən şeylər tapmışdı. Bu tapdığı şey ona nə qazandırmışdı? Bu şeylər Brantonun taleyinə necə təsir etmişdi?

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
90 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu