Kitabı oku: «Təzə gəlin», sayfa 3
Bu dar cığırda iki yol arasında qalmışdı. Magistral yola çıxsınmı? Yoxsa…
Bilirdi ki, bir daha dünyaya uşaq gətirməyəcək, ana səadətini yaşamayacaq. Ailə körpüsünün təməlində uşaq durur. Uşaq yoxdursa, o ailə körpüsü yanıb kül ola bilər. Uşaqsız evlərin divarları sopsoyuq olur. Uşaq nəfəsi, uşaq təbəssümüdü evləri isidən, isti saxlayan. O da bir həqiqətdir ki, ailə məhəbbətinin özülündə saf, mənalı sevgi olanda onu heç nə uçura bilmir… Bəlkə geri dönüm. Cəmil də həbsxanadan sonra özünə yeni bir ailə həyatı qursun. Oğul-uşaq sahibi olsun.
Axı Vüqarın ölümündən sonra Cəmilə görməzə-bilməzə ərə getmişdi. Elə təzə-təzə bir-birinə isinişir, sevgi yaranırdı ki, bu qara xallı gürzə şəbədə çıxartdı. Sonda da bətnindəki uşaq tələf oldu. Uşaqlığı götürüldü. Cəmil həbs olundu.
Cəmildən imtina etməliyəm. Qoy gedib ailə qursun. Mənim kimi sonsuz qalmasın.
Həyat Cəmillə Vüqarın seçimi arasında qalmışdı. Baxmayaraq bilirdi ki, Vüqar ölüb, o heç vaxt insan kimi qarşısına çıxmayacaq. Nə olsun ki, Vüqarın ruhu qara xallı gürzədədir. Bəs Cəmil?..
Nə çoxdu övladsız ailələr. Amma sevgi dolu ömür yaşayırlar. Odey rayonumuzun baş həkimi. Əlli il xanımı ilə ömür-gün yaşadı.
Həyat xəstəxanada olanda bir qadın söhbət etmişdi: Surxay həkim cərrah kimi rayonda hörmət-izzət sahibiymiş. Bu subay, yaraşıqlı həkimə çox qızlar meyl etsə də ki, onun xanımı olsun həkim qızlara biganə imiş. Həmişə də deyərmiş ki, qismətimi gözləyirəm. Qisməti isə gecikirdi. İllər keçir, Surxay həkimin yaşı ötürdü…
Bir gün xəstəxanaya təcrübə keçmək üçün Bakıdan tələbə bir qız gəlir. Olduqca gözəl olan bu qıza Surxay həkim ilk baxışdan vurulur. Qız da Surxay həkimə biganə qalmır. Çox keçmir ki, sevgilərini bir-birinə açırlar. Nişanlanırlar. El adəti ilə toy edib, ailə qururlar.
Evlilikdən aylar, illər ötsə də uşaqları olmur. Cavan gəlin çox yerlərdə müayinə olunur. Türkəçarə həkimlər donuz qanı, eşşək südü içirirlər. Amma bir çarəsi tapılmır.
Məlum olur ki, sonsuzluq Surxay həkimdədir. Surxay həkim yoldaşına nə qədər boşanaq, get yenidən evlən, uşaqların olsun desə də, yoldaşı onu dəlicəsinə sevdiyini bildirir.
Surxay həkim deyir ki, mənə bu qədər bağlısansa, onda bir şərtimə əməl etməlisən, mən sənin uşaqlığını götürməliyəm.
Qadın buna da razı olur.
Onlar qocalıb öz əcəlləri ilə ölənə kimi birgə yaşadılar. Övlad sevgisini evlərində saxladıqları dovşandan, pişikdən aldılar.
…Həyat:
– Cəmil!!! – deyə ah çəkib sızıldadı.
Qara xallı gürzə bayaqdan getmişdi.
* * *
Buralardan çıxıb gedəcəyinə, Cəmilinə yenidən qovuşacağına tələsirdi.
Başını aşağı salıb fikirli-fikirli yoluna davam edirdi. Artıq ilanlardan ayrılandan xeyli vaxt keçmiş, çox uzaqlaşmışdı.
Əsas şosse yola çıxmağına lap az qalmışdı. Birdən hiss etdi ki…
Arxadan kimsə donunun ətəyindən dartdı. Arxaya çönüb baxdı, kimsə yox idi. Bir neçə addım da atmışdı ki, yenidən donunu dartışdırdılar.
İlan donunun ətəyindən dişi ilə tutub özünə çəkirdi. Ani olaraq Həyat ilanın bu hərəkətinə gülümsədi.
– Bilirəm, mənsiz darıxacaqsan. Amma sən də məni başa düş də… Ərim məni çağırır axı… Burax, gedim.
Gözləyirdi ki, ilan ətəyindən dişlərini buraxacaq, o da yoluna davam edəcək.
Hə, ilan onun buralardan çıxıb getməsini hiss etmişdi. Həyat nə düşünürdü, ürəyindən nə keçirdi, ilana agah olurdu, sanki bir canda yaşayırdılar. Elə bil eyni ruhun daşıyıcılarıdırlar.
Qeyri-ixtiyari ilanın gözlərinə baxdı. Həmişə özünə qarşı orada mərhəmət, yalvarış hissi görmüşdü. İndisə gözlər az qalırdı hədəqəsindən çıxsın. Tez-tez qıvrılıb, açılır, fısıldayırdı. Bu da onun qəzəbli olduğundan xəbər verirdi.
Həyatsa ilanın sakitləşəcəyini, donunun ətəyini buraxacağını gözləyirdi ki, yoluna davam etsin.
…İlan onun güllü donundan iti dişlərini çəkib, elə həmin andaca ayağına dolaşdı. İlanın sopsoyuq bədəni elə bil buz parçası idi. Ayağına dolanan bədəniylə onu sıxmağa başladı.
Sandı ki, topuğundan arı sancdı. Elə həmin andaca ilan ayağından sürüşüb düşdü. İlan etdiyi hərəkətindən utanırmış kimi tez-tələsik düz cığırı əyri-üyrü gedərək yaxınlıqdakı tut ağacının koğuşuna girdi.
İlan onu sancmışdı, ayağından sısqa qan axırdı.
Boxçası əlində, gözləri ilanın gizləndiyi koğuşa dikilib qalan Həyat yerində donub qalmışdı. Handan-hana ayılan kimi oldu. “Bu da ilanın etibarı…” – deyib təəssüfləndi. Nənəsinin bir zamanlar dediyi zərb-məsəl bu yerdə qulaqlarını cingildətdi: “Bala, ilanın ağına da lənət, qarasına da…”
Tezliklə xəstəxanaya çata bilməsə, Allah bilir necə olacaq?! İndi beynində bircə fikir dolaşırdı. Tez evlərinə qayıdıb bu acı xəbəri doğmalarına çatdırmaq…
…Anası həyətdəki artırmada oturub qızının getdiyi torpaq yola baxırdı. Bayaqdan boş olan yolda birdən insan qaraltısı göründü. “Bu gələn kim ola, bəlkə, qızımdı?” – deyib pıçıldadı. Qaraltı yaxınlaşanda yanılmadığına sevindi.
Amma qızının qaçaraq geri qayıtmasından ananın içində narahatçılıq bir az da artdı. Həmin andaca nəyinsə baş verdiyindən şübhələndi. Yoxsa qızı getmək fikrindən daşınıb? Bəs niyə qaçaraq gəlir. Qara-qura suallar, nidalar başında dolaşdı.
Qızı ona yetişəndə tövşüyürdü, təlaş içindəydi. Alnında tər damcıları puçurlanmışdı. Yanaqları pörtmüşdü.
– Məni ilan çaldı! – deyib anasının qucağına yıxıldı.
Qızı huşunu itirən kimi olsa da, ana tez-tələsik təskinlik verdi:
– Səbirlə danış! De görüm nə baş verib?!
– İlan!.. İlan topuğumdan çaldı.
Bir andaca anası qıyya çəkdi.
Qonum-qonşu axışıb gəlincə Bəhmən müəllimin Qaz-21 “Volqa”sı həyətdə göründü. Tez Həyatı “Volqa”nın arxa oturacağına uzadıb xəstəxanaya tələsdilər.
Bəhmən müəllimin “Volqa”sı xəstəxanaya çathaçatdaydı. Həyatın ayağının şişisə dizə qədər yayılmışdı. Flora bacı rezin iplə diz hissədən ayağı boğmuşdu ki, zəhər sürətlə yayılmasın.
Həyat şişmiş ayağına baxdıqca daxildən qorxu hissi keçirir, həyacanlanırdı. Artıq halı da ağırlaşırdı; başı gicəllənir, ürəyi bulanırdı.
Həkimlər zəhər əleyhinə iynə vurub, bir neçə qabaqlayıcı tədbirlər görsələr də təəssüf ki, gecikmişdilər. İlanın dişləri topuqdakı sümüyə toxunduğundan, zəhər də sümüyü, qanı çürüdürdü.
Bayaqdan İsgəndər dayının “Zis” maşınının kuzovunda gələn qohumlar xəstəxananın həyətində toplaşıb təşviş içindəydilər. Hər içəridən çıxan həkim, tibb bacısını görcək Həyatın halını xəbər alırdılar. Ümidli xəbər gözləyirdilər. İnanırdılar, həkimlər çarəsini qılacaqlar.
…Həkimlər konsiliuma yığışmışdılar. Son qərarı baş həkim Soltan Həsənli verdi:
– Dərhal Cərrahiyyə şöbəsində əməliyyat stolu hazırlansın. Ayağı dizdən amputasiya olunsun. Başqa çıxış yolu yoxdur, xəstəni itirə bilərik.
Cərrah Namiq baş həkimin verdiyi qərarın təcili icrasına başladı.
Həyatın dizdən aşağı ayağı kəsildi və o reanimasiya otağına yerləşdirildi.
Əməlliyyatdan neçə gün keçsə də o hələ də ayağının kəsildiyini bilmirdi. Biləndə ki, ayağı dizdən aşağı yoxdu fəryad qoparıb, nalə çəkdi. Gecə-gündüz ağladı. İlana lənətlər yağdırdı. Taleyinə qarğıdı. Sonra da başına gələn bu qəzayla barışmalı oldu.
* * *
Yatdığı palatanın pəncərəsi xəstəxananın bağına açılırdı. Hər gün qoca bağban bağdakı cürbəcür gül kollarına, meyvə ağaclarına qulluq edirdi. Elə həvəslə işləyirdi ki, gördüyü işdən zövq aldığı görünürdü. Ahıl yaşda şux qalmasının səbəbi də, bəlkə elə bu idi. Onun belə həvəslə, gümrahlıqla işləməsi Həyatın qəlbini duyğulandırırdı. Düşünürdü ki, qocanın yaşamaq, yaratmaq eşqi necə də güclüdür. Demək cismi qocalsa da ruhən cavandır.
O da innən belə əlil sayılır. Özünə qapanıb yaşamaqla ömrünü çürüdə bilər. Məsrəfli bir işin qulpundan yapışıb özünü bədgümanlıqdan xilas etməlidir. Axı həyat mübarizə meydanıdır. Özüylə döyüşlə nəyəsə nail olmaq olar. Bax, bu qoca özünə bu yolu seçib ki, qocalığa qalib gəlib.
Qoca bağban bağdakı hər kola, hər ağaca, xırda bir çiçəyə də doğma övladı kimi baxır. Özü də çox yaxşı bilirdi ki, hansı xəstələnib, hansı su istəyir, hansı dibinin bellənməyini gözləyir.
Bağın loğmanına çevrilmişdi bağban. Əlinin qabarı ilə bu məkanda cənnət yaradıb. Baxdıqca göz oxşayır, qəlb dincəlir. İnsanın ağrı-acısı, yorğunluğu canından çıxır.
Həyat hər gün qocanı beləcə görürdü. İndi də qoltuqağaclarına söykənərək pəncərə qarşısında durub bağa tamaşa edirdi. Bağdan gələn xoş ətir ruhunu oxşayırdı.
Qoca da bu gəlinə mehrini salmışdı. Hər gün salamlaşar, halını xəbər alardı. Maşallah, gəlin də bu çiçəklər kimi günü gündən təravətlənirdi. Elə bil neçə gün öncə pəncərədən məyus baxışlı, solğun bənizli birisi deyildi.
Qoca pəncərə qarşısına gəlib həmişəki kimi Həyatın müalicəsini soruşdu. Sonra da:
– Qızım, səbirli ol. – dedi. – Allahımız hər bir bəndəsini bir cür sınağa çəkir. Eşitmiş olarsan deyirlər bu dünya fani, sınaq meydanıdır. Gərək bütün çətinliklərə sinə gərəsən. Sənə verilən bu qısa ömrü elə şərəflə, şərafətlə yaşayasan ki, ötüb keçmişə baxanda xəcalət çəkməyəsən. O dünyanı bu dünyada qazanasan. Yaxşı əməlinlə cənnətlik olasan. Ümidini üzməyəsən. Şükür edək yaşadığımıza.
– Nə deyirəm, ay baba? – deyib gülümsədi.
Ona çox ayaq üstə durmağı Namiq həkim icazə vermirdi. Buna görə də Qoca ilə sağollaşıb çarpayısına tərəf getdi. Qoltuqağacların stola söykəyib və bir xeyli də onlara baxdı. Həmin anlar düşüncəsində dolaşan fikirləri dedi:
– Ömürlük yoldaşlıq edə biləcəksinizmi mənimlə? – Qoltuqağacları canlıymış kimi sual etdi.
* * *
Həyat yenə pəncərədən bağa baxırdı. Xəstəxananın bağında qoca bağban gözə dəymirdi, heç səsi də gəlmirdi. Deyəsən, nahar fasiləsinə çıxmışdı. Onun istirahət məkanı bağın ən kölgəlik yeri – tut ağacının dibi olduğundan pəncərədən görünmürdü.
Həyat qayıdıb yatağına uzanmışdı ki, bir bülbül pəncərənin qarşısındakı cavan budağa qonub bir-iki ağız cəh-cəh vurdu. Sonra fasilə verib səsinin cavabın almadığından aramsız olaraq cəh-cəh vurub, özünü yeyib-tökürdü.
Bülbül yarını haylayırdı. Yarsa gəlib çıxmırdı ki, çıxmırdı.
– Ay yazıq, sən də mənim kimi yar sorağındasan? Bəlkə, mənim yarım kimi sənin yarın da qəfəsdədir, sənə yetişə bilmir. Eh… bülbül, ilan məni çalmasaydı, bu hala düşməsəydim, indi Cəmilimin yanında olardım. Onun biş-düşün edər, paltarlarını yuyardım. Nazını çəkərdim. Gecələr də onun isti qucağına sığınardım… İndən belə bu şikəst ayağımla hara gedib çıxa bilərəm? Şikəst, uşaq doğa bilməyən arvada kim sahib durar?
* * *
Şirin yuxu tapmışdı. Ağappaq mələfəni sinəsinə çəkmişdi. Mələfənin üstündən yumru qarnı, qabaran döşləri üç təpəcik kimi görsənirdi. Uzun saçları yastığa yayılmışdı. Başını sağ tərəfə – qapı tərəfə əyib mışıl-mışıl yatırdı. Üzündə bir giley, nigarançılıq yaşanırdı. Rəssam fırçası gərək idi bu halı çəkə. Dahiyanə əsər yaranardı.
Həmişə çox oyaq yatırdı. Adi bir pıçıltıya, xışıltıya da oyana bilirdi. Amma bu dəfə elə bil əcəl yuxusuna getmişdi…
Bayaqdan başı üstündə durmuşdu. İllərin həsrətini, nisgilini doydurmaq üçün tamarzı-tamarzı baxırdı. Yanaqlar, dodaqlar, qaşlar, gözlər, saçı… – hamısı qoyub getdiyi kimi idi. Yox, saçına orda-burda dən düşəni var. Odey bir, iki, üç… Təzə-tər, ətir qoxulu saçlar idi. Getdi o günlər. Gecələr bağrına basıb atəşli eşqin dadını çıxarardılar…
Alma yanağından öpdü. Dodaqlarından şirin öpüşünü aldı.
…Öpənin isti nəfəsi yanağından, dodaqlarından keçib boyun-boğazında dolaşanda o, kal yuxusundan oyandı. İstədi gözlərini aça ki, bu zaman kobud əllər gözlərini bağladı. Hə, bu kişi əlləri idi. Əllər qurumuş taxta parçası kimiydi. Daş kimi möhkəm idi əllərin içi. Qabarlı, düyünlü olduğun hiss etdi.
– Kimsən? Niyə gözlərimi bağladın? – deyib yazıq-yazıq dilləndi.
Əllərin sahibi dinib-danışmadı. Həyatı nigarançılıq bürüdü.
– Ürəyim üzüldü axı… kimsən?
– Mənəm, gülüm, sənin Cəmilin! Gəldim! Sənin tilsimin, sehrin çəkib gətirdi. Son günlər qəribə yuxular görürdüm. Sən demə, nigarançılığım əbəs deyilmiş… – deyərək əllərini gözlərindən çəkdi.
Üzünü görməmiş, səsindən tanıdı. Mürgülü gözlərini döyə-döyə çaşqınlıq içində Cəmilə baxırdı. Elə bir layiqli söz tapmadı ki, heyrətini, sevincini bildirsin.
– Cəmilim!.. – deyib qollarını onun boynuna sarıdı.
Tibbi bacıları, həkimlər qapı ağzında durub heyran-heyran onlara baxırdılar.
Həyatın amansız sınaqlarından üzüağ çıxmışdılar. Sevincdən qoşa qanad taxdıqları anlar idi. Sanki indi uçub göylərin ənginliklərinə qalxacaqdılar – sonsuzluqlarda yaşamaq üçün.
* * *
Daş karxanasındakı ağır iş şəraiti Cəmili çox arıqlatmışdı. Dolu sifətindən, bəstə boyundan əsər-əlamət qalmamışdı. Həbsxana həyatı onu rəndələyib bu hala salmışdı. Saçları çallanmışdı. Kələ-kötür qabarlı əlləri onun çəkdiyi işgəncələrdən xəbər verirdi.
Həkim demişdi ki, kəsilən ayağında mazollaşma başlayan kimi evə buraxacaqdı. Hər gün Cəmil səhərdən axşama kimi Həyatın qulluğunda dururdu. Hər bir nazını çəkməkdən zövq alırdı. Daş karxanasında qazandığı pulla ona hər gün təzə güllər alıb gətirir, sevgilisini oxşayırdı.
Hardansa tapıb gətirdiyi kolyaskada – əl arabasında onu otuzdurub həyətə düşürürdü. Qoca bağbanın becərdiyi baxçaya gəlib şirin söhbətlər etməkdən doymurdular. Saatlarla bir yerdə olduğu anlarda bir dəfə də olsun Cəmilin əlini buraxmazdı. Sanki qorxurdu ki, əlindən çıxıb gedər və bir daha onu tapa bilməz.
Qoltuq ağacları istirahət edirdilər. Cəmil onun dayağına çevrilmişdi.
– Həyatım, Bakıda protez ayaqlar düzəldirlər. Gedərik orada ayağını bərpa edərik. Deyirlər, elə yaxşı olur ki, onu geyənin şikəst olduğu da bilinmir. Qoltuq ağaclarından da canın qurtarar – sonra sözünə ara verib, yenidən-Bəlkə köçüb gedək Bakıda yaşayaq hə?..
Həyat çiyinlərini çəkdi. Cəmil həmin an yarının gözlərinə qonan çəni gördü. Sanki indi yağışa çevrilib yağacaq. Tez əlil arabasının yönünü dəyişib qızılgüllər olan yerə sürdü. Qızılgüllərdən dərib onun saçlarına düzdü.
Həyat Cəmilin bu dəcəlliyindən şaqqanaq çəkib güldü.
– Eh, Cəmil, dəyişməmisən, elə həminkisən! – deyərək Cəmilin əlini sinəsinə yaxınlaşdırdı, sonra da güclə eşidiləcək səslə pıçıldadı. – Darıxmırsan ki, bunlara yetişmək üçün?..
– Şahzadəm… sən özün elə gülsən də. Görmürsən, güllər də sənə qısqanclıqla baxırlar?! – deyərək onun dodaqlarından öpdü.
– Bəsdir də… – Desə də elə istəyirdi ki, bu an Cəmilin qoynunda ola.
* * *
Cəmil bayaqdan getmişdi. İndilərdə gəlməli olsa da hələ yox idi. Gedəndə demişdi ki, Bakıda yaşayan həbsxana yoldaşı Vidadiyə zəng edəcək. Vəzifə sahibi olub. Şərləyib onu da tutdurmuşdular. Gözəl insandı. “Mənə Bakıda bir iş tapmasını xahiş edəcəm. Köçüb gedərik buralardan. Yoxsa sənə çətin olacaq”.
Həyat Cəmilin yolunu gözləyə-gözləyə qoltuq ağaclarına söykənib ayağa durdu. Pəncərə qarşısına gəldi.
Qoca bağban bayaqdan qızılgül kolları arasına başın soxub eşələndikcə nəsə danışırdı. Dediyi sözləri ayırd edə bilmirdi. Nəhayət güllü parçaya bükülü nəyisə götürüb qucağına aldı.
– Lənətə gələsiniz sizi. Dünyaya gətirdiyinizə sahib çıxmayacaqsınızsa, niyə?.. – deyərək kiminsə qarasına acı söyüşlər yağdırdı.
– Baba, o nədi elə?
– Bir neçə günlük çağadı. Atıb gediblər. Aparım doğum şöbəsinə verim, çarəsini onlar bilər. Görünür gecədən atıblar. Dünən buralarda olmuşam, yox idi. Yazıq körpə indi ac olmuş olar.
– Uyy… baba, yazıq, binəva. Nə günahın sahibidir o…
Həyat içindən bir ah çəkdi. Tamarzı qaldığı uşaq…
– Baba, bu hadisəni kimsəyə demə, ver, mən saxlayım. Mənim də övladım olsun. Noolar, hə!..
– Olarmı, qızım elə şey? Sən yazıq nə gündəsən?
– Ver, baba, ver, bağrıma basım. Mən də sinəmdə uşaq qoxusu hiss edim. Noolar!.. Ver!.. Ver!.. O mənim körpəm, balam olsun. Cəmilimə ata desin.
Həyat yalvarırdı. Elə bil havalanırdı. Özündə, sözündə deyildi.
– Allahın bəxşişidi, baba, mənə göndərib. Cəmilimə şad xəbərim bu olacaq. Bax, indilərdə Cəmilim gələcək. Sabah evimizə körpəmizlə gedəcəyik. Yox, yox, evimizə yox. Cəmillə, körpəmlə uzaqlara gedəcəyik. Bakıda iş tapmasa, daş karxanası deyilən yerə gedib, lap orada yaşayarıq.
Qoca söz tapmadı desin. Eləcə pəncərədən uşağı ona uzatdı.
17.03. 2018.Atakənd (Bakı). Gözətçi Odası
Ücretsiz ön izlemeyi tamamladınız.