Kitabı oku: «Gözqamaşdırıcı zülmət»

Yazı tipi:

Artur Köstler

Gözqamaşdırıcı zülmət

(roman)

Kitabın bütün personajları müəllif tərəfindən uydurulub. Onların davranışlarını müəyyənləşdirən tarixi şərait həyatdan götürülüb. N.Z.Rubaşovun taleyi “Moskva prosesləri” adlandırılmış hadisələrin qurbanı olan bir neçə insanın həyatının ümumiləşdirilməsidir. Müəllif onlardan hansılarısa şəxsən tanıyırmış. Bu kitab həmin insanlara həsr olunub.

Parij, oktyabr 1938 – aprel 1940.

Diktator, Brutu öldürən və respublikanın qurucusu deyil, heç Brutun oğullarını öldürən və müvəqqəti idarə edən də deyil.

Makiavelli, “Söhbətlər”.

Mərhəmətli hökmdar, mərhəmətli hökmdar, axı istənilən insanın onun bağışlanacağı bir yeri olmalıdır.

Dostoyevski, “Cinayət və cəza”.

Birinci sorğulama

“İstənilən hökmdar qanla ləkələnib.”

Sen-Jüst

1

Kameranın qapısı cingiltiylə cırıldadı.

Rubaşov kürəyini qapıya dirədi, bir neçə saniyə belə dayanıb siqaret yandırdı. Sağ tərəfdəki dar yatacaqda iki ədəd yuyulmuş adyal və içinə təzə saman doldurulmuş döşək vardı. Solda yerləşən su kranından su damır, pas dəmir rakfinanı korlayırdı. Rakfinanın yanında unitaz vardı, onu təzəlikcə dezinfeksiya etmişdilər; ondan xlor iyi gəlirdi. Kərpic divarlar səsi udurdular, amma istilik sisteminin borularını tıqqıldadıb səs çıxarmaq olardı, bəlkə də olardı, çünki borular da səskeçirməz idi. Pəncərə göz hündürlüyündən başlayırdı və o, barmaqlığın yuxarı hissəsindən yapışmadan da həbsxananın həyətini görə bilirdi. Nəticəyə gəldi ki, hər şey qaydasındadır.

Rubaşov əsnəyib paltosunu soyundu, büküb yatağın baş tərəfinə qoydu. Sonra diqqətlə həyətə baxdı. Ay və fənərlərin işığı qarı mavi-sarımtıl rəngə boyayırdı. Divarların ətrafında təmizlənmiş cığır uzanırdı, deməli, burada gəzintiyə icazə verilirdi. Səhərə hələ çox vardı; fənərlərin parlaqlığına baxmayaraq, səmada ulduzlar buz kimi və aydın parlayırdı. Onun kamerasıyla üzbəüz çöl divarın dar girişində növbətçi sanki paraddakı kimi gəzişirdi: yüz addım irəli, yüz addım geri. Arada fənərlərin sarı işığı onun silahının ucunda parlayırdı.

Elə pəncərənin yanındaca ayaqqabısını soyundu. Yorğun halda yatağa çökdü, ayaqqabını siqaret kötükləri topasının üstünə qoydu və bir neçə dəqiqə beləcə tərpənmədən oturdu. Sonra durub yenə pəncərəyə yaxınlaşdı. Həbsxananın həyəti sakit və kimsəsiz görünürdü; növbətçi növbəti döngəsindən qayıdırdı, yuxarıda növbətçi qülləsi fonunda Süd Yolunun çıxıntısı gümüşü rəngə çalırdı. Nəhayət, o uzandı, ayaqlarını büküb lap üstdəki adyal ilə möhkəm örtdü. Saatı beşi göstərirdi, çətin ki, burada məhkumları yeddidən tez oyatsınlar, xüsusilə də qışda. Yuxulayarkən düşündü ki, onu üç və ya dörd gün ərzində hələ sorğulamağa çağırmayacaqlar. Pensnesini çıxarıb döşəməyə qoydu, gülümsəyərək gözlərini yumdu. Ona isti və çox rahat idi, xeyli aydan sonra ilk dəfə yuxuqabağı yaranan qorxunu hiss etmədən yata bilirdi.

Gözətçi kameraya girmədən işığı yandırıb qapının dəliyindən baxanda, keçmiş Xalq Komissarı Rubaşov kürəyi divara çevrilmiş və sol əlini başının altına qoymuş halda yatırdı. Əl bərkiyib döşəməyə uzanmışdı və yalnız ovcu könülsüz titrəşirdi.

2

Hələ bir saat əvvəl Xalq Komissarlığının daxili işlər üzrə iki əməkdaşı Rubaşovun qapısını döyüb, onu həbs etmək istəyirdilər, yuxusunda görmüşdü ki, həbs olunur.

Taqqıltı səsi ucadan gələndə Rubaşov adət etdiyi yuxunu özündən qovaraq diksindi. O, gecə kabuslarından yayınmağı bacarırdı, çünki ilk həbsi haqdakı yuxusu onun üçün dəyişilməz vərdişə çevrilmiş, saatın rəhmsiz əqrəbi kimi təkrarlanıb dururdu. Bəzən qəzəblə özünü məcbur edərək saatını dayandırırdı, amma indi heç bu da köməyə gələ bilməzdi: son həftələrdə çox yorulmuşdu, indisə bədənini tər basır, yuxu nəfəsini kəsirdi, saatlar isə çıqqıldamağında, yuxu uzanmağında idi.

Adətən yuxusuna girirdi ki, qapısını möhkəm döyürlər, pilləkəndə isə onu tutmağa hazırlaşan üç nəfər dayanıb. Bağlı qapıdan onları aydın görür, titrəşən divarlardan səslərini eşidirdi. Onların əynində tikanlı yeni forma – Üçüncü imperiyanın pretoriyançıların mundirlərindən, papaqlarının qabağı və qollarında isə gənc Diktaturanın emblemi – vəhşi hörümçəyəbənzər xaç olurdu; əllərində yekə tapança tuturdular, ayaqqabıları, bel və çiyin kəmərlərindən isə təzə dəri iyi gəlirdi. Və budur, onlar artıq burada idilər, onun otağında: balıq gözlü iki yekəpər kənd oğlanı və balacaboy cılız adam. Çarpayının baş tərəfində dayanmışdılar, o, sakit mənzildə dəqiq eşidilən arıq adamın astmalı, digərlərinin isə çaşqın nəfəsini duyurdu. Qəfildən yuxarı mərtəbədəkilərdən kimsə suyu çirkab borusuna tökəndə boğuq uğultulu səs gəldi.

Saatlar dayandı; taqqıltı daha möhkəmləşdi; Rubaşovun arxasınca gələn iki adam növbəylə qapını yumruqlayır, sonra donmuş əllərini isidirdilər. Rubaşov yuxuya güc gələ bilmədi, hərçənd, ən dəhşətli şeyin başladığını duyurdu: onlar artıq çarpayıya sıx dayanmış, o isə xalatını geyinməyə çalışırdı. Amma sanki qəsdən qoltuğunda astar çevrilmişdi, əli ilişib qalırdı. Rubaşovun sonuncu cəhdi də nəticəsiz oldu və qəfilən sanki iflic tutdu: tərpənə bilmədi, anladı ki, indi xalatın lənətəgəlmiş qolunu vaxtında tapması həyati əhəmiyyətli hərəkətdir. Zəhlətökən əlacsızlıq bitib-tükənmək bilmirdi, Rubaşov bağırır, çarpayıda qıvrılır, gicgahından soyuq tər axır, qapı döyülməsi isə beyninə baraban zərbəsi kimi vururdu; bir əli balışın altında ilişib, obiri də xalatın qolunda sancı verirdi və nəhayət, yekun zərbə onu dəhşətli kabusdan oyatdı.

Son illərdə yüz dəfələrlə yaşanmış ənənəvi təəssüratla (qulaqlarının yanında açılan tapança atəşi səsindən bir az da ağır eşidirdi) Rubaşov gözlərini açırdı. Hərçənd, titrəşməsi tez keçmədi, elə əli də hələ balışın altında çırpınır, digəri xalatın qolundan çıxmaq istəyirdi, çünki tamamilə oyanmamışdan əvvəl sonuncu sınağı keçməliydi: əmin olmalıydı ki, yuxuda deyil, əslində, kamerada – ayağının altında zir-zibil, su dolu aftafa, boyat çörək qırıntıları tökülmüş soyuq və rütubətli döşəmənin üzərindədir.

Heç indi də cansıxıcı qorxu Rubaşovu tez tərk etmədi, çünki əlinin aftafaya, yoxsa tumbanın üzərindəki lampaya toxunmasını heç cür təyin edə bilmirdi. Lampa yananda təlaşı səngidi. O, sanki qurtuluşun həzzini çıxarmaq üçün bir neçə dəfə dərindən nəfəs aldı, cib dəsmalıyla başının tərini siləndə seyrək tüklər islandı və Birincinin rəngli portreti kinayə ilə bərq vurdu – vaxtında ondan qəhrəmanlıq və çətin sınaqlar, indisə öz hökmdarının bağlı qanadlarına səcdə tələb etməklə o, Rubaşovun çarpayısında kök atmışdı, bütünlüklə Rubaşovların çarpayı, şkaf və komodlarının üzərində, şəhərinin bütün mənzil və otaqlarında, ucu-bucağı görünməyən vətəninin bütün şəhərlərində beləcə dayanırdı. İndi Rubaşov tamamilə oyaq idi, amma qapı döyülməsi yenə eşidilirdi.

3

Rubaşovun arxasınca gələn iki nəfər pilləkənin yarıqaranlıq meydançasında durmuşdular. Həyət gözətçisi Vasiliy mövcud vəziyyəti qəbullanaraq liftin açıq qapıları önündə dayanmış, qorxudan ağır-ağır nəfəs alırdı. O, arıq, cılız qoca adam idi; gecə köynəyinin üstündən geyindiyi, çiyinlərində şaxta izi olan cırıq şinelindəki geniş sarı çapıq ona qızılı görkəm verirdi. Rubaşovun məşhur briqadasında vuruşarkən Vətəndaş Müharibəsində yaralanmışdı. Sonra Rubaşovu ölkə xaricinə göndərdilər, Vasiliy bundan yalnız gecələr qızının ona oxuduğu qəzet vasitəsiylə xəbər tutdu. Partiya adından ezamiyyətə getmiş Rubaşovun açıqlamaları uzun və anlaşılmaz idi, ən əsası, Vasiliy bu açıqlamalarda, hətta, Kazanın Tanrı Anasının səmadan ona baxıb gülümsədiyi, hər kəsin qayğısına qalmaq bacarığında olan öz saqqallı briqada komandirinin səsini eşitməmişdi. Adətən, Vasiliy açıqlamanın ortasında mürgüləməyə başlayır və yalnız qızının son cümlələri oxuyub alqış hay-küyü yaradanda oyanırdı. “Yaşasın Partiya! Yaşasın İnqilab! Yaşasın rəhbərimiz və Birinci müəllimimiz!” kimi yekunlaşdırıcı ibarələrə Vasiliy ürəkdən “Amin!” deyirdi, amma qızının eşitməyəcəyi tərzdə; sonra köhnə pencəyini çıxarar, xaç çəkər və çarpayıya uzanardı. Vasiliyin divarından Birinci baxırdı, onun yanında isə briqada komandiri Nikolay Rubaşovun saralmış köhnə fotoşəkli asılmışdı. Bu şəkli görsəydilər, yəqin, onu da tutacaqdılar.

Rubaşovun mənzili qarşısındakı pilləkən meydançasında sakitçilik, qaranlıq və soyuq idi. Xalq Komissarlığının işçilərindən biri (cavan olanı) qapının cəftəsinə bir neçə dəfə atəş açmağı təklif etdi. Yalın ayağa uzunboğaz çəkmə geyinmiş Vasiliy liftin qapısına halsız söykənmişdi; onu oyadanda elə qorxmuşdu ki, ayağına isti parça dolamağı da unutmuşdu. Böyük işçi atəş açmağın əleyhinəydi, həbsi səssiz-səmirsiz həyata keçirmək lazım idi. Onlar donmuş əllərini nəfəsləriylə isidir, yenidən qapını döyməyə davam edirdilər, cavan olanı tapançanın tiyəsi ilə döyürdü. Aşağıdan haradansa bir qadın qışqırdı.

– Kəs onun səsini! – cavan işçi Vasiliyə dedi.

– Ey, ordakı, – Vasiliy bağırdı, – Orqandan gəliblər.

Qışqırıq kəsildi. Cavan qapıya təpiklə vurmağa başladı. Zərbələr bütün dəhlizi titrədirdi. Nəhayət, sınıq qapı açıldı.

Üç adam çarpayının ətrafında toplandılar; cavan olanı əlində tapança tutmuş, nisbətən yaşlı olanı sanki “Fərəqət!”dəki kimi dik dayanmış, bir az arxadakı Vasiliy isə divara söykənmişdi. Rubaşov alnının tərini silib gələnlərə çəp-çəp baxdı.

– Vətəndaş Nikolay Zalmanoviç Rubaşov, – cavan işçi ucadan dedi, – İnqilab adından həbs olunursunuz!

Rubaşov balışın altından pensnesini götürüb çarpayıda dik oturdu. Yalnız eynəyini taxanda o, Vasiliy və böyük işçinin qəzet və portretlərdə gördüyü Rubaşova bənzədi. Böyük işçi ehmalca yaxınlaşmaq istəyəndə, cavan işçi yeni qəhrəmanlara xas olan çevikliklə iri addım ataraq çarpayıya yaxınlaşdı – həm Vasiliy, həm Rubaşov, həm də böyük işçi gördülər ki, o, ya danışığı, ya da hərəkətiylə bağışlanmaz kobudluq etmək istəyir: yaranmış bu vəziyyət onu qane etmirdi.

– Bir dəqiqə, silahınızı yığışdırın, yoldaş, – Rubaşov bildirdi, – və izah eləyin, nə məsələdir?

– Nədi, eşitmədiniz? Siz həbs olunursunuz, – cavan dedi, – Tez olun, paltarınızı geyinin!

– Orderiniz var? – Rubaşov soruşdu.

Böyük işçi cibindən kağız çıxarıb ona verdi və yenə yerində donub qaldı.

Rubaşov diqqətlə sənədi oxudu.

– Nə deyirəm ki… Yaxşı, – o deyindi, – Özgə xətalarından dərs ala bilməzsən. Onun anasını…

– Cəld olun, geyinin, – deyə cavan işçi dedi.

Onun kobudluğu heç də süni deyildi, elə xasiyyəti beləydi. “Hə, şərəfli davamçılar yetişdirmişik” deyə Rubaşov düşündü. O, gənclərin daim gülümsədiyi afişaları xatırladı.

– Ordan xalatımı verin, – dedi, – və bəsdir burda tapançalarınızla xoruzluq etdiniz.

Cavan qızardı, amma heç nə demədi. Böyük işçi xalatı Rubaşova verdi, o da elə ilk cəhddən xalatın qolunu geyinə bildi.

– Alındı, – gərgin təbəssümlə dedi.

Qalanları heç nə anlamayıb qaşqabaqla susdular. Rubaşov asta-asta çarpayıdan qalxıb yerə səpələnmiş paltarlarını yığışdırdı. Evdə bu hay-küydən sonra yenə ölü sükut hökm sürməyə başladı, onların dördündə də qəribə təəssürat vardı ki, sakinlər yatmayıb, sadəcə yerlərinə girərək necəsə nəfəs almamağa çalışırlar. Sonra yuxarı mərtəbələrdən kimsə suyu çirkab borusuna tökəndə boğuq uğultulu səs gəldi.

4

Binanın qarşısında yeni amerikan modellərindən bir maşın dayanmışdı. Küçə tamamilə zülmət idi, ətraf binaların sakinləri yatır, ya da özlərini yatmış kimi göstərirdilər. Sürücü parlaq işıqlarını yandırdı və onlar bir-bir maşına oturdular: öncə cavan işçi, sonra Rubaşov, arxasınca da böyük işçi. Özü də Komissarlıqdan olan sürücü maşını işə saldı. Şəhərin mərkəziylə getmələrinə baxmayaraq, döngədən o yana asfalt örtüyü bitirdi, ətrafda səkkiz, doqquz və ya on mərtəbəli müasir binalar ucalırdı; buz və tapdanmış qarla örtülü olan çınqıl daşların düzüldüyü yol dərin və qeyri-bərabər təkər izləriylə dolu idi. Sürücü çox asta sürürdü, hərçənd, yaxşı təchiz olunmuş maşın köhnə araba kimi cırıldayır, ulartı səsi çıxarırdı.

– Bir az tez sür də! – içəridəki sükutu pozan cavan işçi dilləndi.

Sürücü çevrilmədən çiyinlərini çəkdi. Hələ Rubaşov maşına minəndə sürücü ona soyuq düşmənçiliklə baxmışdı. Bir dəfə Rubaşovun halı pisləşmişdi, onda çağrılan “Təcili tibbi yardım” maşınının sürücüsü də eynilə bu cür baxırdı. Maşının bu adamsız, sanki, ölü küçədə darıxdırıcı, heç vaxt olmayan kimi asta gedişi, faraların titrək işıq saçması adama dəhşətli əsəb gətirirdi.

– Hələ çox gedəcəyik? – Rubaşov qarşıdakı çalalı yollara boylanaraq soruşdu. Az qala, “sizin xəstəxanaya” deyəcəkdi.

– Otuz dəqiqə, – böyük işçi dilləndi.

Rubaşov cibindən siqaret çıxarıb birini özü üçün götürdü, qutunu müşayiətçilərinə uzatdı. Cavan dərhal başını buladı, böyük işçi isə iksisini götürüb, birini qabağa – sürücüyə ötürdü. O da bir əliylə sükanı saxlayıb, digəriylə kibrit çöpünü papağının dimdiyinə sürtüb yandırdı. Rubaşov daxilən bir az sakitləşdi, amma sonra nədənsə acı utancaqlıq hissi keçirdi. “Ah, necə də təsirlidir!” deyə düşündü. Əvvəl-axır öz iztirablarına qalib gəlməyəcəyini bilib, donmuş dörd insanın arasındakı rəsmiliyi əritmək üçün danışmağa başladı:

– Heyif bu maşından! – astaca dedi, – Biz xarici maşınları qızıl bahasına alırıq, amma gətirib bu yollarda cəmi bir neçə ay sürə bilirik.

– Həə, elədir. Yollarımız pisdir hələ ki, – böyük işçi bildirdi. Səsinin tonundan bilinirdi ki, Rubaşovun narahatçılığını duyub. Rubaşov özünü qabağına sümük atılan küçə iti kimi hiss etdi və dərhal danışığı kəsməyinə qərar verdi. Hərçənd, cavan cəsarətlə soruşdu:

– Guya kapitalistlərdə yollar yaxşıdır ki?

Rubaşov könülsüz gülümsədi.

– Bəs siz nəvaxtsa ölkə xaricində olmusunuz?

– Mən belə də onların nə etdiyini bilirəm. Mənə ki burjuaziya propaqandası təsir eləmir.

– Maraqlıdır, siz məni necə tanıyırsınız? – tamamilə sakit şəkildə Rubaşov ondan soruşdu və dərhal da özünü saxlaya bilməyib əlavə etdi, – Partiyanın tarixini oxumağınıza ehtiyac var.

Cavan işçi cavab verməyib sürücünün kürəyinə zillənib qaldı. Daha heç kim heç nə demədi. Mühərrik yenə, üçüncü dəfə söndü və sürücü lənət oxuyaraq onu yenidən işə saldı. Maşın şəhərətrafı küçələrlə tullana-tullana gedirdi – yollar heç dəyişmək bilmirdi. Ətrafda sıxıcı kənd evləri gözə dəyirdi, onların donqar damlarının üzərindən soyuq və solğun Ay asılıb qalmışdı.

5

Yeni tikilmiş həbsxananın dəhlizində güclü lampalar yanırdı. Cansız, gözqamaşdırıcı işıq lüt, ağ divarları, soyadlar çap olunmuş karton lövhəciklərin asıldığı kamera qapılarını, içəri baxmaq üçün qara gözlükləri və ikinci mərtəbənin dəmir qalereyasını yalayırdı. Bu güclü rəngsiz parıltı və daş lövhələrdən ibarət döşəmədəki əks-sədasız, qırıq-qırıq addım səsləri Rubaşova o qədər tanış gəldi ki, gecə kabuslarının illüziyası bir neçə saniyə onu tərk etmədi. O, cidd-cəhdlə özünü bütün bunların gerçək olmadığına inandırmağa çalışırdı. “Əgər yatmış olduğuma inansam, – deyə düşünürdü, – bunlar həqiqətən də yuxu olacaq”. Özünü inanmağa elə məcbur etdi ki, bir saniyəlik başı fırlandı – bu hərəkəti ona dözülməz utancaqlıq gətirdi. “Xilaskar adlandırılıb, xaçını çək, – düşündü, – axıra kimi”. Tezliklə gözətçi 404 nömrəli kameranın qapısının önündə dayandı. Gözlüyün üstündən ağ lövhəcik asılmışdı: “Nikolay Zalmanoviç Rubaşov”. “Dəqiq işləyirlər” – fikirləşdi, əvvəlcədən qapının üstündəki lövhəciyə kimi hazırlanmış görüntü onu, demək olar, heyrətləndirdi. Gözətçidən özü üçün daha bir adyal gətirməsini xahiş etmək istəyirdi ki, qapı cingiltiylə cırıldayıb örtüldü.

6

Nəzarətçi tez-tez gözlükdən içəri baxırdı. Rubaşov tərpənmədən çarpayıda uzanmışdı, yalnız döşəməyə sallanan əli azacıq tərpənirdi. Yatacağın ayaqaltısında siqaret və pensne1 vardı.

Saat yeddidə – Rubaşovu gətirib kameraya salandan iki saat keçmiş – o, aramsız zəng səsinə oyandı. Adi yuxular ona əzab vermirdi, bu səbəbdən yaxşı istirahət edərək ayıldı. Oyanma siqnalı üçüncü dəfə təkrarlandı. Zəng səsi kəsiləndə, kameraya yenidən ölü sükut çökdü.

Qış günü hələ indi başlayırdı, işıqlanan hava unitaz və kranlı rakfinanın üzərindəki ərpi açıq-aydın göstərirdi. Qara barmaqlıq pəncərənin çərçivəsinə bərkidilmişdi, sol tərəfin yuxarısındakı sınmış şüşəni kimsə qəzet parçasıyla əvəzləmişdi. Rubaşov yerdən pensne və siqaretini götürüb, yenə çarpayıya qalxdı. Eynəyini taxandan sonra kibrit çöpünü yandırdı. Kamera əvvəlki kimi sükuta qərq olmuşdu. Əhənglə rənglənmiş bu nəhəng daş pətəyin hər küncündə oyanan insanlar eyni anda qalxır və lənət oxuyaraq yeni səhərə qədəm qoyurdular. Birnəfərlik kameraların sakinləri isə dəhlizdə gəzən nəzarətçinin addımlarından başqa heç nə eşitmirdilər. Rubaşov bilirdi ki, bu birnəfərlik kamera düz güllələnməyə qədər onun evi olacaq. Üzüyuxarı uzanıb siqaretini sümürür və seyrək saqqalını sığallayırdı.

“Deməli, güllələnmə” – deyə düşündü. Gözlərini qırparaq maili dayanmış ayaq barmaqlarına baxırdı. Yeri isti, rahat və sakit idi, çox yorulmuşdu və həbsxana adyalının altındaca yuxuya gedib ölümü azdırmaq üçün mürgüləmək istəyirdi. “Deməli, səni güllələmək istəyirlər” – Rubaşov fikrində öz-özünə dedi. O, ayaq barmaqlarını astaca tərpətdi və yadına İsa Məsihin ayaqlarının taladakı ağ cüyürə bənzədildiyi şeir parçası düşdü. Pensnesini çıxarıb əliylə sildi, bu jest onun bütün tələbə və tərəfdaşlarına tanış idi. O, demək olar ki, özünü tamamilə xoşbəxt hiss etdi, amma yüngül qorxusu nəvaxtsa yenidən ayağa durmasıyla bağlıydı. “Deməli, səni məhv etməyə hazırlaşırlar” deyinib siqaretini sovurdu, hərçənd, cəmi dörd ədəd siqareti qalmışdı. Ac mədəsinin ilk xəbərdarlığı onu həmişə azacıq sərxoş edirdi, indi isə artıq gərginləşməyə başlamışdı, aclıq hissi həmişə ölümün gözlərinə baxmaq istəyəndə üsyankarlıqla onu narahat edirdi. Partiya onu qüsurlu, hətta tamamilə faydasız hesab etmişdi, amma Partiya haqda düşünmək istəmirdi. Deşilmiş corabından çıxan barmağına baxdı və onları tərpətdi. Sonra gülümsədi. Bədəninə heç vaxt xatırlamadığı isti minnətdarlıq hissi duyanda Rubaşov xoşhallandı, amma qaçılmaz ölüm onu özünəvurğun qüssəyə qərq edirdi. “Köhnə qvardiyaçıda qorxu olmamalıdır” – astadan, amma bir az da pafosla oxudu, – “Zülmət onların üzərində zireh yaradıb… Biz axıra qalmışıq, tezliklə biz də… külə dönəcəyik”. İstədi yekun hissəni də oxusun, amma melodiyanı unutmuşdu. “Tezliklə biz də…” – təkrarlayaraq “Köhnə qvardiya”nın haqqında danışdığı insanların sifətini xatırlamağa çalışdı. Yadında az adam qalmışdı. “İnternasional”ın vətənə xəyanət ittihamıyla edam olunan birinci katibinin sinəsi damalı jiletinə dar qalırdı – Rubaşov onun üzünü xatırlaya bilmədi. O, şalvarını çiynindən kəmərlə sıxırdı. Həmçinin, edam olunan Xalq Komissarları Sovetinin katibi təhlükə məqamında dırnaqlarını gəmirirdi. “Tarix sizə bəraət qazandırır” – Rubaşov dedi, hərçənd, buna əmin deyildi. Həqiqətən də, təhlükə anında gəmirilən dırnağın Tarixə nə dəxli var? O, siqaretini tüstülədib ölənlər və onların ölümdən qabaq necə zülmlər yaşadıqları haqda düşündü. Bütün bunlara baxmayaraq, Birinci onda heç bir nifrət doğurmurdu, hərçənd, şübhəsiz doğurmalıydı. Tez-tez çarpayısının üstündən asılan litoqrafik portretə baxırdı ki, nifrət hissinə nail ola bilsin. (Ona müxtəlif ləqəblər qoyulsa da, nəticədə Birinci öz təsdiqini tapmışdı). Birincinin onlara ötürdüyü dəhşət hər şeydən qabaq ona görə möhkəmlənirdi ki, o, çox inandırıcı şəkildə haqlı olurdu və ölümə məhkum etdiyi adamlar, hətta, tapanca gicgahlarına dirənəndə də onun haqsız olduğunu düşünmürdülər. Hərçənd, heç kim buna əmin deyil, Tarix adlandırdıqları qarı Pifiyanın ikibaşlı danışığı kimi müttəhimlər yanıb külə dönəndən sonra aydınlaşacaq.

Rubaşov birdən kiminsə baxışını hiss etdi və anladı ki, gözlüyə baxsa, canlı insan gözü görə biləcək. Tezliklə metal cingiltisi eşidildi, qapının kilidinə açar salırdılar. Bir neçə saniyə keçməmiş qapı açıldı. Növbətçi – uzunboğaz çəkmədəki qoca içəri girmədən soruşdu:

– Siz niyə durmamısınız?

– Xəstələnmişəm, – Rubaşov dedi.

– Sabaha kimi sizə həkimə müraciət etməyə icazə yoxdur. Bəs nə olub ki?

– Diş.

– Diş? – təəccüblənmiş nəzarətçi dəhlizə çıxıb qapını örtdü.

“Həə, indi sakitcə uzanmaq olar” – Rubaşov düşündü, amma rahatçılığı getmişdi. Həbsxananın rütubət qoxan isti adyalı qəfildən ona ürəkbulandırıcı gəldi. Barmaqlarını tərpədib adyalı yana itələdi, yenə öz ayaqlarına baxdı – bundan halı daha da pisləşdi. Corabının deşiyindən beşlik görünürdü. İstədi ayağa qalxıb corabını tiksin, qapını döyüb nəzarətçidən iynə-sap almalı olduğunu düşünəndə, bu təmirdən hələlik vaz keçdi: həm də çətin ki, ona iynə verəydilər. Birdən qəzetlər üçün darıxdı. Yeni xəbərlər oxumağı, kağız xışıltısını eşitməyi, tipoqrafiya boyasının iyini ciyərinə çəkməyi arzuladı. Ola bilsin, hardasa inqilab baş verib, yəqin, hansısa prezident öldürülüb, bəlkə də, amerikalılar yerin cazibə qüvvəsinə qalib gəlməyi başarıblar… Yox, özü haqda heç nə bilmir, hələ bir müddət onun həbsi ölkə daxilində sirr kimi saxlanılacaq; xəbər xaricə tez sızacaq, onlarsa arxivdən on il qabaqkı şəklini götürüb, Birincinin niyə bunu etdiyinə dair xeyli axmaq mülahizələr yazacaqlar. O, artıq qəzet oxumaq istəyirdi, indi Birincinin nə haqda düşündüyünü, beynində nə baş verdiyini bilmək üçün alışıb-yanırdı. O, dəqiq xatırlayırdı – hətta, görürdü – ki, Birinci öz stenoqraf katibəsinə necə diktə edir: gödək bədən tərpənmədən donub qalıb, əllərini masaya dirəyib və dodaqları tələsmədən sözlərə forma verir. Adi adamlar danışanda otaqlarında gəzişər və ya düşüncəli halda xətkeşlə oynayar, ya da siqaretindən sümürüb havaya tüstü dairəsi buraxar. Birinci isə nə tüstü üfürür, nə xətkeşlə oynayır, nə də otağında gəzişirdi… Elə burdaca Rubaşov fərqinə vardı ki, artıq beş dəqiqədir yatağından qalxıb kamerasında gəzişir. Köhnə vərdişi qayıtmışdı – heç vaxt döşəmənin daş örtüyü arasındakı xəttə ayaq basmırdı, artıq ara məsafələrinin əzbərləmişdi. Amma fikirləri xəbəri olmadan öz portretinə çevrilən Birincinin yanındaydı, o portretin ki, ölkənin bütün şəhər və kəndlərindəki çarpayıların baş üzərində asılaraq insanları süzürdü.

Rubaşov unitazla yatacağın arasında – altı yarım addım pəncərəyə tərəf, altı yarım addım qapıya tərəf – var-gəl edirdi. Köhnə həbsxana vərdişinə görə, pəncərədən sola, qapıdan isə sağa dönürdü və əgər döngənin istiqamətini dəyişməsəydin, dərhal başgicəllənməsi yaranardı. Görəsən, Birinci nə düşünürdü? Onun beynində nələr baş verirdi? Rubaşov rəhbər və müəllimin kəlləsinin içini xəyal etdi – qarşısında vatman kağızının ağ, hamar səthinə boz akvarellə çəkilmiş və iynəli düymələrlə çertyoj lövhəsinə sancılmış geniş xarabalıq yarandı. Boz əyriliklər ilan kimi bir-birinə qıvrılır, sonsuz bağırsaq kimi enlənir, parlayıb solğunlaşır və fırlanaraq astronomik xəritələrin dumanlığına bənzər spirallar yaradırdılar. Bu dumanlıqda nə baş verirdi? İnsanlar Kainatı ətraflı tədqiq edir, amma öz şüurları haqda az şey bilirlər. Yəqin, buna görə yer tarixçilərinin hələ də öncəgörmədə tayı-bərabəri yoxdur. Ola bilsin, sonra, çox sonra tarix statistika cədvəlləri və anatomik sxemlərlə elmə çevriləcək. Onda hansısa xalqın hansısa dövrdəki həyat şərtlərini təsvir edən çox ciddi və qısa riyazi tənliyi lövhəyə yazan müəllim əminliklə şagirdlərinə belə deyər: “Beləliklə, biz hazırkı tarixi prosesi şərtləndirən obyektiv amilləri görürük”. Sonra Rubaşovun təsəvvür etdiyi çertyoju göstərib əlavə edər: “Bu isə XX əsrin birinci yarısında Şərqi Avropada hökm edən totalitar rejimdə onların subyektiv təzahürüdür”. Tarix elmə çevrilməyincə, siyasət qana həris, axmaq sehrbaz və yalançı cindar olacaq…

Sükutu bərabər addımlar pozdu. Rubaşovun ağlına yalnız bir fikir gəldi: işgəncə. Dərhal dayanıb diqqət kəsildi. Qonşu kameraların birinin önündə addımlar dayandı, açarlar çevrildi və hansısa əsəbi əmrin səsi eşidildi. Sonra yenə sükut çökdü.

Rubaşov tərpənmədən nəfəsini saxlayaraq özünü birinci fəryada hazırladı. O, əzabdan daha çox qorxu gətirən, adətən ən dəhşətli görünən ilk ah-naləni yaxşı xatırlayırdı. Cəfakeş ağrıdan bağıranda, buna xeyli tez öyrəşirsən, sonra hətta işgəncə metodunun necə dəyişdiyini də – səsin tonu, yüksəkliyi və fəryadın tempindən tapmağa nail olursan. İşgəncənin sonunda insanların bir-birindən necə fərqlənməsindən asılı olmayaraq, özlərini təxminən eyni cür aparırlar: ah-nalə zəifləyib yavaşıyır və xırıltılı zarımaqla əvəzlənir. Bundan bir az sonra qapı cırıldayır, açarların cingiltisi eşidilir və növbəti qurbanın səsi hələ onun qapısı cırıldamamışdan eşidilir.

Rubaşov kameranın ortasında dayanıb ilk fəryadı gözləyirdi. O, əliylə yavaşca pensnesini silib özünə söz verdi ki, bu dəfə də yalnız doğru bildiyi şeyləri deyəcək. Gözləyirdi, amma sükutu hələ heç nə pozmaq istəmirdi. Sonra açarların cingiltisi, hansısa sözlər və qapı döyülməsi eşidildi. Addım səsləri yaxınlaşır, getdikcə yüksəlirdi.

O, qapının yanına atılıb gözlükdən dəhlizə baxdı. Əks tərəfdə, 407-ci kamera qarşısında iki silahlı mühafizəçi dayanmışdı, biri hündürboylu idi, açıq-aydın məhbuslardan olduğu bilinən üç balander (həbsxanalarda yeməkpaylayan) vardı – ikisi çayqabı, biri çörək səbəti götürmüşdü. Qoca nəzarətçi isə əzilmiş uzunboğaz çəkmələrdə idi. İşgəncə bitmişdi, səhər yeməklərini paylayırdılar.

407-ci çörək aldı. Rubaşov onun üzünü görə bilmədi. Yəqin o, təlimatda yazılan kimi, qapıdan bir addım arxada dayanaraq sakitcə əlini uzatmışdı – onlar isə, iki qurumuş ağac kimi alaqaranlıq kameranın kandarında dayanmışdılar. Əllər ovucdan qatlanmışdı. Payını alan məhbus onu qamarladı, əlləri görünməz oldu. Qapısı örtüldü.

Rubaşov baxışlarını gözlükdən çəkdi. Qeyri-ixtiyari pensnesini əliylə silib yenə taxdı, dərindən nəfəs aldı, ilk səhər yeməyini gözləyərkən, hansısa melodiyanı mızıldayaraq kamerada gəzişməyə başladı. 407-cinin solğun ovcu Rubaşova darıxdırıcı narahatlıq gətirirdi. Bu uzanan əllərin cizgiləri və hətta, göyümtül ləkələr sanki unudulmuş mahiyyət və yaxın limanın qoxusuyla dolmuş dar döngələrin ətri kimi ona tanış idi.

7

Kamera qapıları açılıb bağlanırdılar, amma onun yanına hələ heç kim girməmişdi. O, isti çay haqda düşünərək vurnuxub gözlükdən baxdı. 407-cini yemləyəndə Rubaşov qapaqsız çaydandan qalxan parı və yarışəffaf limon dilimlərini görmüşdü. Pensnesini çıxarıb gözlərini gözlüyə dirədi. Ona dörd kamera görünürdü – 401-dən 407-dək. Qapıların üstündən metal perila gedirdi, ondan sonra isə ikinci mərtəbənin kameraları başlayırdı. Sağda yenə balanderlər göründü – belə çıxırdı ki, onlar əvvəlcə təkrəqəmli kameralara, sonra da cütrəqəmlilərə səhər yeməyi paylayırlar. Növbə 408-ci kameraya çatanda Rubaşov yalnız kəmərindən tapança qabı asılmış mühafizəçilərnin çiyinlərini gördü, balander və nəzarətçilər bir az aralı dayanmışdılar. Qapı örtüldü, indi də 406-cıya yaxınlaşırdılar. Rubaşov yenidən çay qabları və çörək səbətləri olan balanderləri gördü. Onlar 406-cının yanından ötdülər, deməli, həmin kamera boş idi. Dayanmadan Rubaşovun yanından da keçdilər, irəliləyib 402-ciyə tərəf getdilər.

Rubaşov yumruğuyla qapını döydü. Çay daşıyan balanderlər çevrildilər, qərarsız halda bir-birinə baxdılar. Nəzarətçi heç nə eşitmirmiş kimi əlindəki açarları cingildətdi. Mühafizəçilər kürəyini Rubaşova çevirdilər. 402-ci də çörək alandan sonra onlar hamısı getməyə hazırlaşdılar. Rubaşov var gücü ilə qapını döydü, ardınca ayaqqabısını çıxarıb dabanıyla qapıya vurmağa başladı.

Hündürboy mühafizəçi tələsmədən çevrildi və heç bir üz ifadəsi olmadan arxaya baxdı. Nəzarətçi kameranın qapısını möhkəm vurdu. Çay daşıyan balanderlər bir saniyəlik ləngidilər. Mühafizəçi nəzarətçiyə əmr etdi, o da çiyinlərini çəkib Rubaşovun kamerasına doğru yönəldi. Çay daşıyan balanderlər də onun arxasınca düşdü, amma üçüncüsü gözlüyün yanına tullanıb 402-ci otaqdakına nəsə dedi.

Rubaşov qapıdan bir addım kənara çəkildi, amma birdən nəyə görəsə səhər yeməyini ürəyi istəmədi. Fincandakı çay daha buxarlanmırdı, solğun-sarımtıl lehmədəki limon dilimləri isə nəhayətdə ona zəhrimar və selik kimi göründü.

Qapının kilidində açar fırlandı, gözlükdə insan gözü görünüb dərhal da yoxa çıxdı. Qapı açıldı. Rubaşov bu müddət ərzində yatacağa oturub çıxardığı ayaqqabısını geyinirdi. Nəzarətçi qapını geniş açdı, hündürboy mühafizəçi kameraya girdi. Onun yumru daz başı və heç nə ifadə etməyən baxışı vardı. Uzunboğaz çəkməsi və geyiminin dəri kəməri sıx idi, Rubaşova elə gəldi ki, təzə dərinin boğucu qoxusunu duydu. Mühafizəçi unitazın yanında dayanıb tələsmədən darısqal kameraya göz gəzdirdi.

– Kamera yığışdırılmayıb, – mühafizəçi bildirdi, – yəqin ki, qaydalardan xəbəriniz var.

– Hansı əsasa görə səhər yeməyindən məhrum olunmuşam? – Rubaşov pensnedən mühafizəçiyə baxdı və yaxasından bildi ki, o təhqiqatçıdır.

– Əgər xahişlə müraciət etmək istəyirsinizsə, ayağa durun, – təhqiqatçı astadan dilləndi.

– Nə sizinlə danışmağa, nə də xahişlə müraciət etməyə kiçik istəyim belə yoxdur, – ayaqqabısının bağını çəkərək Rubaşov cavab verdi.

– Onda bir də qapını döyməyin, yoxsa barənizdə belə hallar üçün nəzərdə tutulan adi tədbirlər görüləcək, – təhqiqatçı yenə kameraya boylandı, – Məhbusun təmizlik üçün əskisi yoxdur, – nəzarətçiyə müraciətlə dilləndi.

Nəzarətçi səbətli balanderi çağırıb astadan nəsə əmr etdi, o da dəhliz boyu dabrıyaraq getdi. Çay daşıyan balanderlər yaxına gəlib, marağını gizlətmədən Rubaşova baxmağa başladılar. Təhqiqatçı kimi görünən ikinci mühafizəçi isə Rubaşovun kamerasına tərəf heç dönüb baxmadı.

– Yeri gəlmişkən, məhbusun səhər yeməyi də yoxdur, – Rubaşov ayaqqabısının bağını düyünləyib dedi, – Onun aclıq elan etməyə ehtiyacı yoxdur. Çox humanist metodlarınız varmış.

– Səhv edirsiniz, – təhqiqatçı heç nə ifadə etməyən səslə bildirdi. Onun yumru daz başında geniş çapıq görünürdü, sinəsində isə İnqilab Ordeni lenti vardı. “Belə çıxır, sən də Vətəndaş Müharibəsində iştirak etmisən” – Rubaşov könülsüz rəğbətlə düşündü. Amma bütün bunlar çoxdan baş vermiş və indi heç bir əhəmiyyət kəsb etmirdi.

– Səhv edirsiniz. Xəstələnmiş məhbuslara yemək yalnız həkim nəzarətindən sonra verilir.

– Onun dişidir, – deyə nəzarətçi dəqiqləşdirdi. O, yağ ləkəli formada, əzik çəkməsi üzərində qapıya söykənərək dayanmışdı.

– Aydındır, – dişlərini qıcayan Rubaşov dedi. Dilində fırlanan “İnqilabın tibb şöbəsi xəstələri məcbur aclıqda saxlamaqla yeni müalicə metodunu nəvaxtdan kəşf edib?” sualını səsləndirməkdən özünü güclə saxladı. Bu söhbətdən ürəyi bulanırdı.

Bayaq gedən balander qaçaraq təngnəfəs kameraya girdi və çirkdən qaxac olmuş əskini nəzarətçiyə verdi. O da əskini rakfinanın içinə tulladı.

– Yenə hansısa xahişiniz varmı? – təhqiqatçı kinayəsiz şəkildə soruşdu.

– Var, – Rubaşov yorğun halda cavab verdi, – Məni tək buraxın.

Təhqiqatçı çıxışa tərəf irəlilədi. Nəzarətçi əlindəki açarları cingildətdi. Rubaşov çevrilib pəncərəyə tərəf gəldi. Qapı cırıldayıb örtüləndə yadına düşdü ki, ən vacib şey haqda unudub və qapının üstünə şığıyıb yumruğuyla döydü.

– Kağız və karandaş, – deyə ona baxan gözlüyə dodaqlarını dirəyib bağırdı. Sonra tələsmədən pensnesini qaldırıb onların dayanıb-dayanmamasına baxdı. Var gücüylə bağırmasına baxmayaraq, görünür, onu heç kim eşitməmişdi. Gözlükdən sonuncu görə bildiyi şey kəmərindən tapança qabı asılan hündürboy təhqiqatçının kürəyi idi.

8

Rubaşov kamera boyu bərabər addımlarla gəzişirdi – altı addım yarım pəncərəyə kimi, altı addım yarım geriyə. Təhqiqatçı ilə etdiyi söhbətə əsəbləşirdi, indisə pensneni əliylə silərək danışıqdakı hər bir sözü incələyirdi. Təhqiqatçı onda nifrət qığılcımı oyatmışdı və o, bu hissi yaddaşında saxlamaq istəyirdi: mübarizə aparmaq üçün kömək ola bilərdi. Hərçənd, köhnələrək çökmüş vərdiş əks-mövqeyə keçib, özünə indicə otaqdan çıxan təhqiqatçının gözləriylə baxmağa vadar edirdi. Budur, o, indi burda oturub, bu sərt, özündənrazı və saqqallı insancıq corablarının üfunətini ciyərinə çəkərək həyəcanla ayaqqabısının iplərini dartır. Hə, nəvaxtsa ona qarşı rəğbət vardı, amma indi çox hörmətli Rubaşovun odlu çıxışlar etdiyi tribuna bu kameradan fərqlənir. “Əfsanəvi Rubaşov bu imiş, – o, çapıqlı təhqiqatçının adından düşünürdü, – Yemlənmədiyinə görə, məktəbli uşaq kimi zırıldayır. Kamera isə zir-zibil içindədir. Corabında deşiklər var. Tipik cılız və intelligent dəymədüşər. Asayiş qanunlarının prinsipial və ya muzdlu (fərqi yoxdur) düşməni. Yox, biz İnqilabı belələrinə görə etməmişdik. Düzdür, o, bu işdə bizə kömək etdi (ovaxtlar döyüşçü idi), amma indi bu özündənrazılıq xarabalığını, bu deyingəni məhv etmək lazımdır. Bəlkə də, əvvəllər özünü elə göstərirmiş, sonra isə sabun köpükləri kimi partlayıb. Məgər özünə hörmət edən adam bu cür pinti kamerada oturar?” Rubaşov döşəməni yumaq barədə düşündü. Bir neçə saniyə qərarsızlıqda oturdu, sonra pensnesinin əliylə silib pəncərəyə yaxınlaşdı.

Qışın bozumtul ölüşkün işığı fonarların qəddar sarımtıllığını yumşaldırdı, elə bil, gündüz qar yağacaqdı. Təxminən səhər saat səkkiz idi, deməli, Rubaşov kameraya cəmi-cümlətanı üç saat qabaq düşmüşdü. Həyəti həbsxana korpusları əhatələyirdi, barmaqlıqlı pəncərələr darıxdırıcı tərzdə qaralırdı. Yəqin ki, orada da məhbuslar eynilə onun kimi həyətə baxırdılar, amma onları görmək olmurdu. Həyətdəki qarın səthi gümüşü rəngə çalırdı, ayaq altında şən xırtıltılı səs çıxarardı. Divardan iyirmi metrlik məsafədə, qar altında qalmış dar dalanların hər iki tərəfində kiçik ağ təpələr ucalırdı. Çöl divarın mühafizə xəttindəki növbətçi irəli-geri addımlayırdı. O, bir dəfə arxaya çevrilib tüpürdü və maraqla qövs formasında düşən tüpürcəyinə baxdı.

– Bədbəxt xəstəlikdir, – deyə Rubaşov düşündü, – İnqilabçı dünyanı başqaları kimi qəbul edən adam ola bilməz.

Bəlkə də, olar. Və hətta buna məcburdu da.

Hə, amma özünü başqalarından ayırmadan da dünyanı dəyişə bilər.

Ya da bəlkə, bacara bilsə.

Başqalarını anlayan və bağışlayan insan qəti qərara gəlib fəalliyyətə keçə bilərmi?

Ya bunu heç kim bacarmaz?

“Deməli, güllələnmə! – Rubaşov düşündü, – Mənim aydınlanmam heç kimin vecinə deyil”.

O, alnını pəncərəyə dirədi. Aşağıdakı həyət sakit və bəyaz idi.

Buzlu şüşəyə yüngül toxunaraq bir neçə dəqiqə hərəkətsiz dayandı, sonra fərqinə vardı ki, haradansa astadan, arasıkəsilməyən taqqıltı gəlir.

Boylanıb diqqətlə qulaq asdı. Taqqıltı o qədər ehtiyatla edilirdi ki, bir anlıq onun sağdan, yoxsa soldan gəldiyini ayırd etmək olmurdu. Bunu müəyyən edən müddətdə taqqıltı kəsildi. Özü rakfina olan 406-cının divarını taqqıldadanda heç bir cavab gəlmədi. O, 402-ci ilə arasındakı divara yaxınlaşdı və yatacağın üzərinə əyilib astadan taqqıldatdı. Hər an gözlüyə nəzarət edə bilməsi üçün Rubaşov yatacaqda yerini rahatladı, ürək döyüntüləriylə qulaq asmağa başladı. O, həmişə ilk əlaqələrdə həyəcanlanırdı.

402-ci dəqiq onu çağırırdı, üç zərbə – qısa fasilə, yenə üç zərbə – qısa fasilə, arxasınca da qısa aralıqlarla üç zərbə. Siqnalın alındığını bildirmək üçün Rubaşov ehmalca ona cavab verdi, qonşusunun “kvadrat əlifbanı” bilib-bilmədiyini öyrənməyə səbrsizlənirdi: əgər bilməsəydi, öyrənməyi uzun çəkəcəkdi. İri divar səsi udurdu və qonşusunu eşitmək üçün qulağını divara dirəməli, eyni zamanda, gözlüyə də nəzarət etməli olurdu. 402-ci veterana bənzəyirdi, o, yüngül, amma möhkəm əşya ilə (bəlkə də karandaşla) hərfləri tələsmədən və dəqiq taqqıldadırdı. Rubaşov çoxdandır məşq etmirdi, indisə bərabər zərbələri sayaraq hərəsində altı hərf yerləşən altı şaquli xanaya uyğunlaşdırılmış bütün əlifbanı təsəvvür etməyə çalışırdı. 402-ci iki dəfə taqqıldatdı: ikinci xana – E-dən K-ya kimi olur, qısa fasilədən sonra isə altı dəfə – bu xananın altıncı hərfi K-dır. Nisbətən uzun fasilələrlə olan dörd zərbə isə S-dən Ç-yə qədər olan xananı bildirirdi. Qısa fasilə və iki zərbə – həmin xananın ikinci hərfi İ idi. Uzun fasilə, arxasınca üç zərbə isə – üçüncü xana, L-dən R-ə qədər olan hərfləri işarə edirdi. Qısa fasilə və dörd zərbə – yəni dördüncü hərf M-dur. 402-ci susdu.

– Kim?

“Təcrübəli adamdır, – Rubaşov düşündü, – Kimlə iş gürdüyünü bilir”.

Düzdür, inqilab etikası qanunlarına görə, danışıq həmsöhbətin siyasi platformasını təsvir edən proqramlaşdırılmış lozunqla başlayırdı, arxasınca sonuncu xəbərlər, sonra yemək və siqaret haqda məlumatlar çatdırılırdı, yalnız bundan bir neçə gün sonra məhbuslar tanış olurdular. Yeri gəlmişkən, bütün bunlar o ölkədə baş verirdi ki, qaydalara görə, qanunsuz fəaliyyət göstərən və hakimiyyətdə olmayan partiyaların üzvləri məxfiliyin qorunması üçün bir-birini ləqəblərindən tanıyırdılar. Burda isə şərait bir az başqa cür idi və Rubaşov necə davranacağını bilmirdi. 402-cinin səbri tükəndi.

– Kim? – yenə taqqıldatdı.

– Nəyə görə gizlədim ki? – deyə Rubaşov düşündü.

O, astadan öz adını tam şəkildə taqqıldatdı:

– Nikolay Zalmanoviç Rubaşov.

Və maraqla nəticəsini gözləməyə başladı.

Fasilə kifayət qədər uzun çəkdi. Rubaşov gülümsədi, qonşusunun necə təəccübləndiyini təssəvvür etdi. Bir dəqiqəlik sükut iki, üç dəqiqəni ötdü, Rubaşov çiynini çəkib ayağa durdu. Yenə kamera boyu addımlamağa başladı, amma hər dönəndə durub qulaq asırdı. Divar susmaqda qərarlıydı. Pensnesinin əliylə siləndən sonra gəzməkdən yorulub gözlüyə yaxınlaşdı, dəhlizə baxdı.

Kimsəsizlik və sükut. Ölü elektrik parıltısı. Səssizlik. Görəsən, 402-ci niyə susdu?

Nəyə görə? Hə, yəqin ki, qorxusundan, axı Rubaşov onu ələ verə bilər. Partiyasız sakit mühəndis və ya həkim, istənilən siyasətdən kənarlaşdırılmış şəxs. Onun siyasi təcrübəsi yoxdur, yoxsa sabotajla xırda fəndlər etmək əvəzinə, soyad soruşmazdı. Yeri gəlmişkən, ola bilsin, kiçik fəndləri çoxdan edib və hələ də özünü sabotaja aidiyyatı olmayan adam kimi göstərir. Hələ də məsumcasına dünyanın taleyi həll olunarkən şəxsiyyətin günahkar və ya günahsız olmasının ciddiyə alınacağına inanır. Bütün ehtimallara görə, o, öz yatağında oturaraq prokurora heç kimin heç vaxt oxumayacağı sayca yüzüncü ərizəni, ya da arvadı üçün heç vaxt ünvanına yetişməyəcək yüzüncü məktubunu yazır. O, çoxdandır təraş olmur, saqqalı çoxalıb, üzü qaralıb və pintiləşib, çirkli dırnaqlarını mayasına kimi yeyib, yarıaxmaq erotik düşüncələr isə onun beynini gecə-gündüz didib-dağıdır. Həbsxanada insanın öz günahsızlığına inanması, onu daha da geri salır, şəraitə uyğunlaşmağa imkan vermir, əxlaqi dayanıqlığa zərbə vurur… Gözlənilmədən yenə səs gəldi.

Rubaşov yatacağa oturub diqqətini divara cəmlədi, amma, deyəsən, ilk iki hərfi keçirmişdi. 402-ci əvvəlki kimi deyil, daha tələsik və dağınıq taqqıldadırdı, yəqin, gəldiyi şövq ona mane olurdu.

– …xdan olmalıydı.

“Çoxdan olmalıydı?” Rubaşov bunu gözləmirdi. 402-ci inanclı adam imiş. Onun da müxalifləri görməyə gözü yoxdu və bu yazılanlara inanırdı ki, tarix qatarı Birincinin dahiyanə göstərişiylə dayanmadan doğru istiqamətə hərəkət edir. İnanırdı ki, öz həbsi də, İspaniyadan tutmuş Çinədək bütün qaçhaqovlar da, köhnə qvardiyanın heyvancasına məhv edilməsi də, milyonlarla insanın qırılması da yerlərdə Rubaşov və onun tərəfdarlarının süni iblisanə təxribatının nəticəsidir. Pinti, qara saqqal yoxa çıxdı, 402-cinin şahpərəst siması qırxılıydı, kamerası isə qaydalara uyğun olaraq yığışdırılmışdı. Onu nəyəsə inandırmaq mənasız iş idi, o, dəmiralınlılar sinfinə məxsusdu. Amma Rubaşov dünya ilə yeganə (bəlkə də, sonuncu) əlaqəni də kəsmək istəmirdi, ona görə də divarı taqqıldatdı:

– Kim?

Cavab xeyli tələsik və nəzakətsiz alındı:

– Sənə dəxli yoxdur!

– Özünüz bilərsiniz, – Rubaşov bildirdi və söhbətin bitdiyi qərarına gələrək ayağa qalxıb kamerada gəzişməyə başladı. Hərçənd, taqqıltı yenə eşidildi, bu dəfə ucadan və aydın – görünür, həyəcanlanmış 402-ci sözlərin həcmini nəzərə alaraq çəkməsini çıxarıb döyəcləyirdi.

– Yaşasın zati-aliləri imperator!

“Belə dee! – Rubaşov təəccübləndi, – Deməli, bunları Birinci öz səhvlərini ört-basdır etmək üçün uydurmurmuş. Sən demə, divarın arxasında odlu-alovlu fantaziyalarla kontrinqilabçı oturubmuş və hələ ərinmədən “Yaşasın zati-aliləri imperator!” qışqırır da.

– Amin! – Rubaşov gülümsəyərək taqqıldatdı.

Cavab dərhal və daha da ucadan gəldi:

– Yaramaz!

Rubaşov məzələnməyi üstün tutdu. Qəfil tonu dəyişmək, divara metalla vurmaqla astadan və daha aydın səs çıxarmaq üçün pensnesini çıxardı:

– Mən, yoxsa imperatorun?

402-cini qəzəb boğdu. O, köpək kimi mırıldanıb divarı hirslə döydü, amma sonra əsəbi anidən sakitləşdi və taqqıldatdı:

– Sizi nəyə görə tutublar?

“Təsirləndirici məsumluqdur” – deyə Rubaşov düşündü. Qonşusunun sifəti yenə dəyişdi. O, indi xoşsifət və axmaq gənc zabitə bənzəyirdi. Gözündə monokl. Rubaşov pensnenin qövsüylə taqqıldatdı:

– Siyasi yayınma.

Qısa fasilə. Zabit sarkazmlı atmaca axtarırdı. Çox gözlətmədi:

– Bravo, canavarlar bir-birini yandırmağa başlayıb!

Rubaşov cavab vermədi. Bəsdir, bezdiricidir! Ayağa qalxıb kamerada gəzişməyə başladı, amma 402-ci şövqə gəldi:

– Qulaq asın, Rubaşov.

Görünür, 402-ci bir az tərəddüd edirdi, amma bununla belə uzun taqqıltıyla soruşdu:

– Sonuncu dəfə nə vaxt qadınla yatmısınız?

Hə, o, dəqiq monokl taxır, ola bilsin, elə onunla da taqqıldadır, əsəbi gözləri isə hər taqqıltıda qırpılır. Hərçənd, Rubaşov ikrah hissi duymadı. Hər halda, insan ürəyini açır, daha bayaqkı kimi monarxın müdafiəsinə qalxıb çığırmırdı. Cavab verdi:

– Üç həftə qabaq.

402-ci səbrsizliklə taqqıldatdı:

– Danışın.

Bu, artıq həddini aşma idi. Rubaşov söhbəti kəsmək qərarına gəldi, amma bir anlıq düşündü ki, əgər belə etsə, nəinki 402-ciylə, başqa məhbuslarla da əlaqəsi kəsiləcək. Axı, 402-ci çərənləyirdi. Əvvəlcə nə cavab verəcəyini bilmədi. Birdən hərbidən qabaqkı – tələbəlik dövründə eşitdiyi mahnını xatırladı, onu qara uzun corablar geyinmiş qızların oxuduğu fransız kankanı müşayiət edirdi:

– Sinəsi köpüklü şampanski badəsi kimi.

Qonşusunun xoşuna gələcəyinə ümid bəslədi. Belə də oldu və cavab taqqıltısı gəldi:

– De gəlsin, daha da ətraflı.

O, şübhəsiz, yatacaqda oturub əsəblə zabit paltarının yaxalığını çimdikləyirdi.       Bəxtsizliyə bax hələ, bu lənətəgəlmiş zabit onu qalan məhbuslarla əlaqələndirəcək şəxsdir, ona görə də könlünü xoş etmək lazım gələcək. Zabitlər öz aralarında nə haqda danışırdılar? Qadınlar və əlbəttə ki, atlar barədə. Rubaşov pensnesini əliylə silib könüllü olaraq ardını taqqıldatdı:

– Yançağı vəhşi yorğa madyanınkı kimi…

Susdu. Fantaziyası zəiflədi, daha heç nə uydura bilmədi. Amma 402-ci açıq-aşkar xoşbəxt idi:

– Qəşə…

Taqqıltısı aydınlaşmırdı. O, şübhəsiz, sevincdən vurnuxurdu, ona görə də sözləri bitirə bilmirdi, amma Rubaşovun kamerasında sakitlik hökm sürürdü. Bəlkə də o, dizinə şappıldadır və sevinclə zabit geyiminin yaxalığı ilə oynayırdı. Rubaşov isə, qarşısında yalnız öz ədəbsizliyindən utanan lüt divar görürdü.

– Sonrasın da danışın, – zabit xahiş etdi.

Hərçənd, Rubaşovun ixtiraçılığı tükənmişdi.

– Bəsdir! – soyuqqanlılıqla taqqıldatdı, dərhal da peşman oldu. O ki rabitəçi idi, onu heç cür təhqir etmək olmazdı. Xoşbəxtlikdən 402-ci təhqir olunmadı.

– Xahiş edirəm, – yalvarışla taqqıldatdı.

Rubaşov daha zərbələri saymırdı, onlar avtomatik sözlərə çevrilirdilər. O, sanki erotik əhvalla yalvaran qonşusunun səsini eşidirdi. Xahişlərın ardı kəslimirdi:

– Davam edin, xahiş edirəm.

…Ağ lüt divar… Və budur, oradakı rütubət ləkələri qadın bədəninin cizgilərinə çevrilirdi… yançağı vəhşi yorğa madyanınkına bənzər… sinəsi köpüklü şampanski badəsi kimi…

– Xahiş edirəm, davam edin, yalvarıram, xahiş edirəm…

Yəqin ki, o, yatacaqda diz çökərək əllərini uzadıb – 407-cinin çörək payına uzatdığı əli kimi.

Və indi Rubaşov, nəhayət ki, bu uzanan arıq əllərin yalvarışlı jestini harada gördüyünü xatırladı… P İ E T A.

9

Pieta… Almaniyanın şimal şəhəri, şəkil qalereyası, bazar ertəsinin səhəri. Zalda görüşə gələn gənc partiyalı Rubaşovdan başqa heç kim yoxdu. Onlar nəvaxtsa flamand rəssamlarının ilham aldığı qadınların uzandığı dairəvi divanda oturdular. Ölkə 1933-cü il torrero səbəbiylə donmuşdu, görüşdən dərhal sonra da Rubaşovu həbs etdilər. Almaniya darmadağın olmuşdu, qanundankənar elan edilmiş partiyalıları izləyir, tutur və rəhmsizcə öldürürdülər. Partiya çökürdü, o, gücsüz, parçalanmış, qanı tökülmüş və yerdə can verən minbaşlı heyvana bənzəyirdi. Ölümcül yaralı heyvanın iflic halında dayanmasının mənasız olduğu kimi, partiya qolları da müqavimət göstərə bilmirdi. Bütün ölkədə qruplaşmalar tüğyan edirdi, faciələrdən sağ çıxmışlar da mübarizələrini davam etdirirdilər. Partiyalılar meşə və zirzəmilərdə, metrostansiyalarda, dəmiryolu vağzallarında, muzeylərdə, pivə və idman klublarında görüşürdülər. Onlar həmişə mənzilləri dəyişir, bir-birilərini ləqəblərindən tanıyırdılar. Hər kəs yalnız öz yoldaşından asılı olurdu və heç kim bir-birinə qətiyyən inanmırdı. Onlar gizlincə vərəqələr çap edir, mübarizənin davam etdiyinə, hələ sağ qaldıqlarına özü və başqalarını inandırmaq istəyirdilər. Onlar qəsəbə küçələrində veyillənir, sağ olduqlarını sübuta yetirmək üçün divarlara köhnə şüarlar yazırdılar. Fabrik borularına dırmaşır, hələ sağ qaldıqlarını bəyan etmək üçün ora köhnə bayraqlarını asırdılar. Bəziləri isə vərəqələri oxuyurdular – bu, mərhumların göndərişi idi. Şüarları silir, bayraqları cırır, amma hər iki cür insanlar yenidən peyda olurdular. Çünki ölkənin bütün rayonlarında özlərini çəkinmədən “o dünyadan qayıtmışlar” adlandıran parçalanmış insan qrupları qalmışdı, qalan ömürlərini də sağ olduqlarının sübutuna həsr edirdilər.

Bu qruplar arasında əlaqə yox idi, Partiya məhv edilmişdi, amma onlar yenə də fəaliyyət göstərməkdəydilər. Onun iflicliyini idarə etmək istəyirdilər. Saxta pasport və məxfi təyinatla layiqli nümayəndələr – çaparlar sərhəd xaricində olurdu. Onları tutub öldürürdülər. Ölənlərin əvəzinə başqaları gəlirdi. Bu zülmü dayandırmaq mümkün deyildi, amma Hərəkatın xaricdə oturan liderləri birdəfəlik ölümcül iflic olmaması üçün Partiyanın ümümməqsədinə süni nəfəs verirdilər.

Pieta… Rubaşov 402-cini unudaraq kamerada gəzişir, toz və döşəmə boyası iyi verən şəkil qalereyasına keçid edirdi. O, görüşə birbaşa vağzaldan gəlmişdi, şərti məhkumluqdan bir neçə dəqiqə qabaq. Əmin idi ki, arxasınca “quyruq” gətirməyib. Diş həkimləri üçün stomatoloq firmasından olan alətlər çantasını saxlama kamerasına qoymuşdu. Kiçik divanda oturaraq pensnesi arxasından kətan üzərindəki qadın bədənlərinə baxıb gözləyirdi.

Şəhərin partiya qrupunun rəhbəri Rixard kimi tanınan gənc oğlan artıq neçə dəqiqəydi ki, gecikirdi. O, heç vaxt Rubaşovu görməmişdi, eləcə də Rubaşov onu. Tanımaq üçün işarə Rubaşovun dizi üzərində tutduğu kitab idi – Hötenin “Faust”unun cib nəşri. Nəhayət, gənc oğlan gəlib çıxdı. Kitaba təlaşla nəzər saldı və divanın əks küncündə, Rubaşovdan təxminən iki addımlıq məsafədə oturdu, papağını dizləri üstünə qoydu. O, çilingər işləyirdi, amma indi bayram kostyumunu geyinmişdi, çünki işçi paltarındakı ziyarəti üzərinə diqqəti cəlb edər və onu şübhə altına sala bilərdi.

– Deyilən vaxtda gələ bilmədim, – gənc adam dilləndi, – Üzr istəyirəm.

– Yaxşı, eybi yox, – Rubaşov dedi, – Gəlin qrupun tərkibindən başlayaq. Siz insanların siyahısını tutmusunuz?

Rixard kimi tanınan gənc oğlan başını buladı:

– Siyahı nəyə lazımdır! Ünvan və soyadları əzbər bilirəm.

– Nəysə, vacib deyil, – Rubaşov bildirdi, – Amma sizi də tuta bilərlər.

– Siyahı var, – Rixard cavab verdi, – Mən onu qorumaq üçün Anniyə vermişəm. O arvadımdır, işlər belə gətirdi.

Rixard susdu və udqundu, deyəsən, boğazı qıcıqlanırdı. Sonra gələndən bəri ilk dəfə soyuqdan bərəlmiş, ağında qırmızı xətlərin göründüyü gözlərini Rubaşova tərəf qaldırdı. Arıq yanaqları və çənəsinin altını səhər təraş olunmamış tüklər örtmüşdü.

– Onlar onu apardılar, dünən gecə, işlər belə alındı, – Rubaşovun gözlərinə zillənən Rixard dedi, Rubaşov isə bu baxışlarda bir ümid gördü ki, o – Mərkəzi Komitetin Çaparı möcüzə yaradaraq onun arvadını xilas edəcək. Rubaşov pensnesini əliylə sildi.

– Belə de! Və siyahı polisin əlinə keçdi?

– Yox, – Rixard dedi, – keçmədi. Onlar gələndə baldızım da mənzildə idi, Anni siyahını ona ötürməyə nail olub, işlər belə alınıb. Baldızım da bizdəndir, onun əri polisdə işləyir, belə alınıb işlər, buna görə ona toxunmurlar.

– Nəysə, vacib deyil, – deyən Rubaşov soruşdu, – Bəs o tutulanda siz haradaydınız?

– Orda yox idim, – Rixard cavab verdi, – Artıq üç aydır evdə yaşamıram, işlər belə gətirib. Bir dostum var, belə, kinomexanik işləyir, gecə seansları qurtaranda onun iş daxmasında yatmağa gedirəm. Ora həyətdən, yanğın çıxışından girirəm… Kino da havayı, – Susub boğazını arıtdadı, – Dostum Anniyə də bilet verirdi, havayı. O da işıqlar sönən kimi çevrilib geriyə baxmağa başlayırdı. Düzdür, məni görə bilmirdi, amma bəzən ekranda ağ işıq olanda mən onun üzünü görürdüm, işlər belə alındı…

Rixard susdu. Onların qarşısında Qorxulu Hakimlərin təsvir olunduğu şəkil vardı – piyli arxası olan vahiməli qıvrımsaçlar borudan burulğan üfürürdülər. Solda keçmiş alman rəssamının lələklə çəkilmiş rəsmi vardı, amma o, Rixardın başı və yaşıl divanın söykənəcəyinin arxasında qalırdı. Rubaşov yalnız Madonnanın əllərinə baxırdı, onlar arıqdı, azacıq qarşıya doğru əyilmiş, ovuc xətlərində isə səmanın təsviri vardı. Rixard başını küləkdən yanıb qaralmış boğazına tərəf əyib tərpənmədən oturmuşdu.

– Belə! Bəs onun neçə yaşı var, sizin arvadınızın?

– On yeddi.

– Hə? Bəs sizin?

– On doqquz.

– Uşaqlarınız da var? – Rubaşov boğazını qaldırıb şəklə baxmaq istədi, amma yenə buna nail ola bulmədi.

– Anni hamilədir, – Rixard cavab verdi, – Birinci uşağımızdır, – Rixard belə sakit oturanda qurquşun heykəlcikləri xatırladırdı.

Onlar susdular, sonra Rubaşov partiya üzvlərinin siyahısını diktə etməyi xahiş etdi. Rixard otuz insan adı çəkdi. Rubaşov bir neçə sual verib, bəzi soyad və ünvanları alətlərini diş həkimlərinə çatdıracağı stomatoloq şirkətinin sifarişçiləri dəftərinə yazdı. Onun əvvəlcədən hazırlanmış şəhər stomatoloqlarının məlumatları dəftərçəsində boş buraxılmış yerlər vardı, indi də onları doldururdu. Rixard bir az gözləyib dedi:

– İndisə işlərimiz haqda hesabat vermək istəyirəm.

– Yaxşı. Buyurun, – Rubaşov razılaşdı.

Rixard ətraflı məruzə elədi. O, tamamilə tərpənməz oturmuş, azacıq qabağa əyilmiş, işdən qızarmış əli isə yorğun və ağır-ağır dizi üstündə istirahət edirdi. O, şüar və bayraqları, divarlara yapışdırılan vərəqələr haqda monoton və hesabatlara xas darıxdırıcı tərzdə danışırdı. Onun qarşısında piyli dalları olan mələklər borudan sonradan elə özlərinə qayıdacaq burulğan üfürürdülər, solda divanın söykənəcəyi arxasında qalmış Madonnanın arıq əlləri qabağa uzanmışdı, qalan hər tərəfdən isə onları ətli əndamları, möhkəm yançaqları və iri sinələri olan flamand qadınları əhatələmişdi.

“Sinəsi köpüklü şampanski badəsi kimi” – Rubaşov xatırladı. O, pəncərədən üçüncü qara rəngli daş döşəmə örtüyündə dayanıb dinləməyə başladı. 402-ci susurdu. Rubaşov qapı gözlüyünə yaxınlaşıb 407-cinin çörək ardınca uzanan arıq əllərinin göründüyü istiqamətə baxdı. O, bağlı kameranın polad qapısı üzərində qaralan gözlüyə nəzər yetirdi. Dəhliz kar sükut və elektrik lampalarının rəngsiz parıltısı içindəydi. Az qala inanmaq çətindi ki, qapı arxasında insanlar yaşayır.

Rubaşov təmkinlə Rixardı dinləyirdi. Faciədən sonra otuz partiya üzvündən qrupda on yeddi nəfər qalmışdı. İkisi – işçi və arvadı – onların arxasınca gəldiklərindən duyuq düşüb özlərini pəncərədən atmış və yaralanmışdılar. Biri fərari olmuş, qaçıb yoxa çıxmışdı. İkisini polis agenti hesab edirdilər, amma heç kim dəqiq heç nə bilmirdi. Üçü Mərkəzi Komitənin siyasətinə qəti etirazını bildirərək Partiyadan özü çıxmışdı. Dördünü və Rixardın arvadı Annini Rubaşov gələn ərəfədə həbs etmiş, ikisini elə yerindəcə öldürmüşdülər. Qalan on yeddi nəfər isə vərəqələr yapışdırır, bayraqlar sancır və şüarlar yazırdılar.

Rixard hər şeyi ətraflı danışırdı ki, Mərkəzi Komitetin Çaparı qrupdakı əlaqələrin struktrunu və xeyli vacib aksiyaların səbəbini anlaya bilsin. Mərkəzi Komitetin qrupla bağlı Rubaşovu işlərdən xəbərdar edən xüsusi kəşfiyyatının olmasından onun xəbəri yox idi. O bilmirdi ki, həmin kəşfiyyatçı köhnə dostu və çoxdan onun arvadıyla yatan kinomexanikdir. Rixardın bütün bunlardan xəbəri yoxdu, amma Rubaşov hamısını bilirdi. Partiya təşkilat kimi məhv olsa da, yeganə orqanı – Nəzarət və Kontrkəşfiyyat Komiteti məhz Rubaşovun rəhbərliyilə hələ fəaliyyət göstərirdi. Rixard bunu da bilmirdi, o, yalnız Annisinin tutulduğunu, amma şüar və vərəqələrin həmişə yerli-yerində olmasının vacibliyini, Partiyanın Mərkəzi Komitetindən olan nümayəndəyə doğma atası kimi inanmalı, amma öz inamı və zəifliyini aşkar göstərməməli olduğunu bilirdi. Çünki duyğusal və zəif insanlar ümumxalq xoşbəxtliyi naminə aparılan mübarizəyə yararlı olmur, onları rəhmsizcə yoldan kənarlaşdırıb, tənhalıq və partiyasız dünyanın qaranlığına atırlar.

Dəhliz addım səsləriylə doldu. Rubaşov cəld qapıya yaxınlaşdı, pesnesini silib gözlükdən çölə baxdı. Kəmərində tapança qabı olan iki mühafizəçi bir kənd oğlanını dəhlizlə aparır, onların arxasınca əlində astadan açarları cingildədən nəzarətçi addımlayırdı. Oğlanın bir gözü göyərmiş, üst dodağında qan ləkəsi vardı, Rubaşovun kamerası yanından keçəndə qoluyla burnunun qanını silirdi. Simasında axmaq dözümlülük vardı. Hərəkətin gizlədilməsi üçün qapı tez açıldı və dərhal da səs-küylə çırpıldı. Nəzarətçi və mühafizəçilər geri qayıtdılar.

Rubaşov kamerada gəzişməyə başladı və yaddaşı yenə onu keçmişə apardı. Onlar arasında muzeyin sükutu hökm sürürdü, Rixard uzun məruzəsini bitirmişdi. O, Rubaşovun iki addımlığında tərpənməz oturmuş, əllərini dizi üzərinə qoyaraq gözləyirdi. Sanki, indicə duasını etmiş və günahlarını bağışlayacaq müqəddəs atanın xeyir-duasına hazırlaşırdı. Rubaşov uzun müddət susdu, sonra astadan soruşdu:

– Bitdi?

Rixard başıyla təsdiq edəndə boğazı qıcıqlandı.

– Bu məruzədə mənə bəzi şeylər çatmadı, – Rubaşov dedi, – gəlin dəqiqləşdirək. Öz vərəqələrinizi xatırlatdınız. Onları davamlı və sərt tənqid edirlər. Orada bir sıra vəziyyətlər var ki, Partiya tərəfindən bəyənilə bilməz.

Rixard təlaşlı sifətlə Rubaşova baxdı. Yanağında qırmızı ləkələr yarandı, gözlərindəki qırmızımtıl nazik damarlar lap aydın göründü.

– Digər tərəfdən, – Rubaşov davam etdi, – Biz müntəzəm olaraq sizə sırf qəsəbələrə yaymaq üçün xüsusi təyinatlı materiallar göndərirdik, onlar arasında Partiya Mərkəzi Komitetinin çap etdiyi propoqanda broşüraları vardı. Bu nəşrləri almısınızmı?

Rixard başıyla təsdiq etdi, onun üzü yanırdı.

– Siz bizim materialları yaymamısınız, indisə onlar haqda bir kəlmə də bəhs etmədiniz. Siz nəinki qəbul edilmiş, hətta Partiya tərəfindən tənqid olunmuş materialları yaymağı üstün tutmusunuz.

– B-i-i-i-z-im ki-i b-aş-ş-qa-a yolumu-u-uz yox id-i, – Rixard çox çətinliklə dedi.

Rubaşov ona diqqətlə baxdı, oğlanın kəkələdiyini hiss etdi. “Həqiqətən, qəribədir” – ağlından keçirdi, – “Son iki həftədə üç oxşar hadisə”. Maraqlıdır, onları buna şərait məcbur edib, yoxsa Hərəkatın özü yararsızdır?

– Ö-ö-özünü-ü-üz b-u-unu ba-a-aşa dü-ü-üşməli-iydiniz, y-o-oldaş, – yenidən dirçələn narahatlıqla Rixard davam etdi, – Pro-o-opaqanda-anız-ı-ın to-o-nu d-ü-üzgün de-e-e-yil.

– Sakitləşin, – Rubaşov qəfildən dedi, – Sakit danışın və qapıya baxmayın.

Zalın girişində bir cütlük peyda oldu – pretorian qvardiyasından ucaboy gənc oğlanla kök sarışın qız. O, qızı belindən qucaqlamış, qız isə əlini onun çiyninə qoymuşdu. Onlar qəddar mələklər şəklinin qarşısında dayanıb, arxalarını Rubaşovgil tərəfə çevirdilər.

– Davam edin, – Rubaşov sakit və təmkinli səslə əmr etdi, cibindən siqaret qutusu çıxardı, amma burada çəkməyə icazə olmadığını xatırlayandan sonra qutunu qaytarıb yerinə qoydu. Rixard iflic olmuş kimi donmuş halda gələnlərə baxırdı.

– Siz çoxdan kəkələyirsiniz? – Rubaşov bir az ucadan pıçıldadı, – Cavab verin! Və dərhal onlardan gözlərinizi çəkin!

– U-u-uşaqlıqda-a-an, a-a-a-arada, – Rixard cavab verdi.

Cütlük divana tərəf gəlirdi. Qız, atlas yataqda paltarsız uzanmış, başını zala – tamaşaçıya çevirmiş kök qadın şəklinin önündə dayandı. Pretorian əsgəri nəsə gülməli söz dedi, qız gözucu Rubaşov və Rixard tərəfə baxaraq astadan güldü. Sonra bir az da irəliləyib, meyvəli və ölü qırqovul təsvir olunmuş natrümortun yanında dayandılar.

– Bəlkə, gedək? – Rixard pıçıldadı.

– Oturun! – Rubaşov qısa dedi. Qorxurdu ki, Rixard həyəcanlanaraq özünü ələ verər, – Biz işığın əksinə oturmuşuq, üzümüz görünmür. Nəfəs alın, lap dərindən. Bu kömək edir.

Qız hırıldamağa davam edir, asta-asta irəliləyirdilər. Keçərkən oturanlara baxdılar. Sonra sanki getməyə hazırlaşdılar, amma qız barmağıyla Pietanı göstərdi, həmin şəklin qarşısında dayandılar.

– Mənim kəkələməyim çox mane olur? – başını aşağı salan Rixard soruşdu.

– Özünüzü ələ alın, – Rubaşov cavab verdi. İstəyirdi ki, söhbətləri dostyana görüntünü aşmasın.

– Eybi yox, bir neçə dəqiqəyə keçib-gedər, – Rixard söz verib boğazını arıtdadı, – Kəkləyəndə Anni də mənimlə məzələnirdi, belə-belə işlər.

Cütlük onların zalında durarkən Rubaşov normal söhbət apara bilmirdi. Qara formalı pretorian əsgərinin çiyni az qala onları divana sıxışdırmışdı, amma hər ikisi üçün yaranmış bu təhlükə pərtliyi aradan qaldırmaqda Rixarda kömək etdi, o, hətta Rubaşova bir az yaxın da oturdu.

– Amma əvvəl-axır o, məni sevdi, – pıçıltıyla və demək olar ki, kəkələmədən əlavə etdi, – Hərçənd, onu heç vaxt anlamırdım. Uşağımız olmasını istəmirdi, amma abortla da bir şey alınmadı. İndi, hamilə olanda ona pis nəsə etməzlər ki? Düzdür, indi elə də hiss olunmur, işlər belə alınıb, amma anlamaq olar. Necə yəni, onlar hamilələri də döyürlər?

O, baş işarəsiylə gənci göstərdi, gənc isə həmin an arxaya baxırdı. Baxışları toqquşdu. Rixard yerində dondu. Sonra pretorian əsgəri qıza tərəf əyilib nəsə pıçıldadı, qız da dönüb baxdı. Rubaşov əlini cibinə atıb iflic kimi siqaret qutusunu sıxdı. Qız da oğlana nəsə pıçıldadı və onu məcbur qabağa itələdi, oğlansa könülsüz tabe oldu. Onlar yavaş-yavaş zaldan çıxdılar, sonuncu dəfə gülüş səsi gəldi və get-gedə addımları uzaqlaşdı.

Rixard çevrilib onları gözləriylə izlədi. O, oturuşunu dəyişəndə Rubaşov şəklə tam baxa bildi – bakirə Məryəmin parlaq əli hansısa gözəgörünməz xaçı çəkərək dua edirdi.

Rubaşov sakitcə saatına baxdı. Rixard özündən asılı olmayaraq bir az da qabağa gəldi.

– Beləliklə, – Rubaşov astadan dilləndi, – əgər sizi doğru anladımsa, siz Partiyanın məsləhət gördüyü materialları bilərəkdən gizlətmisiniz, çünki onun tərkibiylə razılaşmamısınız. Biz isə öz növbəmizdə tərəfinizdən çap olunan vərəqələrin tərkibi ilə qətiyyən razı deyilik. Mühakimələr öz-özünə təzahür edir.

Rixard soyuqdan bərəlmiş gözləriylə ona baxdı.

– Lap yaxşı bilirsiz ki, yoldaş, sizin broşüranlarınızda yazılanlar hamısı axmaqlıqdır, – Rixardın səsi həyatdan bixəbər idi, amma daha kəkələmirdi.

– Yox, bunu bilmirəm, – Rubaşov sakit və quru tərzdə bildirdi.

– Sizin broşüralarınız elə yazılıb, sanki bizim başımıza heç nə gəlməyib, – rəngsiz səslə Rixard iddia etdi, – Bizə qarşı qanlı qırğınlar törətdilər, amma siz qələbə əzmimizi nəticəsiz qəddar döyüşlərə itələyirsiniz. İkinci Dünya Müharibəsinin sonunda da qəzetlərdə bu cür yazırdılar. İnsanlar oxuyub üzümüzə tüpürürlər. Yəqin, bunu siz də anlayırsınız.

Rubaşov çəpəki Rixarda baxdı; o, qabağa əyilərək oturmuş, iti dırnaqlarını dizi üzərində bir-birinə sürtür və qırmızı yumruğuyla buxağını qaşıyırdı. Rubaşov eyni təmkinlə dedi:

– Artıq ikinci dəfədir çalışırsınız ki, hadisələri necə qavradığınızı mənə izah edəsiniz. Xahiş edirəm, bir də belə etməyin.

Rixardın budəfəki soyuq baxışlarında inamsızlıq vardı. Rubaşov davam etdi:

– Partiya qəddar mübarizə aparır. Hərçənd, başqa inqilabi partiyalar bundan da qorxulu döyüş keçiriblər. Bənzər mübarizələrdə həlledici amil yalnız qələbə qazanmağa usanmayan həvəsdir. Partiya döyüşçüləri sırasında zəif iradəli, dayanıqsız və duyğusal insanlara yer yoxdur. Qarışıqlıq yaratmaq istəyən şəxs dərhal düşmənin xeyrinə addım atmış olur. Necəliyindən asılı olmayaraq, subyektiv mülahizələri heç bir həlledici rol oynamır. O, Partiyaya vurduğu ziyana görə məsuliyyət daşıyır.

Rixard yumruğunu çənəsinin altına dirəyib tərpənmədən Rubaşovun gözlərinə baxırdı.

– Mən Partiyaya ziyan vururam? Mən düşmənin xeyrinə addım atıram? Bəlkə, satıldığımı da deyəsiniz? Mən və ya mənim Annim?

– Sizin vərəqələrinizdə, – Rubaşov eyni quru və rəsmi tonla davam etdi, – etiraf etdiyiniz kimi, öz yazdığınız vərəqələrdə belə yazılır:

“Biz tamamilə məğlubiyyət yaşamışıq, biz sınmışıq. Partiya məhv olunub. İndisə yenidən başlamaq üçün gərək siyasətimizə əsaslı dəyişiklik edək…” Bizsə bunu süqutun etirafı adlandırırıq. Bu ab-hava Partiyanın əhvalını pozaraq, onun döyüş əzminə xələl gətirir.

– Bir şeyi bilirəm ki, – Rixard dedi, – insanlara həqiqəti demək lazımdır. Üstəlik, bu həqiqət hamıya məlum ikən. Burda onu gizlətmək sadəcə axmaqlıqdır.

– Bu yaxınlarda yekunlaşmış Partiya Toplantısında, – səs tonunu dəyişməyən Rubaşov bildirdi, – qərara alındı ki, inqilab geriçəkilmə taktikasını saxlasın. Bu da tamamilə məğlub olmaqdan sığortalanmaqdır. Qeyd olundu ki, hazırkı vəziyyətdə strategiyanı dəyişmək xeyrimizə olmaz.

– Bu ki tamamilə cəfəngiyyatdır, – Rixard dedi.

– Belə tonda, – Rubaşov onun sözünü kəsdi, – söhbəti davam etdirə bilmirəm.

Rixard cavab vermədi. Zala alaqaranlıq çökdü, mələk və qadınların cizgiləri dumanlı və bozumtul oldu.

– Üzr istəyirəm, – fasilədən sonra Rixard dilləndi, – Demək istəyirdim ki, yanlışlıq olub. Siz “geriçəkilmə taktikası”nı tətbiq edirsiniz, amma bizimkilərin çoxu məhv edilir. Başınız “doğru strategiya” seçməyə qarışıb, sağ qalanlar isə o qədər qorxublar ki, kütlə şəklində düşmən cəbhəsinə keçirlər. Orada, sərhəddən o yana olan inqilabınız burada heç kimin işinə yaramır.

Alaqaranlıq onun da üzünün rəngini tündləşdirdi. Bir az susub əlavə etdi:

– Sizcə, Anni də “geri çəkilib”? Xahiş edirəm, yoldaş, siz anlamalısınız ki, burada bizi biçirlər, vəhşi heyvan kimi…

Rubaşov sözünü kəsməsə də, Rixard susdu. Alaqaranlıq bir az da ağırlaşdı. Rubaşov əliylə pensne2sini sildi.

– Partiya səhvə yol vermir, – sakitcə dedi, – Səhv ayrı-ayrı insanlarda – məndə, səndə olur, amma Partiyada heç vaxt. Çünki Partiya, əziz yoldaş, təkcə insan qrupu deyil. Partiya tarixi proseslərdə inqilabi ideyanın canlı təzahürüdür. Öz mütləqliyinə dəyişilməz mövqe nümayiş etdirərək bəlli məqsədə doğru can atır. Və yolu üzərindəki hər bir döngədə azmışlar və dönüklərin cəsədi qalır. Tarix səhvsiz və qarşısıalınmazdır. Yalnız Tarixə bəslənilən şərtsiz inam Partiyada qalmaq haqqı qazandırır.

Rixard susurdu. Yumruğunu çənəsi altına dirəyərək, gözlərini qırpmadan Rubaşova baxırdı. Qısa fasilədən sonra Rubaşov bitirdi:

– Siz bizim materialları gizlətmiş, ağzımızı bağlamısınız. Bizim vərəqələrdə hər bir söz yanlışdır, deməli, onlar ziyanlı və öldürücüdür. Yazmısınız ki, “Hərəkat sınmış vəziyyətdədir, ona görə də indi tiraniyanın bütün düşmənləri birləşməlidir”. Əsl yolunu azmaq budur. Partiya məhdud dairələrlə birləşə bilməz. Onlar Hərəkatı istisnasız satanlardır və həmişə buna davam edəcəklər. Onlarla ittifaq bağlayan istənilən şəxs İnqilabı dəfn edir. Deyirsiniz ki, “Evdə yanğın başlayır, hər kəs alovla mübarizə aparmalıdır, əgər burda oturub metodlar haqda mübahisə etsək, ev yanacaq”. Bu da yanlış düşüncədir. Biz yanğına su atırıq, başqaları alova yağ tökür. Ona görə də birləşməmişdən qabaq kimin metodunun doğru olduğu aydınlaşmalıdır. Yanğınsöndürənə soyuq ağıl lazımdır. Qəzəb və çaşğınlıq pis məsləhətçilərdir. Partiyanın kursu dəqiq nizamlanıb, o, dağ yarğanları arasındakı cığıra bənzəyir. Kim sağa və ya sola yanlış addım atsa, dərhal uçuruma yuvarlanar. Yanğın və dağda sabitlik mütləqdir, başın hərləndisə məhv olacaqsan.

Gecənin alaqaranlığı zülmətə çevrilir, Rubaşov artıq Madonnanın əlini görə bilmirdi. İki dəfə xırıltılı zəng çalındı, saat dörddən sonra muzey bağlanırdı. Rubaşov saatına baxdı, yalnız hökmü oxumaq qalırdı, bununla da görüş başa çatmış sayılırdı. Rixard barmaqlarını dizi üstündə birləşdirərək Rubaşova baxırdı.

– Hə, – uzun fasilədən sonra dilləndi, – burada sizinlə mübahisə etməyəcəyəm, – onun səsi yorğun və darıxdırıcıydı, – Burada haqlısınız, nə deyə bilərəm ki?! Dağdakı dar cığırla bağlı da həmçinin… Amma biz onsuz da parçalanmışıq. Sağ qalanlarsa fərarilik edirlər. Bəlkə, bizim o dağdakı cığırımız çox soyuq olub. Başqalarının həm musiqisi, həm biliyi, həm də parlaq tonqalları var qızınmaq üçün. Bəlkə, elə buna görə qalib gəldilər. Biz isə doğru yolda olmağımıza baxmayaraq, uçuruma yuvarlandıq.

Rubaşov susurdu. Bilmək istəyirdi ki, əgər Rixard yenə nəsə demək istəmirsə, yekun hökmü oxusun. Düzdür, hökm əvvəlcədən qərara alınmışdı, amma Rubaşov hələ təmkinlə gözləyirdi.

Qaranlıq Rixardın donub qalmış fiquru üzərinə qara pərdə çəkirdi. O, tamamilə hərəkətsiz oturmuş, geniş çiyinləri salxmış, dırnaqları dizinə dirənmişdi. Rubaşov da tərpənmədən susaraq gözləyirdi. Çənəsi azacıq ağrıyırdı, deyəsən, ağıl dişiydi. Rixard bir az gözləyib soruşdu:

– Hə, indi məni nə gözləyir?

Rubaşov dişinə diliylə toxundu. Barmaqları ilə toxunmaq istədi, amma özünü saxlayıb sakitcə dedi:

– Mənə tapşırılıb sizə xəbər verim ki, Rixard, Mərkəzi Komitənin qərarına əsasən, siz bu andan etibarən Partiyanın üzvü deyilsiniz.

Rixard tərpənmədi, Rubaşov da həmçinin, amma bir neçə dəqiqə sonra ayağa qalxdı. Rixard başını qaldırıb soruşdu:

– Deməli, elə buna görə bura gəlmişdiniz?

– Əsasən, hə, – Rubaşov cavab verdi. Çoxdan getməliydi, amma hələ divanın yanında durub gözləyirdi.

– Bəs mən necə edəcəyəm? – Rixard dedi, – Kino verilən daxmada artıq gecələyə bilmərəm?

Rubaşov yüngül tərəddüdlə cavab verdi:

– Hə, yaxşısı budur, lazım deyil, Rixard.

Amma dərhal da sözlərinə görə peşman oldu, çünki Rixardın onu düzgün anlamasına şübhə edirdi. Oturmuş qara fiqura baxıb yekunlaşdırdı:

– Vaxtdır. Ayrı-ayrı çıxaq. Uğurlar!

Rixard qəddini düzəltsə də, ayağa durmadı. Bu qaranlıqda soyuqlamış və hədəqəsindən çıxmış gözlərin hansı hislər keçirdiyini Rubaşov yalnız təsəvvür edə bilərdi. Hərçənd, gecənin ağır zülməti üzərinə çökmüş bu həyəcanlı işçi onun yaddaşına həmişəlik həkk olundu.

Rubaşov flamand zalından çıxıb eyni cür qaranlıq olan növbətinin də yanından keçəndə ayaqları altındakı parket cırıldayırdı. Pietaya əvvəl-axır vaxt ayırıb baxa bilmədi; Məryəmin qabağa uzanan arıq əlləri – yadında qalan yalnız bu oldu.

Çıxışda bir dəqiqəlik dayandı. Həm üşüyür, həm dişi ağrıyırdı. Rəgi solmuş yun şərfini möhkəmcə boynuna doladı. Küçədə artıq işıqlar yanırdı. Muzeyin qarşısındakı geniş meydan həddindən artıq nəhəng və kimsəsiz görünürdü. Kənarında köhnədən qarağaclar əkilmiş küçədən gurultuyla və zəng çalaraq tramvay gedirdi. “Maraqlıdır, görəsən, burada taksi tapa biləcəyəmmi?” – deyə səkiyə enən Rubaşov düşündü.

Tövşüyərək gələn Rixard sonuncu pillədə ona çatdı və onunla yanaşı addımlamağa başladı. Rubaşov sanki yanındakına fikir vermirmiş kimi sakit və sabit addımlarla irəliləyirdi. Rixard Rubaşova nisbətən hündür və bədənli idi, amma indi qısa görünmək üçün bir az əyilmiş, addımlarını yaxınlaşdırmışdı. Cəsarətini toplayıb soruşdu:

– Deyə bilərsinizmi, mən dostumun yanında gecələyə biləcəyimi soruşanda, sizin “yaxşısı budur, lazım deyil” cavabınız xəbərdarlıq idi?

Rubaşov boş taksi görüb səkinin kənarına gəldi. Rixard isə onun arxasında dayandı.

– Nə lazım idisə, hamısını sizə çatdırdım, – deyən Rubaşov əlini qaldırdı.

– S-s-siz m-ə-ə-əni dü-ü-üşmən ela-a-an edirs-i-i-z? Yold-a-aş, bel-ə-ə olmaz a-a-xı, yolda-a-aş!

Taksi əvvəl yüngülcə əyləci basdı, amma çatmağa hələ on beş addım qalırdı. Rixard Rubaşovun üzünə baxırdı, bir az da əyilib onun paltarının qolundan möhkəm yapışdı. Rubaşov alnında Rixardın isti və nəmli nəfəsini hiss etdi.

– Onla-a-ar ki məni yandıraca-a-aqlar, o-o-o canava-a-arlar, mən ki Partiyaa-a-nın düşməni de-e-eyiləm, yolda-a-aş!

Maşın dayandı, açıq bilinirdi ki, sürücü son sözləri eşitdi. Onu yola salmağın mənası yox idi. Qarşıda axın tərəfdə və lap yaxınlıqda polis dayanmışdı. Dəri palto geyinmiş qoca sürücü heç bir maraq kəsb etməyən nəzərlərini Rubaşova dikmişdi.

– Vağzala, zəhmət olmasa, – Rubaşov dedi.

Sürücü oturacağın kürəkliyinə söykənərək Rubaşov minən arxa qapını örtdü. Rixard hələ də səkinin tinində papağı əlində dayanmışdı, hülqumu asta-asta tərpənirdi. Maşın yerindən tərpənib sürət yığdı və polis istiqamətinə gedib yanından keçdi. Rubaşov çevrilib baxmadı, amma bilirdi ki, Rixard səkinin tinində dayanıb maşının işıqlarına baxır.

Onlar mərkəzi küçə ilə gedirdilər. Sürücü sağ əlini qaldırıb hər an sərnişini görmək üçün arxa oturacağa baxan güzgünü düzəltdi. Rubaşov şəhəri yaxşı tanımırdı, ona görə də hara getdiklərini dəqiqləşdirə bilmirdi. Arabir şəhərkənarı yollardan keçirdilər, sonra işıqlandırılmış böyük siferblatı olan vağzal göründü.

Buradakı taksilərdə sayğac yox idi, Rubaşov maşından ehmalca düşüb sürücüdən soruşdu:

– Borcum nə qədərdir?

– Heç nə qədər, – sürücü cavab verdi. Onun qoca qırışmış sifəti vardı. Əvvəllər heç harada görüşməmişdilər, buna əmin idi. Sürücü əlindəki dəsmalı cibinə qoydu.

– Sizin kimiləri havayı aparırıq, – deyib əl əyləcindən yapışdı. Qəfildən venaları şişmiş, çirkli və dırnaqları uzanmış qoca əlini Rubaşova uzatdı, utancaq sifətlə:

– Uğurlar arzulayıram, – deyib sakitcə əlavə etdi, – Əgər sizin gənc dostunuza hansısa kömək lazım olsa, unutmayın, mənim daimi dayanacaq yerim muzeyin qarşısıdır. Düzgünlük üçün nömrəmi ona verin.

Rubaşov gördü ki, sağda dirəyin yanında dayanmış yükdaşıyan onlara baxır. O, özünə tərəf uzanmış əli sıxmadı, sadəcə neçə qəpiksə basıb susqun halda vağzal binasına sarı getdi.

Qatarı bir saat sonra yola düşməliydi. O, bufetdə bərbad kofe içdi, dişləri möhkəm ağrıyırdı. Qatarda xeyli tez yata bildi və yuxusuna girdi ki, qaçır, arxasınca isə paravoz düşüb. Paravozu taksi sürücüsüylə Rixard idarə edirdi. Rubaşovu əzmək istəyirdilər, çünki onlarla hesablaşmamışdı. Təkərlər tükürpədici səs çıxarır, paravoz yaxınlaşır, ayaqları isə Rubaşovun sözlərinə baxmırdı. Oyananda alnından soyuq tər axırdı, sərnişinlərsə ona təəccüblə baxırdılar. Qatar düşmən ölkəsində şütüyür, pəncərədən səssiz gecə uzanırdı. Rixardın taleyi öz həllini gözləyir, dişlər isə dözülməz dərəcədə ağrıyırdı. Bir həftə sonra Rubaşovu həbs etdilər.

10

Rubaşov alnını şüşəyə dirəyib aşağıya – həbsxana həyətinə baxdı. Otaqda var-gəl etməkdən ayaqları ağrıyır, başı fırlanırdı. Saatı on ikiyə on beş dəqiqə işləmişi göstərirdi, Pietanı isə saat səkkiz radələrində xatırlamışdı, deməli, dörd saata yaxın fasiləsiz gəzişmişdi. Amma bundan zərrə qədər də təəccüblənmədi, tənhaların gündüz qarabasmaları və ağ divarların hipnotik ziyanlarından xəbəri vardı. Gənc partiyalı, bərbərin şagirdi bir dəfə Rubaşova danışmışdı ki, təkadamlıq kameranın ona xüsusilə çətin görünən ikinci ilində cəmi beş addım uzunluğu olan kamerada fasiləsiz yeddi saat ərzində səkkiz kilometrlik var-gəl etmiş və özünə gəlməyincə ayağının parçalanaraq qan içində olduğunun fərqinə varmamışdı.

“Hələ tezdir” – Rubaşov düşündü, keçən dəfə yalnız bir neçə həftəlik təkadamlıq kamera rejimindən sonra onda qarabasmalar başlamışdı. Bir qəribəliyin də fərqinə vardı – ona nəyəsə görə keçmiş görünürdü; bildiyinə görə, məhbusluqda tənha olanlara əsasən gələcək həyatlarıyla bağlı qarabasmalar gəlir və əgər keçmişi xatırlasalar belə, o da “həqiqətdə necə idi” kimi yox, “necə ola bilərdi” tərzində olur. Maraqlıdır, şəxsi mühakiməsi ona hələ çoxmu sürprizlər hazırlayıb? Təcrübəsindən bilirdi ki, ölüm təhlükəsi insan psixikasını qaçılmaz olaraq yükləyir və ona qəribə davranışlar təlqin edir – təxminən, yaxın maqnit dalğasının kompas əqrəbini şövqə gətirdiyi kimi.

Yaxın səma qar yağacağından xəbər verirdi. Həyətdəki təmizlənmiş dar cığırda bir cüt məhbus gedirdi. Biri Rubaşovun pəncərəsinə baxdı, görünür, onun həbs xəbəri bütün həbsxanaya yayılmışdı. Budur, üst dodağı partlamış, sarımtıl sifətli cəfakeş adam yenə də yuxarı baxdı və möhkəmcə yay plaşına büründü. Bir az yaşlı görünən iknci məhbus gəzintiyə həbsxana adyalında çıxmışdı. Onlar öz aralarında danışmırdılar, təxminən on dəqiqə sonra gəzinti bitdi. Kəmərində tapança qabı olan mühafizəçi onları Rubaşovla üz-üzə dayanmış korpusa aparanda, dodağı çapıqlı məhbus çevrilib bir dəfə də onun pəncərəsinə baxdı. Rubaşovun özünü görə bilmədi, çünki həyətdən həbsxana kameralarının pəncərələri qara görünürdü, amma məhbusun baxışları qəribə şəkildə diqqətli idi. “Mən səni görürəm” – Rubaşov düşündü, – “amma tanımıram, sən isə məni görmürsən, lakin tanıyırsan”. O, yatacağa oturub astaca 402-cinin divarına taqqıldatdı:

– Gəzintidəki kimdir?

Düzdür, qorxurdu ki, 402-ci ondan inciyib cavab verməsin, amma qonşusu dəymə-düşər deyilmiş:

– Siyasilər, – dərhal da cavab verdi.

Rubaşov təəccübləndi, Çapıq Dodaq daha çox məişət cinayətkarına bənzəyirdi.

– Sizin kimi? – 402-cidən soruşdu.

– Yox, sizin kimi, – deyə cavab verdi və yəqin ki, oğrun-oğrun qımışdı. İknci ifadə bir az ucadan səsləndi, yəqin, zabit onu monoklla taqqıldadırdı.

– Çapıq Dodaq mənim qonşum 400-cüdür, dünən gecə ona yenə işgəncə verdilər.

Rubaşov pensnesini əliylə sildi, amma gözünə taxmadı. Bir az düşünüb “nəyə görə” əvəzinə taqqıldatdı.

– Necə?

– Buxar vannası, – deyə 402-ci cavab verib susdu.

Rubaşovu – sonuncu həbsi xaric – az döyməmişdilər, amma əlavə metodlar barədə indi eşidirdi. Bilirdi ki, güclü insan gözlənilən hər bir əzaba dözməyi bacarar, məsələn, cərrahiyyə əməliyyatını narkozsuz etdirmək və ya dişi keyidicisiz çıxarmaq. O ağrılara ki öz gücünü səhvsiz hesablamaq üçün öncədən hazırlaşmırsan, o ağrılar ki gözlənilməyəndir, bax, onlar dözülməz olur. Ən pisi isə soyuq qorxudur, nə edirsən, et, düzələn deyil.

– Günahı nədir?

– Siyasi yayınma, – 402-ci sakitcə cavab verdi.

Rubaşov pensnesini silib gözünə taxdı, siqaret qutusunu götürdü. Cəmi iki ədəd siqareti qalmışdı.

– Bəs sizdə vəziyyət necədir? – qonşusundan soruşdu.

– Pis deyil, –həmsöhbəti taqqıldadıb susdu.

Rubaşov çiynini çəkib ayağa durdu, sonuncu siqaretini də alışdırıb kamerada gəzişməyə başladı. Nə qədər qəribə olsa da, dərd etməli olduğu şey indi onu gümrahlaşdırırdı. İztirablı ruh düşkünlüyü gözlənilmədən yoxa çıxmış, beyni aydın düşünməyə başlamış, əsəbləri isə sakitləşmişdi. O, əl, üz və boynunu yuyub ağzını yaxaladı, dəsmalla silindi. Hansısa melodiyanı zümzümə etmək istəyirdi ki, boğazı qovuşdu, öz halına gülməyə başladı – səsi dəhşətli eybəcər çıxırdı. “Əgər Birinci musiqini sevsəydi, – bu yaxınlarda dostlarından biri ona demişdi, – şübhəsiz, səni güllələtdirərdi”.

“Elə bu da güllələnmədir” – deyə Rubaşov düşündüsə də, sözləri özünə nəsə inandırıcı gəlmədi.

Sonuncu siqaretini çəkə-çəkə, bəraət xəttini müəyyənləşdirmək üçün cansıxıcı sorğulamalar barədə düşünməyə başladı. O, özündə tələbəlik illərindəki xüsusilə çətin imtahanlarqabağı həyəcanlı əmniyyəti hiss etdi. “Buxar vannası” işgəncəsi haqda bütün eşitdiklərini xatırlamağa çalışdı. Onunla əlaqəli bütün incəlikləri fikrində təsəvvür etdi, axı, orada fövqəladə heç nə baş vermir. Əsas odur ki, onu gözlənilmədən aparmasınlar. O, nəvaxtsa orada hazırlaşdığı kimi elə burada da hazırlaşa bilər; onu heç nəyin etirafına məcbur edə bilməzlər, yalnız doğru bildiyini deyər. Amma kaş hər şey tez başlaya.

Birdən yenə haradansa yadına qoca taksi sürücüsüylə Rixardın köhnə paravozla onun arxasınca gəldikləri yuxu düşdü, çünki onlarla hesablaşmamışdı. “Hə, hər şeyin hesabını verəcəyim məqam yaxınlaşır” – deyə düşünüb çəpəki gülümsədi.

Siqaret xəbəri olmadan filterə kimi yanmışdı, acı tüstüdən öskürüb kötüyü yerə tulladı. İstədi ayağıyla tapdasın, amma fikrindən yayındı, yerdən götürüb közərən atəşi ovcunun lap bilənginə bitişən yerinə – maviyə çalan iki xəttin arasına basdı. Közü sakitcə əlində saxlayıb saatın əqrəblərinə baxdı, əməliyyat on üç saniyə çəkdi. Özündən razı qaldı, çünki əli bir dəfə də olsun titrəmədi. Siqaret kötüyünü döşəməyə tullayıb kamerada gəzişməyə başladı.

Qapının gözlüyündən dəhliz tərəfdən ona baxan göz göründüyü kimi də qəfildən yoxa çıxdı.

11

Balanderlər məhbuslara nahar gətirdilər, amma Rubaşovun kamerasını yenə nəzərə almadılar. Gözlükdən baxmaq təhqiramiz idi, ona görə də məhbusları gündüz nəylə yemlədiklərini Rubaşov öyrənə bilmədi, amma yeməyin ətri kameraya dolanda ona xeyli iştahaçıcı kimi gəldi.

Ürəyi bulanana qədər siqaret çəkmək istəyirdi. Çəkməyə təcili nəsə tapmalıydı, əks halda, özünü toparlaya bilməzdi, tütün yeməkdən də vacib idi. Nahardan otuz dəqiqə keçmiş Rubaşov qapını döyməyə başladı. Qoca nəzarətçi çox da tələsmirdi, yalnız saat dörddən sonra gəldi.

– Nə lazımdır? – deyə qaşqabaqla soruşdu, o, qapını açıb kameranın girişində dayanmışdı.

– Siqaret almaq istəyirəm.

– Həsxana talonunuz varmı?

– Pulum var, amma müsadirə ediblər.

– Lazım olan vaxtda sizə talon verəcəklər.

– Bəs sizin bu ideal məkanınızda lazım olan vaxt nə vaxt gəlib çıxacaq?

– Rəsmi şikayət edə bilərsiniz.

– Məndən də yaxşı bilirsiniz ki, nə kağızım, nə də qələmim var.

– Elə yazı ləvazimatları əldə etmək üçün də həbsxana talonları lazımdır.

Rubaşov qəzəb içində titrəməyə başladı, nəfəs alması çətinləşdi, amma tez də özünü ələ almağa çalışdı. Nəzarətçi məhbusun bəbəklərinin pensnenin altından qızardığının fərqinə vardı və xatırladı ki, lap yaxın vaxtlaradək bu gözlərdən yayınmaq mümkün deyildi, məhbusun portreti hər tərəfdən asılmışdı. Nəzarətçi ikrahla qocafəndi təbəssüm edib, tələsmədən qapını örtdü.

– Qoca osduraqçı, – dodaqaltı deyinərək Rubaşov çevrilib pəncərəyə yaxınlaşdı.

– Raport yazacağam ki, – qapını kilidləyən nəzarətçi dedi, – vəzifə borcumu yerinə yetirərkən məni təhqir etdiniz.

Rubaşov pensnesini silib gözlədi ki, nəfəsalması bərpa olunsun. Hə, siqaretsiz ona çətin olacaqdı. Bir az gözləyib yatacağa oturdu və qonşusuna taqqıldatdı:

– Bəs sizdə çəkməyə nəsə var?

402-ci azacıq gec cavab verdi:

– Sizə layiq olmayandandır.

Rubaşov astaca pəncərəyə yaxınlaşdı. Bu məhbusu gözündə monokl olan zabit geyimli şəxs kimi təsəvvür edirdi – dəniz kimi mavi gözlərində bəbəkləri soyuqdan qızarmış olmalıydı, yəqin, aralarındakı ağ divara söykənib axmaqcasına gülümsəyirdi. Onun beynində nələr cərəyan edirdi? Ola bilsin, “Al payını!”, ya da “Mənim neçə dostum sənin sayəndə donuz gülləsi yeyib?” – deyə düşünürdü. Rubaşov geniş divara baxdı, hiss etdi ki, divarın qarşı tərəfində bir zabit dayanıb, az qala, nəfəsini də duydu… Rubaşov neçə zabit öldürmüşdü? Artıq sayını da xatırlaya bilmirdi. Axı bu, lap çoxdan, Vətəndaş Müharibəsi vaxtı baş vermişdi… Yenə də nə qədər? Səksən, yoxsa yüz? O vaxtlar tamamilə haqlıydı (Rixardın əhvalatındakı kimi yox), elə indi də eynisini edərdi. Görəsən, əvvəlcədən Birincinin İnqilabı bu hala gətirdiyini bilsəydi, belə edərdimi? Hə, hətta onda da…

– Səninlə, – Rubaşov 402-cinin divarına baxdı və ona elə gəldi ki, acıqca divara tüstü üfürür, – səninlə lap çoxdan haqq-hesabımı çürütmüşəm. Tamamilə. Burada mənim haqq-hesabımı İnqilab özü ödəyib… Hə, indi səni nə göynədir?

Kamera yenə taqqıltı səsləriylə doldu. Rubaşov yatacağa yaxın durdu.

– …aret göndərirəm.

Sonra qonşusu qapını döyməyə başladı. Rubaşov nəfəsini çəkib gözlədi. Bir neçə dəqiqə sonra hərəkət səsi gəldi, qonşu kameraya nəzarətçi yaxınlaşırdı. Qapı açılmadı.

– Nə lazımdır, – gözlükdən soruşdu.

Rubaşov cavabı tuta bilmədi, hərçənd, 402-cinin səsini eşitməyi çox istəyirdi, amma qəsdən ucadan danışan nəzarətçinin səsini eşitdi:

– İcazə yoxdur!

Yenə qısa fasilə, ardınca ciyiltili səs:

– Raport verəcəm ki, vəzifə borcumu yerinə yetirərkən məni təhqir etmisiniz.

Sonra uzunboğaz çəkmələrin bir-birinə sürtünmə səsi gəldi.

Zabit bir az gözləyib taqqıldatdı:

– Onlar sizə xüsusi nəzarət edirlər.

Rubaşov qonşusuna cavab vermədi. Siqaret havasının darıxdırıcılığını dəf etmək üçün kameranı addımla ölçməyə başladı. 402-ci öz minnətdarlığını çatdırdı. “Mən elə indi də eynisini edərdim, – Rubaşov öz-özünə dedi, – Onda tamamilə haqlı idim. Bəlkə, heç onunla da hesablaşmamışam? Bəlkə, tamamilə haqlı olaraq da hesablaşmaq lazım gələcək?”

Nikotin yanğısı getdikcə güclənir, damarlarında qan çətinliklə dövr edirdi. Rubaşov narahatlıqla kamera boyu gəzişəndə hiss etdi ki, dodaqları titrəməyə başlayır.

Haqq işinə görə hesab ödəyəcəkdimi? O, öz həqiqətinə əmin idi, bu əmniyyəti şüuru da təsdiqləyirdi, məgər bunun başqa ölçü vahidi də var?

Bəlkə, başqa ölçü vahidinə görə, məhz öz həqiqətinə əminliyi insanı ikiqat hesab verməyə məcbur edir – həm özünün, həm də nə etdiyini bilməyənlərin yerinə?

Qəfildən nəsə yadına düşmüş kimi pəncərədən üçüncü döşəmə örtüyünün üstündə dayandı. Bu nəydi? Dini çərənləmə tutması? Fərqinə vardı ki, səsli düşünür, hərçənd, qarşısını ala bilməyib:

– Hər şeyin haqq-hesabını çəkəcəyəm, – dedi.

Bu anda həbsi ərzində ilk dəfə onu əsl qorxu bürüdü. O, qeyri-ixtiyari əlini cibinə aparıb siqaret tapmaq istədi. Yox idi. Yatacağın divarı yenə cana gəldi:

– Çapıq Dodaq sizə salam göndərir.

Gözlərinin qarşısında yuxarı baxan çapıq dodaqlı sarımtıl sima canlandı. Qorxu soyuq rahatlıqla əvəz olundu.

– Onun soyadı necədir, – Rubaşov soruşdu.

– Adını demədi, sadəcə sizə salam göndərdi, – taqqıldadan 402-ci susdu.

12

Getdikcə özünü lap pis hiss edən Rubaşov əsəbiləşirdi. Üst çənəsi zoqquldayır, göz sinirləriylə əlaqəli olan dişi ağrıyırdı. Ona bir dəfə də olsun yemək verməmişdilər, amma xətri yemək istəmirdi. Fikirlərini cəmləməyə çalışırdı, amma qəribə ürəkbulanma, üşütmənin titrəyişi və damarlarda qanın ağır təkanları müvəqqəti məntiq zəncirini dağıdırdı. Beynində yalnız bu iki ifadə təkrarlanırdı: “təcili siqaret tapmalıyam” və “indi hər şeylə dəqiq hesablaşacağam”.

Onu əvvəlki kimi xatirələr boğurdu, kar səslərlə yarısilinmiş simalar vızıltıyla, bulud kimi düzülüb xor yaradırdılar, nə vaxt bu xoru saxlayıb hansısa obrazı tutmaq istəyəndə, özü xəstəhal olurdu, bütün keçmişi ona qanlı yarasına qarışmış irin kimi görünürdü. Partiyanın yaranması, Hərəkatın inkişafı – onun başqa keçmişi yox idi, bu günü də, sabahı da Partiya və Hərəkatla bağlıydı, keçmişi də onlarda təzahür edirdi. Amma keçmiş nədənsə indi şübhə doğurmağa başlamışdı. Partiyanın canlı, sevimli əti iyrənc xoraya çevrilmişdi. Qəddar müqəddəs məbəd – bu mümkündürmü? Yüksək məqsədlərə bu cür dəyişilməz yollarla nə vaxt və harada getmişdilər? Əgər o həqiqətdirsə, əgər Partiya Tarixin əzmini nümayiş etdirirsə, onda Tarixin özü də qəddardır.

Rubaşov fikir verdi ki, rütubət ağ divarlarda sarımtıl ləkələr buraxıb. Adyalı götürüb çiyninə ataraq addımlarını yeyinlətdi, qapı ilə pəncərə arasında gəzişməyə başladı. Üşütməsi səngimirdi. Başının içində uğultular vardı, səslər kəsilmirdi. Anlaya bilmirdi ki, onları eşidir, yoxsa hallüsinasiyalar başlayıb. “Bunlar dişimə görədir, – öz-özünə deyirdi, – gərək sabah həkimə gedim”. İndi sadəcə vaxtı yoxdu, Partiyanın qəddar kursunu mümkün qədər tez müəyyənləşdirmək lazım idi. Bizim prinsiplərimiz, şübhəsiz, doğrudur, bəs nəyə görə Partiya dalana dirəndi? Təşkilat qəddar xəstəliyə yoluxdu. Dəqiq elmi üsulları sınaqdan keçirərkən biz xəstəliyi məhdudlaşdırıb müalicə vasitələrini tətbiq etdik – cərrahi müdaxilə. Hərçənd, şəfaverici neştərimiz müntəzəm olaraq yeni xoralar yaradır. Dirçəlişimiz təmiz və aydındır, bizi sevmək lazımdır. Amma nifrət edirlər. Nəyə görə bizə qorxu və qəzəblə yanaşırlar?

Biz həqiqəti deyəndə niyə yalan kimi görünür? Nəyə görə müjdələdiyimiz azadlığın səsini məhbusluğun səssiz lənəti batırır? Niyə yeni həyatı elan edərkən Yer üzünü cəsədlə doldururuq? Parlaq gələcək barədə söhbətlərimizi nəyə görə həmişə təhdidlə bitiririk?

Üşütməsi davam edirdi. Təsəvvürünə köhnə fotoşəkil gəlirdi – Partiyanın Birinci Qurultayının nümayəndələri. Onlar uzun masada oturub; bəziləri masaya dirsəklənib, bəziləri isə əllərini dizi üzərində saxlayıb. Hamısı tərpənməz, saqqallı, çox ciddi görkəmdə əyləşib fotoaparatın obyektivinə baxır. Hər birinin başı üzərində soyadlarının rəqəmləriylə nömrələnmiş halqalar var. Hamı əvəzolunmaz vacib şəxs kimi görünür, yalnız hələ ovaxtlar Qoca adlandırılan dazbaş Katibin tatarvari qıyıq gözləri hiyləgər-özündənrazılıqla irişir. Onun sağ tərəfində Rubaşov oturub. Dördkünc bədən quruluşunda olan Birinci masanın lap o başında itib-batıb. Onlar əyalət intelligentlərini xatırladaraq tarixin ən dahiyanə İnqilabını hazırlayırdılar. Sıraları məhduddu, yeni rəngarəngliyin bir ovuc düşüncə adamı – filosof sui-qəsdçilər. Anadangəlmə ticarətçilər mehmanxanaları tanıdığı kimi, onlar da Avropa həbsxanalarını tanıyırdı. Onlar hakimiyyətçiliyi birdəfəlik dağıtmaq üçün hakimiyyətə gəlmək istəyirdilər. Onlar dünyanı öz tabeçiliyinə salmaq istəyirdilər ki, insanları tabeçilikdən qurtarsınlar. Bütün düşüncələri əmələ çevrildi, bütün arzuları həyata keçdi. Bəs indi haradadır o yeni filosoflar? Dünyanı dəyişən müdrik beyinləri mükafat olaraq donuz gülləsi qazandı. Bəziləri asılmaqla edam edildi, bəziləri güllələndi. Cəmi iki, ya da üç nəfər sağ qalıb ki, onlar da evsiz-eşiksiz və gücsüzdürlər. Hə, bir də Birinci. Hə, o!

Siqaretə qarşı asılılığı bədənindən soyuq gizilti kimi keçirdi. Tez-tez özünün də xəbəri olmadan qırıq-qırıq görüntülərdə Belçikanın bir şəhərindəki ağzında qəlyan tutmuş çiyni əyri Körpə Levini görür, dəniz limanının yaxınlığını – benzin və çürümüş dəniz yosunlarının qoxusunu hiss edir, yuxarı mərtəbələrinə dəmir pilləkənlər qalxan, pəncərələrində şikardan qayıtmış liman fahişələrinin səhər yuduqları alt paltarları asılmış evlər arasındakı dar, dolama küçələri keçirdi. Rubaşov bu şəhərə Rixardla görüşündən iki il sonra gəlmişdi. Onlar heç nə sübut edə bilmədilər. Tutulduğu vaxt az qala kar olmuşdu, sorğulamalarda dişlərini çıxarmışdılar, gözündən pensnesini götürmədiyinə görə az qala kor olmuşdu, amma yenə də heç nəyi etiraf etməmişdi. O, susmuş və yalan danışmışdı – ağıllı və inandırıcı. Təkadamlıq kameranı addımlarıyla ölçmüş, işgəncə zamanı ağrıdan üzünü əlləriylə tutmuşdu. Ölümcül qoxsa da, hər şeyi inkar etmişdi. Huşunu itirmiş, üstünə tökülən suyun köməyilə özünə gəlmiş, çəkməyə siqaret istəmiş və yenə yalan danışmışdı. Onu heç vaxt əzabverən cəlladların nifrəti təəccübləndirmirdi, çünki təbiətən onları anlayırdı. Diktaturanın hüquq-mühafizə orqanları yerində sayırdı, Rubaşovdan heç bir etiraf eşitməmiş, heç nəyi sübut edə bilməmişdilər. Dəlil çatışmazlığından onu buraxmış, təyyarə ilə İnqilabda Qələbə çalan Vətəninə göndərmişdilər, burada isə orkestrla qarşılanmışdı. O, çoxsaylı təbriklər almış, mitinq və paradlarda iştirak etmişdi. Nadir hallarda, yalnız xüsusi təntənəli mərasimlərdə onun yanında Birinci də peyda olurdu.

Uzun illər xarici ölkələrdə yaşadı, qayıdanda isə xeyli dəyişikliklə qarşılaşdı. Artıq fotoşəkildə əks olunmuş saqqallı filosofların yarısı yox idi. Hətta onların soyadları da qadağan olunmuş, yalnız lənətlənmiş kimi anılırdı. Təkcə vaxtında ölmüş qıyıqgözlü, keçəl qoca bu aqibətdən yayına bilmişdi. Onu Tanrı-Ata adlandırmışdılar ki, Birinci-Oğlunu elan edə bilsinlər, hərçənd, Qocanın vəsiyyətnaməsini Birincinin dəyişməsi mövzusunda güclü şayiələr gəzirdi. Şəkildəki filosofların sağ qalanları inanılmaz dərəcədə dəyişilmişdilər; saqqallarını kəsmiş, qocalmış, kədərli abırsızlığa köklənmişdilər. Amma Birinci onlardan öz qartal baxışını əsirgəmir, zamanla növbəti qurbanını caynağına keçirirdi. Qalanları acizliklə sinələrini döyür, xorla günahlarından tövbə edirdilər.

Evində heç iki həftə yaşamamış Rubaşov xahiş etdi ki, ona ölkə xaricində hansısa iş tapşırsınlar. “Çox tez toparlandınız” – tütün tüstüsü əhatəsində Birinci ona dedi. Onlar iyirmi ildir Partiyanı birgə idarə etmələrinə baxmayaraq, bir-birinə “siz” deyə müraciət edirdilər. Birincinin başı üzərində Qocanın portreti asılırdı, haçansa onun yanında saqqallı filosofların da şəkli vardı, amma indi yox idi. Onların söhbəti uzun çəkmədi, Rubaşov gedəndə isə Birinci qalxıb qəribə və aydınca süni gürünən təntənə ilə onun əlini sıxdı. Rubaşov tez-tez bu təntənəli əlsıxmanın, Birincinin gözlərindəki istehzalı, iblisanə-müdrik kinayənin nə manaya gəldiyi barədə düşünürdü. Hələ də qoltuq ağacıyla gəzən Rubaşov çətinliklə otağın qapısına çatdı, Birincinin onu yola salmaq fikri yox idi. Səhər Rubaşov Belçikaya getdi. Gəmiyə minib bir az sakitləşəndən sonra, yeni tapşırığı haqda düşünməyə başladı. Limanda onu ilk baxışdan xoşuna gələn, Partiyanın yükdaşımada işləyən nümayəndəsi Körpə Levi qarşıladı. O, Rubaşova liman və şəhərin dar dalanlı küçələrini elə qürurla təqdim edirdi ki, sanki onları özü tikib. Onu burada hamı tanıyırdı – yükboşaldanlar, matroslar, fahişələr – hər kəs onunla badə toqquşdurmaq istəyirdi, o isə bütün bunlara cavab verməyi bacarırdı. Onlar bazar meydanına çatanda polis nəfəri ona şən halda göz vurur, fransız dilini bilməyən dənizçilər dostcasına onun kürəyinə şappıldadırdılar. Bütün bunlar Rubaşova möcüzə kimi gəlirdi. Heç bir nifrətdən söhbət gedə bilməzdi, Körpə Leviyə hörmət edir, onu sevirdilər. Bu şəhərdəki yükdaşıma şöbəsinin ideal təşkilatlanması Rubaşovu heyran etdi, təəssüf ki, heç harada bu cür müdafiə olunan birləşmiş qrup rastına çıxmamışdı.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺70,14
₺140,29
−50%
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
240 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
İndirme biçimi:

Benzer kitaplar