Kitabı oku: «Kəlilə və Dimnə»

İbn-əş-Şah əl-Farisi adı ilə şöhrət tapmış Behnud ibn Səhvanın müqəddiməsi
…Şükr-sənadan sonra biz bu müqəddimədə brəhmənlərin11 başçısı, hind filosofu Beydəbanın hind padşahı Dəbşəlim üçün tərtib etdiyi «Kəlilə və Dimnə» kitabının yazılmasının səbəbini göstəririk. Bu kitab ona görə heyvanların və quşların dilindən yazılmışdır ki, onun əsl məqsədi cahillərdən və nadanlardan gizli saxlansın. Axmaq adamlara onun məzmunu yüngül görünə bilər, fərasətli adamlar isə onda olduqca dərin, qiymətli və ibrətli bir məna taparlar, mənbələri nöqteyi-nəzərindən isə çox zəngin və gözəl olduğunu görərlər. Bu kitab filosof üçün – əngin bir fəzadır, ağıl üçün – böyük məşq meydanıdır, söz aşiqləri üçün – unudulmaz xatirədir, mənasını dərk edib qananlar üçün gözəl bir ibrət xəzinəsidir. Biz İran padşahı Xosrov Ənuşirəvanın həkimbaşı Bərzuyəni hindlilər ölkəsinə «Kəlilə və Dimnə»nin dalınca göndərməsinin səbəbini göstəririk. Biz, Hindistana gəldikdən sonra, gecələr gizli surətdə şahın xəzinəsində bu kitabın üzünü köçürməyə razılıq verən adamı tapana qədər Bərzuyənin necə kələklər işlətdiyini, hind alimlərinin başqa kitablarını, on xanalı2 şahmatı və bu kitabı İrana necə gətirdiyini təsvir edirik.
Biz burada Büzürgmehr İbn-əl Buxteqanın kitabın mənşəyi haqqındakı müqəddiməni nə üçün yazdığını da söyləyirik. Eyni zamanda kitabın məziyyətlərini də deməkdən çəkinmirik. Biz bu kitabı ələ keçirmiş hər bir adamı təhrik edirik ki, onu öyrənsin, ona dönə-dönə müraciət etsin, onun faydalı və ibrətli cəhətlərinə diqqət versin. Yalnız bu zaman oxucu görəcək ki, bu kitab insan ürəyinin meyl etdiyi bütün əyləncələrdən yaxşıdır. Bunun üçün kitabdakı rəmzli danışıqların sirrini kəşf etmək lazımdır. Əks təqdirdə, oxucu kitabın qarşıda qoyduğu məqsədə nail ola bilməyəcəkdir. Biz burada Bərzuyənin qayıtmasını və kitabı oxumaq üsulunu kəşf etməsini göstəririk. Büzürgmehrin nə üçün xüsusi bir fəsil yazaraq onu «təbib-Bərzuyə» adlandırdığından da danışırıq. Həmin fəsildə Bərzuyənin anadan olduğu gündən necə oxumağa başladığı, dindarlığa meyl etdiyi, fəlsəfəni sevdiyi, müxtəlif fəlsəfi cərəyanlar ilə tanış olduğu göstərilir: Biz bu fəslin kitabın əvvəlində olan «Şir və öküz» fəslindən qabağa salınmasının da səbəbini göstəririk.
Əli ibn-əş Şah Farisi belə nəql edir ki, filosof Beydəba «Kəlilə və Dimnə» kitabını hind padşahı Dəbşəlim üçün aşağıdakı səbəbə görə yazmışdır. Rumlu İskəndəri-Zülqərneyn Qərb şahlarını məğlub etdikdən sonra Şərq padşahlarının, iranlıların və başqalarının üzərinə hücuma başladı. O, düşməni məğlub edib aradan qaldırmayınca və ya özünə tabe etməyincə müqavimət göstərənlərə qəddarcasına divan tuturdu, vuruşanlara qarşı vuruşur, sülh istəyənlər ilə sülh bağlayırdı. İran şahları onun yolu üstündə ilk düşmənlər idi. Tezliklə onlar müxtəlif tərəflərə səpələnməyə və pərən-pərən qoşun kimi dağılmağa məcbur oldular. Bundan sonra İsgəndəri-Zülqərneyn öz qoşunu ilə Çin tərəfə yola düşdü və burada rast gəldiyi ilk ölkə Hindistan oldu. O, hind padşahını özünə tabe edib, dinini və hökmranlığını ona qəbul etdirmək istədi. Bu zaman Hindistanda Forek adlı güclü, igid, məğlubedilməz sayılan tədbirli bir adam şahlıq edirdi.
İskəndəri-Zülqərneynin yaxınlaşması xəbəri ona çatdıqda, Forek vuruşmağı qərara aldı. Müharibə üçün lazım olan bütün tədbirləri gördü, pəhləvanları çağırıb döyüşə hazır olmalarını əmr etdi. Qısa müddətdə onun üçün zirehli fil dəstələri, hücum üçün xüsusi təlim görmüş yırtıcı heyvanlar, damğalanmış atlar, uzun nizələr, iti qılınclar, parlaq mizraqlar hazırladılar.
İskəndəri-Zülqərneyn hind şahı Forekin olduğu yerə yaxınlaşdıqda xəbər çatdı ki, hindlilər İskəndərin vuruşduğu ölkələrin heç birində misli görünməmiş, gecə qaranlığı qədər dəhşətli olan süvari dəstələri hazırlayıblar. İskəndəri-Zülqərneyn bunu eşitdikdə tələsik başlanacaq müharibənin fəlakətlə nəticələnəcəyindən qorxdu. İskəndəri-Zülqərneyn hiyləgər, qəddar olmaqla bərabər, həm də fərasətli və təcrübəli bir adam idi. Bir sıra hiylələri sınaqdan keçirdikdən sonra o, ehtiyatlı olmaq, fənd işlətmək qərarına gəldi. O, ordu qərargahı qarşısında xəndək qazdıraraq hələlik tutduğu mövqedə qalmağı, hind padşahına hücum etmək planını fikirləşib tədbir görməyi qət etdi. İskəndər münəccimləri çağırıb əmr etdi ki, hücuma keçib hind padşahını məğlub etmək üçün hansı günün xoş olduğu haqda rəml atsınlar. Onlar şahın əmrini yerinə yetirdilər. İskəndərin belə bir xasiyyəti var idi: hər şəhəri aldıqda oranın müxtəlif sənətlərdə şöhrət tapmış ustalarını özü ilə götürüb aparardı. İskəndər çox fikirləşdikdən sonra birdən ağlına gəldi ki, yanında olan bu ustalardan istifadə etsin. Ustalara tapşırdı ki, misdən adam şəklində içi boş olan atlı süvarilər qayırsınlar, bu atları elə çarxlar üzərinə qoysunlar ki, itələdikdə onlar sürətlə hərəkət edə bilsin. İskəndər əmr etdi, iş qurtardıqdan sonra atların içi neft və kükürdlə doldurulsun, süvarilərə müharibə paltarları geydirilsin və onların hamısı ordunun mərkəz hissəsinin önündə yerləşdirilsin. İki tərəfin qoşunu toqquşarkən onlara od vurulsun, beləliklə, közərmiş süvariləri xortumları ilə götürən fillər geri qaçmağa məcbur olsunlar.
O, ustalara əmr etdi ki, bu işləri tezliklə başa çatdırsınlar. Ustalar ciddi-cəhdlə işə başladılar. Münəccimlərin təyin etdikləri gün də yaxınlaşırdı. Zülqərneyn öz elçilərini hind padşahının yanına göndərib, ona tabe olmağı təklif etdi. Lakin Forek bildirdi ki, Zülqərneyn düşməndir və ona qarşı qəti müqavimət göstəriləcəkdir. Zülqərneyn Forekin bu qərarını eşitdikdə öz zirehli süvarilərilə birlikdə hücuma başladı. Forek filləri qabağa verdi. İskəndərin adamları mis süvariləri irəli sürdülər. Fillər həmləyə başlayaraq öz xortumları ilə mis süvarilərdən yapışdılar. Lakin xortumlarının yandığını hiss etdikdə üstlərindəki əsgərləri yerə çırpıb tapdaladılar, ağına-bozuna baxmadan qabaqlarına çıxan hər şeyi basdalayıb sürətlə geri qaçmağa üz qoydular. Vəziyyəti belə görən Forek və onun qoşunu müxtəlif tərəflərə səpələndilər. İskəndərin cəngavərləri isə onları təqib edir, ağır zərbələr endirirdilər. Bu zaman İskəndər qışqırdı:
– Ey hind padşahı! Gəl mənimlə vuruşaq, öz qoşununa, adamlarına yazığın gəlsin, onları ölümə sürükləmə! Bədbəxt dəqiqələrdə və fəlakətli yerlərdə qoşunu qoyub qaçmaq şahlara yaraşmaz… Şah öz var-dövləti ilə onları müdafiə etməli, onların nicatı üçün öz canından keçməlidir. Şah öz var-dövlətini və həyatını belə onlara qurban verməlidir. Ordunu burax, mənim meydanıma gəl! Bizlərdən kim-kimi öldürsə, o da xoşbəxt olsun.
Forek Zülqərneynin bu sözlərini eşitdikdə bəxtini sınamaq və qalib gəlmək eşqilə onun üzərinə həmlə etdi, o tərəfdən də İskəndər hücuma keçdi. Meydanda bir neçə saat at çapıb silah oynatdılar. Lakin heç biri üstün gələ bilmədi. Belə vuruşmadan yorulmuş İskəndər başqa hiylə və çıxış yolunun olmadığını gördükdə bərkdən elə bir nərə çəkdi ki, onun zərbindən yer-göy lərzəyə düşdü. Bu qışqırtını eşidən Forek, ordusunun başına bir fəlakət gəldiyini düşünərək, dönüb geri baxdı. İskəndər bu zaman ona ağır bir zərbə endirdi. Bu birinci zərbə Foreki yəhərdən ayırdı. İkinci zərbə isə yerə sərdi. Öz şahlarının başına gələn bu fəlakəti görən hindlilər İskəndərin üzərinə hücuma keçdilər, öz şahları ilə birlikdə ölməyi daha şərəfli hesab edərək qızğın müharibəyə başladılar. Lakin İskəndər onlar ilə mərhəmətli rəftar etməyə söz verdi və buna görə də Allah İskəndərə zəfər qazandırdı. İskəndər hindlilərin ölkəsini ələ keçirdi və özünün inanılmış adamlarından birini onlara şah təyin etdi. Lazım olan tədbirləri görüb öz hakimiyyətini tam bərpa edənə qədər Hindistanda qaldı. Sonra İskəndər həmin inanılmış adamı öz yerində qoyub Hindistandan çıxdı, öz yeni hədəfinə doğru yola düşdü.
O, öz ordusu ilə bərabər Hindistandan uzaqlaşdıqda hindlilər İskəndərin yerində qalan həmin adama müti olmaqdan boyun qaçırdılar. Onlar belə dedilər:
– Hindistan kimi əzəmətli bir dövlətə yaraşmaz, bizim nəsildən olmayan bir adam bizə padşahlıq etsin. Belə adam həmişə bizə etinasız baxıb, bizi təhqir edəcəkdir.
Sonra onlar şahzadələrdən birini padşah qoymaq qərarına gəldilər və Dəbşəlim adlı birisini özlərinə şah seçdilər, İskəndərin təyin etdiyi adamı isə taxtdan saldılar. Bu padşahın hakimiyyəti güclənib vəziyyəti möhkəmləndikcə lovğalanmağa, özünü çəkməyə, təkəbbür və qürurla dolanıb, ətrafındakı şahlara hücum etməyə başladı. O, hamıya qalib gəlir və məğlub edilməz sayılırdı. Ona görə, ətrafda olan bütün şahlar vahiməyə düşür, əhali ondan qorxurdu. Öz qüdrətinin gücünü, hakimiyyətinin möhkəmliyini görən Dəbşəlim rəiyyətin qayğısına qalmır, onları təhqir edir və incidirdi. Zaman keçdikcə onun bu qudurğanlığı artdı və o, uzun müddət belə azğınlıqlar etdi.
Dəbşəlim padşahın vaxtında öz bilik və mərifəti ilə şöhrət tapmış, brəhmənlərdən olan müdrik bir filosof vardı, hamı məsləhət üçün ona müraciət edərdi. Onun adı filosof Beydəba idi. Şahın rəiyyətə qarşı bu ədalətsizliyini görən Beydəba onu ədalət və doğruluq yoluna qaytarmaq haqqında çarə düşünməyə başladı. O, bu məqsədlə öz şagirdlərini toplayaraq dedi:– Bilirsinizmi mən sizinlə nə barədə məsləhətləşmək istəyirəm? Onlar dedilər:– Yox bilmirik! O dedi:– Biliniz və agah olunuz ki, mən Dəbşəlim padşahın həddini aşmış ədalətsizliyi, onun törətdiyi, saysız-hesabsız cinayətlər, alçaq hərəkətlər və xalqla bədrəftarı haqqında çox düşünmüşəm və bu qərara gəlmişəm ki, biz aşağıdakı qaydanı özümüzə adət edək:
– Biz, şahın pis fikrə düşdüyünü görcək şəri xeyrə çevirməyə, şahı ədalətli olmağa məcbur etməliyik. Əgər onu özbaşına buraxıb fikir verməsək, bu, heç vaxt bizim üçün güzəşt edilməz; fəlakətlər baş verər, biz həmişə qorxduğumuz bir vəziyyətə, yəni o axmaq adamların vəziyyətinə düşərik ki, onlar bizi özlərindən daha axmaq sayır və bizə alçaq nəzərlə baxırlar. Mən doğma vətəni tərk etmək fikrində deyiləm. Padşahın yaramaz hərəkətlərini davam etdirib, xalqa zülm etməsinə isə bizim ağıl və kamalımız göz yuma bilməz. Onunla mübarizə etmək üçün dildən başqa bizim heç bir silahımız yoxdur. Kömək toplamaq məqsədi ilə başqa yerə getsək – bu da fayda verməz. Narazılığımızı və onun çirkin əməllərini bəyənmədiyimizi duysa, bizi məhv edər.
Siz bilirsiniz ki, güzəranı gözəl, mənzərəsi qəşəng olan yerdə belə, itin şirlə, ilanın öküzlə qonşuluğu təhlükəlidir. Arzu edilməz müsibətlər və ağır fəlakətlərdən özünü qorumaq, iyrənc şeyləri aradan qaldırıb yox etmək, sevimli şeyləri yaratmaq haqqında düşünmək filosofun borcudur. Deyirlər, bir filosof öz şagirdlərinə belə yazmışdır: «Pis adamla qonşu olub dostluq edən dəniz səyyahı kimidir: batmaqdan yaxasını qurtarsa da, qorxu çəkməkdən qurtara bilməz. Əgər belə adam özü-özünü gətirib təhlükəli və dəhşətli bir yerə çıxarsa, onu idraksız heyvan hesab etmək lazımdır; çünki faydalı və zərərli şeyləri kor-təbii olaraq vəhşi heyvanlar da dərk edirlər. Axı, su içmək üçün heç heyvanlar da öz sürülərini təhlükəli yerlərə aparmırlar, təsadüfən gəlib belə bir yerə çıxdıqda, təbii olaraq oradan qaçır və öz canlarını xilas edirlər».
Mən sizi bu iş üçün yığmışam. Siz mənim ən yaxın adamlarım və sirdaşlarımsınız, siz mənim dayağım və istinadgahımsınız. Məlumdur ki, fikir və əqidədə tək qalan adam harada olur-olsun məhv olar, özünə köməkçi tapa bilməz.
Bu barədə belə bir rəvayət də vardır: «Bir Torağay bir filin yolu üstündə özünə yuva tikib yumurta çıxardı. Filin su içmək üçün gedəcəyi bir yol var idisə, o da bu cığır idi. Adəti üzrə fil bir dəfə su içməyə gedərkən yuvanı tapdalayıb yumurtaları əzdi. Torağay bu bədbəxtliyi gördükdə dərhal anladı ki, bunu edən fildir. Uçub filin başına qondu və dedi: -
Şahım! Sən nə üçün yumurtaları əzib, balalarımı məhv etdin?
Özünə nisbətən məni zəif, gücsüz və yazıq sandığın üçünmü belə edibsən? Fil dedi:
– Bəli məhz ona görə. Torağay bunu eşitdikdə uçub quşların yanına getdi və filin onun başına nələr gətirdiyini nəql etdi. Quşlar dedilər: «Biz ona nə edə bilərik? Biz gücsüz quşuq». Belə olduqda Torağay, sağsağan və qarğalara dedi ki, mən istəyirəm, siz mənimlə gedib filin gözünü çıxardasınız, ondan sonra özüm bilərəm, onun başına nə oyun açaram. Onlar razı oldular. Torağay ilə uçub getdilər, filin gözlərini o qədər dimdiklədilər ki, onlar ovulub yerə töküldü. Bundan sonra fil nə su içməyə bir yol tapdı, nə yemək əldə etməyə? Olduğu yerdə nə var idisə, onunla da dolanırdı.
Torağay bundan xəbər tutcaq çoxlu qurbağası olan bir gölməçənin qırağına gəlib əhvalatı danışdı, fildən qurbağalara şikayət etdi. Onlar dedilər: «Biz güclü filə nə edə bilərik?» Torağay dedi: – Mən istəyirəm, siz mənimlə filin yaxınlığında olan bir uçurumun kənarına gedib, orada quruldayasınız və hay-küy qoparasınız. Fil sizin səsinizi eşitcək orada suyun olduğuna inanıb uçuruma düşər. Qurbağalar buna razı oldular. Uçurumun kənarına toplaşıb, quruldamağa başladılar. Susuzluğa tab gətirməyən fil onların qurultusunu eşitcək o tərəfə yollandı və uçuruma yıxılaraq məhv oldu. Torağay isə uçub, onun başı üstə qanad çalaraq dedi: «Ey gücünə öyünüb mənə həqarətlə baxan zülmkar! Boyumun balacalığı ilə işlətdiyim böyük kələyi, bədəninin böyüklüyü ilə elədiyin kəmağıllığı necə gördün?!»
Sizlərdən kim nə düşünürsə, qoy onu söyləsin. Onlar dedilər:
– Ey ağıllı, ədalətli və müdrik filosof, bizim aramızda ən bilikli və ən ləyaqətli sənsən. Bizim mülahizəmizin və fikrimizin sənin əqidən və düşüncən yanında nə əhəmiyyəti ola bilər? Biz bilirik ki, suda timsah ilə bir yerdə üzmək təhlükəlidir. Lakin günah burada timsahda deyil, onun yaşadığı yerə girmiş adamdadır. Əgər sən ilanın dişindən zəhəri çıxarıb, onu öz üzərində sınaqdan keçirsən, bu işdə ilanın heç bir təqsiri olmaz. Kim şirin mağarasına girirsə, o, parçalanmağı da gözünün qabağına gətirməlidir. Fəlakətlər padşaha ibrət olmur, bədbəxtliklər onu sarsıtmır. Şahın keyfinin kök vaxtına rast gəlməsən, inanmırıq ki, həm sən, həm də biz onun qəzəbindən xilas ola bilək.
Beydəba dedi: – Həyatıma and içirəm ki, siz yaxşı dediniz, gözəl cavab verdiniz. Lakin mərifətli və ehtiyatlı adam həm özündən aşağı, həm də özündən yuxan vəzifəli adamlarla məsləhətləşməlidir. Bir ağıl xüsusi məsələləri həll etməkdə bəs olmadığı kimi, ümumi məsələləri həll etməkdə də kifayət etməz. Mənim Dəbşəlim şahla görüşmək qərarım düzgündür.
Mən sizin çıxışlarınızı dinlədim, sizin mənə səmimi dost olduğunuzu, eləcə də, həm mənim həyatım, həm də öz həyatınız üçün narahat olduğunuzu anladım. Lakin mən bir tədbir fikirləşib, bir qərar qəbul etmişəm ki, siz onun nəticəsini mən padşahla görüşüb söhbət etdikdən sonra biləcəksiniz. Şahın sarayından qayıtdığımı eşitsəniz, mütləq mənim yanıma toplaşın.
Beydəba dostlarının xudahafızləşməsinə icazə verdi. Onlar xeyir-dua etdikdən sonra xudahafizləşib ayrıldılar. Beydəba şah Dəbşəlimin yanına getmək üçün gün təyin etdi. Müəyyən edilmiş gün çatdıqda o, brəhmənlərə məxsus abid paltarı geyinib padşahın sarayına yollandı. Şahın eşik ağasını axtarıb tapdı, ona salam verib dedi ki, çox xeyirli bir iş üçün şahı görməlidir. Eşik ağası şahın yanına gəlib, icazə istədi. Həmin gün şahın boş günü idi, icazə verdi. Beydəba içəri girib, şahın qarşısında durdu, ona baş əyib təzim etdi, sonra qəddini düzəldərək susmuş halda dayandı və bir kəlmə də olsun danışmadı. Şah Dəbşəlim onun susmasını gördükdə fikrə gedib öz-özünə dedi: «Bu filosof yalnız iki məqsəd üçün mənim yanıma gələ bilər: ya öz vəziyyətini yaxşılaşdırmaq üçün bir şey almaq istəyir, ya da elə bir bədbəxtlik üz verib ki, o, bunun qarşısında acizdir. Yardım göstərəcək bir adam tapa bilmir. Ona görə mənə pənah gətirib ki, mən onun düşməninə ən ağır və ən işgəncəli cəza verim. Sonra o dedi: «Yox, filosoflar belə iş görməzlər. Şahlar hakimiyyətcə filosoflardan üstün olsalar da, filosoflar öz müdriklikləri ilə şahlardan daha çox üstündürlər, çünki filosofun şaha ehtiyacı yoxdur, şahlar isə dövlətli olmalarına baxmayaraq alimsiz keçinə bilmirlər. Mən ağıl ilə həyanı ən yaxın və ayrılmaz dost hesab edirəm, biri itdikdə o birini də tapmaq olmur. İnsanlar və heyvanlar arasında olan səmimi dostlar da belə olur. Biri öz yoldaşını itirdikdə bütün ömrü boyu onun üçün qüssələnir və kədərlənir. Kim alimlərdən həya etməsə, onlara hörmət göstərməsə, onların üstünlüyünü etiraf etməsə, onları təhqiredici vəziyyətdən və nalayiq yerlərdən qurtarmasa, belə adamın əqli zay olmuş, həyatı isə hədər getmişdir. Alimlərin hüquqlarına qarşı ədalətsizlik etdiyindən onun adı axmaqlar sırasına yazılmalıdır».
Sonra Beydəbaya nəzər salıb dedi: – Görürəm susursan, öz ehtiyacını demir, arzularını bildirmirsən, lakin mən bilirəm ki, danışmamağının səbəbi ya səni sarsıdan bir bədbəxtlik, ya sənə üz verən bir fəlakətdir. Mən bunu sənin bayaqdan bəri susmağından başa düşdüm və öz-özümə dedim ki, «Beydəba bura bizə tamaşa etməyə gəlməmişdir. Yəqin ki, onu gəlməyə məcbur edən bir hadisə baş vermişdir. Axı o – bizim zəmanənin ən ləyaqətli adamıdır. Onun buraya gəlməsinin səbəbini soruşmağa ehtiyac varmı? O, üz vermiş bir ədalətsizliyin qarşısını almaq üçün bizdən kömək istəyirsə, yardım əlimizi uzadıb, ona ən ləyaqətli tərzdə hörmət etməli və onun bütün arzularını yerinə yetirməliyik. Onun məqsədi bu dünyanın nemətlərinə malik olmaqdırsa, əmr edərəm, onu arzu etdiyi kimi təmin etsinlər. Yox, o, yalnız şahlara xas olub, başqalarına etibar edilməyən məsələlərlə maraqlanırsa, bu işlərə qarışmaq fikrində olmasa belə, mən ona nə kimi cəza vermək haqqında fikirləşməliyəm. Mənim diqqətimi rəiyyət işlərinə cəlb etməyə gəlibsə, onları yoxlaram. Axı ağıllılar xeyirxəbər olurlar, axmaqlar isə əksinə».
Deməli, mən sənə danışmağa icazə verirəm, nə istəyirsən de.
Beydəba şahın dediklərini eşitdikdə bir az sakitləşdi, ürəyinə çökmüş qorxu rəf oldu. O, baş əyib təzim etdikdən sonra dedi:– Hər şeydən əvvəl allahdan arzum budur ki, şahın ömrü uzun, taxt və tacı əbədi olsun. Şah mənə böyük hörmət etdi, bu, məndən sonrakı alimlərin şöhrətini artıracaq və dünya durduqca ağıllı adamların xatirindən çıxmayacaqdır, çünki şah öz üzünü mənə tərəf çevirmiş, mərhəmətli baxışlarını məndən əsirgəməmişdir.
Məni buraya gəlməyə məcbur edən iş başqasına deyil, məhz şaha xeyirli məsləhət verməkdir. Qoy bunu dinləyən bilsin ki, mən şahdan alimlərə layiq münasibət tələb etməkdə heç bir şeydən çəkinməyəcəyəm. O, fikrimi deməyə icazə verib məni sərbəst buraxsa, ondan sonra öz istədiyi kimi də rəftar edə bilər. Yox, mənim dediklərimə əhəmiyyət verməsə, yenə də mən öz borcumu yerinə yetirmiş olaram. Xalq da bu barədə məni məzəmmət edə bilməz.
Şah dedi:
– Ey Beydəba, danış, mən sənin dediklərinə diqqətlə qulaq asacağam, ürəyində nə varsa, hamısını de ki, mən də ona layiq sənə xələt verim.
Beydəba dedi: – Şahım! Mənə elə gəlir ki, insanı bütün heyvanlardan ayıran, onu dünyanın bütün sirlərinə vaqif edən dörd şeydir: – hikmət, ağıl, təmkin və ədalət. Alimlik, savad və hər şeyi ətraflı düşünə bilmək – hikmətə; tədbir, səbir, nəzakət, mərhəmət – ağla; həya, alicənablıq, özünü ələ almaq və özünü dərk etmək təmkinə; doğruluq, vədi yerinə yetirmək, yaxşı işlər görmək və xoşxasiyyətli olmaq– ədalətə daxildir. Bu sifətlər gözəldir, ona əks olanlar isə – çirkin. Bu sifətlərin hamısı kamil bir şəkildə bir adamda toplandıqda dünyanın ən böyük xoşbəxtliyi belə onun başını gicəlləndirə bilməz, ən böyük bədbəxtliyi onu sarsıda bilməz. Belə bir adam onu təmin etməyən şeylərin varlığından qəmlənməz, taleyin onun əlindən qoparıb aldığı şeyləri itirməsindən kədərlənməz və baş verə biləcək fəlakətlərdən özünü itirməz. Hikmət – bitməz, tükənməz bir xəzinədir, xərclənməklə qurtarmaz, paylamaqla azalmaz. Hikmət – elə bir paltardır ki, geydikcə köhnəlməz, elə bir əyləncədir ki, ardı kəsilməz. Şahın qarşısında durarkən birinci olaraq sözə başlamamağımın səbəbi qorxu və şaha bəslədiyim hörmət olmuşdur. Həyatıma and içirəm ki, şahlar zəhmli olmağa layiqdir, xüsusilə o şah layiqdir ki, onun şən və şövkəti özündən əvvəlki bütün şahlarınkından artıq olsun. Atalar deyiblər ki, dilini saxla, başın salamat olar, yersiz danışmağın nəticəsi peşmançılıqdır. Nəql edirlər ki, bir padşah məsləhət üçün yanına dörd alim çağırıb deyir: «Hərəniz elə bir hikmətli söz deyin ki, o gözəl bir tərbiyənin əsası olsun». Birinci deyir:– Ağıllı adamların həyatında ən layiqli cəhət danışmamaqdır! İkinci deyir: – Dünyada ən faydalı şey odur ki, insan öz ağlı ilə məsləhətləşməmiş sözə başlamasın. Üçüncü deyir: – İnsan üçün ən xeyirli iş odur ki, fikirləşməmiş dinməsin. Dördüncü deyir:– İnsan üçün ən rahatı odur ki, özünü taleyin ixtiyarına versin.
Deyirlər, bir gün Çin, Hind, İran və Rum padşahları bir yerə toplaşıb şərt qoyurlar: onlardan hər biri elə bir söz desin ki, dünya durduqca dursun. Çin şahı deyir:– Mən demədiyim sözü geri qaytarmağa, dediyim sözü geri qaytarmaqdan daha artıq qadirəm. Hind şahı deyir: – Mən o adama təəccüb edirəm ki, dediyi söz özünün xeyrinə olduqda fayda verməsin, zərərinə olduqda onu məhv etsin. İran şahı deyir: – Sözü nə qədər ki, deməmişəm o mənim qulumdur, elə ki, dedim, oldu, ağam. Rum şahı deyir: – Mən demədiyim sözdən heç vaxt peşman olmamışam, dediyimdən isə çox tez-tez peşmançılıq çəkmişəm.
Şahların susması fayda verməyən boş söhbətlərdən daha yaxşıdır. İnsan hər şeydən çox dilindən bəlaya düşür.
Allah şahın ömrünü uzun etsin, o, mənə sərbəst danışmağa icazə vermişdir. Mən isə məqsədə keçməzdən əvvəl demək istəyirəm ki, deyəcəyim sözlərin meyvəsini şah dərəcəkdir, mən yox. Onun bütün xeyrini şah görəcəkdir, mən yox; mənim deyəcəyim sözlərdən ala biləcəyim hədiyyə yalnız şaha nəsib olacaqdır: şah həm fayda götürəcək, həm şöhrət qazanacaqdır; mən isə yalnız öz borcumu yerinə yetirəcəyəm. Şahım! Mən demək istəyirəm ki, sən, səndən qabaq şəhərlər salan, təbiəti müti edən öz şah atalarının və qüdrətli babalarının taxtında oturursan. Onlar qalalar tikərək ordulara sərkərdəlik etmiş, ehtiyat toplamış və uzun ömür sürmüşlər, onların atları çox, silahları bol olmuşdur. Onlar əsrlərlə xoşbəxtlik və şadlıq içərisində yaşamışlar, bu xoşbəxtlik onların faydalı işlər görməsinə mane olmamış, onları lütfə qarşı mərhəmət hissindən məhrum etməmişdir, dövlətlərinin böyük gücü nə, özlərinin məstedici şən və şövkətlərinə baxmayaraq, öhdələrinə götürdükləri vəzifələri yaxşılıqla yerinə yetirmişlər.
Ey bəxt ulduzu bütün ulduzlardan uca olan xoş tale, indi sən onların torpaqlarına, şəhərlərinə, dövlətlərinə varis olub, allahın sənə bəxş etdiyi taxtı-səltənətdə oturubsan. Sən miras olaraq dövlət və ordu alıbsan, lakin öhdənə düşən vəzifəni yerinə yetirmirsən, hakimiyyət başına keçmiş şahlardan tələb olunan qayda-qanuna riayət etmirsən. Yox, sən həddini aşıbsan, zülmlər edibsən; təkəbbür və qürur sənin gözünü tutub, rəiyyətə həqarətlə baxırsan, yaramazlıq edirsən, törətdiyin cinayətlərin isə sayı-hesabı yoxdur. Halbuki, sənin ən ləyaqətli və ən şərəfli vəzifən öz əcdadlarının yolu ilə, səndən qabaqkı şahların yolu ilə getmək, sənə miras qalmış gözəl işləri davam etdirmək, rüsvayedici işlərdən çəkinmək idi. Sən öz rəiyyətinə qarşı diqqətli olmalı, onun üçün elə qanunlar yaratmalı idin ki, bu qanunlar həmişəlik olaraq xatirələrdə yaşasın, zaman keçdikcə sənin şöhrətini artırsın, elə qanunlar yaratmalı idin ki, onlar əbədi sülh və ədalət rəmzi olsun. Öz işlərini şöhrətpərəstlik və mənsəbpərəstliklə idarə edən adam ağıllı hesab edilə bilməz. Ağıllı və dərrakəli adam odur ki, ölkəni ədalət və mərhəmətlə idarə etsin. Şahım, mənim dediklərimə yaxşı fikir ver, qoy onlar sənin ürəyini sıxmasın. Axı, mən onları səndən bəxşiş almaq və ya sənin mərhəmətinə layiq olmaq məqsədi ilə demədim. Yox, mən sənin yanına vicdan əzabı çəkən səmimi bir dost kimi gəlmişəm.
Beydəba sözlərini deyib öz nəsihətinə son verdikdə şahın qəlbi titrədi, o, nifrətlə dolu bir səslə Beydəbaya kobud bir cavab verdi. Şah dedi: – Sən mənə çox ağır sözlər dedin. İnana bilmirəm ki, ölkəmdə mənə belə sözlər deməyə cəsarət edən daha başqa bir adam tapılsın. Yaşı az, xeyri yox, gücü zəif olan sən buna necə cürət etdin? Sən mənə elə sözlər deməyə cəsarət edibsən ki, onları dilə gətirməyə heç kəsin haqqı yoxdur. Mən sənin buradakı çıxışına və həddini aşan dili uzunluğuna təəccüb edirəm. Mən başqalarını susdurmaq üçün səni ağır cəzalandırmalıyam. Bu, şahlarla görüşmək şərəfinə nail olan, bəlkə də, şahlardan sənin tələb etdiyin şeyləri istəmək arzusu ilə gələn bütün adamlara ibrət dərsi və xəbərdarlıq olar.
Sonra şah əmr etdi ki, Beydəbanı çarmıxa çəkib edam etsinlər. Əmri yerinə yetirmək üçün onu apardıqda şah fikrindən döndü, əmr etdi, onu geri qaytarıb zindana salsınlar. Beydəbanın ayaqlarına kündə vurub, zindana saldılar. Sonra padşah onun şagirdlərini, yanına gəlib gedənləri tutmaq üçün adam göndərdi. Beydəbanın şagirdləri başqa ölkələrə qaçdılar, dəniz adalarında gizləndilər. Beydəba uzun müddət zindanda oturdu. Şah nə onun haqqında bir şey soruşur, nə də ona fikir verirdi. Heç kəs də onu şahın yadına salmağa cürət etmirdi. Bir gecə şahı yuxu aparmırdı, o, gözlərini səmaya dikib, fələyin dövranı, ulduzların hərəkəti haqqında düşünməyə başladı fikrə dalaraq göy haqqında nə isə bir məsələni həll etməyə çalışırdı. Birdən Beydəba yadına düşdü, onun sözlərini xatırlayıb tutduğu işdən peşman oldu. O, öz-özünə dedi: «Mən bu filosofun haqlı tələblərinə etina etməməklə ona qarşı yaxşı iş görmədim. Qəzəbin şiddəti məni buna vadar etdi, atalar isə deyiblər, şahlarda qəzəb olmamalıdır. Çünki qəzəb hər şeydən çox nifrətə layiqdir. Buna görə də qəzəblilərdən həmişə nifrət edirlər; xəsislik də yaxşı şey deyil çünki var olan yerdə o bağışlanmaz; qonşuluqda yalan danışmaq, kobud olmaq yaramaz, qonşuluq və ədəbsizlik bir yerə sığmaz. Mən sadiq, pak və təmiz bir adama rast gəlmişdim, lakin onu layiq olduğu kimi deyil, əksinə qarşıladım, ona layiqincə hörmət edə bilmədim. Yox, onun mükafatı bu olmamalı idi. Mən onun sözlərinə qulaq asmalı, məsləhətlərini yerinə yetirməli idim.
Şah o saat əmr etdi, onu gətirsinlər, Beydəba qapıda göründükdə şah dedi: – Ey Beydəba! Sən dediyin sözlərlə mənim ağlımı çaşdırmaq, kamalımı azdırmaq istəmirdin ki?
Beydəba dedi: – Ey xoşbəxt şahım! Mən yalnız sənin xeyrini, rəiyyətin xeyrini dedim, dövlətin əbədiliyi xatirinə bunları söylədim.
Şah ona dedi: – Dediklərinin hamısını, bir kəlmə buraxmadan təkrar et!
Beydəba danışır, şah onun sözlərinə diqqətlə qulaq asır və əlində olan bir şeyi yerə döyürdü. Sonra o, başını qaldıraraq Beydəbaya oturmasını əmr etdi. Beydəba oturdu. Şah ona dedi: – Ey Beydəba! Sənin dediklərin mənim xoşuma gəldi, ürəyimə yatdı. Mən sənin məsləhətlərini nəzərdən keçirib, onlara əməl edəcəyəm. Sonra əmr etdi, kündəni Beydəbanın ayağından açdılar və şah paltarlarından ona xələt verdilər.
Bu zaman Beydəba dedi: – Şahım! Mən hər nə dedimsə, hamısı sənin xeyrinədir. Şah dedi: – Doğru deyirsən, ey ləyaqətli alim! İndi mən bu görüşümüzdə bütün şahlığı sənə tapşırıram. Beydəba dedi: – Şahım! Məni bu işdən azad et. Mən sənsiz bu işin öhdəsindən gələ bilmərəm. Şah bu fikirlə razılaşıb onu azad etdi.
Lakin o getdikdən sonra şah başa düşdü ki, düz etməyib, adam göndərdi, onu geri qaytardılar. Şah Beydəbaya dedi: –
Mən səni azad etmək fikrindən əl çəkdim. Qət etdim ki, bu işi yalnız sən yerinə yetirə bilərsən; səndən başqa heç kəs onun öhdəsindən gəlib həll edə bilməz. Mənim sözümə bax, razı ol.
Beydəba razı oldu.
O zamankı şahların belə bir adəti var idi: kimi vəzir etsəydilər, onun başına tac qoyub ata mindirər və saray adamlarının müşayiəti ilə şəhəri gəzdirərdilər. Şah əmr etdi ki, Beydəbanın da başına tac qoyub, ata mindirsinlər və şəhəri gəzdirsinlər. Bu əmr yerinə yetirildikdən sonra Beydəba ədalət və həqiqət salonunda oturdu. O, güclülərə qarşı gücsüzlərin tərəfini saxladı, zülmkarları cəzalandırdı, ədalətli qanunlar verdi. Beydəbanın şagirdləri bu xəbəri eşitcək hər tərəfdən axışıb gəlməyə başladılar və şahın ona bəxş etdiyi bu hakimiyyət, hədiyyə və mərhəmətdən çox şad oldular. Onlar allaha şükür etdilər ki, Beydəba onun köməyi ilə şah Dəbşəlimi yaramaz hərəkətlərdən saqındıra bilmişdir.
Onlar həmin günü bayram elan etdilər və bu gün qiyamətə qədər də onların ölkəsində bayram ediləcəkdir.
Beydəbanın fikri Dəbşəlim sarıdan rahat olduqdan sonra, ölkəni idarə etməklə bərabər boş vaxt tapır və incə mənalı çoxlu kitablar da yazırdı.
Şah isə Beydəbanın məsləhətinə əsasən, rəiyyətlə mehriban və ədalətli rəftar etməyə başladı. Bunu görən bütün əhali və saray adamları şahdan razı qaldılar. Beydəba öz şagirdlərini toplayıb, onlara belə bir gözəl vəsiyyət etdi: – Bilirəm, mən padşahın yanına getdikdə siz özlüyünüzdə fikirləşdiniz ki, bu, ədalətsiz, qəddar hökmdarın yanına getməyi qət etmişsə, demək, onun əqli itmiş, kamalı zay olmuşdur. İndi isə mənim planımın nəticəsini, fikrimin düzgünlüyünü görürsünüz və bilirsiniz ki, mən şahın yanına onun xasiyyətini öyrənmədən, gözləri bağlı getməmişəm. Mən eşitmişəm, deyiblər ki: – «Şahlar da cavanlar kimi coşqun və dəliqanlı olurlar, bu dəliqanlılıq və sərməstliyin qarşısını isə yalnız alimlər və ağıllı adamlar ala bilər. Ağıllı adamlar öz sözləri ilə padşahları tərbiyə etməli, öz ağıllı məsləhətləri, aydın və inandırıcı sübutları ilə padşahların yaramaz və ədalətsiz hərəkətlərinin qarşısını almalıdırlar».
Mən alimlərin şahlar haqqında dedikləri bu sözləri müdrik adamlara verilən bir tapşırıq kimi qəbul etdim, çünki həkimlər öz təbabətləri ilə bədəni xəstəlikdən mühafizə edib, onu sağaltmalı olduqları kimi, ağıllı adamlar da öz nəsihətləri ilə padşahları belə məstlik yuxusundan ayıltmalıdır. Mən bu işi özbaşına buraxmaq istəmədim, istəmədim ki, mən öləndən sonra yer üzündə yaşayan insanlar mənim və sizin haqqınızda qeybət edib desinlər ki: «Dəbşəlim şahın dövründə Beydəba adlı bir filosof yaşamış, lakin şahı cinayət törətmək fikrindən daşındırmamışdır».
Əgər biri desə: «O, öz canının qorxusundan dillənməmişdir», o zaman başqaları ona cavab verərlər ki: «O, şahdan və onun sarayından qaçıb uzaqlara gedə bilərdi». Lakin vətəni tərk etmək çox ağırdır. Məndən sonra yaşayacaq alimlərin mənə haqq qazandıracaqlarını nəzərə alaraq, mən həyatımı qurban verməyi qət etdim. Mən arzularımın məhv olması, ya qələbə çalması üçün hücuma keçdim, indi isə siz nələr baş verdiyinin şahidisiniz.
Hansı bir təmsildə isə deyilmişdir: «Üç şey olmasa, heç vaxt böyük rütbəyə çatmaq mümkün deyil: Zəhmət çəkmək, dövlət sərf etmək, güzəştə getmək».
Təhlükəli işə girişməyə cəsarət etməyən adam arzusuna çata bilməz.
Padşah rəiyyətlə xoş rəftar edərək ömür sürür, Beydəba isə işlərə nəzarət yetirir və idarə edirdi. Elə ki, Dəbşəlimin hakimiyyəti möhkəmləndi, o, rəiyyətin işi ilə məşğul olmaq, düşmənin hərəkətlərini izləmək və onlara qarşı mübarizə aparmaq vəzifəsindən azad oldu. (Bu işlərin hamısını Beydəba tək idarə edirdi). Hind filosofları tərəfindən Dəbşəlimin ata- babası üçün yazılmış kitablar onun diqqətini cəlb etdi. Dəbşəlim istədi ki, xəzinədə öz adına da bir kitab olsun, o bilirdi ki, belə bir kitabı Beydəbadan başqa heç kəs yaza bilməz. Şah Beydəbanı yanına çağırıb təklikdə ona dedi:– Ey Beydəba! Sən hind filosofusan, hind alimisən. Mən qabaqkı şahların hikmət xəzinələri haqqında çox fikirləşib, çox düşünmüşəm. Mən elə bir şah tapmadım ki, onun adına bir kitab yazılmasın və bu kitabda onun apardığı müharibələr, həyatı, özünün və eləcə də saray adamlarının kamalı haqqında bir şey deyilməsin. Onların bir qismini, elm və hikmətlərini göstərmək üçün, şahların özləri yazmışlar, bir qismi isə filosoflar tərəfindən yazılmışdır. Qorxuram, onların başına gələn mənim də başıma gəlsin, yəni mən də öləm, axı ölümə çarə yoxdur. Axırda mənim xəzinəmdə elə bir kitab tapılmasın ki, şahlar onu oxuyub, mənim kim olduğumu və nələr etdiyimi öyrənsinlər. Mən istəyirəm ki, sən bütün hünərini, ağıl və kamalını işlədib, mənim haqqımda gözəl bir kitab yazasan və orada göstərəsən ki, xalqı necə idarə edib, onu necə tərbiyə etmək lazımdır; orada şahların əxlaqından, rəiyyətlə necə rəftar etməyindən, rəiyyətin şaha necə tabe olub ona xidmət göstərməsindən danışasan, bəlkə beləliklə, həm mənim üçün, həm də rəiyyət üçün bir sıra zəruri dövlət işi yüngülləşə. Mən istəyirəm ki, bu kitab gələcək əsrlər üçün məndən yadigar qalsın.
Beydəba bunu eşitdikdə üzüqoylu yıxılıb şaha təzim etdi və sonra başını qaldırıb dedi: – Ey xoştale şah! Qoy sənin bəxt ulduzun çıxsın, qəm ulduzun batsın! Qoy sənin ömrün uzun olsun. Həqiqətən şahın kamala yetmiş təbiəti, zəngin və müdrik ağlı onu bu yola gətirib çıxarmış, mənim indicə eşitdiyim bu böyük işi görmək fikrinə salmış, onun düşüncəsini ən ali dərəcəyə qaldırmışdır.
Qoy, qadir allah şahın səadətini əbədi etsin, ona öz qərarını, mənə isə onun arzusunu yerinə yetirməyə kömək olsun. Qoy, şah nə istərsə, əmr etsin, mən bütün ağlımı sərf edib onu məqsədinə çatdırmağa hazıram. Şah dedi: – Ey Beydəba! Sən həmişə müqəddəs bir kamala sahib olmaqla şahın əmrini yerinə yetirməkdə ad qazanıbsan. Mən sənin belə adam olduğunu bilirəm. Mən qət etmişəm ki, sən bütün səy və bacarığını sərf etməklə elə bir kitab yazasan ki, orada əyləncə, zarafat, ciddiyyət, hikmət və fəlsəfə bir yerdə olsun, ağıllı adamlar ondan həm hikmət dərsi alsınlar, həm də gülməkdən özlərini saxlaya bilməsinlər.
Beydəba müti halda ona təzim edərək dedi:– Mən şahın əmrini qəbul edirəm və bunun üçün müəyyən vaxt istəyirəm. Şah dedi: – Nə qədər vaxt istəyirsən? Beydəba dedi:– Bir il.
Şah dedi:– Ey Beydəba! Bir il sənə vaxt verirəm. Sonra əmr etdi, Beydəbaya çoxlu hədiyyə və bəxşiş versinlər ki, kitabı yazıb qurtarana qədər gücdən düşməsin, özünü yaxşı hiss etsin.
Beydəba kitabı necə hazırlamaq, nədən başlamaq, nə şəkildə yazmaq, fəsilləri necə adlandırmaq haqqında bir neçə gün fikirləşməli oldu.
O, öz şagirdlərini toplayıb dedi:– Şah mənə elə bir iş tapşırıbdır ki, mənim, sizin və ölkəmizin əsrlər boyu şöhrəti, bu işin necə yerinə yetirməsindən asılı olacaqdır. Mən sizi bunun üçün yığmışam, Şah Dəbşəlim tapşırmışdir ki, mən onun adına bir kitab yazım. Orada hikmət nümunələri olmalıdır. Qoy, sizin hərəniz bu sahəyə aid bir şey yazıb mənə versin və bununla da öz ağlının dərəcəsini, kamalının həddini bildirmiş olsun.
Onlar hamısı belə cavab verdilər: – Ey ləyaqətli filosof və incə düşüncəli insan! Sənə müdriklik, şüur və müqəddəslik bəxş etmiş Allaha and içirik ki, heç vaxt belə bir şey bizim ağlımıza gəlməmişdir. Sən bizim başçımızsan, aramızda səndən ləyaqətlisi yoxdur. Sən bizim şan və şöhrətimizsən, biz özümüz sənin köməyinə möhtacıq. Lakin buna baxmayaraq, biz sənin əmrini yerinə yetirərik.
Sonra Beydəba şahın məqsədini, kitabın quruluş və planı barədə verdiyi göstərişləri onlara danışdı. Amma onlar şahın tələb etdiyi bu kitab haqqında fikirləşib bir şey tapa bilmədilər.
Şagirdlərinin acizliyini görən Beydəba anladı ki, bu işi yalnız çox fikir edib, böyük ağı l işlətməklə yerinə yetirmək olar. O dedi:– Mən görürəm ki, gəmi dəryada yalnız dənizçilərin gücü ilə hərəkət edir, çünki gəmini onlar idarə edirlər. Lakin o yalnız muxtar olan gəmi başçısının əmri ilə dalğaları yarır, dənizləri aşır. Gəmi dənizçilərlə dolu olub, müsafirlərlə həddən artıq yüklənsə, onu batmaqdan xilas etmək olmaz.
O, uzun müddət bu kitabı yazmaq haqqında düşünüb, bir an da olsun, onu yaddan çıxarmırdı. Nəhayət, xəlvətə çəkilərək bu kitabı istedadına inandığı bir şagirdi ilə yazdı. O, əvvəlcə çoxlu kağız, özünə və şagirdinə bir il müddətində çatacaq azuqə topladı. Sonra şagirdi ilə xəlvətə çəkildi. Onlar bir otağa girib qapını bərk-bərk bağladılar. Sonra Beydəba kitabı yazmağa başladı. O, ara vermədən deyir, şagirdi isə yazır və yenidən oxuyurdu. Həm məzmun, həm də həcm etibarilə gözəl bir kitab əmələ gələnə qədər onlar belə işlədilər. Beydəba kitabı 14 fəslə böldü. Bu fəsillərin hərəsi özlüyündə müstəqil idi. Hər fəsildə sual və cavab var idi. Bu, ona görə belə edilmişdi ki, hər hansı bir fəslə baxan adam ondan bir fayda götürə bilsin. Beydəba bu kitabı «Kəlilə və Dimnə» adlandırdı. Buradakı danışıqların hamısı vəhşi heyvanların və quşların dilindəndir. Bu, ona görə belə edilmişdi ki, kitab zahirən sadə adamları əyləndirsin, daxili mənasına görə isə ağıllı adamlara ibrət olsun. Onlar həm dünyada, həm də axirətdə insana nə lazımsa, hamısını burada tapsınlar, şaha tabe olmaq, ya ondan qaçıb qurtarmaq üçün nəyin xeyirli və nəyin zərərli olduğunu buradan öyrənsinlər.
Beydəba bu kitabı həm xarici, həm də daxili görünüşcə başqa hikmət kitabları şəklinə saldı. Beləliklə, buradakı heyvan surətləri əyləncə, onların dediyi sözlər isə hikmət və nəsihət oldu.
Beydəba bu işə başlarkən kitabın əvvəlində iki dostu, onların necə dost olduqlarını və bu möhkəm dostluğun bir xain tərəfindən necə pozulduğunu təsvir etdi.
Sonra o, öz şagirdinə əmr etdi ki, nə desə, onu yazsın, lakin yersiz kəlmə işlətməsin, çünki ehtiyatsız deyilmiş bir kəlmə hikmətli nitqə daxil olduqda onun mənasını korlayıb məhv edər.
Beydəba kitabın məzəli yerinə rast gəldikdə üzünü köçürür, ciddi yerinə təsadüf etdikdə bura əlavə edirdi. Beləliklə, heyvanların dilindən deyilmiş hikmətli sözlərlə dolu bir kitab əmələ gəldi. İlk növbədə Beydəba öz şagirdi ilə kitabın xarici bəzəyini bir tərəfə buraxıb onun məzmununda olan hikmətli nəsihətlər və ibrətli öyüdlərlə məşğul olmağa başladı.
Cahil adamlar onlar üçün yazılmış bu kitabın mənasını başa düşməzlər, heyvanların danışıqlarına təəccüb edib, bunları zarafat sanarlar, kim bu kitabı öyrənib mənimsəməsə, buradakı sözlərin mənası onun üçün qaranlıq qalar.
Belələri bu əsərin məqsədini başa düşməzlər, halbuki, filosofun birinci fəsildə irəli sürdüyü məqsəd qardaşların birləşməsini, onların bu dostluğunun hansı vasitələrlə möhkəmlənməsini təsvir etmək; şəxsi mənafe xatirinə yalan və böhtanlarla iki dost arasında nifaq və düşmənçilik salan rəzil adamlardan ehtiyatlı olmağı təbliğ etməkdən ibarətdir.
Kitab qurtarıb təyin olunmuş vaxt başa çatdıqda Dəbşəlim şah Beydəbaya xəbər göndərdi ki, vaxt bitib, sən nə edirsən? Beydəba şaha xəbər göndərdi ki, mən şaha verdiyim vədi yerinə yetirmişəm. Qoy o, əyan və əşrəfi topladıqdan sonra əmr etsin, mən bu kitabı gətirib onların hüzurunda oxuyum.
Dəbşəlimin göndərdiyi adam qayıdıb bu xəbəri şaha dedikdə, o çox sevindi, ölkədə olan adamların toplanması üçün gün təyin etdi. Sonra Hindistanın ən ucqar yerlərinə carçı göndərdi ki, hamı kitabın oxunmasına gəlsin. Elə ki, təyin olunmuş gün gəlib çatdı, xalq toplandı, şah əmr etdi, iki taxt hazırlasınlar: birini özü üçün, birini Beydəba üçün. Sonra hamı gəldi. Beydəba həmişə şahın qəbuluna geydiyi qəzildən toxunmuş filosof paltarında ayağa qalxıb şaha yaxınlaşdı, mütilik əlaməti olaraq yerə qədər əyilib təzim etdi və başını yuxarı qaldırmadı.
Şah ona dedi:– Ey Beydəba! Başını dik tut. Bu gün matəm günü deyil, şadlıq və sevinc günüdür.
Sonra kitab oxunarkən şah ondan hər fəslin mənasını, onun qarşıya qoyduğu məqsədləri soruşur, o da hər fəslin məqsəd və mənasını izah edirdi. Şah bundan daha çox vəcdə gəlir və onun istedadına heyrət edirdi.
Şah dedi:– Sən mənim ürəyimdən xəbər veribsən, arzumu yerinə yetiribsən, mənim də istədiyim elə bu idi. Könlün nə istəyir de!
Beydəba ona xoşbəxtlik arzu edib dedi:– Şahım mənə dövlət lazım deyil, paltarlar içərisində isə mən öz ləbbadəmi hamısından üstün tuturam. Lakin, ixtiyar verildiyi üçün mən öz ehtiyacımı şahdan gizlətməyəcəyəm.
Şah dedi:– Belə olduqda sənin nəyə ehtiyacın vardır? Sənin nəyə ehtiyacın varsa, hamısı bizim tərəfimizdən rəf ediləcəkdir.
Beydəba dedi: – Mən şahdan xahiş edirəm ki, o öz ata babaları kimi əmr etsin, mənim kitabımın üzünü köçürsünlər və onu mühafizə etsinlər; mən qorxuram ki, bu kitab Hind ölkəsindən getsin, onun varlığından xəbər tutan iranlılar onu ələ keçirsinlər, o, itib yox olsun. Qoy bu kitab «hikmət evindən»3 xaricə çıxmasın.
Sonra şah Beydəbanın şagirdlərini çağırıb, onlara qiymətli paltarlar və hədiyyələr verdi.
Bu kitabın xəbəri gəlib şah Xosrov Ənuşirəvana çatdı. Ənuşirəvan isə elmi və ibrətli kitabları çox sevirdi.
Ona görə o, təbib Bərzuyəni Hindistana göndərdi. Bərzuyə də bütün hiylə və bacarığını işə salaraq, bu kitabı Hind ölkəsindən qaçırıb, İran xəzinəsinə gətirdi. Ondan sonra Ənuşirəvanın ürəyi sakit oldu.
İbn Müqəffanın tərtib etdiyi kitabda olan müqəddimə
Əbülhəsən Abdulla ibn Müqəffa… belə nəql edir ki: «Allah öz hikmət və qüdrətilə dünyanı əmələ gətirdi, insanları bilik, ağıl və kamalda başqa heyvanlardan üstün yaratdı. Çünki ağıl xeyir qapılarının açarı, səadət xəzinələrinin kilididir. Bu dünyanın naz və nemətlərini əldə etmək, o dünyanın əzab və işgəncələrindən xilas olmaq ağıl və kamala bağlıdır. İstedad ağıl və kamal isə iki növdür: biri fitri, yəni anadangəlmə, digəri əməli, yəni təcrübə vasitəsilə əldə edilən. İnsanlarda olan fitri istedad, taxtadakı yanma qabiliyyətinə bənzər. Taxtaya od dəyməmiş yana bilmədiyi kimi, fitri istedad, ağıl və kamal da təcrübə və vərdiş olmadan özünü göstərə bilmir. Alimlər demişlər ki, təcrübə insanda ağıl və kamal oyadır.
Hər kəs fitri ağıl və kamala sahib olub sənət kəsb etməyə çalışsa, bəşəriyyətin əldə etdiyi təcrübələr haqqında düşünüb onlardan bacarıqla istifadə etsə, həm bu dünyada öz arzusuna çatar, həm də o dünyada xoşbəxt olar… Bilmək lazımdır ki, hər işin öz səbəbi, hər səbəbin öz illəti və hər illətin öz məkan və zamanı vardır. Ömrün uzunluğu və dövlətin varlığı bunlardan biri ilə bağlıdır. Bu kitabın Hindistandan Farsa gətirilməsinin səbəbi odur ki, Allah- taala dünyanın padşahı olan xoşbəxt, qüdrətli Ənuşirəvan Kəsra ibn Qubadi ağıl nurundan və ədalət xəzinəsindən qəni etmiş, iş bilməkdə, fikri düz başa düşməkdə, mahir yaratmış; səy göstərməkdə, söz söyləməkdə ona fövqəladə bir istedad vermişdi. O, bütün bunlardan «istifadə edərək elm öyrənməkdə, onun incəliklərini dərk etməkdə, müxtəlif bilik sahələrindəki məlumatda elə yüksək bir rütbəyə çatmışdı ki, ondan əvvəlki şahların heç biri bu mövqeyə qalxa bilməmişdi. Belə ali bir rütbə, şərəfli bir mənsəb onlara qismət olmamışdı.
Padşahlıq qüruru və dünyanı tutmaq həvəsi onunla nəticələndi ki, Ənuşirəvan bir çox ölkələri ələ keçirdi, bir sıra zülmkar hakimləri özünə tabe olmağa məcbur etdi, hər bir adamın həsəd apara biləcəyi şən, şövkət, qüdrət və əzəmət sahibi oldu. Bu zaman onun qulağına çatdı ki, hind şahlarının xəzinəsində quşların, vəhşi heyvanların və həşəratın dilindən yazılmış bir kitab vardır. Padşahlar rəiyyətə cəza vermək, ədalətli və mərhəmətli işlər görmək, düşmənləri darmadağın edib aradan qaldırmaq istərkən ona müraciət edirlər. Bu kitab bütün yaxşılıqların mənbəyi, bütün elmlərin məxəzi, xeyir və mənfəət xəzinəsi, hikmət açarı hesab edilir. Bu kitab şahlara fayda verdiyi kimi, xalqa da xeyir verir. Bu kitabın adı «Kəlilə və Dimnə»dir.
Ənuşirəvan– Adil bu kitabı görmək fikrinə düşdü. Əmr etdi, elə bir istedadlı adam tapsınlar ki, o elm sahəsində şöhrət qazanmış olsun, fars və hind dilini bilsin və bu mühüm işin ona tapşırılması nəzərdə tutulsun.
Çox gəzdikdən, sorğu-sual və axtarışdan sonra bütün bu deyilən xüsusiyyətlərə malik olan və tibb elmində şöhrət qazanmış Bərzuyə adlı cavan bir oğlan tapdılar.
Ənuşirəvan onu yanına çağırıb dedi:– Çox fikirləşib götür-qoy etdikdən, məşvərət və məsləhətdən sonra belə qərara gəlmişik ki, sənə çox mühüm və məsuliyyətli bir iş tapşıraq. Sənin əql və kamalın, istedad və bacarığın bizə məlumdur; elm öyrənməkdəki hərisliyin, sənət sahibi olmaqdakı inad və iradən sübut olunmuşdur. Deyirlər ki, Hindistanda qiymətli bir kitab vardır. Biz istəyirik, o kitab gətirilib bizim ölkəmizdəki başqa hind kitablarının içərisinə daxil edilsin. Hazırlaşıb bu iş üçün Hindistana getmək, nə vasitəilə olur-olsun, o kitabı ələ gətirmək lazımdır. Sənə çoxlu pul və mal-dövlət veriləcəkdir. Onu ehtiyacın olan yerdə, istədiyin kimi xərcliyə bilərsən.
Orada çox qalmaq lazım gəlsə və sənin yenə də pula ehtiyacın olsa, yaz göndərək. Əgər bütün xəzinəni bu yolda qurban vermək lazım gəlsə, müzayiqə edilməyəcəkdir.
Sonra Ənuşirəvan əmr etdi, Bərzuyənin yola düşməsi üçün xoş və münasib bir gün təyin etsinlər. Həmin gün gəlib çatdıqda Bərzuyə yola çıxdı. Onun ixtiyarında əlli xurcun və hər xurcunda əlli min dinar pul var idi. Bütün qoşun, sərkərdələr və dövlət adamları onu yola salırdılar. Bərzuyə böyük bir həvəslə bu işi yerinə yetirməyə gedirdi. Bərzuyə Hindistana çatdıqda padşahın sarayı olan şəhərə gəldi və orada yaşamağa başladı. O, alimlər yığıncağına, əyan-əşrəflər məclisinə, qara camaat toplanan yerlərə gedir, bir sözlə, adamların içərisinə girib hər yeri dolanır, şahın yaxın adamlarının vəziyyətini öyrənir, şəhərin adlı-sanlı adamları, alim və filosofları haqqında sorğu-sual edib məlumat toplayırdı. Hara gedirdisə, qaynayıb qarışır oradakılara, hamı ilə dostlaşaraq təmkin və nəzakətlə dolanırdı. Hamıya deyirdi ki, mən bura elm öyrənmək və təhsil almaq üçün gəlmişəm. Dərin elmi məlumatı olduğu halda özünü sadəlövhlüyə vurur, özünü avam kimi aparırdı. Hər fürsətdən istifadə edərək müxtəlif təbəqədən olan adamlarla dostlaşır və hərəsini bir yol ilə sınaqdan keçirirdi. Nəhayət, o, axtardığını tapdı, istədiyi adama rast gəldi. Bu adam ağıl və kamalda, istedad və huşyarlıqda başqalarından fərqlənirdi. Bərzuyə həmin adamla dostluğa başlayıb ona o qədər yaxşılıq etdi ki, axırda qardaşlaşıb can bir qəlb dost oldular. Az vaxt içərisində həmin adamın əxlaq və xasiyyətini öyrəndi, dostluq və sədaqətini sınaqdan keçirdi. Sonra öz-özünə dedi: «Əgər bu sirrin açarını ona verib, könül evinin qıfılını onun üzünə açsam, o, nankorluq edib duz çörəyi tapdalamaz, kərəm və mürüvvət, dostluq və yoldaşlıq xatirinə xəyanət etməz».
Bir müddət keçdikdən və onların arasında olan səmimilik bir az da möhkəmləndikdən sonra, Bərzuyə onun əmanətə xəyanət etməyəcəyinə, sirri heç kəsə açmayacağına inandı. Daha çox hörmət göstərib, daha artıq yaxşılıq etməyə başladı və bir gün ona dedi:– Qardaşım, mənim bir sirrim var, onu indiyə qədər səndən gizlədirdim, lakin bilirəm ki, sən bunu hiss etməmiş deyilsən, çünki arifə bir işarə də kifayətdir.
Hindli dedi: – Doğru deyirsən, hərçənd sən öz məqsədini gizlədirdin, lakin mən onun səndə olan nişanə və əlamətlərini görürdüm. Ancaq sənin rəftarın onu deməyə imkan vermirdi. İndi ki, sən özün məsələni açdın, elə bilirəm ki, o barədə danışmağına dəyər. Günəş kimi aydındır ki, sən bizim vilayətin nəfis və qiymətli sərvətlərini aparıb öz şahının hikmət xəzinəsinə əlavə etmək üçün gəlibsən, bunu isə məkr və hiylə ilə həyata keçirmək istəyirsən. Lakin mən səndə olan səbir və iradəyə heyran qalmışam. Mən söhbət vaxtı ağzından bir şey qaçıracağını və beləliklə, öz məqsədini bildirəcəyini gözləyirdim. Lakin belə bir şey olmadı, səndə olan bu möhkəmlik və ağzıbütövlük mənim sənə olan etiqadımı artırdı, dostluq və qardaşlıq hisslərini gücləndirdi. Çünki heç bir məxluqda belə bir iradə və özünü saxlaya bilmək qabiliyyəti ola bilməz ki, qürbət vilayətdə, tanımadığı, əxlaq və adətlərini bilmədiyi, nabələd bir xalq arasında özünü sənin kimi apara bilsin.
İnsanın ağlı özünü səkkiz xüsusiyyətdə büruzə verər: Birinci – nəzakətli və təmkinli olmaqda; ikinci – öz şəxsiyyətini tanıyıb öz iradəsinə malik olmaqda; üçüncü– adil şahlara itaət edib onların arzu və istəklərini yerinə yetirməkdə; dördüncü – öz sirlərini dosta verib-verməməsinin yerini bilməkdə; beşinci – özünün və başqalarının sirrini saxlamaqda; altıncı – şahlar qapısında ehtiyatlı olub, şirin dil ilə saray adamlarını ələ ala bilməkdə; yeddinci– öz dilinə malik olub artıq-əksik danışmamaqda; səkkizinci – məclislərdə susmağı özünə adət edib, soruşulmayan şeyləri deməməkdə və peşmançılıq gətirən şeyləri dilə gətirməkdən çəkinməkdə…
Kimdə bu səkkiz xüsusiyyətin hamısı bir yerdə olsa, o, öz ehtiyaclarına üstün gəlməyə, dostlarından tələb etdiyi bütün şeyləri almağa və arzusuna çatmağa layiqdir. Bu xüsusiyyətlərin hamısı səndə vardır. O da məlum oldu ki, sənin mənimlə dostluq etməkdən məqsədin nə imiş. Doğrudur, bu fəzilətlərə malik olan adamın bütün arzu və istəklərini yerinə yetirmək mürüvvət və kərəm sahiblərinin yanında səhv sayılmaz, lakin sənin xahişin məndə dəhşət yaratdı. Bu çox böyük və qorxulu bir işdir.
Bərzuyə gördü ki, hindli onun məkr və hiyləsini başa düşmüşdür. Onun bu sözlərinə kəskin etiraz etməyib çox yumşaq və həlim bir tərzdə dedi: – Mən bu sirri açmaq üçün böyük bir fəsil düşünmüş, onu sərlövhələrə ayırmış, xüsusi şöbələr və bölmələr açmış, əvvəlini, axırını, sağını, solunu təyin etmiş, dostluq, sədaqət, duz-çörək, inam və etibar cəvahirat ilə ona bəzək vurmuş, əhdə vəfa, dərdə şəfa günəşilə onu işıqlandırmış, sonra qonağa hörmət, qəribə kömək ağacı əkərək ona qol-budaq vermişdim ki, bəlkə bu yol ilə bu səadət səhrasında əsl məqsədimin camalını örtən qorxu pərdəsini atam, sənin hörmət və köməyin sayəsində vətənə üzü ağ qayıdam. Lakin sən bircə işarə ilə mənim bütün fikrimi başa düşdün, onun incəliklərini duyaraq məni bu uzun cansıxıcı müqəddimədən xilas etdin. Bu, sənin kərəm və mürüvvətinə, hümmət və alicənablığına yaraşır. Doğrudan da mən səninlə bu məqsədə çatmaq ümidi ilə dostluq edirdim. Əgər ağıllı bir adam bünövrəsi möhkəm, özülü qüdrətli bir qalaya pənah gətirsə, ya şiddətli külək və güclü daşqından qaçıb bir dağın arxasına sığınsa, bu eyib hesab edilməz.
Hindli dedi: – Ağıllı adamlar üçün dostluqdan əziz heç bir şey yoxdur. Dostluq nəticəsində əmələ gəlmiş inam, mal alverdə sarsılırsa, demək, o dostluq hələ qüsurludur. Lakin bütün tilsimlərin açarı – sirri saxlaya bilməkdədir. Üçüncü adamın bilmədiyi sirr yayılmaz, eləcə də, üçüncü adamın eşitdiyi sirr ağızlara düşər və onun qarşısını almaq mümkün olmaz…
Buna misal olaraq göydə topa-topa müxtəlif tərəflərə yayılmış bahar buludlarını göstərmək olar. Əgər bir adam belə buludların olduğunu desə, hamı onu təsdiq edər. Çünki ağıllı adamlar gördükləri şeyi inkar edə bilməzlər. Mən sənin dostluğundan o qədər şad və razıyam ki, heç bir şey onu əvəz edə bilməz. Lakin əgər bir adam bu işdən xəbər tutsa, bizim qardaşlığımız elə pozular ki, onu heç bir mal və dövlətlə qaytarmaq olmaz. Bizim şah çox ayıq və tündxasiyyətdir, balaca bir şeyin üstündə ağır cəza verir. Günah böyük olsa gör nələr edər?
Bərzuyə dedi: – Dostluğun ən böyük şərti sirri saxlamaqdır. Mənim isə bu işdə səndən başqa bir sirdaşım yoxdur. Mən sənin alicənablığına, ağıl və zəkana inanıram. Mən başa düşürəm ki, bu çox qorxulu işdir, lakin ümid edirəm ki, bizim aramızda olan dostluq və sədaqət naminə sən məni öz arzuma çatmaqdan məhrum etməzsən. Əgər bu yolda çətinliyə rast gəlsən, onu asan hesab et, alicənablıq xatirinə onlara döz. Bilirsən ki, bu sirri mən heç kəsə vermərəm. Lakin sən öz yaxın adamlarından, dost- aşnalarından qorxursan ki, bilib şaha xəbər verərlər. Mən ümid edirəm ki, heç kəsin bu işdən xəbəri olmayacaq və sən də rahat və farağat yaşayacaqsan.
Hindli bir az fikirləşdikdən sonra lazım olan kitabları Bərzuyəyə verməyə başladı. Bərzuyə böyük qorxu və ehtiyat içində işə girişib gecə və gündüz yazmaqla məşğul oldu, çoxlu pul sərf etdi, bu kitabın və başqa kitabların surətini çıxartdı. Sonra Ənuşirəvana məktub yazıb işlərin nə yerdə olduğunu xəbər verdi.
Ənuşirəvan məktubu oxuyaraq çox sevindi, əmr etdi, nə qədər ki, fələyin dövranı şadlığı qəmə çevirməmişdir, Bərzuyəni geri çağırsınlar. Məktub yazıb bildirsinlər ki, gəlməyə tələssin, ayıq olsun. Heç nədən qorxmasın və o kitabı möhkəm saxlasın. Topladıqlarını gətirərkən ehtiyatlı olub, ağıllı hərəkət etsin.
Sonra məktubu möhürləyib qasidə verdilər. Məktubun düşmən əlinə keçməməsi üçün qasidə tapşırdılar ki, o, gizlin yollarla getsin və mümkün qədər heç kəsin gözünə görsənməsin.
Bu məktub Bərzuyəyə çatcaq, yola düşüb Ənuşirəvanın sarayına gəldi. Onun gəldiyini şaha xəbər verdilər. Ənuşirəvan o saat Bərzuyəni yanına çağırtdı. Bərzuyə içəri gircək baş əyib təzim etdi. Şah Bərzuyənin üzündəki yorğunluğun, əzginliyin, keçirdiyi qorxu və həyəcanın izini gördükdə ona ürəyi yandı və dedi: – Özünü ələ al, ey xoşbəxt insan və onu da bil ki, sənin göstərdiyin xidmət yüksək qiymətləndirilmiş, onun böyük xələt və tərifə layiq olduğu nəzərə alınmışdır. Get bir həftə dincəl, sonra gələrsən, nə lazımsa, əmr edərəm, hamısını yerinə yetirərlər.
Yeddi gün keçdikdən sonra Ənuşirəvan əyan-əşrəfin hazır olmasını əmr etdi. Saray adamları toplandıqda Bərzuyəni yanına çağırtdırıb kitabı oxumasını buyurdu Bərzuyə kitabı oxuduqca onların təəccübü artır, kitabın gözəlliyinə heyran qalırdılar. Kitab sona çatdıqda onlar Bərzuyəni alqışlayib, bu işdə müvəffəqiyyət qazandığı üçün Allaha şükür etdilər.
Ənuşirəvan əmr etdi, xəzinələrin qapılarını açdılar və and içdi ki, gərək Bərzuyə heç bir şeydən çəkinmədən ora girib ürəyi istədiyi qədər daş-qaş, pul və cavahirat götürsün.
Bərzuyə padşaha təzim edərək dedi: – Padşahın mənə göstərdiyi mərhəmət və məhəbbət hər şeydən qiymətlidir. Hansı var-dövlət, hansı sərvət dünya şahənşahının öz qulu olan mənə göstərdiyi nəvazişi əvəz edə bilər. Mənə şahın səlamətliyindən başqa heç bir şey lazım deyil. Lakin şah and içdiyi üçün, mən şahlara xas olan Xuzistan parçasından hazırlanmış mərasim paltarlarından bir dəst götürürəm ki, padşahın qulluğuna gələrkən onu geyim. Sonra Bərzuyə sözünə davam edərək dedi: – Bu vəzifəni yerinə yetirərkən rast gəldiyim çətinliklər, çəkdiyim qorxu və iztirablar, şahın istək və arzularını yerinə yetirdiyim üçün gözlənildiyindən az oldu. Bəndələrin əlində sədaqətlə xidmət edib cəhd göstərməkdən başqa bir şey yoxdur. İşlərin yerinə yetirilməsi, müvəffəqiyyətlər yalnız şahın səadətli bəxti və xoş taleyi sayəsində olur.
Mən burada olmadığım müddətdə sənin mənim ailəmə göstərdiyin kəramət müqabilində bütün xidmətlər heç dərəcəsindədir. Lakin mən bir şey xahiş etmək istəyirəm ki, o, şahın lütfü qarşısında cüzi, mənim üçün isə dünyalara bərabərdir. Şah ona icazə versə, məni həm bu dünya, həm də o dünya malından qəni etmiş olar və xoşbəxt şahın adı həmişə yaxşılıqla çəkilər.
Ənuşirəvan dedi: – Sən mənim şahlığıma şərik olmaq istəsən, o da qəbul ediləcəkdir. Nə xahişin varsa, açıq söylə.
Bərzuyə dedi: – Şah məsləhət görərsə, Büzürgmehr bu kitaba mənim haqqımda xüsusi bir fəsi əlavə etsin və orada mənim kim olduğumu, əsil və mənsəbimi, sənətimi, din və məzhəbimi yazsın. Şah bu barədə əmr verərsə, mənə göstərdiyi şərəf əbədi qalar, mənim şaha etdiyim yaxşı bəndəlik nümunəsi isə məhv olub getməz. Bu sözləri eşidən Ənuşirəvan, əyan və əşrəf heyran qaldılar. Bərzuyənin böyük ağıl və kamala sahib olduğunu təsdiq etdilər, hamısı bu qərara gəldi ki, Bərzuyənin bunu xahiş etməyə haqqı vardır.
Ənuşirəvanın əmri ilə Büzürgmehri çağırdılar. Büzürgmehr gəldikdə Ənuşirəvan ona dedi:
– Sən Bərzuyənin nə qədər sadiq və fədakar olduğunu, onun bizim əmrimizə görə nə qədər böyük qorxu və iztirab çəkdiyini bilirsən. Biz istədik, Bərzuyə öz xidmətinin səmərəsini görüb dünya malından qəni olsun. Lakin o, bundan imtina edərək, xəzinədən heç bir şey götürmədi. Onun bircə xahişi bu oldu ki, sən bu kitaba ayrıca olaraq onun haqqında bir fəsil əlavə edəsən, orada onun anadan olduğu gündən bu vaxta qədər tərcümeyi- halını yazasan. Biz də buna razı olduq. İndi sənə tapşırıram ki, belə bir fəsil yazıb kitaba əlavə edəsən və qurtardıqdan sonra camaatı yığıb oxuyasan. Lakin onu elə yazmalısan ki, sənin nələrə qadir olduğunu məmləkətin bütün əyan və əşrəf də bilsin.
Bərzuyə şahın belə göstəriş etdiyini eşitcək, təzim edib öz təşəkkürünü bildirdi.
Büzürgmehr həmin fəsli burada gətirildiyi kimi yazıb onu gözəl ibarə və hikmətli sözlərlə bəzədi və qurtardığını şaha xəbər verdi. Padşahın qəbul günü olduğundan Büzürgmehr həmin fəsli Bərzuyənin və ölkənin bütün əhalisinin qarşısında oxudu. Padşah və orada olanların hamısı onu bəyənib Büzürgmehrin gözəl qələm sahibi olduğunu təsdiq etdilər. Padşah muzd haqqı olaraq Büzürgmehrə çoxlu qızıl, gümüş, cavahirat və paltar təklif etdi, lakin Büzürgmehr paltarlardan başqa heç nə götürmədi.
Bərzuyə Ənuşirəvanın əlini-ayağını öpərək dedi:
– Allah padşahın ömrünü uzun, bəxtini güclü, onu həm bu dünyada, həm də o dünyada cah-calal sahibi etsin. Padşahın bu kəraməti onun nə qədər mərhəmətli olduğunu bir daha dünyaya göstərdi, onun şöhrətini artırdı və qulu olan məni sevindirərək utandırdı. Oxucular bu fəsildən fayda alıb onun nə üçün yazıldığını başa düşəcək və anlayacaqlar ki, əməllərin ən fəzilətlisi adil şahlara xidmət etməkdir, insanların ən şərəflisi dövrünün şahları tərəfindən qiymətləndirilib özünə layiq mövqe tutanlardır.
Onu da demək lazımdır ki, bu «Kəlilə və Dimnə» kitabı 16 fəsildir. Əslində hind dilində on fəsil olmuşdur, altı fəslini isə farslar artırmışlar.
Hind dilində olan əsl on fəsil bunlardır: «Şir və Öküz», «Dimnənin işinin yoxlanması», «Alabaxta göyərçin», «Bayquş və Qarğa», «Meymun və Tışbağa», «Zahid və Gəlincik», «Pişik və Siçovul», «Şahzadə və Qübbərə quşu», «Şir və Çaqqal», «Ana şir, Çaqqal və Ovçu».
Farsların əlavə etdikləri altı fəsil isə aşağıdakılardır: «Kəlilə və Dimnəyə müqəddimə», «Təbib Bərzuyə», «Zahid və Qonaq», «Bilar və Brahimə»„ «Səyyah və Zərgər», «Şahzadə və onun yoldaşları».
Büzürgmehr Buxteqanın «Kəlilə və Dimnə» kitabına yazdığı müqəddimə
Nəsihət, hikmət və zərbül-məsəllərlə dolu olan bu «Kəlilə və Dimnə» kitabı hind brəhmənləri və hind alimləri tərəfindən yazılmışdır. Hər bir xalqın alim və filosofları nə vasitə ilə olur- olsun, öz arzu və istəklərini həyata keçirmək, mövcud vəziyyəti nizama salmaq, gələcək arzularına çatmaq üçün həmişə müxtəlif yollar düşünmüş, müxtəlif tədbirlərə əl atmış, bu barədə müxtəlif əsərlər yazmağa çalışmışlar. Bunlardan biri də qurdların, quşların və vəhşi heyvanların dilindən yazılmış son dərəcə dərin mənalı, incə rəmzli və müəmmalı bu kitabdır. Alimlər bu yolu seçməklə bir sıra üstünlük əldə etdilər: hər şeydən əvvəl onlar burada sözləri istədikləri kimi deyib, hər fəsli arzu etdikləri kimi bəzəmək imkanına malik oldular. Bundan əlavə, bu yol ilə nəsihət, hikmət, lətifə və zarafat incilərini də bir-birinə qatdılar ki, arif adamlar onlardan istifadə etmək üçün bu kitabı mütaliə etsin, nadan adamlar isə əfsanə xatirinə onu oxusunlar.
Gənc şagirdlərə gəldikdə isə onlar elm əldə etmək, savadlı olmaq, nağıl söyləmək məqsədilə burada yazılanları asanlıqla yadlarında saxlayacaqlar. Başları çalışıb ağıl və təcrübə sahibi olduqda əzbərlədikləri və yadda saxladıqları sözlər ətrafında fikirləşib düşünərkən sinələrinin nə qədər faydalı hikmətlərlə dolu olduğunu görəcək və gözləmədikləri halda birdən böyük bir sərvətə, bitməz-tükənməz bir xəzinəyə sahib olduqlarını dərk edəcəklər. Gənclərin bu şadlığı – həddi-buluğa çatdıqda atasının miras qoyduğu xəzinəni tapan və ömrünün axırına qədər əziyyət çəkmədən dolana biləcəyini hiss edən adamın şadlığına bənzər.
Bu kitabı oxuyan adam onun nə üçün yazıldığını, nə kimi məqsədlər tutulduğunu başa düşməlidir. Əks halda, o, bu kitabdan fayda götürə bilməz, onun səmərələrindən feyzyab ola bilməz. Bu kitabı dərk etməyin birinci şərti onu düzgün oxumağı bacarmaqdır. Bir şeyi oxumağı bacarmadan onun mənasını dərk etmək olarmı? Yazı mənanın qəlibidir, yazıda səhv edilərsə, mənanı başa düşmək olmaz. Oxumağı bacaran adam isə bu kitabı fikirləşə-fikirləşə oxumalı və tez başa çatmağa tələsməməlidir, çünki onun faydası insanın təbiətinə tədriclə təsir edir. Bu şərti yerinə yetirməyən adamın vəziyyəti xəzinə tapan nadan adamın vəziyyətinə oxşar.
Nəql edirlər ki, bir kişi səhrada xəzinə tapır və öz-özünə belə deyir: – Əgər bu xəzinəni özüm tək daşısam, ömrüm hədər gedər və az şey əldə etmiş olaram. Yaxşısı budur ki, bir neçə muzdur tapıb, bir neçə heyvan kirayə tutum və tez bir zamanda hamısını evə daşıtdırım.
O dediyi kimi də edir. Özü xəzinənin başından qalaraq ləl və cavahirlə yüklənmiş heyvanları evlərinə göndərir. Lakin yük daşıyan hiyləgər adamlar var-dövləti həmin şəxsin mənzilinə deyil, öz evlərinə aparmağı daha düzgün hesab edirlər.
O nadan kişi öz mənzilinə gəldikdə peşmançılıq və təəssüfdən başqa xəzinədən heç bir şey tapmır.
Bir həqiqəti də bilmək lazımdır ki, oxumağın faydası əzbərləməkdə yox, dərk etməkdədir. Hər kəs bilmədiyi işdən yapışsa, onun vəziyyəti sözü əzbərləyib mənasını başa düşməyən adamın vəziyyətinə oxşar.
Rəvayət. Belə nəql edirlər ki, bir kişi ərəbcə öyrənmək istəyirmiş. Çox savadlı dostlarından birindən xahiş edir ki, qızıl lövhə üzərində onun üçün bir neçə ərəb sözü yazsın. Dostu onun bu xahişini yerinə yetirir. Həmin kişi ərəbcə yazılmış qızıl lövhəni evinə aparır, hərdən ona baxaraq elə güman edir ki, artıq ərəb dilini kamil bilir. Bir gün bir məclisdə ərəbcə danışmaq istəyərkən səhv buraxır. Orada olanlardan biri ona ibrət dərsi vermək üçün istehza ilə gülür. Həmin kişi bundan qəzəblənərək deyir: – Məndən səhv tuta bilməzsən, qızıl lövhə bizim evimizdədir.
İnsanlar elmə sahib olmalı, onu dərindən dərk etməlidir. Çünki elm o dünyaya aparılacaq ən böyük sovqatdır. Bu dünyada isə biliklərə yiyələnmədən, yaxşı işlər görmədən dolanmaq çətindir. Günəşin camalı yer üzünü işıqlandırdığı və həyat suyu əbədi bir ömür verdiyi kimi, elmin də kamalı qəlbləri nurlandırar; təcrübənin şəfaverici dərmanları insanları cəhalətin ağır xəstəliyindən xilas edər. Yaxşı işlər elmə yaraşıq verər. Bilik ağacının meyvəsi xeyirxahlıq və başqalarını incitməməkdir. Elmli olub ona əməl etməyənlər, yolun qorxulu olduğunu bilib geri dönməyən adamlara oxşarlar ki, bunlar yolda qarət edilib soyular; yeməklərin zərərli olduğunu bilib onlardan imtina etməyən xəstələrə bənzərlər ki, bunun nəticəsində onlar məhv olub gedərlər. Hər halda əməlin çirkin olduğunu bilib, yenə də ondan əl çəkməyən adam məzəmmət atəşinə tutular. Məsələn, biri kor, biri gözlü iki adam quyuya yıxılıb ölümcül yaralansa, onların eyni vəziyyətdə olmalarına baxmayaraq, ağıllı və düşüncəli adamlar yanında korun günahı gözlününkündən az olar və onu üzrlü hesab edərlər.
Elm və biliyin əldə edilməsi hər şeydən əvvəl insana öz hörmətini qaldırmaq, izzəti-nəfsini qorumaq üçün lazımdır. O yalnız başqalarına öyrədilmək üçün olsa, insan özü ondan bir xeyir görməsə, o, hamının istifadə etdiyi bulağa oxşar: suyundan hamı fayda götürər, lakin bulağın bundan xəbəri olmaz.
İki şeydən, yəni elm və maldan, insan əvvəl özü istifadə edib, sonra başqalarına paylamalıdır. Təcrübələrin nəticələri səmərəli olduqda, insan əvvəl onu özünə, sonra başqalarına tətbiq etməlidir, yəni insan əvvəl özünü müalicə etməlidir, sonra başqalarını. Kim bu sözlərin mənasını dərk etməyib onu cəfəngiyat saysa, koru gor oxuyan axmağa bənzər, Ağıllı adam gərək işin əvvəlində onun sonunun nə ilə qurtaracağını gözünün qabağına gətirə, yola çıxmamış hara gedəcəyini müəyyən edə. Əks halda o yolun ortasında avara qalar, nəticədə isə peşmançılıq və fəlakətdən başqa bir şey qazanmaz… Ağıllı adam odur ki, əcdadların həyatından ibrət dərsi götürüb onların təcrübəsindən istifadə edə. Hər bir işi yenidən yoxlamaq istəyən insan həmişə möhnət içində yaşar. Odur ki, deyiblər, hər ziyanda bir xeyir var. Lakin ən yaxşısı budur ki, başqalarının ziyan çəkdiyini görüb, onların faydalı təcrübələrindən istifadə edəsən. Bu yol ilə getməyən adamlar günü-gündən müvəffəqiyyətsizliyə uğrar və nəhayət, uzun təcrübədən sonra düzgün yola düşənədək ölüm vaxtı gəlib çatar. Kim fürsəti əldən versə, iş görmək lazım olan yerdə kahıllıq etsə, doğru və yalan ola biləcək xəbərləri doğru hesab edib onu başqalarına zorla qəbul etdirsə, yalançının yağlı dilinə inansa, öz tərəfdarlarını fitnəkar adamların iftiralarına əsasən incitsə, məsul vəzifələri ağıllı adamlar tapşırmayıb onların gətirə biləcəyi xeyri əldən versə, yaşayış imkanlarından məhrum olar. İnsan heç bir şeyin düşkünü olmamalıdır. Ağıllı adam üçün düşkünlükdən, doğru yoldan azıb öz arzu yükünü şübhələr küləyi əsən yerə və ya etibarsızlıq havası olan evə qoymaqdan daha zərərli heç nə ola bilməz. Çünki insanlar əksərən düşkünlük və ya buna bənzər şeylər üzündən cəhənnəmə gedirlər.
Ağıllı adamlar təsadüfən düşkünlük və aludəçilik mühitinə düşsə, tez oradan xilas olmağa çalışmalı və səhvi dərinləşdirməməlidir. Düşkünlüyü iradəlilik və əhdə vəfa kimi qiymətləndirməməlidir. Hər kəs kor-koranə nabələd yola çıxsa, o, xalqın getdiyi düz yoldan uzaqlaşar və nə qədər çox getsə, o qədər çox azmış olar. Əgər hirsli və qəddar bir adamın gözünə tikan düşsə və o bu tikanı çıxarmayıb onu əhəmiyyətsiz bir şey hesab edərək gözünü ovuşdurmağa başlasa, mütləq kor olar. Ağıllı adam göylərin hökmü ilə razılaşıb ona inanmalıdır, lakin bununla birlikdə ağlın və təcrübənin dediklərinə də qulaq asmalıdır. Ümumiyyətlə sadəlövhlük və səhvlərə yol verilməməlidir. Ağıllı adam özünə rəva bilmədiyi şeyləri başqalarına da rəva görməməlidir. Çünki hər bir əməlin öz mükafatı var, möhlət başa çatdıqda, vaxtı yetişdikdə o özünü mütləq büruzə verər.
Bu kitabı oxuyanlar hər şeydən əvvəl onun mənasını dərk etməyə çalışmalı, orada işlədilən istixarələri, rəmzli və müəmmalı sözləri başa düşməli və tez-tez başqa kitablara müraciət etmək ehtiyacından azad olmalıdır.
İbn Müqəffa bu fəslə əlavə edərək deyir ki, mən farsların bu kitabı hind dilindən pəhləvi dilinə tərcümə etdiklərini gördükdə istədim ki, İraq, Şam və Hicaz əhli də ondan istifadə edə bilsin və bu kitab onların ana dili olan ərəb dilinə tərcümə edilsin. Sonra mən bu işi yerinə yetirərkən mümkün qədər dürüst və aydın tərcümə etməyə çalışdım ki, tələbələr və oxucular ondan asanlıqla istifadə edə bilsinlər.
Təbib Bərzuyə haqqında fəsil
Fars təbiblərinin başçısı Bərzuyə belə nəql edir: «Mənim atam ordu başçılarından, anam isə Zərdüşt üləmaları ailəsindən idi. Allahın mənə bəxş etdiyi ilk nemət ata-anamın məhəbbəti oldu. Onlar mənim qayğıma qalır və məni başqa uşaqlarından çox sevirdilər. Mənim tərbiyəmlə ayrıca məşğul olur, yemək içməyimə xüsusi fikir verirdilər. Yeddi yaşıma çatdıqda məni tibb elmini öyrənməyə təhrik etdilər. Bu elm ilə bir az məşğul olduqdan sonra onun məziyyətini dərk etdim. Sidq ürəkdən coşqun bir ehtirasla onu öyrənməyə girişdim. Sonra bu sənətdə böyük şöhrət qazanaraq xəstələri müalicə etməyə başladım. Birdən bütün insanların nəfsi kimi mənim də nəfsimin dörd şey arzusunda olduğunu hiss etdim: mal toplamaq, keyf çəkmək, başqaları tərəfindən təriflənmək və əbədi şöhrət qazanmaq. Onu da deməliyəm ki, tibb elminin bütün elmlər yanında və bütün dünyada böyük hörməti vardır. Tibb kitablarında yazılıbdır: «Təbiblərin ən fazili odur ki, xəstələri pulsuz müalicə etsin, bu yolla o, həm bu dünyanın, həm də o biri dünyanın nemətindən feyziyab olar». Kəndlinin toxum səpməkdən məqsədi öz ruzusunu çıxarmaq, yəni taxıl əldə etməkdir. Heyvanların yemi sayılan ot – ələf isə nəticə olaraq öz başına əmələ gəlir. Xülasə, harada sağalmasına ümid olan xəstə eşitdimsə, gedib onu məccani müalicə etməyə başladım. Bir az sonra tay-tuşlarımın mal-dövlət, şan-şövkətdə məndən üstün olduqlarını gördüm. Tamah mənə zor gəlir, nəfsim məni dünya malı toplamaq eşqinə salırdı. Az qalmışdı ki, yolumu azam. Öz-özümə dedim: «Ey nəfs, sən xeyrinlə ziyan arasındakı fərqi görmürsən. Ağıllı adam, əziyyəti çox, xeyri az olan şeyi necə arzu edə bilər? Sən yaxşı ad qoyub getmək fıkrindəsənsə, bu fani dünyada acgöz və həris olma. Dünyanın işlərindən möhkəm yapışmağın əsas səbəblərindən biri insanı şirnikdirən pul və dövlətdir. Sən doğru olmayan bu fikirlərdən əl çək, əbədi savab qazanmaq üçün çalış. Çünki yol qorxulu, yoldaşlar etibarsız, köç yaxın, istiqamət naməlumdur. Ayıq ol, axirəti ələ gətirmək üçün fürsəti fövt etmə. İnsanın həyatı bir-birinə zidd olan dörd ünsürün qarışığından hörülmüş nazik bir sap kimidir, onun uzun müddət davam gətirəcəyinə ümid bağlamaq olmaz.
İnsan bədəninin üzvləri bir mıxla bərkidilən qızıl bütə oxşayır. Mıx çıxarılcaq büt parçalanıb dağıldığı kimi, insanın bədəni də yaşamaq qabiliyyətini itircək çürüyüb dağılır və məhv olur. Qohum-qardaşın, dost-aşnalarınla da çox qürrələnmə və onlarla bir yerdə olmağa xüsusi həvəs göstərmə. Onların sevincləri həmişə kədərlərindən az, qəmləri isə şadlıqlarından çox olar. Bütün bu qəm və qüssə, iztirab və həyəcanla birlikdə nəticədə insanı bir hicran dərdi, bir ayrılıq kədəri də gözləyir, bəzən də elə olur ki, birisi öz ailəsini dolandırmaq, arvad-uşaqlarını təmin etmək üçün mal toplamaq, sərvət yığmağa məcbur olur və özünü bu yolda qurban verir. Bu, ocağa atılan uda4 oxşayır, ətrindən başqaları faydalanır, yanma əzabını isə özü çəkir».
Öz-özümə dedim: «Ən doğrusu budur ki, sən xəstələri müalicə etməkdən əl çəkmə, ona fikir vermə ki, camaat həkimə qiymət qoymur, onun qədrini bilmir. Sən onu nəzərə al ki, müvəffəq olub bir nəfəri ölümün çəngindən qurtara bilsən, bunun savabı hər şeydən çoxdur.
Uzun sürən təhlükəli xəstəliklər nəticəsində su, çörək, arvad, uşaq üzünə həsrət qalan bir insanı müalicə etmək və onun sağlamlığını özünə qaytarmaq mümkün olsa, bunun nə qədər böyük savab iş olduğunu kim hesablaya bilər?».
Öz nəfsimlə belə mübarizədən sonra onu yenə doğru yola qaytara bildim. Səmimi qəlbdən, heç bir şey ummadan xəstələri müalicə etməyə başladım, uzun müddət bu işlə məşğul oldum. Bu xidmətə mükafat olaraq ruzu qapıları mənim üzümə açıldı. Şahlar arası kəsilmədən mənə xələt və peşkəş verməyə başladılar. Həm Hindistan səfərindən əvvəl, həm də sonra çoxlu yaxşılıqlar və töhfələr gördüm. Mal-dövlət, şan-şövkətlə öz tay- tuşumu vurub keçdim.
Bir gün tibb elminin müvəffəqiyyətləri və nəticələri haqqında, verdiyi fayda və səmərələr haqqında düşünməyə başladım. Elə bir hadisə xatırlaya bilmədim ki, tibb əsil sağlamlığa səbəb olsun, ya heç olmasa, bircə xəstəliyi tamamilə aradan qaldırsın, onun geri qayıtmaq yollarını bağlamış olsun, həqiqət belədirsə, o zaman ağıllı adam tibb elminə etibar edib onu şəfaverici hesab edə bilərmi? Bu zaman savab işlər görüb axirət üçün əlləşmək mənə daha inandırıcı görünməyə başladı. Deyilənlərə görə, bu cür işlər günah kimi xəstəliyi bir dəfəlik aradan qaldıra bilir, elə aradan qaldırır ki, o bir daha geri qayıda bilmir.
Mən bütün bunları düşündükdən sonra tibb elmindən əl çəkib ilahiyyatla məşğul olmağa başladım. Doğrusu, mən burada əvvəli-axırı görünməyən bir yola düşdüm. Yol qaranlıq və qorxulu idi. Nə bir bələdçi var idi, nə də uzaqdan bir işıltı görünürdü. Tibb kitablarında da bu barədə bir şey deyilməmişdi ki, ona əsaslanıb şəkk və şübhədən, heyrət və tərəddüddən xilas olasan. Müxtəlif xalqların dinləri arasında da böyük fərq və ziddiyyət var idi. Bəziləri ənənə naminə əlini zəif bir budağa atır, bəziləri şahların qəzəbindən və canlarının qorxusundan ayaqlarını boş bir kötüyün üstünə qoyur, bir qismi də dünya malı və vəzifə xatirinə arxasını çürük bir ağaca dayayırdı.
Onların arasında xaliq və məxluq, yaradan və yarananın mənşəyi, dünyanın sonu haqqında böyük mübahisələr gedirdi və hərə elə düşünürdü ki, onun dediyi doğru, müxalifinin dediyi isə yanlışdır.
Belə fikirləşə-fikirləşə şəkk və şübhə səhrasında irəli və geri gedir, təpələrə dırmaşıb dərələrə enir, lakin nə məqsədə doğru bir yol, nə həqiqətə doğru bir işarə tapa bilmirdim. Nəhayət, belə qərara gəldim ki, bütün din alimlərilə görüşüb onların təriqətləri haqqında tədqiqat aparım və ürəyimə yatan doğru bir din tapım. Mən bu məqsədimi yerinə yetirdim, bütün təriqətlərlə dərindən tanış oldum, gördüm ki, hər tayfa öz din və məzhəbinin üstünlüyündən dəm vurur, müxalif tərəfınkini isə pisləyir. Mən onların heç birisinin arxasınca gedə bilmədim, öz dərdimə dərman tapmadım. Aydın oldu ki, onların hamısının iddiası cəfəngiyatdır. Ağıllı adam onların heç birisinin dediklərini qəbul edə bilməz.
Öz-özümə fikirləşdim ki, əgər mən belə müxtəlif rəylərdən sonra bu dinlərdən birini qəbul etsəm və qərəzlə deyilən sözlərdən birinə inansam, aşağıda nəql edilən oğru əhvalatındakı nadan oğrunun gününə düşərəm.
Oğru əhvalatı. Deyirlər ki, bir oğru öz yoldaşları ilə bir dövlətlinin evinə oğurluğa getdi. Ev sahibi ayaq tappıltısına yuxudan ayıldı, başa düşdü ki, damda oğru var. Yavaşca arvadını oyadıb əhvalatı ona başa saldı və dedi ki, mən özümü yuxuluğa vuracağam, sən onların eşidə biləcəyi uca bir səslə, böyük bir təkidlə məndən soruş ki, bu qədər mal və dövləti necə ələ gətirmisən. Nə qədər mən demək istəməsəm, sən o qədər inadla təkid et və məndən əl çəkmə. Arvad ərinin dediyini etdi və ərini sorğu-suala tutdu. Kişi dedi: – Arvad məndən əl çək və bu sualdan vaz keç. Doğrusunu desəm, qorxuram eşidələr, biz biabır olaq, camaatın bizdən acığı gələ.
Arvad təkid edib yalvarmağa başladı.
Kişi dedi: – Sənin bunu soruşmaqda məqsədin nədir? Kişinin gizlin sirri ilə arvadın nə işi var?
Arvad dedi:
– Bilmək istəyirəm. Kişi dedi:
– Bu mal-dövlət oğurluqla toplanmışdır. Mən bir vaxt oğurluqda mahir idim və bir ovsun bilirdim. Aylı gecələrdə dövlətli adamların divarlarının dibinə gəlib yeddi dəfə deyərdim: «Şolem, Şolem». Ayın işığından tutub bir anda qalxardım damın üstə və durardım bacanın başında. Sonra yeddi dəfə «Şolem, Şolem» deyib heç bir zəhmət çəkmədən enərdim evin ortasına. Orada da yeddi dəfə «Şolem, Şolem» dedikdə evdə nə qədər pul və dövlət var idisə hamısı gələrdi qabağıma. Gücüm çatdığı qədər götürüb, yenə də yeddi dəfə «Şolem, Şolem» dedikdən sonra ay işığından tutaraq bacadan qalxardım. Bu ovsunun bərəkətindən nə bir adam məni görərdi, nə də bir insan məndən bədgüman olardı. Yavaş-yavaş bu gördüyün dövlət ələ gəldi. Ancaq amandır, bu sözü heç kəsə öyrətmə ki, onun bizə böyük ziyanı dəyə bilər.
Oğrular bu əhvalatı eşitdikləri və o sözü öyrəndikləri üçün çox şad oldular. Bir az gözlədilər. Eş sahiblərinin yatdıqlarına arxayın olduqdan sonra oğrubaşı yeddi dəfə «Şolem, Şolem» dedi, lakin ayağını bacaya qoymağı ilə yerə dəyməyi bir oldu. Ev yiyəsi tez yerindən sıçrayıb əlinə bir çomaq götürdü və düşdü oğrunun üstə, vur ki, vurasan. Özü də vurduqca deyirdi: – Mən əziz ömrümü sərf edib dövlət toplamışam ki, sənin kimi dələduzun biri gəlib onu aparsın. Kim olduğunu deməsən, öldürəcəyəm.
Oğru dedi:
– Mən həmin nadan və sadəlövh adamam ki, sənin yağlı dilinə aldanıb tora düşmüşəm…
Xülasə, bu yol ilə mən həqiqəti tapa bilmədim və öz- özümə dedim: «Əcdadımın dinində qalıb kor-koranə ona riayət etsəm, mən o cadugərə oxşaram ki, doğru olmayan işlərlə məşğul olduğunu bildiyi halda yalnız, əcdadı cadugər olduğu üçün özünü haqlı hesab edir. Yox, yenidən din axtarmağa başlasam, qorxuram ömür vəfa etməyə. Çünki əcəl yaxındadır. Tərəddüd içərisində yaşıyam, fürsəti əldən verər və heç bir iş görməmiş bu dünyadan getməli olaram. Ona görə mən bütün dinlərdən əl çəkib hər şeydən üstün hesab edilən xeyir əməllərlə məşğul olmağı, ağla batan, ürəyə yatan işlər görməyi qət etdim.
Bundan sonra mən heyvanları və insanları öldürüb incitməkdən əl çəkdim. Qəzəblənib təhqir etməyi, xəyanəti və oğurluğu buraxdım, əyyaşlıqdan uzaqlaşdım, yalan danışıb böhtan deməyi, söyüş söyməyi tərk etdim; xalqı incitmək, dünya malına həris olmaq, hoqqabazlıq, cadugərlik etmək kimi nalayiq hərəkətlərdən çəkindim. Merac, qiyamət, savab və günah haqqında bilmədiyim şeyləri özümdən toqquşdurmadım, pis adamlardan qaçıb yaxşı adamlara qoşuldum, düzlük və təmizliklə dost oldum. Çünki dünyada düzlükdən daha yaxşı bir dost ola bilməz. Yalnız, düzlük vasitəsilə tez varlanmaq olar. Bu dövlət – paylanmaqda azalmaz, xərclənməklə qurtarmaz. Düz adam padşahdan qorxmaz, od, su, yırtıcı, vəhşi heyvanlar və başqa zərərli şeylər düz adama ziyan vura bilməz. Kim düzlükdən üz döndərib onun məziyyətini xeyrat olmaq, pul toplamaq ləzzəti ilə əvəz etsə, öz malını və ömrünü bu dünya məqsədlərinə çatmaq üçün sərf etsə, o adam başına aşağıdakı əhvalat gəlmiş tacirə oxşar:
Tacir əhvalatı. Deyirlər ki, bir tacirin çoxlu cavahiratı varmış. Onları deşmək üçün günü yüz dinara bir adam tutur. Həmin adam tacirin evinə gəlib işə başlamaq istərkən evdə gözəl bir çəng5 görür, diqqətlə ona baxmağa başlayır. Bunu görən tacir ondan soruşur – çalmaq bacarırsanmı? Muzdur çəng çalmaqda mahir idi. Deyir, bəli, bilirəm. Tacir ona «çal!» – deyə əmr edir. Muzdur həmin çəngi götürüb gözəl havalar çalmağa və xoş bir səslə oxumağa başlayır, tacir böyük bir zövq ilə ona qulaq asır, cavahirlər isə deşilməmiş qalır. Axşam olduqda muzdur muzd haqqı istəyir. Tacir deyir: – Cavahirlər olduğu kimi də durur və deşilməmişlər, görülməmiş iş müqabilində muzd verilməz. Xülasə, muzdur nə qədər deyirsə, fayda vermir, vəziyyəti belə görən muzdur əsəbiləşərək tacirin üstünə qışqırıb deyir: – Mən sənin muzdurun idim, hər nə deyibsən, onu da eləmişəm, sənin haqqın yoxdur mənim muzdumu kəsəsən. Tacir muzdurun haqqını verməyə məcbur olur və günün boş keçdiyinə, vaxtın hədər getdiyinə, cavahirlərin deşilməmiş qaldığına və işin görülmədiyinə baxaraq dərin fikrə dalır.
Düzlük və möminlik arzusu qəlbimi ələ aldığından, istədim, ibadətlə məşğul olam. İstədim, mənim alt paltarımla üst paltarım, xaricimlə daxilim, zahirimlə batinim, sözümlə işim bir-birinə uyğun gəlsin, çünki möminlik və abidlik şərri rəf edən möhkəm zirehli paltar, xeyri cəzb edən uzun kəmənddir.
Düzlük və möminliyin səmərələrindən biri odur ki, ömrün müvəqqəti, dünyanın fani olması səni qorxutmur. Mömin adam bu müvəqqəti dünyanın işlərinə fikir versə və onların haqqında fikirləşsə, orada olan yaramazlıqları həqiqət gözüylə görər, o dünyaya əli boş getməmək üçün camaatı incitməkdən əl çəkər, şöhrətpərəstliyi buraxar. Qəm və kədərini azaltmaq üçün öz taleyi ilə razılaşar. Dünyanın əziyyətlərindən yaxa qurtarmaq və bütün günahlarını təmizləmək üçün inzivaya6 çəkilər, hamının məhəbbətini qazanmaq üçün həsəd və paxıllıqdan əl götürər. Mal-dövləti itirmək qorxusundan xilas olmaq üçün səxavəti özünə peşə edər, peşman olmamaq üçün işi ağıl ilə görər, təvazökar və qənaətlə dolanmaq üçün axirəti yaddan çıxartmaz, büdrəyib səhv etməmək üçün işin sonunu nəzərə alar, özünün rahat və farağat yaşaması üçün xalqı incitməz. Mən düzlük və möminliyin məziyyətləri haqqında düşündükcə onlara rəğbətim artırdı. Lakin mən bu dünyanın ləzzətindən əl çəkib, nağdı əldən vermək və nisyə dalınca qaçmağın çətin bir iş olduğunu bilirdim, bu yolda səhv etmiş olarsam, belə böyük bir işin həm bu dünya, həm də axirət işinə böyük zərər verə biləcəyindən və onun nəticəsinin peşmançılıq olmasından qorxurdum. Belə olduqda mənim vəziyyətim ağzındakı sümüyün əksini suda görüb tamaha düşən və onun başqa sümük olduğunu təsəvvür edərək, nağdı buraxıb xəyali sümük dalınca suya cuman itin vəziyyətinə bənzərdi.
Az qalmışdı, bu cür qorxulu və kədərli düşüncələr üstün gəlib məni yoldan azdırsın və hər iki dünya əldən çıxsın. Mən yenidən bu dünyanın işləri haqqında fikirləşməyə və onun naz və nemətlərini göz qabağına gətirməyə başladım. Mənə aydın oldu ki, bu dünyanın nemətləri şimşək qədər davamsız və ötəridir. Bununla belə o, içdikcə şor su kimi atəş gətirər, zəhər qatışdırılmış bal qədəhi kimi, əvvəl şirin, sonra öldürücü olar, ürəkaçan gözəl röya kimi ayıldıqdan sonra təəssüf və həsrət doğurar. Bu dünyanı ələ gətirmək istəyən insan ipəkqurduna oxşar, nə qədər çox toxusa, öz əl-qolunu o qədər bərk bağlamış olar və onun xilas olması o qədər çətinləşər.
Sonra öz-özümə dedim: «Bu olmadı ki, sən gah bu dünyadan o dünyaya, gah o dünyadan bu dünyaya qaçırsan.
Sən eyni hadisə üstündə bir-birini təqsirləndirən iki düşmənin hər ikisinə bəraət qazandıran riyakar bir qazıya oxşayırsan ki, bu yol ilə də düşmənçilik aradan qaldırıla bilməz.
Bir qəlbin var, tap bir ürək dostunu.
Çətin günün mərd və zirək dostunu.
Nəhayət, mən ibadət etmək qərarına gəldim, düşündüm ki, bu dünyanın əziyyətinə dözmək, axirətdə nicat tapmağa nisbət heç mənzələsindədir. Bu dünyadan alınan ləzzət o dünyada veriləcək əziyyətin mində biri ola bilməz. Hər halda nəticədə çoxlu şirinlik gətirən az acılıq, çoxlu acılıq gətirən az şirinlikdən daha yaxşıdır. Bir adama desələr ki, əbədi nicat üçün sənin ətini yüz il hər gün on dəfə kəsib yenə bir-birinə tikmək və yenə də kəsmək lazımdır, gərək o buna razı olsun, çünki əbədi nemət içində yaşamağa nisbətən bu yüz il bir saatdan da az görünər. Demək, ağıllı adam möminliyi böyük və çətin bir iş hesab edib, bir necə günlük ibadətin əziyyətinə dözməkdən boyun qaçıra bilməz. Onu da bilmək lazımdır ki, dünya bəla və əzabla doludur. İnsan ana bətnindən ömrünün axırına qədər bir an da olsa, öz canını bəladan qurtara bilmir. Tibb kitablarında yazılıbdır ki, uşağın əmələ gəlməsinin əsas səbəbi olan kişinin mayası ana bətnində qadının mayası ilə qarışdıqda qəlizləşib bərkiməyə başlayır. Bu zaman ananın bətnindəki yel bu qarışıqları çalxayıb əvvəlcə pendir suyuna, sonra isə qatığa oxşar bir maddə əmələ gətirir, bundan sonra bədən üzvləri yaranmağa başlayır. Uşaq oğlandırsa, üzü ananın kürəyinə; qızdırsa, üzü ananın qarnına tərəf çevrilmiş olur. Əllər alına, çənə dizə sıxılır, uşağın vücudu pərdə ilə elə örtülür ki, guya onu bir kisəyə salıb bağlayıbsan, zorla nəfəs alır. Bətndəki istilik, ana qarnının ağırlığı, qaranlıq, darlıq və təsəvvürə gəlməz əziyyətlər… Elə ki, hamiləlik dövrünün sonu yetişir, doğum vaxtı çatır, ana bətnində yel, uşaqda isə hərəkət etmək qüvvəti əmələ gəlir və uşağın başı ana bətnindən bayıra çıxır. Ana bətninin darlığı nəticəsində uşaq elə bir ağrı hiss edir ki, onu heç bir əzab və işgəncə ilə müqayisə etmək olmaz. Uşaq dünyaya gəldikdən sonra ona yumşaq bir əl toxunsa və ya yüngül bir külək əssə, onun çəkdiyi əziyyət, böyüklərin dərisinin soyduqda çəkdiyi ağrıya bərabər olar. Bundan sonra isə müsibət və bəla silsilələri başlayır: acanda yemək, susayanda su istəyə bilmir; bir yeri ağrıdıqda başa sala bilmir. Sonra açılıb bələnmək, qoyulub götürülmək, beşiyin darlığı və saysız-hesabsız məşəqqətlər. Elə ki, körpəlik vaxtı qurtarır, təlim və tərbiyə əziyyətləri başlayır: filan şeyi yemə, filan şeyə əl vurma, filan şeyi demə, sonra xəstəlik, acı dərmanlar və bununla əlaqədar olaraq məhrumiyyətlər silsiləsi… Elə ki, həddi-buluğa çatdı, ev-eşik, arvad-uşaq dərdi, bununla birlikdə mal-dövlət toplamaq və pul qazanmaq hərisliyi meydana çıxır. Bundan əlavə bir-birinə zidd olan dörd ünsür həmişə insanla bir yerdə yaşayır, onunla bir yerdə yatıb, bir yerdə durur. Bundan sonra hadisələr, bəlalar, fəlakətlər, müsibətlər, xəstəliklər bir-birini əvəz edir. İlandan, əqrəbdən, vəhşi heyvanlardan qorxmaq, isti və soyuqdan, qar və yağışdan, göy gurultusu və ildırımdan təşvişə düşmək, kim tərəfindən isə qəflətən hücum edilib öldürülmək vahiməsi… sonra əgər ömür vəfa edib qocalığa qədər yaşamaq mümkün olarsa, qocalıq dərdləri, zəiflik və taqətsizlik o vaxta qədər olan bütün dərd və kədərləri vurub keçər. Düşmənlərin ara verməz qəsdləri və bədxahların niyyətləri də öz yerində.
Fərz edəlim ki, bunların heç biri baş verməyəcək və insan ən yaxşı şəraitdə sağ və salamat yaşayacaqdır. Bəs ölüm, ölüm saatı çatdıqda necə? Oğul, uşaq, qohum, qardaş, dost, aşna ilə vidalaşmaq, acı ölüm şərbətini damla-damla içmək lazım gələn o gündədəmi bu dünya məhəbbəti insanın qəlbindən silinməyəcəkdir?
Belə olduqda, heç bir ağıllı adam, xüsusilə indi, şərin yavaş-yavaş xeyrə üstün gəldiyi və insanların get-gedə gözəl xasiyyətləri itirməyə meyl göstərdikləri bu fəlakətli gündə, dünyanı ələ gətirmək üçün ömür sərf etməyi özünə rəva bilməz. Çünki həmişə qalan şeyi tez məhv olub gedən şeylə, əbədiliyi müvəqqətiliklə dəyişmək, təmiz və pak bir ruhu kəsif və natəmiz bir bədənə qurban vermək böyük eyib və bağışlanmaz səhv hesab edilər.
Hərçənd Ənuşirəvani-Adil ibn Qubad özü xoşbəxt olmaqla birlikdə, yüksək ağıl, sarsılmaz iradə, ali hikmət, qüdrətli kamal, səlis ləhcə, şöhrəti dünyaya yayılmış ədalət, sonsuz səxavət sahibidir; adı dillərdə gəzir, elmə böyük məhəbbəti və alimlərə hörməti var; hikmət elminə və hikmət sahiblərinə xüsusi rəğbət bəsləyir; qəddar adamlara cəza verib xidmətçilərini tərbiyə etməkdə, alimləri darmadağın edib məzlumlara kömək göstərməkdə ad qazanmışdır. Lakin bütün bunlara baxmayaraq zəmanənin xarab olduğunu, fəlakətə doğru sürükləndiyini görürəm. Sanki xeyir insanlardan qaçır. Faydalı işlər, yaxşı sözlər unudulur, elə bil, doğru yollar bağlanmış, bədbəxtlik qapıları açılmışdır. Ədalət məhv edilərək zülm və sitəm hakimiyyət başına keçmiş, elm aradan qaldırılaraq cəhalət onun yerini tutmuş, rəzalət və xəyanət artaraq kərəm və mürüvvəti sıxışdırıb aradan çıxarmışdır. Dostluq zəifləmiş, düşmənçilik qüvvətlənmişdir, yaxşı adamlar təhqir edilərək əziyyət və məşəqqət içində, alçaq adamlar hörmət qazanaraq keyf və əyləncə içində yaşayır. Hiylə və riyakarlıq ayıq, vəfa və düzlük isə yatmışdır. Yalan – azad, doğru – məhbus, haqq – məğlub, nahaq – qalib, qorxu – güclü, inam – zəif, zalım – haqlı, məzlum – haqsız, hərislik – hakim, qənaət – məhkum, qazi – qəddar, zahid – riyakar…
Mən dünyanın bu işlərini fikirləşdikdən sonra başa düşdüm ki, insan bütün məxluqatın ən şərəflisi və bütün varlığın ən nəcibidir. Lakin öz ömrünün qədrini bilmir, öz nəfsinin nicatı üçün çalışmır. Mən bu vəziyyəti müşahidə etdikdə çox təəccübləndim, diqqətlə baxdıqda gördüm ki, bu xoşbəxtliyə mane olan şey insanların azca rahat yaşamaq və cüzi mal toplamaq xəstəliyinə tutulmasıdır, bu da insanın dadmaq, iyləmək, görmək, eşitmək və hiss etmək duyğularını təmin etmək üçündür. Lakin bu duyğuların heç biri ehtiyacı ödəmək və məqsədə çatmaq üçün kifayət etməz. Bundan başqa həmişə mal-dövləti itirmək qorxusu vardır. Belə bir dövlət insana nəsib olsa da, o, həm bu dünyada həm də axirətdə ziyandan başqa bir şey verməz. Bu hal o adamın vəziyyətinə bənzər ki, qızmış dəvədən xilas olmaq üçün quyunun üstə əyilmiş iki budaqdan yapışıb quyuya sallanmağa məcbur ola, diqqətlə baxdıqda görə ki, ayaqlarını dörd ilanın başına qoymuşdur. Quyunun dibinə nəzər saldıqda görə ki, orada bir əjdaha ağzını açaraq onun düşməyini gözləyir, gözünü yuxarı dikdikdə görə ki, ağ və qara siçanlar ara vermədən yapışdığı budaqların kötüyünü gəmirib yerə tökürlər. Bu vəziyyətdən xilas olmaq haqqında düşünərkən birdən gözünün qabağında bir arı yuvası peyda ola və həmin yuvada bir qədər bal görünə, barmağını bu bala batırıb yalaya və balın şirinliyi o qədər başını qarışdıra ki, özünün vəziyyətini unuda, yadından çıxa ki, ayağını dörd ilanın başına söykəmişdir və bu ilanlar hər an başlarını çəkə bilər, unuda ki, siçanlar budaqları gəmirib tökməkdən əl çəkmir və budaqlar qırılan kimi əjdahanın ağzına düşəcəkdir. Baldan alman cüzi ləzzət o vaxta qədər bu fəlakəti unutdurar, zəif cəhalət pərdəsi o vaxta qədər güclü ağıl nurunun üstünü örtər ki, siçanlar budaqları gəmirib qurtarar və bu zavallı adam acgöz əjdahanın ağzına düşər.
Mən dəhşətli və qorxulu quyu dedikdə bu dünyanı nəzərdə tuturam; budaqları gəmirən qara və ağ siçan gecə- gündüzdür, onların hər ikisi insanların ömrünü azaltmaq, onları həlak etmək üçün ara vermədən bir-birini əvəz edir: dörd ilan varlığın mahiyyətini təşkil edən dörd ünsürdür ki, onlardan biri öz müvazinətini itirsə, insan dərhal məhv olub gedər; bal, əziyyəti çox, faydası az olan, insanları düz yoldan azdırıb, nicat qapılarını onların üzünə bağlayan fani dünyadır; əjdaha – heç kəsin yaxa qurtara bilməyəcəyi ölümdür. Əcəl şərbətini içmək lazım gəldikdə, Əzrail başın üstünü aldıqda ölümdən yaxa qurtarmaq olmaz və peşmançılıq fayda verməz: nə geri qayıtmaq mümkün olar, nə təxirə salmaq. Nə tövbə etməyə vaxt qalar, nə dua oxumağa macal…
Xülasə, ən nəhayət, mən olduğum kimi qalıb əlimdən gəldikcə yaxşı işlər görmək qərarına gəldim. Mən ümid edirdim ki, bəlkə bu yol ilə elə bir vəziyyətə düşəm ki, o həqiqəti görməkdə mənə kömək edə və bərk gündə imdadıma çata. Bir müddət bu ümidlə yaşadım, nəhayət, Hindistan səfəri qarşıya çıxdı. Mən orada da həddən artıq səy göstərir, həqiqəti kəşf etmək üçün əlimdən gələni əsirgəmir və çoxlu kitab oxuyurdum. Mən Hindistandan qayıdarkən külli miqdarda kitab gətirmişdim. Onlardan biri də təqdim etdiyimiz bu «Kəlilə və Dimnə» kitabıdır.
Şir və Öküz fəsli
…Hind Racı7 Brəhmənə dedi: – Mənə elə bir əhvalat danış ki, orada xain adamın yalanı nəticəsində iki dost arasında olan sədaqət ədavətə çevrilsin və onlar bir-birindən ayrılmalı olsunlar.
Brəhmən dedi: – Əgər iki dost arasına bir xain girsə, onların qohum-qardaşlarının, dost-aşnalarının arasına mütləq nifaq düşər və onlar bir-birindən ayrılarlar, necə ki, şir və öküz bir-birindən ayrıldı.
Şah soruşdu: – O necə olmuşdur?
Rəvayət. Brəhmən dedi:
– Belə rəvayət edirlər ki, dövlətli bir tacir var imiş, onun övladları böyüyüb həddi-buluğa çatdıqda heç bir sənətlə məşğul olmaq istəmədilər, atalarının malını yeyib, dağıtmağa başladılar.
Atası onları danlayıb dedi: – Ey mənim övladlarım! İnsan bu dünyada üç şey üçün çalışır ki, bu üç şey də başqa dörd şeyin nəticəsində əldə edilə bilər. Üç şey: yaxşı güzəran, insanlar arasında yüksək mövqe tutmaq, axirət əldə etmək üçün savab işlər görməkdir. Bu üç şeyi əldə etmək üçün istifadə edilən dörd vasitə aşağıdakılardır: namuslu əməklə dövlət toplamaq, əldə edilmiş dövləti saxlaya bilmək, sonra israfa yol vermədən onu özünə, qohum-qardaşlara, dost-aşnalara xərcləmək… Nəhayət, mümkün olduğu qədər nəfsini ziyanverici işlərdən çəkindirmək. Bu dörd şərtdən bircəsini yerinə yetirməyən adam arzusuna çata bilməz, çünki insanın dövləti olmasa, o özü yeyib başqasını yedirdə bilməz; əgər dövləti olsa, lakin bu var-dövlət haqqında qayğı göstərməsə, onu qənaətlə xərcləməsə, bir az keçmədən bu var-dövlət qurtarar və ona heç nə qalmaz. Odur ki, deyiblər, xərcləmək qazanmaqdan çətindir.
Mal ələ gətirmək asandır, ancaq
Çətindir o malı əldə saxlamaq.
Əgər insan qazanc gətirmədən pulu xərcləməyə başlasa, nə qədər az xərcləsə də, yenə də tez-gec pul qurtarar, sürməni az- az işlətməyə baxmayaraq o da qurtarır.
Dağdan hey götürüb, desən ki, çoxdur,
Bir də görərsən ki, dağ özü yoxdur.
Odur ki, deyiblər: «Dama-dama göl olar, dada-dada heç». İnsan dövlət yığıb saxlasa, onu xeyirli və faydalı işlərə xərcləməsə, dövlətli deyil, yoxsul hesab edilməlidir. Belə adamın dövləti müxtəlif yollarla lazım olmayan yerlərə xərclənib gedər. Bu, su gələn yolu olub çıxan yeri olmayan bir hovuza bənzər, suyun artığı faydalı yerlərə sərf edilmədiyi üçün daşıb ətrafı basar, hədərə gedər.
Nəhayət, atanın nəsihəti oğlanlarına təsir etdi və onların hərəsi bir sənətlə məşğul olmağa başladı. Böyük qardaş tacirlik məqsədilə uzaq bir ölkəyə səfərə çıxdı, yolda böyük bir bataqlığa rast gəldi, onun yük daşıyan iki öküzü var idi, birinin adı Şətrəba, o birinin adı isə Bəndəba idi. Şətrəba burada palçığa batdı, tacir və onun köməkçiləri çox çətinliklə Şətrəbanı bataqlıqdan çıxardılar, lakin onda getməyə artıq taqət qalmamışdı. Tacir öz köməkçilərindən birini Şətrəbanın yanında qoydu və tapşırdı ki, bir neçə gün ona qulluq etsin, yaxşılaşdıqda dalınca gətirsin.
Bir-iki gün keçdikdən sonra öküzün yanında qalan adam darıxmağa başladı, öküzü orada qoyaraq tacirin dalınca getdi və ona dedi ki, Şətrəba öldü. Öküz isə oradan çıxaraq çox gəzdi, çox dolandı, nəhayət, suyu çox, ələfi bol olan gözəl bir çəmənliyə çatdı və orada qaldı.
Gülab tək ətirli suları vardı,
Sularda sonalar məclis qurardı…
Bir az keçmədi ki, öküz piylənib kökəlməyə, fınxırıb böyürməyə və bütün ətrafa səs salmağa başladı.
Yaxında isə meşənin padşahı şir və onunla birlikdə canavarlar, ayılar, çaqqallar və başqa heyvanlar yaşayırdı. Şir xudpəsənd və özündən razı bir padşah idi. O, heç vaxt öküz görməmiş və onun böyürtüsünü eşitməmişdi. Ona görə öküz böyürtüsü eşitdikdə bərk qorxdu, lakin heyvanlar və quşlar onun qorxduğunu bilməsin deyə, yerindən tərpənməyib, ova çıxmağı tərk etdi.
Şirin yanında olan heyvanlar içərisində iki çaqqal var idi, (bunlardan birinin adı Kəlilə, o birisinin adı Dimnə idi. Onların hər ikisi ayıq və gözü açıq idi. Lakin Dimnə daha çox həris, daha çox özündən dəm vuran idi.
Dimnə Kəliləyə dedi:
– Qardaşım, sən şir haqqında nə fikirdəsən? O, bir neçə gündür ki, yerindən tərpənmir, ova çıxıb şikar etmir.
Kəlilə dedi: – Sənə dəxli olmayan məsələlər haqqında nə üçün sorğu-suala girirsən, bizim vəziyyətimiz aydındır: biz şah qulluğunda xidmət edir və onun sayəsində dolanırıq. Biz şahlar məclisində söhbət etmək hüququna malik olub, şahların işlərinə nəzarət yetirənlərdən deyilik. Sus və unutma ki, ona dəxli olmayan işlərlə məşğul olanın aqibəti meymun kimi olar.
Dimnə dedi: – Meymuna nə olmuşdu ki?
Meymun və dülgər əhvalatı. Kəlilə dedi:
– Belə nəql edirlər ki, bir meymun bir dülgərin at üstündə oturmuş kimi böyük bir dirək üstə oturaraq iki paz vasitəsi ilə onu yardığını gördü. Dülgər bir pazı çaldıqdan sonra ikincisini çıxardıb qabağa çalır və beləliklə, dirəyi yara-yara irəliləyirdi. Dülgər ehtiyac üzündən işini buraxıb bir anlığa getməli oldu. Bunu görən meymun ona dəxli olmayan bir işdən yapışaraq dülgərin işini davam etdirməyə başladı. Arxasını dirəyin yarılmış hissəsinə tərəf çevirərək oturdu, yumurtası dirəyin yanğına girdi, o isə pazı çıxarmağa başladı. Pazı çıxardıqda yumurtası dirəyin arasında qalıb sıxıldı, meymun huşunu itirərək özündən getdi, dülgər qayıdıb gələnə qədər bu vəziyyətdə qaldı. Dülgər isə döyüb meymunu öldürdü. Odur ki, deyiblər: «dülgərlik meymunun işi deyil».
Dimnə dedi: – Mən sənin söylədiyin əhvalatı eşitdim və nə demək istədiyini başa düşdüm, lakin bilməlisən ki, şaha yaxınlaşan hər adam yalnız öz qarnını doydurmaq məqsədini güdmür, çünki qarını hər yerdə doydurmaq olar… Yox, belə bir adam şaha hər şeydən əvvəl dostları sevindirib düşmənləri qəzəbləndirən vəzifə və şöhrət xatiri üçün yaxınlaşır, yalnız qarnı üçün əlləşənlər heyvan zümrəsindən olanlardır. İt quru sümükdən sevindiyi kimi, belə adam da ona verilən ən kiçik sədəqədən sevinər və onunla kifayətlənər. Alicənab iradəli adamlara gəldikdə isə, onları cüzi şeylər kifayətləndirə bilməz. Dovşanı şikar edən şir dağ keçisini gördükdə dovşanı buraxıb onun üzərinə hücum edər.
Qürurda Pələng ol, vüqarda Qartal,
Vuruşda qalib gəl, ovun üstün al.
Tavusa, bülbülə sən az nəzər sal,
Birisi bəzəkdir, biri qilü-qal!
Az şeyə razı olmaq mənəvi yoxsulluq və xəsislik əlamətidir. Yüksək mövqeyə çatan adamın ömrü gül qədər az olsa da, ağıllı adamlar onu uzun ömür hesab edərlər və əksinə, az şeyə razı olan adamın ömrü şam ağacı qədər çox olsa belə, mürüvvət əhlinin yanında onun qədri qiyməti olmaz.
Kəlilə dedi: – Mən sənin sözlərini başa düşdüm, lakin ağlını başına yığ və bil ki, hər adamın öz yeri, mövqeyi vardır. Biz o təbəqədən deyilik ki, belə yüksək dərəcəyə layiq olaq və onu tələb etməyi bacaraq. Biz salamat dolanırıqsa, bu, bizim üçün kifayətdir…
Dimnə dedi: – İnsanlar müxtəlif vəziyyətdə olurlar. İstedad və qabiliyyəti olanlar özlərini alçaq vəziyyətdən ali dərəcəyə çatdırır, iradəsi zəif, əqli kəm olanlar isə yüksək mövqedən aşağı rütbəyə enirlər. Yüksək dərəcəyə qalxmaq çox çətin, oradan aşağı enmək isə olduqca asandır.
Vəzifə ağır daş kimi şeydir, onu çox əziyyət və məşəqqətdən sonra çiyinə qaldırırlar, lakin çox asanlıqla yerə atırlar. Ali dərəcəyə çatmaq üçün mərd və iradəli adamların köməyə ehtiyacı yoxdur…
Hünər sahibi bilsə öz qüdrətin.
Göyə qaldırar hər işin hörmətin.
Biz yüksək vəzifə almağa layiqik və indiki aşağı vəziyyətdə qalmağa razı olmamalıyıq.
Kəlilə dedi: – Sən nə etmək fikrindəsən?
Dimnə dedi: – Mən bu fürsətdən istifadə edib şirin yanına getmək istəyirəm. O, qorxu və tərəddüd içindədir, bəlkə məsləhət vasitəsilə onun könlünü ələ alam, beləliklə, onunla dostlaşıb böyük vəzifəyə çatam.
Kəlilə dedi: – Sən nədən bilirsən ki, şir qorxu və tərəddüd içindədir?
Dimnə dedi: – Mən bunu ağıl və idrakımla bilirəm, ağıllı adamlar insanların gizlin işlərini onların xarici əlamətlərindən, xarici görünüş və qiyafələrindən başa düşərlər.
Kəlilə dedi: – Şahlar xidmətində olmadığın, şah məclislərinin qayda-qanunlarını bilmədiyin halda sən şirlə dostlaşıb ondan necə vəzifə ala bilərsən?
Dimnə dedi: – Böyük və məsuliyyətli iş, ağır və narahat yük güclü və möhkəm adamı yora bilməz. Qəriblik və tənhalığın ağıllı adam üçün qorxusu yoxdur… Fərasətli və huşyar adamlar hər şeyin yolunu tez taparlar.
Kəlilə dedi: – Şahlar öz mərhəmətini fəzilət sahiblərinə deyil, bəlkə özünə yaxın, nəsilbənəsil ona xidmət edib müxtəlif yollarla hörmət qazanmış adamlara göstərirlər. Şahlar bu cəhətdən üzüm tənəklərinə oxşayırlar, özlərinə daha yaxın olan ağaclara sarınırlar.
Dimnə dedi: – Sən haqlısan, lakin mən bilirəm ki, şahın yaxın adamları və onların sələfləri həmişə bu mənsəbdə olmamışlar, onlar əvvəl uzaq olmuş, sonra yavaş-yavaş yaxınlaşaraq bu dərəcəyə çatmışlar. Mən də çalışacağam ki, onların mənsəbinə çatım və bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm… Deyirlər, hələ indiyə qədər şah qapısında elə adam olmamışdır ki, o, şahın qəzəbinə dözmədən, onun təhqirlərinə davam gətirmədən, öz hirs və nifrətini boğmadan və insanlarla həlim rəftar etmədən şahdan böyük vəzifə almış olsun.
Kəlilə dedi: – Tutaq ki, sən şirlə dostlaşdın, sən hansı yol ilə və hansı əsasa görə ondan vəzifə alacaqsan?
Dimnə dedi: – Əgər mən ona yaxınlaşa bilsəm, əvvəlcə onun xasiyyətini öyrənər, ona sədaqətlə hörmət göstərib bütün arzularını yerinə yetirər, qəbih və yaramaz işlərdən çəkindirərəm. O, mənim fikrimə görə, yaxşı və ölkənin xeyrinə olan bir iş başladıqda, mən həmin işi onun gözündə böyüdüb daha çox təriflər, bu tədbirin verəcəyi faydaları daha da şişirdərək onu gözəl boyalarla bəzəyər və şahın sevincinin artmasına səbəb olaram. Yox, əgər mənim fikrimcə, aqibəti qorxulu və ziyanlı ola biləcək bir işə əl atmaq istəsə, mən ehtiyatla, çox mehriban, çox yumşaq, həlim və nəzakətlə bu işin zərərli cəhətlərini izah edər, əgər bu işdən əl çəkərsə, ondan alınacaq xeyir və faydanın nədən ibarət olduğunu başa salaram. Elə deyərəm ki, bu onun ürəyinə toxunub, onun qəzəbinə səbəb olmasın. Ümid edirəm ki, başqalarından belə xidmət görməyən şir bunun müqabilində mənə daha çox hörmət etməyə başlar.
Ağıllı və danışmağı bacaran adamlar, yalanı həqiqətə və həqiqəti yalana çevirməyi bacararlar… Mahir rəssamlar qələmlə elə səhnələr yarada bilir ki, burada heykəllər şəkil, şəkillər heykəl kimi görünür.
Möcüzə yaradan rəssama bax sən,
Simurq şəkli çəkir, quşu görmədən.
Şir məndəki bu qabiliyyət və istedadı gördükdə yaxın olmağımı məndən də artıq bir ehtirasla arzu edər.
Kəlilə dedi: – İndi ki sən o fikirdəsən, gərək ehtiyatlı olasan, şahlarla dostluq etmək çox təhlükəlidir. Atalar deyiblər ki, üç işə girişməyə yalnız nadan adam cəsarət edər: şahlarla dostluq etməyə, dadına baxmaq xatirinə zəhər içməyə, sirri arvada verməyə. Ağıllı adamlar şahı elə bir sıldırım dağa bənzətmişlər ki, onun üzərində çoxlu meyvələr, müxtəlif xəzinələr vardır, lakin bununla birlikdə ora pələnglər, şirlər, canavarlar və başqa yırtıcı heyvanlar yuvasıdır. Ora qalxmaq qorxulu, orada qalmaq isə daha qorxuludur.
Dimnə dedi: – Sənin dediklərin doğrudur, lakin təhlükədən qorxan məqsədə çata bilməz…
Xətərsiz bir qazanc yoxdur dünyada,
Xətərdən qorxanlar çatmaz murada.
Qüdrətli iradəyə və böyük ağla sahib olmadan üç işin öhdəsindən gəlmək olmaz: şaha xidmət, dəniz ticarəti və düşmənlə müharibə. Atalar deyiblər:
İgid adamlara yalnız iki yer yaraşar: o, ya şah qulluğunda şöhrət tapmalı, ya inzivaya çəkilərək zahidlik etməlidir…
Kəlilə dedi: – Arzuna çatmaqda Allah sənə kömək olsun, ancaq mən bu işdə səninlə şərik deyiləm.
Dimnə gedib şirə salam verdi, şir yanındakılardan soruşdu: «Bu kimdir?» Dedilər: – filankəs oğlu filankəs. Şir dedi: «Atasını tanıdım», sonra Dimnəni yanına çağırıb soruşdu: – Sən harada olursan və nə edirsən?
Dimnə dedi: – Mən şahın qulluğundayam və onu, ehtiyaclarımın qibləgahı, arzularımın ümidi hesab edirəm. İndi gözləyirəm, əgər bir iş olsa, onu öz əql və bacarığımla yerinə yetirim. Çünki padşahın sarayında elə işlər olur ki, onu yerinə yetirmək üçün ən balaca vəzifəlilərə belə ehtiyac olur. Sizin dərgahınızda tavusdan tutmuş milçəyə qədər hamıya iş tapılar. Vəzifəcə ən aşağı, bədəncə ən zəif xidmətçilər də xeyir və ziyan verə bilərlər. Yola atılmış quru çöp də bəzən işə yarayır. Onunla lazım olduqda qulağı qaşıyır və ya diş qurtdalarlar. Zərər və ya xeyir verə biləcək heyvandan isə daha yaxşı istifadə etmək olar.
Bir dəstə gül olmaq bacarmasaq da,
Yararıq odun tək yanaq ocaqda.
Şir Dimnənin sözlərini eşitdikdə onun nəsihət və məsləhət vermək fikrində olduğunu başa düşərək təəccübləndi. Sonra üzünü yaxın adamlarına çevirib dedi:
– İstedadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düşməni çox olsa da, o, ağıl və kamalı sayəsində özünü büruzə verər, xalq arasında özünə layiq şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı söndürmək istərkən o yüksəyə qalxmağa meyl göstərər?!
Dimnə bu sözləri eşitdikdə sevindi və bildi ki, şirin xoşuna gəlmişdir. Dedi: – Şahın bütün adamları, əyan və əşrəflər öz fikirlərini, bilik və bacarıqlarını şaha bildirməlidirlər. Çünki şah öz xidmətində olanları yaxşı tanıyıb, onların hərəsinin ağıl və dərrakəsinin dərəcəsinə vaqif olmasa, nəyə yarayıb, nəyə yaramadıqlarını bilməsə, onlardan yaxşı fayda götürə bilməz, vəzifəyə təyin etməkdə çətinlik çəkər. Toxum yerin altında olduqca heç kəs onunla maraqlanmaz, elə ki, torpağın pərdəsini yırtıb yerin üzünü zümrüd kimi bəzədi, onun nə olduğu meydana çıxar, bu zaman ona qulluq edər və onun bəhrəsindən fayda götürərlər.
Şah hər kəsin öz ləyaqət və bacarığına görə ondan istifadə etməlidir. Xidmətində onları vəzifəyə təyin edərkən, şahlar əsasən bu xüsusiyyəti nəzərə almalıdırlar.
Mən gül kolu və torpağam, sənsə günəş, bulutsan,
Mən neçə gül aça billəm, sən məni hey unutsan?!
Rəiyyətin, padşahlar qarşısındakı haqqından biri də odur ki, şah hər kəsə ağlına, dərrakəsinə, sədaqətinə və bacarığına görə vəzifə verə və işi tərsinə etməyə, yəni bacarıqsız və ləyaqətsiz adamları istedadlı və qabiliyyətli adamlardan üstün tutmaya. İki şey şahlara yaraşmaz: baş çalmasını ayağa sarımaq, ayaq dolağını başa bağlamaq. Ləl və yaqut qurşun və qalaya tutulsa, bununla onların qiyməti azalmaz, lakin bu işi tutan adamın axmaqlığı meydana çıxar.
İşin müvəffəqiyyəti köməkçilərin çoxluğunda deyil, iş bacarmalarındadır. Daş-qaş gəzdirməklə adamın qiyməti artmaz, lakin ondan insanın başına çoxlu bəla gələr, hünər sahibləri aşağı vəzifəli və az nüfuzlu olsa da, ağıllı adamlar onlara alçaq nəzərlə baxmamalıdır. Torpağa düşmüş ağ damarı yerdən qaldırıb onlardan üzəngilər hazırlayarlar ki, şahların mindiyi atların üzərinə qoysunlar; kamanlar qayırarlar ki, onları şahlar, əyan və əşrəflər əllərində gəzdirsin. Dövlətli və adlı- sanlı nəsildən olmadıqlarına görə hünər sahiblərini aşağı vəzifəyə təyin etmək, istedadsız adamlara isə, böyüklərin varisi olduğu üçün, yüksək rütbə vermək şahlara yaraşmaz. Şah insanları ölkəyə verdikləri faydaya görə, gətirdikləri xeyrə münasib vəzifəyə təyin etməlidir. İstedadsız adamlar öz əcdadlarının xidmətini səadət vasitəsi etsələr, bundan işlərə ziyan gələr və hünər sahibləri məhv olub gedər. İnsana öz həyatından daha əziz heç nə yoxdur. Lakin bədənin bir üzvü xəstələndikdə onu uzaq və yad şəhərlərdən gətirilmiş dərmanlarla müalicə edirlər. Siçan insanla həmsayə və həmxanədir, lakin zərərverici olduğu üçün onu öldürməyə çalışıb evdən qovarlar. Qızılquş dağlarda, səhralarda vəhşi halda yaşasa da, fayda verdiyi üçün, onu böyük həvəslə tutub əhliləşdirər və tərbiyə verərlər. Şahlar özləri onu əl üstündə gəzdirər.
Dimnə sözünü qurtardıqda şahın Dimnəyə qarşı olan marağı bir az da artdı, onu tərifləyib xoş dillə dindirməyə başladı. Dimnə fürsətdən istifadə edərək şahla tək qalmalarını xahiş etdi. Elə ki ara xəlvət oldu, Dimnə dedi:
– Çoxdandır ki, şah bir yerdə oturaraq ova çıxmır, bunun səbəbi nədir?
Şir istədi, ki, özünün qorxduğunu Dimnədən gizlətsin, lakin bu zaman Şətrəba bərkdən böyürdü və onun səsi şiri elə qorxutdu ki, o, artıq özünü saxlaya bilməyib sirrini Dimnəyə açdı. Dedi: – səbəbi o eşitdiyin səsdir, bilmirəm kimdir. Lakin güman edirəm ki, onun gücü və cüssəsi də səsinə müvafiq olar. Əgər belə isə, o zaman mənim burada qalmağım doğru deyildir. Dimnə dedi: – Bu səsdən başqa şahı narahat edən başqa şey yoxdur ki?
Şah dedi: – Yox.
Dimnə dedi: – Şah yalnız bu səbəbə görə doğma yurdunu tərk edib cəlayi-vətən olmamalıdır. Atalar demişlər ki: çox danışmaq ağlın azlığına, yalan danışmaq iradənin süstlüyünə, səsin yoğunluğu isə qüvvətin zəifliyinə dəlalət edər. Məsəl var, deyərlər ki, hər səsi yoğun, hər bədəni böyük pəhləvan olmaz, tülkü ilə təbil təmsili kimi.
Şir soruşdu: – O necə təmsildir? .
Rəvayət. Deyirlər ki, bir tülkü bir meşə ilə gedirmiş, görür ki, bir ağacın dibinə bir təbil düşüb. Külək əsdikcə ağacın budaqları təbilə dəyir və təbildən dəhşətli səslər çıxır. Tülkü təbilin səsinin yoğunluğunu və onun cüssəsinin böyüklüyünü gördükdə ağzı sulandı və elə bildi ki, təbilin əti də səsinə müvafiq olacaqdır. Çox əlləşdikdən sonra təbili yırtmağa müvəffəq oldu. Lakin quru dəridən başqa bir şey tapmadı. Peşmançılıq atını minərək hər tərəfə çapır və deyirdi: –
– Bilmirdim ki, bədəni böyük, səsi yoğun olanın içi boş olarmış.
Dimnə sözünə davam edərək dedi:
– Mən bu məsəli ona görə gətirdim ki, şah yalnız bu səsə görə narahat olmasın. Əgər şah mənə icazə versə, gedib onun kim olduğunu öyrənər və gəlib həqiqəti şaha bildirərəm.
Bu söz şirin xoşuna gəldi. Dimnə yerindən sıçrayıb şahın əmri ilə yola düzəldi. Dimnə gözdən itdikdən sonra şah fikrə getdi, Dimnəni göndərməsindən peşman oldu. Öz-özünə dedi: «Bu işə razı olmaqda və bu fikri bəyənməkdə doğru iş görmədim, çünki padşahlar sarayında günahsız olaraq zülm görmüş, uzun müddət ağır və əziyyətli həyat keçirmiş, ya dövlət və hörmətini əldən vermiş, ya vəzifədən qovulmuş, ya acgözlülük və fitnəkarlıqda şöhrət tapmış, ya xeyirli işlərdən kənarda qalmış, yoldaşlarının əfv edildiyini, özünün isə həbsdə saxlandığını görmüş, ya eyni günah üstə yoldaşlarına nisbətən daha ağır cəzalanmış, ya eyni xidmət müqabilində yoldaşlarından daha az mükafat almış, ya düşmənin onunla rəqabət apararaq üstün gəldiyinin və mənsəbə çatdığının şahidi olmuş bir adamı, ya din və əqidədə möhkəm olmayan, ya padşahın ziyanına olan işlərdə özünə xeyir axtaran, ya düşmənin xahişini qəbul edən bir xidmətçini uzun müddət imtahan edib sınaqdan keçirmədən düşmən yanma göndərmək və ona sirr verməkdə şah tələsməməlidir. Bu Dimnə çox bilmiş və uzaqgörəndir. O, uzun müddət mənim qapımda əziyyət çəkmiş, lakin mükafat görməmişdir. Əgər onun qəlbində kin-küdurət varsa, mənə xəyanət edib qisas almaq fikrinə düşə bilər. Ola bilər, o, düşməni həm gücdə, həm bədəndə məndən üstün görüb, onun tərəfinə keçməyə meyl göstərsin və bildiyi sirləri ona desin.
Şir bu fikirlər içində həyəcan keçirir, gah durur, gah oturur, gah var-gəl edir və gözünü Dimnə gedən tərəfdən çəkmirdi. Birdən Dimnənin gəldiyini uzaqdan gördü, ürəyi bir az sakitləşdi və qayıdıb öz yerində oturdu. Dimnə gəlib çatdıqda şir soruşdu: – Nə etdin?
Dimnə dedi:
– Bir öküz gördüm ki, böyürür, şahı narahat edən də həmin səs idi.
Şah soruşdu: – O, çox güclüdürmü?
Dimnə dedi: – Mən onda elə bir təkəbbür və qürur görmədim ki, onun güclü olmasına dəlalət etsin. Elə ki ona yaxınlaşdım, bir dost və tay-tuş kimi onunla danışmağa başladım. O, mənə heç bir şey etmədi, mənə elə gəldi ki, onun təbiətində əzəmət və təvazökarlıqdan daha çox tamahkarlıq vardır. Ürəyimdə də qorxu hiss etmədiyim üçün ona daha artıq hörmət etməyi lazım bilmədim.
Şir dedi: – Hələ bu, onun gücsüzlüyünü göstərmir və ona görə də özünü aldatmaq olmaz, çünki qüvvətli fırtınalar yoğun ağacları kökündən qopardıqları, möhkəm binaları, uca qalaları və qalın barıları dağıtdıqları halda, balaca və nazik otlara toxunmazlar. Böyük adamların və vəzifə sahiblərinin özünə tabe olanları və aşağı vəzifəliləri cəzalandırmağa vicdan da yol vermir. Düşmən alicənab və kəramət sahibi olmazsa, heç kəs onun güclü və şan-şövkətli olduğunu qəbul etməz, hər kəslə öz gücünə və öz mövqeyinə görə rəftar etmək lazımdır. Mürüvvət sahibləri bilirlər ki:
Çəyirtkəyə hücum eyləməz qartal,
Şirin də şikarı deyildir çaqqal.
Dimnə dedi: – Şah bu işə o qədər də əhəmiyyət verməməlidir. Əgər buyursanız, mən gedib onu gətirərəm və o, şahın qulluğunda müti bir qul olar.
Şir bu sözü eşitcək sevindi və onu gətirməyi Dimnəyə əmr etdi. Dimnə Şətrəbanın yanına gedib onunla ürəklə, qorxu və tərəddüd hiss etmədən, amiranə bir şəkildə danışmağa başladı və dedi: – Məni şir göndərib ki, səni onun yanına aparam və söz verib ki, onun yanına tez getsən, indiyə qədər etdiyin bütün günahları bağışlayacaqdır. Özün bil, əmrə tabe olmayıb burada qalsan, o saat qayıdıb əhvalatı şirə nəql edəcəyəm.
Şətrəba dedi: – Axı, bu şir kimdir?
Dimnə dedi: – Yırtıcı və vəhşi heyvanların padşahıdır.
Elə ki Şətrəba şir və yırtıcı vəhşi sözünü eşitdi, qorxudan canına titrətmə düşdü. Dimnəyə dedi: – Əgər mənə ürək verib salamat qalmağıma əmin etsən, səninlə gedərəm. Dimnə ona ürək verib onun əmin-amanlıqda olacağına möhkəm and içdi. Hər ikisi şirin yanına yollandılar. Ora çatdıqda şir öküzü mehribanlıqla qarşıladı və onun bu yerlərə nə vaxt, nə üçün gəldiyini soruşdu. Öküz başına gələn əhvalat danışdı. Şir əmr etdi ki, Şətrəba orada qalıb, şirin mərhəmət və kəraməti sayəsində naz və nemət içində yaşasın. Öküz öz razılıq və təşəkkürünü bildirdikdən sonra şirin xidmətində qaldı.
Şir Şətrəbanı əzizləyib haqqında həddindən artıq lütf və mərhəmət göstərdi, özünə yaxın olanlar sırasına çəkdi, şəxsən onun vəziyyəti ilə maraqlandı. Onu sınaqdan keçirib ağıl və kamalını, iş və təcrübəsini bəyəndi, uzun götür-qoydan, məsləhət və məşvərətdən sonra ona etibarlı bir vəzifə tapşırıb özünə sirdaş etdi. Şir Şətrəbanın əxlaq və adətləri ilə daha yaxından tanış olduqca ona qarşı olan inamı artır, onun bilik, dərrakə və qanacağının daha artıq olduğuna inanır və günü-gündən vəzifəsini yüksəldərək hörmət və nüfuzunu, bəxşiş və ənamını artırırdı. İş gəlib o dərəcəyə çatdı ki, öküzün hörməti bütün qoşun nəfərlərindən və şaha yaxın olan bütün sərkərdələrdən çox oldu.
Dimnə şirin öküzə etdiyi bu böyük hörmət və kəraməti gördükdə, onun şirə bu qədər yaxın olduğunu və hər dəqiqə başqalarından seçilərək mənsəb və dərəcəsinin artdığını müşahidə etdikdə paxıllıq əli onun gözünə intiqam sürməsi çəkdi, qəzəb qılıncı onun qəlbində qisas atəşi alovlandırdı. Dimnənin gecəsi gündüz oldu, yuxusu gözündən qaçdı. O, bir yerdə oturub rahat ola bilmirdi. Kəlilənin yanına şikayətə gedərək dedi: – Qardaşım, mənim acizliyimə və xamlığıma bax ki, şirin işini düzəldib öz işimi korladım. Bu öküz şirin yanına gətirildikdən sonra hörmət və mənsəb sahibi oldu. Mən isə öz mövqe və vəzifəmdən bir az da aşağı düşdüm.
Kəlilə dedi: – Zahidin başına gələn əhvalat sənin də başına gəlib.
Dimnə dedi: – O necə əhvalatdır?
Rəvayət. Kəlilə dedi: – Belə nəql edirlər ki, bir padşah bir zahidə bahalı bir paltar və qiymətli bir xələt bağışlamışdı. Bir oğru bunu görərək tamahı düşdü, zahidin yanma gələrək dedi ki, mən sənin yanında qalıb təriqət qayda qanunlarını öyrənmək istəyirəm. Zahid razı oldu. Oğru zahidlə dostlaşaraq bir yerdə yaşamağa başladı, ona çoxlu hörmət etdi və fürsət tapcaq paltarı götürüb qaçdı. Zahid paltarın yox olduğunu gördükdə kim tərəfindən oğurlandığını bildi, onu axtarmaq üçün şəhərə yollandı. Yolda gördü, iki dağ keçisi bir-birilə o qədər vuruşmuş ki, hər ikisinin buynuzundan qan axır. Bu zaman bir tülkü gəlib onların qanını yalamağa başladı. Dağ keçiləri qəflətən buynuzlaşıb tülkünü öldürdülər.
Zahid axşam çağı şəhərə çatdı, gecələmək üçün yer axtarmağa başladı və nəhayət, əxlaqsız bir qadının evinə düşməli oldu. Bu qadın öz evində bir neçə qız saxlayırmış. Onlardan biri o qədər gözəl imiş ki, behişt huriləri onun paxıllığını çəkir, ay ondan işıq alır, günəş onun camalı qarşısında səcdə edirmiş, könül açan, ürək yandıran, məclis qızışdıran, şəhvət coşduran bir qız. Şairlər belələri haqqında demişlər:
Camalın fələkdə bir çadır qursa,
Hər bürcdən təzə ay görünər, inan
Əgər, yer altına lütfün tapsa yol,
Yüz Yusif qaldırar baş hər quyudan.
Qadınları həyəcana gətirən, kişilərdə qibtə doğuran uca boylu, incə belli, şirin dilli, polad qollu, qəlbi odlu təzə yetmə cavan bir oğlan o qıza aşiq olmuşdu və əlbəttə, başqa kişilərin ona yaxınlaşmasına yol vermirdi… Bu isə qadının həmin qızdan ala biləcəyi gəliri azaldır və qəzəbinə səbəb olurdu. Qızın bir gün oğlanla qaçaraq əldən çıxacağı arvadı yaman narahat edirdi. Ona görə arvad oğlanı öldürmək qərarına gəlir və bu barədə tədbir düşünməyə başlayır. Arvad öz fikrini həyata keçirmək istədiyi gecə zahid gəlib bura çıxmışdı. Arvad həmin qızla oğlana o qədər şərab içirtmişdi ki, onlar məst olaraq özlərindən getmişdilər. Elə ki, onların hər ikisi bərk yuxuya getdi, qadın içi boş bir qamış götürüb bir başına bir qədər zəhər qoydu və dal tərəfdən oğlana keçirdi, o biri başını ağzına qoyub istədi zəhəri oğlanın içərisinə püfləsin, elə bu zaman qəflətən oğlandan yel hasil oldu, böyük zərbə ilə zəhəri qadının içərisinə itələdi və dərhal onu öldürdü…
Bunu görən zahid səhər, günəş öz nurilə dünyanı işıqlandırdıqda, o fəsad ocağından qaçaraq başqa yer axtarmağa başladı. Bir başmaqçının zahidə yazığı gəldi. Onu evinə apararaq arvadına tapşırdı ki, zahidə yaxşı hörmət etsin və özü dostlarından birinin qonaqlığına getdi. Demə, arvadın oynaşı var imiş və bir dəllək arvadı onların arasında vasitəçi imiş. Başmaqçı arvadı o saat dəlləyin arvadı vasitəsi ilə oynaşına xəbər göndərdi ki, ərim toya gedib, tez gəl, lakin elə gəl ki, bir mən bilim, bir də sən. Axşam olcaq oynaş gəlib qapının ağzında hazır oldu. Bu zaman arvadın əri qonaqlıqdan qayıdıb onu qapı ağzında gördü. Əvvəllər də ondan şübhələndiyindən arvadı möhkəm döyərək evdəki sütuna bağladı və özü yatdı. Elə ki gecə yarı oldu, ara sakitləşdi, dəlləyin arvadı gələrək dedi: – Nə üçün oynaşını bu qədər gözləməyə məcbur edirsən, istəmirsən, de getsin. Başmaqçının arvadı dedi: – Bacım, əgər rəhmin gəlirsə, məni aç və icazə ver, səni öz yerimə bağlayım. Dostumla görüşüb üzr istəyim və tez qayıdım. Hər nə istəsən sənə verərəm. Dəlləyin arvadı buna razı oldu. Başmaqçı arvadı onu sütuna bağlayaraq oynaşının yanına getdi. Bu zaman başmaqçı ayılaraq arvadını çağırdı, lakin dəlləyin arvadı səsinin tanınmasından qorxaraq cınqırını belə çıxarmadı. Başmaqçı yenidən çağırdı, dəlləyin arvadı yenə səsini çıxarmadı. Başmaqçının hirs başına vurdu, qəzəblənərək yerindən qalxdı, dəlləyin arvadının burnunu kəsərək ovcuna qoydu və dedi: – Öz aşiqinə töhfə göndər.
Başmaqçının arvadı qayıdıb öz bacılığını burnu kəsik gördükdə kədərləndi, çoxlu üzr istədi və onu açaraq yenə də özünü sütuna bağladı, dəlləyin arvadı isə burnu kəsilmiş halda evlərinə qayıtdı. Zahid bütün bu hadisələri görür və edilən söhbətləri eşidirdi.
Bir saat keçdikdən və başmaqçının arvadı sakitləşdikdən sonra əllərini göyə qaldırıb dua etməyə və yalvarmağa başladı və dedi: – İlahi, sən ki bilirsən, ərim zülm edib iftara demişdir, sən onu öz fəzlinə bağışla və mənim burnumu özümə qaytar. Bunu eşidən başmaqçı dedi: – Ey ifritə, cadugər, bu nə sözdür danışırsan?
Arvad dedi: – Ey qəzəbli zalim, dur, sənin cövr və sitəminin qarşısında o böyük Allahın mərhəmətinə tamaşa et. Günahsız olduğum üçün allah burnumu yerinə qaytarmış və xalq içərisində rüsvay edilməyimə razı olmamışdır. Kişi qalxıb çırağı yandırdı, sütunun qarşısına gəldi, arvadının burnunun yerində olduğunu gördü, o saat təqsirini boynuna alaraq üzr istəməyə başladı, tövbə edərək bağışlanmasını xahiş etdi. Bundan sonra belə işlər etməyəcəyinə, ağzıgöyçək, söz gəzdirən, yalançı adamların iftirasına inanmayacağına və öz namuslu, duası müstəcab olan ismətli arvadını incitməyəcəyinə and içdi.
Dəlləyin burnu kəsilmiş arvadı isə evə qayıtdıqdan sonra fikrə getdi və başına gələn bu əhvalatdan təşvişə düşdü, qohum-qonşu, dost-aşna, qohum-qardaş arasına necə çıxacağı və ərinə nə cavab verəcəyi haqqında hiylə düşünməyə başladı. Bu zaman dəllək yuxudan ayılaraq arvadına dedi ki, tez bülöv- ülgücü hazırla, böyük bir adamın başını qırxmağa gedəcəyəm. Arvad bir az gözlədikdən sonra açıq bir ülgücü dəlləyin əlinə verdi, dəllək bundan qəzəblənərək qaranlıqda ülgücü arvadı tərəfinə atdı. Arvad tez özünü yerə yıxaraq hay-küy qopardı, ah və fəryad edərək zarıldayır və qışqırırdı: «Vay burnum, vay, burnum!!» – Arvadını burunsuz görən dəllək təəccüb etdi, qonşuları isə toplanıb onu məzəmmətlədilər…
Sübh qaranlıq pərdəsini üzündən ataraq öz işıqlı camalı ilə dünyanı nura qərq etdiyi zaman arvadın qohum-qardaşı yığılıb dəlləyi qazinin yanına apardılar. Qazi dəlləyə dedi: – Bu günahsız və təqsirsiz qadını nə üçün bu günə salırsan? Dəllək məəttəl qalaraq bəraət qazanmaq üçün heç bir söz tapıb deyə bilmədi və qazi onu cəzalandırmaq üçün hökm çıxardı. Bu zaman zahid yerindan qalxıb qaziyə dedi:
– Bu işdə ehtiyatlı olub bir az düşünmək və səbəbini tapmaq lazımdır. Çünki səbəb olmasaydı, oğru paltarı oğurlamazdı, dağ keçiləri tülkünü öldürməzdilər, zəhər əxlaqsız qadını həlak etməzdi, dəllək arvadının burnunu kəsməzdi. Bütün bu bəlaları biz özümüz öz başımıza gətirmişik.
Qazi əhvalatın necə olduğunu bilmək üçün dəlləkdən əl çəkib üzünü zahidə tərəf döndərdi, Zahid dedi:
– Əgər mən müridlərimin artması və mənə tabe olan adamların çoxalması həvəsinə düşməsəydim, oğrunun şirin dilinə aldanmaz və onu öz evimə buraxmazdım, o da fürsət tapıb mənim paltarımı aparmazdı. Tülkü həris və tamahkar olmasaydı, qan içməkdən imtina etsəydi, dağ keçiləri onu öldürməzdi. Əxlaqsız qadın zəhərlə bir başqasının həyatına qəsd etməsəydi, öz şirin canını bada verməzdi. Başmaqçının arvadı ismətli olsaydı, kötək yeməzdi; dəlləyin arvadı yaramaz, layiqsiz işlərdə iştirak etməsəydi, burnu kəsilməzdi…
Kəlilə dedi: – Mən bunları ona görə söylədim ki, biləsən, sən bu bəlanı özün öz başına gətirdin və onun nəticəsinin nə olacağını nəzərə almadın.
Dimnə təsdiq edərək dedi: – Doğru deyirsən, bu işi mən etmişəm, lakin indi nə məsləhət görürsən?
Kəlilə dedi: – Sən nə fikirdəsən?
Dimnə dedi: – Mən o fikirdəyəm ki, incə hiylə işlətmək və ustalıqla tələ qurmaq yolu ilə bu işi düzəldim və hansı vasitə ilə olur-olsun çalışıb bu maneəni aradan qaldırım. Çünki yavaş tərpənib fürsəti əldən versəm, ariflər yanında xar olaram. Bundan əlavə, mən yeni vəzifə arxasınca qaçmıram və elə bir şey tələb etmirəm ki, məni acgöz və tamahkar adlandıralar. Bir neçə şey var ki, adamlar onları ələ keçirmək üçün hiylə işlədib, tədbir görməyi rəva bilərlər. O şeylər bunlardır: əldən çıxmış qazancı geri qaytarmaq və mövcud zərəri aradan qaldırmaq, mövcud qazancı əldə saxlayıb, gələcəkdə baş verə biləcək fəlakətin qarşısını almaq, xeyri yaxınlaşdırıb şəri uzaqlaşdırmaq.
Ücretsiz ön izlemeyi tamamladınız.