Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 9

Yazı tipi:

İRANDA HÜRRİYYƏT

Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir; bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır. Bu kişinin adı Məşədi Molla Həsəndir.

Məşədini burada yayda da görmək olar, qışda da, payızda da və baharda da.

Gah vaxt yay fəsli küçə ilə keçən vaxt görürsən ki, Məşədi Molla Həsən başını dayayıb səkinin bucağına, mürgüləyir, ya bir özgə vaxt keçəndə görürsən: bir o taylı çömbəlib Məşədinin qabağında və Məşədi gözlüyü burnunun üstə keçirdib, sol dizi üstə əlinin içində yarım vərəq çirkli kağız tutub o başını yuxarı qalxızıb, gözlüyün altından kağıza baxıb, farsca oxuyur: “Və saniyən: əgər bizim vilayətin əhvalını xəbər almaq istəsəniz, lillahülhəmd, sağ və salamat sizin ömrünüzə duagu varıq və özgə bir nigaranlığımız yoxdur, savay sizin ayrılığınızdan; xudavəndi-aləm bir səbəb salsaydı ki, sizi mən bir də görə idim…”.

Qış fəsli məscidin qabağından keçəndə görürsən ki, Məşədi Molla Həsən əbaya bürünüb və qabağına bir manğal qoyub, əyilib az qalır manğalı qucaqlasın. Ya bir vaxt keçəndə görürsən bir qəribə çömbəlib Məşədinin qabağında və əlləri ilə yavaş-yavaş manğalın odlarını deşir və Məşədi Molla Həsən sol əlində yazılı bir kağız tutub, sağ əlini qoltuğuna soxub kağızı oxuyur: “Məndən dua yetirəsiniz əmoğlum Kərbəlayı Qasıma, dayıoğlum Cəfərə, bibimə, Səkinə xanıma, Gülsüm əmiqızıma. Məndən dua yetirin Heydərə, Kərbəlayı Əliyə. Məndən dua yetirin Məşədi Xəlilə, Məşədi İskəndərə və Hüseynə və Qulaməliyə və Məşədi Zülfüqara və Usta Zeynala. Məndən çox-çox dua yetirin Məşədi Rüstəm əmimə və Nəcəfəliyə və Bayrama, Orucəliyə və Səbzəliyə və Kərbəlayı İsmayıla və Məhəmmədə. Və Məhəmmədə degilən ki, qardaşı Murtuzaqulu sağ və salamatdır və İrəvanda Hacı Həmidin bağında bağbandır və bir arvad da alıb, uşağı da olub və çox-çox dua göndərir və uşağın gözləri ağrıyır, amma şükür Allaha, özü salamatdır və çox-çox dua göndərir…”.

Məşədi Molla Həsən İran əhlidir. On-on iki il bundan irəli Məşədi İraəvanda başına yeddi-səkkiz müsəlman uşağı yığıb müdərrislik elərdi. Axırda uşaqlar bir-bir başladılar dağılmağa; o səbəbə ki, uşağın biri dərsini bilməyəndə Məşədi Molla Həsən tüpürürdü uşağın üzünə. Bir neçə dəfə uşaqlar gedib atalarına şikayət elədilər, bir neçə dəfə uşaqların atası gəlib Mollanın üzünə tüpürdü. Amma bunlar hamısı ötüşərdi, əgər uşaqlar dağılmasa idilər.

Uşaqlar dağıldılar.

Əvvəlləri Məşədi Molla Həsən kitab satardı. İndi də onun səkisinin üstündə bir neçə köhnə cildli kitablar var: iki “Gülüstan”, dörd cild “Camei-Abbas”, bir cild Quran, iki cild çox köhnə “Nisab”, bir dənə cildi dağılmış “Tərəssül” və bir dənə təzə “Əbvab”. Amma bu kitablardan bir ilin içində Məşədi Molla Həsən yeddi-səkkiz cilddən artıq sata bilməz.

Odur ki, Məşədinin güzaranı kağız yazmaqla keçir. Gün olmaz ki, üç-dörd qərib və kəndli gəlib Məşədi Molla Həsənə kağız yazdırmasın. Hər kağızın birinə Məşədi iki qəpik, üç qəpik, ya düşəndə bir şahı alır. Kağız yazdıran çox kasıb olanda bir qəpiyə də yazır; bu şərtlə ki, kağızı, yazdıran özü gərək alıb gətirsin.

Allah bərəkət versin; yaxşı sənətdir. Müsəlman aləmində heç sənət o mərtəbədə rəvac deyil, nə qədər ki, özgələrə məktub yazmaq. Anadolu məscidlərinin qapılarından keçmək mümkün deyil; o tərəfi-bu tərəfi müsəlmanlar tutub doluşurlar bir və ya iki mollanın başına ki, kağız yazdırsınlar. Habelə Tehran, Təbriz, İrəvan, Tiflis, Bakı ya qeyriləri. Gəncə məscidinin qapısının hər bir səkisində bir Məşədi Molla Həsən kimi şəxs əyləşib. İyirmi-otuz adam bunları əhatə edir ki, kağız yazdırsınlar. Məscidə girib-çıxmaq mümkün olmur.

Allah bərəkət versin.

Amma bircə burası yaxşı deyil, kağız yazdıranların hamısı kasıb adamlar olur. Görürsən ki, bir fəqir fəhlə gəlir ki:

– Məşədi əmi, mənə bir kağız yaz!

Məşədi Molla Həsən bunu eşitcək sağ əlini uzadır fəhlənin qabağına və soruşur:

– Çıxart görüm, cibində nəyin var?

Fəhlə əlini salıb cibindən iki qəpiyi çıxardır.

Məşədi deyir ki:

– Bu azdır.

Fəhlə and içir ki:

– Dəxi pulum yoxdu.

Məşədi and içir ki:

– Yazmanam.

Axırda fəhlə razı olur ki, gedib bir qəpik də tapıb gətirsin.

Sonra Məşədi Molla Həsən əvvəl eynəyi taxır gözünə, sonra qələmdanı açır, qələmdanın dəvatına52 bir qətrə su tökür, qamış qələmin ucunu basır sol əlinin şəhadət barmağının ucuna, sonra bir vərəq çirkli poçt kağızını kitabın içindən tapıb yarıdan cırır, yarısını səliqə ilə qoyur kitabın arasına, yarısını qoyur sol dizinin üstünə, qələmi batırır mürəkkəbə və öz-özünə başlayır kağızı yazmağa. “Sahiba, qibləgaha! Əvvələn və saniyən…” Qərəz xeyir-duanı və axırda “amin ya rəbbülaləmin” yazıb üzünü tutur kağız yazdırana və deyir:

– İndi sözünü de yazım.

Kağız yazdıran dərdini yazdırıb qurtarandan sonra qəpikləri verib Məşədi Mollaya, kağızı alıb qoyur qoltuq cibinə ki, gedib görsün vətənə gedən varmı ki, kağızı yollasın.

Miladi tarixinin min doqquz yüz altıncı ilində sentyabr ayının 13-də Məşədi Molla Həsən iki nəfər adama kağız yazıb: birini İranın “Ərəblər” kəndinin sakini Kərbəlayı Məmmədəliyə, o birini təbrizli Usta Cəfərə.

Ax, başı bəlalı kağızlar! Dünya və aləmi bir-birinə vurdunuz! Kaş sizi yazanın barmaqları quruya idi və sizi yazıb xalqı bu qədər bəlalara salmaya idi!

Qərəz, keçək mətləb üstə.

Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb az-çox çörək pulu qazansın və əhlü-əyalını saxlasın. Əhlü-əyalı ibarətdir bir anasından, bir arvadından və yeddi-səkkiz yaşında bir oğlundan.

Əvvəllər Kərbəlayı Məmmədəli fəhləlik edərdi və iki-üç ayda bir üç-dörd manat xərclik və altı-yeddi arşın çit göndərərdi evinə. Keçən il erməni-müsəlman davası düşəndə Kərbəlayı Məmmədəli getmişdi vətənə və beş-on manat pul da aparmışdı. Amma səkkiz aydır ki, evindən çıxıb gəlib indiyədək ancaq bir dəfə “Ərəblərə” anasına iki manat göndərib ki, evdə xərclik eləsinlər. İki dəfə anası və arvadı sifariş eləyiblər və iki dəfə kağız göndəriblər ki, xərclikdən yana korluqları var və Kərbəlayı Məmmədəlidən bir az pul istəyiblər. Bu sifarişlərin və kağızın cavabında Kərbəlayı Məmmədəli bir dəfə kağız göndərib və bir dəfə də sifariş eləyib ki, buralar şuluqdur və iş-zad o qədər yoxdur; bir az səbr eləsinlər, inşallah, ara sakitləşəndən sonra evə xərclik göndərər.

Bu vilayətin şuluq olmağını Kərbəlayı Məmmədəli düz yazırdı, çünki doğrudan buralar şuluq idi. Amma orasını yalandan yazırdı ki, iş-zad o qədər yoxdur; gün olmazdı ki, Kərbəlayı Məmmədəli fəhləlikdən dörd abbası, bir manat qazanmasın və bunu da demək olmaz ki, Kərbəlayı Məmmədəli əhlü-əyalını istəmirdi. Çox səy edirdi ki, pul göndərsin; amma göndərə bilmirdi. Nə qədər istəyirdi göndərsin, birdən görürdü ki, cibində pul yoxdur. Bir neçə gün keçirdi, öz-özünə deyirdi ki: “inşallah, bu gün vətənə gedən adam taparam və heç olmasa, iki manat evə göndərərəm”. Amma axırda genə göndərə bilmirdi. Ondan ötrü göndərə bilmirdi ki, xərci çox idi və xərci də ondan ötrü çox idi ki, Allahın izni ilə, peyğəmbərin şəriəti ilə Kərbəlayı Məmmədəli burada bir dul arvad siğə eləmişdi.

Həmin arvad Kərbəlayı Məmmədəlinin yoldaşı bir fəhlənin bacısı idi. Əvvəllər bu arvad Kərbəlayı Məmmədəlinin paltarını yuyardı.

Bir dəfə Kərbəlayı Məmmədəlini yoldaşı evlərinə qonaq aparmışdı. Nə tövr düşdü ki, Kərbəlayı Məmmədəli arvadın qıçlarını görüb xoşladı və axırda da ki, aldı. Qabaqca Kərbəlayı Məmmədəli “Aslan karvansarası”nın bir hicrəsində qalırdı və danışmışdı təzə arvadına ayda bircə manat xərclik versin. Amma sonra arvadı bir az da artıq xoşlayıb köçdü arvadın evinə. Arvadın adı Pərinisə idi.

* * *

Günlərin bir günü Kərbəlayı Məmmədəli qaçaraq evə gəlib təzə arvadına dedi:

– Ay qız, Pərinisə, muştuluğumu ver!

Pərinisə təəccüblü soruşdu:

– Nə olub?

Kərbəlayı Məmmədəli dübarə dedi:

– Muştuluğumu ver!

Pərinisə genə soruşdu:

– Nə olub?

Kərbəlayı Məmmədəli genə dedi:

– Muştuluğumu verməsən, demiyəcəyəm.

Pərinisə Kərbəlayı Məmmədəliyə yaxınlaşıb yapışdı əllərindən və genə soruşdu:

– Sən Allah, de görüm nə olub?

Kərbəlayı Məmmədəli genə dedi:

– Vallah, muştuluğumu verməsən, demiyəcəyəm.

– Yaxşı, muştuluğun borc olsun, de görüm nə olub?

Kərbəlayı Məmmədəli dedi:

– Bizim İrana hürriyyət verilib.

Pərinisə bir qədər dayanıb soruşdu:

– Nə verilib?

– Ay qız, hürriyyət də!.. İndiyə kimi bunu da bilmirsən?

Pərinisə genə bir qədər dayanıb və bir az təəccüblü soruşdu:

– Hürriyyət nədi?

Kərbəlayı Məmmədəli arvadın əllərini özündən kənar eləyə-eləyə başını sol tərəfə çöndərdi və bir cür narazı olan kimi cavab verdi:

– Ay rəhmətliyin qızı, indi axı mən sənə nə deyim, necə səni başa salım? İndi dünya-aləm bilir ki, İrana hürriyyət verilib. İndi küçədə uşaqlar da bilirlər ki, İrana hürriyyət verilib. Bu gün həmşərilərin hamısını qonsur53 çağırmışdı məscidə, padşaha dua eləyirdilər ki, İrana hürriyyət verib. Mən də getmişdim məscidə. O qədər adam vardı ki, iynə salmağa yer yox idi. Kərbəlayı Həsənqulu da orada idi. Həmşərilər o qədər sevinirdilər ki! Doğrudan da indiyə kimi biz yazıq həmşərilər çox qara gün çəkmişik. Fəhləlik eləməkdən canımız çıxdı. Amma görürsən, Ursetdə heç fəhlə yoxdu, hamısı yazıq həmşəridi. Pərinisə, Allah qoysa, bundan sonra pulumuz çox olar. Elə ha deyirdin ki, mənə urus məxmərindən bir arxalıq al. İndi, vallah, bundan sonra alaram! Axı özün görürdün ki, pulum görmürdü; amma, Allah qoysa, bundan sonra pulum çox olar. Kabla İmaməli, Kabla Noruz, Qasıməli, Oruc, Məşədi Bayram o qədər sevindilər ki, az qalırdılar börklərini göyə atalar. Qonsur, deyillər, sabah həmşərilərin hamısını çağıracaq, hürriyyət paylıyacaq. Ay can, ay can!.. Sağ olsun bizim padşahımız, ay can!..

Bu sözləri deyə-deyə Kərbəlayı Məmmədəli çıtmıq çalıb oynayırdı. Pərinisə sevincək genə gedib yapışdı ərinin əllərindən.

Sabah oldu. Axşam vaxtı Kərbəlayı Məmmədəli gəldi evə və içəri girən kimi Pərinisəyə dedi:

– Pərinisə, balam, qonsur bizə heç zad paylamadı, dedi sizin hürriyyət payınızı İranda öz vətəninizdə paylıyacaqlar.

Bu sözləri eşidəndən sonra Pərinisə qaş-qabağını tökdü və bir az dinməyib axırda ərinə dedi:

– Yalan deyirsən.

Kərbəlayı Məmmədəli başladı and içə-içə arvadını inandırmağa:

– Yalan deyirəm atama nəhlət! Qonsur bizə heç zad paylamadı.

– Yalan deyirsən.

– Vallah, heç zad paylamadı.

– Söz yox, paylamaz. Mənim baxtım harada idi ki, paylasın. Burada paylamadı ki, İranda vətəninizdə paylasın, yetişsin o kaftar arvadına. Mənim baxtım harada idi ki, burada paylasın.

Bir qədər öz baxtından şikayət edəndən sonra Pərinisə acıqlı ərinə dedi:

– Bax, Kabla Məmmədəli, mən onu-bunu bilmənəm, həyə mən sənə arvadam, gərək canın çıxsın, arvadını saxlayasan. İndi iki aydır mən səndən bir məxmər arxalıq istəyirəm. Almırsan ki, kasıbam, pulum yoxdu. İndi də başlamısan ki, mənim payımı qonsur vermədi, vətəndə verəcəklər. Mən heç vədə dözə bilmənəm ki, mənim qismətimi o kaftar arvadın alıb yesin. Ya helə bu gün get, kağızı yazdır ki, sənin payını yollasınlar bura, özünə, o kaftara verməsinlər; ya ki, mən bilmirəm neylərəm.

Bu sözlərin cavabında Kərbəlayı Məmmədəli dedi:

– Ay arvad, sən Allah boş-boş danışma. Vətəndə hər nə paylasalar, verəcəklər anama. Anam heç olmaz ki, mənim payımı özümə göndərməsin. Vallah, göndərər, anam məni çox istəyir. Ürəyini sıxma, dur bir tikə çörək gətir yeyək.

Pərinisə çörək gətirib qoydu ərinin qabağına, amma özü gedib oturdu bucaqda.

Axırda Kərbəlayı Məmmədəli and içdi ki, sabah olcaq gedib vətənə kağız yazdırar ki, onun payını göndərsinlər burada özünə yetişsin. Pərinisə bir az sakit oldu.

Sübh tezdən Kərbəlayı Məmmədəli çıxdı küçəyə və bilməzdi nə eləsin. Bir tərəfdən Pərinisədən çox qorxurdu və heç özü də bilmirdi ki, nəyə qorxurdu. Bir tərəfdən də vətəndəki arvadı Tükəzbandan da qorxurdu ki; qorxurdu ki, kağız yazdırıb göndərsə, vətəndə Tükəzban duya ki, əri payını təzə arvaddan ötrü istəyir. Burada evlənməyini Kərbəlayı Məmmədəli bərk gizlədirdi. Ondan ötrü ki, vətəndən gələndə Tükəzbanın qardaşları onu qorxutmuşdular ki, əgər qürbətdə evlənsə, gəlib burada onun başını yararlar. Tükəzban da and içmişdi ki, əgər Kərbəlayı Məmmədəli qürbətdə evlənsə, başıaçıq, ayaqyalın gəlib təzə arvadının saçlarını yolar.

Bu işləri fikir eləyə-eləyə Kərbəlayı Məmmədəli gəlib yetişdi məscidin qapısına. O vədə Məşədi Molla Həsən təbrizli Usta Cəfərə kağız yazıb təzə qurtarmışdı. Usta Cəfərin kağızı bu məzmunda idi:

“Əvvələn… salam-dua… və saniyən… Amin ya rəbbülaləmin. Ey mənim istəkli anam, neçə müddətdir ki, gəlib qürbətdə işləyirəm, heç səni yadımdan çıxarmıram. Amma, ay ana, vallah məndən incimə ki, sənə xərclik göndərmirəm. Ha istəyirəm göndərəm, amma vallah, bilmirsən buralar necə bahalıqdır. Görürsən, əvvəlləri mən tək canıma qalırdım, o vədə xərcim az olurdu, hərdənbir sənə bir-iki manat göndərirdim. Amma, söz yox, Allah özü buyurub ki, müsəlman bəndələrin tək qalmağı yaxşı deyil və Allahın buyurmağına görə necə də ki, məsələn, mollalar həmişə vəz eləyəndə bizə deyiblər ki, müsəlmançılıqda tək qalmaq yaxşı deyil, odur ki, məsələn, səndən də ayıb olmasın, Allahın izni ilə və peyğəmbərin şəriəti ilə burada səndən də ayıb olmasın bir arvad siğə eləmişəm. Genə necə olsa arvaddır, xərci-zadı olacaq. Vallah, qazandığım ancaq evimizin xərcini görür, dəxi o qədər qalmır ki, sənə də göndərəm və bir də mənim əvəzimdən bizim oğlanın üzündən öp və bir də cəmi qohum-əqrəbaya dua yetir”.

* * *

Məşədi Molla Həsən həmin kağızı təzə qurtarmışdı ki, Kərbəlayı Məmmədəli yavıqlaşıb salam verdi və üzünü mollaya tutub dedi:

– Molla əmi, mənə də bir kağız yaz!

Məşədi Molla Həsən, Kərbəlayı Məmmədəliyə dedi:

– Baş üstə, – və Usta Cəfərə dedi ki: – Götür qələmi kağıza qol qoy. – Usta Cəfər mollaya cavab verdi ki:

– Qoy kağız qurusun, mən gedim paket alım gətirim, sonra qol qoyaram.

Usta Cəfər durub getdi. Kərbəlayı Məmmədəli çömbəldi mollanın qabağına və Məşədi Molla Həsən, Usta Cəfər yazdığı kağızı qoydu günün qabağına, kitabın içindən bir vərəq çirkli poçt kağızı çıxardı və sonra sağ əlini Kərbəlayı Məmmədəliyə uzadıb dedi:

– Çıxar görüm, mənə nə verəcəksən?

Kərbəlayı Məmmədəli yavaş-yavaş sağ əlini uzatdı cibinə və üç dənə tək qəpik qoydu mollanın qabağına.

Məşədi Molla Həsən pulları götürüb, əvvəl tutdu günün qabağına, sonra saldı cibinə, sol dizini qalxızdı yuxarı, kağızı sol əlinin içində qoydu dizinin üstə. Qələmi batırdı mürəkkəbə və başladı yazmağa: “Əvvələn… salam və dua…və saniyən…Amin ya rəbbülaləmin…” Bunu yazandan sonra üzünü tutdu Kərbəlayı Məmmədəliyə:

– De görüm sözün nədi?

Kərbəlayı Məmmədəli bir öskürüb başladı:

– Molla əmi, sənin yanında qalsın, məsələn…– Məşədi Molla Həsən istədi yazsın, Kərbəlayı Məmmədəli tez əlini uzadıb yapışdı qələmdən:

– Yox, yox, yazma. Hələ qulaq as!

Məşədi Molla Həsən qələmi çəkdi və başladı qulaq asmağa. Kərbəlayı Məmmədəli dedi:

– Məsələn: yazgilən, ay ana, deyirlər İrana hürriyyət veriblər.

Məşədi Molla Həsən başladı yazmağa: “Ay ana, İrana hürriyyət veriblər”.

Kərbəlayı Məmmədəli dedi:

– Yaz dünən qonsur bizə xəbər verdi ki, bizim payımızı vətəndə paylayacaqlar. – Məşədi Molla Həsən bu sözləri də yazdı. Kərbəlayı Məmmədəli dedi: – Yaz indi, ay ana, mən, vallah, heç zad istəmirəm. Amma ayıb olmasın… qoy görüm necə yazaq? Molla əmi səndən də ayıb olmasın, bizim ev adamı, ayıb olmasın…

Məşədi Molla Həsən istədi yaza, genə Kərbəlayı Məmmədəli əlini atdı qələmə və çığırdı:

– Yox, yox, nə qayırırsan? Sən imam, onu yazma, yazma. Bilməzsən mənim sözlərimin hamısını yazarsan ha! Yox, yox başına dönüm, a molla, məni xanəxərab elərsən…

Məşədi Molla Həsən qələmi kağızdan çəkib, başladı qulaq asmağa. Kərbəlayı Məmmədəli başladı:

– Yaz mənim payıma hər nə düşsə, göndər mənim özümə…

Məşədi Molla Həsən bu sözləri yazdı. Kərbəlayı Məmmədəli başladı:

– Hərçənd mən bilmirəm nə qədər düşəcək. Elə tutaq ki, az da düşsə göndər. Çünki doğrudan, a molla, mən heç bu sözləri ağzıma alıb danışmazdım, amma bu arvadların öhdəsindən məgər gəlməkmi olur?..

Məşədi Molla Həsən istədi yaza. Kərbəlayı Məmmədəli tez əlini uzadıb yapışdı qələmdən və çığırdı:

– Yox, yox, sən Allah, yazma. Arvad sözü yazma. Birdən bilməzsən yazarsan, arvad almışam… Elə bircə onu yaz ki, payımı göndərsinlər. Vəssəlam.

Məşədi Molla Həsən bunu da yazdı. Kərbəlayı Məmmədəli dedi:

– Vəssəlam. Bir də yaz mənim əvəzimdən bizim oğlanın üzündən öp və ayıb olmasın, ev adamının kefi necədi və hamı qohum-əqrəbaya dua göndərirəm. Vəssəlam. Di indi buları da yaz, vəssəlam. – Məşədi Molla Həsən bu sözləri də yazdı.

Axırda Kərbəlayı Məmmədəli təvəqqə elədi ki, yazdığını bir dəfə oxusun. Molla başladı yazdığını oxumağa. “Əvvələn salam-dua… və saniyən…Ya rəbbül-aləmin…Ay ana, deyirlər İrana hürriyyət veriblər. Dünən qonsur bizə xəbər verdi ki, bizim payımızı vətəndə paylayacaqlar. İndi, ay ana, mənim payıma hər nə düşsə, göndər və bir də mənim əvəzimdən bizim oğlanın üzündən öp və ayıb olmasın, ev adamının kefi necədi və hamı qohum-əqrəbaya dua göndərirəm. Vəssəlam”.

Kağızı oxuyub qurtarandan sonra Məşədi Molla Həsən bu kağızı da qoydu Usta Cəfərin kağızının yanına, günün qabağına. Bu heyndə Usta Cəfər əlində bir çirkli paket gəldi, Məşədi Molla Həsən Usta Cəfərin kağızını və qələmi verdi ki, qol qoysun. Usta Cəfərin gözü sataşdı Kərbəlayı Məmmədəliyə yazılan kağıza və əyilib haman kağıza diqqətlə baxıb dedi ki:

– Ay Məşədi Molla əmi, öz aramızdı, amma bu kişinin kağızını mənim kağızımdan yaxşı yazmısan? Bax mənim kağızımın xətti o qədər gözəl deyil, amma o kağızın xəttinə bax…

Bu sözləri deyə-deyə Usta Cəfər Kərbəlayı Məmmədəlinin kağızını əlinə götürüb başladı ikisini də bir-biri ilə tutuşdurmağa. Kərbəlayı Məmmədəli də başını uzadıb əvvəl öz kağızına baxdı, sonra Usta Cəfərin kağızına baxdı və bir söz demədi. Məşədi Molla Həsən bu kağızları əlinə alıb, hər ikisinə eynəyinin altından diqqətlə baxa-baxa dedi:

– Pəh-pəh… Afərin belə xəttə, bir-birindən gözəldi.

Bu sözləri deyəndən sonra Məşədi Molla Həsən Kərbəlayı Məmmədəliyə yazdığı kağızı səhvən verdi Usta Cəfərə, Usta Cəfərə yazdığı kağızı qoydu günün qabağına. Usta Cəfər bilməyə-bilməyə Kərbəlayı Məmmədəlinin kağızını molladan aldı, qələmi götürdü, kağızı qoydu sol dizinin üstə və hıqqana-hıqqana, kəhildəyə-kəhildəyə on dəqiqənin müddətində yaman-yaxşı adını yazdı, sonra yazdığı yerə bir çimdik torpaq töküb paketi qoydu qoltuğuna və ayağa durub, “xudahafiz” deyib getdi.

Usta Cəfər uzaqlaşandan sonra Məşədi Molla Həsən Kərbəlayı Məmmədəliyə də dedi ki, gedib paket alıb gətirsin. Kərbəlayı Məmmədəlinin fikri bu idi ki, kağızı paketə qoymamış aparsın əvvəl Pərinisəyə göstərsin, sonra qoysun paketə. Məşədi Molla Həsən Usta Cəfərə yazdığı kağızı dörd qat büküb verdi Kərbəlayı Məmmədəliyə və dedi ki:

– Sonra nə vaxt paketini gətirsən, üstünü yazaram.

Kərbəlayı Məmmədəli kağızı götürdü əlinə və qələmi alıb hıqqana-hıqqana bir belə cızma-qara çəkdi: Məmməd ələd. Guya ki: Məmmədəli. Sonra dörd qat büküb qoydu qoltuq cibinə və durdu getdi.

Kərbəlayı Məmmədəli gəldi evinə, kağızı qoltuq cibindən çıxarıb uzatdı arvadına və dedi:

– Bax, Pərinisə, gedib kağız yazdırdım, göndərəcəyəm anama. Yazmışam ki, mənim hürriyyət payımı göndərsinlər. Həyə inanırsan, heç; inanmırsan, al apar kağızı hər kəsə istəyirsən oxut, gör belədi, ya yox.

Pərinisə kağızı aldı əlinə, o tərəfinə baxdı, bu tərəfinə baxdı, sonra büküb qoydu taxçaya. Axşam vaxtı arvad kağızı götürüb qoydu qoltuğuna və getdi qardaşı Kərbəlayı Rzanın evinə. Kağızı çıxartdı verdi qardaşına və dedi:

– Dadaş, sən Allah bu kağızı apar ver bir adam oxusun, görək burada nə yazılıb?

Kərbəlayı Rza əvvəl kağızın əhvalatını bacısından soruşdu və bir qədər fikirləşib dedi:

– Ay qız, Pərinisə, sənin heç ağlın yox imiş.

Pərinisə soruşdu:

– Niyə, dadaş?

Qardaşı cavab verdi:

– Ay axmaq, bir fikir elə gör İrannan da bura hürriyyət gələr?

Pərinisə dedi:

– Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdi ki, gəlməsin? “Ərəblər” kəndi odur a… Arazın qırağındadı. Nə bir uzaq yoldu ki? Burdan ora üç-dörd günlük yoldu.

– Yaxşı deyirsən, Pərinisə, “Ərəblər” çox uzaq yer deyil. Amma axı İrannan bura hürriyyət gələr?

Pərinisə bir az acıqlı kimi dedi:

– Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdi gəlmiyə? Sən elə mənim hər sözümü axmaq hesab eləyirsən. Oxutmursan, ver mənə kağızı, mən özüm aparıb oxudaram.

Kərbəlayı Rza kağızı vermədi və gülə-gülə dedi:

– Yaxşı, Pərinisə, mən kağızı sabah aparıb oxudaram. Qoy Kərbəlayı kağızı göndərsin, amma vallah genə axırda mən deyən olacaq; çünki, axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək… belə zadlar gələr; yoxsa vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-veriş eliyəni də mən eşitməmişəm.

Pərinisə bir az fikir eləyəndən sonra genə qardaşından təvəqqə elədi ki, kağızı aparıb bir adama oxutsun. Qardaşı söz verdi ki, kağızı sabah oxudar.

Sabah oldu və Kərbəlayı Rza kağızı apardı əvvəl Molla Orucəlinin yanına. Molla Orucəli iki ildi burada bir məktəb açıb və başına beş-on uşaq yığıb oxudur.

Molla Orucəli kağızı aldı və diqqətlə baxandan sonra dedi ki:

– Bu kağız tərəssül54 xətti ilə yazılıb. Çox qarışıq yazılıb. Mən bu xəttə aşina deyiləm. Apar elə bir adama oxut ki, bu xəttə aşina olsun.

Kərbəlayı Rza kağızı aldı, apardı rus-müsəlman məktəbinin müəllimi Mirzə Həsənə nişan verdi və təvəqqə elədi oxusun. Mirzə Həsən həmin məktəbdə müsəlman dərsinin müəllimidir və özü də “seminariya” deyilən müəllimxanada təhsil eləyib. Mirzə Həsən kağıza diqqətlə baxıb dedi ki:

– Bu kağızı yazanın əlləri çolaq olsun! Elə narın və rizə yazıb ki, oxumaq mümkün deyil.

Kərbəlayı Rza kağızı Mirzə Həsəndən aldı və bilmədi daha kimin yanına getsin və kimə oxutsun. Birdən Kərbəlayı Rzanın yadına düşdü ki, Əttar Məşədi Hüseyn gərək çox dərs oxumuş adam ola; çünki çox məclislərdə Məşədi Hüseynin şəriətdən, həqiqətdən, xilqətdən və hidayətdən bəhs etməyini Kərbəlayı Rza bir neçə dəfə eşitmişdi. Həmişə Məşədi Hüseyn danışanda Kərbəlayı Rza öz-özünə deyərdi ki: “Yəqin Məşədi Hüseyn alim adamdır”.

Kərbəlayı Rza Məşədi Hüseynin dükanına yetişib, gördü ki, Məşədi tərəzinin bir çanağına bir parça nabat qoyub çəkir və müştəriyə bu sözləri deyir:

– Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik babam həmişə məni qucağına alanda atama deyərmiş, bax, oğlum, Kərbəlayı İsmayıl, bu uşaqdan müğayat ol, bunun gözlərindən elm yağır. Bu uşaq əvvəl-axır alim olacaq. İndi mən baxıram ki, həqiqət də rəhmətlik babam bilirmiş ki, mən axırda nə olacağam. Amma, söz yox ki, elm elə bir şey deyil ki, öz-özünə gəlsin girsin adamın başına. Elmi təhsil eləmək lazımdır, sümük sındırmaq lazımdır; yoxsa elm bir elə şey deyil ki, öz-özünə gəlib girsin adamın başına. Elmi təhsil eləyincə insanın anadan əmdiyi süd adamın burnunun dəliklərindən gəlib tökülür. Heç bilmirsən başıma nə işlər gəlib, ayaqlarıma nə qədər çubuqlar dəyib, nə qədər kötəklər yemişəm. Axırı ki, gözümün nuru tökülüb, bir tövr alimlər cərgəsinə daxil olmuşam. Yoxsa, qadan alım, bu işlər zarafat deyil və bir də insanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun. Hamı oxuyan alim olmaz.

Kərbəlayı Rza yetişib kağızı tutdu Məşədi Hüseynin qabağına və dedi:

– Məşədi əmi, Allah atana rəhmət eləsin, bir bax görək bu kağızda nə yazılıb?

Məşədi Hüseyn müştəriyə nabatı verəndən sonra Kərbəlayı Rzadan kağızı aldı və başladı diqqətlə baxmağa. Bir azdan sonra dedi:

– Bu kağızı kim yazıb?

Kərbəlayı Rza cavab verdi ki:

– Bilmirəm kim yazıb. Gərək ki, məscid qabağında kağız yazan molla yazmış ola.

Məşədi Hüseyn başladı kağızı oxumağa: “Əvvələn: ümdeyi-mətləb səlamətiyi-vücudi-zicudi-şümast. Və saniyən, əgər əhvalati-in canibra xastə başid, əlhəmdulillah səhih və səlamət həstim və nigarani nədarim sivai-duri-əz şüma. Xüdavəndi-aləm səbəbi sazəd və vəsileyi-xeyr əngizəd ki, didari-şərifi-şümara bəxeyrü-xubi didar nümayim. Amin, ya rəbbülaləmin!.. və bəd…”55.

Məşədi Hüseyn kağızı buraya kimi oxuyub burada dayandı və genə kağıza diqqətlə baxıb çətinliklə bu sözləri oxudu: “Qürbət vilayət”. Sonra genə duruxdu və kağızı işığa tutub başladı o tərəf-bu tərəfə çöndərməyə və genə diqqətlə baxıb hıqqana-hıqqana bu sözləri oxudu: “Çünki”…

Bir-iki dəfə də Məşədi Hüseyn “çünki”, “çünki” deyib dayandı; kağızı qoydu tərəzinin çanağına və üzünü tutdu Kərbəlayı Rzaya:

– Balam, bu kağızı yazanı mən tanıyıram. Bunu yazan Məşədi Molla Həsəndir. Zalım oğlu, zalım, yazdığı kağızı heç kəs oxuya bilməz; çünki Məşədi Molla Həsən doğrudan dərin molladı. Mən deyirəm Təbrizdə də belə oxumuş adam az tapılar və Məşədi Molla Həsən yazdığı kağızı az-az adam oxuya bilər. Maşallah kağız yazana! And olsun Allaha, kişiyə deyəsən vergi verilib. Bir xəttə bax, xəttə bax!

Bu sözləri deyə-deyə Məşədi Molla Hüseyn genə kağızı götürdü əlinə və başladı tamaşa eləməyə.

Kərbəlayı Rza aldı kağızı və qoydu cibinə və istədi qayıdıb gəlsin evə. Məscidin yanından keçəndə Kərbəlayı Rzanın fikrinə gəldi ki, kağızı yazan haman eynəkli molladır ki, məscidin qapısında səkinin üstündə oturub, bir kəndliyə kağız yazırdı. Kərbəlayı Rza Məşədi Molla Həsənin yanına gəlib dedi:

– Səlamün-əleyküm, Molla dayı! Molla dayı, sən Allah bir mənə de görüm dünən Kərbəlayı Məmmədəliyə sənmi kağız yazmısan?

Məşədi Molla Həsən eynəyinin altından Kərbəlayı Rzaya diqqət edib cavab verdi:

– Hansı Kərbəlayı Məmmədəliyə?

Kərbəlayı Rza dedi:

– Haman adama ki, yazıb onun hürriyyət payını özünə göndərsinlər.

Məşədi Molla Həsən cavab verdi:

– Bəli, bəli, mən yazmışam. Dünən yazdım. Yaxşı yazmışam, arxayın ol, yəqin göndərərlər; çünki yaxşı yazmışam. Deyəsən sən özün gəlib dünən yazdırdın?

– Xeyr, mən deyiləm, mənim yeznəmdi.

– Bəli, bəli, inşallah göndərərlər. Arxayın ol!

– Allah atana rəhmət eləsin, xudahafiz!

Kərbəlayı Rza bir az rahat olub gəldi evə və kağızı Pərinisəyə verib and içdi ki, kağız yazan molladan əhvalatı bilibdir və Kərbəlayı Məmmədəli kağızı necə ki deyir, elə də yazdırıbdır.

Axşam Pərinisə kağızı verdi Kərbəlayı Məmmədəliyə ki, göndərsin vətənə.

Kərbəlayı Məmmədəli kağızı götürdü və getdi makulu Hacı Əli adlı tacirin dükanına və kağızı Hacı Əliyə verib təvəqqə elədi ki, Makuya gedən olsa, kağızı versin aparsınlar Şahtaxtında versinlər çayçı Məşədi İskəndərə ki, Məşədi İskəndər göndərsin “Ərəblərə”, onun anasına.

* * *

Aradan bir ay keçdi. Gündə bir dəfə Kərbəlayı Məmmədəli axşamlar işdən evə gələndə Pərinisə soruşurdu:

– A kişi, kağızdan bir xəbər varmı? – Kərbəlayı Məmmədəli cavab verərdi ki:

– Bir xəbər yoxdu.

Əvvəl vaxtlar Kərbəlayı Məmmədəli belə cavab verəndə arvadı deyərdi:

– Yalan deyirsən, – və Kərbəlayı Məmmədəli and içərdi ki:

– On iki imam haqqı yalan demirəm:

Arvad genə deyərdi ki:

– Yalan deyirsən-və Kərbəlayı Məmmədəli cavab verərdi:

– Həyə yalan deyirəm, atama nəhlət! – Arvad deyərdi:

– Bəlkə heç kağızı göndərməmisən? – və Kərbəlayı Məmmədəli cavab verərdi ki:

– Qoy qardaşın Kərbəlayı Rza getsin makulu Hacı Əlidən soruşsun görsün, göndərmişəm ya göndərməmişəm.

Axır vaxtlarda da Kərbəlayı Məmmədəli deyəndə “kağızdan bir xəbər yoxdu”, Pərinisə başlardı əri ilə dava-mərəkə eləməyə ki, “yəqin kağızdan xəbər var, amma sən məndən gizləyirsən”. Dəxi burada and içməkdən başqa Kərbəlayı Məmmədəlinin özgə bir çarəsi olmazdı.

Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb, başladı Kərbəlayı Məmmədəlini təpikləyib oyatmağa. Kərbəlayı Məmmədəli oturdu və başladı gözlərini ovuşdurmağa. Arvad ərinə dedi:

– Kərbəlayı Məmmədəli, indi bu gün kağızdan yaxşı xəbər çıxsa mənə nə verərsən?

Kərbəlayı Məmmədəli dedi ki:

– Hər nə desən, verərəm. – Pərinisə başladı ki:

– Bu gün yaxşı xəbər gələcək. – Əri soruşdu ki:

– Nə bilirsən? – Arvad cavab verdi ki:

– Yuxu görmüşəm. – Kərbəlayı Məmmədəli genə soruşdu ki:

– Nə yuxu görmüsən? – Pərinisə cavab verdi:

– Nə işin var nə yuxu görmüşəm? Amma mən bilirəm ki, bu gün yaxşı xəbər gələcək. – Genə Kərbəlayı Məmmədəli başladı yalvarmağa ki:

– Sən Allah, de görüm, nə yuxu görmüsən? – Pərinisə cavab verdi ki:

– Yuxumu demənəm. Desəm, çin olmaz.

Kərbəlayı Məmmədəli paltarını geyib, durdu getdi işə və günortadan iki saat keçmiş qayıdıb gəldi evinə. Pərinisə soruşdu:

– Nə var, nə yox? – Əri cavab verdi ki:

– Bir şey yoxdu.

Pərinisə gətirdi ərinin qabağına pendir-çörək qoydu və özü də oturdu ərinin yanında. Kərbəlayı Məmmədəli çörəkdən bir tikə ağzına qoyub bvşladı:

– Ay qız, bə sənin yuxun necə oldu? Bə deyirdın: bu gün xəbər çıxacaq?

Pərinisə belə cavab verdi:

– Kərbəlayı Məmmədəli, mən genə sənə deyirəm ki, yaxşı xəbər gələcək. Onnan ötrü ki, mən yuxuda həmişə qarpız görəndə şad oluram. Keçən həftə Sara bacım da yuxuda qarpız görmüşdü, əri Məşədi Haqverdi gəlib mollaya Sara bacımın yuxusunu nağıl eləmişdi. Molla demişdi ki, qarpız şadlıqdı. Mən də həmişə yuxuda qarpız görəndə sevinirəm. Xeyir olsun, yuxuda gördüm ki, rəhmətlik Şərəbanı əmidostum minib bir eşşəyə, bizə qonaq gəlib. İndi gəlməsin. Rəhmətlik məni çox istərdi. Hə… eşşəyin üstə yekə-yekə çuvallar çatılmışdı; elə yekə çuvallar idi ki, nə bilim bu dam boyda…

Kərbəlayı Məmmədəli qah-qah çəkib dedi:

– Ay qız, ay qız, dam yekəlikdə də çuval olar? Qah-qah-qah…

Pərinisə başladı and içməyə:

– Yalan deyənin atasına nəhlət! Vallah, yalan demirəm. Elə bu dam yekəlikdə idilər. Hə… mən çıxdım rəhmətliyin qabağına və dedim, – indi çıxmayım və indi deməyim, – dedim: ay əmidostu, sənhəzrət Abbas, bu nə xəcalətlikdi mənə verirsən? Rəhmətlik gəlib məni qucaqladı. – İndi qucaqlamasın. – O üzümdən öpdü, bu üzümdən öpdü və qarpızların bir yekəsini gətirib verdi mənə. Allah rəhmət eləsin, torpağı sanı yaşıyasan, məni çox istərdi; indi istəməsin.

* * *

Pərinisə bu sözləri deməkdə idi, Kərbəlayı Məmmədəlinin qulağına “hoqquş…hoqquş…” səsi gəldi. Ər-arvad üzlərini həyətə tərəf çöndərib gördülər ki, həyətə bir ulağ girdi, ulağın üstündə bir arvad və yanında bir kişi.

Pərinisə və Kərbəlayı Məmmədəli əvvəl bilmədilər ki, bu gələnlər kimdirlər; hətta Kərbəlayı Məmmədəli zarafatla dedi ki:

– Ay qız, yuxun çin oldu. Budur Şərəbanı əmidostun sənə qarpız gətirir.

Pərinisə genə diqqətlə həyətə girənlərə baxıb, durdu ayağa. Kərbəlayı Məmmədəli də bir qədər diqqət eləyib birdən “vay!” – deyib qaçdı evin bucağına və istədi gizlənsin. Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. Kərbəlayı Məmmədəli qaçdı akoşkaya tərəf və istədi akoşkanı sındırıb özünü salsın eşiyə. Sonra genə həyətə baxıb, qayıtdı qapıya tərəf və göz-gözə verib özünü saldı həyətə və başladı naçmağa. Ulağ üstə gələn arvad əlinə bir daş alıb, başladı Kərbəlayı Məmmədəlini qovlaya-qovlaya söyməyə:

52.Keçmişdə qamış qələmlə yazmaq üçün işlənən qara rəngli mürəkkəb
53.Konsul
54.Ərəb əlifbası ilə xətt növüdür
55.Tərcüməsi: əvvələn ümdə mətləb sizin qiymətli vücudunuzun səlamətliyidir. Sonrakı, əgər bu tərəflərin əhvalını bilmək istəsəniz, əlhəmdüllah, sağ və salamat varıq və sizdən ayrı olmağımızdan savayı nigarançılığımız yoxdur. Xudavəndi, aləm elə bir səbəb yaratsın, elə bir xeyir iş görsün ki, sizin xoş üzünüzü yaxşılıq və gözəlliklə görək. Amin, ya rəbbül-aləmin… və ilaxir.
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8252-1-3
Telif hakkı:
JekaPrint
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre