Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Pinokiyo»

Yazı tipi:

© ALTUN KİTAB MMC – 2020

1

Biri vardı, biri yoxdu, bir…

Mənim balaca oxucularım dərhal çığıracaqlar: «kral vardı…»

Yox, uşaqlar, tapmadınız. Bir ağac parçası vardı. Günlərin bir günü həmin ağac parçası qoca dülgərin emalatxanasında peyda oldu. Qocanın adı usta Antonio idi, lakin hamı onu «usta Albalı» adlandırırdı. Səbəbi də o idi ki, Antonionun burnunun ucu yetişmiş albalıya oxşayırdı – həmişə par-par parıldayır və qırmızımtıl olurdu.

Usta Albalı ağac parçasının emalatxanaya necə gəlib düşdüyündən xəbərsizdi. Lakin bu haqda çox düşünmədi, eləcə onu görüb sevinclə əlini əlinə vurub dedi:

– Bu ağac parçası lap yerinə düşdü. Ondan masaya ayaq düzəldərəm.

O, iti bir balta ilə ağac parçasının qabığını soymaq istəyirdi ki, əli havadaca asılıb qaldı. Ağac parçasından eşitdiyi yalvarış dolu səs usta Albalını əməllicə heyrətləndirdi.

– Məni vurmayın!

Təəccübdən gözləri böyümüş usta Albalı səsin ağac parçasından gəldiyinə inanmaq istəmədi. Odur ki maraqla ətrafa boylandı. İçəridə özündən başqa heç kəs yox idi. Qoca dülgər iş stolunun altına, artıq-urtuq taxta parçalarını saxladığı səbətə baxdı, həmişə bağlı saxladığı şkafı açdı, axırda pəncərələri aralayıb küçəyə boylandı, lakin yenə də heç kəsi görə bilmədi…


Axırda gülüb dedi:

– Bildim. Heç bir səs-filan eşitməmişəm. Mənə elə gəlib. Yaxşısı budur, işimə davam eləyim!

O, yenidən baltanı götürdü və ağac parçasına möhkəm bir zərbə ilişdirdi.

Tanış səs bu dəfə qışqırdı:

– Oy, sən məni çox incidirsən.

Usta Albalının bu dəfə heyrətdən ağzı açıla qaldı. Birtəhər özünü ələ alıb öz-özünə dedi:

– Yaxşı, bəs bu çığıran kim idi? Axı içəridə heç kəs yoxdur. Harada görünüb ki, ağac parçası uşaq kimi inildəyib ağlasın. Yox, yox, qulağıma səs gəlib, vəssalam! Bu da başqa odunlar kimi adi ağac parçasıdır, onu ocağa atıb üstündə şorba da bişirmək olar. Bəlkə… kimsə odunun içinə girib, hə?.. Belədirsə, özündən küssün. İndi ona göstərərəm!

Dülgər odunu iki əliylə tutub emalatxananın divarına çırpmağa başladı.

Sonra qulaqlarını şəklədi görsün, yenə bir səs eşidəcəkmi. İki dəqiqə gözlədi, səs gəlmədi, beş dəqiqə gözlədi, səs gəlmədi, on dəqiqə gözlədi, yenə səs gəlmədi. Usta Albalı fikirləşdi ki, oyan-buyanı yoxdur, qulağı səsə düşüb, qurtardı getdi! Ona görə də bu dəfə rəndəni əlinə alıb ağac parçasını yonmaq istəyirdi ki, bayaqkı səs indi də gülə-gülə söylədi:

– Yalvarıram, eləmə! Qıdığım gəlir!

Bu dəfə usta Albalını sanki ildırım vurdu: o, huşunu itirib yerə yıxıldı. Özünə gələndə gördü ki, döşəmənin üzərindəcə sərili qalıb.

Qorxudan dülgərin hətta burnunun ucu göyərmişdi.

Elə bu zaman qapı döyüldü.

Dülgər ayağa qalxa bilmədiyi üçün yerindəcə güclə cavab verdi:

– Gəlin.

İçəri Ceppeto adlı yaşlı bir adam girdi. Onun yaşı çox olsa da, xeyli gümrah görünürdü. Ceppeto da vaxtilə dülgərliklə məşğul olmuşdu. Lakin çox qocalmışdı deyə bu işdən əl çəkmişdi. Qonşu uşaqları Ceppetonu cırnatmaq üçün onu «Qarğıdalı kökəsi» çağırırdılar. Çünki yaşlı kişinin başındakı sarı parik eynilə qarğıdalı kökəsini xatırladırdı. Ceppeto hər dəfə bu ləqəbi eşidəndə özündən yaman çıxırdı.

– Salam, usta Antonio, – deyə o, qoca dülgərə səsləndi. – Sizə işim düşüb. Deyirəm, bəlkə, mənə taxtadan qəşəng bir oğlancığaz düzəldəsiniz. Elə oğlancığaz ki, oynaya, qılınclaşa, havada mayallaq aşa bilsin. Onunla bütün dünyanı dolaşıb bir tikə çörək qazanmaq mümkün olsun.

Yenə haradansa bayaqkı səs eşidildi:

– Əla olar, Qarğıdalı kökəsi!

Bu sözləri eşidən Ceppeto əmi qəzəbdən qızardı. O, dülgərə qışqırmağa başladı:

– Usta Antonio, nə cürətlə məni təhqir edirsiniz?

– Kim sizi təhqir elədi?

– Siz mənə «Qarğıdalı kökəsi» dediniz!

– Bunu mən demədim.

Onlar əvvəlcə sözləşdilər, sonra əlbəyaxa oldular, bir-birini dişləyib cırmaqlamağa başladılar. Axırda yorulub əldən düşdülər, beləcə, ara da sakitləşmiş oldu. İndi Ceppetonun sarı pariki usta Antonionun, dülgərin ağ pariki isə Ceppetonun dişlərinin arasında idi. Onlar parikləri bir-birinə qaytarıb barışdılar, bir-birinin əlini sıxdılar və ömürboyu dost qalacaqlarına söz verdilər. Antonio Ceppetonu inandıra bilmişdi ki, onu təhqir etməyib. Ceppeto da belə qərara gəlmişdi ki, dülgərin günahı yoxdur, görünür, qulağı səsə düşüb.

Barışığın şərəfinə usta Antonio ağac parçasını dostuna bağışlamaq qərarına gəldi. Çünki Ceppeto istədiyi oğlancığazı özü də düzəldə bilərdi. Di gəl, fəlakət baş verdi: Antonio ağac parçasını Ceppetoya uzadarkən qəfil əlindən saldı. Ağac parçası yazıq Ceppetonun düz ayaqlarının üstünə düşdü.

– Ah, siz necə də lütfkarsınız, usta Antonio, – yaşlı adam bərkdən ufuldadı. – Siz məni şikəst elədiniz.

– And içirəm ki, bunu mən eləmədim!

– Yalançı!

– Ceppeto, məni təhqir eləməyin, yoxsa sizi Qarğıdalı kökəsi adlandıracağam!

Ceppeto bu sözləri eşidincə yenidən, özü də bu dəfə lap çox əsəbiləşdi, dülgərin üstünə cumdu. Onlar növbəti dəfə əlbəyaxa oldular. Elə ki yorulub dava-dalaşdan çəkildilər, dülgərin burnunda iki cırmaq izi göründü, dostunun gödəkçəsində isə iki düymə yeri boş qalmışdı. Bu əlbəyaxadan sonra da onlar yenə bir-birinin əlini sıxdılar və ömürboyu dost qalacaqlarına and içdilər. Sonra Ceppeto dəcəl ağac parçasını götürüb axsaya-axsaya evinə getdi.

Evə çatan kimi dərhal alətlərini götürüb ağacdan oğlancığaz düzəltməyə başladı.

Ceppeto düşündü: «Ona Pinokkio adını verəcəyəm. Bu ad oğlancığaza səadət gətirər. Bir vaxtlar bu adı daşıyan bir ailə tanıyırdım. Ananın da, atanın da, uşaqların da adları Pinokkio idi, onlar hamısı özlərini xoşbəxt hiss edirdi. Bu ailə sədəqə toplamaqla varlanmışdı. Heç şübhəm yoxdur ki, Pinokkio adı mənim oğlancığazı da xoşbəxt eləyəcək!»

2

Ceppeto əvvəlcə Oğlancığazın saçlarını, sonra alnını və nəhayət, gözlərini düzəltdi. Gözlər hazır olanda Ceppeto onların yumulub-açıldığını gördü. Sonra isə taxta gözlərin iti baxışlarını öz üzərində hiss edən Ceppeto bundan narahat oldu və donquldanmağa başladı:

– Səfeh gözlər, nə üzümə zillənmisiniz?

Ona cavab verən olmadı.

Bundan sonra Ceppeto Oğlancığazın burnunu düzəltməyə başladı. Lakin burun hazır olan kimi durmadan böyüməyə başladı, bir neçə dəqiqə ərzində o qədər uzandı ki, ucu-bucağı görünmədi.

Yazıq Ceppeto onu qısaltmağa çalışır, ancaq burun kəsildikcə daha da uzanırdı. Bundan bezən Ceppeto Oğlancığazın ağzını düzəltməyə girişdi.

Ağız hələ hazır olmamış gülməyə başladı.

Ceppeto əsəbiləşdi:

– Bəsdir güldün!

Ağız gülməyini saxladı, lakin bu dəfə də uzun dilini çölə çıxardı.

Ceppeto kefini pozmaq istəmirdi, odur ki bu qəribəliklərə fikir vermədən işinə davam edirdi. Ağızın ardınca o, Oğlancığazın çənəsini, boynunu, çiyinlərini, belini və qollarını düzəltdi.



Qollar hazır olan kimi Ceppeto dərin bir nəfəs alıb dincəlmək üçün oturdu. Birdən hiss elədi ki, kimsə onun parikini başından çıxarır. Çevrilib baxanda nə görsə, yaxşıdır? Taxta Oğlancığaz onun sarı parikini əlindəcə tutub!

– Pinokkio! Bu dəqiqə parikimi qaytar, yoxsa…

Oğlancığaz ona qulaq asmadı. Pariki qocaya qaytarmaq əvəzinə onu öz başına taxdı. Bu iri parikin altında Pinokkionun az qala nəfəsi kəsiləcəkdi.

Taxta Oğlancığazın bu cür abırsız davranışı Ceppetonu elə kədərləndirdi ki, o bütün ömrü boyunca belə qüssələnməmişdi.

– Ayıb olsun sənə! – qoca ağlamsınaraq dedi. – Sən hələ tam hazır deyilsən, lakin indidən atana qarşı hörmətsizlik edirsən.

Ceppeto gözlərini sildi.

İndi Oğlancığazın ayaqlarını hazırlamaq lazım idi. Elə ki ayaqlar da hazır oldu, bu dəfə də Ceppeto burnundan təpik zərbəsi aldı. O fikirləşdi: «Günah özümdədir. Mən bunların baş verəcəyini əvvəlcədən təxmin etməli idim. İndi isə çox gecdir».

Sonra o, Pinokkionu yerə qoydu ki, Oğlancığaz yeriməyi öyrənsin.

Lakin Pinokkionun dizləri bükülmürdü, ayaqları da çox yöndəmsiz idi, odur ki güclə hərəkət edirdi. Bununla belə, Ceppeto Oğlancığazın əlindən tutub ona yeriməyi öyrətdi. Çox keçmədi ki, Pinokkio sərbəst hərəkət etməyə başladı. İndi o, otaqda rahat gəzirdi. Nəhayət, kandardan keçdi və özünü küçəyə atdı.

Yazıq Ceppeto onun ardınca qaçsa da, çata bilmədi: dəcəl Pinokkio taxta ayaqlarının üzərində dovşan kimi tullanaraq sürətlə uzaqlaşırdı.

Ceppeto əlacsız qalıb qışqırmağa başladı:

– Tutun onu! Tutun onu!

Di gəl, ətrafdakılar Taxta Oğlancığazı görən kimi təəccübdən yerlərində donub-qalırdılar. Bəziləri isə bu məzəli mənzərə qarşısında qarınlarını tutub yıxılanadək şaqqanaq çəkirdilər.

Xoşbəxtlikdən haradansa bir polis nəfəri peyda oldu. O, öncə elə bildi ki, qoca Ceppeto dayçasının dalınca düşüb. Polis dərhal atı tutub sahibinə qaytarmağı qərara aldı.

Pinokkio görəndə ki, polis nəfəri onun yolunu kəsib, fənd işlətmək fikrinə düşdü. Polisin ayaqları arasından sivişib keçmək istədi, lakin uğursuzluğa düçar oldu.

Polis çevik bir hərəkətlə Pinokkionun burnundan yapışdı və onu Ceppetoya təslim etdi. Ceppeto Oğlancığazın boynundan yapışıb evə aparmağa başladı. O, yolboyu başını qəzəblə sağa-sola tərpədərək Pinokkionu hədələyirdi:

– Evə çataq, sənin payını verəcəyəm, buna heç şübhən olmasın!

Axırda bu hədələrdən canına vicvicə düşən Taxta Oğlancığaz özünü torpağa atdı və bir müddət yerindən tərpənmədi. Ceppeto ha əlləşdisə, onu yerdən qaldıra bilmədi. Tezliklə onun ətrafına çoxlu adam toplaşdı. Hadisə yerinə gələn polis Oğlancığazı azad elədi və əvəzində yazıq Ceppetonu tutub saxladı. O, qoca dülgəri Pinokkioya qarşı yaxşı rəftar etməməkdə təqsirləndirdi. Həbsxanaya aparılan Ceppeto yolboyu hönkürüb-ağlayır və deyirdi:

– Naşükür oğlan! Mən səndən tərbiyəli bir Taxta Oğlancığaz düzəltmək istəyirdim. Ancaq gör sən neylədin! Mənə əcəb olur. Başıma bu işlərin gələcəyini gərək lap əvvəldən nəzərə alaydım!

3

Beləliklə, günahsız Ceppeto həbsə atıldı, ədəbsiz Pinokkio isə birbaşa evə gəldi. O, evin açıq qapısından içəri keçdi, cəftəni bağladı, yerə sərilib dərindən nəfəs aldı.

Bir az keçmişdi ki, Taxta Oğlancığaz pıçıltı eşitdi:

– Kri-kri-kri…

Pinokkio qorxu içərisində soruşdu:

– Məni çağıran kimdir?

– Mənəm!

– Sən kimsən?

– Mən Danışan İşıldaböcəyəm. Artıq yüz il olar ki, bu otaqda yaşayıram.

Pinokkio başını çevirəndə İşıldaböcəyi gördü, bu iri böcək divarboyu asta-asta üzüyuxarı qalxırdı.

Taxta Oğlancığaz dedi:

– Artıq bura mənim otağımdır. Zəhmət olmasa, evimdən cəhənnəm ol!

Danışan İşıldaböcək etiraz elədi:

– Sənə bir həqiqəti söyləməyincə heç yana gedən deyiləm. Valideynlərinə qarşı çıxan və ağılsızlıqları ucbatından ata evini tərk eləyən övladlar xeyir tapmırlar. Onlar tez-gec peşman olurlar.

– Qulağımın dibində nə qədər vızıldayırsan, vızılda. Mən bir şeyi bilirəm ki, sabah səhər artıq burada olmayacağam. Qalsam, başqa uşaqlar kimi darıxdırıcı həyat sürəcəyəm: məni məktəbə göndərəcəklər, oxumağa məcbur edəcəklər. Öz aramızda qalsın, sənə deyim ki, bir damcı da olsun, oxumaq fikrim yoxdur. Kəpənəklərin dalınca qaçmaq, ağaca dırmaşmaq, quş balalarını yuvadan oğurlamaq ondan qat-qat maraqlıdır.

– Ay yazıq, ay səfeh, məgər sən bilmirsən ki, belədə uzunqulaqdan bir fərqin olmayacaq, səni heç kəs adam yerinə qoymayacaq!

Pinokkio möhkəm əsəbiləşdi:

– Ağzını yum, qoca xeyirsöyləməz!

Səbirli və müdrik İşıldaböcək Oğlancığazın dediklərindən bir qram da incimədi və sözlərinə davam elədi:

– Məktəbə getmək istəmirsənsə, barı bir sənət öyrən. Yoxsa çörəyini alın tərinlə qazanmaq fikrin də yoxdur?

Səbri getdikcə daralan Pinokkio dərhal ona cavab verdi:

– Sənət öyrənmək fikrim qəti yoxdur. Deyim niyə? Çünki bütün sənətlərin içərisində ürəyimcə olan biri var, o da yemək, içmək, kef çəkmək və səhərdən axşamadək avaralanmaqdır.

Danışan İşıldaböcək özünəxas təmkinlə dedi:

– Yadında saxla, bu işlə məşğul olanların hamısının sonu həmişə ya həbsxana, ya da xəstəxana olur.

– Sözlərinə diqqət elə, qoca xeyirsöyləməz. Əsəbiləşsəm, səninçün heç yaxşı olmayacaq!

– Bədbəxt Pinokkio, mənim sənə, həqiqətən də, yazığım gəlir!

– Niyə?

– Çünki sən Taxta Oğlancığazsan və başın da taxta kimi işləyir!

Bu sözləri eşidən Pinokkio qəzəblə yerindən atıldı, piştaxtadan taxta çəkici götürüb onu Danışan İşıldaböcəyə tərəf qolazladı.

Bəlkə də, Pinokkio zərbənin hədəfə dəyəcəyini düşünmürdü, lakin bədbəxtlikdən çəkic yazıq İşıldaböcəyin düz başına düşdü və o, sonuncu dəfə «kri-kri-kri» deyib ölü kimi divara yapışdı.

4

Gecə Pinokkionun yadına düşdü ki, səhərdən dilinə bir şey dəyməyib. Onun qarnı acından quruldayırdı. O bütün otağı ələk-vələk elədi, hər künc-bucağa baxdı, amma dişə dəyəsi heç nə tapmadı. Aclıq getdikcə güc gəlirdi. Nəhayət, Pinokkio bütün qüvvəsini itirərək ağlamağa başladı:

– İşıldaböcək haqlı idi. Gərək atamı incitməyəydim, onun üzünə ağ olmayaydım. Əgər atam mənim ucbatımdan həbsə düşməsəydi, indi mən də acından ölməzdim. Atam mənə dadlı yeməklər hazırlayardı. Ax, ax, aclıq nə pis şeydir!

Birdən o, zibil qalağı içərisində ağ, dəyirmi bir şey gördü. Bu, toyuq yumurtası idi. Sevincindən gözləri parlayan Pinokkio yumurtanı əlində o tərəf-bu tərəfə fırladı, onu sığallayıb öpməyə başladı. Tavanı sobaya qoyub içinə yağ əvəzinə bir az su süzdü, su buxarlanan kimi yumurtanı qırıb tavaya tökdü. Lakin yumurtanın içərisindən ağ-sarı maye yerinə canlı bir cücə çıxdı. Cücə nəzakətlə təzim eləyib dedi:

– Sizə çox minnətdaram, cənab Pinokkio! Məni yumurtanın qabığını qırmaq əzabından xilas etdiniz. Görüşənədək. Salamat qalın!

Cücə bu sözləri deyib kiçik qanadlarını gərdi və açıq pəncərədən uçaraq gözdən itdi.

Yazıq Pinokkio özünə gələndə dərddən ayağını yerə döyəcləyərək ağlamağa başladı. O, bayaqkı sözlərini təkrarlayırdı:

– İşıldaböcək haqlı idi. Gərək atamı incitməyəydim. Əgər o, indi evdə olsaydı, mən acından ölməzdim.

Pinokkionun qarnındakı sancı getdikcə artırdı. O, əzablarını azaltmaq üçün yaxınlıqdakı evlərə baş çəkməyi qərara aldı. Bəlkə, elə bir xeyirxah adam tapılacaqdı ki, ona bir tikə çörək versin.

Soyuq qış gecəsi idi. İldırım çaxır, göy guruldayırdı. Pinokkio ildırımdan qorxsa da, aclıq ona güc gəldi. Evdən çıxıb qapını arxasınca örtdü. Ətrafda inc-cins gözə dəymirdi. Dükanlar, evlərin qapı-pəncərələri bağlı idi. Küçələrdə it-pişik belə yox idi.

Acından taqəti kəsilmiş Pinokkio bir-bir qapıların zəngini çalır, ümid edirdi ki, hansısa evdə onu xoşüzlə qarşılayan tapılacaq. Ancaq evinin qapısını açan bircə nəfər də yox idi. Nəhayət, pəncərələrin birindən gecə paltarı geymiş bir qoca boylandı. O, əsəbi səslə soruşdu:

– Gecənin bu vaxtı sizə nə lazımdır?

– Xahiş edirəm, bir parça çörək verin.

– Gözlə, indi qayıdıram.

Qoca elə düşündü ki, bu oğlan gecələr camaatın yuxusunu ərşə çəkməkdən həzz alan avara gənclərdən biridir. Yarım dəqiqə sonra qoca yenidən pəncərəni açıb qışqırdı:

– Şlyapanı pəncərənin altına tut!

Pinokkio dərhal papağını çıxardı. Elə həmin andaca şırıltı ilə üstünə tökülən su onu başdan-ayağa islatdı.

Taxta Oğlancığaz üst-başı su içində evə qayıtdı. Artıq yorğunluqdan və aclıqdan ayaq üstə güclə dayanırdı. Pinokkio sobanın qarşısında oturub soyuqdan titrəyən ayaqlarını qızdırmağa başladı. Beləcə də yuxuya getdi.

Səhərə yaxın qapının döyülməsinə oyandı. Gələn Ceppeto idi.

5

Bədbəxt Pinokkio yuxudan tam oyanmamışdı, buna görə də ayaqlarının sobada yandığından xəbərsiz idi. Atasının səsini eşidən kimi düşünmədən yerindən atılıb qapıya tərəf getmək istədi. Lakin iki-üç addım atandan sonra yerə yıxıldı.

Küçədən Ceppetonun səsi eşidildi:

– Qapını aç!

Taxta Oğlancığaz ağlaya-ağlaya cavab verdi:

– Ata, mən bacarmıram.

– Niyə?

– Kimsə ayaqlarımı yeyib.

– Kim?

– Pişik.

Ceppeto Oğlancığazın sözlərinə inanmadı və acıqla təkrarladı:

– Qapını aç deyirəm, yoxsa sənə gününü göstərəcəyəm!

– Düzünü deyirəm, ayaq üstə dura bilmirəm. Mən yazıq bundan sonra bütün ömrüm boyu diz üstə sürünməli olacağam!

Ceppeto yenə ona inanmadı, düşündü ki, bütün bunlar Taxta Oğlancığazın növbəti hoqqasıdır. Odur ki birtəhər divara dırmaşıb pəncərədən evə keçdi. O, Pinokkionun yerə sərildiyini və həqiqətən, tərpənə bilmədiyini görəndə ürəyi ağrıdı. Taxta Oğlancığazı qucağına alıb öpməyə başladı. Ceppeto göz yaşlarını saxlaya bilmir, hönkürərək deyirdi:

– Mənim əziz Pinokkiom, sən niyə bu günə düşmüsən axı?

Taxta Oğlancığaz başına gələnləri hıçqıra-hıçqıra qocaya danışdı. Ceppeto onun dediklərindən bircə bunu anladı ki, Oğlancığaz acından ölür. Cibindən üç armud çıxarıb ona verdi.

– Bu üç armud, əslində, mənim səhər yeməyim idi, lakin onları ürəklə sənə bağışlayıram.

Taxta Oğlancığaz armudları yeyib-qurtaran kimi yenidən ağlamağa başladı. İndi də özü üçün təzə ayaqlar istəyirdi. Lakin Ceppeto düz günortayacan onun ağlayıb-zarımasına fikir vermədi. Çünki dəcəlliyinə görə Oğlancığazı cəzalandırmaq fikrində idi.

Nəhayət, qoca dilləndi:

– Niyə sənin üçün təzə ayaqlar düzəldim ki? Yenə əlimdən qaçasan və məni zibilə salasan deyə?

Taxta Oğlancığaz içini çəkərək dedi:

– Söz verirəm, özümü yaxşı aparacağam, məktəbə gedəcəyəm, sənət öyrənəcəyəm və sizə qoca vaxtınızda arxa-dayaq olacağam.

Ceppeto özünü əsəbi göstərməyə çalışsa da, gözləri dolmuşdu: onun Pinokkioya getdikcə daha çox yazığı gəlirdi. Odur ki başqa söz söyləmədi. Alətlərini və yaxşı qurudulmuş iki ağac parçasını götürüb işə başladı.

Bir saat sonra yeni ayaqlar hazır idi.

Taxta Oğlancığaz yeni ayaqlarını hiss eləyən kimi dərhal stuldan qalxdı, onları yerindəcə tərpətməyə, qaçmağa, əyilib-qalxmağa başladı. O sanki sevincindən dəli olmuşdu.

Pinokkio atasına dedi:

– Mənimçün elədiyiniz bütün bu yaxşılıqların əvəzində dərhal məktəbə getmək istəyirəm. Lakin bunun üçün mənə geyim lazımdır.

Yoxsul Ceppetonun cibində bir qəpik də yox idi. Buna görə də o, Pinokkioya kağızdan kostyum, ağac qabığından bir cüt çəkmə və çörəyin yumşaq yerindən papaq düzəltdi.

Pinokkio dedi:

– Mən yenə də məktəbə gedə bilmərəm, çünki əlifba kitabım yoxdur.

– Haqlısan. Ancaq əlifba kitabını necə alaq? Axı pulumuz yoxdur.

Xeyli götür-qoydan sonra qoca köhnə, sürtülmüş, yırtıq məxmər gödəkçəsini götürüb evdən çıxdı.

Tezliklə əlində əlifba kitabı ilə geri qayıtdı, lakin Ceppetonun gödəkçəsi əynində deyildi. Bayırda qar yağırdı, qoca isə evə nazik köynəkdə qayıtmışdı.

– Bəs gödəkçəniz hanı?

– Onu satdım.

– Niyə?

– Mənə isti idi.

Pinokkio işin nə yerdə olduğunu dərhal başa düşdü. Qocanın boynuna sarılıb üz-gözündən öpdü.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺33,41