Kitabı oku: «Bir səsin faciəsi»
ƏZİZƏ CƏFƏRZADƏ
BİR SƏSİN FACİƏSİ
Roman
I HİSSƏ
Çayın qırağında bir gəlin paltar yuyurdu. Şirvanın, Şəkinin ağ ipəyindən tikilmiş incə, gözəl uzunluqları, müxtəlif, əlvan üst geyimlərini, qadın və kişi paltarlarını Kürün suyundan bir qədər də durultduğu, qazan asıb isti su hazırladığı bu yerdə paltarları suya çəkdikdən sonra yanındakı on dörd-on beş yaşlı qız həmin sıxılmış paltarları alıb aparır, kolların, təzə, yaşıl otların üstünə sərirdi. Qız özü paltar yumasa da, anasından aldığı yaş paltarlar sinəsini, qollarını islatmışdı. Əynindəki nazik geyim bədəninə yapışmışdı, cavan qız bədəninin qabarlıqlığını büruzə verirdi. Beləcə, anayla balanın başı paltar yumağa, sərməyə elə qarışmışdı ki, bəlkə, uzaqdan gələn at ayağının tappıltılarını eşitməmiş, eşitsələr də, əhəmiyyət verməmişdilər. Başları ana-bala söhbətlərinə qarışmışdı. Gülüşürdülər, danışırdılar. Nədənsə, deyəsən, qarşıdakı yaz bayramından, gələn Novruzdan danışırdılar. At ayağının tappıltıları lap yaxında eşidiləndə hər ikisi işindən ayrılıb döndü, baxdı, gələn Salman ağanın oğluydu. Lap o təzəcə çıxan mahnılardakı kimi altında boz at, çiynində tüfəng, əlində tatarı, altında boz at, əlində tüfəng, belində qatarı… Qəribə, gözəl, minici heykəli kimi atın başını çəkib yanlarında dayananda qız başını aşağı saldı. Amma ananın ürəyi qopmacaya düşdü. Xeyli vaxt idi ki, ağa oğlunun qızına göz qoymasından dalağı sancmışdı. Hiss eləyirdi ki, ağa oğlu onun bircəsinə, onun naziyinə, incəsinə göz dikib. Qorxuluydu bu. Elə indi bu qorxu bütün vücudunu elə sardı, bütün hüceyrələrini elə üşütdü ki, bayaqdan paltar yuduqca canının, geyiminin islandığını duymayan, bundan sərinlikdən başqa heç nə hiss etməyən qadın indi əsim-əsim əsdi. Elə bil əyin-başı buza döndü. Günün, o qızmar günəşin altında bədənindəki bu gizilti, bu soyuq üşərti onu taqətdən saldı. Diz üstə çay daşlarının üstünə düşdü. Oğlan atdan düşmədi. Qamçısının ucuyla qızın yaş bədəninə yapışmış köynəyin büküşlərini tərpətdi. Qızın köksündə xırdaca-xırdaca çıxıntılar bəlirdi. Oğlan gülümsədi. İnci kimi cərgə dişləri göründü. Lap zərif qız dişi kimi incəydi. Mavi məxmər çuxasının yaxası dar gəldi ona, bu qabarıq sinə nəfəsini daraltdı. Amma yenə də atdan düşmədi. Eləcə dayanıb baxdı. Ananı görmürdü, elə bil. Amma bu on dörd-on beş yaşlı qızın bütün vücudu ona, “gəl, gəl” – deyirdi. “Al, al, – deyirdi, – al məni, sev məni, götür məni, tərkinə al! Apar böyük dünyamızın o başına. Eşqin, məhəbbətin nə olduğunu dad…”
Dadmamışdı bu cavan hələ, məhəbbətin dadını bilmirdi, ağa oğlu olsa da, qaravaşa, qulluqçuya, kənizə baş çevirən, nəzər salan deyildi. Amma bu qız… Amma bu qız neçə vaxtıydı amanını kəsmişdi. Qızın qara kiprikləri enmiş, al yanaqlarına kölgə salmışdı. Dodaqları titrəyir, ara-sıra da ağa oğlu kimi narın-narın gülümsəyir və o gülümsəyən zaman inci düzümlü dişlər hərəsi bir bahalı mirvari olub oğlanın boynundan asılır, qəlbinə axıb tökülürdü. Oğlana, “bizləri həşləyən o al dodaqlardan öp!” – deyirdi. Oğlan hələ qız üzündən, qız dodaqlarından öpməmişdi. Amma indi… Amma indi yanırdı. Amma indi özü bilmədən, duymadan, bədənini bürüyən bu ehtiras, ürəyini dolduran bu arzu hardan doğurdu, nə idi, nədən yaranırdı? Bilmədən, dərinliklərinə sualla varmadan arzulayırdı, istəyirdi. Oğlan bu hisslər selinin qabağında duruş gətirə, davam eləyə bilmirdi. Qızın anasının qaravaş da olsa, burada olduğunu unutmuşdu.
Birdən atın döşü tərəfindən kiminsə, hansısa yaş əllər qalxdı. Yüyəndən yapışdı, ilan dili çıxardıb yalvarmağa, yovuncamağa başladı:
– Ağa, başına dolanım, ağa, başına dolanım, ağa, başına dolanım, ağa!
Deyəsən, danışmağa, deməyə başqa söz tapmırdı. Axı nə deyəydi? Oğlan onun qızına əl vurmamışdı, oğlan onun qızını tərkinə alıb gen dünyamızdakı uzaqlara, uzaq-uzaq ölkələrə aparmamışdı. Oğlan heç əyilib qızın nəm, günəş altında şəvə kimi par-par parıldayan saçlarına da toxunmamışdı. Oğlan heç o xırdaca qız döşlərinə də əlini uzatmamışdı. Nə deməliydi ona? Nə deməliydi ağa balasına? Ağadı, yoldan keçir, onları görüb dayanıb. Qaravaşdı, kənizdi, qulluqçu qızıdı, xanım deyil ha?! Nəyinə yaraşırdı ağa balasıyla söhbət? Axı nə deyəydi ana?
– Ağa, qurbanın olum. Sadağa gəlim sənə, ağa! Ağa, yalvarıram sənə…
Amma neyçün yalvarırdı? Deyə bilmirdi! Səbəb yox idi. Gözlə görünən hələ heç bir səbəb yox idi. Səbəb olmasa da, and verir, qurban-sadağa gedirdi.
– Səni and verirəm, ağam Əbülfəzlül-Abbasın qələm qollarına. Səni and verirəm, yetmiş iki şühədanın tökülən qanına! Səni and verirəm, atanın, ananın əziz canına.
Niyə and verirdi? Yenə də məlum deyildi. Axı oğlan o yaqut dodaqlara toxunmamışdı. Oğlan yumru, xırdaca zənəxdanlı çənəyə əl vurmamışdı, durna boğazından öpməmişdi. Neynəmişdi axı? Durmuşdu, baxmışdı. Bircə dəfə qamçının ucuyla qızın köynəyinin üstündən harasa, nəyəsə, zarafat eləmişdi, toxunmuşdu. Qamçının ucuyla. Oğlan bir qədər… Bir qədər də baxdı. İndi artıq ana yalvarışları onu xəyaldan, gözəllik seyrindən ayırdı. İçərisində kiməsə, nə isə etiraz etmək, nəyəsə lənət oxumaq istədi. Bayaq o zərifcə toxunan qamçını atın sağrısına endirdi; at əvvəlcə şahə qalxdı. Qadın diksinib gerilədi, gerilədi, müvazinətini saxlaya bilməyib yerə yıxıldı.
Oğlan şahə qalxmış atı döndərdi və dördəmə1 çapıb uzaqlaşdı. Hara getdi? Bilmirik. Amma biləcəyik.
Anayla qız paltarları necə yuyub qurutdular, nə vaxt yığışdılar, evə necə döndülər, bilmirik. Amma biləcəyik. Ana yol boyu bircə balasına bir söz dedimi, demədimi? Nələr dedi? Bilmirik. Amma biləcəyik. Darıxmaq lazım deyil. Axı hadisələrin, hekayətimizin ilk addımlarında, başlanğıcındayıq.
Bəs Hacı Salman ağa kim idi? Cavad qəzasının ən tanınmış, ən məşhur şəxslərindəndi. Allah dövləti təpəsindən leysan, dolu kimi tökmüşdü. Sürülərlə qoyunu, dənizdə balıq tutan gəmiləri, kallahda dəvələri, ilxıda atları, naxırda inəkləri, camışları. Bir sözlə, Allah ona dünyada hər nə varsa, vermişdi. Bir övladdan başqa. Allah ona var-yox bircə oğul vermişdi. Qız övladını övlad hesab eləməyənlər dünyasında bu bircə oğul yeganə sevinciydi, fərəhiydi. Salman ağa boynuna həcc gəlsə də, səhhətinə görə, hələ ki, Məkkə zəyarətinə gedə bilmirdi. Arvadı Şahnisə xanım elatda xanımlar xanımı sayılırdı. Gözəldi, yaşına görə xeyli cavan görünürdü. Ərinin fərəhinə, sevincinə, olmayan dərdinə şərik arvaddı. Salman ağanın dövlətinin artmasında Şahnisə xanımın çox böyük əməyi, zəhməti vardı. Həm çalışqanlığı, həm təsərrüfatçılığı, həm də yığıcılığıyla. Xüsusən, gətirdiyi cehizlə – atasından sonra ona qalan irslə. Zəmanənin qəribə dövrünü yaşayırdılar. Daha doğrusu, qəribə zəmanədə yaşayırdılar. Bu zəmanədə arvad sözü o qədər də keçən, həlledici olmurdu. Amma Şahnisə xanımın sözü Salman ağanın yanında ötgün idi. Ötkəm arvaddı özü də. Bircə oğulları, bircə balaları hər ikisinin ümidi, gələcək varisləriydi. İnsafən, oğlan da yaxşı oğlandı. Balacalığından at minən, tüfəng atan, ovda ovçuların önündə, çapışmada yarışanların qabağında, rəqs edənlərin ortasında, mollaxanada ən yaxşı şagirdlərdəndi. Adını həm islamca ağır hesab olan Səfər ayında doğulduğundan, həm də bu adın Salman ağanın dədəsinin adı olduğundan Səfər qoymuşdular. Səfər ağa. Körpəliyindən hamı ona Səfərağa deyirdi. Gözəl idi. Surətdə Salman ağa demişkən, anası Şahnisə xanıma çəkmişdi. İgiddi. “Xas igid dayısına oxşar”, – demişlər. İgidlikdə də anasının böyük qardaşına bənzəmişdi. O böyük dayısına ki, vaxtında qan davasının qurbanı olmuşdu. Hərdən-hərdən Şahnisə xanım matdım-matdım oğluna baxar, dərindən ah çəkər, gözləri dolar, “İrağ-irağ, elə bil bədbəxtin özüdü, durub Allah saxlamışım. Torpağı sanı yaşayasan, bala!” – sözlərini ürəyindən keçirirdi.
Böyük təsərrüfat böyük qayğı və çoxlu xidmətçi istər. Qul, qaravaş, nökər-naib, qulluqçu-günəmuzd Salman ağanın həyətində qaynaşırdı. Çobanlar, naxırçılar, dəvəçilər, balıqçılar, ilxıçılar. Aləmdi. Bunların hamısını idarə eləyənlər var idi. Şahnisə xanıma evdə bir neçə kəniz, qaravaş xidmət edirdi. O cümlədən bir az əvvəl çay qırağında gördüyümüz Gülsənəm. Qonşu Arbatan kəndindəndi. Əri öləndən sonra qucağındakı körpə qız uşağıyla birlikdə Salman ağa onu kattalarına2 gətirtdirmişdi. Kattalar arayıb, axtarıb çarəsiz, ərindən sonra ərə getməyən, dul qadınları, iş-güc bacaran, ehtiyacı olan arvadları tapır, buraya işə gətirirdilər. Özü gələnlər də olurdu. Gülsənəmin var-yoxu, gözünün ağı-qarası bircə qızıydı. Bircə qızdı Reyhan! Reyhan kimi ətirli, reyhan kimi göz oxşayan, reyhan kimi otların, çiçəklərin gözəli. Gülsənəm dul idi, dedik. İlki qucağında heç qırxı çıxmamış, cavan, cəsur ərini itirmişdi. İtirmişdi deyəndə ki, kişi dənizdə tufana düşmüşdü. O məşum gecə Xəzərdə balıqçıların bir neçə qayığı batmışdı. O qayıqların da birində Gülsənəmin əri Baxtıkəm batmışdı, Baxtıkəm. Əslində, Bəxtiyar idi adı. Amma indi heç kəs ona Bəxtiyar demirdi. Baxtıkəm deyirdi hamı. Öləndən sonra Bəxtiyardan Baxtıkəmə çevrilmişdi. Gülsənəm öz Bəxtiyarından sonra gəlin bəxtiyarlığını itirmiş, bütün həyatını qızına, sevgili ərinin bircə yadigarına həsr etməyi qərara almışdı. Heç olmasa, o görmədiyini qızı görsün, düşünmüşdü. O çəkənləri qızı çəkməsin. Ərinin qırxı çıxan kimi “el ağzı, çuval ağzı” açılmış, istəyənlərin, qapının dabanını çıxardanların hamısı rədd cavabı almışdı. Cavan gəlinin, qucağı bir körpəli qadının bu “yox” cavabı zəmanəsinə görə qeyri-adiydi. Nəylə dolanacaq, necə yaşayacaq, gecənin birində evinə “baş çəkmək” istəyən bir harının, qanmazın qabağını necə alacaqdı? Düşünmüşdülər. Bax, elə bu kimi səbəblərə görə də gəlib çıxmışdılar Salman ağanın evinə. Elə gətirmişdi ki, Salman ağanın evində Gülsənəmin bircəsi, balaca Reyhan Şahnisə xanımın sevimli “pişik balası” kimi böyümüşdü, evin pişik balası kimi. Xanımın oyuncağı kimi. Çox vaxt südünü də, çox vaxt başqa yeməklərini də Şahnisə xanım özü əylənə-əylənə verərdi. Uşağı anasına yaxın qoymazdı, deyərdi:
– A-a-az sən get öz işinə, işüvü-gücüvü gör. Nöyşün var bu küçüknən? Qoysanam bu at belində getmiş qalıb bizdə.
Ürəyi əssə də, balasından ayrı dözmək mümkün olmasa da, Reyhandan ayrı dura bilməsə də, Gülsənəm məcbur idi. Xanımın sözündən çıxa bilməzdi. Özü qulluqçuların arasında haradasa, imarətdən, xanımın otaqlarından aralı yatıb-dururdu. Ona qulluqçulardan bəxtəvərlik verən də vardı. “Reyhanın sağ əli yetimçələrimin başına” deyən də vardı. “Bəxtəvər xanımın yediyindən yeyir, geydiyindən geyir, qucağında da yatır. Böyüyəcək, səni də bəyənməyəcək, bizi də…” “Hə, elədi. Xanım ondan doyub yanbızına bir təpik vurub nökər-naib içinə qovandadı tamaşa…” Gülsənəm bu sözləri cavabsız qoyurdu. Amma ürəyi orada qalırdı. Orada qalırdı… Orada… O görünən binada. İş-güc başından aşsa da, bilirdi ki, yeməyi də var, bilirdi ki, büzüşüb Şahnisə xanımın dizləri dibində başını xanımın doqquz dənə üstdən-üst geydiyi gen tumanın bir balağına söykəyib yatıb. Şirin-şirin, mışıl-mışıl yatıb. Amma genə də canı orada qalırdı. Təkcə gecələr… Reyhanı götürüb aparar, qucaqlar, cavan gəlin məməsinin üstünə basar, Bəxtiyarın, talesiz Baxtıkəmin iyini, ətrini ondan alardı. Nə qədər ağır idi bu. Çox ağır idi. Gülsənəm Baxtıkəmin dərdini ancaq Reyhanın gözlərini görəndə, şəvə saçlı başını sinəsinə sıxanda unudurdu. Yox!!! Unutmurdu. Onda da unutmurdu. Amma təsəlli tapırdı. Bir azacıq təskinlik tapırdı ki, heç olmasa, bircə yadigar qalıb onu qarsalayan o sevgidən.
Salman ağa oğlu Səfərin bütün arzularını yerinə yetirirdi. Heyvanatda at qisminə olan maraq və həvəsini bilirdi. Odur ki, Qarabağdan sorağını aldığı məşhur “xanlıq” atlardan birini oğlu üçün almaq istədi. Amma Salman ağaya dedilər ki, “Xanlıq atları” satılmır, onları ancaq qohum-əqrabaya, xanların qohumlarına, yaxud məşhur şəxslərə hədiyyə verirlər. Ona görə də Salman ağa çox böyük çətinliklə də olsa, Qarabağa gedib xan övladlarına qonaq oldu. Neynədi, neynəmədi, bilmirik, amma oradan “Göyərçin” adlı boz, mavi, qara xallı gözəl bir atla qayıtdı. İki göz də gərək satın alaydın bu ata tamaşa eləməyə. Oğlan atın həvəsinə o qədər çalışırdı ki! Özü yedirir, özü çimdirir, özü qaşovlayır, özü tumarlayır, başlıcası üstünə bir an da olsa, heç kimin minməsinə razı olmur, suya da özü aparır, özü sürürdü. Nökərlərə etibar eləmirdi. Cibinə tökdüyü kişmişdən, bəzən ləbləbidən… Ata az qala gözünün yağını yedizdirirdi. O zaman cavan oğlanlar dəbdə olan al, yaşıl, abı məxmərdən çuxalar geyərdilər. İllah da dövlətli balaları, çuxaların dövrəsinə, kənarlarına, ətəyinə, qolağzına, yaxasına, belinə bafta tikdirərdilər. Cavanlar at üstündə par-par yanardılar. Amma boz, qara xallı “Göyərçin” gələndən sonra Səfər özünə boz mahuddan çuxa tikdirdi. Çuxanın ətəyini, yaxasını, qollarının qolçaqlarını gümüşü baftayla bəzətdirdi. Boz gümüşü Buxara dərisindən papaq tikdirdi. Atın yəhər-yüyəninə bəs deyincə gümüş nəsb elətdirdi. Bu libasda, bu yəhər-əsbabla atı minib uzaqdan görünəndə, elə bil gümüş heykəl gəlirdi. Günəş altında gümüş kimi parıldayan heykəl. Günəş altında gümüş yanırdı, min bir rəng çalırdı, göz qamaşdırırdı. Amma ürək oxşayırdı, eyni zamanda qəlb yandırıb-yaxırdı. Bu ərimiş gümüşdən tökülmüş boz heykəl Cavad mahalının gah bu, gah başqa yerində görünür, görənləri sevindirir, qəlbləri fərəhləndirirdi. Salman ağanın, Şahnisə xanımın ona baxmaqdan doymaq bilməyən ürəkləri əsirdi. “Allah əsirgəsin, yaman gözlərə şiş batsın, bəd nəzərdən uzaq olsun” deyə üzərlik üzərlik dalıycan yandırırdılar. Səfər boz atdan enəndə təkcə “Göyərçin” ağasının – Səfərin deyil, “Göyərçin”in özünün də başına üzərlik dolandırırdılar. Qurban sadağa gedirdilər. Nəzər duası yazdırıb boynundan asırdılar. Bununla da, ürəkləri soyumurdu. Gümüş işləməli yəhərin tapqırına da Mirmahmud ağaya dua yazdırıb bağlamışdılar. Bir sözlə, Səfər də, “Göyərçin” də dildən düşmürdü, ağızlarda nağıla dönmüşdü, göz qabağından getmirdi. Çox cavan ürəkləri titrədirdi. Qızların ürəyi əsirdi. Tanınmış ailələrin qızları, bəlkə də, pərdə dalından, pəncərə qapısı arasından Səfəri izləyir, bir zaman həmin bu gümüşdən tökülmüş heykələ bənzəyən atlının atına minib gəlin gedəcəyini gözləyirdi. Bu indi beləydi. Amma o zaman, o zaman Səfər hələ uşaqdı. Amma uşaq da olsa, kişi sayılırdı. Necə deyərlər, “tərəkəmənin uşağı əli tuburğı2 tutan gündən kişidi”. Səfəri də elə kişi kimi böyüdürdülər. Gələcək ağa, mülk-madar sahibi kimi.
Onu bir az mollaxanada oxutmuşdular. Bir az tüfəng təlimi almışdı. Bütün bu təlimlərdən bircə at – minici təlimi ürəyinə yatırdı. Balacalığından at belində böyüyürdü. Şahnisə xanımın əvvəllər həyəcanı, narahatlığı sonralar Səfərin at belində gəlişini, gedişini görəndən sonra azaldı. Oğlanın günləri cıdırda, dostları ilə çapış yarışlarında, ovda keçirdi. Amma hər halda hərdən-hərdən evdə, ana dizinin dibində oturduğu dəqiqələr, nağıllı, tapmacalı saatlar da olurdu. Belə saatlardan biri də, hə… Elə məsələ burdan başlayır. Şahnisə xanımın ilk gündən “pişik balası” adlandırdığı Reyhan, Şahnisənin qayğılarıyla, yaxşı yemək-içməklə tezliklə koppuş bir qıza çevrildi. Ağ maya, balaca kündə, pişik balasının oynatdığı ağ iplik yumağı… Nökər-naib də, qulluqçular da Şahnisə xanımın diliylə ona “pişik balası” deyirdilər. Reyhan adı unudulmuşdu. Bircə Gülsənəm gəlinin ürəyində Baxtıkəmin diliylə qız Reyhan çağrılırdı. Yalnız ana Gülsənəmin ürəyində. Qulluqçu ürəyini eşidən kimdi? Kim eşidib ana ürəyini? Ana ürəyindən keçənləri, arzuları, alqışları kim eşidib? Harda eşidib? Ananın bütün ümidləri balanın boya-başa çatmasına bağlıdır. Ana deyir bunu:
Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Böyü, boya-başa çat,
Kölgəndə mən dolanım.
Əlbəttə, Gülsənəm yaxşı bilirdi ki, qız uşağının nə kölgəsi olacaq? Oğlan deyildi ki. Qız uşağının kölgəsində dolana bilməyəcək Gülsənəm. Düşmən çəpəri deyildi qız, baş qaxıncı, dərd-sər ocağı, duz yüküydü. Amma yenə də, yenə də bu kölgənin böyüyüb boya-başa çatması, bəlkə də, Allah gətirdi, xoşbəxt olması ümidiylə yaşayırdı ana. Ürəyinin bütün arzuları bununla bağlıydı. Qıza “pişik balası” deyənləri içində qınayırdı da: “Gül kimi adı var, amma”… Daha “amma”dan o yana gedə bilmirdi. Heç kəsə də etiraz edə bilmirdi. Çünki bu adı, bu ləqəbi Şahnisə xanım özü taxmışdı qıza. Gülsənəm qulluqçulardan bircəsinə etiraz etsəydi, qorxurdu ki, xanıma çatdırarlar. “Anası xanımın xoşu gəlmir pişik balası deməyimizdən” deyərdilər. Xanım da hirslənər, həm uşağı gözdən salar, həm də ananın öz günü qaralardı.
Qulluqçular qızın koppuş yanaqlarından öpür, arada xəlvətə salıb çimdikləyirdilər. Qız cikkə çəkirdi. Reyhanın səsini eşidən Şahnisə xanım otağın qapısına çıxırdı:
– A-a-a-az, o pişik balası niyə miyoldayır?
– Nə bilim, ay xanım?! Pişik dili bilmirəm axı.
– Nəbilər sənə qənim olsun, necə yanı nə bilim? Uşaq durduğu yerdə ağlamaz ki?
Şahnisə xanımın istəkli qulluqçusu pıqqıldayırdı:
– Ba-a-aşuva dönüm, dərdin mənim bu sağ gözümə gəlsin, xanım, pişik balası uşaq nöş oldu? Özün soruşursan, nöşün miyolduyur, mən də deyirəm ki, pişik dili bilmirəm dayna.
Şahnisə xanım da gülürdü, amma yenə də qızı yanına gətizdirib əlinə şirindən-zaddan bir şey verir, çimdikdən qızarmış yanağını sığallayıb ovundururdu.
Ba-a-ax, elə bu zamandan Səfər bir də gözünü açıb gördü ki, anası bir “pişik balası”ynan oynayır. Və özünün də bu qızla, bu koppuş, güləş qızla oynamaq həvəsi artdı. Oynamaq həvəsi oyandığını duydu özündə. Səfər at minməkdan, tüfəng məşqi keçirməkdən yorulub evə dönəndə, kişi əyləncələrindən qayıdanda “pişik balası”yla oynamağa başladı. Əvvəllər Şahnisə xanım bu əyləncəyə heç fikir vermirdi. Oğlunun öz gözü qabağında daha çox olmağına həvəsiyir, sevinirdi də. Lakin aylar, illər keçdikcə “pişik balası” Reyhan, Baxtıkəmin bircə yadigarı Reyhan, Gülsənəmin bütün ümidlərinin əvvəli və axırı Reyhan böyüdükcə, səkkiz-doqquz yaşına çata-çatmaya artıq yetişmiş qız həddinə can atan, Günəşə ucalan sərv kimi boy atmağa başladıqca, Şahnisə xanımın daxilində hansısa, hələ ad verə bilmədiyi bir hiss baş qaldırdı. Qızdan cəmi üç-dörd yaş böyük olmasına baxmayaraq Səfər özü də boya verdikcə onların ikisini bir yerdə görən Şahnisə xanımın içində nəsə çevrilirdi. Odur ki, günlərin birində Şahnisə xanım Reyhanı birdəfəlik anası yaşayan qulluqçular otağına göndərdi, taxtdan saldı! Artıq Şahnisə xanımın pişiyi yox, Gülsənəm ananın Reyhanıydı.
Səfər mənasını dərindən dərk etməsə də, bu hissin nə olduğunu anlamasa da, qız üçün darıxırdı.
Hərdən-hərdən dal həyətdə qıza rast gələndə ona sataşırdı:
– Ay pişik balası, niyə day gəlmirsən xanımuvun yanına?
Qız qıpqırmızı kəsilirdi. Başını aşağı dikib başındakı yaylığın ucunu didişdirə-didişdirə mızıldanırdı:
– Anam qoymur…
– Neyşə? Neynəmişik anova?
– Heç bir şey.
– A-a-a-a… Onda gəl də.
– Xanım da razı olmur.
– Mənim anam?
Sual cavabsız qalırdı. Əlbəttə, Reyhan Şahnisə xanımın dalınca danışa bilməzdi. Susurdu… Və… Dərhal da qaçırdı. Nökərlərin, qulluqçuların olduğu otağa qaçırdı. Ürəyi çırpına-çırpına. Quş kimi… Quş kimi… Sərçə balası kimi çırpınırdı. Yadına gəlirdi ki, balaca olanda qışda Səfər qarın üstündə cələ qurardı. Ac sərçələr Səfərin cələ qabağına tökdüyü dənə cumardılar, Səfər onlardan, cələyə düşən sərçələrdən birini tutub Reyhana verərdi:
– A-a-a-az, pişik sərçə yeyər dənə… Hazır tutub gətirmişəm səninçün. Ala, ye… Ye! Ye! – deyə az qala ağzına dürtərdi.
Reyhan sərçəni əlinə alar, ürəyinin necə çırpındığını görərdi.
Görmüşdü o balaca ürəyin necə çırpındığını, hiss eləmişdi. İndi özünün ürəyi də cələyə düşmüş o sərçənin ürəkciyi kimi çırpınırdı. Bu dəfə qulluqçulardan biri içəri girdi:
– A-a-a-az, nə soxulmusan küncə? Çıxıb işüvü görsənəm.
– İndi gəlirəm.
– Yo-o-ox… Niyə pörtmüsən? Üstünə qaynar su atıb qovublar?
– Yo-ox…
– Azar ox! Çıx iş-gücüvü gör. Genə pişik balası döyülsən ki, kim isə səni nazlandıra? Elə bilirdin, elə belə keçəcək? Elə bilirdin, yuxa arasında halva var? Həmişə günün toy-bayramda, xanımın balağı dibində, artığıynan yağ içində böyrək olacaqsan?
Başqa bir qulluqçu söhbətə müdaxilə edirdi:
– Bəsdi! Nə istəyirsən qızdan? O neynəsin ki, xanım.
– Çor xanım, dərd xanım! Sən nə mına tərəf tutursan? Atanın qızı, bacundı?
– Allahın fağır bəndəsidi.
– Allah da qənim olsun ona, bəndə də.
– Niyə qarğıyırsan, a dili yanmış?
– Dilin də yansın, canın da.
– Anası elə üç adamcan işləyir. Bəsdi də. Onun əvəzinə də işləyir, öz əvəzinə də. Qızı gözümçıxdıya salma!
– Bəs onda bu gərək bizim üstümüzdə xanım ola? İşləməyə? İş-güc görməyə? Qoy indidən yaxşı-yaxşı bilsin ki, o xanımın heç ayağının tozu da deyil ki, xanımlıq iddiasına düşə. O xanım deyil! İndi heç pişik balası da deyil. Qulluqçudu. Qulluqçu qızıdı!
– Bunu bilirəm, – deyə Reyhan qapı arasından baxıb Səfərin artıq həyətdə olmadığını gördükdə otaqdan bayıra qaçdı. Həmişə belə mübahisələrdən, bu təhqirlərdən uzaqlaşır, gedir, anasının böyrünə cumur, tapşırıqlardan yerinə yetirməyə çalışırdı. Üzülmürdü, gücləndikcə, öyrəşdikcə, alışdıqca anasının ağır işlərini öz üzərinə götürür, Gülsənəmin zəhmətini yüngülləşdirməyə can atırdı. Amma əlbəttə, Gülsənəm də qızını qoruyurdu. Ən ağır işlərdə onun indidən üzülməsini, sınmasını istəmirdi.
– Ay bədbəxt bala, ay bədbəxtin balası bala, hələ ömrün qabaqdadı. Kimə irast olacaqsan? Kimə? Kimə gedəcəksən? Kimə verəcəklər səni? Nə iş gördürəcəklər? Ömrün necə keçəcək, bala? Bilinmir ki! İndidən yük altına girmə bu qədər.
Nökər və qulluqçuların pisi də vardı, yaxşısı da. Yaxşının biri yaxşılara, üzüyolalara ürək-dirək verirdi. Anaya da, balaya da. Yetim qızın, Baxtıkəmin yetim balasının körpəlikdən çox da ağır işə cəlb olunmasına razı olmurdular. Qoruyurdular. Amma kənizlərin içində eləsi də vardı ki, qıza göz verirdi, işıq vermirdi. Elə anaya da:
– A-a-a-az, bu xanızadanı genə nə qorğalayırsan?
– Şahzadaya ərə verəcək. Ona görə. İstəmir ki, əlləri indidən eybəcərləşsin. Vallah, o əllərin də bizimki kimi islahatı qalmayacaq iş-güc əlindən.
– Bizimki kimi bir az bərkiyəndən sonra.
– İnsafınız olsun. Onun əlləri hələ uşaq əlidi.
– Sən Allah, bəsdi. Özüvüzdən hoqqa çıxartmayın. Nə uşaq əli, nə böyük əli? Var, iş görən əl, görməyən əl.
– Bir də can yandıran görür-eləyir, can yandırmayan görmür-eləmir.
– Xanımın pişik balasıynan işüvüz olmasın. Ağlayar, gözünün sürməsi gedər.
– Ha-ha-ha.
– Sürməyə bax! Reyhan gözünə bax! Pişik balasının xanımlığı getdi. Taxtdan düşdü. Oldu bizim birimiz. Anası indi güldü, sənəmdi, qızı Reyhan.
– Bəsdi. Bəsdürün! Ağzuvuza qadağa verin. Başınızın üstündə Allah var. Dövrənizdə adamlar. Ayıbdı, günahdı axı.
– Kimdən ayıbdı, a-a-az? Xanımın özünün ağlı başına gəldi. Başa düşdü ki, bu qız orda qalası döyül. Günün birində ağa balası təcrübə keçər.
– Bəsdürün, dedim. Qızın… Uşağın yanında abırsız-abırsız danışmayın.
– Mən nə deyirəm ki? Nə abırsız söz dedim? Dedim ki, ağanın oğlu.
– Dedim sənə, bəsdi!
– A-a-az, nə bəsdi-bəsdi salmısan? Sən də bizimçün xanım olmusan? Başımızın ağasısan? Nə dedim mən o köpək qızına? Atasın söymədim, anasın söymədim. Neynədim mən o canı yanmışa? Döymədim, qarğımadım. Mən o ciyəri çıxmışa öl demədim, it demədim, alışıb yanasan, demədim. Mən o qarabaxtın, kəmbaxtın balasına, balon qabağıva döşənsin, demədim, qapılardan qovulasan, əl açasan, demədim. Nə dedim?
– Usan axı… Sicilləmə sözləri düzmə bir-birinin dalıycan, mıncıq düzən kimi. Nə istəyirsən camaatdan?
– Qızlar! Düz deyir, bəsdi, dağılışın işinizə. İndi xanım xəbər tutar ki, yeyib-içəndən so-ora bir saat da naqqallıq eləyirsiz, deyər yalları artıq düşüb, qudurublar.
– Hə, vallah, düz deyirsən.
Belə hallarda ən əvvəl durub bayıra cuman, işinə-gücünə girişən Gülsənəm olurdu. Elə Reyhan da ondan geri qalmırdı. Beləcə, böyüyürdü. Hərdən-hərdən həyət-bacada bir iş tutanda, xanım görəndə:
– Necəsən, pişik balası? – deyəndə başını aşağı salıb dillənə bilmirdi.
Xanım əlini ona tərəf uzadanda tez bu əli tutub öpür və qaçırdı, hərdən-hərdən əlində bir şey xanımın otağına göndəriləndə bundan betər olurdu. Qız bu otaqda elə günlər keçirmişdi ki! Onun ürəyində elə arzular doğmuşdu ki! Elə bilmişdi ki, dövran belə keçəcək. Xanım özü onu böyüdəcək. Amma… Amması yoxdu ki. Sonralar başa düşmüşdü ki, o xanım üçün, xanımın sevimli balası üçün oyuncaqdan, elə ad qoyduqları kimi pişik balasından başqa bir şey deyilmiş. Bir şey deyilmiş. O zaman uşaqlıq illərində xanımın yanında böyüyəndə çox şey öyrənmişdi. Xanımın kitabları var idi. Hərdən-hərdən keyfi, xüsusilə, duru olanda xanım ona qara tanıtmışdı. Xanım onun həvəsini görüb bəzi-bəzi sözlərin necə yazılmağını, necə oxunmağını öyrətmişdi ona. Qara tanıyırdı qız. Təkdənbir yazmaq da bilirdi Reyhan. Amma nə olsun ki? Onun yazı-pozu bilməsi də, qara tanıyıb oxuması da, bəzən qulluqçu və nökərlərdən birinin əlində kağız gəlib, “Ay bala, ay İreyhan, gör, bura nə yazıb göndəriblər, ba-aşuva dönüm?” – deyə müraciət eləməsi də. Bütün bunlar hamısı, xanımın köhnə-küləsindən geyim-kecimi, ən vecsiz paltarın belə ona yaraşması, söz deyəndə yanaqlarının dağ laləsi kimi qızarması hər şey. Hər şey… Bəzi kənizlərin paxıllığına səbəb olurdu. İş-gücə əvvəllər əlinin yatmamasını, “xanımlığa öyrəşib” – deyə ələ salanların dillərinin əzbəriydi. Alışandan sonra da ona öcəşir, sanki keçən xoş günlərinin acığını çıxırdılar ondan. Xüsusilə, Çəmən adlı biri vardı. Qıza göz verib, işıq vermir, gününü qara eləyirdi hər saatda. Elə ki qulluqçular bir yerə yığıldı, başlayırdı:
– Hə… Nə var genə, özünə belə sığal vermisən?
Reyhan da ixtiyarsız əlini alnına atıb qıvrım cığalarını şalının altına çəkəndə Çəmən hırıldayırdı:
– Hə… Hə… Telləndir cığalaruvu! Bu gün sabah… Daha az qalıb Ağa Səfər.
– Ay qız, bəsdi axı.
– Hə, nə bəsdi? Bu gün sabah Ağa Səfər… Bir az “oğlanlar bulağından” su içəndən so-ora nələr olacaq? Bilmirsiz, deyim: Xan öpəcək, xanım olacaq pişik balası. Hi-hi-hi… Pişik balası xanım olacaq.
– Ay qız… Çəmən…
– Nə ay qız, ay arvad!? Yalan deyirəm? Salman ağa cavanlığında azuvuzu üçgünlük xanım eləyib Şahnisə xanım xəbər tutanacan? Az görmüşük? Az eşitmişik belələrini, bir az qoqalası babat olanı? Ağaların…
– Bəsdi… Usan, yorul axı!
– Genə deyir, bəsdi. Neynək, mısmırığızı sallamayın. Məni də heç yerə danlamayın. Qarnı dombalanda deyərəm sizə.
– A-a-a-az, ayıfdı, qızın üzün açma!
– Mən nöş açıram? Açan açacaq.
Həmişə də etiraz eləyən Balaxanım kənizlərin ən yaşlısıydı. O olardı. Çəmən Balaxanım arvada o qədər də söz qaytara bilməsə də, Balaxanımdan çəkinsə də, yenə özünü o yerə qoymurdu:
– Yalan deyirəm? Görərsiz. Amma qarına gələndə… Hi-hi-hi… Elə şeylər mənim əlimdən gəlməz. Ağa Səfər bacarar.
– Ay urvatsız, ayıbdı. Ayıbdı, deyirəm sənə. Dilüvə qadağa ver!
– Bu-u-u-uy… Nə dedik, xanımların damağına dəydi, keyfin pozdu? Çör, demədik, çor, demədik. Soğan yeməmisiz, içiviz niyə göynəyir, hə? Göydən Göy İmam gələ ha, Ağa Səfər belə malı ötürməz, dedik dənə. Day nə dedik xanımlara? Dərd demədik, ölüm demədik, kefinə soğan doğramadıq. Açsın gözün, açsın qulağın, sərvaxt olsun, analı-balalı hər ikisi dedik dənə.
Çəmən dili uzun olsa da, elə bil qızın taleyini yuxuda görmüşdü. Elə bil Reyhanın başına gələnlər qabaqcadan ayan olmuşdu arvada. Elə bil falçıydı Çəmən. Fala baxmışdı. Neynəmişdi? Nə hadisələr baş vermişdi? Reyhana nə olmuşdu? Səfər ağa nə iş tutmuşdu? Tələsmə, əziz oxucum, tələsmə! Biləcəyik vaxtında.
* * *
“Göyərçin” adlandırdıqları qara xallı boz at gələndən sonra Səfər ağa hər şeyi unutmuşdu. Yaşı on altını adlamış, bığ yeri təzəcə tərləmişdi. Gözəlliyinə gözəllik qatmışdı dünya elə bil. At minəndən sonra necə deyərlər, qız da, qızıl da yadından çıxmışdı. Heç nə görmürdü. Hardan yerləşmişdi ağlına heç özü də bilmirdi. Amma atın rənginə uyğun əşyalar: yəhər, yüyən, üzəngi, özü üçün də xüsusi geyim sifariş eləməyə başladı. Yəhəri gümüş, kaşı ilə bəzətdirdi. Üzəngiləri qıraqdan baxanda ildırım kimi şox verirdi. Par-par yanırdı. Atın yüyənində, yəhərin qaşında qancığasında3 yer-yer gümüş parçaları, gümüş bəzəkləri min rəng çalırdı. Oğlan özünə də gümüşü mahuddan çuxa sifariş vermişdi. Çuxanın qollarının ağzını, yaxasını, ətəyini gümüş rəngli baftaynan bəzətdirmişdi. Boz rəngli Buxara papaq qoyurdu. Oğlan bu geyimdə ata minəndə, elə bil gümüşdən yaranmış heykəldi, durub. Təzə həvəslə minib çapırdı. Gəzintilərdən geri qayıtdığını görəndə nökərlər, qulluqçular, kənizlər tamaşaya dururdu. Qəribəydi. Oğlan səhər çayını içirdi. Yerindən duran kimi qapıda kişnəyə-kişnəyə ləbləbi-kişmiş gözləyən, səkil ayağını torpağa çırpa-çırpa bala-bala kişnərtiylə sanki ağasını çağıran ata sıçrayır, bir də axşamüstü ac, ləlöyün qayıdırdı evə. Çox vaxt düzünə qalsa, ac olmurdu. Haradasa gümüş bəzəkli aynalı tüfəngiylə Muğan düzündə gəşt eləyən ceyranlardan vurduğu ovu çöldəcə kabab eləyib yeyirdi. Çox yerlərdə keçirdi günü hələ lazımınca cavanlıq həddinə çatmamış Səfər ağanın. Qız da çıxmışdı yadından, qızıl da, qızdırma da. Bir az əvvəl təzə boy atan qızlara, cavan kənizlərə, qaravaşlara yol vermir, yeriməyə qoymurdu. Bulaq üstündən qayıdanda, su tələb eləyəndə bir içim su verməsələr, sənəklərini daşa basan oğlan indi daha belə xırdaca oyunlardan əl çəkmişdi. İndi daha özünü kişiləşmiş bilən, özünü kişi hesab eləyən oğlançün bu oyunlar uşaq işiydi. İşi yoxuydu belə şeylərdə, belə əyləncələrdə daha. İndi o, boz atlı, gümüş-bəzək aynalı ovçuydu. Özünü gah-gap Ovçu Pirim, gah Qaçaq Adıgözəl bilirdi. Özünü o zamanlar elin ən tanınmış, ən adlı-sanlı, sayılan adamlarından hesab eləyirdi. Gah ona elə gəlirdi ki, dağlardan enəndə dağ seli, düzlərdən enəndə sübhün dumanı, təpələrdə, şiş uclu qayalar başında çaxan ildırımdı. Qəribə dünyası var idi oğlanın. At gələndən sonra bir ayacan belə keçdi. Ancaq atı, geyimini düşündü. Amma o çaparaq keçəndə oğlanların, qızların tamaşaya durduğunu duyduqca, arxadan baxan yüzlərlə gözü hiss etdikcə, evə qayıdanda dayəsi, anası başı üstündə duz-üzərlik və atil-batil yandırıb tüstüsünü ona verdikcə ürəyində başqa bir hiss də canlanmağa başladı. Boylanırdı. Daha çox cavan qız-gəlinin onu seyr etməsi ürəyini hərarətlə doldururdu. Sevinclə doldururdu. İstəyirdi ki, tamaşaçıların bu qismi daha çox olsun. İstəyirdi ki, onların ön cərgəsində Reyhan dayansın. Reyhan! O, hərdənbir xəyallarında arzu edirdi ki, Reyhanı quş kimi, qartal cücə qapan kimi caynaqlarına keçirib atın tərkinə alsın. Dünyanı, gəzib gördüyü çəmləri, çəmənləri, dağları, dərələri göstərsin. Bulaq başında otursun onunla. Vurduğu ovlardan kabab çəksin onunçün. Gur bulaqlardan su içirsin ona, kabab yedirsin ona. Birlikdə yesinlər, içsinlər. Xəyallarında bircə o qız qalmışdı. O birilər hamısı kənara çəkilmişdi. Ancaq Reyhan! Ancaq Reyhanın gözlərini, yalnız Reyhanın təbəssümünü, təkcə Reyhanın baxışlarını axtarırdı. O tamaşaçılar içində ona bircə Reyhan gərəkdi. Bircə reyhan ətri burnundan əskik olmurdu. Bağça-bağa girəndə qızılgüllərdən də öncə reyhan ətri duyur, reyhanın o yaşıl, badımcanı qarışıq yarpaqlarını görürdü. Ən əvvəl reyhandan bircə, xırdaca budaq dərirdi. Bir qanad götürüb burnuna tərəf aparırdı: Qoxlayır, gözünün qabağında Reyhan qız canlanırdı. Ətrini ciyərlərinə çəkirdi. Elə bilirdi ki, Reyhanın nəfəsidi. Reyhanın dodaqlarıdı. Gözünün önündə Reyhanın dodaqlarına dəyən körpə, amma kişi, körpə – ancaq yetişməyə başlayan qız canlanırdı. Reyhan canlanırdı. O nə özünün, nə də Reyhanın gələcəyini düşünəcək haldaydı. Evlənmək haqqında da düşünmürdü. Bilirdi ki, atası, anası onu Reyhanla evləndirməz. Çünki çox yerdə belə şeylər görünmüşdü. Ağalar kənd qızlarıyla evlənib “xanım” eləmişdilər. Çəmən demişkən, xan öpüb xanım olmuşdu belə qızlar. Təkcə bu – Şahnisə xanım ola bilməzdi, izin verməzdi. Onsuz da, Səfər indi heç evlənmək haqqında düşünmürdü. Sadəcə, bütün qəlbi, bütün varlığı bu məhəbbətlə, bu istəklə dolmuşdu. Yavaş-yavaş ən böyük məhəbbətə çevrildi bu istək, bu arzu, bu dilək. Bu eşq bütün hüceyrələrini, bütün vücudunu doldururdu. Bütün arzularının başıydı bu məhəbbət, bu dilək. Reyhanlı dilək. Sirrini heç kəsə, ən yaxın dostlarından birinə də ona güləcəyindən qorxub, deməmişdi. Ona elə gəlirdi ki, Reyhan məhəbbəti ürəyində elə gizlənib ki, nə görən var, nə duyan. Amma görən də vardı, duyan da. Təcrübəsiz gəncin daxilində ən günahsız səhvi; hərəkəti, təbəssümü, baxışı, reyhan ətirli, reyhan budaqcığıyla rəftarı ürəklərə axırdı şübhəli ürəklərə. Bəzi içi qara ürəklərə yer eləyirdi. Bəzən yuxa ürəklərin birinin qıza yazığı gələrdi. Bilirdilər ki, lüzumsuzdur bu. Nə atası, nə anası belə məhəbbətə məhəl qoyar. Məhəl nədi, heç eşitmək istəməzlər. Heç biri Səfər ağanı Reyhana yaxın getməyə qoymaz. Reyhanı xanım eləyib bu evə, bu alışan imarətlərə qoymazlar. Şahnisə xanım pişik balasını özünə gəlin eləməz. Gəlin gözüylə baxmaz qulluqçudan doğulan qıza. Kənizin qızı kənizə. Dünya gözəli olsa da. Oğlunun ilk məhəbbəti olsa da. Oğlunun ürəyində yer eləyib dərin yara açsa da, razı olmaz bu eşqə, bu məhəbbətə. Heç qoymaz ki, bu məhəbbət cücərə. Çiçək aça, bar verə, meyvə gətirə. Yox!!! Mümkün olmayan işlərdi. Mümkün olmayan diləklərdi. Bəzi qıza acıyanlar, Gülsənəmə hayıfsılananlar, Baxtıkəmin talesiz qızını qorumağa çalışırdı bu bəladan. Ürəyində deyirdi: “Kaş qızın da gözü bu oğlana düşməyəydi. Qızın da ürəyinə bu məhəbbətin toxumu düşməyəydi, cücərməyəydi”. Amma mümkündü? Mümkündümü bu? Atəş içinə, od-alov içinə düşüb yanmamaq mümkündümü? Bilmirdi. Heç kəs bilmirdi bunu. Bir Allah bilirdi ki, insanların taleyini “qalü-bəla”da alınlarına yazırdı. Bu da elə. Baxtıkəmin talesiz qızı – pişik balası xanım olmayacaqdı. Ola bilməyəcəkdi. Heç vaxt! Mümkün deyildi. Kaş, heç ürəyində də olmayaydı bu məhəbbət! Yoxsa özü də Reyhandan Bəxtikəmin talesiz qızı bədbəxta çevriləcək. Dünya… Dünya! Harda sənin o gəzəl nemətindən, o şirin, o dadlı nemətindən, əzəli, əbədi ismətindən qisməti olmayanlara nəsib olur. “Hayıf səndən” deyib hayıfsılanma, əziz oxucum, biləcəyik axırını. Bir az səbir elə! Bir az da mənə yol yoldaşı ol. Biləcəyik axırını.
Meşə yox idi, meşəyə getsinlər. Dağlıq yox idi, dağa çıxsınlar. Dərələrdə, yarğanlarda, kahalarda gizlənsinlər. Görüşsünlər. Amma sevənlər üçün, özü də bu yaşda görüş yeri, dalda yeri tapmaq çətin olmur. Heç axtarmırlar da. Belə yerlər öz-özünə gəlib çıxır qabaqlarına. Köhnə samanlıqlar, qədim zağalar, atılıb qalmış, yiyəsiz balıstanlar… Bu zağaların birində necə, nə təhər, haçan sözləşdilərsə, haçan görüşdülərsə, haçan ürəkləri bir-birinə xəbər verdisə… Bir o gözəgörünməz, o qadir Allah bilir! Bəlkə, heç, növzənbillah, onun da xəbəri yoxdu. Məhəbbət deyilən o əzəli, o bəşərin davamiyyəti olan bir duyğu onların, o iki gözəl cavanın əlindən tutub apardı o zağaların birinə. Zağaların birində bir-iki dəfə elə-belə görüşdülər. Bir-iki dəfə əl-ələ tutuşdular. Nəfəs-nəfəsə dayandılar. Təmiz saman iyi verən, qızıl kimi par-par parıldayan samanların üstünə, gözərlərin üstünə nə zaman yan-yana oturduqlarını, nə zaman qol-qola olduqlarını özləri də bilmədi. Heç birisi. Nə Səfər Reyhanı rüsvay eləmək haqqında düşünmüşdü, nə də Reyhan Səfərdən ona bəla gələcəyini. Beləcə, günlərin birində qol-boyun, bu zağalardan birində iki sevgili o əbədi, o əzəli, o İNSAN davamiyyətinin amili olan hissin təsiriylə bir-birinə qovuşdular. Bir-birinə qovuşdular. Qovuşdular!!! Amma bir zaman özlərinə gəldilər ki, y-y-y-o-o-o-o!!! Heç özlərinə gəlmədilər! Həmin hiss ürəkciklərinə əbədi hakim kəsildi. Xudavəndi-aləm kimi hakim kəsildi! Pərvərdigari-aləm kimi hakim kəsildi! Heç biri yaman bir şey düşünmədi. Nə əvvəlini, nə axırını! Heç biri yaman bir şey düşünmədən bu şirin, bu dadlı hissin ardınca bir-iki gün, bir neçə dəfə dalbadal həmin zağada görüşdülər. Taleyin hazırladığı gərdək otağı kimi. Zülmün, sitəmin hazırladığı qınaq, danlaq, sərgərdanlıq başlanğıcı kimi!
Gülsənəm qızındakı dəyişikliyi əvvəldən hiss eləmişdi. Arabir pıçıltıyla, “Bala, gözümin işığı, a birdənəm, amandı, Ağa Səfərdən uzaq ol!” – demişdi. Amma deməkdən fayda nəydi? O qızını döyə bilmirdi, söyə bilmirdi. Baxtıkəmin adını dilinə gətirməliydi söyəndə, Baxtıkəmin ruhu inciyərdi döyəndə! Amma hər halda arabir qızı bərk çimdikləyir, çiyinlərini tutub sıxır, “Özünə də, mənə də qara gün ağlama, bala!” – deyirdi. Axır günlərdəysə lap ayrı cür olmuşdu qız. Nə gördüyü işi bilirdi, nə danışdığı sözü. Əlinə nə götürürdü, düşürdü. Gözləri od saçır, bəxtiyarlıqdan par-par yanırdı. Fikriysə yuxulu kimi xəyaldaydı. Kimin xəyalında olduğu Gülsənəmə də, elə kənizlərin, qaravaşların da hamısına bəlliydi.
Arabir Balaxanım arvad da Gülsənəmi yanlayır, pıçıldayırdı:
– Qızdan muğayat ol! Deyəsən, ömbərini bada verib.
– Nə danışırsan, ay xala?
– Xala neynəsin, bala? Gördüyümü deyirəm. Görmürsən, qız özündə-sözündə deyil? Qorxuram, səhv eləməyəm, verib ömbərini bada yazıq.
Belə söhbətlər yandırırdı Gülsənəmi. Onu da deyim ki, Şahnisə xanım özü də oğlundakı dəyişikliyi duymuşdu. Çörək yeyəndə də hərdən xəyala gedirdi. Dindirəndə də gözlərində bir sevinc, bir coşqunluq elə parıldayırdı ki, “hə” deyəsi yerdə “yox” deyirdi. Səadətinə qovuşmuş kimiydi.
Amma Şahnisə xanım Gülsənəm kimi narahat deyildi balasıyçün. Kişi xeylağına belə şeylər ayıb hesab olunmurdu. Dəcəllikdi, vəssalam. “Canı çıxsın, saxlasın özünü”. Bəla qızın bəlasıydı. “Canı çıxsın gözünün içindən. Kor deyil, kar deyil. Eşitmir böyüklər deyəni? Ölsün, saxlasın adını”. Bəli, qızın bəlasıydı. Oğlana nə var ki?! Oğlan belə şeylərdə sudan quru çıxırdı. Günah bilmirdilər. Nadinclik kimi baxırdılar onun günahına. Qız üçünsə… Özü də qulluqçu qızı üçün… Özü də kəniz qızı üçün! Bu, böyük bər-bəlaydı. Gülsənəmi qapıdan qova bilərdilər. Çörəksiz qalardı.
Yavaş-yavaş qızdakı dəyişiklik artdı. Qızdakı dəyişiklik artdıqca ananın da dünyası dəyişirdi. Qızın ürəyi bulananda yeriklədiyi anaya aydın oldu. İki əlilə öz başına qapaz saldı:
– Qoruya bilmədim bircə balanı, Baxtıkəm! Qoruya bilmədim. Nə bəlaydı düşdüm, Allah?! Nə bəlaydı düşdüm, Allah?! Özün qutar bizi.
Anayçün çətin olsa da, Gülsənəm ən ağır işləri gündən kölgələdiyi, yağışdan daldaladığı, ana ürəyində qoruduğu balasına gördürürdü. Ağır satıllar, ağır güyümlər doldurtdurur, ağır taylar verirdi arxasına. Gədələr dəyirmana dən daşıyanda ən ağır tayları qızın belinə qoyurdu. “Qızıl ipə bağlı deyil ki! Allah kərimdi, düşər, canımız qurtarar. Düşər, canı qurtarar bədbəxt balamın”. Çəmən demiş, “Elə bicin ömrü qızıl ipə bağlıymış”. Məhəbbət meyvəsi möhkəm oturubmuş yerində. Heç nə kömək eləmədi.
– A-a-a-az, xanımın pişik balasını niyə belə incidirsən? O ağır tayları nöş verirsən dalına? Qorxmursa-a-a-an? Ağazadəyə zərər toxunar, toxunmaz? Bilmirsən ki, belə ağacın meyvəsi möhkəm bağlanır budağına?
– Çəmən!
– Nə Çəmən, a-a-az? Vaxtında demədim sizə? Sımsığuvuza dəyirdi. “Öl” demirdim, “İt” demirdim, “Qarnı dombalar” deyirdim dənə. “Qaç” demirdim, “Qov” demirdim, gəlin olmamışa “Gözün açılsın” deyirdim.
Çəmən deyirdi bu sözləri, ucarlayırdı, çox söz deyirdi və hamı da ürəyində onun sözünü haqq hesab eləyirdi. Amma deyəsən, elə xanımın da qulağına Çəmən çatdırdı, ya başqası dedi. Elə çatdığı kimi də Şahnisə xanımı od götürdü. Otağına keçdi. Gülsənəmi yanına çağırtdırdı. Qalan kənizləri evdən uzaqlaşdırdı.
– Rədd ol burdan! – dedi.
Sonra incə, mötərizəyə bənzəyən çatma qaşlarını bir qədər də çatıb hirsli-hirsli Gülsənəmin üstünə fısıldadı:
– A köpək qızı, bura qız ərə verməyə gəlmisən? Pişiyüvi xanım eləməyə gətirmisən? Ya çörək yeməyə gəlmisən? Çörəyim səni tutsun! Nöş qorumadın qancığuvu? İtdən törəmövü? Mən sənə nə demişdim, hə? Kürsəyə gəlirdi qancığun? Koriydi gözün? Nöşün demədin mənə əvvəlindən? Yoxsa başını da özün tutmuşdun xanımlığın iddiasıynan? Ağa qayınanası olmaq həvəsiynən? Hə-ə-ə?
Gülsənəm əllərini sinəsində çarpazlayıb bu söyüş-qarğış şarıltısı altında durmuşdu; bir kəlmə danışa, gözlərindən yaz leysan yağışı kimi tökülüb axan yaşları silə, başını tərpədə, kirpiklərini qaldırıb xanımın üzünə baxa bilmirdi.
– Sənnən döyüləm, ay itin qarnından çıxan? Ay it küçükləyən? Qancığı nöş qorumadın? Nöş qorğalamadın? Yükdən, ağır iş-gücdən necə qoruyub qorğalayırsan? Bəs bunnan nöş çəkindirmədin? Səfərə nə var, cavan oğlandı. “Düyə göz eləməsə, kələ sıçramaz”. Küçüyün göz eləyib buğaya gələn düyə kimi, o da sıçrayıb. Bax, bir gör, nökərlərdən ondan o yana kim əl uzadıb sənin haramzadana?
– O haram deyil, xanım.
– Haram döyüldü? Haram döyüldüsə, nöş haram yeyirdi? Nəcisdən mundar qələt eləyib.
Gülsənəm nə cavab verəcəkdi? Gülsənəm inləyirdi. İnildəyirdi. İniltisini də bir özü, bir də Allahı eşidirdi. Göylərdə, başının üstündə uçan Baxtıkəmin ruhuydu. Başının üstündə qanad çalan Baxtıkəmin ruhuydu. Haradasa getdikcə göy gur-gur guruldayır, kükrəyirdi. Deyəsən, guruldayan Şahnisə xanımdı axı:
– Bilirsən, nə var, mənim öyüm4 haram görməyib. Mənim öyüm bəd əməl görməyib. Mənim öyüm pakdı. Yığışdır şələ-şülövü, götür çəngivi də, rədd ol mənim qapımdan.
Dizləri əsdi Gülsənəmin. Taqəti qalmadı ayaq üstə durmağa. Diz çökdü, əllərini aman istər kimi uzatdı:
– Xanım, qurban olum, hara gedə bilərəm? Hara üz tutum?
– Onun day mənə daxlı yoxdu. Özün bilərsən, hansı cəhənnəmə gedirsən, get! Gün axşama gedir, dəymirəm sənə. Nə qədər əlim-ayağım dəyməyib heç birinizə, nə qədər nökər qabağında rüsvay eləməmişəm, sabaynan – obaşdan, gün çıxmamış üzüqaranı da götür, itilin qapımdan. Bir də buralarda görünmə!
Gülsənəmin də, Reyhanın da bundan əvvəl illərlə yaşadıqları o evdə, o imarətin həyətində keçirdikləri son gecə ömürləri uzunu yadlarından çıxmadı sonralar.
Çəmən öyrənmişdi, bilirdi ki, xanım artıq qovub Gülsənəmi də, qızını da. Elə bil bədbəxt Gülsənəmdən, talesiz Reyhandan nəyinsə, kiminsə intiqamını alırdı Çəmən. Əslində, heç nəyin intiqamını almırdı. Sadəcə Çəmənin təbiətində zarafat həddini ötürdü. O zarafatın, şuxluğun qədərini, dərəcəsini bilmirdi.
Kimdisə axşamdan bəri Reyhana sataşmaqda olan Çəmənə dedi:
– Sən özün guya Ağa Səfər kimi novcavanın qabağında duruş gətirərdin? Sən özün duruş gətirərdin Ağa Səfərin qabağında?
Balaxanım dedi:
– İnsafın olsun, a-a-az, oğlu yerindədi ki, Çəmənin Ağa Səfər?!
Bu sözə ən çox hırıldayan hamıdan əvvəl Çəmən özü oldu, dedi:
– No-olsun? Vallah, heçcə yerə “yox” deməzdim. Bilirsən, neynərdim? Çoban döl vaxtı birinci doğulan quzunu qucağına alan kimi çəkərdim onu qoynuma. Başını qoyardım sinəmə. Yaylaq quzusu duz yalayan kimi yalardım onu. Deyərdim: “əm bu ağ dələmələrimi5. Dərdin mənə gəlsin. Mənimçün elə, özünçün öyrən. Ərsəyə çatanda, dişlərin çıxanda gərəyin olar, məni onda yada salarsan”.
Hamı qaqqıltıyla gülürdü. Təkcə küncə qısılmış Gülsənəmlə Reyhandan başqa. Kimsə dilləndi:
– Bu-u-uy… Allah ətüvü töksün.
“Ha-ha-ha” səsləri otağı başına götürmüşdü. Kənizlərdən biri gülə-gülə Çəməndən bir çimdik qopardı:
– Az-z-z, arvadda iştaha bax ha.
– İştah vaxtında mələ.
Çəmən ufuldadı, amma özü də zarafatyana gülə-gülə cavab verdi:
– İştahama korluq verən deyiləm.
Balaxanım arvad bayırdan gələn nökərlərdən birinin sifarişini kənizlərə yetirdi:
– Xanım xəbər göndərib ki, az qaqqıldasınlar. Səhər kim işləməli olacaq? Kəsün səsüvüzü. Baş-beynim dəng oldu. Qulağım getdi. Evdə, həyətdə heç kimi yatmağa qoymursuz.
Elə bil qurbağa gölünə daş atdın. Hamının səsi kəsildi. Gülsənəm və Reyhan bir-birinə qısılıb guya özlərini yuxuya getmiş kimi göstərirdilər. Amma oyaqdılar. O gecə karvanqıranla birlikdə darvazadan çıxanda arabir itlər hürürdü. Kəndin qırağına çatanda çaqqalların, kaftarların səsini eşidəndə canlarına qorxu doldu. Gülsənəmin də, qızın da bağrı yarıldı. Amma neyləmək olardı? Getməliydilər.
Xanımla axırıncı görüşü Gülsənəmin qəlbində, gözlərinin önündə təkrarlanırdı, axşamdan bəri Şahnisə xanım yatağının baş ucundan nəsə götürdü. Bükülü bir kağızdı. Deyəsən, manatlıqdı. Arvad pulu hikkəylə Gülsənəmin qucağına tulladı:
– Ala, başuvu bir yerə soxanacan gərəyin olar.
Gülsənəm sinəsinə tullanan pulun nə qədər olduğunu heç bilmədi. Əyilmədi, götürmədi. Göz yaşlarını yumruğunun dalıyla silə-silə otağı tərk etdi. Divarlardan tuturdu ki, yıxılmasın. Qabağına birinci çıxan Çəmən oldu:
– Hə-ə-ə-ə… Nə sımsığuvu sallamısan? No-oldu? Nə dedi xanım sənə?
Balaxanım özünü yetirdi:
– Aa-a-az rədd ol! Qoy, xalx öz dərdini çəksin.
Çəmən yenə fınxırdı, pıqqıldaya-pıqqıldaya xoruzlandı:
– Başımıza xeyir, bilməmişik. Day heç ağzımızı da açmayacağıq. Başımızın üstünə təzəlikcən böyük xanım yetişib. Təzə xanımlar tikiblər başımızın üstündə.
Gülsənəm otağa çəkilmədi. Birbaşa tövlələrə tərəf getdi. Bu gün nökərlər kərmə kəsirdilər. Kərmə kəsənlərə yardım eləmək borcuydu. Gülsənəm gözünün yaşını yaylığının ucuyla silə-silə nökərlərə kömək etməyə başladı. Heç kəs heç nə deməsə də, heç bir şey elan olunmasa da, artıq bütün həyət adamları hadisənin nə yerdə olduğunu bilirdi.
Karvanqıran6 doğanda Gülsənəm yerindən qalxdı. Hələ dan ulduzuna xeyli vardı. O isə karvanqıranı dan ulduzu saymışdı. Yavaşca balasını tərpətdi. Deyəsən, o da yatmamışdı. Birlikdə, heç kəs duymasın deyə pəncələri üstündə otaqdan çıxdılar. Həyətə endilər. Axşamdan Gülsənəmin gizlətdiyi boğçanı götürdülər. Boğçanın yanında bir-iki dənə kisə vardı. Gülsənəm yola götürmüşdü. Neçə ildən bəri çalışdığı, əmək sərf elədiyi bu yerdən, bu dolu evdən, bu kaşanədən nəydi qazancı? Bu iki boş kisə… Kisələrin dibini deşib oyuq açmışdı. Birini qızın, birini də özünün başına keçirtdi. Səhər ayazından qorunmaqçün. Əyinlərində nə vardı ki? Yavaş-yavaş, daldalarla evdən aralandılar. Hara gedəcək, kimə üz tutacaqdılar? Kimi tanıyırdılar bu göy çadır altında? Bu göy qübbə altında yaşayan minlərlə, milyonlarla insan içində? Hələ ki, heç biri nəsə bilmirdi. Xüsusilə, ana qayğılıydı. Gülsənəm bircə onu bilirdi ki, sığınacaq tapmalıdı. Balasının, özünün başını soxmaqçün. “Bir yandan bağlayan bir yandan açar” deyiblər. Dünya yaxşı insanlardan xali deyil. Elə rast gəldikləri birinci adam, onlara daldalanacaq verən birinci insan elatda el anası sayılan Anaqız oldu.
Anaqız bu kəndlər arasında falçılıq, əbəçilik7, türkəçarəçilik eləyən, tanınmış, hörmətli qadındı. Yaşını bilən yoxdu. Özü yaşdan söz düşəndə deyərdi ki, “tay-tuşlarımdan, həmyaşlarımdan qalan bircə mənəm. Mən də ancaq ona görə qalmışam ki, doğan arvadların, çətinliyə düşən zahıların fəryadına çatım. Azarlıların kürəyinə bardaq qoyum, əmləyim. Ot-ələfdən, tanıdıqlarımdan, bildiklərimdən dərman-dava düzəldib verim. Ona görə qalmışam Allahın köməkliyilə bu dünyada, yəqin ki”.
Əslində, Anaqız Gülsənəmi uzaq-yaxın tanıyırdı. Qapılar gəzən arvad idi. Hansı evdə olmamışdı ki? Bütün el-obanın içində, bütün qonşu, yaxın-uzaq kəndlərdə, demək olar ki, hamını tanıyırdı. Elə vaxtında Reyhanı da o tutmuşdu. Vaxtıyla Baxtıkəm onun qapısını döymüşdü:
– Nənə, ay nənə!
– Can nənə! Qurbanın olum, niyə gəlmisən, demirəm. Azarın var?
– Yox, ay nənə, üzüm ayağının altında. Bizim öy əhlinin vaxtı çatıb, deyəsən.
– Bıy, ba-aşuva dönüm. Tez ol, götür kürsünü cınağuva, gedək, – demişdi Bəxtiyara.
Dünyaya ətirli bir Reyhan gətirmişdi. İndi həmin Reyhan özü ana olmağa hazırlaşırdı. Daldalanacağı ona “nənə” deməyə başladığı Anaqız vermişdi. Ona da, anasına da. Anaqız Gülsənəmin dərdini, iki əl, bir təpə qalmağını başa düşdü.
– Ad deyirəm, ay bala, ad deyirəm, de. Bu dar dünyada kimim-kimsənəm yoxdu. Başqaları kimi Bəxtiyar da balamdı. Sizi çox tez qoydu, getdi. Heç yarı yol eləməmişdi. Çox tez qoydu, getdi. Deyir:
Fələyi dindireydim,
Bilməzin bildireydim.
Sənə yazı yazanda
Qələmin sındıreydım.
– Qızım! Qal burda. Mənə nökər-qulluqçu lazım deyil. Bir parça çörəyimi bir təhər qazanıram. El-camaat sağ olsun. Əlindən gələni sən də elərsən. Baxaq, görək, başımıza nə gəlir. Allah kərim Allahdı.
Azdan-çoxdan kəndin kattasına, onun arvadına əl yetirə-yetirə Gülsənəm özünün, qızının bütün ağırlığının Anaqızın çiyinlərinə düşməyinə razı olmadı. Ola da bilməzdi. Arvad özü nə qazanırdı ki? Əlqərəz, üçlükdə baş-başa verdilər, baş bir yaxadan çıxardılar. Birtəhər evdən çölə ayaq qoymayan Reyhanı qorudular, yad, narahat nəzərlərdən uzaqlaşdırdılar. Söz-sova yer qoymadılar. Üzüqara saysalar da, canına qıymadılar. Bir də ki, əslində, Reyhan özünü üzüqara hesab eləmirdi. Bu elə bir məhəbbət idi ki, bu elə bir dünya idi ki, bu elə bir hiss idi ki, Reyhan bu hissə candan təslim olmuşdu. Bəhrəsini görəcəkdi bu yaxınlarda. Səfərin yadigarını sinəsinə sıxacaqdı, az qalmışdı. Hərdən-hərdən sinəsindən bir az aşağı əlini qarnının üstünə qoyur, çır-çır çabalayan balasını dinləyirdi. Balasını. Səfərin balasını! Hələ bala dadını bilmirdi. Amma bilirdi ki, o bu dadlı günlərin, o dadlı günlərin yadigarıdı. Həm balıdı, həm balasıdı, həm bəlası.
Arabir Gülsənəmlə Anaqız arasında xısıltılı söhbət gedirdi. Reyhanın bundan nə xəbəri? O, öz aləmindəydi. Səfərdən ayrı düşsə də, onunla özü arasında incə bir tel vardı, bətnindəydi, çabalayırdı. O öz aləmində, qadınlar da öz aləmlərindəydilər.
– Səni deyib gəlirdim, yolu Allahım mənə salığ verdi, elə bil Baxtıkəmin ruhuydu bizə yol göstərən o gözəgörünməzin izniylə, nənəcan – deyirdi Gülsənəm.
– Nənən qurban.
– Göydə Allah…
– Növzənbillah… Allah umudunu kəsməsin.
– Göydə Allah, yerdə səndən umudluydum. Bədbəxtdan sən sarıdan o qədər xoş söz eşitmişdim ki…
Baxtıkəmi nəzərdə tuturdu. Hər ikisinin gözləri yaşardı.
– Allah rəhmət eləsin, varsa, günahından keçsin. Özü canlara dəyən igidiydi. Nə günahı vardı? Yanı Allah ona da rəhmət eləyib cənnətlik eləməsə, kimə elər, bilmirəm. Özü bilən məsləhətdi.
– Özü bilən məsləhətdi… – Gözünün yaşını yaylığının ucuyla silən Gülsənəm əks-səda kimi səsləndi.
– Rəhmətlik, balam, Reyhan qız doğulandan sonra hər qış qabağı Əsgərəyə8 gedəndə Allahdan gün oğurlayıb gələrdi. “Nənə, odununu gətirim?” – deyərdi. Deyərdim, “Ay gözümün görəri, qoca arvadam, günüm onun-bunun ocağının qırağında keçir. Öydə də olanda təzəknən-kərməynən keçinirəm. Mənə nə odun? Deyərdi, “Yox, ay nənə! Sən bütün elin nənəsisən. Qoca sümüklərin evdə də yaxşıca qızına, gərək ki, azarrının, zahının, dünyaya gələnin imdadına yetəsən”.
Cənnətlik, malağan furqonu dolusu odunu hardan alıb gətirirdi, neçəyə alırdı, bilməzdim. Bir günün içində yarardı, doğrardı, öz əliylə qurduğu çardağın altına səliqə-sahmanla elə yığardı, qışda, qar-girvədə, şaxtada-sazaqda odunu hasand götürə bilim, çox zəhmət çəkməyim. Əynində köynək elə islanırdı… Sıx-sər. “Ver, qurudum, ay bala”, – deyirdim. Utanardı. Verməzdi. Zorunan üstünə qurama yorğançanı atardım. “Çıxart-çıxart”, – deyərdim, “irağ-irağ sətəlcəm olarsan. Sonra gərək sənə özüm türkəçarə eləyəm, bardağ qoyam. Arvad-uşağının yanında xəcalət ollam”. Çıxardım dəhlizə, mən gələnəcən soyunardı. Qurama yorğançaya bürünərdi, oturub kəklikotudan, qantəpərdən dəmlədiyim çaydan içərdi. O içənəcən mən də köynəyini ocağın üstündə qurudub verərdim… Dünyanın işi belədi, biri yeyir, yağlansın, biri çəkir gödən ağrısın.
Anaqız arvad ildə bircə gün baş verən hadisəni, xatirəni elə canlı, elə yerli-yataqlı təsvir edirdi ki, bütün o sadə, sadə olduğu qədər də anlaşıqlı, doğma hallar, sözlər Gülsənəmin qəlbini titrədir, gah gülümsünür, gah da gözlərindən gilələnən yaşları silirdi. Bütün varlığıyla sevdiyi əri haqqındakı ən sadə hekayəti can-başla dinləyirdi. İnanırdı. Bilirdi. Baxtıkəm elə beləydi. Başqa cür ola da bilməzdi. Kimi dindirsən, kimdən soruşsan, kimlə qohumluğu, iş əlaqəsi olmuşdusa, Şirvan mahalında, şamaxılı qohumlarından üzübəri hamısı Bəxtiyar – Baxtıkəm haqqında belə danışar, belə vaysınar, onun cavan ərinə, beləcə, cənnət arzular, Allahdan rəhmət dilərdilər. Bu dost və tanışların, qohumların bir çoxu barəsində vaxtilə, uzun qış gecələrində Baxtıkəm ona şirin nağıl kimi danışmışdı. Elə buna görə də Gülsənəm “hara üz tutum, Allah?” – deyə ürəyində fəryad edəndə yadına hamıdan əvvəl Anaqız düşmüşdü.
– Mənə gəlməmiş kimə gələcəkdin? Hara gedəcəkdin? Allah da elə məsləhət bilib, salıb ürəyüvə. Qızçün da bu silahdı. Vaxtında. Vədəsində.
– Kaş, o vədə heç gəlməyəydi. İçində boğulaydı.
– Asi danışma, qızım, asi danışma. Necə olsa, Məhəmməd hümmətidi. Atası bəlli, anası bəlli. Neynəyəsən ki, yiyələri namərd çıxdı? Bilmək olmaz. Bəlkə, Allah ürəklərinə rəhm saldı. Aparram. Məhəbbət gözdədi. Şahnisə xanım nəvəsin görər.
Gülsənəm bütün varlığıyla etiraz elədi:
– Yox. Yo-o-ox… Özünü urvatdan salmağa qoymaram səni. Onlar elə adam döyüllər. İllah da ki xanım…
– Bəlkə, Şamaxı qohumları əl yetirə.
– Nə bilim, Vallah. Əvvəli orda qoca anası qalmışdı. Düzdü, ev-eşiyi filan olub, qalıbmış. İndi bu bir neçə ildə kişi rəhmətə gedəndən sonra əlaqəmiz tamam üzülüb. Genə özü sağlığında xəbər tuturdu. Heç day bilmirəm, o qoca anası sağdımı? Nə əl yetirə bilər? Sonra da Şamaxıdan qannılıq üstündə çıxıb axı. Anası bədbəxt qızı heç bircə günlüyə görüşə getməyinə də razı olmurdu. Deməyinə görə günahsızmış, qorxurmuş, o qannılıqla heç bir alağa-salağası olmayan balasına xata-bala toxunmasın. Qannıları çox güclüymüş. Nəsillərində kişi qismindən bir başıpapaqlı qalıbmış, o da bizimki.
– Nə deyirəm, ay bala! Onda başqa fənd quram, gərək.
Anaqızın düşüncələriylə Gülsənəmin düşüncələri arasındə fərq vardı. Əgər Gülsənəm bu çətin vəziyyətdən nə olursa-olsun fikri təkcə qızını xilas etməkdisə, Anaqızı düşündürən həm Reyhanını… Və həm də, ən başlıcası, bəlkə də, daha çox onun həyat verəcəyi körpənin taleyi idi. Anaqız istəyirdi ki, doğulan uşağı… Hələ nə olacaq? Dünyaya kim gələcək? Hansı bəxtikəm oğlan, ya hansı talesiz qız qədəm basacaq bu misilsiz, gözəl dünyamıza? İndidən nə bilmək olar, əziz oxucum? Azca da səbir elə.
* * *
Qonçabəyim təzəcə otuzunu doldurmuşdu. İndiki anlayışla cavan gəlin, o zamankı anlayışla artıq oturuşmağa başlayan arvaddı. Yaşıdları üç-beş, bəlkə, daha çox uşaq sahibi anaydı. Amma Qonçabəyimin övladı olmamışdı. Bədəni gənc qız təravətini saxlamışdı. Qəddü-qamətliydi. Çox zərif, incə vücudu zərxara, kimxa tuman, qanovuz köynək içində alışıb-yanırdı.
Hərdən Murad ağa tovuz quşu kimi otaqlarda qanad gərən Qonçabəyimi məhəbbət gözüylə seyr etdikcə düşünürdü: “Övlad vermədi böyük Allah bizə. Amma sənə baxanda fikrimə gəlir ki, o böyük, o qadir Allah, bəlkə də, səni elə təkcə məhəbbətçün yaradıb?! Qismətimə gözəllərin gözəli, incələrin qönçəsi düşüb. Bu da böyük xoşbəxtlikdir, duyan, gözəlliyin qiymətini bilən ər kişiyçün. Madyan, inək cinsindən deyilsən, mələk soylusan, Tanrım yaradan. Doğmayan, doğulmayan mələyimsən”. Vücudunda gərginlik duyulurdu. Bu gərginlik şirindi, dadlıydı, çağırırdı.
– İnşallah, xeyir olar.
– Nə yuxudu, canım? Danışsana.
– Yuxumda başdan-ayağa yamyaşıl paltar geymiş, yaşıl şal örtmüş arvad xeylağı sağ əlini sənə tərəf uzatdı: “Qonçanı pirə – peyğəmbər qəbrinə9 apar”.
– Amin! Göz üstə. Hardadı o pir?
– Bilmirəm.
– Yanı genə pir qalıb? Xıdır Zində10.
– Aparmısan.
– Sofu Həmid11.
– Getmişik.
– Pir Abdulkərim12.
– Keçən yaz.
– Şeyx Əyyub baba13.
– Ötən yay.
– Pir Xanəgah14.
– O payız.
– Qara Sofu15.
– Görmüşəm, nəzrini də vermişəm.
– Şıx Dursun16.
– Görmüşəm, ziyarət eləmişik.
– Sarı Seydan17.
– Olmuşuq.
– Baba Samit18.
– Qurbanı olduğumun iki dəfə ziyarətinə getmişik.
– Bibi Heybət19.
– Olmuşuq.
– Nənəmə danışdım yuxumu. Dedi, “Həzrət Fatimeyi-Zəhranı görmüsən yuxuda. Xanımlar xanımı, Peyğəmbər salavatullahın qızı. O pir də haradasa bu yaxın tərəflərdədi. Apararsan Qonçabəyimi. Hil-mixəkdən ətir almış tər qoca içəri girəndə ərindəki haləti daxili hisslə duyan, anlayan, anlaqlı qadın, nazla, qıyğacı-qıyğacı, ərkyana təbəssümlə Murad ağaya baxır, sonra da onun açıq qolları arasına şığıyır, gözəl başını kişisinin məğrur, amma ürəkdən bütün vücuduyla sevən sinəsinə söykəyirdi.
– Murad ağa…
– Nədi, canım?
– Bir yuxu görmüşəm.
– Xeyir olsun.
– Tez öyrən pirin yerini ha.
– Gözüm üstə, canım. Lap dünyanın o biri başında olsa da. Qoy bir soraqlaşım, yerin-yurdun öyrənim.
– Gözün ağrı görməsin.
İki bədən bir canda birləşdi…
Səhəri gün obaşdan, hələ gün çırtlamamış faytonçu Sadıq faytonunu darvazanın önündə hazır saxlamışdı. Dal həyətdə çıraq işığına ərzaq tədarükü görülür, kəsiləcək heyvan, təndir çörəyi, orada yuxa bişirmək üçün un, sac, çay üçün samovar, dəm çaydanı, qab-qacaq, paltar-palaz, gecələməkçün yatacaq tədarük edilir, seçilib furqona yığılırdı.
Qoşa at qoşulmuş faytondan çox da geri qalmamaqçün yükü ağır furqona dörd at qoşulmuşdu. Pir üstündə kişi işini faytonçu Sadıqla furqonçu Qasım görəcəkdi. Arvad iş-gücündən ötəri bircə diribaş kəniz Gülnigarı götürmüşdülər. Çöldə-bayırda olanda Murad ağanın etirazına məhəl qoymayan Qonçabəyim özü də iş gücə əl-ayaq verirdi.
Gün çıxmamış üfüqdə xəfif qızartısı bəlirəndə, dan yeri təzəcə-təzəcə qızaranda Murad ağayla Qonçabəyim faytona əyləşdilər. Sadıq kişi dal həyətdəki furqonçu da hərəkət əmrini eşitsin deyə ucadan səsləndi:
– Allah, Məhəmməd, ya Əli… Ağamı Allah saxlasın. Hay… Gözünə döndüyüm – deyə qamçısını atların üstündə havada oynatdı. Qamçı enmədən onu duyan atlar tərpəndi. Hər tərəf hələ qaranlıqdı. Qonçabəyim qaranlıqda sübhün sərin havasını köksünə çəkib əsnədi, bəzəkli başını ərinin çiyninə dayadı. Ürəyinə ümid dolu sükunət çökdü. Arxalarınca qoca Nisə qarının “qırxhaçar camı” dolusu su atıb dediyi sözləri eşitməsə də, duyurdu:
– Allah muradını versin, gəlin! Kaş bu yoldan əliboş qayıtmayasan. Rəbbim, bu rəbbi-qiblə ikinizi də muradınıza qovuşdursun. Amin, ya rəbbül-aləmin!
… Göz işlədikcə uzanan sapsarı, qumlu-torpaqlı çöldə əvvəlcə tünd kölgəli xəyal kimi görünən məscid, əlavə tikililər, xüsusilə, uca çinar, tut ağacları görünəndə Qonçabəyim gözlərini növbəti mürgüdən açıb gülümsədi, Murad ağa onun çutqudan ucları çıxmış cığalarını sığalladı:
– Ay yatdın ha.
– Çox yatmışam?
– Çiynimdən soruş. Deyəsən, o da “yatıb”.
Qonçabəyim “can-can” deyə-deyə ərinin çiynini ovuşdurdu.
– Bəsdi, əlini yorma. Zarafat eləyirəm.
– Murad ağa.
– Nədi, canım?
– Canın ağrımasın. Bu hansı pirdi, dedün? Adı belə bir təhərdi ey… Dilimə yatmayıb hələ.
– Cərcis peyğəmbərin mübarək qəbridi. Deyilənə görə, yüz iyirmi dörd min peyğəmbərdən dördü; İdris, Yunis, Asif, bir də bizim burdakı Cərcis peyğəmbər dörd dəfə kafirlər tərəfindən öldürülüb. Amma böyük Allahın əmrilə yenidən dirilib. Dörd dəfə ölüb dirilənlərdən biridi bu məzarda yatan müqəddəs.
– Can… can… Murad ağa, yanı bizim torpaqda da peyğəmbər olub?
– Nöş olmasın? Bizim torpağa nə gəlib ki?
Ücretsiz ön izlemeyi tamamladınız.