Kitabı oku: «Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür»

Yazı tipi:

Ceyhun Hacıbəyli

Bir il xəyallarda və

bütöv bir ömür

“Xatirə Ədəbiyyatı” silsiləsindən 22-ci kitab

VƏTƏN HƏSRƏTLİ CEYHUN HACIBƏYLİ

Azərbaycan Demokratik Respublikasının süqutu təkcə azadlıq ideallarının, istiqlalımızın əldən verilməsi deyildi, eyni zamanda bir çox Azərbaycan ziyalısının, dövlət və millət üçün dəyərli şəxsiyyətin itirilməsi, bir qisminin isə ölkədən çıxması, mühacir həyatı yaşamağa məhkum olması demək idi. Belə ziyalılardan biri də milli ədəbi-ictimai fikir tarixinə böyük töhfələr vermiş, Azərbaycan həqiqətlərinin ölkədən kənarda təbliğ edilməsində əhəmiyyətli rol oynamış yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylidir.

Bu il onun anadan olmasının 125 ili tamam oldu. Çox sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam verdi.

Azərbaycan oxucusu təəssüf ki, hələ də Ceyhun Hacıbəyli və onun yaradıcılığı haqqında əsaslı məlumata malik deyil. Bir çox araşdırmaların mövcud olmasına baxmayaraq, onun çoxcəhətli fəaliyyəti hələ ki əhatəli və əsaslı şəkildə tədqiq edilməyib. Halbuki bu istiqamətdə iş aparılmasının zəruriliyi göz önündədir. Bu, təkcə elmi-ədəbi irsimiz deyil, elə dövlətçiliyimizin tarixinin öyrənilməsi istiqamətində də əhəmiyyətli addım ola bilər.

C.Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa  şəhərində anadan olub. Görkəmli ictimai xadim, dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşıdır. İlk təhsilini Şuşada, sonra  isə Bakıdakı rus-tatar məktəbində alan Ceyhun bəyin istedadı elə ilk zamanlardan etibarən ətrafdakı insanların diqqətini çəkib. Dövrün çox əhəmiyyətli və xarakterik xüsusiyyətlərindən biri, eyni zamanda bu gün də qeyd edilməli və davam etdirilməli olan cəhət – milyonçuların, milli burjuaziya nümayəndələrinin ziyalılığımıza və gənclərimizin təhsilinə göstərdiyi diqqət idi. Elə bu diqqətin nəticəsi idi ki, milyonçu Murtuza Muxtarov öz vəsaiti hesabına onu Peterburq Universitetinə oxumağa göndərib. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Universitetin hüquq fakültəsinə daxil olan Ceyhun bəy bir il təhsil aldıqdan sonra Fransaya gedir, məşhur Sarbonn Universitetində Siyasi elmlər fakültəsinə daxil olur. Əslində, Ceyhun bəyin də qardaşı Üzeyir Hacıbəyli kimi musiqi istedadı olduğu bəllidir. Hətta onun musiqi təhsili almaq istəməsi də arxivdəki sənədlərdən, qardaşına yazdığı məktublardan görünür. Lakin nə üçünsə Hacı Zeynalabdinin maliyyə dəstəyi ilə Parisə musiqi təhsili almağa getməyə hazırlaşan Ceyhun bəyin bu istəyi baş tutmur. O, 1912-ci ildə Moskvada təhsil alan qardaşı Üzeyir bəyə yazırdı: “O (Hacı Zeynalabdin – red.) mənə musiqi oxumaq üçün Parisə getməyi tövsiyə elədi və dedi ki, mən Həsən ağaya deyərəm, sənə müəyyən məvacib verərlər, Parisdə dolana biləsən”.

Parisdə təhsil aldığı illərdə də, ondan əvvəl də Ceyhun bəy publisistik, elmi fəaliyyətlə məşğul olur, məqalələri “Baku, “Kaspi” qəzetlərində dərc edilirdi. Onun Nəbati, M.F.Axundov, M.Ə.Sabir, Divanbəyoğlu, Həsən bəy Zərdabi, Ə. B. Haqverdiyev, N. B. Vəzirov, İ. Qaspirinski haqqındakı məqalələri var.

Turgenevin “Pulsuzluq” komediyasını 1909-cu ildə ilk dəfə məhz C.Hacıbəyli dilimizə tərcümə edib. O, Azərbaycan klassiklərinin və müasirlərinin yaradıcılığı ilə bağlı məqalələr yazıb, həmçinin gənclik illərindən Qərbi Avropanın bir sıra dövri mətbuatında məqalələrini “Dağıstanlı”, “Ceyhun Dağıstanlı”, “Azəri” kimi imzalarla dərc etdirib. Ceyhun Hacıbəyli felyeton yaradıcılığı ilə də məşğul olmuş, “Pristav Ağa” adlı felyetonu “Proqres” qəzetinin 1907-ci il 6 və 7-ci saylarında “Daqestanskiy” imzası ilə dərc edilmişdir. Ümumiyyətlə, mühacirətdən əvvəl onun “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan” qəzetlərində bir çox publisistik məqalələri işıq üzü görmüşdür. O, “Известия” (Kaspidə), “İttihat” və Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin, “Müsəlman milli komitəsinin əxbarı” qəzetlərinin redaktoru olmuşdur.

Ceyhun Hacıbəylinin bədii yaradıcılığı da diqqət doğurur. Belə ki, 1910-cu ildə o, “Hacı Kərim” povestini yazır və əsər 1911-ci ildə kitab şəklində dərc edilir.

Ceyhun Hacıbəylinin Üzeyir bəyin məşhur "Leyli və Məcnun" operasının yaranmasında da yaxından köməyi olduğu bəllidir. Onun şəxsi sənədlərı arasında “İlk Azərbaycan operası necə yaranmışdı” adlı bir xatirə yazısı saxlanılır ki, burada Üzeyir bəyin yazdığı “Leyli və Məcnun” operasının yaranmasında yaxından kömək etməsindən, hətta 12 yanvar 1908-ci ildə göstərilən tamaşada İbn Səlam və Nofəl rolunda ilk dəfə səhnəyə çıxmasından danışır.

Ceyhun bəyin fəaliyyəti təkcə yaradıcılıq sahəsi ilə bitmir. O, siyasi fəaliyyətlə də məşğul idi. Belə ki, 1919-cu ilin yanvar ayının 6-da  Parisdə keçiriləcək Versal Sülh Konfransına göndərilən nümayəndə heyəti arasında Ceyhun bəy də var idi. O, yeni qurulmuş Azərbaycan hökumətinin tapşırığı əsasında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Məmmədhəsən Hacınski, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov və Mir Yaqub Mir Mehdiyevdən ibarət heyətlə Versal Sülh Konfransında iştirak etmək üçün Parisə yola düşür. Bir neçə Avropa dilini bilən Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən “müşavir” təyin olunur. Ona Sülh konfransında iştirak etmək üçün şəhadətnamə də verilir. Hətta orada iştirak edən Ceyhun bəylə birgə bütün heyətə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə “General” mandatı təqdim edilir. Bu fəaliyyət nəticəsində 1919-cu ilin yanvarından 1920-ci ilin yanvarına qədər fasilələrlə davam edən konfransda Antanta Azərbaycan Respublikasının istiqlaliyyətini tanıdı.

Amma Ceyhun bəy Fransadan geri qayıda bilmədi. Bolşeviklərin hakimiyyəti ələ keçirməsi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onun vətənə qayıdan yollarını bağladı. Ailəsini də Fransaya gətirdən Ceyhun bəy həyat yoldaşı Zöhrə Hacıqasımova-Hacıbəyli və oğlu ilə öz mühacir həyatına – ömrünün çətin mərhələsinə başladı. Bu tək mənəvi çətinlik – vətəndən uzaqlıq ağrısı deyildi. Eyni zamanda, maddi imkansızlıq, sosial problemlər, işsizlik, ailəni dolandıra bilməmək və s. də var idi. Hətta liseydə oxuyan oğlunun təhsil haqqını ödəyə bilmədiyi üçün uşağının məktəbdən kənarlaşdırılması faktı da məlumdur. Bununla bağlı Əlimərdan bəy Topçubaşovun 26 fevral 1932-ci il tarixdə Ceyhun bəy Hacıbəylinin oğlunun təhsil aldığı məktəbin direktoruna ünvanladığı bir məktub da var: “Cənab müdir, sizə məlumdur ki, bu şagird lisey üzrə başqa şagirdlərdən bilik və bacarığına, xüsusilə fransız, ingilis, hətta latın dillərini bildiyinə görə fərqlənir… Çox böyük təəssüf hissi ilə qeyd edim ki, valideynlərinin maddi durumu övladının təhsil haqqını vaxtlı-vaxtında ödəməsinə imkan vermir. Ağır yaşayışlarının əsas səbəbi onların siyasi mühacir həyatı sürdüklərindən irəli gəlir. Hələ onların iqtisadi durumunu qeyd etmirəm. …Xahiş edirəm, şərait yaradasınız ki, o öz təhsilini sona qədər başa vursun. Öncədən mən və müstəmləkə altında yaşayan bütün Azərbaycan Sizə dərin təşəkkürünü bildirir”.

Bütün bu faktlar Ceyhun Hacıbəylinin və ailəsinin necə çətin vəziyyətdə yaşadığını sübut edir. Amma bununla belə, o qardaşı Üzeyir bəyin təkidlərinə baxmayaraq vətənə qayıtmır.

Ceyhun bəy Hacıbəyli Parisdə Qafqaz mətbuatının fəaliyyət göstərməsi sahəsində çalışmış, “La revyu du Monde Musulman”, “Le Fiqaro” kimi nəşrlərdə işləmişdir. Parisdə “Qafqaz”, Münxen və Parisdə “Azərbaycan” jurnallarının təsisində və nəşrində əhəmiyyətli rolu olmuşdur. O, “Azərbaycan mətbuatının tarixi”, “Qarabağ dialekti və folklor”, “Azərbaycanda antiislam təbliğatı və onun metodları” əsərlərinin də müəllifidir.

Ceyhun Hacıbəyli “Azadlıq” radiostansiyasının fəaliyyətində yaxından iştirak etmiş, Münxendəki “SSRİ-ni Öyrənən Universitet”in müxbir üzvü seçilmişdir.

C.Hacıbəyli tərcüməçilik fəaliyyətini sonralar da davam etdirmiş, Azərbaycan ədiblərinin əsərlərini fransız, ingilis dillərinə çevirmişdir. 1950-ci illərdə Aşıq Pəri, Xurşud Banu  Natəvan, Ağabəyim ağa və Gövhər ağanın həyat və yaradıcılığı haqqında yazdığı “Azərbaycan şairləri” məqaləsi böyük maraqla qarşılanmışdır. Arxiv sənədlərindən o da aydın olur ki, Üzeyir bəyin “Arşın mal alan” komediyası məhz Ceyhun bəyin tərcüməsində 1925-ci ildə ilk dəfə olaraq Parisin “Femino” teatrında tamaşaya qoyulub.

Ceyhun bəyin həyatında aldığı zərbələr yalnız mühacirliyi, ailə, ana-bacı, qardaş uzaqlığından yaşadığı sarsıntılarla bitməmişdir. Belə ki, o, Bakıda dünyaya gəlmiş, 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirmiş və alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedən oğlunu İkinci Dünya Müharibəsində şəhid vermişdir.

Ceyhun bəy Hacıbəyli 1962-ci ildə Fransada vəfat edib və Parisin Sen-Kulu qəbiristanlığında torpağa tapşırılıb. Fransada çıxan müxtəlif dərgilərdə Ceyhun bəyin vəfatı ilə bağlı nekroloqlar verilib və bu sənədlərin böyük əksəriyyəti S.Mümtaz adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Arxivində saxlanılır. Onlardan biri, Sovetlər Birliyini Öyrənmə İnstitutunun jurnalının 1962-ci ildə çıxan 30-cu sayında yazılır: “Ceyhun bəy Vətənini sevən, hadisələrə həssaslıqla yanaşan bir insan idi. Hamıya yaxşılıq etməkdən və Azəri topluluqlarında olmaqdan böyük zövq duyardı. Allah qəni-qəni rəhmət eləsin. Nur içində yatsın”.

Yeri gəlmişkən, əlamətdar haldır ki, Ceyhun bəy Hacıbəylinin arxivi by gün öz vətənindədir. Bu isə Ramiz Abutalıbovun xidməti kimi xüsusi olaraq qeyd edilməlidir. Belə ki, arxiv sənədlərini məhz o əvvəl Moskvaya, oradan isə Bakıya gətirərək S.Mümtaz adına Mədəniyyət və İncəsənət Arxivinə təqdim etmişdir.

Mühacirət həyatının son illərini daha da ağır nisgillə keçirən Ceyhun Hacıbəyli xatirələrində çox xəfif və kövrək bir şəkildə ötənlərə nəzər salaraq yazırdı: “Doğmalarımdan ayrılmağımın həsrətini bu qırx il ərzində tez-tez çəkirəm. Ən çox da yadıma düşən bacılarımdı. Bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz edir”.

Bu xatirələrin bir qismi Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən tərcümə edilərək çapa hazırlanmışdır. Tanınmış tərcüməçi və şair, filologiya üzrə fəlsəfə doktoru Şamil Zamanın fransız dilindən tərcümə etdiyi Ceyhun bəy Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” adlı kitabı Azərbaycan mühacirət ədəbiyyatının qiymətli nümunəsidir.

Bu kitab görkəmli ziyalının ömrünün son illərində qələmə aldığı, həyatının xəyallar-qarabasmalar və yuxu arasında, arzular və gerçəklik içərisində çabalayaraq yaşadığı xatirələrdən və yuxulardan ibarətdir. Bu, uzun illərini vətən həsrəti ilə yaşayan bir ziyalının ahıl çağlarında belə o həsrətin yanğısı ilə qovrulduğunu, yuxularında da, xəyallarında da bundan qaça bilmədiyini göstərməkdədir. Burada yuxu həm də seçilmiş bədii üsuldur.

Xatirələrdə bir çox həqiqətlər sətiraltı, bir çox faktlar isə yuxu örtüyü ilə təqdim edilsə də, onlardan belə Ceyhun Hacıbəylinin şəxsiyyəti, yaşadığı həyat, duyğuları, həsrəti və narahatçılığı haqqında aydın təsəvvür etmək mümkündür.

Bu kitab təkcə onun yaşantılarına deyil, anası, atası, qardaşları, böyüdüyü və yaşadığı mühitə də işıq salır.

Bütün bunlara görə Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” adlı xatirələri Azərbaycan mühacirəti haqqında qiymətli mənbədir. İlk dəfə kitab halında oxuculara təqdim edilən bu xatirələr təsirli bir povest təsiri bağışlayır.

İsa Həbibbəyli

akademik

Bir il xəyallarda və bütöv bir ömür

Axırıncı dünya müharibəsi zamanı taleyin sarsıdıcı zərbəsi məni çox çaşdırdı və keçirdiyim sıxıntını azaltmaq üçün daha rahat bir sığınacaq axtarıb tapmağa məcbur etdi. İstəyirdim və indi də istəyirəm ki, gəldiyim bu fəlsəfi qənaət yaşadığım həyatda arzularımın da, rastlaşdığım reallığın da rolunu dəyişdirsin. Beləliklə, özümü inandırmaq istəyirəm ki, bu qədər reallıq əslində, uydurmadan başqa bir şey deyil. Belə bir reallıq ümumiyyətlə, mövcud ola bilməz.

İstərdim ki, ömrümün yerdə qalan hissəsində mənim üçün əlverişli bir şərait yaransın, yaşamaq üçün çox sıxıcı olan bu ağır vəziyyət bir az da olsa yüngülləşsin. Ona görə də bütün şübhələrdən, zamanın və məkanın maneələrindən keçərək keçmişdəki işlərimi geridə qoymaq, qəmgin, kədərli anlardan yayınaraq gecə fantaziyalarına güc vermək istəyirəm. Əlbəttə ki, Morfenin xatirinə. Hər yerdə baş olmaqdansa, belə etmək daha yaxşıdır.

Həyatımızın səlis, düzgün şəkildə göstərilməsi labüddür. Qaçılmaz təhlükə qarşısında qalarkən İnsan hansı hala düşürsə, bu zaman da qeyri-adi və qəribə təəssürat yaşayırsan: sanki bir göz qırpımında bütün həyatınız gözləriniz önündən gəlib keçir. Bəzən eyham şəklində görünür, bəzən isə kaleydeskopda olduğu kimi rəngbərəng naxışlar kimi sayrışır. Xəyal deyilən şey isə onu az, həm də kiçik dövriyyələrlə göstərir – yəni yeganə fərq bundan ibarətdir.

Fikir həyatımızı epizodik, qarmaqarışıq formada, bəzən qabarıq, alleqorik, bəzən eyham, kinayə şəklində, bəzən isə gümanlarla eybəcər formaya salınmış halda əks etdirir. Ağız-burnunu əyir, hətta real həyatdan daha təsirli formaya salır; incəlik, dəqiqlik, təqdimatın müxtəlifliyi, vəziyyətin, dəyişikliyin forması xəyallarımı kiçik detallarına qədər qeyd etməyə vadar edir.

İnanıram ki, bütün bu yazılanlarda marağa layiq olan materiallar, maddələr, diqqətiçəkən, dolaşıq salın-mış, yaxud, insanı fikirləşməyə, düşünməyə vadar edən mövzular var; deyilənlər təkcə yuxuyozma, psixoanali-tika, yaxud hər şeyi bilmək həvəsindən doğan bir şey deyil. Xeyr, bu, bir mədəniyyəti dərindən öyrənməyə çalışan adi oxucunun istəyi, arzusudur. Əslinə baxsan, “fantastik” təhlil belə bu yazılanları “realist” əsərlər cərgəsinə qataraq ədəbiyyat nümunəsi kimi doğrulda bilməyəcək. O, xəyalların böyük hissəsinin mənasını asanlıqla başa düşəcəkdir: Morfe elə müəllifdir ki, tez-tez “İ” hərfinin üstündə nöqtələr qoyur. Yerinə nöqtələr qoyulmuş boş yerlərdə isə arzunun nədən ibarət olduğunu başa düşmək, misralar arasında əlaqə yaratmaq isə oxucunun öhdəsinə düşür.

Beləliklə, o, qarşısında qalaqlanmış, xırdalıqlarla dolu yetmiş illik həyatı tikə-tikə edib orada ötəri bədbəxtlikləri və sübutu olan xoşbəxtlikləri görəcək, taleyin fantaziyası ilə zənginləşdirərək istədiyi kimi göstərə biləcəkdir… Çünki Morfe hər şeyi çılpaq şəkildə qoymuş, aydın göstərmişdir. Heç kimdən heç nə gizlətməmişdir. Özü də mahir övliyadır.

Bu, məxfi saxlanılmış bəzi şərhləri başa düşməyə imkan verir və şərait yaradır. Şərhlər isə bəzən ətraflı olur və hər tərəfə səpələnmiş müəmmaların başa düşülməsi üçün səbəbə çevrilir; Çünki özü başa düşüləndir, bəşəridir: axı həyatın – ömrün süqutuna doğru insan daha çox naqqala çevrilir. Bir qədər sonra isə gözünə keçmişdən başqa heç nə görünmür. Bu gün mövcud olmayan bir şeyə çevrilir.

İndi mənim də həyatımın kart oynanan yerlərə tez-tez baş çəkməkdən və orada qəddar, qaçılmaz reallığı bir müddətlik də olsa aldadıb çaşdırmağa cəhd etməkdən başqa heç bir cazibədarlığı qalmayıb.

Vaxtımın qalan hissəsinə gəlincə, oxucu burada mənim yaşadığım sönük və yeknəsəq günlərdən başqa heç nə tapmayacaq. Heç bir hədəf onun gözünə görünməyəcəkdir. Ola bilsin, kart oynanılan salonlarda qadınlar üstünlük təşkil etdiyi üçün yaranacaq təəssürata öz təsirini göstərəcək, hətta hansısa psixoanalitikin peşəkar baxışlarını bir çox xırdalıqlara cəlb edərək özünə aludə edəcək, şirnikləşdirəcəkdir… Niyə də olmasın? Amma həyatımın bu hissəsi mövcud olan şeyləri nə sıxışdırıb “kənara atır”, nə də maneələri yox edir. Uzaqbaşı, yatmaq ərəfəsində haqqında danışdığım bu cinsdən “əvəz çıxmaq üçün” və öz ruhumu sakitləşdirmək xatirinə istifadə edildiyini anlayacaqdır.

Burada bir şeyi xüsusi olaraq qeyd etməliyik ki, hansısa kişinin ədəbazlığı indiyə qədər təhtəlşüur və instinktiv formada açıqdan-açığa “qadın ətəyi”nə aludə olubsa, artıq şüurlu surətdə onu saxlamaq üçün çoxdan çətin olar.

Siyasi təbəələrə gəlincə, mənim yeniyetmə çağlarımdan belə xəyallara tez-tez baş vurduğumu, elə o zamandan da siyasətlə məşğul olmağa başladığımı göstərmək kifayət edər; bu isə həyatımın ən təhlükəli vaxtlarına aiddir. Haqqında danışdığım siyasət olmasaydı, həyat mənim üçün həddindən artıq səmərəsiz keçərdi.

Ancaq öz aləmimdə həmin ”xəyallara” sitayiş etməyimin başqa bir izahı da var. Siyasət bizim ailədə qədimdən qalma bir rola sahibdir. Hətta demək olar ki, həyatımızda qabaqcadan cızılmış, planlaşdırılmış, yaxud sözsüz-şübhəsiz göstərişlərlə dolu olan gecə seansları hazırlanırdı.

Elə ki səhər yuxudan oyandıq, xəyalən arzuladığımız ehtiyat azuqəni anamızın hazırladığını görər, hər kəs ədəblə davranaraq vaxtı boşa itirmədən hərəkət edərdi. Son dərəcə vacib olan hallarda anamız həddindən artıq incə şəkildə bunu bizə xəbər verər, amma yenə də hər birimizə həmişəki kimi qayğı ilə yanaşardı; Vacib hallar isə atamızın ciddi vəziyyətlərə düşməsi, məsələn, səyahətə hazırlaşması, toya, nişana qatılması, alqı–satqı işi, kimisə işə gətirmək-aparmaq, yaxud işdən azad olunması və s. idi. Belə nadir hallarda atamız ehtiyacımızı təmin etmək üçün başqa cür hərəkət etməli olardı. Onda anamız da maneələri dəf etmək üçün başqa çarə, başqa yollar axtarıb tapmağa çalışardı. Bəzən atamızı hansısa yoldan çəkindirmək üçün çabaladığını, gözlərinin qarşısındakı süni əlamətləri uzaqlaşdırdığını da görərdik… Atamız güclü, diribaş, qorxmaz, cəsarətli kişi kimi, Allahın qarşısında tale ilə, onun buyurduqları ilə barışar, bunu öz arzu və istəyi ilə edər, səbirli davranmağa çalışardı.

Ailənin üzvlərinə və xidmətçisinə adətən gecə vaxtlarında Morfe tərəfindən deyilmiş nə qədər ziyanlı fikirlər var idi ki, boşa çıxmışdır.

Bizim xəyallarımız üçün ən qorxulu elementlər bunlar idi: od, alov, toy, dişin çəkilməsi və s. Eyni zamanda su, at, səfillik, gecə vaxtı baş tutmuş nişanlanmalar da bu sıradandı…

Bununla belə, demək olar ki, mənim istəklərimi maddi cəhətdən təmin etmək, onları həyata keçirtmək üçün imkan, şərait yaratmaq, onların qayğısına qalıb, yüksəklərə qaldırmaq lazım idi. Amma qayğılardan biri mənim fikirləşdiyim bu məsələyə həmişəlik olaraq zərbə endirdi.

Təxminən dörd yaşım olardı. Günlərin bir günü gecə yuxuda gördüm ki, bağımızla qonşu bağ arasındakı çəpərin üstündən qəfil bir alov peyda oldu. Səhərisi gün, obaşdandan yuxumda gördüyüm həmin yerdə Mirzə Süleymanın başı göründü; o, ailəmizin dostu, mömin bir adam idi… Dueldə öldürülən dayımızın faciəvi ölüm xəbərini bizə çatdırmağa gəlmişdi.

Həmin gündən etibarən mən xəyallarımı tamamilə başqa vasitələrlə həyata keçirməyə başladım; yəqin ki, imkan yaransa, bunun haqqında da sizə danışacağam. Bununla belə, 1940-cı ilin iyununda əsil telepatiya1 olan bir hadisə haqqında yeni bir xəbər yayıldı.

Kütləvi qaçhaqaçın qırğın çağında mən quru torpağın üstündə yatdığım yerdə baş verənləri gördüm. Yəni haqqında danışılan o telepat adam bədəninin sağ tərəfindən yaranan ağrılardan gileylənərək həbsxana çarpayılarının birinin üstündə uzanmışdı… Bədəni şəffaf idi, kədərli görünürdü…

Bu, xətərli bir gün idi. Mən bunu bir aydan sonra öyrəndim – tarix eyni tarix idi…

Deməli, mənim bu hadisəni hansı səbəbdən izlədiyim aydın olur. Bu, sevimli varlıqlarla birgə keçirilən yeganə inam dolu anlar idi ki, sizə bir çox şeyi rəhmsizcəsinə qadağan edirdi.

Mən spiritizmə2 inanmıram: təbiətcə olduqca skeptikəm3. Hər gecə yuxu görürəm və hər zaman mürgülü oluram. Gördüyüm yuxular arasında sizə yalnız qarmaqarışıq olmayanları danışıram ki, təsəvvürünüzdə çaşqınlıq yaranmasın. Danışdıqlarım özümə aydın olan yuxulardır. Onları olduğu kimi qeyd edirəm. Yəni stenoqrafiya üsulu ilə və toxunmadan, heç bir şey artırıb-əskiltmədən yazıram.

Oxucu, bilin ki, bütün hallarda və vəziyyətlərdə yuxuların əleyhinə getmək düzgün deyil, çünki onların içində həqiqət üstünlük təşkil edir.

Yanvar, 1948

Le I

Mən kanal və çay boyunca uzanan kənd yoluyla gedirəm. Yolun hər iki tərəfində boy verən ağaclar eyni hündürlükdədirlər. Budaqları sağa doğru əyilib. Onların altıyla addımlayıram. Çoxlu fındıq yığacağıma ümid edirdim, ancaq burada yalnız gavalı var. Monruj (Qırmızı dağ – Ş.Z.) adlı kəndə çatıram. Elə bu vaxt yağış yağmağa başlayır, daldalanmaq üçün yerim yoxdur. Balaca bir oğlan uşağı məni öz evinə dəvət edir. Bilirəm ki, onu mənim dalımca bayaqdan divarın çat yerindən məni izləyən bacısı göndərib. Bu balaca uşaqla yuxarı – evlərinə qalxmağı çox istəyirəm, ancaq onun bər-bəzəkli bir göyərçin damında yaşadığını görürəm. Geri qayıdır və başqa yola keçirəm.

Açıqlıqda yerləşən şəhərkənarı bir evdə yaşayan D.T.-nin evinə (yaşadığı qonşu ölkənin 10-12 il bundan əvvəl dünyasını dəyişmiş adlı-sanlı bir xadimi) çatıram. Küçədə alay komandiri, polkovnik K.N. və mənim iş yoldaşım C.-ni görürəm. Hər ikisi bürüncəklidir və başlarında təpəsi yumru şlyapa var. İlin bu vaxtlarında onlara adətən baş çəkmədiyimi qəfildən xatırlayaraq, məni səsləyirlər; yayınmaq istəyirəm, ancaq artıq gecdir, görürlər və mənə doğru gəlirlər.

Sonra biz D.T.-ni axtarıb tapmaq üçün nəzərdə tutduğumuz konfransa gedirik. Əməkdaşlardan bir başqası – M. də bizə qoşulur. Onun başında hündür şlyapa var. Süni saqqal taxıb. Bunun özü də siyasi yığıncaqlarımızın yüksək səviyyədə keçirildiyini göstərir.

D.T.-nin şəhərkənarı evinin dəhlizinə daxil oluruq. Yerdə taxtadan hazırlanmış bilyard şarı görür və ayağımla ona bir zərbə vururam.

Bizi bir neçə qadın qarşılayır və gəlişimizin səbəbi ilə maraqlanırlar. D.T.-nin evdə olub-olmadığını soruşuruq. Onlar aşağı mərtəbəyə enməyimizi və daha alçaq səslə danışmağımızı xahiş edirlər.

Aşağıda bizi yeni şəxslər qəbul edir. Nə istədiyimizi onlara pıçıltı ilə deyirik. Dərhal bizə yol göstərirlər və bir mərtəbə də aşağı enirik. Burada yenidən həmin qadınlarla qarşılaşırıq. Bu dəfə də istəyimizi təkrar edirik. Ancaq artıq danışmır, sadəcə dodaqlarımızı tərpədirik… Sonra ordan çıxır, peyin yığınının üstü ilə irəliləyirik…

Ah, bu məşhur konfranslar! Öz hakimiyyətimiz dövründə yüzlərlə belə konfrans keçirmişik. Onların əksəriyyətində də mübahisə etmişik, uduzmuşuq, məqsədimizə nail ola bilməmişik; beynəlxalq demokratiyanın, mədəni dünyanın etinasızlığı, böyük laqeydliyi ucbatından, onu bizdən oğurladılar və s.

Ancaq biz həmişə ümidimizi qoruyub saxlayırıq və hələ də böyüklərin qapısını döyməklə məşğuluq. Onlarsa bizə getdikcə daha çox laqeyd baxırlar. Biz hər şeyi göz qabağındaca itiririk: ölkəsiz varlığımızı qorumaq mümkün deyil. Heç bir şeydə maddi marağımız yoxdur. İnsanlar dəstə-dəstə gəlir, təklifləri ilə zəhləmizi tökür, eyni zamanda, xeyirli mühakimələri ilə bizi başdan çıxardırlar; qızıl təminatlı fransız frakları ilə bizi taundan qoruyurmuş kimi siyasətdən çəkindirmək istəyirlər.

Bununla belə, qısa bir zaman ərzində dönüş baş verdi; tezliklə böyüklərin ümidlərinin ümumi səviyyəsindən də yüksək əhvali-ruhiyyə yarandı. Fəaliyyətimiz inkişaf etməyə başladı. “Uzaqgörən” böyük maqnatlar öz pul kisələrinin ağzını açdılar. Pul yenidən dövriyyəyə çıxdı. Bu elə bir zaman idi ki, dostumuz D.T. həmin zaman üçün heç bir dəyəri olmayan onlarla milyonluq məbləğə əl atdı…

Bu, bizim dostumuz olan adlı-sanlı D.T. idi: o, dərhal öz əvvəlki həyat tərzinə qayıtdı. Xüsusi mehmanxanası, ona qulluq edən xidmətçiləri, üç avtomobili, ziyafətlər, kef məclisləri, toylar, qeyri-adi gecə əyləncələri, yüngül əxlaqlı qadınlarla kef məclisləri və s. onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi.

Günlərin bir günü o, bir nəfər kömürçüyə “çaypulu” verdi; həmin adam şəhərkənarı evinin zirzəmisinə kömür boşaldırdı… Kömürə 25000 frank xərc çəkmişdi. O, imperiya qvardiyasının zabiti idi və həmin ev əvvəllər, həqiqətən də onun imiş.

D.T.-yə, baş hersoqa 300.000 franklıq bu məbləğ “müvəqqəti” saxlanmaq şərti ilə verilmişdi… Qısası, milyonlar bir ilin ərzində yoxa çıxdı. İşin gedişini ləngidənlər liberallardan gəlir götürməyə nail ola bilmədilər.

Bu münasibətlə hamı qaraçıların məşhur “Heyif ki, səninlə bu qədər gec rastlaşdıq” mahnısının son sözünü yaxşıca dəyişdirib oxumaqla əylənirdi: “en doi”… Bu söz bizim dostumuzun adı idi.

Buna baxmayaraq, dostumuz həmişəki kimi asanlıqla borc götürürdü. Borc verənlərdən yaxasını qurtarmaq üçün hər şeyə əl atırdı. Hətta evin xidmətçisindən belə ehtiyat edirdi – bu, baməzə, olduqca çoxbilmiş, mahir, qətiyyən söz altında qalmayan bir adam idi. Borc verənlərin qəlbinə girmək bacarığında hətta Don Juanı belə ötüb keçmişdi.

Le 2

Anac toyuq bağda balasını gəzdirir. Bir nəfər qadın evin balkonundan hündürdən anac toyuqla danışır. Qadın-toyuqdan nəvə-nəticələrini neylədiyini soruşur. Toyuq vurnuxur, nə isə cavab verir, ancaq mən onun dediklərini anlaya bilmirəm. Onların söhbəti cəmi bir an davam edir. Toyuq mənə acıqlanır, deyəsən, məni balalarını oğurlayan adam hesab edir.

* * *

Oktyabrın 23-də imtahan verməliyəm. İyun ayında buraxdığım imtahandır, bu vaxta qalıb. Çox yaxşı tanıdığım məktəbin qadın direktorunu görməyə gedirəm. Onun katibəsi məni uzaqlaşdırmaq üçün hər dəfə xəstə olduğunu, özünü pis hiss etdiyini söyləyir. Yadımdadır, indi də xatırlayıram, bu qadın direktoru təzəlikcə görmüşdüm axı… O, məktəbdə hansısa skamyada oturmuşdu.

Məktəbdə işləyən qadınlardan biri mənə kömək etmək istəyir. Ancaq katibə qız yenə də soyuq davranır.

Le 3

Enişli küçə ilə aşağı düşürəm. Bu vaxt balaca bir uşağın məni çağırdığını eşidirəm: “Ata!”

Arxaya çevrilirəm və cavan bir qadının öz balaca oğlunu gəzdirdiyini görürəm. Uşaq qaçaraq mənə yaxınlaşır; Onu tutub başımın üstünə qaldırıram. Düzünü desəm, uşaq ağırdır.

Sonra əl ağacımı uşağa uzadıram, dərhal alıb ayaqlarının arasına keçirir, at kimi çapmağa başlayır. Mən “He, dəh-dəh!” – deyə qışqırıram. Balaca əylənir, ancaq tez də öz əməlinə görə çəkindiyi hiss olunur. Anası gəlib bizə qoşulur və balaca oğlunun hərəkətinə görə üzr istəyir.

Sonra küçəni burularaq sağ tərəfə doğru hərəkət edir, mən isə sol tərəfə dönməliyəm. Qadından uşağı gəzdirmək üçün hara apardığını soruşuram. O, cavab verir: “Qəbiristanlığa”. Öz-özümə deyirəm: “Gəzmək üçün qəribə yer deyilmi?”

Uşaq məndən könülsüz ayrılır. Onun, – “Xudahafiz, ata”, – qışqırdığını eşidirəm.

…Dayımgildəyəm. Burada çoxlu qadın var. Dayımla görüşməkdən yayınıram. Hər dəfə onu görəndə özümü itirirəm. Bazarlıq işləri mənim boynuma yükləndiyindən, əlimdə bıçaq dəhlizə daxil oluram. Qaranlıqdır. Orada olan adamlar mənə baxıb, – “İndi hər şeyin axırına çıxacaq!” – deyirlər.

Əmimizin xanımı, yəni əmicanım hamımıza öyüd-nəsihət verərək özümüzü necə aparmaq lazım gəldiyini öyrədir; o, bizimlə təcrübi olaraq məşğul olur. Atamız demək olar, bütün vaxtını kənddə keçirir. Onun üzərimizdə ağır hökmü var idi.

Əmimiz arıq, kövrək, atamızla fikir mübadiləsində ziddiyyətdə olan, güclü, sağlam, şən, safqəlbli, rəhmli bir kişi idi. Dayımıza gəlincə isə, onun sifətində adi quru təbəssüm belə görməzdin. Sərt adətləri vardı, dinməz-danışmaz adamdı. Hər kəsi səbəbsiz-filansız tənqid etməyi xoşlayırdı. Yeri gəlmişkən deyim ki, taleyin qəddarlığı bu bədbəxt insandan xoş xasiyyəti əsirgəmişdi. Üç uşağını itirmişdi – 14, 5, 3 yaşlarında… Üçü də açıq-aydın şəkildə iranlı “təbiblərin” avamlığına qurban olmuşdular. 25.000 əhalisi olan bu məlum yerdə yalnız üç nəfər həkim var idi; onları da camaat xəstələrin son anında – başının üstündə durmağa çağırırdılar. Xalaqızılarım qızılca və çiçək xəstəliklərindən ölmüşdü-lər. Hətta birinin ölüm səbəbi mənim səhvim idi. Mən, hamının bizim yerlərdə sokratsayağı poetik adla “çiçəkcik” adlandırdığı bu xəstəliyə qarşı peyvənd olunmamışdım.

Bu qədər fəlakəti yaşasam da, heç bir tibbi müayinədən keçirilməmiş, orqanizmimin gücü, möhkəm-liyi aydınlaşdırılmamış və 1800 metr dəniz səviyyəsindən yüksəkdə olan gözəl dağ iqlimində yaşadığımın nəzərə alınması ilə kifayətlənilmişdi.

Bəli, əmimizin təyin etdiyi xəstəliyin mənbəyi olduqca kədərli idi. Bu xəstəlikdən biz üç nəfər uşaq itirmişdik; dayımızın bədbəxtliyi burasında idi ki, onun özünə yoldaş kimi seçib götürdüyü qadın fiziki eybəcərliyi ilə bərabər həm də xəsis idi. Vətəndaş Müharibəsinin bu coğrafi məntəqəni dağıtdığı zaman yüzlərlə ev yandı, yüzlərlə insan həyatı məhv edildi. O isə bombanın partlaması ilə küpələrdən birinin tikə-tikə olmasına görə qanlı göz yaşları axıdırdı…

Əmimizin vəfatından bir il keçdiyi gün hüzür yerinə çağırılmış qonaqlar üçün hazırlanmış və boşqablara çəkilmiş plovu yemək mümkün olmadı. Onu kif basmşdı, iy verirdi… Qonaqlar matəm yerindən çıxıb getdikdən sonra baş verən “faciəli” bir səhnəni indi də xatırlayıram; mərhumun oğlu özündə deyildi. O, günahkarı hörmətdən salmaq, anasının miskin rəftarına görə deyilən nalayiq sözlərə qarşı çıxmaq əvəzinə susurdu. Heç bir şeyə fikir vermirdi. Sanki bu adam öz hövsələsini sınaqdan keçirtmək istəyirdi; o, yaxşı “eşidilməyən” söz sahiblərinə müraciətlə onlardan üzr istəyirdi: “Yağ küpəsi səhv salınıb. Plova təzə yağdan istifadə edilib. Gündəlik işlənən yağ küpəsindən süzülsəydi, daha yaxşı olardı”, – deyirdi. O, bu cümləni dayanmadan təkrarlayır, istəyirdi ki, hər kəsin gözündə anası günahsız görünsün və təmizə çıxarılsın. “Mən səhv etmişəm, mən heyvanam”…

Keçmiş haqqında düşünərkən özümdən soruşuram ki, əgər xalamızın bu qeyri-iradi davranışı rəzil xəstəliyin əsasını qoymasaydı, uşaqları ölərdimi? Yoxsa istənilən halda bu xəstəlik patogen olacaqdı?

Çox qısa zaman kəsiyindən sonra o, xatirəmdə əvvəlki görünüşündən məhrum oldu. Mən artıq onu “cəhrəsinə bağlı” təqdim etmirəm. Uşaqları üçün uzun-uzadı aguis-nenies-i4 zümzümə edərək ağladığını deyirəm. Deyirəm ki, onun gözyaşları artıq tükənmişdi.

Bir şey məni həmişə maraqlandırırdı: bizim dayımız belə bir addımı necə atmışdı? Pulsuz-parasız, məhkum bu adam olan, tənqidi mühakiməsi inkişaf etmiş dayımız necə olmuşdur ki, belə bir qadını özünə ömür-gün yoldaşı seçmişdi? Sonralar mənə belə bir şeyi başa saldılar: əslində, bu qadın öz bacısını əvəz edərək dayımızla nişanlanmışdı. Yəni dayım onun bacısını istəyirmiş. Sonradan hiylənin üstü açılanda artıq iş-işdən keçibmiş. “Nişanlı qız” ər-arvadlıq “birliyinin” kandarına ayaq qoymuş, dayımız da onu saxlamağa məcbur olmuşdu.

Əmimiz dərd-qəm içərisində dünyasını dəyişmiş, rus qadınından olan, gözünün ağı-qarası yeganə oğlu isə qəza böyüyünün rus qızı ilə evlənmişdir. Eşitdiyimizə görə, bu “evlənmə” xüsusi olaraq heç yerdə qeyd edilmədiyindən əmioğlumuz da özünə yeni ailə həyatı qurmuşdu… Bunun həqiqətən də düzgün olub-olmadığını biz heç zaman bilmədik (hadisə başqa bir şəhərdə olmuşdu). Əmimiz isə bu “namus” məsələsində yalnız öz dini baxışlarına görə heç nəyə qarışmadı, heç mane də olmadı. Amma əvəzində sonralar hücumlara məruz qaldı və bir müddət keçmədi ki, ruhdan düşərək epilepsiya5 xəstəliyinə tutuldu. Mən onun bir neçə dəfə yerə yıxılıb qıvrıldığını, ağzından köpük axdığını, ora-bura əl-qol ataraq çabaladığını, tez-tez eyni şəkildə “Mən ömrümün belə sonluqla qurtaracağını arzulamamışdım” cümləsini təkrar etdiyinin şahidi olmuşam.

Günlərin bir günü o, qətiyyən xəstəlik əlaməti göstərmədən yatağa düşdü. Yerli həkimlər xəstənin çarpayısının baş tərəfində dayanıb bildirdilər ki, onun indiki vəziyyətində anormal cəhət görmürlər. Bir neçə gün keçəndən sonra əmimin ayaqları şişdi. İndi də üstünə “Avropalı” bir həkim gətirdilər. O da zəif, əhəmiyyətsiz müalicə təyin etdi, ancaq çıxıb gedərkən dayıoğluma rusca, – “Qorxuram ki, bunun xəstəliyi uzun çəkməsin”, – dedi.

İki gün sonra əmimiz hiss etdiklərini özünə ürək-dirək verə-derə dilinə gətirdi: “Madam ki, hər kəs öləcək, xırıldamağın bir mənası yoxdur”…

Bu, xalq arasında deyilən ifadənin eynidir: “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?..”

Keçinməmişdən qabaq o, öz arzusunu bildirdi: ”Məni “İmamzadə”də torpağa tapşırın”. İstəyirdi ki, qəbri müqəddəs imamlardan birinin məzarına yaxın olsun. Zəvvarların ziyarət etdikləri ərazinin içində… Şəhərdən ən azı yüz kilometr uzaq bir yerdə…

Onun heç 55 yaşı da olmazdı.

Əmim bizim formalaşmağımızda əhəmiyyətli rol oynamışdı. Biz məhz onun sayəsində təhsilimizi başa vura bilmişdik. Atamız gözəl insan olsa da, qayğısız, laqeyd xasiyyəti vardı. Təhsilimizlə ciddi məşğul olmaq fikri həmişə ona yad olmuşdu. Onu hər zaman dərd-qəm içində, düşüncəli gördüyümü indi də xatırlayıram. Dərd çəkməyinin səbəblərindən biri də qardaşlarımın təhsil ardınca başqa şəhərlərə çıxıb getməsi idi. Yazıq kişi uşaqlarının fikrini çəkirdi. Bu, ayrılıq atam üçün nə qədər qəddar, amansız (bu onun sözləri idi!) ruh düşkünlüyü yaradan hadisə idi.

Mən onun vəsfəgəlməz, təsvirolunmaz sevincini də xatırlayıram… Qardaşlarım qayıdıb gələndə… Onların sənədlərində anadan olduqları tarixlə bağlı nəsə anlaşılmazlıq olmuşdu. Hər halda, belə məlum olmuşdu ki, məktəbə qəbul edilən deyillər. Bu uğursuzluğun qarşısında atamın sevinci aşıb-daşır, uçmaq üçün bircə qanadı çatışmırdı…

Sözümün canı ondadır ki, oxumağımız üçün ilk təşəbbüs əmimiz tərəfindən gəlmişdi. Hər halda, atam öz qardaşının, yəni, əmimizin bizimlə bağlı bütün arzu və istəklərinə həmişə razılıq verirdi. Bizimlə eyni binada yaşayan əmimiz, bizi qoruyur və istiqamətləndirirdi.

Həmçinin o da doğrudur ki, əmimiz bizdə bədii zövqü son dərəcə ciddi şəkildə öldürmüşdü. Mənim də, qardaşlarımın da heykəltəraşlıq sənəti, rəssamlıq və musiqi bacarığını irsən kimdən aldığımızı bilmirəm. Çünki əmimiz heykəltəraşlığı da, rəssamlığı da mürtədlik adlandırır, insan fiqurlarını modelləşdirməyi, onlara müəyyən şəkil verməyi, yaxud şəklini çəkməyi insanın yaratdığına ibadət etmək kimi qəbul edirdi. Çünki yaratmaq yalnız Yaradana məxsus olan müstəsna hüquq idi.

Əmim bizə deyirdi ki, o biri dünyada hər birimizdən hansısa fiqura nəfəs üfürərək onu canlandırmaq tələb olunacaq.

Əmim hesab edirdi ki, “böyüklər” qarşısında mahnı və musiqi ifa edilirsə, bu da bir tərbiyəsizlikdir.

Bu, eynilə bizim inkişafımza da aiddir. Atamız bədən quruluşuna görə qədd-qamətli idi. O, güləş məşqləri, atçılıq idmanı ilə məşğul olurdu (mən özüm də 4 yaşımdan at minirdim). Şəhərdə əmimizin nəzarəti altında isə idman “yaxşı” adamların vaxt keçirtmək üçün istifadə etdiyi proqramdan həmişəlik olaraq çıxarılmış, ləğv edilmişdi. Açıq havada idmanla məşğul olmaq üçün “hamıya” qaynayıb-qarışmaq, məhəllə uşaqları ilə “oğru-vəzir” oyunu oynamaq lazım idi, çünki dünyanın belə bir yerində, belə bir vaxtında başqa “ləyaqətli” oyunlar mövcud deyildi.

Amma əmimiz “hamıya qarışmağımızı” istəmirdi. Bizə kirşə ilə sürüşmək icazəsi verilirdi, biz də qış aylarında ehtiyatla sürüşürdük. Məşqlər zamanı atamız xüsusi qayda-qanun qoyurdu. Onunla məşq etdiyimizdə qazandığımız təcrübə bizə qısa şalvarı asanlıqla geyinməyi öyrədirdi. Əmimsə bunun əleyhinə idi.

Amma bütün bunlar ona əlinə düşən hər fürsətdə öz gəncliyi ilə öyünməsinə mane olmurdu. Çünki o, uzununa tullanma sahəsində çox yaxşı nəticələr göstərirdi.

Xoşbəxtlikdən bizim bağların yaxınlığında şahzadə-lərin orta səviyyəli bağı vardı ki, qiymətli stadion kimi idman oyunlarımız, tullanmağımız üçün xidmət göstərirdi.

Əmimizin adını bizi qorxutmaq üçün tez-tez çəkirdilər. Həmişə bu sözləri eşidirdik: “Əgər filan işi etsən, əminə deyəcəyəm”, “Bax, əmin gəldi!”, “Gözlə, gözlə əminin nə dediyini, yaxud, nə etdiyini indicə görəcəksən”.

Əmi isə əslində heç nə etmirdi. Sadəcə çox söz deyirdi… Onun bütün cəza tədbirləri öyüd-nəsihətlə qurtarır və acıqlı sözləri tanımadığımız kimlərinsə ünvanına söylənirdi. Ancaq bununla belə, bu sözlər bizim öz içimizdə pərtliyimizə və məyusluğumuza kifayət edirdi.

Günlərin bir günündə mən az qalmışdı ki, ov tüfəngimizlə xidmətçimizi öldürüm: tüfəngi pəncərəyə tərəf tutub atanda cavan qulluqçu qız o tərəfdən keçirmiş… Əmim mənə heç nə demədi: silahımı qamarlayıb əlimdən aldı və üstümə qışqıraraq həyətə tolazladı. Onun bu hərəkəti vəziyyəti inanılmaz dərəcədə ciddiləşdirdi.

Bir gün də o məni məktəb müəllimini ifşa etdiyim üçün möhkəmcə danladı. Dərsdə ehtiyac yarandığında müəyyən məsələlər haqqında danışmağı mən ədəbsizlik saymırdım. Amma adət-ənənənin ciddiliyini sevən əmimin hər hansı şəraitdə, zarafatyana söhbətlərdə belə ədəbsiz sözləri xatırlatmaq qətiyyən xoşuna gəlməz, qısası, bunu özünə sataşmaq kimi qəbul edərdi…

Yenə günlərin bir günündə, hamının eyhamla, məcazi mənada işlətdiyi ikibaşlı cümlənin ucundan tutub gözlənilmədən məndən soruşdu: “Təhsilini qurtaranda sən hansısa sahənin mütəxəssisi olacaqsan, “s....a” danışdığın kimi onda əminlə də elə danışacaqsan?

Nə etməliydim? Ona necə cavab verəydim (onda cəmi altı yaşım vardı və oxumağa hələ təzəcə başlamışdım)? “Bəli” desəydim nəzakətsiz səslənəcəkdi (o bizə dəfələrlə tapşırmışdı ki, heç vaxt böyüyün dediyi sözün əksinə getmək, “yox” kəlməsi işlətmək olmaz, bu uşağa yaraşmaz). “Bəli” demək istəsəydim də, hiss edirdim ki, gülünc görünəcəkdim… Nəhayət, bu iki sözdən axırıncısını seçdim və “Bəli”, – deyə cavab verdim; Onun verdiyim cavaba güldüyü kimi qəşş edib güldüyünü heç vaxt görməmişdim.

Buna baxmayaraq, dilin kobudluğu, qaba sözlər hər yerdə qəbulediləndir və cəmiyyətin heç bir təbəqəsi bu kobudluqdan sığortalanmamışdır. Henri Miller6, şübhəsiz ki, bu məqamda gözəl bir söz buketi bağlayıb söz ehtiyatını istədiyi qədər gözəl istifadə edə bilərdi.

Ruhi vəziyyəti və fiziki zəifliyi əmimizi getdikcə daha kobud adam və zəhər tuluğuna döndərirdi. Məhz bu xüsusiyyətlər ona çoxlu əngəl törədirdi. Onun yersiz qeybətləri, yaxud şiddətli istehzaları atamın da əhvalına soğan doğrayırdı.

Əmimiz öz yaxın dostlarının yanında öz zəifliyini hiss etmirdi. Belə olduqda tamamilə dəyişilir, şənlənir, gülümsəyir, zarafat eləyir, bəzən isə dəbdə olan ariyaları zümzümə etməyə çalışırdı. Onun dostları arasında xüsusilə iki nəfər vardı ki, öz düşüncələri, şən əhvali-ruhiyyələri ilə əmimizin ümumi vəziyyətində tarazlıq yaradırdılar. Biri Kərbəlayı Muxtar idi ki, qızıl və gümüş alveri ilə məşğul idi. Bununla belə öz məzəli zarafatları və lovğalığı ilə də tanınırdı. Ən yaxşı yerlərdə işləyən şəhərlilər arasında belə həmişə xərci o çəkməyə çalışırdı. Qərəzli əməlləri ilə seçilir, yapışdığından əl çəkmirdi. Bəzən matəm mərasimlərində ifa olunan növhə mahnılarını ələ keçirir, Məhərrəm ayı boyunca avazla oxuyurdu. Sonra da Kərbəla müsibətindən, Əlinin oğlu İmam Hüseynin və peyğəmbərin nəvəsinin Xəlifə Yezid ibn Moaviyə tərəfindən qətlə yetirilməsi faciəsindən danışırdı .

Əmimizin dostlarından ikincisi olan Mirzə Cəfərin paltar mağazası vardı; ancaq o, şair, xüsusilə də həcvyazan kimi tanınırdı. Qələminin kəskinliyi hamı tərəfindən etiraf edilirdi. Bu adam həmçinin qeyzli, tipik, klassik, nümunəvi, içində boğulan bir vücud idi.

Bir gecəni indiki kimi xatırlayıram… Əmimiz işdən vaxtından çox tez, əhvali-ruhiyyəsi yaxşı, çox şən halda işdən qayıdıb gəlmişdi; Bizə pamflet-həcv oxudu. Dostu bunu heç nə almadan mağazadan çıxıb gedən bir “zəhlətökən” müştəriyə yazmışdı. Bir sözlə, onu qıcıqlandıran, gözünə anormal görünən hər şeyi olduğu kimi qələmə almışdı. Şeirdə siyasi hadisələr verilməmişdi. Sadəcə “ermənilər osmanlılara hürərkən” ifadəsi yazılmaqla yunan-türk müharibəsi zamanı baş vermiş bir hadisəyə işarə olunmuşdu.

Bizim yaşadığımız dağ şəhərinin təbiəti, iqlimi və gözəlliyi burada yaşayanların poetik, şairanə qəlbinə nüfuz edir, yazmağa həvəsləndirirdi. Ancaq qəzəllərin, satirik şeirlərin və pamfletlərin (həcvlərin) həssas hissələri göstərirdi ki, məzəli və siyasi əhvalatlar həvəskarları qələmi ələ almağa daha çox sövq edirdi.

Bir gün Mirzə Cəfər özünü öldürərək yoxa çıxdı. Əmim evə qayıdıb gəlmirdi: bu, faciəli “yoxa çıxmanın” səbəblərini dəqiqləşdirmək istəyirdi. Lakin heç bir əsaslı dəlil, sübut tapılmırdı ki, tapılmırdı. Aeroterapiya7 həmin dövrdə hələ tibb aləmində bir o qədər məlum deyildi. Söhbət yalnız ölümdən və insanların müqəddəs ruhundan gedirdi .

Əmimin şəxsində istədiyim hörməti qazana bildim. Nəticədə bizim prezidentin də ruhu yad edildi. Məhz buna görədir ki, mənim xəyallarımda bu iki şəxs tez-tez xatırlanır. Kitabdakı qarışıq fəsli axıra çatdırmaq üçün xüsusi olaraq deməliyəm ki, mənim böyük oğlumun simasında o adam tez-tez xatırlanır. Oğlum öz ortancıl oğlunun simasında, arvadım isə anamın simasında yada düşür.

Le 4

Mən özümü hüquq fakültəsində bir skamyanın üstündə görürəm, böyük qardaşımın yanında… Mühazirəyə tamamilə laqeydlik göstərir, müəllim tərəfindən sorğuya tutulmaqdan qorxuram. İmtahan başlanır. Bir qutunu əlimdə tutduğum başqa bir böyük qutuya qoymalıyam. Bu zaman Z.P. (oğlumun keçmiş məktəb yoldaşı) gəlir və makinada yazılmış iki vərəqi mənə verir. Onları oğlum tərəfə qoyduğum yadımdan çıxır, onunla kəlmə kəsmir, danışmıram. O poçta şöbəsinin eyni ölçüdə olan məlumatını mənə təqdim edir – 1381 frankdan 180 frank əksik… Təzə bir özbaşınalıq.

Müəllim deyingən və insana şübhə ilə baxan biridir. Subertin serenadasını səhv oxuyaraq donquldanır… Yerlər dəyişir. Mən evimdəyəm və həmin müəllim yenə də yanımdadır. Amma bu dəfə atamın yerindədir. Ancaq ana-atama qətiyyən oxşamır. Arvadım çox razı və şən halda mənə hüquqdan pulsuz dərs veriləcəyini deyir. Mən isə bütün əməliyyatları yenidən əzbər öyrənməli olacağımdan qorxuram. “Bütün bunlar nəyə lazımdır ki?” – soruşuram.

Nəsə hazırlayırlar. Bir nəfər qadın bizimlə savaşdadır, dilxordur. Buna baxmayaraq, arvadım ümid edir ki, o, bizimlə nahar edəcək. Böyük qardaşım məni divar şkafına tərəf aparır. Paltosu asılqandan hələ də asıla qaldığı, yerinə qoyulmadığı üçün onu məzəmmət edirəm. Ancaq o, məni təqdir edir, dəqiqləşdirərək bildirir ki, niyyətini bahar fəslində həyata keçirmək fikrindədir. Bizdən narazı olan qadın çıxıb gedir . Elə bu qapının qarşısında səyahətdə olan oğlumun məktubunu görürəm və spirt lampasının işığında bir-birinin üstünə qalanmış bir neçə başqa məktub, duzqabı və süpürgə də diqqətimi çəkir. Məktubu oxuyaraq müəyyən edirəm ki, oğlumdan deyil. Artıq açılmış bu zərfin içərisi şəkillərlə doludur, bir də yazılı əfsanələrlə zəngin bir qeyd kitabçası var. Görünür, bunlar müxtəlif pozalarda şəkil çəkdirmiş hərbçilərdir. Sonuncu cümlədə eyhamla deyilir ki, hərbiçilərimizdən hansısa bir nəfərə lazım olan bir şey burda yoxdur. Məktub Ruan – qədim Normandiya şəhərindən göndərilib…

Mən çayın aşağı hissəsində tunelə tərəf meyillənən pilləkənlə qızğın şəkildə tikilməkdə olan körpünü keçirəm. Tunelə tərəf getdiyim an bir nəfər fəhlənin körpünün üst tərəfinə taxta döşədiyini görürəm. O, məndən işinin qurtarmasını gözləməyimi xahiş edir. Körpünün ətrafını dolanıb keçərək başqa yol ilə çayın axarına tərəf enirəm. Ancaq axırıncı məqamda görürəm ki, ayağımda yüngül çəkmələr var…

Yerlər dəyişir. İndisə, adamkeçməz meşə örtüyü ilə örtülmüş bir təpəni qalxıram. Yolu addımlarımla əyri-üyrü xətlər cızaraq gedirəm, ancaq yüngül, seyrək duman görməyimə imkan vermir. Qabağımı kəsir. Ağır cəhdlərin sonunda buludlara qədər qalxıb ucalan təpənin zirvəsinə çatıram. Gözlərimin qarşısında yüz kilometrlərlə məsafə açılır.

Yüz kilometrlərlə uzanıb gedən bu panorama – geniş mənzərə mənə tanış gəlir. Uşaqlıqda dəmiryolu stansiyasına doğru uzanan mənzərə eyni şəkildə gözlərimin qabağında açılardı. Şəhərdən gələn ən qısa yol isə 120 kilometr idi. Bu yol ağ bulud kimi ucalan dağlardan və dərələrdən qıvrılaraq gəlirdi.

Bu yerlərin ən yaxşı vaxtı yalnız may ayında olurdu. Baharın başlanğıcında təbiət tez-tez şıltaqlq edirdi. Hamı isti günlər vəd verən günəşin gülərüz şəfəqləri altında səhəri açır, amma buludlar dərhal gəlib evlərlə üzbəüz dərədə sıxlaşır, sonra bir göz qırpımında dalğa-dalğa günəşin qabağını kəsir, insanlarda böyük məyusluq yaradırdı.

Mən yerimdəcə donub qalır, xəyalımı uzaqlara aparan bu son dərəcə böyük məkana vurulurdum. Bura elə bir yerdir ki, bütün mənzərəni sizin gözünüz önündə açır, uzağı görürsünüz, bağlı qəfəsdə qapanıb qalmırsınız, təsəvvür etdiyinizdən daha çox gözəlləşmiş yerə, coğrafi mövqeyə baxıb onu bütün genişliyi ilə süzürsünüz. Genişlikdə yaşayır, xanənişin ruhdan uzaqlaşır, genişliyə çıxır, məzmunlu, anlaşıqlı, adamayovuşan, romantik olursunuz. Bunlar isə Şərq ölkələrinin sizə təklif etdiyi üstünüklərdir.

Mən bu qoca qrafinya S.T.-nin əvvəllər Şərq ölkələrində olan şəcərə hoqqalarından danışdıqlarını yaxşı xatırlayıram. “Görürsünüz”, – o deyirdi, – burada, Parisdə mənə yer çatmır. Oyananda isə qarşıdakı bu böyük binanın gizlətdiyi açıq səmanı görmürəm. Beləcə nevrostenik adama çevrilirəm”.

Əslində o, Parisin ən geniş küçələrinin birində, gözəl, təmtəraqlı mehmanxanada yaşayırdı.

Paris bulvarına baxmağa adət etmiş göz təkcə təbiətin gözəlliyi qarşısında heyrət etmir. Həmçinin orada seçilən hər şeyə diqqətlə baxır – bəylərin bağ evlərinə, bellərində bahalı xəncər və qızıl kəmər gəzdirən gözəl çərkəz igidlərinə, bir-birinə görüş təyin edən kollecli qızlar və oğlanlara… Onlar xiyaban boyu söhbət edə-edə addımlayırlar. Sentimental təəssürat doğuran valsları satmaq üçün lentə yazdırıb götürmürlər, xeyr… Burada kiçik burjua müsəlman qruplarını, bədii sənət ustalarını, xiyabanların hündür yerlərində bardaş quran, ya da sallağı oturan gənclər üçün tamaşa göstərənləri tez-tez görmək olar. Onlar xiyaban boyu söhbət edə-edə, sentimental musiqiləri, milli musiqini dinləyə-dinləyə gəzişirdilər. Adətən bu gənclərin inadkarcasına iş görmələri, ağır tərpənmələri qoca erməniləri açıq-aşkar əsəbiləşdirirdi. Bəzən hətta aralarında küsüşmə və dalaşmaya da səbəb olurdu. Onu da demək lazımdır ki, ermənilər hər şeyin zahirini qiymətləndirərək qərbə daha çox üz tuturdular. Eyni şəkildə də arvadlarının sayəsində “şərəfli” yolla malik olduqları mülk, malikanə, torpaq sahələrini əsaslı surətdə əllərində saxlayırdılar.

Burda qorxunc insanlar vardır ki, “irqi münaqişələr” quraşdıraraq münsiflər məhkəməsinin hakimlərini istiqamətləndirir, istədikləri qərarın çıxmasına nail olurdular. Adətən, belə hakimlər ya öz dindaşlarına susmağı, bəzən isə hətta… g… verməyi məsləhət görürdülər. Eyni zamanda, erməniləri dostyana məzəmmət etməyi də yaddan çıxartmırdılar.

Onlar deyirdilər: İki şeydən biri olmalıdır. Ya siz əsaslı surətdə avropalaşmalı, yəni, yunan-avropa bazarına daxil olmalısınız. Belə olduğu halda əgər bəzi maymaqlar arvadlarınıza baxırlarsa, buna əsəbiləşmək olmaz… Ya da sizə torpaq bağışlayan azərbaycanlıların əxlaq prinsiplərinə uyğun onlar kimi qapalı yaşamalı, arvadlarınızı evdən bayıra çıxmağa qoymamalı, örpəyə bürüməlisiniz.

Mən bir saray adamı kimi yaltaq və ikiüzlü təhsilimi bu “bulvarda” almışam. Onda təxminən 12 yaşım var idi. Günlərin bir günündə yoldaşım Viktorun evində bir rus qızı gördüyümdə sevincək ona yaxınlaşdım və düz bir saat onun yanında oldum… Ağzından bir kəlmə də çıxmadı. Xoşbəxtlikdən onun ətrafındakılar məni ona təzyiq etmək vəziyyətindən qurtardılar.

Mənim kimi yaşca kiçik bir oğlan uşağı üçün bu – böyükləri müşayiət etmək, onlarla davranmaq sahəsində böyük bir təcrübə oldu. Yaşlılar dedikdə bura qardaşlarım və əmilərim, dayılarım, ana tərəfindən hələ də kollecdə təhsillərini davam etdirən qohumlarım daxildirlər. Mən liseyə oxumaq üçün gedib-gəldiyim 4 kilometrdən çox yolun uzaqlığını hiss etmirdim; Bu yol bütün uzunluğu ilə bizim evi “bulvar”dan ayırırdı. Yaşlıların bulvarla bağlı mövzular barədə söylədiklərini maraqla dinləyirdim.

Bir dəfə dayılarımın yazdığı bir mahnını “bulvar”la tanış olan Nadya adlı cavan bir qızın ifasında eşitdim; Mahnı yaşlı adamlara aid idi. Onu yaşadığımız ölkənin dəbinə uyğun olaraq gitara ilə qardaşı müşayiət edirdi; Qızın qardaşı öz mədhiyyəsini böyük çılğınlıqla oxuyurdu. Qız ifasına belə başlayırdı: “Güllər və bənövşələr bulvardan yığılmışdır – mən Nadyaya vurulmuşam, güllər arasında”…

Ehtimal ki, bu qarmaqarışıq mövzu deyildi. Bununla belə, qızın oxuduğu mahnıda (şərq)li prosodiyası8 öz metaforaları, alleqoriyaları, simvolizmi ilə gözəl və yerli-yerində idi .

Le 7

Bağımızdakı alma ağacının bir budağı qurumuşdu. Onu kəsmək üçün özümə tərəf çəkdim, ancaq ağac bu vəziyyətdə tamamilə əyildi və bununla qonşunun ağacını da basıb əydi. İki gövdəli alma ağacının ikisi də qurumuşdu.

Bizim bağı şahanə bağdan balaca bir çəpər ayırırdı. Bağ qarla örtülmüşdü. Sementlə suvanmış cığır magistral avtomobil yolu kimi sərhəd xəttinədək uzanıb gedirdi. “Kapüsinlər” küçəsinin tininə gəlib çatanda bir köpəyin getdiyimiz küçə ilə birləşən başqa bir küçəyə girib yox olduğunu gördük. Teatra getmək niyyətimiz olduğundan, fikirləşdik ki, yəqin darvazadakı kiçik qapının qarşısında…

Qapıda dayanıb bilet cıran iki nəfər qadın üzündən teatra girməyimiz yubandı. Onlardan biri manikenə oxşayırdı. Çiyinlərində xəz var idi. Ondan bizim itin salona girib-girmədiyini, qadının onu görüb-görmədiyini soruşdum. O, mənə qəribə tərzdə cavab verdi: çiynindəki xəzi çiyinlərimə atıb üstündən də basdı və – “Bu canlı it-pişik, tülkü kimi zəhləaparanlardırlar ki, yoxlamağa qoymurlar da…”

…İndi də prezidentimiz və iş yoldaşlarımla bərabər ermənilərin yanındayam. Yığıncağı idarə edən onların patriarxıdır. Bizə xoş sözlər deyir, ancaq səhər yeməyi üçün heç bir şey təklif etmirlər. Erməni qadınlardan biri mənə hansısa mətbəə sahibinin, yaxud naşirin yanına getməyi təklif edir. Mətbəəyə baş çəkirəm. Burada məni Ananov adlı bir kişi qəbul edir. Ancaq lap otağın küncündə… Bu, ingilissayaq təşəbbüsdür. Deməli, indi mən ingilis yığıncağında iştirak edirəm. Məni prezidentə, yəni iclas sədrinə layiq yumşaq, qoltuqlu kürsüdə oturdurlar. Həmin bu adam – yəni Ananov iclas sədrinin sözünü kəsir. Mübahisə eləməkdə deyəsən, elə mənim tayımdır.

Burada mənə yemək üçün Tunis balığından hazırlanmış konserv verirlər. Mən isə yemək üçün onu hələ heç nə sifariş verməmiş qonşu stoldakılara təklif edirəm. Beləliklə, mənim yeməyimə heç nə qalmır. Bir az sosiska var, ancaq müsəlman olduğumdan dadına da baxa bilmirəm. Hiss edirəm ki, mənə baxanlardan heç kim təəccüblənmir…

* * *

Evdən çıxanda bazar tərəfdən gələn əsəbi qışqırıq səsləri eşidirəm. Ora qaçıram, ancaq meydana gəlib çatanda qeyri-adi heç nə görmürəm. Məni başa salırlar ki, bir nəfər kök qadın bir kiloqram gül kələminin qiymətinin 30 frank olduğunu deyib. Onu İctimai Təsərrüfat İdarəsinə aparıblar. Mən çarşı-bazardan keçirəm, orada baqqal satdığı mallarını sərir və dərhal da qafqazlının qanlı xəncəri kimi qiymətləri üstündən asır. Görünür, bu kooperativ mallarıdır.

Baqqal dükanından bir neçə addım aralı müştərilər dörd tərəfdən növbəyə durublar. Gözləyirlər ki, dükançı satılacaq şeyləri bir-birinin üstünə yığıb qurtarsın.

Ordan uzaqlaşıram. Qarşıda bir neçə qadın var. Arvadımı görürəm. Növbədən ayrılaraq yanıma gəlir və soruşur: “Burada nə edirsən?” Mən də söz atıram: “Bəs sız nə edirsiniz?” Cavab vermir, ancaq hiss edirəm ki, ona “siz” deyə müraciət etdiyimdən əsəbiləşmişdir… Başqa bir baqqal müştərilərinin əlindən boğaza yığılmış kimi görünür.

Növbə mənə çatanda baqqala dörd nəfər ədəbsiz adam təqdim edib deyirəm ki, içmək istəyirlər.

Le 8

Coğrafiya xəritəsi divardan asılıb. Hamı orada hansısa yaşayış məskənlərini axtarır. Xüsusilə müqəddəs Annanni adlı birisini.

Məni yatağa uzadırlar, sağ ayağım yerə dəyir. Görünür, mən bərk xəstəyəm, öləcəyəm, çox çəkməz. Amma bu fikirlə çoxdan razılaşmışam. Artıq məni qorxutmur. Hər şeyi bilmək həvəsilə arxayın-arxayın gözləyirəm.

İki nəfər kişidən biri həkimdir. Ayaqqabılarımı çıxarır. Sağ ayağımda baş barmağım tünd qırmızı rəngdədir. Bu, ölümcül xəstəliyin simptomlarıdır. Həkim heç bir fikir söyləmədən, heç bir göstəriş vermədən çıxır. O, bakalavr dərəcəsi almaq üçün verdiyi imtahandan keçmədiyi xəbərini indicə alıb. Mənə məsləhət görürlər ki, gedib doktor Jodardan məsləhət alım.

Onun yanına gələndə pencəyin altından qısaqollu jilet geydiyimi görürəm. Arvadım təkid edir ki, həkimin yanına qayıdım, ancaq mən evin qarşısında skamyada oturmuşam. O, məni gördüyünə şaddır. Dalğın halda müayinə edir, heç nə demir… Deyəsən, qardaşoğlunun imtahanının nəticəsilə məşğuldur…

Böyük salondayam. Açıq pəncərədən bir nəfər kişinin bayırda hərbi parada komandanlıq etdiyini görürəm. O, mahnı oxuya-oxuya komandanlıq edir. Oxuduqlarından biri “galons-chalons” qafiyəli şərqidir. Bir az keçmiş səsinin tonunu aşağı salır. Onu çətinliklə eşidirəm… Güclə duyuram. Parad 1940-1944-cü illərdə olduğu kimi deyil…

* * *

Qarşısında hərflərdən düzəldilmiş tutqun şəkilli bir dairə görürəm. Ortalarından başqa, kənarlarında iri, böyük hərflər var. Yəqin əvvəlcə dağınıq halda ona görə hara gəldi atıblar ki, sonradan nizamlasınlar, cərgəyə düzsünlər. Sonra kino ekranında olduğu kimi belə bir cümlə alınır: “Sən ölümün xatirinə çox yaşayırsan, canlı insan, amma bu səninçün çox deyildir”.

Görünür ki, bu, müqavimət hərəkətinin üzvlərinə telefon, radio vasitəsilə verilmiş adi müraciətnamədir. Hər bir kəs fərdi surətdə öz müraciətini qəbul edir. Ancaq elələri də var ki, bunlardan heç birinə məhəl qoymur. Hamı sui-qəsd hazırlamağa da, dini mərasimə aid rəqsi başçının rəhbərliyi ilə icra etməyə də hazırdır. Mən özüm də gənclərin təşkil etdiyi rəqslərə qoşulmaq istəyirəm. Başımın üstündə tutmaq üçün yazılmış “nutre” (bizim) sözündəki nəlbəki boyda “e” hərfi çatışmır. Bir nəfər xanımdan mənə “z” hərfini və eyni zamanda başımın üstündə tutmaq üçün nəlbəki verməsini xahiş edirəm. Müraciət etdiyim qadın başımın üstündə tutmaq üçün mənə bir şüşə, qaşıq, ya da bir çəngəl verir.

Dairəvi şəkildə düzülmüş dəstəyə qarışıram. Etiraf edim ki, ayaqyalınam. Dini mərasimlə bağlı bütün hərəkətləri üz-gözüm möhkəm rənglənmiş vəziyyətdə yerinə yetirirəm.

Le 9

Mən dayanmış və hərəkətdə olan qatarlarla dolu dəmiryolunu keçirəm. Bunlar bizim qatarlardır. Bununla belə, vaqonlar partlayıcı minalarla, fuqaslarla və istehsal maddələri ilə boldur. Ehtiyatsiz bir hərəkətə bənddirlər. Üzərində mexaniki qurğular yerləşdirilmiş dimdik bir torpaq sahəsinin üstündən adlayıram. Elə bu an vaqonlardan birinin açarı havaya qalxır: bu, həyəcan siqnalıdır, çünki çox çəkməyəcək ki, partlayış olacaq. Nahaq yerə sığınacaq axtarıram. Açar həmişə qayıdıb kiminsə üstünə düşmür. Mən açarın Eyfel qülləsinin üzərinə düşüb onu böyrü üstə əyən anda evə qayıdıram. “Piza sütunu” kimi9 evimizi qüllədən ayıran məsafəni öz-özümə hesablamağa başlayıram. Çünki bu sütun yıxılanda qorxuram ki, yerə düşməsilə evimizi əzsin. Eyfel qülləsi Trocaderonun yerləşdiyi yerə lap yxındır. Biz isə “Mart çölləri”ndə oluruq. Eyfel qülləsinin 300 metr hündürlüyündə olduğunu bilirəm. Buna görə də diferensial hesablamaya üstünlük verərək hesablamağa başlayıram, amma istəyimə nail olmuram.

Le 10

Burada antisemit10 hərəkatı güclənib artmalı idi. Mən 2-3 ədəd susamuru dərisindən olan mantonu küçədə bir tərəfə qoyaraq tələsik surətdə qarşıdakı binaya soxulan iki İsrail qadını görürəm. Susamurundan olan mantolardan birini götürür və pulu göyə sovuran xanımlara qaytarmaq üçün aparıram. Deyəsən, bura mebel anbarıdır. Qadınlar təşəkkür edir və yerdə qalanları da gətirməyimi xahiş edirlər. Binadan çıxarkən pilləkan qarla örtülmüşdü. Onu balaca oğlan uşaqları kimi fit çala-çala və sürüşərək düşürəm: “Yaxşı, düşdünmü?”

Bir nəfər jandarma işçisi də mənimlə bərabər aşağı enir və özü də eyni hərəkəti təkrarlayır. Binaya yenidən qayıdıb daxil olarkən orada elə bir adam yığınına rast gəlirəm ki, tərpənmək mümkün deyil. Mən dəstənin dayandığı vəziyyətə görə hərəkət etməli oldum. Çıxışda öz arvadımı cavan bir qızla birlikdə görürəm. Həmin qız mənə bir oğlan uşağını – onun özününkü idi – göstərir və davranışından şikayətlənir.

Biz yoldaşlarımı itirdiyim bağa daxil oluruq. Bağın bir küncündə meyvələri çiçəklərlə əhatələnmiş alçaqboy, balaca bir ağac görürəm. Meyvələrdən birini dərir və dadına baxıram. Bu dəfə də bağın lap aşağısında öz bağımızı görürəm. Məktəb yoldaşlarımın çoxu orada gilanar yığır. Elə yığırlar ki, mənə heç nə qalmasın. Bununla belə, sanki ağaclar adamın gözü qabağında böyüyür.

* * *

Zirzəmidə baş verəcək yığıncağa – iclasa qayıdıram. Həmişə dilə basıb məni yoran və indi də danışmaq istəyən bir nəfər həmyerlim yanıma gəlir… Naqqallıq etməyə həvəsim olmadığından yoluma davam edirəm. Ancaq haqqında danışdığım bu adam məni qarabaqara izləyir. Buna əsəbiləşirəm. Ondan olduğum yeri necə öyrəndiyini soruşuram. Adətən çox təmkinli olan bu adam başqa bir həmyerlinin yazdığı məktubu mənə göstərir. Birlikdə bizə məlum olan yarımzirzəmiyə daxil olur, sonra ayaq saxlamadan oranı keçib gedir, taxılına, məhsuluna görə, möhkəm tapdalanmış bir sahə ilə addımlayırıq. Dörd nəfər jandarm bizə yaxınlaşır. İlk baxışdan böyük görünən bir binaya gəlirik. Oradakı buxtanın ətrafında düzülmüş skamyalarda məktəbdə olduğu kimi çoxlu adamın oturduğunu görürük. Kart oyunu zamanı qarşılaşdığım xanım üzümə gülümsəyir. Çünki əlimdə kukla tutmuşam. Yoldaşım məni söhbətə tutur, başqa yerdə göstərəcəyimiz bayram şənliyinin musiqi proqramı ilə tanış edir. Onu dinləməyə vadar olduğumdan başım-beynim dağılır… Yoldaşım mənə bir “kosmetik duş” müəssisəsini göstərir. Bu, köhnə şeylər alverçisinindir. Özü də mağazadadır. Oraya giriş 20 frankdır.

Erməni terroristləri bizə qarşı xəyanətkar hərəkət etmək istəyirdilər. Onlardan biri pəncərəmizə yaxınlaşır və bizə baş çəkmək istəyir. Təklifini yaxşı qarşılayırıq. Az sonra mən böyük bir revolveri paltomun cibində gizlədərək bayıra çıxıram. Küçəni keçəndə məktəblilərin səs-küy saldığını görürəm. Terrorçu qrupu əllərində qılınc əl-qol ölçürlər. Revolverin olduğunu hiss etdirən kimi çul kimi yerə uzanır, ayaqlarıma sarılırlar. Özümə deyirəm: “Alinstar M.P.”11

Onları mauzeristlər adlandırırlar: “Onlar nadir hallarda hədəfdən yayınırlar”. Nə qədər vəzifəli şəxs öz iyrənc işlərinə görə həyatını qurban verir, azadlıqdan məhrum olur. Şahzadə özü də terrordan qaçıb yaxa qurtara bilmir. Günlərin bir günü onlardan bir nəfər kral müavinini qılınc zərbəsilə doğrayıb tökür. O, uzun illər yerindəcə tərpənməz qalır.

Şahzadə Nakaşidze, Bakının hakimi, Qafqaz hakimi… Bunlardan nə qədəri terrorçuların qurbanı oldu. Erməni burjua nümayəndələri özləri terrorist təşkilatının tələblərinə etinasızlıq etsələr də öz var-dövlətini onlara yedirdir, maliyyə dəstəyi göstərirdilər. Onların arasında bir nəfər adlı-sanlı bankiri – sir-sifətdən çox gözəl olan Dəmirovu yaxşı xatırlayıram. O, istənilən məbləği verməkdən boyun qaçırdığına görə, 64 yaşında, arvadını gözüyaşlı qoyaraq qətlə yetirildi. Sonra da xəbər yayırdılar ki, arvadı öz sevimli ərinin üstünə döşənib ondan ayrılmaq istəməmiş, mumiyalayaraq saxlamağa qərar vermişdir.

Terrora məruz qalmış nüfuzlu ruslar başlarını itirirdilər. Vaxt çox pis seçilmişdi: rus-yapon müharibəsinin qızğın zamanları idi. Ölkədə güclü sosial-ictimai həyəcan hökm sürürdü. Məğlubiyyət məğlubiyyəti izləyirdi. Mənim magistrant, yəni siyasi hakimiyyətin təmsilçisi olan məktəb yoldaşım deyirdi: “Bizim yeganə qələbəmizi – Armiyaşoxların (ruslar tərəfindən ermənilərə verilmiş alçaldıcı pejoratif) əvəzində onlardan intiqam alacaqlarını tezliklə görərsən”.

Ancaq rus qələbəsini çox gözləməli olacaqsan. Çünki o heç vaxt olmayacaqdır. Başqa bir tərəfdən inqilabi hərəkatda zəifləmiş ictimai çaxnaşma getdikcə torpaq hesabına uğur qazanacaq.

Hadisələrin məhz belə bir şəraitində rus avtoritetləri öz “dahi” ideyaların bölünən Qafqaz əhalisi içərisində aydın surətdə, qətiyyətlə həyata keçirtməyi qərara alırlar. Rus inzibatçıları onları öz erməni qonşularına qarşı qoyur, onlarla əsrlərlə davam edən bir şəraitdə kifayət qədər birlikdə yaşayırlar. Nakaşidze kimi bəzi məsuliyyətsiz adamlar tərəfindən asan idarə olunan Bakının qubernatoru buna aludə olur. Bununla da 1905-ci ilin əvvəllərində qanlı vuruşlar başlayır. Sonra ermənilər uğursuzluqla üzbəüz qalırlar. Buna bənzər münaqişələr dərhal ətrafda yayılır və erməni ifrat şovinistləri müsəlmanlara qarşı qanlı hadisələr törədirlər. Yüzlərlə kənd və şəhərlər ağına-bozuna baxılmadan alt-üst olunur, əhalisi küll halında yandırılır və vəhşicəsinə qətlə yetirilir. Bu hadisələr sayəsində hər iki cəbhə, “bu qardaş qırğını sona çatdı, keçmiş olsun, gəl barışaq” deməyə hazır olsa da, bu ocaq kiçik bir qığılcımdan yenidən od tutub alışmağa hazır idi.

1918-ci ilin martında Bakıda hakimiyyət bolşevik elementləri və onlarla əlaqədar qruplar tərəfindən ələ keçirildiyi zaman erməni qruplar müsəlman əhalisindən çoxluq təşkil edirdi. Bununla belə, həmin ilin sentyabr ayında türk-Azərbaycan silahlı dəstələri şəhəri yenidən ələ keçirdilər.

Hər iki tərəf arasında baş verən qanlı münaqişələrin, Azərbaycan və erməni respublikalarının müvəqqəti müstəqilliyinin yaranması rusların Qafqazı yenidən ələ keçirməsini asanlaşdırdı.

Qeyd etmək lazımdır ki, hər iki cəbhənin şovinistləri utandıqlarından etiraf edirdilər ki, sovetləşmədən bəri həmin regionda heç bir qanlı münaqişə baş verməmişdir, bu isə onu sübut edir ki, bu xalqların böyük kütlələri özləri əslində münaqişədən kənardırlar. Bununla belə, həddindən artıq təkəbbürlü və siyasətcil adamlar tərəfindən idarə olunurdular.

* * *

Mən dostlarımın sıraya düzülmüş evlərinin qarşısından keçirəm. Onların hamısı tamamilə tərk edilmişdir. Bir bağda çox böyük bir ağac görürəm. Baobab ağacıdır. Böyük yemişlərin bəziləri çürümüş, xarab olmuş, yerindən tərpədilmişlər. Öz-özümə deyirəm: “Bunlardan başqa yerlərdə çətin tapılır, buradasa çürüdürlər”.

Bu qəsrin bütün meyvə ağacları ilə dolu bağı ölkənin diqqətdənkənar bir bucağında yerləşmişdir və mənşəcə erməni olan nəzarətçi bir zabitə məxsusdur. Biz burada müttəfiqik. Mən at arabaçısıyam. Qəza rəhbəri öz arvadı üç nəfər gözəl və ağıllı qızları ilə birlikdə bura baş çəkirlər. Bu bölgədə hamı onlar haqqında danışır. Burdakı təmizlik natəmiz kişilər tərəfindən pozulmuşdur. Onların əksəriyyəti Avropanın müxtəlif yerlərindən olduqlarından ər-arvadlar yaxşı yola getmirlər. Nümunəvi faciə yaşanır: kişi – yaraşıqlı, varlı, yaxşı vəzifəsi və vəziyyəti olan, yüksək səviyyəli, qadınların bəyəndiyi bir şəxs, arvad isə… Adi həyatı belə dözülməz hala gətirən bir məxluq… Qoca bəy, Ş.-in qonşusu həmin bu ər-arvadın müşayiəti ilə baş tutan ov əhvalatını mənə danışmışdı. Bu hadisə zamanı qadının qısqanclığı ən yüksək zirvəsinə çatmışdı: kişi gözəl bir dişi ördəyi xanımına aparır. Xanım bu ev quşunu diqqətlə, məmnunluqla nəzərdən keçirir və nəhayət, qəzəblənərək quşun başını silahının dəstəyi ilə əzir. Bu hərəkəti etməkdə haqlı olduğunu bəyə bildirmək üçün, soyuqqanlılıqla deyir: “Bu, kişi xeylağıdır – erkəkdir …”

Bütün ərazisi, hətta rəsədxanası, parkı belə meyvə ağacları ilə dolu olan bir qəsr idi. Yetişmiş meyvələri çürüyüb yerə tökülmüşdü. Bu, gəlir gətirən yox, xoşagələn bir bağ idi. Hətta, yerə tökülüb çürüyən meyvələrin iyi də adamı ovsunlaya bilirdi.

Biz sarışın, olduqca cavan, məyus, ümidi boşa çıxmış bir kişi tərəfindən qəbul olunduq… O, bizi yeməyə dəvət etdi. Bu, torpaq sahibi olan alay komandirinin yoldaşı, Baltikyanı ölkələrdən gəlmiş bir baron, tolstoyçuluğa meyilli, özünü informasiya sahəsinə həsr etmək məqsədilə istefaya çıxmış bir yoldaş idi. Nahar çox gözəl keçdi, sağlıq sağlıq dalınca deyildi. Amma şərab bütün varlığı ilə tolstoyçu olan baron D. Sanki üçün deyildi… Onunku yalnız qılınc idi… Sankinin axırıncı sağlığı məclisdə olmayan bir dostuna və bizi qəflətən bir yerə toplamış olan bu böyük məclisə həsr olunmuşdu. O, tələffüzündə heç nöqsana yer vermədən Sədinin dosta həsr etdiyi şeirlərini əzbərdən dedi: “Dost qonaq… Cah-calalda o adamı dost sayma ki, o sənə sədaqət göstərməyəcəkdir… Dost o adamdır ki, fəlakət və bədbəxtlik üz verəndə dost olur…”

Le 12

Biz, “palıd kimi” adamlar qızılgül kolluğuna düşürük. Burada gül kimi bir xanım bizi lütfkarlıqla qəbul edir. Onun uşağı var – balaca bir qız uşağı. Adı Jannadır. Bu xanım nəsə tapmaq niyyətilə bir neçə yeri qazdırır. Yeri qazan cavan fəhlə ona öz fikrini bildirir: “Bu həmin torpaqdır”. Mən söz atıram: “Həmin bu torpaq ağaya məxsusdur”.

Tətil günlərini uşaqlarımla birlikdə Burbulda keçirən balaca Janottanın yeganə bir arzusu vardı: kaş bir avtobus, ya da qatar sürücümüz olaydı.

Üçyaşlı uşaqlar belə oyunlar zamanı bir şəxsin ətrafında fırlanmağı, dövrə vurmağı üstün hesab edirlər. Onun ad günü münasibətilə S.N.C.F.*12dən bir işçi də təhkim edilmişdi. Janotta ondan ayrılmır və bütün günü “sürücü” rolunu oynatdırırdı. Sürücü də sərnişinləri “maneənin” qarşısında düşürürdü.

Günlərin bir günü onun rəfiqələrindən biri, dindar bir İrlandiyalı piano çalıb-oxuyarkən aradabir “Həmin bu torpaq ağaya məxsusdur”u da ifa etdi. Balaca Janotta mahnının musiqisini bəzən qarışdırıb dəyişik salsa da, növbəti günlərdə olduqca dəqiq oxudu.

Bir gün o öz “maneləri” ilə oynayarkən dedim: “Janotta, de görüm, torpaq kimindir, kimə məxsusdur?” O isə bir az tərəddüddən sonra: “Ancaq… sürücüyə” –deyə cavab verdi.

* * *

İctimai gəzinti üçün maraqlı bir yer… Qəribə görkəmli, ancaq uzunbaş bir nəfər ondan nə istədiyimi soruşdu. O, əslində sualın cavabını madam J.-nin dilindən eşitmək istəyirdi. Özünəoxşar bir neçəsinin əhatəsində olan bu adam kənd təsərrüfatı, yaxud şərabçılıq məcmuəsinin rəhbəridir. İpək parçadan toxunmuş coğrafiya xəritəsinə oxşar bir məcmuəni mənə təqdim edir. Bu, xovlu xalçadır, üstündə mənim adım toxunub. Bu, üstündə adım yazılmış banderoldur…

* * *

Bir nəfər xanım “Cambronne” sözünün nə demək olduğunu axtarıb tapmaqda ona kömək etməyimi istəyir. Ancaq sözlər aydın gözə çarpmır. Çox yastı yazılıblar.

Le 14

Bir təpənin üstündəyəm, qarşısında böyük meydança olan bir ev görünür. Orada tamaşa göstərilməlidir. Bir neçə xanım gəlir, ancaq oturacaq çatışmır. Mən öz yerimi onlardan birinə təklif edirəm; o, mənə təşəkkür edir… Yerlər dəyişdirilir, ancaq mən tamaşada həm də iştirak etməliyəm. Proqrama sağ tərəfdəki ağacdan başlamalıdır. Bir neçə uşaq budaqlardan sallanıb oyun çıxarır. Çox çəkmir ki, gimnastların gücündən budaqlar ağacın gövdəsindən hörümçək toru kimi aralanır… Yerimi dəyişməliyəm, çünki səhnəni görmək üçün bir neçə şey mənə mane olur. Deyəsən, təpədir, ya da başqa bir şey… Bu an mən yerindən tərpənən tramvayı görürəm. “Bura bax ey, – öz-özümə deyirəm, – budur tramvay!”

Onun dalınca qaçıram və içəri tullanıram. Tramvay iki üstüaçıq vaqondan ibarətdir. Vaqonun içində qaçan M.Q.-ni – kart oyunundakı yoldaşımı görürəm. O, həmişə yan tərəfə qaçır. Öz-özümə deyirəm: “Bura bax ey, yaşına görə yaxşı qaçır. Halbuki bütün gücünü arvadlara sərf edir…” Bir azdan özümü M.Q.-nin yanında görürəm. Sonra balaca bir oğlan uşağı ilə bir nəfər yaşlı arvad sürüşüb aşağı düşən liftdə görünür, amma M.Q. yerindən qalxmır. Görünür, təzəcə aldığı məktuba görə hiylə göstərir: məktubu yazan onu nə münasibətləsə təbrik etmək istəmişdir: “Siz düşünülən qədər də əclaf deyilsiniz!”…

Cingiz dövrünün monqollarının verdiyi qərara görə, “cinsi münasibət norması” belədir. 20 yaşından 30 yaşına qədər həftədə bir dəfə, 30-dan 40-a qədər ayda bir dəfə, 40-dan 50-yə qədər ildə bir dəfə, ondan yuxarı isə heç bir dəfə.

Bəlkə, “norma” bir az “düzgün” olmadı. Amma həmin o “qadın” bu kişilərə Çindən Almaniyaya və Misirə qədər uzanan bir imperiya yaratmağa icazə verdi. Onda necə, neçə dəfə alınır?

Bəlkə ağzının sözünü bilməyən bu qadın sonsuzdur və sevdiyi adama qarşı məhəbbətini sübut etmək naminə yaltaqlıq edir? Bəlkə o, kişidə olan başqa müqəddəs hisləri, onun ictimai əqidələri, yaxud atalıq və qızlıq münasibətlərini baş sındırıb öyrənmək fikrindədir? Mən yalnız iki əməlin adını çəkəcəyəm – bunun özü kifayətdir.       Bir zaman arvadım mənim faciəli vəziyyətdə olduğum ərəfədə (dəhşətli qırğın günlərinin davam etdiyi qızğın çağda) heç bir tibbi və gigiyenik yardımın edilmədiyi yerdə şiddətli, ağır, çətin doğuş etməkdə idi. O vaxt (üç gün, üç gecə) mənim ilk varisimin əzabla dünyaya gəlişini gözlədik. O mənim dəlicəsinə sevdiyimin haqqını tələb edirdi (o, eyni zamanda arvadımın dostu idi). Qonşu otağın bir küncündə yumaq kimi büzüşüb qalır, inildəyir, göz yaşları axıdır, qısqanclıq ağrısı çəkir, böhranlı günlərdə nifrin, lənət yağdırırdı. O, dərdinin səbəbini, acığını, ovqattəlxliyini gizli saxlamaq barədə qətiyyən düşünmürdü də. Beləliklə, həyatının ən xoşbəxt anlarını bu hadisədən beş il sonra görməli oldu. Bu günlər isə onun üçün matəm günlərindən başqa bir şey deyildi…

Necə psixoloji dəhşət, necə aldadıcı qeyri-həssaslıq, anlamamazlıq!

Bu, o vaxtlar baş verdi və keçib getdi.

Başqa bir gözlənilməz hadisə – bəlkə bu mənim üçün əhəmiyyətsizdir, ancaq eyni zamanda da ibrətamizdir – suyu bol olan bir şəhərdə baş verdi. Biz onunla bir roman yazmağa başlamağa qərar vermişdik; Bunu onun özü təklif eləmişdi. Bir gün parkın girəcəyində gülsatan xanıma yaxınlaşdıq. Mən bir neçə qızılgül alıb qələm həmkarıma bağışladım. O, güllərə görə çox məmnun qaldı. Parkda mənim balam – beş yaşında oğlan uşağı bəlkə də atasını yamsılamaq niyyəti ilə meydançada bitmiş yabanı güllərdən bir neçəsini qoparıb gülsatan xanıma təqdim etdi. Gülsatan qız parkdan dərilmiş gülləri xoş bir təbəssümlə qəbul etdi, uşağa təşəkkürünü bildirdi, sonra söhbətinə davam edərək, uşağın böyük təəccübünə rəğmən onları qazona atdı. Mənim aldığım çiçəklərə gəlincə onlar göz görə-görə solur, öz ətrini itirirdilər.

Deməliyəm ki, hər iki halda “roman”ın işi bitdi.

Le 16

Çox çətin bir vəziyyətdə – boğazda qalmışdım, özümü çətinliklə saxlayır, uçuruma düşmək təhlükəsi altında çaşqınlıq duyurdum. Ev yaşıl rənglənmişdi. Siyasi mövzuda yazılmış bir məcmuəyə ötəri nəzər salıram; senzuranın (mətbuatda dövlət nəzarəti idarəsinin) başısoyuqluğundan bir çox yerlər ağ buraxılıb. Orada xüsusilə siyasət sahəsində qələm çalan bir çox şəxsiyyətlərin şəkilləri vardı. Qəribə başları, sifətlərinə örtük bağlamış atlıların şəkilləri xüsusilə nəzəri cəlb edir. Onların sifətləri bədəvilərin sifətinə bənzəyir. Atlılar həmlə edib kimisə yaxalamaq anındadırlar.

Mən bədəni əqrəb, başı quş başına oxşayan çox qəribə, gülməli bir heyvanı yedirtmək ərəfəsindəyəm. O, bir neçə tikə ət götürüb, gözləyir ki, soyusun. Sonra onları udur. Heyvanın udduğu yumru ət parçalarının qarnında hərəkətinə diqqətlə fikir verirəm. Udulan bu parçalar əslində, qarnının tutumundan böyükdür.

Şəffaf rəng alan arakəsmələrdə bu hərəkətə diqqət etdikcə öz-özümə deyirəm: “Aydındır, bəşəri məxluqlar quşlardan çox az yeyirlər”.

***

Bir toyuq ucadan “danışa-danışa” balası üçün daldalanacaq yer axtarır. Nəhayət ki, bu yeri tapır. Başqa bir toyuq gəlib Cücə ilə sözə gəlir; Cücə, bu mübahisədə iki toyuq arasında futbol topu kimi bayıra atılır. Belə incidilən Cücə birdən dönüb ördək balası olur.

Le 17

Bir təyyarə uçub gəlib hansısa evin üstünə düşür. Narahat olan və çətin vəziyyətə düşən adamlar qalxıb onu aşağı tullayırlar. O, camaatın arasında qalır və özünə çox gec gəlir.

Mən onu bəzən qızılgül şitilliyi kimi görünən bu adamların yanaqlarında axtarıram…

***

Nəvə xəstə babanı götürüb aparır. Hər ikisi əzab çəkir. Sonra baba çevrilib əldən düşmüş öküz, nəvə isə qəssab olur.

***

Mən bir dəstə cavan qıza rast gəlirəm; aralarında mənimlə bərabər kollecdə oxuyan və ilk sevgilim olan Marinanı görürəm. O, məni tanıyan kimi pörtür, qızarır və gülümsəyir. Canımı dişimə tutaraq, təəssüflə etiraf edirəm ki, bu xəstəlik hər iki tərəfi korlayır.

***

Mən ona ilk dəfə camaatın istirahət vaxtı gəzib-dolaşdığı bağda rast gəlmişdim. Lisey formasında idi. Etiraf edirəm ki, yanındakı heç kimdə maraq oyatmayan yoldaşını aralarındakı ziddiyyəti daha çox nəzərə çarpdırmaq məqsədilə gəzməyə çıxardırdı. O, nümunəvi yunan tipi idi: ideal burnu, parlayan sifəti, qara gözləri, dartılmış qara çatma qaşları, nadir gözəlliyi olan həddindən artıq incə barmaqları, bu barmaqlarla tez-tez arxaya atdığı saçları… Bax, bütün bunlar, məni hər şeydən çox valeh edirdi. Çünki mən qadının gözəlliyini həmişə onun əlinə baxaraq müəyyən edirəm. Mənə görə, gözəllik əllərlə bağlıdır. Əgər bir qadının açıq-göy, yəni səma rəngli gözləri varsa, yaxud, özü çox valehedicidirsə, əlləri cazibəli deyilsə, bu gözəllik qiymətini itirir. Əksinə, gözəl bədənli qadının həm də gözəl əlləri varsa, çox qazanar.

Beləliklə, onun da özü kimi nadir gözəl əlləri vardı: bu əllər bir sənətkar tərəfindən ideallaşdırılmış Madonnanın əlləri kimi idi. Və o bu əlləri abnos ağacının rəngində olan və tez-tez dalğalanan saçlarının arasına salırdı. Görəsən o, əllərinə mənim sadə və sakit baxışlarımı artıq hiss etmişdimi? Bununla belə, o, cazibədar olsa da, “nümunəvi” insan deyildi: ciddi, hətta ağır görkəmi vardı. Yalnız öz qadın yoldaşları ilə danışar, söhbət zamanı nadir hallarda gülümsəyərdi. Hətta qətiyyən gülməzdi.

Adət etdiyim təmkinimə baxmayaraq, mənim alim arsızlığım artıq utancaqlıqla əvəz olunmuşdu. Bu gənc liseyli qızdan gözlərimi çəkə bilmirdim. Onu ideal varlıqlar, ülvi insanlar kateqoriyasında yerləşdirirdim …       Mən onu olduğu evə mümkün qədər təmkinlə yola salırdım. Səhərlər oxuduğum kollecə gedəndə belə onun keçib getdiyi küçə ilə getməyə çalışırdım. Bəzən mənə xoşbəxtlik üz verəndə onu axtarmasam belə, təsadüfən qarşıma çıxırdı. Onu görərkən sifətimdə də, ürəyimdə də qanın qaynadığını və qaynayıb dayandığını, sonra yenidən dəli kimi tüğyan edəcəyini hiss edərdim. Bundan başqa, onun qızardığını da görürdüm. Biz susur, ciddiliyimizi saxlayırdıq.

Bir hiss məndən əl çəkmirdi: o, öz gücünü və təmizliyini saxlamaq naminə heç bir aldadıcı reallıqla toqquşmaq istəmirdi.

Mən həmişə qadın sevməzlikdən uzaq olmuşam. İndinin özündə də hər şeyə şübhə ilə yanaşan, qeyri-iradi düşüncəsizlik edilən yerlərdə gözəl cinsə qarşı istəyim yaranır. Mən bu hissin mənşəyi, yaranması barədə çox fikirləşirəm. Hətta bununla bağlı bir neçə dəfə “psixoanaliz” aparmış, fərziyyə şəklində bir nəticəyə gəlmişəm: mənim iki anam olub. Biri məni dünyaya gətirən, o birisisə qəbul edən və mənə ilk uşaqlıq illərindən qayğı göstərən qadın.

Birincisi atamın qanuni arvadı idi və mənə qayğısı atama “yoldaş” olması zərurətindən doğmuşdu. Məhz o ağır vəziyyətlərdə təsərrüfat, heyvandarlıq və s. işlərdə atama kömək göstərmiş, onu idarə etmişdir. Həmin vaxt mənim əsl şəhərli anam belə şeylərlə məşğul olmurdu.

Analığımın heç vaxt uşağı olmamışdı və mən doğulanda, görünür, məni köynəyindən keçirmişdi. Bu, doğuş rəmzi olan bir hərəkətdir: yəni mənə doğduğum kimi əziz olacaqsan. Həqiqətən də o məni sevir və çox ərköyün böyüdürdü. Mən də onu eyni dərəcədə sevirdim.

Mən bürkülü isti iki fəsili kənddə analığımın himayəsində qaldığımı indi xatırlayıram. Bu vaxtlar anam, qardaşlarım və bacılarım özlərini dəniz səviyyəsindən 1.880 metr yüksəklikdə olan kölgəli şəhərə verirdilər. Bu zaman mən bu təzadlı faktdan şübhəli bir nəticə çıxarmırdım ki, axı yay fəslində malyariya epidemiyasının aran əraziləri viran qoyduğu bir vaxtda öz sonbeşiyini bir nəfər yad qadına tapşırmaq nə dərəcədə düzgündü? Amma sonra mən qadının bu məntiqsiz hərəkəti haqqında düşünməyə başladım və anamın dərin məhəbbətinə heç vaxt şübhə etmədim.

Amma xəstə olduğumda anamın heç vaxt yanımda olmaması mənə bərk yer eləyirdi; qəm-qüssə içində olur, gecə-gündüz ağlayır və analığımın təsəlliverici nəvazişlərini rədd edir, özümdən uzaqlaşdırırdım…

Analığım mənə nəvaziş göstərmək üçün fürsəti heç vaxt əldən verməsə də, yaltaqlanmır, qılığıma girmir, bununla da öz “böyük” məhəbbətini təsdiq edirdi. Məsələn, o mənim oyuncaqlarımı – dəstəyinə gümüşlə naxış döyülmüş, mənim arzumla hazırlanmış qamçımı öz doğma qardaşı oğluna vermişdi? Nəyə görə?

Belə fikirləşirəm ki, uşaqlıqdan başlayaraq qəlbimə həkk olunan bu cür faktlar qadınlara sonrakı münasibətimdə həlledici rol oynamışdır.

Təhlil edə və mühakimə yürüdə bildiyim yaşda başqa faktlar da yadıma gələcək, qadınlara qarşı düşüncələrimi yenidən yürüdəcək, içimdə onlara inamsızlıq yaranacaqdır. Şəxsi səriştəm – ilk sevgim haqqında bir az əvvəl danışdı – bu fikrimi o qədər də dəyişmədi…

Mən ən azı üç qadın tanıyıram: onlardan biri cavan qızdır ki, dayanmadan Allaha and içib özünə qəsd edəcəyini deyir. Çünki bir gün tərk ediləcəyini bilir. Onlardan ayrılma səhnəsi əzablı və ziddiyyətlidir. İnsan ki bir dəfə ayrıldı, məcburən sevdiyi qadınların hərəkətlərini qəm-qüssə içərisində unutmalı olur. Amma rəhm etmək Allaha məxsusdur, onun işidir. Sonrasını – sevgi böhranının nəticəsini yalnız o bilir…

O qadınlardan biri dul idi və dediyim cavan qız da, bu qadın da bir neçə aydan sonra ərə gedəcəkdilər. Üçüncüyə gəldikdə isə, o, öz əri ilə barışmışdı və dəhşətli bir şəraitdə yaşasa da, yola gedirdilər. Onu da demək lazımdır ki, yazıq kişi keçib gedən bütün bu vaxt ərzində doğma ölkəsindən xəbəri olmadan daima qəm-qüssə içərisində yaşamışdı… Bilməlisiniz ki, həmin kişi bəndənizdir.

Yəqin bilirsiniz ki, xanımlar ən çox dəyərə malik insanlardır. Amma onlar sizə alçaqcasına xəyanət edirlər.

Qadınlar estetik baxımdan daha çox valehedicidirlər. Bir şərtlə ki, onları özündən çox kənara buraxmayasan…

Amma iş elə gətirə bilər ki, bu qadınlar sənin yoldaşın, ən cazibədar dostların olar.

II

Mən öz tariximi bu pro dom sua13-nı kənara qoymaqla öyrənirəm.

Xəyallarımı uzaqdan heç bir istək, arzu duymadan izləməyə davam edirəm ki, məni udan hislər haqqında onların doğulduğu yerə xəbər verə bilim. Üç ayın sonunda, məktəbin qapısından girərək gözdən itməmişdən əvvəl haqqında danışdığım qadın mənə gülümsədi. Necə həyəcanlandımsa, ona heç gülümsəyə də bilmədim. Üç ay bizim əlaqələrimizdə heç bir əhəmiyyətli dəyişiklik olmadan keçib getdi. Bəlkə hələ də onun baxışlarında məyusluqdan başqa bir şey qalmayıb.

Bir gün axşam adamla dolu parkda gəzərkən onu gördüm. Öz rəfiqəsi ilə birlikdə mənə tərəf gəlirdi. Artıq yayına bilməzdim. Tələsik salamlaşdıqdan sonra məndən onun fikrincə “bir az qəribə” olan ”bir şeylər” haqqında soruşdu. Həmişəki kimi ciddi idi. Ona cavab verdim:

– Mənə elə gəlir ki, sizi sevirəm.

O, bir az qəribə qarşıladı və dedi:

– Bir-birini tanımayan iki şəxs arasında məhəbbət hissindən necə danışmaq olar?

Onun səsi şirin idi, ancaq vərəmlilərin səsi kimi bir az “qırıq” gəlirdi. Mən vurulan eyhamı başa düşdüm: bunu kiminsə kiməsə təqdimatı “formasında” anlamaq qeyri-mümkün idi. O, öz adını dedi və rəfiqəsini təqdim etdi. Gəzişdik, boş-boş, əhəmiyyətsiz şeylər haqqında danışdıq, hər kəs öz yaşayışından söz saldı.

Həmin gecədən sonra bir neçə gün onu görmədim. Haqqında hər cürə fərziyyələr yürüdürdüm. Günlərin bir günü rəfiqəsi məktəbin çıxışında məni tapdı, çəkib bağa tərəf apardı və inandırdı ki, o, əzab çəkir. Eyni zamanda bir məktub verdi. Mən isə “vicdanıma and içdim”, söz verdim ki, məktubu oxuyandan sonra dərhal cırıb məhv edəcəyəm.

Sözümün üstündə durdum, uzun-uzadı yazılmış etiraf məktubunu oxudum. Əlinə ilk dəfə qələm götürən 16 yaşında cavan bir qızın bir az təmtəraqlı qələmindən çıxmış bu cümlələr məni öz xatirələrimə, zamanın dağılıb məhv olduğu vaxtlara aparıb çıxardı: “Münasibəti pozduğuma görə icazə verin…”, “sizə etiraf etdiyimi bildirirəm”…

O, məni bu parkda ilk gördüyü andan sevmişdi. Fəlsəfi və sentimental sözlərdən sonra o, məktubunu, mənə yalvararaq irqi və dini ziddiyyətlər səbəbilə onu yenidən görməyə can atmamağa, unutmağa cəhd etməyə çağırmaqla bitirir və məni “insana” qarşı həssaslıq göstərməyə səsləyirdi. Ümidim boşa çıxmış, məyus olmuşdum. İlk dəfə aldığım etiraf dolu məktubu – bir qadının məhəbbət sözlərini tamamilə Mopasansayağı bir düşüncə ilə, “yanma, cırma, heç vaxt dağılma, eşidin, ömrünüzboyu” və s. – deyərək cırıb tulladım.

Mənə öz rəfiqəsinin ailəsi haqqında məlumat çatdırması düzgün olmadığını bilirdim. Amma öyrəndim ki, bu fikirlər onun yox, türk-müsəlmanlara nifrət edən erməni fanatiklərinin fikirləri idi. Üstəlik onun atası xəstə yatırdı. Psixi xəstəydi. Anası da həmçinin… Bacısı ərə getmişdi, qardaşları isə çox qısqanclıqla ona nəzarət edirdilər.

Mən onun rəfiqəsinə məktubda yazılanları kədər içərisində oxuduğumu və başa düşdüyümü dedim. Sonra da söz verdim ki, rəfiqəsinin arzusuna əməl edəcəm. Hər şeyi başa düşdüyümü ona çatdırsın. Amma vəd vermək ona əməl etməkdən daha asandır…

***

Küçədə gəzən bir nəfər qəfildən yıxılır və yerdə “xəritəyə” dönür. O məni ötüb keçərək ona çatan birindən onu qaldırmağı xahiş edir. Ancaq, görünür bunu etmək üçün bir neçə çek lazım gələcək. İnsan–xəritə bunu verməyə borcludur. Bununla bağlı onlar gizli yığıncaq keçirir, pıçıldaşır, çekləri, qəbzləri bir-birinə tutuşdurur, mübahisə edirlər. Bu arada mən insan-xəritəyə yaxınlaşaraq onu qaldırıram. O, normal adama çevrilir. Ancaq əli çox yaşdır. Və o mənə yapışır… Yerlər dəyişir… İndi biz ayrı bir otaqdayıq. Həmin bu adam ingilisdir, öz adamlarının əhatəsindədir. Bir stəkan su istəyir, ancaq içə bilmir, çünki dodaqları mənim dodaqlarıma yapışıb…

***

İdman, ya da sənətkarlıq bayramıdır. Cavan qızlar, şərab ilahələri havadakı sürahilərin üstündə dayanıblar. Saçları kəsilmiş, hara gəldi dağılmışdır. Onlardan biri havadaca qolunu uzadaraq üstündə yatıb. Hansısa pozanı almış antik fiqurları xatırladır. Amma bu pozaya daha çox davam gətirə bilmir. Kənara çəkilərək yerə yıxılır.

***

Evimə qayıdıram. Arvadım nəsə hazırlamalıdır ən azı bunu hiss edirəm, çünki bu gün ad günümdür. Ancaq nahaq yerə vaxt itirir, nahaq yerə gözləyirəm.

***

Yamaq salmaq üçün pinəçiyə verdiyim ayaqqabıları geyib yoxlamalıyam. 49 cütdür. Divarın üstündə cütləşdiriliblər. Ancaq onlardan yalnız on bir cütümü sayıram. İki cütü hələ hazır deyil. Sağ ayağımı geyirəm, sol ayağımın ayaqqabısını geyinmək üçün heç kimi tapmıram.

Balaca uşaqlar bağda oynayırlar. Onların arasında lap balacası da var. Bir neçə aylıq olar. Onu əyləndirmək üçün qumun üstündə adam şəkli çəkirəm. Uşaq mənə 50 santim14 dəyəri olan bir sikkə pul tullayır, amma sonra dərhal da geri götürür.

Deyim ki, məktəb yaşıma qədər, yəni şəhərə köçdüyümüz vaxta qədər mənim pul ilə heç bir əlaqəm olmayıb: hər işim təbiətlə həll edilib, çünki ömrüm təbiətin qoynunda keçib. Hətta kəndimizdə kiminsə dükanı olub-olmadığını da deyə bilmərəm. Atam məni bəzən özü ilə getdiyi yerlərə, qonşu kəndlərə aparırdı. Oradan qayıdanda qoynum-qoltuğum dolu olurdu. Adi hədiyyələrlə qayıdırdım: cücə, dana, qoyun, quzu, xoruz və s. Öküzlə, yaxud kəl arabası ilə qayıdıb gələndə bütün qonşuları gətirdiklərimizə qonaq edərdik.

Le 18

Ücretsiz ön izlemeyi tamamladınız.