Kitabı oku: «Diplomat»
BİRİNCİ KİTAB
LORD ESSEKS
Birinci fəsil
Lord Esseks təyyarədə oturub trubka çəkir və gedənlərin geri dönüşünü gözləyirdi. Təyyarənin idarəetmə mexanizmləri buz bağlamış və yerə enməyə məcbur olmuşdu. Küləkli və qarlı rus düzənliyində düşüb qalmışdılar. Mak-Qreqor kömək gətirmək üçün ruslarla birlikdə getmişdi.
Əlli səkkiz yaşlı bu adam yaşından xeyli cavan görünürdü. Onun təravətli qırmızı sifəti, inamlı baxışları və donqar burnu vardı. Esseks yumşaq kresloda mürgüləyir, Moskvaya bir gün gec çatacağı onu narahat edirdi.
Özü Mak-Qreqoru bu səfər üçün seçmişdi. Çünki İran üzrə ən yaxşı mütəxəssis idi. Esseks Moskvada Molotovla olacaq görüşü düşünə-düşünə yuxulamağa çalışdı. Oyananda Mak-Qreqor yanında əyləşmişdi.
– Hə, Mak-Qreqor, bir kənd-filan tapdınız?
– Şimal tərəfdə bir kənd var. Pilot kirşə tapıb gətirəcək. Pilotlardan biri maşın tapmaq üçün hərbi düşərgəyə getdi. Moskvaya buradan qırx mil olar.
– Görünür, sabah Molotovun qəbuluna düşə bilməyəcəyik, – Esseks yerində gərnəşdi. – Hə, siz, doğrudanmı, İran Azərbaycanına bələdsiniz? İranda çox yaşamısınız?
– Az qala ömrüm boyu.
– Əla. Yəqin, Moskvada nəyə nail olmaq istədiyimizi anlayırsınız. Rusları İran Azərbaycanından çıxıb getməyə məcbur etmək və orada Tehran hakimiyyətini bərpa etmək lazımdır. Siz, gərək ki, bir vaxt İngiltərə-İran neft şirkətində geoloq olmusunuz?
– Hə, əslində, mən diplomatiyadan çox az bilirəm. Sizinlə göndəriləndə buna bərk təəccübləndim.
Mak-Qreqor yenidən özünə qapandı. Esseks Mak-Qreqorun rus dilini bilməsinin faydalı olacağını söylədi. Elə bu vaxt rus sərnişinlərin səsləri eşidildi. Onlar təyyarəyə doluşub əşyalarını götürdülər və aşağıda dayanmış kəndli kirşəsinə atdılar.
Pilot şən halda Mak-Qreqora rusca nəsə dedi və kabinəyə keçdi. Hamı əşyalarını aşağıdakı kirşəyə tullayırdı. Kirşə meşə yolu ilə kəndə yollandı. Esseks və Mak-Qreqor da düşüb qarın üstü ilə kəndə sarı addımladılar.
Onlar yerli poçt şöbəsində sobanın yanında oturub qızınanda Esseks deyirdi:
– Ruslara sərt üz göstərməyənə qədər bu məsələ həll edilməyəcək. Azərbaycan məsələsi böyük önəm daşıyır.
– Azərbaycanda əvvəllər də üsyanlar olurdu.
Bu vaxt onların dalınca maşın gəldi. Mak-Qreqor tərləmiş şüşəni silərək yolboyu qarlı çölləri, qaralan meşəlikləri seyr edirdi. Birdən şəhərin işıqları parladı.
Maşın onları Britaniya səfirliyinə gətirdi.
İkinci fəsil
İngilis səfirliyinə ser Frensis Dreyk başçılıq edirdi. O, Esseks və Mak-Qreqoru səhər yeməyinə dəvət etmişdi. Dreyk deyirdi:
– Mən bilirdim ki, gec-tez bu təyyarələrin biri düşəcək. Ruslar dəli kimi uçurlar.
Xidmətçi əlində məcməyi gəlib çıxdı. Dreykin köməkçisi ser Melbi qədəhlərə viski süzdü.
– Hə, Harold, – deyə Dreyk əlində qədəh qonağın qarşısında dayandı, – siz Azərbaycan məsələsində nəyə nail olmaq ümidindəsiniz?
– Bu haqda sizdən soruşmaq lazımdır. Ruslar sonuncu Moskva konfransına necə baxırlar?
– Görünür, nəticələrdən razı qalıblar.
– Əla! Deməli, güzəştə gedəcəklər.
Səhər yeməyi bol və ləzzətli idi. Həm yeyir, həm də söhbət edirdilər. Esseks soruşdu:
– İndi ruslar Azərbaycan məsələsinə nə münasibət bəsləyir?
– Mətbuat onların kortəbii etirazı, faşistlərə satılmış mülkədarlar və Azərbaycan Demokrat Partiyasının bu feodal yırtıcıları necə yıxmasından bəhs edir.
– Mak-Qreqor, sizcə, Azərbaycan üsyanı kortəbii hərəkat sayıla bilərmi? – Esseks soruşdu.
– Bu, tamamilə mümkündür, – Mak-Qreqor dedi.
– Sizcə, Azərbaycanda üsyana nə səbəb olub?
– Ümumi ağır vəziyyət.
Dreyk sərt səslə soruşdu:
– Bununla nə demək istəyirsiniz?
– Tehran hökuməti Azərbaycanı hər zaman sıxışdırıb. Orada hər zaman müxalifətçi partiyalar olub. Bir vaxt konstitusiyalı hökumətin yaranması ilə nəticələnən ilk üsyan da Azərbaycanda baş verib, bu hökumətdə rəhbərlərin çoxu azərbaycanlılar olub.
– Budur, görürsünüzmü, burada nə isə var. Lakin ruslar oradan çıxıb getməli idi, doğrudurmu?
Esseks ciddi nəzərlə Mak-Qreqora baxdı.
– Hamı çıxıb getməli idi.
– Məgər iranlılar təkbaşına öz həyat şəraitlərini yaxşılaşdırmağa qabildirmi? Hə, Mak-Qreqor?
Onun əvəzinə Dreyk cavab verdi:
– Bu, mümkün deyil. Mən iranlıları yaxşı tanıyıram.
– Siz nə deyə bilərsiniz, Mak-Qreqor? İranlılar bir iş görməyə qabildirmi?
– Əvvəllər orada tətillər olmazdı. İndi var. Siyasi partiyalar da yox idi. İndi hər yanda partiyalar qurulur. Orada nə isə yeni hadisələr baş verir. İran Azərbaycanına gəldikdə isə azərbaycanlılar hər zaman muxtariyyət əldə etməyə çalışıblar.
Esseks pəncərəyə yanaşıb buludsuz səmanı, qış səhərini seyr etməyə başladı. Məftil torla hasarlanmış buz meydançasında qırmızı cemperli bir qız konki sürürdü. Esseks Dreykdən soruşdu:
– Rusdur?
– Yox, ingilis qızıdır, – Dreyk Esseksi kabinetinə dəvət etdi və onlar otaqdan çıxdılar.
Esseks və Mak-Qreqor üçün ayrılmış iş otağı birinci mərtəbədə yerləşirdi. Pəncərədən buz bağlamış Moskva çayı, o tayda Kreml görünürdü.
Melbi o tərəfə baxırdı:
– Hökumət bu binalarda işləyir. Stalin elə burada da yaşayır, lakin heç kəs bilmir hansı binada.
Masaya bir bağlama kağız qovluq gətirildi. Bunlar Britaniyanın Tehran səfirliyində Azərbaycana dair toplanmış materiallar idi. Mak-Qreqor onları səliqə ilə masanın üstünə düzməyə başladı. Axşam yatağa uzananda artıq bu kağızların çoxu ilə tanış olmuşdu.
– Hə, Mak-Qreqor, bu, çoxdankı rəqabət məsələsidir. Rusiya öz təsirini yayır. Əgər onlar İran Azərbaycanına sahib olsalar, bütün İran əllərinə keçəcək. Biz İranda hər zaman rusların qarşısını saxlamışıq. Bu dəfə də mane olmalıyıq, – Esseks otağa gəldikdə ona dedi.
Mak-Qreqor öz aləmində idi. Esseks susaraq onun necə işləməsinə baxmağa başladı. Mak-Qreqor ayırmış olduğu dörd səliqəli kağız dəstini göstərib dedi:
– Birincidə İran Azərbaycanında nə baş verdiyi haqda sənədlərdir. İkincidə bizim etirazlardır. Üçüncüdə ruslara verdiyimiz təkliflər, dördüncüdə bu təklifləri müdafiə etmək üçün dəlillərdir. Məzmunu budur ki, İranın şimal əyaləti olan Azərbaycanda bir hərəkat genişlənir. Bizim səfirlik onları separatçı, onlar isə özlərini "demokrat partiyası" adlandırır. Onlar deyirlər ki, mövcud konstitusiya çərçivəsində muxtariyyət elan etmişlər. Azərbaycan demokratları deyirlər ki, onlar kişilər və qadınlar üçün ümumi seçki hüququ tətbiq ediblər, birpartiyalı parlamentə bənzər bir qurum yaradıblar. Onların birincidərəcəli vəzifəsi – torpağı kəndlilərə verməkdir. Ordu və polisin yenidən təşkilini, rüşvətxorluğun qadağan olunmasını tələb edirlər.
Esseks bu izahatı dinləyərkən yalnız gülümsəyirdi.
– Bəs bizim etirazlarımızda nədən bəhs olunur?
– Azərbaycanda hakimiyyətin dəyişməsi zor gücünə və rusların köməyi ilə olub. İran ölkəyə buğda verən rayonlardan məhrum olub. Azərbaycanda təşkil olunan ayrıca ordu vətəndaş müharibəsinə gətirib çıxara bilər…
– Sonra? Üçüncü bağlıda nə var?
– Ruslara təkliflərimiz bunlardır: qayda-qanunu bərpa etmək üçün Azərbaycana İran hökuməti tərəfindən jandarm və hərbi hissələr göndərilməsinə razı olsunlar. Ruslardan tələb edəcəyik ki, demokratlar İran hökumətinə tabe olsunlar. Yaranmış vəziyyəti öyrənmək üçün beş üzvdən ibarət komissiya yaradılmasını tələb edəcəyik.
– Öyrənmək məqsədi ilə komissiya – bu, həmişə faydalı gediş olub, – Esseks qeyd etdi.
– Komissiyanın tərkibinə bir rus, bir ingilis, bir nəfər İran hökumətindən, bir Azərbaycan demokratı, bir nəfər də amerikalı daxil etməyi təklif edirik.
– Bəli, bəli, sözsüz. Amerikalı hökmən olmalıdır. Nə qədər çox tələb olsa, bir o qədər yaxşıdır.
Mak-Qreqor davam etdi:
– Əldə bir sıra faktlar var; məsələn, biz hesab edirik ki, Azərbaycanda baş verən hadisələr demokratik hərəkat deyil, inqilabi hərəkatdır. İran isə belə kəskin hərəkatlar üçün yetişməyib, vətəndaş müharibəsi başlana bilər. Bu isə Orta Şərqdə sülh üçün təhlükə törədər…
– Materialların hamısı budurmu?
– Bəli, – Mak-Qreqor başını qaldırmadan cavab verdi.
– Bu materiallar əsasında biz rusları bütün İrandan sıxışdırıb çıxarmalıyıq. Bizim vəzifəmiz budur.
– Biz nəyə görə rusların İrandan çıxıb getmələrinə belə əlləşirik?
– İlahi! Siz bunu istəmirsiniz?
– İstəyirəm. Amma orada daha vacib iş tapa bilərdik.
– Bundan vacib nə?
– İranda vəziyyət ağırdır. Ruslarla birgə çalışaraq müəyyən işlər görməyi təklif edə bilərik.
– Axı nə təklif edə bilərik?
– İranı idarə edən bir ovuc rüşvətxorun əvəzinə əsl hökumət yaradılmasını… Əgər ruslar bizə kömək etməyə razılaşsalar, bu heç də çətin olmaz. Onda iranlıların dostluğunu qazanardıq.
– Bəlkə, İran neftindən əl çəkək? Onları xalqa verək?
Mak-Qreqor bu cavabdan razı qalmadı. Esseks onun qoluna girib Dreykin otağına apardı. Esseks Kremllə calaşmaq, Molotovun özü ilə danışmaq istəyirdi.
– Bu, mümkün olan iş deyil! – Dreyk səsləndi.
Elə bu vaxt bayaq konki sürən qız əlində kağız qovluq otağa daxil oldu. İndi o, qara libas və ağ yaxalıqda idi.
– Ketrin, nə gətirmisiniz? – Dreyk soruşdu.
– Məlumatlar toplusunu və Tehrandan teleqram.
Qız sakitcə Esseks və Mak-Qreqoru süzürdü. Teleqramı masanın üstünə qoydu.
– Təşəkkür edirəm. Tanış olun: lord Esseks və mister Mak-Qreqor. Bu isə Ketrin Klayvdır, – Dreyk dedi.
Qız başını tərpədərək soyuqqanlılıqla soruşdu:
– Qəzaya uğrayanlar sizsiniz?
– Bəli, – Esseks cavab verdi.
– Ruslar zəng vurub üzr istədilər.
Qız çıxdı. İçəri Melbi daxil oldu.
– Mən telefonda Antonovu tapa bildim. Dedim ki, məsələ İran Azərbaycanı haqqında danışıqlara aiddir. Antonov soruşdu ki: "Lord Esseks Azərbaycan barəsində nə demək istəyir?"
Esseks güldü.
– Mən oturub gözləyə bilmərəm. Mənə maşın verə bilərsinizmi?
Üçüncü fəsil
Səfirliyin "Rolls-roys"u Kremlin sol yanındakı körpüdən keçdi. Maşın Xarici İşlər Nazirliyinə yaxınlaşıb qapıda dayandı. Onlar düşüb içəri keçdilər. Bu gözlənilməz gəlişin növbətçidə çaşqınlıq yaratdığı aydın görünürdü. O, tez harasa zəng etdi. Az keçmiş pilləkəndə qara sağanaqlı gözlük taxmış alçaqboylu bir əməkdaş göründü.
– Hər vaxtınız xeyir, lord Esseks. Gözləməyə məcbur edildiyiniz üçün üzr istəyirik. Lakin gəlişiniz barədə xəbərdar edilməmişik. Yuxarı qalxmağı rica edirəm.
– Sağ olun ki, qarşımıza çıxdınız. Bu isə köməkçim Mak-Qreqordur.
– Mənim soyadım Korindir.
Onlar yuxarıda xalça döşənmiş bir otağa daxil olub əyləşdilər. Korin dedi:
– Cənab Suşkov bu saat gələr. Şöbə müdiri.
Suşkovun gəlişinə müntəzir olan Korin qımıldanmadan oturub susurdu. Suşkov gəldikdə ingilis dilində sərbəst və aydın tərzdə:
– Lord Esseks, sizi sağ və salamat görməyimə çox şadam, – dedi.
Esseks divandan qalxdı və Suşkovun əllərini sıxdı.
– Cənab Molotov nazirliyin bir əməkdaşını səfirliyə göndərmişdi ki, səhhətinizi öyrənsin.
– Görünür, rastlaşmamışıq, – Esseks əllərini yana açdı.
Araya sükut çökdü. Esseks az keçmiş dilləndi:
– İlkin danışıqlar qeyri-rəsmi xarakter daşıyır, müəyyən gündəlik yoxdur. Buna görə özümüz gəldik. Öz ehtiramımızı mister Molotova şəxsən yetirməyi arzulardıq. Bir də ki danışıqlara mümkün qədər tez başlamaq istərdik.
Suşkov dinmədən başını tərpətdi. Sonra söhbət İrandan düşdü. Bəlli oldu ki, ixtisasca dağ mühəndisi olan Suşkov da İrana yaxşı bələddir. Hətta Mak-Qreqorun atasını bir geoloq və coğrafiyaşünas kimi yaxşı tanıyır.
– Mister Molotovu görə bilərik? – Esseks soruşdu.
– Təəssüf ki, indi Moskvada deyil. Moskva konfransında gərgin çalışdıqdan sonra dincəlməyə getmişdir.
– Mister Suşkov, mister Korin, sizinlə tanış olmağıma çox şadam. Lütfən, mister Molotova çatdırın ki, gələn kimi onu görmək bizi çox məmnun edər, – Esseks dedi.
– Biz hər şeyi yoluna qoyar və sizə xəbər çatdırarıq.
Dördüncü fəsil
Səfirlikdə Esseks dedi ki, Suşkov ona xoş təsir bağışladı. Mak-Qreqor da onun barəsində yaxşı rəydə idi:
– Həmədanda bir alimdən başqa hələ atamın əsərlərindən xəbəri olan adama rast gəlməmişəm.
Onlar Molotovun zəngini gözləyirdilər. 1945-ci ilin son günü idi. Axşam düşür, Molotov zəng etmirdi. Esseks düşünürdü ki, Molotov onları bu gün çağırmaz. Melbinin mənzilindəki nahar sükutla keçdi. Nahardan sonra Mak-Qreqor şəhərdə gəzmək istədi. Az qaldı darvazanın ağzında başını aşağı salıb yeriyən qadınla toqquşsun. Ona yol vermək üçün kənara çəkildi, dərhal da onun konkisürən Ketrin Klayv olduğunu anladı. O, Ketrinlə salamlaşdı. Ona səkidən küçəyə enməsində kömək etdi. Ketrin Mak-Qreqorun qolundan bərk-bərk yapışmışdı.
– Siz hara gedirsiniz?
– Elə-belə, Moskvaya baxmaq istədim.
– Əvvəllər burada olmusunuz?
– Xeyr.
– Onda mənimlə Qızıl meydana gedə bilərsiniz. Siz, gərək ki, Mak-Qreqorsunuz, hə?
– Bəli.
Ketrin Klayv səfirliyin attaşesi vəzifəsini icra edirdi.
…Başları söhbətə qarışdığından Qızıl meydandan ötüb-keçmişdilər. "Britaniya müttəfiqi" redaksiyasına gəldilər. Bu qəzet Moskvada ingilislər və amerikalılar tərəfindən ruslar üçün ingiliscə nəşr edilirdi.
Onlar axşamdan keçmiş səfirliyə döndükdə Mak-Qreqor katibə – miss Uilyamsa rast gəldi. Miss Uilyams:
– Mən sizi gözləyirəm. Lord Esseks Molotovun qəbuluna getmişdir. Biz sizi tapmağa çalışdıq.
Mak-Qreqor Dreykin kabinetinə daxil oldu və otaqda indiyədək rastlaşmadığı bir adam gördü. Divana dirsəklənərək uzanmış, əlində trubka tutmuşdu. Sallaq bığları vardı.
– Əyləşin, Mak-Qreqor, – Dreyk dilləndi. – Bu, ser Con Askvitdir. Harada idiniz, Mak-Qreqor?
– Miss Klayvla birlikdə idik.
– Pis deyil, Mak-Qreqor! Özü də Moskvaya gəldiyiniz ikinci gün! – Askvit şuxluqla dilləndi.
– Ümidvaram ki, lord Esseksi çətin vəziyyətə saldığınızı anlayırsınız, – Dreyk davam etdi. – Gərək məsuliyyətinizi anlayıb səfirlikdən uzaqlaşmayaydınız.
– Harold özü birtəhər işin öhdəsindən gələr, – Askvit istehza ilə dedi və təklif etdi: – Bəlkə, centlmenlər bu söhbəti sabaha saxlasınlar?
Dəhlizdə Askvit Mak-Qreqora dedi:
– Yaxşısı budur gedək bizə, Haroldu birlikdə gözləyək. Arvadım şotlanddır, sizi evə aparmasam, məni bağışlamaz.
– Artıq gecdir, – deyə Mak-Qreqor etiraz etsə də, Askvit onun qoluna girdi. Artıq boyun qaçırmaq yersiz olardı. Onlar həyətdən keçib Askvitin yaşadığı evə tərəf gedəndə saat gecəyarısını vurdu və havaya aramsız fişənglər atılmağa başladı. Moskva Yeni ili qarşılayırdı.
Beşinci fəsil
Esseks Mak-Qreqora acıqlı idi: Mak-Qreqorun əvəzinə onu bu uzunqulaq Melbi və İran haqqında heç nə bilməyən tərcüməçi Coys müşayiət edirdi.
Molotov tipik rus sifətli gülərüz adamdı. Ucaboy deyildi. Ağarmış qabarıq bığları vardı. Oval şüşəli gözlük taxmışdı. Molotov onun əlini sıxıb danışmağa başladı. Arxada dayanmış rus tərcümə edirdi. Molotov təyyarə qəzasına görə təəssüf etdi, Yeni ildə ona ən xoş arzularını çatdırdı. Sonra digər adamları bir-birinə təqdim etdilər.
Molotov divanda, Esseks üzbəüzdəki kresloda əyləşdi.
Esseks kirşə ilə səyahətlərini danışanda Molotov şən-şən güldü. Sonra mətləbə keçməyi lazım bildi.
– İran haqqında danışmağa icazə verərsinizmi?
– Buyurun, – Molotov çox sakit tərzdə dilləndi.
– Moskva konfransından sonra İran Azərbaycanında şəraitin durmadan pisləşməsi bizi narahat edir. Bu əyalətdə hakimiyyəti ələ keçirən separatçıların hərəkətlərindən narazıyıq. İstərdik bu məsələni sovet hökuməti ilə birlikdə yoluna qoyaq.
– Bizim mövqeyimiz tam aydındır. Biz İranın daxili işlərinə qarışmayacağıq. İranda demokratik qüvvələrə də mane olmayacağıq, – Molotov təbəssümlə dedi.
– Mənim hökumətim İran Azərbaycanında yaranmış vəziyyətdən və onun bütün ölkəyə təsirindən narahatdır. Odur ki bir neçə təklifimiz var. Onları şərh etmək üçün izin verməyinizi rica edərdim.
– Əgər ingilis hökuməti İran Azərbaycanında baş verən hərəkatdan narahatdırsa, ona doğru məlumat verilməyib. Orada demokratik hərəkat baş verib, bu hərəkat bütün İrana yalnız faydalı ola bilər.
– İran Azərbaycanında bu hərəkat demokratik deyil, separatçı hərəkatdır. Buna sübutlarımız var. Onların məqsədi Azərbaycanı İrandan ayırmaq və orada müstəqil dövlət qurmaqdır. Bu isə, mister Molotov, 1942-ci ilin sovet-ingilis müqaviləsinə ziddir, – Esseks portfelindən bir sənəd götürərək dedi.
– Görünür, Britaniya hökumətinə yanlış məlumat verilib, – Molotov üzünün ifadəsini dəyişmədən dedi.
– Biz, həqiqətən də, dəqiq məlumatlara malik deyilik. Sorğumuza sovet səfirliyindən heç bir cavab almamışıq. Əyalətdəki vəziyyət Azərbaycan Demokrat Partiyası adlanan partiyanın bəyanatlarına əsaslanır. Onların hərəkətləri bütün İran üçün təhlükəlidir. İran Azərbaycanında yaranmış vəziyyət Böyük Britaniya və Sovet İttifaqına eyni dərəcədə dəxli olan məsələdir.
– Britaniya hökuməti bunu yerli, yoxsa beynəlxalq məsələ hesab edir?
– İndiki zamanda yerli əhəmiyyətli.
– Onda mən hesab edirəm ki, bu müzakirənin yeri İran olmalıdır. Böyük Britaniya və Sovet İttifaqı səfirləri arasında. Yerli əhəmiyyətli məsələlər onlara aiddir.
Molotov haqlı idi. Esseks tələyə düşmüşdü. Onun çoxtərəfli komissiya yaratmaq təklifi də uğur qazanmadı.
– Fikrimizcə, orada hər şey yaxşıdır. Biz axı nə barədə danışmalıyıq? – Molotov soruşdu. Sonra ayağa qalxdı. Bununla da bildirdi ki, görüş bitib. Esseks anladı ki, getməkdən başqa çarəsi qalmayıb. Paltosunu geyindi, kibrit çöpü götürüb trubkasını yandırdı və dedi:
– Lakin mister Molotovun cavabını qəti saya bilmərəm. Yaxın günlərdə mister Molotovla bir daha görüşməyə ümidvaram.
Molotov heç nə demədən onu qapıya qədər ötürdü. Onlar yenidən bir-birinin əlini sıxdılar. Esseks qapıda:
– Biz hələ görüşəcəyik, – dedi. – Mister Molotovun zəngini gözləyə bilərəmmi?
– Ola bilər, – deyə Molotov ötəri baş əydi.
Maşın səfirliyin darvazasından həyətə girəndə hündürboy bir kişi: “Harold!” – deyə səsləndi.
– Kimdir? – Esseks soruşdu.
– Aman Tanrım, məni tanımadı!
– Kimdir? – Esseks bu dəfə qeyzlə soruşdu.
– Con Askvit.
– Lənət şeytana, siz burada nə edirsiniz?
Onlar qucaqlaşdılar.
– Üç aydır buradayam. Gedək bizə.
Esseks qapıda Askvitin arvadı Ceyn ilə köhnə tanışlar kimi şən səslə görüşdü. Etinasız halda Mak-Qreqora gülümsədi, amma heç nə demədi.
Altıncı fəsil
Səhər yuxudan oyananda otaq günəşin qızılı şüaları ilə işıqlanmışdı. Mak-Qreqor yuyundu, səhər yeməyini yedi və Ketrin Klayva zəng vurdu.
– Sabahınız xeyir, – Ketrin cavab verdi. – Hə, necə oldu, dünən axşam sizi tapa bildilərmi?
İşin nə yerdə olduğunu Ketrinə danışdı. Onlar bir saatdan sonra buz meydançasında görüşməyə razılaşdılar.
Esseks hələ otağa gəlməmişdi. Mak-Qreqor yeni alınmış teleqramlara baxdı. Bir teleqramda deyilirdi ki, dövlət katibinin köməkçilərindən biri Harvard Universitetində mühazirə oxuyub, İran Azərbaycanı hadisələrini araqarışdıranların işi kimi qiymətləndirib.
Esseks gəldi. İngilis qəzetlərində onun Moskva səfəri barədə yazılanları oxudu. Dedi:
– Hamısı cəfəngiyatdır. Nələr uydurmurlar…
Esseks kabinetə gedəndə pilləkəndə Ketrin Klayvla rastlaşdı. Esseks onun atasını tanıyırdı. Onu Dreykin yanında səhər yeməyinə dəvət etdi.
– Lakin məni buz meydançasında gözləyəcəklər.
– Konkilər heç yana qaçmaz.
Esseks və Mak-Qreqor Molotovla dünənki görüşün hesabatını hazırlamağı səhər yeməyindən sonraya saxladılar. Esseks ruslara veriləcək nota üzərində də çalışacağını bildirdi. O, notanı Londondan siqnal alan kimi verəcəkdi.
Ücretsiz ön izlemeyi tamamladınız.