Kitabı oku: «Mən bir susmaz duyğuyam ki…», sayfa 2
Yazı tipi:
BİLİRƏM
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Leyk yazdıqların əsla eləməz xalqa əsər,
Söyləyirsən, çığırırsan, bağırırsan da hədər,
Yenə millət, babası getdiyi yol ilə gedir.
Boyasan rəng ilə daşı yenə daşdır, nə ki zər.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Yazdığın daşları hərçənd kəbab etmədədir,
Köhnələr indi də bicliklə savad etmədədir,
Hamısı çəngü tərəb şürbə şitab etmədədir,
Qış gəlir, kürsü qurulmuş, hamı xab etmədədir.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
O ki, bir çoxları dövlətlilərinin zadəsidir,
Hamısı ləhvü ləəb, bicliyin amadəsidir,
Atası – lal, babası – əldə olan badəsidir.
O qoduqlar hamısı qızların iftadəsidir.
Onların dərdinə bir Anna dəvadır bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır bilirəm.
Hər nə yazsan yeri var, yazma itilget sözünü,
İş məqamında görərsən hamı örtər gözünü.
Səkkiz il baş darayar, ya da ki, çırpar tozunu,
Boş yerə çırmalanıb, ortaya tullar özünü.
Sənəti büxlü həsəd, kibrü riyadır, bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
ARZU
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb deyəndə lərzə tutur cismi-zarımı,
Bulvar yanında eyləyir əskik güzarımı,
Hər gün bu məktəb artıq edir intizarımı.
Bundansa… kaş atam qazıyaydı məzarımı.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Gündə gəlib müəllim edir vəzi-moizə,
Tülkü, inək, qoyun, keçir axırda ilbizə.
Yerdən qurtardı, qoyma ki, dırmaşdı ulduza.
Vallah, çərən-pərən, nəyə lazım bular bizə?
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb binasını yekə bulvar tikəydilər,
Bir dəstə modalı mənə paltar tikəydilər,
Bu qırmızı xəritəni şalvar tikəydilər.
Qızlar geyəydi leyk bir az, dar tikəydilər.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Bulvarda vardır işvə ilə nazı qızların,
Məktəbdə tappa-tuppu gəlir kürsü, mizlərin,
Dəftər-kitaba bax, çıxa tainki gözlərin,
Cismin zəif olur, kəsilir tabı dizlərin.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Əzbərləyir kitabı, buraxmaz birin dala,
Guya ki, oxşadır bizi zənbilli hambala,
Bir az dilin çaşarsa, yazar “iki” jurnala,
Şeytan deyir, bu uçteli dur yaxşı tapdala!
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
DƏNG OLDUQ
Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən!
Bir gün olurmu millət azad sənin əlindən?
Hər yerdə bir iş olsa, ordan xəbər bilirsən;
Bir pis iş etsə bir kəs, pıqqıldayıb gülürsən.
Ta hər işin o şəxsin məxluqa bildirirsən.
Bir biclik etməyir xalq icad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Dəllək dükanın etdi bir kəs qumar yuvası;
Yaxşı mədaxil aldı, yüksəldi iştəhası;
Yazdın onu qəzetdə, dağıldı hər əsası,
Çox keçmədi ki, oldu bərbad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Biçarə Vamiq oldu avara öz elindən,
Məcnunu sən ayırdın Leyli kimi gülündən,
Hətta bu cür deyirlər, bir ravinin dilindən:
Başın daşa çalıbdır Fərhad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Hərgah sən olmasaydın hər kəs işin bilərdi;
Birsi adam soyardı, birsi cibə girərdi;
Firon hələ min il də Allahlıq eyləyərdi.
Gizləndi qəbr evində Şəddad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Qorxudan indi xalqın gizlənmək oldu şuğlu;
Ölsən, kəsər xəlayiq qurban beş-altı toğlu
Yıxdın evin bu xalqın, adə, a zalım oğlu!
Vallah, camaat olmur dilşad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Təngə gəlib xəlayiq, fəryad sənin əlindən!..
DEMƏDİM
İşimiz boş danışıq, həmdü sənadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Millət əfradı unutdu hamı həsbü nəsəbi;
Elm təhsilinə sərf eylədi həm ruzu şəbi;
Mən bilən ki, ona lənət oxuyur cəddü əbi,
Baxmadı hərçi deyib dad elədi Molla Cəbi.
Rükni-dinin biri də rəngi-hənadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?
Ortaya saldı özündən hərə bir tazə dəbi,
Nə bilim qız oxusun, bəlkə də olsun ədəbi.
A kişi, arvad hara, bayram hara, kimdir səbəbi?
Bir yerə cəmləşib saxlaya mövludi-nəbi?
Oxumaq milləti-islama bəladır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Qız hara, məktəb hara, dərsü qələmdan hara?
Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara?
Ay canım, arvad hara? Zümreyi-insan hara?
Qız ki, şeytan kimidir, biz hara, şeytan hara?
Evimiz bir heçin üstündə binadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Baxın indi oxumuş qızlara tüğyan eləyir;
Biri cəmiyyət açır, pul yığır, ehsan eləyir;
A kişi, arvad da özün bir yekə insan eləyir.
Tuf belə adətə olsun ki, müsəlman eləyir.
Arvada layiq olan cövrü cəfadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?
NOVBAHAR
Şad ol, könül ki, fəsl yenə novbahardır;
Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
Bulvarda Annalar eyləyirlər səyahəti;
Yox naz-qəmzənin, bu sən öl, heç nəhayəti;
Var doğrudan da bulvara çıxmaq ləyaqəti;
Ey dil, bu bəzmə getməyinin var səfahəti.
Bulvar demə, behişt kimi laləzardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Bax, diqqət eylə lizaların xəttü xalına;
Ağlın gedər baxan kimi rüxsari-alına;
Bihuş olunca, diqqət elə gül camalına;
Baxma bu qəztə-məztəçinin qiylü qalına;
Vallah, o da Marusyalara cannisardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Millət itirdi şövkətü şanın, cəhənnəmə!
Zillət kəsib cahanda təvanın, cəhənnəmə!
Aclıqdan az qalıb verə canın, cəhənnəmə!
Fikrin nədir, verəm hələ nanın? Cəhənnəmə!
Millət evi cəhənnəmə ki, tar-mardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Yığ şəlpə-şülpəni, bulvara qıl səfər;
Ol cənnəti-cahanı gəziş bir, a bəxtəvər!
Huri deyilmi? Seyr eləyir, yaxşı et nəzər,
Aldanmaram qəztəçiyə, dad eyləmə hədər.
Millət qəmindən itilgetlər kənardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Ruhun var isə millət işin qoy kənarda,
Millət qəmini kim çəkəcək novbaharda?
Çıxsın canı, nə borcuna, yatsın məzarda.
Get işrət eylə, məqsədi-insan nigardır;
Fikr etmə ki, bu cür hərəkət nagüvardır.
Hər kəs dedi ki, millət işi ahü zardır,
Söylə ki, vaxt yoxdur hələ, novbahardır.
HALIN NECƏDİR?
Ay Baba, söylə görüm, indiki halın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Söyləyirdin bizə daim niyə bu qədr yalan
Ki, uzun oynanacaq səhnədə “Arşın mal alan?”
Öləcək səhnə, drama, nə ki var yerdə qalan.
Təzə cəmiyyət açıblar, nə yatıbsan, bir oyan.
Di bu cəmiyyətə məqsudi-məalın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Səhnəyə çəkdi “Səfa” ildə on üç gün zəhmət,
Hasili getdi drama baş-ayaq, bir rəhmət;
Aktyorlar yığışıb axırı etdi hümmət,
Təzə cəmiyyət açıb, ta ki, dirilsin millət.
Di bu cəmiyyətə sorğu-sualın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Dirilib indi drama, kefim olmuşdur çaq,
Bu işi əmri-mahal ədd eləyirdin, a qoçaq!
Aşna, gördüm şaşıb hərdəm danışırsan beş-ayaq,
Yaşasın bu sayaq artist, sağ olsun, yenə sağ!
Başa gəldi, o sənin əmri-mahalın, necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Daha hər lobyasatan, çəkməçilərlə həmrah
Oluban, küçədə verməkçin oyun, tapmaz rah;
Dirilib gəldi drama, azacıq söz kütah,
Ömür lütf et belə artistlərə sən, ey Allah!
Söz ki bitdi, daha sındı pərü balın, necədir?
Gələcək səhnə üçün fikrü xəyalın necədir?
OYANIB
Yaşasın doğrusu, gör cümlə müsəlman oyanıb,
Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb.
Hamısı hümmət edir, qeyrət edir, ibrət edir,
Eləyir cümlə nəzər işləri sahman, oyanıb.
Oyanıb millət əcəb, tapdı nicatın yolunu,
Oxuyub elm, kəlam etməyə insan oyanıb.
Sübh açıldıqda böyüklər yüyürürlər qabağa,
Dalca gəlməkliyə də millət obaşdan oyanıb.
Çıxıb hər gündə qəzet, həftədə məcmuə, kitab,
Çox mübarək, bu “Babayi-Əmir” əlan oyanıb.
BİLİRƏM
“Zəhlə töküb yazma” – deyənlərə
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,
Məni əfv et, yazıram hərzəvü-hədyan, bilirəm!
Nə ədibəm, nə mühərrir, kişi, şair deyiləm,
Şüəra və üdəbalar kimi mahir deyiləm.
Ciddi yazmaqla Hadi, gülgüdə Sabir deyiləm,
Xamədən dürrü-gövhər tökməyə qadir deyiləm.
Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm,
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!
Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm,
Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm.
Məcburam töhmətin ilə səsimi mən də kəsəm,
Məni əfv eylə, itaət sözünə eyləməsəm.
Mən də çün-çün yazmağıma yoxdu bir imkan, bilirəm,
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!
O NƏDİR?
Səndən xəbər alım haqq bilən aşiq,
O nədir ki, sözü vardır, özü yox?
Cavab qaytar istəyinə müvafiq,
O nədir ki, özü vardır, sözü yox?
O nədir ki, bizləməsən, çalışmaz?
O nədir ki, dindirsən də danışmaz?
O nədir ki, xeyrə-şərə qarışmaz?
O nədir ki, haqq görməyə gözü yox?
O nədir ki, vaxtı keçmiş ölməyir?
O nədir ki, çox ağlayır gülməyir?
O nədir ki, yaxşı-yaman bilməyir?
O nədir ki, özün görər, bizi yox?
O nədir ki, Allahına pul deyir?
O nədir ki, ağasına qul deyir?
O nədir ki, olmaz şeyə ol deyir?
O nədir ki, əyrisi var, düzü yox?
O nədir ki, mümkün ikən tapılmaz?
O nədir ki, iynə satar, sap olmaz?
O nədir ki, istədiyin tapılmaz?
O nədir ki, arşını var, bezi yox!
O nədir ki, ayda qırx gün bağlanır
O nədir ki, bir həftədə bağlanır?
O nədir ki, qapısında ağlanır?
O nədir ki, “yox”dan başqa sözü yox?
O nədir ki, gün uzunu işləyir?
O nədir ki, işləmədən dişləyir?
O nədir ki, gündə birin boşlayır?
O nədir ki, oğlan sevər, qızı yox?
O nədir ki, bir həsirdir, dörd divar?
O nədir ki, bir qapıdır, bir açar?
O nədir ki, gördüyünə göz yumar?
O nədir ki, içində bir mizi yox?
O nədir ki, dəftəri çox, işi az?
O nədir ki, “sabah gəl”i qurtarmaz?
O nədir ki, qulaq verməz yüz min yaz?
O nədir ki, qışda getsən buzu yox?
POEMA
QIZ QALASI
1
Quzğunun sahilində pək qocaman
Bir yapı, əski sirlər yuvası,
Sanki dalmış dərin düşüncələrə,
Duruyor sakitanə Qız qalası.
Bu yaxın keçmişin gözəl gəlini,
Baxıyor, sanki qəm büküb belini,
Qocalar tək həyatdan doymuş,
Baxıyor dövrəyə yarımuyumuş.
Hər yan altın bəzəkli şən yapılar,
Dirilik dörd yanında qaynamada.
Arxada bir gurultu, bir yenilik.
Öndə çapqın vaporlar oynamada.
Qara, yüksək, şubay buruqlardan
Neft atılqanları nöyüt sərpər.
Həp yarım milyon işçinin çəkici
Öylə çarpar ki, yer əsib titrər.
Gecə sahil boyunda seyr edəsən,
Gəzişirlər yığın-yığın qızlar;
Günəşin istiqanlı yavruları
Hərə bir canlı gül seçib izlər;
Oxşayıb güldürər, gülər, dinlər,
Söyləyər, yalvarar, deyər, inlər.
Hər tərəf başqa dürlü bir yenilik;
Hər tərəf sevgi, hər tərəf şənlik;
Dirilik tam gurultusilə özün
Göstərir sahilində bir dənizin.
2
O, fəqət bunlara qoyurmu məhəl?
Yox, yox, o iştirakə pək tənbəl.
Görkəmindən düşündüyün sonsuz
Andırar sanki dərdli bir öksüz.
Unudulmuşmudur, ona darılar?
Əski elxanlılar çağınmı anar?
Kim bilir, söyləməz, qonuşmaz ki,
Qaynayan dirliyə uyuşmaz ki.
Dalmış o pək dərin xəyalə, durur,
Nələr, Allah, bu əski ev düşünür?!
3
Burası örtülü bütün eldən…
Pək dərin keçmişin, fəqət dildən –
Dilə vardırdığı dumanlı xəbər
Xalq içində maraqla söylənilər
Ki, bizim paytaxtımız xanının
Qızını Abşeron xanı görmüş,
Oğluna almaq istəyib sormuş.
Xan da bu batqın ölkə xalqından
Qorxaraq, indiki bu dik qalayı
Xəzərin göy suyunda tikdirərək,
Qızını, bir də bir qoruq alayı
Abşeron çapqınından aldırmış,
Göylərə, bu binayə qaldırmış.
4
Söylənir bu… fəqət mənə bir gün,
Qoca, düşkün qiyafəli bir pir
Pək gözəl, şairanə sözlərlə,
Etdi bir qəmli macəra təsvir.
5
Altı yüz il qədər əvvəllərdə,
Bu binaya yaxın duran yerdə
Bakının sahilüstü bir küçəsi,
Can sevən bir gözəl mayis gecəsi…
Tam göyün ortasından ay durmuş,
Dörd yanın dövrə bir işıq bürümüş.
Altı-yeddi sarımtıraq ulduz
Pək uzaqlarda titrəşir fərsiz;
Sakitanə dəniz durub parlar,
Sıçraşıb xırda damcılar oynar;
Uyuyur qumlar üstə ilbizlər;
Orda gizlənqaç oynayır qızlar.
Mey vurunca hava xəfifanə,
İnlədikcə dəniz xəfifanə,
Yerə aydan işıq saçıldıqca.
Görünüşdən ürək açıldıqca,
O mələk gözlərində bir sevda,
Baxıyor, sanki seyr edir röya.
6
Ruhu onsuz da oxşayan bu gecə,
Dayanıb bağda bir yaşıl ağaca,
Saçların dağınıq arxaya tökərək,
Gözlərin ta uzaqlara dikərək,
Baxıyor bir xəyalə dalmış qız,
Baxıyor kainata qırpımsız.
Göydən ay öz şəfəqlərin səpiyor,
O qızın ağ gümüş döşün öpüyor.
Bir xəyalı kaman tək inləyərək,
Şəvə tək saçların öpər yellər.
Oxşadıqca ilıq hava bədənin,
Qucuyor boynunu uzun tellər.
O fəqət… dinləməz bu aləmi bir,
Baxıyor düz, düşüncəli, dilgir;
Sanki bir başqa kainat arayır.
Arabir diksinib için çəkiyor,
Ağaca doğru başcığın əkiyor,
Yenə dinməz, baxır fəzaya qəmin,
Yenə tutqun, haman yenə dalğın,
Qara gözlər haman yenə süzülür,
Al dodaqlar ara-sıra büzülür,
Gülüyor, ağlıyor, deyil, bəlli,
İnliyor, dinliyor çətin həlli!
İri, süzgün, qara kömür gözlər
Bu üfüqlərdə, ax, nələr gözlər?!
Keçmişin bu işıqlı ulduzunun,
Allah, Allah, bu gündoğuş qızının
Nələr etmiş xəyalını məğşuş,
O ayıqdırmı, yoxsa bir bihuş?!
Bu gözəllik, bu incəliklə məgər
Görən olsa, ona deyərmi bəşər?
Yox, satqın, heç bu od ona gəlməz,
Onu kim görsə, canlı zənn edəməz;
Deyəcəkdir, yəqin ona röya,
Pək dərin, şairanə bir xülya.
7
Göydə bir parça ağ bulud yürüdü,
Pərdəvarı ayın üzün bürüdü.
Bir dəqiqə hava qaraldı bütün,
Yenə durmuş bu qızcığaz məhzun.
Yenə əvvəlki tək deməz, dinməz
Yenə əvvəlki tək susar, gülməz
Bulud ötdü, yenə açıldı hava;
Yenə dalğın bu müztərib sima.
Demək olmaz ki, mütləqa qəmli,
Demək olmaz sevinməsin də vəli.
Doğrudan qayğımı çəkir bu mələk?
Yoxsa sevdalıdır bu qönçə çiçək?
Bağlıdırmı bir odlu eşqə bu qız?
Kimə aşiq bu parlayan ulduz?
Kimdir o taleyi bu cür gülüyor
Ki, onunçun bu al çiçək soluyor?
Onu yoxsa sevirmi bir sevici,
Gülüyor qız, bu eşqə pünhanı?
Yoxsa mümkünmü saymayır, eşqin?
O da bu sevginin pərişanı.
Böylə orta, bilinməyən bir hal.
Kəsdirib, bilmək həp bu halı mahal.
Ağ buludcuq ayın yanında gəzir,
Bir qayıq ta uzaq dənizdə üzür.
Yel ipək kömləyin qızın oxşar,
Saçların telbətel öpər, oynar.
Gecə ölgün sükut ilə yürüyor,
Qız da əvvəlki hal ilə duruyor.
8
İki yandan sümükləri çıxmış,
Qırışıq sərt üzündə bir iffət;
Boz qalın qaşlarilə örtülmüş
Xırda dik gözlərində bir şəfqət.
Gülüyor, hər addımda bir duraraq,
Gəliyor, çiyninə başın buraraq,
Gəliyor, san, nə isə dinləyərək,
Gəliyor hər addımda inləyərək,
Gəliyor o Qantemir pərişan hal.
Gəliyor xəstələr kimi bihal,
Gəliyor söyləsin öz eşqini ta,
Seviyor öz qızın zavallı ata…
Seviyor, həm deyil ki, bu ata tək,
Onu etmiş əsir o canlı çiçək,
Seviyor həm nasıl ki, gənc gənci;
Seviyor həm nasıl ki, bir sevici.
Yürüyor ixtiyarsız, ölgün;
Yürüyor kəndi-kəndinə küskün.
Qorxuyor o, zəhərli dillərdən,
Sanacaq xalq onu rəzillərdən;
Adına nəslinin ləkə sürüyor,
Ox, nə müdhiş bu!.. Bir qədər duruyor,
Qorxuyor tutduğu şəriətdən,
Qorxuyor tanrıdan, qiyamətdən;
Ad, san, el, tanrıdan olur məhrum.
Görüyor qarşısında bir uçurum.
Ölüyor, partlıyor, yenə seviyor.
Yürüyor, inliyor, yenə yürüyor.
İstəyir getməsin, ürək sürüyor;
İstəyir sevməsin, könül seviyor!
9
Doğru bir sevginin hüdudumu var?
Yox, yox, ancaq sevən bunu anlar!
Sevgi bir şey ki, çəkdirir zillət,
Həp əzabından aldırır ləzzət.
Sevgi bir od ki, yandırır ürəyi;
Sevgi bir göz ki, yox onun bəbəyi.
Kim ki sevdi, kim olduğun sormaz.
Sevdiyindən o, başqa şey görməz,
Eyləyir sevgi əqli tez fani,
Veriyor bir həyati ruhani.
Onu dünya yığılsa qandırmaz,
Ya mələklər gələ ovundurmaz.
Ona bir fərqi yox düyün, matəm,
Sevəcəkdir dağılsa da aləm.
Qorxmaz o, tanrıdan, şəriətdən,
Alır onsuz da zövq zillətdən.
Onda yox artıq hissi-heyvani,
Arar ancaq ki, zövqi ruhani.
10
Yürüyor Qantemir yenə irəli,
Qorxduğu şeylərin yox heç əsəri;
Yürüyor sevgi, başqa təkcə məal…
Duruyor qız önündə sanki xəyal.
İndi ay ağ buludcuğu devirib,
İşığın sanki büsbütün çevirib,
Töküyor sahilə gülümsəyərək,
Sanki cənnət yaratmaq istəyərək,
Qızı guya mələkliyə sınayır.
Şəfəqilə qızıl saçın yıqayır.
Mən əminəm ki, göydən ensə mələk,
Yenə üstün gələr bu nazlı çiçək.
Bu gecə etiraf olunsun, əvət,
Tanrıya bir rəqib olub xilqət.
Artırınca gözəlliyin yaranış,
Alıyor qız ilahi bir görünüş.
11
Baxıyor Qantemir, həzin baxıyor;
Yaş gözündən dayanmadan axıyor.
Baxıyor Qantemir qəmin, məhzun.
Çıldırır, bax, deyilmi bir məcnun?
Baxıyor, bir zavallı tək baxıyor,
Bu gözəllik sinirlərin yaxıyor.
Gülüyor hər tərəf: dəniz, su, hava,
Bircə tutqun bu qızcığaz, bu ata.
Yarpaqaltı işıqlar oynaşıyor;
Qıza Məcnun ata yaxınlaşıyor,
Gözlərində alovlu bir sevda;
Sərt, fəqət pək boğuq səsiylə ona:
– Durna! – Qız diksinib, həzin, süzgün
Baxıyor, qarşısında san düşkün,
Pək və şaşqın, yazıq ata, duruyor.
– Yenə gəldinmi? – Of, – deyib soruyor.
– Bu qədər qayğı, bunca işgəncə
Sanıyorsan ki, azmı bir gəncə?
Məni, onsuz düşüncələr bürümüş;
Fikrimi onsuz da qayğılar yormuş.
Mənə onsuz bu eşq tüğyani
Veriyor bir əzabi-ruhani.
Yaxıyor qəlbimi bu eşqin ya,
Ox, zavallı, aman, zavallı ata!
– Durna! Sus! Sus! Nədən bu danladığın?
Bilirəm, yox ki, eşqi anladığın,
Bilirəm sən nədən bu cür dalğın,
Bilirəm, ax, bu sevgi pək şaşqın.
Haqlısan sözlərində, pək haqlı,
Duyğum üstün ki, susdurub ağlı.
Durna! Duyğum Xəzər kimi daşqın;
Nə edim? Əmr edir bu cür şaşqın.
Yox, bu şaşqın deyil, deyil, əsla!
Məndə bu sevgi doğru bir sevda.
Kim olursan sən, ol da, yox xəbərim,
Mən fəqət bu gözəlliyi sevərim.
Bu gözəllik, bu incəlik, bu, əvət,
Aldığın bu ilahi vəziyyət,
Mən deyil, hər kəs olsa bənd eləyər,
Atan hərgah peyğəmbər olsa, sevər.
Baxıyor qızcığaz inildəyərək,
Ata həm ağlayır sözün deyərək:
– Sən nəsən? Çünki bir sevilməli gül.
Ağlayırsanmı? Durna, sus! Gül, gül!
Ağlamaqdansa, al məni öldür.
Gül, bu məcnun ürəyimi güldür!
Səni ağlar görəndə handa mənim!
Çatlayır, partlayır bütün bədənim.
Durna! Səndən çocuq kimi dilərəm:
Ağlama, yoxsa indicə ölərəm.
Gülüyor qızcığaz heç istəmədən:
– Ata, ah, söylə, söylə, nədən
Böylə şaşqın bir eşqə verdin dil,
Nə deyər tanrı, ya nə söylər el?
Vurdu meh, keçdi bir ilıq ruzgar,
Güldü san incə bir gülüşlə bahar.
Gəldi bir an tərənnümə güllər,
Yenə susdu əvvəlki tək yellər.
Yenə ölgün sükuta batdı açun,
Qantemir indi büsbütün məcnun.
Çal bığlarla örtülən ağzı
Hər sözündən sonra köpüklənərək,
San ürəkdən tutub çəkir sözünü.
Sözü gah yüksəlib də, gah enərək,
Söyləyir: – Durna! Anlamam səni mən,
Bu qədər qorxu, ya sıxıntı nədən?
Mən özüm indi kimsəni tanımam,
Kim nə istər desin, mən aldanmam.
Mənə indi mələk və ya insan,
El, peyğəmbər, kitab, din, Quran,
Məmləkət, hökmdarlıq, xanlıq,
Qüssə, qayğı və ya firavanlıq,
Hamı bir heç, hamı mənə röya!
Bircə sən, sən, aman, aman, Durna!..
O baxışlar ki, sevgi tək qəmgin,
O yanaqlar ki, gül kimi rəngin,
O dodaqlar ki, ağlayır gülərək,
Gülüyor sanki dərdimi bilərək,
Ax, o kirpik ki, indicə qurumuş,
O qızıl saç ki, boynunu bürümüş,
Ax, o gözlər ki, andırır xülya,
Çırpınır varlığında bir sevda,
Bu gözəllik, bu incəlik, bu gülüş,
Bu xəyali, ilahi bir görünüş
Mən deyil, Tanrıya vurar düzgü.
Bax, özün Durna, bax, aman, güzgü
Yox ki… yar qəlbimi var onda hamı.
Canlı bir Durna, yox ki, tək rəsmi.
Bu gözəllik ki, səndə var, Durna,
Tanrı, sevsəm, yəqin darılmaz ona.
Haqsızam sevməyə gözəlliyi mən?
Kəndisi Məryəmə vuruldu nədən?
Sevdi kəndi yaratdığın kəndi,
Mən sevərsəm, mənə nə der indi?!
İstəyirsə ki, sevməyim səni mən.
Səni böylə gözəl yaratdı nədən?
12
Qantemir məmləkətdə bir dahi,
Əski qalxan-qılıncın Allahı.
Qantemir qəhrəmanlar öldürmüş,
Diriliklər qılıncı soldurmuş,
Ona tabe alovlu bir ölkə,
İndi durmuş nasıl ki, bir kölgə;
Heç duyulmaz ki, işləyir nəfəsi;
Arabir inləyir qırıntı səsi:
– Durna! Yavrum, darılma, olma məlul.
Sevmə bir başqasın, aman, mənim ol!
Varlığın çeynər odlu bir qayğu,
Ata bəklər maraqla qaytarğu.
İndi sahildə səs-səmir əsla
Eşidilməz, açun yatıb guya,
Tərpənişsiz bütün hava durmuş,
Batqıya doğru bir az yürümüş.
Seçilir göydə güclə ulduzlar,
Uyumuş həp dəminki gənc qızlar
Dinməz öz boynunu əyib güllər,
Sanki bir şey maraqla pək dinlər.
Bu sükutu yarar fəqət arabir
İlbiz oymaqları yaşıl təpələr;
Öndə parlaq sularda incə, xəfif
Bir şırıltıyla oynaşan ləpələr.
Baxıyor Durna, sanki bir heykəl,
Çeynəyir varlığın dəmir bir əl.
Baxıyor kainata hiddətlə,
Qocanı, həm kəmali-diqqətlə
Süzüyor, kəndi bilmədən səbəbin;
Yenə dalğın, haman yenə dalğın…
Qantemir indi canlı bir heycan,
İldırım, od, alovlu bir vulkan.
İnləyir tapdağında guya yer,
Parlayır gözlərində şimşəklər.
Bu gözəllik sinirlərin yaxıyor;
Sanki ac qurd şikar üçün baxıyor.
Baxıyor Durnanın bu heyətinə,
Mütərəddid gözəl qiyafətinə,
Söyləyir: – Durna! Nazlı yavrum, bax,
Məni məhv etmə, bu sükuta burax!
Mən həyatımda dürlü gün gördüm,
Əymədim baş açunda bir nəfərə,
Bir nəfər yox, bütün bəni-bəşərə.
Oda girdim, ölümlə çarpışdım.
İçmədim su, həmişə qan içdim
Məni gördükdə handa bir əsgər,
Qəhrəmanlar, igid-igid ərlər
Titrəyirlərdi sanki bir yarpaq,
Oynaşım qan, dəmir, çəlik, mızraq!..
İxtiyarəm deyib də, aldanma.
Hələ pək güclüyəm, inan, Durna!
Mənə odlar, sular, biyabanlar,
Vəhşilər, arslanlar, insanlar –
Həpsi bir heç! Önümdə bir kölgə…
Bax özün, iştə odlu bir ölkə,
Bir böyük kütlənin həyatı bütün
Bir oyuncaq kimi əlimdə zəbun
İstəsəm, həpsini əzib, didərəm,
Tapdaram həp həyatı məhv edərəm.
Tikərəm bir hasar bu ləşlərdən,
Yaparam bir minarə başlardan.
Orda bir şən çiçəkli bağ salaram.
Həp bu qanlarla torpağın sularam.
Mənə dünyada qarşı qüvvət yox,
İstəyim verməyən şəriət yox.
“İstəyin yapma!” söyləyən bir din
Mənə lazım deyil də, məhv olsun…
Ulu tanrım, bu süngü, bu qalxan
Türk üçün həp budur böyük yaradan.
Çünki varkən əlimdə bu mizraq,
Nə dilərsəm, o mütləqa olacaq!
Nə ararsam əlimdədir, taparam,
Hökmranam, nə istəsəm yaparam!
Bircə sən… ox, zavallı yavrum, sən,
Sən böyüksən və güclüsən məndən!
Eşqi yıxmaq ki, qeyri-mümkündür,
O ki, hər hökmdarə üstündür.
Hər kim olsan da tapdaram, ayamam,
Bircə ancaq bu eşqi zorlayamam,
Çünki sənsən mənim də bir əməlim,
Dön, gözəl yavru, tanrım ol da mənim!
Diləyin varsa, söylə, rədd etməm,
Sənə qarşı, satqın, güc işlətməm
Al, ölümlər saçan bu mızraqlar,
Bu geniş anlı-şanlı torpaqlar,
Qüvvətim, dövlətim, yerim, yurdum,
Təxtü tacım, mənliyim, bu qəddim,
Sərt, bükülməz qolum önündə bükük;
Bax, bu mızraq, bu mən götür əz, tök!
Qüvvətim, varlığım, dəmirli əlim.
İştə bir eşq ilahəsinə təslim.
Sən bu gün hökmdarsan, mən qul,
Durna… yavrum! Fəqət… aman… mənim ol!
Qantemir, Qantemir igid bir ər,
O ki, yıxmış böyük vilayətlər;
O ki, mehrabə, çox baş əyməzdi,
Pürvüqar alnı möhrə dəyməzdi;
Onu qorxutmayırdı atəşgah,
Onu tapdarmayırdı bir Allah;
O, əvət o, bax, iştə diz çökmüş,
Tanrı bulmuş da, həp boyun əymiş.
Əlli ildir bükülməyən dizlər
Bükülüb indi yaş çubuqlar tək.
Ağlamaq bilməyən bu sərt gözlər
Ağlayır, ağlayır çocuqlar tək!
Yenə ruhunda bir təkəbbür var,
Onda guya dəniz, sular, dağlar
Söyləyir: – Qantemir, utan, doğrul,
Sən ki, ərdin, tapınma, qalx da, ər ol!
Bu qədər yalvarış nədir bu qıza…
Baxıyor Durna bu kədərli üzə,
Çeynəyir ruhun odlu bir dəhşət,
Gülüyor heyətində bir əzəmət;
İnliyor gözlərində yorğunluq,
Qaplamış kainatı susqunluq.
13
Göydə ay ağ buluddan ayrıldı,
Qara varlıq ziyaya qərq oldu.
Göylərin boşluğunda pək müdhiş,
Sanki pək laübali bir sərxoş
Gəzərək kainatın hər yerini,
Sərpərək öz ziyalı tellərini.
Durnanın etdi üzcüyün tənvir.
Gəl də, şair, bacarsan, et təsvir!
Çalma, rəssam, fırçaya çəngə;
Giriyor, bax, nəfəsdə yüz rəngə.
Həp qızarmış bu gül yanaqlar, bax,
Al dodaq, sanki indi qan axacaq.
Qara qaşlar çatıldı quş qanadı,
Qara gözlərdə titrəyir sevgi;
Nəfəsin çəkdi bir tərəddüdlə,
Sanki vardır pək incə bir diləyi.
İstəyir söyləsin… yumruq ağzın
Pək zərif bir şaqaq tək açdı.
Dinməyir… ağlayır… tərəddüd edir.
Gül dodaqdan, bax, iştə qan açdı.
Susdu, guya ki, pək ağırdı sözü,
Rəngi qaçdı, saraldı bət-bənizi.
İstədi söyləsin, fəqət susdu.
Küsdü, bilməm nədənsə, pək küsdü.
Daldı bax, pək dərin xəyalə yenə,
Düşüyor, kəsdirir o bilməm nə?
Titrəyir, bax yenə qızardı üzü,
İstəyir söyləsin dəminki sözü.
Yenə susdu, baxışları süzülür,
Daldı, bilməm nədənsə pək üzülür.
Yenə küsdü, yaşardı həm də üzü,
Baxıyor, sanki seyr edir dənizi.
14
Nədir, Allah, bu yavruda bu məlal!
Bu tərəddüd, bu qəm, bu küskün hal!
Aman Allah, nədir onun diləyi?
İlk baharın bu nazənin çiçəyi
Yenə susmuş neçin tərəddüd edir?
Kim bilir, o, həp nələr düşünür?
Atasın istəyirmi qandırsın?
Sevdiyinmi bir az yubandırsın?
Atasın “yox!” deyib, yox etsinmi?
Demədən sevdiyilə getsinmi?
Yoxsa, atsın bütün, bütün eşqin,
Olaraq keçmişin pərişanı,
Sevsin ancaq yazıq qoca atasın,
Çəkərək bir əzabi-vicdani?
Keçmişin, sevdiyin, özün, ürəyin,
Gələcək günlərin, adın, diləyin.
Həpsin, həpsin atıb, onu tutsun?
Bilərək kəndisin fəda etsin,
Duyğunu, ağlı, hissi dondursun,
Bu yazıq aşiqin ovundursun?..
Bu da pək güc, onun ümidləri bəs?
Boğulur, san, yazıq çəkincə nəfəs.
Hələ fikrində bir yığın heycan,
Hələ qəlbində odlu bir vulkan.
Hələ titrək dodaqlarında yaxar,
Dünkü bir öpkünün bu gün yeri var.
Həm də şahid bu ay, bu ulduzlar.
Allah, Allah! O verdiyi sözlər…
Bəs o? Bəs o? Onu unutdumu, dur,
Seviyor, ox nasıl onu unudur?
Səndə təsvirə güc bulunsaydı,
Çöhrəsindən görərdiniz indi
Ki, bütün bunları xatırlayaraq,
Keçirir bir rəsm kimi gözdən.
Yeri gəldikcə inləyir, saralır,
Bəllidir, həpsi, həpsi də üzdən;
Qızarır həp, yenə dönüb ağarır,
Hər nəfəs başqa bir qiyafət alır.
Göylərin boşluğunda ay qoşuyor,
Ağ buludlarla sanki oynaşıyor.
Ta uzaqlarda parlayan suları
Ufacıq bir qayıq yarıb üzüyor;
Qızcığaz həp əvvəlki tək dalğın,
Onu, guya, düşünmədən süzüyor.
Bax, çatıldı yenə hilal qaşlar,
Qəti bir halda gəldi, doğruldu,
Sanki bulmuş kimi o, istədiyin,
Sərt, çevik tərpənişlə döndü dedi:
– Ata, artıq mənim deyilsən atam,
Mən sənə, anladınmı, indi yadam.
Mən Xəzər sahilində bir durna,
Sən də bir ovçu kimi vuruldun ona.
Yetər artıq, üzülmə, ağlama, gül!
Al, sənin indi sevdiyin bir gül,
Çeynə, did, parçala, gəmir, məhv et!
Nə bilirsən də et, muradına yet!
Qoy eşitsin bütün cahan, bilsin!
Həpsi dildən-dilə deyib gülsün
Ki, rəzil bir ata, rəzil bir qız
Yaşayıb öldülər də ismətsiz.
– Durna! Yavrum, bu halətin dəhşət,
Haqsızam mən, fəqət düşün, əfv et!
– Keçmiş artıq, nə olsa, qoy olsun,
Sənə həp son məzarım eşq olsun!
Qoy desinlər, yalandır, aldanmam,
Dinlə, zövcüm, mənim dünənki atam!
Qoy desinlər: o bir rəzil qocadır;
Məncə eşqin sənin fəqət ucadır.
Sən özün heç, sözün də biməna,
Eşqin ancaq böyük, vuruldum ona…
Söyləyir Durna bilmədən özünü,
Söyləyir kəlmə-kəlmə hər sözünü…
İşlədikcə çapıq-çapıq nəfəsi,
Eşidildikcə incə, dadlı səsi,
Zənn edirsən ki, incə bir dilbər
Sararaq bir kəmanı əllərini,
Başdakı sevginin xəyalilə
İnlədir aşiqanə tellərini.
Söyləyir Durna – Qantemir, dinlə!
Yaşamaq istəyirmisən mənlə!
Seviyorsun yəqin ki, var xəbərim,
Verərəm söz ki, mən də həp sevərəm.
Sənin olsun ki, varlığım, ürəyim,
Var fəqət səndən incə bir diləyim:
Doğrudan sən məni sevirsənsə,
Yapacaqsan nə sevdiyin diləsə.
Görüyorsunuzmu, bax, bu ağ dənizi,
Şüşə tək parlayır nasıl da üzü,
Mənə təkdir bu göy sularda bir ev,
Qaldır əvvəl bu yüksəyə, sonra sev.
İstəyirsənmi boynunu qucayım,
Mənə imkan ver, ilk əvvəl uçayım,
Uçayım pək uzaq bu yerlərdən,
Uçayım pək uzaq bəşərlərdən…
Burda qalsam, mənim üzüm gülməz.
Məni bir kimsə anlamaz, bilməz;
Gələr hər kəs dilində yəzdani,
Anlamaz kimsə zövqi-ruhani.
Öylə olsun evim uca və böyük,
Övzülün Kaspi öpsün, üstün göy.
Bu bina sevgililərlə qoy dolsun,
Dörd yanım, həp mühitim eşq olsun;
Mənzilim olsun eşqlər yuvası,
Adı olsun sevimli Qız qalası.
Durma, get, haydı, çırpınır ürəyim;
Get, fəqət bulmalı yerin diləyim.
Ondan əvvəl mənə görünmə, saqın.
Qantemir açmadan dilin, dodağın.
Sanki gənc çağların bu gün yaşıyor,
Sərt addımlarla həp uzaqlaşıyor,
Yenə dik gözlərində bir şiddət,
Yenə fikrində bir yığın dəhşət.
15
Yel bir az da sərinləşib əsiyor,
Baxışı sərt işıqla Ay kəsiyor,
Mey vurunca xəfif-xəfif yellər,
Qız daha müztərib durur, inlər.
Sahilə bir ufaq qayıq yanaşır,
Süslü bir gənc onun içindən aşır.
Durnaya doğru durmadan qoşaraq,
Ona doğru haman yaxınlaşaraq,
Söyləyir: – Pək gecikmişəm, Durna!
Ağlayırsan, aman, darıldın ona!
Bilmədim, sevdiyim, bağışla məni…
Durnanın titrəyib bütün bədəni,
Baxıyor pək sürəkli, pək sakit:
– Son, bütün son, səfalı günlərə son!
Son, bütün keçmişə, keçənlərə son!
Məni bundan sonra düşünmə…
– Aman!
– Bilirəm pək bəlalıdır hicran,
Duyğusuz, uyğusuz yetim gecələr,
Süslü dünya cəhənnəm olsa əgər,
Yenə qarşımda başqa yox tədbir,
İki yol var, fəqət, nəhayət bil,
Həp ölümdür, ölüm, ölümdür, ölüm!
İştə, yavrum, bu son səfalı yolum…
Məni səndən ayırdı bir tufan,
Çarə yox, böylə istəmiş yaradan…
Durna bir gül ki, açmadan soldu;
O səninçin həmişəlik öldü.
Eşq üçün ayrılıq gözəl bir yol,
Get, gülüm, get, fəqət üzülmə, ər ol!
Baxaraq bir də son nəfəsdə ona,
Evə doğru uzaqlaşır Durna.
Yenə ağlar gözündə bir sevda,
Yenə dalğın üzündə bir xülya.
16
Ay dolanmış da, həftələr ötmüş,
Suda pək süslü bir bina bitmiş.
Qucuyor övzülün dəniz, quru yer,
Öpüyor yüksək alnını göylər.
Üstü görsənməyir dumanlarda,
Sanki itmişdir asimanlarda;
İlk gülən, son ölən şüası bütün
Həp onundur doğan, batan günəşin.
O gözəldir, o bir gəlin kimi şən,
Baxıyor bir vüqar ilə gendən.
Qarşıda daxmalar hörümlü, açıq,
Komalar həp qırıq, tökük, dağınıq;
Çevrəsində nə varsa, həp əski,
Bir rəqib axtarır da, bulmaz ki.
Suda öz kölgəsin görüncə gülər,
Öz şubay görkəmilə fəxr eylər.
Sanki bir güzgüdə boyun dümdüz
Görərək, çevrilir gülər bir qız.
Birləşib pək uzaq dənizlərlə,
Baxıyor sahilə gülümsəyərək,
Eşqə vurğun kədərli gözlərlə
Sanki öz saçlarilə fəxr edərək.
İştə son zirvəsində göylərdə
Duruyor, pək uzaq bəşərlər ona;
Duruyor sanki bir sular pərisi,
Duruyor bir vüqar ilə Durna.
Baxıyor sanki bir mələk göydən,
Bir mələk görkəmində gerçəkdən.
Saçları arxaya səpinmiş açıq,
Baxıyor sanki fikri pək dağınıq.
Baxıyor, san, gözəllərin şahı,
Baxıyor, san, gözəllik Allahı.
Baxıyor sanki göydə bir ulduz,
Baxıyor bir xəyali dilbər qız…
Tac taxınmış çiçəkdən, otlardan,
Sanki doğmuş bu, ağ buludlardan.
Onu guya ki, bəsləmiş göylər,
Bir çiçəkdir, toxunsalar, tökülər.
Onu guya ki, şeirdən hörmüş
Bir çəmənzar içində bülbüllər.
Onu guya ki, nəğmədən toxumuş
Nazlı bir qız, ziyalı bir dilbər.
Onu guya ki, süsləmiş, bəzəmiş
Göylərin incə mənəviyyatı.
Onu guya ki, sevgidən yaradıb
İlk baharın gülümsəyən səhəri.
Onu guya ki, bilmədən doğurub
Gülüşündən görünməyən Tanrı.
Yox, burax, tanrı-manrı bilməm mən
O, qadındır, gözəldir hər şeydən.
Sadə bir qız, sevimli bir dilbər;
Ona tapqın dəniz, hava, quru, yer.
Nədir əyləndirən həyatı, pəki?
Bir gözəllik deyilsə bilməm ki,
Həp yarınçın sürüklənirkən sən,
Umduğun şey nədir yarınlardan!
Gələcəkçin nədir bu qayğı, bu hal?
Həp gözəllik deyilmi bir ideal?
İştə hər kəscə etiraf edilir
Ki, qadın canlı bir gözəllikdir.
Həp təbiət edir pərəstiş ona,
Hamısından gözəl, fəqət, Durna.
Həp çiçəklər onun gülüşləridir,
Həp çəmənlər onunla süslənilir,
Boş fəzalarda seyr edib uçuşan
Bu mələklər xəyalı, kölgəsidir.
Qəlblər, ruhlar, könüllər həp,
Eşqə təslim olan bir ölkəsidir.
Şairin, şeirin həp ilahəsi o,
Şeirlər, nəğmələr onundur hamı.
Hər kəsin şərt-ilahi tapmasıdır.
Əsl Allah bu, o biri yapmasıdır.
17
Üzüyor Qantemir düşündüyü bu,
İnləyir sərt küləklərindən su.
Bir qayıqla yaxınlaşıb yapıya,
Bir buruq ip ilişdirib qapıya,
Dırmanıb Qantemir, girir içəri.
Dinmədən bircə-bircə pillələri
Çıxıyor çox çapıq nəfəs çəkərək,
Hər gördükdə bir azca əylənərək.
Bir baxış… sanki seyr edir suları,
Yenə qalxır çapıq-çapıq yuxarı.
Çal bığlar, çəkincə iç titrər,
Enli alnından axmada tərlər.
Qarışıq çöhrədə sevinc parlar;
Parlayan gözlərində eşq oynar.
18
Əmrinə Durnanın boyun əyərək,
Qantemir büsbütün əməl etmiş.
İkiillik əzabdan sonra
Su içində bu dik bina bitmiş;
Toplamış ölkəsində hər nə ki var
Bacarıqlı, dəyərli sənətkar.
Hamısından da çox çalışmış özü,
Eşqə təslim üçün coşan dənizi.
Can çürütmüş, əzaba qatlanmış,
Hər daşın göy yaşıyla islatmış.
İki il cansıxan uzun gecələr…
Bir cəhənnəm otaq, yataq, hər yer.
İki il ayrılıqda çırpınaraq,
Bəkləmişdir bu son günü naçar.
İştə son gün ki, bu bina bitmiş,
Yenə axşam mayis… sevimli bahar.
Əyərək Durna həp qəzayə boyun,
Gecələr, uyğusuz, gündüz tutqun,
Gözü ağlar nasıl ki, yazda bulud,
Bağçalar həp gözündə bir tabut;
Bir məzarlıq gözündə aləmlər,
Yaşamış adətən cəhənnəmlər.
İkiillik əzabdan sonra
Əmrinin bitdiyin demişlər ona.
Büsbütün əski xatiratə uyuq.
Bu binaya bu gün çıxıb Durna,
Baxıyor bir maraq ilə göydən,
Baxıyor kainata yüksəkdən.
Görüyor bir yığın ufaq komalar,
Bəşərin ilk məzarı həp bunlar.
Zəmilər, bağçalar ki, böylə geniş,
Bir məzarlıq deyilsə, ya nə imiş?
Həp bu insan nədir, tifil hərbi?
Gəzişir bir yığın qarışqa kibi!
Bunun ondan nə fərqi var, tək bir,
İki, ya dörd ayaqlığındamıdır?
Eşqlər, duyğular, düşüncə, bu qəm…
Nədir, Allah, bu çarpaşıq aləm?
Öylə açmış təsəvvüratı qanad,
Oynayır sanki bir yüyənsiz at.
Başqalaşmış gözündə həp dünya;
Son dönüşdür bu, seyr edir guya.
Görür insanların keçinməsini,
Günəşin son şüası sönməsini.
Hərəkətlər də sustlaşır artıq,
Bir sükutə batıb gedir aralıq,
İndi dammış sükunət hər yerdə,
Eniyor kainata bir pərdə.
Bir qaranlıq, ürək sıxan qaralıq,
Daldı həp birdən uyquya varlıq.
Yandı göylərdə göylərin çırağı,
İndi ay doğdu, sanki qan çanağı.
Durna artıq baxınmayır, dalmış.
Bəkləməkdən vücudu sustalmış.
Gözləyir göydə öz ərin – atasın,
Ruhu dalğın, vücudu həp dalğın.
19
Qapını Qantemir açıb girdi,
Durna diksindi, sıçrayıb durdu.
İki ildir görüşməmişlərdi,
Hər baxış, san, bir incə xəncərdi…
Qara gözlər dikildi Qantemirə,
Sanki mızraq dayandı sərt dəmirə.
İlk əvvəl endi bir sürəkli sükut:
Ata məhbut, qız da həp məhbut…
Qantemir sonra, uslu, çox qorxaq,
Cansıxan bir sükutə son qoyaraq:
– Durna! Yavrum! Neçin donub qaldın?
Pək üzüldün, neçinsə sustaldın!
Durna durmuş bir incə sərtliklə,
Dinməyir bir sükut içində hələ,
– Nə gözəl bir qiyafət almışsan!
Sən həqiqətdə pək gözəlmişsən!
Ox! Bu paltar, yanılmayırsam əgər…
– Anamındır, əvət, bu əlbəsələr;
Doğrudur, Qantemir, xatırladığın.
– Bu qiyafətlə kaş ki, bilsəydin,
Nə qədər bənzəyirsən öz anana!
– Bir zaman gənc ikən…
Vuruldum ona…
– Abşeron xanlığıyla çarpışdın…
Bir təsadüf ki, sən əsir düşdün.
– Demə, yavrum, yetər keçənlərdən…
– Səni onlar da asmaq istərkən,
Anam ancaq təsadüfən görmüş,
Gecə gəlmiş…
– Əvət, bəlalı bir iş.
– Uyuyurkən yanında bir cəllad,
Səni dustaqdan eyləmiş azad.
Xan qızıykən əsirə bağlanmış.
Səni sevmiş, vəfalısan sanmış.
– Onu mən son məzarədək sevdim.
Onu hətta bu gün də… ah nə edim?
Onu dünyaya bu gün dəyişməzkən…
– Bircə sən, sən onun bərabərisən.
– İzləyirkən sizi qızın atası,
Söylə, batrıldı Abşeron adası…
Qantemir xatirat içində haman
Çeynəyir sanki varlığın qaplan.
– Durna! Yavrum! Burax, danışma daha!
– Üzülürsən, neçinsə, ha-ha-ha!..
Bax, bu süslər, bu gördüyün paltar
Həp onundur, geyinmişəm nə ki, var.
Qucacaqsan bu yadigarı… utan,
Qantemir… iştə həpsi qandır, qan…
– Durna… artıq bu sözlərin yersiz.
Sən unutdunmu? Bağda verdin söz…
Mən də, eşqim də suçluyuq bəlkə,
– Andı qırmaq yaqışmayır türkə,
“Olacaqdır?” – dedim, dedin: “Olacaq!”
Mən bu dəryanı zorla susladaraq;
Vermişəm bu binaya varsa nəyim,
Hökmdarkən önündə indi nəyim?
Məni heç bir səbəb utandıramaz,
Eşqdən aşiqi usandıramaz.
Hər şeyin varsa bir nizamı bu gün,
Eşq üçün yox cahanda bir qanun.
Qoy dağılsın bu varlıq övzüldən,
Qalmasın bir iz ölkədən, eldən!
Qaplasın qoy cahanı bir matəm,
Göz yaşında boğulsun həp aləm!
Qoy cahan dövrü saxlanıb dönsün!
Yanmasın göydə bir ziya, sönsün!
Bitməsin bir göyərti bir yerdə,
Gülməsin bir çiçək çəmənlərdə!
İldırımlar vurub da, od, yansın.
Yerə ensin nə varsa – ulduz, gün!..
Yerə qiyamət kəsilsin istər yer!
Həp bu varlıq sükuta qoy dalsın,
Dirilik məhv olub da sarsılsın!
Qaplasın kainatı bir qaralıq,
Bir xəyal olsun iştə həp varlıq!
Ölüm açsın həyata qarşı yürüş,
Ulasın hər tərəfdə bir bayquş!
Qoy cahan bir məzara çevrilsin,
Bəşəriyyət həyatı son bulsun!
Yenə ruhum qımıldamaz əsla!
Yenə eşqimdə sabitəm, Durna!..
Mən bu gün bir yabançı, sən bir qız,
İştə son gün, xatırla, verdin söz.
İntixab et, önündə var iki yol:
Ya bu gün öl və ya ki, təslim ol!
– Andı qırmaq yaqışmayır türkə,
Kim bilir, mən alışqanam bəlkə.
Ona söz verdim öncə, son döndüm,
Eşqə yandım, sonunda həp söndüm.
Sənin eşqində bir zaman varkən,
İncə bir duyğu, incə bir məna.
Qantemir, indi sən nəsən, nəçisən?
Adi bir ər, qadınçı bir sima.
İkiillik öz iztirabımdan,
Anladım mən nədir dəyərli həyat.
Zövq alırkən bu göz yaşından mən,
Sən… nədir eşq, duymadın heyhat!
Boyun əymək bir ehtirasa fəqət,
Kiçikləşmək deyilmi, təsdiq et!
Bir zaman başqa bir ifadə ikən,
İndi, sən… bax, bu daş, bu torpaqsan.
Mən sənin eşqinin əsiriydim.
“Səni sevdim!” xatırla, mən demədim.
Doğru bir sevgi, bir gözəl sevda,
O, edilməz bir ehtirasa fəda.
Həp bu təhdid üçün səbəb nə imiş?
Eşqə qarşı ölüm böyükmü bir iş!
Mən sevirkən bir özgəsin gəldim,
Yeni bir eşqə bağlanıb, öldüm;
Mən yanıldımsa, fərq yox, hamı bir,
Sən yaratdın, yaşatdın, həp öldür.
İki şey səndə çırpınıb duruyor:
Biri eşqindir, o biri nəfsindir.
Ya tapın eşqə, yüksəlib mənim ol,
Mənsiz ol, ya da nəfsə təslim ol!
Məni əfsanələrlə doldurmaq,
Bir taqım boş xəyala uydurmaq
Bəlkə mümkün, fəqət nəhayətsiz
Dolaşıb, bir nəticə bəkləməmək
Heç də mümkün deyil; fəqət xoşdur
Hər əzabın soniylə əylənmək.
Ayrılıq, ağlamaq gözəldir, əvət,
Bir vüsalın ümidi olsa fəqət.
Həm də varlıq önümdə titrərkən.
Bu cəsarətlə çox keçinməzsən.
İki il bəklədim ki, son bir gün…
Həp bu gündür, əvət bu qanlı düyün.
– Qanlı, qansız əlimdəsən artıq;
Ya mənimsən, və ya ki, yoxsan, yox!
Qantemir gözlərində qan əsəri,
Yürümək istəyirdi həp iləri;
Durna ilk addımın onun görcək,
Baxdı bir kainata pək ürkək,
Sanki bir quş gələn görüb qaçacaq,
Sanki bir durna indicə uçacaq.
Yapının son kənarına çıxdı,
Bir də həsrətlə aləmə baxdı.
Gördü əvvəl bulunduğu bağca,
Yenə bir can sevən işıqlı gecə.
Baxıyor Durna göy geyimli düzə,
Baxıyor ta uzaq-uzaq dənizə;
Düşüyor könlünə keçən işlər,
Ax, sevimli, səfalı keçmişlər…
Gecə, göy bağçalar, yaşıl bağlar,
Sevdiyin bəkləyib duran çağlar,
Xatırından keçir çocuqluğu həp,
Anası, keçmiş evləri, məktəb.
Gəliyor fikrinə haman o gecə,
Həp nasıl da dayandığı ağaca.
Atası, ah, haman gecə atası,
Yada düşdükcə çırpınır nəfəsi.
İki il sonra sürdüyü dəmlər,
Qayğılar, duyğular, ağır qəmlər
Qarşısından birər keçir bunlar,
Gözü yox, ruhu büsbütün ağlar.
Düşünüb inadı həp bir sözlə,
Büsbütün məhv edib ata diləyin.
Xatırat, ox… Aman, aman, dəhşət!
Xatırat, ox… yaxıb tökür ürəyin.
Yenə ay göydə durmada sabit…
Yenə əvvəlki tək dəniz sakit.
Yenə də bir ufaq qayıq üzüyor,
Baxıyor, sanki son dönüş süzüyor,
Büsbütün, büsbütün unutmuş özün,
Baxıyor kainata pək dalğın.
Duraraq parlaq ayla üzbəüzə,
Baxıyor parlayan açıq dənizə.
Uyuyor, qarşısında bir uçurum,
Ah, bu parlaq suda nə dadlı ölüm!…
O zamandan ki, sevdiyin qovmuş,
O da kəndin bu Kaspidə boğmuş.
Neçin, Allah, neçin? Səbəb o… əvət!
Ah… nasıl qıydı da ona, dedi: “get!”
Neçin əhd etdi, bəs neçin qırdı,
Sevdiyin başqasıyçın öldürdü?
O, həyatın bir eşq üçün verdi;
O, igid, həm vəfalı bir ərdi.
Ondan ayrı dayanmayıb getdi;
Getdi, həp kainatı tərk etdi.
Qantemir atmaq istəyirdi qədəm,
Durna: – Ah, qorxma, sevdiyim, gəlirəm,
Eşq üçün ayrılıq, ölüm bir gün,
Məncə, ən dadlı bir xəyali düyün.
Bizə bir gün düyün yapar sonda
Ana Quzğun səfalı qoynunda.
Ah, uçun! Ah, əzablar yuvası…
Ah, bağışla, sevimli Qız qalası! –
Deyərək, saçla örtüyor üzünü,
Parlayan Kaspiyə atır özünü…
Geyimin oxşadıqca yel guya,
Axıyor göydə canlı bir xülya.
Uçuyor həp, nasıl da söyləməli,
Sanki bir şairin uçan əməli.
Axıyor sanki pənbə bir röya
Bir mələk, ya ki, canlı bir sevda
Axıyor sanki bir axan ulduz.
Bu uçan Durnadır, əvət, yalnız.
Sanki göydən yerə xəyal uçuyor,
Onu Quzğun dayanmadan qucuyor.
20
Yenə ay öz işıqların səpələr,
Yenə oynar dənizdə ağ ləpələr.
Yenə əvvəlki tək yerində qala;
Bircə kim yox! Aman, yazıq Durna!
21
Daim ondan sonra bu ev məhzun,
İndi ondan bu evciyəz küskün.
Dörd yanından onun sular qurumuş,
Yüksək evlər bütün onu bürümüş.
Dövrəsindən gurultular soyumaz,
O fəqət bunlara məhəl qoymaz.
Ta o çağdan o kəndi Durnacığın
Düşünüb durmada bu cür dalğın.
Ta o çağdan özün unutmuş o,
Başqalarçın çəkir fəqət qayğu.
Ta o çağdan o, bir peyğəmbərtək
Bəşərin halına yanıb acıyor.
Zirvəsində fənər, uçanlar üçün
Odlu bir ölkənin yolun açıyor.
₺93,81
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
18 ekim 2022ISBN:
978-9952-8250-3-6Telif hakkı:
JekaPrint