Kitabı oku: «Allah eşqinə! Şeirləri və Poemaları»

Yazı tipi:

«ALLAHDAN BÖYÜK MÜTƏFƏKKİR YOXDUR»

 
Bağışlarsan, bağışlanmaz günahları ey Yaradan,
Niyə səni yad edirik, dara düşəndən-düşənə.
 

ALLAH EŞQİNƏ…

Allahsız dünya
 
Bir zaman Allaha inam varıymış,
Onda bütün canlı bəxtiyarıymış.
Elə ki, Allahı danıbdır bəşər,
Ayaq açıb fitnə, tüğyan edib şər,
İnsanlar Allahlıq edəndən bəri,
Fəlakət gözləyir bütün bəşəri!
 
* * *
 
Allahsız kainat olarmı qardaş!?.
Hamı bir Allaha inanaydı kaş…
Allah hər insanın öz qəlbindədi…
Doğru ürəyində düz qəlbindədi.
Allahsız doğruluq, düzlük olarmı!?.
Allahsız dünyada həqiqət varmı!?.
 
* * *
 
Ahdı, ündü, vaydı, Allahsız dünya,
Sahibsiz saraydı, Allahsız dünya.
Məgər heç olarmı sahibsiz saray,
Onun divarları uçmazmı lay-lay!?
Müqəddəs saraya ibadət gərək,
Onun sahibinə itaət gərək…!
 
* * *
 
İtaətkar insan demə ki, quldu,
İtaət atadı, bəşər oğuldu.
Əgər eşitməsə oğul atanı,
Dolanar, axırda tapar xatanı.
İnsan itaəti atarsa əgər,
Kürənin üstündə fəlakət törər.
Bəşər itaətdən çıxarsa əgər,
Orbitindən çıxan ulduza dönər.
 
* * *
 
Allaha inanmaq, əzəldən əzəl…
Onun yoxluğundan varlığı gözəl!
Allahlı dünyada zülüm ha yoxdu,
Əbədi həyat var, ölüm ha yoxdu.
Allahlı dünyada öl,Vətənoğlu!
Allahsız dünyaya gül, Vətənoğlu!
 
* * *
 
Sənin əlin üstə, əlmi var, Allah,
Səni tanımayan elmi var, Allah.
Sən elə varlıqsan ağrın-acın yox,
Mənim tərifimə ehtiyacın yox.
Fəqət bir qulunam, borcum var sənə,
Dərgahın yaxşılıq eyliyib mənə.
Milyon yaxşılığa bir zərrə əvəz,
Qaytarmaq necədi, məyər, gərəkməz!?
 
* * *
 
Əhf eylə, əhf eylə, qulunam, Ağa!
Qula, qulluq etmək deyil qadağa!
Qulun adətidir, qul, qulluq eylər,
Oğul atasına oğulluq eylər.
Bağışlarsan, bağışlamaz günahları ey yaradan…
Niyə səni yad edirik dara düşəndən-düşənə!?.
Sən elə varlıqsan ağrın acın yox,
Mənim tərifimə ehtiyacın yox!
 
* * *
 
Sənin o, nurlu ziyan, hər kimin üstündə olarsa,
Dünyanın əziz, bəxtəvər insanı o kəsdir.
Lütvün, rəhmin, kərəmin hər kimə varsa,
Dövrün, zamanın hakimi, loğmanı o kəsdir.
 
* * *
 
Təmiz qəlbin olsun, azca da varın,
Bu dünya durduqca çox eylər Allah.
Yoxdan var yaradar, heyran qalarsan,
Varı bircə anda yox eylər Allah.
 
* * *
 
Danışma qəzəbli, gülmə qəzəbli,
Oturma qəzəbli,durma qəzəbli.
Məzluma da bir daş vurma qəzəbli,
Qaytarıb sinənə ox eylər Allah.
 
* * *
 
Demə, puldan yazır, pula möhtacdı,
Təmiz ad Bəhmənin başında tacdı.
Namərdin milyonu olsada, acdı,
Mərd olan insanı tox eylər Allah.
 
* * *
 
O ağlım hardadı, özüm dolanım,
Mən yazığı sən dolandır, ay Allah.
Fitnələrdən, fəsadlardan, fellərdən,
Böhtanlardan gen dolandır, ay Allah.
 
* * *
 
Bəla məni, xətər məni görməsin,
Qəza məni, qədər məni görməsin.
Qüssə məni, kədər məni görməsin,
Günlərimi şən dolandır, ay Allah.
 
* * *
 
Mən Bəhmənəm, ucalmaqda istərəm,
Buludlardan bac almaq da istərəm.
Ucaldıqca qocalmaqda istərəm,
Saçlarımda dən dolandır, ay Allah.
 
* * *
 
Bəzən qaldıran da məni göylərə,
Bəzən yendirən də ayağa, sənsən.
Bəzən çiçək kimi açan könlümü,
Bəzən yandıran da ay ağa, sənsən.
 
* * *
 
Tanımaz anasın özgəsin əmən,
Ölsəm, yıxılmaram özgə sinə mən.
Bir də yalvarmaram özgəsinə mən,
Yenə ümid yerim ay ağa, sənsən.
 
* * *
 
Ağrının dadını, yıxılan dada,
Haraylar hey səni, yıxılan dada.
Uşaq tək yüyürüb, yıxılanda da,
Qaldıran Bəhməni ayağa, sənsən.
 
* * *
 
Sən alimsən, sən adilsən, sən qadirsən İlahi,
And içirəm varlığına, şəkkiyyət eyləmərəm.
Sənin uca varlığına ləhzədə min yol şükür,
Hər kim sənə inanmasa, ünsiyyət eyləmərəm.
 
* * *
 
Sayə salar üstümüzə, darıxma,
Bizi bu dünyaya gətirən Allah.
Heç kimi saxlamaz dar ayağında,
Ahunu bəlaya yetirən Allah.
 
* * *
 
Bir nizam veribdi, hər gərdişinə,
Əl atmaq olarmı onun işinə…?
Zəmin yaradacaq pərvərişinə,
Fidanı səhrada bitirən Allah.
 
* * *
 
Bəhmənə payı da göstərəcəkdi,
Hər haqqı-sayı da göstərəcəkdi.
Günü də, ayı da göstərəcəkdi,
Eyləməz dünyanı duman-çən Allah.
 

GÖYDƏ ALLAH, YERDƏ TALEH, CANDA ÜRƏK!

 
Öz izini qaşıyarmı insan oğlu!?
Dərdi-qəmi daşıyarmı, insan oğlu.?
Köməksiz də yaşıyarmı insan oğlu,
Hər insana arxa-dayaq olsun gərək,
Göydə Allah, yerdə taleh, canda ürək.
 
* * *
 
Allah verən dərd eylədi kamil səni,
Dostun mərdi, eylədi kamil səni.
Oynadığın rənd eylədi kamil səni,
Axır səni sevə-sevə etdi kövrək…
Göydə Allah, yerdə taleh, canda ürək.
 
* * *
 
Ömrü boyu ey qəm sazı çalan Bəhmən,
Qəlbi viran, könlü talan olan Bəhmən.
Ey didərgin, ey vətənsiz qalan Bəhmən,
İqbalına nə yazılıb söylə görək,
Göydə Allah, yerdə taleh, canda ürək.
 

HƏR GÜN BİR HİKMƏT

Bir gün rəhmətlik Molla Nəsrəddinin qonaqlarından biri Mollanın balaca oğlundan soruşur ki, dovşan görübsənmi, dovşan nədi…?

Uşaq tez cavab verir: «Gözü açılmamış sığırçın balasına dovşan deyirlər». Molla sevinə-sevinə deyir: – «A kişilər and olsun ki, mən öyrətməmişəm. Özü bilir. Bəh-bəh! Uşağın hafizəsinə və fərasətinə baxın haaaaa…!»

İndi əziz oxucular mollanın sözü olmasın. Bu kitabda yazacağım gündə bir hikmət (ola bilsin ki, kim üçünsə hikmət olmayacaq, adi söz olacaq. Amma mənim üçün hikmət və mənalı sözdür ki, onu kitaba yazıram. Özü də yaşımın bu çağında). Heç kimdən əxz edilməyəcək öz ürəyimə gələnlərdir. Əgər kiminsə bir hikmətli ifadəsi mənə xoş gələcəksə, onu yazacağamsa mütləq müəllifinidə yazacağam!

Onu da deyim ki, ola bilər hər hansı fikrə kimin əsərində isə rast gələ bilərsiniz. İnanın ki, mənim ondan xəbərim olmadan yazmışam. Burada da mənim günahım yoxdur. Dünyanın biri-birindən ən uzaq olan qütblərində yaşayan iki insan eyni fikir yürüdə bilər.

Xüsusən, həyat-ölüm və ölüm haqqında. Demirəm ki, bu olacaq. Mənə hikmətli görünən kəlam sizə hikmətsiz də görünə bilər. Ancaq mən hikmətli olsada, olmasada gündə bir kəlam yazacağam. Hansı günü yadilik heç nə gəlməsə şerlərimdən bir beyt yazasıyam…

Əlbətdə, buna inananlarda olacaq, inanamayanlarda. Kimsənin inanıb-inanmasından asılı olmayaraq deyirəm:

«Sanki, mənə havadan bir səs yumşaqca pıçıldadı: – verdiyim ağıldan düzgün istifadə etməyənlər cəza çəkəcəklər».

* * *
 
Ey məni yaradan uca tanrı;
Məni dərddən qoruma;
Qəmdən qoruma;
Yoxsulluqdan qoruma;
Məni şərəfsizlikdən qoru!
Öz rəhmanlığın xatirinə.
 
* * *

Kim deyir ki, biz Allahı görə bilmirik!?

Xeyir! Biz Allahı hər an görə bilərik.

Allah – gözəllikdədir;

– xeyirxahlıqdadır;

– yaxşılıqdadır;

– mürvətdədir.

* * *

İnsan həyatı:

Nə olmuşdur ki, nə oldu;

Nə oldu ki, nə oldu;

Nə olsa, nə olacaq;

–Qanunu ilə idarə olunur.


Məsələn;

Keçmiş zamana aid;

-filankəs nə etdiki nə oldu.


Gələcək zamana aid:

-filankəs nə etsə onda nə olacaq.


Bunlar həm xeyir, həm də şər əməllərə aiddir.

Bəli, həyat belə idarə olunur.

* * *

Ağır xasiyyət – insanı hər bəladan qoruyar;

Yüngül xasiyyət – insanı hər bəlaya tuş gətirir.

* * *

İnsanlar 2 qismə bölünür:

Xoşbəxtlər və bədbəxtlərə.

* * *

Minlərlə, yüzlərlə dərd üçün ən Ali təbib, ən Ali loğman olan

Allahın bircə dərmanı var; bəs o nədir!?

ZAMAN!!!

* * *

Anamın sözləri yadımdan çıxmır:

Hansımız azca lovğalıq edəndə deyərdi: – Ay gədə heyyyy…! Kələfcələnmə! (yəni həddini aşma!)

Sonralar dərk etdim ki, böyük və mənalı sözdür.

* * *

Bu Həzrət Əlinin sözüdür:

– əvvəl fikirləş, sonra sözü de.

–əvvəl fikirləş, sonra işi gör.

Əzizlərim bu fikri hər zaman Unutmayın.

* * *

«Səni bildiyin dərgə düş» – bu dəhşətli qarğışdır. Düşməyən bilməz.

Bunu əhli-hal qanar.

* * *

Allahın verdyi hər dərdin içində bir dərmanı da var.

Hər şadlığın, sevincin içərisində də bir dərd var.

* * *

Yoxsulluğun özündə Allahın verdiyi bir nemətdir. Düzə zaval olmadığı kimi yoxsula da xata yoxdur. Yuxusu şirin və rahat olur.

* * *

Mən dünyaya ona görə gəlmişdim ki, səninlə birlikdə yaşayım… səndə ki…?

Yaxşı elədin: çünki sən sevəni səndən savayı bəlkədə dünyada sevən olmazdı.

* * *
 
Yaman acı olar əbədi həyat;
Gedəsiyik deyə dünya şirindir.
 
* * *

Heç bir mədrəsə;

Heç bir Ali məktəb;

Heç bir Akademiya Allahın verdiyi dərd qədər insanı kamilləşdirə bilməz. Ona görə də fikirləşib deyirəm:

Allah verən dərdə şükür;

Allah dərdi nağıl verir.

Kef insana ağılsızlıq,

Dərd insana ağıl verir.

* * *

Biz əksər vaxt Allahın verdiyinə şükr edirik!

Yox!.

Allahın verdiyinə də şükr etmək lazımdır. Elə məqamlar var ki, verəndə yolumuzu azıb qudururuq; verməyəndə quzu kimi sakit oluruq. Başımızda ki bəlasız olur. Elə bütün bunlara görə bəzən Allahın verdiyinədə şükr.

* * *

Dünyada-həyatda yaxşı yaşamağın yeganə bir yolu var;

–pis nəticə verə biləcək hər işdən imtina etməyi bacarmaq.

* * *

Öz canına qanınada cəza verməyə ixtiyarın yoxdur: -çünki onu sən yaratmayıbsan.

* * *

Çörək gündə üç dəfə ağıl gündə üç yüz dəfə lazımdır.

* * *

Müdrik kəlamları hamı sevir. Hamı təkrar edir. Lakin o kəlama uyğun bəlaya düşənədək, tam dərinliyi ilə dərk etmir.

* * *
 
Arzuya çatsaydım mən mən olmazdım,
Vüsala yetişsəm Bəhmən olmazdım…
 
* * *

Mən indiyə qədər xırda intim hisslərlə məşğul olmuşam. Son nəhayət duymuşam ki, İnsan bəşəri duyğulara malik olmalıdır.

 
Heç nə gətirmədin bu dünyaya sən,
Heç nə aparmazsan ondan gedərkən.
 
* * *
 
Allahdan böyük mütəfəkkir yoxdur.
Yuxuda belə gördüm.
 
* * *

Ey ulu kainatın şəriksiz yaradıcısı; 60 illik ömürdən sonra bu qənaətə gəldim ki, sənin buyurduqlarına əməl etməkdən gözəl heç nə yoxmuş.

* * *

Dövrün günahını ayrı-ayrı şəxslərin üzərinə qoymaqda düz deyil.

* * *
 
Elə insan olasan ki, dünya
sənə valeh ola.
Dünya valeh olmaq üçün,
taleh gərək, taleh ola.
Taleh taleh olmaq üçün,
əməl gərək saleh ola.
 
* * *
 
Minnətdar olaram, neçəki sağam,
Məni məndən sonra sevən kəslərə.
 
* * *
 
Pis əməlin yaxşı nəticəsi ola bilməz.
Qanqal toxumu səpibsənsə,
Bənövşə bitəcəyini gözləmə.
 
* * *

Allahı sevən ürəyin sahibi pis əməllər sahibi ola bilməz!

* * *
 
Nə ürək, nə kürək, nə dilək qalıb,
Hamısı gedibdi Bəhmən tək qalıb.
 
* * *
 
Qəm eyləmə zaman bir gün,
Taxtından devirsə səni.
Sən yenə də şah olarsan,
Sevdiyin sevirsə səni.
 

Yəni: Sevdiyi kimi sevirsə o bəxtiyardır.

* * *

Mənə görə:

Demokratiya insanın ən Ali və ən ədalətli qanunlara tabe olmasına deyilir.

* * *

Öz ömrünün müvəqqəti olduğunu bilməyənlər ən bədbəxt insanlardır.

* * *
 
Demərəmsə ürəyimi parçalar,
Deyərəmsə söz dilimi yandırar.
Nə günahı eyləyərsə görəsən,
Ulu tanrı bir millətdən yandırar.
 
* * *

Həyat başdan-başa bilməcədir, talehsizin gündüzüdə gecədir.

* * *

Aqilin gücündən, qüdrətindən xeyirxahlığa istifadə Allaha da xoş gedər.

* * *
 
Yerdə sürünənin xətrinə dəymə,
Çoxda qanadı var, quşu sən qoru.
Birdə ələ düşməz bu gözəl dünya,
Torpağı sən qoru, daşı sən qoru.
 
* * *
 
Gəz, dolan baş-ayaq eli farağat,
Eylə əyrilikdən əli farağat,
Mili bağlı saxla, dili farağat,
Salamat dolandır, başı sən qoru.
 
* * *
 
Ulu tanrı yaratmayıb daş səni,
İnsan edib kamal səni, huş səni.
Cavanlıqda qoruyacaq yaş səni,
Elə ki, qocaldın, yaşı sən qoru.
 
* * *
 
Həyatın yolunda yüz olsan mətin,
Köməksiz, arxasız yaşamaq çətin.
 
* * *
 
Kimi gəzir, kimi yatır dolanır,
Hərə bir ətəkdən tutur, dolanır.
 
* * *

Əcəl macal versə əyər, sağalmayan yara yoxdur.

* * *

Yaxşı – yaman nə gedirsə, gülüm, ömürdən gedir.

* * *
 
Yaxşılıq etdim naşıya,
Yamanlığı dəydi mənə.
 
* * *

Mən heç nədən qorxmuram, ismətimdən savayı.

* * *

Mərifət fənnini qeyri-kafi bilmək ölümdən betərdir.

* * *

Atamızın atasıdır, anamızın anası. İnsan ilə təbiətin vəhdəti torpaqdadır.

* * *

Su nə qədər yumşaq olsada yaşamaq eşqi ilə daşıda dəlir.

* * *
 
Almaz, bilirəm, namusu bəxşeyş verən olsa,
Çünki əzizim, arsıza qeyrət nə lazımdır.
 
* * *
 
Bu həyatı kef bilmişdim bir zaman,
Yerli-dibli dəhşətimiş sən demə.
 
* * *
 
Məhəbbət gözlərdən arzu ürəkdən,
Şeir dodaqlardan ayrı yaşamaz.
 
* * *
 
Kənardan baxırsan, hamı insandır,
Ehtibarlı, ehtibarsız tanınmır.
 
* * *
 
Kim dünyada məhəbbətsiz yaşasa,
Ürəyində nə payız var, nə də yaz.
 
* * *
 
Bizə atadan-mərdlik, anadan şirin dil qalıb.
 
* * *
 
Bir vaxt rəqibim qızıl quş idi,
Qışqırır üstümə qarğalar indi.
 
* * *
 
Dəmir yumşalacaq, daş islanacaq,
Nadan yetişəcək kamala, -çətin.
Ömür uzanacaq, min il olacaq,
İnsan bu dünyadan kam ala, -çətin!
 
* * *
 
Məhəbbət bu yaşda yaramaz, – demə,
Eşq ürəyə nə vaxt desən yarayar əla.
 
* * *
 
Yüz güllənin yarasından ölməzdim,
Bir dilin vurduğu yaradan öldüm.
 
* * *
 
Düşmüşəm gülməli eşqə-həvəsə,
Amandır, bu dərdi demə heç kəsə.
 
* * *

Allahın verdiyi bütün dərdlərin yeganə dərmanı SƏBRDİR.

* * *

Dərd verən dərman yaradır,verdiyi dərddən qabaq.

* * *

İnsan övladına dərd verən Allah, ya dəyanət verir, ya dərman verir.

* * *

Dələduzların toxumu təlpətöyünün toxumuna bənzər.

Şair qardaşım İsmixan demiş «sulasanda bitər, sulamasanda.»

* * *

Papaq əvəzinə palaq bürünsün vəfası, ilqarı,əhdi yalanlar.

* * *

Məhəbbətsiz gözəllik barsız bağa bənzər.

* * *

Gözün gözəlliyə vurğunluğundan ürəkdə yaranan oddur, məhəbbət.

* * *

Olaydı insandan-insana hörmət, olmayaydı təmənnalı yaxşılıq.

* * *

İnsan var, dünyamız nə qədər ki, var, insansız dünyanın özü məhv olar.

* * *
 
İnsanlar Allahlıq edəndən bəri,
Fəlakət gözləyir bütün bəşəri.
 
* * *
 
Bəhmən nə qazandıq hədər dünyadan,
Hərə bir dərd ilə gedər dünyadan.
 
* * *
 
Niyə dağıdırsan,niyə, ay insan,
Axı dünyanı sən yaratmamısan.
 
* * *
 
Anadan ayrılsan, çətin yaşarsan,
Vətəndən ayrılsan, ölərsən canım.
 
* * *

Bizi yüz yaşında cavan saxlayan, – o dağın havası bu dağın ətridir.

* * *
 
Taleh sənlə olanda cəhdin səmərə verər.
 
* * *

İnsanın nəfəsi dəyən boz qaya insansız çiçəkli çöldən gözəldir.

* * *
 
Çox yerdə yaxşılar dərdi bol çəkir,
Bu saxta sənədə fələk qol çəkir.
 
* * *
 
Ağıl məhəbbətə çıraq olmasa,
Yolundan yarımçıq dönərsən, gülüm.
 
* * *

Arzun üçün min dəfə çalışsanda, fürsət ələ bircə dəfə düşər.

* * *
 
Vüsalın dalınca nə qədər qaçdımsa, yenə hicran talehimə tuş gəldi.
Bəhmən qondu ömür adlı budağa, dedilər ki, – bir köçəri quş gəldi.
 
* * *
 
Uzaqdan olsada görməz gözümə,
Dərmansız dərdimə əlac olarsan.
 
* * *

Gözəllər bizi;

Mehriban-mehriban baxışlarıyla şirin-şirin dillər ilə öldürür.

* * *

Məndən xoşbəxt varmı, sən olan yerdə.

* * *

Tanrı ucaldanı el əyə bilməz.

* * *
 
Bu gün aşura günüdür.
Yaradanın nəzəri var; düş məndə,
Vətənoğlu qisas qalmaz düşməndə.
Gen günündə dost görünür düşmən də,
Dar günümdə arxam olur bir Əli.
 

Cənab Əli arxanız olsun.

* * *

Bacarsan:

Sevinəndə soyuqqanlı ol. Bu sənin durumuna kömək edər.

* * *

Mən mənim zamanımda ki

Bu oxunan mahnıları üç qismə bölürəm:

1) Məhəllə mahnılar.

2) Milli mahnılar.

3) Bəşəri mahnılar.


Məsələn:

Naftalan oğlanları (məhəllə mahnısı)

Azərbaycan oğluyam (milli mahnı)

Mən anayam bu səsimdə yerin-göyün dərdi var (bəşəri)

* * *
 
Bəzən elə olur əlacsız Alim,
İblisə-şeytana nur insan deyir.
Elə zaman gəlir, elə vaxt olur,
Xalq öz düşməninə qəhrəman deyir.
 
 
Onu da-onu da zaman dedirdir,
Dedirdir, özüdə yaman dedirdir.
 
* * *

Bir kişiyə deyirlər ki, əzrayıl oğul paylayır. Kişi deyir ki, əzrayılın payladığı oğul özünün olsun, oğlumuca əlimdən almasın.

* * *

Nəticə:

Düşmənin mərd olsa qorxma Bəhmən,

İgiddən insana xata yetişməz.

* * *

Yeri düşdükcə anam deyərdi:

Hər kəs öz ağlının barını yeyər.

* * *

Əgər insanın əlindən, dilindən, əməlindən ona zəfər toxunası əlamət olmayıbsa buda bir xoşbəxtlikdir.

* * *

Bu gün Kəlbəcər faciəsinin 9 ili tamam olur.

 
Durmuşam ölümlə pəncə-pəncədə,
Əriyir varlığım bu işgəncədə.
Quruca cismimdi gəzən Gəncədə,
Bütöv canım Kəlbəcərdə qalıbdı.
 
 
Yaman kövrəlmişəm, yaman dolmuşam,
Ağlasam ürəyim boşala bəlkə.
Qoşulub dağların Dəli çayına,
Çağlasam ürəyim boşala bəlkə.
 
 
Birdə görə bilsəm yaşıl meşəni,
O cənnət diyarı, cənnət gülşəni.
Tərtərin üstündə tər bənövşəni,
Qoxlasam ürəyim boşala bəlkə.
 
* * *
 
Sığın sığındığın şahi-mərdana,
Bircə ondan istə aman, a Bəhmən.
 
* * *

İnsanın öz əməli ona şərəfdə gətirər, fəlakət də gətirər.

* * *

Sən insansan, sən insansan, gölə qarğı düzürsən, yer sənindir, göy Allahın, sən göydə nə gəzirsən!?.

* * *

Ey milləti talan edib dağıdanlar, təpələri bəyənməyib, dağ udanlar. Bircə dinar qoyan yoxdur, dirinizin məzarına, ölümüzü heç demirəm, dirinizin məzarına.

* * *
 
Zərrə işıq düşsə eşqindən sənin,
Göydə günəş sönsə, dolanar Bəhmən.
 
* * *

Keçmişi yadda saxlamamaq unutqanlıq günah işdir.

* * *
 
Gör ayırdı kimi-kimdən,
Kimi-kimə yazdı fələk.
 
* * *
 
Haksız cəzam olar mənim,
Fəqət günahkar olmaram.
 
* * *
 
Alçalmaqla, ucalmaqda,
qanunudu dünyanın,
Bəxtin quşu göydən yerə yenəndə,
səbrin olsun.
 
* * *
 
Ataya da ata lazım olarmış,
Yollarına qurban olum, ay dədə.
 
* * *
 
Qoy məni öldürsün bir loğman əli,
Amandı yarama naşı dəyməsin.
 
* * *
 
Bu gözəl fikir başımda dolaşdı:
Mən səhv eləmərəm;-
Eləsəmdə, elim qoymaz!
 
 
Bəhmən.
 
* * *
 
Bu həyatı kef bilmişdim bir zaman,
Yerli-dibli dəhşətimiş sən demə.
 
* * *
 
Biz dostuq arada ülfətimiz var…,
Fələk bağışlayıb bu dərdi mənə.
 
* * *
 
Fərsiz övlad göz dağıdır ataya,
Şüursuzdan nə qalıbdı, na qala.
 
* * *
 
Bir iş bir düyünə, çətinə düşsə,
Açılmaz kələfin ucudu düz söz.
 
* * *
 
Bu dələduzları kim olub əkən,
Pərpətöyün kimi çöllərə tökən.
 
* * *
 
Bir gündə yüz dəfə soyurlar bizi,
Gündə bircə dəfə soysalar nə var.
 
* * *
 
Barsız bağdır məhəbbətsiz gözəllik,
Gözəllik olmasa məhəbbət olmaz.
Gözün gözəlliyə vurğunluğundan,
Ürəkdə yaranan oddu məhəbbət.
 
* * *
Bir gün nəvəm dünyaya gəldi:

Yəni, oğlum Etibarın və gəlinim Nurlanənin oğlu- bu gün qələbə bayramı,– qələbə günü olduğu üçün oğlanın adını qoydum QALİB – QALİB BƏHMƏNLİ

Dədəm Qorqud demiş:

Adını mən verdim-ömrünü və xoş taleyini isə kainatın şəriksiz yaradıcısı olan

ALLAH versin: Amin.

İmza Bəhmən Bətənoğlu

9 may 2002-ci il.

Təəssüf! Mənimlə ailə üzvlərimin heç biri razılaşmadı. Uşağa mənim adım verildi: BƏHMƏN ABBASOV!

* * *
 
Yaxşılar hər yerdə dərdi bol çəkir,
Bu saxta sənədə fələk qol çəkir.
 
* * *
 
Sən çalış xoş keçir vaxtı-vədəni,
Keçəcək vədəyə, vaxta nə var ki,
 
* * *
 
Ala gözlü Azərbaycan gözəli,
Yeriyəndə yerə-yurda naz eylər.
 
* * *
 
Bəhmən qondu ömür adlı budağa,
Dedilər ki, bir köçəri quş gəldi.
 
* * *
 
Durub baxır dərdlərimə kənardan,
Bir zamanlar dərdi mənlə bölənim.
 
* * *
 
Dayandı ömürü gözlədi Bəhmən,
Ömür gözləmədi Bəhməni, getdi.
 
* * *
 
Sonam üz döndərib, tərk edib məni,
Nədənsə könlümə yenə şirindir.
 
* * *
 
O gözləri şəhla, baxışı xumar…,
Bəhməni odlara salıbdı aşkar.
 
 
Bir yolluq öldürüb qurtarsa nə var,
Aylarınan, illərinən öldürür.
 
* * *
 
Görəydim ilk yarın son vəfasını,
Elə bir tükənməz səbrim olaydı.
 
* * *
 
Yüz min ara vuran fitnəkar gələ,
Meylim ondan yana dönəsi deyil.
 
* * *
 
Qafil insan çəkmə hədər cəfanı,
Tanrı ucaldanı el əyə bilməz.
 
* * *
 
Səninlə cəlallı, sənsiz zavallı,
Məndən xoşbəxt varmı, sən olan yerdə.
 
* * *
 
Səninlə çağlaram, sənsiz ağlaram,
Məndən xoşbəxt varmı, sən olan yerdə.
 
* * *
 
Doğru yol ərkanı buraxma əldən,
Zərrə boyda haqqı kəl əyə bilməz.
 
* * *
 
Təbim gahdan gəlir, gahdanda gedir,
Süleyman mülkünün varı kimidir.
 
* * *
 
Bəhmən özgə gözəlliyə heyrandır,
Onu al yanaxlı xal əyə bilməz.
 
* * *
 
Bir parça kağıza qıymaz dostlarım,
Gör necə salıbdı nəzərdən məni.
 
* * *
 
Haqq verən qismətdir, çatar, incimə,
İkidə, bütövdə, para da, Bəhmən.
 
* * *
 
Sən sayma əbədi dünya veranı,
Hanı Süleymanın xoş güzaranı.
 
* * *
 
Əzəl gündən fələk əysə bir kəsdən,
Bol verər dərdini, salar həvəsdən.
 
* * *
 
Gör nə günə qalıb zəvvar kamalım,
Yol bilməz öyrədir yolları mənə.
 
* * *
 
Hamı xoş danışıb yetir vüsala,
Mənə zərər gəlir, dilimdən, Sonam!
 
* * *
 
Bəhmən bel bağlama yar ilqarına,
Nə tez aldanarmış dünya varına.
 
* * *

İnsanların yarıdan çoxunu xəstəliyi yox, əməli öldürür.

* * *

«Sağ başı gora aparmaq» nə deməkdir? Dərin fikirləş.

* * *

Sosializm doğruluq, düzlük, bərabərlik, ədalət təbliğ edir.

Belə bir ictimai quruluş yaşaya bilməz. Çünki, həyat insanlardan yalançılıq, əyrilik, dələduzluq tələb edir.

Misal üçün həqiqətə qalsa insan müvəqqəti yaşayır, həyat puç və əfsanədir. Bu həqiqətdir.

Amma bunu təbliğ edə bilməzsən. Bunu etsən cinayətkarsan.

Bunun üçün deməlisən. Yaşa-həyat əbədidir, qur, yarat, yaşa və s., yalanlar….

* * *

Kim hakimiyyətə gəlirsə,-deyir- Demokratik qüvvələr hakimiyyətə gəldi. Bəzən özü də xalqa divan tutan ən mürtəce qüvvəyə çevrilir.

Kim hakimiyyətə gəlirsə özünü demokratik qüvvə adlandırır. Özünün müdafiə etdiyi təbəqə və onu müdafiə edən təbəqə ilə birlikdə özlərinə demokratik qüvvələr deyir. Dünyada belədir. Gəlin elə biz Azərbaycanı misal çəkək. İndi hakimiyyətdə olan Heydər Əliyev komandasıda, ona müxalif komandalarda özünü demokratik qüvvə adlandırır. Bəs əslində demokratik qüvvələr kimdir?

Bu sözün düzü geniş xalq kütləsindədir. Bu mənada hazırda nə hakimiyyət, nə də müxalifət-demokratik qüvvə deyil. Çünki bunların heç biri geniş kütlənin mənafeyini müdafiə etmir. Yalnız öz ətraflarının mənafeyini müdafiə edirlər. Demokratiyada onlardan hər kəsin özü üçündür.

Xalq kütləsinin mənafeyi isə yalnız sosializm quruluşu ilə mümükündür. Çünki, oğurluqda Dövlət hər şeyə nəzarət edir.

İnsanların ölümünə səbəb olan 90 faiz öz əməlidir. 1 faiz xəstəlik, qəza və s.-dir.

* * *
 
Deməki, aqiləm, gözlə özünü,
Bir şübhəli, şirin dil olan yerdə.
 
* * *
 
Qoşa gediləsi ömür yolunda,
Sevgi bir an ola…, dəhşətdi, dəhşət!
 
* * *
 
Zərrə işıq düşə eşqindən sənin,
Göydə günəş sönsə, dolanar Bəhmən.
 
* * *
 
Min il ömrüm olsa, cavan yaşaram,
Eşqi bir gözəlin qoymaz qocalam.
 
* * *
 
Cüt olsa milçək də qalib gələcək,
Tək olan aslana yazığım gəlir.
 
* * *
 
Bir ölüm yaxşıdı sevilməməkdən,
Talehsiz cavana yazığım gəlir.
 
* * *
 
Bostan becər, qanqal bitirmə Bəhmən,
Zər götür, zir-zibil götürmə Bəhmən.
 
* * *

Mənə elə gəlir ki, bütün canlıların, o cümlədən də insanın cəsarəti gücünə münasib olur.

İnsanda ağılın gücüdə buraya daxildir.

* * *

Mənim dərdim elə dərddir, təbibin dərmanı yox.

* * *

Əgər materalistlərin-Marksistlərin dediyi kimi, dünya da, kainatda təkamül yolu ilə yaranıbsa, Allah (nazimbillah) yoxdursa onda dəhşətdir, fəlakətdir. Dünya da, kainat da Allahla gözəldir!

Allahsız kainat gözəl ola bilməz!

* * *
 
Ağılsız yaşamaq- dəhşət, fəlakət.
Ağılla yaşamaq nə gözəl imiş.
 
* * *

Kaş insan kefli vaxtında da, şad vaxtında da, dərdli vaxtında da ağıla malik ola idi.

* * *

Ey məni yaradan Allah məni öz ağlımın ixtiyarına buraxma, özün dolandır. Ağlıma da kömək ol.

* * *
 
Niyə zülm edirsən,
A zalım, mənə.
Nə sən qalacaqsan,
Nə mən dünyada.
 
* * *
 
Sirri sirr daşıyan sirdaşa danış,
Hər söz bir insana söylənə bilməz.
Yalnız bir ürəyi bir ürək sevər,
Bir ürək yüz yerə paylana bilməz.
 
* * *

«Allah son ki eybindən saxlasın» -Dərin dərk et. Mənalı sözdür.

 
Hələ sabaha xeyli var,
Hamı yatıb, oyax yoxdur.
Bər ilahim səndən qeyri,
Mənə arxa-dayaq yoxdur.
 
* * *
 
Qarğaşalı qara günlər,
Elə qatdı başımı,
Arada bir macal tapıb,
Sayammadım yaşımı.
Kimlər oldu tanımadım,
Yarımı-yoldaşımı.
Siz dediniz 70 oldu,
Onda çatdım qaşımı…
Yola saldım payızımı
Qarşıladım qışımı.
 
* * *

Çox qəribədir – mən 70 illik həyatımda belə gördüm. Niyə biz insanlar belə edirik:

–hər başa çatan hakimiyyətə məddahlıq edirik. Bundan əvvəlkini isə ifşa etməkdən, yəni söz, yeni tənqid qaydası «kəşf» edirik. Özüdə hər dəfə adətmizi təkrar edirik. Yaxşı eliyirik-təkrar biliyin anasıdır.

* * *
 
Sənə fəda olum ey qadir Allah,
Yetişdi çiçəkli yaz ara məni.
Mənə Kəlbəcərin hər yeri birdi,
Göndər ya Zəyliyə, ya Zara məni.
 

Zar-zəylik Kəlbəcərin lap o başı, erməni tərəf başı ərazisidi.

* * *

Səhər-səhər o xəyalıma gəldi. Bu misralarda…

 
Qəlbimin atəşini,
Gözlərmin yaşını,
Vərəqlərə süzərək,
Sətirlərə düzərək,
Sanki qönçə gül dərdim,
Onu sənə göndərdim.
 
 
Yenə yaxın durmadın…
Əlini də vurmadın.
Yandırdı, kül eylədi,
Aman məni, ah məni.
Gördü ki, sən sevmədin,
Milyonlara sevdirdi,
Yaradan Allah məni…!!!
 
* * *

Azərbaycan xalqının xoşbəxtliyi onun müstəqilliyidi. Əgər tarix bunu qeyri-mümkün hala gətirərsə hansı millətə arxalanmaq!? Bax, bunun özüdə bir məsələdir və əsas məsələdir. Yenə tarixi təcrübə dada yetə bilər! Tarix nəyi göstərmiş və sübut etmişdir? Bunu xatırlamaq lazımdır.

* * *

Hazırda yeni XIX əsrin sonunda, XX əsrə keçərkən irqi və dini dəyərlər; irqi və dini mənafelər ümumi bəşəri dəyərləri, ümumi bəşəri mənafeləri üstələyir!

Bax bu zamanın, tarixin ən böyük ədalətsizliyidir.

Bu ədalətsizliyin qarşısını yalnız sosializm və kommunizm ictimai-quruluşu ala bilir. SSRİ-nin əhəmiyyəti, tarixi xidməti də elə bunda idi.

* * *

Dərk edə-edə oxu:

Gəldiyin ömür yoluna qayıt bax…

Nə qədər şər işlər, nə qədər pis əməllər, nə qədər günahlar etmişsənsə, o qədər yerdən özünə tuşlanmış güllə gözlə, o qədər ölüm gözlə…,

Bu gün getdim direktor Nadir müəllimdən maaş aldım əhvalım yaxşıdı. Allahın verdiyinə şükür.

* * *

Qüdrətli bir Dövlətin vətəndaşı olmaq böyük şərəfdir.

 
Günəşli, gündüzlü nur boyasıdı,
Allah varsa-səadətdi kainat.
Öz-özünə yaranıbsa yaranış,
Vahimədi, fəlakətdi kainat.
 

Dərdim-qəmim ola; ehtiyac içərisində yaşayam; yoxsul olam. Dağlar qoynunda – ucqarda yaşayam.

Lakin….

Qüdrətli bir dövlətin vətəndaşı olam.

Bu insanın ən böyük xoşbəxtliyidir.

Hər yerdə sərbəst gəzərdik güman etməzdik kimsə bizə sataşa.

Dağlardakı tənha alaçıqlarda da…

* * *

İstər Atalar sözləri, istərsədə digər qiymətli fikirlər. Hamı tərəfindən bəyənilir və qəbul edilir. Lakin heç də bu fikirlərə hamı fəaliyyətdə əməl etmir. Cüzi miqdarda ağıllı adamlar əməl edir. Lakin başına iş gələn-həmin hikmətli kəlamın nə olduğunu tam dolğunluğu ilə dərk edir.

Heç hər aqil də öz dediyinə və öyrətdiyi nəsihətə özü əməl etmir.

Biz insanlar həmişə verdiyinə «şükr olsun» deyirik. Daha şüurumuz gətirib deyə bilmirik ki, bəzən vermədiyinə də şükür İlahi. Deməli nəyi isə məsləhət bilibsən ki,-verməyibsən. Bəlkə versən zərər gətirərmiş. Ona görə də verməyibsən.

Misal üçün:

Elə, İlahi bu gün mənə dəyərli mənalı bir fikir, hikmətli bir söz vermədi. Yadıma gətirmədi. Neyləyək, məsləhət bilmədi. İndi də belə məsləhətinə şükürlər olsun.

* * *

Bu səhər günəş çıxdı:

Saat 7-yə 20 dəqiqə qalanda çıxdı.-yəni 6-40-da çıxdı. Ayın 7-si ilə 9-u arası elə fərq olmadı. Həyat haqqında düşünərkən nə ölümü yada gətirmə, nə də ondan qorxma.

* * *

Günəş çıxdı saat 7-yə 17 dəqiqə qalanda. Dünənkindən 3 dəqiqə gec çıxdı.

* * *
 
Var dərdimi qanmayanda, qananda,
Ömür gedir, etibar yox cananda.
 
* * *

Əvvəl yox olan şeyin (varlığın) axırı da yox olmalıdır.

* * *
 
Bəhmən Vətənoğlu sür zaman atın,
Ömrün qiyməti yox, alınmaz satın.
 
* * *
 
İlki Baldan şirin gözəl həyatın,
Sonu dönür zəhrimara nədəndir!?.
 
* * *
 
Vədəsində yan oduma Maralım,
Ağlama Bəhmən öləndən sonra.
 
* * *
 
Səni gözəl yaradanda yaradan,
İcazə verdimi nahaq qan eylə.
Sən Allah gündə yüz qan eyləməyi,
Ala gözlərinə qadağan eylə.
 
* * *
 
Öz günəş eşqindən zərrə işıq ver,
Bəhməni bəxtəvər bir insan eylə.
 
* * *
 
Burda buludludur üzü səmanın,
Burda min hiylədi özü zamanın.
 
* * *
 
Uğursuz əsir küləklər,
Yenə fırıldaqlar, yenə kələklər.
 
* * *
 
Bir zaman dillərdə qalasıyam mən,
Bəhmənəm, ötəri qonaq deyiləm.
 
* * *
 
Oldumsa hər zaman mərhəmət uman…
O süzgün baxışlar vermədi aman.
Sızıltım ney oldu, naləm bir kaman,
Qəlbimi saz kimi çaldı gözəllər.
…Ulduzlara baxan uşağa döndüm,
Əlim çatmaz, bir xəyaldı gözəllər.
 
* * *

Səhər saat 7-yə 5 dəqiqə qalanda günəş çıxdı. Ayın 10-da isə səhər saat 7-yə 17 dəqiqə qalanda çıxmışdı.

 
Biz gözlərik bizi gözləməz zaman,
Ovu bərədə vur, ay ağlı nadan.
 
* * *
 
Deməki aqiləm, gözlə özünü,
Bir şübhəli şirin dil olan yerdə.
 
* * *
 
Qoşa gediləsi ömür yolunda,
Sevgi bir an ola dəhşətdi, dəhşət.
 
* * *
 
Zərrə işıq düşsə eşqindən sənin,
Göydə günəş sönsə dolanar Bəhmən.
 
* * *

İlahi və sirli bir qüvvə tərəfindən bir dəfəlik qərar qoyulub.

Kim hansı günahları, hansı xətaları: -hansı qələtləri etsə hansı cəzaları alacaqdır. Mən belə inanmışam. Hətta görmüşəmdə.

İnanıb inanmamaq hər kəsin öz işidir.

* * *
 
Nə deyim, nə deyim bu məhəbbətə,
Hər insan oğlunu salır möhnətə.
 
* * *
 
Min il ömrüm olsa cavan yaşaram,
Eşqi bir gözəlin qoymaz qocalam.
 
* * *
 
Cüt olsa sərçədə qalib gələcək,
Tək olan Aslana yazığım gəlir.
 
* * *
 
Bu gün özümə doqquz qızıl diş saldırdım.
Dostum, qardaşım Bəylərin məsləhəti və köməyi ilə.
Ömür yollarında ağardıb birçək,
Ay ellər Atalar alimdir gerçək.
 
* * *
 
Kimi deyir bilmə, kimi deyir bil,
Hansını eyləyim gülüm, bilmirəm.
Bilməsəm nadanam, bilsəm dərd əhli,
Bilmiyim bilmirəm, bilim bilmirəm.
 
* * *
 
Bir dəfə Bəhmənə mehriban baxsan,
Yüz hatəmin səxavətinə dəyər.
 
* * *
 
Sən olmasan zər gözümdə zibildi,
Sən olanda dur dağların daşıdı.
 
* * *
 
Xalq zərbi-məsəllərini;
Atalar sözlərini; hikmətli və müdrik kəlamları; mənalı hədis və nağılları bilmək və yadda saxlamaq asandır!
Onlara əməl etmək çətindir. Əməl etmək üçün dərin dərketmə və sarsılmaz iradə lazımdı.
Bunların vəhdəti olan insan kamildir!
                                    Kamil insandır!
Dində kamil insan yetişdirir. Elmdə kamil insan yetişdirir.
Bunların vəhdəti müdrik kamil yetişdirir.
 

Din daha kamil insan yetişdirir. İzahı bütöv bir kitab olar. Özüdə samballı bir kitab olar.

Bircə səbəbi deyə bilərəm, elm dili inkar edirsə Allahın varlığını aşkar edirsə onun yetişdirdiyi insan kamil olsada müdrik kamil ola bilməz, yəni ancaq özünü yaxşı idarə edib kamil aparsada xalq o qədər də faydalanmaz.

Kaş imkanım, şəraitim ola bu barədə bir kitab yaza biləm.

* * *
 
Hər baxışın mənasını duymuşam,
Dərdin alım, demə Bəhmən naşıdı.
 
* * *
 
Torpağam, qovrulub oda dönmüşəm,
Yağış ol üstümə səpələn, görüm.
 
* * *
 
Səhər saat 8-ə 10 dəqiqə işləmiş günəş çıxdı.
Əlalar içində bir də əla,
Yaxşılar içində bir də yaxşı,
Pislər içində bir də pis var.
 
* * *
 
Yaradan yaşadır yaratdığını.
 
* * *
 
Təbiət boş qalardı, tökülən dolmasaydı,
Ölüm nemət olardı, əzabı olmasaydı.
 
* * *
 
Ömrümün qürub çağında 70 yaşda bu səhifədən başlayaraq
Ağlım kəsəndən bəri çərxi-zamanım başıma gətirdiyi bəzi işləri, hadisələri bura yazmaq fikrinə düşdüm.
 

Yalnız ölüm qohum-əqrabaya və məni sevənləri lazım olan tərcümeyi halım. Amma bunlarda az adam deyil haaa…!


ÖMÜRDƏN YADDA QALAN SƏHİFƏLƏR

Bizim kənd Murovdağın ətəklərinə doğru axan iki çayın arasında bir təpənin üstə yerləşmişdi. Bu məncə arxasındakı ot tayasına bənzər boz dağdan, amma sonralar meşələr basmış boz dağdan sürüşmüşdü.

Kəndimizi araya alan çayların biri Göyçə mahalından İnək dağı kəndinin arxasından; o buri isə Zodun qızıl mədəninin arxasından başlanğıc mənbəni götürürdü. Kəndimizin qənşərində qırmızı rəngə çalan, ona görə də «Qızıl Qaya» adlanan bir əzəmətli qaya vardı. Qayadan alçağı və qayadan günbatan tərəfi balaca bir qəbrstanlıq idi. Hər iki çay bizim kəndin aşağı hissəsində birləşirdi. İnəkdağın arxasından gələn çay Cəmilli (kənd) çayı Zodun qızıl mədəni arxasından üzü bəri gələn Dəmirçudam (kənd) və ya Quzey dalan çayı adlanırdı.

Mən bu Seyidlər kəndində dünyaya göz açmışdım. 1932-ci ilin Bəhmən ayında, sonralar səhv olaraq doğum günüm dekabr ayının 31-nə yazılmışdı. Sovet dövründə Bəhmən ayının səhv olaraq kimsə dekabra aid etmişdir.

Xülasə səkkiz il bu kəndin məktəbində oxuduqdan sonra atam məni rayonun mərkəzinə – Kəlbəcərə aparmış, orada IX (doqquzuncu) sinfə qoymuşdur. Məndən savay heç kəs bizim kənddə öz təhsilini davam etdirmək istəməmiş, heç bir valideyn öz uşağını oxutmaq fikrində olmamışdır. Mən hər həftə 30-35 kilometr yolu tək gedib-gəlməli olurdum. Müharibə təzə qurtarmışdı. Vəziyyət çətin idi. Həftəlik çörəyimi hər bazar günü evdən gətirirdim. Yolda 5-6 kənd keçməli olurdum. Kəndin itləri, özüdə çox sərt itləri vardı, qorxurdum. Çox balaca idim, yalan olmasın 15-20 kilo çəkim, bir metrdən az artıq boyum vardı. Hər kəndə yaxınlaşanda kəndlərin kənarındakı dağların balası ilə, ya da meşə ilə gedirdim ki, itlər tökülüb məni yeməsin. Yadımdadır, ürəyim quş ürəyi kimi çırpınıb döyünürdü.

O zaman kəndimizə nə elektrik xətti, nə də maşın yolu çəkilməmişdi. Yollarla ya atla, ulaqla, ya da piyada gedilirdi. Yadımdadı, bir dəfə atam rayon mərkəzinə gəldi. Bir həftəlik çörəyimizi aldı. Çörək talon ilə verilirdi. Xalamın əri məsul işdə işlədiyinə görə onun köməyi ilə ala bilmişdi. Çörək şələsinin çox hissəsini atam, az hissəsini mən götürdüm. Dağlarla, daşlarla, piyada yollarla kəndləri keçə-keçə səhərə qədər yol gəldik. Kəndlərdə gecə yarı üstümüzə çoxlu itlər tökülürdü… atam itdən qorxmurdu… Mən bunlada fəxr edərdim… Sözün düzü atam ovçu idi, həmişə onu silahlı görmüşdüm. Lakin atam neyləsin zamanə çətin idi. Külfət ağır idi… Biz beş qardaş, iki bacı idik. Beləliklə doqquz nəfər ailəni dolandırmaq çətin idi…

Xülasə gecə səhərə qədər yol gəlib, Ələm ağacı deyilən bir dağın başından kəndimizin qənşərinə çıxdıq. Qənşərinə də deyəndə kəndlə o, dağın başı arasında hələ 10-12 kilometr yol vardı. Ayaqlarım yerimirdi… addımımı özümdən asılı olmayaraq atırdım… Gözlərimi yuxu tuturdu. Mənə qalsa yolun-harası gəldi yıxılıb yatardım… havada xoş idi… Görünür atam bunu hiss etmişdi. Yolun bir-iki addım kənarında rahat bir yerdə şələsini göy otun üstünə qoydu. Mən də şələni onun yanında yerə qoydum. Atam mənə dedi: -səhərə az qalmış olar. Otur qoy yorğunluğun çıxsın. Uzaqdan baxanda kənd zülmət içində görünürdü… 25-30 evdən ibarət bu kənddə yalnız iki evdən sönük lampa işığı görünürdü. Ara-sıra itlərin hürüşmə səsi gəlirdi… Necə, nə vaxt yuxuya getdiyimi bilmirəm… oyandım ki, dağların başına gün düşür… mən yuxuya gedəndə atam pencəyini üstümə atmışdı…

Atam çox pəjmürdə, pərişan, gözləri dolmuş halda üzümə baxırdı. Yaxındakı bulağı göstərdi.-get üzünə su vur, yuyun gəl. Adama bir tikə yavanda olsa çörək yeyək. Beləcə səhər naharımızı edib, sonrada yenə kəndə gəldik…

Amma inəklərimiz sağıldığından südümüz, qatığımız var idi.

Humanitar fənləri yaxşı, riyazi fənləri pis oxuyur, pis bilirdim… Doqquzuncu sinfi Kəlbəcərdə sona çatdırıb, onuncu sinfi Yanşaq kəndində oxumağa getdim. İndi yol yaxın idi. Qonşu çəpli kəndindən Mehdi adlı bir şəxsiyyətcə, həm də xasiyyətcə gözəl bir oğlanda mənimlə oxuyurdu. Mehdi bəy nəslindən idi. O, bizim eldə, mahalda adlı-sanlı bir nəslin övladı idi. Arığalı oğlu Həsənin, yüzbaşı Həsənin nəvəsi idi. Biz bir-birimizi o qədər çox sevir, çox istərdik ki, ikicə-üçcə gün bir-birimizi görməyəndə darıxırdıq. Mehdi dağları, təbiəti, vətəni çox sevərdi. Şer yazmasa da təbiəti şer yazanlardan çox duyurdu. Gözəl… Məlahətli səsi, rəvan oxumaq qabiliyyəti var idi. O zaman yazdığım kiçik şerləri hamıdan gizlədiyim üçün məni məzəmmət edərdi. Atası İmamqulu müharibəyə gedib, qayıtmamışdı. Atasının qardaşı aşıq Məmməd eldə tanınan aşıq idi. Aşıq Məmməd qoşmalar yazırdı. Onun qoşmalarından bu gündə yadımda da qalanları var:

Qəhrəman (Çingiz atası) əhvalatını əlavə et.

 
Məmmədin sözlərin saxla nəsihət,
Belə qərar qoyub Qadiri-qüdrət.
Kimiyə beş ərşin yaxasız xələt,
Köçhaköç, qaçhaqaç, talan dünyadı.
 

Axı dedim ki, mənim şagird yoldaşım olan Mehdi təbiəti, dağları çox sevirdi. Mehdi elə dağlarında qurbanı oldu… dağda gəzərkən qayadan uçmuş, al-qan içində çaya düşmüşdü. Mən görmədim, onda kənddə idim. Dedilər ki, çay qan-qırmızı qan gedirdi. Mehdi nişanlı idi. Sevməyə də, sevilməyədə layiq oğlan idi. Onun ölümü məni sarsıtmışdı. Sonrakı il Mehdisiz, lakin Mehdinin xəyalı ilə məktəbə gedib-gəldim…

Məni təbrik edən tapmadım… olmadı… orta məktəbi bitirdikdən sonra üç il Gəncəyə H.Zərdabi adına pedaqoji instituta getdim. Kəsilmədim, müsabiqəyə düşdüm. O zaman buna konqursa düşmək deyirdilər. Dördüncü il Bakıya, o zaman «C.M.Kirov adına Azərbaycan Dövlət Univeristeti»nə getdim və qəbul oldum… amma nə heç kəs məni tanıdı nə heç kəs məni təbrik etdi… özüm-özümə sevindim. Özüm, özümü təbrik etdim. Halbuki, son imtahanda imtahan götürən müəllimə (deyəsən adı Zeynəb xanım idi) demişdir: -oğlum, indi sənin imtahanındır. List bizdə qalır. Özünə də bax,– «əla» yazdım. Get, ananı-atanı sevindir. Səni elə indidən təbrik etmək olar. Mən çox balaca boyumla devikə-devikə imtahan otağından çıxanda heç bayıra hansı pilləkənlə yenib çıxacağımı da bilmədim…

İndiki professor Ağamusa Axundov: oradan yox, oğlum oradan yox, bu tərəf ki, pilləkənlə düş demişdi. Kəndimizdə telefonda yox idi. Olsada nə deyəsi idim. Yazıq atam, anam heç bəlkə «təbrik» sözünün nə özünü nə mənasını bilmirdi. Olsa-olsa «allaha şükür»-deyərdilər.

Dəmir yol vağzalına gəlib, Yevlağa getmək üçün ümumi vaqona bilet aldım. Səhərə qədər taraq-taq; taraq-taqla Yevlağa qədər yol gəldim. Nə məni tanıyan oldu… nə mən tanıyan bir adam oldu… Bu bap-balaca oğlanı kim tanıyası idi. Kəlbəcərə bilet almış olsamda Tərtərə çatanda yerimi bir qocaya verməli oldum…

* * *

Dörd-beş gün qalıb Bakıya qayıtmalı idim. Atam pul tapıb məni göndərə bilmirdi… Malımızın birini satlığa qoymuşdu… Məni bu minvalla yola salmışdı. Birinci kursda iqtisadi çətinlik çəksəmdə sonra yaxşı dolandım. Artıq yazılarımdan qanarlar alırdım. Ara-sıra radiodan da alırdım. Rayonda, kənddə mənə arxa duranlar vardı. Eldə-mahalda həmişə xeyirxah adam kimi tanınan, həm də yaxşı bir həkim olan doxdur Mamed mənə kömək üçün atamı kəndimizin xəstəxanasında işə götürmüş və aylıq maaş verirdi. Mamed doktur onda rayon səhiyyə şöbəsinin müdiri idi. Təvazökarlıqdan uzaq olsa da mən bunu deməliyəm ki, bizim kənddə bircə nəfər də olsa alı təhsilli adam yox idi. İlk tələbəlik ilində, universitet məni sıxırdı… Kəndimiz, anam, qardaş-bacılarım yadıma düşürdü. Dəfələrlə istədim ki, universitetdən qaçam. Bakı mühiti məni darıxdırırdı. Elə bilirdim ki, burada yaz gəlmir. Onu gətirirlər. Kim isə onu çəkib asfaltın qırağından çıxarır. Elə sanırdım ki, ağacın başına şəhərdə yarpaqları əl ilə düzürlər… o vaxtlar belə bir şer də yazmışdım:

 
Buda bir mənzərə, bu da bir diyar,
Baxıram, görünmür, o yerlər hanı!?
Nə daşdan süzülən şəlalələr var,
Nə suların səsi oxşar insanı.
 
* * *
 
Nə bulaq görürəm, nə çəmən, nə düz,
Nə kolun dibində tər bənövşələr!
Nə dağlar döşündən bir cığır gedir,
Nə dərin dərə var, nə sıx meşələr.
 
* * *
 
Nə Qoca dağlar var, nə şiş qayalar…
Bu yerdə nə duman görmürəm, nə çən.
Ay ellər elə bil qoyub gəlmişəm,
Hissimi, duyğumu o yerlərdə mən.
 
* * *
 
Çoxdan aşiqiyəm; deyim düzünü,
Xalı döşəməli yaylaxların mən.
Görən görərəmmi bir də üzünü,
O qurban olduğum oylaqların mən».
 
* * *
 
Çiçək-çiçəkdirmi, cənnət guşələr…?
Yaşıl don geyibmi dağlar, meşələr.
Görəsən bilirmi tər bənövşələr,
Yorğun yolçusuyam uzaqların mən.
 
* * *
 
Göz yaşı tökmürəm, sevinməsin qəm,
Bir az hicran məni sarsıdır bu dəm,
Çünki, həsrətini yaman çəkirəm,
Gözündən içdiyim bulaqların mən.
 
* * *
 
Üz tutub qoynunda aqil bir kəsə;
-Vermədi analıq borcumu,-desə.
Haqqı var Bəhməndən giley eyləsə,
Vəfasız oğluyam o dağların mən.
 
* * *

Elə bilirdim ki, «tək söyüd» yaylağının qarşısında əzəmət və vüqarla sıralanıb dayanan; «ağ çınqıla» qədər cərgələnən; Allah rəssammış, özünün yaratdığı hilal dağı mənsiz darıxır. Mən də kəmər kimi Hilal dağa yoxuşa qıvrıla-qıvrıla qalxan «Tanrı yoxşu» yoluna baxmaqdan ötrü sinov gedəm… Ölürəm, elə bilirəm bax beləcə biz biri-birimizdən ayrı yaşıya bilmərik. Sən demə bu fikirlər uşaq xülyası imiş… puç imiş. O dağların, bu dünyanın yaşının yanında bizim birgə yaşamağımız yüz illər olsada belə bircə an imiş, bircə göz qırpımı qədər imiş…

Sevgiyə də biganə deyildim… Rayonun mərkəzində bir qız sevirdim… Adı Hamayıl idi. Orta boylu qız idi. Heç bir boya-rəng tanımayan üzü ay kimi parlaq idi. Ala gözləri, qara-şəvə kirpikləri vardı. Danışanda kəlmələri dilinin ücünda əzdirə-əzdirə deyirdi. Xalamgilə qonşu idilər. Rayonun mərkəzinə yolum düşəndə çoxlu sözlər, cümlələr əzbərliyirdim. Amma onunla görüşəndə unudurdum. Ona nə deyəcəyimi bilmirdim. Dilim dolaşırdı, kəkəliyirdim… elə ki, ondan ayrılardım, onda da özümü danlayırdım. Daha danlamağında faydası olmurdu…

Bilmirəm başqasına xoş gələrdi, gəlməzdi. Amma özümə xoş gələn əfsanəvi misralar, şerlər yadıma düşürdü… həm ilk zamanlar elə gecələr deyə heç yerə yazmırdım. Özüm-özümə əzbər yadımda saxlayıb ondan təsəlli alırdım…

 
Ağrın alım a nazlı yar,
Bəhmən sənsiz tutmaz qərar.
İkimizdə bir ürək var,
Yarı məndə, yarı səndə.
 

-deyərdim. (çox təəssüf ki, indi bu beyti Ağadadaş Ağayev bilmirəm, kiminsə şerinə çevirib, özəlləşdirib. Amma aşıqlar öz adıma oxuyur.)

 
Bəhmənəm satılmaz könlüm həmdəmi,
Sevmişəm ilqarı doğru sənəmi.
Çağırdım cərrahı, yardı sinəmi,
Gördülər köksümdə adı var onun.
 

-deyərdim. Və yaxud…

 
Şaxtalı qış…, çovğun-boran,
Acı ruzigar soyuq tufan.
Sən üşüyüb gələn zaman,
İsti otaq mən olaydım.
 
* * *
 
Yaz özünü göstərəndə,
Yaşıl xalılar sərəndə…
Sən bağçada gül dərəndə,
Güllü butaq mən olaydım…
 

-deyərdim. Bax, beləcə, beləcə ürəyimin çırpıntılarını şerə düzürdüm. Onda şer-sənətdə indiki kimi urvatsız deyildi. Mən bu məzlum məktubları ürəyimdə saxlayırdım. Bu hisslərlə yaşayırdım. Bu balaca şeyrlər məni can sirdaşım, yol yoldaşım olurdu.

Bir dəfə qış fəsli idi. Soba yanırdı. Hərəmiz sobanın bir tərəfində oturmuşduq… Heç nə danışmırdıq. Mənim sifətim elə bil od tutub yanırdı… O da allanmışdı. Sadəcə olaraq bir-birimizə baxıb gülümsünürdük. Sükutu Hamayıl pozdu:– «niyə danışmırsan, axı kənddən gəlmisən, de görüm kənd yaxşıdı, yoxsa bu rayonun mərkəzi yaxşıdı?»

–kənd yaxşıdı- dedim, tez də əlavə etdim. Amma bir səbəbə görə bura kənddən yaxşıdı…

– o nə səbəbdir,– dedi,– nəyə görə bura yaxşıdı?!?

–Axı sən buradasan,– dedim.

Əlimin üstə asta bir sillə vurdu… Gülümsədi.

Xalam məni harayladı… çox ifrata varmaram, sadəcə olaraq onu deyirəm ki, biz biri-birimizə qismət olmadıq… çox utancaq idim. Eşqi-məhəbbəti, sevgini, ülvü göylərdə, əlçatmaz bir əfsanəvi dünya hesab edirdim. Elə həmin hisslər bu gün də mənim xəyalımda, ürəyimdə yaşamaqdadır… Sonralar qız …………… Lakin Hamayıl qədər sevdim deməyə cəsarətim çatanda, dilim tutmur…

 
Kimlər üçün kef havalı dünyadı.
Milyon dəfə saxta-saxta gülsədə,
Əhvalına ağlamalı dünyadı.
 
 
Mənim ricətlərimdən biri: -
Ey Adil olan Allah,
Ey Qadir olan Allah,
Ey Rahim olan Allah.
 

Sənin böyüklüyünə, sənin adilliyinə, sənin qadirliyinə, sənin rəhmanlığına şükürlər olsun.

Nə yaxşı ki, yaratdığın bu dünyanın üstündə ədalətsizliyi, ləyaqətsizliyi, şərəfsizliyi, vicdansızlığı, qeyrətsizliyi, zülmü qulaqardına vurmaq üçün, saymamaq, dərdini çəkməmək üçün bu gözəl, bu lətif, bu maddənin safı olan şərabı mənə qismət bunun üçün mən sənə yerlə-göy arası tutduqca şükür sənalar edirəm.

Kimsə zənn etməsin ki, mən bunu şərab içdiyimə görə özümə haqq qazandırmaq üçün deyirəm. Əsla! Əsla, yox!

Əgər şərab mənim qismətim olmasaydı əks halda yoxsa bu şərəfsizlikləri, bu ləyaqətsizləri, bu ədalətsizlikləri, bu dələduzları, bu vələduznalıqları gördükcə, duyduqca, sənədə, sənin yaratdığın bu yumurta boyda dünyayada nifrət edərdim.

Düzdür! Mən nəyəm axı sənin qarşında. Amma hər halda məni sən yaratdığın üçün mən də bir kainatam, bir dünyayam. Mənim də özümə görə öz aləmim var və sənin mənə bəxş etdiyin söz aləmim var!

HƏMİŞƏYAŞAR ŞAİR

Son söz əvəzi.

Şair var ki, sağlığında dəfn olunur və yaddan çıxır.

Şair var ki, zəmanəsinin şairidir, nəyinsə və kiminsə hesabına yaşayıb.

Şair var ki, keçmişin, indinin və gələcəyin şairidir. Bəhmən Vətənoğlu məhz belə şairdir.

Sağlığında zamanın süzgəcindən süzülüb keçən həmişə yaşar şairdir. Bu da talehin bir qistəmi imiş. Bir vaxtlar onun şerinin misralarının təsirindən vəcdə gəlib ara-sıra gənclik mövzusunda kimin xəyalına gələrdi ki, vaxt gələr Bəhmən Vətənoğlunun nəşrə hazırlanan yeni kitabına ön sözü yazmağı o ocağın ağbirçəyi, şairin ömür-gün yoldaşı Təzəgül xanım mənə həvalə edə. Bəli, Bəhmən Vətənoğlu mənim xalam oğlu olduğundan demək olar ki, birevli olmuşuq. Mənim üçün Bəhmən Vətənoğlunun bu kitabına ön söz yazmaq bir tərəfdən çox məsuliyyətli və çətin, digər tərəfdən isə asan və şərəfli işdir. Bəhmən Vətənoğlu böyük şairdir. Bunu böyükdən kiçiyə böyük türk dünyasından eşidirik.

Onun haqqında yazmaq ona görə mənə asandır ki, vaxt olub bizim evdə bir çarpayıda ayaq-baş yatmışıq və çox vaxt onun şerlərinin ilk oxucusu da mən olmuşam. Hətta elə vaxtlar olub ki, təbiətin qoynunda olanda bədahətən dediyi şerləri mən öz qeyd dəftərimə köçürmüşəm. Bu qəbildən olan aşağıdakı şerlərdə eləcə:

 
Gözəlliyinə heyranıq.
Bitirdi bir lala-dünya.
Şirinliyindən doymuruq,
Bələnibdi bala dünya…
 

Mən o xoşbəxtlərdənəm ki, B.Vətənoğlu yaradıcılığını əzbər bilirəm və mənə elə gəlir ki, mənimlə bərabər içimdə B.Vətənoğlu gəzir. B.Vətənoğlu, o xoşbəxtlərdəndir ki, istər gəncdən, istər orta yaşlı nəsildən və istərsə də yaşlı nəsildən şair haqda soruşanda onlar B.Vətənoğlunun ibrətlə kəlamları ilə cavab verirlər. Bundan xoşbəxt nə ola bilər. Hələ gəncliyindən üzü bəri dediyi şerlərin bəzi bəndləri Atalar sözü səviyyəsində yaddaşlara həkk olundu.

 
Qaratikan səpər dost arasına,
Yalançı, böhtançı, çuğula lənət.
Yüz fərsiz oğuldan bir qız yaxşıdı,
Başa qaxınc olan oğula lənət.
 

O zamanlar Kəlbəcərin xoşbəxt günləri idi. Kitab oxumaq mütaliə etmək rayonda böyük bir ziyalılıq sayılırdı. 6 özəl kitablar əldən-ələ, evdən evə gəzirdi. Bundan maraqlı isə Bəhmən Vətənoğlunun şeirləri dəftər vərəqlərində ürəkdən-ürəyə yol tapırdı. Gözəl şair Əli Qurban Dastançı bir ayın həsrətinə dözməyib Bəhmən Vətənoğlundan təzə şeri istədiyi kimi

 
Bəhmən, niyə gəlmir səsin-sorağın,
Niyə dillənmirsən, hanısan, Ayə?!.
Qəlbimə məlhəmdi hər bir varağın,
Könlümün soltanı, xanısan, Ayə?!.
 

Həqiqətən də şairin könüllər soltanı olan gözəl şerləri əllərə çatan kimi ürəklərdə özünə doğma yuva salırdı. Bir qısa müddətdə lirik qoşmalara köklənmiş şair elə həmin vərəqin arxasında cavab məktubunu təvazökarlıqla yazıb məktubu gətirən adama verərdi:

 
Heçlikdən varlığa dönübdü Bəhmən,
Səmadan torpağa yenibdi Bəhmən.
İnanma, desələr sönübdü Bəhmən,
Əbədi məşələm, yanıram, Ayə.
 
* * *

Və az keçməmiş bu deyişmələr məclislərin yaraşığına çevrilərdi aşıqların dilində.

Aşıqlar tez-tez sazın kökünü dəyişdiyi kimi, Bəhmən Vətənoğlu da öz ilham çeşməsini başqa kökə kökləyirdi. Və mənə elə gəlirdi ki, bunu şair öz oxucu pərəstişkarını yormamaq üçün belə edirmiş. Bir ara divanilərə dillər əzbəri olurdu.

 
Qafil insan, gəl oyadım, şirin xəyaldan səni,
Xilas edim tamah adlı bir qeyli-qaldan səni.
Var toplasan hərami tək dostun olar çoxları,
Varın əldən gedən kimi, qılınclar daldan səni.
 

Bəli bir müddət də şairin divanələri. Divaniyə köklənərdi, könül duyğuları bu səslə səslənərdi başqa bir zaman kəsiyində şirin gəraylılarla ürəklərə yol tapan şair üçün mövzu həmişə var idi.

 
Payız gəlsə, çiçək açmaz,
Yüz sulasan solan ömrü.
Kim təzədən cavan eylər,
Ahıl yaşa dolan ömrü?!.
 

Belə-belə ürəklərə yol tapan şair də cavanlığından müdrik bir şair görkəmi almışdı. Və şerin çətin cinasları-təsnifləri ilə öz məharətli nəfəsi ilə el obada gündən günə hörmətini qazanırdı.

 
Zahirdə üzümə dost deyə-deyə,
Yağı düşmən saldı məni nə qala.
Dərdimi göylərə bülənd eylədi.
Belə yüksək nə bürc olar, nə Qala.
 
* * *
 
Bu vətəndir, torpağından el əmən,
Mən elinəm, qurban olum elə mən.
Öz-özümə od ki tutdum elə mən,
Ocağıma nə kösöv qoy, nə qala.
 
* * *
 
Bəhmən, dərdi ürəyindən at Ayə.
Kədərini ilə qoyuma, at aya.
Fərsiz oğul göz dağıdır ataya,
Beyşüurdan nə qalıbdı, nə qala.
 
* * *

Yerin nura boyansın ay Bəhmən. Həqiqətən də, beyşurdan nə qalıb ki, nə də qala?!.

Bir dəfə kiçik bir xahişdən ötəri bir nəfər vəzifəli adamın yanına getmişdim və özümü xəcalət eyləyən bir cavab eşitdim, qapıdan çıxanda özümə təskinlik üçün dedim.

Allah sənə rəhmət eyləsin, ay Bəhmən Vətənoğlu. Gözəl demisən, belələri haqda.

 
Bəhmən, nalayiqə söyüş nə lazım,
Əlinə biz götür, qayış nə lazım.
Ulağın oğlundan xahiş nə lazım,
Atası nə qanıb, oğlu nə qana?!
 

Bəhmən Vətənoğlunun ömür gün yoldaşı Təzəgül xanım Bəhmənin əlyazma qalın dəftəri mənə verdi və dedi ki, özü kitabın adının da haradan gəldiyini yazıb.

Bəhmənin yazdıqlarından:

Formaca balaca məzmunca böyük olan bu kitabın adı belə olacaq:

«Allah eşqinə»

I fəsil: – «Allahdan böyük mütəfəkkir yoxdur».

II fəsil: – «Allahsız dünya»

Və bura əlavə olunacaq I fəsilə o balaca «Lüks» bloknotda yazdığım hikmətlər və əlavə olaraq yazır:

Əlbətdə buna inananlar da az olacaq,

Lakin kimsənin inanıb-inanmamasından asılı olmayaraq deyirəm:

Sanki mənə hardansa bir səs yumşaqca dedi: – Verdiyim ağıldan düzgün istifadə etməyənlər cəza çəkəcəklər. Həqiqətdə belədir, hər bir adam öz ağılının cəzasını müsbət və mənfi mənada çəkir.

Yenə qayıdaq Bəhmən Vətənoğlu yaradıcılığına səmimiyyətlə onu deyə bilərəm ki, yalnız yuxarıda Bəhmənin dediyi dəftərdəki o misraları yazanda kitab və dəftərdən istifadə etdim. Ona görə ki, istədim hər bir cümlə-misra təbii olsun. Axı onsuz da Bəhmən Vətənoğlu poeziyasını demək olar ki, əzbər bilirəm. Bir şerində yazır:

 
Həqiqət varlıqdan, vüsal diləkdən,
Ağıl-kamal başdan, qüvvət biləkdən.
Məhəbbət gözlərdən, arzu ürəkdən,
Şer dodaqlardan ayrı yaşamaz.
 

Bir dəfə dedim, ay xalaoğlu, sən ki, Allaha inanan bir adamsan, ana-babalarımız böyük bir seyid nəslidir. Hətta ulularımızın dediklərindən bizə gəlib çatıb ki, Molla Vəli Vidadi (Şıx Vəli) ana babalarımızdan biridir:

–Bəli, Ay Yusif həqiqətən Molla Vəli Vidadi bizim ana babamızdır, (Şıx Vəli). Amma kitabın adını ona görə «Allahsız dünya» qoydum ki, bəzi «İnsanlara ibrət olsun».

Axı:

 
İnsanlar Allahlıq edəndən bəri,
Fəlakət gözləyir bütün bəşəri.
 

El-oba itkisinə dözməyən şair zaman-zaman dərdini vərəqlərə tökürdü:

 
Dağ başında qartal idim,
Qanadımdan yaralandım.
Yollarımı duman aldı,
Qatarımdan aralandım.
 

Və ya:

 
Zəhmi nə ağırdı evdə təkliyin,
Sonu ağlamaqdı bu kövrəkliyin.
 

Digər şerində:

 
Məni Kəlbəcərə qaytar İlahi,
Onun dağlarından, düzündən öpüm.
Nərgizi, Laləni basım bağrıma,
Qaymaq çiçəyinin üzündən öpüm.
 

Bəli, Bəhmən Vətənoğlu yaradıcılığından aylarla, illərlə danışmaq nə yazmaq olar.

Çünki urvatlı şeir yazmaq, urvatlı ömür yaşamaq Bəhmən Vətənoğlu dünyasının gözəl məzuniyyətlərindən biridir. Mən elə bilirəm ki, Bəhmən Vətənoğlunun bu kitabı da ürəklərə yol tapıb könüllərdə yaşayacaq.

Ruhun şad olsun, Qəbrin nurla dolsun, ay Vətənoğlu.
Böyük hörmətlə Yusif Hüseyn.
Azərbaycan Yazıçılar birliyinin üzvü.
Şair-publisist.02.05.2014

ULU TANRININ ŞƏNİNƏ SƏHƏR DUASINDAN

 
Qəlbimdə özümsən, dilimdə sözüm,
Çiynimdə mələklər xeyir-şər yazır,
Mən hələ dünyaya gəlməzdən əvvəl,
Alnımın yazısı hazırdır, hazır!
 

BU UŞAQLARA

 
Etibar, etiqad olub sərsəri,
Ülfət də azalıb illərdən bəri
Ey bu məmləkətin müəllimləri,
Ülfət dərsi keçin bu uşaqlara.
 
* * *
 
Bilsin doğrusunu, bilsin düzünü,
Zamanın yolunda, görsün izini.
Dərindən tanısın özü özünü,
Millət dərsi keçin bu uşaqlara.
 
* * *
 
Vətən satanları tanımaq üçün,
Vətən alanları tanımaq üçün,
Düşmən olanları tanımaq üçün,
Nifrət dərsi keçin bu uşaqlara.
 
* * *
 
Bizə başa gəldi, məktəblər baha,
Yalan öyrətmələr bəs eylər daha.
Yerdə hökmüdara, göydə Allaha,
Hörmət dərsi keçin bu uşaqlara.
 
* * *
 
Elm ilə göylərə uçmasanızda,
Hanibal andını içməsənizdə,
Qeyri bir fənləri keçməsənizdə,
Qeyrət dərsi keçin bu uşaqlara.
 
1994

ONUN

 
Yüz il bundan sonra yanasıyam mən,
Sinəmdə sönməyən odu var onun.
Ona simsar olanlarda əzizdir,
Qohumu var onun, yadı var onun.
 
* * *
 
O zamandan aylar, illər ötüşüb,
Cavan idim saçlarıma dən düşüb,
Bircə dəfə baxışımız öpüşüb,
Hələ damağımda dadı var onun.
 
* * *
 
Bəhmənəm, satılmaz könlüm həmdəmi,
Sevmişəm ilqarı doğru sənəmi,
Çağırdım cərrahı, yardı sinəmi,
Gördülər köksümdə adı var onun.
 
* * *
 
Yadigar qoymasa hər gəlib-gedən,
Təbiət viranə bir bağa bənzər.
Dünya yol üstündə karvansaraya,
İnsan gəldi-gedər qonağa bənzər.
 
Kəlbəcər

GÖZƏLSƏN

 
Ayrılanlar bir də gəldi görüşdü,
Deyirəm ki, günlər nə tez ötüşdü.
Səni gördüm xəyalıma nə düşdü…,
Qarayanız bir qız idin əzəl sən.
Səni könlüm sevən gündən gözəlsən.
 
* * *
 
Özümüzə lalədən don biçirdik,
Durna gözlü bulaqlardan içirdik,
Körpəliyi o dağlarda keçirdik,
Qarayanız bir qız idin əzəl sən.
Səni könlüm sevən gündən gözəlsən.
 
* * *
 
Dəcəl idin, ürkək idin sən yaman,
Dalaşardıq, barışardıq hər zaman,
Ayrı gəzib dolanmazdıq bircə an,
Qarayanız bir qız idin əzəl sən.
Səni könlüm sevən gündən gözəlsən.
 

ELİMDƏDİ

 
Məni məcnun edən Leyli,
Elimdədi, elimdədi.
Əllərinin hərarəti,
Əlimdədi, əlimdədi.
 
* * *
 
Oğrun baxan ala gözlər,
Sinəm üstə qoydu közlər,
Şirin dildən çıxan sözlər,
Dilimdədi, dilimdədi.
 
* * *
 
Arı olmaz şandan ayrı,
Ürək vurmaz qandan ayrı,
Vətənoğlu ondan ayrı,
Zülümdədi, zülümdədi.
 

BU DAĞLARDA

 
Duyğum təmiz çeşmə kimi,
Durulmuşam bu dağlarda.
Yüz il gəzsəm demərəm ki,
Yorulmuşam bu dağlarda.
 
* * *
 
Oylağımdı bu dağ, dərə,
Axar-baxar, keçid, bərə.
Zirvələrdən zirvələrə,
Çox qonmuşam bu dağlarda.
 
* * *
 
Bu dağlar çəkib nazımı,
Şən görmüşəm hər yazımı,
Ellər dinlər avazımı,
Mən bir quşam bu dağlarda.
 
* * *
 
Könül sazı çala-çala,
Qərq olmuşam min xəyala,
Ceyranbaxış bir marala,
Vurulmuşam bu dağlarda.
 

İSTƏRƏM Kİ…

 
İstərəm ki, dağlar sənə,
Baharlı dağlar desinlər.
Vədəsində gül-çiçək aç,
İlqarlı dağlar desinlər,
Əzəməti göylər dəlsin,
Vüqarlı dağlar desinlər.
İstərəm ki, dağlar sənə,
Qoy qarlı dağlar desinlər.
Ana dağlar təki sənə,
Qanlı dağlar deməsinlər.
 

GÖZƏLLİK VƏ MƏHƏBBƏT

 
Gözəllik məhəbbət əkiz yaranıb,
Hər ikisi yoxsa səadət olmaz.
Barsız bağdır məhəbbətsiz GÖZƏLLİK.
Gözəllik olmasa məhəbbət olmaz.
 
* * *
 
Əzəli, əbədi ehtiyacımız,
İnsan üçün bir maraqdı GÖZƏLLİK.
Hər baxışda gözümüzə xoş gəlib,
Könlümüzü oxşamaqdı GÖZƏLLİK.
 
* * *
 
Mənası kitabdan-kitaba sığmaz,
Sanma ki, bir quru addı MƏHƏBBƏT.
Gözün gözəlliyə vurğunluğundan,
Ürəkdə yaranan oddu məhəbbət.
 

ƏYİLƏN KİMİ

 
Hər sözdə sən ara bir məna, bir sirr,
Sevgilim diqqət et deyilənlərə.
Əyilmək alçaqlıq əlamətidir,
Ellər nifrət edir əyilənlərə.
 
* * *
 
Mən də əyilirəm… sənə gözəlim…
Fəqət əyilmirəm deyilən kimi.
Mənsə əyilirəm, axşam günəşi…
Çiçəkli dağlara əyilən kimi.
 

DURUB BAXIR DƏRDLƏRİMƏ KƏNARDAN

 
Durub baxır dərdlərimə kənardan.
Bir zamanlar dərdi mənlə bölənim.
Arzusuna, istəyinə yetişib,
Daha ölmür həsrətimdən ölənim.
 
* * *
 
Aramızda nə xatadı nə qandı.
Ulu tanrı özün saxla amandı…
Təbəssümə ehtiyacım yamandı,
Gülümsəmir o üzümə gülənim,
 
* * *
 
Elə güldü gül üstümə töküldü,
Elə baxdı bağrım başı söküldü.
Bu çağımda mən ağladım o güldü,
O çağımda göz yaşımı silənim.
 

YADIMA DÜŞƏNDƏ

 
Gəncliyimin oynar, gülər çağında,
Qalmaz iman-din yadıma düşəndə.
O arzuya, o vüsala yetdiyim,
O günəşli gün yadıma düşəndə.
 
* * *
 
Unutmaram o ilqarı, o andı,
Çox da indi zaman ayrı zamandı.
«Sarı Bulaq» xəyalımda dolandı,
«Çənli Yurt»-da çən yadıma düşəndə.
 
* * *
 
Sellər, sular mənim kimi çağlamaz,
Səndən qeyri kəs yaramı bağlamaz.
Deyirlər ki, kişi olan ağlamaz,
Mən ağladım sən yadıma düşəndə.
 

BİLƏNDƏN SONRA

 
Nə pünhan yer axtar nə xəlvətə gəl,
El-oba dərdimi biləndən sonra.
Məcnun, Məcnun deyə düşüb arxamca,
Uşaqlar üstümə güləndən sonra.
 
* * *
 
Hicran toxumundan dərd əkəcəksən,
Hər zaman ağlayıb yaş tökəcəksən.
Hədər yada salıb ah çəkəcəksən,
Əzrayıl üstümə gələndən sonra.
 
* * *
 
Dönmür qeyri yana, dəyişmir halım,
Sənsən gecə-gündüz fikrim, xəyalım,
Vədəsində yan oduma maralım,
Ağlama Bəhməni öləndən sonra.
 

QADAĞAN EYLƏ

 
Səni gözəl yaradanda yaradan,
İcazə veribmi, nahaq qan eylə?
Sən allah gündə min qan eyləməyi,
Ala gözlərinə qadağan eylə.
 
* * *
 
Biz insanıq bir məhəl qoy sözünə,
İnsaf eylə qılınc çalma izimə,
Nə olar, bir dəfə xoş bax üzümə,
Mən yazığı gəda ikən xan eylə.
 
* * *
 
Kədər laylasında yatan ömrümə,
Dumanlar içində itən ömrümə…
Zülümlər etmisən ötən ömrümə,
Gələcək ömrümü firavan eylə.
 
* * *
 
Kamalım səndədir, kamalı şıx ver,
Bəzəksiz hüsnümə bir yaraşıq ver,
Öz günəş eşqindən zərrə işıq ver,
Bəhməni bəxtəvər bir insan eylə.
 

GƏLİBSƏN

 
Bu uzaq yolları a gözəl sonam,
Peşmanmı gəlibsən, şənmi gəlibsən?
Xaindən, xəbisdən keçib aralı,
Bədnəzər olandan genmi gəlibsən?
 
* * *
 
Dilim baş aparsa verim qadağa,
Sən gələn yollara canım sadağa.
Günəş zirvəsini yandıran dağa,
Dumanmı gəlibsən, çənmi gəlibsən.
 
* * *
 
Bəhmənəm, qurbanam özüm ellərə,
Mirvari sözləri düzüm ellərə,
A dünya gözəli bizim ellərə,
Allahmı göndərib, sənmi gəlibsən.
 

YAZ EYLƏR

 
Şəhla gözlərinə qurban olduğum,
Ürəyimi kaman eylər, saz eylər.
Məni cavanlığa bir də qaytarar,
Qış ömrümü bahar eylər, yaz eylər.
 
* * *
 
Sığal çəkib təbiətin öz əli,
Özü şirin sözü meyli, məzəli.
Ala gözlü Azərbaycan gözəli,
Yeriyəndə yerə-yurda naz eylər.
 
* * *
 
Bəhmən girib qəsdimizə o mələk,
Dönüb baxmaz tüstümüzə o mələk,
Sayə salmaz üstümüzə o mələk,
Heyif, bizə güzəranı az eylər.
 

A ZALIM

 
Məni görmək arzulama sən allah,
İllər salıb saçlarıma dən mənim.
Elim-günüm köç eyləyib arana,
Bürüyübdür dağlarımı çən mənim.
 
* * *
 
Vəfasızsan bir də məni arama,
Dilə tutub saçlarımı darama,
Gəl toxunma qaysaqlanmış yarama,
Qoy tək çəkim öz dərdimi mən mənim.
 
* * *
 
Ürəyimdən tellər keçdi a zalım,
Gözlərimdən sellər keçdi a zalım,
Aylar ötdü, illər keçdi a zalım,
Nə vaxt bildin qədrimi sən mənim.
 

DƏR MƏNƏ

 
İstər eşqin, istər dərdin bağından,
Fərqi yoxdur nə dərirsən dər mənə.
İslanmışın sudan olmaz qorxusu,
Diş qıcama ay qocaman nər mənə.
 
* * *
 
Adda verdin el içində hörmətdə,
Sanda verdin, şan da verdin, şöhrət də,
Pulda verdin, var da verdin, dövlət də,
Sən Hatəmsən nələr verdin gör mənə.
 
* * *
 
Mən Bəhmənəm sınıq könlüm hörmədin,
Ah-naləmi eşitmədin, görmədin,
Qadir allah sevdiyimi vermədin,
İndən belə nə verirsən ver mənə.
 

DOLANIM

 
Axşam-axşam cəh-cəh vurum bağında,
Bülbül olum güllərinə dolanım.
Səhər-səhər oyananda yuxudan,
Bir meh olum tellərinə dolanım.
 
* * *
 
Yarpaqlanıb ləçəklənən ömrünün,
Qönçələnib çiçəklənən ömrünün,
Gözəllənib göyçəklənən ömrünün,
Aylarına, illərinə dolanım.
 
* * *
 
Suvar edib səməndinə Bəhməni,
Keçiribdi nə fəndinə Bəhməni,
Yaman salıb kəməndinə Bəhməni,
Fitnəsinə, fellərinə dolanım.
 

ÖLDÜRÜR

 
Dindirməyin dərdim çoxdur hazarat,
Məni bir alagöz ceyran öldürür.
 
Aşıq Ələsgər

 
Bu vətən oğlunu o zalım qızı,
Qızıl-qızıl güllərinən öldürür.
Mehriban-mehriban baxışlarınan,
Şirin-şirin dillərinən öldürür.
 
* * *
 
Qönçə kimi gül dodağın üstündə,
Al yanağın, ay qabağın üstündə,
Ağ sinənin, tər buxağın üstündə,
Qıvrım-qıvrım tellərinən öldürür.
 
* * *
 
O gözləri şəhla, baxışı xumar,
Bəhməni odlara salıbdı aşkar,
Bir yolluq öldürüb qurtarsa nə var,
Aylarınan, illərinən öldürür.
 

ŞİRİNDİ

 
Mən xəstəyəm könlüm yaman arzular,
Nar xəstəyə dənə-dənə şirindi.
Əgər versə öz əliylə həkimim,
Könlüm istər dönə-dönə şirindi.
 
* * *
 
Yada düşdü yarın ala gözləri,
Alışdı sinəmdə eşqin közləri,
Sevdiyim sonanın acı sözləri,
Yada acısada, mənə şirindi.
 
* * *
 
Məcnun tək dolansam çölü-çəməni,
Qınamaz məhəbbət əhli Bəhməni,
Sonam üz döndərib tərk edib məni,
Nədənsə könlümə yenə şirindi.
 

GÖRÜNMƏZ DAHA

 
Vətənoğlu səndən elə uzaşdı,
Birdə gözlərinə görünməz daha.
Eşqin göylərində qanad çalır o,
Kölgə tək arxanca sürünməz daha.
 
* * *
 
Gəzməz vəfasızın sevgi dağında,
Yanmaz ilqarsızın eşq ocağında,
Fərhad qayasında, Kərəm dağında,
Dumana, çisginə bürünməz daha.
 
* * *
 
Axtarar bir qədir bilən tapınca,
Dərdi həmdərd ilə bölən tapınca,
Eşqinin yolunda ölən tapınca,
Dolanar dünyanı ərinməz daha.
 
* * *
 
Taleyi tufanla yarışsa qoşa,
Qıy vurar onunla, gələr baş-başa.
Elə ki, ilk oxu toxundu daşa,
Susar, nə danışmaz, nə dinməz daha.
 
* * *
 
Bir naşı əlləri gül üzdü səndən,
Onda ülfətini el üzdü səndən,
Bəhmən Vətənoğlu əl üzdü səndən,
Arxayın-arxayın dolan gəz daha.
 

NİYƏ GÖZƏL YARADIB

 
Nə insafın, nə mürvətin var sənin,
Allah səni niyə gözəl yaradıb.
Nə qəlbində məhəbbətin var sənin,
Allah səni niyə gözəl yaradıb.
 
* * *
 
Nə Leyli tək məni Məcnun sanırsan,
Nə Əsli tək Kərəm üçün yanırsan.
Nə yaxşını, nə yamanı qanırsan,
Allah səni niyə gözəl yaradıb.
 
* * *
 
Nə Bəhməni Nəsimi tək soyursan,
Nə qovursan, nə yaxına qoyursan,
Nə söhbəti, nə eyhamı duyursan,
Allah səni niyə gözəl yaradıb.
 

KÜLƏKLƏRƏ QARIŞDI

 
Bir arzuma, istəyimə yetmədim,
Diləklərim diləklərə qarışdı.
Çağırdığım eşitmədi səsimi,
Ahım, ünüm küləklərə qarışdı.
 
* * *
 
Gözəl dünya, məni gözəl aldatdı,
Dilə tutdu zəhər verdi bal daddı,
Heç bilmədim kim qohumdu, kim yaddı,
Başım elə kələklərə qarışdı.
 
* * *
 
Vətənoğlu bu talehlə barışma,
Barışsan da bacarmazsan yarışma,
Gəncliyimdə sevdiyimi soruşma,
Uçdu getdi mələklərə qarışdı.
 

AHI TUTUBDU

 
Başım bəlaları havayı çəkmir,
Bağışlanmaz bir günahı tutubdu.
Elə o günahın üstündə mənə,
Bu divanı şahlar şahı tutubdu.
 
* * *
 
Mən ovçu olsam da ata bilmərəm,
Ovu qovmaq ilə tuta bilmərəm,
Ömürlük arzuma çata bilmərəm,
Məni bir sevginin ahı tutubdu.
 
* * *
 
Özün bil, gülürsən gül, gəz bu dərdə,
Ağıllı eşq əhli gülməz bu dərdə,
Yüz min təbib çarə bilməz bu dərdə,
Vətənoğlu bir allahı tutubdu.
 

BU GECƏ YUXUDA…

 
Bu gecə yuxuda görmüşəm səni,
Kaş gördüyüm yuxu gerçək olaydı.
Həmin uca dağlar…, yaşıl sinələr…,
Həmin çəmən, həmin çiçək olaydı.
 
* * *
 
O çəmən…, o çiçək…, o bulaq…, o daş…,
O yoxuş…, o yeniş…, o yol…, o yoldaş…,
Ömrümüz günümüz deyirəm ki, kaş,
Gördüyüm yuxu tək göyçək olaydı.
 
* * *
 
Qayıdaydı geri o göyçək günlər,
O çəmən zamanlar, o çiçək günlər,
Yuxuya dönəydi bu gerçək günlər,
İlahinin özü kömək olaydı.
 
26 iyun 1996 il. GƏNCƏ

SƏNƏ NƏ ŞER YAZIM

 
Sənsiz məkanı görmürəm,
Sənsiz zamanı görmürəm
Sənsiz heç yanı görmürəm,
Gözlərimin qarasısan,
Sənə nə şer yazım.
 
* * *
 
Səndən özgə gümanım yox,
Səndən qeyri amanım yox,
Səndən savay dərmanım yox,
Dərdlərimin çarasısan,
Sənə nə şer yazım.
 
* * *
 
Məhəbbətim dinə-dinə,
Alovlanır gündən-günə,
Yar sinəmi gir içinə,
Ürəyimin parasısan,
Sənə nə şer yazım.
 

MƏNİM MƏHƏBBƏTİM

 
Elə dərin xəyaldadı,
Dinməz mənim məhəbbətim.
Elə ülvi göylərdədi,
Enməz mənim məhəbbətim.
 
* * *
 
Fələklər girsə qəsdinə,
Mələklər dəysə şəstinə,
Dəryalar axsa üstünə,
Sönməz mənim məhəbbətim.
 
* * *
 
Ucalıqdan ensə dünya,
Bir şam kimi sönsə dünya,
Məhvərindən dönsə dünya,
Dönməz mənim məhəbbətim.
 

XOŞ BİLDİ KƏRƏM

 
Eşqi sinəsinə çəksədə min dağ,
Mənasız nəşəni boş bildi Kərəm.
Nəsili əbədi bar verən bir bağ,
İnsanı köçəri quş bildi Kərəm.
 
* * *
 
İnsan bir köçəri quş olduğundan,
Ömrünün axırı qış olduğundan,
Bəlalı sevgiyə tuş olduğundan,
Eşqini bəlaya tuş bildi Kərəm.
 
* * *
 
Dolanım başına ay Azərbaycan,
Tarixi bu sirri unutma hər an,
Əslini almaqdan, nəsil salmaqdan,
Yanıb kül olmağı xoş bildi Kərəm.
 

QIZLARDAN ÖYRƏNİB

 
Gül, gül olub sevilməyi,
Bizim qızlardan öyrənib,
Göyərçin ağ geyinməyi,
Bizim qızlardan öyrənib.
 
* * *
 
Qönçə, piyalə olmağı,
Sular, şəlalə olmağı,
Lalələr lalə olmağı,
Bizim qızlardan öyrənib.
 
* * *
 
Çəmənzar öz naxışını,
Bulaq büllur axışını,
Ceyran, ceyran baxışını,
Bizim qızlardan öyrənib.
 

QIZLARDAN ÖYRƏNİB

 
Həsrəti bol-bol çəkməyi,
Məhəbbətə qol çəkməyi,
Yola baxıb yol çəkməyi,
Gözüm qızlardan öyrənib.
 
* * *
 
Dayazlıqda dərinliyi,
İstilikdə sərinliyi,
Belə şəkər-şirinliyi,
Sözüm qızlardan öyrənib.
 
* * *
 
Bəhmən, dolan məmləkəti,
Doğru yolu çaşma qəti,
Unutma ki, bu isməti,
Üzüm qızlardan öyrənib.
 

BƏYƏNMƏDİN SƏN

 
Nə olar, sevmədin, sevmədin gülüm,
Bu taleh bir mənə verilməmişki…
Nə çoxdu sevənlər, sevilməyənlər,
Tək mənim başımda görülməmişki…
 
* * *
 
Sənin dönük çıxan eşqin ha deyil,
Qeyri bir sualdır sındıran məni,
Üstündən keçsədə əlli il, yüz il,
Özgə iş olacaq yandıran məni.
 
* * *
 
Keçən keçdi… Getdi… demirəm utan,
Deyirəm gör nəyi bəyənmədin sən.
Əl boyda sinəyə sığınıb yatan,
Dağ boyda ürəyi bəyənmədin sən.
 

SƏN NİYƏ…?

 
Sən mənim eşqim ilə,
Aləmə bünyad oldun.
Məni qəmgin elədin,
Amma özün şad oldun.
 
* * *
 
Ömrümdə bir yaraşıq,
Gözümdə nurlu işıq,
Qəlbimdə gizli atəş,
Dilimdə fəryad oldun.
 
* * *
 
Əzrayıl dəyməz mənə,
Alarsan sən canımı,
Mələklər cəllad olmaz,
Sən niyə cəllad oldun.
 
* * *
 
Etdiyin zülm mənə,
Xoşdur yenə ey dilbərim,
Bəhmənəm çünki mənim,
Eşqimə ustad oldun.
 

YAD EYLƏ MƏNİ

 
Eşqin ilə alovlanıb sönmüşəm,
İnsafın varsada yad eylə məni.
Həsrətinlə soyuq daşa dönmüşəm,
Gəl, gəl vüsalınla od eylə məni.
 
* * *
 
Həm yaşılın ilə, həm alın ilə,
Gözəllərə məxsus cəmalın ilə,
Gənclikdə gördüyüm kəmalın ilə,
Qəfil çıx qarşıma mat eylə məni.
 
* * *
 
Bəhmənəm qəlbimdə gur tufan etdin,
Özün bilə-bilə nahaq qan etdin.
Həyatda ömürlük pərişan etdin,
Barı yuxularda şad eylə məni.
 

OXU ŞERİMİ

 
Dad əlindən, dad əlindən qanmazın,
Qanan oxu, qanan oxu şerimi.
Dad əlindən, dad əlindən yanmazın,
Yanan oxu, yanan oxu şerimi.
 
* * *
 
Heç bilmirəm əvvəlmisən, sonmusan,
Hardan uçub söz mülkümə qonmusan?
Sən ki, belə bu heyrətdən donmusan,
Donan oxu, donan oxu şerimi.
 
* * *
 
Gah oda dön, gah közə dön, gah külə,
Gah pəsə yen, gah bəmə qalx, gah zilə.
Saz dilə gəl, tar dilə gəl, ney dilə,
Kaman oxu, kaman oxu şerimi.
 
* * *
 
Yamanlıqla ömrü vermə yelə sən,
Bir gərək ol obaya sən, elə sən,
Bəlkə döndün yaxşı oldun elə sən,
Yaman oxu, yaman oxu şerimi.
 
* * *
 
Mən Bəhmənəm qəlbimə qəm əkibsən,
Leysan kimi göz yaşımı tökübsən,
Gör sinəmə nə dağları çəkibsən,
Canan oxu, canan oxu şerimi.
 

GÜNLƏRDƏ QALDI

 
Dünyanın ləzzəti, həyatın tamı,
Səninlə olduğum günlərdə qaldı.
Mənim sağlığımda, sağlamlığımda,
Dərdindən öldüyüm günlərdə qaldı.
 
* * *
 
Gözümdə islanmış yaş xatirələr,
Pozulmaz, silinməz daş xatirələr.
Şirin düşüncələr, xoş xatirələr.
Xəyala daldığım günlərdə qaldı.
 
* * *
 
Elə o günlərmiş günümün ağı,
Nə gözəl dağ imiş sinəmin dağı,
Bəhmənəm ömrümün çiçəkli çağı,
Saralıb, solduğum günlərdə qaldı.
 

ÇATMADI

 
Həyatım arzumu qoydu gözümdə,
Əlim istədiyim ələ çatmadı.
Dondu təbəssümüm qaldı üzümdə,
Əlimin sığalı telə çatmadı.
 
* * *
 
Tuş olmadım ürəyimcə həvəsə,
Həsrət qaldım o mehriban nəfəsə,
Baxdım məni elə saldı qəfəsə,
Ahım, naləm qızılgülə çatmadı.
 
* * *
 
Bəhmənəm söz dedim dürüst biçimdə,
Min dərdi söylədim bir sarı simdə,
Boğuldu…qovruldu…yandı içimdə,
Harayım obaya, elə çatmadı.
 

ÜRƏYİMDƏ BİR MƏZAR VAR

 
Ürəyimdə bir məzar var,
Demə kimin məzarıdı.
İlk arzumun, ilk eşqimin,
İlk sevgimin məzarıdı.
 
* * *
 
Ürəyimdə bir məzar var,
O məzarın daşı göynər.
Onun daşı göynədikcə,
Gözlərimin yaşı göynər.
 
* * *
 
Yana-yana qovrulubdur,
Daşları da o məzarın,
Yağış olub ələnirəm,
Torpağına narın-narın.
 

QISASI VAR

 
Əhli məhəbbət yarandım,
Məndə eşqin sevdası var.
Könlüm evi kainatdı,
Ətirli yaz havası var.
 
* * *
 
Əzəl gündən nəsibimdir,
Səma qədər dərin xəyal.
Bu sinəmdə dalğalanan,
Təlatümlər dəryası var.
 
* * *
 
Xəyalımda göy meşələr…
Qərib axşam…uzaq yollar…
Ulduzlu göy…aylı gecə…
Əfsanələr dünyası var.
 
* * *
 
Qoy öldürsün Bəhmənini,
Dəymə, dəymə o yarə sən.
Öz əliylə alır bəlkə,
İntiqamı, qisası var.
 

AY HƏSRƏTİ VÜSALINDAN ŞİRİNİM

 
Cümləsi zər, kəlməsi ləl, sözü dürr,
Boyu bəstə, camalı ay, saçı gur,
Özü mələk, sevgisi pak, eşqi nur,
Məhəbbəti dəryalardan dərinim.
Ay həsrəti vüsalından şirinim.
 
* * *
 
Sən olmasan yazılmazdı bu sözlər,
Sən olmasan yozulmazdı bu sözlər,
Sən olmasan alışmazdı bu közlər,
Bu gözlərin alovuna bürünüm.
Ay həsrəti vüsalından şirinim.
 
* * *
 
Alsın məni dərin-dərin xəyallar,
Meh əsdirisin sərin-sərin xəyallar,
Layla desin şirin-şirin xəyallar,
Fikrə gedim nə danışım,nə dinim,
Ay həsrəti vüsalından şirinim.
 
* * *
 
Nəzər-diqqət yetirsən də yüz mənə,
Doğru qiymət verməmisən düz mənə,
Sən deyirdin məhəbbəti buz mənə,
Dağı-daşı yandırırmı gör ünüm,
Ay həsrəti vüsalında şirinim.
 
* * *
 
Tanrım özü bilə-bilə eləsin.
Bu istəyi gülə-gülə eləsin,
Bir amin de, Allah elə eləsin,
Çirkin olsam sənə gözəl görünüm.
Ay həsrəti vüsalından şirinim.
 
* * *
 
Darda olsam darda sənsən yaşadan.
Harda olsam orda sənsən yaşadan,
Göydə Allah yerdə sənsən yaşadan,
Yalan desəm dizin-dizin sürünüm…
Ay həsrəti vüsalından şirinim.
 

TƏKCƏ SƏN QAYTARARSAN

 
Xəyallarla yaşayan kövrək cavanlığımı,
Təravəti təzə-tər göyçək cavanlığımı,
Ətri bənövşə saçan çiçək cavanlığımı,
Heç kim qaytara bilməz,
Təkcə sən qaytararsan.
 
* * *
 
O qədrini bilmədən ötürdüyüm günləri,
Ömrümün ləli kimi itirdiyim günləri,
Həsrət-həsrət yadıma gətirdiyim günləri,
Heç kim qaytara bilməz,
Təkcə sən qaytararsan.
 
* * *
 
Ayrılıqdan titrəyib, əsib gedən baxtımı,
Mənim ilə ülfəti kəsib gedən baxtımı,
O məndən üz döndərib küsüb gedən baxtımı,
Heç kim qaytara bilməz,
Təkcə sən qaytararsan.
 
* * *
 
Köhnəlsə kainatım, təzə bir kainatı,
Sona çatsa həyatım, ikinci bir həyatı,
Hər ömrə bircə dəfə verilən mükafatı,
Heç kim qaytara bilməz,
Təkcə sən qaytararsan.
 

GÜNAH GÖZDƏ DEYİL

 
Şikayət eyləsə biri birindən,
Günah gözdə deyil, gözəllikdədi.
Əgər yara vursa biri-birinə,
Silah gözdə deyil, gözəllikdədi.
 
* * *
 
Zülmət qaranlığın qaçılmasını,
Sübh şəfəqinin saçılmasını,
Gözləsən sabahın açılmasını,
Sabah gözdə deyil, gözəllikdədi.
 
* * *
 
Sevgidə sabahı kim arzulasa,
Ümudu, pənahı kim arzulasa,
İmdada Allahı kim arzulasa,
Allah gözdə deyil, gözəllikdədi.
 
* * *
 
Həqiqət tük olsa əyə bilmərəm,
Nə üçün belədi niyə bilmərəm,
Tək bircə mən onu deyə bilmərəm,
Tamah gözdə deyil, gözəllikdədi.
 

AZƏRBAYCAN GÖZƏLİ

 
Göydən enmiş mələksən, Azərbaycan gözəli,
Mələkdən sən qəşəngsən, Azərbaycan gözəli,
Behişti görməmişəm, o dünyanı bilmirəm,
Sən bu dünyada təksən, Azərbaycan gözəli.
 
* * *
 
Hər cənnət guşəsinə səni dəyişmək olmaz,
Hər könül şüşəsinə səni dəyişmək olmaz,
Behişt bənövşəsinə səni dəyişmək olmaz,
Elə zərif çiçəksən, Azərbaycan gözəli.
 
* * *
 
Sənin bir baxışına min quzu qurban ola,
Məhəbbət səmasının ulduzu qurban ola,
Türk qızı, turan qızı, çin qızı qurban ola,
Can evində ürəksən, Azərbaycan gözəli.
 
* * *
 
Təravətin itməyib dünyanın bu çağında,
Gülüş çöhrədə qalır, təbəssüm dodağında,
Dolur ala gözlərin xəyallar qucağında,
Niyə belə kövrəksən, Azərbaycan gözəli?.
 

DƏYİŞMƏMİŞƏM

 
Mən ana yurdumun kal almasını,
Yad ellərdə nara dəyişməmişəm.
Burda bəslədiyim yosma söyüdü,
Orda xan çinara dəyişməmişəm.
 
* * *
 
Adlandırmamışam göylər ulduzu,
Ədalı, işvəli hər vəfasızı,
Sevdiyim sadəcə bir qara qızı,
Min nazlı nigara dəyişməmişəm.
 
* * *
 
Yaltaqlıq eyləyib girmədim qına,
Arifim, istəsən Bəhməni sına,
Nə düşüb şöhrətin təmənnasına,
Ruhumu min vara dəyişməmişəm.
 

GÖZƏLLƏR QOCALANDA

 
Bir ellər gözəlinin,
Saçlarında dən gördüm.
Özgə heç kim görməsin,
Bu möhnəti mən gördüm.
 
* * *
 
Qəlbim yaman kövrəldi,
Gözlərimə yaş gəldi.
Əzəli yaranışdan,
Nədir-nədir bu adət.
Sualıma cavab ver,
Sən ey ulu təbiət.
– Gözəl niyə qocalsın!?
Onu duyan qəlbimiz,
Niyə qəm sazı çalsın,
Gözəl niyə qocalsın!?
 
* * *
 
Desin, gülsün nəsillər,
Gözəl keçsin fəsillər,
Ötən hər aylar, illər,
Ömürdən bac almasın.
Qeyrilər qocalsa da,
Gözəllər qocalmasın!!!
 
* * *
 
Bağrım başı qan olur,
Gözəllər qocalanda.
Könül pərişan olur,
Gözəllər qocalanda.
Ürəyim şan-şan olur,
Gözəllər qocalanda.
 
* * *
 
Bütün işləri unut,
Yıxılaram məni tut.
Başımda qara bulud,
Gözümdə duman olur.
Gözəllər qocalanda,
Gözəllər qocalanda.
 

TUŞUNDA QALDI

 
Əsirlər dolandı, vətən dağları,
Ərşdəki buludun tuşunda qaldı.
Əridi köksündən Kəpəzin qarı,
Ağ kəlağay kimi başında qaldı.
 
* * *
 
Elə vurğun oldum o şən diyara,
Qəlbim ayrılmadı getdimsə hara,
Quş oldu qonmadı yad çəmənzara,
Fikrim o dağların daşında qaldı.
 
* * *
 
O dağda çox çadır qurmuş obalar,
Hər otlu cığırın min dastanı var,
Koroğlu misalda getdi babalar,
İzi yaylaqların döşündə qaldı.
 
* * *
 
Qocaldı igidlər, ucaldı ərlər,
Duyuldu nə qədər düyünlü sirlər,
Ötdü qərinələr, keçdi əsrlər,
Dağlar elə cavan yaşında qaldı.
 
* * *
 
Bulaqlar başında xəyala daldım,
İncə duyğuları sazımda çaldım,
Min lalə yanaqdan mən ilham aldım,
Gözüm bir gözəlin qaşında qaldı.
 

AMANDI VƏTƏN

 
Ay ana qapından qovlama bizi,
Amandı, amandı, amandı, vətən.
Hər oğul bu dərdə tablaşa bilməz,
Vətəndən ayrılmaq yamandı, Vətən.
 
* * *
 
Səninlə varlığım nura boyanır,
Sənsiz ürəyimdən bulud boylanır,
Sənin başın üstə al günəş yanır,
Qürbətin yolları dumandı, Vətən.
 
* * *
 
Göylərin düşmənə qılınc vurmasa,
Yerlərin başına daş uçurmasa,
Dağların Bəhmənə arxa durmasa,
Əl-əldən üzülən zamandı, Vətən.
 

ALLAH AMANDI

 
Ay allah amandı, nə bəd zamandı,
Gün-gündən, ay-aydan, il-ildən gedir.
Dost-dostdan ayrılır, qohum-qohumdan,
Əl-əldən üzülür, el-eldən gedir.
 
* * *
 
Niyə bəlalıdır bu xalqın başı,
Könüldən ayrılır könül sirdaşı,
Çətin tanıyacaq qardaş-qardaşı,
Nəsil aralanır nəsildən gedir.
 
* * *
 
Sərt qışın yerini solğun yaz alır,
Qoca mürgülüyür, Ahıl soz alır,
Gəncin ürəyindən sevgi azalır,
Eşqin hərarəti könüldən gedir.
 
* * *
 
Bəhmənəm gözlərim doldu vətənsiz
Saraldı bənizim soldu vətənsiz,
Daha Vətənoğlu oldu vətənsiz,
Neçə şirin-şirin söz əldən gedir.
 

KƏLBƏCƏRDƏ QALIBDI

 
Daha gözüm yoxdu dünya varında,
Xanimanım Kəlbəcərdə qalıbdı.
O yerlərdən elim-günüm köçəndə,
Din-imanım Kəlbəcərdə qalıbdı.
 
* * *
 
Dünya məndən ötrü zülmətlərə tay,
Həyatın qapısı bağlı bir saray,
Görünmür gözümə nə günəş, nə ay,
Asimanım Kəlbəcərdə qalıbdı.
 
* * *
 
Durmuşam ölümlə pəncə-pəncədə,
Əriyir varlığım bu işgəncədə,
Quruca cismimdi gəzən Gəncədə,
Bütöv canım Kəlbəcərdə qalıbdı.
 

İZİNDƏN ÖPÜM

 
Məni Kəlbəcərə qaytar ilahi,
Onun dağlarından, düzündən öpüm.
Nərgizi, laləni basım bağrıma.
Qaymaq çiçəyinin üzündən öpüm.
 
* * *
 
O dağların sinəsində görünüm,
Dumanına-çisgininə bürünüm,
Torpağında ilan kimi sürünüm,
Ayna bulaqların özündən öpüm.
 
* * *
 
Görüm göz yaşını elsiz daşların,
Qərəzsiz, fitnəsiz, felsiz daşların,
Dolanım başına dilsiz daşların,
Yalçın qayaların yüzündən öpüm.
 
* * *
 
Sığınım qoynuna dağlar ananın,
Alım qadasını dərdi qananın,
Çəməndə turacın, göldə sonanın,
Baxçada bülbülün sözündən öpüm.
 
* * *
 
Zəhmi nə ağırdı evdə təkliyin,
Sonu ağlamaqdır bu kövrəkliyin,
Meşədə əliyin, daşda kəkliyin,
Zirvədə qartalın gözündən öpüm.
 
* * *
 
Çıxım axırına bu dərdi-qəmin,
Sağalsın yarası dağlı sinəmin,
Səksən il yaşamış ovçu dədəmin,
O dağlarda qalan izindən öpüm.
 

HƏSRƏT QALDIM

Gəncədən ulu dağlara baxarkən


 
Həsrət qaldım əlim çatmır əlinə,
Sorağına qurban olum dağların.
Çınqılına, qayasına, daşına,
Torpağına qurban olum dağların.
 
* * *
 
Görən birdə qayıdarmı o çağlar,
Çeşmə üstə çatılarmı ocaqlar,
Görüşəndə mən susaram, o çağlar.
Bulağına qurban olum dağların.
 
* * *
 
İnci düzüb çiçəyinə, gülünə,
Qövsü-qüzeh kəmər olub belinə,
Leysan yağıb, sığal çəkib telinə,
Darağına qurban olum dağların,
 
* * *
 
Bahar-yaraşığı, yay yaraşığı,
Çeşmə yaraşığı, çay yaraşığı.
Səhər günəş, axşam ay yaraşığı,
Çırağına qurban olum dağların.
 
* * *
 
Ayrılıqdan min bir ah var, aman var,
Görüşməyə ürəyimdə güman var,
Zirvəsində bircə çəngə duman var,
Papağına qurban olum dağların.
 
* * *
 
Ləl söylədim qayasına, daşına,
Bulaq dedim gözlərinin yaşına,
Əgər əlim yetişməsə başına,
Ayağına qurban olum dağların.
 
* * *
 
O zirvədir, o təpədir, o dərə,
O aşırımdır, o keçiddir, o bərə.
Özü dedi, mən də yazdım dəftərə,
Varağına qurban olum dağların.
 
* * *
 
Bəhmən bizi bu ayrılıq haqladı,
Mehri-ülfət təməlindən laxladı,
Uluların məzarını saxladı,
Qonağına qurban olum dağların.
 
12 İyul 1994 Gəncə

VƏTƏN OLMAZ

 
Hər gözəl olan yer,
Ana yurd ilə tən olmaz.
Hər parlaq olandan,
Axı yaqut, yamən olmaz.
 
* * *
 
Ulduzla günəşdir bəzəyən,
Nurlu səmanı.
Məncə ya çiçəksiz,
Ya da gülsüz çəmən olmaz.
 
* * *
 
İnsansız olar vahiməli,
Vəhşi təbiət.
Dəhşətli məkandır,
Gələn olmaz, gedən olmaz.
 
* * *
 
Hər hansı yeri, yurdu,
Vətən eyləyən eldir!
El ilə vətəndir Vətən,
Elsiz Vətən olmaz.
 
* * *
 
Hakimlərə Allah,
Niyə vermir bu sualı.
Yurdunda-yuvasında
Bu Bəhmən nədən olmaz!?
 

NƏ DEDİNİZ, A QARTALLI QAYALAR

 
Yüz il keçə, min il keçə solmuya,
O çiçəyi məzarıma qoyalar.
Bu torpağın vüsalından ötəri,
Of,– demərəm bağrım başın oyalar.
 
* * *
 
Bu dağların başına bax başına,
Kəklikləri xına qoyub daşına,
Hardan düşüb yaylaqların döşünə,
Bu çalarlar, bu rənglər, bu boyalar.
 
* * *
 
Dərdlərimə sizdən dəva istədim,
Ciyərimə təmiz hava istədim,
Zirvənizdən mən də yuva istədim.
Nə dediniz a qartallı qayalar!?
 

HAZIRAM ÜSYAN ÜÇÜN

 
Allah məni yaratmayıb ah üçün, aman üçün,
Haqqımdakı haqsızlığa hazıram üsyan üçün,
Bir xatanı, bir günahı bilə-bilə eyləsəm,
Qoy ilahi özü versin cəzamı nöqsan üçün.
 
* * *
 
Ülvi gözəllik bilmişəm ülfəti mən, mehri mən,
Haram yoldan var qazanıb güdməmişəm xeyri mən.
Kainatı o şəriksiz yaradandan qeyri mən,
Heç kimə baş əyməmişəm dərdimə dərman üçün.
 
* * *
 
Hücum çəkdi.məğlub oldu.qabağımdan qaçdı qəm,
Taleh məni topa tutudu yenə qaldı huşum cəm,
Neçə dərdə sipər oldu əl boydakı bu sinəm,
Dağlar kimi dayanmışam qasırğa, tufan üçün.
 
* * *
 
Yurdu yanmış bir Bəhmənəm fikrim gəzir dərində,
Bu dərdlərə dözüm olmaz hər oğulun sərində,
İldırımlar şaqqıldayır zamanın göylərində,
Mənim başım yaranıbmış çən üçün duman üçün.
 

MƏNİ

 
Mən bir qulam zaman quldar,
Alır məni, satır məni,
Mən qayığam həyat dalğa,
Atır məni, tutur məni.
 
* * *
 
İnsaf hanı, mürvət hanı,
Vicdan hanı, qeyrət hanı,
Bu zamanın gəda xanı,
Nadanlara qatır məni.
 
* * *
 
Mən Bəhmənəm tutmur xalım,
Əyir məndən taleh zalım,
Ana dünya qadan alım,
Bir layla de yatır məni.
 

LALA DÜNYA

 
Gözəlliyinə heyranıq,
Bitibdir bir lala dünya.
Şirinliyindən doymuruq,
Bələnibdir bala dünya.
 
* * *
 
Bir yan qışdı, bir yan bahar,
Bir yan bütöv bir laləzar,
Bu gözəllik həmişə var,
İnanmaram sola dünya.
 
* * *
 
Vətənoğlu düşmə dərdə,
Çal sazını pərdə-pərdə,
Bu dünyadan sonra birdə,
Heç kim görməz belə dünya.
 

HAYLI-HARAYLI DÜNYAM

 
Buludları qaynaşan.
Selləri aşıb-daşan,
Şimşəkləri oynaşan,
Ulduzlu, aylı dünyam,
Haylı-haraylı dünyam.
 
* * *
 
Al şəfəqli toranlı,
Uca dağlı, aranlı,
Qarlı, buzlu, boranlı,
Baharlı, yaylı dünyam,
Haylı-haraylı dünyam.
 
* * *
 
Şirin qoxuya həsrət,
Dərin yuxuya həsrət,
Bir içim suya həsrət,
Çeşməli, çaylı dünyam.
Haylı-haraylı dünyam.
 
* * *
 
Leysanı səpələnmiş,
Üstünə nur ələnmiş,
Səadətə bələnmiş,
Fəlakət paylı dünyam,
Haylı-haraylı dünyam.
 
* * *
 
Göz muncuğu taxmalı,
Kənar durub baxmalı,
Uçuq damlı-daxmalı,
Qızıl saraylı dünyam.
Haylı-haraylı dünyam.
 

Ücretsiz ön izlemeyi tamamladınız.

₺65
₺130,01
−50%
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
211 s. 3 illüstrasyon
ISBN:
978-9952-8032-8-2
Telif hakkı:
JekaPrint
İndirme biçimi:

Benzer kitaplar