Kitabı oku: «Seçilmiş Əsərləri», sayfa 4
Təəccüblə:
– Nə olub? – soruşdum.
İvan hələ indiyədək bir dəfə də olsun işlədiyim idarəyə gəlməmişdi.
– Yaxşı ki, səni tapdım. Evinizə zəng eləmişdim, heç kim cavab vermədi.
– Dəvətini bir daha yadımıza salmaq istəyirsən, yoxsa?
– Axşamkı görüşümüz baş tutmayacaq.
– Arvadın təcili qayıdıb?
– Təki səbəb elə bu olaydı!
– Yoxsa xəstələnmisən? Sifətin yorğundur.
– Bütün gecəni yatmamışam.
Gülümsündüm:
– Sən də əsgər yola salırdın?
İvan üzümə ciddi baxdı. Məzəmmətlə:
– Bir saatdan sonra uçuram, gəldim xəbərdar edəm.
– Axı nə olub? – səbirsiz soruşdum.
İvan tutuldu. Gördüm deməyə çəkinir, təkid etmədim. Bilirdim ki, qulluğu belədir, tez-tez hara isə uçur.
O xahiş etdi:
– Taksiyəcən ötür məni.
Bir neçə addım atmışdıq ki, İvan dayandı. Mən də ayaq saxladım.
– Dünən axşamdan bu xəbər ürəyimi deşir!.. Birdən birə dörd dostumu itirmişəm. Təcrübə zamanı təyyarə qəzaya uğrayıb. Səbəbini aydınlaşdırmaq üçün uçmalıyam.
Yerimdəcə quruyub qalmışdım. Bilmirdim nə deyim.
– Dördü də cavan, təzə evli. Oğullu-qızlı… Faciəli ölüm… Bilmirəm, arvadlarının üzlərinə necə baxacağam!.. Keçən dəfə beşimiz də həmən o təyyarədə uçmuşduq.
Mən nədənsə Vanya haqqında fikirləşirdim. Dünənki gecə, dumanlı çay, ananın göz yaşları, oxuduğumuz mahnılar, atanın nəsihətləri, yeznənin tikanlı sözləri, indiki dəhşətli xəbər. Nə uzun gündür… Bunlar hamısı yorğun, yuxusuz beynimdə qarışıb sanki mənim tabeliyimdən çıxmış, elə bil müstəqil həyat sürən başımı şişdirmişdi.
Heç özüm də bilmirəm niyə, amma mən Vanyanı bu dörd nəfərdən ayıra bilmirdim. Dörd və bir. Bir və dörd…
İvan taksiyə minib getmişdi. Mən isə küçə ilə gəlib-keçənlərə diqqətlə baxır, sanki bu axında kimi isə axtarırdım.
Vanya yaşında bir gənc boynundan tranzistor asıb mahnıya qulaq asa-asa gedirdi. Guruldayan küçədə mahnının təntənə-kədər qarışıq, döyüşkən bir dalğasını tutdum.
Dalğa böyüdü, gurlaşdı, gücləndi, bütün səslərə qalib gəlib nəhəng şəhər üzərində axdı, axdı…
KARTOF BAYRAMI
Göydə nə bir bulud, nə bir ləkə. Günəşli gündü. Payız çoxdan girmişdi, amma havadan yay ətri gəlirdi.
Uzaq meşədə hələ tünd yaşıl rəng hökm sürürdü; meşə xəzan çağını yaxın buraxmır, qışı heç ağlına gətirmirdi.
Təkcə gölün qırağında tənha duran və meh əsdikcə büzüşüb astaca titrəyən ağcaqayın payızdan xəbər verirdi. Sünbül saçlarını tələsmədən darayan pərişan rus qızını xatırladan ağcaqayın, nazik saçaqlarını sallayıb suya baxır, amma yorğun görkəmini, düşüncəli çöhrəsini görə bilmirdi, çünki payızın sərt əli gölün ayna üzünə sarı yarpaqlar yapışdırmışdı.
Bizi – bacımı, arvadımı, məni və oğlumu kartof yığımına çağırmışdılar. Kolxoz sahələrində kartof yığılıb qurtarmışdı, indi hərə öz sahəsində çalışırdı. Qohum, tanış, yoldaş, dost, hamı kəndə axışmışdı, şəhərdən dolu gələn avtobuslar boşalmaq bilmirdi.
Biz özümüzlə kəndə pay gətirmişdik: iri-iri qarpızlar, Abşeron qarpızları. Bunları bizə, Moskvaya, Bakıdan göndərmişdilər, biz də buraya gətirmişdik.
Şose yolu ilə evin arasında olan sahədə kolxozun montyoru Vasili Petroviçin ailəsinə kartof əkməyə gah icazə verilir, gah da verilmirdi. Keçən il idarə heyəti “yer kolxozundur”, – deyə qadağan etmişdi, torpaq da istifadəsiz qalıb qüdrətini göstərə bilməmişdi: nə kolxoz qazanmış, nə də montyorun ailəsi xeyir görmüşdü. Qadağanın səbəbini Vasili Petroviç məndən şoruşanda bilmirdim nə deyim, çünki bu hərəkətdə nə ağlabatan fikir, nə də iqtisadimi, ictimaimi, adi həyatimi, heç bir dəyərli, xeyirli məna yox idi. Nə isə…
Vasili Petroviçin günün altında yanıb qonurlaşmış sifətinə əməkçiyə xas olan, işlədikcə tükənməyən fərəh yayılmışdı, göyün rəngini əks edən gözlərindən sevinc yağırdı.
Hərəmizə bir parça yer ayrılmışdı.
Belin gödək, şirmayıtək parıldayan ağ dəstəyindən yapışıb, enli, iti dəmir tiyəsini ləkin qırağına, yumşaq qəhvəyi torpağın lap dərininə salıb, təpəciyi arxası üstə çevirir, ləkdən-ləkə mərz boyu irəliləyirdim və hər dəfə torpağın altından boylanan, nazik sap rişələrlə bir-birinə bağlı, irili-xırdalı, yumru-uzunsov kartofları görəndə daha da həvəslənirdim, elə bil torpaqla maraqlı bir oyuna girişmişdim, onun sadəlövhlüklə gizlətdiyi barı asanlıqla tapıb üzə çıxarırdım. Görünür, torpağın yaddaşı zəifdi: axı mən özüm kartof yumrularını bu ilin yazında onun qucağında gizlətmişdim, rişələnməsini, böyüyüb çoxalmasını, məhz sinəsini təpə-təpə qabartmış torpağın özünə tapşırmışdım. Amma tapşırsam da, təpəcikləri dağıdıb altında kartof görəcəyimi əvvəlcədən bilsəm də, marağım azalmır, sevincim tükənmirdi. Hərdən belin iti dili kartofa toxunub onu bıçaq kimi kəsirdi, iki yerə parçalanmış kartof ağappaq, tərtəmiz çöhrəsini göstərib işıq saçan şirəsi ilə qara torpaqda parıldayırdı. Bir cərgə gedib geri qayıdır, beli kənara qoyub məhsulu vedrəyə yığırdım. Kartofun ora-burasına yapışmış nəm torpağı qoparıb əlimin altında onun möhkəmliyini hiss edəndə elə bilirdim kartof canlıdır, nəfəs alır, ürəyi döyünür, dil açıb “səni il boyu doyduracağam… Tez ol, qardaşlarıma kömək əlini uzat”, deyirdi. Hərdən elə əcaib kartof dənələrinə rast gəlirdim ki, təbiətin zarafatına heyran qalırdım: kartof – yekə bir burun, kartof – cücə, kartof – dəvə. Oğlum da sözümə qüvvət verib uzaqdan məni səslədi, gülə-gülə əlində mənə nə isə göstərdi, sonra yanıma gəlib bir-birinə bitişik üç kartof göstərdi:
– İrisi sənsən, ata kartof, lap xırdası mənəm – bala kartof, bu da ana kartof!
Deməli, təbiətin zarafatından bizə də pay düşdü. Dolu vedrəni Vasili Petroviçin arvadı Anna Mixaylovnanın yanına aparıb yerə boşaldırdım. Kartof quruduqca o, özü dediyi kimi, “sortlaşdırır”, irilərini kisələrə yığırdı. Kisələr dolduqca şişib böyüyür, dik qalxır, mehriban qardaşlar kimi çiyin-çiyinə durur, bir-birini yıxılmağa qoymurdu. Cod parçanın üzü yumruq-yumruq idi.
Vasili Petroviç kisələri təktəkərli əl arabasına yığıb ağır-ağır cığırla irəliləyir, taybatay açılmış darvazadan həyətə girib, bir azdan qayıdırdı.
Oğlum gah mənə sarı yüyürür, gah anasına kömək edir, gah da ev yiyələrinin on səkkiz yaşlı qızı Larisanın ətrafında fırlanırdı. Hərdən onu Anna Mixaylovnanın yanında görürdüm, əyilib onunla nə barədəsə danışır, ya da deyilənə qulaq asırdı. Vasili Petroviçlə əl arabasının bir qolundan tutub yanaşı addımladığını da görmək olurdu.
Sahənin şose yoluna yaxın tərəfində Vasili Petroviçin böyük qızı, zavodda birgə işlədikləri arıq oğlanla kartof yığırdı. Qızın adı Vasilisa idi. Atası deyirdi ki, bu gözəl adı ilkinə verməkdə məqsədi beləydi: həm öz adına yaxındır, həm də istəmirdi ki, bu qədim ad tamam unudulsun.
Sakitlik idi. Sükutu yoldan keçən avtobusların uğultusu pozurdu. Arada Vasili Petroviçin səsini eşitdim:
– Ay qız, Vasilisa, az pıçıldaşın, vaxt gedir!
Vasilisa cingiltili səslə güldü.
– Sən bizdən iş tələb elə! – deyib, dümağ ətli qollarını havada yellətdi.
Bolluca tər axıtdım. Köynəyim bədənimə yapışdı.
Tər gəldi də, qurudu da. Yorğunluq zirvəsini keçdim, daha yorğunluq nə olduğunu bilmədim. Beli torpağa təpdikcə qızışırdım, kartofu doldurub daşıdıqca həvəslənirdim. Bədənimdə bir yüngüllük hiss edirdim, az qalırdı uçam. Amma yamanca acmışdım. Qara çörəyi nə yeyərdim!.. İsti, qara çörəkdən bir parça qoparıb ovcuna al, üstünə iri dənəli duz səp, iki-üç dişləməyə ötür içəri! Duzdan əvvəl çörəyin üstünə bir azca şit yağ sürtsən daha yaxşı olar. O biri əlində göy, ya da bir baş soğan, o da olmasa, bax bu təzə kartofun bişmişindən… Sonra, canım sənə desin, quyudan bir vedrə su çəkib mis dolçanı doldur, dodaqlarını yapışdır soyuq dəmirə, qurt-qurt, iç ki içəsən! İçdinmi, dərindən nəfəs al, gör nə ləzzətdir! Nə deyirsiniz deyin, amma sudamı, köz üstəmi, tavadamı, qabıqlı-qabıqsız, bişmiş yaxud dilim-dilim qızardılmış kartofdan olmaz!
Bilmirəm işimizi nə vaxt qurtardıq, Vasili Petroviçin xahişi ilə quyudan suyu necə çəkib gətirdim, necə yuyunduq. Bir də onu gördüm ki, stol ətrafında yığışmışıq, stolun ortasında iri qazan buğlanır, kartof qazandan boylanıb yumru, ağ, sarı, çəhrayı yanaqlarını bizə göstərir.
Kartof bayramı başlandı.
Neçə cür kartof yeməkləri olarmış!.. Bacım Tahirə ilə mən kartof soyduq, arvadım onu sürtgəcdən keçirtdi. Təzə kartofun tünd nişasta qoxusu gözlərimi göynədirdi. Sonra kartof xəşilinə azca dağ su töküb un səpdilər, qarışdırdılar, iri qaşıqla qızmar tavaya kömbə-kömbə salıb zeytun yağında qızartdılar, yastı kartof kökələri nimçədə bir-birinin üstünə yığıldı. Qazın o biri gözündə Vasilisa ilə Larisa kartofu dilim-dilim doğrayıb xüsusi üsulla qızardırdılar.
Suda bişmiş, yastı-yastı və dilim-dilim qızardılmış kartofun yanında başqa yeməklər də düzülmüşdü, qulplu saxsı dolçada süd, dərin saxsı qabda xama, dəmir boşqabda – duza təzə qoyulmuş xiyar və pomidor, ağ çörək, qara çörək, şit yağ, yuyulandan sonra üstündə su damcıları qalmış göy soğan, uzun nimçədə – günəbaxan yağında siyənək balığı, girdə-girdə kəsilmiş baş soğan, soyutma dana əti… Rusiyada çoxdan yaşasam da, ömrümdə birinci dəfə “kartof bayramı” görürdüm. Tahirə bacım da, arvadım Maya da, oğlum da mənim kimi təzəhəvəs idilər.
Yeməyimizin şirin çağında təzə qonaqlar gəldilər. Anna Mixaylovnanın bacısı qızı salam verib içəri keçdi, incə zövqlə tikilmiş əcnəbi plaşını tələsmədən çıxarıb çarpayının üstünə saldı, ağappaq üzünü bizə tutub gülümsündü və yaşıdı Vasilisanın yanında oturdu. Qızın dalısınca Anna Mixaylovnanın bacısı Albina Mixaylovna, salamsız-kəlamsız, otağa daxil oldu. Qaşqabağını sallayıb, bizə baxmadan, düz yuxarı başa keçdi. Bu ucaboy, girdəsifət, qızıl eynəkli arvadı hələ keçən yaydan tanıyırdıq.
– Ay ana, bəs salamın hanı? Yoxsa qonaqları tanımırsan?
Arvad eynəyinin aydın şüşələrindən qızına tərs-tərs baxdı.
– Tanış elərlər, tanıyaram.
– Mayagildirlər də. Bu özü, bu əri, bu oğlu, bu da ki, ərinin bacısı, odur, Mayanın solunda oturub.
– Mayagil? Hansı Maya?
Vasilisa bir yandan, Larisa o biri tərəfdən soruşdu:
– Yaddaşın zəifləyib? Keçən il tez-tez gördüyün, çay-çörəyini yediyin Mayadır da!
– A, o Maya?.. – Albina Mixaylovna baxışını arvadıma zillədi və xoş xəbər deyirmiş kimi: – Bıy, lap qocalmısan ki, nə olub sənə? Sir-sifətin sapsarıdır. Xəstə-zad deyilsən ki?
Dalbadal deyilən bu ağır sözlər otaqda səsləndikcə elə bilirdim məni təhqir edirlər. Mayanın da sevincdən yanan sifəti bəd sözün ağırlığından qaraldı. Qəflətən deyilmiş bu sözlər Mayanı çaşdırmış, sarsıtmışdı. Bunsuz da Maya illərin tez gəlib keçdiyindən şikayətlənir, hər dəfə anadan olan günü yaxınlaşdıqca cavanlığın, ümumiyyətlə həyatın bir addım da geri çəkildiyini təəssüflə deyirdi. Bütün qadınlarda olduğu kimi, Maya da görkəminə, səhhətinə, geyiminə aid kənardan deyilən sözləri ürəyinə tez salır, şirin sözdən xoşhallanır, gül kimi açılırdı. İndi isə Maya bu bəd fikrə təslim olmamaq üçün, ağlına gələn ilk etirazını bildirməyə çalışdı. Lakin cavabı uşaq cavabına oxşadı:
– Yox, xəstə deyiləm, özümü sağlam hiss edirəm. Görünür, məni tanımamısınız.
Maya güclə gülümsündü, deyəsən, “bəli, tanımadım, üzr istəyirəm” sözlərini gözlədi. Bu sözlər deyilsəydi, qanqaralıq tamam getməsə də, azalar, yavaş-yavaş unudulardı. Lakin, görünür, Albina Mixaylovnanın niyyəti başqaydı; öz sözlərindən həzz alırmış kimi, tutduğu yoldan dönmədi:
– Mənmi? Yox, niyə tanımıram? Kor deyiləm ki! Lap yaxşı tanıyıram! Görürəm ki, bu bir ildə yaman dəyişmisən, heç özünə oxşamırsan! – dedi və bununla da Maya ilə söhbəti qurtarmış hesab edib, başqa mətləbə keçdi, heç kimə konkret müraciət etmədən ümumi şəkildə gileyləndi: – Bizi gözləyə bilməzdiniz? Nə xəbərdi? Acından ölərdiniz?
Anna Mixaylovna köksünü ötürdü.
– Elə indicə başlamışıq, – dedi və qabları bacısına tərəf çəkdi. – Ye, çox dadlı, könlün istəyən yeməklərdir. – Albinanın xasiyyətinə, görünür, bələd idi, qızışdırıb ağzını açdırmaq istəmirdi.
Albina Mixaylovna yeməkləri gözdən keçirib əlini bişmiş ətə uzatdı, bir tikə götürüb çox könülsüz yeməyə başladı.
Biz hamımız əlimizi süfrədən çəkib baxırdıq. Bizim susmağımız Albina Mixaylovnaya xoş gəlmədi. Başını dik tutub Vasili Petroviçə baxdı:
– Demədin ki, gəlib televizorunuzu düzəldəcəyəm? Niyə gəlmədin, ay yalançı? Yoxsa vəzifəni böyüdüblər, ministr olmusan?
– Vaxt var ki! Həm kolxoz işi, həm təsərrüfat, ailə… – Vasili Petroviç günahkarcasına dilləndi. – Bu həftə hökmən vaxt tapıb gələrəm.
Atanın üzr istəməsi kiçik qızı Larisaya toxundu.
– Televizorunuz xarab olub, əlinizi cibinizə salın, adam çağırın, gəlib düzəltsin. Atamın vaxtı yoxdur.
– Anna, sənə dedim bir uşağın var, bəsdir, daha doğma. Yox, dedin, doğacağam. Budur, doğmusan, dili də bir qarış!
Larisa qızardı:
– Siz müftəxorların çörəyini yemirəm! – deyib qalxdı, otaqdan çıxdı. Larisanın sözü mənə ləzzət verdi. Ataya da xoş gəldi, Vasilisaya da. Mayaya baxıb gördüm ki, rəngi-ruhu yavaş-yavaş özünə gəlir. Təkcə Anna Mixaylovna narahatlıqla ora-bura göz yetirdi, qorxa qorxa bacısına baxdı. Albina Mixaylovna bunu duydu:
– Gördünmü, Anna! Bizi təhqir elədi, ağzından vurmadınız. Nə sən, nə də sənin ərin!
Vasili Petroviç getməyə bəhanə tapmış kimi ayağa durub yorğun-yorğun qapıya sarı getdi.
İrina güldü.
– Vasya, şahid yanında vurmaq istəyirsənsə, gələ bilərəm!
Anası Albina Mixaylovna kimi İrina xalasını və xalasının ərini adları ilə çağırırdı. Həm də çağıranda üz-gözünü elə turşudurdu ki, elə bil ovcunda qurbağa tuturdu.
Vasili Petroviç:
– Şahid lazım deyil, – dedi və otaqdan çıxdı. Atasının qızını vurmasına inanmırdıq, bilirdik ki, Larisa atasının istəklisidir. Təkcə oğlumda şübhə vardı, odur ki, qalxıb Vasili Petroviçin dalınca çıxdı.
Bir müddət səssiz yedik. Sonra qab-qacaq mətbəxə daşındı. Süfrəyə qarpız gəldi. Oğlumla Larisa qayıtdılar. Tahirə bacım qarpızı kəsdi, birinci dilimini Albina Mixaylovnaya uzadıb dedi:
– Sizin xoşsifət, şirindil bacınızın qapısı həmişə qonaqların üzünə açıq olur, süfrəsindən qonaqpərvərlik, mehribanlıq ətri gəlir. Belə bacısı olan adam xoşbəxtdir.
Albina Mixaylovna qarpızı alıb boşqabına qoydu, Tahirəyə baxmadan:
– Biz doğma bacı deyilik, – dedi.
Albina Mixaylovnanın hər bir gözlənilməz sözünə hazır olan Tahirə bacım bu dəfə eşitdiyinə inanmadı, təəccübdən donub qaldı.
– Bir ananın qızı deyilsiniz?
– Atamız da bir deyil!
– Bəs axı ikiniz də Mixaylovnasınız?
– Mən bura söhbətə yox, dincəlməyə gəlmişəm.
– Fikir verməyin, bacımın hərdən tutması olur. Atamız da birdir, anamız da.
Yadımdadır, keçən yay da belə bir söhbət olmuşdu, onda da, indiki kimi, Anna Mixaylovna söhbəti kəsib, bu barədə artıq-əskik söz deməmişdi.
Vasilisa Tahirə bacımın çaşdığını görüb mənalı-mənalı güldü.
– Xalam doğmalığımızı heç cür boynuna almaq istəmir, görünür, şan-şöhrətini qoruyur, axı, biz hara, o hara! Biz kimik, o kimdir! Biz kəndçi-kütçü, dərimiz cod, onların bədənləri isə ağ, incə, yumşaq, görkəmləri mədəni, yaraşıqlı! Fərqimiz çoxdur. hətta kartof yeyəndə də qohumluğumuz hiss olunmur. Onlar görün necə incə-incə yeyirlər. Xalam qızına baxsanız görərsiniz ki, dediyim sözlərdə zərrəcə uydurma yoxdur. – Vasilisa mənə baxdı. – Elə deyilmi? – Sanki “ikimizdən kimi bəyənirsən?” – soruşdu.
– Bunu yanındakı oğlandan xəbər al, – dedim.
– Mən şəxsən sənin fikrini öyrənmək istəyirəm. İstəyirəm biləm ki, kişilər arasında onumu, mənimi bəyənən daha çox olar?
– Kişilərin zövqü müxtəlifdir. Kişi var sənin kimiləri xoşlayır, istəyir xanımı cəld olsun, qollu-qanadlı, möhkəm duruşlu, odlu sözlü olsun, kişi də var nərmə-nazik, bəstəboy qadın həsrətindədir.
– Yox, görürəm, arvadından icazə almadan qəti cavabdan qaçacaqsan.
Maya Vasilisanın zarafatının haradan başlayıb hara gəlib çıxacağını fikrindən keçirdi, bildi ki, Vasilisa acıdil xalasını da, xalası qızını da sancmağa, atasının, bacısının, anasının, hətta Mayanın özünün acığını çıxmağa çalışır, odur ki:
– Mənim icazəm lazım deyil, – dedi. – Qoy öz münasibətini bildirsin.
– Mən münasibətimi evlənəndə, səni seçəndə bildirmişəm.
Maya minnətdarlıqla mənə baxdı, ürəyində “çox sağ ol” dedi.
Albina Mixaylovna qarpızdan bir az yedi, əsnəyib qalxdı, qızına baxdı.
– Dur, boş-boş söhbət eləməkdənsə, yatıb dincəlmək daha faydalı olar!
– Düz buyurursan, hər ötən kişiyə xoş gəlməkdənsə, tək qalmaq yaxşıdır.
Vasilisa:
– Bəyənənlər çox olanda, yaxşısını seçmək asandır, – dedi. – Bəyənənlər olmayanda, tək qalmaqdan başqa çarə yoxdur.
Ana-bala dincəlmək üçün o biri otağa keçdilər. Nə “çox sağ ol”larını eşitdik, nə də bizə sarı baxdılar.
İşgüzar bacım ev yiyəsinin xətrini çox istədiyindən, Anna Mixaylovna ilə birlikdə mətbəxə daşıdığı qabları yumağa başladı. Albina Mixaylovna mətbəxdən keçəndə ayaq saxladı, İrina anasını gözləməyib qatlama çarpayı və yorğan-döşəklə aynabəndə çıxdı. Albina Tahirəni tək görüb dedi:
– Anyanı tərifləyirsən, amma gör sənə nə iş tapşırıb! Yemək verir, sonra məcbur eləyir ki, işləyəsən!
– Məcbur niyə? Mən işsiz dura bilmirəm. İşləməsəm məni piy basar.
– İşlə, işlə, iş bilir kimdən yapışmaq lazımdır.
Albina Mixaylovna ağır addımlarla, fısıldaya-fısıldaya aynabəndə keçdi.
Tahirə qabları yuyub silir, sildikcə stolun üstəki təmiz müşəmbəyə düzürdü. Məəttəl qalmışdı: “Belə də adam olar? Bacılığını danmaq bir yana qalsın, gəlib yeyir, içir, harda istəyir uzanıb dincəlir, hörmətdən, mehribanlıqdan savayı heç nə görmür, üstəlik mən özgənin, yadın yanında bacısının dalısınca danışır, məni də pis vəziyyətdə qoyur. Adamda üzə bir bax! Belə bacılardan danış ey!..”
Gəzməyə çıxdıq. Bir müddət cığırla getdik, sonra araba yoluna düşdük, gül-çiçəkli kənd qəbiristanının yanından keçib, tələsmədən, aydın üfüqlərə baxa-baxa, meşəyə sarı addımladıq.
Mən çox vilayətlərdə, obalarda olmuşam, xarici gəzmişəm, amma Rusiyanın, özü də məhz Moskva ətrafının şam ağaclarından heç yerdə görməmişəm. Gün çıxanda elə bilirsən şam ağacı cavan oğlandır, yuxudan oyanıb, yuyunub, üzünü günəşə tutub, gözləri yarıyumulu, ilıq şüaları udur, əl-qoluna, qol-budağına güc gəldikcə çiyinlərini daha da geniş açır, uca başını dik tutub, gəlib keçən nəsillərin ardınca baxır, üzübəri gələn nəsilləri görür. Günəş batanda elə bilirsən şam ağacı bütün günü başı ilə atıb-tutduğu girdə günəşə “getmə!” – deyir. İkindi çağında şam ağacı müdrik qocalar kimi düşüncəlidir, axşam toranında qəmlidir. Yüz illik ömür sürmək, əsrin sirlərini heç kimə deməmək, küləklə uğuldamaq, buludla tutulmaq, yağışla ağlamaq, sinəni gərib, təzə-təzə boy atan körpə ağacları çovğunlu qışdan, quruducu şaxtadan, qol-budaq sındıran tufanlardan qorumaq asandırmı? Di gəl düşüncəli, qəmli olma!
Vaxt olub, zülmət gecədə meşədən keçmişəm, nəhənglərin dəhşətli toqquşmasını xatırladan şam ağaclarının uğultusundan ürəyim qorxu ilə dolub, özümü onların yanında kiçik, aciz, gücsüz hiss eləsəm də, get-gedə uğultuya alışıb, vahiməni qovub, şam ağaclarından ürək-dirək alıb toxtamışam, gecədən qorxusuz keçib, qızaran danı onlarla birgə qarşılamışam.
Meşədən hələ də yay ətri gəlirdi. hava çox isti idi. Oğlum bizdən xeyli irəlidə gedir, gah iri gövdəli ağacların dalında gözdən itir, gah da görünürdü.
Anna Mixaylovna qızlarla nə isə danışırdı – tələsmədən, kəlmələri seçə-seçə, mehribancasına. Danışdıqca, elə bil aydın səsdənmi, təmiz fikirlərdənmi, xoş sözlərdənmi, cavanlaşır, üzündəki qırışlar silinirdi. O, inəkdən, sağımdan, süddən, torpaqdan, yemdən danışırdı. Mən qulaq asdıqca yüngülləşir, şəhərliliyimdən çıxıb təbiətin saf havasında əriyir, meşə mənzərəsindən, mavi asimandan ləzzət alırdım. Ağacların, biçilmiş otların, çürümüş yarpaqların, çiçəklərin ətri, torpağın qoxusu məndə yaşamaq həvəsini artırırdı. Arvadımın da könlü açılırdı, acı sözdən sönən baxışı təbiətin təsirindən, mənim düşüncələrimə yaxın duyğularından, yaxşı adamın adi, meşə kimi təbii, yol kimi düz, hava kimi təmiz söz-söhbətindən əvvəlki işıqla yanmağa başlayırdı.
Anna Mixaylovna elə bil bacısının acı sözlərini fikirlərimizdən qovmağa, yaxşı gündə bizdə yaxşı təəssürat oyatmağa çalışırdı.
İndiyədək bizim kimi dinməz yeriyən Larisa birdən ayaq saxlayıb anasından soruşdu:
– O nə doğma-ögeylik sözü idi xalam deyirdi?
Tahirə bacım dilləndi:
– Hə, mən də bunu bilmək istəyirdim.
– Hər axmaq sözə fikir verən tez qocalar! Xalan dedi, qurtardı!
– Bax, deməsən, bu saat evə qayıdacağam, yuxusuna haram qatıb özündən soruşacağam!
– Qolumdan niyə tutmusan? Yeri!
– Deməsən, bir addım da atmağa qoymayacağam!
– Burax məni, ay qız, başına hava gəlib nədir?
– Deməlisən, vəssalam!
– Yaxşı, yeri!
Larisa yenə anasının qoluna girib:
– Hə, danış! – dedi və büzüşə-büzüşə ona qısılıb səbirsizliklə gözləməyə başladı.
– Danış deyirsən, danışım, – Anna Mixaylovna sakitcə cavab verdi. – De görüm, atanla, mənimlə bərabər, bax bu dostlarımızla bir yerdə sən də gəlib kartof çıxartdın?
– Çıxartdım, nə olsun ki? Bunun xalam deyənə nə dəxli var?
– Sən mənim suallarıma cavab ver. Şərtləşdik?
– Yaxşı, qoy sən deyən olsun.
– Deməli, çıxartdın. İndi de görüm, kartof bişəndə iyindən xoşun gəldi?
– Gəldi.
– İştahla yedin?
– Yedim, lap gözümə təpdim.
– İndi de görüm, xalanla xalan qızı işlədilər, ya yox?
– Ay ana, axı, bu söhbətin…
– Sualıma cavab ver. İşlədilər, ya yox?
– Yox.
– İştahla yedilər, ya yox?
– Deyəsən yox.
– Bizim kartof bayramımızdan ləzzət aldılar, ya yox ?
– Yox. Üstəlik bizi sancdılar da.
– Biznən gəzməyə çıxmadılar ki?
– Görürsən də.
– İndi, səncə, neynirlər?
– Xor-xor yatırlar, neynəyəcəklər ki?
– Bax, bu cavabın düz olmadı, qızım!
– Niyə?
– Çünki xalan da, xalan qızı da bu saat heç çimir də eləmirlər.
– Hardan bilirsən?
– …
Gəldiyimiz yolla evə qayıtdıq. Bağa açılan qapını itələyib açdıq. Albina Mixaylovnagilin qaldığı otağın pəncərəsi qabağından keçəndə səs eşitdik.
İrina divanda oturub əl-qolunu ata-ata anasına nə isə deyirdi. Anası da çarpayıda uzanıb qızına acıqlı-acıqlı baxır, hərdən bir-iki kəlmə ilə onu daha da hirsləndirirdi. Həqiqətən yatmamışdılar… Birdən Maya özünü saxlaya bilmədi, gülüş seli səddi söküb, gurlayıb axdı. O andaca Albina Mixaylovna ilə qızı pəncərədən bizə baxdılar. Elə qəzəblə baxdılar ki, mən dözməyib üzümü yana tutdum, geriyə çəkilib gözlərindən yayınmağa çalışdım.
– Qoymazsınız yataq?! Utanmazlar! Bizi pusursunuz?!
Larisa ilə Maya ürəklərindən tikan çıxarırlarmış kimi gülürdülər. Tahirə Albina Mixaylovna ilə İrinanın təhqirli sözlərini dinləsə də, vecinə almır, mən isə Anna Mixaylovnaya baxıb onun nə deyəcəyini gözləyirdim. Axı bacısının dediyi acı sözlər ona da aid idi.
– Qoymazsınız yataq?
– Nə olub, nə çığırırsınız?
– Çağırarıq da, söyərik də!
– Nə olub axı?
– Nə olacaq?! Bizi oyatdınız.
Tahirə:
– Siz ki yatmamışdınız, – dedi.
Larisa əlavə etdi:
– Adam kimi yata da bilmirsiniz!
Məncə, Larisanın dediyi bu sözlərdə ögey-doğmalıq sualının cavabı gizlənmişdi. O, yəni Larisa, bir daha bu söhbətə qayıtmadı.
Biz yemək otağına keçdik.
Kartof bayramı hələ bitməmişdi. Və bir də: yaxşı yatmaq üçün tər axıtmaq lazım, iştahla yemək gərək, şirin dil, təmiz qəlb, mehriban baxış lazım. Elə baxış ki, asimanında nə bir bulud, nə bir ləkə…
Kartof bayramı davam edirdi.