Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Diplomat», sayfa 2

Yazı tipi:

Yeddinci fəsil

O gün Esseksə Londondan siqnal gəlmədi. O biri gün səhər artıq səbrini itirmişdi. Səhər yeməyi zamanı çay içir, həm də "Tayms" qəzetini oxuyurdu. Bu vaxt Ketrin Klayv bir teleqram gətirdi. Lakin teleqram ruslara nota verilməsinə icazə deyil, nə isə başqa bir şeydi.

Bu, Mak-Qreqor haqqında göndərilmiş uzun bir teleqramdı. Amerika qəzetlərində Moskvada Mak-Qreqora istinadən şərhlərdən söz gedirdi. Bu şərhlər ruslarla münasibəti korlaya bilərdi. Belə hesab edilirdi ki, Mak-Qreqorun müxbirlərlə söhbətinə izin vermək olmazdı.

Ketrin Mak-Qreqorun otağına gəldi. Masanın üstündə sancaq keçirilmiş kağızlara baxanda bildi ki, Mak-Qreqor səhər teleqramlarını oxumuşdur. Teleqramlarda Azərbaycandakı üsyanın nəticələrindən söz gedirdi.

– Bir qədər əvvəl Esseksə də teleqram gəlib. Məncə, siz onda nə yazıldığını bilməlisiniz. Bunda qismən mənim də günahım var, – Ketrin dedi.

Mak-Qreqor susurdu.

– Görünür, müxbirlər Hember və Stayl sizin sözlərinizi rəsmi bəyanat kimi qələmə veriblər…

– Bu qəzetçilər axı nə əsasla mənə istinad edirlər?

– Siz Esseksi müşayiət edirsiniz, deyilmi?

– Lakin söhbət şəxsi xarakterdə idi. Bunu bilirdilər.

– Əlbəttə, bilirdilər. Amma onlar üçün müqəddəs və əziz heç nə yoxdur. Gərək sizi xəbərdar edəydim, günah məndədir. Esseksin nə tədbir görəcəyini bilmirəm…

– Qəzetçilərin bu hərəkəti məni heyrətləndirib.

– Onları hələ yaxşı tanımırsınız. Onların peşəsi belədir, – Ketrin bir filosof ahəngi ilə dedi.

Ketrin Mak-Qreqorun nə vaxt ona baxacağını gözləyirdi. Onun nəzərləri isə harasa düz irəli zillənmişdi.

– Doğrudanmı, Londona dönməyə hazırlaşırsınız?

– Mümkün olsa. Bu mənim işim deyildir. Mən nə etdiyimi dərk etməliyəm. Diplomatlar İran məsələsinə yanlış qənaət əsasında yanaşırlar.

– Arabir axınla üzməyə də çalışın. Bu, gözəl duyğudur. Xoşunuza gələcək. Daha bir neçə həftə gözləməyin sizdən ötrü nə fərqi var? Burada qalıb hadisələri izləyin…

Ketrin xizək sürməyə getdi, Mak-Qreqor isə Esseksin yanına qalxdı.

Esseks əlini sinəsində çarpazlayaraq kresloya əyləşdi.

– Mak-Qreqor, siz dinc adamsınız, lakin özünüzü cəncələ salırsınız. Amerikalılara demisiniz ki, mənim ümdə vəzifəm rusları Azərbaycandan çıxmağa məcbur etməkdir. Doğrudanmı, bunu onlara danışıbsınız?

Esseks qəzetin o yerini oxudu.

– Gör nə həyasız uydurmadır, – Mak-Qreqor dedi.

– Uydurmaq onların peşəsidir. Amma missiyamız təhlükə altına düşür…

– Mən onlara təhlükə yaradan heç bir söz demədim. Bütün bunları təkzib etmək asandır.

– Təkzib işi yalnız korlaya bilər. Mak-Qreqor, mətbuatdan oddan qorxan kimi qorxmaq lazımdır. – Sonra Esseks əlavə etdi: – Tutqun görkəminiz var, əzizim. Bu məsələ artıq bitdi.

– Bunu ürəyimə salmıram. Lakin etiraf edin ki, mən bu işə yaramıram.

– Nədir, qaçmaqmı istəyirsiniz, Mak-Qreqor? Artıq gecdir. İrana dair mənimlə nə qədər istəsəniz mübahisə edin. Təki missiyamıza mane olmasın. Axı siz, əminəm ki, ruslara haqq qazandırmırsınız?

– Heç də yox…

– Onda təşvişə əsas yoxdur. Yaxşısı budur, qəzetçiləri toplayaq. Ketrin buranın bütün müxbirlərini tanıyır.

– Bu Hember və Staylı da dəvət edək?

– Əlbəttə.

…Esseks qəsdən gecikərək aşağı enəndə hamı yığışmışdı. Dreyk, Melbi və Mak-Qreqor da orada idilər. Esseks içəri girəndə hamı dönüb ona baxdı. Müxbirlərlə tanışlıqdan sonra Esseks söhbəti, nəhayət, İran üzərinə gətirdi:

– Biz istəyirik İran barədə 1942-ci il müqaviləsinə hörmət edilsin.

– Rusların İrana göz dikdiyinə sübutlarınız varmı? – Hember israrla soruşdu.

– Bunu söyləmək çətindir. Mən ruslar barədə danışmağa vəkil edilməmişəm, – Esseks gülümsədi. O, söhbəti müqavilənin şərtləri üzərinə gətirmək istədi. Lakin onun sözünü kəsdilər. Kimsə nazik səslə soruşdu:

– Güman ki, neftin buna heç bir dəxli yoxdur?

Esseks həmin jurnalistə sərt şəkildə baxdı.

– Bəs onda orada nəyə nail olmaq istəyirsiniz, lord Esseks? – ingilis müxbir Holms soruşdu.

– Bax bu, birbaşa sualdır! Mən İranın şimal əyalətlərində qanuni hakimiyyəti bərpa etmək ümidindəyəm. Azərbaycan hadisələri barədə bizdə ifşaedici məlumatlar var. Güman edirəm ki, ruslar bizimlə danışıqlara həvəssizdir, lakin ortada faktlar var.

– Bunlar nə faktlardır ki? – balacaboy, ağbəniz missis Bell qəmzəli nəzərlə baxdı.

– Bax bu, sırf qadın sualıdır! Əziz missis Bell, bu faktlar indiki halda yalnız Molotovun qulaqları üçündür.

– Britaniya hökuməti İran Azərbaycanındakı islahatları öyrənibmi? Bu barədə nə deyə bilərsiniz? – sual verildi.

– Bunu Mak-Qreqordan soruşun. Buraya İranı yaxşı tanıdığına görə göndərilib. Yerli dilləri bilir.

Suala Mak-Qreqor cavab verməli oldu:

– Bu islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. İranda hər şeyin yenidən təşkilinə ehtiyac var.

– Bəs onda Azərbaycandakı islahatlara niyə etiraz var?

Mak-Qreqor Esseksə baxdı. Esseks dedi:

– Britaniya hökuməti hesab edir ki, demokratiya üçün xalqların heç də hamısı yetişməyib. Bu işdə tələsmək olmaz. Azərbaycan Demokrat Partiyası öz qonşusunun bolşevik partiyası timsalında yaradılıb.

– Demokrat Partiyasının və muxtar hökumətin buraxılmasını tələb edəcəksiniz? – deyə Hember soruşdu.

– Biz istəyirik ki, Azərbaycanda İran hökumətinin suveren hüquqları bərpa edilsin, – Esseks cavab verdi.

Müxbirlər dağılışmağa başlayanda Esseks yorulmuşdu. Sonuncuları qapıya ötürüb yüngül nəfəs aldı.

…Ketrin otağa daxil olanda Mak-Qreqor pəncərədən onların darvazadan çıxdıqlarına baxırdı.

– Hə, müxbirləri ifşa etdiniz? – Ketrin gülərək soruşdu.

– Dedilər ki, mən özüm günahkaram.

Səkkizinci fəsil

– Əgər bu gün nota vermək icazəsi almasaq, deməli, Londona dönməliyik. Bu gün cümədir, sabah Londondan bir şey qoparmaq, ümumiyyətlə, çətindir. Bazar ertəsi isə artıq gecdir, – Esseks Mak-Qreqora gileyləndi.

Mak-Qreqor da Esseks kimi səbirsiz olmuşdu. Esseks dedi:

– Bunun hamısı səfirliyin ucbatından baş verir. Onlar öz qayğıları ilə yaşayırlar. Gəl gedək Moskvaya baxaq.

Onlar metroya enib, qatarla bütün Arbat radiusunu gəzib geri döndülər. Dreyk onları xəbərlə qarşıladı: London cavab vermişdir. Esseksə hərəkət sərbəstliyi verilir, yalnız bircə şərt qoyulur: notanı Dreyk təqdim etməlidir.

– Mənə bircə şey aydındır, – Esseks söylədi. – Nota onları hərəkətə gəlməyə məcbur edəcək. Molotovun buna necə münasibət göstərəcəyinə baxmaq maraqlı olacaq.

…Onlar Molotovun deyil, Vışinskinin qəbuluna düşdülər. O, Esseksə öz ovunu səbirlə gözləyən aslan kimi göründü. Dreyk notanı verəndə Vışinski:

– Aha, nota! Nə barədədir? – sənədə baxıb soruşdu.

Onlar sadə dəri divanda və kreslolarda əyləşdilər. Dreyk səlis və aydın şəkildə dedi:

– Nota İrandakı siyasi vəziyyət haqqındadır. İran Azərbaycanında şuluqluğa görə təəssüf edir və sovet hökumətinə xatırladırıq ki, İranın işlərinə qarışması 1942-ci il müqaviləsinin pozulmasıdır. Azərbaycanda yaranmış şəraiti öyrənmək üçün xüsusi komissiya yaradılmalıdır.

Vışinskinin üzündəki ifadə dəyişmədi:

– Görünür, Britaniya hökuməti İran Azərbaycanında demokratik canlanmadan çox narahat olub.

– Biz, sadəcə, gerçək vəziyyəti göstəririk. Azərbaycanda vəziyyət gündən-günə pisləşir. Hesab edirik ki, sovet hökuməti bu məsələdə bizim marağımıza məhəl qoymur.

– Əgər ingilis təmsilçi nəyisə müzakirə etmək istəyirsə, söhbətə hazıram.

– Mak-Qreqor, mister Vışinskiyə deyin ki, biz İran Azərbaycanı məsələsini bütövlükdə müzakirə etmək istəyirik. Bunun üçün müvafiq konfrans tələb olunur. Və soruşun ki, bu konfransı nə vaxt çağırmağı mümkün sayır.

Bu an Mak-Qreqor anladı ki, bu missiya üçün əməlli-başlı məsuliyyət daşıyır. O, çox mühüm bir bəyanatı tərcümə edir!

– Konfrans çağırmaq üçün bir əsas görmürük. Lord Esseks belə bir təkliflə əbəs yerə bura gəlib. Cənab Molotovun artıq dediyi kimi, belə bir konfransın yeri İran olmalıdır. Biz İranda sülh və əmin-amanlıq olmasında hamıdan çox maraqlıyıq, – Vışinskinin cavabı belə idi.

– Onda əməli müzakirəyə keçək, – Esseks təklif etdi.

– Lord Esseks əməli müzakirə nəyə deyir?

– İranda qanuni hakimiyyətin bərpasına aparan hər şeyə.

– Amma bunu müdaxilə adlandırmaq olar. Sovet hökuməti xalqın durumunu yaxşılaşdıran hər dəyişikliyi bəyənir.

– Azərbaycanda baş verən dəyişikliyə bizim böyük şübhəmiz var, – Esseks aşkar səbirsiz ahənglə dedi.

– Bizdə isə belə bir şübhə üçün heç bir əsas yoxdur.

– Şübhə necə olmaya bilər ki, bir dövlətin əyaləti ondan parçalanıb ayrılır və bir ovuc fırıldaqçı tərəfindən müstəqil dövlət elan edilir?

– Bu məlumat doğru deyil. Azərbaycan İranın bir hissəsi olaraq qalır. Heç bir parçalanma baş verməyib. İndiki demokratik hökumətin ayrılmaq niyyəti yoxdur. Sadəcə, özünüidarə hüququnu həyata keçirir. Onların məqsədi xalqın həyatını yaxşılaşdırmaq, xalqı maarifləndirməkdir. Biz bunda maraqlıyıq.

– Siz Sovet İttifaqının İranda marağından danışırsınız.

– Bu, tam haqlı maraqdır.

– Xatırlatmaq istərdim ki, Böyük Britaniyanın da İranda öz marağı var.

– Bu doğrudur! – Vışinski istehza ilə söylədi. – Fəqət burada bir fərq var. Bizim İranda marağımız – qonşu marağıdır. Böyük Britaniyanın marağı isə neftdir.

– Bəlkə də elədir. Lakin yol verə bilmərik ki, bu marağımız təhlükə altına düşsün. Biz öz hüquqlarımızı nəyin bahasına olursa-olsun, qorumaq niyyətindəyik, mister Vışinski! – Esseksin sözlərində hədə-qorxu aydın hiss olundu. – Ona görə də Azərbaycandakı vəziyyəti yoluna qoymaq üçün konfrans çağırmağı təklif edirəm.

– Bəlkə, biz əvvəlcə bu notanı gözdən keçirək?

Esseks artıq söhbətin bitdiyini anladı. Ayrılanda onların mehriban dost olduqlarını zənn etmək olardı. Vışinski qapıya yaxınlaşanda Mak-Qreqora dedi:

– İrandakı vəziyyət barədə siz nə düşünürsünüz, Mak-Qreqor? Axı siz orada xeyli yaşamısınız.

– Mən oraya gedib nələr baş verdiyini görmək istərdim. Axı, cənab Vışinski, beş-altı ildir orada olmamışam.

Esseks əmin idi ki, növbəti addım həlledici olacaq.

Doqquzuncu fəsil

Mak-Qreqor həmişə sakit və dalğın görünürdü. Ketrin Parisə təyinat almışdı və hazırlıq içində idi.

Esseks deyirdi:

– Ruslardan müəyyən bir şey əldə etməyincə buradan getmərəm. Hə, o iki türk əyaləti məsələsiylə tanış ola bildinizmi? Qars və o biri… Heç yadımda saxlaya bilmirəm.

– Ərdəhan.

– Hə, elə o. Rusların bu əyalətlərə dair türklərə nota verəcəyi gözlənilir. Görünür, bizim notanın əvəzini çıxırlar. Türkiyədə olmusunuzmu, Mak-Qreqor?

– Yox.

– Mən orada olmuşam. Türkləri müharibəyə girməkdən çəkindirməyə çalışırdım. Fransa süqut etmişdi, türklər almanlara qoşulmağa hazır idilər.

– İndi türklərə ruslara qarşı çıxmaqda kömək edirik?

– Əlbəttə, biz rusları Dardanelə buraxa bilmərik.

Esseks amerikalılarla görüşə getdi. Mak-Qreqor Ketrin Klayvın kabinetinə daxil oldu.

– Mən bura rusların erməni əyalətləri hesab etdikləri türk əyalətlərinə aid materiallar üçün gəlmişəm.

Ketrinin köməkçisi qəhvəyi cildli, toz basmış bir kitab gətirdi. Bu, Kerzonun "Ermənistan" adlı kitabı idi.

– Məgər ruslar Azərbaycandakı oyuncaq hökuməti İranın daxili işlərinə qarışmaq üçün təşkil etməyiblər?

– Mən bu hökuməti oyuncaq hesab etmirəm.

– Bəs nə əsasla? – Ketrin soruşdu.

– Heç bir əsas olmadan! – deyə Mak-Qreqor sərt cavab verdi.

Onuncu fəsil

Bir gün sonra Vışinskinin Esseksi qəbul edəcəyi xəbəri gələndə Esseks Mak-Qreqora dedi:

– Hə, deyəsən, güzəştlərə nail olacağıq, Mak-Qreqor.

– Londondan gələn məlumatda deyilir ki, Azərbaycan hökumətinin tərkibini genişləndirmək üçün biz yeddi, yaxud səkkiz namizəd irəli sürürük. Bax budur, onların beşi haqda arayış düzəltmişəm. Vışinski ilə görüşdən əvvəl sizə maraqlı ola bilər, – Mak-Qreqor laqeydliklə dedi.

– Olduqca maraqlıdır. Onlar necə adamlardır?

– Yararlı adamlar deyillər. Yalnız adları mənə məlum olanları götürdüm. Dördü müharibə zamanı almanlara tərəf idi. İkisi isə uzun müddət müşahidəmiz altında olub.

– Müşahidə altında olanlar məhz kimlər idi?

– Ağa Təbrizi və Cəfəri Sadiq.

– Bəli, bəli, bu adları yaxşı xatırlayıram.

– London məhz bu iki adamı hökumətin tərkibində görmək istəyir. Onlar fanatik müsəlmandırlar. Onların gözündə Azərbaycan demokratları kafirlərdir, onları asmaq lazımdır. Onlar dini hakimiyyət istəyir.

– Fanatizm bizə fayda gətirər. Bunlar bəlkə də pis adam deyillər.

– Onlardan pisləri də var, məsələn, Kazım. Bir vaxtlar Azərbaycanda vali olub, kütləvi edamlara əl atıb. Son dəfə üç min adam asılmışdı. Bu Kazımın bir "gözəl" xasiyyəti var: adamları öz evində asdırır.

– Onu poz getsin. Mənə bunlardan altı yaxşı namizəd seçin. Biz burada Azərbaycanda İran hakimiyyətini bərpa etmək üçün oturmuşuq.

– Bu tip adamların köməyi ilə?

– Onlar başqalarından pis deyillər.

…Vışinski onları təbəssümlə qarşıladı. Vışinski Mak-Qreqorla rusca danışırdı. Esseks bu söhbətdən heç nə anlamırdı.

Onlar kreslolara əyləşən kimi Suşkovla tərcüməçi daxil oldular. Onlar bir-birinin əllərini sıxıb yenidən əyləşdilər. Vışinski başı ilə Suşkova işarə etdi:

– Nə qədər ki Moskvadayam, sizi Suşkovla tanış etmək istəyirəm. Suşkov özü azərbaycanlıdır – Sovet Azərbaycanından. Lakin danışıqlara başlamazdan əvvəl dürüst müəyyən etməliyik ki, Azərbaycan piyada fiqur deyil. Heç bir ölkə onun işlərinə qarışmamalıdır.

– Bu haqda biz hamıdan az düşünürük, – Esseks etiraz etdi. – İrana münasibətdə üzərimizdə öhdəliklər var. Danışıqların əsasında bu dayanır.

– Azərbaycana tərəzi gözündəki daş kimi baxa bilmərik. Biz ingilis notasını əsassız, düşünülməmiş bir nota kimi rədd etdik, – Vışinski ciddi şəkildə dedi.


– Etiraz edirəm, – Esseks çığırdı. – Nota İrandakı hadisələrlə bağlı dərin həyəcanımızı ifadə edir. Biz bu problemi sizinlə dostcasına həll etmək istəyirik.

– İngilis notası bir dost ölkənin o birinə müraciətinə bənzəmir. Hədə-qorxu ilə doludur. Sizin şübhələrinizi dağıtmaq istəyirik. Sizə bildiklərinizi Suşkova söyləmək imkanı veririk. O sizinlə bütün mövzuları müzakirə edəcək.

– Biz sovet hökumətinin bu səmimi münasibətini qiymətləndiririk, – Esseks donuq səslə dilləndi.

Getməzdən bir az əvvəl Vışinski ahəngi dəyişdi. Essekslə şən söhbətə başladı. Ona şəhərlə, onun teatrları, baleti və musiqisi ilə tanış olmağı məsləhət gördü. Eyni zamanda Mak-Qreqor Suşkovla söhbət edirdi. Esseksin qulağına çatırdı ki, söhbət İrandan, bir də rus petroqrafı professor Onegindən gedir. Suşkov deyirdi:

– Professor Onegin çoxlu idarə üçün işləyir. Bu saat harada olduğunu söyləmək çətindir. Zənnimcə, Uraldadır. Moskvaya gəlsə, xəbər verərəm. Məktub yazmaq istəsəniz, çatdırmağa həvəslə kömək edərəm.

Esseksə elə gəldi ki, onlar öz diplomatik rollarını bir anlığa unutmuşlar. Bu onun xoşuna gəlmədi və söhbətə son qoymaq üçün Vışinski ilə vidalaşmağa başladı.

On birinci fəsil

Esseks məyusluq içində idi. Bura Suşkovla söhbət üçün gəlməmişdi. Belə aşağı rütbəli adamla danışıq aparmaq Esseksin diplomatik ləyaqətini alçaldırdı. Con Askvit də zarafata salıb eyni sözü deyirdi.

– Nota ilə rusların öhdəsindən gəlmək olmaz. Bu üsul təsir göstərə bilmir. Sizinlə yalnız nəzakət xatirinə danışırlar. Sizə hər şeyi atıb evə dönməyi təklif edirəm.

Esseks Dreykdən də təskinedici bir söz eşitmədi. O qızışaraq etiraz edirdi ki, istəyinə nail olacaq. Bir şey alınmasa, Suşkovla danışıqlara Mak-Qreqoru göndərər. Lakin Dreyk dedi ki, bu, yanlış olar və öz aralarında qeyd etdi ki, Mak-Qreqorun işə yalnız zərəri dəyər. Hələ onu demir ki, Mak-Qreqor səfirliyin əməkdaşı Ketrin Klayva vurulub. Sonuncu məsələni Esseks sakitcə: "Biz hamımız ona vurulmuşuq", – deməklə zarafata çevirdi.

Bu missiya ilə bağlı hər şey Esseksi cana gətirmişdi. Moskvada bircə Ketrindən başqa, heç nə onu özünə cəlb etmirdi. Ketrini gözləməkdə ikən oturub Londona məktub yazdı ki, bundan sonra Rusiyada qalmağı boş yerə vaxt itirmək hesab edir və gələn həftənin əvvəlində Londona dönmək fikrindədir.

Mak-Qreqor isə Ketrinlə söhbətində əksinə, missiyalarının, nəhayət, real zəmin almasından danışırdı. Bunu Suşkovun İranı yaxşı tanıması ilə əsaslandırırdı.

…Səfirliyin "Rolls-roys"u Moskvanın buz bağlamış küçələri ilə yüngülcə şütüyürdü. Esseks arxa oturacaqda oturmuşdu. Mak-Qreqor susur, bu uğursuz danışığın Esseksin ovqatını korladığını anlayırdı.

Suşkov Esseksə elə bir dərs vermişdi ki, bu dərsi ona Mak-Qreqorun özü də həvəslə verə bilərdi. Suşkov Esseksə demişdi:

– Sizə görə, guya, Demokrat Partiyası öz varlığına görə sovet təsirinə minnətdardır. Bu fikrin cəfəng olduğunu göstərmək üçün sadə yol – sizə İran barədə danışmaqdır. İranlılar – məzlum, əzab çəkən, dilənçi kökündə yaşayan xalqdır. İranda ölüm faizi dünyada ən yüksək göstəricilərdən biridir. Uşaq ölümü o qədər yüksəkdir ki, mahiyyətcə bu xalq qırılıb bitmək təhlükəsi ilə üzləşib. Kəndli tam hüquqsuzdur, fəhlə qəpik-quruş alır. Sizin neft şirkəti İrandan ildə iki yüz milyon funt-sterlinq gəlir əldə edib, bu isə İranın milli gəlirindən yüz dəfə çoxdur. İndiyədək polis terroru üzündən İran xalqı öz siyasi partiyasını yarada bilmirdi. Sovet İttifaqının İranda gördüyü yeganə iş odur ki, polis daha xalqı boğa bilmir. Azərbaycan Demokrat Partiyasını bizim yaratdığımızı demək – onları təhqir etməkdir. Bu partiyanı xalq yaradıb. Biz İranın daxili işlərinə qarışmırıq. Amma Britaniya hökuməti pis niyyətlə İranın daxili işlərinə qarışır.

Dreyk səfirlikdə bu uzun nitqi dinləyib soruşdu:

– Bəs siz danışığı nə ilə bitirdiniz?

– Mən sənədlər qovluğunu onun qarşısına qoydum. Dedim, buyurun, bu da sizə faktlar.

– Bunun təsiri olacağına şübhə edirəm, – Dreyk dedi.

– Narahat olmayın, təsiri oldu. Sənədləri götürəndə onun yekə kəndli əlləri titrədi. Sovet hökuməti bizim təklifləri həvəslə Təbrizə verəcək. Suşkovun bu sənədləri ətraflı öyrənməsi vacibdir.

Esseksi narahat edən o idi ki, rusların siyasəti onun üçün tam anlaşılmazdır. Ona rus siyasətinə açar verə biləcək bir adam lazım idi. Bu isə Mak-Qreqorun işi idi.

Dreyk getdikdən sonra Esseks ondan soruşdu:

– Niyə mənə ruslar barədə az danışırsınız?

Mak-Qreqor bir az susdu, sonra dedi:

– İran haqda bizdə olan məlumatlar yanlış və qeyri-ciddidir.

– Ruslar Azərbaycanda oyuncaq hökumət qurublar. Bu isə dediyin yanlışlıqlardan qat-qat üstündür. Niyə kifayət qədər fakt toplamamısınız?

– Bu kimi materiallar üçün Azərbaycana getmək lazım idi. Mübahisənin əsas mövzusu Azərbaycan demokratları haqda məsələdir. İranda və Azərbaycanda yaranmış vəziyyət bizi, doğrudan da, narahat edirsə, bunun yalnız bir yolu var – özümüz ora gedib nə baş verdiyini yerində araşdırmalıyıq. Bax onda ruslarla mübahisə etmək olar.

On ikinci fəsil

Dreyk Londondan göndərilmiş, Esseksə danışıqları kəsib Londona dönmək göstərişi verən teleqramı oxudu. Dreyk istədi bu teleqramı özü aparsın, sonra fikrini dəyişib Ketrini çağırdı. Xəbəri ona dedi və diqqətlə Ketrinin üzünə baxdı.

– Doğrudanmı? – deyə Ketrin laqeyd halda soruşdu.

– Ruslarla bu, asan məsələ deyil. Budur, Xarici İşlər Nazirliyi bugünkü ziyafətə dəvətnamə göndərib. Bilirsinizmi bu ziyafət kimin şərəfinədir? Moskvaya gəlmiş bir neçə Azərbaycan qiyamçısının şərəfinə. Ruslar düz Esseksi nişan almışlar.

– Siz getməli və özünüzü elə göstərməlisiniz ki, bu dəvətə heyran olmusunuz, – Ketrin gülərək dedi.

– Səfirliyin heç bir əməkdaşı ora getməyəcək. İştirakımız azərbaycanlıları tanımaq anlamına gələr. Belə bir tələyə düşə bilmərik.

Ketrin teleqramı götürüb dinməzcə otaqdan çıxdı.

Esseks və Mak-Qreqor buxarının başında oturub şampan içirdilər. Ketrin soruşdu:

– Nəyi bayram edirsiniz?

– Yeni hücum üçün qüvvə toplamalıyıq.

Esseks teleqramı oxudu və ucadan: "Ah, şeytan!" dedi. Mak-Qreqor da teleqramı oxuyub hiddətləndi.

– On gündür buradayıq. Onlara isə bu on gündə möcüzə lazım imiş, – Esseks donquldandı.

– Bəlkə, London Moskvaya Azərbaycan nümayəndələrinin gəlməsindən xəbər tutub? Bugünkü qəbuldan xəbəriniz varmı? – Ketrin soruşdu.

– Mənə bəllidir, Londona bəlli deyil, – Esseks dedi.

Mak-Qreqor nə baş verdiyini heç cür anlaya bilmirdi.

– Mak-Qreqor, mən Molotovla görüşməliyəm. Buna bircə yol var – ziyafətə getmək. Qoy bu, sürpriz olsun. Onlar, əlbəttə, bizi gözləmirlər. Gedim Frensislə danışım, – Esseks düşüncələrə dalmış halda dedi. – Qoy Ketrin bütün səfirliklərə bildirsin ki, biz ziyafətdə olacağıq.

Dreyk Esseksin planını dinlədi.

– Bu, eşidilməmiş haldır. Qiyamçıları de-fakto tanımaqdır. Ruslar bunu məhz belə qəbul edəcəklər.

– Qoy olsun. Sonra anlayacaqlar ki, səhv etmişlər. Ən vacib məsələ – Molotovu mümkün qədər tez görməkdir. Ruslar bizi orada görəndə təəccübdən özlərinə gələ bilməyəcəklər. Bu düyünü açmaq üçün əlləşəcəklər.

Dreyk kresloya söykəndi:

– Mən getmirəm, Harold. Bu, ağılsız oyundur. Səfirlikdən də heç kəs getməyəcək.

– Uzaqgörən adam deyilsiniz, Frensis. Ruslarla münasibətlərdə cəsarət və inadkarlıq lazımdır.

– Burada, səfirlikdə ağa mənəm, Harold. Buradan bir adam da ziyafətə getməyəcək. Sizə də bunu məsləhət görürəm, – Dreyk hirsindən göyərərək cavab verdi.

– Hökmən gedəcəyəm, – Esseks dediyindən dönmədi.

Esseks öz kabinetinə gələndə Mak-Qreqora dedi:

– Bu azərbaycanlılar haqda danışın, Mak-Qreqor. Görün kimlərdir? Aralarında hərbçi varmı?

* * *

Onlar Askvitin kiçik avtomobilində getməli oldular. Esseksin təkidi ilə Ketrin də onlarla gedirdi. Mak-Qreqor öndə, Esseks və Ketrin arxa oturacaqda əyləşmişdilər. Düşəndə onlar öndə, Mak-Qreqor arxada gedirdi. Ketrin par-par yanan mavi və qızılı rənglər içində əsl bir saray xanımı üslubunda geyinmişdi.

Esseks düşünürdü ki, Moskvadan əliboş getməyəcək, heç olmasa, Ketrini özü ilə Londona aparacaq.

Ketrin anlayırdı ki, bu zahiri parıltılar Mak-Qreqorun ürəyincə deyil. Mak-Qreqor boz kostyumda alim görkəmində idi.

Zalda Esseks bir yerdə tərpənmədən durmuşdu. Nəhayət, Molotov onu görüb gülə-gülə yanaşdı. Ketrinə rusca "salam" deyərək Esseksin əlini sıxdı. Molotov rusca danışmağa başladı. Mak-Qreqor aralıda idi, Ketrin onun köməyinə gəldi və birtəhər tərcümə etdi:

– Mister Molotov deyir ki, lap vaxtında gəlmişsiniz. O sizinlə bir də görüşməyə ümid bəsləmirdi.

Molotov onları Vışinski, Mayski, Mikoyan, Litvinov və Korindən ibarət öz qrupuna sarı apardı.

Adamlar bir ucdan gəlməkdə idi. Esseks generallara baxır, Çexovun pyeslərini düşünürdü. Bu vaxt bir qarabəniz adam onlara yaxınlaşdı və ingiliscə dedi:

– Axşamınız xeyir, lord Esseks!

Ketrin dedi ki, bu, İran səfirliyindən gəlmiş Sübhi Əladır.

– Səfirim xahiş etdi, buraya gəlim. Təşrif gətirmək fikrində deyildik. Sizin burada olacağınızı biləndə qərarımızı dəyişdik, – Sübhi Əla bildirdi.

– Azərbaycandan gəlmiş soydaşlarınızla tanışsınızmı?

– Yalnız adlarını bilirəm. Onlarla kəlmə kəsməmək barədə qəti təlimat verilib.

– Niyə ki? – Esseks gülümsədi. – Yoluxmaqdan qorxursunuz?

Salamlama mərasimi başa çatanda Esseks Ketrinin qoluna girib zalın ortasına irəlilədi. Molotov bir qrup adamın arasında dayanmışdı. Azərbaycan nümayəndələri elə bu adamlar idilər. Suşkov da burada idi.

İngilislərlə yanaşı oturan Amerika səfirliyinin katibi Riçmond Eddi rişxəndlə dedi:

– Mister Molotov azərbaycanlılarla oturub.

Bütün otaqlarda hər zövqə və iştaha uyğun yeməklər, saysız-hesabsız içki şüşələri qoyulmuşdu.

Ketrin əsl ingilis-sakson ləyaqəti ilə davranırdı. Esseks onun davranışına valeh olmuşdu. Qoy missiyası uğursuz olsun, əvəzində Ketrini özü ilə Londona aparacaqdı.

Molotov Esseksi onun bu vaxta qədər sevmədiyi azərbaycanlılara şəxsən təqdim etdi. Ağsaçlı azərbaycanlı Cahansuz idi. O, ingiliscə danışırdı. Sonra Molotov qalan üç azərbaycanlını da bura gətirdi. Cahansuz ortaboy, qarasaç, qaragözlü adamı təqdim etdi:

– Abbas ağadır. Müəllimdir.



İkinci qarabəniz, yaşlı adam qara sürtük geymişdi.

– Mirzə Həsəndir. Ona ingilis dilini öyrədə bilmədim. Lakin doğma dilimizdə bir çox dərsliyin müəllifidir.

Üçüncü azərbaycanlı ucaboy, arıq bir adam idi. Avropasayağı geyinmişdi.

Esseks tələsmədən yeyir, arabir Cahansuz və Mayskiyə replika atırdı.

– Siz Moskvada çoxmu qalacaqsınız?

– Yox, çox qalmayacağam, – Esseks qulaqlarını şəklədi: "Bu qoca ona lağ eləmir ki?"

– Qorxuram ki, biz də çox qalmayaq. İlk dəfədir Moskvadayam, istərdim burada çox qalıb şəhəri gəzəm.

– Buraya iqtisadi missiya ilə gəlmisiniz?

– Xeyr. Maarif sahəsində müzakirə aparmağa gəlmişik.

– Maarif? Anlaya bilmədim. Niyə məhz buraya?

– Gedəcəyimiz başqa yer yoxdur.

– Belə de… – Esseks maraqla ona baxdı.

– Dostlarımız ruslar Azərbaycan dilinin tədrisi üzərində gərgin işləyiblər. Axı onların öz Azərbaycanı var. Onun maarif təcrübəsi bizim üçün böyük önəm daşıyır. Bizdə maarif – ağrılı məsələdir. Məktəblər azdır, üstəlik, bizə fars dilini qəbul etdirirlər, halbuki bu dil bizə yaddır. Biz tədrisi doğma Azərbaycan dilimizdə aparmaq istəyirik.

– Lütfən deyin, ingilis dilini harada öyrənmisiniz? – Esseks soruşdu.

– Uşaqlıqda ingilis tərbiyəçim vardı, sonra isə Oksfordda oxumuşam.

– Oksfordda? – soruşan Esseks təəccüb içində idi.

Bu əsnada Molotov onlara yaxınlaşdı. Hamıya müraciətlə qədəhini yuxarı qaldırdı:

– Bu iki adamın şirin söhbət etmələrindən görünür ki, bir-birini yaxşı anlayırlar. İçək qarşılıqlı anlaşmanın sağlığına.

Esseks anladı ki, çoxdan gözlədiyi məqam çatıb.

– Məsələ bundadır ki, mister Molotov, sizinlə bir-birimizi istənilən şəraitdə anlaya bilirik. Məhz elə sizinlə danışmaq üçün Moskvaya gəlmişəm.

Molotov Suşkov tərəfə baxdı. Cavan diplomat otağın o başında Mak-Qreqorla söhbət edirdi.

– Budur, bir-birini anlayan daha iki adam.

– Yalnız anlamaq deyil, məsələni həll etmək gərəkdir.

Molotov başqa bir nəfərlə söhbətə başladı. Sonra qədəhini rus və əcnəbi qonaqların qədəhlərinə vura-vura qapıya yaxınlaşdı. Qapının lap ağzında Suşkov və Mak-Qreqorun yanında dayandı. Molotov dedi:

– Mister Mak-Qreqor, ümidvaram bizim azərbaycanlı qonaqlarla tanış olmusunuz. Sizə cənab Cahansuzla söhbət etmək lazımdır. Axı siz onu tanıyırsınız.

– Tanıyıram, – Mak-Qreqor heyrət içində dedi.

– Onu Moskvada görmək sizin üçün gözlənilməzdir?

– Moskvada hər bir görüş mənim üçün gözlənilməzdir, – Mak-Qreqorun bu sözünə Suşkov güldü.

– Heyif ki, bu tezliklə gedirsiniz.

– Biz hələ bir qədər ləngimək fikrindəyik. Lord Esseks bizlərin daha bir dəfə görüşəcəyinə ümidvardır, – Mak-Qreqor öz sözlərinə heyrətləndi. Bu sözü deməməli idi.

– Sizcə, bunun faydası olardı? – Molotov soruşdu.

– Məncə, lord Esseks bu görüşü çox arzulayır.

– Nə deyirəm ki! Bunu təşkil etməyə çalışarıq, – Molotov qədəhləri toqquşdurmaq istədi. Lakin Mak-Qreqorun qədəhi boşalmışdı, o, cəld masaya yaxınlaşdı ki, qədəhi doldursun. Molotov gözləməyib zalı tərk etdi.

Esseks və Ketrin səfirliyə birlikdə döndülər. Mak-Qreqor təkbaşına dönməli olacaqdı. Ketrin onun üçün narahat idi. Mak-Qreqor bütün axşamı zalın o başında azərbaycanlı ilə söhbət edirdi.

Ketrin ona yuxu və kədər gətirən tünd Qafqaz şərabından sonra açıq havaya çıxdı. Sahil küçəsinə keçdi və çayın üstündəki körpüdə dayandı. Bir ovuc qar götürüb üzünü ovuşdurmağa başladı. Birdən səksəndi, arxadan kiminsə səsi eşidildi.

– Burada nə edirsiniz, Keti?

Bu, Mak-Qreqor idi. Ketrin qartopunu əlindən yerə saldı. Mak-Qreqorun paltosunun yaxasından yapışaraq ona qısıldı.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺48,23
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
106 s. 11 illüstrasyon
ISBN:
9789952241709
Telif hakkı:
Altun Kitab / Алтын Китаб
Metin, ses formatı mevcut
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 4,5 на основе 2 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 4 на основе 1 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок