Kitabı oku: «Şah Abbas», sayfa 2
Səfəvi dövlətində yeni taxt müharibələri və Osmanlı ilə savaşlar
Vəliəhd təyin etmədən ölən I Təhmasibin həmin vaxt 45 yaşında olan böyük oğlu Məhəmməd Xudabəndə qarov16 idi. Ona görə də hakimiyyət uğrunda mübarizə mərhum şahın digər oğulları – Heydər Mirzə ilə İsmayıl Mirzə arasında gedirdi. Ustaclı bəyləri və gürcü knyazları Heydər Mirzənin, rumlu, təkəli və avşar ağaları, eləcə də çərkəzlər İsmayıl Mirzənin taxta çıxmasını istəyirdi.
Bu mübarizənin ilk mərhələsini Heydər Mirzə qazandı; o, atasının ölümündən sonra yeni hökmdar elan edilsə də, hakimiyyətinin elə ilk günlərində müxalifləri tərəfindən öldürüldü. Bundan sonra isə hələ I Təhmasibin zamanında Qəhqəhə qalasına17 atılmış İsmayıl Mirzə zindandan çıxarıldı və Şah II İsmayıl adı ilə taxtda oturduldu.
Şah II İsmayılın ilk işi bəzi qızılbaş başçılarını və şahzadələrin çoxunu aradan götürmək oldu. O, bununla da kifayətlənməyib sədaqətinə şübhə elədiyi bir sıra qızılbaş əmirlərini tutduqları vəzifələrdən azad elədi, bu əmirlərin yerinə hədsiz dərəcədə güvəndiyi, lakin təcrübəsiz adamları gətirdi. Həmçinin şafiiliyə18 meyilli olduğu üçün şiə məzhəbli üləmaları saraydan uzaqlaşdıraraq sünni alimləri ətrafına yığmağa başladı.
Ümumiyyətlə, Şah II İsmayıl bir il yarımlıq hakimiyyəti dövründə müxtəlif istiqamətlərdə radikal islahatlar aparmağa girişmişdir. Öncə rəqiblərini bir-birinin ardınca aradan götürmüş, sonra Heydər Mirzənin tərəfdarlarını saraydan və paytaxtdan uzaqlaşdırmış, qızılbaşları hakimiyyətdən təmizləyərək onları sünni bürokrat və alimlərlə əvəzləmişdir. Lakin Şah II İsmayılın ən cəsarətli addımı Səfəvi torpaqlarını təhdid altında saxlayan sünni məzhəbli osmanlıları və özbəkləri sakitləşdirmək məqsədi ilə dini yönümlü qərarlarıdır. Belə ki, o, indiki İranda sünniliklə şiəliyi ortaq məxrəcə gətirmək üçün səylə çalışmışdır. Əvəzində isə hətta ən yaxınlarının belə nifrətini qazanan II İsmayıl 1577-ci il noyabrın 24-də müəmmalı şəkildə öldü. Onun zəhərləndirildiyini söyləyənlər də, yüksək dozada uyuşdurucu maddə qəbul etdiyi üçün öldüyünü iddia eləyənlər də var.
II İsmayılın ölümündən sonra hakimiyyətə kimin gələcəyi yenidən kəskin müzakirə mövzusuna çevrildi. Axırda qızılbaş əmirləri Məhəmməd Xudabəndəni taxta çıxarmağa nail oldular. Xudabəndə xəstə və qarov olduğu üçün ölkəni faktiki olaraq onun xatunu Məhdi Ülya idarə etməyə başladı. Düzdür, Xudabəndənin Məhdi xatundan olan on bir yaşlı oğlu Həmzə Mirzə vəliəhd təyin edilmişdi, lakin dövlət işləri tamamilə anasının əlində idi.
Məhdi Ülya sərt xarakterli qadın idi, bundan başqa, yaxın adamlarını yüksək vəzifəyə təyin etməyə başlamışdı. Odur ki qızılbaş əmirləri ondan ciddi şəkildə narazı idilər. Məhdi xatun iqtidardakı önəmli vəzifələrə tacik mənşəli şəxsləri gətirir, qızılbaş əmirlərinə isə aşağı vəzifələr verirdi. O bununla dövlət idarəçiliyindəki türk və fars əsillilər arasında tarazlıq yaratmağa çalışdığını nümayiş etdirmək istəsə də, reallıqda belə olmadığı açıq ortada idi. Elə buna görə də saray daxilində düşmənçilik güclənir, hakimiyyət zəifləyirdi. İşi belə görən Osmanlı sultanı III Murad fürsəti əldən vermək istəmədi. O, son zamanlar iki dövlət arasında narazılığa gətirib çıxaran bəzi məsələləri bəhanə edərək ordusunu Səfəvi torpaqları üzərinə yeritdi. Osmanlı sədr-əzəmi Lələ Qara Mustafa paşanın başçılıq etdiyi ordu 1578-ci ildə Ərzurum istiqamətindən hərəkətə keçdi. İki ölkənin ordusu indiki Türkiyə ərazisində, Çıldırda qarşılaşdı. Səfəvilər həmin döyüşdə məğlub oldu. Bu minvalla öncə Tiflis, daha sonra isə Şirvan və ətraf bölgələr Osmanlı dövlətinin əlinə keçdi. Səfəvilər Şirvan və Gürcüstanı geri qaytarmaq üçün bir neçə dəfə cəhd etsə də, Məhdi xatunla qızılbaş əmirləri arasında kəskin ixtilaflar və Osmanlı sərkərdəsi Özdəmiroğlu Osman paşanın ağıllı taktiki gedişləri səbəbindən həmin cəhdlər nəticəsiz qaldı. Növbəti cəhdlərin birində isə səfəvilər Özdəmiroğluna köməyə gələn Krım hakimi Adil Girayı məğlub edərək əsir götürdülər. Bu hadisədən xəbər tutan Osmanlı sultanı əlavə ordu göndərdi. Vəziyyətin daha da qəlizləşdiyini anlayan Səfəvi dövləti sülh təklif etdi. Aparılan danışıqlar zamanı səfəvilər Şirvanı öz əllərində saxlamaq şərti ilə illik vergi ödəməyə razılaşdılar. Lakin bu razılaşmanın ömrü uzun sürmədi: Səfəvi dövləti gürcü knyazlarının köməyi ilə Şirvandan Tiflisə qədər olan ərazini osmanlılardan tə-mizləmək fikrinə düşdü, nəticədə yeni müharibə oldu və osmanlılar qalib gəldilər.
Bütün bunlar azmış kimi, bir müddət sonra Səfəvi dövləti yeni daxili xaosla qarşılaşdı. Belə ki, bəzi şiə türkmən bəylərinin hökumət tərəfindən qətlə yetirilməsi aranı qarışdırdı. Bundan istifadə edən Özdəmiroğlu Osman paşa 1585-ci ildə hərəkətə keçdi və Təbriz şəhərini tutdu. Səfəvilər şəhəri geri qaytarmağa çalışsalar da, buna nail ola bilmədilər.
Təbrizi osmanlılardan geri almaq cəhdi boşa çıxdı. Səfəvi dövlətinin növbəti dəfə sülh təklif etməkdən başqa yolu qalmadı. Elə bu vaxt, 1586-cı ilin sonlarında, daha dəqiq desək, dekabrın 4-də vəliəhd Həmzə Mirzə öldürüldü. Nəticədə yeni vəliəhdin kimliyini müəyyənləşdirmək üçün qızılbaş əmirləri arasında növbəti qarşıdurma başladı.
Dayanmaq bilməyən Osmanlı ordusu fürsətdən yarar-lanıb Gəncəni də tutdu. Ümumiyyətlə, Həmzə Mirzənin öldürülməsindən sonra ortaya çıxan xaotik vəziyyət qərbdən osmanlılara, şərqdən isə özbəklərə Səfəvi dövlətini daha da sıxışdırmaq üçün münbit şərait yaratmışdı.
Tarixi hadisələrin belə sürətlə bir-birini əvəz etməsi Şah I İsmayılın yaratdığı qüdrətli dövləti yox olmaq təhlükəsi ilə üzləşdirmişdi. Bu həm də Səfəvi dövlətinin öz xilaskarına qovuşması üçün əla fürsət idi…
II FƏSİL
Abbas Mirzənin şahzadəlik dövrü
Abbas Mirzənin doğumu
Kitabımızın qəhrəmanı Şah I Abbas dünyaya gələrkən atası Məhəmməd Xudabəndə indiki Əfqanıstan ərazisində yerləşən Herat valisi idi. 1571-ci il yanvarın 29-da, bazar ertəsi gecə doğulan şahzadə Abbas Mirzə gələcəkdə, taxta çıxdıqdan sonra özbək hökmdarı II Abdullah xana yolladığı məktubda yazacaqdı: «Mənim Heratla bağlı gözəl xatirələrim var. Çünki orada doğulub, orada böyümüşəm. Bu gün belə Herat üçün çox darıxıram».
Abbas Mirzənin anası Məhdi Ülya (əsl adı Xeyrənnisə bəyim) Mazandaran əyalətinin valisi Mirabdulla xanın qızı idi. Mirabdulla xan şiələrin dördüncü imamı Zeynalabdinin soyundan idi. Bunu Məhdi xatunun Maraşi19 seyidlərindən olması da təsdiqləyir.
Səfəvilərin gələcək hökmdarı doğularkən Şah I Təhmasib Qəzvində imiş. Nəvəsinin anadan olduğunu eşitdikdə çox sevinmiş, oxuduğu şeirlərin birində «Abbas» adına rast gəldiyi üçün ona bu adın qoyulmasını əmr etmişdi. Bundan başqa, yeni doğulan şahzadəyə hədiyyə olaraq xalı, keçə, bir də beşik göndərmişdi.
Abbas Mirzənin yeniyetməliyi və Heratdakı valiliyi
Xorasan bölgəsi tez-tez özbəklərin hücumuna məruz qaldığından Şah I Təhmasib bu bölgənin aparıcı şəhərlərindən olan Herata şahzadələrindən birinin başçılıq etməsini istəyirdi. Bu məqsədlə oğlu Məhəmməd Mirzəni (Xudabəndə) Herata yolladı.
Lakin bir müddət sonra Məhəmməd Mirzə ilə lələsi20 Ustaclı Şahqulu sultanın arası dəydi. Bu səbəbdən I Təhmasib oğlunu Xorasandan uzaqlaşdıraraq Şiraza göndərmək məcburiyyətində qaldı. Beləcə, Herat valisi vəzifəsi boş qaldı. Ardınca Məhəmməd Mirzənin 8 yaşlı oğlu Həmzə Mirzə onun yerinə keçdi. Lakin ata-anası balaca Həmzəni çox sevir və onun belə bir ağır işin altına girməsini istəmirdilər. Odur ki Şah I TəHmasibə məktub yazaraq ondan Həmzənin yerinə ən kiçik oğulları 18 aylıq Abbas Mirzəni təyin etməsini xahiş elədilər. Şah Təhmasib oğlu ilə gəlininin sözünü yerə salmayıb Abbas Mirzəni Herat valisi təyin etdi. Şahzadənin lələsi isə Şahqulu sultan oldu. Beləliklə, körpə şahzadə Abbas Mirzənin böyük hökmdarlıq yolunu açan Herat valiliyi başlamış oldu.
1576-cı ildə Şah I Təhmasib vəfat etdi. Hakimiyyət uğrunda çəkişmələrdən öncə Heydər, sonra isə II İsmayıl qalib çıxdı. Məhz II İsmayılın hakimiyyəti dövründə Heratda Abbas Mirzənin lələsi Ustaclı Şahqulu sultan qətlə yetirildi. Onun yerinə Əliqulu xan Şamlını Herata göndərdilər.
Şübhəsiz ki, körpə Abbas Mirzənin yalnız adı vali idi. Heratın əsl hakimi Əliqulu xan sayılırdı. Balaca şahzadəni isə Əliqulu xanın anası Xanağa xanım böyüdürdü. Lələsi öz həyat yoldaşı Canağa xanımla birlikdə Abbas Mirzəyə çox isti münasibət bəsləyir və onu doğma övladları kimi böyük bir şəfqət və məhəbbətlə böyüdürdülər. Beləliklə, səfəvilərin gələcək hökmdarı valideynlərindən ayrı, Əliqulu xanın himayəsində Heratda yetkinlik yaşına çatmışdı. Bu şəhərdə yaşadığı müddətdə Abbas Mirzə bir vaxtlar məşhur özbək şairi Əlişir Nəvaiyə21 (1441 – 1501) məxsus olan sarayda qalmışdır22.
1577-ci ilin noyabrında Şah II İsmayıl Əliqulu xana qardaşı oğlunu, yəni Abbas Mirzəni öldürməyi əmr etdi. Onun belə bir qərar verməsi təsadüfi deyildi. II İsmayıl öz hakimiyyətini möhkəmləndirmək və onun gələcəyini təminat altına almaq üçün Səfəvi şahzadələrini bircə-bircə aradan götürməyə qərar vermişdi. Abbas Mirzə ilə bağlı bu əmri yerinə yetirməyə Əliqulu xanın əli gəlmirdi. Lakin şahın göstərişindən də kənara çıxa bilməzdi. Vəziyyətdən hali olan anası Xanağa xanım oğluna heç olmasa, mübarək Ramazan ayının bitməsini gözləməyi məsləhət gördü. Əliqulu xan anasının tövsiyəsinə əməl etmək qərarına gəldi. Elə bu zaman II İsmayılın ölüm xəbəri yayıldı. Beləcə, Abbas Mirzə təsadüf nəticəsində ölümdən qurtulmuş oldu. Bu zaman onun cəmi 6 yaşı vardı. Əmilərinin qısa sürən hakimiyyətlərindən sonra 1578-ci ildə Abbas Mirzənin atası Məhəmməd Mirzə «Şah Məhəmməd Xudabəndə» adı ilə Səfəvi taxtına əyləşdi. Atasının şahlığı dövründə Abbas Mirzə Herat valisi olaraq qaldı.
Əvvəl də qeyd etdiyimiz kimi, Xudabəndə xəstə və qarov olduğu üçün dövlət işləri ilə əsasən həyat yoldaşı Məhdi xatun məşğul idi. Məhdi xatun qorxurdu ki, hakimiyyətdə söz sahibi ola bilmək üçün mütəmadi şəkildə qarışıqlıq yaradan Xorasan əmirləri oğlu Abbası öz əllərində alətə çevirsinlər və onun vasitəsi ilə fitnə-fəsad yaratsınlar. Bu təhlükəni önləmək üçün Məhdi xatun şahzadə Abbası Qəzvinə göndərmək istədi. Lakin Xorasan əyalətindəki digər şəhər valilərinin də dəstəyini qazanan Əliqulu xan bu istəyi yerinə yetirmədi. Səbəb kimi isə onu göstərdi ki, «Səfəvi xanədanından bir şahzadənin Xorasanda olması bu bölgədə rifah və asayişin başlıca təminatıdır».
1579-cu il iyulun 26-da Qızılbaş əmirləri sui-qəsd təşkil edərək Məhdi xatunu öldürdülər. Aradan iki il keçdi. Əksəriyyəti ustaclılardan və şamlılardan olan Xorasan əmirləri toplaşıb Əliqulu xanı «Xanların xanı» adı ilə özlərinə başçı seçdilər. Həmin vaxt 10 yaşında olan Abbas Mirzəni isə hökmdar elan etdilər. Beləliklə, mərkəzi hakimiyyətdəki əsasən təkəli və türkmən oymaqlarından çıxmış əmirlərə qarşı cəbhə açıldı. Əliqulu xanın başlıca müttəfiqləri Xorasan əmirləri arasında sayılıb-seçilən Ustaclı Mürşidqulu xanla Qacar Qubad xan idi.
Xorasan əmirlərinin mərkəzi hakimiyyətə qarşı cəbhə açması əks tədbirlərin görülməsini zəruri edirdi. Bu səbəbdən də Şamlı Vəli Xəlifə, Ustaclı Həmzə xan, Ustaclı Şahqulu sultan və Şamlı Qorxmaz xan kimi Səfəvi sarayına sadiq əmirlər Xorasana göndərildi. Onlar hələ yolda ikən Herat valisi Əliqulu xan öz qoşunu ilə Məşhədə doğru yürüşə keçdi. Məşhəd valisi Pornaklı Murtuzaqulu xan həm türkmən olduğundan, həm də Əliqulu xanı qısqandığından ona müxalif mövqedə dayanırdı. Elə Əliqulu xan da özbəklərlə savaşda qazandığı uğurlar səbəbi ilə Məşhəd valisini sevmir və ona qısqanclıqla yanaşırdı. Buna görə aralarında çəkişmə başlamış, nəticədə indiki İranın şimal-qərbində əməlli-başlı qarışıqlıq yaranmışdı.
Əliqulu xanın göndərdiyi dəstələr Xorasan üzərinə yeriyən Şamlı Vəli Xəlifənin bölüyünü məğlub edib özünü isə öldürdülər. Bunu görən digər əmirlər qorxuya düşdülər və geri çəkildilər. Beləliklə, Əliqulu xan yalnız qalan rəqibi Məşhəd valisi Murtuzaqulu xanı şəhərə qapanmağa məcbur etdi. Məşhədin mühasirəsi dörd ay sürdü. Lakin bir nəticə hasil olmadı. Hadisələrin bu cür gedişi təkəli və türkmən əmirləri ilə şamlı və ustaclı əmirləri arasında nifaqı daha da gücləndirdi. Üstəlik, vəliəhd Həmzə Mirzənin yaxın adamlarının şamlı bəyzadələrdən ibarət olması türkmənlərin onlara nifrətini artırırdı. Digər tərəfdən, Qızılbaş əmiri, Şahqulu sultanın oğlu Mürşidqulu xanın Xorasanda nüfuzunun, təsir dairəsinin getdikcə artması təkəlilərlə ustaclılar arasındakı rəqabəti daha da qızışdırırdı.
Elə Murtuzaqulu xan da saraya göndərdiyi məktubların birində məhz Şamlı Əliqulu xanla Ustaclı Mürşidqulu xandan şikayətlənirdi. Ancaq həmin vaxt qərbdə Osmanlı ilə müharibə yenidən alovlandığı üçün mərkəzi hakimiyyətdə Xorasandakı vəziyyətlə ciddi maraqlanan yox idi. Üstəlik, Səfəvi hökmdarı Xudabəndənin zəif hakimiyyəti həmin vaxt bu bölgədə baş verənlərə müdaxilə eləmək iqtidarında deyildi.
1581-ci ildə Əliqulu xan bu dəfə Nişapuru ələ keçirmək fikrinə düşdü. Lakin istəyinə nail ola bilmədi. Həmin günlərdə Mürşidqulu xanın inadını qırmaq və onu mərkəzi hakimiyyətə tabe etdirmək üçün başda əmisi oğlu Şahverdi xan olmaqla bir qrup Xorasana göndərildi. Ancaq bundan da bir şey çıxmadı. Vəziyyətin belə olduğunu görən Xudabəndə bölgəyə ayrıca qoşun yollayaraq şah tərəfdarlarına da Murtuzaqulu xanın ətrafında birləşməyi əmr elədi. Beləcə, ortaya kifayət qədər böyük bir ordu çıxsa da, Şah qoşunu sayca nə qədər çox olsa da, yenə nəticə əldə olunmadı. Hər iki tərəfdən sayılıb-seçilən əmirlər həlak oldu və ya əsir götürüldü. Bütün bu baş verənlər onunla yekunlaşdı ki, Əliqulu xanın tələbi ilə Murtuzaqulu xan Məşhəd valiliyindən azad edildi, yerinə ustaclı Salman xan təyin olundu. Nəticədə, həm Şamlı Əliqulu xan, həm də Ustaclı Mürşidqulu xan Xorasandakı mövqelərini qoruyub saxlamağı bacardılar. Bu uğurun iki başlıca səbəbi var idi: birincisi, Səfəvi ordusundakı şamlı və ustaclı bəyləri tayfa təəssübkeşliyindən çıxış etmiş, öz soydaşlarına qarşı yumşaq davranmışdılar. İkincisi, türkmən və təkəli tayfalarının layiqli başçıları olmadığından yetərincə mütəşəkkil deyildilər.
Şah Məhəmməd Xudabəndə Xorasandan qayıtdıqdan bir az sonra Ustaclı Mürşidqulu xan hiylə işlədərək hakimiyyəti Salman xanın əlindən aldı. Üstəlik, bölgədəki aparıcı tayfaların bəylərini özünə tabe etdi.
Təqvim 1584-cü ili göstərərkən Səfəvi dövlət idarəçili-yində təkə-türkmən boyları ilə ustaclı-şamlı tayfaları arasında çəkişmələr hələ də davam edirdi. Ustaclı və şamlılar mərkəzi hakimiyyətdə üstünlüyü tədricən ələ keçirməyə başlamışdılar. Xorasanda isə vəziyyət tamamilə dəyişmişdi. İndiki İranın, az qala, yarısına hökm edən iki müttəfiqin – Herat valisi Əliqulu xanla Məşhəd valisi Mürşidqulu xanın arası dəymişdi. İki tayfanın obaları, oymaqları bir-birinə düşmən kəsilmiş və müharibəyə başlamışdılar. Savaşın şiddətli çağında Mürşidqulu xan hiylə işlədərək Abbas Mirzəni oğurladıb yanına gətirtmişdi. Əliqulu xan Herata şahzadəsiz qayıtmalı olmuşdu…
Məşhədə gələn Mürşidqulu xan Səfəvi şahzadəsi Abbas Mirzəni Xorasan hökmdarı elan edib adına pul kəsdirdi. Özünün isə hökmdar naibi olduğunu bəyan elədi. Bu zaman Əliqulu xan yalnız qisas barədə düşünürdü. Herat hakimi düşünüb-daşındıqdan sonra özbəklərlə ittifaq qurmaq qərarına gəldi. Odur ki onları Xorasana çağırdı. Əliqulu xanın başlıca məqsədi özbəklərlə birləşib paytaxt Qəzvinə hücum çəkmək və mərkəzi hakimiyyəti ələ keçirmək idi. Lakin o, günlərin bir günü indi köməyinə bel bağladığı özbəklər tərəfindən qətlə yetiriləcəyini təxmin edə bilməzdi…
***
1586-cı ildə vəliəhd Həmzə Mirzə öldürüldü. Bundan sonra Şamlı İsmayılqulu xan ilə Ustaclı Əliqulu xan Məhəmməd şah Xudabəndənin oğullarından Əbutalıb Mirzəni səltənət naibi və vəliəhd şahzadə elan etdilər. Lakin bəzi qızılbaş tayfa başçıları buna qarşı çıxdılar. Onlar hökmdar olaraq Abbas Mirzəni tanıdıqlarını bəyan etdilər. İtaətsizlik göstərən həmin əmirləri cəzalandırmaq üçün Şah Məhəmməd Xudabəndə başda olmaqla İsmayılqulu, Əliqulu xanlar və Əbutalıb Mirzə 1586-cı ildə Qəzvindən yola çıxdılar. Lakin aralarında yaranan nifaq və anlaşmazlıq səbəbindən istəklərinə çata bilmədilər. Üstəlik, onlar hələ İsfahanda ikən iki sarsıdıcı xəbər gəldi: 1587-ci ilin iyununda Özbək hökmdarı II Abdullah xanın müharibə elan edərək Heratı mühasirəyə aldığı, həmin ilin avqustunda isə Mürşidqulu xanın Abbas Mirzə ilə birlikdə Qəzvinə hücuma keçdiyi məlum oldu.
Abbas Mirzənin Səfəvi taxtına keçməsi
1586-cı ilin sonlarında Abbas Mirzənin böyük qardaşı Həmzənin qızılbaş əmirlərinin sui-qəsdi nəticəsində öldürülməsindən sonra indiki İranın qərbində vəziyyət daha da xaotik hal almışdı. Qısa zamanda isə bu qarışıqlıq ölkənin hər yerinə sirayət etmişdi. Üstəlik, Şah Məhəmməd Xudabəndə artıq yaşlanıb əldən düşmüşdü. Dövlət işlərindən xeyli uzaqlaşmışdı, İsfahanda ömür sürməkdə idi.
Bu cür vəziyyət, şübhəsiz ki, ilk növbədə Səfəvi dövlətinin rəqibləri – Osmanlı imperiyası ilə özbəklər üçün əlverişli idi. Hər iki dövlət yaranmış situasiyadan istifadə edərək öz ərazilərini get-gedə genişləndirirdi. İşi belə görən bir çox əmirlər həmin vaxt Məşhəddə olan Abbas Mirzəyə xəbər yollayıb dərhal paytaxt Qəzvinə gəlməsini istədilər. Əslində, Abbas Mirzə ilə Mürşidqulu xan da elə bu dəvəti gözləyirdi.
1587-ci ildə Xorasana daxil olan özbəklər həmin ilin iyununda Herata hücum çəkdilər. Buna cavab olaraq isə avqustun sonlarında Abbas Mirzə özünün yeni lələsi Mürşidqulu xan və 300 qızılbaş əsgəri ilə birgə hərəkətə keçdi. İlk baxışda onun məqsədi özbəklərdən müdafiə olunmaq idi. Əslində isə, niyyəti paytaxt Qəzvinə doğru hərəkət edərək taxt-taca yiyələnmək idi. Mürşidqulu xan hakimiyyəti ələ keçirmək üçün bundan yaxşı fürsət olmayacağını yaxşı bilirdi. Bu işin öhdəsindən uğurla gələ bilmək üçün isə daha böyük qüvvəyə ehtiyac olduğunu gözəl anlayırdı. Odur ki dərhal digər əmirlərə məktublar yollayaraq ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün dəstək istədi. Mürşidqulu xan həmin məktublarda qocalıb əldən düşmüş, nüfuzunu tamamilə itirmiş Şah Məhəmməd Xudabəndənin yerinə oğlu Abbas Mirzənin çıxmasını yeganə çarə kimi göstərirdi. O bütün qızılbaşları şiəliyin və Səfəvi tacının xilası üçün birliyə çağırırdı.
Mürşidqulu xanın çağırışları öz nəticəsini verdi. Yolboyu onlara qoşulan türk və taciklərdən ibarət dəstələr sayəsində 2 min nəfərlik ordu meydana gəldi. Bu ordu çox keçmədən Qəzvin qapılarına dayandı.
1587-ci ilin oktyabrında Abbas Mirzə və Mürşidqulu xan şəhərin müdafiəsini üzərinə götürmüş vəliəhd Əbutalıb Mirzəni zərərsizləşdirərək şəhərə daxil oldular. Qəzvin əhalisi şahzadə Abbas Mirzəni təntənə ilə qarşılayıb ona itaət edəcəklərinə and içdi. Bu vaxt Şah Məhəmməd Xudabəndə Fars bölgəsində baş qaldıran üsyanı yatırmaqla məşğul idi. O, hadisələrin bu cür inkişafından xəbər tutan kimi paytaxta qayıtmağa qərar verdi. Lakin yolda onun yanındakı əsgərlər dağılmağa başladı. Belə ki, Qəzvində hakim olan Mürşidqulu xan paytaxtda mülkü və torpağı olan əsgərlərə evlərinə dönmələrini əmr etmişdi. Əks təqdirdə, mallarının müsadirə olunacağını bildirmişdi.
Bir sözlə, Səfəvi hökmdarının heç bir dayağı qalmadı. Buna baxmayaraq Xudabəndə azsayda əsgərlə Qəzvinə yaxınlaşdı. Lakin şəhərə çatanda bu əsgərlərin də döyüşmək niyyətində olmadığı ortaya çıxdı. Xudabəndə və ona sadiq əmirlərin əlacı məsələni danışıqlar yolu ilə həll etməyə qaldı. İki tərəf arasında yazışmalar başladı. Mürşidqulu xan dövlətin qərbdən Osmanlı, şərqdən isə özbək təhdidi altında olduğunu bildirərək əlavə elədi ki, bu bəlanın yeganə çarəsi Abbas Mirzəyə itaət edərək onun ətrafında birləşməkdir. O, eyni zamanda itaət qərarı verən kimsənin canına və malına toxunulmayacağına söz verdi. Nəticədə Şah Məhəmməd Xudabəndə ilə əmirlər Abbas Mirzənin taxta keçməsinə razı oldular. Bunun ardınca Abbas Mirzə atasına xəbər göndərərək onu görmək istədiyini, həmçinin qardaşının qətlinə görə çox təəssüləndiyini bildirdi.
Abbas Mirzənin xəbər yolladığı adamlar Xudabəndəni paytaxta gətirdilər. Yeni hökmdar onu dövlətxanada qarşıladı. Bundan başqa, qardaşları da daxil olmaqla bütün ailəsini saraya yerləşdirdi.
1587-ci il oktyabrın 3-də Qəzvindəki Çəhəl sütun sarayında keçirilən rəsmi mərasimlə Abbas Mirzə şah elan olundu. Dövlət və din xadimlərinin iştirak etdiyi həmin mərasimdə Şah Məhəmməd Xudabəndə Səfəvi tacını əz əlləri ilə oğlunun başına qoydu.
Tacqoyma mərasimi zamanı Şah I Abbas səltənət taxtına əyləşdirildi, onun əlində isə qızıldan hazırlanmış şahlıq əsası var idi. Bir yanında atası, o biri yanında Mürşisqulu xan dayanmışdı. Xorasandan gələn ustaclı tayfasının adlı-sanlı sərkərdələrindən 300 nəfər şahlıq taxtının ətrafında əqrar tutmuşdu. Xəncər və qılınc qurşanmış bir xeyli sufi isə mərasimə həm də çiyinlərindəki təbərzinlə qatılmışdı.
Beləliklə, Abbas Mirzə cəmi 17 yaşında «Şah I Abbas» ünvanı ilə Səfəvi taxtının sahibi oldu. Mürşidqulu xan isə «Vəkili-səltənət» olaraq dövlət işlərini öz əlində cəmləşdirdi.
***
Şah I Abbas taxta keçdikdən sonra hər gün qoşun başçıları və xanlar dəstə-dəstə onun hüzuruna gəlməyə başladı. Gələnlər yeni hökmdarı təbrik edir, ona itaətlərini bildirib daim sədaqətli olacaqlarına and içir, şahın bütün əmrlərini can-başla yerinə yetirəcəklərinə söz verirdilər. Burada kifayət qədər nüfuzlu əmirlər – Kirman əfşarlarından Əfşar Vəli xan, Dulqədirli Mehdiqulu xan, Şirazlı Mirzə Abdulla, Qumdan gələn Dulqədirli Əliqulu sultan, Astarabaddan gələn Talış Əmir Həmzə xan, Museyib xan Təkəli və Ərdəbil tərəflərdən təşrif buyuran Türkmən Mehdi xan vardı.
***
Qeyd eləmək lazımdır ki, Şah I Abbas hakimiyyətə gələrkən Səfəvi dövlətinin vəziyyəti heç də ürəkaçan deyildi. Daxildən qızılbaş əmirlərinin çəkişmələri, xaricdən isə Osmanlı və özbəklərin müdaxiləsi ölkəni ağır duruma salmışdı. Gənc hökmdar Şah I Abbas bu ağır durumu Babur dövlətinin23 hökmdarı Sultan Əkbərə24 yazdığı məktubda babasının təfsilatı ilə açıqlamış, babası I Təhmasibdən sonra baş verənləri ətraflı izah etmişdir. O həmin məktubda babasının vəfatından sonra yaranan daxili qarışıqlığı taxta I Təhmasib kimi güclü bir hökmdarın çıxmaması ilə əsaslandırır, elə Səfəvi dövlətinə qarşı xarici müdaxilələrin də buradan qaynaqlandığını bildirirdi: «Hər qrupun öncülləri və hər tayfanın böyükləri irəli keçmək, daha çox (imtiyaz) qazanmaq arzusu ilə bir-birindən fərqli və ziddiyyətli iddialar irəli sürmüşlər. Nəticədə Qızılbaş əmirləri arasında sədaqət və birlik öz yerini üsyana və nifaqa buraxmışdır. Bir-birinə müxaliflik, bir-biri ilə yersiz və gərəksiz inadlaşma, bir-birinə qarşı fitnə-fəsad ucbatından aralarına qarğaşanın25 atəşi düşmüş, üzərlərinə düşmənçiliyin qaranlığı çökmüşdür. Belə bir vəziyyət yadların bu diyara tamah salmasına yol açmışdır. Gözləri hər zaman bu zəngin torpaqlarda olan Turan (Özbək) və Anadolu (Osmanlı) sultanları fürsət tapıb ixtilaf qapılarını üzümüzə açmışlar».
Şah I Abbas hakimiyyətə gəldikdən sonra onu dəstəkləyən əmirləri mükafatlandırdı. Bəzi şahzadə və əmirlərə qiymətli hədiyyələr, bahalı xələtlər göndərib hərəsini bir bölgəyə hakim təyin etdi. Sonra isə qardaşı Həmzə Mirzənin qətlində əli olan yeddi qızılbaş əmirini hüzuruna çağırdı. Bunlar ölkə içində daim qarışıqlıq yaradan, bir müddət öncə atası Məhəmməd Xudabəndənin yanından qaçıb Qəzvinə gələn adamlar idi. Şah I Abbas onları anasının və böyük qardaşının qətli ilə bağlı sorğu-suala çəkdi. Həmin adamlar sadalanan cinayətlərdə əllərinin olmadığına dair tutarlı, ağlabatan cavab verə bilmədilər. Belə olduqda şahın işarəsini gözləyən saray mühafizləri dərhal hərəkətə keçdilər: haqqında danışılan yeddi nəfərin yeddisi də qətlə yetirildi. Bu hadisə 1587-ci il noyabrın 8-də baş verdi.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Həmzə Mirzənin aradan götürülməsində Mirzəqulu xanın da əlinin olduğu şübhə doğurmur. Çünki o, Şah I Abbası taxta çıxararaq dövləti özü idarə etmək arzusunda idi.
Qətlə yetirilən Qızılbaş sərdarları içində Əbutalıb Mirzəni özləri ilə götürüb şahın hüzuruna gələn əmirlər də var idi. Həm onların, həm də öldürülən digər qızılbaşların malları, evləri və bütün əşyaları müsadirə olundu, sonra isə Şah I Abbasın sərkərdələri, eləcə də gənc hökmdarla birgə Xorasandan Qəzvinə gələn 300 əmirə paylandı.
Mürşidqulu xan bu baş verənlərdən olduqca məmnun idi. Çünki xüsusilə yeddi qızılbaş sərdarının qətli hamıdan çox xanın işinə yaramışdı. Bununla o, əsas rəqiblərindən qurtulmuş və naibüs-səltənə (səltənət vəkili) məqamının26 sahibi kimi dövlət işlərini asanlıqla öz əlində cəmləmişdi. Ancaq Mürşidqulu xanın xəbəri yox idi ki, çox keçmədən sıra onun özünə də gələcək.
Səltənət vəkilindən öncə isə Şah I Abbas öz hakimiyyəti üçün təhlükə hesab etdiyi atasının və iki qardaşının gözlərinə mil çəkdirdi, ardınca isə onları Ələmut qalasına27 saldırdı. Atasının əslən tacik olan vəzirlərini isə xeyli məbləğdə pul alaraq əfv elədi. Bundan sonra o, bütün diqqətini ölkənin dirçəlişinə yönəltdi. Şahın yeganə istəyi xalqı düşdüyü zülm və xaos bataqlığından qurtarıb rahat və firavan həyata qovuşdurmaq idi. Gənc hökmdar üç yol müəyyənləşdirmişdi. Birincisi, nizam-intizam yaratmaq və qanunları işlək hala gətirməklə asayiş və əmin-amanlığı bərpa etmək; ikincisi, ordunu yenidən təşkil eləmək və iqtisadi islahatlar aparmaq; üçüncüsü, özbəkləri Xorasandan çıxarmaq və Osmanlı imperiyasının zəbt elədiyi torpaqları geri almaq.
Şah I Abbası başa düşmək olardı: o, taxta əyləşdiyi vaxt Səfəvi dövləti süqutun bir addımlığında idi. Ticarət və sənaye tənəzzülə uğramış, əhalinin həyat səviyyəsi kəskin aşağı düşmüşdü. Bu ağır vəziyyəti dəyişmək üçün şaha, hələ ki, qulaq dincliyi lazım idi. Ona görə də Osmanlı dövləti ilə sülh bağlayaraq ölkədaxili məsələlərlə rahat şəkildə məşğul olmaq imkanı qazandı. Ticarət sahəsində aparılan islahatlar nəticəsində xalqın rifah halı yaxşılaşdı. Çoxillik daxili mübarizələrdən və xarici müdaxilələrdən yorulmuş xalq rahat, asudə nəfəs almağa başladı. Elə bu səbəbdən də Şah I Abbası Səfəvi dövlətinin xilaskarı, hətta ikinci qurucusu hesab edənlər yanılmırlar…
Ücretsiz ön izlemeyi tamamladınız.