Kitabı oku: «Günəşi gözləyənlər»
Sən hər dəfə kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…
Cavid Zeynallı. Günəşi gözləyənlər.
Bakı, “Köhlən” nəşriyyatı, 2021.
© Cavid Zeynallı / 2010
© Köhlən Nəşriyyatı / 2021
İSBN:978-9952-8411-5-2
Bir
Onu Əqrəb çağırardım. İnciməzdi. Gözlərini qıyıb fındıq burnunu qırışdıranda dodağına qonan təbəssümdən bilərdim ki, xoşuna gəlir. Deməli, hər şey gözəl idi, gözəl! Hə, bircə çimdik qayğıkeşlik lazım idi, vəssalam! Ki, hamının gözü qarşısında onun əlinə toxunmaq üçün ürəyimdə güc tapım.
Doğulduğu ay noyabr, il 1986. Hikkəli adam! Amma həm də uşaq kimi sözəbaxan, sadəlövh, özünü sevdirə bilən istiqanlı qız!
Mən fakültəyə sonradan köçürüldüyümə görə Əqrəblə gec tanış olmuşdum. Yaddaşım korşalıb; xatırlaya bilmirəm ki, hansı aydın sabahda, hansı işıqlı gündə gözlərimiz bir-birinə dikilib. İndi Alatavada kirayə qaldığım itdamı boyda otağımda əllərimi başımın altında cütləyib tavandakı milçək ölülərini sayıram. Bəs, iki daşın arasında bu tarixçəni yada salmağın nə mənası var? Bilmirəm! Güman, onun da bu uzaq, bu qüssəli başlanğıcda özünü yormağa həvəsi olmayıb. Qəribədir, son vaxtlar içimdən bir arxayınlıq boylanır; heç şəksiz: fakültəmizin köhnə, məftili çıxmış pillələri o günü yadda saxlayıb. Əvvəla, Əqrəblə tanış olduğum gün onun dikdaban ayaqqabısı pilləkəndə ağaran saqqıza yapışıb az qala qızı yıxmışdı. Maraqlı başqa şeydir: biz beş ildir tələbəliyin daşını atmışıq, amma həmin saqqız, onun ortasındakı dikdaban izi hələ də pilləkəndədir.
…Sonra bəd xəbərdən hamı sarsıldı: fakültəmizin qapısının ağzında oturan dul qadın ölmüşdü. Onun nə işə qulluq etdiyini bilmirəm. Deyək ki, xadimə-nəzarətçi idi. Dərs vaxtı mürgüləyən, zəngin gur səsindən diksinib deyinən bu talesiz qadın fakültəmizin tələbələrini əlinin içi kimi tanıyırdı. Bu da aqibəti: Balaxanıdakı daxmasında tək-təkcənə can tapşırmışdı. Aman-zaman bir qızı varmış, o da fahişə. Yola getməyiblər. Dava-dalaşdan, biabırçılıqdan bezən qonşular polisə şikayətçi düşüblər. Sonra arvad qızını evdən qovub. Və beş il tək yaşayandan sonra döş xərçəngindən həyata məğlub düşüb. Sonralar, çox sonralar Əqrəb danışırdı ki, həmin o qadın fakültəmizə qız dalınca gələn oğlanlara qənim kəsilibmiş. Özüm də görmüşdüm: onun sözünə baxmayıb dərs vaxtı əlindəki siqareti fısqırda-fısqırda auditoriyaların qapılarını açıb-bağlayan oğlanların halı xoş olmurdu. Qapı ilə bir yerdə qadının ağzı da açılardı:
– Oğraşın balası, anana-bacına baxmağa gəlmisən?
Hə, vallah, belə də deyirdi. Bundan sonrakı həngaməni deməsəm də, olar: dava-dalaş, auditoriyalardan boylanan başlar… Bir də, dul qadının kirli döşəmə taxtasını gözümüzə soxub fakültənin oğlanlarına nakişi deməsi, biqeyrət deməsi…
Ertəsi hər şey unudulurdu. Yalan-doğru, laborantlar danışırdılar ki, dul qadının tüfeyli oğlanları zəhərləməyinə bənd olma, könlünə yatan qızların ər tapıb bəxtəvər olmağına altdan-altdan kömək edirmiş.
Bəxtimə növbətçilik düşəndə, qadın 55 illik həyatından danışıb, kasıbçılıqdan gileylənirdi.
2005-ci ilin qış günü. Pilləkənləri qalxıb fakültənin şüşəli qapısından dul qadını mürgü döyən gördüm. Ev başmağındaydı. Dabanı yırtıq corabın altından geyindiyi sellofan torbanı görəndə yazığım gəldi ona. Dərs-filan vecimə deyildi, camaatın cır-cındır bazarı dediyi yerdən bir cüt İran qaloşu alıb gizlədə-gizlədə fakültəyə gəldim. Bəxtimdən foyedə bir inni-cinni gözə dəymirdi. Onun bəbəklərini yaş tutdu, boynumu qucaqlamasından mən də doluxsundum.
Üçüncü kursda bu qadınla bağlı qulağıma çatan söz-söhbətlərin doğruluğuna inana bilmirdim. Bu əhvalatların çoxunu Əqrəbdən eşitmişdim və ürəyimdə şübhə qalsa da, nə qıza inanmadığımı deyə bilmişdim, nə də sonralar qadının özündən bir kəlmə soruşmağa üzüm gəlmişdi.
Həmin gün universitetin doqquzuncu mərtəbəsindəki darısqal otaqda Əqrəblə öpüşəndə, qapının qəfil açılması ilə qoca fəlsəfə professorunun içəri girməsi bir olmuşdu. Hiyləgər gözlərini əvvəlcə Əqrəbin lifçiyində gizlətmək istədiyi döşlərinə zilləmişdi. Sonra mənə göz vurub istehza ilə gülmüşdü. Otaqdan çıxanda dalınca sırtıq-sırtıq qışqırmışdım:
– Professor, 1:1.
Qapının arasından düşən işıq zolağında professorun sifətinin bir hissəsini görmüşdüm. O, lap astadan xırıldamışdı:
– Mən də elə bunu istəyirdim. Sən əclaf adama oxşayırsan. Sonra orda-burda ağzına gələni danışardın.
Əqrəb üzümə zilləndi. Hər şeyi bitdə-bitdə danışdım ona. On gün əvvəl fəlsəfə kafedrasından gələn səsdən şübhələnib, qulağımı şəkləməyimlə qapını açmağım bir olmuşdu. Nə qəribədir: dünyanın hər üzünü görən professor qapını arxadan bağlamağı unutmuşdu. (Görünür, belə məsələlərdə Hegeli bilmək işə yaramır). Bizim yaxalandığımız vəziyyətdən də biabırçı mənzərə ilə qarşılaşmışdım: Əqrəbdən fərqli olaraq cavan lobarantın lifçiyi də əynində deyildi və yekə döşlərini gizləməyə əlləri bəs eləmirdi. Professor isə arxasını mənə çevirib, şalvarının qabağı ilə əlləşirdi. Elə bilirdim, qoca şorgözün macəralarını məndən başqa bilən yoxdur. Sən demə, Əqrəbin canında gizlənən sözlərdən xəbər tutmamışam. Dul qadınla qoca professorun arasında olan əhvalatları elə həmin öpüşdüyümüz otaqdaca Əqrəbin öz dilindən eşitdim.
1978-ci ildə dul qadının Müşfiq adlı sevgilisi Biləcəri dəmiryol stansiyasında qatarın altında qalanda, qatar gənc qızın arzularını da alıb aparıbmış. Tələbə oğlan stansiyada fəhləlik edirmiş. Əqrəbdən eşitdiyim sentimental sözlərə inansam, Müşfiqin tikə-tikə olan cəsədinin yanından nişan üzüyü də tapılıb. Bir il sonra cavan, gözəgəlimli qız həmin bu professorla tanış olub və özündən on yaş böyük olan kişinin ailəli olmasını biləndə, bir-iki gün küsülü qalsa da, sonradan barışmaq üçün ilk məktubu özü yazıb. Əqrəbə deyirmiş:
– Yaraşıqlı kişi idi. Pis yaşamırdı. Qardaşı Moskvadan Bakıya pal-paltar gətirib gizli satırdı. Hamısı da bahalı olurdu. Birini arvad-uşağına əyin-baş edəndə, birini də mənə verirdi.
Dostunun İçərişəhərdəki evi həftənin tək günləri təzə məşuqəsiylə görüş yeriymiş. Düz üç il professorla sevişəndən sonra uzaq qohumlarından biri ona evlənmək təklifi edib və qadın professorun təkidilə razılaşıb. Dul qadının qırış basmış sifəti, kobud əlləri, yöndəmsiz bədənini gözümün qabağına gətirəndə, Əqrəbin danışdığı əhvalatlara inanmağım gəlmirdi. Alnımı qırışdırıb narazılıqla başımı bulayırdım. Amma ağlıma batan bir fikir də demişdi:
– Qadına uzun müddət kişi əli dəyməyəndə, bütün hissiyatı kütləşir. Hissiyatın kütləşməsi də bədənin eybəcərləşməsi deməkdir.
Dul qadın ərə gedəndən sonra da qoca professorla görüşürmüş. Dənizçi ərinin evdən bir aylığa uzaq düşməsi bəs edirmiş ki, professor görüş yeri üçün dostuna minnətçi düşməsin. Həftənin istənilən günü qadının qapısı onun üzünə açıq imiş.
Yaxalandığımız gün Əqrəb çantasını eşələyib salfetə bükülmüş paxlava çıxarmışdı. Barmağının ucunda mənə uzadanda, birinci mərtəbənin pilləkənlərinin altına yığılmış sınıq-salxaq partaların arasından bir siçan çıxıb onu qorxutmuşdu. Cır səslə qışqırıb məni də diksindirmişdi. Bizə baxa-baxa ehtiyatla yerdəki paxlavaya yaxınlaşan siçanı öldürmək istədiyimi biləndə, ərklə qolumdan vurub üz-gözünü turşutmuşdu. Sonra kənara çəkilib siçanın iştahla paxlavaya girişməsinə tamaşa etmişdik.
Universiteti bitirdiyimiz il Əqrəb kitabxanaya işə düzəldi. Mən əsgər getdim. 2007-ci ilin dekabrında – çiynimdə avtomat silah-sursat bazasını qoruyurdum. Gecə saat beşin yarısında hərbi hissənin yaxınlığındakı dəyirmandan uzun-uzadı qışqırıq, dalınca sərxoş gülüşlər, mahnı səsləri eşidildi. Ahmet Kayanın hüznlü səsi bəs idi ki, Əqrəbi xatırlayım. Kayanın mahnılarını saatlarla dinləməkdən doymazdı. Onu görmək, heç olmasa səsini eşitmək üçün nələr etməzdim, nələr… İlahi, heç olmasa səsini eşitmək! Komandirin qorxusundan yerə basdırdığım telefonu çıxarmaq üçün şaxtadan qaxsıyan torpağı yarım saata yaxın eşələməli oldum. Yaddaşımdakı ən doğma yeddi rəqəmi – Əqrəbin telefon nömrəsini yığanda, yuxusuna haram qatacağımı-filanı vecimə almadım:
– Alo, – güclə eşidilən səsinin hənirini bütün bədənimdə duyuram.
– Əqrəb…
– Sənsən… qayıtdın əsgərlikdən?
– Hərbi hissədən danışıram…
Telefondan çarpayının cırıltısını eşidirəm. Sonra qapı dəstəyinin taqqıltısını…
– Otaqdan niyə çıxdın?
– Belə yaxşıdır. Eşitməsin.
– Kim?
– Mən ailə qurmuşam.
Təəccüblənmədim. Hərdən onun ailə quracağını fikirləşib özümü buna hazırlasam da, qəribəydi, ürəyimin lap dərinliyində bu həqiqəti özümə qosqoca düşmən sayırdım.
– Səni incitmirlər?
– Nə bilim… Elə bil, sıxılıram, ürəyim darıxır. Hamı dəli olduğumu fikirləşir. Bilmirəm nə vaxtacan belə olacaq.
– Niyə gözləmədin məni? Demişdim axı, bir il səbr elə.
Əqrəbin səsi titrədi. Sarsılmışdı.
– Yalan danışma. Sən heç vaxt mənə gözlə demədin. – Hıçqırdı. Bir qədər susub özünü ələ almağa çalışdı. – Səni maraqlandıran mənim bədənim olub.
– Əqrəb, belə danışma. İstəmirəm yaddaşında əclaf kimi qalım. Sən mənim üçün əziz adamsan.
– Nə vaxt gəlirsən?
– Apreldə. Lap az qalıb, dörd ay. Yazda gəlirəm yanına. Əsgər paltarında qabağına çıxacam. – Elə həyəcanlı danışırdım, özümə yazığım gəldi.
– Mənə əsgər papağı gətirərsən!
– Öz papağımı sənə bağışlayacağam. Amma başqa hədiyyəm də olacaq.
– Nə?
– Siqaret filtrindən ürək düzəltmişəm.
Əqrəb güldü. Yuxulu səsinin şirinliyi bağrımın başını sökdü.
– Başqa şey tapmadın? Gərək siqaret filtirindən düzəldəydin, avara?!
Əqrəb hardan biləydi ki, mən qış gecələrində küləyin azğın səsindən vahimələnib şaxtadan donan torpağın üstündə ayaqlarımı hiss etməyəndə, inam və ümid yerim ona siqaret filtrindən düzəltdiyim ürək olurdu. Aylarla doğmalarımın intizarını çəkərkən, cibimdə bircə qəpiyim belə olmurdu və zabitlərin gündüzdən çəkdiyi siqaret kötüklərini yığıb, nəfəsimlə donunu açandan sonra bir qullablıq acı tüstü ilə içimi zəhərləyirdim. Sinəmi göynədən bu qurğuşun dərdə tab gətirmək lazım idi. Günəşli aprel günündə Əqrəblə görüşəndə sürpriz edəcəkdim ki, onun üçün gətirdiyim ürəyi ancaq öz çəkdiyim siqaretlərin filtrindən düzəltmişəm. Həmin axşam telefonu yenə torpağa basdırıb boğazımda düyünlənən qəhəri udmağa kişiliyim çatmamışdı. Hə, arvad kimi ağlamışdım, arvad kimi… Sonra sentimentallığımdan utanıb zabit “kurilka”sından siqaret axtarmağa getmişdim…
Şaxtalı günlər keçdi. Bir mart səhərini axşam növbəsindən qayıdan əsgər dostumun kösöv rəngli üzündə qarşıladım: telefonumu torpağın altından oğurlamışdılar. Aprelin əvvəlinəcən Əqrəbin səsinə-hənirinə tamarzı qaldım. Qızdan eşitdiyim son söz – “avara” saatbasaat beynimdə dolaşır, sinəmə sərin su kimi səpilirdi.
Tərxis olunduğum günün səhəri altıncı mikrorayondakı zeytun bağında görüşdük. Bircə cümlə damarlarımı dondurdu, elə bil göylərin ağırlığı çiyinlərimə çökmüşdü: “Onunla yaşamaq dəhşət idi, dözməyib boşandım…” Əqrəbin adına gətirdiyim əsgər papağını qızın başına qoyub, siqaret filtrindən düzəltdiyim ürəyi ovcunun içində gizlətdim. Ərindən nə səbəbə ayrıldığını soruşmadım. Niyəsiz-filansız. Vəssalam!!!
Hər şey də, bundan sonra başladı…
İki
Veyllənirdim Bakı küçələrində çar-naçar. Naümid. İş sorağında. Yaz gəlmişdi, rus qızlarının qıvrımtük itləri sevinirdi: küçənin ortasında atılıb-düşməkləri necə gözəl idi. Mən nə edirdim? İşədüzəltmə mərkəzlərinin zəngini basmaqdan yorulmurdum. Düzdür, Əqrəb soruşanda özümü sındırmırdım. Guya hansısa dərman firmasının reklam meneceriyəm. İş-güc də tökülür başımdan. Şalvarımın ətəyi Zorge parkındakı skamyanın dəmirinə ilişib cırılmasaydı, Allah bilir qızın yanında kişilənməyim havaxtacan çəkəcəkdi. Bəxtim onda gətirdi ki, qarşıdakı binanın tinini burulan idbar çinli qızı gözdən qoymadım. Əlimi ağzıma aparıb əvvəlcə çığırdım. Sonra başımda qalan çoxdankı vərdişimi işə saldım: barmaqlarımı ağzıma təpib elə bərkdən fışdırıq çaldım ki, yanımdan keçən bir dəstə tələbə qız yırtıq şalvarıma baxıb pıqqıldaşa-pıqqıldaşa uzaqlaşdılar. Çinli qıza idbar ona görə deyirəm ki, onun qulaqlarının içindəki sarı ərpi gözlərimin qabağına gətirib, düz iki ay süfrə başında özümü qusmaqdan güclə saxlayırdım. Uzun dırnaqlarının altında qaralan çirki görəndə, şalvarımın yırtığını tikmək üçün aldığım iynə-sapla bir yerdə, dırnaq tutan üçün də 40 qəpik saymalı oldum. Küfr də olsa deyəcəm: elə bil, həmin gün Allahın işi-gücü qurtarmışdı və məni ən arzuolunmaz vəziyyətlərə salmaqla, günahlarımı birbəbir başıma qaxırdı. Əqrəbin qəfil zəngindən diksinib əsəbiləşdim. “Nə edirsən?” deyəndə, özümdən ixtiyarsız bağırıb üstünə çəmkirdim: şalvarımı tikirəm!
– Gəl kitabxanaya, darıxıram.
Kitabxanaya getməyinə getdim, amma Əqrəb şalvarımın yırtıldığına inansaydı, gözünə görünməyimə də razı olmazdı. Rəfiqələri ilə kataloq yeşiklərinin arxasından çıxıb məni görər-görməz, zəhər tuluğuna oxşar sifətimi bir az da qırışdırdım; gözü ayağıma sataşan kimi yazıq qızın necə utandığını hələ də unuda bilmirəm. Qızların dörd tərəfdən üzümə zillənən baxışlarının altında ölüb yerə girməyi arzulasam da, bacardıqca özümü şax tutmağa çalışırdım – kişi olmaq lazım idi, kişi! Bu vaxt kitabxananın gombul işçilərindən elə bir qışqırıq qopdu, mənim yırtıq şalvarıma fikir vermək kimsənin ağlına gəlməzdi. Hardansa peyda olmuş bir siçan özünü ora-bura çırpıb, parket döşəmənin üstündə başını soxmağa yer axtarırdı. Bu hissi yaşamaq nə gözəldi, Tanrım: parkda fıştırıq çalmağıma, yırtıq şalvarıma gülən ədəbaz qızlar arxamda gizlənib siçanı öldürməyimi istəyirdilər. Kitab şkafının arxasına soxulan siçanın başını əzib, qanını parket döşəməyə yaydım. Əqrəbin içini çəkməsi ilə illər əvvəl universitetin foyesində öldürmək istədiyim siçan gözümün qabağına gəldi. Hamının sualdolu baxışlarının altında əlini üzünə tutub hönkürməyinin səbəbini isə, məndən başqa kimsə bilmədi.
Gözügöy xadimə siçan ölüsünü xəkandaza süpürüb küçədəki zibil qabına atdı. Sonra qara, sısqa bir pişik zibil vedrəsinə dırmaşdı. Əqrəblə mən bu mənzərəni ikinci mərtəbədən seyr edirdik. İlahi, taleyin mənə etdiyi bu istehzasına hələ də inana bilmirəm: Əqrəb çantasından çıxardığı paxlavanı iki yerə bölüb, yarısını mənə uzatdı və:
– Tanışlığımız mübarək, – deyib, gözünün yaşını sildi.
Əqrəb işdən çıxanda, hər şeyi olduğu kimi danışdım. Utanıb-çəkinmədim, sadəcə dedim, vəziyyətim yaxşı deyil, iş tapa bilmirəm, az qala küçənin sümsük itinə də borcum var. Qız bircə kəlmə soruşmadı ki, indiyə qədər özümü öyməyimin, dikbaşlığımın səbəbi nədir? Ayrılanda on manat pulu ovcuma basmağa çalışsa da, razı olmadım. Gopladım ki, evdə iki dəst təzə şalvarım var. Yalançıya güllə dəysin…
Alatavanın göbəyindəki rütubətli otağımda uzanıb, gecə yarsınacan Əqrəb haqqında düşündüm. Onun ərindən ayrılmasının səbəbini hələ də bilmirdim. Düzdür, bu barədə söhbətimiz olmuşdu, amma hiss edirdim ki, mənim suallarıma candərdi cavab verib başından rədd etmək istəyir. Qəribəydi, ehtirasımın vəhşiləşdiyi vaxtlarda dünyada Əqrəb qədər mənə əziz insan olmurdu. Elə yarımca saat bəs idi, onu görmək istəyim üç gün didərgin düşsün. Hətta zəngini belə arzulamazdım. Bərk darıxanda tələbə vaxtı çəkdirdiyimiz şəkillərə baxıb təsəlli tapardım. Şəkillərdə də ondan əl çəkmirmişəm, harda dayansaydı, mütləq yanında şöngüyüb əlimi üzümə söykəyərdim ki, müdrik görünüm, ziyalı obrazı yaradım. İndi həmin şəkillərə baxanda, Əqrəbin yanından gözlərimin içinə baxan o düdük, sürtük “ziyalı”ya qarnım cırılana qədər gülmək istəyirəm.
Əqrəb haqqında fikirləşmək sinəmi göynətdi, özümü “İnşaatçılar” metrosunun yanındakı kafeyə verib saat üçəcən pivə içdim. Yuxu aparanda başımı stola döyə-döyə mürgüləyirdim. Fahişələrin dolanışıq yeri olan kafenin siçovulları da məni tanıyırdı. Hətta müştəri tapmayan qızların başımı piyləmək üçün saçımı sığallamalarını da xatırlayıram. Siqareti-siqaretə calayıb tüstünü içimə çəkdikcə başım gicəllənir, hay-küylə rəqs edən fahişələrin solğun siluetləri gözümün qabağındaca əriyib yoxa çıxırdı. Arxa otaqlardan gələn iniltini əvvəlcə vecimə almadım. Sonra pivənin təsirindənmi, yoxsa nədənsə, hansısa yekəqarının altında döşəkağını cırmaqlayan fahişənin beynimi döyəcləyən səsinə, köhnə çarpayının zəhlətökən cırıltısına dözmədim. Ac-yalavac vaxtımda həyasız ehtirasım ucbatından adımı bu sırtıq məxluqların üstü pişik şəkilli nisyə bloknotuna yazdıra bilməzdim. Təsəvvür edin: “Üzeyir (Alatavadakı) 1 saat. 20 manat. Üç gündən sonra verəcək”.
Kafenin yuxarı başında oturan kaftar qəhbəbaşına yaxınlaşıb adımı dəftərə yazdıranda, onun başını yellətməsindən acıqlanıb hikkəylə üstünə çəmkirdim. Qoca qancıq da öz işindən qalmadı, məni söyüb abırdan salandan sonra suyum süzülə-süzülə pilləkənləri qalxıb təmiz havaya çıxdım.
Metronun yanından üzü aşağı – Alatavayacan mahnı oxuya-oxuya gəldim. Hərdən fışdırıq çalırdım, yanımdan keçən tək-tük taksilərə əl edib məzələnirdim. Zibil yeşiklərində sümsünən küçə itlərini daşlamağı da yaddan çıxarmırdım. Təzə tikilən binaların yanından keçib gedərkən bəxtim gətirir, əlimi hara atırdımsa, kubik parçasına rast gəlirdi. Elə bu bəsdi ki, gecənin sakitliyini ürəkparçalayan it zingiltisi pozsun. Quşları da yuvasından perik salmaq lazım idi. İtin, insanın yuxusuna haram qatılan gecədə, quşun da yatmağa haqqı yoxdur! Ayaqqabılarımı çıxarıb yaxınlıqdakı ağaca tolazlamağımla, quşların “pırr” eləməyi bir olurdu. Bir ağac, iki ağac, üç ağac… əla idi. Sonra yolun ortasında mayallaq aşmağa başladım.
“Qələbə” meydanının yanından keçəndə, arxadan eşidilən qadın tuflilərinin səsindən özümə gəldim. Tələsik addımlarla binanın tinini burulan qaraltı gözümə dəydi. Arxasınca qaçıb qolundan tutdum, diksindi. Ayın süd-bəyaz işığında qızı tanımağa nə var, yaxınlıqdakı binada yaşayırdı. Çırpınıb əlimdən qurtarmağa çalışsa da, məndən yaxa qoparmaq müşkül işiydi. Özü də cibimdə siçanlar oynayırdı. Əlbəttə, qızı bekarçılıqdan, məzələnmək xətrinə saxlamamışdım, mənə pul lazım idi, pul!
– Haradan gəlirsən bu vaxt? – Qaşlarımı düyünləyib hikkəylə çəmkirdim. Elə bil, vaxtilə bir yastığa baş qoyub uşağımıza ad seçmək üçün saatlarla şirin xəyala dalmışdıq.
Sualıma kobud cavab verdi. Təkrar soruşanda nəsə bir bəhanə uydurdu ki, xatırlamıram. Ona bir az da diqqətlə baxanda üz-gözünün qızardığını gördüm. Deməli, saqqallı adamla təzəcə öpüşmüşdü.
– Məndən nə istəyirsən?
– On manat pul lazımdır.
– Neynirsən?!
– Şalvar alacam.
Xox gəldi ki, bu saat qışqıracam. He-he, axmaq adam!!! Elə bilirdi, inanacam.
– Sən qışqırsan, deməyəcəklər ki, gecənin gec vaxtı küçədə nə sülənirsən?
Polislə hədələdi. Tərslikdən, Yasamal Rayon Polis İdarəsinin səma rəngli dördmərtəbə binası bir addımlıqda idi. Kafedə içdiyim beş parç pivənin təsirindən əməllicə sərxoş olmuşdum. Polisin adını eşidəndə diksindim, öz aramızda qalsın, bu rütbəli məxluqlardan qotur itsayaq tük tökürəm. Hirsimdən dil-dodağımı gəmirib, pul üçün qıza sonuncu xəbərdarlığı etdim. Məni türməyə bastıracağını demişdi ki, şillə açıldı, nə açıldı. Canım yansın, əlimin belə ağır olduğunu hardan bilim, qız huşunu itirdi. Özünə gələndə sürüyüb binanın blokuna saldım. Gözü yaman qorxmuşdu, yəqin belə vəhşicəsinə davranacağımı gözləmirdi, bədəni titrəyirdi. Lal-dinməz çantasını açıb onmanatlıq çıxardı. Pulu cibimə dürtüb həyasız-həyasız razılığımı bildirdim: əlim sinəmdə, qara başım hüzurunda əyildi. Özüm ölüm, ciddi deyirəm! Hətta üst-başını təmizləməyə də əl yetirdim, nainsaf deyiləm, axı! Ayrılanda dilindən iltizam aldım ki, bir daş altda, bir daş üstdə, xəbər tutan olsa, özünü ölmüş bil! Onun hürküsü məndən beşbetərmiş, yalvardı ki, qonum-qonşuya deməyim.
Ayrıldıq. Qızın arıq bədəni binanın tinində itəndə, yenə fıştırıq çalıb səntirləyə-səntirləyə yoluma davam etdim.
Otağımın işığını yandırıb gözlərim acışa-acışa əl-üzümə su vurdum. Yenə Əqrəbi xatırladım, yenə onun ərindən ayrılmasının səbəbini axtarmağa çalışdım. Hirslənmişdim, əl-ayağım əsir, dişim-dişimi döyəcləyirdi. Saata baxdım, beşə on dəqiqə qalırdı. Yuxu gözümdən tökülsə də, Əqrəbin dərdini başımdan ata bilmirdim. Bir az mürgüləyib diksindim, küçədəki qız yuxuma girmişdi. Yerimdə qurcuxub ürəyimin şübhəsini çalxaladım, ilan vurmuş kimi narahatçılıqdan can qurtara bilmirdim. Elə bil, mədəmin üstünə mərmi qoymuşdular. Bu işin mütləq bir zibili olmalıydı. Dünən Zorge parkının yanında veyilləndiyim üçün özümə yeddi qatımdan keçən söyüş söydüm. Hardansa ağlıma gəldi ki, stolun üstündəki çirkli qab-qaşığı götürüb var gücümlə divara çırpım. Ya da elə küçənin ortasına vızıldadıb səsinə bütün qonşuları durğuzum. Lənət şeytana, polisin qorxusu ürəyimdən çıxmırdı. Allah bilir, sabah başıma nə iş gələcəkdi.
Əqrəbə sms yazdım: “Yunanlar deyir, ərinə itaət edən qadın dul qalmaz. Sən yaxşı qadın olsaydın, ərindən ayrılmazdın”. Yatanda telefonu bağlamaq adəti yoxdur. Bilirdim ki, sms-in səsi şirin yuxusunu gözündən gətirəcək.
Nə vaxtdan bəri beynimin küncündə ilişib qalan bu cümlənin təsirinə inanırdım. Yuxudan oyanmasaydı, səhər oxuyan kimi əhvalı zəhərə dönəcək, hıçqıra-hıçqıra gözünün yaşını tökəcəkdi. Ola bilərdi, mənə zəng edib dişinin dibindən çıxanı desin.
Əqrəbin zəngini gözləyə-gözləyə yuxuya getdim. Bu dəfə yuxuma qoca professorla dul qadın gəldilər. Dul qadın 2005-ci ilin qışında ona bağışladığım İran qaloşuna görə mənə borclu olduğunu deyib, alnımdan öpdü. Əlbəttə, mən o vaxtlar məsum idim. Utandım, üzgörənlik elədim ki, sənə kömək etmək mənim borcumdur. Deyəsən, vicdandan-zaddan da dəm vurmuşdum.
Üç
Ertəsi gün on birin yarısında yuxudan oyandım. Dünənki pivə böyrəklərimə sancı verirdi. Tualet lazım idi, tualet, bircə dəqiqə geciksəydim, biabırçılıq olacaqdı. Yorğanı üstümdən atıb ayağa durmaq istəyəndə, itdamına oxşayan otağımın balaca pəncərəsinin önündə bir adam gözümə dəydi. Papağı, çiyninin paqonu görünməsə də, qolundakı şevronda iri hərflərlə yazılmış “DİN. Polis” sözünü oxumaq kifayət idi ki, mənim qara günlərimin baiskarı ilə tanış olum. Yox, belə olmazdı. Meyitimi itpayı vəsiyyət edərəm, nolar; can mənim, cəhənnəm Tanrının, amma diri canımı polisin əlinə vermək kişilikdən deyil axı, gözgörəti debillikdi. Özümü polis bölməsində təsəvvür edəndə, elə bil bədənimin tüklərini quru-quru yolurdular. (Bunun necə məşəqqətli olduğunu bilsəydiniz!) Çöldonuzuna oxşar zırpı rəisin sorğu-sualına tab gətirmək mənim işim deyildi. Bəlkə televizora çəkib düzü-dünyaya yayacaqdılar ki, “Qələbə” kinoteatrının yanında dələduz yaxalamışıq. Özümü düz aparmasaydım, zorlama maddəsini də boynuma yıxıb anamı ağlar qoyacaqdılar. Soyuq kamera divarlarını, polis dəyənəyini də bunun üstünə gələndə, bədənim gizildədi, başımın arxasında küt ağrı hiss etdim. Bir şalvarın zibilinə düşmüşdüm…
Mənim kirayə qaldığım evin qəribə “çertyoju” var idi. Üzü yola tərəf açılan yararsız qapını ev sahibəsi Firəngiz xala çoxdan mıxlamışdı. Hələ tələbə vaxtı otağı kirayələyəndə danışırdı ki, yolun toz-torpağı evi başına götürdüyündən buna məcbur olub. Daha doğrusu, əvvəl istəmişdi qapını sökdürüb yerini kubik daşı ilə hördürsün. Sonra hər kim olub, sağ olsun, Firəngiz xalanın qulağını doldurmuşdu ki, bunun ən asan yolu üç ədəd 100-lük mismardır. Mən bunun da yolunu tapmışdım: havanın bürkülü günlərindən birində üzümə salıb qapını açmışdım. Guya otağımın havası çatışmır. Əslində bu, təmiz havada siqaret çəkmək bəhanəsindən başqa bir şey deyildi.
Divarın dibi ilə sürünə-sürünə qapıya yaxınlaşmalı, şalvar-köynəyimi əynimə keçirib, məhəllənin içiylə üzü aşağı fitilləməliydim. Küçəyə çıxandan sonra qorxusu yox idi, çətini qonşunun tualetinin tinini burulanacan olardı. Amma polislə ev sahibəsinin danışığını eşidəndə ölüb, öldüyüm yerdə qaldım.
Polis acıqla soruşdu:
– Kirayənişin saxlayırsınız?
– Yox. Keçən ay hamısını çıxardım. Ərim xəstədir. Başı səs götürmürdü. Ona görə… – Ev sahibəm yazıq-yazıq dilini sürüdü. Onsuz da yaradılışdan fağır, müti adam idi. Mən həyatım boyu qadın sədaqətinin və mərhəmətinin təntənəsini bu Allah bəndəsindən savayı kimsənin simasında görə bilmədim. Allah məni bu mələk təbiətli qadına çox görsün!
Ürəyimə damdı ki, polis bu dəqiqə əyilib otağa göz gəzdirəcək. Bir göz qırpımında yorğanı başıma çəkib ilim-ilim itdim. İnandırıcı olsun deyə, bircə ayaqlarımı bayırda saxladım. Onsuz da dabanlarım əsgərlikdə it kökünə düşmüşdü, qoca kişi ayağından seçilmirdi – cadar-cadar, dərimin çatlarından az qalırdı qan dama.
Halal olsun mənə, başımı bastırmaqda fərasətli tərpənmişəm. Xeyirxah Firəngiz xalama yaltaqlanıb, könlünü ələ alandan sonra öyrənmişdim ki, Allah eləməsin, həmin vaxt yuxuda olsaydım, ya da başımı basdırmaq ağlıma gəlməsəydi, əlli-ayaqlı gedəcəkdim. Demək, o qəhbə yaşadığım evi tanıyırmış…
Polis yalın ayağımı görəndə, ev sahibəsindən kimliyimi xəbər aldı. Yazıq arvad yenə məndən özü üçün infarkt olmuş ər düzəldib, onun başını piyləyə bildi. Ayaqqabı səsini eşidən kimi başımı yorğanın altından çıxardım. Ortasından qırmızı xətt gedən şalvar və sarı hərfli şevronun pəncərədən keçib getdiyini görəndə, öz aləmimdə dünyanın tən yarısına şəriksiz sahib çıxdım. Amma polis bir az ağıllı və müşahidəli adam olsaydı görərdi ki, yorğan-döşəyimin yanında çıxarıb atdığım andır cins şalvarımın belində iri toqqalı, üstündə “USA” yazılmış kəmər var. Məntiqlə, bu cür kəmərləri yaşlı adamlar taxmırlar.
Firəngiz xala polisi yola salanda, bir göz qırpımında yerimdən sıçrayıb stolun altındakı “fanta” butulkasını götürdüm. Plastik qab yarıya qədər sidiklə dolanda içimdə yüz illik rahatlıq tapdım. Oxx, dünya nə gözəlmiş… Həyət qapısının nərmədanlarından gələn cırıltını eşidən kimi butulkanı stolun altına dürtdüm. Ev sahibəsinin gözünə necə göründüyümü demirəm. Bircə onu bilirəm, utandığımdan turp kimi qızarmışdım. Dərsini bilməyən fərsiz uşaqlar kimi başımı paçamın arasına soxmaq istəyirdim. Zavallı arvad, oğul beşiyi görmədiyindən xətrimi çox istəyirdi. Mayası ilahidən təmiz olan bu sadəlövh və maymaq arvad hardan bilərdi ki, onun bivec “oğlu” axşam quldurbaşılıq edib.
Təmiz havadan otağıma girəndə ürəyim ağzıma gəldi. Dəhşət, bu nə bədbəxtçilik idi?! Evin ortasına dağılan sidiyi təmizləyib butulkanı stolun altından çıxarmaq əvəzinə, içimi çəkib durmuşdum. Yuxu iyi sidik iyinə, o da üç gündən bəri stolun üstündə qalaqlanan yağlı qab-qaşıq qoxusuna qarışmışdı. Öyüməkdən başqa çarəsi yox idi. Heç it də belə yaşamazdı ki, bunu mən özümə rəva bilirdim. Palazı bürmələyib sellofan torbaya saldım. İy çıxmasın deyə, ağzını bərk-bərk bağlayıb stolun altına dürtüşdürdüm.
Axşamkı qəhbəyə ürəyimdə qisas hissi baş qaldırmışdı. Əlimə düşsəydi, şapalağın birini, lap ikisini-üçünü ilişdirib, qulağının dibini qızışdırardım.
Otağımda yır-yığış eləməyə ərinsəm də, qollarımı çırmayıb süpürgəni könülsüz götürdüm. Künc-bucaqda hörümçək tor qurmuşdu. Özü də utanmaz-utanmaz çilçıraqdan sallanıb mənimlə məzələnirdi. Çilçıraq deyəndə ki, 93-cü ildə İranda istehsal olunan, plastmas işıq qapaqlarının dördünün də əriyib cızdağı çıxan axmaq bir şey idi.
Hörümçəyi süpürgənin ağzına salıb cəhənnəmlik edəndən sonra otağı alababat süpürdüm. Çayniki doldurub qazın üstünə qoymağımdan onca dəqiqə keçmədi, qaynadı. Şirinçay içib evdən çıxdım. Əlbəttə, içində iki barmaq sidik qalan butulkanı da götürdüm. Qonşunun divarının dibindəki zibil vedrəsində eşələnən pişiyi görəndə, ürəyimdən keçən arzunu bircə saniyə də gecikdirmədim: butulkanı pişiyin təpəsinə necə ilişdirdimsə, çığırtısına qonşunun balaca oğlu qapıya çıxdı. Məni söyüb arxamca daş atanda, qaşlarımı düyünləyib ona barmaq silkələdim, vecinə də almadı.
Dar dalanlı küçələri polis hürküsündən səksəkə ilə keçib, Alatavanın bətnində gizlənən rütubət qoxusunu ciyərlərimə çəkdim. Yaz elə bil, Bakının boy-buxununa biçilmişdi. Tər-təmiz səmadan boylanan Günəş, uşaq arabalarında körpələrini gəzməyə çıxaran gənc anaların üzünə gülümsəyirdi. Görəsən, mənim də nə vaxtsa qadınım, uşağım olan gün gələcəkmi? Mən də gecələr sevgili qadınımın əllərinin istisini saçlarımda hiss edib xumarlansaydım, ayağımı uzadıb, rahat ölə bilərdim. Amma belə getsə, arzum ürəyimdə qurd salacaqdı. Deyəsən, bu gecəqondu köçkün həyatı mənimlə bağrı-badaş olub, ömrümü-günümü xeyli çürüdəcəkdi. Hərdən ağlıma gəlirdi ki, hələ uzun illər Firəngiz xalanın qanadı altında yaşayıb, bu dar-düdük daxmada çərləyəcəm. Nə vaxtacan əynimdəki yırtıq şalvardan çıxa bilməyəcəkdim, firavan günlər haqqında fikirləşmək, axmaq xəyaldan başqa bir şey deyildi.
Alatavadan 20 yanvar metrosunacan piyada getməyə ərindim. 94 nömrəli avtobus dayanacaqda görünən kimi arxa qapıdan dürtülüb, özümə yer elədim. Adımı polisə verən fahişənin hiyləgər siması yolboyu gözümün qarşısından çəkilmirdi, ondan necə qisas alacağımı götür-qoy edirdim.
Aha, tapdım. Bilirdim nə edəcəm! Avtobusdan düşən kimi aradan çıxmaq istəyi ürəyimə doldu, 20 qəpiyin qədrini bilmək lazım idi. Sürücünün arxamca çığırmağını qulaqardına vursam da, ağzımı-üzümü yağlamağını lap yaxşıca eşitdim. Cəhənnəmə ki, vecimə deyil, nə deyirsə öz payına, uşaq kimi köynəyimin düyməsini tutdum. Belə olanda guya söyüş özünə qayıdır. Mənim məntiqimin bundan oyanası yoxuydu. Sarsağın buynuzu olmur ki…
Birbaşa yeraltı keçidə gedib, sıra ilə düzülən paltar dükanlarını ucuz şalvar sorağı ilə axtarmağa başladım. Beş manata cins şalvar razılaşıb sellofan torbaya bükdürdüm. Əlimi cibimə atanda gözlərimə inanmadım. Dəhşət, pul yox idi!!! İlahi, ola bilməzdi!!! Evdən çıxanda cibimi yoxlayıb… Yox, yox, deyəsən, cibimdən xəbərim olmamışdı. Polisin qorxusu canıma elə ağrı salmışdı ki, başımı itirmişdim. Şalvarımın arxa ciblərini töküb-töküşdürdüm. Andıra qalmış lazımsız kağız-kuğuzla doluydu. Vaxt uzatmağım mənasızdı, pulu avtobusda cibimdən çəkmişdilər.
Əlim ətəyimdən uzun, məzlum və miskin görkəmdə yolun ağına düşüb pay-piyada evə qayıdırdım. 10 manat pulu qoruyacaq qədər fərasət yiyəsi deyildim. Hələ ürəyimdən ailə-uşaq sahibi olmaq, qadın əllərinin istisindən xumarlanmaq keçirdi. Belə əfəlliklə heç qarışqa da saxlaya bilməzdim. Nəinki arvad-uşaq…
Gizli qapıdan içəri girəndə, üzbəüz məhəllədə ipdən asılan pal-paltar diqqətimi çəkdi. Dörd-beş şalvar gözə dəyirdi. Hava qaralandan sonra yiyəsi yığmasaydı, çırpışdırmaq olardı. Yəqin, o qədər çətin başa gəlməyəcəkdi. Bir metr məftil şalvarı ipin üstü ilə sürüşdürüb hasarın yanına – əlçatan yerə gətirməyimə bəs edərdi. Bəxtimdən ipin bu başında cins şalvar asmışdılar. Ütüsüz də geyinmək olardı. Hərçənd, ütüm yox idi, amma ağlayıb-sıtxayıb Firəngiz xaladan istəmək nə çətin şey idi? Əlbəttə, işim düşəndə özümü artistliyə vurub, yiyəsiz adam kimi boyun bükmək mənim əlimdə su içmək qədər asan işdi.
Belə çıxırdı ki, bu gün heç yerə gedə bilməyəcəkdim. Qaxılıb evdə oturmaqdan başqa çarəm yox idi. Uzaqbaşı əlimi başımın arxasında cütləyib cızdağı çıxmış çilçırağa baxa-baxa gələcək işlərim haqqında fikirləşəcəkdim.
Telefonuma zəng gəldi. Ekranda Əqrəbin adını oxuyanda beynimi qurdalayıb bahanə uydurmağa çalışdım. Naz-qəmzəylə harada olduğumu soruşsaydı, deməli, hisslərinin oyanan vaxtı idi. Əsgərlikdən təzə gələndə onu yola gətirmək üçün ilan dili çıxarıb otağın qapısını arxadan kilidləməyi bacarsam da, indi qəti həvəsində deyildim. Hə, yadıma düşmüşkən deyim, onu bu daxmaya gətirmirdim. Dedim axı, dünənəcən elə bilirdi xarici firmada reklam meneceri işləyirəm. Kişilənmişdim ki, təkbaşına ev kirayələyib yaşayıram. Onu qonaq apara bilməməyimə səbəb kimi, qonşularımın çoxluğunu bəhanə edirdim. Dünən hər şeyi danışandan sonra yəqin ki, mənim təkbaşına kirayə pulu verməyimi də yalanlarımdan biri saymışdı. Düzdür, mən hələlik bu pulu tək ödəyirdim, amma öz payıma düşəni. Firəngiz xala kirayənişin götürəndən sonra qulaq yoldaşım olacaqdı.
Hələ bilmirəm qız niyə zəng edib, özüm-özümə elçi düşürəm. Bəlkə axşamkı sms-ə görə məndən hesab istəyəcəkdi?!
– Zəng elədim ki, sms-ə görə səni təbrik edim.
– Sağ ol. Onsuz da həmişə belə olur, xətrinə dəyəndə bir müddət dinmirsən. Sonra az qalır adamın gözünü tökəsən.
– Yox, ona görə zəng eləmədim. Bilirəm, axşam özündə olmayıbsan. Yəqin içib ürəyini mənə boşaltmaq istəmisən.
– Axşam içdiyimi hardan bilirsən?
– Sən ancaq içəndə məni acılayırsan. Ayıq olanda dünyada məndən əziz adamın olmur.
Halal olsun Əqrəbə, mənim sarsaq olduğumu gec də olsa, anlamışdı!
– Mənə kim o sözləri yazsaydı, üzünə tüpürərdim.
– Yaxşı, yaxşı. Uşaqlıq eləmə. Sənə vacib sözüm var. Hardasan?
– Evdə.
– Bu gün mütləq görüşməliyik!
Mən bircə öldüyüm günü bilmirəm. Nə vaxtsa çörəyi qulağıma yemişəmsə, onu da xatırlamıram. Dəqiq: tüklü sinəmə baş qoyub ağlamağı gəlmişdi.
– Görüşməyinə görüşək, amma telefonda de ki, intizarda qalmayım.
– Telefon söhbəti deyil. Çox vacibdir.
Nə ola bilərdi? Fikir məni götürdü. Ağlıma min cür şey gəlirdi. Bəlkə mənə iş tapıb? Onsuz da razı olmayacaqdım. Ya özümə bir gün ağlayıb bu bezgin günlərdən yaxa qurtaracaq, ya da sürünə-sürünə it kimi gəbərəcəkdim.
– Heç olmasa bir kəlmə de, rahatlaşım. – Hirsləndim.
– Xəbərin var ki, səni axtarırlar?
– Kim?
– İndi deyə bilmərəm. Görüşüb ciddi danışmalıyıq.
Nə zibilə düşdük! İndi deyim, Əqrəb, andıra qalmış şalvarımı geyib sənin qabağına çıxmağa utanıram? Xəbər almazdı ki, iki dəst şalvarını havaxta saxlayıbsan? Dişim bağırsağımı kəsirdi.
Adamın bəxti-taleyi nə qədər zavallı, vecsiz olar ki, evdən bayıra çıxmağa şalvar tapılmaya. İlahi, sənə qurban olum, bu nə yazıdı mənə yazıbsan? Ölmək bundan yaxşıdır. Bir filosofun sözünü xatırladım: “Əgər Allah insanların yalvarışlarına qulaq assaydı, onda hamı çoxdan ölüb getmişdi”. Elə bil fəlsəfədən mühazirə oxuyurdum. Hələ biri də ağlıma gəldi. “Azadlıq nəyin varsa onunla kifayətlənməkdir”. Kimin yanında saqqal tərpədib bunları desəydim, ağzımın üstündən bir yumruq ilişdirərdi ki, mumla, düdük. Gö…ə şalvar ala bilmir, filosofluq eləyir!
İndi mən nə edim? Kimdən borc alım? Heç kəsə ümidim gəlmirdi. Tələbə yoldaşlarımdan xəbərim olsaydı, gedib ağız açardım. Əsgərlikdən sonra heç birini itirib axtarmamışdım. Axtarıb nə edəcəkdim? Guya onlar məndən yaxşı gündə yaşayırdılar? Qohumları da, heç demə, qapılarını nə vaxt döydüyümü xatırlamıram. Qəti şübhəm yoxdu ki, məni diriykən ən hörmətsiz ölülər siyahısına qara hərflərlə yazıb, zibil yeşikləri ilə dolu xatirələr məzarlığında gorbagor eləmişdilər. İndi gedim necə pul istəyim? Bəlkə Firəngiz xala? Ölərdim, ona ağız açmağa üzüm gəlməzdi. Qaragün pensiya hesabına gününü güclə keçirirdi. Keçən ayın kirayə haqqını da verməmişdim. Əlacım olsaydı, ayaqlarına düşüb yalvarardım, əllərindən öpərdim.
Bəlkə gedim üz vurum?! Bunu bacarsaydım, dünyada məndən həyasız adam təsəvvür eləməyi ağlınızın ucundan da keçirməyin. Səni evində saxlasın, canını polisdən xilas eləsin, hələ üstəlik pul da versin? Bəlkə dalına şələləyib gəzdirsin də!
Məni kim axtara bilərdi? Səhər gələn polisdən savayı heç kimin işi ola bilməzdi. Əqrəb də tərsliyinə salıb demədi. Lənətə gələsən, qorxumdan az qalırdı şalvarımı batıram.
Telefon yenidən zəng çaldı. Diksindim. İndi xatırlaya bilmirəm, deyəsən, nəyisə soruşmaq yadından çıxmışdı. Fürsəti əldən vermədim, yaxşı bir bəhanə uydurmuşdum. Dedim, guya rayondan gələn olacaq, onu qarşılayıb həkimə aparmalıyam. Bir az geciksəm, narahat olmasın, mütləq gələcəm.
Dörd-beş saat vaxtım var idi. Bu müddətə nə isə fikirləşmək olardı. Amma nə? Bəlkə gedim bahalı xarici maşınların birinə yaxınlaşım ki, mənə şalvar almağa pul lazımdır? Özü də bu, qız olsaydı daha yaxşı olardı. Kişilər, içi mən qarışıq dünyanın hər üzünü görüb-götürən əbləhlərdi. Qabaqlarına o qədər fırıldaqçı adamlar çıxıb ki, dünyasında mənə inanmazlar. Qadınlar ürəyiyuxa olur, bəlkə yazıqları gələrdi, könül qızdırıb pul kisələrini eşələyərdilər. Bir yandan, onlara güvənməyə də ürək etmirdim, qadına bel bağlamaq qaratorpaqla dağ kəndinə yol çəkməyə bənzəyir, payızın birinci yağışında batmaq təhlükəsi var. (Halal olsun mənə!) Hələ bilmək olmazdı, bəlkə qırmızı-qırmızı deyəcəkdilər ki, kişi deyilsən, get qazan – fəhləlik elə, daş daşı, tualet yeri qaz, palçıq qarışdır. Nə çox iş! Bir də gördün zatıqırığın biri mənimlə məzələnməyə başladı ki, zəhmətsiz, yüksək maaşlı iş var: dənizin qırağında oturub ləpə sayacaqsan. Bunu bəyənməsən, məsciddə ayaqqabı cütləyən, iftar vaxtı möminlərin içəri ötürdüyü xurma dənələrini yığıb təsbeh qayırmaq işinə düzələ bilərsən.
Fəhləlik… Bunu bacarardım. “Qələbə” kinoteatrının yaxınlığında tikilən binada gecə-gündüz iş gedirdi. Dünən lül-qəmbər ordan keçəndə, söküntü kubik parçasıyla qoca, qancıq bir iti zingildətmişdim. Ağlamayana məmə vermirlər.
Arxa qapıdan çıxıb üzü yuxarı qalxmaq istəyəndə, qanım it qanına döndü. Səhər təpəsinə butulka çırpdığım pişiyin cəsədi yolun ortasına sərilmişdi. Yox, səhv eləmirəm, o pişik idi. Yerdə qan ləkəsi gözə dəyirdi. Başı xurd-xəşil olmuşdu, dişləri sınıb tökülüb, ağzı qulağının dibinə qədər cırılmışdı. Bir dəstə qara milçək bağırsaqlara daraşıb bayram edirdilər.
Bu gün nəsə qanqaraçılıq olmalıydı. Mən heç vaxt zənnimdə yanılmıram. Pişiyin cəsədindən aralanmaq istəyəndə, səhər məni söyüb arxamca daş atan uşaq anasıyla qapıda göründü. Qonşu az-çox məni tanıyırdı. Pişiyin ölüsünü görən kimi içini çəkdi. Uşaq anasına çuğulladı ki, guya onu mən öldürmüşəm.
– Evinizdə saxlayırdınız? – Kədərli səslə soruşdum.
– Yox, keçən qışdan bizə dadanmışdı. Qar yağanda gəlib həyətdəki mir-mitilin içində yatırdı. Əlimizə nə keçirdi verirdik ki, ac qalmasın.
– Yazıq.
– Yazıq, yazıq demə! Səhər sən onu butulkaynan vurub getdin. Ona görə öldü.
Yaxşı deyiblər, uşaq yalançı olmaz. Dodaqlarını uzadıb gözlərini üstümə bərəldəndə, anası üstünə təpindi. Sağ olsun, heyvərəliyimi üzümə vursaydı, ölüb yerə girərdim. Qonşu xahiş etdi ki, pişiyin ölüsünü zibil vedrəsinə atım, ayaq altında qalmasın.
Əlimi cibimə dürtüb metroya tərəf gedəndə, gözüm yolun o biri tərəfindəki qonşunun ipdən sərdiyi paltarlara yenə sataşdı. Oğurlamaq istədiyim şalvarı külək yellədib qaçan adama oxşadırdı. Hələ bilmirdim, şalvarı əkişdirəcəm, ya yox; açığı, qorxurdum ki, görən olar, gəl rüsvayçılıqdan yaxa qurtar! Məhəllədə cındır şalvar oğrusu damğasıyla yaşamaqdansa, gəbərmək yaxşıdır. Hələ Firəngiz xalanı demirəm, cibimdə qara qəpiyimin olmadığı vaxtda, mitilimi bayıra atardı.
Pişiyin xurd-xəşil olmağı hansısa uğursuzluğa, bəlkə, bədbəxtçiliyə işarə idi. Demişdim axı, qulağımın dibinə çörək yediyimi xatırlamıram. O gün başıma bir iş gəldi ki, bu yaşımacan belə biabırçılıqla üz-göz olmamışdım.
Kinoteatrın yaxınlığındakı təzə tikilən binanın yanını kəsdirib, bir müddət şit-şit zarafatlaşan fəhlələrə tamaşa elədim. Sir-sifətlərindən işləyən dəyyuslara oxşamırdılar. Bəlkə yaxınlaşıb deyim, iş axtarıram? Canım üçün, razılaşacaqdılar. Binanın qabağında iki boy məndən hündür qırmızı kərpic qalaqlanmışdı. Ustalar birinci mərtəbənin fasadına üzlük daş düzürdülər.
Niyyətimi açıb-ağardanda, cındırından cin hürkən fəhlələrdən biri dilinin altında donquldanıb nəm-güm eləsə də, müdirə yaxınlaşmağı tapşırdı. Pahoo, müdir nə müdir, cüllütün təki. Dostlarını başına yığıb nərd oynamaqla baş qatırdı. Ədəb-ərkanla salamlaşıb, məzlum-məzlum dilləndim:
– İş axtarıram, bəlkə ustalara köməkçi lazımdır?
Müdir cəmdəyimi təpədən-dırnağa süzüb zəndlə gözlərini qıydı.
– Sən mənə tanış gəlirsən.
– Bəlkə hardasa rastlaşmışıq.
– Deyəsən, səninlə eyni fakültədə oxumuşuq. Məndən bir kurs yuxarıdaydın. Yadına düşdüm? – Ağzından soğan iyi gəlirdi.
– Həə, – düz deyirdi, tanıdım onu. Universitetdə oxuyanda avaragorun biri idi. Günaşırı bir müəllimlə dalaşmasaydı, ölərdi. Qəti kökəlməmişdi, süddən yanıq keçi balasıydı ki, vardı.
– Tanıdım. Deyəsən, sonra səni universitetdən qovdular.
– Bir il sonra bərpa olundum.
Qovulmaq məsələsi beləydi: bizə Şərq ədəbiyyatından mühazirə oxuyan müəllimimiz bu avaragorla düşünüşmüşdü. Hər dərs üstünə çəmkirib dərsi pozmamağı tələb edir, seminarlarda lövhə qarşısına çıxarırdı. İmtahanda müəllim iki ayağını bir başmağa dirəyib, ona qiymət yazmadı. Bu da tələbələrin yanında kişinin arvadını üzünə söydü ki, axıra qədər qiymət yazan, oğraşdı. Canım üçün, necə var, elə danışıram. Söyüşün biri bir qəpikdən! Auditoriyada hamı içini çəkdi, qadın müəllimlər, qızlar başlarını götürüb qaçdılar. Müəllimimiz su butulkasını bu alçağın başına vurmaq istəyəndə, əngindən bir yumruq da yeyib ağzının tüpürcəyini dağıtdı. Kişi özündən getdi, dili qatlandı, yaxasını açıb üz-gözünə su səpdilər. Səhəri bütün fakültələrə elan asdılar ki, filankəsov heyvərə eşşək oğlu universitetdən xaric edilsin. Belə yazmamışdılar, hirsimdən deyirəm.
Əslində, bu zırramanı tanıyan kimi əlinin altında işləməkdən boyun qaçırmalıydım. Bu haranın düdüyüdür, ağız açıb minnətçi düşüm! Guya üzünə tüpürüb şərəfsiz olduğunu desəydim, nə qazanacaqdım? Ümumiyyətlə, mənim sayaq həyatda özünə yer tapmayan zavallı və miskin adamların aləmində vicdan anlayışı köhnə oxunan bayatıdan savayı bir şey deyil. Əlbəttə, siz fikirləşdiyiniz qədər axmaqlığım yoxdur. Dünyada nə qədər alçaldıcı ifadələr varsa, bu keçi balasının boy-buxununa biçilmişdi. Məsələn, rayona getməyə yolxərci tapmayan tələbə qıza on beş dəqiqəsi üçün iki imtahanın pulunu təklif edən qurumsaqdı bu! Cəhənnəmə ki! Mənə pul lazımdı, pul! O da bu dəyyusda zibil kimi.
– Nə yaxşı özünə bir iş tapmayıbsan? – Canıyananlıq etdi.
– Söz veriblər, gözləyirəm, – yalançıya çər dəysin! – Bu ayın axırına işə başlamalıyam.
– Paltarını dəyiş, ustalara kömək elə! Tapşıracam, zəhmət haqqını artıqlaması ilə versinlər.
Gözlərimə inana bilmirdim: yəni bu gədə dörd-beş ilin içində bu qədər nəcabət yiyəsi olub? Hər halda, sağ olsun, heyvərə olanda nə olar, bu sözü hərdən özüm haqqında da işlədirəm.
Fəhlə paltarı qıcqırmış pendir iyi verirdi. Tər, siqaret, his qoxusunu içimə çəkib “nuş” eləyəndə, özümü öyüməkdən saxlaya bilmədim. Şalvar elə bil it ağzından çıxmışdı – əzik-üzük, qabağının qaytanı bağlanmır, dizləri duz ləkəsi ilə doluydu. Belinə iki mən boyda adam yerləşərdi. Yerdən yanmış məftil tapıb, onurğa sütunumun tuşundakı körpüsüylə sağdan birincini – xayamın üstündəkini bərkitdim. Bilirdim, bayaq dodağının altında donquldanan köpəyoğlu, fəhləni deyirəm, qəsdən belə paltar verdi ki, sabahdan rədd olub gedim. Zarafat deyildi, kişilərin puluna şərik olacaqdım.
İşim qırmızı kərpicləri taxta yeşiyə doldurub, çarxla beşinci mərtəbəyə qaldırmaq idi. Nolsun yoğun kəndir əlimə yatırdı, üzü yuxarı güc vurmaq hər adamın hünəri deyildi. Beş yüzdən artıq kərpicin öhdəsindən təkbaşına gəlsəm də, mitilim çıxmışdı; ayaq əzələlərim sızıldayır, əlimin içi göynəyirdi, sabaha yüz faiz qabar bağlayacaqdı. Fəhlələrin birindən siqaret alıb kötüyünəcən sümürdüm. Köhnə kisələrin altında gizlətdikləri termosdan çay süzüb içdim. Yaxantı çayın tilifi stəkanın yarısınacan qalxmışdı. İçində qarışqa ölüsü “üzürdü”, üstə gəl, buz kimi soyuq! Bu da sizə gözəl həyat!!!
Zırrama tələbə yoldaşım üstümüzdə dayanan briqadirə məni göstərib, nə isə tapşırdı. Yəqin pul məsələsiydi. Saata baxdım, əla, bir az da işləmək olardı. Vaxtın belə gec getdiyinə sevindim. Sevindim deyəndə ki, bu hissi yaşamaq mənim hansı günümə yaraşırdı?!
Nahara pul yığanda, mənim adımı çəkmədilər. Yeddi nəfərə bir kilo kolbasa, üç zavod çörəyi alıb, günortamızı birtəhər yola verdik. Mədəm bayram elədi, səhər tezdən qarnımın qur-qur qurultusunu kəsə bilmirdim, sancı bağırsaqlarımı doğrayırdı.
Bu vaxt iri əmcəklərini sallaya-sallaya üstümə gələn qancıq iti görəndə, ürəyimdən keçdi ki, təpəsinə kubik parçası çırpıb dünyanı gözündə qaraldım. Yanında balaları vardı, ürəyim mərhəmət hissilə dolub daşmağa başladı. Elə şirin, alabəzək küçüklərdi ki… Balaca quyruqlarını düyünləyib oynaşa-oynaşa üstümə cumdular. Əlbəttə, ac idilər. Kolbasa qalıqlarını, çörək qırıntılarını hamar yerə töküb, sevinclərindən zingildəşə-zingildəşə oynamaqlarına tamaşa eləyəndə, yuxarı mərtəbələrin hansındansa zabitəli kişi səsi eşitdim. Yəni itə tamaşa etməyə gəlməmisən, düdük!
Canıma cəfa qatıb işlədiyimi görəndə, razı qaldılar. Düzünü danışsaq, hünərləri nə idi narazılıq etsinlər? Müdir gedən kimi ortalığa yekə bir stol qoyub domino oynamağa girişdilər. Mən heç əsgərlikdə belə vəziyyətə düşməmişdim. Onlar deyib-gülüb mırt vuranda, mən qədim Romanın qara qulları sayaq zülm ayaqlayırdım.
Əvvəlcə, otuz kisə sementi birinci mərtəbədən ikinciyə qaldırdım, sonra palçıq qarışdırıb dəyyus ustanın ayağa qalxmasını gözlədim. Yetim quzu gö…nə oxşayan qurumuş dalını stuldan qaldırmayacağını görüb, səsimi başıma atdım. Bu dəfə sement palçığını vedrəyə doldurub, yenə çarxla üçüncü mərtəbəyə qaldırmaq lazım idi. Bir vedrə, beş vedrə, on beş vedrə… Axırda nə oldu?! Zəhrimar oldu! İpi beş metr yuxarı dartmamışdım ki, andır vedrə qulpundan qırıldı və içindəki palçıq bərkiməmiş mal təzəyi kimi başıma töküldü, dalınca, vedrənin özü baş barmağımın üstünə düşüb dırnağımı qopardı. Aman Allah!!! Ağrıdan az qala ürəyim getmişdi. Yerə çöküb çığırdım, bağırdım, bircə eşşək kimi anqırmağım qalmışdı, elə bil, ətimi kəsirdilər. Üzümü birtəhər yuyub gözümü açdım. Dırnağımın yeri əvvəl qızardı, sonra hiss elədim ki, yaranın yeri soyuduqca küt ağrılar başlayır. Fəhlələr xalaxətrin qalmasın canıyananlıq eləsələr də, mənim sabah işə çıxmayacağıma açıq-aşkar sevinirdilər. Qurumsaqlar!!! Ağrıdan qıvrılanda, bu tərbiyəsiz və nadan məxluqların qanacaqları çatmırdı ki, heç olmasa, Allahın təsəllisini verib ürək-dirəklə başlarından cəhənnəm eləsinlər.
…hardasa uzaqlardan başlayan qulaqbatırıcı uğultu getdikcə sakitləşib maşınların siqnal səslərinə qarışdı; sonra mənim beynimi silkələyib bütün bədənimi qıc elədi. Ağaca söykənib başımı qaldırdım. Yarpaqların arasında gizlənən bülbül yanıqlı-yanıqlı nəsə oxuyurdu. Var gücümlə – səsim çatan qədər qışqırıb onun məlahətli səsini batırmaq istəyi keçdi ürəyimdən. İstəyirdim, yanımdan ötənlər bir anlıq ayaq saxlayıb mənim halıma acısınlar, yetim olduğumu biləndə ürəkləri bişsin, başlarını təəssüflə yellədib addımlarını yeyinlətsinlər. Hamının məndən üz döndərdiyini görəndə, anası ölən tifil kimi əlimin dalıyla gözümün suyunu qurudub, kimsəsizlikdən it kimi ulayım, it kimi…
Ovcumun içində sıxdığım 20 manatı cibimə dürtüb, topal ayağımı sürüyə-sürüyə Alatavanın yoxsul daxmalarına sarı gedirdim. O daxmalara sarı ki, sığındığım xaraba onlara bitişikdi. O xaraba ki, divarları sapsarı, döşəməsi taxtabiti yuvası.
Yolüstü aptekə dönüb zarıya-zarıya dərman istədim. Qız üzümdəki məzlumluğu görər-görməz əlindəki işini yarımçıq qoyub vitrinin o tayından ayağıma sarı boylandı. Bu vaxta qədər aptekdə işim olmasa da, hər gün sülənə-sülənə bu həndəvərdə veyillənirdim. Onu haçansa buralarda gördüyümü xatırlamıram. Bəlkə Tibb İnstitutunun tələbəsiydi, kim nə bilir?! İşin nə yerdə olduğunu deyəndə spirt, pambıq, bint, plastr və adını unutduğum iki mazı sellofan torbaya yığıb həvəslə istifadə qaydasını izah eləməyə başladı. Elə mehriban, qayğıkeş qız idi, az qalırdı ürəyimi çıxarıb ona hədiyyə edəm. Mənə təsəlli verib yaramın qorxulu olmadığına inandırmağa çalışdı. Ağ xalatı ona necə gözəl yaraşırdı. Qapqara gözləri Əqrəbi xatırlatdı mənə. Acığı tutmasaydı, bircə dəfə kömürgözlüm deyib, isti-ilıq sözlərlə oxşayardım onu. Quran haqqı, bu qız hansı kişinin qadını olsaydı, o, cənnəti evinin divarları arasında yaşayardı.
Əzik-üzük iyirmiliyi cibimdən çıxarıb vitrinin üstünə qoydum. Qız kassa aparatının siyirməsindən götürdüyü aromatlı salfeti qalıq pulla bərabər mənə uzatdı. Bilirdim, başıma tökülən sement palçığını təmiz yumamışdım, ona görə qayğıma qalırdı. Bədənimə hərarət gəldi, utanıb yerin təkinə girmək istədim. Qızın yanında qulaq təmizləmək qanacaqsızlıq olardı. Birtəhər gülümsəyib ürəkdən təşəkkür elədim. Axır zamanlar bu qədər fərəhləndiyimi xatırlamırdım.
Demişdim axı, pişiyin ölməyinin xata-balası olmalıydı. Arxa qapıdan otağa girmək istəyəndə, qonşunun uşağını zibil qabına söykənib ağlayan gördüm. İstədim yaxınlaşıb başını sığallayam ki, ona mütləq pişik tapıb gətirəcəm. Acıqlı-acıqlı məni süzüb nə isə demək istəyəndə, hıçqırtısı imkan vermədi.
– Niyə ağlayırsan? Vallah, mənim günahım yoxdu.
– Mən ona hər gün çörək verirdim, anamın xəbəri olmayanda, ətimin yarısını sür-sümüyə qarışdırıb yedizdirirdim. Sən pis adamsan, çıx get bizim yanımızdan, çıx get! – Uşaq tir-tir əsirdi.
– Onun əvəzinə balacasını alacam sənə, istəsən küçük də gətirərəm.
– Bə onu niyə öldürdün ki?
– Mən öldürməmişəm, Allah haqqı, maşının altında qalıb.
– Səhər butulka ilə vuranda gördün necə ağladı?
– Mən pişiyi vurmaq istəmirdim, – yalan danışmaqdan başqa əlacım yox idi. – Butulkanı uzaqdan atdım ki, zibil vedrəsinə düşsün.
– Atanın canına and iç inanım.
– Mənim atam yoxdur, ölüb, başa düşürsən, ölüb, onun canına necə and içə bilərəm?!
Ayağımın ağrısı artırdı. Uşaq da tutduğunu buraxmırdı. Bircə bundan yaxamı qurtara bilsəydim.
– Mənə balaca küçük gətirərsən?
– Hə, gətirərəm. Özü də lap qəşəngindən…
– Sabah istəyirəm. Gətirməsən, polisə deyəcəm səni tutsun. Bu gün gəlmişdi.
Vayy, ürəyim!!!
– Kim?! – Udqundum.
– Polis də. Bizim evə baxdı. Firəngiz xala dedi ki, səhər gəlib səni soruşub.
Vəssalam! Qanım it qanına döndü. Başımı bir təhər otağa soxub qapını arxamca kilidlədim. Elə bilirdim, polis bu dəqiqə içəri girib əlimi-qolumu bağlayacaq.
Aptekçi qızın tapşırdığı kimi: ayağımı isti suyla yuyub yaxşı-yaxşı qurulayandan sonra mazı çəkib plastrla sarıdım. Heç onca dəqiqə keçmədi ağrısı çəkildi, sevincimdən polisin xofu canımdan çıxmışdı. Ohoo, stolun üstündə çörək var. Qəzeti açan kimi ətiri burnuma vurdu. Təndir çörəyi yeməyim yadıma gəlmirdi. Alatava Bakının mərkəzindəki məhəllələrdən yeganəsiydi ki, burda arvadlar təndir yandırmağa ərinmirdilər. Bir də görürdün, dörd-beş yerdə təndir tüstüləyir.
Çörəyi burnuma yaxınlaşdırıb sinədolusu ətrini aldım. Bir parça kəsib dişimə çəkəndə ürəyim motal pendiri istədi. Heç olmasa yavanlıq edərdim. İstəməyə nə verirlər? Əsgərlikdə olanda bir komandirimiz vardı, ona filan şey istəyirəm deyəndə, gülürdü ki, “mənim də ürəyimdən Sibel Canla yatmaq keçir, nolsun?”.
Firəngiz xalanın səsini eşidən kimi yorğan-döşəyə girib zarıdım. Yazıq arvad, gözü ayağıma sataşanda içini çəkdi. Bəhanə uydurmağın ustası deyiləm? Guya barmağımın üstündən maşın keçib. Avamlıqda tayı- bərabəri olmayan Firəngiz xala başını yellədib təəssüflə halıma acıdı. Kaş görəydiniz necə “can-can” – deyib, ürək yandırır. Ayağının altında ölüm, Firəngiz xala!
– Üzeyir, səndən bir söz soruşum, amma düzünü de.
Bilirdim nə soruşacaq.
– Əlbəttə, Firəngiz xala, mən ölsəm də sizə yalan demərəm.
Ay naqqal əbləh!!!
– Allah eləməsin, başına dönüm, elə danışma. Düzünü de, gizlin bir iş tutmamısan ki? Elə belə soruşuram e, ürəyinə başqa şey gəlməsin. Heç nədən qorxub eləmə.
– Mən nə iş tuta bilərəm, Firəngiz xala?! Səhər iş axtarmağa gedib, axşam gəlirəm.
– Polis yenə gəlmişdi.
– Siz narahat olmayın, qoy gəlsin. Mən heç kimdən qorxmuram. O kiminləsə məni səhv salıb.
– Səhər gələndə niyə çıxıb demədin ki, məni kiminləsə səhv salırsan? – Ay səni, Firəngiz xala!
– Mənim heç nədən xəbərim olmayıb. Həm də yuxuluydum deyə, onun qabağına çıxa bilmədim.
– Deməyim odur, başına bir iş gəlməsin. Qərib uşaqsan, heç olmasa başını dolandır.
– Firəngiz xala, siz heç nədən narahat olmayın. Vallah, düz sözümdür. O kiminləsə məni səhv salıb.
Arvadın başını necə piylədimsə, ruhu da incimədi. Başmaqlarını ardınca sürüyüb evinə getdi.
Deyəsən, uçurumun bir addımlığına lap az qalıb. Getməyə yerim olsaydı, baş götürüb qaçardım. Əlbəttə, bu axşamkı qəhbənin işləriydi. Onu ələ keçirib küçük kimi zingildədə bilsəydim, dərdim olmazdı. Öz aramızda qalsın, kişi kimi danışsaq, əlbəttə, səhv idim. Qəhbənin dərdini çəkmək mənə qalmışdı? Boynuma alıram, sadəcə əclaflıq eləmişdim, vəssalam! Hətta, səhv etdiyimi bilsəm də, bu mənim ürəyimdəki qisas hissini söndürə bilməzdi. Nəsə fikirləşmək lazım idi.
Xoşbəxtlikdən barmağımın ağrısı tamam çəkildi. Dabanım üstə yeriyib birtəhər gəzə bilərdim. Əqrəbin görüşünə onsuz da gecikmişdim. Zəng eləməyə də həvəs yox! Belə vaxtlarda Əqrəbə yaman acığım tutur. Marağında deyil, ölmüşəm, sağam. Görən, Əqrəbin dediyi adam kim idi? Bəlkə keçmiş əridir? Canımı vahimə basdı.
Axşam düşürdü. Topal ayağımı sürüyə-sürüyə birtəhər dayanacağa gəldim. “94”-ü uzaqdan görəndə əl elədim, bəxtimə səhərki sürücü çıxdı. Mənim ağzımı-üzümü yağlayanı deyirəm. Əvvəl istədim qaçıb gizlənəm, sonra fikrimdən daşındım. Məni hardan tanıyacaqdı? Onsuz da bir deyil, iki deyil, Bakı doluydu mənim kimi tüfeyli adamlarla. “20 Yanvar” metrosuna çathaçatda 20 qəpiyi xüsusi zövqlə pul yeşiyinə diyirlədib avtobusdan əkildim. 5 manata “made in Balakhanı” şalvarı alıb qoltuğuma vurdum. Çox axmaq şalvar idi: parçası ucuz, tikilişi zay! Bəxtimdən cibləri də dayaz çıxdı. Heç olmasa əlimi cibimə dürtüb, küçələrdə səfeh-səfeh veyillənib iş axtarardım.
Qapıdan girəndə gözüm qonşunun həyətinə sataşdı. Şalvar hələ də ipin üstündəydi. Nə yaxşı, onu əkişdirmək fikrini başımdan çıxara bildim. Yoxsa, biabırçılıq olacaqdı.
Tələbə vaxtı əlimə qəpik-quruş düşdükcə aldığım kitablara baxanda ürəyim ağrıyırdı. Demək olar, hamısını oxumuşdum. İndi oturub bir-bir eşələsəydim, hərəsinin içindən bir xatirə çıxacaqdı. Məsələn, Əqrəbin vaxtilə mənə yazdığı dərs cədvəli, bir bəndlik şeir, yasəmən çiçəyinin qurusu, portağal qabığı, fəlsəfi aforizmlər… Dərs xoşuma gəlməyəndə kitabların arxa səhifəsinə ağlıma gələni qaralayırdım. O vaxtlar söz tapmaqda çətinlik çəkmirdim, başım yeni ideyalarla dolub-daşırdı. Əsgərlikdən gələndə balaca bir kağız keçdi əlimə. Görün nə yazmışdım: “Müəllimədən heç xoşum gəlmədi. İt tutmuş ördək balasına oxşayır”. Harda axmaq-axmaq işlər var idi, mənim adım orda mütləq olmalıydı. İndi fikirləşirəm ki, bəlkə belə şeylərə görə kitabların da mənə bir xeyri dəymədi. Bu qədər oxuyub adam olmamaq, sadəcə, mümkün deyildi. Burda çərxi – fələyin barmağı var idi. Özü də baş barmağı, yoğunu…
Ərinməsəydim, ürəyim istəyərdi ki, kitabların içinə baş vuram, eşənək atam, söküb tökəm, hərəsindən bir-iki cümlə oxuyub vızıldadam küncə ki, sizdən də haray olmadı, məni adam edib adamlar içinə çıxara bilmədiniz. Ürəyimdən polis xofunu çıxara bilsəydim, kitablarımla baş-başa qalıb on-on beş dəqiqəlik xoşbəxt ola bilərdim. Hələlik dırnağımın yeri ağrımırdı. Bir azdan mənə toy tutacaqdı.
Əlimə keçən birinci kitab kolxozda işləyən zəhmətkeş traktorçulardan bəhs edirdi. Yazıçı guya o vaxtkı insanların mənəvi saflığından, əməksevərliyindən-zaddan goplamışdı. Axmaq şeyə çox vaxt sərf eləməyə dəymir. Vızıldatdım qapının ağzına ki, yadıma düşəndə Firəngiz xalaya verim, təndir yandırsın. Havayı çörək yemək yaxşı düşmürdü. Mən də əvəzini qaytarmalıydım, ya yox? Adamın abırı olar axı…
İkinci kitabın arasından əlimə yazılı bir kağız keçdi. Əqrəbin xəttiydi. Tələbəliyimin gözəl günlərində yanaşı oturardıq. Tez-tez kağıza sual yazıb məndən cavab istəyirdi. Oxuyanda bir təhər oldum, ağlıma pis-pis şeylər gəldi.
“Sən ruha inanırsan?”
“İnanıram, bu hardan ağlına gəldi?”
“Deyirlər, ruh ölmür, göylərə çəkilir. Düzdür?”
“Əlbəttə, düzdür. Hər kəsin ruhu, qiyamət günü bu dünyadakı əməllərinə görə cavab verəcək”.
“Bəlkə, ölən adamın ruhu başqasına keçdi, yəni, ikinci bir adam onun ruhunu öz bədənində daşıdı. Onda necə?”
“Belə şeyə inanmıram. Axmaq şeydir, ağlından çıxar getsin”.
“Sən inanmırsan, amma mən uşaq olanda nənəm danışırdı ki, bacısı günahkar ruh daşıyıcısı olub. Gecələr yata bilmir, qışqırıb, evi bir-birinə vurur, əlinə nə keçdi – qab-qaşıq, stəkan-nəlbəki, hamısını sındırıb tökürmüş. Hərdən yalvarırmış ki, qoymayın mənə əzab versin. Heç kim heç nə başa düşmürmüş, hara aparıblar ümidləri boşa çıxıb. Axırda bir seyid deyib ki, bu qız bədənində yad adamın ruhunu gəzdirir. Kimdirsə, bu dünyada böyük günah işlədib, heç kəs xəbər tutmayıb”.
“Kimin ruhunun daşıyıcısı olub?”
“Uzun söhbətdir. Tənəffüsdə yadıma sal, danışım”.
O vaxt Əqrəbin bu “ruhnamə”sini oxuyanda, tüklərim biz-biz olmuşdu. Bədənimdə üşütmə hiss etmişdim, həyəcanımı keçirtmək üçün başımı aşağı salıb öz-özümə gülmüşdüm. Sonra onun əlinə toxunub yüngülvari sıxmışdım ki, elə bu dəqiqə danışsın. Sən demə, qız doğma xalasının günahkar ruhunun daşıyıcısıymış.
– Onun ruhu niyə günahkar olub? – Soruşmuşdum.
– Şikəst uşaq doğubmuş. Bir yaşına qədər böyüdəndən sonra istəməyib. Boğub öldürüb. Hamı elə bilib, uşaq öz əcəli ilə gedib. Nənəmin dilindən eşitmişdim, bu hal bir də təkrarlanmalıdır. Yəni ruh qurban istəyəcək.
– Ay qız, məni dəli eləmə. Harda əcaib-qəraib şeylər var, səndən çıxır.
O vaxtlar Əqrəblə ərklə danışmağım da var idi. Əzik-üzük dəftər vərəqi məndə o qədər maraq yaratdı ki, elə bu dəqiqə durub yanına getmək istədim. Nədənsə, telefonuna zəng çatmırdı. Təkrar-təkrar yığdım, xəttin o başındakı qız dediyindən dönmürdü: “Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb ya da əhatə dairəsi xaricindədir…”
Vəssalam, marağımdan öldüyüm vaxt elə bunun yeri əskikdi. Bilmək istəyirdim həmin qızın axırı necə olub? Bəlkə, o vaxt Əqrəb bunu mənə yerli-yataqlı danışmışdı, yadımda deyil, amma hər halda, üstündən illər keçmişdi. Mənim yaddaşsızlığım həmişə başıma bəla olub.
Barmağımın keyi yavaş-yavaş açılırdı. Bir azdan ağrıdan divara dırmaşacaqdım. Bəri başdan işimi ehtiyatlı tutdum: binti ehmalca açıb uzun-uzadı dırnağıma tamaşa elədim. Otağımdan on iki addım aralıdakı (ərinməyib saymışdım) zibil yeşiklərindən qıcqırmış kartof iyi gəlirdi. Yəqin külək şimaldan vururdu. Birdən ağlıma gəldi ki, bu dəqiqə polis başımın üstünü alıb göz açmağıma imkan vermir və altı padoş tuflisinin pəncəsini topal barmağımın üstünə basıb deyir ki, xoş gördük, dostum! Lap kinolardakı kimi – əvvəlcə onun ayaqqabılarını görürəm, sonra ortası qırmızı xətli şalvarını; daha sonra qorxa-qorxa başımı qaldırıb gözlərimi bərəldirəm, üzümdə yazıq ifadə, yalvarıram. Birdən külək əsir və otağımın qapısı təəssüflə yellədilən əl kimi sağa-sola yırğalanır. Səhnənin təsir gücünü artırmaq üçün arxa fonda şimşək çaxır, görünüb-itən kölgələr otağımda sürünür. Fortepianonun yuxarı registrində dəhşət saçan major etüd ifa olunur… və mən məhv oluram.
Tüklərim biz-biz oldu, belə axmaq fikirləri başımdan çıxarıb topalımın hayına qaldım. Keçi balasına oxşayan tələbə yoldaşım yadıma düşdü. Görəsən, ona nə danışıblar? Məsələn, deyiblər, əli işə yatmırdı, bacarıqsızın təkidi. Bəlkə pişik başı bəzəyiblər ki, hara gəldi dürtülür, burnu girməyən yerə başını soxurdu. Bundan sonra ora getməyin nə mənası? Heyvərə tanışım sifətini turşudub məni başından rədd edəcəkdi.
Kitabların içində əzik-üzük olmuş “Vest” qutusu gözümə dəyəndə, ürəyim siqaret istədi. Ohoo, içində 3 dənəsi vardı. Birini barmaqlarımın arasında yumrulayıb yandırdım. “Vest”i tüstülədə-tüstülədə təzə şalvarımı əynimə keçirib güzgünün qabağında özümə baxdım. Məni el arasında rüsvay edən andır şalvarımı qoltuğuma vurub barmağımın ağrısının kəsməyini gözlədim ki, evdən çıxım. Saat on ikinin yarısıydı, arxa qapıdan sivişib zibil yeşiklərinin yanından keçəndə, onlara sarı boylandım, içinə bir kisə çürümüş kartof əndərmişdilər. Ağıllı adamlar kimi başımı yellədib uzaqlaşmaq istəyəndə, arxadan səs eşitdim:
– Mənə küçük gətirməyə gedirsən?
Uşaq pəncərənin ağzına dırmaşıb, şüşənin sınıq yerindən boylanırdı. Alabəzək tumuş geymişdi, bir əli ilə lülüşünü oynadırdı.
– Sabah mütləq gətirəcəm. Sən yat, ayılıb görəcəksən ki, küçüyün səni çağırır: ham-ham.
Özümü küçük yerinə qoyub hürdüm, Allah haqqı, lap belə: ham-ham. Özü də boğazımın cır yerinə saldım ki, yaxşı alınsın. Havalanmağın bundan o tərəfi olmur. Uşaq mənə inanıb bir kəlmə də demədi. Qarnının üstündə sivişib pəncərənin ağzından çəkildi.
Köhnə şalvarımı çiynimə atıb seyrək addımlarla üzü “Qələbə” kinoteatrına tərəf gedirdim. Məni polisə satan qəhbənin dərsini verməkdən ötrü beynimdə cürbəcür fikirlər dolaşırdı. İstəyirdim, onu iki şapalağa xosumvay edib yerə yıxan kimi şalvarla qollarını bağlayıb, həyasız itlər kimi aşağı-yuxarı sürüyəm. Qışqırmaq fikrinə düşsə, topal ayağımın üstündə birtəhər dayanıb, təpiyimin də gücünü sınaya bilərdim. Düzdür, bir az tez idi və ola bilərdi qancıq bu gün evdən bayıra çıxmasın. Qəti qorxusu yoxuydu, özümü bir az da əziyyətə salıb yuxarı qalxardım, kafedə bir parç pivə içib köhnə borcumu da ödəyərdim. Hələ on üç manat pulum var idi. Deyəsən, keçən axşam səkkiz parç pivə içmişdim, bunu 50 qəpikdən hesablasaq, dörd manatdan artıq ola bilməzdi. Yəqin, kaftar qəhbəbaşı nisyə dəftərindəki adımın altından qırmızı qələmlə xətt çəkmişdi və bu, mənə borca pivə verilməyin qadağan olduğunu göstərirdi. Qancıq bilmirdi ki, onun adımın altından çəkdiyi xətt, həyatın mənim üzümə yandırdığı qırmızı işığın yanında fillə qarışqanın fərqinə bənzəyir.
Gözəl gecəydi, ulduzlar Əqrəbin üzünə vurduğu kremin rəngbərəng zərləri kimi parıldayırdı. Təzə tikilən göydələnləri pəzəvəng adamlara bənzətdim – tökmə gövdələriylə bir-birinin yanında lövbər salıb, məhəlləmizin kirli daxmalarına, lap elə mənim it damıma cangüdənlik edirdilər. Üzümü yalayıb keçən küləkdə Əqrəbin əllərinin hənirini, sığalını duyurdum. Mənim dəli olduğumu düşünən olmasaydı, boğazımın gur yerilə heyvan kimi bağırardım. Elə rahatlıq tapardım: bədənim süstləşər, beynim avazıyar, bəlkə onda barmağımın yarası da sağalardı, axsaya-axsaya yeriməzdim. Sonra qudurub, keçən axşam itləri daşladığım kimi bu dəfə evlərin pəncərələrini çilik-çilik edib aradan çıxmaq istəyirdim. Ya da binaların bloklarına part-part atıb birinci mərtəbədə yaşayanları dəli-cinni edərdim. Bədheybət insan maskam olsaydı, başıma taxıb, pəncərələrə dırmaşar, dərs əzbərləyən qız uşaqlarının aqibətini molla duasının ümidinə qoyardım. Hamısı dəlilikdən idi, yavaş-yavaş ağlımı itirirdim. İnşallah, çölləmə olmağıma lap az qalmışdı.
Qancığın gözə dəymədiyini görüb kafeyə tələsdim. Tanış qəhbələrlə mırt vurdum, başımı piyləyib saçaqlı pendirlə “Miller” pivəsi üçün yeddi manatımı almaq istəyirdilər. Gözlərindən gətirdim. Qolumdan tutub arxa otaqlara çəkməkləri işə yaramadı, tərs damarım tutmuşdu. Ortada bədənlərini əsdirə-əsdirə oynamaqlarını acıqla süzüb, dəvətlərini rədd elədim. Kafeyə təzə işə düzəlib intizarla müştəri gözləyən iki qəhbəni müştəri gözüylə süzüb çimçəşdim. Dişə dəyən zibil deyildilər, özlərini elə sakit, abırlı aparırdılar, elə bil məsumiyyət muzeyində canlı eksponat rolunun əvəzedilməz ifaçılarıydılar.
Kaftara yaxınlaşdım. Qaşlarını yenə yoldurmuşdu, qara yağlı qələmdən çəkdiyi yalançı qaşı gicgahlarına qədər uzanırdı. Mən onun bu qədər eybəcər olduğunu bilmirdim. Üzünün dərisi sallanmışdı, elə bil gözləri də çəp idi, ağzı əyilmişdi. Alçaq stolun arxasında oturub, sallaq döşlərini stolun üstünə yıxmışdı. Gombulluğundan da danışmağa dəyməz, əlli litrlik vağzal samovarlarından qəti fərqlənmirdi. Bu idbara heç qoca eşşək də atılmazdı.
Borcumu qəpiyinə qədər ödəyəndə adımın altında qırmızı xətt görüb cinləndim. Deməli, evdən çıxanda fikirləşdiklərim düz imiş. Yaxşı ki, hirsimi boğa bildim. Bir parç pivə sifariş verib başıma çəkəndə, gəlib yanımda oturan qıza görə əlli qəpiyimdən keçməli oldum. Amma əvvəlcədən dedim ki, haram xoşun olsun, inşallah qarnında qəbrə apararsan. Zalım balasına ləzzət elədi, dişlərini ağardıb hırıldadı. Çoxdan tanıyıram, birinci dəfə otağa salıb qapını arxadan bağlayanda, sınaqdan pis çıxmamışdı. Gileylənirdi ki, işləyə bilmirəm, elə bil camaatın beli quruyub. O da iş sarıdan gileyliydi, mən də. Kül başına Üzeyir, qəhbədən fərqin yoxdur!!!
Ücretsiz ön izlemeyi tamamladınız.