Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hekayələr», sayfa 2

Yazı tipi:

Bu insan oğlu isə belə bir döyüş haqda fikirləşmirdi də, elə isə qoy öz yoluyla çıxıb getsin.

Günortaüstü adam artıq böyük aşırımın başına gəlib çatmışdı. Qartallar elə ki gördülər insan oğlu oradan uzaqlaşdı və bir azdan gözdən itəcək, onlardan biri qaqqıldadı: “İnsan getdi!..” İkinci qartal ona qısaca cavab verdi: “Getdi”.

6

Nurbek aşırıma gəlib çatana kimi tamam əldən düşmüşdü. O, indiyəcən insan ayağı dəyməmiş qalın qar örtüyünün üstü ilə irəliləyirdi. Aşırımda güclü və soyuq külək əsirdi. Artıq bir sutka olardı ki, dilinə heç nə dəyməmişdi. Aşağılara enmək lazım idi, bəlkə, oralarda çobanların yaşadığı alaçıqlara rast gələ bilərdi. Aşırımdan dağın mənzərəsi ovuc içi kimi görünürdü. Aşağılarda, dərənin lap dibi ilə böyük bir çay axırdı. Ancaq heç bir yaşayış nişanəsi gözə dəymirdi. Nurbek taqətsiz halda bir daşın üstündə oturdu və əlləri ilə üzünü örtdü. “Bu vəhşilər yaşayan dağlarda, ucqar qayalıqlarda insan nə gəzir? – Nurbek fikirləşdi. – Yalnız mənim kimi axmaqlar bu cür yaşaya bilər!” – O, başını bir az da aşağı saldı və gözlərini yumdu…

Külək güclü əsəndə ocağı ya daha da alovlandırar, ya da tamam söndürər. Əzəlki Nurbek sönmüşdü. İndiki Nurbek isə bir tikə çörəyə həsrət qalmış qaçaq idi, indi o, sakit bir yer tapıb ocaq qalamaq, canını qızdırmaq istəyirdi.

“… Mənim Aynagülümün dayısının yaşadığı rayona nə vaxta gedib çata bilərəm? – Nurbek fikirləşdi. – Deyirdilər ki, bu aşırımdan o yana ikigünlük yoldur. Ondan borc olaraq yolpulu götürərdim, şəhərə gedib Aynagülə and-aman edərdim ki, bir də “xam torpaq” sözünü dilimə almayacam!”

Nurbek yerindən durdu və çaya tərəf hərəkət etdi. Aşırımın yüksəkliyindən yol əl içi kimi görünürdü. Ancaq bir az keçmiş Nurbek özünü sal qayalarla əhatə olunmuş bir yerdə gördü; ətrafda daşlardan başqa heç nə gözə dəymirdi. Nurbekin canına qorxu düşdü. O bu daşlı dərədən qaçıb canını qurtarmaq üçün addımlarını yeyinlətdi. Tezliklə ətrafa qaranlıq çökdü, sanki gecə düşmüşdü. Nurbek başını qaldıranda başının üzərində alçaqda toparlanmış qara buludlar gördü. O, bir az da sürətlə yeriməyə başladı. Şimşək çaxdı və daşların üzərinə iri, ağır yağış damcıları düşməyə başladı. Ardınca soyuq və sərt külək qopdu, sonra dolu yağmağa başladı. Dərələri sel başına götürdü. Buludlar səmanı bürüdü və ağırlaşaraq aşağılara endi. Ətrafa zülmət qaranlıq çökdü. Nurbek harada gizlənəcəyini bilmədi. O, münasib yer axtarmaq üçün ora-bura vurnuxmağa başladı. Şimşək isə sanki onu axtarırmış, ələ salırmış kimi Nurbekin arxasında gizləndiyi qayalara çırpılır, ətrafa işıq saçırdı. İldırım guruldayır, sanki pəhləvan qəhqəhə çəkirdi: “Axa-xa-xa-xa!”

Nurbek tamamilə özünü itirdi. O, hara gedəcəyini, nə edəcəyini bilmirdi. Yuxarıdan böyük bir qaya parçası qopub onun başının üzərindən yan keçərək yerə düşdü. Bunun ardınca dalbadal daşlar diyirlənməyə, qabağına çıxanları süpürüb atmağa başladı. Nurbek daldalı çəkilərkən aşağı yuvarlandı…

7

Bir neçə gündən sonra Nurbek ilk dəfə həyət-bacaya çıxdı. Yaralı ayağının ağrısı hələ kəsməmişdi. Nurbek axsayırdı, öskürək də ki ondan əl çəkmirdi.

Onu tapan və qulluğunda duran insanlar bir-biri ilə sözləşibmiş kimi, ona heç nəyi xatırlatmırdılar. Hələ ki Nurbek özü başına gələn dəhşətli hadisəylə bağlı kimsədən heç nə eşitməmişdi. Doğrudur, Asiya dərhal öz sözünü demişdi:

– Mən sizin yerinizdə olsaydım, belə etməzdim! Kim ki məsuliyyətdən qorxur… – Asiya sözünü tamamlamadı, elə bil Nurbekə yazığı gəldi, dərindən nəfəs aldı. – Siz hər şeyi olduğu kimi danışdınız, mən heç cür inanmıram ki, siz belə bir iş tutasınız!..

Nurbek bir az toxtadı. “Asiya məni başa düşür, – deyə düşündü. – Deməli, mən o qədər də pis adam deyiləm. O mənə inanır. Bəs başqaları necə? Mənə inanacaqlarmı?” Bir neçə dəqiqə keçmiş onun ürəyində başqa fikirlər baş qaldırdı: “Nə üçün bu adamlar yuxarıları məlumatlandırıb məni ələ vermək istəmirlər? Yoxsa mənim sağalıb ayağa durmağımı gözləyirlər? Bəyəm mənim cinayətkar olmağım həqiqət deyilmi? Hə, mən məhv olmuş adamam! Nahaq mənə yazıqları gəlir, mən öz cəzamı çəkməliyəm!..”

Ancaq Aynagül yadına düşəndə fikrini dəyişirdi: “Yox, mən gərək tezliklə buradan çıxıb gedəm. Bu cür yaşamaqdan bezdim artıq. Mən Aynagülün yanına qayıdacam və biz sakit, firavan ömür sürəcəyik”.

Gecələr gözünə yuxu getməyəndə Nurbek çarpayıda uzanıb başına gələnləri adamlara necə izah edəcəyi haqda düşünürdü; həmin gecə mühərrikin nə üçün söndüyünü götür-qoy edirdi. Aydın məsələdir ki, hər traktor dağlıq ərazilərdə işləməyə qadir deyil. Onun dağlıq ərazilərdə işləyə biləcək yeni, təkmilləşdirilmiş traktorlar haqda da öz fikirləri var idi… Ancaq bütün bunlar indi kimə lazım idi… Bəyəm yenidən ora qayıtmağa cəsarəti çatacaqdı, insanların üzünə necə baxacaqdı?

Hər gün səhər tezdən Asiya və hidrotexnik Bektemir kanat yolunun yedəyinə əyləşib yan tərəflərdəki bucurqadı2 fırladaraq çayın üzərindəki trosla o biri sahilə keçirdilər. Sonra isə onlar sahil boyunca yuxarılara, Baydamtalın qarlı mənbəyinə gedib çıxırdılar. Asiya orada öz müşahidələrini aparırdı. Nurbek onları keçidə qədər ötürür, sonra geri qayıdırdı. O, demək olar, bütün gününü qoca Asılbayla keçirirdi. Oğlu Bektemirdən fərqli olaraq qoca ünsiyyətcil və söhbət sevən adam idi. Yaşı yetmişi haqlamasına baxmayaraq, bir yerdə dayanıb durmurdu, bütün günü hərəkətdəydi, təsərrüfat işləri ilə məşğul olurdu. Bu ucaboy, çubuq kimi arıq qocanın qəribə, çox cavan gözləri var idi. Adama elə gəlirdi ki, o hər şeyə heyrətlə baxır, daim nəsə yeni, maraqlı bir şey axtarır.

Bu gün Asılbay Nurbekin əlindən tutdu və nəsə bir sirr açacaq kimi ona baxdı: “Gedək, sənə bir şey göstərəcəm!” O, Nurbeki ətəyində cavan alma ağacları əkilmiş bir təpənin başına gətirdi. Ağaclardan biri çəhrayı çiçək açmışdı.

– Bu onun ilkidir! – Asılbay pıçıldadı. – Bunların şitillərini Asiya şəhərdən gətirmişdi. Onda mən təəccüblənmişdim: “Bunları nə üçün gətirmisən, qızım? Bu fidanlar buranın şaxtasına tab gətirə biləcəkmi? Sən nə edirsən, Asiya, bunlar məhv olub gedəcək”. – “Siz bunu haradan bilirsiniz? – deyə soruşmuşdu. – Siz niyə elə fikirləşirsiniz ki, onlar əmələ gəlməyəcək? Gərək sınaqdan çıxaraq, öyrənək…” Onda mən çox utanmışdım… İndi isə o vaxtdan iki il keçir, görürsən… ağac ilk çiçəyini açıb… Asiya hələ bilmir. Görəndə sevincindən atılıb-düşəcək… Bəs nədir, bu, çox böyük işdir… Baydamtalda adamlar məskən salanda hazır bağları olacaq!..

Səhər tezdən günəş dağların arasından görünəndə onun şüaları çayın üzərindəki dumanı dağıtdı, Nurbek, həmişəki kimi, Asiyanı keçiddən ötürməyə getdi. O artıq hiss etmişdi ki, Asiya Baydamtala yaxınlaşanda nədənsə həmişə həyəcanlanır. O birdən dayanır, başını qəşəngcə geri eləyir və onu sahildə tək qoyub irəli qaçır. Asiyanın bir sevimli daşı da var idi, daş sinəsinə kimi suyun içində idi. O, cəld həmin daşın üstünə qalxır və onun lap qurtaracağında dayanırdı. Qız acgözlüklə suların səsinə qulaq kəsilir, günəşin ilk şüaları onun üz-gözünə yayılırdı. O, adətən, çayın daha gur axdığı uçurumu göstərir və qışqıraraq nəsə deyirdi. Ancaq nə dediyini başa düşmək olmurdu, çayın gurultusu onun səsini batırırdı. Bəzən isə ancaq qırıq-qırıq sözlər eşitmək olurdu: “Ay-ay! Nurbek!.. Bir bax… Baydamtal…”

– Nə deyirsən, Asiya? Eşitmək olmur!

Qız gülür və əl çalırdı.

Ancaq bu dəfə Asiya keçidə sarı qaçıb getmədi.

– Yəqin, sən darıxırsan, Nurbek? – qız dayandı və onun gözlərinin içinə baxdı. – Sən o kitabı oxuyub qurtardın? Tamam sağalandan sonra sən də bizimlə birlikdə o zirvələrə qalxacaqsan. Mən öz təcrübələrimi sənə göstərəcəm. Orda çox maraqlı şeylər görəcəksən. – Asiya bir qədər fikirləşdi və əlavə etdi: – Hə, bu gün isə Gertsenin3 “Keçmiş və düşüncələr” kitabını tap. Oxu, o mənim ən sevimli kitablarımdandır. Mən mübariz, məqsədyönlü, güclü insanları sevirəm!

– Yaxşı, Asiya!

Asiya yenə də nəsə demək istəyirdi, ancaq onlar artıq sahilə gəlib çatmışdılar. Nurbek yedəyə qalxmaqda Asiyaya kömək etdi.

– Biz bir azdan qayıdacağıq! – qız qışqırdı. Onlar o biri sahilə çatanda Asiya oradan Nurbekə əl elədi. O, sanki demək istəyirdi ki, orada dayanmasın, evə getsin, yoxsa öskürəyi tutacaq. Sonra isə onlar sahildən uzaqlaşdılar, Asiya bir neçə dəfə dayanıb geri döndü və ona əl elədi.

Nurbek onlar döngədə gözdən itənədək keçidin yanında dayandı, baxışları ilə onları yola saldı. Sonra o, evə dönmək əvəzinə daşlı sahillə çaya tərəf endi, aşağısını suların yuduğu bir daşın üstündə oturdu.

Baydamtal həmişəki kimi coşub-çağlayırdı.

Çayın dayaz yerindən bir dalğa qalxıb Nurbekin ayaqlarına tərəf gəlirdi. Dalğa sanki deyirdi: “Çıx get! Yaxın gəlmə!” Nurbek ayaqlarını geri çəkmədi. Hirsli dalğa onun çəkmələrinin üstündə bulanıq köpük qoyub geri çəkildi, sonra yenə qayıtdı. Nurbek gülümsədi.

Baydamtal mənbəyini dağ silsiləsinin döngələrindən götürürdü. Oralar daim qar və buzlaqlarla örtülü olur, çay da başlanğıcını elə buradan götürür. Əgər insanlar bu buzlaqların ərimə prosesini öyrənsələr, Baydamtalı da ram eləyərlər. Bu hələ ki bir problem olaraq qalır, bu işin öhdəsindən ancaq cəsur və qorxmaz adamlar gələ bilərlər.

Nurbek həyəcanlı halda ayağa durdu və çayın dayaz yeri ilə irəliləyərək Baydamtalın gur sularına tamaşa etməyə başladı.

Asiya bunun haqqında danışanda onu tanımaq olmur. Onun sakit və fikirli gözləri alışıb-yanır, onu daha güclü və daha işıqlı hislər çulğayır. “Sən təsəvvürünə gətir, Nurbek! Vaxt gələcək, bizim kolxozçular istidən qovrulan göylərə əl açıb yağış yağması üçün yalvarmayacaqlar. Çayın mənbəyinin sirrini öyrənib onu öz iradəsinə tabe edən insanlar tarlalara nə qədər lazımdır su verəcəklər!”

Qoca Asılbay isə Baydamtalın gələcəyindən söhbət düşəndə köynəyinin yaxalığından yapışıb:

– Ay tövbə! – deyir və başını bulayır. – İndiki gənclər heç sədd-sərhəd bilmirlər! Birdən elə işlərə girişirlər ki, bu az qala Allahın işinə qarışmaq olur! Bizim Asiya, inşallah, öz arzusuna çatacaq! Baxmayaraq ki həyatda müqəddəs insan yoxdur deyirlər, mənə elə gəlir, bizim Asiya öz əməlləri ilə müqəddəslik qazanacaq. Qarları, suları iradənə tabe etmək zarafat işdirmi? Qoy başqaları mənə gülsünlər, Asiya kimi gənclərə bütün varlığımla inanıram. Kim ki xalq üçün çalışır, o, mütləq istədiyinə çatacaq… Xalq özü ona kömək olacaq.

Nurbek kanat keçidinin yanında dayanıb fikrə getmişdi: “Kaş Asiya tez qayıdaydı! Vaxt necə də gec keçir”, – və düşündüklərindən özü qorxdu. O, dəfələrlə bu cür fikirləşərkən özünü yaxalamışdı. “Nə üçün? – Nurbek özü özündən soruşdu. – Doğrudanmı, mən Asiyaya vurulmuşam? Sən nə danışırsan, ağlın azıb nədir, bu ola bilməz! Mən onun haqqında başqa fikrə düşə bilmərəm, bu mənə elə gəlir! Məhəbbət elə-belə baş vermir. Mən ona hörmət bəsləyirəm, elə bil doğma bacımdır, dostumdur, amma bizim aramızda sevgidən söhbət gedə bilməz… Bəli, bəli! Sus, unut bu cür fikirləri, bir də bu haqda fikirləşmə!..”

Ancaq bu da var ki, bircə daşın düşməsi bir qayanı yerindən laxlada bilir. O, dəfələrlə özünə əmr eləmişdi ki, Asiya haqqında düşünməsin, ancaq bundan bir şey çıxmamışdı. Əksinə, fikirləri dönüb, dönüb onun üstünə qayıdırdı. O nə edəcəyini bilmirdi.

Nurbek, doğrudan da, çox qorxdu. “Gedim Asılbayın yanına, bir az söhbət edək, bəlkə, ötüb-keçdi!” – deyə fikirləşdi. Ancaq nəyə görəsə qocayla bu gün söhbətləri tutmurdu.

– Bu gün nə olub sənə, nəsə itirmisən, nədir? – Asılbay əlində yonduğu ağacı bir kənara qoyub təəccüb içində Nurbeki başdan-ayağacan süzdü. O, çox həyəcanlı idi.

– Yox! – Nurbek anlaşılmaz halda donquldanıb otağa keçdi. O, Gertsenin kitabını əlinə götürdü, bir-iki səhifə oxuyub qırağa qoydu və pəncərədən dağlara sarı boylandı: “Doğrudan da, mən elə bil nəsə itirmişəm! – ucadan dilləndi. – Çox maraqlıdır, bu nə ola bilər, görüm yadıma sala bilirəmmi!” – və birdən dilindən yenə bir nida qopdu:

– Asiya, görəsən, nə vaxt qayıdacaq?.. Bəsdir, yetər! – Nurbek yumruğunu masaya çırpdı. – Sənin haqqın yoxdur onun işinə və şəxsi həyatına qarışmağa! Onun haqqında düşünmə, utandırma onu!

Nurbek evdən qaçıb çıxdı və yenə də çayın qırağına gəldi. O, yenə də həmin daşın üstünə çıxdı və başını əllərinin arasına alıb oturdu.

“Sənin dilin necə dönüb “sevirəm” deyə bilər! – Nurbek fikirləşdi. – Asiya bu vəhşi, sirli, bu keçilməz dağlarda ona görə yaşayır ki, xalqa xeyir versin, misilsiz işlər görsün… Bəs sən kimsən? Əlbəttə ki, Asiya heç vaxt məni sevə bilməz! Onun üçün daha layiqli olan insanlar var!”

Dalğalar yenə də diyirlənib Nurbekin ayaqlarına çırpıldı. Sanki onlar demək istəyirdi: “Rədd ol, çıx get burdan!”

8

Gecəyarı olmuşdu. Dərəyə zülmət qaranlıq çökmüşdü. Dağların üzərində kül içində köz kimi sayrışan topa ulduzlar gözə dəyirdi. Aşağılarda isə Baydamtal həmişəki kimi kükrəməyində idi.

Nurbek həyətdən çıxanda dərə boyu dağlardan əsib gələn güclü külək onun şapkasını başından yerə atdı. O əyilib şapkasını yerdən götürdü və onu bərk-bərk başına keçirib tez keçidə tərəf üz qoydu. Keçidə çatanda lal-dinməz dayanıb ətrafı gözdən keçirdi və öz-özünə pıçıldadı:

– Əlvida, Asiya! Sənə heç nə demədən getdiyimə görə hirslənmə. Belə yaxşıdır!

Nurbek yedəyə qalxdı.

O, Asılbayla söhbətlərindən belə başa düşmüşdü ki, çayın o biri sahilinə keçəndən sonra çayın axarı boyu gedib dərəyə dönsə və qarşısına çıxacaq aşırımı adlasa, iki sutkadan sonra şoseyə gedib çata bilər. Bu yol şəhərə gedən yoldur.

Nurbek yerini rahatladı və bucurqadı fırlatmağa başladı. Diyircəklər cırıldadı və yedək yerindən dəbərdi. Sən demə, onu hərəkət etdirmək elə də asan iş deyilmiş: bu iş iki nəfərə hesablanmışdı. Az keçmiş Nurbek yorulduğunu hiss etdi. O, nəfəsini dərdi və oradan aşağıya boylandı, qorxusundan gözlərini yumdu və bərk-bərk dəstəkdən yapışdı. Aşağıda dəhşətli bir mənzərə açılırdı. Orada gecə çayın köpüklü sularına qarışıb üzüaşağı axırdı. Sanki çay gecənin qaranlığı ilə döyüşürdü; onlar bir-birini üstünə atılırdılar, amma bir-birinə güc gələ bilmirdilər. Nurbek qərara gəldi ki, bir də heç vaxt aşağıya baxmasın və dəstəyi ikiqat qüvvə ilə fırlatmağa başladı. Budur, artıq yolun yarısı arxada qalıb. İndi o biri sahil daha aydın görünürdü. Nurbek yorulduğuna baxmayaraq, özünə dinclik vermirdi. Bir az da hərəkət etmək lazımdır və… Haradansa cırıltılı bir səs çıxdı, dəstək nəyəsə ilişdi və yedək yerindəcə dayandı. Nurbek qalxıb diyircəklərin yerindən çıxıb-çıxmadığını bilmək üçün onları əli ilə yoxladı, hər şey qaydasındaydı. O, cib fənərini yandırdı, bucurqadı nəzərdən keçirdi və çarəsiz qalıb aşağı oturdu.

– İndi mən nə edəcəm? – o zarıyaraq öz-özünə deyindi.

Sən demə, trosun dolandığı barabanın oxu sınıbmış. Bu, ancaq dəstəyi birtərəfli fırlatmaqdan ola bilərdi. Əgər yanında lazım gələn alətlər olsaydı, onu təmir etmək elə də çətin deyildi. Ancaq bunları haradan əldə edə bilərdi? Yedək, demək olar, çayın ortasında ilişib qalmışdı. Vəziyyətdən çıxmaq üçün nə edə bilərdi? Beləcə, lap sübhə qədər gözləmək olardı, bəs sonra… Səhər tezdən Asiya və Bektemir buraya gələcəkdilər. Bu ki lap biabırçılıqdır! Bu halda onların gözünə görünməkdənsə, ölmək yaxşıdır. Nəyin bahasına olursa olsun, o biri sahilə keçmək və gözdən itmək lazım idi.

Nurbek qərara gəldi ki, yedəkdən çıxıb əlləri ilə trosdan yapışsın və beləliklə, o taya adlasın. Bəli, bəli, o belə də edəcəkdi. Ancaq gərək aşağı və yuxarı trosların arasındakı məsafə onun boyundan artıq olmayaydı. Belə olsa, o, ayaqlarını aşağıdakı trosa çatdıra bilməyəcək və yuxarı trosdan asılıb qalacaqdı. Ancaq ölmək ölməkdi, xırıldamaq nə deməkdi!..

Nurbek ayağa durdu, əlləri ilə trosdan bərk-bərk yapışdı və yedəyin kənarına doğru addımladı.

Çayın gurultusu qulaqlarını doldursa da, o, ürəyinin necə döyündüyünü də eşidirdi. Xoşbəxtlikdən trosların arasındakı məsafə elə bil onun boyuna biçilmişdi, ayağını aşağıdakı trosa dirədi. Bircə axıradək dözə biləydi, yıxılmayaydı! Çox az qalıb – vur-tut dörd metr! Tros ovuclarının içini tamam siyirmişdi, əlləri qan içindəydi, sanki alışıb-yanırdı… Bütün bunlara baxmayaraq o, tələsmədən, asta-asta və ehtiyatla irəliləməkdə davam edirdi!

Budur, bu da sahil. Nurbek əllərini trosdan üzüb üzüqoylu yerə yıxıldı.

– Keçdim! Keçdim! – o, sevincindən qışqırır, torpağı qucaqlayaraq onu qoxulayır və astadan pıçıldayırdı: – Torpaq, torpaq! İndi mən hara istəsəm, ora da gedə bilərəm!..

Nurbek ayağa qalxdı və yellənə-yellənə irəli addımladı. O, bir anlığa dayanıb keçidə tərəf boylandı və yerindəcə donub-qaldı, ağlından keçirdiyi fikir boğazını qurutdu. İlk baxışdan adama elə gələ bilərdi ki, heç nə olmayıb, ancaq uzaqdan qaraltısı görünən yedək çayın üzərində yetim kimi yazıq-yazıq cırıldayırdı.

– Mən neylədim? – Nurbek həyəcan içində qaranlığa boylandı və irəli addımladı. – Belə də iş olar, yedəyi xarab etmişəm, özüm də çıxıb gedirəm? Onlar məni ölümün caynağından qopartdılar, müalicə etdilər, mən isə minnətdarlığımı bildirmək əvəzinə onlara ziyan vurub aradan çıxıram!

Nurbek yerə oturdu, başını əllərinin arasına alıb gözlərini yumdu. Təsəvvürünə gətirirdi ki, sabah nələr olacaq…

…Sabah hidroloqlar keçidin yanına gələndə görəcəklər ki, yedək çayın ortasında havadan asılı qalıb. Deməli, gecə ikən kimsə ondan istifadə edib, yedəyi qaçırıb və aradan çıxıb. Axı bunu kim eləyə bilərdi? Hamı bir-birinin üzünə baxacaq. Bəs axı Nurbek haradadır?.. Aydın məsələdir!.. Gedəni saxlamazlar! Amma işi bir an da dayandırmaq olmaz. Onlar yedəyi sahildəki burulğacın vasitəsilə keçidə çəkmək istəyəcəklər. Ancaq hərəkət edən tros sınıq barabana sıxılıb qaldığından yedək yerindən tərpənməyəcək. Onlar çox pis vəziyyətdə qalacaqlar, keçid sıradan çıxıb! Bunu kim elədi? Alçaq Nurbek!

– Mən heç vaxt ondan belə şey gözləməzdim! – Asiya dodağını dişləyərək pıçıldayacaq.

– Səni görüm heç zaman xeyir tapmayasan, pis atanın belindən gələn yaramaz! Bu nə iş idi başımıza açdın? – Asılbay dərindən köks ötürəcək.

– Mən bu sərsəri itin axırına çıxacam! – Bektemir yerdən daş götürüb ovcunda sıxacaq.

Bəs sonra, sonra nə olacaq? Asiya heç vaxt öz işindən qalmayacaq. Belə olan halda o, işini necə davam etdirəcək? Bircə çıxış yolu qalır. Alətləri də götürüb trosun üstü ilə yedəyə doğru hərəkət etmək. Bunu demək asandır, çətin ki kimsə trosun üstü ilə bu qədər məsafəni qət edə bilsin, keçiddən yedəyə qədər azı otuz metr məsafə var, trosdan əlin üzülsə, sonrası məlum məsələdir, birbaşa ölümdür: Baydamtal həmin andaca onu daşdan-daşa çırpacaq. Onların arasında kim bu cür təhlükəli işə qol qoyar? Asiya! Onun qarşısını heç nə ala bilməz, o, işinin bir dəqiqə belə dayanması ilə barışmayacaq.

– Yox, mən onu ölümün ağuşuna ata bilmərəm! – Nurbek yerindən durdu və bir göz qırpımında özünü keçidə yetirdi. O nə edəcəyini, vəziyyətdən necə çıxacağını kəsdirə bilməsə də, onu bilirdi ki, burdan gedə bilməz.

Nurbek körpüyə tərəf qaçdı və çətinliklə nəfəs ala-ala alnını dəmir dirəyə söykədi. Beynində bircə fikir dolaşırdı: “Nə etsin? Bucurqadı necə təmir etsin? Necə? Heç bir səs-səmir yoxdur! Harayına hay verən yoxdur! Dəli Baydamtal, heç olmasa, sən bir söz de! Yox, sən məni eşitməzsən, öz gurultun qulaqlarına dolub!.. Mən indi nə edim?.. Axı mən insanam, mənim adım – İnsandır!.. Buna mən nail olmalıyam, çıxış yolunu mən tapmalıyam!”

– Tapdım! – Nurbek qışqırdı. – Tapdım!..

Hə, Nurbek vəziyyətdən çıxış yolu tapmışdı! O elə indi trosdan tutaraq çayı o üzə keçəcək. O tayda içi alətlərlə dolu olan bir yeşik görmüşdü. Ordan gərək olan alətləri götürmək, onları kürəyinə bağlayaraq yenidən yedəyə qayıtmaq və onu təmir edib yerinə – o taya qaytarmaq lazım idi. Bir daha ona toxunmayacaqdı, yaxşısı budur, göz işlədikcə çayaşağı getsin, bəlkə, aşağılarda bir bərə tapdı… Əşi, bunlar o qədər də vacib deyildi, ən vacib olan iş o idi ki, fikirləşdiyini yerinə yetirsin, başlıca məsələ Asiyaya həyata keçirdiyi böyük işdə əngəl olmamaqdır!

– Bir addım da olsun geri çəkilən deyiləm! – Nurbek inad etdi və ardınca da tərəddüd eləməyə başladı: – Bircə onu bilmirəm ki, bu gərginliyə duruş gətirəcəm, ya yox?.. Burdan yedəyə qədər altı-yeddi metr olar, bu yolu indi gəlmişəm, gəldiyim kimi də qayıdaram, ancaq yedəkdən o biri taya kimi trosla otuz metr yenə getmək lazımdır! Bu, çox uzaq oldu!.. Çox uzaq! Qoy olsun, mən hər şeyə hazıram, Asiya!

Nurbek şalbanın başına dırmandı və yuxarıdakı trosdan yapışdı. Aşağıdakı trosu ayağı ilə yoxladı. Birinci addımı sağ ayağı ilə atdı və mübarizə başlandı!

O, birinci addımını atandan aşağıda hayqıran çayın gurultusu ona bazar meydanlarında kəndirbazları müşayiət edən təbillərin dambıltısını, kərənayların və surnayların4 gur səsini xatırlatdı.

Nurbek bu cür səyyar kəndirbazları hələ uşaq ikən görmüşdü. Özbək kəndirbaz hündür qovaq ağaclarının bərabərində çəkilmiş kəndirin üstü ilə oyan-buyana hərəkət edirdi. Onun hər anı ölümlə və ya yıxılıb şikəst olmaqla nəticələnə bilərdi. Ancaq bu qorxmaz adam üzünü göylərə tutub Yaradana dualar edirdi: “Ya Allah!.. Ya Pir!..”

“Apa5, – Nurbek onda bərk qorxmuşdu və anasının ətəyindən yapışmışdı. – Gedək, apa, gedək burdan!” O heç bu tamaşaya baxa da bilməmişdi.

İndi isə Nurbek özü kəndirbaza dönmüşdü. O da yerdən çox hündürdə olan trosun üstü ilə hərəkət eləyirdi. Onun üstü ilə hərəkət etdiyi tros kəndirbazın kəndirindən heç də qalın deyildi.

Nurbek yedəyə çatıb gücsüz halda onun içinə sərildi. Yolun bir hissəsi arxada qalmışdı. Ancaq bu kiçik qələbə ona çox baha başa gəlmişdi! Tros onun ovuclarını deşik-deşik etmişdi, ciyərləri sinəsinə sığmırdı, qabırğaları yarışa çıxmış at qabırğaları kimi qalxıb-enirdi. İrəlidə isə bundan yüz dəfə çətin və əzablı, uzun bir yol var idi.

“Qayıt, ay bədbəxt, hələ ki gec deyil, geri dön, məhv olacaqsan!” – daxildən gələn bir səs belə deyirdi.

– Yox, mən axıracan duruş gətirəcəm! – Nurbek ucadan cavab qaytardı.

O ayağa durdu, pencəyinin astarını cırıb əllərinə doladı və mübarizə yenidən başlandı. Yenə də elə ilk addımdan təbillərin gumbultusu qulaqlarında səsləndi, gərənayların səsi aləmi bürüdü.

Bu dəfə Nurbek tez gücdən düşməyə başladı. O qorxdu və aşağı baxmayacağına söz verdiyini unudub ayağının altına tərəf boylandı. Bu zaman çayın sürətli axını elə bil birdən dayandı, başı gicəlləndi, gözlərinin önündə hər şey dövrə vurmağa başladı – dağlar, çay, gecənin özü belə sanki su burulğanında üzürdü, bunlar azmış kimi, burulğan onu da özünə çəkirdi. Buna baxmayaraq Nurbek özünü ələ ala bildi. Başını yuxarı qaldırdı, külək elə bunu gözləyirmiş kimi onun üstünə hücum çəkdi, sinəsindən geri itələdi. Ayağı trosun üstündən sürüşdü. Ancaq var gücünü toplayıb ayağını yenidən trosun üstünə – əvvəlki yerinə qoya bildi. Kürəyinə isti tər gəldi… Nurbek gözlərini yumdu, elə bildi açanda hər şey keçib-gedəcək, ancaq gözlərini açanda, demək olar, heç nə görmədi – hər şey əvvəlki kimi fırlanmaqdaydı; ürəyi bulandı. O heç zaman ağlının ucundan keçirə bilməyəcəyi bir boşluğa, kabusların dolaşdığı bir xəyal aləminə düşmüşdü. Onu qara basırdı. Bu yeni aləmdə Nurbek elə bil təzə bir həyata başlayırdı. Keçmişdə başına gələnlər, indiki halı bir anda qatma-qarışıq şəkildə gözlərinin önündə canlandı. Bununla belə, beyninin dərinliklərində bir fikir durmadan vurnuxurdu – qətiyyən dayanmaq olmaz, irəliləmək lazımdır, ancaq irəliləmək; dayanmaq ölümə bərabərdir və o asta-asta, dayana-dayana da olsa, irəli gedirdi.

Duzlu tər damcıları alnından sürüşüb ağzına axırdı. Əllərinə doladığı parça çoxdan cırıq-cırıq olmuşdu. Ovucları şişmiş, barmaqları taxtaya dönmüşdü, ağırlaşmış bədəni aşağı dartılırdı. “Özümü çaya atsam, necə olar? – Nurbek fikirləşdi. – Onsuz da məhv olmuş adamam, indən belə nə olasıdı ki! Bəs keçid necə olsun? Onu kim düzəldəcək? Deməli, Asiya Baydamtalın mənbəyinə gedib çıxa bilməyəcək? Deməli, onun xalq naminə gördüyü işlər yarımçıq qalacaq?”

Nurbek qəddini düzəltdi, daha bir neçə addım irəli atdı.

“Asiya! – o, ürəyində qıza müraciət etdi. – Mənə acığın tutmasın, incimə məndən, əlbəttə, mən sənin tayın deyiləm, mən cinayətkaram, qorxaq bir qaçağam, amma səni sevirəm! Hə! Boynuma alıram ki, bunu özümdən də gizlətmişəm!..”

Çayın ortasına çatandan sonra Nurbek daha irəliləyə bilmədi. Əlləri taqətdən düşdü, hissiyyatını itirdi, ayaqları sözünə baxmadı. Tərs kimi ayağının altındakı tros da boşalmağa başladı. Görünür, harasa ilişib və onun ağırlığına tab gətirməyərək yerindən çıxıb. Hiss etdi ki, ayağını dirədiyi yeganə dayaq – tros yavaş-yavaş aşağı enir, yerində silkindi, ağız dolusu havanı ciyərlərinə çəkdi və bu zaman onu dəhşətli öskürək tutdu. Öskürək nəfəsini kəsirdi. Nurbekin nəfəsi təntidi, sinəsinin altından qalxan ağrı onu silkələdi. Qana bulaşmış əlləri boşaldı və eyni zamanda tros get-gedə daha da aşağı endi. Nurbek trosun üstündə otərəf-butərəfə yellənməyə başladı.

“Əcəl! Əcəli çatdı!” – Baydamtal haray çəkib öz qurbanını gözləyirdi. Nurbekin barmaqları aralanmağa başladı.

“Əcəl! Əcəl!” – Baydamtal səbirsizcəsinə hayqırırdı.

– Su, bir qurtum su! – Nurbekin susuzluqdan ciyəri yanırdı.

“Əyil, çaydan su götür! Sənin yanğını kəsməyə bəs edər, əyil!” – sanki kimsə onun qulaqlarına pıçıldayırdı.

Nurbek var qüvvəsini toplayıb barmaqlarını sıxdı. Bu anda o, qolundakı saatın səsini belə eşidirdi. Bu inanılmaz olsa da, həqiqət idi. Çayın qulaqbatıran gurultusunun içində saatın ölçülü-biçili səsini aydınca ayırd etmək olurdu: “Çıq, çıq, çıq!” Burda saniyəbəsaniyə insan ömrü gödəlirdi! İnsan ömrü! Bu qısa zaman kəsiyində o, yaşamağın nə demək olduğunu başa düşdü…

O, bütün iradəsini toplayıb başını geri atdı və dərə boyu qışqırdı:

– Mən yaşayacam!

…Nurbek özünü sahilə çatdırdı, çatan kimi də üzüqoylu yerə yıxılıb bir saata qədər meyit təki, qımıldanmadan yerdə qaldı. Onun alətləri götürüb geri qayıda bilib-bilməyəcəyi hələ məlum deyildi, ancaq buna heç ehtiyac da qalmadı. Sıxılmış tros boşaldı. Sahildəki burulğacın köməyi ilə Nurbek yedəyi yerinə qaytardı. Səhərə yaxın onun təmirini başa çatdırdı.

Nurbek çaya tərəf endi, çəkmələrini çıxarmadan suya girdi və yalnız indi doyunca su içməyi özünə rəva gördü.

O, suyu qurtum-qurtum, aram-aram içir və uşaq kimi gülürdü. O bu gün ömründə birinci dəfəydi ki, mübarizənin və qalibiyyətin bütöv şirinliyini duyurdu. Onun bu cür şücaət göstərməsi təkcə özünə görə deyildi, heç şan-şöhrət, ad-san üçün də deyildi. O bu igidliyi qarşısına ali məqsəd qoymuş Asiyanın böyük arzularının həyata keçməsi naminə göstərmişdi.

– Hə, indi mən xoşbəxtəm! – Nurbek dedi. – Səhər tezdən Asiya Baydamtalın mənbəyinə gedəcək, artıq onun yolu açıqdır, keçid düzəlib!..

Nurbek bəxtəvərcəsinə nəm və qumlu sahillə evə tərəf qaçdı. Evə çatan kimi karandaş götürüb bir kağıza səliqəsiz xətlə yazmağa başladı:

“Asiya, mən haradan gəlmişdimsə, ora da gedirəm. Bəlkə, bir də heç vaxt görüşmədik, ancaq mən səni həmişə tam ecazkarlığınla ürəyimdə qoruyub saxlayacam. Acığın tutmasın, gülmə mənə, Asiya, sən mənim üçün… Əlvida, özündən muğayat ol… Hə, az qala yadımdan çıxacaqdı, onu da deyim ki, mən Gertseni axıradək oxuyub qurtara bilmədim, bağışla, bu kitabı da özümlə aparıram, axı mübariz insanlardan bəhs edən bu kitab sənin sevimli kitabındır… Səninlə təsadüfi görüşümüz ömrümün ən ağır və ən xoşbəxt günü oldu. Hər şeyə görə çox sağ ol, Asiya… Sən mənə çox şey öyrətdin… Məni sənin Baydamtal üzərində qələbəni hamıdan çox arzu edən dostun bil… Mən buna inanıram, Asiya, Baydamtalı ram edəcəksən…”

9

Asılbay sübh tezdən oyanıb həyət-bacaya baş çəkdi, sonra atı suladı və vedrəni su ilə doldurub onu çimizdirməyə başladı. Günəş dağların arxasından təzəcə qalxırdı, Asılbay əlini qaşlarının üstə günlük eləyib ora boylandı. Çaydan su götürüb üzünə çilədi və bu zaman vedrə əlindən yerə düşdü. Asılbay Asiyanın pəncərəsinin qabağına qaçdı və var gücü ilə pəncərəni döyəcləməyə başladı:

– Qalx, Asiya, tez ol, o çıxıb getdi!

Asiya bir şey başa düşməyib həyətə qaçdı:

– Nə baş verib, atacan?

– Bir ora bax, qızım! – Asılbay qürurla dilləndi və əli ilə artıq onlardan xeyli uzaqlaşmış adamı göstərdi. Adam aşırıma doğru gedirdi. – Bu Nurbekdir, – Asılbay əlavə etdi.

– Nurbek! Nurbek! – Asiya var gücü ilə qışqırdı. Deyəsən, onun ardınca qaçmaq istədi, amma nəyə görəsə dayandı və yerində donub-qaldı. O, səhərlər keçidə doğru qaçaraq Baydamtalın gözəlliyinə tamaşa edəndə necə şən, xoşbəxt, həyəcanlı görünürdüsə, indi də eləcəydi. – Mən belə də bilirdim! – o pıçıldadı.

Nurbek böyük bir qayanın arxasında gözdən itdi. Asiya onun bu halına sevinirdi, amma eyni zamanda haradansa bir xiffət də peyda olub onun ürəyini sıxırdı. O, göz yaşlarını görməsinlər deyə üzünü yana çevirdi və soruşdu:

– Atacan, burdan sovxozacan çoxmu uzaqdır?

– Kifayət qədər yol var, aşırımın arxasındadır, ancaq gedib çıxmaq olar.

2.Bucurqad – kanatı, kəndiri barabana dolamaq üçün mexanizm. Əl ilə və ya avtomatik dolanan bucurqadlar mövcuddur.
3.Aleksandr Gertsen (1812-1870) – rus yazıçısı, publisisti, filosofu
4.Kərənay və surnay – asiyalıların nəfəsli musiqi alətləri
5.Apa (qırğız.) – ana

Ücretsiz ön izlemeyi tamamladınız.

₺34,67
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
07 ekim 2022
ISBN:
9789952242058
Telif hakkı:
Altun Kitab
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 1,4, 5 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 3, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 1,5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre