Kitabı oku: «Bencamin Franklin – avtobiografiyası»

Yazı tipi:

REDAKTORDAN

Məşhur amerikan ictimai xadimi, dövlət adamı, ixtiraçı və mütəfəkkiri Bencamin Franklin (1706 – 1790) o dərəcədə hərtərəfli insan olub ki, şərait həmişə onun xeyrinə işləyib. Əlverişli şərait belə insanlara məqsədlərinə qısa zamanda nail olmağa imkan verirsə, əlverişsiz şərait onların xarakterinin möhkəmlənməsinə, növbəti cəhdlərini daha böyük səylə və təkidlə həyata keçirmələrinə gətirib çıxarır. Bu baxımdan B.Franklinin həyatı indiki gənclər üçün nümunə ola bilər.

Təəssüf ki, Franklinin avtobioqrafiyası yarımçıq qalmış və yalnız ömrünün 1757-ci ilə qədər olan hissəsini əhatə etmişdir. Lakin onun bu müddətdə belə etdikləri insanı heyrətə gətirir. Onun həyatında baş vermiş hadisələr göstərir ki, iti ağıla malik olan hər bir insan istənilən fəaliyyət növünü mənimsəyə və müvəffəqiyyətlə gerçəkləşdirə bilər.

Avtobioqrafiya tərcümə edilərkən müxtəlif mənbələrdən istifadə edilmiş, Pensilvaniya dövlət universitetinin B.Franklin haqqında materialları ilə tutuşdurulmuşdur.

ÖN SÖZ

«Avtobioqrafiya» Franklinin ən böyük və ən məşhur əsərlərindən biridir; 1771-ci ildə İngiltərədə başlanmış və uzun illər ərzində yazılmışdır. Məktub-larından göründüyü kimi, Franklin «Avtobioqrafiya»-nı ömrünün sonuna kimi yazmaq fikrindəymiş, lakin ictimai-siyasi fəaliyyəti və son illərdə pisləşmiş səhhəti nəzərdə tutulanları həyata keçirməyə mane olmuş-dur. Ona görə də «Avtobioqrafiya» Pensilvaniyanın əyalət məclisinin səlahiyyətli nümayəndəsi kimi göndərilmiş Franklinin Londona gəlib çıxması xəbəri ilə bitir. «Avtobioqrafiya»nın birinci hissəsi oğlu Uilyam Franklinə (Nyu-Cersinin gələcək qubernatoruna) məktub şəklində yazılıb. «Avtobioqrafiya» ilk dəfə Franklinin ölümündən sonra, 1791-ci ildə fransız dilinə tərcümədə nəşr edilmişdir.

I FƏSİL

Əziz oğlum!

Mən əcdadlarım haqqında məlumat toplamağa həmişə maraq göstərmişəm. Səninlə birlikdə İngiltərədə səyahətdə olanda, sağ olan qohumlarımı necə sorğu-suala tutduğumu yəqin ki, xatırlayırsan. Həya-tımın sənə məlum olmayan müxtəlif cəhətlərinin sənin də marağına səbəb olacağını nəzərə alıb, masa arxasına keçir, alacağım ləzzəti hiss edərək yazmağa başlayıram. Məni qələmimi itiləməyə digər səbəblər də vadar edir. Soy kökümün nə varlı, nə tanınmış, özümün ilk illərimin isə kasıbçılıqla keçməsinə baxmayaraq mən həyatda böyük nüfuz sahibi olmağı bacardım və müəyyən mənada məşhurluq qazandım. Uğur məni həyatımın sonrakı dövrlərində də müşayiət etdiyindən, hesab etdim ki, mənim bu qədər müvəffəqiyyəti hansı ilahi qüvvənin köməkliyi ilə qazandığım gələcək nəsillərin də marağına səbəb olacaq. Kim bilir, bəlkə onlar da buna bənzər şəraitdə mənim hərəkətlərimi təqlid edəcəklər.

Mən uğurlarım haqda fikirləşəndə – bunu isə kifayət qədər tez-tez edirəm – hiss edirəm ki, həyatımı təkrarən bu cür yaşamağa etiraz etməzdim. Lakin bircə şərtlə – yazıçılar öz əsərlərinin növbəti nəşrlərinə düzəliş etdiyi kimi mən də həyatımın bir neçə epizodunu, pisini yaxşı ilə əvəz etməklə dəyiş-mək istərdim. Hər halda, bunu edə bilməyəcəyim təqdirdə də, bu həyatı yenidən yaşayardım. Bu cür təkrarı etmək mümkün olmadığından, keçmişi qaytarmağın ən yaxşı yolu xatirələri yenidən canlandırmaqdır. Onların uzun müddət qalması üçün isə ən məqbul variant onları yazı ilə ifadə etməkdir.

Vaxtımı bu cür keçirməklə, müəyyən mənada, mən də özləri və işləri haqqında danışmağı xoşlayan qocalar kimi edirəm. Lakin onlardan fərqli olaraq, heç kimi yaşıma görə mənə qulaq asmağa məcbur etmədən, ləzzətlə işimə başlayıram – yazdıqlarımı oxumaq ya oxumamağı isə oxucularımın ixtiyarına buraxıram. Və, nəhayət etiraf edim ki (bunu inkar etsəydim belə, heç kim inanmayacaqdı), bununla müəyyən dərəcədə öz şöhrətpərəstliyimi də razı salıram. Həqiqətən də, mən «lovğalanmadan deyə bilərəm ki», ifadəsindən sonra bunu deyən adamın özündən müştəbeh bir bəyanat vermədiyinə heç vaxt rast gəlməmişəm.

Özünün nə dərəcədə şöhrətpərəst olmasından asılı olmayaraq, adamların çoxu yaxınlarının müştə-behliyini əsla qəbul etmir; mən isə hesab edirəm ki, şöhrətpərəstlik çox vaxt öz sahibinə, eləcə də bila-vasitə onun ətrafındakılara xeyir gətirir. Bir çox hallarda insanın Tanrıya digər müsbət keyfiyyətlərilə yanaşı öz müştəbehliyinə görə də təşəkkürünü bildir-məsi mənə qəribə görünməzdi.

Yaradan haqda danışanda, tam itaətkarlıqla etiraf etməliyəm ki, indiyə qədərki həyatımda qazandığım rifaha görə ilahi qüvvəyə borcluyam. Mənə uğur gətirən yolda istifadə etdiyim vasitələri məhz Onun köməyi sayəsində almışam. Buna inam mənə ümid verir, lakin mən həmişə arxayın olmamalıyam ki, Onun mərhəməti daim mənim üzərimdə olacaq, mənim xoşbəxtliyimi qoruyacaq və ya taleyin fəlakətli dəyişikliklərinə qarşı mübarizə aparmaq üçün daim mənə qüvvət verəcək; gələcəyin mənə nə vəd etdiyini yalnız bizə, hətta fəlakətlərimizdə də, xeyir-dua verən bilir.

Ailə tarixini öyrənməyə mənim qədər həvəsli olan bir əmimin verdiyi qeydlərə əsasən əcdadlarım haqqında müəyyən məlumatları toplaya bilmişdim. Öyrənmişdim ki, onlar Northemptonşirin Ekton kən-dində azı 300 il yaşayıblar və onların təqribən 30 akrlıq sahələri olub. Bundan əvvəli təyin etmək mənə müyəssər olmadı.

Əlbəttə ki, dəmirçiliklə məşğul olmasaydılar, bu kiçik torpaq sahəsi onları yedizdirə bilməzdi. Bu ənənə mənim əmilərimin vaxtına qədər qorunmuşdu. Adətən ailənin böyük oğlunu dəmirçilik sənətinə öyrədirdilər ki, mənim atam və əmim də bu qaydaya sadiq qalmışdılar. Ektondakı kilsə kitablarının kö-məyi ilə nəslimizin ölüm və nikah tarixlərini 1555-ci ilə qədər izləyə bildim, əvvəlki tarixlərin məlumat-ları isə kitablara yazılmırdı. Bu kitablardan məlum oldu ki, mən azı beş nəsildir ki, ailənin kiçik oğlu olmuşların kiçik oğluyam. 1598-ci ildə doğulmuş ulu babam Tomas öz peşəsilə məşğul olduğu müddətdə Ektonda yaşamışdır. Qocalığa görə işləyə bilmə-yəndə isə, Oksfordşirin Benberi şəhərində yaşayan oğlu Conun evinə köçür. O zamanlar atam bu evdə babamın şəyirdi idi. Elə orada da rəhmətə gedir və onu Benberidə dəfn edirlər. Biz onun başdaşını 1758-ci ildə görmüşdük. Onun böyük oğlu Tomas Ektondakı evində yaşamış və dünyasını dəyişəndə ev, torpağı ilə bir yerdə, onun yeganə qızına çat-mışdı. Qızının əri, Fişer adlı birisi isə evi həyətyanı sahəsi ilə birlikdə indiki sahibi cənab İstedə satmışdı. Babamın yetkinlik yaşına çatmış dörd oğlu var idi: Tom, Con, Bencamin və Cozaya. Hazırda mənim arxivim çox-çox uzaqlardadır, ona görə də orada olan məlumatları sənə yaddaşıma əsasən nəql edəcəyəm. Əgər mən olmayan müddətdə onlar it-bata düşməsə sən oradan bir çox əlavə məlumatları da əldə edə bilərsən.

Böyük əmim Tomas da atasının yolu ilə gedib dəmirçi olmalıydı, lakin xüsusi qabiliyyətə malik olduğundan kəndin dini icmasının ən nüfuzlu xadimi eskvayr Palmerin təkidi ilə, digər qardaşları kimi, oxumağını davam etdirərək vəkil oldu və qraflıqda böyük nüfuz sahibinə çevrildi. O nəinki, qraflığın, Northemptonun, həm də sakinlərini yaxşı tanıdığı doğma kəndinin də ictimai işlərində fəal surətdə iştirak edirdi. Lord Qalifaks onu çox dəyərləndirir və həmişə himayə edirdi. O, mən anadan olmamışdan dörd il qabaq, 1702-ci il, yanvar ayının 6-da dünya-sını dəyişmişdi. Yadımdadır, onu tanıyan qocalar Tomasın xarakteri barədə danışanda, onların heka-yəti səni heyrətləndirmişdi, belə ki, deyilənlər sənə məni xatırlatmışdı. Demişdin ki, – Əgər o, dörd il sonra, sən anadan olduğun gün haqq dünyasına qovuşsaydı, fərz etmək olardı ki, onun ruhu sənin bədəninə keçib.

Con, mənim digər əmim, səhv etmirəmsə, yun boyama sənətinə yiyələnmişdi. Bencamin isə ipək parça rəngləyən olmalı idi və bu sənəti Londonda öyrənirdi. O, qeyri-adi bir insan idi. Yadımdadır, mən balaca olanda, Bostona, atamın yanına köçərək, bizim evdə bir neçə il yaşadı da. Onlar dost idilər və mən onun xaç oğlu idim. O uzun müddət yaşadı. Ondan əlyazması şəklində 2 cild şeirlər kitabı qaldı. Bu, dostlarına xitabən yazılmış şeirlər idi. O, özünə-məxsus stenoqrafiya sistemini icad etmiş və mənə də öyrətmişdi. Lakin mən məşq etmədiyimdən, az sonra onu yadımdan çıxardım. O, kifayət qədər mömin insan olduğundan, ən yaxşı xətiblərin moizələrini dinləməyə gedərdi. Onda bu moizələrin özünəməxsus üsulla yazılmış bir neçə cild stenoqramı qalmışdı.

O, siyasətə də çox meyl göstərirdi, özü də ictimai mövqeyinə əsla uyğun gəlməyən dərəcədə. Bu yaxınlarda, Londonda, onun 1641-1717-ci illər arasında müxtəlif mövzuları əhatə edən əsas siyasi broşürlərinin toplusu əlimə keçmişdi. Nömrələrdən aydın olurdu ki, bir çox cildlər çatışmır, lakin bununla belə 8 cild in-folio (mətbəə vərəqinin ½-i) və 20 cild in-kvarto (mətbəə vərəqinin ¼-i) və in-oktavo (mətbəə vərəqinin 1/8-i) ölçülərində əsərləri qalmışdı. Məni tanıyan köhnə kitab satıcısı onları almış və mənə gətirmişdi. Yəqin ki, əmim onları, əlli il bundan əvvəl, Amerikaya getməzdən qabaq Londonda qoymuşdu. Mən broşürlərin qırağında onun qeydlərini gördüm. Onun nəvəsi, Samuil Franklin isə hələ də Bostonda yaşayır.

Bizim əsilzadə olmayan ailəmiz Reformasiya hərəkatına erkən qoşulmuşdu. Bizim əcdadlarımız papistlərin çıxışlarından yaranan təhlükələrə baxma-yaraq, kraliça Mariyanın vaxtından protestant olaraq qalırdılar1. Onların ingiliscə İncili vardı və onu etibarlı yerdə gizlətmək üçün, lentlə qatlama stulun üzlüyünün altına bərkidirdilər. Mənim ulu babam onu ailəsinə oxuyanda, stulu dizinin üzərində çevi-rər, sonra isə lentin altından İncilin səhifələrini vərəqlərdi. Dini məhkəmənin məmuru olan məhkəmə icraçısı gələndə evdəkilərə xəbər vermək üçün, uşaqlardan kimsə həmişə qapının ağzında dayanardı. Bu zaman stulu çevirərək yerinə qoyurdular və İncil həmişəki kimi öz gizli yerində qalırdı. Bu haqda mənə Bencamin əmim danışmışdı. II Karlın idarəçiliyinin sonuna qədər ailəmiz anqlikan kilsəsinin qoynunda qalırdı. Bu, ruhanilərin bir hissəsinin anqlikan kilsəsinin nizamnaməsini pozaraq, Northemptonda gizli dini mərasimlər keçirdiklərinə görə kilsədən qovulduqları vaxta qədər davam etdi. Mənim əmim Bencamin və atam Cozaya da onlara qoşuldular və həyatlarının axırlarına qədər onlara sadiq qaldılar. Ailənin digər üzvləri isə yepiskopal kilsənin himayəsində qaldılar.

Mənim atam gəncliyinin erkən çağında evlənmiş, 1685-ci ildə arvadını üç uşağı ilə birgə Yeni İngiltərəyə köçürmüşdü. O zamanlar artıq gizli dini yığıncaqlar qanunla qadağan olunduğundan və bu yığıncaqları tez-tez dağıtdıqlarından, atamın nüfuzlu tanışlarından bir çoxu Amerikaya köçməyə başladı. Və onu da inandırdılar ki, buraya köçsün. Hesab edirdilər ki, bu ölkədə heç kim onlara öz dini inanclarına etiqad etməyə maneçilik yaratmayacaq. Atamın birinci arvadından, orada, daha dörd övladı, ikinci arvadından isə on övladı dünyaya gəldi. Biz tam on yeddi nəfər olduq və mən onlardan on üçünü tez-tez bir stol ətrafında görürdüm. Onların hamısı yetkinlik yaşına çataraq öz ailələrini qurdular. İki qız uşağını nəzərə almasaq, ailənin ən kiçik oğlu mən idim. Yeni İngiltərədə, Boston şəhərində anadan olmuşdum. Atamın ikinci arvadı olan anam Yeni İngiltərəyə ilk köçənlərdən olmuş Piter Folgerin qızı Abiya Folger idi. Bu ölkənin «Magnalia Christi Americana»2 adlı kilsə tarixini yazmış Kotton Mezer P.Folgeri, səhv etmirəmsə, «mömin və alim ingiltərəli» adlandıraraq, hörmətlə yad edir. Eşitmiş-dim ki, o, müəyyən hadisələrlə bağlı bir neçə kiçik həcmli şeir yazıbmış ki, onlardan yalnız biri çap edilib. Bu şeiri mən çox sonralar oxudum. Bu şeir mənə tanış formatda 1675-ci ildə yazılmış və o zaman hakimiyyətdə olanlara ünvanlanmışdı. Müəllif bu şeirində vicdan azadlığından danışır, Anabaptistlərin, kvakerlərin və bir çox təqib edilən sektantların adından çıxış edirdi. O, hindularla müharibələri və ölkənin başına gələn digər fəlakətləri bu təqiblərin nəticəsi hesab edir, bu hadisələrdə edilmiş iyrənc cinayətlərə görə, Tanrının qəzəbinin təzahürlərini görür, mərhəmətə və şəfqətə zidd olan bu qanunların dəyişdirilməsinə çağırırdı. Açıq etiraf və səmimi qəlbdən gələn bu əsər mənə çox təsir etdi. İlk sətirlərin yadımdan çıxmasına baxmayaraq son altı sətir dəqiq yadımda qalmışdı; sətirlərin mənası o idi ki, Piterin tənələri xeyirxah arzularından doğurdu, elə buna görə də istəyirdi ki, müəllifliyi hamıya məlum olsun.

 
Böhtana ürəkdən nifrət etdiyim üçün,
Yaşadığım Şerberndən öz imzamla yazıram.
Sizi təhqir eləmək fikrində olmayan
Piter Folger adlanan sizin əsil dostunuz.
 

Bütün qardaşlarım yetkinlik yaşına çatana qədər hansısa bir sənətə yiyələnirdilər. Məni isə yaşım səkkizə çatanda qrammatika məktəbinə3 vermişdilər. Atam istəyirdi ki, onun onuncu oğlu kilsəyə xidmət etsin. Oxumağa maraq həyatımın ilk illərindən yarandığından (oxuya bilmədiyim vaxtlar yadıma gəlmir), eləcə də dostlarının, yaxşı şagird olacağım haqqında iddiaları onun niyyətini daha qəti edirdi.

Bunu əmim Bencamin də tövsiyə edirdi. Buna görə də stenoqramla yazılmış moizələrini mənə verməyi məsləhət görmüşdü. Hesab edirdi ki, onun stenoqrafik metodunu öyrənə bilsəm, bu yazıların mənə köməyi dəyə bilər. Lakin qrammatika məktəbinə bir ildən də az müddət ərzində gedə bildim, baxmayaraq ki, az müddət ərzində sinfin ortabablarından öncüllərinə çevrildim və məni birinci sinifdən ikinci sinfə keçirtdilər, ilin axırına qədər isə üçüncü sinfə keçirtməli idilər.

Lakin atam, çox böyük ailəsi olduğundan, ali təhsil almaq üçün mənə maddi kömək edə bilmirdi, bundan başqa, yanımda, dostlarının birinə demişdi ki, bu sənət adama çox az üstünlüklər verir. Atam ilkin planından imtina edir və məni qrammatika məktəbindən çıxarıb, yazı yazmağı və hesabı öyrədən məktəbə qoyur. Bu məktəbi o vaxtlar məşhur olan Corc Braunell saxlayırdı. Braunell həvəsləndirmə metodunun köməyi ilə böyük nailiyyətlər qazanmış pedaqoq idi. Onun rəhbərliyi altında yaxşı yazmağı çox tez öyrəndim, lakin hesabı çətin qavradığımdan bu sahədə çox da uzağa gedə bilmədim. On yaşım olanda atam məni məktəbdən çıxartdı və mən onun emalatxanasında köməkçi kimi işləməyə başladım. O vaxtlar atam piy şamları düzəldər və sabun bişirərdi. Bu atamın ilkin sənəti deyildi, sadəcə olaraq o, Yeni İngiltərəyə gələndən sonra, müəyyən etmişdi ki, boyaqçılıq burada o qədər də lazımlı peşə deyil və bununla ailəni saxlamaq mümkün olmayacaq. Bax beləcə fitilləri kəsir, şam qəliblərini doldururdu. Dükanında isə mən ona kömək edirdim, bir sözlə buyruq qulu idim.

Bu sənət heç xoşuma gəlmirdi. Məni dəniz özünə çəkirdi. Atam isə buna sərt etirazını bildirirdi, lakin suyun kənarında yaşadığımdan onun həm altında, həm də üstündə bir xeyli vaxt keçirirdim. Yaxşı üzməyi və qayıq sürməyi öyrəndim. Digər oğlan uşaqları ilə bir yerdə olanda isə çox vaxt sükan mənə etibar edilirdi, xüsusən də çətin vəziyyətlər olanda; ümumiyyətlə, bir çox hallarda dəstə başçısı olurdum, bəzən isə onların hoqqalarının da başında dururdum. O vaxt düzgün tətbiqini tapmasa da, onlardan birini ictimai təşəbbüskarlıq ruhunun məndə nə qədər erkən oyandığına misal kimi söyləyəcəyəm.

Dəyirman nohurunun yanında şoranlıq var idi. Daşqın zamanı onun sahilində qumlaqçı adlanan çay balıqlarını tutardıq. Biz bu yeri o qədər tapdalamışdıq ki, oralar tamam bataqlığa çevrilmişdi. Mən təklif etdim ki, orada körpüyə oxşayan nəsə quraq. Bu zaman dostlarıma şoranlığın kənarında tikiləcək yeni ev üçün gətirilmiş bir yığın daş qalağını göstərdim. Bu daşlar bizim məqsədimizə tamamilə uyğun gəlirdi. Axşamçağı, fəhlələr getdikdən sonra, səylə işə başladıq. Biz daşları iki-üç nəfərlə götürərək, balaca körpümüz hazır olanacan, qarışqa kimi işlədik. Ertəsi gün fəhlələr körpünün tikintisinə sərf olunmuş daşların itdiyini aşkar etdilər. Sorğu-sualdan sonra bizi tapdılar və valideynlərimizə şikayət etdilər. Bəzilərimiz atalarımızdan uyğun öyüd-nəsihət dinləməli olduq. Faydalı iş gördüyümüzü sübut etməyə çalışsam da atam məni inandırdı ki, əyri yolla görülmüş iş xeyirli ola bilməz.

Mənə elə gəlir ki, sən atamın necə insan oldu-ğunu bilmək istəyərdin. O, sağlam, orta boylu, lakin mütənasib bədənli və böyük fiziki qüvvəyə malik birisi idi. Onun məntiqli ağlı var idi, yaxşı şəkil çəkirdi, musiqi təlimi görmüşdü, gur və eyni zamanda məlahətli səsi var idi; işdən sonra skripkasında çalaraq, pəsdən oxuyanda onu dinləməkdən zövq alırdım. Onun mexanikliyi də var idi, digər peşə sahiblərinin alətlərindən də ustalıqla istifadə edə bilirdi. Lakin onun ən əsas müsbət cəhəti mürəkkəb ictimai və ya şəxsi işlərə aid məsələnin mahiyyətini başa düşmək bacarığında idi. Düzdür, çoxsaylı ailə üzvlərinin tərbiyə məsələləri və ailəsinin kifayət qədər çətin vəziyyəti ona ictimai işlərlə məşğul olmağa imkan vermirdi, lakin mənim yadımdadır ki, tanınmış adamlar onun şəhər və kilsə məsələlərinə dair rəyini öyrənmək üçün yanına gələr, onun fikir və mülahizələrinə hörmətlə yanaşardılar.

Ayrı-ayrı şəxslər də, öz çətinliklərilə bağlı, ona müraciət edər və onu mübahisə edən tərəflər arasında münsif seçərdilər. O, ağıllı söhbət apara bilən dost və qonşulardan hansısa birinin nahar vaxtı onunla bir stol arxasında oturmasını istəyirdi; atam bu zaman çalışırdı ki, maraqlı bir mövzu ətrafında müzakirələr getsin ki, biz uşaqlara bunun xeyri dəysin. Belə üsullarla o, bizim diqqətimizi xeyirxah işlərə və ağıllı-kamallı əməllərə doğru yönəldirdi; və demək olar ki, masanın üstündəki yeməklərə az və ya ümumiyyətlə heç fikir verməzdi; əsla müzakirə edilməzdi ki, bu yeməklər ilin fəsillərinə uyğun gəlir ya gəlmir, digər müvafiq taamlardan keyfiyyətinə görə üstündür ya yox, yaxşı və ya pis hazırlanıb və s. Uşaqlıqdan belə məsələlərə fikir verməyə öyrəncəli olmadığımdan, indinin özündə də, verilən xörəyin keyfiyyəti mənim üçün heç bir məna daşımır və bir neçə saatdan sonra zorla yada sala bilirəm ki, ümumiyyətlə nə yemişdim. Bu mənə səyahətlərim zamanı çox üstünlüklər verirdi, belə ki, yol yoldaşlarım səyahət zamanı bəzən, verilən yeməklərin keyfiyyəti pis olduqda, özlərini az qala bədbəxt hesab edirdilər.

Anam da çox sağlam qadın idi. Özünün on uşağının hamısını əmizdirə bilmişdi. Atam və ana-mın nə vaxtsa xəstələndikləri yadıma gəlmir; o səksən doqquz yaşında, anam isə səksən beş yaşında vəfat etmişlər. Onlar Bostonda birgə dəfn olunmuşdular və onların mərmər baş daşlarında belə yazılmışdı:

Cozay Franklin və onun arvadı Abiya burada dəfn olunmuşlar. Onlar birgə əlli beş il xoşbəxt yaşamışlar. Mülklərinin və böyük vəzifələrinin olmamasına baxmayaraq, zəhmət və çalışqanlıqla (Allahın xeyir-duası ilə) – onlar böyük ailəni firavanlıqla saxlamış, ləyaqətlə on üç övlad və yeddi nəvə böyütmüşlər. Hörmətli oxucu, qoy onların bu həyatı səni öz işlərində həvəsləndirsin və həmişə İlahi qüvvəyə inandırsın. Atam mömin və tədbirli insan idi. Anam isə təvazökar və xeyirxah qadın idi. Bu başdaşını, ehtiram əlaməti olaraq, onların xatirəsinə kiçik oğlu qoymuşdur. C.F. 1655-ci ildə anadan olmuş – 1744-cü ildə 89 yaşında vəfat etmişdir, A.F. 1667-ci ildə anadan olmuş – 1752-ci ildə 85 yaşında vəfat etmişdir.

Mən tez-tez öz xatirələrimdən kənara çıxıram, bundan da belə nəticəyə gəlirəm ki, artıq qocalmışam. Əvvəllər mən daha düzənli yazardım. Amma evin içində olanda heç vaxt bala gedən kimi bəzənib-düzənmirlər. Bəlkə də bu, sadəcə səliqəsizlikdir. Bilmirəm.

Beləliklə, əvvəlki mətləbə qayıdaq: iki il ərzində, yəni on iki yaşıma qədər atama kömək etdim. Hər şeydən görünürdü ki, bu peşəyə uşaqlıqdan yiyələn-miş qardaşım Con evləndikdən, atamdan ayrılaraq Rod-Aylenddə öz işini açandan sonra, onun yerini tutaraq şam bişirmək ustası olmalı idim. Lakin bu peşəyə meylim o qədər az idi ki, mənim üçün daha məqbul iş tapmayacağı halda itaətdən çıxacağımı və Cozay kimi dənizçi olacağımı atam da hiss edirdi. Ona görə məni özü ilə gəzintiyə çıxararaq dülgərləri, bənnaları, tornaçıları, misgərləri və digər sənət sahiblərini iş başında göstərirdi ki, nəyə həvəs etdiyimi bilsin və təki mən quruda qalım. Yaxşı ustaların öz alətlərindən məharətlə istifadə etməsindən həmişə ləzzət alırdım. Bunun mənə həm də o köməyi oldu ki, müxtəlif alətlərdən istifadə etmək vərdişinə yiyələndim və evdə, usta tapmaq mümkün olmadıqda müəyyən işləri görə bildim. Bundan başqa təcrübələrim üçün kiçik maşınlar da düzəldə bilirdim. Nəhayət, atam qərara gəldi ki, məndən bıçaqçı usta alına bilər və məni bir neçə günlük sınaq müddəti ilə Londonda bu peşəni öyrənib Bostonda işləməyə gəlmiş Bencamin əmimin oğlu Samuilin yanına düzəltdi. Lakin o, məni öyrətmək üçün elə bir qiymət oxudu ki, atam hirsləndi və məni yenidən evə götürdü.

Kiçik yaşlarımdan kitab oxumağı dəlicəsinə sevirdim və əlimə keçən pulları kitab almaq üçün yığırdım. Mən səyahət etməyi də çox xoşlayırdım. İlk aldığım kitablar Benianın əsərləri idi. Sonralar onları satdım ki, Bertonun tarixə aid əsərlərini ala bilim; bunlar küçə alverçisindən ucuz qiymətə aldığım qırxadək kiçik kitabçalar idi. Atamın kiçik kitabxanasında olan dini-polemik əsərlərin çoxunu isə artıq oxumuşdum. Qeyd etmək istəyirəm ki, biliklərə meylim olduğu vaxtlar əlimə müvafiq kitabların keçməməsinə indiyə qədər təəssüf edirəm, belə ki, o vaxtlar ruhani olmayacağım artıq dəqiqləşmişdi. Bu kitabların sırasında ucadan oxuduğum Plutarxın4 «Müqayisəli tərcümeyi-hallar» əsəri var idi və indi də hesab edirəm ki, onun mənə çox köməyi olub. Eləcə də, onun kitablarının arasında Defonun «Layihələrin təcrübəsi»5 və doktor Mezerin «Yaxşılığı necə etməli» əsərləri də vardı. Bu kitablar, ola bilsin ki, dini dünyagörüşümə əhəmiyyətli dərəcədə təsir etmişdi ki, bu da özünü həyatımın bir sıra əsas hadisələrində açıq şəkildə göstərmişdi.

Kitaba olan meyillilik axırda ona gətirdi ki, atam məni çapçı etmək fikrinə düşdü. Onu da qeyd edim ki, onun oğlanlarından biri artıq bu sənətlə məşğul olurdu. 1717-ci ildə qardaşım Ceyms İngiltərədən qayıdanda, Bostonda mətbəə açmaq üçün özü ilə çap dəzgahı və şriftlər də gətirmişdi. Atamın sə-nətinə nisbətən, bu iş mənim daha çox xoşuma gəlsə də dəniz məni əvvəlki kimi özünə çəkirdi. Atam isə bu həvəsimin nəticələrindən ehtiyat etdiyi üçün, qardaşımla aramda rəsmi müqavilə öhdəlikləri yaranmasını istəyirdi. Müəyyən müddət buna qarşı müqavimət göstərsəm də nəhayət, təzyiqlərə tab gətirməyərək, şəyirdliyə qəbul müqaviləsinə imza atdım. Bu zaman mənim cəmi on iki yaşım var idi. Müqaviləyə görə mən iyirmi bir yaşım tamam olana qədər şəyird işləyəcəkdim, özü də yalnız sonuncu il əsl işçi maaşı alacaqdım. Çox qısa zamanda bu işlərdə əhəmiyyətli müvəffəqiyyətlər qazanaraq qardaşıma böyük kömək etmiş oldum. İndi mənim daha yaxşı kitablara çıxışım vardı. Mən kitab ticarəti ilə məşğul olanların köməkçiləri ilə tanış olurdum və bu mənə imkan verirdi ki, gah bir, gah digər kitabı müvəqqəti oxumağa götürüm; oxuduğum kitabları da çalışırdım ki, vaxtında, səliqəli vəziyyətdə yiyələrinə qaytarım. Əgər kitab mənə axşam verilmiş və heç kimin duyuq düşməməsi üçün səhər yerinə qoyulmalı idisə onları öz otağımda, az qala bir gecəyə oxumağa çalışırdım.

Bir müddətdən sonra əla kitabxanası olan və tez-tez bizim mətbəəyə gələn Metyu Adams adlı ağıllı və açıqfikirli tacirin diqqətini cəlb etdim. O, məni öz kitabxanasına dəvət etdi və lütfkarlıqla istədiyim kitabı oxumaq üçün götürməyi təklif etdi. İndi məni poeziya cəlb etməyə başladı və bir neçə şeir də yazdım. Qardaşım hesab etdi ki, bununla qazanmaq olar və məni ədibliyə həvəsləndirdi. Onun təkidi ilə mən iki ballada yazdım. Onlardan biri qəzaya uğramış gəminin kapitanı Uortileyk və onun iki qızı haqqında «Mayakın yanındakı faciə», ikincisi isə «Məşhur «Tiç» gəmisinin zəbti ilə əlaqədar matrosun mahnısı və ya «Qara saqqal» adlı dəniz qulduru» balladaları idi. Bu əsərlər küçə balladaları stilində yazılmış zəif əsərlər idi. Qardaşım onları satmaq üçün məni şəhərə yolladı. Birinci balladanı az qala əlimdən qaparaq alırdılar, belə ki, təsvir edilmiş hadisə böyük səs-küyə səbəb olmuşdu. Bu uğur mənim heysiyyatımı xoş tərzdə qıdıqladı, lakin atamın buna münasibəti məni çaşdırdı. O, şeirlərimə güldü və bildirdi ki, şairlər həmişə dilənçi kimi yaşayırlar. Beləliklə, mən şair olmaq, özü də pis şair olmaq təhlükəsindən xilas oldum. Lakin nəsrlə yazdığım əsərlərin həyatım boyu mənə xeyri dəydiyinə, uğurlarımın əsas səbəblərindən biri olduğuna görə, bu sahədə müəyyən ustalığa necə nail olduğumu sənə söyləmək istəyirəm.

Şəhərdə yaxın tanışlıq etdiyim Con Kollinz adlı daha bir gənc kitabsevər var idi. Bəzən biz mübahisə edir və söz güləşdirməyi çox sevirdik. İllah da bir-birimizi təkzib etmək əsas məqsədlərimizdən birinə çevrilmişdi. Elə buradaca qeyd etməliyəm ki, höcətləşməyə meyl pis vərdişə çevriləndə adamı cəmiyyət içərisində dözülməz vəziyyətə gətirə bilər. Belə ki, bu zaman insan ucdantutma hamıya etiraz etməyə başlayır ki, bu da, öz növbəsində, nəinki söhbəti zəhərləyir, həm də dostluq edilə biləcək kəslər tərəfindən nifrət və ədavətlə qarşılanır. Mən bu vərdişi atamın dini-polemik məzmunlu kitablarını oxuyanda əldə etmişdim. O vaxtdan da əmin olmuşdum ki, hüquqşünaslar, universitet işçiləri və Edinburqda təhsil almışları çıxsaq, sağlam düşüncəli insanlar nadir hallarda özlərini belə aparırlar.

Bir dəfə, səbəbi indi yadımda deyil, Kollinzlə aramızda belə bir disput yarandı ki, qadınlara təhsil vermək nə dərəcədə məqsədəuyğundur və ümumiy-yətlə, onların buna qabiliyyəti çatır ya yox. Onun nəzər nöqtəsi belə idi ki, bu onlara lazım deyil və təbiətən onlar buna uyğunlaşmayıblar. Mən, bəlkə də ancaq mübahisə etmək xatirinə ona əks mövqe tutmuşdum. O, təbiətən böyük söz ehtiyatına malik, bəlağətli danışmaq ustası idi. Bəzən mənə elə gəlirdi ki, ona arqumentlərinin güclü olduğundan deyil, söz güləşdirmək məharətinə görə uduzuram. Biz ümumi məxrəcə gəlmədik. Növbəti görüşümüzə isə çox var idi. Ona görə də qərara gəldim ki, öz dəlillərimi yazılı bildirim. Fikirlərimi ağlamaya köçürərək ona göndərdim. O, mənə cavab yazdı, mən isə cavaba cavab yazıb ona göndərdim. Bax beləcə, hər birimiz üç və ya dörd məktub yazdıq. Təsadüfən bu məktub-lar başqa kağızlarla birgə, atamın əlinə keçdi və o, bu yazışmalarla tanış oldu. O bu hadisədən istifadə edərək, toxunulmuş sualın məziyyətləri haqqında heç nə demədən, mənimlə ədəbi üslub haqqında danışmağa başladı. Bildirdi ki, nöqtə-vergül (punktuasiya) və imla səhvlərinin rəqibimə nisbətən az olmasına baxmayaraq (o bunu mətbəədə işləməyimə borclu olduğumu bildirdi), mən tərəf-müqabilimə məntiqi ardıcıllıqda və ifadə bacarığında uduzuram. O, bunu misallarla sübut etdi. Onun iradlarının doğru olduğunu gördüm, öz üslubuma diqqət etməyə və nəyin bahasına olursa olsun, onu yaxşılaşdırmağa qərar verdim.

Təqribən, elə o vaxtlar, «Tamaşaçı»6 əsərinin külliyyatından bir cild əlimə keçdi. Bu, əsərin üçüncü cildi idi. İndiyə qədər də bu əsərin digər cildlərini görməmişəm. Mən bu kitabı aldım və onu bir neçə dəfə başdan ayağa oxudum. Bu kitaba heyran olmuşdum. Kitabın üslubu məni valeh etmişdi və qərara gəldim ki, onu bacardığım qədər təqlid edim. Bundan ötrü mən bir neçə hekayəni götürüb oradakı ifadələrin məzmununu qısaca qeyd etdim. Bir neçə gündən sonra isə, hekayələri yazdığım qeydlər əsasında bərpa etməyə başladım. Bu zaman çalışırdım ki, kitaba baxmadan, orijinalda istifadə edilmiş ifadələrin məna çalarlarına uyğun sözlərlə onları yenidən canlandırım. Sonra özümün «Tamaşaçı»mı orijinalla müqayisə edir, səhvlərimi görür və onları düzəldirdim. Lakin məlum oldu ki, ya mənim lüğət ehtiyatın azdır, ya da hələlik səriştəm kifayət qədər deyil. Buna görə də fikirləşdim ki, şeir yazmaq məşğuliyyətini davam etdirmiş olsaydım yəqin aldığım nəticə daha məqbul olardı. Güman ki, sinonimlərin tapılması və qafiyə axtarışları məni müxtəlifliyə təhrik edəcək, tapılan sözləri hafizəmdə möhkəmlədəcək və məni sözün tam sahibinə çevirəcəkdi. Onda mən «Tamaşaçı»da çap olunmuş hekayələrdən bəzilərini nəzmə çəkdim; orijinal yadımdan çıxdıqdan sonra isə şeiri yenidən nəsrə qaytarmağa başladım.

Bəzən konspekt xarakterli yazılarımı nizamsız olaraq qarışdırır və onları bir neçə həftədən sonra, bitkin ifadələr tərtib edərək hekayələri tamamla-maqdan qabaq daha yaxşı yerləşdirməyə çalışırdım. Bu, nizamlı təfəkkürün yaranmasına kömək etməli idi. Yazdıqlarımı orijinalla müqayisə etdikdə çoxlu səhvlər tapır və onları düzəldirdim. Bəzən isə, fikrən lovğalanırdım ki, bəzi xırda təfsilatlarda dili və ya nəqli yaxşılaşdıra bilmişəm. Bu isə məndə belə bir ümid yaradırdı ki, gələcəkdə heç də pis yazıçı olmayacağam. Bu təmrinləri etmək üçün yalnız işdən sonra – gecələr və ya işdən əvvəl – səhərlər vaxt ayıra bilirdim. Bazar günləri isə, atam bunu tələb etsə də, mümkün olduğu qədər, ictimai ibadətə getməkdən yayınaraq mətbəədə qalmağa çalışırdım. Atamın hamiliyində olan zaman bu işi görməyə məcbur idim, indi də hesab edirəm ki, bazar günü ibadətləri yerinə yetirilməsi vacib olan bir işdir, lakin o vaxtlar hesab edirdim ki, buna vaxt sərf etməyə imkanım yoxdur. Mənim on altı yaşım olanda Trayon adlı birisinin vegetarian qida haqqındakı kitabı əlimə düşdü. Vegetarian olmaq qərarına gəldim. Qardaşım evli olmayan vaxtlarında, özünün təsərrüfatını saxlamır və şəyirdləri ilə birgə başqa ailədə yemək yeyirdi. Mənim ətdən imtina etməyim narahatlığa səbəb olurdu və məni bu qəribəliyimə görə tez-tez tənbeh edirdilər. Trayonun kitabçasından mən tövsiyə olunan bəzi yeməklərin – kartof, düyü, tez hazırlanan pudinq və başqalarının necə bişirilməsini öyrəndim; qardaşıma təklif etdim ki, əgər o mənim yeməyim üçün sərf olunan pulun yarısını mənə versə yeməyimi özüm hazırlayaram. O, dərhal buna razılıq verdi və az sonra müəyyən etdim ki, mənə verdiyi pulun yarısına da qənaət edə bilirəm. Beləliklə, kitab almaq üçün əlavə fondum yarandı. Bu mənə daha bir üstünlük verdi. Qardaşım və digərləri nahar fasiləsinə mətbəədən gedir, mən isə orada tək qalırdım; tez qəlyanaltı edərək (mənim yeməyim suxarıdan və ya bir tikə çörəkdən, bir ovuc kişmişdən və ya qənnadı məmulatından və bir stəkan sudan ibarət idi) onlar gələnə qədər qalan vaxtımdan özüm istədiyim kimi istifadə edirdim; az yeyib-içdiyimə görə beynim iti işlədiyindən həmin vaxt ərzində çox şey edə bilirdim. Məktəbdə iki dəfə hesabdan kəsilmişdim, onu yaxşı bilmədiyimdən bir neçə dəfə pis vəziyyətə düşmüşdüm; Kokkerin hesab7 dərsliyini əlimə götürüb heç bir çətinlik çəkmədən öhdəsindən gəldim. Bundan başqa Celler və Sterminin naviqasiyaya aid kitabını da oxudum, lakin həndəsənin başlanğıcını tam şəkildə öyrənə bilmədim. Təqribən elə o zaman da mən Lokkun «İnsanın idrakı haqqında» və Por-Royaldan8 olan cənabların «Təfəkkürün sənəti» əsərlərini oxudum.

Mən çox istəyirdim ki, nitqimi yaxşılaşdırım və səhv etmirəmsə, Qrinvudun ingilis qrammatikası əsəri ilə tanış oldum. Kitabın sonunda ritorika və məntiq sənəti haqqında iki oçerki oxudum. Axırıncı oçerkdə Sokrat metodundan bəhs edilirdi. Az sonra isə Ksenofontun9 «Sokrat haqqında xatirələr» kita-bını tapdım ki, orada bu metoddan istifadə etməklə müxtəlif misallar göstərilirdi. Mən bu metoda məf-tun olmuşdum və onun tətbiqinə başladım; artıq nə inkardan istifadə edir, nə də pozitiv arqumentlər gətirməklə məşğul idim, sadəcə, bəzən itaətkarcasına suallar verirdim. Bundan başqa, Şeftsberi və Kollinzi oxuduğumdan, skeptikə çevrilmişdim, – onsuz da bizim dini doktrinalara skeptik yanaşırdım – və belə bir nəticəyə gəlmişdim ki, bu, özüm üçün ən təhlükəsiz, əleyhinə işlətdiyim müsahiblər üçünsə kifayət qədər karıxdırıcı bir metoddur; buna görə bu metoddan ləzzət alırdım, fasiləsiz onu təcrübədən keçirirdim və kifayət qədər ağıllı adamların, nəticəsini əvvəlcədən görə bilməyəcəkləri səhvlər etməsinə nail ola bilirdim; bu zaman onlar çıxılması çətin olan vəziyyətə düşürdülər; bu üsulla nə özümün, nə də müdafiə etdiyim tezisin əsla layiq olmadığı qələbələr qazanırdım.

Bu metoddan bir neçə il istifadə etdim, lakin zaman keçdikcə mübahisə predmeti ola biləcək mövzular haqqında «əlbəttə», «şübhəsiz» kimi sözlər işlətməkdən imtina edərək, fikrimi – «mənə elə gəlir ki, bu məsələ .... cürdür» və ya «.......səbəbdən belə demək olar ki…», «səhv etmirəmsə, onda....» kimi formalardan istifadə etməklə təvazökarcasına bildirmək vərdişini saxladım. Bu vərdiş sonralar, insanları haqlı olduğuma inandırmaq və ya hansısa bir işi etmək üçün onların razılığını almaq lazım gəldikdə, dəfələrlə işimə yaradı. Hər bir söhbətin əsasında digərlərini öyrətmək və ya özün öyrənmək, kiməsə zövq vermək və ya kimisə inandırmaq durursa, mən istərdim ki, yaxşı niyyətli insanlar özlərinin əsaslı dəlillərinin qüvvəsini, danışıqlarına təkəbbürlülük, lovğalıq çalarları verməklə azaltmasınlar; bu danışıq üsulu, demək olar ki, həmişə, dinləyicilərdə nifrət hissinin yaranmasına səbəb olur, onları qərəzkarlığa kökləyir, bir sözlə tamamilə əks nəticələrə gətirib çıxarır. Əgər siz digərlərini öyrətmək istəyirsinizsə, fikrin doqmatik, bir mənalı sərt dillə çatdırılması əks təsirə səbəb ola və sizi axıra qədər dinləməyə maneçilik törədə bilər. Əgər siz başqalarından bilik almaq istəyirsinizsə, özünüzün indiki baxışlarınıza sadiqliyinizi bəyan etməməlisiniz; mübahisələri sevməyən təvazökar və dərrakəli insanlar yəqin ki sizə öz yanlış fikrinizlə qalmağa imkan verəcəklər. Əgər siz öz ədalarınızdan əl çəkməsəniz, çətin ki, dinləyicilərinizə xoş təəssürat bağışlayasınız və ya kimisə inandıra biləsiniz ki, sizə dəstək versin və ya sizinlə həmrəy olsun. Poup haqlı olaraq deyir:

 
Elə öyrət ki, öyrətdiyin hiss edilməsin,
Tanış olmayanısa yaddan çıxmış kimi de.
 

Onun digər məsləhətləri də var:

Qətiyyətli, amma hiss ediləcək təvazökarlıqla danış.

Fikrimcə, bunu daha az uyğun gələn sətirə bir-ləşdirilmiş dıgər sətirlə birləşdirmək olardı:

Təvazökarlığın qıtlığı – ağlın qıtlığının göstə-ricisidir.

Digər sətrin niyə daha az uyğun gəldiyini soruşsanız

Nəzakətsiz sözləri heç nə ilə bağışlamaq olmaz,

Çünki təvazökarlığın qıtlığı – ağlın qıtlığının göstəricisidir iqtibasını gətirəcəyəm.

Məgər ağlın azlığı (bu məsələdə adamın bəxti gətirməyibsə) təvazökarlığın azlığı üçün müəyyən üzr deyil? Bu sətirləri belə oxumaq daha düzgün olmazdımı:

Nəzakətsiz sözlərə yalnız təvazökarliğin qıtlığının – ağlın azlığının göstəricisi olması ilə bəraət qazandırmaq olar.

Lakin bu məsələdə son qərarı daha səriştəli şəxslər verə bilər.

Qardaşım 1720 və ya 1721-ci ildə qəzet nəşr etməyə başladı. Bu, Amerikada çıxmağa başlayan ikinci qəzet idi və «Nyu-İnqlend kurant» adlanırdı. Onun yeganə sələfinin adı «Boston nyus-letter» idi. Yadımdadır, bəzi dostları qardaşımı bu işdən əl çəkməyə çağırırdılar. Hesab edirdilər ki, bu ümidsiz bir işdir, belə ki, Amerika üçün bir qəzet tamamilə kifayətdir. Hazırda, yəni 1771-ci ildə, onların sayı iyirmi beşdən az deyil. O, hər halda, bu işə başladı; mən növbəti nömrəni yığıb çapa verdikdən sonra qəzetləri abunəçilərə çatdırmalı idim. Onun tanışları arasında istedadlı adamlar çox idi və onlar əyləncə xatirinə onun qəzeti üçün kiçik əsərlər yazırdılar ki, bu da qəzetin nüfuzunun və ona tələbatın artmasına səbəb olurdu. Bu centlmenlər tez-tez bizə baş çəkir-dilər. Onların əsərlərinin uğurları haqqında eşidəndən sonra, səbirsizliklə özümü bu sahədə sınamaq istə-yirdim. Lakin hələ balaca olduğumdan qorxurdum ki, qardaşım öz qəzetində müəllifi olduğum yaradı-cılıq nümunələrini çap etməsin. Bu səbəbdən də, xəttimi dəyişərək yazdığım anonim əsəri gecə ikən xəlvəti mətbəənin qapısının altına qoydum. Səhər əsər «tapıldı» və həmişəki kimi mətbəəyə gələn dostların mühakiməsinə verildi. Onlar mənim yanımdaca yazımı təhlil etdilər və onların tərifindən böyük ləzzət aldım; onlar yazının müəllifini tapmağa cəhd edərək, ağlı və alimliyi ilə seçilənlərin hamısını sadaladılar. İndi hesab edirəm ki, münsiflər sarıdan bəxtim gətirmişdi və onlar fikirləşdiyim qədər də böyük bilici deyildilər. Belə başlanğıcdan ruhlanaraq, daha bir neçə əsər yazıb, eyni üsulla çapa göndərdim və onlar da təqdir edildi. Sirrimi bu növ əsərlər yazmağa olan xırda təbim tükənənə qədər saxladım; həqiqəti açandan sonra isə qardaşımın tanışları mənimlə bir qədər daha artıq hesablaşmağa başladılar.

Qardaşımın isə bu xoşuna gəlmədi, hesab edirdi ki, özümü «darta» bilərəm. Ola bilsin ki, o vaxtlar aramızda baş verən incikliklərin səbəblərindən biri də elə bu idi. O, qardaşım olsa da, özünü mənim ağam, məni isə şəyirdi hesab etdiyindən, başqalarından tələb etdiyini, məndən də tələb edirdi; mən isə onlardan bəzilərini özüm üçün alçaldıcı hesab edir və ondan, bir qardaş kimi, daha artıq güzəştlər gözləyirdim. Bizim mübahisələrimizi çox vaxt atam çözməli olurdu. Haqlı olduğum və ya arqumentlərimi daha dolğun əsaslandıra bildiyimdən, verilən qərar adətən mənim xeyrimə olurdu. Lakin, qardaşım kəmhövsələ idi və məni tez-tez döyürdü ki, bundan möhkəm inciyirdim. Düşünürəm ki, onun mənə göstərdiyi sərt və qəddar münasibətin, həyatım boyu məni müşayiət edən hər hansı despotik qüvvəyə qarşı nifrətimin yaranmasında müstəsna rolu olmuşdur. Mənim şəyirdliyim çox ağır keçirdi və mən qardaşım əsəbiləşəndə məni necə döydüyünü həmişə təəssüf hissi ilə xatırlayırdım, hərçənd ki, o, qalan işlərdə o qədər də pis adam deyildi. Ola bilsin ki, mən həddən artıq özündən razı və ötkəm olmuşam.

Qəzetimizdə siyasi məsələlərə dair çıxan məqalələrin birini assambleya özü üçün təhqiramiz hesab etdi. Qardaşımı həbs etdilər, ona töhmət elan edib, assambleya sədrinin yazılı göstərişinə əsasən bir aylıq zindana saldılar. Hesab edirəm ki, müəllifin adını açmaq istəmədiyinə görə belə etdilər. Məni də həbs edib, şurada dindirdilər. Lakin bu onlara heç bir məmnunluq gətirmədi və onlar nəsihət verməklə kifayətlənib məni azad etdilər. Yəqin belə hesab etdilər ki, mən yalnız şəyirdəm və sahibimin sirlərini gizli saxlamağa borcluyam. Qardaşım həbsdə olan zaman (şəxsi münasibətlərdə olan ixtilaflarımıza baxmayaraq buna təəssüf edirdim) qəzetə mən rəh-bərlik etdim, özü də bir neçə dəfə idarəedənlərə qarşı açıq çıxışa cürət göstərdim. Qardaşım buna xeyir-xahcasına yanaşdı. Başqalarında isə, mənimlə bağlı, böhtan və satiraya meyilli gənc istedad təəssüratı yarandı.

Qardaşımın azad olunması qəribə bir əmrlə müşayiət edildi: «Cems Franklin bundan sonra «Nyu-İnqlend kurant» adlı qəzet buraxa bilməz». Bununla əlaqədar mətbəədə dostlarımızın iştirakı ilə kiçik iclas keçirildi. Bəziləri çıxış yolunu qəzetin adını dəyişməkdə görürdülər. Qardaşım isə hesab etdi ki, bu bir sıra narahatlıqlara gətirəcək, ona görə də yaxşı olar ki, qəzet «Bencamin Franklin», yəni mənim adımla çıxsın. Assambleya tərəfindən qəzetin usta köməkçisinin buraxması ilə əlaqədar hər hansı məzəmmətdən yaxa qurtarmaq üçün qərara alındı ki, haqq-hesabımın tam verildiyini göstərməklə mənim köhnə müqaviləmə xitam verilsin; bu kontraktı lazım olanda təqdim etmək olardı. Qardaşımın xidmətlərimdən sonralar da istifadə edə bilməsi üçün isə qalan dövrü əhatə edən yeni müqaviləyə imza atmalı idim və bu gizli saxlanılmalı idi. Bu çox etibarsız plan idi, lakin hər necə olsa da onu dərhal həyata keçirdilər və qəzet bir neçə ay mənim adımla çıxdı.

Qardaşımla münasibətlərimiz yenidən kəskin-ləşən zaman, ondan azad olmaq üçün bu şansdan yararlanmaq fikrinə düşdüm. Hesab edirdim ki, o, ikinci kontraktı heç bir halda üzə çıxarmaz. Bundan istifadə etməyim yaxşı iş deyildi və hesab edirəm ki, bu həyatımda buraxdığım ilk səhvlərdən biri idi. Lakin bu hərəkətin pis olub-olmamasının mənim üçün fərqi yox idi, çünki həmişə kontraktdakı müddəti necə azaltmağı fikirləşirdim. Və belə bir imkan tam təsadüfən yaranmışdı.

Qardaşım biləndə ki, mən çıxıb getmək istəyirəm, elə etdi ki, şəhərdə olan mətbəələrin heç biri məni işə götürmədi; bundan ötrü o, şəhərdəki bütün mətbəələrə gedərək sahibləri ilə bir-bir danışdı. Nəticədə onların heç birində iş tapa bilmədim. Onda mətbəəsi olan ən yaxın şəhərə, Nyu-Yorka köçmək haqqında fikirləşməyə başladım; mən artıq Bostonu tərk etməyə meyilli idim, belə fikirləşirdim ki, onsuz da hakim partiya üçün kifayət qədər arzuolunmaz adamam; assambleyanın qardaşıma qarşı özbaşına-lığı, burada qalsam, belə bir münasibətlə mənim də üzləşəcəyimə əsas verirdi; dinə qarşı səbirsiz çıxış-larım adamların məni allahsız və bütpərəst hesab etməyə başlamasına gətirmişdi. Nyu-Yorka getməyə qəti qərar verəndən sonra artıq atam da mənə qarşı qardaşımla birləşmişdi və bilirdim ki, açıq şəkildə çıxıb getmək istəsəm onlar müqavimət göstərməyə çalışacaqlar. Dostum Kollinz qərara aldı ki, qaçma-ğıma kömək etsin. O, Nyu-Yorka gedən balaca qayığın kapitanına belə bir uydurma danışdı ki, guya münasibətlərim olduğu yüngül əxlaqlı bir qızın valideynləri məni onunla evlənməyə məcbur edirlər, bu səbəbdən də mən açıq şəkildə heç yerə gedə bilmirəm. Müəyyən miqdar pul əldə etmək üçün kitablarımın bir hissəsini sataraq, gizlincə qayığa mindim və üç gündən sonra, artıq on yeddi yaşında (6 oktyabr 1723-cü ildə), cibimdə qara qəpik və ya hər hansı bir zəmanət məktubu olmadan, doğma evimdən üç yüz mil uzaqlıqda olan Nyu-York şəhərinə gəldim.

II FƏSİL

Dənizə olan həvəsim artıq keçib getmişdi, əks halda onu asanlıqla təmin edə bilərdim. Başqa bir sənəti kifayət qədər öyrəndiyim və özümü yaxşı usta hesab etdiyimdən xidmətimi buradakı naşir Vilyam Bredforda (o, Pensilvaniyanın birinci çapçısı idi, lakin qubernator Corc Keyslə mübahisədən sonra oranı tərk etmişdi) təklif etdim. Mənə yer verə bilmədi, belə ki, işləri az, şəyirdləri isə kifayət qədər idi. «Amma, – o dedi, – mənim Filadelfiyada işləyən oğlumun baş köməkçisi Akvil Rouz bu yaxınlarda vəfat edib. Əgər sən ora getmək istəsən, hesab edirəm ki, sənin üçün iş tapılar». Filadelfiya yüzlərcə mil uzaqlıqda yerləşirdi. Mən Anboya qısa yolla gedən gəmiyə oturdum, sandıq və digər şeylərimi isə dolayı yolla – dənizdən keçməklə göndərdim.

Biz körfəzi keçən zaman tufan qopdu və gəminin çürümüş yelkənləri parça-parça olduğundan limana girə bilmədik. Tufan bizi Lonq-Aylendə qovdu. Bu gəzinti zamanı, sərnişinlərdən biri – kefli hollandiyalı suya düşdü. O artıq batmaqda idi ki, mən bortdan əyilib onun pırtlaşıq saçlı başından tutdum; onu özümə tərəf çəkərək digər sərnişinlərin köməyi ilə gəmiyə qaldırdım. Çimmək onu bir az ayıltdı və yatmağa getməmişdən əvvəl cibindən bir kitabça çıxarıb, qurutmaq üçün mənə verdi. Bu mənim sevimli müəllifim olan Benianın holland dilinə tərcümə edilmiş «Zəvvarın səyahəti»10 kitabı idi. Bu kitab yaxşı kağızda, xırda şriftlərlə, mis üzərində qravüralı çap edilmişdi; mən, onun doğma dilində nəşr edilmiş belə keyfiyyətli kitab hələ görməmiş-dim. Sonralar öyrəndim ki, bu əsər bir çox avropa dillərinə tərcümə edilib və ola bilsin ki, Bibliya istisna olmaqla, ən çox oxunan kitabdır. Səmimi Con mənim tanıdığım əsərlərində nəqli və dialoqu növbə-ləşdirən ilk yazıçı idi. Bununla oxucuda elə təəssürat yaranırdı ki, sanki əsərin maraqlı hissələrində qəhrə-manlarla bir yerdədir və onların söhbətinə qulaq asır. Defo özünün «Robinzon Kruzo», «Moll Flenders» və başqa əsərlərində, Riçardson isə özünün «Pamelo»sunda bu priyomdan məharətlə istifadə etmişdilər.

Adaya yaxınlaşanda gördük ki, hündür dalğala-rın daş sahilə çırpıldığı bu yerdə sahilə yan ala bilməyəcəyik. Onda biz lövbəri salaraq, kanatı sahilə doğru tulladıq. Adanın bəzi sakinləri sahilə yaxınla-şaraq, bizə nə isə deməyə çalışırdılar, biz də öz növbəmizdə onlara tərəf çığırırdıq, lakin külək güclü olduğundan, ləpədöyən isə böyük səs-küy yaratdı-ğından bir-birimizi başa düşə bilmirdik. Sahildə bir neçə qayığın olduğunu görüb, sahildəkiləri başa salmaq istəyirdik ki, bizi bu qayıqlarda sahilə çıxar-sınlar. Onlar isə ya bizi başa düşmədilər, ya da belə havada qayıqla gəmiyə yaxınlaşmaqdan çəkindikləri üçün çıxıb getdilər. Gecə yaxınlaşırdı, küləyin gücü aşağı düşənə qədər gözləməkdən ayrı əlacımız qal-mamışdı; gəminin sahibi ilə birlikdə qərara aldıq ki, bir az yuxumuzu almaq üçün, göyərtənin altına, islanmış hollandiyalının yanına enək. Narın yağan yağış oturduğumuz yerə sızdığından, biz də elə onun kimi islandıq. Biz bütün gecəni beləcə, istirahətsiz keçirtdik; səhərisi gün külək səngidiyindən, kursu-muzu Amboya götürdük. Artıq 30 saatdan çox idi ki, keyfiyyətsiz romdan başqa heç bir yemək-içməyimiz olmadan şor suda üzürdük.

Axşam qızdırdığımı hiss etdim və çarpayıya uzandım. Haradasa oxumuşdum ki, çoxlu su içərək tərləmək qızdırmaya kömək edir, bu reseptə əməl edərək bütün gecəni möhkəm tərlədim və qızdırmam kəsdi. Səhər, gəmi-bərə quruya çıxdıqdan sonra səyahətimi piyada davam etdirdim. Berlinqtona hələ 50 mil qalırdı. Oradan isə, Filadelfiyaya, deyilənə görə, qayıqla getməli idim.

Bütün günü yağış yağdığından iliyimə kimi islandım və günortaya yaxın bərk yoruldum; ona görə də, miskin görünüşlü bir mehmanxanada qal-mağa məcbur oldum və gecəni orada keçirtdim, artıq evdən çıxdığıma görə peşimanlıq hiss etməyə başla-mışdım. Bundan başqa görünüşüm də o qədər yaxşı təsir bağışlamırdı. Verilən suallardan hiss edirdim ki, mənə qaçaq qulluqçu kimi baxırlar və bu şübhə ilə tutulmaq qorxum var. Lakin növbəti gün yolumu davam etdirərək Berlinqtonun səkkiz və ya on milliyindəki mehmanxanaya çatdım. Oranın sahibi doktor Braun adlı birisi idi. Yemək yediyim müddətdə o mənimlə söhbətləşdi və müəyyən edəndə ki, nə isə oxumuşam bundan çox məmnun qaldı. Bizim tanışlığımız onun həyatının sonuna qədər davam etdi. O, zənnimcə səyyar həkim idi, ona görə də İngiltərə və ya Avropanın elə bir şəhəri yox idi ki, onun haqqında mükəmməl danışa bilməsin. Onun müəyyən ədəbi savadı və iti ağlı var idi. Lakin bu onun allahsız olmağına əsla maneçilik törətmirdi və bir neçə ildən sonra Kotton11 Vergiliyə qarşı çıxan kimi, o da ədəbsiz şeirlərilə İncilə qarşı çıxmağa başladı. O, bir çox faktları xoşagəlməz nöqteyi-nəzərdən qələmə almağa başlamışdı ki, bu da ağıllarda çaxnaşmalara səbəb ola bilərdi. Xoşbəxtlikdən yazdıqlarını çap etdirmədiyi üçün bu, baş vermədi.

Bu gecəni onun evində qalıb, səhərisi Berlinq-tona yetişdim. Burada məni məyusluq gözləyirdi, belə ki, reys qayıqları mən gəlməmişdən bir az əvvəl yola düşdüyündən bir də çərşənbə axşamı olacaqdı, bu gün isə yalnız şənbə idi. Onda yenidən şəhərə qayıdıb, su ilə səyahət edən zaman yemək üçün bir qədər zəncəfilli pryanik aldığım yaşlı qadından məsləhət istədim. O, qayıqlar gələnə qədər evində qalmağı təklif etdi. Artıq piyada səyahətlərdən yorulmuşdum və təklifini həmən qəbul etdim. O, biləndə ki, mən çapçıyam, istədi ki, bu şəhərdə qalıb öz peşəm ilə məşğul olum. Lakin o bunu nə qədər avadanlıq lazım olduğunu bilmədiyindən demişdi. O çox qonaqpərvər idi, sidqi-ürəklə məni öküz başından hazırlanmış xörəyə qonaq etdi, əvəzində isə məndən yalnız bir parç pivə qəbul etdı. Mən artıq razılaşmışdım ki, çərşənbə axşamına qədər burada qalım. Lakin axşam çayın sahilində gəzişərkən, gördüm ki, sahilə bir qayıq yan alır və öyrəndim ki, bu qayıq bir neçə sərnişinlə Filadelfiyaya doğru gedir. Onlar məni götürməyə razı oldular və külək olmadığına görə, yol boyu avar çəkmək məcburiyyətində qaldıq; şəhər hələ də görünmədiyindən, təqribən gecə yarısı, bəzi sərnişinlər bildirdilər ki, görünür biz şəhəri keçmişik, ona görə də avar çəkməyi dayandırmaq lazımdır, digərləri isə ümumiyyətlə harada olduğumuzu bilmirdilər. Biz sahilə yan aldıq, balaca bir buxtada, köhnə çəpərin yanında dayandıq və onun dirəklərindən tonqal qaladıq (axı artıq soyuq bir oktyabr gecəsi idi). Səhər buxtadan çıxan kimi yol yoldaşlarımdan biri Kuper buxtasını tanıdı, o, Filadelfiyadan bir az yuxarıda yerləşirdi. Biz Filadelfiyaya səhər saat səkkiz ya da doqquzda çatdıq və Markit-stritin yanında yerləşən körpüyə yan aldıq.

Səyahətimi ona görə bu qədər müfəssəl yazı-ram və bundan belə də yazacağam ki, düşdüyüm ağır vəziyyətlə indiki mövqeyimi xəyalən müqayisə edə biləsən. Əynimdə fəhlə paltarı idi. Kostyumum isə dolayı yolla, dənizlə gəlməli idi. Bu səyahətdən son-ra çox çirkli idim, ciblərim corab və köynəklərimlə dolu idi; mən burada heç kimi tanımırdım və təsəvvürümə belə gətirmirdim ki, harada mənzil kirayə edə bilərəm. Piyada gəzmək, avar çəkmək və yuxusuzluq məni taqətdən salmışdı. Çox ac idim, cibimdə cəmi bir dollar və mis sikkələrdən ibarət təqribən bir şillinq pulum var idi. Mən bu pulları qayıqçılara verdim. Onlar əvvəlcə mənim də avar çəkdiyimi bildirərək, pulları götürmək istəmirdilər, lakin mən təkidlə gediş haqqını ödəmək istəyirdim. Bəzən insan pulu az olanda daha səxavətli olur, nəinki pullu olanda. Bəlkə bu ona görə baş verir ki, heç kim onun pulunun az olduğunu düşünməsin.

Ətrafa baxa-baxa küçəyuxarı gedirdim. Markit-stritə çatanda, əlində çörək aparan bir oğlanla rast-laşdım. Çox vaxt yediyim quru çörək olduğundan, onu haradan aldığını öyrənən kimi göstərilən çörək dükanına getdim. Bostonda aldığım suxarilərdən istədim, lakin görünür Filadelfiyada onları hazırlamırdılar. Onda çörəkçidən mənə üç pennilik bir çörək verməsini istədim, amma bildirdilər ki, onlarda belə çörək olmur. Buradakı çörəyin növlərini və onların qiymətlərini bilmədiyimdən, çörəkçidən xahiş etdim ki, üç penniyə nə isə versin. O mənə üç böyük və yumşaq bulka verdi. Verilən miqdara təəccüb etdim, amma bulkaları götürdüm və ciblərimdə yer olmadığından, hərəsini bir qoltuğuma vuraraq, üçüncüsünü yeməyə başladım. Bu görkəmdə Markit-stritdən, gələcək arvadımın atası – Mister Ridin qapısının yanından keçərək (yəqin bu zaman qapılarının yanında dayanan qız məni görüb fikirləşibmiş ki, yaman qəribə və yarımvəhşi görkəmim var) For-stritə qədər getdim; Sonra bulkamı ötürə-ötürə Çestnet-strit və Uolnet-strit küçələri aşağı addımladım. Küçəni dönəndən sonra Market-strit körpüsünün, üzüb gəldiyimiz qayığın yanına çatdım. Burada bulkadan doyunca yeyib, çay suyundan içdikdən sonra, qalan iki bulkanı qayıqda birgə gəldiyim və bundan sonra hələ yoluna davam etməli olacaq uşaqlı qadına verdim.

Qarnımı bu cür bərkidəndən sonra, yenidən küçə ilə qalxmağa başladım. Artıq küçədə səliqəli geyinmiş adamların sayı artmışdı və onların hamısı bir istiqamətdə gedirdilər; mən də onlara qoşuldum və kvakerlərin bazarın yanında yerləşən ibadətxana-sına girdim. Onların arasında oturdum və keçən gecəni yatmayıb bərk yorulduğumdan heç bir şey eşitmədən yatdım. İbadətin axırında isə rəhmli birisi məni ayıltdı. Bu, Filadelfiyada ilk baş çəkdiyim və yatdığım ev idi.

Sonra yenə aşağı, çaya tərəf düşməyə başladım. Bu zaman xoşsifət gənc kvakerdən qalmaq üçün yer soruşdum. Biz «Üç dənizçi» mehmanxanasının yanında idik; həmin evi göstərərək bildirdi ki, «bura gəlmələr üçün müsafir evidir, amma şəhərdə pis ad çıxarıb; mənimlə getsən, sənə daha yaxşı yer göstə-rərəm». O məni Uoter-stritdəki «Azmışların yurdu» adlı mehmanxanaya gətirdi. Burada mənə nahar verdilər. Məni gənc sifətimə və görünüşümə görə qaçqına bənzədib, naharı yeyənə qədər bir neçə bic sual verdilər.

Nahardan sonra buranın sahibi mənim çarpa-yımı göstərdi, soyunmadan uzanaraq, şam yeməyinə çağırılana qədər yatdım. Axşam saat altıda yeməyimi yeyib səhərə kimi yenə də möhkəm yatdım. Səhər mümkün qədər səliqəli geyinib, çap ustası Endrü Bredfordun yanına getdim. Mətbəədə onun Nyu-Yorkda gördüyüm atası ilə rastlaşdım, o, atla Filadelfiyaya məndən tez gəlmişdi. Məni oğlu ilə tanış etdi; o məni gülərüzlə qarşıladı, səhər yeməyinə qonaq etdi, amma bildirdi ki, artıq başqa birisini işə qəbul etdiyindən hazırda köməkçiyə ehtiyacı yoxdur. Lakin bu yaxınlarda şəhərə Keymer adlı bir çapçı gəlib, bəlkə onda sənin üçün iş tapılar. Əgər alınmasa yeni vakansiya əmələ gələnə qədər evində qalmağımı və xırda işlərində ona kömək göstərməyimi təklif etdi.

Yaşlı centlemen dedi ki, çapçıgilə mənimlə birlikdə gedəcək. Biz ora çatanda, Bredford dedi: «Qonşu, yanına səninlə eyni sənətlə məşğul olan cavan adam gətirmişəm; ola bilsin ki, sənə gərək olar». O, bir neçə sual verərək, necə işlədiyimi gör-mək üçün verstatkanı mənə uzatdı. Sonra bildirdi ki, hələlik onun işi yoxdur, amma tezliklə məni işə gö-türəcək. Keymer əvvəllər Bredfordu görmədiyindən hesab etdi ki, o, ona rəğbət bəsləyən şəhərlilərdən biridir və gələcək planları haqqında danışmağa başladı; Bredford bu şəhərdə çalışan digər çapçının atası olduğunu bildirmədi. Keymer bildirəndə ki, burada olan işlərin böyük hüssəsini əlinə almağa çalışacaq, Bredford hiyləgər sualları və əsassız şübhələri ilə ondan planlarının bütün təfsilatını, o cümlədən ona kimin arxa dura biləcəyinə ümid etdiyini öyrəndi. Onların yanında dayanıb bütün söhbətləri eşidirdim. O dəqiqə başa düşdüm ki, onlardan biri qoca hiyləgər, digəri isə sütül bir naşıdır. Bredford gedəndən sonra Keymerə bu qocanın kim olduğunu bildirəndə o, son dərəcə təəccübləndi.

Keymerin tipoqrafiyası köhnə, sınıq çap maşınından və çox da böyük olmayan yeyilmiş ingilis şriftləri komplektindən ibarət idi. O, hazırda bunun köməkliyi ilə, yuxarıda qeyd edilmiş, şəhərdə böyük hörməti və etibarı olan, assambleyanın gənc şair katibi Akvil Rouz haqqında elegiyanı yığırdı. Keymer də şeir yazırdı, lakin şeirləri kifayət qədər bekara idi. Əslində onları heç yazmırdı da, ekspromtla, birbaşa literlə yığırdı. Onun orijinal əlyazması olmadığından iki mətbəə kassasında olan şriftlərin hamısı elegiyasına sərf oluna bilərdi və bu halda ona heç kim kömək edə bilməzdi. Qərara aldım ki, onun dəzgahını sahmana salmağa cəhd edim (Keymer ondan hələ istifadə etmirdi və necə istifadə edəcəyini də anlamırdı) və söz verdim ki, dəzgahı hazır vəziyyətə gətirəndən sonra onun elegiyasını çap edəcəyəm. Bundan sonra Bredfordun yanına qayıtdım və o, mənə hələlik kiçik bir iş tapşırdı. Onun yanında yaşayır və yeməyimi də elə orada yeyirdim. Bir neçə gündən sonra Keymer dalımca adam göndərdi ki, gəlib elegiyanı çap edim. İndi onun daha iki kassası və çap ediləcək kitabçası var idi.

Mənə məlum oldu ki, bu iki çapçıdan heç biri işinin ustası deyil. Bredford bu sənəti öyrənməmişdi və savadsız idi; Keymer isə bəzi şeyləri bilməyinə baxmayaraq, mətbəə işindən başı çıxmayan adi mürəttib idi. O, «fransız münəccimlərindən» idi və söhbət zamanı onlar kimi əl-qol atmağı bacarırdı. Təsvir etdiyim dövrdə konkret bir dinə yox, qismən hamısına inanırdı. Məişət işlərini pis anlayır və sonralar müəyyən etdiyim kimi, xasiyyətcə də fırıldaqçı idi. Bredfordun evində yaşayıb, onun yanında işləməyim Keymerin xoşuna gəlmirdi. Düzdür, onun evi var idi, lakin lazımi avadanlıqları olmadığından məni orada yerləşdirə bilmirdi; lakin o, məni evinin sahibinin, yuxarıda danışdığım mister Ridin evinə köçürdü. O vaxta qədər mənim sandığım və paltarlarım da gəlib çıxdı və mənim indiki görünüşüm o vaxt miss Ridin məni gördüyündən xeyli münasib idi.

Mənim oxumaq həvəskarı olan tanışlarım əmələ gəlməyə başladı. Onlarla xoş axşamlar keçirirdim, səylə çalışdığıma və sadə həyat tərzi sürdüyümə görə qazancım da məni görürdü. Öz həyatımdan razı idim və mümkün olduğu qədər, Bostonu yadımdan çıxarmağa çalışırdım; istəmirdim ki, oralarda harada yerləşdiyimi bilsinlər. Bu haqda yalnız mənim dostum Kollinz bilirdi və sirrimi gizlin saxlayırdı. Sonralar elə bir hadisə baş verdi ki, düşündüyümdən də tez geriyə qayıtmalı oldum. Robert Homs adlı yeznəm var idi. O, Bostonla Delaver arasında işləyən qayığın sahibi idi. Bir dəfə Filadelfiyadan qırx mil aşağıda yerləşmiş Nyukasl şəhərində olarkən, haqqımda eşitmiş və mənə məktub göndərmişdi. Məktubunda mənim gözlənilməz gedişimin Bostonda yaşayan dost və qohumlarımı narahat etdiyini yazır və inandırmağa çalışırdı ki, onların mənə qarşı münasibəti mülayim olaraq qalır. İsrarla təkid edirdi ki, geri qayıtsam hər şey istədiyim kimi olacaq. Cavab məktubumda təşəkkürümü bildirdim və Bostondan getmə səbəblərini təfsilatı ilə yazdım ki, addımlarımın doğruluğuna şübhə yeri qalmasın.

Əyalətin o vaxtkı qubernatoru ser Uilyam Keys Nyukaslda imiş və kapitan Homs onunla söhbətləşən zaman məktubumu gətirirlər. Kapitan haqqımda qubernatora danışıb, məktubumu ona göstərir. Qubernator məktubumu oxuyur və yaşımın azlığını biləndə, zənnimcə çox təəccüblənir. O deyir ki, mən ümid verən cavan adam təəssüratı bağışlayıram və buna görə də məni himayə etmək lazımdır. Filadelfiyadakı çapçılar zəif olduqlarından, orada məskunlaşacağım halda uğur qazanacağıma əsla şübhə etmir və məni dövlət sifarişləri ilə təmin edəcəyinə və bacardığı köməyi göstərəcəyinə söz verir. Bütün bunları sonradan, Bostonda olarkən mənə Holms danışmışdı. Onda bütün bunları bilmirdim; və bir dəfə Keymerlə birgə pəncərənin yanında işləyəndə biz qubernatoru və zövqlə geyinmiş bir centlemeni (o, Delaver vilayətinin Nyukasl şəhərindən olan polkovnik Frenç idi) gördük. Onlar küçəni keçərək bizim evə yaxınlaşdılar və qapımızın yanında səslərini eşitdik.

Onun yanına gəldiklərini düşünən Keymer cəld aşağı yüyürdü; lakin qubernator mənim haqqımda soruşaraq birbaşa yuxarı qalxdı, çox iltifatla və gülər üzlə, gözləmədiyim tərzdə bir neçə kompliment söylədi. Şəhərə gəldikdən sonra özümü təqdim etmədiyimə görə dilucu məzəmmət edərək məni əla keyfiyyətli maderadan dadmaq üçün, polkovnik Frençlə birlikdə getdikləri tavernaya dəvət etdi. Mən xeyli təəccüblənmişdim, Keymerin isə bu təklifdən gözləri kəlləsinə çıxmışdı. Təklifi qəbul edərək qubernator və polkovnik Frençlə birgə Üçüncü küçənin tinindəki tavernaya getdik və orada içki stolu arxasında şəxsi mətbəəmi açmağa kömək göstərməyi təklif etdi. O, işin müvəffəqiyyətinə şübhə etmədiyini söylədi. Həm o, həm də polkovnik Frenç məni əmin etdilər ki, bu işdə fəal iştirak edəcəklər və hər iki hökumətin dövlət sifarişlərini ala bilməyim üçün öz nüfuzlarından istifadə edəcəklər. Atamın mənə köməklik göstərəcəyinə inanmadığımı bildirdikdə, ser Uilyam bu işin üstünlükləri barədə ona məktub yollayacağını və bu məktubun atamın qərarına müsbət təsir edəcəyini dedi. Beləliklə, qərara alındı ki, mən ilk gəmi ilə Bostona qayıdıb, atama qubernatorun zəmanət məktubunu çatdırım. Bu niyyəti gizli saxlamaq lazım idi və mən Keymerlə həmişəki işimi görürdüm. Qubernatorun bəzən məni nahar yeməyinə dəvət etməsini və onun sadə, mehriban, dostcasına etdiyi söhbətləri özümə qarşı böyük ehtiram əlaməti hesab edirdim.

Təqribən 1724-cü ilin aprel ayında kiçik bir gəmi Bostona yola düşməli idi. Dostlarımla görüş-mək bəhanəsi ilə Keymerdən icazə aldım. Quber-nator mənə haqqımda kifayət qədər tərifli sözlər yazılmış zəmanət məktubu verdi. Orada tövsiyə edilirdi ki, atam Filadelfiyadakı layihəmə köməklik etsin, çünki onun sözlərinə görə, bu layihə məni varlandırmalıdır. Körfəz boyu aşağı gedərkən gəmi-miz saya oturdu və deşildi; dəniz fırtınalı idi və suyu tez-tez çəkmək məcburiyyətində qalırdıq. Bu prosesdə mən də aktiv iştirak edirdim. Hər halda iki həftədən sonra sağ-salamat Bostona yetişə bildik. Mən buradan yeddi aydır ki getmişdim. Yeznə Homs hələ qayıtmadığı və məktublarında mənim barəmdə yazmadığından dostlarım mənim haqqımda heç nə bilmirdilər. Mənim gözlənilməz qayıdışım ailəmi təəccübləndirdi. Lakin qardaşım istisna olmaqla, hamı məni görməyinə şad idi. Mən onun mətbəəsinə baş çəkdim. Geyimim, onun mətbəəsində işlədiyim zamanlarda olandan daha yaxşı idi: əynimdə dəbdə olan təzə kostyum, saat, cibimdə isə azı beş funt gümüş pulum var idi. Qardaşım məni kifayət qədər soyuq qarşıladı və təpədən dırnağa qədər süzərək işini davam etdirdi.

İşçilər isə məni sorğu-suala tutdular. Onlara Filadelfiyanı çox tərif etdim və qeyd etdim ki, mən ora qayıdacağam; onlardan biri orada işlədilən pullar haqqında soruşanda, bir ovuc gümüş pulu onların qabağına tökdüm. Bu onlar üçün nadir mənzərə idi, belə ki, Bostonda yalnız kağız pullardan istifadə olunurdu. İmkandan istifadə edərək onlara saatımı da göstərdim (qardaşım yenə də hirsli və qaşqabaqlı idi), içki içmələri üçün bir dollar verdim və sağollaşdım. Bu gəlişim qardaşımı deyilməyəcək dərəcədə təhqir etmişdi. Sonralar anam barışıq haqqında söz salıb, yenə də bizim xoş münasibətlərimizi görmək istədiyini bildirəndə qardaşım qayıtdı ki, mən onu işçilərinin yanında təhqir etmişəm, o bunu heç vaxt yadından çıxara bilməyəcək və məni bağışlamayacaq. Lakin bu məsələdə o yanılırdı.

Qubernatorun məktubu atamı bir qədər təəc-cübləndirmişdi, lakin bu haqda bir neçə gün heç nə danışmadı. Kapitan Homs geri qayıtdıqda, o məktu-bu göstərərək soruşdu ki, Keysi tanıyırmı və o, ümumiyyətlə, necə adamdır. Yetkinlik yaşına üç ildən sonra çatacaq adama öz işini açmaqda kömək etməyin o qədər də ağıllı iş olmadığını əlavə etməyi də unutmadı. Homs bu planın lehinə ağlına gələn bütün dəlilləri gətirsə də, atam hesab etdi ki, bu niyyət tamamilə əsassızdır və nəhayət, bu təşəbbüsü qətiyyətlə rədd etdi. Eyni zamanda ser Uilyama nəzakətli məktub yazaraq məni himayə etmək təşəbbüsünə görə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, şəxsi mətbəə açmaq üçün heç bir köməklik göstərə bilməyəcək, çünki gənc olduğuma görə, bu cür vacib işə rəhbərliyi mənə etibar edə bilməz. Ən əsası isə, avadanlıqların alınması üçün böyük vəsait tələb olunur.

Poçtda mirzə işləyən, köhnə dostum Kollinz yeni yaşayış yerim haqqında danışdıqlarımdan vəcdə gələrək, qətiyyətlə oraya köçmək istəyini bildirdi. Atamın qərarını gözləyənə qədər, o, riyaziyyat və fizika sahəsində əsərlərdən ibarət qiymətli külliyyatını yanımda qoyaraq, quru yolla Rod-Aylendə yola düşdü. Mən bu kitabları öz yükümlə birgə Nyu-Yorka aparmalı və orada onu gözləməli idim.

Atam ser Uilyamın təklifini bəyənməsə də, yeni qərar tutduğum yerin tanınmış şəxsinin fərəhverici rəyindən, eləcə də çox az bir zamanda işgüzarlıq və qənaətcilliyim hesabına belə yaxşı geyinməyimdən razı qalmışdı. Qardaşımla münasibətlərimin düzəlməsinə ümidi olmadığına görə, Filadelfiyaya dönməyimə etirazını bildirmədi və tövsiyə etdi ki, yeni yerimdə özümü ləyaqətlə aparım, onların hörmətini qazanım, fikrincə meyilli olduğum həcv və böhtan yazmaqdan uzaq olum. Dedi ki, iyirmi bir yaşıma çatanda, israrlı səylərimin və qənaətcilliyimin hesabına artıq öz işimi açmaq üçün pulum olacaqdır və müəyyən qədər vəsaitim çatmasa o, üstünü düzəltməkdə mənə kömək edə biləcəkdir. Mənə məhəbbətlərini göstərmək üçün atam və anamın verdikləri kiçik hədiyyələrdən başqa aldığım yalnız bu vədlər, bir də keçən dəfəkindən fərqli xeyir-duaları oldu.

Qayıq Rod-Aylendin Nyuportunda lövbərini salanda bir neçə il bundan əvvəl evlənərək burada məskunlaşan qardaşıma baş çəkdim. Münasibətləri-miz həmişə çox xoş olduğundan, məni mehribanca-sına qarşıladı. Veron adlı qardaşımın dostlarından biri xahiş etdi ki, Pensilvaniyada ona borclu olan şəxslərdən otuz beş funt nağd pulu alıb, ondan necə istifadə olunacağı ilə bağlı göstərişini alanacan, özümdə saxlayım. O mənə etibarnamə də verdi. Bu iş sonralar mənim üçün ciddi başağrısına çevrildi.

Nyuportda bizim gəmiyə, birgə səyahətə çıxmış iki gənc qadın və qulluqçuları ilə birgə matronaya bənzəyən təkəbbürlü kvaker xanım da daxil olmaqla daha bir neçə sərnişin mindi. Göstərdiyim bir neçə kiçik xidmətə görə azacıq rəğbətini qazandığım bu xanım görəndə ki, bütün günümü (məni bu işə həvəsləndirən) iki cavan xanımla keçirirəm, məni kənara çəkərək dedi: «Cavan oğlan, mən səndən çox narahatam, çünki, sənin buralarda məsləhət verəcək bir dostun yoxdur və məişət məsələlərində də səriş-təli olmadığın aydın görünür. Sənin kimi gənclərin necə tora salındığından da bixəbərsən. İnandırım səni ki, bunlar yaramaz qadınlardır; bu onların hərəkətlərindən sezilir; əgər ayıq-sayıq olmasan səni işə salacaqlar; axı onları tanımırsan. Sənə dostcasına məsləhət görürəm ki, elə öz xeyrin üçün uzaq durub onlarla heç bir münasibətə girməyəsən». Gənc qadınlar haqqında pis bir şey fikirləşmədiyimdən nəzərimdən qaçmış bəzi gördüyü və eşitdiyi şeyləri yaşlı xanım mənə dedi və məni inandırdı ki, mülahizələri dəqiqdir. Etdiyi xəbərdarlıq üçün təşəkkürümü bildirib, onlara riayət edəcəyimi dedim. Nyu-Yorka çatanda gənc qadınlar məni qaldıqları evə dəvət etdilər; lakin mən bu təklifdən nəzakətlə imtina etdim. Etdiyim hərəkət ağıllı oldu, belə ki, növbəti gün kapitan, kayutundan gümüş qaşığın və digər əşyaların götürüldüyünü sezdi; o bu gəzəyən qadınları tanıdığından mənzillərinin axtarılması üçün order ala bildi və oğruları cəzalandırdı. Mən bu təhlükədən qurtulmağımı gəmimizin altı sualtı qayalara sürtünəndə az qala törəyə biləcək fəsaddan daha yüksək qiymətləndirdim.

Nyu-Yorkda bura məndən bir qədər əvvəl gəl-miş uşaqlıq dostumu tapdım. Kollinzlə uşaqlıqdan dostluq edirdim. Biz eyni kitabları oxuyurduq, lakin onun bir sıra üstünlükləri var idi. Belə ki, həm oxumaq üçün vaxtı çox idi, həm də riyaziyyatı, məni çaya susuz aparıb-susuz gətirəcək qədər əla bilirdi; o, sağlam düşüncəli və çalışqan bir gənc idi və ona biliyinə görə həm ruhani çevrələrində, həm də mötəbər şəxslər (centlmenlər) arasında hörmət edirdilər və belə görünürdü ki, o, həyatda yaxşı mövqelərə yiyələnməlidir. Lakin mənim olmadığım müddətdə konyaka qurşanmışdı. Özünün və başqalarının dediklərinə görə Nyu-Yorka gələndən bəri hər gün kefli olur, özünü nalayiq aparırdı. Bundan başqa, qumar oynayaraq bütün pullarını uduzduğundan, onun kirayə haqqını və Filadelfiyaya qədər yol xərcini ödəməli oldum ki, bu da mənə hiss ediləcək qədər ziyan vurdu.

Nyu-Yorkun o zamankı qubernatoru Bernet, yepiskop Bernetin oğlu, eşidəndə ki, sərnişinlərdən biri özü ilə çoxlu kitab aparır, kapitandan xahiş etdi ki, həmin sərnişini yanına gətirsin. Mən onun yanına getdim və Kollinz ayıq olsaydı, onu da özümlə aparardım. Qubernator məni böyük iltifatla qarşıladı, özünün çox böyük və əhatəli kitabxanasını göstərdi və biz kitablar və yazıçılar haqqında xeyli söhbət etdik. Artıq ikinci qubernator idi ki, kasıb bir gəncə diqqət yetirirdi və bu məni çox fərəhləndirirdi.

Biz Filadelfiyaya yolumuzu davam etdirdik. Yolda Vernona çatacaq pulu aldım ki, bunsuz da səyahətimizi çətin başa vura bilərdik. Kollinz hansısa bir kontorda işləmək istəyirdi; zəmanət məktublarının olmasına baxmayaraq, nəfəsindənmi, davranışındanmı içən olduğunu hiss etdiklərindən heç yerdə uğur qazana bilmir, mənim hesabıma qalır və yeyib-içirdi. Məndə Vernonun pulunun olduğunu bildiyindən tez-tez borc götürür və işə girən kimi qaytaracağına söz verirdi. Götürülən pulun miqdarından dəhşətə gəlirdim ki, birdən Vernon pulunu geri istəsə mən nə edəcəyəm.

Kollinz isə kefli həyatını sürməkdə idi, arabir mübahisələrimiz düşürdü, çünki o, içəndə çox deyingən olurdu. Bir dəfə bir neçə gənc yoldaşımla Delaver çayı boyunca qayıq gəzintisinə çıxmışdıq və onun avar çəkmək növbəsi gələndə, bunu etməkdən imtina etdi.

O dedi:

– Məni evə aparın.

– Biz sənin əvəzinə avar çəkməyəcəyik, – dedim.

– Buna məcbur olacaqsınız, əks halda bütün gecəni suda keçirəcəksiniz, – dedi.

Digərləri:

– Gəlin avarlarımızı çəkək, ondan nə gözləyə-cəyik ki, – dedilər.

Lakin artıq onun əlindən o qədər yığmışdım ki, geri çəkiləcək halım qalmamışdı. Onda o məni lənət-ləyərək dedi ki, ya məni avar çəkməyə məcbur edəcək, ya da qayıqdan tullayacaq. O, oturacaqların üstü ilə addımlayaraq mənə tərəf gəlməyə başladı; yaxınlaşıb vurmaq istəyəndə, cəld bir hərəkətlə başımı ayaqlarının arasına keçirib, dikələrək onu başı aşağı çaya atdım. Bilirdim ki, o yaxşı üzgüçüdür və ona görə əsla narahatlıq keçirmirdim; qayığa yaxınlaşıb ondan tutmaq istəyən anda bir neçə avar çəkib uzaqlaşdıq ki, bizə çatmasın. Və hər dəfə qayığa yaxınlaşanda biz ondan avar çəkib-çəkməyəcəyini soruşub, uzaqlaşırdıq. Hirsindən az qala partlamağına baxmayaraq, tərsliyinə salıb bundan imtina edirdi; görəndə ki, artıq yorulmağa başlayıb, onu qayığa qaldırıb, iliyinə qədər islanmış vəziyyətdə evə gətirdik. Bu sərgüzəştdən sonra nadir hallarda bir-birimizə xoş sözlər deyirdik. Nəhayət, Qərbi-Hindistandan (Karib adaları) gəlmiş və Barbadosdan olan varlı adamın oğlanlarına müəllim axtaran bir kapitan Kollinzlə tanış olandan sonra onu bu işə dəvət etdi. Kollinz bu təkliflə razılaşdı və mənimlə vidalaşarkən ilk qazanacağı puldan borcunu ödəməyə söz verdi. Lakin ondan sonra mən onun haqqında heç nə eşitmədim.

Mən Vernonun etimadını doğrultmadım və bu həyatımın ilk ən böyük səhvi idi; bu əhvalat göstərdi ki, atam «vacib işlər üçün hələ çox gəncəm deyəndə», mənim haqqımda o qədər də səhv düşünmürmüş. Lakin ser Uilyam onun məktubunu oxuduqdan sonra dedi ki, o çox vasvasılıq edir, və adamdan adama fərq var. Bir də ki, soyuqqanlılıq yalnız yaşlı adamlara xas olan cəhət deyil, cavanlar da bundan xali deyillər. «Əgər o, işlərinizin qaydaya düşməsini istəmirsə, onun əvəzinə bunu mən edəcəyəm» deyə İngiltərədən alınması lazım olan ləvazimatların siyahısını istədi. «Nə vaxt bacarsanız onların pulunu mənə ödəyərsiniz; qəti qərara gəlmişəm ki, burada yaxşı çapçı olmalıdır və mən inanıram ki, siz bu işdə böyük nailiyyətlər əldə edəcəksiniz». Deyilənlərin səmimi qəlbdən gəldiyini zənn edərək, güman etdim ki, o, niyyətini həyata keçirəcək. Filadelfiyada qalmaq planlarımı çox gizlin saxlayırdım və əgər dostlarımla bu fikirləri bölüşsəydim, yəqin qubernatoru yaxşı tanıyanlardan kimsə məni xəbərdar edərdi ki, ona çox da bel bağlamayım; sonralar eşitdim ki, o, bolluca söz verir, onları yerinə yetirmək haqqında isə fikirləşmir. Onu heç zaman axtarmadığımdan və heç bir təmənna güdmədiyimdən ağlıma gəlməzdi ki, dediyi alicənab təkliflər bu qədər qeyri-səmimidir. Onu dünyanın ən yaxşılarından hesab edirdim.

Kiçik mətbəə üçün lazım olanların siyahısını elə tutmuşdum ki, ümumi məsrəflər yüz funt sterlinqi keçmirdi. O, tutduğum siyahını bəyənərək soruşdu ki, bəlkə İngiltərəyə gedib şriftlərin ən key-fiyyətlisini yerində seçim. Sözlərinə davam edərək:

– Bundan başqa, siz orada müxtəlif adamlarla tanış olar, kitab və yazı-pozu ləvazimatları dükan-larının sahibləri ilə əlaqə qura bilərsiniz, – dedi.

Razılıqla qeyd etdim ki, bütün bunlar işin xeyrinə ola bilər.

Onda:

– «Annis»lə yola düşməyə hazırlaşın, – dedi.

Bu gəmi ildə bir dəfə müntəzəm olaraq Londonla Filadelfiya arasında reys edirdi. Lakin «Annis»in üzməsinə hələ bir neçə ay qalırdı və mən Keymerin yanında işimi davam etdirirdim. Bu dövrdə Kollinzin xərclədiyi pulların ucbatından böyük gərginlik keçirirdim, Vernonun pullarını tələb edə biləcəyindən xeyli narahat idim; lakin bu yalnız bir neçə ildən sonra baş verdi.

Mənə elə gəlir ki, Bostondan Filadelfiyaya birinci gəmi səyahəti zamanı Blok-Aylend adası yaxınlığında ştilə düşməyi qeyd etmək yadımdan çıxmışdı. Bu zaman gəmi komandasının üzvləri xeyli treska balığı tutmuşdular. O vaxta qədər heç bir canlının ətini yeməmək tabusuna ciddi riayət edirdim, indi də müəllimim Trayon ilə birlikdə hesab edirdim ki, balıq ovu – bəraəti mümkün olmayan qəsddir, onların adamlara heç bir ziyanı dəymədiyindən, ümumiyyətlə balıq ovuna hər hansı bir haqq qazandırmağın mümkün olmadığını hesab edirdim. Bütün bu dəlilləri əsaslı hesab edirdim. Amma məsələ burasında idi ki, əvvəllər balıq yeməklərini çox sevirdim və tavada qızardılmış təzə balığın iyi mənə ləzzət verirdi. Bir müddət prinsiplə şövqün arasında tərəddüd etdim. Balığın içalatını təmizləyən zaman onun mədəsindən çıxan balaca balıqları görəndə öz-özümə «Əgər siz bir-birinizi yeyirsinizsə, nə üçün biz də sizi yeməyək», dedim. Beləliklə, mən treska balığını ləzzətlə yedim və o zamandan bütün adamlar kimi qidalanmağa başladım. Bundan sonra, yalnız arabir vegetarian stolundan istifadə edirdim. Dərrakəli varlıq olmanın üstünlüyü də elə bundadır ki, bizə mühakimə və min bir bəhanə gətirmək yolu ilə istədiyimizə nail olmağa imkan verir.

Yeni mətbəə açmaq meylimdən şübhələnməyən Keymerlə yaxşı yoldaşlıq münasibətlərimiz davam edirdi. Biz bir-birimizi yola verə bilirdik. Özünün əvvəlki coşqunluğunu hələ də saxladığına görə mübahisə etməyi xoşlayırdı. Ona görə də çoxlu müzakirələrimiz olurdu. Sokrat metodundan istifadə edərək ilk baxışda mövzudan çox kənar görünə biləcək suallarımla onu küncə sıxa bilirdim, belə ki, bu suallar sonda onu çətin və ziddiyyətli vəziyyətə salırdı; bütün bunların nəticəsində o, gülüş doğura-caq dərəcədə ehtiyatla danışır və ən yüngül suala belə cavab verməzdən əvvəl soruşurdu: «Bundan nə nəticə çıxarmaq istəyirsiniz?» Nəticədə, polemik bacarıqlarımı o qədər yüksək qiymətləndirmişdi ki, tam ciddiyyətilə yeni yaradacağı sektanın layihə-sində tərəf müqabili olmağımı təklif etmişdi. O, yeni doktrinalarını yaymalı, mən isə bütün əleyhdarla-rının təkzibi ilə məşğul olmalı idim. Öz doktrinala-rını izah edəndə, görürdüm ki, burada razılaşma-dığım bəzi qaranlıq məqamlar var və onlarla yalnız mənə güzəştə gedəcəyi və əlavələrimə icazə verə-cəyi şərtiylə razılaşırdım.

Musanın qanununun harasındasa «Sən saqqa-lının ucunu ləkələməməlisən» deyildiyindən Keymer uzun saqqal saxlayırdı. Elə bu səbəbdən də şənbə günü işləmirdi və bu iki bənd onun üçün çox vacib idi. Bu bəndlərin heç biri xoşuma gəlmirdi, lakin bildirim ki, ətlə qidalanmaqdan imtina etsə, onun şərtləri ilə razılaşaram. Bunun müqabilində «İnanmı-ram ki, sağlamlığım belə pəhrizə tab gətirə» deyirdi. Onu inandırdım ki, sağlamlığı buna dözər və o, hətta özünü daha yaxşı hiss etməyə başlayacaq. O çox qarınqulu idi və əyləncə xatirinə onu ac qoymaq fikrinə düşmüşdüm. O, tərəfdaşlığa razı olacağım təqdirdə, pəhrizli həyatı sınamağa razılığını bildirdi; ona tərəfdar olmağımın müqabilində üç ay məhz beləcə qidalandıq. Azuqəni bu müddət ərzində qonşu qadın alır, hazırlayır və bizə gətirirdi; mən ona qırxa yaxın yeməyin siyahısını vermişdim ki, onların tərkibində ət və balıq yox idi. Bu şıltaqlıq mənə sərf edirdi, çünki hərəmiz həftədə yeməyə cəmi on səkkiz pens gümüş pul xərcləyirdik. O vaxtdan mən dəfələrlə bu sayaq orucları tutmuşam, bu zaman zərrə qədər də narahatlıq keçirmədən adi qidadan vegetarian qidaya və tərsinə keçmişəm. Bu təcrübəmin əsasında deyə bilərəm ki, belə keçidlərin tədriciliyi haqqında söylənənlərin heç bir əsası yoxdur. Mən özümü əla hiss edirdim, amma yazıq Keymer çox əziyyət çəkirdi və mənim planımdan usanırdı, misir kotletləri haqqında düşünürdü və nəhayət, günlərin birində qızardılmış çoşqa sifariş verdi. O, məni və iki rəfiqəsini nahar yeməyinə dəvət etmişdi, lakin qızardılmış çoşqanı stola tez gətirdiklərindən, nəfsini saxlaya bilməyib biz gələnə qədər onu tamam yemişdi.

Bu vaxtlar mən artıq miss Ridə qayğı göstərməyə başlamışdım. Ona xüsusi hörmətim və müəyyən bağlılığım yaranmışdı. Hesab edirdim ki, o da mənə biganə deyil; lakin uzaq səfərə çıxacağımdan və hər ikimiz xeyli cavan olduğumuzdan (yaşımız yenicə on səkkizi adlamışdı) anası belə hesab edirdi ki, münasibətlərimizdə çox dərinə getməyə imkan vermək düzgün deyil və nikahımız, əgər bu baş tutacaqsa, yalnız mən qayıdandan sonra ola bilər və o zamana qədər də yəqin ki, mən tam ayaq üstündə dayana biləcəyəm. Ola bilər anası hesab edirdi ki, ümidlərimin fikirləşdiyim qədər də böyük bir əsası yoxdur.

O zamanlar ən yaxın dostlarım qiraət həvəs-karları olan Çarlz Osborn, Cozef Uotson və Cems Ralf idilər. Birinci ikisi bizim şəhərin məşhur notariusu Çarlz Brokdenin, üçüncüsü isə bir tacirin kargüzarları idilər. Uotson mömin, dərrakəli və çox vicdanlı bir gənc idi. Digərlərinin, xüsusi ilə də Ralfın dini inancları o qədər də güclü deyildi. Ralfın və Kollinzin inanclarını mən sarsıtmışdım. Bu səbəbdən də sonralar onlardan ən çox zərəri elə özüm gördüm. Osborn mühakiməli, təmiz ürəkli, səmimi, dostlarına qarşı xeyirxah bir adam idi, lakin ədəbi məsələlərdə tənqidə həddən ziyadə meyl edirdi. Ralf isə yaxşı maneraları və gözəl danışmaq qabiliyyəti ilə fərqlənirdi, hətta deyə bilərəm ki, onun kimi natiqlik istedadına malik ikinci adama heç vaxt rast gəlməmişəm. Onların ikisi də poeziya vurğunu idilər və artıq nə isə yazmağa da başlamışdılar. Biz, dörd dost bazar günləri Skeykillin yaxınlığındakı meşəyə gəzintiyə çıxar, növbə ilə oxuyar və oxuduqlarımızı müzakirə edərdik!

Ralf özünü tamamilə poeziyaya sərf etməyə meyilli idi və bu sahədə böyük uğurlar qazanacağı, hətta varlanacağına da şübhə etmirdi. Hesab edirdi ki, məşhur şairlər də yeni-yeni yazmağa başlayanda ondan heç də az olmayan səhvlər ediblər. Osborn onu fikrindən daşındırmaq üçün sübut etməyə çalışırdı ki, onun bu sahədə qətiyyən istedadı yoxdur və yaxşı olardı ki, özünü ona uşaqlıqdan verilmiş təlimə uyğun sahədə – ticarətdə sınasın; əgər işinə can yandırsa və səliqəli olsa, komissioner yeri ala, daha sonralar, ilkin kapitalı qazandıqdan sonra isə öz biznesini qura bilər. Mən isə öz tərəfimdən, poeziya ilə vaxtaşırı məşğul olmağa əyləncə və ədəbi dili təkmilləşdirmək üçün bir vasitə kimi baxırdım.

Bundan sonra təklif edildi ki, hərəmiz bir əsər yazaq və onu ümumi müzakirəmizə çıxararaq qarşılıqlı əlavələrlə, müəyyən düzəlişlərlə təkmilləşdirək. Bizim diqqətimiz yalnız əsərin dilinə və ifadəliliyinə yönəlmişdi; bu səbəbdən də biz əyləncəli mövzulardan imtina etdik və zəburun Allahın enməsini təsvir edən 18-ci ayəsi (psalm) üzərində dayandıq. Görüşdən əvvəl Ralf mənə yaxınlaşdı və elan etdi ki, onun əsəri hazırdır. Ona dedim ki, məşğul olduğumdan mən heç nə etməmişəm və düzü bu işə meylim də yox dərəcəsindədir. Onda əsərini mənə göstərib rəy bildirməyimi xahiş etdi. Mən əsəri yüksək qiymətləndirib onu təqdir etdim. Ralf isə: «Osborn mənim əsərlərimin məziyyətlərini heç vaxt etiraf etmir və paxıllığından yenə də minlərlə tənqidi qeydlər edəcək, – dedi. – Sənə bu dərəcədə paxıllıq etmədiyindən, sənin bu əsərin müəllifliyini öz üzərinə götürməyini istəyirəm; mən isə deyərəm ki, vaxtım olmayıb və heç nə yazmamışam. Görək onda bu şeir haqqında nə deyəcək».

Dediyimiz kimi də etdik və dərhal Ralfın yazısının üzünü köçürdüm ki, əsərin mənim qələmimdən çıxmağı aydın görünsün.

Biz yığışdıq. Əvvəl Uotsonun əsərinə qulaq asdıq; əsəri uğurlu saymaq olardı, amma qüsurları da yetərincə çox idi. Osbornu dinlədik; onun əsəri qat-qat yaxşı idi, Ralf əsəri layiqincə qiymətləndirdi, nöqsanları da göstərərək şeirin gözəlliyini xüsusilə vurğuladı. Özünün isə təqdim etməyə heç nəyi yox idi. Mən isə mızıldanaraq bu işdən azad olmaq istədiyim, vaxtın azlığı düzəlişlər etməyə imkan vermədiyi və s. kimi təəssürat yaratmaq istəyirdim, lakin heç bir səbəb qəbul edilmədi və mən çıxış etməli oldum.

Şeir iki dəfə oxundu. Həm Uotson, həm də Osborn mənimlə yarışa girməkdən imtina etdilər və əsəri yekdilliklə bəyəndilər. Yalnız Ralf bir neçə tənqidi fikir söylədi və hansısa düzəlişlərin edilməsini təklif etdi, lakin mən öz mətnimi israrla müdafiə edirdim. Osborn Ralfa əsəbiləşərək, istehza ilə dedi ki, tənqidçiliyin də elə şeir yazmağın kimidir. Onlar ikisi bir yerdə evə qayıdanda, Osborn mənim əsəri-min xeyrinə fikrini daha qətiyyətlə bildirmişdi; o demişdi ki, «əvvəlcə yaltaqlanmaq kimi çıxmasın deyə əsər haqqında fikrimi səbrlə bildirirdim, lakin kimin ağlına gələrdi ki, Franklin belə bir şey yarada bilər. Surətlərin parlaqlığı, qüvvəsi, içindəki atəşi… O hətta, orijinalı yaxşılaşdırıb da demək olar. Adi söhbətlərdə onda elə də güclü natiqlik istedadı yox-dur, bəzən sanki söz axtarır və hətta kobud səhvlərə də yol verir, lakin, aman Allah, o necə yazır!» Növbəti görüşümüzdə Ralf sirrimizi açdı və Osborn məsxərəyə qoyuldu.

1.İngilis kralı VIII Henrix tərəfindən XVI əsrin 30-cu illərində kilsənin reformasiyası həyata keçiril-mişdir. Mariya Tüdorun (1553-1558) hakimiyyəti dövründə katolisizm qısa müddətə bərpa edilmiş, Yelizavetanın (1558-1603) dövründə isə anqlikan kilsəsinin təşəkkül tapması başa çatmışdır.
2.Amerikanın puritan yönümlü keşişi və yazıçısı Mezer Kottonun (1663-1728) «Amerikada İsa Məsihin böyük əməlləri» («Magnalia Christi Amerikana») kitabında Yeni İngiltərə kilsə tarixinin bioqrafik və tarixi fraqmentlərindən bəhs edilir; 1702-ci ildə çapdan çıxmışdır.
3.3 Qrammatika məktəbi təqribən klassik gimnaziyaya uyğun idi
4.4 Plutarxın «Tərcümeyi-hal» kitabı 50 görkəmli yunan və Roma dövlət xadimi və sərkərdəsinin bioqrafiyasından ibarətdir.
5.«Layihələr üzərində təcrübə» («An Essay on Projects», 1698) əsərində Defo burjua cəmiyyətinin məddahı kimi çıxış edir; əsərdə ticarətin inkişafı, bank işi, akademiya, hərbi kollec, qadınlar üçün ali məktəblərin yaradılmasına dair konkret təkliflər irəli sürülmüşdür.
6.İngiltərənin erkən Maarifçilik dövrünün tanınmış jurnalistləri Addison və Stilin «Tamaşaçı» («Spectator»,1711-1712) ədəbi-satirik jurnalı. Jurnal naşirin («Tamaşaçı»nın) oxucularla məişət, əxlaq və fəlsəfəyə dair didaktik söhbətləri formasındadır.
7.İngilis riyaziyyatçısı Edvard Kokkerin (1631-1675) hesab dərsliyi nəzərdə tutulur.
8.Franklin Dekartın davamçıları, «Məntiq və düşünmək sənəti» dərs vəsaitinin müəllifləri, yansenistlər A.Arno və P.Nikolu (1662) nəzərdə tutur.
9.Ksenofontun «Sokrat haqqında xatirələr»i – e.ə. III əsrin klassik əsərlərindən biridir. Latınca əsər «Memorabilia», yəni «yada salmağa layiq şeylər» adlanır. Əsər Sokratın və onun nəzəriyyəsinin mədhiyyəsidir.
10.«Zəvvarın səyahəti» («The Pilgrim’s Progress», 1678) dinçi ingilis yazıçısı Con Benianın (1628–1688) əsəridir. Puritan nəsihəti səpkisində olsa da zadəganlar və alverçi burjuaziyanın əxlaqının kəskin tənqidi ilə qiymətlidir
11.Franklin ingilis şairi Çarlz Kottonun (1630–1687) Vergiliyə yazdığı parodiyanı («Virgil Travestie», 1664–1670) nəzərdə tutur.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
221 s. 3 illüstrasyon
ISBN:
978-9952-8202-8-7
Telif hakkı:
JekaPrint
İndirme biçimi:

Benzer kitaplar