Kitabı oku: «Seçilmişlər», sayfa 3
Yazı tipi:
İNDİ
Bircə vüsalına yetsəm deyirdin,
Gör məni kimlərə satırsan indi.
Əlimdən tutmağa qurban demişdin,
– Kimin qucağında yatırsan indi.
Sən görə bilməzsən getdiyin yolu,
Ey əqlin düşməni, ey hissin qulu,
Hələ qəflətdəsən, gözün yumulu,
Röyada yuxunu qatırsan indi.
Səni ovsunlayan sehrli oxdu,
Cılız ehtirasın məzəsi toxdu,
Çəkir ağuşuna, xəbərin yoxdu,
Dərin bataqlıqda batırsan indi.
Yetib qaranlığın, günəşin yatır
Düşünmə karvanın mənzilə çatır.
Dəllal əlindəsən "alver"in batır,
Gövhəri kösövə satırsan indi.
Dərin dəryalara dalar Cığatel,
Yaxşıca dərsini alar Cığatel,
Daha boğazında qalar Cığatel.
Keçməz, ha çeynəyib ötürsən indi.
ÖLƏSİYƏM MƏN
Bir dərdə salıbsan məni, sevdiyim,
Şahıydım, bu dərdin köləsiyəm mən.
Uçub xanimanım, könül sarayım,
Bu dərdi kiminlə böləsiyəm mən?!
Dadıb, damağımda çağlar qoyubsan,
Sinəmdə düyünlü dağlar qoyubsan,
Sən məni ağladıb, ağlar qoyubsan,
Çətin ki, bir daha güləsiyəm mən.
Söylə Cığatelə, bilim fərmanım,
Hakimim qəddardı, zülüm fərmanın,
Sənin əlindədi ölüm fərmanım,
Öldür ağrın alım, öləsiyəm mən.
GÖZLƏRİN
Çiçəyə vurğunam, yaz aşiqiyəm,
Gözəl oğlan, gözəl qız aşiqiyəm,
Bilə-bilə gözəl göz aşiqiyəm.
Ürkək durub, oğrun baxdı gözlərin,
Süzüldü könlümə axdı gözlərin.
Haçan sevindirdin, güldürdün məni,
Haçan yıxılanda qaldırdın məni?!
Bir baxdın, yüz dəfə öldürdün məni,
Dəldi ürəyimi, oxdu gözlərin,
Süzüldü könlümə axdı gözlərin.
Unutdu Cığatel payızı, yayı,
Gördüm gözlərində günəşi, ayı,
Alnımın yazısı, ömrümün payı,
Bəxtimin aynası, baxdı gözlərin,
Süzüldü könlümə axdı gözlərin.
BİLMƏDİN
Xatirimə yaman dəydi sözlərin,
Başımda şimşəklər çaxdı, bilmədin.
Dedim inciyərsən, gizlədim yaşım,
Gözündən könlümə axdı, bilmədin.
Yağdırdın üstümə qəh-qəhi, qəşşi,
Gətirdin yayıma şaxtalı qışı.
Sinəmdə qaladın odu, atəşi,
Tüstüsü təpəmdən çıxdı, bilmədin.
Qeyb oldu işığın, gəldi zülmətin,
Haraya çəkildi bəs fəzilətin?
Mənə bəlli olan yalan xislətin,
Sarıb, vücudumu sıxdı, bilmədin.
Çaşırdı əqlimi etdiyim xəyal,
Bir sual üstünə yağdı min sual.
Bəs niyə sormadın, niyə nitqilal,
Cığatel gözünə baxdı, bilmədin?!
BƏXTƏVƏR
Dərdi-bəla görməyəsən heç zaman.
Məni dərdə salib gedən bəxtəvər.
Axtarıram tapammıram özümü.
Məni məndən alib gedən bəxtəvər.
Xalı olmaz bir qırmızı naxışla.
Necə gəlim sən getdiyin yoxuşla?
Könül rübabımı bircə baxışla
Gizli-gizli çalıb gedən bəxtəvər.
Cığatelin gözlərinə çən dolub
Bu düşdüyü bir feilli fənd olub.
Nə görübsə, gördüyünə bənd olub
Ürəyimdə qalıb gedən bəxtəvər.
MƏNİM DÜNYAM
Sən mənim dünyama gələ bilməzsən,
Çün mənim dünyamın yolları sirli,
Ruhum eşqə bağlı, eşqim Allaha,
Dünyam dünyamıztək həzin, sehirli.
Nə topa buluddu, nə çıxan günəş,
Nə gecə görünən ulduzdu, aydı,
Elə şəhanədi, elə şəhanə,
Xəyal aləmində uca saraydı.
Səni qınamıram, qınamaq günah,
Görmürsən, həmişə bürünürəm mən,
Göz ilə görənlər baxmısan hədər,
Bəsirət gözündən görünürəm mən.
Ey mənim dünyama gəlmək istəyən,
Dünyam bir şairin Haqq röyasıdır.
Vədə ver, gəl çıxaq ruh görüşünə,
Elə mənim dünyam, ruh dünyasıdır.
YAR DEMƏDİN
Sevdim səni yana-yana,
Bir gün mənə yar demədin.
Axdı selə döndü yaşım,
Ağlayanım var demədin.
Fələkdən aman istədim,
Yaradandan can istədim,
Dərdimə dərman istədim,
Qalıbdı, naçar demədin.
Qar ələndi qara telə,
Eşqim düşdü dildən-dilə.
Sənsiz dünya Cığatelə,
Oldu boş məzar, demədin.
ALƏM MƏNİ, MƏN DƏ SƏNİ SEVİRƏM
Bixəbərsən, a bəxtəvər halımdan
Aləm məni, mən də səni sevirəm.
Sən gülürsən, ağlayıram, sevdiyim,
Sən sevinci mən də qəmi sevirəm.
Çiçəklər açılıb yaz həvəsində,
Ruhum layla tapıb şirin səsində,
Əllərin könlümün şah pərdəsində,
Sən mizrabı, məndə simi sevirəm.
Nə anlatdın, nə mətləbi qanım mən
Danmaq günah, eşqi necə danım mən
Cıgateləm, yan deyirsən, yanım mən
Əsli kimi, Kərəm kimi sevirəm.
NƏ SƏN OYANASAN, NƏ MƏN OYANAM
Sən kölgə olasan, mən dəli külək,
Düşəm addım-addım izləyəm səni,
Nə sən hiss edəsən, nə kimsə duya,
Sarıb qollarımda gizləyəm səni.
Nə nəfəs almayam, nə səsim gələ,
Nə səni hürküdəm, nə özüm qaçam,
Zamanın açarı əlimdə ola,
Arabir bağlayam, arabir açam.
Nə külək qeyb ola, nə günəş bata,
Nə kölgə çəkilə, nə mən dayanam,
Duyub düşündüyüm bir yuxu ola,
Nə sən oyanasan, nə mən oyanam.
YAZA BİLMİRƏM
Sənin həsrətinə ay etibarsız,
Dözmək istəyirəm, dözə bilmirəm.
Sənlə gül dərdiyim, güllü bağçadan,
Əl atıb bir çiçək üzə bilmirəm.
Azmı olub sənlə oda yandığım?
Sənin atəşinlə suda yandığım.
Səcdəgah bildiyim, qiblə sandığım,
Görüş yerimizi gəzə bilmirəm.
Cığateləm, ruhum başqa aləmdə,
Sənsiz yaşamıram, sənsiz öləm də,
İlhamım coşanda, təbim gələndə.
Daha ağlayıram, yaza bilmirəm.
HEYF DEDİM
Xəyallarım əlli-yüz,
Kədərimlə üzbəüz,
Günlərlə gecə-gündüz,
Yollarına dikilən,
Gözümə heyf dedim.
Xeyir-şərdən nə qanmış,
Ruhsuz da demə canmış,
Bəsit bir vücudsanmış,
Sənlə qarşı dayanan,
Üzümə heyf dedim.
Yaylaq könlüm nə sərin,
Qəlbim dəryadan dərin,
Sənə söylədiklərim,
Müqəddəs yalanıma,
Düzümə heyf dedim.
Səninlə başladığım,
Başımı daşladığım,
Sənə bağışladığım,
Ülvi bir məhəbbətin,
İzinə heyf dedim.
Yaşım daşqın çay seli,
Başımda xəzan yeli,
Mənlə oxşar taleli,
Bu biçarə qızların,
Yüzünə heyf dedim.
BİR QƏLBİN XATİRƏSİ
Soruşdun, sevgilimdən
Deyim düzü nə qaldı,
Çox deyib, çox danışdıq
Amma qulaqlarımda
«Sevirəm» sözü qaldı.
İndi sönən alovun,
Buz tək donan alovun,
Bir vaxt yanan alovun,
Əbədilik sönməyən
Qəlbimdə közü qaldı.
Zirvədə çənimiydi,
Saçda ağ dənimiydi,
Əbədi mənimiydi,
Məndə mənlə mənləşən,
Xəbərsiz özü qaldı.
Hicran ruhumu sardı,
Sanki tufan qopardı,
Nə vardısa apardı,
Getdi, yanaqlarımda
Bir dodaq izi qaldı.
XƏYANƏTƏ NİFRƏTİM VAR
Əbədi əzabdı mənəvi ölüm,
O, elə dərddi ki, kiminlə bölüm?
Dinməyə bilməyir yaralı könlüm,
Gizlicə qeybətim, aşkar qeybətim,
Xəyanətə nifrətim var, nifrətim.
Bacarsan gözəldir, yaşamaq həyat,
Gözəllik həmişə olmayır heyhat.
Səsimdən lərzəyə gəlsin kainat,
Eşitsin el-obam, bilsin millətim,
Xəyanətə nifrətim var, nifrətim.
Qaçarikən vücuduma calanmış
Sarılaraq boğazıma dolanmış
Aman Allah, nə zəhərli ilanmış
Qəlbimə, ruhuma hopan zillətim,
Xəyanətə nifrətim var, nifrətim.
Bilmirəm həyatın mənlə qəsdi nə?
Kədərdən qurtulub, doluram qəmə
Cığateləm, bu sevdalı eşqimə
Xəyanətdən doğulubdur həsrətim
Xəyanətə nifrətim var, nifrətim.
KÜSMÜŞƏM
Bilirsənmi, niyə qəmli durmuşam,
Bir bülbüləm, mən çəməndən küsmüşəm,
Ey aşiqim, çox da könlüm almağa
Cəhd eləmə daha səndən küsmüşəm.
Aşiqə bax, mənə qəm olub aşiq,
Dolub ürəyimə cəm olub aşiq,
İçib qan şərabın dəm olub aşiq,
Barışmaram, daha qəmdən küsmüşəm.
Mən torpağam, əkilib-ləklənmişəm,
Mən duyğuyam, xəyalla təklənmişəm.
Telli sazam zil üstə köklənmişəm,
Enəmmərəm, daha bəmdən küsmüşəm.
Görünməsin gözlərimə qüssə-qəm,
Qapılmaram, dar məqamda hissə mən.
Neçə üzdə, dodaqda təbəssüməm,
Gözdən axan yaşdan, nəmdən küsmüşəm.
Şərbət olmaz, şirini az, qəndi kəm,
Su saxlamaz olsa çayın bəndi kəm.
Yaxşı nə var, elə hamsı kəmdi-kəm,
Cığateləm, yaxşı kəmdən küsmüşəm.
SEVGİMİN MƏZARI
Ölüb sevgilimin əlində sevgim,
İlhamım sevgimin yasına gəlib,
Səssiz haraylarım ərşi tərpədib,
Mələklər qəlbimin səsinə gəlib.
Sevgilim Allahın, sevgim mənimdi,
Ağlayıb, saçımı yolsam haqlıyam.
Günaha yazılmaz, sevgi qənimdi,
Sevgi ucbatından ölsəm haqlıyam.
Sevgi məzarlığı göstərin mənə,
Harda dəfn eləyim, harda sevgimi?
Hara boylanıram, hara baxıram,
Duyuram, görürəm orda sevgimi
Qəlbimdə basdırdım, çıxdı gözümdən,
Süzüldü-süzüldü könlümə axdı,
Torpaqla buludun oynun oynadı,
Yenə buxarlandı şimşəktək çaxdı.
Göydən ayrı gəlib mənim kitabım,
İmanım sevgimin, dinim sevgimin,
Bəlkə sevgilimin qəlbindəki daş
Elə məzarıdır mənim sevgimin.
Sevgimin məzarı inciyər məndən,
Mən bu ziyarətə gedim nə biçim?!
Çiçəkmi aparım, gülmü aparım,
Gedərsəm, qapıdan bəs necə keçim?!
Düçar edildiyim bəlaya bir bax,
Sevgimin məzarı çəpərli, qanlı,
Eşqin dərgahında uyuyur eşqim,
Gözümün önündə sevgilim canlı.
Ölüb sevgilimin əlində sevgim,
İlhamım sevgimin yasına gəlib,
Səssiz haraylarım ərşi tərpədib,
Mələklər qəlbimin səsinə gəlib.
BU QIZ
Sevəndə sevgimi gizlədəmmirəm,
Deyirlər sevgidən halidi bu qız.
Səhrada dolaşır məcnun xəyalım,
Deyirlər bəlkə də Leylidi bu qız.
Züleyxa dilimin ahı tükənmir,
Dəniz gözlərimin mehi tükənmir,
Lalə yanağımın şehi tükənmir,
Deyirlər baharın gülüdü bu qız.
Qışıma yaz, yazıma sərt qış gəlir.
Doğulur duyğular ayaq-baş gəlir,
Güləndə də gözlərimdən yaş gəlir,
Deyirlər gözləri suludu bu qız.
Sevginin astarı üzündən baha,
Çox başlar əydirib nökərə, şaha,
Cığateləm, bir də sevmərəm daha,
Sevəndə deyirlər dəlidi bu qız.
KÖNLÜMÜ
Hərraca çıxarıb könlümü zaman,
Ala bilən, gəlsin alsın könlümü.
Milyon dəllal tacir gətir, bacarsa,
Qiymətdən bir şahı salsın könlümü.
Məkanından dağ oynadan amandı,
Saf niyyətli Haqqa yetən imandı.
Hər barmaqdan səs çıxarmaz, kamandı,
Deyin gəlsin Habil çalsın könlümü.
Saymayanı saymaz yana sayıbdı,
Günahını günahkarlar yuyubdu.
Üstün örtməz okeanlar ayıbdı,
Dərya, ümmanlara dalınm könlümü.
Cığatel, dövlətin, varın şeirdən,
Səyyah oldun bircə baxış seyirdən
Dür gətirin xəzinədar şairdən
Özü bilər nəynən alsın könlümü!
ÇAŞIB GƏLMİŞƏM
Bu yol başqa yoldu, bu iz başqa iz.
Deyən bu yolları çaşıb gəlmişəm.
Günəş çıxıb, qar əriyib üstümə,
Çayam, yatağımdan daşıb gəlmişəm.
Bir zamanlar atam, anam sağıydı,
Bülbülüydüm, yurdum, yuvam bağıydı,
Mən bəyaz qarıydım, yerim dağıydı,
Dağdan yumarlanıb, aşıb gəlmişəm.
Bu yollarda cığır təzə, iz təzə,
Tikan batır gah ayağa, gah dizə,
Ürəyimi cüt eyləyib öküzə,
Ağlımı kotana qoşub gəlmişəm.
Çatıb qulağıma cütçü havası,
Sazla açılıbdı baxtımın tacı,
Bu da Cığatelin yeni sevdası,
Bu sevda dalınca düşüb gəlmişəm,
Ağlımı kotana qoşub gəlmişəm.
SƏNƏ İNANIRAM
Haqqa tapınmışam, ey ürək dostum,
Sənin timsalında düzü sevmişəm.
Elə düşünmüsən, elə demisən,
Ağzından hər çıxan sözü sevmişəm.
Səni dinləməyə öyrəşmişəm mən,
Səsin gəlməyəndə xəyalım çaşır.
Ağlıma gələni yellər aparsın,
Bir bilsən başımda nələr dolaşır?!
Sən bahar övladı, payız vurğunu,
Yağdır başım üstə suallarını,
Səninlə danışmaq mənə çətindir.
Töküm varaq üstə duyğularımı.
Arabir inciyib, küsürsən məndən,
Mənim kövrəkliyim sənə dərd olur.
Dəniz gözlərinin dərinliyində
Bir kədər görüncə gəmim qərq olur.
Sənə inanıram ey ürək dostum,
Deyirsən ağlama, ağlamam daha,
İndi ağlamağım, bil ki gülməyim,
Bir sənə qalıbdır, bir də Allaha.
GÜLÜŞÜNƏ XOŞUM GƏLİR
Gülüşünə xoşum gəlir,
Gül, üzünü gülər görüm.
Çox demirəm, hər günorta,
Hər axşam, hər səhər görüm.
Gül günəşim şölələnsin,
Göydən yerə nur ələnsin,
Kainat nura bələnsin,
Mən səni bir təhər görüm.
Cığateləm ucalıram,
Daha deməm qocalıram,
Gülüşündən güc alıram,
Gül canımda cövhər görüm.
AĞLARSAN
Hələ ki, qədrimi bilmirsən mənim,
Bir vaxt olar yarım deyib ağlarsan,
Şaxta vurar, xəzan olar bağların,
Bağban olsan barım deyib ağlarsan.
Sən dənizsən, mən dənizdə bir ada,
Mənim yerim boş qalıbdı dəryada.
Ucalarsan başın dəyər buluda,
Dağlar olsan qarım deyib ağlarsan.
Seyr edərsən gözəllərin yüzünü,
Xatırlarsan söhbətimi, sözümü,
Haqq eşqinə Cığatelin üzünü,
Bircə dəfə görüm deyib ağlarsan.
YUXUSUNDA NƏ GÖRÜBDÜ BU OĞLAN
Günəş yatıb, göydə ulduz sayrışır,
Sevən ruhlar bir-birinə qarışır.
Axşam-səhər yuxusundan danışır,
Yuxusunda nə görübdü bu oğlan?
Dağ başında qarmı görüb görəsən?
Kaman gəzir, tarmı görüb görəsən,
Gözü gülür, yarmı görüb görəsən?
Yuxusunda nə görübdü bu oğlan?
Burnundadı bu yuxunun qoxusu,
Bu yuxusun Həzrət-Yusif oxusun,
Yalandırsa, gerçək olsun yuxusu,
Yuxusunda nə görübdü bu oğlan?
GÖRMƏDİM ÇIXAN GÖZLƏRİ
Baxma gözlərimə, baxmam gözünə,
İstəməm hər gözə baxan gözləri,
Qorxmursan dəryalar, dənizlər udar,
Süzülüb, hər yana axan gözləri.
Sənin də gözünə baxan tapılar,
Baxışla evini yıxan tapılar.
İnşallah yandıran, yaxan tapılar,
Qəlbimi yandırıb, yaxan gözləri.
Atəşin könlümə qor ələdi qor,
Məni məndən sorma, gözlərindən sor,
Eşqin Cığateli kor eylədi, kor,
Görmədi yanında çıxan gözləri.
QIZILGÜLÜN NAĞILI
Bir qış günü bir bülbül
Bağda nəğmə oxudu,
Günəş də coşa gəlib,
Aləmə nur toxudu.
Oxuduqca oxudu,
Bu nəğməkar, anadil,
Quşcuğazın səsindən
Eşqə düşdü qızılgül.
Elə bildi bahardı,
Çağladıqca çağladı,
Unudub yayı, qışı,
Günəşə bel bağladı.
Möcüzəydi, qızılgül
Elə bil cana gəldi,
Qızardı-gövdəsində,
Damarı qana gəldi.
Göründü budağında
Bir tumurcuq tazə-tər,
Əsdi, coşdu, titrədi,
Qəzəbləndi fəsillər.
Bahar gözünü süzdü,
Payızın rəngi qaçdı,
Görmürsənmi-dedi-yay,
İndi şaxtalı qışdı.
Bülbülə nə var axı,
Hər an oxuya bilər,
Sənli-sənsiz hər gülü,
Gedib qoxuya bilər.
Alıb ağlını əldən,
Bu vəfasız quşcuğaz,
Ey təbiət gözəli,
Qışda çiçək açılmaz.
Qızılgül dilə gəldi:
Toxunmaym amandı,
Qoy açılsın çiçəyim,
Son ümid, son gümandı.
Qızılgül dinər-dinməz,
Ağzında qaldı sözü,
Günəş çəkildi getdi,
Buludlandı göy üzü.
Qopdu tufan, çökdü çən,
Göylərdən qar ələndi,
Göz-gözü görməz oldu,
Aləm ağa bələndi.
Bülbül döndü yuvaya,
Boylanmadan geriyə,
Güvənərək səsinə,
Özünü öyə-öyə,
Bir ah çəkdi qızılgül,
Açılmadı çiçəyi,
Soyuq qarın altında,
Dondu körpə ləçəyi.
Bir də günəş o yerdə,
Şöləsini saçmadı,
Elə dondu tumurcuq,
Baharda da açmadı.
QIRMIZI İLANIN NAĞILI
(ŞEİR -TAPMACA)
Hələ ki, ölmüşəm mən, məni sən öldürmüsən,
Doymamışam həyatdan, məni kəm öldürmüsən.
Gəlmə mənim dalımca, yaşa, xoş yaşayınca,
Kam al nurlu həyatdan, zövqünü al doyunca.
Amma bir gün diriltmək istəsən məni əgər,
Bir nağıl deyim sənə, dirilt məni müxtəsər.
Bu nağılın içində bir qırmızı quyu var.
Bu quyunun içində bir mirvari suyu var.
Bu mirvari suyunda qırmızı ilan yatıb,
Bu ilan çalxalayıb bəzən aləmi qatıb.
Bu ilanın quyruğu burnunun ucundadı,
İlanın ixtiyarı bir qanlı xurcundadı,
Dərin düşün, zikr elə, kələfın ucunu tap,
İdrakın əlləriylə o qanlı xurcunu aç.
Xurcun dinər-danışar, sirrini ilan bilər,
32 gövhərdən, 7 gövhər gətirər.
7 dürü-gövhəri yan-yanaşı düzərsən,
İlanın quyruğundan qulağıma süzərsən.
Göydən üç alma düşdü, nağılın sonundayam,
Dediyimi eləsən, bil ki, mən yanındayam.
BU DİL BİZİMDİ
Vətən birdi, məkan ayrı qardaşım,
Bu oba bizimdir, bu el bizimdi.
Haralısan, haralıyam, deməyin,
Azəri türküyük, bu dil bizimdi.
Dağın dağımdandır, düzün düzümdən,
Ağlayırsan, yaş süzülür gözümdən.
Sazın sazımdandır, sözün sözümdən,
Bu mizrab bizimdi, bu tel bizimdi.
Yanır Qarabağım, odlamr Şuşam,
Bir dərddir, bağrını, bağrımı deşən,
Qəlbinin, qəlbimin başına düşən,
Bu yara bizimdir, bu xal bizimdi.
Gəl ay Cığateldən yurdunu soran,
Kitabın Qurandı, kitabım Quran.
Babamız Adəmdi, dünyamız Turan,
Bir hədəfə neçə sual bizimdi,
Azəri türküyük, bu dil bizimdi.
TÜRK ELİNƏ SALAM DE
Dədə Heydər, Ata Kamal can dedi,
Azəri-Türk, Türk Azərbaycan dedi,
Qaynayıb qan, qarışıbdı can dedi.
Ayrı düşsəm, ərşə çıxar naləm de,
Türk qardaşım, Türk elinə salam de.
Cahil kəslər cahillikdən usansın,
Günəş çıxsın, cahan nura boyansın,
Dədəm Qorqud, Yunus Əmrəm oyansın.
Aç kitabı, dürlü-dürlü kəlam de,
Türk qardaşım, Türk elinə salam de.
İslamım dağ, zirvəsində Quranı
Özgə yerdə bulma, bunca çaranı,
Zəbanə çək, oyatsm tüm Turanı,
Müsəlmanıq, var Kəbəm, Kərbəlam de,
Türk qardaşım, Türk elinə salam de.
Kafirləri, yezidləri, xar elə,
Haqqa tapın, Haqq üçün israr elə.
Soruşsalar Cığateli, car elə,
Azəriyəm, Yaradana qulam, de,
Türk qardaşım, Türk elinə salam de.
TORPAQ
Mürvət umma hər gədadan,
Getsən, torpaq üstünə get.
Səxavəti, varı bitməz,
Getsən, torpaq üstünə get.
Dür istəsən, dür verəcək,
Bar istəsən, bar verəcək,
Gor istəsən gor verəcək,
Getsən, torpaq üstünə get.
Onunçün ağa, qul birdi,
Sirri Allahnan əlbirdi,
Atan-anan yatan Pirdi,
Getsən torpaq üstünə get.
Yaradandan mürvət olsun,
Cığatel, iç şərbət olsun.
Qüsul, kəfən qismət olsun.
Getsən, torpaq üstünə get.
₺72,44
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
18 ekim 2022ISBN:
978-9952-8260-6-7Telif hakkı:
JekaPrint