Kitabı oku: «Qafqaz günləri»

Yazı tipi:

"Xatirə Ədəbiyyatı" silsiləsindən 9-cu kitab

© Banin (Ümmülbanu) / Qafqaz günləri

© "XAN" nəşriyyatı / Bakı / 2021 / 260 səh

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Redaktordan

Azərbaycan əsilli, Fransada yaşamış yazıçımız Ümmülbanu – Banin artıq oxuculara yaxşı tanışdır. Görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı İ.A.Buninin şərəfinə özünə "Banin" təxəllüsünü götürən yazıçının ədəbi irsi fransız dilindədir. Onun məşhur "Qafqaz günləri" ("Jours caucasiens") avtobioqrafik-romanı ilk dəfə 1945-ci ildə Parisdə nəşr olunmuşdur. Bu əsər müəllifin gördükləri əsasında qələmə alınmış memuardır. Mətndə 20-ci əsrin əvvəllərində Azərbaycanda cərəyan edən hadisələr, sinfi mübarizə, milli qarşıdurmalar, xüsusən azərbaycanlı-erməni münasibətləri öz əksini tapmışdır. Bəzi yerlərdə müəllifin bədii düşüncələri hətta öz zamanının çənbərinə sığmamış, daha sərbəst ifadə olunmuşdur. Elə buna görə də əsəri Azərbaycan dilinə orijinaldan çevirən Hamlet Qoca bəzi səhifələri ixtisar etmiş, belə desək, tərcümə etməmişdir. Bu səbəbdən əsər Bakıda həm əvvəlki nəşrlərdə, həm də 2006-cı ildə demək olar ki, naqis şəkildə nəşr olunmuşdur.

Bu yaxınlarda Ç.Vəliyeva əsərə yenidən göz yetirmiş, həmin buraxılmış hissəni tərcümə edərək memuarı bütövləşdirmişdir.

Biz əsəri fransızcadan tərcümə edən Hamlet Qocanın gördüyü işin dəyərini azaltmadan, "Qafqaz günləri" avtobioqrafik romanını Azərbaycan dilində ilk dəfə tam halda nəşr edib oxucuların ixtiyarına veririk.

Əsərin 1945-ci ildə Parisdəki ilk nəşrinin üz qapağı


Birinci hissə

I

Bəzi adamlar kasıblıqlarına baxmayaraq, nəcib ailələrdə doğulurlar. Mənim dünyaya gəldiyim ev isə çox varlı olsa da, "yaxşı" nəsildən deyildi. Ailəm o dərəcədə imkanlı idi ki, var-dövlət bəlaya döndü və neçə il əvvəl haqlı olaraq bütün sərvəti əlindən çıxdı. Əslimlə-nəslimlə maraqlananlar nəzakətlə soruşa bilərlər ki: "Bəs, nə üçün ailənizi "yaxşı" saymırsınız? Əvvəla, ona görə ki, ailəmizin tanınma tarixi çox uzaqdan deyil, atamın babasından, Əsədullahdan başlayıb. Bu sözün mənası "Allahın sevimlisi" deməkdir və həqiqətən də ad özünü doğruldub. Həmin ulu babam adi kəndli ola-ola, bir gün qoyun axtardığı daş-kəsəkli torpağından neft fəvvarə vurub və kişini milyonçuya çevirib. Digər tərəfdən isə nəslimizin üzvlərindən əksəriyyəti çox yönsüz, vecsiz adamlardır və haqlarında söhbəti uzatmamaq daha yaxşıdır. Amma başladığım bu hekayətdə əgər həvəsə gəlsəm, həmin qohumlarımın şəxsiyyəti barədə də, bəlkə geniş məlumat verəcəyəm. Bunu bir müəllif kimi arzulasam da, bir şahid kimi çətinlik çəkirəm. Çünki qəlbimin hansı guşəsindəsə ailə heysiyyətinin kiçicik bir işartısı qalmaqdadır.

Axır ki, mən qalmaqallı bir ilin qış günündə belə qəribə, ekzotik, varlı bir ailədə doğulmuşam. Həmin il tarixin unudulmaz, dəhşətli dövrlərindən idi. İnsan dühasının ictimai çaxnaşmalar naminə yaratdığı tətillər, talanlar, qırğınlar və bu kimi başqa əməllərlə dolu idi. Bakı əhalisinin əsasını təşkil edən azərbaycanlılarla ermənilər bir-birini öldürməklə məşğul idilər. O zaman ermənilər daha yaxşı hazırlaşdıqlarından azərbaycanlıları qırıb keçmişin heyifini çıxırdılar.

Azərbaycanlılarsa başqa çarələri olmadığına görə gələcək üçün ibrət dərsi alırdılar. Bir sözlə, hər kəsin öz qəsdi vardı.

Qəsdi-filanı olmayanlarsa bu hadisələr vaxtı qırılan saysız-hesabsız günahsız adamlardı.

Heç kəs inanmasa ki, mən də o vaxtkı qırğında iştirak etmişəm, əslinə varsan, elə elədi ki var, mən dünyaya gələndə anamı öldürmüşəm. Anam qırğından canını qurtararaq neftçi qəsəbələrindən birinə gedib çıxıbmış. Amma o vaxt aləm elə qarışıbmış ki, yazıq qadın ən rəzil vəziyyətdə azad olub və doğuşdan pozularaq qızdırmaya tutulub. Elə həmin vaxt başlayan güclü tufan bütün kömək yollarını kəsib, qadının səhhəti getdikcə daha da ağırlaşıb. Belə bir vəziyyətdə hər cür yardımdan məhrum qalan anam xəstəliklə təkbətək çarpışıb. Və beləcə cavan öldüyünə görə heyifsilənə-heyifsilənə, doğmalarının taleyindən soraq gözləyə-gözləyə canını tapşırıb.

Özüm o vaxt dünyaya gəlsəm də, ağlımın kəsməsinə, şüurlu həyata qədəm qoymağıma hələ neçə il lazım idi. Bu həyat isə atamın mənə Berlindən gətirdiyi oyuncaqlarla başladı. Gözümü dünyaya qəribə səs çıxaran məxmər pişiklə, meşindən düzəldilmiş boz filin belinə minən yaraşıqlı hindliyə, alabəzək geyimli xırdaca klounla açdım. Mən bütün bunların hamısını gördüm, duydum, şənləndim və yaşamağa başladım.

Doğrusu, körpəliyim çox yaxşı keçib: dörd bacıdan ən kiçiyi olduğumdan, hamı mənə xüsusi qayğıyla yanaşır, mən də bundan istifadə etməyi bacarırdım. Amma gördüyüm qayğılar arasında ən böyüyü, məni müqəddəs bir insanın (bunu ürəkdən deyirəm), əslən Baltik dənizi sahilindən olan bir alman qadının boya-başa çatdırmasıydı. O mənim dayəm, anam, həyatımın keşikçisiydi. Səhhətini, ömrünü, əsəblərini bizə sərf elədi, bizə görə hər cür əzaba dözdü, üzü gülmədi, bütün fədakarlığının əvəzində isə heç nə istəmədi. Bir sözlə, o, əvəz istəmədən fədakarlıq etməyi bacaran adamlardan idi.

Fröyleyn Annanın dərisi dümağ, saçı ipək kimi sığallıydı. Biz dörd bacı isə qaraşın, qarasaç, qol-qıçı tüklü Şərq uşaqlarıydıq. Onun başına toplaşan biz qarmaqburun, qalın- qaş, o isə əsl şimal xanımı. Onu da deyim ki, həmin vaxtlar (Peyğəmbər qadağa buyursa da) tez-tez xatirə şəkilləri çəkdirərdik; özü də ən gözəl paltarlarda parkda, qohum əqrəba arasında. O vaxtlar bu yeni dəb sayıldığından bizimkilər də başqa "görməmişlər" kimi həvəsə düşmüşdülər və həmin həvəsin sayəsində yaranmış bəzi məzəli, həm də əzik şəkilləri bu gün də qayğı ilə saxlamaqdayam.

Hə, fröyleyn Annadan danışaq. O, fanatik müsəlman ailəsində, şərq görkəmini qorumuş bir şəhərdə yaşasa da, ətrafında məxsusi bir mühit yaratmışdı. Əvvəllər sarışın uşaqlara oxuduğu mülayim mahnılara, bəzəkli yolkalara, üstü kremli ləziz piroqlara bizi də öyrəşdirə-öyrəşdirə sübut etmişdi ki, mülayim olduğu qədər məğrur, zərif olduğu qədər də iradəli bir insandır. Həmin vaxtlar biz hələ onu üzüb əldən salmamışdıq və dayəmiz də özünü hər cür pis münasibətdən, bəd rəftardan qoruya bilirdi. Onun bizə təsiri, elə evimizin birinci mərtəbəsində yaşayan ata nənəmin təsiri ilə bir növ tarazlıq yaradırdı. Nənəm iri, kök, amiranə xasiyyətli bütün müsəlman qadınları kimi yerdə, döşəkcə üstündə oturan, çarşab örtən fanatik bir qadın idi. O, vaxtlı-vaxtında yuyunub namazını qılar, yeri düşəndə isə xristianlara lənət oxuyardı. Əgər qab-qaşığına müsəlman olmayan bir şəxs toxunsa, onları kasıb-kusuba paylayardı. Yad bir kişi yaxınlığından keçsə, tüpürüb söyüş söyərdi. Ən mülayim söyüşü isə "köpəkoğlu" idi. Tərbiyəçilərimiz xristian olduğundan nənəm bizdən də bir az ürpənərdi. O bəzən təmiz, qırışlı əli ilə başımıza sığal çəkib oxşadıqdan sonra üzümüzdən öpər, amma iyrənirmiş kimi tez də üz-gözünü turşudardı. Şübhəsiz, ona qalsa bizi heç vaxt fröyleyn Annanın ixtiyarına buraxmazdı. Atamı bizə kafir təhsili verdiyi üçün nə qədər danladığını təsəvvür edirəm, rusların ölkəni müstəmləkəyə çevirdiyi vaxtdan çox keçmişdi: onların hər tərəfli təsiri duyulur və bu təsirlə də mədəniyyətə, avropasayaq həyat tərzinə həvəs artırdı. İnsanlar gənc nəslə çadra əvəzinə azadlıq, fanatizm əvəzinə isə təhsil verməyi üstün tuturlar.

Beləliklə də, bizi fröyleyn Annanın ağ əllərinə təhvil verəndən sonra atam ailəyə vaxt itirmirdi. O, tez-tez səfərə çıxırdı. Ailənin böyük oğlu olduğuna görə neft firmamızın Xəzər sahillərinə, Volqa boyuna səpələnən, Moskvada böyük filialı olan, bir ucu Varşavaya gedib çıxan müxtəlif müəssisələrinə rəhbərlik edirdi. Belə tərəqqidən həvəslənərək təsərrüfatı daha genişləndirmək fikrindəydi. Geniş Rusiya ərazisində səfərlərə öyrənmiş bir adam üçünsə Berlin çox da uzaq yer deyildi. Odur ki, sorağı tez-tez Almaniyadan da gəlirdi.

1914-cü ilin müharibəsindən əvvəlki Almaniya tərəqqinin dadını yenicə duymuş həmvətənlərimizin diqqəti və maraq mərkəzindəydi. Avtomobillər də, xidmətçilər də, pianolar da, hətta Vilhelm kimi "bığqoyma" dəbi də Almaniyadan gəlirdi. Atam hər dəfə ordan qayıdanda çoxlu hədiyyələr gətirməklə yanaşı, bığını da uzadır, getdikcə qalınlaş- dırıb lazımi formaya salırdı. O vaxtlar II Vilhelm özünü türklərin və İslamın mühafizəçisi elan etmişdi, bizimkilər də (azərbaycanlılar – H.Q.) türklərlə bir kökdən olduğundan ona rəğbət bəsləyirdilər.

Zənnimcə, atamın ikinci dəfə evlənməsindən əvvəlki illər ömrünün ən xoş dövrləriydi. Atam gənc, varlı, subay, yaraşıqlı bir kişiydi. Ona ərə getmək istəyən, yaxud məşuqəsi olmaq arzusuna düşən qadınlar istənilən qədər idi. Atam dəfələrlə məhəbbət macəralarına uysa da, evlənməyə tələsmir, qohum-əqrəbamız üçünsə subaylıq çoxarvadlılıqdan daha pis cəhət sayılırdı. Göstərilən namizədləri atam bəyənmirdi. Çünki onlar əsasən az təhsilli, nə məlahətli, nə də gözəlliyi olan müsəlman qadınları idi. Atamsa "mədəni" həyat yoldaşı seçməyi qərara almışdı. Onun səfər vaxtı xaricdə görüb xoşladığı xanımlarsa, nənəmin ifadəsincə "köpək qızları" idi və xristian qızları olduğuna görə onlarla evlənmək yaramazdı. Bütün ailə bu cür nigahdan qorxur, nənəmsə dini əqidəsinə görə belə izdivaca nifrət edirdi. Çünki öz əri vaxtı ilə onu atıb, keçmişi şübhəli bir rus qızı ilə evlənmişdi. Həmin qadınla evləndiyi gündən (onda altı yaşım vardı) ölümünə qədər babam Moskvada ikonlarla dolu bir mənzildə yaşamışdı. Təzə arvadına görə bütün nəslindən üz çevirsə də, həmin qadın babamla yola getmirmiş. Hər müsəlman üçün ibrət sayıla biləcək bu əhvalat, görəsən, atamı da xristian qızı ilə evlənmək fikrindən çəkindirirdimi? Amma hər halda, qohumlarımız onun ikinci dəfə evlənməsini çox gözləməli oldular.

Şəhərdəki evimizin üçüncü mərtəbəsi bizim üçün ayrılmışdı. Evin hər iki tərəfində başqa binalar vardı və bir üzü də paralel küçəyə baxırdı. Hər iki tərəfə bir-birinin eyni olan iki mənzil yerləşirdi. Bu evləri aradakı həyət ayırsa da, uzun dəhlizlər birləşdirirdi.

Biz bacılar fröyleyn Anna ilə birgə binanın cənub tərəfində, həmişə gün döyən mənzildə yaşayırdıq. Şimal üzdəki alaqaranlıq, sakit mənzildə isə atam səfərlər arası günlərini keçirirdi. Bizim qürurla "qəbul otaqları" adlandırdığımız böyük yemək otağı və royal qoyulmuş zal da burada yerləşirdi. Bayram günlərində fröyleyn Anna böyük bacım Leylaya həmin royalda musiqi parçaları çaldırıb başqa tərbiyəçiləri mat qoyurdu. Buradakı kamodlardan birinin üstünə qızıl suyuna çəkilmiş, əlində lampa tutmuş zənci fiquru qoyulmuşdu. Lampanı ancaq böyük mərasimlərdə yandırırdılar və mən də onun tamaşasından doymazdım. Bəlkə də ilk dəfə elə həmin heykəlciyə tamaşa edə-edə dövlətli olduğumuza sevinmişdim.

Adi günlərdə həmin salona təsadüfi hallarda girirdik. Bütün vaxtımız geniş, işıqlı təlim-təhsil zalında ötürdü. Burada bir piano da vardı. Bu piano dərs alətiydi və bizə əzab verirdi. Az qala, bütün gün dörd bacıdan hansımızsa piano arxasında oturaraq naşı barmaqlarımızla darıxa-darıxa şirmayı dilləri döyəcləyirdik. Qammalar, arpejiolar göydən yağar, Motsartın sonatasını üzüb əldən salardıq. Bu qarışıq musiqi səsləri arasında biz gülür, ağlayır, etiraz edir, fröyleyn Annanın himayəsi altında boya başa çatırdıq. Fröyleyn Anna irsi əlamətlərimizi heçə endirib, özünün təmiz sentimental alman qızı ruhunu qəlbimizə köçürməyə çalışırdı. O bizi yaraşıqlı, yumşaq qəlbli Qretşenlərə çevirmək istəyirdi. Amma əcdadlarımızın irsiyyəti canımızda idi: böyüdükcə yambızlarımız kobudlaşır, burnumuz uzanıb sallanır, döşlərimiz o vaxtlar dəbdə olan dənizçi köynəyinin altında şişib iriləşir, üzümüzdəki narın tüklər uzanıb qaralırdı. Zavallı fröyleyn Anna da bizim belə böyüməyimizə mat-mat tamaşa edirdi. Nə qədər ki, ancaq bədənimiz dəyişirdi, fröyleyn Anna bir təhər dözürdü. Elə ki, qəlbimiz, ruhumuz dəyişməyə başladı, işlər korlandı. On üç yaşa yenicə yetmiş bacım Leyla günlərin birində bığ yeri təzəcə qaralmış qaynar gözlü əmioğlumuza vurulduğunu açıqca bildirdi. Fröyleyn Anna bu əhvalata çox təəccübləndi və elə həmin vaxtdan rahatlığını itirdi. Canına qəsd edərək böyük canfəşanlıqla bizi bir müddət qoruya bildi. Amma bütün ömrü şübhə və sıxıntı içində keçirdi. Biz isə qoruq qadağasına dözmədiyimiz dayəyə kinli və qəddar olmağa başlayırdıq. Şərqli qızların avropalı həmyaşıdlarına nisbətən sərt heysiyyətli olması bizim şıltaqlığımıza azca haqq qazandırsa da, bununla fröyleyn Annanın dərdi azalmırdı.

Nə qədər ki, kiçik idik, biz onu lap çox sevirdik. Hər halda mən özüm onu ürəkdən sevdiyimə əmin idim və inanmıram ki, anaya məhəbbət başqa cür də ola bilər. O mənim gözümdə ən gözəl qadın idi. Səhərlər ağzını açıb vurğunluqla uzun, sığallı, sarışın saçlarını daramasına tamaşa edirdim; ağ dərisi səhərin işığında gözümü qamaşdırırdı, mavi gözləri isə mehribanlıqla mənə baxırdı. Onda özümü xoşbəxt sanırdım. Bibilərim, bibim uşaqları, bacılarım, əmilərim, bir sözlə, hamımız qaraşın idik. Təkcə fröyleyn Anna başqa bir dünyadan gəlmişdi, qəribə, gözəl, parıltılı bir məxluq idi.

Uşaqlıq illərimin, az qala, bütün xoş anları onunla bağlıdır. Bir dəfə milad bayramı səhəri alaqaranlıqda gözlərimi açanda mənə elə gəldi ki, çarpayımın yanında nə isə parıldayır. Yana çevriləndə duydum ki, həmin şey parıldamaqla yanaşı, gözəl ətir də saçır. Əlimi uzadanda barmağıma tikan batdı; bu, küknar ağacı idi – xristian uşaqlarının yolka ağacı. Fröyleyn Annanın xəlvəti alıb bizə yedirtdiyi Frankfurt kolbasası kimi bu ağac da dünyamızı dəyişmək üçün alınmışdı. Bəlkə də, İslam tarixində birinci dəfə idi ki, müsəlman uşaqlarının otağında bəzəkli yolka qoyulmuşdu. Neçə illərdi bizi belə xoşbəxtlikdən məhrum etmişdilər. Axır ki, günlərin bir günüdə atamınmı, nənəminmi, bəlkə də elə ikisinin də birdən iradəsi qırıldı və yolka ağacı evimizə gəldi. Bu ağac məni tilsimləmişdi, həyəcan və sevincdən, elə bil dilim tutulmuşdu. Ağacın başına sakitcə dolanır, ona toxunur, qoxusunu ciyərlərimə çəkirdim. Ağac gözəl bəzədilmişdi: üstündən gümüşü saçaqlar, rəngbərəng kürəciklər, qırmızı, yaşıl şamlar, xırdaca qanadlı məlakələr sallanırdı. Dibinə isə ağ pambıq döşənmişdi. O gün xoşbəxt gün idi: nə alman dili dərslərini hazırladıq, nə feilləri təslif etdik, nə də Motsartın əsərlərini çaldıq. Həmin gün ancaq gözəllik yaşayırdı, bütün pis cəhətlər yoxa çıxmışdı. Hələ üstəlik, fröyleyn Anna söz verdi ki, bizi Alman Qadınları Cəmiyyətinə aparacaq. Bu hörmətli, dindar bir cəmiyyət idi və biz, böyük həvəslə ora gedir, yüzlərcə gənc, yaxud qarımış alman qızına qoşulub dadlı çərəzlər yeyir, pivə içirdik. Mərasimdən sonra isə Tanrının şərəfinə dini mahnılar oxuyurduq, maraqlı burasıdır ki, biz dörd müsəlman qızı həmin dini mahnıları həvəslə oxuyurduq. Belə bir həyat yeniliyi və mərasim dəyişikliyi bizi valeh edirdi. Amma bu barədə evdə heç nə demirdik, çünki peyğəmbər belə hərəkətlərə icazə vermirdi. Həmişə düzlük tərəfdarı olan fröyleyn Anna bu yerdə hiylə işlətməyə məcbur olurdu; zavallı qadın həvəsimizi nəzərə alaraq, bizi ciddi təsiri olmayan belə mərasimlərdən məhrum etmək istəmirdi. Amma xristian dini şən bayram mərasimlərini rəhmdilliklə bizə göstərsə də, mənəviyyatımızı tamam dəyişməkdə ehtiyyatla, incəliklə hərəkət edirdi. Həmin iş isə əslində çətin deyildi, çünki atam da, ailəmiz də, müsəlmançılığa sadiq olanlar da, bizə təlim vermək qeydinə qalmırdılar. Mənə heç dua da öyrətməmişdilər. Qurandan isə kiçicik bir surə əzbərləmişdim. Dini əqidəm elə korlanmışdı ki, nənəmə sataşmaq istəyəndə, arvadın qarşısında açıq Quran, yaxud namaz qılan anları seçirdim. Onu namaz üstündə bezikdirir, şalının ucunu, yaxud ətəyini dartır, Quran qoyulmuş kətilin ətrafında atılıb-düşür, üz-gözümü əyib gözlərinə baxırdım. Nənəm də ibadətini kəsib acıqlanmadan, mülayim səslə məni məzəmmətləyir, yenə mızıltı ilə namaz qılırdı.

Dini mərasimlər, məsələn, Novruz, ya da Ramazan ayının son günü rəsmi və kütləvi bayramlar idi. Mənim belə bayramlardan xoşum gəlirdi, çünki həmin günlər şənlənirdim.

Martın 21-də qeyd olunan Novruz (həmin gün baharın ilk gününə təsadüf edir) uşaqların varlanma bayramı idi. Bütün günü evdən-evə qaçır, qonum-qonşunu təbrik edirdik. Əvvəlcə bizi şirniyyata qonaq edirdilər, çoxlu dadlı paylar alırdıq. Masaların üstü müxtəlif şirniyyat və ləziz yeməklərlə dolu olurdu. Hər masanı bəzəyən bayram xonçası ilə ailənin mədəni səviyyəsini təyin etmək mümkündür. Sadə evlərin süfrəsində ancaq yerli şirniyyat, mer-meyvə və bişmiş yumurta olurdu. Mədəni ailələrin süfrəsində isə rus mətbəxindən gəlmə hər cür yemək tapılırdı; rənglənmiş, üstü bəzəkli yumurtalar pasxa bayramını xatırladırdı; soyutma hind toyuğu isə yalnız dadlı yemək deyil, həm də mədəniyyət əlaməti sayılırdı. Moskvadan gətirilmiş ləziz şokoladlar bizə müqəddəs Rusiyanın ab-havasını paylayırdı.

Beləliklə, bizi əvvəlcə, şirniyyata qonaq edirdilər, sonra ev sahibi – əmi, xala, bibi yaxud yaxın-uzaq qohumlardan biri bərəkətli pul kisəsini çıxarırdı. Əvvəlcə kisədən qızıl sikkə götürüb oynadır, sıxıla-sıxıla onunla vidalaşır, sonra da pulu ovcumuza qoyub əlimizdən marçıltılı yaş bir öpüş alırdı. Axşama qədər qarnımız çətin həzm olunan yeməklərlə, cibləri- mizsə sikkələrlə dolurdu.

Orucluq bayramı isə tamam başqa bayram idi. Bu bayram mənim uşaqlıq illərimdə həmişə isti yay günlərinə düşürdü (hər il bayram günləri dəyişirdi) və biz onu kənd evində qeyd edirdik. Bizim kimi "mədəni" adamlar oruc tutmur, yalnız hərdən Ramazan ayının son günlərini ac qalırdılar. Bunda da hər kəsin öz məqsədi vardı, heç kim bizi oruc tutmağa məcbur eləmirdi. Öz payıma mən, Allahın xoşuna gəlmək üçün deyil, onu özümə borclu salmaq üçün oruc tuturdum. Ürəyimdə bir arzu tutur və güman edirdim ki, dinə xidmətimə görə Allah arzumu yerinə yetirəcək.

Bütün günü sudan və yeməkdən məhrum olmalıydıq, ağzımıza su keçməsin deyə heç diş yumağa da icazə yox idi. Papiros çəkənlər həmin gün papirosu tərgidirdilər. Kişilər arvadlarına toxunmazdılar (təkcə iftar saatlarından başqa). Amma elə ki, göydə ilk ulduz göründü, camaat süfrəyə daraşardı. Bütün gün ac qalmış dindarlar xirtdəyəcən yeyirdilər. Sonra bir də yeyib yenidən həzm edirdilər. Səhər açılana qədər beləcə davam edirdi. Hətta yatanları da oyadırdılar ki, hərə qarnı tutan qədər özünü doyuzdursun.

Orucluq ayı başa çatanda qoyun kəsir, həyətdə ocaq qurub, əvvəlcə içalatı qovururdular. Beləliklə, bizim kef məclisimiz başlayırdı. Uşaqlıq illərində ən dadlı yeməkləri bayram günlərində yeyirdik. (Alman qızları ilə keçirdiyimiz məclislər də əla keçirdi). Adam barmaqlarını yalayır, dadlı, ətirli xörəklərdəki yağın bir damlasını da yerə düşməyə qoymurdu. Hər yandan ədviyyat iyi gəlirdi… "Ah! Necə kef əyyamı idi!.."

Başqa bir dini mərasimdən də xoşum gəlirdi. Bu da 680-ci ilin Kərbala faciəsi, Həzrət Əlinin oğlu Həzrət Hüseynin və ailə üzvlərinin öldürülməsi ilə bağlı Məhərrəmlik mərasimi idi. Sünnülüyə düşmən kəsilmiş şiəliyin əsasını bu hadisə ilə bağlayırdılar. Nənəm o günü hər il qeyd edirdi. Yerli adətə görə otağa xalça və döşəkçələr divar boyu, qonaqların sayına görə yuxarı başdan yönü aşağı bir neçə cərgə düzülürdü. Qonaq çox olanda isə bütün döşəmə döşəkçə ilə örtülürdü. Yalnız ortada divara söykənmiş bir kürsü qoyurdular, bu da "Molla xanımın" taxtı sayılırdı.

Çadraya (Avropada "çador" deyirlər) bürünmş qonaqlar axışıb gəlirdilər, onlar yeridikcə başmaqları taqqıldayır, ipək tumanları xışıldayır, özləri isə ucadan danışa-danışa söhbətə başlayırdılar.

Bayram günlərinin milli geyimi adətən bahalı parçalardan tkilir, dəbdəbəli paltarlar adama əsl şərqli görkəmi verirdi. Ağ köynək üstündən geyinilən yaraşıqlı donun yaxası yarıya qədər açıq idi. Açıq yaxadan görünən köynəyin üstü mirvari və "imperial" boyunbağıları, asma qızıl zəncir, cürbəcür yaxa sancaqları ilə örtülürdü. Bu zərgərlik məmulatları keyfiyyətcə çox vaxt yüksək olmasa da, parıldayır, cingildəyir, cilvələnir, göz oxşayırdı. Sahiblərinin xoşbəxtliyi üçün elə bu da bəs idi. Geyimin əsasını tuman, daha doğrusu üst-üstdən geyinilmiş tumanlar təşkil edirdi. Qadının var-dövləti tumanların sayına, dəyərinə görə təyin olunurdu: "tumanını mənə göstər, sənin kim olduğunu deyim".

İmam Hüseynin qətli günü isə matəm sayılırdı! Elə buna görə də qadınlar qara paltar geyinir, matəm münasibəti ilə bər-bəzək taxmırdılar. Otaq adamla dolur, döşəkçələr qırçınlı tumanların altında yoxa çıxırdı. Molla xanım taxta əyləşib Quran, ya da mərsiyə oxumağa başlayanda səs-küy kəsilirdi. Çox keçməmiş molla Quranı kənara qoyub, Azərbaycan dilində İmam Hüseyn faciəsinin təfsilatını danışırdı. Əvvəlcə, arvadlar dinməzcə oturub qulaq asırdılar. Sonra kimsə ağlamağa başlayır, yanındakılar da bir-bir ona qoşulur və beləliklə də bütün arvadlar göz yaşı tökürdülər. Onlar hıçqırır, hönkürür, inildəyir, "Ay Allah" deyə qışqırırdılar. Elə bil ki, bu ağlaşma qurtaran deyil. Amma elə ki, mollanın səsi qəfildən kəsildi, həmin andaca arvadlar ağlaşmanı kəsib söhbətə qurşanırdılar. Biz uşaqlar da xırda gülab qablarını əlimizə alıb döşəkçələr arasıyla dolaşır, arvadların irəli uzanmış əllərinə gül suyu damızdırırdıq. Onlar gülabı üzlərinə, gözlərinə sürtür, beləliklə də fasilə edilirdi. Sonra Quran oxunması ilə moizə yenidən başlananda ağlaşma da təzələnir, fasilədə yığılmış göz yaşları təzədən axırdı. Bu arvadlar göstərişlə ağlamağı necə bacarırdılar? Bilmirəm. Amma belə məclislərə də hüzr yerlərində dil-dil ötən, adam ağlatmağı peşəkarcasına bacaran qadınlar da dəvət olunurdular. Ağlamağı birinci onlar başlayır, mollanın sözlərinə qarışan hönkürtü sədalarının təsiri başqa arvadlara da sirayət edirdi. Bir sözlə qəribə sənəti olan bu arvadların sayəsində məhərrəmlik təziyyəsi lazımi səviyyədə keçirdi. Ancaq göz yaşı tökən arvadların əhvalından duyulurdu ki, onlar ürəkdən kədərlənib ağlamırlar.

Bacılarımla məni belə matəm mərasimlərində hər şeydən çox yalançı ağlaşma maraqlandırırdı. Doğrusu, bu məclislərdə əylənirdik, hamıdan çox da əsl artist kimi göz yaşı tökən qoca xalalardan birinə gülürdük. Onun hərəkətləri, yalançı ah-vayı, haldan-hala düşməsi, ikiüzlülüyü bizə ləzzət verirdi. Qarı nalə çəkib nərildəyəndə, yaxud yaxasını cırmaq istəyirmiş kimi köynəyini dartışdıranda, xırdaca gözlərini oynadıb canfəşanlığını ətrafdakılara necə təsir bağışladığını öyrənmək istəyəndə biz çarşabın altında gülməkdən boğulurduq. Belə məclislərdə çarşab örtürdük və başımız örtülü olduğundan gülməyimizi gizlədə bilirdik. Çiyinlərimizin əsdiyini görənlərsə elə bilirdilər ki, hıçqıra-hıçqıra ürəkdən ağlayırıq. Belə dindarlığımıza görə nənəmizin hörmət və rəğbətini qazanmaq imkanımız daha da artırdı və biz bundan məharətlə istifadə edirdik. Fröyleyn Anna gəlib bizi öz otaqlarımıza yatmağa çağıranda bütün ailə üzvləri, xüsusilə də nənəm dayəmizi acıqla süzürdü. Belə hallarda o, tək qayıtmalı olur, bizsə çarşablarımızın altında hırıldaşaraq həmin gecəni lap gec yatırdıq.

Uşaq vaxtı nənəmi çox istəyirdim və bizi ayıran cəhətləri o vaxt yaxşı duymurdum. Elə ki, həmin fərqləri duydum, nənəmin tamam başqa dünyanın adamı olduğunu anladım, onda ilk məhəbbətim də tamam soyudu. Bəs, qan qohumluğu? Boynuma almalıyam ki, özümdə heç kimə qohumluq duymamışam. Bilmirəm. Bu yeni bir bəşəri hissdi, yoxsa ki, mən təbiətən pis adamam? Adi şübhələrimdən belə bir təxmini nəticə çıxır ki, ailə üzvlərinin fərdi maraqları fərqlənəndə qohumlar arasında kin və ədavət düşür; fərdi maraqlar haçalanmayanda ailədə bəzən mehribanlıq hökm sürür. Amma hərdən bir qayğıkeşliyə, qohumluq borcuna oxşar bir hiss də olur ki, adam bunu məhəbbətə də bənzədə bilər. Sözün düzü, mənim zənnimcə ailə üzvləri arasındakı laqeydlik təbii bir haldır. Adam özünə dostu neçə-neçə tanış arasında seçməli olur; ona görə də kiçik bir dəstədən, ailədən yaxşı adam seçmək çox çətin məsələdir.

Bizimlə nənəmiz arasındakı uçurum getdikcə dərinləşirdi. Onun ömrü müsəlmanların hicrəti ilə başlayan tarixin davamı idi, deməli, aramızdakı yaş fərqi də bir neçə onillik yox, On dörd əsrdən ibarətdi. Nənəm "Mədəniyyət ocağından" – yəni rus mədəniyyətindən heç nə götürmək istəmirdi. Heç rus dilini də bilmirdi, çünki gəncliyində bu dili öyrənmək məcburi deyildi. Onun gözündə rus müstəmləkəçi, qədim adət-ənənələri vurub dağıdan, başqa irsli, yad dinli bir kafirdi və onlardan zəndeyi zəhləsi gedirdi. Bu kinin tərzi yavaş-yavaş korlanırdı; əri ayrılaraq bir rus qadını ilə evlənmişdi. Özü kimi tərbiyələndirib böyütdüyü qızlar isə ərə gedəntək çadralarını atmışdılar, avropasayağı geyinməyə, qarışıq bir dildə – yarı azərbaycanca – yarı rusca danışmağa başlamışdılar. Qızların mədəni həyata atdıqları bu sadə addımların nənəmin əhvalını pozması azmış kimi, hələ oğlanları da işləri tamam korlamışdılar: onlar atasının istəyi ilə bir neçə il litseydə oxumuş, iki-üç dəfə səfərə çıxmışdılar. Sonra dinin ağır şərtlərindən imtina edib yalnız bir-iki yüngül ayinə əməl edirdilər. Bakıda neft yataqlarının tapılması Qafqaz müsəlmanlarının sürətli inkişafına zəmin yaratmışdı: onlar əllərindəki var-dövlət hesabına "mədəni həyatın" bütün imkanlarından istifadə etməyə can atır, keçmiş nəsillərin sərt və sadəlövh həyatına çəpəki baxmağa başlayırdılar.

Bütün bu dəyişiklikləri nənəm biz nəvələrindən daha çox duyurdu. O öz uşaqlarım boya-başa çatınca özü tərbiyə eləmiş, onlara əqidə aşılaya bilmişdi. Bu əqidə hələ də hiss olunurdu. Biz isə tamamilə yad bir şəraitdə böyüdüyümüz üçün keçmişə meydan oxuyanları təmsil edirdik. Azərbaycan dilini yaxşı bilmirdik. Bəzi sözləri tez-tez unutsaq da, nənəmin sayəsində söyüş öyrənmiş, onları yaxşı əzbərləmişdik. Nənəmi xatırlamaq istəyəndə o, söyüş söyən, acıqlanan, lənət yağdıran adamtək yadıma düşür. Bəzən elə belə heç hirslənmədən, ancaq öz böyüklüyünü göstərmək üçün deyinirdi. Hərdənsə, doğrudan da, qəzəblənir, söyüşü, dava-dalaşı evi başına götürürdü.

Bədəncə böyük – həm ucaboy, həm də kök olan nənəm çox ağır tərpənirdi və tərpənişi də ona bir amiranəlik verirdi. Bir dəstə uşağa da xidmətçilərinə də rəhbərlik etməyə çoxdan öyrənmiş nənəmin çox əzəmətli görkəmi vardı, hətta nifrətlə ağzından söyüş yağdıranda da öz nəcib görkəmini itirmirdi. Beləliklə, onun şəxsiyyətində amiranəliklə sadəlik çox qəribə şəkildə bir-biriylə çulğaşır, uyğunlaşırdı.

Mənə münasibət əslində yaxşı olsa da, mürəkkəb idi, söyüşdən, danlaqdan əskik deyildi. Mən onun qılığına girir, hərdənbir pay da istəyirdim. Qılığına girməyimə imkan versə də, pul istəməyimi xoşlamırdı, çünki çox xəsis idi.

Demək olar ki, hər gün aşağıya enib onunla görüşürdük. O isə təsadüfi hallarda yuxarı qalxırdı. Yuxarı qalxmaq istəyəndə pilləkəni çox ləng çıxır, hər iki-üç pillədən bir xeyli dayanır, sürahidən yapışıb elə tövşüyürdü ki, adamın ona yazığı gəlirdi. Sonra təngənəfəs, birtəhər özünü otağımıza çatdırıb ən iri kreslolardan birinə pərçim olur, hənalı koppuş əllərini dizləri üstünə qoyub həyatımıza, davranışımıza tamaşa edirdi. O bizim məşğuliyyətimizin nə əhəmiyyətini, nə də ləzzətini duya bilir, danışdığımız yad dilsə arvada kobud görünürdü. Nənəm bizim yeni həyatımıza qibtə ilə deyil, rəhmdilliklə baxırdı. Özü və özü kimilərin sadə, məhdud həyatını daha arxayın, səhvsiz bir yol sanırdı. Bizim kimilərin, yəni çoximkanlı həyat tərzini isə çox səhv buraxılacaq ömür yolu sayırdı. O, haqlı idi, azadlıq çox vaxt baha başa gəlir.

Çarşablı arvadlara bədbəxt demək olmazdı, onların şənliyinə, gülüşlərinə, rəqs etmələrinə, zarafatlaşmalarına (hətta bəzən kobud) başqalarında az-az rast gəlinirdi. Belə qadınların arzuları da həyatları kimi çox sadə idi. Bu qədər tənqid atəşinə tutulan çoxarvadlılıqsa əri ilə nə eşqbazlıq, nə də dostluq-yoldaşlıq etmək imkanına malik olan müsəlman arvadına əsla əzab vermirdi. Ər arvadın ağasıdır və əsas işi uşaq doğuzdurmaq idi. Arvad ərini az görür, ərinin o biri arvadları, yəni öz günüləri ilə yoldaşlıq edir, onlarla birgə çalışır, uşaqlarını böyüdürdü. Bizim öz ailəmizdə baş vermiş bir əhvalatı danışa bilərəm.

Nənəmin qardaşının altmış yaşı olardı, tək bir arvadı vardı və arvadının uşağı yox idi. Arvad yaman darıxırdı. Nə günüsü, nə də uşağı olmadığından tək qalıb əzab çəkirdi. Bir gün o qərara gəldi ki, daha tək qalmağı bəsdir: əri təzə arvad almalıdır.

Bir səhər nənəm mənim saçlarıma həna yaxdığı vaxt Bəyim bizə gəldi. Arvad yaman acıqlı idi və tövşüyə-tövşüyə dedi:

– Bu Abbası görürsünüz… Deyirəm: "Ay Abbas, bir arvad da al!" Bilirsiniz mənə nə cavab verdi? "Həvəsim yoxdur", – deyir. İmkanım olsa öldürərdim onu. "Necə yəni həvəsim yoxdur!" "Elə beləcə, həvəsim yoxdur. Bir arvad mənə bəs edir. Vəssalam!" "Bura bax" – dedim. – "Peyğəmbərin (Allahın salamı olsun) bir neçə arvadı vardı, sən ikicə arvadı saxlamaq istəmirsən?” "Peyğəmbər heç kimi çox arvad almağa məcbur etməyib", dedi mənə, özü də lovğalandı ki, yaxşı cavab tapıb. "Hə, – dedim, düzdü. Amma mən səni məcbur edirəm ki, heç olmasa bircə arvad alasan. Əvvəla, ona görə ki, təzə arvad bizə uşaq doğar. Sonrası da ki, tək qalmaqdan bezmişəm. Evdən-evə qaçıram ki, söhbət eləməyə bir yoldaş tapım. Bütün rəfiqələrim arasında bircə mənəm yalqız qalıb darıxan. Yox, Abbas evlənəcəksən, vəssalam!"

O da istədi məni rəhmə gətirsin:

– "Axı, indi mənim gücdən düşən vaxtımdı". "Heç nə olmaz, toy gecəsi bir uşaq düzəltməyə gücün çatar". Abbas acıqlandı: "Əl çək məndən, axmaq arvad! Mənim altmış yaşım var və özüm bilərəm nə etməliyəm, vəssalam".

Sonra da başladı məni söyməyə, mən də qışqırdım:

– "Yox evlənəcəksən, evlənəcəksən".

– "Heç vaxt".

– "Ay insafsız kişi, aciz, fərsiz kişi. Adını da kişi qoyub, iki arvad saxlamaq istəmir".

Sonra da ağzıma gələni dedim ona.

O da acıqlanıb evdən çıxdı. Mənim yanımda lovğalıq edir. Yox, mən bu işi belə qoymaram. Bəs necə olsun?

Bəyimin gözləri yaşarmışdı. Üzünü nənəmə tutub soruşdu:

– Nə edim mən?

Nənəm isə səliqə ilə başıma yaxdığı hənanın üstünə püstə yarpaqları düzürdü. Axırda o dilləndi:

– Xoşuna gələn cavan qızlardan birini seç. Elə ki, qız seçdin, gəl mənə de. Çalışaram Abbası yola gətirim. Səfeh, fərsiz, dəli! Bəlkə ruslara oxşamaq istəyir. (Onları ilan çalsın). Uşağı yoxdur, özü də bircə arvad saxlamaq istəyir! Yaxşı işdir! Get özünə bir yoldaş tap, sonra baxarıq. Hə, bilirsən. Bizim Məhəmmədin qaynı qozbel Aslanın təzəcə yetişmiş balaca bir qızı var. Qəşəng qızdır, deyirlər xasiyyəti də mülayimdir. Get bax o qıza, zənnimcə, xoşun gələr. O sənə yaxşı yoldaş olar.

Bəyim məsləhətə əməl edib, həmin qızla görüşdü, qız xoşuna gəldi. Nənəm Abbasla söhbət etdi. Əvvəlcə, o, qəti etiraz edib, evlənmək istəmədiyini bildirdi. Deyişmə, mübahisə başlandı. Daha sonra dava-dalaş oldu, o ki var savaşdılar, didişdilər və nəhayət, taqətdən düşmüş zavallı kişi təslim oldu. Kişinin sonralar da uşağı olmadı, amma Bəyim özünə yoldaş tapmışdı, evdə tək qalıb darıxmırdı.

Göründüyü kimi hərdən çoxarvadlılıq xeyirxahlıq sayılırdı.

İlin yarısını kənddə keçirdiyimizdən müsəlman həyatını yaxından görmək imkanım vardı. Bakıdakı əhalinin rus, erməni, gürcü, bir az da avropalı olsa da, kənd əhalisi ancaq müsəlmanlardan ibarət idi.

Allahın xeyir-duasını qazanmış bu kəndi mən lap çox sevirdim. Burada dərs azalır, azadlıq çoxalır, oynamağa, əylənməyə istədiyimiz qədər vaxt qalırdı. Həm də ki, burada bibim oğlanları və qızları ilə birgə olurduq, əntiqə uşaqlar idi, onlar haqqında sonra ətraflı danışacağam.

Yaz gələn kimi zəhləm gedən şəhər həyatından yaxa qurtarmağa tələsirdim. Elə may ayındaca Bakı isti, tozlu, dözülməz bir şəhərə dönürdü. Səfər hazırlığımız çox uzun çəkirdi, çünki kənddə altı aylıq qalırdıq.

Həmin vaxt bizdə hələ avtomobil yox idi, yolu yarıyacan qatarla, sonra faytonla gedirdik. Günəşli bir may səhərində ləng bir qatar bizi bütün qışı arzuladığımız kəndə tərəfə aparırdı. Həmin qatar gördüyüm ilk qatar olduğundan mənə təmtəraqlı və gözəl görünürdü. O, yola düşəndə xəbərdarlıq fiti çalır, sonra daş qayalı çölləri keçib, asta-asta irəliləyir, lazımi yerlərdə dayanır və nəhayət, tozlu, milçəkli son dayanacağa çatırdı. Buranın ətrafı neft mədənləri olduğundan hər tərəfdə buruqlar, çənlər görünürdü. Neft iyi aləmi bürüyürdü və mənim bu iydən xoşum gəlirdi. Bu havanı həvəslə udurdum. Neftçi qəsəbəsində doğulduğum üçün neft övladına çevrilmişdim və neftin iyi mənə ləzzət verirdi.

Naxışları gün işığında parıldayan iki fayton və oxşar adlı faytonçular – Zeynal və Zeyni kiçicik vağzalın qarşısında bizi gözləyirdilər. Onlarla görüşüb uca səslə salamlaşırdıq. Zeynalla Zeyni qayğıkeş ata kimi bizi süzür, keçən payızdan bəri xeyli boy atdığımıza sevinirdilər. Sonra bizi və yüklərimizi yerbəyer edir, faytonlar sürəti artırdıqca təkərlərin səsi buruqları araya almış divarlarda əks-səda verirdi. Zeynalla Zeyni danışa-danışa atları şallaqlayır, fayton qayalığı və təpəni aşıb bomboş çöllərin arası ilə irəliləyirdi. Biz köksümüzü ötürüb, "bu nə istidir, bu nə tozdur" deyə ufuldayır və iki saatdan sona isə hər şey dəyişirdi, yol elə əvvəlki kimi narahat idi. Uzaqdan yamyaşıl bir mənzərə, parıltılı, ətirli bir dəniz görünürdü. Füsunkar dənizə, hələlik boş düzənlikdəki yoldan tamaşa edirdik.

Dəniz bağların hündür divarları arasından görünürdü, divarların bu üzü isə boş idi. Bizim evin gül-çiçəkli bağçası görünəndə adam təəccüblənirdi ki, bu gözoxşayan yaşıllığa gələn yol istidən alışıb-yanan, ürəksıxan səhradan keçirdi. Faytonlar qovaqların araya aldığı yola çıxıb, mal pəyələrimizin, təsərrüfata işıq verən kiçik elektrik stansiyamızın, qoyun "mənzillərinin" (mən qoyun damına belə ad vermişdim) yanından ötüb evimizin qabağında yaraşıqlı pilləkənlərin qaşısında dayanırdı.

Kəndə gəlişimizin ilk anları mənə daha çox ləzzət verirdi; həmin vaxt çiçəklər, sanki daha iri, daha təravətli, daha ətirli görünürdü. Elə bil, hava sakit olanda da qovaqlar xışıl- daşırdı. Hovuzun suyu həmişəkindən şəffaf, səma isə həmişəkindən mavi görünürdü.

Mən buraya gələn kimi çox yerlərə baş çəkir, çox görüşlər keçirirdim. Təkcə heyvancığazlarla deyil, bitkilərlə də, daşlarla da görüşürdüm. Uşaqların çoxu kimi mən də hər şeyi canlı sanır, əşyalarla, ağaclarla söhbətləşirdim, hamının cansız saydığı əşyaların yanına qaçıb onlarla salamlaşırdım. Onlar mənim üçün cansız deyildilər və salamıma, elə bil, sadə bir dillə cavab da verirdilər. Bu cavabı eşitməyi bacarmaq lazım idi, həmin dili başa düşən az tapılardı. Hərdən fröyleyn Anna mənim bir ağacla, yaxud kötüklə söhbət etdiyimi görüb cəza verəcəyini bildirirdi. Mən də təəccüblənir, öz-özümdən soruşurdum: "Nə üçün axı?" Mənim gördüyüm aləmi böyüklərin görməməsini haqsızlıq sanır, onları kor hesab edirdim. Görə bildiklərimin bir hissəsini böyüklər heç görmür, bir hissəsini də dumanlı şəkildə təsəvvür edirdilər. Onlara həm yazığım gəlir, həm də acığım tuturdu.

Bağdakı kiçicik qovaqlardan başqa bütün qovaqlar mənim qardaşlarım idi. Kiçik qovaqlarla xasiyyətimiz tutmurdu; onlar çox gənc və höcət olduqlarından yola getmirdik. Qoca qovaqlar isə dostlarım idi və mənə hörmət edirdilər. Bibim oğlanları ilə oynayanda qovaqlara işimiz düşürdü. Yarpaqları dəmir yolu bileti kimi işlədir, iri budaqları qırıb özümüzə at edirdik. Bir az xırda budaqcıqlardan xalam oğlanları çubuq düzəldib, bizə hədə-qorxu gəlir; lap xırdaca qollarından isə çələng hörüb başçı seçdiyimiz uşağın başına qoyurduq.

Ən qoca qovaqlardan birini özümə baba sanırdım. Əcdadımın hələ əzəmətli olması fikri gizli idi. O özünün qovaq dilində xoş sözlər deyir, yarpaqlarının xışıltısı ilə məni ovundurur, ona öz fikirlərim haqda danışanda isə bütün yarpaqlarını şəkləyib diqqətlə qulaq asırdı. Onun mənə rəğbəti, nə sözlə, nə də hərəkətlə büruzə verilməsə də, insan rəğbətindən dözümlü idi.

Geniş üzüm bağındakı qumluqda boz qaya parçaları vardı. Həmin iri daşlardan birini özümə götürmüşdüm və mal bölgüsündə heç kimə güzəştə getməyən bibim oğanları da bununla razılaşmışdılar. Günəş mənim qayamı qızdırır və mən isti daşın üstündə uzanıb xoşallanır, özümü okean içində, qumlu bir yarımadada təsəvvür edirdim.

Bağımızın üzümlüyündə qoca bir üzüm tənəyi də vardı və mən onun qolları altında oturub özümü yaşlı bir daxmada təsəvvür edə bilirdim. Başımı tənəyin gövdəsinə – xəyalən isə dostumun köynəyinə söykəyib ən gizli sirlərimi ona danışırdım. Çox sirlərə agah olmuş bu qoca filosofsa, heç nəyə təəccüblənmirdi. Sonralar papiros çəkməyi də həmin tənək kölgəsində öyrəndim.

Üzüm bağında köhnə, suyu qurumuş bir quyu da vardı – ona da tez-tez baş çəkirdim. Daha heç kimə gərək olmadığına görə bu quyu xəcalət çəkir, şikayətlənir, köks ötürürdü. Quyunun dibində yaşarmış gözlərinin, qızarmış göz qapaqlarının olduğunu görə bilməsəm də, təsəvvür edirdim. Onun isti daşları arasında kərtənkələlər oynaşırdı. Bu kərtənkələlər ona sadiq qalmış köhnə dostlarıydı. Hər dəfə kərtənkələləri sayıb, sayca artıqlarını görəndə sevinirdim ki, köhnə quyunun öz yoldaşları var, ondan arxayın qalmaq olar.

Beləliklə, hər küncdə, hər cığırda dostlarım vardı; burada bir armud ağacı, orada bir pilləkən, bir sarmaşıq, bir gül kolu, bir hovuz və sair. Özüm seçdiyim bu dostlarımdan razı idim. Adamlardan fərqli olaraq, onlar yaxşılığa yaşılıqla cavab verirdilər. Məndə bacardığım yaxşılığı onlardan əsirgəmirdim.

II

Evimiz böyük idi, iki qola ayrılırdı, hər qolda da on otaq vardı. Girəcəkdəki böyük meydançaya "dolan" deyirdik. Ən isti havada belə bura sərin və küləkli olurdu. İnkişaf etmiş bəzi ölkələrdə adamların yeldöyəndən qorxması gülməli görünür. Bizdə yeldöyəndən qorxan tapılmaz. Əksinə evdə elə şərait yaradırlar ki, yeldöyən sərinlik gətirsin. Elə buna görə də, az qala bütün kənd evlərində "dolan" olur.

Ev nə qədər böyük olsa da, yayda bura yığışan külfət birtəhər yerləşirdi. Nənəm bir dəstə qulluqçu, böyük bibim isə öz əri ilə gəlirdi. Kiçik bibimin əri atamla tez-tez dalaşdığına görə və onunla küsü saxladığına görə bağa gəlmirdi. Əvəzində bibim özünün beş uşağını gətirirdi. Bu uşaqlardan fröyleyn Annanın zəhləsi gedirdi. Hamısı yalançı, oğru və xəbərçi idi, bağda rahatçılığımızı korlayırdılar. Bağ sakinlərinin siyahısına biz dörd bacı və fröyleyn Annadan başqa, kiçik əmim İbrahim də əlavə olunurdu. O, hələ evlənməmişdi, uşaq kimi xoşqılıq və şən idi. Bütün bu ailələrin saysız-hesabsız qulluqçuların, on beş nəfər bağbanı, faytonçu və çobanları da hesaba alanda bağımız balaca bir kəndi xatırladırdı. Mülkün iri məişət tikililəri də vardı. Çörəkxanada nənəmin nəzarəti altında bir həftənin çörəyi birdəfəyə bişirilirdi. İri bir toyuq damı və geniş camaşırxanamız da vardı. Amma həyətin ən dəyərli varı bağın aşağı tərəfində tikilmiş geniş hamam idi. Bu hamama görə bütün kasıb qohumlar bizə həm qibtə edir, həm də rəğbət bəsləyirdilər. Bura nənəmlə qonaqlarının görüş yeri idi.

Bazarlığa ehtiyac olmurdu; çörək evdə bişir, meyvə-tərəvəz həyətdə becərilir, əti isə zavallı qoyunlar verirdi; bir sözlə hər şey əl altında idi.

Nə qədər ki, atam dul idi, hamımız bir yerdə olur, bir süfrə başına yığılırdıq. Belə birgə həyat böyük səliqəsizlik yaradırdı. Yemək masasının uzunluğunu təsəvvürə gətirmək heç də çətin deyil. Masa arxasındakı narazı deyintilərdən, mübahisələrdən, uşaqların çığırtısından, acıqlı səs-küydən qulaq tutulur, heç nə eşitmək olmurdu. Masa başında oturan nənəm xörəyi əllə yesə də, çəngəl-bıçaqdan istifadə edən əmim və bibilərimdən səliqəli idi. Bizim bu qaraşın dəstəmizdə fröyleyn Anna yeganə sarışın adam idi. Yemək vaxtı biz uşaqlar səliqəsizlik edəndə düzəliş verməyə cəsarəti çatmazdı. Axı, həmin anda bizə deyəcəyi sözlər süfrə başında-kılarının hamısına toxuna bilərdi. O vaxtlar rəftarımızın kobudluğuna əhəmiyyət verməzdim. Amma indi anlayıram ki, Avropa mədəniyyəti görmüş bir adam süfrəmizin başında necə əzab çəkirmiş.

Süfrə başında böyüklərin çətin anlaşlan rusca danışığı, dayənin uşaqlara almanca müraciəti, Azərbaycan kəlimələri qəribə dil qarışığı əmələ gətirirdi. Azərbaycanca gedən söhbətlər daha çox qışqırığa oxşayır, kobud və cingiltili səslənirdi. Elə buna görə də mən həm o dili sevmir, həm də düzgün danışmağı öyrənə bilmirdim.

Bu süfrənin yeməkləri üçün neçə-neçə günahsız qoyunlar kəsilirdi. Başqa ət də yeyirdik, amma bu ət satın alınırdı. Gərək qəssaba pul veriləydi, nənəmin qoyduğu manatlar xərclənəydi. Nənəm buradakı bütün ailənin pul büdcəsinə başçılıq edir, həmin büdcəni böyük qənimətlə xərcləyirdi. Hər şey bol olsa da o, qənaətçilliyindən qalmır, hətta müftə azuqəni də bölürdü. Amma pul xərcləmək lazım gələndə əlacı kəsilirdi! Pul kisəsini açanda ürəyi sıxılır, var gücü ilə gərəksiz xərclərdən yaxa qurtarmağa çalışırdı.

Nənəmin üç qızı, yəni mənim bibilərim canlı, qaraşın, üz-gözü tüklü qadınlar idi, özü də yenicə qədəm qoyduqları mədəni həyatla lovğalanırdılar. Elə buna görə də rus-azərbaycan sözlərini bir-birinə qarışdırıb danışır, papiros tüstü-lədir, Bakının ən bahalı "Moda" evlərində paltar tikdirirdilər. Daş-qaşa elə vurulmuşdular ki, boyun boğazlarını bəzəməklə yanaşı, saçlarına da bahalı sancaqlar düzürdülər. Bibilərimin üçü də hikkəli arvadlar idi. Bütün günü çənə döyür, yorulmaq, bezikmək bilmədən poker oynayırdılar. Onlar qışqırmadan danışa bilmirdilər, ən sakit söhbətləri də kənardan qulaq asanlara savaşmaq təsiri bağışlayırdı. Qeybət qırmağa adət eləmişdilər, heç kimi, hətta öz ata-analarını da bəyənmirdilər. Bacılarından bir çölə çıxan kimi digər ikisi həmin dəqiqə onun, uşaqlarının, ərinin qeybətini qırırdı. Amma yenə də öz bacardıqları kimi bir-birini sevir, bir-birindən ayrı düşə bilmir, ailə savaşından sonra küsüşəndə darıxırdılar. Aralarına söz-söhbət ataları öləndən sonra düşmüşdü, vərəsəlik bölgüsü üstündə qalmışdılar. Ərləri onları məcbur edirdilər ki, atamdan vərəsə paylarını istəsinlər. Atamsa həm ailə, həm də firma başçısı idi və vərəsəni bölsə, öz rəhbər funksiyasını itirə bilərdi. Bacılardan biri ona yaxınlaşıb yazıq-yazıq öz payını istəyəndə atam mülayim səslə soruşurdu:

– Axı, pul sənin nəyinə lazımdır?

– Ərim istəyir.

– Ərin avaranın biridir.

Ər isə arvadının əliboş qayıtdığını görəndə qışqırırdı: "Qardaşın oğrudur. Ya vərəsə payını al, ya da səni bo-şayıram".

Beləcə, bacılar qardaş hiyləsi ilə ər qəzəbi arasında qalırdılar.

Qohumlarım mənim yanımda da atamı söyürdülər. Qəribəsi odur ki, haqqında eşitdiyim pis sözlər onu mənim gözümdən salmırdı, əksinə, atama rəğbətim daha da artırdı. Vərəsə məsələsinə görə paxıllıqdan yanan yeznələrin fikrincə, atam oğru, yalançı, hiyləgər bir adam idi.

Babamın ikinci arvadı – rus qadım da vərəsə almaq üçün məhkəmə işi qaldırmış, işlər daha da korlanmışdı. Vəziyyət o qədər pisləşmişdi ki, heç kəs baş çıxardıb bir nəticəyə gələ bilmirdi. Varislər söyüşür, didişirdilər. Heç biri güzəştə getmək istəmir, bir-birinin paxıllığını çəkirdilər, şübhədən boğulurdular. Beləliklə, illər məhkəmələrdə keçdi, nəhayət, inqilab baş verdi və bu inqilab onların bütün mübahisələrini həll etdi.

Bibilərimin ən kiçiyi əri və üç uşağı ilə bizim qonşuluqda – hündür hasar arasındakı mülkdə yaşayırdı. Həyətlərimiz arasında bir qapı da vardı. Bu adi qapı olmaqla yanaşı, həm də iki ailə arasındakı vəziyyəti bildirən barometr idi. Münasibətlər yaxşı olanda qapı açılır, korlananda isə örtülüb arxadan bağlanırdı.

Təkcə böyük bibim Rənadan xoşum gəlirdi. Əsəbi, səksəkəli, ağır xasiyyətli qadın idi; amma ürəyi çox kövrək idi, yetim olduğum üçün məni çox əzizləyirdi. Özünün uşağı olmamışdı. Mədəniyyəti təkcə bacılardan o qavraya bilirdi. Müəllim tutub piano çalmağı öyrənir, uzun cəhd-cəfadan sonra o dövrün dəbdə olan "Okean dalğaları üzərində" valsını ifa edirdi. Amma bu musiqi əsərini çalanda da ritmi pozurdu. Jipinn, Mopassanın əsərlərini oxuyanda mütaliəsi çox ləng gedirdi. Atam onunla zarafatlaşmağı xoşlayır, bacısının "Hərb və Sülh" romanını yeddi ilə oxuyub başa çatdırdığını deyirdi. Sonralar bibim həvəslənərək fransız dilini öyrənmək üçün də müəllim tutdu. Amma bu təhsili də kamil olmadı. Bəzən həm ərini danlamaq, həm də onunla öz arasındakı mədəni fərqi nümayiş etdirmək üçün fransızca belə deyirdi: "Gör necə axmaq". Əri isə elə bil qəsdən onu acıqlandırırdı. Bu nəhəng gövdəli, mülayim xasiyyətli dayı mənim xatirəmdə əlini qulağına tutub, yaxşı eşitməyə çalışan bir adam kimi qalıb. Karlığı onun xeyrinəydi. Pis eşitdiyinə görə arvad qohumlarının ən zalımı ilə də yola gedirdi.

Təkcə bibim ondan bezikdiyini söyləyir, uca səslə hamıya – elə lap ərinin yanında da – belə deyirdi: "Bədbəxt elə bilir ki, mən onu sevirəm, heç ağlına gəlmir ki, ondan bezmişəm!" Bibim buna oxşar başqa sözlər də deyəndə kişi onun dediklərinin ancaq yarısını eşidə bildiyi üçün əhvalını pozmurdu. Deyilən acı sözlərin çoxunu eşitmədiyindən o davakar atamın dostluq etdiyi və savaşmadığı yeganə yeznə idi. Onlar da hər fəsildə bir dəfə dilləşməli olurdular; bu da hər şeydən ötrü dava düşən bir mübahisə sayılırdı.

Kiçik bibim yayda bizimlə qalırdı; beş uşağı vardı. Uşaqlardan ikisi lap kiçik olduqlarından məni maraqlandırmırdı. Qalan üç uşaqdansa heç olmazdı! Onlardan ən böyüyü Gülnar "gözümün bəbəyiydi". Dilli-dilavər, ikiüzlü, həm də xasiyyətcə çox açıq-saçıq olan Gülnar hələ on iki yaşında ikən kişilər barədə elə söhbətlər edirdi ki, sanki təcrübəli qarı danışırdı. O mənə kişilərlə gələcək əlaqələrimizin ehtiraslı anlarından söz açır, onların təbiətinə bələd olan qadınlar kimi deyirdi:

– Kişilər hamısı xüdpəsənddir. Amma versək, bizi hamilə edərlər. Gərək onların başını aldadasan, yoxsa girəvəni əldən verməzlər.

– Səncə doğrudan belədir? – deyə onun dünyagörüşünə, təcrübəsinə və bacarığına qibtə edə-edə soruşurdum.

– Təkcə məncə yox, əslində belədir! – deyə Gülnar inandırıcı səslə cavab verirdi və bu vaxt yaxınlıqdan keçən bir bağbana gözlərini süzdürə-süzdürə baxırdı.

Kişilərin fikri Gülnarın başından çıxmır, buna görə də dərsləriylə az maraqlanırdı. Zabitəsiz anası da başısoyuqluq edir, qızının xəyalpərvərliyinə mane olmurdu. Təkcə atası hərdənbir onu tənbeh edir, bu danlaqların da təsiri uzun çəkmirdi.

Gülnarı nə qədər sevirdimsə, kiçik əkiz qardaşları Əsədlə Əliyə də o qədər rəğbət bəsləyirdim. Onlar mənim ağam və müəllimlərim idi. Sərt və haqsız uşaqlar idi, amma xoşuma gəlirdilər. Mən bu oğlanlarla yoldaşlıq etməyə can atır, fröyleyn Anna nə qədər yalvarsa da, onlara qoşulmağa imkan tapırdım. Çox sərbəst böyümüş bu uşaqlar yalan danışır, kələkbazlıqdan, xəbərçilikdən çəkinmir, yeri gələndə oğurluq da edirdilər. Onlar göz qabağında qalmış pulları çırpışdırıb ciblərinə basır və deyirdilər: "Bizim hamımız bir ailənin övladlarıyıq, kimin nəyi varsa hamınındır". Özü də bu sözləri elə deyirdilər ki, guya bu adi həqiqəti heç deməmək də mümkündür. Onlar necə yeməklərindən, mədələrində gedən sonrakı proseslərdən elə geniş söhbət açırdılar ki, Gülnarla mən bu elmi söhbətə həyəcanla qulaq asmalı olurduq. Bəzi sənətkarlar qələmlə, yaxud rənglə divar şəkilləri çəkdiyi kimi Əsədlə Əli də həmişə çox ləngidikləri ayaqyolunun əhənglənmiş divarlarına bulaşıq barmaqlarıyla naxışlar salmağı xoşlayırdılar. Bu ağ divarlarda onların yaradıcılığı çoxşaxəli idi: bəzən gül şəkilləri çəkirdilər, bəzən də eybəcər rəsmlər. Aftafası həmişə hazır həmin ayaqyolunda adamın burnuna əhəng və rütubət iyi vururdu. Rütubətə yığışan saysız-hesabsız qırxayaqlar, bibim oğlanlarının müxtəlif rəsmlər çəkdiyi ağ divarlar buraya xüsusi bir görkəm verirdi. Oranın iyi hələ də burnumdadır və indi də qırxayaq görəndə həmin yer yadıma düşür.

Papiros çəkməyi də bibim oğlanlarından öyrənmişdim. Xasiyyətlərinə bələd olduğumdan papiros çəkmək üçün onlarla birgə heç hara getmirdim. Mənim yerim iri tənəklərin altı idi. Burada papiros tüstülədikcə öskürür, təngənəfəs olurdum, müəllimlərimsə hırıldaşıb məni ələ salırdılar. Papiros çəkməzdən qabaq Gülnarla cibimizə quru çay yığır və böyüklər duymasın deyə, papirosdan sonra çay çeynəyirdik. Sonra uzağa tüpürmə yarışı keçirib həm ağzımızı təmizləyir, həm də əylənirdik. Şübhə yox ki, bu yarışda da qardaşlar qalib gəlirdilər.

Onlar kart oyununu da çox xoşlayır, yüksək cəldlik, məharət göstərirdilər. Gülnarla mən başa düşürdük ki, bizə kələk gəlirlər, ancaq oyundan kənarda da qalmaq istəmirdik, çünki özümüzün də həvəsimiz vardı. Bəzən biz onların kələklərinin üstünü açanda araya dava düşür, aləm qarışır, axırda yenə uduzub ağlamalı olurduq. Amma uduzduğumuz pulun bir hissəsini qaytarmaq məqsədilə, onlar bəzən əliaçıqlıq göstərib konserv qonaqlığı verirdilər. Bibim oğlanları üzü çopur bir tacirdən konserv alıb xəlvəti məclis düzəldir, biz də məclisdən əsl həzz alırdıq.

Onların ən sevimli peşəsi yalançılıq idi. Lazım olanda da, olmayanda da yalan danışmağı bacarırdılar, bəzən deyirdilər ki, yalan danışmaq da bir xeyirxahlıqdır, böyükləri cəzavermə əzabından qurtarır. Onlar yalanı asanlıqla, inandırıcı, lap deyərdim ki, zərifliklə danışırdılar. Şübhəyə düşmüş adamlar belə onların ən ağ yalanlarına inanır, düzgün, səmimi adam cildinə girdiklərini sezə bilmirdilər.

Onlar mənə izah edirdilər ki, insanın kələmdən yaranması boş söhbətdir. Fröyleyn Annaya əziz olan bu nəzəriyyə bibim oğlanlarını haldan çıxarırdı. Bu fikri müdafiə edənlərlə dalaşırdılar. "Bizi axmaq sayırlar, kələm, bax budur." – deyə Əsəd ayıb yerini göstərirdi.

Çox vaxt çirkin və səliqəsiz olsalar da, qardaşların su ilə arası yox idi. Ama yayda hava bərk qızanda hovuzlara cumurdular. Bizim bu quraq torpaqda hər bitki gərək suvarılaydı. Suyu dərin quyulardan çəkib hovuzlara doldurur, sonra arxlar vasitəsi ilə bağ-bostana axıdırdılar. Hasara alınmış bağda bütün günü on-on iki bağban işləyir, ağacları suvarırdılar. Onlar əllərindəki bellərlə arxın birinin suyunu kəsib başqa birisinə calayır, kranları açıb-bağlayır, boş hovuzları təmizləyir, su ilə doldururdular. Həyətdəki hovuzlar cürbəcür idi; bəzisi iri, bəzisi xırda; bəzisi dairəvi, bəzisi dördkünc, bəzisi uzunsov, bəzisi isə üçkünc. Hovuzların ətrafına meyvə ağacları, gül kolları əkirdilər. Bəzi hovuzların dibi iylənir, suyu iy verirdi. Amma elələri də vardı ki, suyu tərtəmiz və adama gəl-gəl deyirdi.

Ən böyük hovuzda – iri su anbarında heç kəs çimmirdi. Hovuz elə iri idi ki, onun içini təmizləyə bilmirdilər, yosun çoxalır, su iylənir və qəribə bir rəng alırdı. Bu hovuz həyətin ən uzun, ən geniş xiyabanın ortasında, bir topa qovağın arasında idi. Hovuzun üstünə geniş pilləkənlə qalxıb, səkidə gəzinmək olardı. Kənarına çərçivə vurulmamışdı, o biri üzdə də kiçik bir pilləkən vardı. Həmişə bu hovuzun üstündə oyunbazlıq edən Əsədlə Əli, bircə dəfə də olsun, nə bağ tərəfə yıxılıb əzilirdilər, nə də hovuza düşüb yosuna batırdılar.

Ağaclar hovuzu qalın yaşıllığa bürümüşdü. Üstündəki səkilərə isə üzbəüz iki taxt qoyulmuşdu. Taxtlara hündür budaqların sərin kölgəsi düşürdü. Yetişmiş cevizlərin qabığı göz qabağındaca çatlayır və biz onları asanlıqla yığırdıq.

Bu yer evdən uzaq olduğuna şairanə bir guşəyə dönmüşdü. Adama elə gəlirdi ki, hovuzun dibindəki yosunlar arasında qəribə məxluqlar gizlənib. Tək olanda üzü üstdə səkidə uzanır, gözlərimi yosunlara zilləyib, qulaqlarımı şəkləyib qeyri-adi məxluqların görünəcəyi anı gözləyirdim. Axırda qorxuya düşürdüm: sudan mənə zillənmiş bir cüt həyəcanlı gözün öz gözlərim olduğunu unudaraq, Andersonun bir nağılını yada salırdım: həmin nağıldakı şıltaq bir qızı dəniz əjdahaları suyun dibinə aparıb ona cəza verirdilər. Bu fikir ayaqlarıma güc gətirir, həmin şairanə guşədən qaçır, hay-küylü uşaqlara qoşulub arxayın bir aləmə qovuşurdum.

Amma ən ləzzətli çimmək yerimiz Xəzər dənizi idi. Dəniz bizdən bir neçə kilometr aralı olsa da, evimiz təpənin üstündə olduğundan tünd-mavi dəniz lap yaxından görünürdü. Üstündən aşağı yüzlərlə kiçik, yastı damlı evlər dənizə qədər uzanırdı. Həyətlərdə isə əncir, tut ağacları və üzümlüklər gözə dəyirdi. Bu kiçik bağlar, alçaq evciklər Bakının lovğa neft milyonçularının evləri deyildi. Həmin ərazidə onların bəxti gətirməmiş kasıb qohum-əqrəbası yaşayırdı.

Deyirlər ki, Xəzər dənizi yavaş-yavaş quruyur, kiçilir, buxarlanır, geri çəkilir, günlərin birində dənizin bizim eyvandan görünməyəcəyini fikirləşəndə qəm-qüssəyə batır, aşağıda yaşayanların düşəcəyi vəziyyəti təsəvvürümə gətirirdim. Amma hələlik dəniz öz yerində idi və mən onun maviliyinə və parıltısına tamaşa etməkdən yorulmurdum. Çox vaxt dənizdə üzən sistern-gəmiləri görürdük. Bəziləri bizim gəmilər idi və fit çalıb bizi salamlayırdı.

Dənizə gedən yolun narahatlığı işləri korlayırdı. Yolun qumu elə çox idi ki, orada ancaq arabalar, qatırlar, piyadalar hərəkət edə bilirdi. Çimərliyə çatmaq üçün iki saata yaxın yol gedirdik. Amma dənizdə çimmək həvəsi bizi bu kiçik səfərə çağırırdı. Arabaların içinə köhnə palazlar sərilir, paltar boxçaları, çörək və meyvə yüklənirdi. Sonra yola düşürdük, evdə qalanlarsa Allaha dua edirdilər ki, sağ-salamat geri qayıdaq. Arabaların iri ağac təkərləri gah daşların üstünə qaxılıb cırıldayır, gah da dərin quma batıb yenidən çıxır və narın qumu təkər boyu göyə sovururdu. Əsədlə Əli piyada getmək istəyəndə mən də onlara qoşulurdum. Biz arabanın arxasınca gedir, söyüş söyür, əylənir, min oyundan çıxırdıq. Ayağımızı qaya parçaları yaralayır, qum yandırır, tikanlar didirdi, amma yolumuzdan qalmırdıq. Xoşbəxtlikdən yalın ayaqlarımız hər şəraitə adət etmişdi! Atamın yay təlimlərindən biri bu idi ki, ayaqqabı geyinməyək. Bütün yayı ayaqyalın gəzir, ayaqlarımızı daş cızır, gün yandırır, nəhayət, bərkidib vəhşi pəncəsinə döndərirdi. Bu uzun əzablı yolda biz istər-istəməz yorulur (ələlxüsus, yolun axırında), amma heç birimiz arabaya, minməyə razı olmurduq: Şərq məsəlində deyildiyi kimi: "Eşşəyə minmək bir ayıb, düşmək iki". Bir halda ki, bu əzablı yolu piyada getməyi qərara almışdıq, qayıdıb arabaya minmək ayıb olardı.

Evimiz dəniz sahilində olduğundan dəniz sahilindəki düzənə sərt bir enişlə düşürdük. Əvvəlcədən dediyim kimi, düzəndə yaşayanlar neft sahibləri yox, saf adamlar idi və bizim kimi varlılar bu sadə camaatı bəyənmirdilər. Onların evləri alçaq və yöndəmsiz, hasarları səliqəsiz idi. Həyətlərində əncir və üzümdən başqa heç nə yox idi. Burada nə dərin səliqəli quyular vardı, nə də bizdəki süni suvarma işi gedirdi. Hər kəs balaca bir su quyusu qazdırmışdı və quyunun suyu heyvanları (adamları da) suvarmağa ancaq çatırdı. Evlərə elektrik işığı çəkilmədiyindən neft lampası yandırılırdı.

Buranın camaatı kasıb olsa da, mehriban adamlar idi: biz kəndi keçdikcə, hamı "xoş gəlmisiniz" deyirdi. Barının üstünə, yaxud evin damına çıxıb bizi qonaq çağıranların əlindən güclə qurtarırdıq. Əslində bu evlərin çardağı olmur, adamlar evin damına çıxırdılar. Əgər canfəşanlıq edən qohumlardan birinin evində dayanmalı olsaq, bizi sərin suya, əncir-üzümə qonaq edirdilər. Arvadlar isə lap az vaxtda mümkün qədər çox söhbət eləməyə çalışır, "Ağabacı belə elədi", "Bahar xanım belə dedi", – deyə qışqırır, gülüşür, yeri düşəndə söyüş də söyürdülər.

Yolda nənəmin əmisi qızının baldızına, yaxud bacısının yeznəsinin xalası oğluna qonaq düşməli olsaq da, birtəhər dənizə gəlib çatırdıq. Hələ dəniz görünməmiş, bədənimiz onun yaxınlığını duyur, səsi qulaqlarımıza, ətri burnumuza çatır, balıqqulaqları ayağımızı kəsirdi. Sonra tini burulan kimi qəfildən mavi, sərin dəniz görünürdü. Xırda, köpüklü dalğalar sahilə dartınıb qumluqda əriyir, sərin gilavar (dənizdən əsən meh) isə qumlu yolda çəkdiyimiz əzabı və yorğunluğu bir andaca yoxa çıxardırdı.

O vaxtın "mədəni adamları" dəbdə olan çimərlik paltarları geyinirdilər. Bu geyimlər iri qara torbalara oxşayan, məzəli büzmələri olan çimərlik kostyumları idi. Allahın sadiq bəndələri isə alt paltarlarında çimirdilər; bu paltar uzunqol köynək və uzun tumandan ibarət idi, indiki pijamalara oxşayırdı.

Bizim arvadların az qala hamısının bədən quruluşu yönsüz idi. Bəlkə də günün çox hissəsini yerdə oturduqlarından kökəlir, qarınları yekəlir, sallaq döşləri isə iriləşirdi. Kimisinin dərisi tüklü, kimisinin boynu qısa, kimisininsə köklükdən beli görünmürdü. Çoxunun sifətindən xoşum gəlsə də, bədənlərindən zəhləm gedirdi. Təkcə fröyleyn Annanın ağ və sığallı dərisinə valeh olur, həsəd aparırdım.

Bibim oğlanlarının dəniz macəralarına qoşulmayıb, dayaz bir yerdə suya uzanırdım. Kiçik dalğalar bədənimi örtür, sonra geri çəkilir, günəş məni qızdırır, dalğalarsa sərinlədirdi. Mən saatlarla beləcə uzanmaq istəyirdim, amma fröyleyn Annanın da öz qanun-qaydası vardı və mənə nəzarət edirdi. Onun dediyinə görə, Xəzərin duzlu suyu bədənə pis təsir edə bilər və buna görə də hər iyirmi dəqiqədən bir dayəmin almanca çağırışını eşidirdim. Mən də qəmli-qəmli fikirləşirdim ki, görəsən, nəyə görə yalnız göstərişlərə əməl etməliyəm? Görəsən, elə həmişə belə olacaq? Fikirləşdikcə, gələcəyin də nigaranlığını çəkirdim. Deməli, uzun bir ömrü göstərişlə yaşamalı, ürəyimə yatan xoş anlarsa qısa fasilələr sayılmalı idi. Mən köks ötürür, indinin və gələcəyin acı fikirlərini dağıtmaq üçün üzüm-çörək yeyirdim…

III

Nənəm qəribə adam idi, hər il kənd evində ətrafına toplaşan qohum-əqrəbaya hökmranlıq eləyirdi. Elə bədəninin qeyri-adi ölçüləri də ona bu amiranə görkəmi vermişdi. Yerindən ayağa qalxanda, elə bilərdin ki, Peroldun nağılla-rındakı əjdahalardan biri ilə qarşılaşırsan. Doğrudan da, fağır adam deyildi. Bütün günü əmr verir, tələb edir, söyüş söyür, evi tir-tir əsdirirdi.

Köklüyündən, ağırlığından çox vaxt bir yerə çöküb qalır, XIV Luinin stuluna bənzər, oturacağı dəlikli kürsüsündən nadir hallarda qalxır, aftafasını da həmişə göz önündə saxlayardı. Beləcə şah kimi öz taxtında oturur, görüşünə gəlmək istəyənləri qəbul edirdi. Kişilərlə danışanda əsl müsəlman qadını kimi təvazökarlıqla yaşmanırdı. Burası da doğrudur ki, onun görkəmində hikkə ilə yanaşı, ləyaqət də vardı, min qırçınlı milli tumanı kürsünün ətrafında yerə toxunurdu. Amma elə də olurdu ki, nənəm sadəcə görkəmindən tir-tir əsən bağbanlardan birinin aşının suyunu verirdi.

O, qızlarını da, oğlanlarını da, kürəkənlərini də bəzən beləcə danlayırdı. Babamız öləndən sonra ailə başçımız olan atam da özünü onun yanında sərbəst apara bilmirdi. Doğrudur, atam axırda hər işi öz bildiyi kimi edirdi, amma çalışırdı ki, nənəm ondan inciməsin. Biz balacalarsa onun qəzəbindən kənarda qalırdıq. O, uşaqlara qarşı kövrəklik göstərir, xətrimizə dəymir, biz də bu vəziyyətdən istifadə edib bütün arzularımıza çatırdıq. O bizə dünyanın ən dadlı şirnisi olan qoz halvası paylayırdı. Dayə fröyleyn Anna bizi axtaranda onun geniş tumanının altında gizlənirdik. Hərdən gəlinciklərimizi bəzəmək üçün bizə naxışlı parça da verirdi və nəhayət, məhəbbəti lap cuşa gələndə qəpik-quruş da paylayırdı. Amma ondan gözlədiyim ən böyük xeyirxahlıq məni özü ilə məşhur hamam məclisinə aparması olurdu.

Hamam günləri həmişə nənəmin yan-yörəsində dolanan (ətraf kəndlərdən gələn) bir dəstə kasıb, arvad qohumlarımız özləri və hamam bağlamaları ilə bizə gəlirdilər. Bağbanlar hamamı səhərdən qızdırırdılar. Bura bir dəhlizdən, bir soyunma otağından və nəhayət, hamamın özündən ibarət idi. İçəridə qıraqları daşla hörülmüş iki hovuz vardı – birində isti su, o birisində isə soyuq su. Suyu hovuzların divarlarında yan-yana düzülmüş kranlardan götürürdülər.

Burada hər cürə əyləncə və məzə vardı. Arvadlar gülab ilə başlarını yuyur, bir-birini kisələyir, pis iyli təbii "depilyatori" ilə təmizlənir və hərdən də avropalılara məlum olmayan sapdartma üsulu ilə tüklərini yolurdular. Sonra həna mərasimi başlayır, bədənlərinin mümkün olan hər yerinə hə-na yaxırdılar. Bəzən də görürdün ki, bir neçə arvad oturub öz bit-sirkəsini qırır. Heç anlaya bilmirdim ki, hər həftə tərtəmiz yuyunan həmin qadınlar bit-sirkəni haradan tapırdılar.

Arvadlar burada təmizliklə yanaşı, dillərinə də güc gəlirdilər. Onlar yuyuna-yuyuna zarafatlaşır, söhbətləşir, nağıl danışırdılar. Bir də görürdün ki, baş yumaqla yambız kisə- ləmək arasındakı fasilədə buxarın təsirindən şərab içmiş adamlar kimi pörtmüş qadınlar nigah məsələlərini həll edir. Belə söhbətlər hamam məclisinin ləzzətini daha da artırırdı.

Bu təmizlik və söz-söhbət bayramında iştirak etmək üçün nəyə desən hazır idim. İş belə gətirdi ki, bir dəfə ağır bir günahım olmasa da, nənəm məni bu cənnətə aparmaq istəmədi. Mən yaman hirsləndim və heyif çıxmaq qərarına gəldim. Elə ki, arvadların hamısı hamama girdi, qapını bağlayıb açarı gizlətdim. Bu hiyləgər hərəkətdən sonra qapını bağlamağım yadımdan çıxdı.

Sən demə, arvadlar çimmə, təmizlənmə işlərini qurtarıb çıxmaq istəyəndə qapının açılmadığını görüb mat qalıblar. Onlar qapını döyüb qışqırışsa da, yaxında bir adam olmayıb ki, eşidib haraya gəlsin. Çox hündür olduğundan pəncərəyə qalxa bilməyiblər. Bir saat qapını döyüb qışqırsalar da, səslərini eşidən olmayıb. Arvadlar qorxuya düşüblər. Daha bir saat da isti buxar içində ac-yalavac qışqırışdıqdan sonra təsadüfən oradan keçən bağbanlardan biri, onların səsini eşidib, başqa tikililərdən xeyli aralıda olan hamama yaxınlaşıb, qapı dalından şikayətlərdən başa düşüb ki, qapı açılmır. Bağban da açarı tapa bilmədiyindən evə qaçıb hamını xəbərdar edib. Nəhayət, başqa bir açarla qapını açıb. İstidən pörtmüş, ağlamaqdan üzülmüş zavallı qadınları azad ediblər.

Gördüyüm işin nəticəsini eşidəndə az qaldı qorxudan ürəyim getsin. Qorxudan günahımı boynuma almadım. Hamı Əsədlə Əlidən şübhələndi. Onlar nə qədər and-aman eləsələr də, sözlərinə inanan olmadı. Günahları sübut olunmadığına görə oğlanlara yüngül cəza verdilər.

Amma günahları olmadığı üçün, bu yüngül cəza da onlara ağır görünürdü. Qorxum çəkiləndən sonra vəziyyətin yüngüllüyü mənə ləzzət verirdi; həmişə yalan danışan bibim uşaqları ömürlərində bircə dəfə yalan danışmırdılar… Onlara isə inanan yox idi. Yaxşı deyiblər ki, yalançının evi yandı, heç kəs ona inanmadı!

Başqa günlər kasıb qohumlar gəlir, nənəmin icazəsi ilə qurbağalı hovuzunda paltar yuyurdular. Bu hovuzda çoxlu qurbağa olduğundan ona "Qurbağa gölü" deyirdik. Axşam düşəndə hovuzda qulaqbatırıcı zil qurultular eşidilirdi. Hamı başını yelləyib deyirdi: "Eh bu qurbağalar, qurbağalar…" Qurbağalarsa heç kimi vecinə almadan daha bərkdən qurul- daşırdılar.

Bu hovuz alçaq və enli idi, buna görə də həftəlik paltar yuma mərasimi üçün çox rahat idi. Paltaryuyanlar suyun bulanıq və çirkli olmasından çəkinmirdilər. Burada da hərdən nənəmin qab-qaşığını paklayır, uşaq çimizdirir, bəzən də ayaqlarını və başqa əşyaları yuyurdular.

Bir gün Əsədlə Əli gəlib mənə şad bir xəbər gətirdilər: dedilər ki, hansı uzaq qohumunsa qohumu olan, "əmidostu" adlandırdığımız bir qarıyla "yüngülvari zarafat" eləmək istəyirlər. Heç özümüz də bilmirdik ki, bizə heç bir yamanlığı dəyməyən bu qarıya nə səbəblə nifrət edirik. Mən sevimli bibim oğlanlarına qoşuldum və biz utancaq, tərbiyəli uşaqlar kimi qurbağalı hovuza tərəf getdik.

Həmin gün hovuzun kənarında on nəfərə yaxın arvad ciddi-cəhdlə paltar yuyurdu. Onlar çadralarını iri bayraqlar kimi arxaya atıb tərli sifətlərini açıq qoymuşdular və bilirdilər ki, həyətin kişilərindən heç kəs həftəlik paltaryuma günü hovuz tərəfdə hərlənməyəcək. Qadınlar qaraşın əllərinin və hənalı barmaqlarının cəld hərəkəti ilə paltar döyür, suda yaxalayır, ovxalayıb sıxırdılar. Hovuzun suyu bulanır, iri köpüklər bir qıraqdan digərinə yayılırdı. Arvadların əllərinin işi dillərinin işinə qətiyyən mane olmurdu; əlləri yorulduqca ürəklərini boşaltmaq ehtiyacı artırdı. Şirin-şirin, tələsə-tələsə, qarışıq səslə söhbət edirdilər. Paltar yumasa da, işləyənlərə göz yetirən nənəm ağzını açan kimi hamı səsini kəsib nəzakətlə qulaq asırdı. Nənəmin ağıllı kəlamları sükuta qərq olmuş hovuzun xırda ləpələri üzərinə səpələnirdi. Əslində nənəm söz deyəndə heç kimə müraciət etmirdi, elə bil, həm su, həm arvadlar, həm də ətrafdakı əncir ağacları və quşlara da danışırdı.

Elə biz onlara yaxınlaşanda nənəm danışırdı, bizi görüb br anlıq susdu və şübhəli-şübhəli soruşdu:

– Hə, niyə gəlmirsiniz, şeytan balaları?

– Heç, nənə. Elə gəldik sənin yanında oturaq. – deyə mülayim səslə cavab verdik və növbə ilə onun tərli üzündən öpdük. (hava yaman isti idi)

Deyəsən, nənəm sözümüzə inanmadı, şübhəli-şübhəli baxırdı; təcrübədən yaxşı bilirdi ki, Əsədlə Əli ancaq bir əməl çıxarmaq istəyəndə təvazökar görkəm alırlar. Biz sakit-sakit onun yanında oturduq, o da köksünü ötürüb üzünü arvadlara çevirdi.

Əsədlə Əli hələ on üç yaşına çatmadıqlarından arvadlar məclisində oturmağa ixtiyarları vardı. Həm də hələ yetişkin olmadıqlarına görə onlar qadın məclislərindən lazımi həzz ala bilmirdilər. Arvadlar tərli sifətlərini onlardan gizlətmir, çadraları əvvəlki kimi arxalarında yellənə yellənə paltarı elə əzmkarlıqla əzir, sıxır, çırpırdılar ki, heç qızmar günəş də onları işdən saxlaya bilmirdi.

– Hə, – deyə nənəm söhbətinə davam elədi – deməli, Fəridə deyib ki, Əkbərə ərə getmək istəmir, çünki altmış yaşı var. Gör bir bu murdar xristianların təsiri ilə nə günə qalmışıq, ay Allah!

Ay Allah! – deyə on arvadın hamısı birdən səsləndi.

– Biz hara gedirik belə? – deyə bizim düşmənimiz Əmidostu həyəcanlı səslə soruşdu.

O, xırdaca gözlərini həyəcanla oynadıb üzünü nənəmə tutdu və imdad istəyirmiş kimi birdə soruşdu:

– Biz hara gedirik belə?

Nənəm isə qeyri-ixtiyari bir hərəkətlə əlini qaldırıb havada yellədi, barmağındakı üzüklərinin mirvari və firuzə qaşları günəş işığında parıldadı. Sonra isə əlini qatlanmış dizinin üstünə qoyub dedi:

– Allah kərimdir.

Göy buldsuz idi və günəşdən od yağırdı. Arvadların qaraşın sifətlərindən tər, hovuza və yuduqları paltarın üstünə damcılayırdı. Amma heç biri tərini silmirdi. Çünki bilirdilər ki, havayı zəhmətdir, hədər işdir. On damcı təri silib təmizləyən kimi başqa on damcı qaynayıb çıxacaq… Təri silmək nəyə gərəkdir, ay Allah?

Arvadlar yenidən söhbətə başlamışdılar; hər biri elə güman edirdi ki, daha maraqlı danışır və güləndə daha da bərkdən gülürdü ki, hamı eşitsin. Elə hay-küy qalxırdi ki, qurbağaların qurultusu bu səs-küyün yanında mülayim mızıltıya oxşayırdı. Günün bu sakit vaxtında onların səsi bağın ayağına da çatırdı, bağbanlar isə başlarını bulayıb gülürdülər… "Qurbağa gölü" öz adını bu səs-küylə də doğruldurdu.

– Xəbəriniz varmı, – deyə nənəm sözə başladı və arvadların səs-küyü o dəqiqəcə kəsildi, – xəbəriniz varmı, bacım qızının eltisinin böyük dayısı sarı Əhməd Ağır ürək xəstəliyinə tutulub? Bəlkə də öləcək. Hamı… tək Allahdan başqa, hamı gəldi-gedərdir.

– Allahdan başqa, hamı gəldi-gedərdir – deyə arvadlar bir səslə təsdiq elədilər. Bir anlıq paltarların şappıltısına köksötürmə səsləri də qarışdı. Əmidostu daha dərindən köks ötürdü və gözü azacıq yaşardı. Nənəm bayaqdan ürəyində qalmış söhbətə yenidən başladı.

Hə demək ağlınıza gətirin ki, düz on altı yaşlı Fəridə (Böyük Suraxanı yanğını ilində anadan olan) bapbalaca qız xəylağı bibimin dayısına ərə getmək istəmir. Deyir ki, altmış yaşı var. Hə, bayaq deyirdim axı, görün, bu donuz rusların təsiri bizi hara gətirib çıxarır. Mənim balalarım da dəli olublar, öz körpələrini russayaq böyüdüblər. Əvvəl-axır özləri bəlasını çəkəcəklər. Hər halda Allah bilən yaxşıdır.

– Allah bilən yaxşıdır. – deyə arvadlar xorla təsdiqlədilər.

– Hə, bax, burası doğrudur. – deyə Əsəd qəfildən ciddi səslə dilləndi.

O, ayağa qalxıb Əmidostuya yaxınlaşdı, cibindən kiçik bir şüşə çıxarıb içindəkini qarının çarşabına və üstünə səpməyə başladı. Qarı isə ağzını açıb mat-mat ona baxırdı. Elə bu vaxt Əli cibindən bir qutu kibrit çıxarıb yandırmağa başladı.

– Nə edirsiniz, it uşağı, – deyə bir xəta baş verəcəyini duymuş nənəm qışqırdı.

Əsəd sakit səslə dedi:

– Ay nənə, sənə yüz dəfə demişəm ki, bizi söyəndə özünü də söyürsən. Əgər bizim valideynlərimiz itdirsə, yadından çıxarma ki, onlar sənin uşaqlarındı. Əmidostunun üzərinə benzin tökdüm. İstəyirik ona od vuraq, çünki zəhləmizi tökür. Onu indi yandıracağıq.

Əmidostu bərkdən qışqırdı. Bircə göz qırpımında sıçrayıb ayağa qalxdı, çarşabını yana atdı, tumanının bağını açıb, ayağının üstünə saldı və ağ alt tumanı çöldə qaldı. Qara neftə bulaşmış donunu da çıxarmaq istəyirdi ki, Əli əlindəki kibriti yandırıb ona yaxınlaşırmış kimi, bir addım irəlilədi. Qarı hovuzun səkisindən yerə atılıb, geniş həyət yolu ilə qaça-qaça cır səslə qışqırıb köməyə adam çağırmağa başladı. Nənəm qışqırıb uşaqları söyürdü, başqa arvadlar da ona qoşulmuşdular. Mən isə gülməkdən ayaq üstə dura bilməyib, yerə yıxılmışdım. Əmidostu əlində kibrit tutmuş Əsəd ilə Əlinin qabağına düşüb, üzü açıq, alt tumanı sallana-sallana həyət boyu qaçır, həyətdəki bağların və başqa kişilərin yanından keçirdi. Görəsən, niyə ağlına gəlmirdi ki, qaçıb hovuza da atıla bilər?..

Nənəm gündəlik beş namazdan və kürsüsündə oturub qonaq qəbul etdiyi saatlardan sonrakı vaxtını mətbəxdə keçirirdi. Bura onun salonu idi! Yan-yörəsi kasıblarla dolu olurdu. Amma əslində mətbəxə varlı qohumlar da, qohum olmayan kasıblar da yığışırdılar. Bu arvadların içində Fatma adlı birisi daha çox nəzərə çarpırdı. Deyirdilər ki, o xonsadır və peyğəmbər nəslindəndir. Bu qohumluq isə ona qürurdan başqa bir şey verməmişdi. Bu arvad heç ərə də gedə bilməmişdi və müsəlman arvadları arasında tanıdığım ilk qarımış qız idi. Bəlkə onun xonsalığı nəsə düzəlməyən bir cinsi problem yaradıb; bəlkə də, sadəcə olaraq, yalqızlığı eybəcərliyinə görə imiş?! Axı, heç kimdən qorxmayan Əsədlə Əli də bu arvadı görəndə ürpənirdilər. Onun qırış-qırış tük basmış iri sifəti it üzünə oxşayırdı. Əgər yeriyərkən silkələnib bir-birinə dəyən iri döşləri olmasaydı, hamı onu kişi sanardı. Onun nəzərə çarpan cəhətlərindən biri də, hər dəfə gələndə nənəmin alicənablıqla ona verdiyi meyvələri həvəslə yeməsiydi. Kifir olsa da, mənim Fatmadan xoşum gəlirdi, o, nənəmin yeganə qadın qonağı idi ki, tərli üzünü üzümə sürtüb yaş dodağı ilə məni öpmürdü.

Belə öpüşlər məni iyrəndirir, haldan çıxarırdı. Kasıb qohum arvadlardan hər biri məni görən kimi üstümə cumur və anlaya bilmədiyim bir acgözlüklə sir-sifətimi öpür, üz-gözümü ağız suyuna, tərə bulaşdırırdı. Bu mehribançılıqdan yaxa qurtarmağın mümkün olmadığını bildiyimə görə ürəyimdə onlardan zəhləm gedə-gedə dodağımı dişləyib dözürdüm. Elə ki, arvad məni öpüb qurtardı, üzümü yaylığımla, yaylıq olmayanda donumun ətəyi ilə silirdim. Arvadlar bunu görsələr də, məni öpməkdən əl götürmürdülər. Çünki gör-götür adamı deyildilər.

Çox geniş olan bu mətbəx az qala, irili-xırdalı uşaqları ilə gələn qonaq arvadlarla dolurdu. Hər dəfə bura girəndə öz körpəsini, yaxud döş əmmək yaşını keçmiş uşağı əmizdirən (bir halda ki, hələ süd gəlir, gərək onu işlədəsən) bir arvad görmək olardı. Bu çirkli, səs-küy salan uşaqlardan zəhləm getdiyini gizlətmirdim. Arvadlar bu münasibətimdən inciyir və məni "şeytan balası" adlandırırdılar. Mənə verilmiş bu adı doğrultmaq üçün özümü daha pis aparır, uşaqlardan birinə dil göstərir, birinin saçını dartır, başqa birini isə çimdikləyirdim.

Səhər saat yeddidən axşam saat doqquza qədər cürbəcür xörəklər bişirilən bu mətbəxə Əsəd, Gülnar və Əli ilə birgə tez-tez baş çəkirdik. Aclıqdan yox, çoxu özgə uşaqlardan fərqlənmək arzusuyla barmağımızı mürəbbə qaynayan taslara batırıb dadır, tavada qızdırılan yarıçiy qoyun ətindən qoparıb ağzımız yana-yana yeyirdik. Nənəm isə əlində oxlov, yaxud şiş götürüb bizi hədələyirdi. Onun ayağa qalxa bilməyəcəyindən arxayın olduğumuza görə xörəkləri istədiyimiz qədər dağıdırdıq. Əlacı kəsilən nənəm qonaq arvadlarından birinə göstəriş verdi ki, bizi zorla mətbəxdən çıxarsın, qonaq da bu tapşırığa həvəslə əməl edirdi.

Bəzənsə, bu mətbəxdə kürsü olmadığından yerə sərilmiş həsirin üsündə dinməzcə oturub qulaq asırdıq. Nağılçı arvadın burnunda danışdığı nağıla (nağılçılar hamısı burnunda danışırdılar, adət belə idi) heyranlıqla qulaq asırdıq. Körpələr döş əmir, arvadlar həsir yelpiklərlə üzlərini yelləyə-yelləyə, yaxud səssizcə təsbeh çevirə-çevirə qulaq asır, nağılçı isə Əhmədlə Sürəyyanın, yaxud Məmmədlə Leylanın nağılını danışırdı. Bizim arvadların çoxu məhəbbətə yaxşı bələd olmasalar da, sevgi əfsanələrini xoşlayırdılar. Nağıllar həmişə bu sözlərlə başlayırdı: "Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi". Nağıl danışıldıqca iri saxsı küpələrdə çalınmış süd uyuşub qatığa dönür, qoyun əti yavaş-yavaş qızarır, iri mis tavalarda halvalar bişir, arvadlardan biri isə onlara göz qoyurdu.

Kasıb qohum arvadların xoşuma gəlməyən cəhəti təkcə selikli öpüşlər deyildi, bizə maraq üzündən hər cür həyasızlığa yol verirdilər; yuxuda olduğumuz vaxt yataq otaqlarımıza girir, şkaf və siyirmələri açıb, şey-şüylərimizə baxır, paltarlarımızı əllərində oynadıb parçanın qiymətini öyrənmək istəyir, əllərini sinəmizə sürtüb döşlərimizin çıxıb-çıxmadığını yoxlayırdılar. Onlar öz varlı qohumları haqda hər şeyi öyrənməyə çalışır, hər cürə suallar verirdilər. Soruşurdular ki, yetkinlik vaxtına çatmışıqmı, çatmışıqsa nə vaxtdan? Atamız hansımızı daha çox istəyir? Hərəmizin neçə donumuz var, bizə dayəlik edən "xristian arvadlar" nə qədər əmək haqqı alırlar. Bu qadınlar qapılarımızı pusur, pəncərələrimizdən içəri tamaşa edir, pianoya, mexaniki oyuncaqlarımıza, tenis ağaclarımıza, hər şeyə əl vurub yoxlayırdılar. Onlar bizim oyuncaq və geyimlərimizə uşaq kimi qibtə ilə baxsalar da, bütün bunların gələcəkdə pis nəticə verə biləcəyindən çəkinir və öz güzəranlarını bizimkindən daha arxayın sayırdılar. Bəzən, həqiqətən də zəhləmizi tökür, biz qapımızı çırpıb onları otaqdan qovurduq, amma onlar incimir bir az sonra yenə öz bildiklərini edirdilər.

Nənəm qonaqlarını əzizləyir, müdafiə edirdi, çünki onun başına toplaşıb hər əmrini yerinə yetirirdilər. Kasıb qohum arvadları onun əsabələri idi, nənəmə qulluq göstərir, yaltaqlanır, itaətlə boyun əyirdilər. Qadınlar şəhərin bütün xəbərlərini nənəmə çatdırır və onu əyləndirmək üçün bu xəbərləri daha da şişirdirdilər, əvəzində isə nənəm onları hamam məclislərinə dəvət edir, qonaqlarına qoyun cəmdəyinin qalıqlarını, bəyənmədiyi çit parçalarını bağışlayırdı. Amma nənəm istəyəndə onları söyürdü də. Arvadlarsa cavab vermirdilər; axı, saray xidmətçilərinin qüruru az olur.

* * *

Bizim ailənin münasibətlərində dava-dalaş çox mühüm yer tuturdu. Bu dava-dalaşın da iki əsas səbəbi vardı: birincisi ailə üzvlərinin təbiətindəki hikkə idi, söhbət vaxtı hamı hikkələnir, çığır-bağır salırdı. İkincisi isə VƏRƏSƏLİK məsələsi idi. VƏRƏSƏ sözünü deyəndə fikirləşirəm ki, bu qədər dava-dalaşa, söyüşə, qarşılıqlı nifrətə səbəb olmuş həmin kəlmədən sonra bir neçə nida işarəsi işlədilməlidir. Üç bacı və üç bacanaq, iki qardaş (sonra qayın arvadları da), babamın birinci və ikinci arvadı bütün günü didişir, hər biri öz vərəsəlik haqqını qoruyurdu. Hələ bu bacı-qardaşların uşaqları da böyüklər arasındakı ünsiyyətdən asılı olaraq bir-birinə münasibətini az da olsa dəyişməyə məcbur qalırdı. Valideynlər öz uşaqlarına dalaşdıqları bacı-qardaşın uşaqları ilə oynamamağı tapşırırdılar. Qohumlar arasındakı bu davada istər-istəməz bütün ailə üzvləri iştirak edirdi. Beləcə dalaşa- dalaşala, didişə-didişə gəlib 1917-ci ilə çatdılar. Daha burada izahat lazım deyil…

Bizsə bibi və əmi uşaqları ilə əlaqələrimizin kəsildiyinə, daha doğrusu, böyüklərin şıltaqlığı üzündən birgə oynaya bilmədiyimizə darıxırdıq. Amma bəzən tapışıb oynayır, gizli görüşlərimizdən daha çox ləzzət alırdıq. Çünki qadağan edilmiş işə həvəs güclü olur. Bəzən Əsədlə Əli dava salıb məni kobudluqla incidir, düşmənçilikdən istifadə edib söyüş söyür, insan təbiətinə hələ bələd olmayan körpə qəlbimə yara vururdular.

Əvvəlcədən demişdim ki, Əsədlə Əlinin atası Süleyman dayı atamla həmişə küsülü olduğuna görə bağ evinə gəlmirdi. Özü gəlməsə də arvadını bağa göndərir və ona tapşırırdı ki, qayıdana qədər qardaşıyla vərəsəlik haqqında söhbət etsin. Elə həmin söhbətlərdən sonra bibim oğlanları ilə aramız dəyirdi. Mən onları sevsəm də, bibim oğlanları atalarını daha çox istəyir, bütün göstərişlərinə sözsüz əməl edirdilər. Onun bircə sözü bəs edirdi ki, oğlanları "oğrunun" (o atama belə ad qoymuşdu) uşaqları ilə oynamasınlar. Uşaqlar valideynlərinin göstərişlərinə, az qala, həmişə əməl edirdilər. Amma elə ki, atalarının davası qurtarırdı, bibim oğlanları da mənimlə dostlaşırdılar.

Oğlanların öz atalarını güclü adam saymalarının, onu sevmələrinin səbəbini başa düşürdüm. Bədxah adamlarsa onun haqqında şayiələr yayıb deyirdilər ki, bu kişi siflis xəstəliyinə tutulub, özü də oğru və canidir. Bədxahların hər sözünə qulaq assan, özündən başqa heç kimə inamın qalmaz. O, yaraşıqlı, sərt, həmdə çox işgüzar kişi idi. Təkbaşına özünə var-dövlət qazanmış (heç bilmirəm nə yolla), milyonçu qızı ilə evlənmiş, şəhərdə elə gözəl ev tikdirmişdi ki, görən heyran qalırdı. Evin həyətində fillər üçün tövlə (burda da yasəmən əkilmədi) tikilmişdi. Bəzi tikililər hələ yarımçıqdı. Amma içəridəki şərq üslubu ilə tikilmiş ortası fəvvarəli iri qəbul otağına, İntibah dövründəki kimi məharətlə işlənmiş geniş zala tamaşa edəndə ağzım açıla qalırdı. Hələ güzgülü və qoşa çarpayılı yataq otağı haqda danışmaq yadımdan çıxıb. Yataq otağındakı çarpayıları ayıran naxışlı çərçivə daxili həbsxana təsəvvürü yaradırdı.

Bütün bu gözəlliklərə baxmayaraq, evdə ümumi bir səliqəsizlik vardı, şübhəsiz, bu, evdəkilərin günahı idi. İnanıram ki, Əsədlə Əli belə bir səliqəsizliyi elə Elizə sarayında da yarada bilərdilər; adam hər yerdə öz qabiliyyətini göstərə bilir.

Yenə ailə davalarından söhbət açaq. Qonşudakı bacı ilə yeznə arasındakı məsələ tez həll olunmadı: ara qapı bağlanmış, əlaqələr kəsilmişdi. Dava təzələnəndə yaxud əsəblər gəriləndə iki metrlik hündür barının üstündən söyüşlər yağırdı. Bütün bunları hələ uşaq oyunu saymaq olardı. Günlərin birində, babamın ikinci arvadının bağ evinə gəldiyi zaman baş verən qalmaqal isə lap aləm idi. Bizi uzaq otaqlardan birinə salıb qapını bağlamışdılar. Amma uzaqda olsaq da, qışqırtıları, bağırtıları eşidirdik. Evin bütün böyükləri eyvanda idilər; səhər dalaşıb küsüşənlər indi ümumi düşmənə qarşı birləşib əlbir olmuşdular. Sonra öyrəndiyimə görə düşmən qadının nə Allahdan, nə də şeytandan qorxusu varmış; bir dəstə adamın hücumuna cəsarətlə sinə gərərək tez-tez özü də hücuma keçirmiş. Həmin tarixi görüşdə nələr baş verdiyini dəqiq bilmirdim; amma ögey nənəmiz bağda qalmayıb şəhərə qayıtmışdı. Otağımızın qapısını açıb bizi çölə buraxanda gördük ki, bütün arvadların qəzəbdən sir-sifəti əyilib, gözləri parıldayır, saçları pırtlaşıb. Nahar vaxtı hamı azərbaycanca danışırdı – acıqlı olanda adətən, bu dil yad düşür. Amma ümumi düşmən yoxa çıxan kimi evdəkilər yenə dəstələrə ayrılıb öz aralarında didişməyə başladılar. Yeməkdən sonra onlar eyvana yığışdılar və burada da eyni söhbəti dönə-dönə təkrarlayır, didişirdilər. Axırı böyük dava dalaşla qurtardı. Həmin axşam, həqiqətən də hamı hirslənmişdi, hətta davadan sonra düşmən düşmüş dəstələr, az qala, bir həftə küsülü qaldılar. Ağır günlər idi. Elə ki, düşmən ailə üzvlərindən biriylə rastlaşdın, gərək üzünü çevirib elə görkəm alaydın ki, guya kar, kor və lalsan, heç kimi görmürsən. Rastlaşanda saymazyana keçib getməli, heç bir yaxınlıq göstərmədən öz küsülülüyünü bildirməliydin.

Birgə oynama üçün darıxan tək biz deyildik: yığışıb birgə kart oynamağa adət etmiş üç bacı da bir-biri üçün bərk darıxırdı. Onlar poker oyununu elə sevirdilər ki, elə bil, istifadəsiz qalmış başqa ehtiraslarını da bu oyuna bağlamışdılar. Bəzən günortadan sonra bu oyuna başlayır, arada fasilə edib tələm-tələsik loxma kəsir, yenə o pokerə qurşanır, səhər açılana qədər oynayırdılar. Belə çıxırdı ki, ailələr dalaşanda bacılar zərər çəkirdilər! Barışdıqdan sonra yaşıl örtüklü masa arxasına necə tələsdiklərini görmək gərək idi! Bizim də keyfimiz kökəlirdi. Biz masa arxasında oynayanların, ələlxüsus udanların (bunu duymağı da bacarmaq lazım idi) ətrafına yığışırdıq. Əli gətirən oyunçu keyfinin kök vaxtında yanında sakitcə oturmuş bacıoğlunun, yaxud bacıqızının ovucuna bir manat qoymağı da unutmurdu. Lap çox udanlar isə bir manatdan da çox bağışlayırdılar. Fröyleyn Anna dəfələrlə bu hərəkəti pisləsə də, narazılığına fikir verən yox idi. Pay verənlər onu saya salmır, pay alanlar isə puldan keçə bilmirdilər. Biz də bu yolla pul qazanır, sonra həmin pulları uduzmalı olurduq, çünki biz də qumar oynayırdıq. Axırda pulların hamısı Əsədlə Əliyə çatırdı; bilmirəm kələk gəlirdilər, yoxsa özləri bizdən ağıllı və bacarıqlı idilər, hər halda həmişə udurdular. Gözəl bacarıqlı oğlanlar idi!

Arvadların qurbağalı hovuzun yanındakı son məclisində nənəmin Fəridə adlı bir qızdan danışdığı yadınıza düşürmü? Həmin qızın on altı yaşı vardı, ağıllı idi, altmış yaşlı kişiyə getmək istəmirdi. Söhbətdən az sonra qız tələbkar atasının təkidi ilə təslim oldu (elə belə də olmalı idi) və həmin kişiyə ərə getməyə razılıq verdi. Başı çarşablı, cavan oğlanlardan gizlədilən bu qızın adaxlı seçmək imkanı da yox idi. Daha sonralar – Qafqazda inqilab baş verəndən sonra o qız çarşabını da, ərini də atıb öz yaşıdına ərə getdi. Amma bilmirəm, əvvəlki əri ilə xoşbəxt imiş, yoxsa sonrakı ilə.

Qızın toyu iyun ayının ortalarına təyin olunmuşdu. Biz uşaqlar bu toyun mənfi cəhətlərinə fikir vermirdik. Bizə toyun əyləncələri və şənliyi lazım idi. Bibim oğlanları ilə bu toyda yaxşıca əyləndik. Hələ uşaq olduğumuzdan, istədiyimiz vaxt qadın toyxanasından kişi toyxanasına keçə bilirdik. İstər Fəridənin qohumları, istərsə də qalan qohumlar iki hissəyə bölünmüşdülər: birində qadınlar toplaşmışdı, o birisində isə onlar (ər və onun qonaqları).

Məclislərin hər ikisində adamlar yeyir, oxuyur, oynayır, gül şərbəti içirdilər. Bəlkə də fikirləşirsiniz ki, elə birgə yeyib, oynayıb şərab içmək yaxşı olmazdımı? Yox, cənab kişilər belə fikirləşmirdilər və qadınların rəyini soruşan yox idi.

Gözəl Fəridə qadın məclisi üçün ayrılmış otağın ortasındakı stulda oturmuşdu. Amma üzünə qırmızı duvaq çəkildiyindən nə sifətini görmək, nə də gözəlliyini sezmək olmurdu. Adətə görə o, yerindən tərpənməməli və danışmamalı idi. Yazıq qız camaat kimi əylənə bilmirdi, yəqin darıxırdı, ona heç fikir verən də yox idi. Hər halda mən onun yerində olsaydım, darıxardım. Bir sözlə hamı keyfində idi, vay gəlinin halına.

Bayaq dediyim kimi bibim oğlanlarına qoşulub, yaxşıca əylənirdik. Gülnarla ikimiz həmişəki kimi şuluqluq edən Əsədlə Əlinin arxasınca gəzirdik. Onlar bütün evi dolanır, bir otaqda yeyir, başqa otaqda içir, birinə sataşır, digərini hirsləndirirdilər. Bu bacarıqlı oğlanlar hər şəraitdə hər şeyi öz xeyirlərinə qurmağı bacarırdılar. Onlar axına düşmür, özləri üçün davranış planı hazırlayırdılar. Özlərinə yaxşı yer seçir, ora-bura qaçan qulluqçulara göstərişlər verir, heç kimin sözünə qulaq asmır, ələlxüsus, arvadlar arasında lovğalanırdılar. Anaları bir söz deyəndə onu borclu çıxarır və susurdular.

Gülnarla mən də onlara qoşulur çoxlu şərbət və ayran içir, şuluqluq edirdik. Fröyleyn Annanı bu müsəlman toyuna çağırmamışdılar və biz azad idik. Əvəzində nənəm yanımızdaydı. Bizi danlamağa ürəyi gəlməsə də, hərdən mülayim səslə "it balaları" deyir, yaxud başqa yüngül söyüşlərlə nizam-intizama çağırırdı. Amma onun nəm üzündən bircə öpüş alan kimi bütün günahlarımızı bağışlayırdı. Hər günahımız yalançı bir şapalaq, tərs baxış, ya kiçik bir söyüşlə "yuyulur" və biz yenidən öz işimizə başlayırdıq.

Belə toylarda oynayan çox olurdu. Əldən düşmüş qarılar və xəstələrdən başqa, arvadların hamısı Şərq musiqi alətlərinin müşayiəti ilə rəqs edirdilər, qalanlar musiqinin ritminə uyğun əl çalırdılar.

Kişilərin məclisi daha canlı keçirdi. Onların yığıncağında müğənnilər, canfəşanlıqla rəqs edən rəqqasələr dəvət olunurdu. Muğamları xoşlamırdım və müğənni əlini qulağının dibinə aparıb oxumağa başlayanda aradan çıxırdım. Motsart, Bax musiqisilə təlim aldığımdan bu qəribə mahnılara, cəmisi iki-üç ritm üzərində ifa olunan hamını valeh qoyan ah-naləyə nifrət edirdim.

* * *

Hələ çox cavan olan rəqqaslara gəlincə isə onlar qadın kimi yaman nazpərvərdə idilər və rəqs kişiləri tamaha salmaq üçün onların yeganə silahları deyildi. Adətən göyçək, qaşları alınmış və incəbel olan bu rəqqaslar ətrafa ovçuyana və çox vaxt özünü doğruldan baxışlarla göz gəzdirirdilər. Kişilərə aid olanları özlərinə buraxaq. İşvəkar mehribanlığı mənə misilsiz görünən nazəninlərdən birinə həvəslə tamaşa etməyə hazırlaşırdım ki, Əsəd (Əsəd, Şəmsi Əsədullayevin qızı Ağabacının və Xələf Meylamovun oğlu – Baninin bibisi oğlu idi – tərc.) ağayana bir tərzdə nifrətlə qulağıma pıçıldadı:

– Buna bax! Kişi deyil ki. G…verənin biridir! (G…verən sözünün dəqiq tərcüməsini vermək mümkün deyil – müəllif.) (Mətndə bu söz azərbaycanca işlənib. -tərc.).

Mən böyüyəndə onu…

– Hə, doğrudan?

Nə dediyini çox yaxşı başa düşməsəm də, özümü məsələdən başım çıxan kimi göstərdim.

– Bax belə! Təsəvvür et ki, bu gəlinciklər kişilik üçün yaradılmayıblar. Mən isə böyüyüb uşaqbaz olacağam. (Hərfi mənada uşaqbaz fransızca uşaq həvəskarlarına deyilir- müəllif). (Mətndə bu söz azərbaycanca işlənib. -tərc.).

Bakıda öz həmcinslərindən olan "kişilər" arasında iki növ, passiv və aktiv pederastiya yayılmışdı. Birinci növ adi qarşılanır və bununla bütün kişilər məşğul olurdular, ən azından evlənənə qədər və bu, bir növ ictimai cəhətdən faydalı hesab olunurdu. Bunun əksinə olaraq, aktiv pederastiya ilə yalnız mənfəətcil niyyətləri ucbatından arvadsifət və böyük nifrət bəslənilən oğlanlar məşğul olurdular. Bir kişini təhqir etmək istəyəndə onu "g…verən" adlandırırdılar. İşdir əgər ən hörmətcil adamlardan biri uşaqbazlar sırasına məxsus olsaydı, heç kəsin ona söz deməyə cürəti çatmayacaqdı. Dolu bədənli, zahirən cavan olan və yeniyetmə qız uşaqları ilə evlənməkdən suyu üstündə qalmış, canfəşanlıqla xınalanmış-rənglənmiş canısulu bu kişini təqdim etməyi unutmuşam. Fəridə onun dördüncü arvadı olacaqdı. Təbii ki, digər üç arvadı da toya dəvətli idilər, onlar gənc rəqiblərinin böyründə əyləşmişdilər və arada qayğıdolu nəzərlərlə onu süzürdülər; yalnız onlar, övrətlər həmrəyliyindən çıxış edərək buradakı insanlardan fərqli davranaraq, gəlinə azca da olsa diqqət yetirirdilər. Qoca təzə bəyə baxanda toy gecəsinin bütün dəm-dəsgahı ilə bitəcəyinə şübhə yeri qalmırdı, necə olsa, Fəridə hansısa fərsizlə üzbəüz qalmayacaqdı. Onun adaxlısının qıvraq və ümidverən qaməti vardı və ona görə də onun təzə-tər arvadının halına acımaq, məncə, heç kəsin ağlının ucundan belə keçmirdi. Doğrudan da toy gecəsi qənaətbəxş və hər qayda-qanunu ilə keçdi. Fəridə bəylə-gəlinin şərəfinə havaya atəş açan atlıların müşayiəti və nəzarəti altında faytonda ər evinə gətirildi. Sonra diribaş arvadlara təhvil verilən Fəridəni soyundurdular və toy gecəsinə hazırladılar. Bu işə də əncam çəkiləndən sonra oyuna təzə bəy və onun kişilik fərasəti daxil olurdu. Yaşı altmışı keçmiş bu kişi ərlik borcunu yerinə yetirən vaxt qonşu otaqda bir arvad otururdu. Bəs bu ədəbsiz nəyi gözləyirdi? Dəlil və sübutları – gənc qızın bakirəliyinə şahidlik edən və sübutu daşdan keçən qana bulaşmış döşək ağını. Qızın valideynləri həyəcanla bu ağın yolunu gözləyirdilər – nəhayət ki, onlar rahatca nəfəs ala, vicdanları dinclik tapa və Allaha ağızdolusu şükr edə bilərdilər. Bu sübut olmasaydı, aləm bir-birinə dəyərdi; bəy özünü ən əziz malı oğurlanmış biri kimi hesab edə və gəlini atası evinə göndərə bilərdi, bundan artıq üzü- qaralıq və rüsvayçılıq ola bilməzdi, lakin Fəridənin pak-pakizə çıxmağı hamının könlüncə oldu. Bəlkə elə fikirləşəcəksiniz ki, mən froylin (almanca subay qız – tərc.) Annanın gülməşəkər nümunəvi qızıyamsa, bütün bu hadisələrdən xəbərdar olmaq üçün çox gəncəm və onları başa düşməyə yaşım çatmaz. Heç də yox! Belə olsaydı, əvvəla şərqlilərin yaşından tez böyümə cəhətlərinə nankor çıxmış, digər tərəfdən isə əmim oğlanlarının dərslərini unutmuş olardım. Onlar isə yataq işlərində hər şeyin altını da bilirdilər, üstünü də. Əgər hələ də bu məsələlərdən uzaq durmuşdularsa, bu məlumatsızlıqdan deyil, imkansızlıqdan idi. Bir az dirçələn kimi özlərini yekə kişilərə oxşatmağa başlayırdılar. Bir gün rəfiqəm mənə elə şeylər etiraf etdi ki, mən onların şəhvani oyunlarının təfərrüatlarından da xəbər tutdum. İki düşmən millətin – ermənilərlə türklərin qarışığı olan Tamaranın, ailəsinə gizli bağlılığı olan atası və ərinə xoş gəlsin deyə müsəlmançılığı qəbul etmiş erməni anası vardı. Evin yeganə və valideynlərinin ərköyün qızı olan, alman dayənin xüsusi qayğıyla böyütdüyü Tamara əslində problemlərdən uzaq bir uşaqlıq keçirməli idi, lakin onu bizim yolumuza çıxaran Allah başqa cür qərar vermişdi. Tamaranın atası bizim malikanənin qonşuluğunda özünə bir mülk aldı, dayəsi isə bizim froylin Anna ilə rəfiqəliyə başladı; özü isə bizimlə həmyaşıd olduğundan yaxın yoldaşımıza çevrildi. Tamaranı daimi qonağımıza çevirmək böyük zəhmət tələb etmədi. O, yer üzündəki ən gözəl qızcığaz idi, onun badamı gözləri, dik burnu, parıldayan və möhkəm dodaqlı ağzı və ipək kimi uzun, buruq saçları vardı. Özümüz də hiss etmədən onu incitdiyimiz vaxtlarda o, dərhal gülümsəyir və beləcə, bütün külli-aləmə qarşı mehriban davranırdı. Lətafəti gözəlliyi ilə üst-üstə düşürdü. İki fərqli millətdən belə uğurlu nübarın yaranması türk-erməni yaxınlaşması üçün həvəsləndirici təkan ola bilərdi, amma qətiyyən belə olmadı və möhvumat tüğyan etməkdə davam edirdi. Tamara erməni anasının qiymətini çox baha ödəyirdi. Onun qolundan çimdikləyən Əli (Əli, Şəmsi Əsədullayevin qızı Ağabacının və Xələf Meylamovun oğlu – Baninin bibisi oğlu idi – tərc.) deyirdi:

– Tamara, sən murdar, əclaf ermənisən. (Ermənilərə aid edilən murdar sözü aydın olmayan səbəblərə görə böyük təhqir hesab olunurdu – müəllif.)

Ağrıdan Tamaradan bir qışqıraq çıxar, sonra məzlumcasına köks ötürər və məlahətli başını aşağı endirərdi.

– Tamara, dayan hələ, o murdar qarmaqvari erməni burnunu düzəldəcəyəm indi, deyə Əsəd qışqıra-qışqıra özünü yetirər və var gücü ilə Tamaranın qüsursuz burnundan tutub dartardı.

Tamaranın gözlərində yaşlar gilələnər, amma cınqırını da çıxarmazdı. O, layiqli şəkildə hər şeyə cəsarətlə dözərdü. Bayram günlərində ən sevimli oynumuzu – erməni qırğınını oynayırdıq. Rasizmdən cuşa gəlib başımızı itirir və Tamaranı dədə-babalarımızdan qalma ədavətin qurbangahına qurban kimi gətirirdik. Əvvəlcə biz onu əsassız olaraq tatarların qətlində günahlandırır və onu yerindəcə, üstəlik ləzzətindən doymadığımızdan ard-arda bir neçə dəfə güllə-ləyirdik. Onun qanını görüb, gözlərimizin susuzluğunu doyunca yatırır, ardınca isə onu ümumi qayda-qanuna əsasən öldürmək üçün yenidən dirildirdik. Biz onun əl-qolunu bağlayıb yerə uzadırdırq, əvvəlcə bədən üzvlərini – dilini, başını kəsir, onun erməni cəmdəyinə nə qədər nifrət bəslədiyimizi büruzə vermək üçün ürəyini və içalatını çıxarıb itlərə atırdıq. Yırtıcılığımızla qəzəbimizi soyutduqdan və zavallı qızdan ələgələn bir tikə-parça qalmadıqdan sonra taxta silahlarımızı havada yellətməyə, vəhşi heyvanlar kimi ulaşa-ulaşa cəsədin dövrəsində rəqs etməyə başlayırdıq. Həndəvərdə mürəbiyyə və ya böyüklərdən kimsə görünən kimi qorxudan ödü ağzına gəlmiş yarımcan Tamaranı bir göz qırpımında yerdən qaldırır, əlindən tutur və uşaq mahnıları oxuya-oxuya mehribancasına dövrə vurmağa başlayırdıq. Bizdən şikayət etmək Tamaranın fikrindən belə keçmirdi; necə olsa, sonra ona xəbərçi, satqın və bir daha murdar erməni damğası vurulacaqdı və o, bizdən məhrum olacaqdı; onu təhqir etsək, alçaltsaq da, müntəzəm fasilələrlə öldürsək də, o, artıq bizsiz keçinə bilmirdi, bizim yoldaşlığımızın yanında bütün digər münasibətlər ona darıxdırıcı görünəcəkdi.

– Amma bilirsən, – bir neçə il sonra Tamara mənə bunları danışdı, Əsədlə Əli məni sənsiz və Gülnarsız başqa oyunlar da oynamağa məcbur edirdilər. Xəlvətcə.

– Ola bilməz. Özümə gələ bilmirdim və təəssüfdən ürəyim içimə sığmırdı. – Bu ki, maraqsızdır. Nə oyun idi elə?

– Zorlama oyunu, – Tamara pıçıldadı.

– Zorlama? Ah! Bu dəfə özümü naqolay hiss etdim.

– Hə, zorlama, erməninin zorlanması oyunu. Suallar içində başımı itirmişdim.

– Hə, hər şey bürkülü günlərdə, kiminin yatdığı, kiminin isə dincəldiyi günorta saatlarında baş verirdi. Belə günlərdə Əsədlə Əli yanıma gəlir və məni üzümlüyə, şeytanın evinin lap yanına aparırdılar.

Üzüm bağlarının bir qırağında yerləşən şeytanın evi yarıdağılmış bir daxma idi, içini hörümçək toru və kərtənkələlər basmışdı. Şüşəsiz pəncərələrdən insan lənətlənmiş kimi görünürdü, bu da evin adının asanca izahını verirdi. Hətta şeytanı lağa qoyan insanlar da bu xarabalığa yaxınlaşmağı xoşlamırdılar. Niyəsini bir allah bilir.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺70,28
₺140,56
−50%