Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sıyrılmış qılınc», sayfa 3

Yazı tipi:

– A-a-a-h!

Abdulla onu yerə itələyib özü yəhərə qondu. O biri süvarilər çaşıb qaldılar, Abdulla qılıncı başı üzərinə qaldırıb gur səslə qışqırdı:

– Qardaşlar, bacılar, qul bazarına çəkilmək ölümə bərabərdir! Bir qaşıq qanınızdan qorxmayın! Vurun bu quldurları!

Əsirlər birdən güclü axına çevrilib xəzərlərin üstünə töküldülər. Atlı xəzərlər qolu qandallı, yorğun əsirlərdən heç də belə qəfil hücumu gözləmirdilər. Axşamçağı yolda ağlagəlməz vuruş başlandı!.. Qadınlar dişləri, dırnaqları ilə xəzərlərin üz-gözünü didib parçalayır, kişilər bir-birinin qolunu açır, qandallarla onları əzişdirirdilər.

– Vurun!

– Vurun!

– Vurun!

– Bax, belə gəbərərsiz!

Xəzərlər özlərini itirmişdilər. Əsirlər çox, onlar isə az idi. Əsirlər boyunlarından qurğuşun lövhələri açıb atırdı. Hərə bir tərəfə üz tuturdu. Yollarda ancaq ağır yaralananlar və ölənlər qalırdı. Şibl də, Salman da artıq at belində idilər. Öldürülmüş iki süvarinin atlarını ələ keçirmişdilər. Abdulla əl atıb onların boynundan nömrələrini bir-bir qopardı və atın cilovunu dəstələdi:

– Ardımca çapın, Bərumənddən nigaranam!

…Dərbənddən Bərdəyə gedən yollarda toz sütunları göyə dirənmişdi. Bərdə Dərbənd arasında Xəzər qoşunları qaynaşırdı. Barlı-bəhərli Şirvan torpağı atların dırnağında didilirdi. Mil də, Muğan da qorxu altında idi. Çanaqqalada xəlifə qoşunlarının məğlubiyyətindən sonra xəzərlər kükrəmişdi. Onlar qarşılarına çıxanı parçalayır, şəhər və kəndləri talan eləyib yandırırdılar. Əsir alınmış adamlar qandallanıb xaqanın hüzuruna göndərilirdi.

Bərdədə qarışıqlıq idi. Azərbaycan valisi Yezid ibn Məzyəd işgəncə ilə öldürülmüşdü. Bu xəbər artıq Bağdada gedib çatmışdı. Altun sarayının şairləri Xəlifə Harunun yaxın dostu Yezidin ölümünə mərsiyələr yazırdılar.

Azərbaycan başsız qalmışdı. Xaqan Yezidin ölümündən xəbər tutandan sonra öz bildiyini edirdi.

Hayzurana xatun gizlində oğlu Harunu məzəmmət etmişdi: «O gecə işrətə başın qarışdı, gətirdiyim qara xəbərə məhəl qoymadın. Bir anın da hökmü var!»

Eyş-işrətdən hələ başı ayılmamış Xəlifə Harun məzəmmət olunduqdan sonra anası Hayzurana xatunla və baş vəziri Cəfərlə neçə gün idi ki, məşvərət edirdi. Onlar azğın, talançı xəzərlərin qabağını almaq, onlara ömürlük dərs vermək məqsədilə ən güclü və sınanmış ordularını şimala göndərdilər.

Harun, hətta lazım gəldikcə bizansları hədələmək məqsədilə Şahi, Sənəm və Ərdəbil qalalarında ehtiyatda saxladığı nizami piyada və süvari qoşunlarının da xaqanın qabağına göndərilməsinə fərman vermişdi. Xəlifənin qanına yerikləyən bizanslar artıq xəzərlərin iti hücumundan xəbər tutmuşdular. Odur ki, arabir Bizans sərhədlərində onların xəlifə qoşunları ilə toqquşmaları olurdu. Xəlifə qoşunları qəzəbli idi. Sərkərdələr bilmirdilər xəzərlərin heyfini kimdən çıxsınlar. Onlar Şimala gedərkən Dombagöz Əbu İmranın fitvası ilə Bəzzin ətraf kəndlərində üsyançı xürrəmilərə divan tuturdular.

Bilalabad atəşgahında çoxlu əsir qadın var idi. Qadınlar qara günlərini sayırdılar. Abdullanın gözəl-göyçək sevimlisi Bərumənd də Atəşgahda idi: «Mənim vəfalı ərim, Dərbənddə çox qalma, ha! Gələndə mənə turş alça gətir. Oğlum olsa adını sən qoyarsan, qızım olsa adını özüm qoyacağam!».

Bilalabada tələsən Abdullanın qulağı cingildəyirdi…

IV
ATƏŞ OĞLU

O toxum ki göyərəcək, o daşı da dəlib çıxar.


Bədbəxtlik bəzən xoşbəxtlərin də qapısını döyür. Bilalabad kəndinin qadınları, sanki anadan elə bu cür, qaşqabaqlı doğulmuşdular. Elə bil, bu kənddə heç kəsin ömrü boyu bircə dəfə üzü gülməmişdi. Elə bil, kəndin od-alovunu şər allahı Əhriman26 oğurlayıb qeyb olmuşdu; ulu Hörmüz Əhrimanı axtarır, tapa bilmirdi.

Bilalabadın təbiəti də yaslı idi. Narlı dərənin, Qanlı düzün baharı bahara bənzəmirdi. Hər yanda bir hüzn, bir küskünlük duyulurdu. Göylərin nəriltisindən, hayqırtısından aləm uçunurdu. Elə bil, Cavanşir27 də buludlara qalxmış, öz nəhəng çəkicini hey nəhəng zindana döyəcləyirdi. Zindandan qopan qığılcımlar buludlara dolub onları dağıtmaq istəyirdi.

Quldurbaşı Əbu İmran Bəzzin ətraf kəndlərində igid qoymamışdı. O, acıqca Miməd nahiyəsinə məxsus kəndləri də xarabaya çevirmişdi.

Bilalabadı görənlər gözlərini tutardı. Dombagöz Əbu İmran Bilalabadda çoxlarını «ölüm ağaclarından» asdırmış, sahibsiz arvad-uşaqları isə gətirib Atəşgaha doldurmuşdu. Bu da bir növ göz dağı idi.

Neçə yuxusuz, yorğun və iztirablı göz Atəşgahın qapısında qalmışdı. Hamı xilaskar gözləyirdi. Lakin hələ Abdulladan da xəbər yox idi. Hərdən boş qalmış xoruz qəfəslərinin yanında gəzişən zınqırovlu, yaylı-oxlu xəlifə keşikçilərinin boğunuq və xırıltılı səsləri gəlirdi. Zahirən özlərini məğrur göstərən analar artıq iztiraba tab gətirə bilmirdilər, bircə Bərumənd özünü sındırmırdı. O, əliuşaqlı analara ürək-dirək verirdi.

– Mənim bacılarım, düşmən bizi bura xürrəmilərə acıq vermək üçün doldurub. Yaman günün ömrü az olar. Şirvin peyğəmbərin ruhu haqqı mənim Abdullam harda olsa gəlib çıxacaq. O, heç vaxt bizi darda qoymaz. Dərbənd budur, qulağımızın dibindən. Əl uzatsan çatar.

Analar Bəruməndin sözlərindən bir balaca toxtayırdılar, az sonra dərd, kədər yenə özünü göstərirdi. Aclığa, fəlakətə, əzaba nə qədər dözmək olardı? Göz yaşları da tükənirdi. Qadınlardan çoxunun saçı bura düşəndən bəri ağarmışdı. Baharda da qar yağarmış!..

Bilalabadın əli silah tutanları dağlarda bölük-bölük olub vuruşurdu. Atəşgahı xəlifə əsgərləri möhkəm qoruyurdu, ora yaxınlaşmaq çətin idi.

Atəşgahın qaramıx kolları basmış mamırlı daş hasarının dibində əli qılınclı keşikçilər gəzinirdi. Onlar hər an qan tökməyə hazır idilər.

Gecə də, gündüz də od yanan mərasimli Atəşgah indi qədim Misir fironlarının sərdabalarından da cansıxıcı görünürdü. Adi günlərdə Atəşgahın həyətindəki iri qəfəslərdə quqquldaşan, müqəddəs ağ xoruzlar da gözə dəymirdi. Darvaza ağzında zəhmli pəncələrini irəli uzadıb «pusquda duran» daş şirdə əzəmət qalmamışdı. Xəlifə keşikçiləri bu daş şirin başını üzmüşdülər. Nədənsə, atəşpərəstlərin Atəşgah qapısı üzərində həkk etdirdikləri yazıya toxunan olmamışdı: «İnsan dünyaya xeyirxahlıq üçün gəlmişdir, o hər yerdə, hər an insanlara xoşbəxtlik bəxş etməlidir».

Bu, qədim Atəşgah idi. Deyildiyinə görə, müqəddəs ocağı atəşpərəst kahinlər Cavanşirin vaxtında tikdirmişdilər. Dövrəsində səkkiz guşəli hücrələr olan Atəşgahın tən ortasında geniş bir ibadətgah vardı. Kahinlər mərasim günləri bu ibadətgahda ulu Hörmüzə dua oxuyurdular. Atəşbodlar28 adamboyu çıraqdanda səndəl və ud yandırardılar. Otağı xoş qoxu bürüyərdi. Mərasim vaxtı iki kahin çıraqdanın sağında, solunda dayanıb Zərdüşt dinini tərif edirdi.

Kahinlər müqəddəs hum içərdilər. Bu məstedici içkidən sonra şən oyunlar başlanardı. Atəşgah atəşpərəstlərin həm ibadətgahı, həm də bir növ, şənlik yerləri idi. Mərasimqabağı Atəşgahdakı sal daşlı otaqda ləzzətli yeməklər bişirilərdi.

Bərumənd bütün bunları, sanki haçansa yuxuda görmüşdü. Əlacsız qalan analardan kimi ulu Hörmüzü köməyə çağırır, kimi Şirvin peyğəmbərin ətəyindən yapışır, kimi isə Əbu Müslümün, ruhuna sığınırdı. Anaların duasını, yalvarışını və naləsini Atəşgahda özlərindən başqa heç kəs eşitmirdi. Yaxşı ki, qadınlar çıraqdanı sönməyə qoymurdular. Quru səndəl kösövləri alışıb qaranlığı qovurdu.

Anaların gözünə yuxu getmirdi. «Oddan döşəyi, ilandan yastığı olan adamın yuxusu gəlməz» deyiblər. Körpələr hərdən diksinib yuxudan oyanır, çığır-bağır salırdılar.

Bəruməndin girdə, sarışın sifəti tamam solmuşdu. O, fikirli halda qızılı saçlarının ucuna bağladığı gümüş bəzəkləri oynada-oynada, öz-özünə danışırdı: «Oğlum olsa adını mən qoyaram, qızım olsa… Bəs harda qalmısan, gəl çıx da. Oğlum olub!» Körpə, Bəruməndin qucağında mışıldayırdı. Birdən yuxuda çığırdı. Bərumənd fikirdən ayılıb oğlunu döşünə saldı və onun bələyini imsilədi.

Bərumənd xoş xəyallara qapılmışdı. Ona elə gəlirdi ki, qucağına sıxdığı bu körpə bir xalqın igid tərlanı olacaq. Bəlkə də Abdulla deyərdi: «Mənim Bəruməndim, mənə elə bir oğlan doğarsan ki, qılıncı qınında yatmasın. Elə bir oğlan doğarsan ki, müqəddəs Atəşgahlarımızın odunu söndürən xəlifələrdən intiqam ala bilsin!»

Günəş Həməl bürcündən çıxmışdısa da Atəşgah hələ soyuq idi. Xüsusilə küləkli gecələrdə ocaq yandırılmalı idi. Lakin odun azlıq eləyirdi, hərə körpəsini öz nəfəsi ilə qızdırırdı. Bərumənd sükutu sevmirdi, o:

– Mənim bacılarım – dedi – kimin uşağının başının altında bıçaq yoxdur, bıçaq qoysun.

– Hardan alaq bıçağı?

– Bunu fikrinizdə eləyin.

– Elədik! Bəs sən nə qoyursan körpənin başı altına?

– Qayçı! Hələ körpənin zınqırovu da var. Hal anası daha bizə yaxın düşə bilməz.

Bərumənd özünü qəsdən nikbin göstərirdi. O, sinəsindəki düyünçədə Atəşgaha bir az üzərrik gətirmişdi, indi bunu körpəsinin başı altına qoymuşdu. Üzərrikdən götürüb yandırdı. Qarasını barmağına sürtüb oğlunun alnına basdı. Analar bir ağızdan oxudular:

 
Üzərrik, haşa üzərrik,
Gülləri qoşa üzərrik,
Kim balama göz vursa
Dönsün daşa, üzərrik!..
 

Artıq səhər küləyi əsməkdə idi. Hasarın yanında gəzişən keşikçilər ayaq üstə güclə dururdular. Kimsə əsnəyə-əsnəyə dedi:

– Of! Səhərə yaxın necə yatardım!.. Yuxum gözümdən tökülür.

Keşikçilər birdən döyükdilər, anaların mahnısı qalın divarları yarıb yayılırdı. «Nə səs-küydür görəsən? Keşikçilərdən biri gözünü ova-ova cəld qulağını Atəşgahın qapısına söykədi. «Belə də millət olar?! Zindanda da oxuyurlar!

Anaların mahnısı bitdi. Yenə söhbətə keçdilər. Bərumənd:

– Mənim bacılarım – dedi – bədnəzərin gözünə bıçaq. Əlimizdə gül kimi uşaqlarımız var. Onların bələyinə göz yaşı yağdırmaq nəyə lazım? Özünüzü toxtaq tutun, düşmən görüb kor olsun. Bikef olsaq Əhriman sevinər! Bizim xürrəmilər dədə-babadan məğlubiyyət vaxtı qəsdən özlərini şən aparıblar. Bunu ki bilirsiniz.

Bərumənd körpəsini dizinin üstündəki qırmızı döşəkcədə yatızdırmışdı. Onunla yanbayan Müaviyə adlı bir uşaq da uyuyurdu. Anasını Dombagöz Əbu İmran atlara ayaqlatmışdı. Atası isə Cavidana29 kömək edərkən döyüşdə həlak olmuşdu. Bərumənd həmin sahibsiz körpəni götürüb özü ilə bura gətirmişdi, indi ona da süd verirdi: «Oğlum, sən oldun balamın süd qardaşı. Əliniz qılınc tutanda bir-birinizə dayaq durun». Müaviyə yuxuda hərdən qımışırdı. Dünyadan nə xəbəri. Bilmirdi ki, anasının cəsədi torpaqlara qarışıb. Bilmirdi ki, Bilalabadın yandırılmış evlərindən hələ də tüstü qalxır. Bilmirdi ki, Atəşgahın dövrəsində düşmən qılıncları parıldaşır.

Keşikçilər söhbət edirdilər:

– Bunlar nə təhər adamlardır? Aclıqdan, susuzluqdan ölürlər, ancaq oxuyurlar.

– Bəs nə bilmişdin atəşpərəstləri? Onlar meyiti də dəfn etmirlər. Hər kəndin, hər şəhərin özünün «sükut evləri var. Onlarda adət-ənənə başqadı, bizdə başqa. Meyitləri burada sal daşların üstünə qoyurlar. Qurd-quş, yırtıcı heyvanlar meyiti yeyir. Zərdüşt30 dininə görə torpaq müqəddəsdir, onu meyitlə murdarlamaq olmaz. Atəşpərəstlər bir müddət keçəndən sonra meyitin sür-sümüyünü taxtadan, gildən qayrılmış asudan adlanan tabuta yığıb, əkindən, sudan uzaq yerlərdə dəfn edirlər… Atəşpərəstlər sükut evində də şərab içirlər.

Haradasa isa-musa quşu oxuyurdu: «Tapdın? «Tapmadım! İlbizlər sakitliyi pozurdu. Göydə ulduzlar azalmışdı. Qara buludlar karvan-karvan Bəzzə tərəf axırdı. Aman evi tərəfdən xışıltı gəldi. Keşikçilər cəld qılınclarını siyirib xoruz qəfəslərinin böyrünə sindilər:

– Sss!.. Deyəsən gəlirlər!..

– Hazır olun!

– Qoyun gəlsinlər!

Keşikçilərin ikisi darvazanın ağzına süründü. Hənirti güclənirdi. Ancaq ala-qaranlıqda heç nə görmək olmurdu. Birdən üç əli qılınclı, üzü niqablı igid, keşikçilərin üstünü aldı:

– Ölməyə gəlmişəm, qayıdıb qaçmağa yox! Təslim olun!

– Yarağınızı atın yerə, yoxsa…

Xəlifə keşikçilərinin tükləri ürpəşdi: «Ölümümüz çatıb!»

Qılınclar cingildədi. Atəşgahın həyətində bağırtı qopdu. Əsir qadınların hamısı ayaq üstə idi. Başa düşdülər ki, onları xilas etməyə gələn var. Körpələr yuxudan oyanmışdı. Bərumənd qadınlara qapını göstərdi:

– Sındıraq!

Qadınlar sinələrini qapıya dayadılar:

– Bir, iki, üç! Hə, bacılar, güc verin!..

Şaarak!.. Qapı qopdu. Qadınların hərəsi əlinə bir kösöv aldı. Həyətə axışdılar. Abdulla iki keşikçi ilə vuruşurdu. İkisini də doğradı. Sonra Şibllə Salmanı divara qısnayan üç keşikçinin üstünə atıldı…

Qadınlar kösövləri keşikçilərin başına-gözünə çırpırdılar. Ara qarışmışdı. Gözlənilməz bir vuruş gedirdi. Abdulla üç keşikçini də şaqqaladı. Xürrəmi qadınlar və kişilər od kimi döyüşürdülər! Qabaqlarına çıxanı o dünyalıq eləyirdilər. Keşikçilərdən ikisi qalmışdı. Onlar qaçmağa üz qoydular. Biri qaçarkən özünü saxlaya bilmədi, iri bir daşa toxunub tir-tap düşdü.

Bir azdan hava işıqlandı, göy nurlandı. Abdulla, Şibl və Salman Atəşgah həyətindəki qanlı daşların üstündə oturub nəfəslərini dərirdilər. Çiyinləri qalxıb-enirdi, qadınlar həyəcanla onlara baxırdılar.

Günəş Bəzzin və Həştadsərin zirvəsindəki qar tarını parıldadırdı. Bu vaxt Abdullayla Bərumənd Atəşgahdan çıxıb evlərinə tərəf gedirdilər. Hərəsinin qucağında bir körpə var idi. Elə şad idilər ki, baxan deyərdi bunlar Atəşgahdan müqəddəs od aparırlar… Körpələr onların gözlərində günəşə dönür, bütün qaranlıqları işıqlandırırdı.

V
SARAY ÇƏKİŞMƏLƏRİ

Əjdaha kahasında yaşamaq saraylarda yaşamaqdan asandır.


Altun sarayında ərəb əyanları ilə fars əyanları arasında çoxdan başlanmış gizli çəkişmələr artıq özünü açıq-aydın büruzə verirdi. Gündə sarayda almaz tozu ilə neçə əyan özünü zəhərləyirdi. Altun sarayında ağlagəlməz cəzalar mövcud idi. Ən ağır cəzaya xəlifənin intim hisslərini açan saray əyanları düçar olurdular. Müqəssirin başı qırxılandan sonra onun kəlləsinə Mesopotamiya böcəyi düzərdilər. Zəli təbiətli həmin böcəklər kəlləni deşib beyini yeyərdi. Beyin hərislərinin dövranı idi. Gündə xəlifənin cəlladı Məsrur neçə günahsız müqəssirin kəlləsinə Mesopotamiya böcəyi düzürdü. Baş məlaikə Zübeydə xatunun fitvası ilə fars əyanları bir-bir rüsvaycasına saraydan qovulurdu. Xəlifənin ürək dostu, mümkün qədər saray çəkişmələrindən kənar gəzən kefcil şair Əbu Nüvvas da Bağdadı tərk edib Misir valisinə pənah aparmışdı. Hətta Xəlifə Harun özü bu çaxnaşıq vaxtlarda bəlkə anası Hayzurana xatundan çəkinməsəydi, Əbu Nüvvasa qoşular, başını götürüb burdan gedərdi, ya da sarayı Bağdaddan sakit bir guşəyə köçürərdi. Fitnə-fəsaddan, vəliəhd məsələsi üstündə söz-söhbətdən Altun sarayı uğuldayırdı. Xəlifə şöhrətini günbəgün itirirdi. Pıçhapıçdan onun canı boğazına yığılmışdı. Başı küyüldəyirdi. Nə qədər giley-güzara, dedi-qoduya qulaq asmaq olardı? Nə qədər saray çəkişmələrinə dözmək olardı? Xəlifənin zövcələri bir yana, məşuqələrinin də dili dinc dayanmırdı. Məşuqələr yataq otağında da xəlifəyə rahatlıq vermir, bir-birinə olmazın şər atırdılar. «Şər şeytandan qorxuludur!» deyiblər. Son vaxtlar sarayda baş vəzir Cəfərlə xəlifənin doğma bacısı Abbasə barədə cürbəcür şayiələr yayırdılar. Xəlifə Harun bilsəydi ki, bu deyilənlər doğrudur, cəzanı bir an da ləngitməzdi. Hələ şübhə içərisində idi.

Xəlifə çaşıb qalmışdı. Bilmirdi neçə il bir yastığa baş qoyduğu istəkli xanımı Zübeydə xatuna inansın, yoxsa hər yerdə «mənim qardaşım» dediyi baş vəziri Cəfərə? Xəlifə həmişə ən böyük mərasimlərdə və məclislərdə Cəfəri hələ Məzdək31 dövründə Sasani padşahı Ənuşirəvana vəzirlik etmiş Büzürcmehr Zərcmehr32 ilə müqayisə edərdi, deyərdi ki, mənim vəzirim Cəfər, Ənuşirəvanın vəzirindən də ağıllı və kamallıdır… İndi isə get-gedə Cəfər barədə şübhələri artırdı. Şayiələr, söz-söhbətlər çuma xəstəliyi kimi yayılır, xəlifə bunun qabağını ala bilmirdi.

Bir sıra fars şəhərlərində iğtişaşlar da başlamışdı. Qırmızı bayraqlı33 şeytanlar! Bu adla məşhur olan farslar Bəzz qalasında Dombagöz Əbu İmranla vuruşan Şəhrək oğlu Cavidana açıq-aşkar kömək edirdilər. Xəlifə quldurları güclü həmlələrə məruz qalıb dağlardan arana çəkilmişdi. Xürrəmilər qələbə münasibətilə atəşgahlarda yenidən od yandırırdılar. Farslar belə şayiə yaymışdılar ki, Əbu Müslümün34 ruhu Cavidana keçib, xilafətin ədalətli bir hökmdara ehtiyacı var. Mötəzililər bu fikrə tərəfdar çıxır və deyirdilər ki, şəriətdə hökmən dəyişiklik edilməlidir.

İslam dininin müxtəlif qollara ayrılması xilafətin birliyini həm daxildən, həm xaricdən pozurdu. İslamsız xilafəti idarə etmək çətin idi. Bu dinə laqeyd baxan hökmdarların taleyi həmişə uğursuz olmuşdur. Qulaqlarına səs dəymiş farslar Xorasanda Xəlifə Harunu olduqca soyuq qarşılamışdılar: «Sünnü-şiyə məsələsini qızışdıran bu şəhvətpərəst xəlifənin xanımı Zübeydə xatun deyilmi?! Biz onun özünü də, xanımını da istəsək məhv edərik!» Əgər baş vəzir Cəfər olmasaydı, bəlkə də onlar Xorasanda baş vermiş narazılığı yatırmağa gələn Xəlifə Harunu çoxdan Qəzmiyyə qəbiristanlığına göndərmişdilər. Xəlifə bərk qorxuya düşmüş, Xorasana gələn günü özünü xəstəliyə vurmuşdu: «Vaxtilə əməviləri taxtdan salan bu qorxubilməz farslar axırıma çıxa bilərlər!».

Məscidlərdə xatiblər35 Xəlifə Haruna deyil, onun fars qızından olan oğlu Məmuna xütbə oxuyurdular: «Biz, ancaq vəliəhd Məmuna biət edirik! Xilafətin taxt-tacına o sahib durmalıdır! Böyük bilik və dərrakə sahibi olan Məmuna allah-taala min il ömür bəxş eləsin!».

Bu sözləri Xəlifə Harun dönə-dönə Xorasan məscidlərində öz qulaqlarıyla eşitmişdi. Bundan Zübeydə xatunun da xəbəri vardı, Hayzurana xatunun da. Xilafətin bu dişi aslanları, baş vəzir Cəfərin əlindən zəncir çeynəyirdilər: «Farslar arasında bu fitnə-fəsadı törədən o hiyləgər, çoxbilmiş baş vəzirdir! O, həmyerliləri ilə xəlifəni qorxutmaq və beləliklə, hər şeyi öz iradəsinə tabe eləmək istəyir. Biz, hələ diriyik!»

Xəlifə Harun ər-Rəşid Xorasandan Bağdada qayıtmışdı, amma neçə gün idi ki, özünə gələ bilmirdi. Nəhayət, daxili sarsıntı və iztirabı özündən qovmaq qərarına gəldi. Xəzərlər geri çəkilməyə məcbur edilmişdi. Sevinib, şadlanmağa haqqı var idi. Xəlifə Altun sarayında bir-birinin ardınca daha dəbdəbəli ziyafətlər düzəldirdi.

Hayzurana xatun yenə qılıncdan "kəsərli siyasəti ilə kefcil oğlu Harunun taxt-tacının keşiyini çəkirdi. Ananın kinli-küdurətli sifətindəki qırışlar elə bil ərəb əlifbası idi və bu əlifba ilə, elə bil neçə qorxulu hökm yazılacaqdı. Bu hökmlər, kim bilir, cəllad Məsrurun kötüyü yanında nə vaxt, kimin üzünə oxunacaqdı.

Son vaxtlar Hayzurana xatunun üzündəki qırışlar sıxlaşmışdı. Zübeydə xatun bunu bilsəydi bəlkə də Məkkəyə çatmamış yarı yoldan Bağdada qayıdardı.

O, bir neçə gün idi ki, Məkkəyə yola düşmüşdü. Bilirdi ki, baş vəzir Cəfər də Məkkəyə gələcək. Altun sarayına xəbər çatmışdı ki, guya Məkkəyə su çəkən ustalar xərc azlıq elədiyinə görə işi yarımçıq qoyublar. Məkkəyə suyu Zübeydə xatun çəkdirirdi və indi Məkkəyə gedirdi ki, işi qaydaya salsın. Zübeydə xatun Məkkə ziyarətinə gələn zəvvarlar yanında savab sahibi olmaqdan ötrü özünü oda-közə vururdu: Gələcəkdə məni bütün müsəlmanlar xeyirxah bir xanım kimi yad etsinlər». Zübeydə xatunun Məkkəyə su çəkdirməkdə də məqsədi bu idi. Ancaq Bəzzdəki çarpışmalar suyun çəkilişinə ayrılan xərcə təsir göstərirdi. Xəlifənin nüfuzundan düşmüş məmurları Bişkin36 mahalında və Mimət nahiyəsində daha əvvəlki kimi əl-qol ata bilmirdilər. Üsyançı xürrəmilər gündə neçə vergi məmurunun başını kəsirdi.

Zübeydə xatun qorxurdu ki, Şirvan və Aran mahalları da əlindən çıxa bilər. Siyasət tələb edirdi ki, indi Xəlifə Harun xürrəmilərlə ehtiyatlı davransın. Xəzər türklərinin vurduğu ağır yaradan sonra əhalinin xəlifəyə qəzəbi bir az da artmışdı.

Gözəllik və zənginlik bəzən fəlakət gətirir. Şahlar, soltanlar, imperatorlar, xəlifələr ta qədim zamanlardan Azərbaycanın üstündə çarpışırdılar. Onu əvəzsiz gövhər kimi bir-birinin xəzinəsindən oğurlamağa can atırdılar.

Xəlifə Harun ər-Rəşid hələ gənc yaşlarından Azərbaycanın valisi olarkən bu varlı diyarı istəkli baş xanımı Zübeydə xatuna üzügöyçəklik vermişdi. İndi Azərbaycanın bütün gəliri Zübeydə xatunun xəzinəsinə axırdı.

Zübeydə xatun qorxurdu ki, baş vəzir Cəfərin hiyləsi ilə xürrəmilər onun hədiyyəsini əlindən qoparsınlar.

Bu zəngin müdriklər diyarını əldən vermək xilafət üçün böyük itki olardı.

Gecə-gündüz səksəkə və qorxu içində yaşayan xəlifə, xürrəmilərin acığını kimdənsə çıxmaq, zəhərini boşaldıb rahatlanmaq istəyirdi. Ancaq kimi qəzəbə qurban verməli? Dəvə kimi kinli Harun belə şeylərdə baş vəziri Cəfərdən də tədbirli və hiyləgər idi. Ən ağır dəqiqələrdə qəzəbini çətinliklə olsa da gizlədə bilərdi.

Xəlifə cəza verərkən tələsməzdi. Söz düşəndə deyərdi: «hökmdar ölüm hökmü verərkən son dərəcə təmkinli, soyuqqanlı olmalıdır. Mən özüm ölüm hökmü imzalayarkən yarı imza atıb əl saxlayıram, fikirləşirəm… Sonra imzamı tamamlayıram».

Zübeydə xatuna görə, Xəlifə Harunun indi ölüm hökmünə qol çəkəsi ən qorxulu bir düşməni vardısa o da baş vəzir Cəfər ibn Yəhya Bərməki idi. Xəlifə Harun Cəfərin uzun boynunu əcəl ilgəyinə keçirməkdən ötrü usta siyasəti yeridir, üzdən ona əvvəlkindən artıq mehribanlıq göstərirdi. Xəlifə ovunu timsah təki ovsunlayırdı.

Xilafətin bəzi yerlərində, ən narahat və nadinc vilayətlərdən olan Misir və Əndəlüsdə də hələ ki, sakitlik yaranmışdı. Yaşıl darvaza sarayının günbəzindəki süvari heykəli öz nizəsini son vaxtlar ancaq Azərbaycana və arabir də Altun sarayına tuşlayırdı. Deməli, xəlifə öz düşmənlərini indi bu yerlərdə axtarmalı idi.

Harun xarici düşmənlərindən çox daxili düşmənlərindən ehtiyat edirdi. Haruna elə gəlirdi ki, hələlik xilafətin hüdudlarından kənardakı dövlətlər onunla müharibəyə girişməyə cəsarət edə bilməzlər.

Ölkənin öz vilayətlərində də qılınc cingiltisi bir qədər seyrəlmişdi. Xəzərlər qovulandan sonra Azərbaycanda da xəlifə hökmranlığı güclənmişdi. Hakimlər yatanda da silahla yatırdılar. Ticarət yolları yenidən açılmışdı. Şimala və Cənuba gedən dəvə karvanlarının sayı günbəgün çoxalırdı. Tacir Şibl Çinə, Hindistana və Misirə alverə gedirdi. Lakin bircə Bizans sərhədləri tacirlər üçün təhlükəli idi. Bizans imperatoru İrinadan37 sonra taxta çıxmış Birinci Nikifor38, Abbasilərə dirsək göstərmək istəmişdi. Lakin Xəlifə Harun bildirmişdi ki, əgər bizanslar öz yerlərində dinc oturmasalar onların ölkəsi zəbt olunub xilafətə daxil ediləcək! Xəlifə Harunun hədəsindən və ağır zərbəsindən ehtiyat edən Bizans imperatoru Birinci Nikifor qəzəbli şir təki öz yuvasına çəkilib əlverişli məqam gözləyirdi: Kaş Bəzzdə xürrəmilər yenə üsyan qaldıraydılar. Onların başçısı Cavidan cəsur adamdır. Xəlifənin taxt-tacını başına uçursa, o uçuracaq. Xəlifə bizdən çox Cavidandan qorxur. Əgər lazım gəlsə gələcəkdə biz üsyançı xürrəmilərə kömək edə bilərik. Onda xəlifə məcbur olub Bizans sərhədlərinə yeritdiyi Suriya qoşununu çəkib xürrəmilərin üstünə aparar. Biz onda hücum edib Bağdadı tutarıq.

Bağdaddan uzaqlarda Əndəlüs valisi Birinci Hakim özünü lap Xəlifə Harundan da təkəbbürlü aparırdı. Hətta Əndəlüsün paytaxtı Kordova Bağdadla rəqabətə girmişdi. Xəlifə Harun rəsmən ona tabe olub, amma onu saymayan dikbaş Əndəlüs valisi Birinci Hakimi susdurmaqdan ötrü yollar axtarırdı. Nəhayət, xəlifə arzusuna çatdı. Böyük Karlın Əndəlüsü hədələməsi Altun sarayında toy-bayrama səbəb oldu. Xəlifə Harun təcili Böyük Karlı qızışdırıb şirnikdirməkdən ötrü Fransaya elçi göndərdi. Böyük Karl Harunun elçisini nəzakətlə qəbul edib hörmət-izzət əlaməti olaraq xəlifəyə qeyri-adi bir Su saatı və Ağ fil hədiyyə göndərdi.

Xilafətin səması, hökmdara görə, qara buludlardan təmizlənməkdə idi. Necə olsa da bəzi narahatlıqlar qalmaqda idi.

Isgəndər səddinin üstündə yenə qara bayraqlar qanad açmışdı. Harun xəzərlərin hücumunun qarşısını almaqdan ötrü Şimal sərhədlərində güclü qoşun saxlayırdı. Di gəl ki, Azərbaycan valisi Yezidin ölümündən sonra bu torpağa əməlli-başlı sahib dura biləcək bir vali tapılmırdı. Xəlifə Harun ər-Rəşid az qala istəyirdi taxt-tacı oğlanlarından birinə verib özü yenidən Azərbaycana vali getsin. Atası əl-Mehdinin vəsiyyəti son vaxtlar tez-tez Xəlifə Harunun qulağında cingildəyirdi: «Oğlum, unutma ki, Azərbaycan diz çökməyib. Buna nail olmayınca xilafətdə dinclik gözləmə!»

Xəlifə xürrəmilərin qorxusundan həm daxildə, həm xaricdə dostlarının sayını çoxaltmaq istəyirdi. Harun anası Hayzurana xatunun məsləhəti ilə gözdən pərdə asmaq üçün təsirsiz bir fərman da imzalamışdı: «Vergi alarkən heç kəsi döymək və incitmək olmaz!»

Xəlifənin belə bir bəyanatı da vardı: dini dindarlar qorusun, dövləti isə mən! Xəlifədən narazı olsa da, şeyxə bu söz lazım idi. Yoxsa məscidlərdə Haruna xütbə «oxuda» bilmirdi. Harunun bəyanatından sonra xatiblər minbərlərdə boğazlarını yırtır, xəlifənin sözlərini allaha məhəbbətin yeni təzahürü kimi qələmə verib deyirdilər: «Əmirəlmöminin ləqəbi «həqiqətpərəst»dir və o, həmişə həqiqət tərəfində dayanır. Gələcək nəsillər Harunun qızıl dövründə yaşayanlara həsəd aparacaqlar. Allah-taala səxavətli və şücaətli xəlifəyə əbədi ömür bəxş eləsin».

Xilafətdə ümumi mənzərə belə idi. Yaşıl darvaza sarayının günbəzindəki süvari heykəli öz nizəsini yenə də Azərbaycana və Altun sarayına tuşlamışdı.

Altun sarayında baş vəzir Cəfər fars əyanlarının köməyi ilə xəlifənin başını qaynar qazana döndərmişdi. Bir tərəfdən də Dombagöz Əbu İmran ardı-arası kəsilmədən Bağdada qasid göndərir, xürrəmilərin qılınclarını təzədən itilədiklərini həyəcanla xəlifəyə xəbər verirdi. Xəlifə Harun bilmirdi əvvəl saraydakı Cəfərlə mübarizəyə başlasın, yoxsa Bəzzdəki Cavidanla! «Ağacı qurd içindən yeyər». Anası bu məsəli xəlifəyə yenə xatırladırdı. Lakin baş vəzir Cəfərlə haqq-hesab çəkmək o qədər də asan deyildi. Şərq vilayətlərinin valiləri xəlifədən çox baş vəzirlə hesablaşırdılar. «Salavat gücə bağlıdır!» Bərməkilərin var-dövləti dünyanı başına almışdı. Səxavətdə baş vəzir xəlifədən üstün idi. O, hər il gəlirinin az qala yarısını fağır-füqarəyə, sağırlara, dilənçilərə paylayırdı. Bu, «dəmir adam»lar39 arasında baş vəzir Cəfərin nüfuzunu xeyli qaldırmışdı. Xilafətdə hamı onu hatəm40 adlandırırdı. Sarayda «qızıl» və gümüş» adamların əksəriyyəti qiyafədə, geyim-kecimdə özlərini baş vəzir Cəfərə oxşadırdılar. Baş vəzirin boynu uzun olduğundan dərzi onun paltarının boyunluğunu bir qədər uzun tikərdi. Saray əyanları da belə uzun boyunluqlu paltar geyinərdilər və təbiidir ki, bu, çoxlarına yaraşmırdı. Cəfər danışanda, adətən əbasının yaxasını sığallayardı. Əyanlar da belə eləyərdilər ki sarayda yerləri möhkəm olsun.

Cəfər də Cəfər idi! Xəlifə Harun xürrəmilərin başçısı Cavidandan neçə ehtiyat edirdisə, baş vəzir Cəfərdən də beləcə ehtiyat edirdi. O, neçə vaxtdan bəri idi ki, parıltısı qəzəb doğuran bu «qızıl adam»la hesablaşmaqdan ötru fürsət axtarırdı.

26.Əhrimən, atəşpərəstlərin müqəddəs kitabı Avestaya görə, şər allahıdır və həmişə xeyir allahı Hörmüzü təqib edir. Əhrimənin Zairishaq adlı köməkçisi Hörmüzün Xordad adlı köməkçisi ilə qarşı-qarşıya durur. Atəşpərəst dininə görə canavar, qaranlıq, tufan, qara bulud həmişə Əhrimən tərəfində olub, insanlara fəlakət və aclıq gətirir. Xeyir allahı Hörmüz isə daima bu şər qüvvələrlə mübarizə aparır.
27.Cavanşir Mehranilər sülaləsindən olub Azərbaycanın şimal-şərqində yerləşən Girdman hökmdarı Varazın oğlu idi. Atasından sonra Cavanşir hakimiyyət başına keçmiş və o, VII əsrdə İran ordusu ilə birlikdə iyirmi min qoşunla Dəclə-Fərat ətrafında ərəb qoşunu ilə vuruşmuşdur. Cavanşir ağır yara alsa da döyüş meydanından çəkilməmiş və böyük şücaət göstərmişdir. Xəzərlər də Cavanşirin qorxusundan Azərbaycana ayaq basa bilmirdi. Cavanşir xaqanı hədələyib demişdi: «Rədd ol get, bu yerlərə bir də ayağını basma!»
28.Atəşbod – atəşgahda od yandıran xidmətçi
29.Cavidan – Məşhur Bəzz qalasının sahibi olub. Xürrəmilər 807 – 816-cı illərdə Cavidanın başçılığı ilə xəlifə əleyhinə üsyan qaldırmışdılar. Babək hələ yeniyetmə ikən bu üsyanda iştirak etmişdi. Babəkin bir cəngavər kimi yetişməsində Cavidanın rolu xüsusilə böyükdür. 816-cı ildə Cavidan qətlə yetiriləndən sonra Babək xürrəmilərin sərkərdəsi olur.
30.Tarixçilər Zərdüştü atəşpərəstliyin banisi kimi qələmə verirlər. Zərdüşt dininin etiqadları hələ bizim eradan əvvəl – VII əsrdə Midiyada yazılmış müqəddəs Avestada geniş şərh olunmuşdur. Deyildiyinə görə Avesta on iki min inək dərisində yazılıb. Zərdüşt dinində baş kahin – baş allah Günəş və xeyir allahı Hörmüzdür. Xürrəmilər dini məsələlərdə Zərdüştə arxalanırdılar. Zərdüşt dininə görə kainatda vahid allah yoxdur, dünya daimidir, ruh heç vaxt ölmür.
31.Məzdək VI əsrin əvvəllərində İranda xalq üsyanına başçılıq etmiş və o «ümumi bərabərlik», «kəndli rəhbərliyi», «azad sevgi» ideyasını meydana atmışdır. Rəvayətə görə Sasani şahı Ənuşirəvan bu hərəkatı boğmuş və Məzdəki asdırmışdır. Məzdək asılandan sonra onun ideyasını Fadənin qızı, Məzdəkin arvadı Xürrəmə davam etdirmişdi. Xürrəmə ərinin məğlubiyyətindən sonra Reyə gəlmiş və burda bütün xalqı Məzdək dininə çağırmışdı.
32.Büzürcmehr-Zərcmehr qatı Məzdək tərəfdarı olan Sasanilər sülaləsinin on doqquzuncu şahı Qubadın (487 – 551) oğlu Ənuşirəvanın dövründə hörmətli saray vəziri olmaqla bərabər, həm də alim kimi şöhrət qazanmışdı. O, Hindistandan bir sıra qiymətli əsərlər əldə edib onları pəhləvi dilinə (orta fars dilinə) tərcümə etmişdi. Rəvayətə görə nərd oyununu da icad edən Büzürcmehr olub.
33.Nizam əl-Mülk «Siyasətnamə» əsərində göstərirdi ki, Xəlifə Harun ər-Rəşidin atası Xəlifə Mehdi zamanı «qızılbayraqlılar» deyilən Qorqan batinləri xürrəmilərlə birləşib üsyan qaldırdılar və Reydə böyük qırğın törətdilər. O vaxtdan bədəvilər iranlılara (farslara) «qırmızıbayraqlılar» deyirdilər.
34.Əbu Müslüm Xorasani (Əbdürrəhman ibn Müslüm) Əməvilər hakimiyyətinə son qoyan üsyan başçısıdır. O, müxtəlif təriqətlərin Əməvilərə olan narazılığından istifadə edərək 747-ci ildə Mərvdə üsyan qaldırmış və uzun vuruşmadan sonra 750-ci ildə xəlifə qoşununu darmadağın etmişdir. Beləliklə, Əməvilər hakimiyyəti devriləndən sonra Abbasilər hakimiyyətə gəlmişlər. Əbu Müslüm Xorasana hakim təyin edilmişdir. Lakin Xəlifə Mənsur Əbu Müslümün nüfuzundan qorxub 775-ci ildə onu öldürtmüşdür. Atəşpərəstlər mərasimlərdə Əbu Müslümün ruhuna dua oxuyur və onu öldürənə lənət yağdırırdılar.
35.Xatib – natiq, bəlağətli danışan, xütbə yazan və oxuyan şəxs. Həmin şəxs xəlifəyə xütbə oxuyur və onun hakimiyyətini tərifləyirdi.
36.O vaxt Bişkin mahalına yeddi şəhər daxil idi. Bəzz şəhəri də həmin mahala baxırdı. hazırda İran Azərbaycanında Bişkin Mişkin kimi yazılır.
37.İrina (797 – 802) – Bizans imperatoru olmuşdur.
38.Birinci Nikifor (802 – 811) Bizans imperatoru olmuşdur.
39.Baş vəzir Cəfər ibn Yəhya Bərməki adamları üç zümrəyə bölmüşdü. Qızıl adamlar: şahlar, xəlifələr, soltanlar, vəzirlər, sərkərdələr. Gümüş adamlar: alimlər, şairlər, məşhur sənət adamları. Dəmir adamlar: aşağı təbəqədən olanlar.
40.Hatəm Tai-Əbu – Əli ibn Abdulla ibn Səd Hatəm. O, islamdan əvvəl yaşamış ərəb əmiri və şairidir. Ərəbistanın Tay qəbiləsindən olduğu üçün o, Hatəm Tai adıyla şöhrət qazanıb. Hatəm Tai öz əliaçıqlığı ilə Yaxın Şərqdə məşhurdur. Ərəb aləmində onun haqqında hələ də qəribə rəvayətlər söylənilməkdədir. Belə bir əfsanə var: guya evlərinə gələn qonağı yola salmaq üçün Hatəm anasına deyib ki, ana məni apar bazarda sat, puluna dəvə al, dəvəni qonağa kəs ki, o səndən razı getsin. Ehtimala görə o, 605-ci ildə ölmüşdür.
₺87,98
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8450-1-3
Telif hakkı:
JekaPrint
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre