Kitabı oku: «Onlar da insandı»
Çingiz Dağçı
Onlar da insandı
Roman
Birinci bölüm
1
– Get, Məcik, get… oha, oha! İndi yolun ortasında taqətdən düşmək vaxtı deyil. Hava qaralmamış evə çatsaq, sənə afərin deyəcəm! Sabah naxıra da getməyəcəksən. Yemin də başının üstündə, suyun da! Xanım kimi ye, yat, qızım! Get, Məcik, get, qızım! Hörmətin artdı. Zarafat deyil, Rum öküzü bətninə dana qoydu. Sən artıq ikicanlısan. Allah qoysa, balan atasına oxşayar! Qonşularımız inəklərini Rum kəndinə aparınca, bizim tövləyə gətirərlər. Sənin balan böyüyüb kənddəki inəklərin qarnını dombaldar, mənim də cibimi. Get, Məcik, get, qızım, oha, oha… Rumun dörd öküzü var, amma Rum ağlı, nə deyirsən, de! Heyvanın orasından belə pul çıxarır, kafirlər. Özünə saray kimi ev tikdi. “O qədər pulu hardan tapdı?” – soruşursansa, deyim sənə: – Öküzdən! Öküzdən, vəssalam! Sənsə tütün yarpaqlarının arasında tərlə, yazıq, tərlə! Tarladan, bağdan gələn pulun dadı başqadır, başqa! Yorğun-arğın uzanasan, yuxuna tarlan, bağın, bostanın girə. Amma torpağın yoxdusa, nə görə bilərsən? Öküzün quyruğunu! Ah, axmaq xərclərdi bu, Bəkir, yaraşmaz sənə! Get, Məcik, get, get, qızım, qaranlıq düşməmiş evə çataq… Get, oha, oha!
Rum kəndindəki evlərin qırmızı qalay damları çoxdandır, yolun üstünə amfiteatr kimi qat-qat dağlara doğru yüksələn yaşıl bağların arxasında qalmışdı. Yolun sağ yanında da bir-birindən daş divarlarla ayrılmış bağlar böyük pillələr kimi, düz Qara dənizin parıltılı sularına qədər enirdi.
Səma yüksək və mavi idi. Günəş düz Roman Koşun üstündə dayanıb, parlaq şölələri Gurzufun sakit sularında titrəyir, aşağıdakı kimsəsiz evləri, çılpaq təpələri, dərin dərələri, uçurumları, yaşıl bağları, tütün tarlalarını, bağçaları, çayırları, quru dərələr içində parıldayan incə su sicimlərini parıldadırdı.
Bəkir yolda heyvanı yormamaq üçün inəyin arxasınca ağır addımlarla kəndinə qayıdırdı. Bir-iki saatdan bir yolu hər tərəfdən örtən ağacların altından hələ uzaqdan tozu dumana qatan hansısa maşın görünür, sonra da ötüb keçirdi. Belə anlarda Bəkir inəyini yolun kənarına çəkib, səbirlə maşının uzaqlaşmasını gözləyirdi. Maşından qorxmasın deyə inəyin boynundan tutur, başını oxşayır, qulağına şirin sözlər deyirdi:
– Qorxma, qızım, qorxma! Sabah səni çobanla göndərməyəcəm. Ayşə baxacaq sənə. Qorxma, Məcik, qorxma!
Maşın keçib getdi. Dalınca havaya qalxan toz-torpaq yavaş-yavaş çəkilir, duman kimi yolun kənarında – daş divarlardan sallanan yabanı üzümlərin, əncirlərin yarpaqlarına enirdi.
Tütün vaxtı idi. Kəndlilər Qızıldaşın tütün tarlalarında idilər. Bəkirin gözünə heç kim dəymirdi.
Bəkir Gurzufun üstündə Məmiş çöllərinə çıxdı. Kəndə qədər hələ dörd kilometr qalırdı. Amma döngəni keçəndən sonra artıq özünü kəndində hiss edirdi. Ayı Dağı ilə yayla arasındakı geniş keçiddən sərin bir külək əsməyə başlamışdı. Bəkir yolun kənarına qədər getdi, inəyini daş divarın yanındakı əncir ağacına bağladı, yanındakı daşın üstündə oturdu. Keçiddən gələn xoş sərinliyi içinə doldurmaq istədi, köynəyinin düymələrini açdı, quzu dərisindən hazırlanmış qəhvəyi papağını alnının üstündən geriyə çəkdi. Solda yüksələn dağların arxasında yaylaqlara, Ayı Dağın ətəklərinə, Qara dənizin səssiz sahillərinə nəzər saldı. İçindəki bütün hislərini dilə gətirmək istədi: “Mübarək torpaqlar, mübarək torpaqlar!” – pıçıldadı.
Krımın burası çox gözəl idi. Solda, dağların üstündəki yaylaq at yəhəri kimi təmiz və parlaq idi. Aşağıda, kəndin arxasında tütün sahələrinə qədər enən tünd yaşıl, alçaq şamlıqlar, məxmər yamaclarla örtülü dağların, dərisi soyulmuş heyvan əti rəngində bomboş torpaqları işıqlar altında yanırdı. Daha aşağıda, uçurumları al, bəyaz, sarı, qırmızı rənglərə bürünmüş Gəlin qaya ilə, ondan çox uzaqda, mərmi rəngində yaz-qış heç dəyişməyən Top qaya, bir-birlərinə baxaraq, səssiz-sakit dərdlərini danışırdılar. Top qayanın dərdi Gəlin qayanınkından daha böyük, daha dərin idi. Göyün, kim bilir, harasından qopmuş bir bulud parçası hər axşam gəlib, Top qayaya sarılardı. Əsən küləklər Top qayaya çıxmaz, onun səssizliyini pozmazdılar. Küləklər sadəcə Ayı Dağ ilə yaylaqların arasındakı keçiddən keçər, Qızıldaş bağçalarındakı alma, armud, ərik, şaftalı, xurma ağaclarının, tütün tarlalarındakı kollara soxular, hər yerdən bir dad, bir xoş qoxu alandan sonra gedib Roman Koşun ətəklərində dincələrdilər…
Bəkir bir xeyli oturdu, xoş ətirli küləklə sərinlədi, bir siqaret çəkdi. Çox uzaqlarda, yaşıl tütün tarlaları içində, başları qırmızı, bəyaz, sarı yaylıqlarla bağlı, çalışan qızlara baxdı. Sonra ayağa qalxıb, əncir ağacından inəyinin ipini açdı: “Yolçu yolunda gərək!” – deyib yoluna davam elədi. Yenə Rumun öküzünü xatırladı, Rumun evini gözünün qabağına gətirdi. “İnəyin balası erkək olsa daha yaxşıdı, yoxsa dişi?” – deyə fikrə getdi. Bütün varlığı ilə torpağına bağlı olan Bəkir, Rumun torpaqsız-bağsız, bir neçə öküzlə varlı olmasına təəccüblənirdi. “Rumun öküzü də öküzdü ha!” – deyib, öz inəyinin də balası öküz olsmasını arzuladı. Heyvan hərdən yolun ortasında dayanırdı. Ayna kimi sönük, iri gözləri ilə Bəkirə baxırdı. Bəkir, heyvanın boynunu, başını oxşayırdı: “Gəl, Məcik, aparım səni evə, gəl…” – deyərək inəyini dəhmərləyirdi.
– Öküz balalasan boynuna muncuqlar taxacağam, çobanla da göndərməyəcəm, özüm baxacam. Get, qızım, bizim Əsma arvad da səni görəndə sevinəcək. Get, Məcik, oha, oha… Balan Rumun öküzü kimi öküz olsun. Kəndlilər inəklərini Rum kəndinə aparınca bizim tövləyə gətirsinlər. Balan kənd inəklərinin qarnını dombaldar, mənim də cibimi. Amma Allahın işinə qarışmaq olmaz: öküz deyərsən, inək çıxar, inək deyərsən öküz, bilinməz heç! On beş il əvvəl can atırdım ki, oğlum olsun, sonda nə oldu, qızım oldu. Qəbahət kimdədir? Nə məndə, nə də Əsmada. Allahın istəyi qız imiş, qız oldu. Eh, nə edək! Get, Məcik, get, qızım, oha, oha! Oğlan olsun, qız olsun, əli-ayağı düz olsun! Rum öküzdən varlı oldu diyə, “Allaha mənə də öküz ver” – deyib əmr edə bilmərik ki! Get, Məcik, get, qızım…
Kəndin üstündə ilk tütün sahələrı görünürdü. Sahələrə çıxan iki yanı da daş divarla hörülmüş dərə-təpə yollarda, sağı-solu böyük zənbillər daşıyan uzunqulaqlar, atların arxalarından sahibləri gəlir, bəziləri yellənə-yellənə sahələrə çıxır, bəziləri da sahələrdən yaşıl tütün tarlalara enirdi.
İşlər ən qızğın vaxtda idi. Qədim zamanlarda olduğu kimi, sahələrda, tütün yarpaqlarını ipə keçirən qadınların, qızların, sahələrın qarşısında uzun ağaclara tütünləri bağlayan gənclərin, qocaların mahnıları bu aralar heç eşidilmirdi. Bəkir yolun kənarında əsgər kimi sıralanmış, uzun, səssiz sərv ağaclarının kölgələrini arxada buraxdı, bir az yuxarı çıxdı, əlini gözlərinə günlük etdi, sahələrın qarşısında işləyənlərə, dağların üstünə gəlmiş, istisi yavaş-yavaş azalan Günəşə baxdı.
– Günəş axşamın yolunu tutdu, mənsə bütün günü bu inəyin quyruğuna… Bağlandım, qaldım. Baxaq bizim sahələrdə nə olub bu gün.
Addımlarını tezləşdirdi. İndi tarlasında yatan tütünü fikirləşirdi.
– Allah verdi bu havanı bizə. Bir-iki həftə ərzində tütünü tarladan yığmasan işin fırıqdır. Bəkir, fırıq! Yenə gedib qonşuya yalvaracaqsan. Evdə bir arvad var, bir qız, amma yenə də qonşusuz başa çıxa bilməyəcəksən. Deyirlər ki, qonşu qonşunun tütününə möhtacdır. Tam yerində dedin bu sözü. Bizim Ayşə böyüdü deyə çoban Səid Əlinin oğulları utanırlar gəlməyə… Bu axşam mən yenə də Səid Əliyə bir baş çəkim. Amma niyə utansınlar? Özümüz üçün doğurmadıq ki, verəcəyik birisinə…
Amma bu düşüncələrinə özü də inanmır, evini, həyatını Ayşəsiz düşünə bilmirdi. Bircəcik qızı idi Ayşə, atası üçün on beş deyil, sanki beş yaşında bir qızcığaz idi Ayşə! Bəkir dərindən nəfəs aldı:
– Allah bizə bir dənə verdi… Get, Məcik, get… Çoxun dərdi çox olur, azın dərdi daha çox olur. Get, qızım, get!
Artıq sahələrə, Günəşə, yollardan enən uzunqulaqlara baxmırdı. Qızı Ayşəsinin on beş yaşına çatmasını hələ indi başa düşmüş, qızının boynunu, gözəlliyini gözlərinin önünə gətirdi, günlərin birində qəflətən istəniləcəyini düşündükcə duruxdu. “Gözəl olmasına gözəldir, amma gözəlin taleyi çirkin olur!” – deyə mızıldadı.
Günəş uzun günün işini bitirmiş kimi ağır və yorğun bir tənbəlliklə yamaca enirdi. Atlardan tütün yükləri boşaldanlar sahələrdəkı işlərini bitirmişdilər. Axşamın sərinliyindən faydalanaraq bostanlarını sulamaq üçün toxaları ilə suları kəsən insanlar, qadınlar, gənc qızlar, daha canlı və yüksək səslərlə danışırdılar.
Solda, üstü çör-çöplə tam örtülü dar yoldan bir uzunqulaq çıxdı. Yolunu bilirmiş kimi yola keçib aşağıda tarla yoluna getdi.
Bəkir dayandı, uzunqulağın kollardan çıxacaq sahibini gözlədi, amma dar yoldan kimsə çıxmadı. Səsləndi:
– Ənvər, sənsən?
– Mənəm, Bəkir Ağa!
– Bu uzunqulaq kimindir?
– Mənim.
Kolların altından Battal Ənvər çıxdı.
– Sənin bu uzunqulağın yolu bilir, amma diqqətli ol! Qarşıdakı döngədən maşın çıxsa qalarsan uzunqulaqsız.
– Su tökürəm də… Dur, desəm durmaz, gedib-gələr öz özünə! Xeyir ola, inəyin xəstədi?
– Yox, Rum kəndinə öküzə aparmışdım.
– Hə!
– Rum öküzünün xidməti bahalı imiş.
– İyirmi qəpik. Üstündə də bir səbət alma, armud.
– Vay kafir, amma yaman soymuş səni ha!
– Öküzün orasından varlı olurlar, nə edəsən!
– Rəcəbin öküzünə niyə aparmadın?
– Heç soruşma! Niyə sənin Əminən başqasına vermədi də sənə verdi? Bu heyvanın da canı Rum öküzünü istədi!
Gənc, əsmər, pəhləvan quruluşlu Ənvər başını arxaya atdı, parlaq dişlərini göstərərək güldü:
– Allah qoysa, öküz balalayar.
– Allahın işidi bu, qarışa bilmərik. İnək deyərik, öküz çıxar, öküz deyərik inək. Bizim əlimizdədi ki? Allahın əmri ilə olur hər şey. On beş il əvvəl oğlan olsun deyə can atırdım, amma qız çıxdı. Yenə də dua etməliyik. Tanrı dinləyər, dinləyər, sonra kəsib biçər, necə doğru görərsə elə edər, onun əmri…
Battal Ənvər, ağappaq dişlərini göstərib gülərək, Bəkir Ağanı dinləyirdi. Aşağıda, tütün tarlasının içindəki cığırdakı uzunqulağı, yoldan çox uzaqlaşmışdı. İnək də, Bəkir Ağanın lakkırtısının bir xeyli uzanacağını görüb yolun kənarında başını kolların altına soxub təzə ot yeyirdi.
Bəkir Ənvərin geniş, sağlam çiyinlərinə, kişi əllərinə baxıb qısqanaraq ah çəkdi:
– Bizə də oğlan lazımdı, amma olmadı! – dedi.
Ənvər Bəkir Ağanın könlünü almaq istəyərək cavab verdi:
– Oğlan faydalıdır, düzdü! Amma qız da evin bəzəyidir, Bəkir Ağa!
– Elə qapağını tapana qədər bəzəyər. Sonra kim? Onun da zamanı gələr.
Ənvər bir neçə gündür könlündə daşıdığı gizli məsələni Bəkir Ağaya demək üçün fürsət tapdığına sevindi:
– On beş oldu, yəqin! – dedi.
Bəkir təsdiq edəcəkdi, bəli deyəcəkdi, amma boğazında qırıldı:
– Elə… yəqin elə. Bilmirəm dəqiq. Ya on dörd, ya on beş. Yoxsa on üç desəm? Bilmirəm dəqiq, qönçədir hələ…
Sonra birdən-birə Ənvərin Ayşənin yaşını soruşanda bir şeydən şübhələnmiş kimi:
– Bizim Ayşənin yaşından sənə nə, – dedi, – Yaşı at bazarında soruşurlar.
Sonra söhbəti başqa yana çevirdi:
– Bu gün bizim sahələrə çıxdınmı? Allah hava verdi, bu bir-iki həftəyə tütünləri yığa bilməsək işimiz fırıqdır. Köhnədən saqqallı kazaklar gəlib kəndlərdə iş axtarardılar. İndi onlar da görünmürlər, batdılar görəsən?
Ənvər ağ yenə güldü:
– Kaş ki, batardılar. Şükür Allaha, bizim kənd bu vaxtadək təmiz qaldı. Alma rusu yanına, alsan bəla olar, Bəkir Ağa!
– Eləmi?
– Xeyli vaxtdı ki, böyük oğlan Rəmzi Əsma xalanın gözünə girmək istəyir.
– Sən dedi-qoduya qulaq asma, Ənvər!
– Nə olar? On beş oldu, ağlaya-ağlaya gedəcək, tapsın özünə bir ailə. Çoban Səid Əlinin ailəsı pisdir ki? Rəmzi də meşə ağacı kimi sağlam, namuslu bir oğlandır…
– Səid Əlinin ailəsınə sözüm yoxdu. Amma bunun dillərdə gəzməsini istəmərəm. Qərib quşun ailəsını Allah qurar.
Battal Ənvər utandı. Birdən ağlına gəldi ki, indi – işlərinin qızğın vaxtı bunu danışmağın yeri deyil. Amma başladığı söhbəti də yarıda buraxmaq istəmədi.
– Dillərdə deyil, Bəkir Ağa! – dedi, – Dillərdə deyil… Bilirsən ki, Səid Əli bizə qohumdur. Eh, Rəmzi mənə dedi dərdini. Ayıbdırmı?
– Ayıbdır! Sən özünə bir arvad tapdın ki, qalxıb el-aləmi evləndirirsən?
– Hirslənmə, Bəkir Ağa, bu kiçik sözümə. Mən kimisə evləndirmək istəmirəm. Oğlan dərdini mənə danışdı, mən də sənə deyirəm. Kürəkəni Samsundan gətirəcək deyilsən ki! Verəcəksən kənddən birisinə…
– Kimə versəm verərəm, bəlkə də, heç vermərəm. Qız mənim, mal mənim, haqq mənim, sənə nə? Evində otur, rahat-rahat bax arvadına: tarlada isə bax uzunqulağının quyruğuna. Mənim işimə qarışma. Kiçik söz, hə? Milçək də bir şey deyil, amma ürək bulandırır.
Ənvər susdu, amma Bəkir Ağadan incimədi. Bu məsələni Bəkir Ağa ilə danışmağa nə yaşı çatırdı, nə də zamanı. Amma Ayşənin də Rəmzini sevdiyini, Rəmzidən başqasını istəmədiyini bilirdi.
Lakin Ayşə bunu atasına deyə bilməzdi, bu, onun sirriydi. Bu sirri Bəkirə anası Əsma aça bilərdi.
Ənvər bu işin sonunda qohumu Rəmzinin lehinə bitəcəyinə əmin imiş kimi güldü:
– Nəysə, gəncik, incimə, Bəkir Ağa! Yavaş-yavaş hər şeyin yerini də öyrənərik, sirrini də.
– Sirr yoxdu. Sirdaş axtarmaq sirri yaymaq üçündür. Bu sözü başqasının ağzından eşitsəm vurub gözünü partladaram. Həm sənin, həm Rəmzinin…
– Vay, vay!
– Baxaq onda “vay, vay!” – deyə bilərsənmi? Get uzunqulağının yanına. Əsəbiləşdirdin məni…
Bəkir Ağa doğurdan da hirslənmişdi. Addımlayaraq inəyinin yanına getdi, ikiəlli inəyin buynuzlarından tutub dərtdı, heyvanı aparmaq istədi. Amma inək başını yaşıl otlardan ayıra bilmirdi.
Bəkir əsəbdən titrəyən əlləri ilə ipi heyvanın buynuzlarına keçirtdi, yolu gedərək qışqırmağa başladı:
– Oha, oha… Partlayana kimi yeməyəcəksən ki! Qaldır başını otlardan… Oha!
Ətrafına baxdı, əsəbi gözlərilə Ənvəri axtardı. Amma Ənvər yox idi. İnəyini çəkə-çəkə yolun o biri tərəfinə keçdi, tütün tarlasına baxdı. Tarla yolunda gənc Ənvər iri addımlarla uzunqulağa tərəf gedirdi.
– Zəmanə insanlarıdı bunlar! – deyə, Bəkir dodaqaltı deyindi. – Dinə də, imana da, kəndə də, millətə də xeyirləri yox! Bir qızımız var, ona da göz qoydular artıq… Qız da hələ gül qönçəsi, ağzı süd iyi verir… Get, Məcik, get… Mən Rum kəndində öküzlə meşədə, tülkülər də bizim sahədə. Nə bilmişdin, Bəkir?! Evdə bir arvad var, bir qız! Çoban Səid Əlinin övladları bizim sahələrdə Ayşəyə baxırlar. İtsiz evə tülkü asan girər…
Günəş qıpqırmızı yamacın arxasına enirdi, əsmər göyün altında dənizin maviliyi göyərirdi. Uzaqlardakı su gölməçələrində, qamışlıqlarda, köhnə quyuların yanında axşamı salamlayan qurbağaların səsi eşidilirdi.
Üfüqün rəngi solurdu, bəzi pərdələrin arxasında yanan lampalar kimi orada-burada ulduzlar incə bənövşəyi rəngdə parlayırdı. Bütün günü Günəşin istisindən səmanı tərk edən buludlar indi parça-parça bir-birinə yapışaraq göyə yüksəlir, sonra ayrılaraq ağ, buruq quzu dərisi kimi göyü və axşamı bəzəyirdilər. Dərələrdə sular, təpələrdə sərin yellər, yollarda səssiz gözətçilər kimi uzun sərvi ağaclar canlanıb yellənir, yer və göy həyatdan, insanlardan xilas olub nəfəs alırdı.
Axşamlar xoş idi, insanları özünə çəkən dərdləri, yorğunluğu unutduran bir qüvvə, dadlı bir boşluq vardı, axşamlar gecənin gözləri kimiydi – hər yeri görür, hər yerə uzanır, hər yerə dalırdılar.
İndi hər şey axşama təslim olurdu. Yalnız insanlar axşama arxalarını çevirirdilər. Onlar gündüz və Günəşin istisinin, soyuğun, qarın, ayazın, yağışın və küləyin uşaqları idilər. Torpağı görmək istəyir, min illərdir əlləri ilə ondan tutaraq yaşayırdılar.
Torpaq onları qırır, əzirdi, onlara min əziyyət çəkdirir, öldürür, amma onlar yenə də hər şeydən çox, özlərindən çox torpağı sevirdilər. Onları bu torpaqdan ayıracaq heç bir qüvvə yox idi. Hələ min illər burada yaşayacaq, yorğun bədənlərini bu torpaqların altına basdıracaq, ancaq onda canlarını göyə, səmanın sükut və rahatlığına təslim edəcəkdilər…
İnsanlar evlərinə qayıdırdılar. Kiminin kürəyində torpağın otu, kimində odun, kimi torpağından, işindən məmnun kimi dərdli, qara yorğun ayaqlarını sürüyə-sürüyə evlərinə qayıdırdılar. Çobanlar da artıq dağlardan enmişdilər. Yoxuşlu yollarda mallar boyunlarından asılı zınqırovlarını çala-çala, keçilər mələyə-mələyə pəyələrə qayıdırdılar.
Bəkir Qızıldaşa yaxınlaşanda düzənlikdə qalan bəzi evlərdə artıq lampalar yanırdı. Qaranlıq düşdükcə kənd daha canlı, daha səsli olur, hər yolda, hər su başında insanlar toplaşırdı. Əl-ayaqları, papaqları toz-torpaq içində olan adamlar yüksək səslə danışaraq, ya bostanlarını sulamaq üçün su növbəsi gözləyir, ya da sabahkı işlərini götür-qoy edirdilər.
Axşamın canlılığında qadınlar da kişilərdən geri qalmır, evlərin qarşısında, tarlalardan dönən ərlərini, oğullarını, heyvanlarını gözləyirdilər.
Bütün bu qadın, kişi, uşaq səslərinə qarışan heyvan səsləri daha qəribə olurdu: mal-qara pəyələrə yaxınlaşdığını hiss edir, bəzən yolun ortasında durub başlarını qaldıraraq evlərin qarşısındakı insanlara qəribə-qəribə baxaraq uzun-uzadı böyrüşürdülər. O ana qədər işlərini buraxıb evlərindən çıxmamış qadınlar unlu-xəmirli yaş əllərini önlüklərinə silib yollara çıxır, heyvanların başını tumarlayır, sanki uşaqlarıyla danışırmış kimi oxşaya-oxşaya isti və yağışsız havada evlərinin qarşısındakı çarmıxlara bağlayır, ya da hava dumanlı və ya gecə yağışlı olacağı halda tövləyə aparırdılar.
Bəkir artıq kəndin sərhədlərininin içindəydi. Laqqırtıya dayanmadan yalnız salam verib hal-əhval soruşmaqla rastlaşdığı adamların yanından keçib gedir, qaranlıq düşmədən evə çatacağına sevinirdi.
Yolun sol tərəfindəki qalın meşə ağaclarının altında salınmış və öz səssizliyi ilə vahimə yaradan qəbiristanlığı ötüb keçdi. Evi bir çağırış məsafəsində, bostanın arxasındakı budaqları damını örtən alma ağaclarının arasındaydı. Yamacın üstündəki, rəngi hələ tam solmayan üfüqdə görünən evin ağ divarları, sanki damı arxada qoyub ağacların arasından qabağa çıxmış, səssizlik və sükut içində çox qəribə görünürdü.
Bəkir, “Ayşə hələ sahələrdə olmalıdr, evdə olsaydı, qarşılayardı məni!” – deyə düşündü, bir az da irəlilədi. Evinin qarşısında geniş bostanı yoldan ayıran daş divara sıralanmış əncir ağaclarının altında, gözünə iki insan kölgəsi dəydi. Amma axşam o qədər qaranlıqdı ki, Bəkir onların kim olduğunu hələ ayıra bilmirdi. Biri bəzən yoldan çıxır, Bəkirin qarşısında gedən inəyə baxır, yenə əncir ağacının altına çəkilirdi.
Bəkir əncir ağacının altındakı iki nəfərin qadın olduğunu indi aydın görürdü. “Mənim Ayşəm anası ilə birlikdə deyəsən məni gözləyirlər!” – düşünüb, inəyin ipini daha yaxın tutdu, jaketinin qırağı ilə alnındakı təri sildi, inəyin başını oxşadı, dayanıb qadınlara baxdı, hansının arvadı, hansının qızı olduğunu seçmək istədi. Seçə bilmədi. Buna görə də Battal Ənvərlə danışdıqdan sonra içindəki əzabı daha dərindən hiss etdi. “Bəlkə qonşu qadınlardır!” – dedi.
Amma artıq özünü aldada bilməzdi. Ayşə yolun ortasından qaçaraq atasının yanına gəldi, inəyin ipini onun əlindən aldı. Məcikin buynuzlarından tutub alnından öpdü, yanağını heyvanın başına söykəyərək iri açıq gözləriylə atasının üzünə baxıb gülümsədi.
Alovlu örtüyünü yamaca sərmiş üfüq qaralan anda Bəkir qızının gözəlliyini sanki ilk dəfə gördü, özündən ayrılacaq qızının sevgisi ağrı olub, içinə doldu, ürəyində, “Gül desəm gül deyil, nur desəm nur deyil, qanımnan, ətimnən doğan bu mələk balasını əllərə necə verəcəm?” – dedi.
Bu axşam Ayşədə bir bayram əhvalı vardı. Yaşıl ipək geyimin içində gənc bədəni yaşıl Krım dağlarının ən tənha, ən sakit bir yerində tək böyümüş gənc bir şam ağacı kimi sağlam, nazlı və təzəydi. İnəyin başına söykədiyi yumru, alma kimi parlaq qırmızı yanaqlarından, uzun qara kirpikləri arasında yanan gözlərindən, atəşli dodaqlarından yaşamaq eşqi saçırdı. Krımın hər mövsümü necə gözəldisə Ayşə də elə idi: həm gülərkən gözəl, həm də ağlayarkən.
Bəkir əlində inəyin ipi ilə tövlə tərəfə gedən qızına baxıb yavaşca dedi:
– Mübarək torpaq, sənin Günəşinin altında hər şeyin gözəl olur, insanların da…
Və qəflətən qabaqda gedən qızını donunun ətəyində uşaqları yapışmış, üzünün rəngi saralıb-solmuş, əlləri quru, çatlaq və zavallı görmüş kimi oldu, qorxdu. Başını qaldıraraq dedi:
– Vermərəm qızımı hər gələnə.
Amma bu sözlərinə görə özü-özündən utandı. Çünki bunu deyərkən çoban Səid Əlini düşünmüşdü. Səid Əlinin ailəsi yoldan keçənlərdən deyildi. Onsuz da kənddə yoldan keçən insan yoxdu. Qızını istəyirlərsə necə rədd edəcək ki?
İndi Bəkir günün bütün ağırlıq və yorğunluğunu qoca sümüklərində hiss edirdi. Amma hamısından ağır, hamısından acı olan qızının dərdi idi. Qızının düşüncəsindən xilas olmaq istədi, əlini yellədi.
“O, hələ balacadır. Kimsə istəməz. Dərdsiz başıma özüm dərd açıram. Ən böyük dərd bizim tarlanın tütünləridi indi. Tütünləri sahələrdən yığmayınca gözlərimi rahat bağlamayacam. Tütünlər arasına girsə, dəstələsə, şəhərə getsə, satılsa, Məcik də öküz balalasa, gəlsin o zaman Ayşəni istəyəcək cənab, çıxsın istəsin. Onda mən də fikirləşərəm bir az. Özümüz üçün dünyaya gətirmədik ki! Ənvərin dediyi kimi kürəkəni Samsundan gətirməyəcəyik ki!”
İndi Əsma da geri qayıtdı, Ayşənin yanında gedirdi. Bostana yaxınlaşdılar. Ayşə heyvanın ipini anasının əlindən alaraq çınqıllı dar bir yol boyunca tövləyə getdi.
Tamamilə qaranlıq çökmüşdü. Göyü bəzəyən ulduzlar çoxalmış, Ayı Dağın üstündəki Ay gümüşünü dənizin sakit sularına səpmişdi.
Bəkir evinin qarşısındakı bostana yaxınlaşdı. Önü açıq, üstü bağlı saçaqlı sallanan kəndirlərə bağlı salxımların, divarın kənarlarındakı güllərin xoş qoxuları axşamın sərinliyinə qarışaraq yorğun könlünü oxşadı. Çınqıl döşənmiş yolda yorğun addımlarını sürüyərkən solda – bostanın içindəki paxlaların arasında gözünə arvadı sataşdı.
– Arvad, niyə orada cin kimi gəzirsən? Millət su başında sıraya dayanıb. Artıq bizə su gəlməz bu gecə, çıx ordan, mənə yemək ver!
Bostandan Əsmanın səsi eşidildi:
– Bostana gir!
– İndi bostan doyurmaz mənim qarnımı. Acmışam dedim sənə.
Bəkir: “Bəlkə də arvad balqabaq kəsib, qaldıra bilmir” – deyə düşündü, döndü, bostana girdi. Ayaqların altındakı torpaq yaş olduğunu dərhal anladı, “gün boşa getməyib, bostan sulanıbmış!” – deyə sevindi.
– Kim suladı bostanı?
– Ayşə.
– Maşallah!
– Axşamüstü Battal Ənvər yoldan keçirdi, “Mənim suyumu götürüb bostanınızı sulayın!” – dedi. Eşq olsun Ənvərə, eynilə bir övlad kimi…
– Səid Əlinin qohumu olan Ənvər?
– Kənddə başqa Ənvər var ki? Əlbəttə, odur!
Arvadının bu sözləri Bəkirin içindəki əzabı yenidən oyandırdı, bostandan çınqıl döşənmiş yola dönərək: “Arı bal alacağı çiçəyi bilir!” – deyə mızıldandı. İçində kədərlə getdi, dəhlizdə oturdu. Evin içi boş və qaranlıq idi. Ayşə də gedərsə, bu ev həyatının sonuna qədər həmişə belə boş və qaranlıq olacaqdı. İçindən: “Vermərəm qızımı daha!” – dedi.
Tövlədə inəyə su verən Ayşə incə və şirin səsilə mahnı oxuyurdu, arvadı da soğan tarlasının kənarına çömbəlmiş, axşam yeməyinə göy soğan yığırdı. Qızı öz havasında, arvadı öz keyfində, ev sahibini sayan belə yoxdu! Bəkir dəhlizdə bir az səssizcə durdu, sonra incik səslə qışqırdı:
– Əsma! Bostanı burax, mənə bax, dedim sənə! Bostana baxmaq vaxtıdı indi? Qarnım quruldayır.
Ayşə atasına cavab verməyə hazırlaşaraq səsini yüksəltdi, mahnısını daha da sürətləndirdi. Bəkir tövlədən gələn mahnıda “çoban” sözünü eşidincə dinlədi:
– Ayşə! Nə mahnısı oxuyursan orada?
Ayşə atasının səsini eşitmirmiş kimi mahnısına davam etdi:
Baş çobana, balam, baş çobana,
Vermə qızını çobana.
Qızını versən çobana,
Soxar başını samana.
Bəkir dəhlizdən endi. Artıq kimə qışqıracağını, kimə səslənəcəyini bilmirdi.
– Ayşə, ay Ayşə! Sən də dişi porsuq kimi düşdün qaldın bostanda. Nədir o çoban mahnısı?
Ayşə hələ mahnısına davam edirdi:
Qarabaş qızım duz istər,
Çoban ağam qız istər.
Qarabaş quzuya duz yoxdur,
Çoban ağama qız yoxdur.
– Ayşə! Vallah, billah, bu qız ağlını itirib. Nədir bu çoban mahnısı? Millət yorğun-arğın tarlasından gəlir, bizim qız da çoban mahnısı oxuyur!
Bostandan Əsmanın səsi eşidildi:
– Nə olub? Keyfi yerində, inəyini gördü, sevindi, əlbəttə, mahnı oxuyacaq.
– İnəyə oxuyur mahnını?
– Kimə oxuyur, oxusun. Sən nə bilirsən kimə oxuyur! Könlündəkinə oxuyur. Könlündə çoban varsa çobana, dəmirçi varsa dəmirçiyə oxuyur.
– Sən mənə bostandan filosofluq eləmə! Bizim ev teatra döndü, deyəsən. Tütünümüz tarlada yatır. Mən inəyin arxası ilə qaçdım bütün günü. Oğlumuz yox, halımızı düşünsün.
Əsma ayağa qalxdı, yoldaşına yaxınlaşdı:
– Dua et Allaha, qızına yaxşı ər versin. Hər şey düzələr. Tarlada yatan bir sənin tütünün deyil ki, el-aləm də sənin günündədir.
– Amma belə hava…
– Hava Allahdandır. Allah biz kasıbları unutmaz. Nə bilirsən, bəlkə, bir ay belə olacaq. Mahnının da insana zərəri yoxdu. Madam ki, mahnı oxuyur, keyfi yerindədir, demək.
– Qarnım quruldayanda çoban mahnısı dinləyə bilmərəm.
– Gəl evə. Yeməyin hazırdı. Şirin ye, şirin danış! Ürəyinə çoban qurdu girdi bu axşam! Qızın dilinə çoban mahnısı gəlib, oxuyur da.
– İndicə könlündə demişdin.
– Könlün də dili var.
Bostanın yanındakı yoldan gəlib keçən kəndlilər eşitməsinlər deyə Bəkir susdu. Arvadına çoban Səid Əlinin oğlu Rəmzinin Ayşəyə göz qoyduğundan danışacaqdı, amma yenə dərdsiz başıma dərd açmayım deyə əlini salladı, məsələni unutmağa qərar verdi. Əsma da yenidən bostana girmişdi.
Bəkir içində bir ağırlıq yorğun addımlarını sürüyərək evinə girdi. Dörd göz evi də ağ divarları, çarpayı, döşəkləri, qaranlığa basdırılmış, Bəkir Ağanın içi kimi səssiz, soyuq idi.
Bəkir evinin səssizliyini hiss etmiş kimi içindən cavab verdi:
– Babamin evisən sən. Atam, babam sənin divarların arasında dünyaya gəldi. Nənələrimiz beşiklərimizin başında laylay söylədi. Mənim evim, yalnızlıqlar, səssizliklər içində buraxaram səni heç? Bəlkə evim, bəlkə bir az daha çox nəsə! Zamanı gəlsin, görəcəksən otaqlarında, çarpayılarında, xalçalarında, dəhlizdə, bağçanda nəvələrim qaçacaq, divarların arasında onlar sevinəcə, onlar oynayıb, onlar qışqıracaqlar. Sən, evim, quş ailəsı kimi olacaqsan, sabah axşam onların ötüşmələrini dinləyəcəksən.
Bəkir evilə danışmağa davam edirdi:
– Elədirsə, Ayşəni ərə ver. Ayşə uşaqlar dünyaya gətirsin, nəvələrin doldursun evi!
– Niyə tələsirik? On beş yaşı olmadı hələ.
– On altı oldu.
– Eləmi?
– Elə, elə! Mən hər şeyi bilirəm, hər şeyi xatırlayıram. Sən də xatırlayarsan, qoca! Özünü aldatma! Elə gizli-gizli oyunlar etmə mənə!
– On altı da olsa, gəncdir hələ.
– Gənc haa? Ağ, billur boynuna bax, sinəsinə bax, ombalarına, qıçlarına bax. Qızıl rəngli bədəni atlas yorğanın altına uzadarkən sən Ayşəni görmürsən. Zəngin vücudunu döşəyə, həsrətli yanaqlarını yastığa dəyərkən sən Ayşəni görmürsən. Sən qızındakı darıxmağı nə vaxtsa hiss etdinmi?
– Xeyr, xeyr!
– Qırx beş yaşlı adamsan. Dünyanı, insanları deyil, öz balanı belə eşitmirsən, eşitmək istəmirsən.
– Necə eşitmirəm?
– Yaşı on yeddi olan bir qızın qəlbini sən necə eşidərsən?
– On yeddi?
– On yeddi, on yeddi! Bilməz kimi soruşma. On yeddi il sən mənim divarlarımdan, divarlarımın gözləri olan rəflərdə parıldayan mis qablarda sirr saxlaya bilməzsən, qoca! Rəflərdəki o qablar hər şeyi gördü, hər şeyi xatırlayar. Keçmişin sirri, sənin sirrin bütün bu divarlara hopdu. Ən ağır, ən çətin, ən xoş gecələrinizi bu divarların arasında yaşadınız. Mən səni anadan olduğun gündən xatırlayıram. Sən dünyaya gözlərini açmadan mən səni gördüm. Divarlarımla, damımla səni qucaqladım. İstidən, soyuqdan, qardan, borandan, yağışdan mən səni qorudum. Beşiyin yanında sənə layla deyərkən zavallı ananın səsini mən də səninlə bərabər dinlədim. Sonra yavaş-yavaş böyüdün, ayağa qalxdın, yeriməyə başladın. Yaramaz bir uşaq idin, dəhlizdə sinəmi bəzəyən çiçəkləri yolurdun, taxtaları kəsirdin. Bunu bir gün mənim köhnə ustam, sənin atan görmüş, səni əməlli-başlı döymüşdü. Yadındadırmı, Bəkir Usta?
– Xatırlayıram, xatırlayıram…
– Mən də hər şeyi xatırlayıram. Sənin sünnət olduğun günü belə xatırlayıram. Atlasların üstündə Molla Rəcəbin atası, sənin ayaqlarını tutmuşdu, atan da başını. Dəllək də tavanın küncündə asılı heyvaları işarə edərək: “Bax oğlum, bax bu siçovula!” – deyə səni aldatmışdı. Sən küncdə heyvalara baxmışdın və… Yadındadırmı?
– Bəli.
– Amma böyüdükcə yaxşılaşdın. Bacıların və böyük qardaşların bu evi buraxıb başqa evlərə köçdülər. Sənin atan, mənim ustam öldü. Amma ölmədən əvvəl səni evləndirdi. Əsma da tam on yeddi yaşında idi onda. Bəxtiyardın deyilmi?
– Çox.
– Əsma da bizə köçdü, mənim ən yaxşı həyatım da o zaman başladı. Hər yanım gül kimi təmiz və qoxulu oldu. Əsma məni sildi, süpürdü, mənə baxdı, otaqlarımı təmiz etdi. Amma mən yenə də gözələm. Lampanı yandır, bir bax mənə! Mən çirkinəm? Qocaldım amma. Bu da sənə görə. Damımın kirəmitləri kifləndi, saçaqlarım qaraldı, bir çox yerləri çürüdü. Hamısı sənə görə. Baxmırsan mənə, Usta! Amma yenə də Ayşəni evləndirməlisən. Ayşə uşaqlar dünyaya gətirməlidir. Ayşə uşaq doğmasa, mən çöküncə yeni evi kim quracaq, bu ocağın həyatı sönəcəkmi? Bu inadında davam etsən söndürəcəksən bu ocağı!
– Düzdü bu sözün, ev məsələsini çox düz dedin! Amma kimə verim Ayşəni?
– Çoban Səid Əlinin Rəmzisi pisdi?
– Pis deyil, amma nə desən de, çoban oğlu çobandı!
– Ay səni sərsəm! Tanrı hər kəsi bir, hər kəsi bərabər yaradıb. Yoxsa dinsiz oldun sən?
– Xeyr, xeyr, dinsiz deyiləm. Sərsəm də deyiləm, əksinə, ağıllıyam.
– Sərsəmsən!
– Ağıllıyam.
– Sərsəmsən!
– Qızına yaxşı ər tapmaq istəyən kimsə sərsəm olur?
– Bu kənddə pis adam var?
– Yox.
– Hərkəs bir-birilə qardaş deyil ki, Bəkir?
– Qardaşdı.
– Onda Rəmzini niyə xoşlamırsan?
– Xoşlayıram.
– Bəs məsələ nədədi?
– Rəmzi çoban oğludu.
– Çoban oğlu olanda nə olur?
– İndi dünya dəyişib.
– Dünya dəyişməyib, sən dəyişmisən.
– Yox, dəyişib dünya, dəyişib. Mən ağlım nəyi kəsirsə onu etməliyəm. Həm bu arada tütünləri yığmaq lazımdır. Hələ tütünləri sahəyə salaq, onda Əsma ilə başbaşa verib Ayşəni düşünərik. Əvvəlcə tütün…
Ayşə dəhlizdə yenə çoban mahnısı oxuyurdu. Amma Bəkir Ağa elə dərin düşüncələrə dalmışdı ki, Ayşənin səsini belə eşitmirdi. Yenə Ənvəri xatırladı. “Bu qız çoban mahnısından başqa ayrı mahnı bilmir?” – deyə əsəbləşdi:
– Ayşə, Ayşə! Nədir bu oxuduğun çoban mahnısı?
Ayşə dəhlizdə qəhqəhə çəkdi:
– Özünə gəl, atacan? Ha-ha-hay! Çoban mahnısının nəyi pisdi ki?
– Sus deyirəm sənə! Mənə elə arsız-arsız cavab vermə. Ürəyində çoban qurdu…
Amma davamını demədi. “Əl çək, Bəkir!” – deyə düşündü. Ayşə indi otaqda idi.
– Əvvəllər neçə dəfə bu mahnını oxumuşam, mənə əsəbləşməmisən, indi…
– Şey… sənə əsəbləşmədim ki… Bu otaq çox qaranlıqdı! –deyə Bəkir kəkələdi.
– Lampanı yandırsan dərhal işıqlanar.
– Elədir!
Bəkir Ağa əlini cibinə soxdu, kibrit çıxartdı, masadakı lampanın şüşəsini qaldırıb fitili yandırdı. Ağardılmış divarları, uzun rəflərdəki qabları, divarlardan asılı əlişi dəsmalları, küncdəki atlas yorğanları, döşəkləri, bütün sadə gözəlliyilə otaq işıqlandı. Bəkir Ağanın yanındakı qızı yumru yanaqları, parlaq sədəf dişləri, kor kimi gözləri ilə güldü. Sanki bu gülüşü ilə atasının içindəki çətinliyi söküb atmaq istəyirdi.
Bəkir Ağa ocağın yanındakı uzun ağ tüklü keçi dərisinə oturdu. Danışmırdı, qızına belə baxmırdı. Ayşə asta səslə dedi:
– Yorğunsan, ata!
– Dünya qədər yol getmişəm. Günəş də əməlli-başlı yandırdı bu gün. Sən sahələrə getdinmi?
Ayşə atasının qarşısına diz çökdü, Bəkir Ağanın çarıqlarını çıxardaraq:
– Xeyr, – dedi, – mən getmədim, anam getdi.
– Səid Əlinin oğulları kömək etməyə çıxmışdılar bizim sahələrə, eləmi?
Ayşə başını qabağa əydi, yavaşca cavab verdi:
– Bəli, ata. Xatırlamağa gəlmişdilər. Öz işləri çox geridəymiş.
– Elədir. Çox şükür. Öz tütünləri tarlada yatarkən bizə köməyə gəlməzlər ki!
– Böyükləri Rəmzi deyib ki, Ağama deyin, onu köməksiz buraxmarıq.
– Eləmi? Rəmzi…
Əlində qablar, ağac qaşıqlarla otağa Əsma girdi. Ayşə atasının çarıqlarını çıxartmışdı. Əlində çarıqlar dəhlizdə gedərkən, Bəkir Ağa qızının boyuna, buxununa, çiyinlərinə baxıb, düşündü: “Bəlkə də vaxtı gəldi verməyə”.
Əsma ərinin üzündə bir şeylər oxumuş kimi, Ayşənin çıxdığı qapıya tərəf baxdı, qızının dəhlizdə olduğuna əmin olunca üzünü ərinə çevirdi:
– Sən kefsiz qayıtdın bu axşam!
Bəkir Ağa bir an cavab vermədi, nədən bəhs edəcəyini heç yaxşı bilmirdi. Sözə Battal Ənvərdən eşitdiklərindən başlayacaqdı, amma bu fikrindən dərhal imtina etdi. “Uşaq-muşaq laqqırdısıdı bu! Ayşənin ağılında ər yoxdu hələ!” – deyə düşündü.
Əsma Ayşə dəhlizdən otağa gələr deyə qapıya təkrar bir göz atdı, sonra ərinin üzünə baxaraq asta səslə soruşdu:
– Yəqin, rum öküzündən məmnun qalmadın?
– Onu get inəkdən soruş, mən nə bilim!
Əsma əlini ağzına qoyub qısaca güldü:
– Of, qırx beş yaşlı insanın dediyinə bax!
Amma bu kiçik və günahsız söz ürəklərinə dolmuş dərdli axşamın çətinliyini sanki yumuşaltdı. Bəkir bütün günü isti Günəşin altında inəyinin arxası ilə gedərkən hələ arvadının da evdə onu həsrətlə gözlədiyini düşündü, yorğun vücudunda şirin ürpərtilər hiss etdi. İndi qızını unudub gülən gözlərilə arvadının üzünə baxırdı:
– İnəyin işi öküz ilə, bizim işimiz…
Əsma ərinin nədən danışdığını anlamağa vaxt tapmadan, Ayşə əlində mis ləyənlə otağa girdi.
– Bizim işimiz tütünləri tarladan yığmaq!
Bəkir Ağa indi ciddiləşmişdi. Gah arvadına, gah qızına baxır, sinəsini qabartaraq danışırdı.
– Mən səhər erkən qalxım. Allahın iznilə dərə başından başlar Günəş Ayı Dağın zirvəsində olmadan armudlara qədər çıxaram. Ayşə də səninlə sahələrda qalsın. Atın yanında getməyə hacət yox. Battal Ənvər bizim tarlanın yanından keçir. Öz uzunqulağı ilə bizim atı da idarə edər. İndidən gedib qonşulara yalvarmaqdansa əvvəl əlimizdən gəldiyi qədərini özümüz edək. Bitirsən nə əla! Yəni bacardığımız qədər, sonrasına Allah kərimdi!
Bəkir Ağa yanında ayaqda dayanan gənc sağlam qızına baxdı. Qızının özünü cahil bir kəndli hiss etməməsi üçün, bəlkə də qızı ilə arvadının yanındakı etibarını yüksəltmək məqsədi ilə:
– Biz zəngin deyilik, əlimizdə nə var? – deyərək, sonrada Molla Rəcəbin sözlərini əlavə etdi, – Yədullah leysə lil-insani illa mə sea!
Atasının başa düşmədiyi bu sözləri Ayşənin çox xoşuna gəldi. Dirsəklərinə qədər çəkilmiş ağır qalın və çalışqan əllərinə qabdan su tökərkən soruşdu:
– Mənasını deyərsən, atacan?
– Yedullah, yəni Allahın qüdrəti. Biz kəndlilərin çalışmaqdan başqa çarəmiz yoxdur, qazandığımıza şükür etməliyik.
– Kommunizm kimi desən, ata!
– Komolizma?
– Komolizma yox, ata, kommunizm!
– Eeeh, komolizma olsun! Amma komolizmanı ruslar uydurublar. Madam ki, ruslar uydurublar, bizim millət uymaz.
– Xeyr, ata, kommunizmi ruslar deyil, almanlar çıxardıblar. Kommunizmin atası Karl Marksdır.
Bu arada Əsma da sözə qarışdı:
– Dünya qədər yeni şeylər öyrəndi bizim Ayşə! Bax, səni belə susdurdu. Kala Malanın nə olduğunu bilirsən sən? Əlbəttə, bilməzsən!
– Bilirəm.
– Nə bilirsən!
– Bilirəm dedim sənə!
– Ellezi halâk-al-mevte ve-l-hayate… Sən bunu bilirsən, amma Kala Malayı bilmirsən.
Ayşə başını arxaya atdı, bir qəhqəhə çəkdi:
– Ay ana, Kala Mala deyil, Karl Marks!
– Aman, aman, dilim dönmür, Kala Mala olsun!
Ayşə əlindəki dəsmalı atasının dizinə qoydu, ləyəni götürüb dərhal dəhlizə çıxdı, əlində bir qəzet tez geri qayıtdı. Masadakı lampanı atasının yanına yerləşdirib, qəzeti açdı:
– Bax, ata, Karl Marksın şəkili.
– Bax, dedim axı sənə, rusdur!
– Rus deyil, ata!
– Rusdur, rus! Mən tanımıram ki?
– Ayşədən yaxşımı biləcəksən?
– Bilirəm.
– Amma almandır.
– Saqqalına bax! Almanda belə saqqal nə gəzir? Rusdur, vəssalam.
– Xeyr, atacan. Vallahi, almandır. Özüm oxudum.
– Tövbə de! Qəsd etmə! Almandan belə komolizma kimi şeylər çıxmaz. Saqqalından başa düşdüm mən… Ya rusdur, ya yəhudi.
Bu söhbət daha çox uzanacaqdı, əgər Əsma böyük bir qabda buğlana-buğlana ətli paxla şorbasıyla otağa girməsəydi:
– O Kala Malaları buraxın indi, keçin ətli paxlanın başına! Biz kasıbların qarnını nə Kala Mala doyurar, nə də komolizma. Yeməyinizi yeyib Allahın verdiyinə şükür edin. Torpağımız var, suyumuz var. Nə lazım daha bizə?
Artıq otağı örtmüş axşamın kölgələri ilə sarılı, lampa işığına toplanmış otururdular, süfrədə dumanı üstündə paxla çanağı dururdu. Üçü də pıçıltı halında bir-bir “bismillah” deyərək yeməyə başladı. Yeməklərini səssizcə yeyib, ata torpaqlarına baxan kimi iftixarla süfrələrinə baxır, yorğunluqlarını gizləyərək Allahın verdiyinə şükür edirdilər…
2
Səma ağarmağa başlamışdı. Ayı Dağının təpəsi duman içindən çıxmış bir gəmi kimi görünürdü, səhər yavaş-yavaş torpağa enir, dənizə uzanan evlərin damları qara kölgələrdən qurtularaq ağarırdı.
Bəkir dəhlizə çıxanda dənizi samaya bağlayan bənövşəyi üfüqdə parlaq bir ulduz keçən gecəni uğurlayıb, gələn səhəri salamlayır, hələ də parıldayırdı. Amma onun da parıltısı çox davam etməyəcəkdi, çünki Ayı Dağın arxasındakı qızarmış üfüqdən Qızıldaşın tütün tarlalarına, çəmənlərinə, evlərinə gözəl səhər gəlirdi.
Bəkir Ağa yeməyini yeyən kimi yatmasına baxmayaraq oyanmış, yataqdan gücbəla ilə qalxmışdı. Battal Ənvərdən eşitdiklərini heç düşünmədiyi halda ürəyində bir sıxıntı hiss edir, dünən getdiyi yolun bütün ağırlığını bu səhər sümüklərində duyurdu.
Dəhlizin taxta pilləkənlərini enib solda tövlənin qapısını açıq gördü.
– Ay Əsma, sənsən tövlədə?
– Kim olar başqa? Kəndə Yaltadan oğrumu gəldi?
Bəkir tövləyə tərəf getdi, hələ çatmamışdı ki, dəhlizdən Ayşənin səsi gəldi:
– Ana, Məcikin muncuqları hardadı?
Dönüb qızına baxdı, bu səhər daha tez qalxdığını sandığı üçün qızını dəhlizdə görüncə çaşdı.
– Xoruz kimi bannama! Bu saatda qadın qismi yatağında yatar, üstəlik də yuxu görər… Kişinin işi kişinindir, siz isə…
– Oğlumuz yoxdu deyə, kədərlənirdin dünən axşam, atacan. Mən də bir kişi kimi işə yaramıram?
– Zır-zır etmə, evə gir, dedim sənə!
Əsma Məciki tövlədən çıxarıb divarın yanına bağladı.
– Nədir səhər-səhər bu səs-küy, canım? Əsma, Ayşə qızı niyə qaldırdın tezdən? Artıq qaraçı tayfası olduq?
Əsma ərinin sözlərini eşitmirmiş kimi dəhlizdə səssizcə dayanan Ayşəyə tərəf çevrildi:
– Muncuqları duası ilə bərabər döşəyin altındadır. Zınqovurunu da gətir!
Sonra ərinə döndü:
– Zəhmətsiz mal yeyilməz. Dünən axşam Allahın verdiyi bu havada “tütünləri yığmasaq işimiz fırıqdır” deyə sifətin kül-əhəng olmuşdu. Səhərə qədər kirpiyimi qırpmadım.
– Dedimsə dedim, siz də niyə döşəklərinizdən qaçdınız? Elə bil, yanğın bacanı qucaqlamışdı!
– Bacanı sarmadan çarə tapmalıyıq. Sən get dərə başından qırmağa başla. Biz də Ayşə ilə sahələrə gedək. Battal Ənvərdən də xahiş et, öz uzunqulağına baxarkən bizim ata da baxsın. O baxar. Qızıl kimi insandır. Səhər işin bərəkəti çox olur.
– Hey, komandir kimi qışqırma. Mən işimi bilirəm.
– Əsəbləşmə, zarafat etdim, bütün aləm eşitdi səsini…
Ayşə dəhlizə çıxdı:
– Tapdım, ana!
– Bura gətir. Zınqırovu da.
Ayşə anası ilə birgə Məcikin boynuna yaşıl muncuqları və zınqovuru bağlayarkən, Bəkir Ağa mızıldaya-mızıldaya tövləyə girdi. Tövlə olduqca qaranlıq idi, isti kübrə qoxusu gəlirdi. Bəlkə arvadının səhər-səhər bu qışqırığı, hələ ürəyini gəmirən yaş məsələsi – gizli bir başqa səbəb üzündən, Bəkirin könlü heç rahat deyildi bu səhər.
Bəkir elə düşünərək atı tövlədən çıxarmaq istəyirdi, at isə yeri eşəliyir, diqqətini çəkmək üçün sahibinin çiynini, arxasını itəliyirdi. Qapıda arvadı qışqırmasaydı, Bəkir hələ çox fikirləşəcəkdi.
– Heyvana azanmı oxuyursan tövlədə? Üfüqlər qızardı, günortaya gedəcək deyilsən ki tarlaya!
Elə bu vaxtda atı da arxadan dürtmələdi.
– Arı sancsın səni! Biri qabaqdan, biri arxadan, dəli edəcəklər adamı. Gəl, tələsirsənsə aparım səni işə!
Amma Bəkir heç tələsmirdi. Əllərində atının ipini tutmağa belə gücü qalmamışdı. Atına baxıb dedi:
– Mən də zəifləmişəm haa!
Atı çölə çıxardı. Sonra yenə tövləyə girib tütün səbətlərini, orağını, baltasını, ipini, köhnə paltarlarını, yəni tarlada lazım olacaq şeyləri çölə çıxartdı. Qızı və arvadı hələ Məcik ilə məşğul idilər. Məcik dünən Rum öküzündən döndü deyə, bəlkə də səhərin sərin və şirin olmasından, Əsma da bu səhər həmişəkindən daha şən, daha canlı idi. İşin birini bitirib dərhal ikincisinə başladı, işləyərkən də hərdən ərinə və ya qızına əmrlər verirdi.
– Ayşə! Çobana yaxşıca izah et Məcikin halını. Çöllərdə göz-qulaq olsun, heyvandan uzaqlaşmasın, gözdən qaçırmasın. De ki, balalayanda, gözaydınlığına gəlsin!
Ayı Dağın arxasındakı qızılı rəng tündləşirdi, dənizə uzanan evlərin nəmli damları gecədən qurtulub Günəşi gözləyirdi. Hər evdə, Bəkir Ağanın evindəki kimi bir hazırlıq var idi. Hər qapıdan, hər bağçadan, hər dəhlizdən bir səs, bir səsləniş, yolların daşlarında nal səsləri eşidilir, keçilər mələyir, yuxulu inəklər başlarını qaldıraraq uzun-uzun böyürürdülər.
Üfüqə aldanıb göy ağardıqca insanlar da vaxtın yaxınlaşdığını evdən-evə, insandan insana bildirirmiş kimi, daha yüksək, daha sürətli səslərlə danışır, Günəş doğulmadan evlərindən ayrılıb tarlalarına getmək istəyirdilər. Təpələrdə çobanlar heyvanları gözləyərkən, kəndin içində yollar sıxlaşırdı, evlər get-gedə boşalırdı.
Artıq gündüz olmuşdu, heyvanlar başlarını torpağın yaşıl otlarına endirmişdilər. İnsanlar əlləri, qəlbləri və ümüdləri ilə torpağa əyilirdilər. Qızıldaşın bütün həyatı torpağa bağlanırdı. Yüz ildən bəri atalarının, babalarının ayaqları ilə açılmış yollarda elə sıxlıq, elə canlı, təcrübəli bir hərəkət var idi ki! Hamısı da sanki bir-birlərini qovur, bir-birlərindən daha əvvəl tarlalarına çatmaq, torpaqlarına sarılmaq istəyirdilər.
Kənd tezliklə boşalır, evlər sükuta qərq olurdu. Qabağı çiçəkli dəhlizlərdə səksən-doxsan yaşında, ağ başıbağlı nənələr, uzun əl ağaclarını tutan ağsaqqal babalar məsud, bəxtiyar, tarlalarına gedən övladlarına baxırdılar. Dəhlizlərə açılan otaqların qapılarını açıq qoyurdular, çünki oğurluq eşidilməmiş bir şeydi, evlərin qapısını kilidləmək, bağçaları hündür divarlarla ayırmaq kəndlərində çox ayıb sayılırdı. Yol üstündəki evlərin açıq qapılarından otaqlardakı əşyalar görünürdü, kimsədən sirr saxlanmırdı. Birinin halı ortalıqda müəyyən idi, o birindən şikayətçi deyildi. Bərəkətli illərdə varlığa sevinir, Allahın verdiyinə şükür edirdilər, qıtlıq olsa da yanır, “aza qənaət etməyən çoxu tapa bilməz!” – deyib ayaqlarını yorğanlarına görə uzadaraq yaşayırdılar.
Ayşə Məciklə kənddən çıxanda Qızıldaş tamamilə boşalmışdı. Ayşə indi Gəlinqayaya yaxınlaşmışdı, buradan evlərini, kəndini, tütün sahələrini, dəniz sahilinə qədər uzanan tütün tarlalarını, hətta tarlasının kənarında işləyən atasını da görə bilirdi.
Kənd boş və səssiz idi, lakin artıq qəribə deyildi, çünki gündüz olmuşdu. Evlərin damlarında, köhnə quyuların ətraflarında qaranquşlar, yol kənarlarında çör-çöpün arasındakı müxtəlif quşlar ailə qurur, tövlələrin qarşısındakı kübrə yığınlarından çoxlu toyuqlar yalnız özlərinin başa düşdüyü bir dillə danışaraq gəzişir, dəhlizlərin qabağındakı çiçəklərdə arılar uçuşur, yaşıl səssiz ağacların kölgəsində babaların ətrafını çevirən Qızıldaş evləri, yolları, bağçaları indi arılar, quşlar, kəpənəklər, toyuqlar diyarı olmuşdu. Yollarda nə bir insan, nə bir heyvan vardı. Yalnız yolda bir-iki saatdan bir avtomobil görünür, xorultular, bəzi yerlərdə pat-pat səsləri, yolun kənarındakı bağlarda, bağçalarda duman pərdəsi buraxaraq, Qızıldaşın içindən keçib gedirdi.
Gəlinqayanın yanından bütün bu yollar yaxşıca görünürdü, amma nə qədər çoxdular! Qəlbdən çıxan qan damarları kimi bu yollar Qızıldaşdan çıxır, hər tarlaya, hər sahəyə, hər bağa, hər bağçaya, çaylara, su başlarına, dəniz kənarlarına uzanırdı. Bəzi yerlərdə yollar kəsişir, bəzi yerlərdə isə bir-birinə qovuşmayan iki zavallı sevgili kimi yan-yana uzanıb gedirlər.
Min il əvvvəl bu torpaq bu insanlara sanki Tanrı tərəfindən verilmişdi. Hər torpağ parçasının alçaq divarlarla nə zaman hasara alındığını kimsə xatırlamır, kimsə bilmirdi. Amma nəsildən-nəsilə keçən torpaqlara uzanan yolları hansı ailənin, hansı nəslin ayaqlarının açdığını hər kəs bilirdi, hansı yolun kimə aid olduğundan kimsələr şübhə etmirdi.
Çobanın heyvanları otardığı təpə bir çağırış məsafəsindəydi, amma Ayşə Məciki yormamaq üçün heç də tələsmirdi. Arada durub kəndə, tütün sahələrınə baxır, Günəşin gümüş şüaları altında titrəyən dənizi seyr edirdi. Dəniz sahilinə getməyi nə qədər istərdi! Amma təkbaşına gedə bilməzdi, çünki işlərin ən qızğın vaxtı idi. Həm də qızların təkbaşına dənizə getməyi qadağan olmasa da, adət deyildi. Ayşə də indi dənizin bu qədər yaxın, bu qədər gözəl, bu qədər dost olmasına baxmayaraq gedə bilməzdi. Tütünlərin tarladan sahələr yığılmasını işləri qurtarandan sonra kəndlilərlə getməklərini gözləyəcəkdi. Həm hamılıqla getmək daha xoş, daha əyləncəli olurdu. Arabaları ilə kəndin kənarına yığışır, qızlar atların yəhərlərinə çiçəklər taxır, çalğı, şənlik arasında dənizə gedirdilər. Analar sahildə qayaların arasında kabab, qəhvə hazırlayır, gənclər dənizdə üzür, axşama yaxın yenidən arabalara minib mahnı oxuyaraq, şən, məsud evlərinə dönürdülər.
Eh, Ayşə də tütünlərin yığılıb bitməsini gözləməli idi. Bunu təkcə Ayşə yox, bütün kənd gözləyirdi. Yaz işləri bitdikdən sonra kəndə yenidən həyat gələcəkdi. Dağın başı ağ qarlarla ağararkən evlərin bacaları yenidən qaralacaq, qış gecələrində evlərdə əyləncələr olacaq, qızlar, gənclər qonşu evlərində yığışaraq oyunlar oynayacaqdılar. Evlənmə yaşına çatmış qızlar da az deyildi, işləri bitirincə, gələn nişan və toylarda olacaqdı. Ayşə düşündü: “Görəsən kimlər evlənəcək?”.
Barmaqları ilə qızları saydı: Cəmilin Zeynəbi, Çilingirin Xədicəsi, Barmaqsızın Təvhidi… Üçü də on altı, on yeddi yaşlarındadılar. Özünü də düşündü. Üzü qızardı, gözlərini aşağı salıb dayandı. Sonra Məcikə yaxınlaşaraq yumru yanağını Məcikin boynuna söykədi, bir şey gözləyən kimi səssizcə uzaqlara baxdı. Qara gözlərini örtən uzun kirpiklərinin arasında yaşlar toplanırdı. Ağlamaq istədi, amma niyə, nə səbəbdən ağlayacağını özü də bilmədi. Çünki könlü məsud idi, həyatı və insanları sevirdi, amma yenə də gözləri dolurdu.
Əvvəlcə ata evindən ayrılan təzə gəlin kimi ağlamaq, yanaqlarından aşağı damla-damla isti yaşlar axıtmaq istədi, sonra gülümsədi – astadan güldü. Sonra başını arxaya çevirib güldü, yolun kənarındakı kollardan bir budaq qoparıb Məciki qovaladı.
Sağda yoldan çox hündürlükdə bir təpə vardı. Təpənin arxası dağların çəmənlik ətəklərinə bitişirdi, önü isə uçurum. Təpənin bəzi yerləri qara torpaq, bəzi yerləri qırmızı, boz-qara qayalar. Ayı Dağın üstündəki Günəş şüalarını bu uçurumlara səpdiyi zaman müxtəlif rənglər daha da müxtəlif görünürdü. Qızıldaşlılar kim bilir niyə qəribə və qorxunc olan bu təpənin kənarında atlarını sürətlə keçirtmişlər.
Ayşənin durduğu yerdən baxanda təpənin tam kənarındakı bu yol insanın başı üstündə sanki bir rəf kimi asılı görünürdü. İşin qəribə tərəfi isə – Ayşənin olduğu yolla təpənin kənarındakı yol arasında bir qaya vardı, qayanın alt hissəsi qırmızı, üst tərəfi isə boz idi.
Qızıldaşlılar bu qayaya Gəlinqaya deyərdilər. Keçmişdə Qızıldaşa yaxın Dərmən kəndində çox gözəl bir qız varmış. Qızıldaşlı bir çoban bu qıza aşiq olub, qız da çobanı sevirmiş. Çoban qızın yaşa dolmağını gözləyib və qızı istəməyə gedib. Amma qızın atası çobanın bu istəyini rədd edib, qızını Qızıldaşlı bir varlıya verib. Gəlin Dərmən kənddən gələrkən Qızıldaşın igidləri bu təpənin üstündə faytonun qarşısını kəsib, gəlindən dəsmal istəyiblər, gəlin atlılara dəsmal verəndə aralarında sevdiyi çobanı görüb, ürəyi dözməyib birdən özünü faytondan atıb. Amma uçurumun dibinə düşməyib, yarı yolda daş qayaya ilişib qalıb. O gündən sonra Qızıldaşlılar bu qayaya Gəlinqaya deyirlər.
Ayşə hər səhər Məciki çobana apararkən durub Günəş işığında uçurumlar rəngdən rəngə dəyişərkən qaya olmuş gəlinə baxmağı çox sevərdi. Gəlinin artıq daş kəsildiyindən sonra bir daha diriləcəyindən şübhə edirdi, amma yenə də durub Gəlinqayaya baxıb, ürəyində dua edrrdi: “Allahım, onu dirilt və zavallı çobana ver!”
İndi də uçurumdakı gəlinə baxırdı ki, təpənin kənarındakı yolda bir atlı gördü. Hava sakit, səma mavi və buludsuz idi. Təpədəki yol çox yüksəkdə olduğundan, Ayşə atlını kim olduğunu seçə bilmədi. At tərpənmirdi, insan isə heyvanın üstündə canlı bir heykəl kimi durmuşdu. Ayşə düşündü: “Kimdir o, görəsən?”. Çobanlardan biri idi, bəlkə də. Amma bu saatda çobanlar heyvanları buraxıb belə yüksək təpələrə çıxmazdılar. Ayşə: “Yaylaq çobanlarından ola bilər!” – deyib gedərkən, atlı birdən atını sürdü, təpənin kənarındakı yolu ildırım kimi keçdi, solda qara torpağa düşdü, bir toz buludu qaldıraraq aşağı, Ayşəyə tərəf gəldi.
Atlının gəldiyi yol çox təhlükəliydi. Enişin qaya yerlərində heyvan qabaq ayaqlarını torpağa batırırdı, başını sallayıb getmək istəmirdi. Bəzən də yenə qabaq ayaqlarını torpağa batırıb, qıçı üstə otururdu, qulaqlarını dikədib solurdu. O zaman təcrübəli atlı əsəbləşirdi, heyvanın başını sağa-sola çəkir, yenə də getmək istəmədiyini başa düşüb qamçı ilə atı zorla getməyə məcbur edirdi. At yavaş-yavaş qabaq ayaqları ilə sola dönür, atın qorxusunu keçdiyini düşünüb, heyvanın başını birdən sağa çəkir, at kişnəyir, üç-beş dəqiqə içində atıyla birlikdə toz-duman içində Ayşənin gözlərindən silindi. Sonra yenə göründü, inadkar atı qamçılayaraq Ayşəyə tərəf çapdı.
Atlı toz buludunda itəndə Ayşə qorxu ilə gözləyirdi, atlı atıyla bərabər yamacdan yuvarlanacaq, Məciki itələyəcək, özü də öləcəkmiş kimi titrəyirdi. Atlı toz buludundan sağ-salamat çıxdıqca balaca əlini ağzına tutaraq: “Görəsən kimdir bu?” – deyə soruşurdu özü-özünə.
İndi atlının papaqlı olduğunu yaxşı görürdü. Qırmızı köynək geyinmişdi. Sinəsində parlayan bir şey isə çoban cüzdanı idi, deyəsən.
Ayşə: “Ya çobandır, ya da dəli!” – deyə düşündü. Amma çoban idi. Başındakı qəhvəyi papağı çoban papağı olduğunu göstərirdi. Ayşədən xeyli uzaqda Məcik sürətli gələn atlının təhlükəsini hiss etmiş kimi qorxu ilə yerində dönüb dururdu. Ayşə Məcikin qorxduğunu ancaq indi gördü. Bir an atlının qəzaya düşmə ehtimalını unudub qaçdı və Məcikin boynunu qucaqladı:
– Qorxma, Məcik! Qorxma, baxma o sərsəmə sən! Qorxma, qızım, qorxma. Vücudumla mən səni qoruyaram. Sən ölsən, mən də səninlə bərabər ölərəm. Qorxma, qızım, qorxma!
Başını yenidən atlıya çevirdi, amma artıq qorxuya səbəb yox idi, çünki adam sağ-salamat düzənliyə çıxmış, atını dördnala Ayşəyə tərəf çapırdı. İndi Ayşənin də qorxusu keçmişdi. Artıq indicə ağır, sakit havası birdən dəyişdi, hardan gəldiyini bilmədiyi sərin külək əsməyə başlamışdı. Ayşənin bu küləkdə üzü, könlü oxşanırdı.
Atlı bir ildırım sürəti ilə gəldi, bir az kənarda dayandı. Atlının kim olduğunu görüncə, Ayşənin içindən qəribə bir titrəmə keçmişdi. Qarşıdakı atlı çoban Səid Əlinin Rəmzisi idi. Qəhvəyi papağı, dar qırmızı köynəyin içindəki pəhləvan vücudu, cüzdanı, çoban paltarında Rəmzini qarşısında görüncə Ayşə özünü itirdi. Çünki Rəmzi ailənin ən böyük oğlu idi, işlərin bu qızğın zamanında çobanlığı qardaşları edirdi.
Rəmzi atdan düşdü. Ayşə Rəmzi yanına gələcək deyə həm ürkdü, həm də könlündə nəsə hənirti hiss etdi. İki addım geri çəkildi. Rəmzi yaxınlaşsa yazıq Ayşə nə edəcək, nə deyəcək? Üzü qızardı, durmadan dualar edirdi, amma nəyə dua etdiyini özü də yaxşı bilmirdi. Bəlkə, Rəmzinin daha yaxın gəlməməsi, kəndlilərin onun Rəmzi ilə Gəlinqaya yanında görməmələri üçün dua edirdi, Rəmzinin uzaqdan danışmasını istəyirdi. Könlü bir-birinə zidd hislərlə doldu, nə edəcəyini bilmirdi. Rəmzi niyə gəlmişdi, niyə?
Rəmzi olduğu yerdə dayandı, ətrafa baxıb başını sinəsinə endirdi, üzü qızardı, arada üzünü qaldıraraq bir şeydən çəkinən kimi gizlicə Ayşəyə baxır, bir şeylər demək istəyirdi, amma deyə bilmirdi.
Ayşə də danışmaq istəyirdi, amma çox çətin idi danışmaq.
Rəmzi kömək gözləyən Məcikə baxdı. Amma Məcik bir sirdaş kimi başını yol kənarındakı cır fındıqlarının yarpaqları altına soxmuş, ot yeyirdi.
Səssizlik uzandıqca Rəmzi sıxıldı. Hələ indicə təpədən Ayşəyə baxarkən deyəcəklərini hazırlamış, sıraya qoymuşdu. Könlündə nə varsa hamısını demək fikri ilə təpədən enmişdi, amma indi… İndi Rəmzi səssiz idi, niyəsini bilmirdi.
“Hələ indicə təpədən Ayşəyə baxarkən “şirin söz ilanı ailəsından çıxarar” deyən sən deyildin, Rəmzi? Ayşə qarşındadı. Dünyanın ən gözəl çiçəyi kimi qarşında. Niyə danışmırsan? Niyə? De dərdini, de, Rəmzi! Sevgi başqa bir bəladır, de, izah et hər şeyi Ayşəyə!”
Amma deyə bilmirdi. “Qızın yolunu kəsdin, ana-atasından gizli qızla danışmaq istəyirsən. Alçaqsan, Rəmzi, xainsən!” – deyə özü-özündən nifrət edirdi. Yenidən atını aşağı sürməyə razı idi, Gəlinqayanın üstünə çıxıb uçurumdan atmağa razı idi, yetər ki, Ayşə yolunu kəsdiyini düşünməsin! Qaçmaq, Ayşənin gözlərindən gizlənmək istəyirdi.
Amma bu qədər utanmağa səbəb yox idi, çünki balaca qardaşları bu səhər şəhərə getmişdilər, heyvanları otlağa Rəmzi götürəcəkdi. Ayşə ilə görüşməkləri sadəcə bir təsadüf idi.
Bu düşüncə ilə fərəhləndi, amma Ayşə ilə danışmağa yenə də cəsarət edə bilmədi. Ancaq Ayşə Məcikə tərəf gedərkən, Rəmzi cəsarətə gəldi, yavaşca dedi:
– Ayşə, Məciki mənə tapşır, qardaşlarım Yaltaya gediblər, heyvanları bu gün mən otaracam.
Ayşə dayandı, gözləri yerdə, üzü qızarmış, eyni asta səslə cavab verdi:
– Yaxşı, Rəmzi Ağa!
Rəmzi indi danışmağa hazır idi, amma Ayşənin utandığını gördü. “Az danışmaq bəlkə də çox danışmaqdan yaxşıdı!” – deyə düşünərək atını Məcikə tərəf sürdü.
Ayşə qəlbində birdən bir ağrı hiss etdi, qəbahətli kimi başını sinəsinə əydi, döndü, sahəyə gedəcəkdi, amma gedə bilmirdi. Başını çevirdi, qayaların arasında atının üstündə Məciki aparan Rəmziyə baxdı. Qışqırmaq, qışqıraraq bir söz demək istəyirdi. Bütün deyəcəkləri qəlbində idi, amma səsini çıxara bilmirdi, tez-tez nəfəs alıb Rəmziyə baxırdı.
Rəmzi də Ayşə kimi idi. Kifayət qədər uzaqlaşmışdı. Dönüb Ayşəyə baxdı və əl etdi:
– Sağlıqla qal, Ayşəcik!
– Sağlıqla qalın, Rəmzi Ağa, sağlıqla qalın! Məcikə yaxşı baxın.
Ayşə birdən anasının dediklərini xatırladı, Rəmziyə tərəf getdi, üç-beş addım qalanda dayandı, həyəcanla dedi:
– Anam dedi ki, Məcikə yaxşı baxın! Ona göz-qulaq olun, gözdən qaçırmayın. Balaladığı gündə göz aydınlığa gəlin, Rəmzi Ağa. Anam mənə dedi, mən də sizə deyirəm. Gələrsinizmi?
– Gələrəm, Ayşə, gələrəm.
– Amma mütləq gələrsiz, eləmi, Rəmzi Ağa?
– Mütləq gələcəm, Ayşə!
İndi ikisinin də üzü gülürdü, ikisinin də könlü şən idi, bir-birlərini hiss edirdilər.
– Uğurlar olsun, Rəmzi Ağa!
Məcik Rəmzidən bir az uzaqlaşmışdı. Düzənliyin arxasında heyvanlar həzin-həzin səslənirdilər, Rəmzini çağırırdılar. Günəş tam ayı Dağın üstündə idi. Günəşin istisi torpağı yandırmadan heyvanları otlağa aparmaq lazım idi.
– Sağlıqla qal, Ayşə!
Rəmzi atını sürdü. Arabir dönüb Ayşəyə baxırdı, əl edirdi dəsmalla, gülümsəyirdi, gözləri və qəlbləri ilə bir-birlərinə çox şirin, çox həsrətli şeylər deyirdilər.
Məcik yoxuşun gerisində gözdən itdi. Rəmzi də yoxuşda sonuncu dəfə dayandı, döndü, Ayşəyə baxdı, sonuncu dəfə əl etdi. Ayşədə dəsmalı ilə: “Bəli, bəli, könlüm səninlə!” – demiş kimi cavab verib ayrıldılar.
Ayşə tək qaldı. Məcik ilə Rəmzi tam gözdən itdilər. Yoxuşun arxasındakı heyvanların qəribə səsləri də yavaş-yavaş kəsilmişdi. Amma Ayşənin könlü bu yalnızlığı hiss etmirdi. Xeyr! Bu səhər onun könlünə bir şey girmişdi, şirin qiymətli bir şey… Bu səhər həyatındakı bütün səhərlərdən bambaşqa idi, hamısından ən yaxşısı. Ürəyinə hardan gəldiyini bilmədiyi şirin, xoş duyğular dolurdu, bütün beyni ilə bir quş kimi xəfifləyirdi, uçub Gəlinqayaya qonmaq, ötüb sevincini dünyaya bildirmək istəyirdi.
Ayşə heç özünü bu qədər rahat hiss etməmişdi. Həyatında çox şirin, çox xoş bir şey olmuşdu. Nə idi? Yaxşı bilmirdi, amma hiss edirdi.
Tütün sahələrınə tərəf getdi. Yüksəklikdəki qayaların arasından dar yolu seçdi. Məxmər yorğanla örtülü kimi yamyaşıl otlu çayırlığa gəldi. İndi aşağıdakı kənd, bağlar, bağçalar gözlərinin qarşısında idi. Getdi, çayırı keçdi, düzlüyə endi. Cır fındıqların arasından bir sevdanın gözyaşı kimi sakit, duru su axırdı. Suyun kənarında durdu, diz çökdü, iki addım uzaqda suda balaca quru bir çalı vardı. Kolların budaqları arasından keçən su yüngül dalğalanaraq, koldan uzaqlaşınca axırdı.
Kənd, dəniz, tütün sahələrı görünmürdü. Hələ indicə Günəşin qızıl işıqlarına bürünən Qızıldaş Ayşəni qəflətən tərk edib uzaqlarda gizlənmiş kimi idi. Səssizliklər içində yalnız mavi göy və yaman uçurumları ilə Gəlinqaya Ayşəyə baxırdılar.
Səssizlik və təklikdən bir az qorxmuş kimi idi Ayşə. Hələ diz çökdüyü yerdə suya baxdı. Qırışıqlar edərək axan suda başını çirkin, burnunu yumru, gözlərini qəmli gördü. Qorxdu, əlləri titrəməyə başladı, təkrar baxdı suya. İçindən bir səs dedi:
– A qız, sən nə qədər çirkinsən!
Başı suya əyik, gözləri bağlı, içinə dolan acı ilə üzünün, burnunun, gözlərinin çirkinliyini suya axıtmaq istəyən kimi diz üstə çökdü. Sonra gözlərini açdı, təkrar suya baxdı. Amma su axırdı, çirkinliyi isə qırışan suyla bərabər axıb getmirdi.
Ürəyi qırıq, gözləri qəmli, içi ağrılı ayağa qalxırdı ki suyun kənar tərəfində qaralmış, köhnə bir kötüyə bir quş qondu. Qara qanadlarının ucu ağ, sinəsi qırmızı, çox cana yaxın bir quş idi. Kiçik burnu ilə əvvəl arxasını, sonra qanadlarının altını qaşıdı.
Quşu ürkütmək istəmədiyindən Ayşə hərəkətsiz durdu, gülən gözlərilə quşu seyr etdi. Quşun təmizlənib bəzənmə zamanı idi,deyəsən, balaca burnu ilə qanadlarının altını, sonra sinəsini qaşıyırdı.
Quş balaca başını təkrar sağa bükdü, sola bükdü və pırıl-pırıl uçaraq suda yatan budağa qondu. Quşun ağırlığı altında budaq aşdı. Ayşə üzünü quş tərəfə çevirməyə vaxt tapa bilmədən quş uçdu, cır fındıq ağaclarının yaşıl yarpaqları arasında gözdən itdi.
Ayşə qəmli-qəmli suya baxdı. Amma daha indicə kolların budaqları arasından qırışıqlar edərək axan su indi düz axırdı. İndi Ayşənin sudakı üzü də dəyişmişdi. Ayşə gözlərinin, dodaqlarının bütün gözəlliyi ilə sakit axan suya baxaraq güldü.
Təkrar gözlərində alovlar, yanaqlarında qızartılar, ürəyində ümidlər canlandı. Qalxdı, bayıra dırmaşdı, yüksəklərə çıxdı, yenə aşağıda Qızıldaşın, Qara dənizin gözəl panoramasını gördü. Solda çoxlu çalıların yanından kəndin arxasındakı tütün sahələrınə uzanan yola tərəf getdi. Çox fərəhli idi. Qaçmaq, bayırları, təpələri, dərələri aşmaq istəyirdi. Ayaqları Ayşəni çox uzaqlara aparmaq istəyirdi, kolların içindəsə quşlar oxuyurdu. Hamısı da Ayşəyə sanki deyirdilər: “Gözəlsən, çox gözəlsən!”
Quşların nəğməsi, Günəşin qızıl şüaları, dəniz, kənd və həyət yüksək göyün altında elə gözəl, elə xoşdu ki, Ayşənin gənc qəlbini elə qucaqlamışdı ki, bütün bu həyəcanını tökmək, fərəhlənmək ehtiyacı ilə bir şeylər etmək istəyirdi: qaçmaq, qışqırmaq, yaxud yerə yatıb torpağı, həyatı atəşli dodaqları ilə öpmək…
Çiyinlərinə tökülən dalğalı gur saçlarını arxaya atdı, başını qaldırdı, sahələrə uzanan yolda gedərkən gənc, dinc səsi ilə bir mahnı oxudu:
Qaya kimi saz olar,
Gül açarsa yaz olar.
Mən sənə gül demərəm,
Gülün ömrü az olar.
Səsi yüksəlir, uzaqlara uçur, səsi yüksəldikcə sinəsi iftixarla qabarır, bütün dünyaya eşitdirmək istəyirmiş kimi daha da sürətli oxuyurdu. Ayşənin bildiyi, gördüyü dünya Qızıldaşın evləri, dağları, dənizi idi. İndi səsi dağlarda hər yerə, hər kəsə çatırdı.
Yolun aşağısında küləkdə uçmasın deyə damları daşlarla basdırılmış ilk sahələr göründü. Sahələrin qarşısında qızlar işlərini buraxmış, Ayşəyə baxırdılar, Ayşə də qızlara eşitdirmək istəyirmiş kimi gur səsi ilə mahnını davam edirdi:
Qaya qayaya baxar,
Qayadan sellər axar
Sırma bığ dayanarkən
Saqqallıya kim baxar?
Sahələrin yanında Ayşəni seyr edən qızlar, nəhayət, yola tərəf gəldilər. Uzaqda dayandılar, əllərini ağızlarına qaldırıb ovuclarını boru edib qışqırdılar:
– Nə var, Ayşə qız, bığlı atlı yolunu kəsdi?
Ayşə də dayandı, əlini ağzına qaldırıb cavab verdi:
– Kəsdi də!
Qızlar Ayşəyə yaxınlaşdılar. Ayşə də qızlara tərəf getdi. Hamısının da ayaqlarında çarıqlar, dizlərinə qədər çıxan qırmızı, ağ, qəhvəyi rəngli yun corablar var idi. Yolun kənarında çör-çöplə örtülü, alçaq daş divarın arxasında durdular. Sərt torpaqla məşğul olmaqdan əlləri, barmaqları quru və çatlaq idi. Günəşdə qızarmış, yanmış, toz-torpaq içində üzləri ilə torpaqdan doğmuşa bənzəyirdilər, torpağın uşaqları kimi idilər.
Yalnız Ayşə fərqli idi onlardan. Evin bircəcik qızı idi. Qumral, parlaq saçlı Ayşə, axşamlar anası yanaqlarına, əllərinə, ağ qollarına odekolon sürtdüyü üçün gül kimi qoxulu və təzə idi. Bəlkə, dəhlizdə çiçəklərin, salxımların altında uzun zaman oturaraq bir şəhər qızı kimi qəzet oxuduğu üçün yaxşını pisdən ayıra bilirdi, pisliklərə kədərlənirdi. Kəndin torpağı, Günəşi, havası ilə bəslənmiş, böyümüş sağlam bədənində incə bir ruh inkişaf etmişdi. Tez həyəcanlanır, həyəcanı keçincə sonra oturur, dizlərini qolları ilə qucaqlayaraq səssizcə ağlayardı. Səssizlik uzandıqca özünü ölmüş, cənnətdə görürdü. Cənnət quşları ilə oynayır, dənizin, torpağın, dağların, kəndinin səadət və dincliyini könlündə hiss edirdi.
İndi kolluğun kənarında kənd qızları, özlərinə baxaraq görəsən nələr düşünürdülər? Aralarında gözəllər də var idi, o gözəllər gül kimi təzə Ayşəni qısqanmırdılar, boynuna-buxununa, üzünün gözəlliyinə paxıllıq etmirdilər? Bəlkə! Çünki Ayşə qısqanılacaq qədər gözəl idi.
Kolların kənarında qızlar danışırdılar:
– Gözəl Ayşə, bütün aləm tütün qırarkən, sən Moskva xanımları kimi dağlarda gəzirsən…
– Ondakı gözəllik məndə olsaydı da işsiz-gücsüz gəzərdim dağlarda…
Ayşə kolların arxasından gələn səslərin səmimi olduğuna inandı, güldü:
– Mənim kimi hamınız gözəlsiniz, qızlar!
– Demə, qız, demə! Sənin kimi gözəl olsaydıq biz də inəyi aparardıq.
– Gəlinqaya başında çoban Səid Əlinin Rəmzisini söhbətə tutardıq həm…
Ayşənin üzü birdən-birə qızardı, başını sinəsinə əydi, tütün sahələrınə tərəf getdi. Qızlar arxasından gülüşərək ona baxırdılar. Gülüşmələr arasından bəzən Ayşənin qulaqlarına qırıq-qırıq kəlmələr, səslər gəlirdi, amma Ayşə bunları eşitmirdi. Çünki Rəmzi adını eşidincə ürəyində anlaşılmaz bir ağrı hiss etmişdi. Səssizcə irəliləyərkən çox geridə qalmış qızlardan biri arxasından səslədi:
– Yeni ailənə nə vaxt köçəcəksən, ay qız?
– Söylə bizə, söylə, Ayşə qız!
Ayşə durdu, yavaş-yavaş qızlardan yana döndü, incimiş bir səslə cavab verdi:
– Hələlik atamın ailəsı mənim üçün hər ailədan yaxşıdır. Yeni ailəyə köçməli olsam hamınıza xəbər verəcəm.
– Vay, vay, necə tez incidi!
– Zarafatda başa düşmür artıq, gördünmü, ay qız?
– Atası çoban Səid Əlinin evini Ayşəyə layiq görmür.
– Demə!
– Elə eşitdim.
– Kürəkəni Samsundan gəticəkmiş.
– Vay, vay!
Qızlar uzun bir qəhqəhə çəkdilər. Ayşə səssizcə dayanıb, qızlara baxmırdı. Bir şey söyləyəcəkdi, amma boğazına bir yumru tıxanmışdı, səsi çıxmırdı. Ağlamaq istəyirdi, lakin ağlaya da bilmirdi. Həm niyə ağlasın ki? Güldü. Rəmzini xatırladı, üzü təkrar ciddiləşdi. Amma zarafatlarına niyə Rəmzini qarışdırırdı ki? Rəmzisiz zarafat edə bilməzdilər? Döndü, tütün sahələrınə tərəf getdi.
Öz sahələrınə yaxınlaşdı. Sahənin qarşısındakı cilalanmış meydanda iki tərəfi böyük tütün səbətləri ilə yüklü at dururdu. Atın yanında anası arabir əlini Günəşə qaldıraraq təpələrə baxırdı. Ayşə: “Zavallı, məni gözləyir!” – deyə düşündü, ürəyi sıxıldı, addımlarını sürətləndirdi.
Günəş artıq Ayı Dağı geridə buraxmışdı. Yaylanın üstündə toplanmış ağ buludlar heç tərpənmirdilər, yalnız bir bulud parçası araşdıraraq Roman Koşun uçurumlarından enib Topqayaya tərəf gedirdi. Günəş yandırır, əkilməmiş çöllərdə soba dəmirləri kimi qızmış quraq torpaqların, iti qayaların üzərində alovsuz bir atəş parlayırdı. Günəş tütün tarla və sahələrini sıxıb qovurduğu halda kəndlilər işlərini buraxmırdılar. Hər kəs səssizcə çalışır, yorğunluqlarını unudaraq içlərindən günün uzanmasını istəyirdilər.
Çöllərdə sadəcə enib çıxan atların, uzunqulaqların arxasında gedən insanların səsləri eşidilirdi. Battal Ənvər kimi gənc kəndlilər atlarını düzənliklərdə yolların kənarlarında böyümüş ağac kölgələrində saxlayıb, mahnı da oxuyurdular.
Ayşə olduğu yerdən yolun aşağısında tarlasında işləyən atasını görə bilirdi. Çatrapi armudları ilə dərə arasındakı çöldə idi tarla. Ayşə gedərkən bəzən atasına baxır, onun tütünlərin içində bükük belini görürdü. Bu bükük bel hərəkətsiz qaldıqca Ayşə atasını tarlanın ortasına batmış bir qayaya oxşadırdı, amma hərəkət etdiyi zaman atasının üzündəki tərləri, toz-torpaqları gözlərinin qabağına gətirirdi, atasının yorğunluğunu, belinin ağrısını ürəyində hiss edirdi, atasını dünyanın ən zavallı insanı kimi görürdü. Bəzən öz-özünə soruşurdu: “Niyə atam bu qədər işləyir, kimin üçün, nə üçün? Həm şəhər həyatı daha yaxşı deyil ki?”
Bəli, Ayşə üçün atası qəribə bir insan idi. Çünki torpaqdan başqa heç bir şey görmürdü, hiss etmirdi. İllərdən bəri evdən torpağa, torpağdan evə gedib-gəlməkdən əlləri-ayaqları torpaq rəngini almış, torpaq kimi qurumuşdu. Hər gün ayaqlarında çarıqları, kürəyində yamaqlı köynəyi, başında papağı, tarladan qayıtdığı zaman üzü-gözü toz-torpaq içində, kötük kimi döşəyə aşıb yatardı. Atasını o halda gördükcə dünyanın ən zavallı insanı sayırdı Ayşə. Amma əslində atası o qədər zavallı deyildi. Çünki Ayşə: “Ata, bu torpaqdan yorulmadınızmı?” – deyə nə vaxt soruşsa atası əvvəl gülər, sonra ciddiləşib cavab verərdi:
– Qızım, heç torpaqdan yorulmaq olar? Torpağın verdiyi zövqü, səadəti, insana dünyada heç bir şey verə bilməz.
Bəli, torpağın verdiyini insana başqa heç bir şey verə bilməz, deyərdi. Amma necə? Ayşə başa düşmürdü. Çünki atası yalnız bayramdan bayrama geyinib bəzənirdi. Səhərdən axşama qədər isə onun çəkdiyini heyvanlar belə çəkmirdi. Məhsulları şəhərə götürüb satdığı zamanlar Ayşəyə ayaqqabı, ipək şal, daraq, odekolon alırdı, amma özü üçün heç bir şey! Bəli, atası, iş, yorğunluq, torpaq… bunlar mənə zövq verir, deyərdi. Amma əslində necə idi? Yoxsa atası Ayşəyə belə deyib, dərdini ürəyində gizləyirdi.
Ayşə dayandı, atasına baxdı, qəlbinin gözləri ilə baxdı. Cəhənnəm Günəşin altında, kürəyində köynəyi yaş, üzü-gözü torpaq içində, alnında tər! Ayşə başını sinəsinə əydi. Bu səhər dəhlizdə atası üçün dəsmala bir dilim çörəklə bir baş sarımsaq bağladığını xatırladı, gözləri bağlandı, uzun qara kirpikləri arasından qurtulmuş gözyaşları yanaqlarından dodaqlarına axdı. Səssizcə ağlayırdı, ürəyində bir səs deyirdi: “Getmərəm, dünyaları versələr atamı buraxıb getmərəm!”.
Nəhayət, başını qaldırdı, aşağıda tarlanın içində yaşıl tütünlərin arasında beli bükük atasına baxa-baxa sahəyə qaçdı.
3
Yaylağın üstü çox buludlanmış, dağların uçurumlarına əsmər bulud kölgələri düşmüşdü. Amma Günəş yaylaqdan daha uzaqda idi, buludlar da hərəkətsiz.
Bəkir bəzən başını qaldırır, Günəşə baxırdı. Başını yaylağın üstünə toplanmış buludlara çevirərkən gözləri çatrapi armudlarına sataşırdı. Doğrusu, armudlara baxmaq istəmirdi, çünki gözləri nə zaman ilişsə, ağaclar: “Qoca, bəs günorta bizə tərəf gələcəkdin? Günorta yaxınlaşdı, sən isə dərə başından on beş addım belə uzaqlaşmadın. Nə oldu verdiyin söz?” deyirdilər sanki.
O zaman Bəkir Ağa gözlərini bağlayıb başını armud ağaclarına çevirərək deyirdi: “Baxmayacam! Armud ağaclarına baxmayacam!” və əyilib tütünləri qırmağa davam edirdi. Amma ürəyində yer etmiş şeytan onu yenə dürtür, başı özbaşına qalxır, təkrar armudlara baxırdı. Və armudlar təkrar edirdilər: “Qoca, bəs günorta olmadan bizə tərəf gələcəkdin? Dünən axşam böyük sözlər deyirdin, amma bax, indi… Dərə başından on beş addım belə ayrılmadın”.
Doğurdan da armud ağacları Bəkirin olduğu yerdən hələ çox uzaqda idilər. Günəş də düz başının üstünə gəlib durmuşdu. Bəkir isə günortaya qədər görüləcək işin hələ yarısını belə etməmişdi, içindəki şeytan da onu rahat buraxmadığı üçün hər şeyə hirslənirdi. Bəzən elə olurdu ki, tarladan bir daş alıb armudlara atmaq istəyirdi, amma tarlada daş tapmayıb özünə çox hirslənirdi, əyili vəziyyətdə dərədən yana dönürdü, dönərkən də bir tütün şitilini əzirdi. Ancaq o vaxt sakitləşir, amma bu da uzun çəkmirdi, çünki bu səfər də əzdiyi şitilə kədərlənməyə başlayır, bacarıqsızlığına ağlamalı olurdu. Ağaclarla danışırdı: “Hamısı sizə görə oldu!” Ağaclar səssizcə dayanır, yarpaqlarını belə tərpətmirdilər, çünki hava sakit və küləksiz idi. Ağacların səssizliyindən cəsarət tapıb deyirdi: “Siz də niyə dərəyə yaxın bir yerdə böyümədiniz?” Ağaclar səslənmirdilər. “Kim əkib sizi oraya, Allah bilir!”.
Atası əkməmişdi, bəlkə də babası, bəlkə də, babasının babası. Nə də olsa babalarından biri əkmişdi! Çünki kənddə hər kəsin torpağı kimi bu torpaq da atadan oğula keçirdi, armudları əkən də öz qanınnan biri idi şübhəsiz. Amma kim əkmişdisə dərədən çox uzağa əkmişdi. İndi bunu düşünürdü. Dayandı, armudlara baxdı, içində dedi: “Bəli, dərədən çox uzağa əkmişlər sizi! Həm beş ağacın orada nə işi vardı? Sizi mən əksəydim düz bura, ayaqlarımın dibinə əkərdim. Orada beş ağacın heç lazım deyil!”
Susdu, fikrə daldı. Armud ağacları səssizlikləri ilə dedilər: “Qışın ortasında torpağı qar örtəndə bəhməzimizi yeyərkən lazımsız deməzsən amma”.
Bəkir fikrində cavab verdi: ”Armudlarınızın yarısından çoxu tarlaya düşür, çürüyür, kübrə olur. Oranın isə kübrəyə ehtiyacı yox. Kübrəyə ehtiyacı olan yer tarlanın aşağısıdır. Burada mən olduğum yerdə. Siz isə tarlanın tam ortasındasınız”.
Armud ağacları cavab vermədilər. Qəribə bir səssizliyə bürünmüş Bəkir Ağaya baxırdılar. Bəkir Ağaya hirslənmiş kimi idilər, çünki kim bilir, nə vaxtdan bəri, neçə ildir o ağaclar orada böyümüşlər. Bəlkə də, lazımsız sözünü ilk Bəkir Ağadan eşidirdilər.
Bəkir başını qaldırdı, tütün sahələrınə baxdı. Aranın qarşısında nə atını, nə arvadını, nə də Ayşəni görə bilirdi. Tarlanın kənarına getdi, qucağındakı qırılmış tütünləri səbətlərə yerləşdirdi. Ənvər gəlmədən bir qucaq daha qırmaq ümidi ilə təkrar tarlaya döndü.
Armud ağaclarına dərdini tökdükdən sonra sakitləşmişdi. İndi istədiyi vaxt başını qaldırıb ağaclara baxırdı. Ağaclar səssiz idilər. Əsəbi kimi dururdular, Bəkirin dünən axşam arvadı ilə qızına vədd etdiyi işin yarısını belə edə bilməməsinə gülmürdülər, Bəkir də içinin rahat olmasından sevinirdi.
Yer və göy səssiz idi. Səssizlik uzandıqca ağaclara daha da hüzün çökür, ayaqları altında torpaq ağacların qəribəliyini sanki hiss edirdi, ruhu ilə Bəkirə bunları pıçıldayırdı:
– Sən qəbahəti heç özündə tapmırsan. Bəkir? Sən həmişə haqlısan, Bəkir?
Bəkir içindən torpağa cavab verirdi:
– Haqlı olduğum yerdə qəbahəti öz üzərimə ala bilmərəm, torpaq! Çatrapilerin orada deyil, burda əkilmələri lazımdı. Tarlanın orta yerində torpaq yaxşı, yağ kimi, bərəkətli. Günəş də səhərdən axşama qədər oranı bəsləyir. Amma alçaq yerlərə kübrə lazımdır. Bilmirsən ki, yağışlarda sellər axır, tarlanın aşağı hissəsi bəzən göl olur. Sonra iki gün Günəş qızdırsa sən, torpaq, çatlaq-çatlaq olursan, qidan gedir. Eh, kübrə lazım deyilmi?
Bəkir belə deyir, susur, hardan gəldiyini bilmədiyi bir səssizliyə gömülürdü. Ayaqları altındakı torpaq da səssizliklərə gömülür, səssizliklər Bəkir Ağanın qəlbini daraldır, boğazını sıxırdı, Bəkir Ağanın gözləri yaşarırdı. Bəkir Ağa diz çökür, birisi görüb də dəli zənn etməsin deyə yavaşca başını qaldırır, gizlicə ətrafına baxır, dizləri arasından ovuc-ovuc torpaq alır, ata torpağın titrəyən dodaqlarına götürüb öpürdü:
– Torpağım, torpağım, səndən başqa mən nəyi sevərəm bu dünyada? – deyir, sonra ayağa qalxıb təkrar tütün yarpaqlarını qırmağa başlayırdı.
O gün Battal Ənvər öz uzunqulağı ilə bərabər Bəkirin atını da bəlkə on dəfə tütünlərin qurudulduğu arana götürmüş, iyirmi səbət tütün daşımış, amma Bəkir hələ armud ağaclarının yanına çata bilməmişdi. Armudlara baxmırdı artıq, baxsa belə düşünmürdü. Dərə başıyla armudların arasındakı torpaq parçası bir xeyli geniş idi çünki. Fənər yandırıb gecə yarısına qədər tütün qırsaydı yenə də başa çıxa bilməyəcəkdi.
Dünən axşam arvadı ilə Ayşənin qarşısında böyük söz demişdi. İşləyəcəyi torpaq parçasının genişliyinə təxmin edə bilməmişdi. Bəlkə də, qızının yanında öz qüvvəsini mübaliğə etmişdi bir az. Amma nə olmuşdu? Evdəki bazarın bazara uyğun gəlmədiyi ilk dəfəmi görülürdü?
Armud ağaclarına çatmadısa belə, xeyli tütün qırmışdı! Arvadı Əsma bəzən Ənvər ilə xəbər göndərirdi:
– Bəkirə de ki, çox yormasın özünü. Evə dönəndə yenə arxasını döşəyə verəcək, yerindən qalxa bilməyəcək. Evdə tütün deyil, ər istəyirik biz!
Haqlı idi arvadı, çünki toyuq kimi bəzən hələ hava yaxşı qaralmadan yorğun-arğın yatağa gedir, arvadıyla, qızıyla məşğul ola bilmirdi. Ayşənin böyümüş, zamanının gəlmiş olmasına buna görə təəccüblənmişdi.
Günəş artıq günün uzun yolunu keçib Roman Koşun üstündə axşamın qırmızı əflatun qapılarına dayanmışdı. Tütün tarlaları yavaş-yavaş boşalır, su başlarında toxalı kəndlilər toplaşırdılar. Battal Ənvər Əsmanın əmrini gətirmişdi:
– Ayşə Məciki gətirməyə gedir, mən də evə. Bəkirə söylə, o da bitirsin işini!
Ənvər uzunqulağını öz tarlasına apardı. Bəkir Ağa yorğun-arğın armudun altına oturdu, bir siqaret çəkdi. Amma bu axşamkı yorğunluğundan məmnun idi Bəkir. Çünki armud ağacları ilə dərəbaşı arasındakı qisimin tütünlərini qırıb bitirməmişdi, amma yenə də xeyli görmüşdü.
Siqaretini çəkir, armud ağaclarının irəlisində qırılmış tütün saplarına baxaraq sevinir, arvadının Battalın Ənvər ilə yolladığı “Özünü çox yormasın” xəbərini düşündükcə də qoltuqlara qabarırdı. Yorğunluğunu unudur, könlü dincliklə dolur, siqaretini rahat çəkir, tarlasına baxır, qonşu tarlaları seyr edirdi, günün keçdiyinə sevinir, sabahı düşünür, böyük xəyallar qururdu.
Məciki düşündükcə: “Öküz balalasa!” – deyir, arvadını düşündükcə: “On altı il sonra qəfildən bir oğlan dünyaya gətirsən!” – deyir, amma buna heç ehtimal vermir, torpağını düşündükcə ağlından bu keçirdi: “Hamıdan geri qalmasam da tütünlər qırılıb bitsə!”
Daha çox xəyala dalmaq üçün dərhal sabahı düşünür, lakin gözlərini yuman kimi xəyallar gəlib yenə onu tapırdılar. Sabahın işini nə çoxaltmaq, nədə azaltmaq üçün gözlərini yaxşı açır, sonra başını çevirib tarlanın, tütünləri hələ ki, qırılmamış qisminə baxır, “Bu gün bu qədər bacardımsa sabah Allahın köməyi ilə daha çox edə bilərəm”, sonra ölçüsünü daha o biri gün qıracağı tütünlərə tətbiq edirdi. Amma ölçünü daim böyütməsinə baxmayaraq tək başına bitirəcəyinə yenə də şübhə edirdi.
Çünki tarla bir xeyli geniş, tütünləri qıran isə yalnız iki əl idi. Bəkir armud ağaclarına baxdı, nəfəs aldı. Lakin qüvvətsiz deyildi, içindəki qüvvətlə dedi: “Bu mənim iki əlimə iki əl daha qatılsa dağları sökərəm!”. Amma tək başına nə etsə bu işin haqqından gələ bilməzdi.
Bəkir yavaş-yavaş ayağa qalxdı. Atı bir çağırış uzaqda, tarla kənarında otlayırdı. Günəş Roman Koşun üstünə hələ təzə gəlmişdi, axşama ən azından bir, bir yarım saat vaxt vardı. İki səbət dolusu tütün qıra bilərdi daha. Amma bu fikrindən dərhal vaz keçdi, arvadının sözündən çıxmaq istəmirdi. Bu axşam arvadının evin qabağındakı bostanı bir gözdən keçir, deməsi də mümkündü.
Bəkir atına tərəf getdi. İndi hava bir az sərinləmiş, otlar dirilmiş, təzələnmişdi. Heyvan böyük bir iştahla otlayırdı. Bəkir tütünlərin arasından irələyirdi. At sahibinin yaxınlaşdığını, onu ləzzətli otlardan ayıracağını hiss etmiş kimi, otlamasına davam edərək, yavaş-yavaş uzaqlaşmağa başlamışdı.
Bəkir dadlı-dadlı otlayan atını otlardan ayırmağa istəmirmiş kimi dayandı. Əlini gözlərinə tutub Roman Koşun üstündəki Günəşə baxmaq istədi, birdən-birə yolda iki kişi gördü, donub qaldı.
Çünki əvvəl bir anlıq bunların insan olduqlarından şübhə etdi. Bunlar nə insana oxşayırdılar, nə də qarğaları qaçırmaq üçün üzüm bağlarına qoyulan müqəvvalara. Uzaqda olmalarına baxmayaraq Bəkir onların əllərini, ayaqlarını seçə bilirdi. Sonra bu yoldan qarğa belə uçmazdı, buralarda bağ-bağça da yoxdu ki, qarğaları qorxutmaq lazım olsun. Demək insandılar, amma buraların insanlarından deyil!
Bəkir uzun zaman onlara baxdı. Səhərdən bəri tarlada sıxılmışdı: “Haralı olur-olsunlar, bir az çənə vuraram!” – deyərək yolun kənarında hərəkətsiz duran iki kişiyə tərəf getdi. Amma irəlilədikcə ürəyindən qorxu keçdi, çünki görən gözləri ilə yanaşı qəlbi də: “Gözlərinə aldanma, Bəkir!” – deyirdi, “Heç belə insan olarmı?”
Amma yola yaxınlaşdıqca ürəyindən çox gözlərinə inanırdı. Yoldakıların ikisi də boyluydu, ikisi də yalın ayaq, səssiz, hərəkətsiz. İkisi də yaxınlaşan Bəkirə baxırdı.
Bəkir tələsmirdi, bəzən dayanır, onlara baxır, insan qılığında iki şeytan gözlərinə kimsə sataşmır, ətrafda kimsələri görə bilməyincə qüvvəti özündə axtarırdı, özündə tapırdı. Çünki qorxaq deyildi, qorxduğu tək şey cinlər idi. Amma Molla Rəcəbin dediyinə görə, cinlər yad məmləkətlərdən gəlir, gözə də heç görünməzlər. Göründülərsə, dərhal qaçıb gizlənərlər, müsəlmanlardan qorxduqları üçün gizlənib gecəni gözləyirlər, qaranlıq düşən kimi də gizləndikləri yerlərdən çıxıb məzarlıqlara gedirlər, müsəlman ölülərinə sataşırlar.
Lakin məzarlıq Bəkirin tarlasından çox uzaqda idi və yol kəndin hər tərəfindən görülürdü. Sonra qaçmadıqlarına görə bunlar insan qılığına girmiş cinlər də deyildilər. Buna görə Bəkir artıq qorxmurdu, sadəcə: “Kimdir, haralıdırlar?” – deyə maraqlanırdı.
Uzaqdan birinin gənc, o birinin qoca olduğunu seçirdi. İkisi də saqqallı, ikisi də ayaqyalındı, kürəklərində paltar adına bir kisə vardı sadəcə. Gəncin çiynində bir dəyənək, dəyənəyə asılı qara bir qazan, qocanın belində isə yağdan-kirdən ağırlaşmış bir kisə vardı.
İkisi də yolun kənarında iti daşların üstündə dayanır, lakin çox zavallı, çox yoxsul görünən bu insanlar Bəkiri məyuslandıra bilmirdilər. Çünki görünüşləri o rəngsiz quru çatlaq ayaqları ilə köklərini torpağın qəbul etməyib daim kənara atdığı ağaclara oxşayırdı. Bəkir onlara tərəf irəliyərkən gözlərinin önünə insanlar deyil, yalnız ağaclar gəlirdi. Daim kökləri torpağın üstündə qalan, donuz otuna oxşayan o ağaclar. Kökləri torpağın üstündə qaldığı halda o ağaclar bütünlüklə qurumazlar, amma çiçək də açmazlar. Çünki torpaq ağaca kifayət qədər qida verməz, Günəş də işığını ağacdan əsirgəyərdi. Kökləri kimi qabıqları, içləri, budaqları da qidasız olduğu halda bu ağaclar həm yaşayar, həm də özlərinə yaxın böyüyən otları, yaşıllıqları, cücərtiləri sömürüb qurudardılar.
Yol kənarındakı bu iki kişi də eynilə o cins ağaclar kimi idilər. Toz-torpaq içində qabarlı ayaqları, ucları əyilmiş, xoruz dırnaqları kimi sərt biçimsiz dırnaqları, quru, rəngsiz bədənləri, qidalı torpağa heç dəyməmiş, Allahın təmiz suyunu heç görməmiş, yer üzündə insanlar üçün yaradılmış nemətlərdən sanki tamamilə məhrum qalmışdı.
Gəncin saqqalı sarı və seyrək idi, saçları dəyirmi şəkildə kəsik idi, saçın ucları qaşlarına, qulaqlarına sallanırdı. Qoca saqqallı saçları ilə dünən axşam Ayşənin oxuduğu qəzetdəki Kala Malanın şəklinə çox oxşayırdı.
Bəkir dayandı, bir an gözlərini yumdu və dünən axşam qızının oxuduğu qəzetdəki komolizma qurucusunun şəklini gözlərinin önünə gətirdi, sonra gözlərini açdı, qarşıda yolun kənarında dayanan saqqallı qoca baxdı, ənsəsini qaşıdı:
– Ona oxşayır.
Həm də çox oxşayırdı, dünən axşam qəzetdə şəklini gördüyü adama oxşayırdı.
– Madam ki, şəklini qəzetə vurublar, onda çoxbilmiş adamdır. Söhbətə tutsam bəlkə mənə komolizmadan da danışar bir az, – deyə, düşündü Bəkir, təkrar onlara tərəf getdi.
Tarlasının kənarında dayandı. İndi o iki kişi ondan beş addım qədər kənarda səssizcə dayanmışdılar. Haranın insanları olurlar-olsunlar, nəyə oxşayırlarsa-oxşasınlar, yenə də insandılar. İnsana da insan salamı vermək lazımdır:
– Salam əleykim!
Salamının candan olduğunu göstərmək istəyirmiş kimi, əlini də ürəyinin üstünə qoydu. O birilər səslənmədilər.
– Xoş gəldiniz, səfa gətirdiz! – Bəkir dedi.
Onlar yenə səs vermədilər. Boz rəngli üzləri, səssizlikləri ilə açılmamış, sürülməmiş torpaqlara oxşayırdılar. Bir az sonra gənc cırıq jaketinin qırağı ilə burnunu sildi, yerə tüpürdü, gözlərini Bəkirin üzünə dikdi.
Salamını almamaqlarına çox hirsləndi Bəkir. Xüsusilə yerə tüpürməyinə baxaraq: “Buralı olsaydın peşman edərdim səni yerə tüpürməyinə!” – ürəyində dedi. Dönüb otlayan atına tərəf getdi. Qoca Bəkirin arxasınca ağzına gələni dedi. Amma Bəkir onun nə dediyini eşitməmiş, eşitmək də istəməmişdi. Çünki verilən salamı almayan bir kimsədən nə xeyir gələr ki?
Bəkir getdi, tütün tarlasını keçdi, otlağa çıxdı, atını yəhərlədi, heyvanın salamını qəbul etməyən bir insandan daha xeyirli olduğunu ürəyi ilə hiss etdi, heyvanın başını, yalını oxşadı. Atı da başını salladı, sahibinin oxşamasını və qəlbini hiss etmiş kimi başını Bəkirin çiyninə qoydu.
Atına minərkən: “Heyvan belə başa düşər insanın salamından!” – deyə mızıldandı Bəkir. Atına mindi, başını yoldakı iki kişiyə çevirdi. İki xarici, birinin arxasında kirli bir kisə, birinin çiynindəki dəyənəyi asılı bir qazan, yolun ortasında yan-yana ağır-ağır gedərək, Bəkirgil tərəfə, Qızıldaşa gedirdilər…
4
Axşam olurdu. Bəkirin arvadı Əsma dəhlizdə süfrəni salanda heyvanların Gəlinqayadan enmək zamanı da artıq gəlmişdi. Amma Əsma Ayşəni hələ uzun ağaclara düzülməmiş tütünlərin yanında az öncə buraxıb gəldiyi üçün qızı ilə Məciki hələ gözləmirdi. Buna görə Ayşənin düz uzun ağaclarını qaldırdığını görüb Məcikin böyürməsini eşidincə təəccübləndi. Məcikin səsini eşidənə qədər bir anlıq ürəyində bir sıxıntı hiss etmişdi, heyvanın səsi könlünə su səpdi. Dəhlizdən səsləndi:
– Heyvanın qəzaya düşdüyünü fikirləşib ödüm qopdu. Nə tez gəldin, ay qız!
Ayşə düz uzun ağacları qaldırdı, Məciki həyət yoluna itələdi:
– Heyvanları çoban Səid Əlinin Rəmzisi aparmışdı bu səhər.
– Rəmzi?
– Rəmzi! Məcikə göz qulaq olub bütün günü. Məcikə elə baxdım ki, özümə, bacıma baxmadığım kimi, dedi mənə. Heç yanından ayırmamış, ən yaxşı otları Məcikə yedirtmişdi.
– Eşq olsun oğlana!
– Həm mən Gəlinqayaya qədər də getmədim. Məciki Topuzlu çeşməyə qədər Rəmzi özü gətirdi. Məni orada gözləmişdi.
– Məcikə çox yaxşı baxıb, ana!
– Qəlbini gözlərində görürəm mən gözlərinə baxanda. Onun baxışında mərhəmət var.
Anasının bu sözləri Ayşədə izaholunmaz bir həyəcan yaratdı, könlünü sevinclə doldurdu. Sözü bu mövzuda daha uzatmaq istəyi ilə bir az da özündən əlavə etdi Ayşə:
– Bu axşam balaca qardaşlarına da tənbeh edəcək Məcikə yaxşı baxmaları üçün.
– Balaladığı gün gözaydınlığa gəl, dedin?
– Dedim.
– Yaxşı, o nə dedi?
– Mən sənin ananı, babanı öz anam, atam kimi sevirəm, dedi. Mən Məcikə iş olsun deyə baxmaram, sənin ananı, atanı öz anam, atam qədər sevdiyimə görə baxaram, dedi.
– Bax, eşq olsun oğlana!
– Elə də dedi.
Ana və qız dəhlizdə Səid Əlinin Rəmzisindən danışarkən yolda nal səsləri eşidildi, bir az sonra əncir ağaclarının arxasından Bəkirin başı göründü. Ayşə bu sözün uzanmasını bir az öncə hələ çox istəyirdi, indisə tez bitirib evə girdi.
Əsma günün işindən çox məmnun idi. Ayşə evdə, Məcik tövlədə idi. Əri də qaranlıq düşmədən evə gəlmişdi.
Bəkir Ağa əncir ağaclarının arxasından göründü. Heyvanın üstündə ayaqlarını sallayaraq Ayşənin qaldırmağa unutduğu düz, uzun ağacları keçdi, tövlənin qabağında dayandı, arvadına baxdı və atdan endi.
Günəş dağın arxasına hələ təzə gizlənmiş, səma qərb tərəfdən qırmızımtıl, əflatun rənglərlə Qızıldaşın üzərinə enmişdi. Dəniz durğun və dost kimi idi. Sahillərin sərin küləkləri bəzən yuxarılara çıxır, evlərin qarşısındakı bostanları, dəhlizlərdəki çiçəklərə sığal çəkib insanların yorğunluğunu unutdurmaq istəyirmiş kimi tərli alınlarını oxşayıb gedirdi.
Belə gözəl şirin axşamlarda işlərindən tez canını qurtaran kəndlilər evlərinə girməzlər, axşam yeməklərini dəhlizlərdə, ya da üzüm talvarları altında yeyərdilər.
Bəkir atını tövləyə bağlayarkən arvadı əlində qulplu biz taz dəhlizin pilləkənlərində dayandı. Bəkir atın əyərini açırdı, bir şey eşitmək ehtiyacı ilə ikidə bir gizli-gizli arvadını seyr edirdi. Arvadı səsləndi:
– Afərin sənə! Dünyanın işini gördün bu gün. Uzun ağacların üstünə iyirmi səbət tütün düzdük. Bu gedişlə bir həftəyə qonşusuz da bitirəcəksən, deyəsən…
Atın yanında dayanan Bəkir Ağa arvadının bu sözləri ilə qururlandı, sinəsini qabartdı, çiyinlərini qaldırdı, ağır addımlarla heyvanın ətrafını dolandı, ağır əli ilə heyvanı oxşadı. Günün uğurla keçməsindən bir az da danışsın deyə bütün qəlbilə arvadına baxır, onu dinləyirdi. Amma Əsma daha danışmadı. Dəhlizin pilləkənlərindən endi, tövlə tərəfə gedərkən Bəkirin yanında dayandı, ata baxdı.
– Amma heyvanı da taqətdən saldın haa! Mənə qalsa, yollayardım onu yaylağa. Gəzərdi bir neçə həftə. Battalınkılar da yaylağa gedirmişlər, aparardılar bizimkini də onlarla birgə…
Bəkir Ağanın yaylaqda otlayan kənd atları arasında bir atı da vardı. Keçən il Yaltadan aldığı zaman ağlında qızı vardı, qızını düşünürdü. Evini həm Ayşəsiz təsəvvür edə bilmir, həm də ömrünün sonuna qədər qızının öz yanında qala bilməyəcəyinə bütün qəlbilə hiss edirdi. Ayşə ərə gedəndə bu atı kürəkənə hədiyyə edəcəkdi. Amma bunu Ayşəyə deməmişdi, indi arvadına da demək istəmirdi. Onsuz da Ayşə hələ uşaqdı, həm ər filan düşünmürdü.
– Çaldilbər adət deyil belə işlərə. Otlasın heyvan. Nə bilirsən, bəlkə, bir qara gündə lazım olar. İyirmi dörd min rubl verdim, qara gündə iyirmi dörd min rubl Nogaylıqdan ən az üç-dörd kisə buğda gətirir.
Əsma başıyla təsdiq etdi:
– Sənin atdan yaxşı başın çıxar. İnsan ömrü də qara günsüz olmaz. Amma sən ayağını dən tut, başını sərin, könlünü fərah tut, düşünmə dərin! Torpağın var, bağın var, bağçan var, div kimi də sağlamsan. Qara günü də devirərsən, qorxma! Bax, bu gün işi necə icra etdin. İyirmi səbət tütün qırdın tək başına!
– Elə! Səhərdən bir az yorğun idim, amma işə başlayınca yorğunluğumu unutdum.
– Elədir, iş başlayana qədər çətin gəlir, amma bir də yerindən tərpənsə gedər avtomobil kimi.
Arvadının bu sözləri Bəkirin ürəyini daha da qüvvətləndirdi, gözlərini qürurla parlatdı:
– Sən atına bir az ot ver. Mən də Ayşə ilə Məcikin qarşısına çıxım. Qaranlıq düşmədən dəhlizdə oturub yeyərik axşam yeməyini!
Gözlərindən şirin həyəcan qığılcımları uçuşaraq tez-tez söylədi Əsma:
– Məcik tövlədə. Bu səhər heyvanları çoban Səid Əlinin Rəmzisi güdüb otlaqlarda. Axşamüstü də heyvanları Gəlinqayadan kəndin içinə gətirən kimi bizim Məciki Topuzlu çeşməyə qədər gətirmiş, Ayşəni orada gözləmişdi.
– Səid Əlinin Rəmzisi?
– Hə, o! Oğlan qızıl parçasıdı. Bizim Məciki öz bacısı kimi sevirmiş. Ən yaxşı otlaqlara aparıb, yanından ayırmayıb, bir dəqiqə belə gözdən qaçırmayıb. Bunları bizim Ayşəyə çeşmə başında Topuzlu deyib.
Bəkirin birdən-birə fikri qaçdı:
– Bizim bu qız nə deyib dolanır kənddə təkbaşına şəhər qızları kimi?
– Aaa, nə olub? Gəlinqayaya gedirdi. Topuzlu çeşmə başında rastlaşmış Rəmziylə. Bir az danışıblarsa, bunun nəyi ayıbdı, de görüm! Məciki bütün günü yanından ayırmamış, ayrı nə? Yaxşı otlaqlara aprmağı pisdi? Südü çoxalar. Hamısı sənin qarnına gedər də, elə deyil?!
– Elədir, amma hər qarnın da bir zərəri var.
– Aaa, yenə axşamı zəhər etmə bizə, canım. Nə oldu, mən qız olanda pəncərəmin qarşısını kəsdirən sən deyildin? Qızın Topuzlu çeşmə başında millətin gözü qarşısında oğlanla danışıb. Sən gizli danışanlardan qorx, hər kəsin qarşısında danışanlardan deyil! Bunun harası ayıbdı, söylə görüm? Həm oğlan da bir qızıl parçasıdı.
– Saçından dırnağına qədər qızıl olsa, çoban Səid Əlinin Rəmzisi Ayşənin tayı deyil, vəssalam!
– Biz də qızı evləndirməyə qalxmadıq ki qışqırırsan xoruz kimi. Ayşə çeşmə başında oğlana rast gəlib, uzaqdan dayanıb danışıblar. Mən də sənə nələr danışıblar, onu söyləyirəm. Ayşə Rəmziyə Məcik balalayanda gözaydınlığına gəl, deyib. Rəmzi də, mənə iş olsun deyə baxmam Məcikə, sənin ananı, atanı öz anam, atam kimi sevdiyimdən baxaram, deyib. Mən bu qədərini söylədim, sonrasını sən düşün, qərarını ver, – deən Əsma qəflətən susdu, inəyi sağmağa getdi, tövləyə girdi.
Bəkir:
– Anasını, atasını öz ana-atası qədər sevərsə qızını nə qədər sevər, görəsən? – deyə mızıldanıb, uzun zaman atın yanında səssiz, hərəkətsiz dayandı. Atın yəhərini, tütün səbətlərini tövləyə aparmağa, çarıqlarını çıxarmağa belə həvəsi qalmamışdı. Tövlənin qarşısındakı köhnə kötüyün üstünə oturdu, amma çox otura bilmədi, qalxdı, bostana tərəf getdi.
Bəkir dərdinə dərmanı yalnız əkin sahəsinə gedərkən, torpağı əllərilə tutarkən tapardı. İndi də eyni ehtiyacla gedirdi bostana. Amma bu axşam könülsüz gedirdi, bu axşam gözə görünməyən bir qüvvət onun ayaqlarını aparırdı. Bostanın kənarında dayandı, lobya dirəklərinə, divarı örtən yaşıl yarpaqlı balqabaqlarına uzun-uzun baxdı.
Bostanda onun nə işi vardı? Yoxdu, yoxdu, bostanda onun heç bir işi yoxdu. Olsa belə, o iş bu axşam Bəkirdən uzaq idi, gizli idi, gözlərinə görünmürdü. Bəkir bu axşam heç bir şey görə bilmirdi. Başını qaldırdı, evin dəhlizinə, açılan qapılara baxdı. Dəhlizdə, otaqlarda ağır və dərin bir səssizlik vardı. Ayşə haradaydı, görəsən? Amma Ayşə də bu axşam ondan uzaq idi, onun qəlbinə girə bilmirdi. Bəlkə də, ilk dəfə bir ata qəlbilə öz qızını başqaları üçün bəsləyib böyütdüyünü hiss etdi. Bu hiss acı idi, çox acı. Bəs bu, bir həqiqət deyildi ki?
Bostanı, Məciki, dəhlizi, evi, qapıları, axşamın əsmər kölgələrinə bürünmüş otaqlar, əşyalar, Ayşəsi belə, bu axşam Bəkirdən uzaq, çox uzaq şeylər idi. Nə edəcəyini, dünyaya nə üçün gəldiyini, niyə yaşadığını bilməyən bir insan kimi idi. Ağır əllərini arxasında tutdu, üzü, çiyinləri sallanmış, nəfəs almışdı, tövlədən kənar tərəfə döndü, ağır-ağır getdi, köhnə kötüyə oturub siqaret yandırdı.
Öz əliylə ata torpağında əkdiyi, böyütdüyü tütünü çəkirdi, içinə çəkib qalın dodaqlarından havaya sovurduğu incə, ağ dumanlarda, axşam qəribliyi içində buraxıb gəldiyi tütün tarlası, armud ağacları, qırılmış, qırılmamış tütünlər gözü önünə gəlirdi.
Xeyli siqaret çəkdi. Məciki də xatırladı, doğulacaq buzovu Rumun öküzünə bənzətdi. Qırılmış iyirmi səbət tütün ağlına gəldi. Amma hamısının üstündə bütün ağırlığı və ağrısı ilə Ayşə dayanırdı…
Arvadı Əsma inəyi sağdı, atı tövləyə apardı, tütün səbətlərini tövləyə daşıdı, heyvanlara su verdi, hər şeyi yerinə-yoluna qoydu, yerləşdirdi, tövlənin içini süpürdü, toyuqların hininə baxdı, dəhlizin qarşısındakı çiçəkləri suladı və evə girdi.
Arvadı bunların hamısını edərkən Bəkir Ağa köhnə kötükdə tərpənmədən oturmuşdu, dirsəkləri dizlərində, başı ovuclarında həm siqaret çəkir, həm də öz narahat fikirlərə qapılırdı.
Nəhayət, arvadı dəhlizdə dayandı:
– Qiyamətə qədər oturacaqsan o kötüyün üstündə? – deyə səsləndi.
Bəkir ağır-ağır qalxdı, səssizcə dəhlizə getdi.
O axşam Bəkir yeməyini yedi, yemək də Bəkiri. Ayşə də səssiz idi, gözlərinin ətrafında acılıq və qırmızılıq var idi. Heç danışmırdı, süfrədə olmağa məcbur bir insan kimi oturmuşdu, yeyərkən nə anasına, nə də atasına baxırdı. Onu yandıran bir ağrı vardı içində. Yediyi yemək də acı idi. Bu axşam Ayşəyə bütün həyat acı gəlirdi. Anasının, atasının xətrinə dəyməmək üçün bir az yedi, yeyərkən muncuq kimi iki damla gözyaşı axıtdı səssizcə. Yanaqlarından axan bu iki damlanı nə anası gördü, nə atası. Buna görə də daha çox ağlaması gəldi. Yavaşca süfrədən qalxdı, otağa girdi, keçi dərisinə çökdü, ayaqlarını altına yığdı, başını döşəyin kənarına söykəyərək səssizcə ağlamağa başladı.
Ayşə süfrədən çəkiləndə Bəkir evinin səssizliyini, qəribliyini ürəyində hiss etdi. Bu səssizliyi diriltmək, canlandırmaq ehtiyacı ilə bir söz demək istədi, deyə bilmədi. Ayşənin girdiyi qapıya baxaraq sadəcə deyə bildi:
– Ona nə olub?..
Daha heç nə deyə bilmədi, çünki olanlar təkcə Ayşəyə olmurdu, öz ürəyində də ağır, boğucu bir hiss var idi.
Bu axşam Əsma da danışmırdı. Tarla işlərini bitirmiş kəndlilər də hələ bostanlarından gəlmir, evin yanından keçən yolda nə bir insan, nə bir heyvan görünürdü, buna görə səssizlik uzandıqca daha dərin, daha ağır olurdu.
Arvadı süfrəni yığıb içəri girdi. Bəkir qəribə bir ehtiyacla arvadını gözlədi. Amma Əsma dəhlizə çıxmadı. Çıxsa belə nə danışacaqdı, bilmirdi. Ayşə hər axşam qəzet oxuyur, şeirlər mütaliə edir, səhər xəbərlərini izah edirdi, gözəl-gözəl keçərdi zaman. Amma bu axşam! Bu axşam Ayşənin evdə olduğundan belə şübhə edirdi, lakin evdə idi Ayşə.
Bəkir: “Eh, vallah dəli olacam!” – deyirdi ürəyində. Əlini dizinə vurmaq, çətinliyindən xilas olmaq istəyirdi. O, ayılıb həyata, arvadına, qızına baxmaq, xoşbəxt olmaq istəyirdi. Amma ürəyini gəmirən şeylər vardı! Bir Ayşə, bir də tarlada qırılmamış tütünlər var idi. Tütünləri yığınca dəstələmək vaxtı gəlirdi, dəstələmədən sonra da qış qılınc kimi gəlib dağların üstünə çökəcək, çəmənlərə, evlərə enəcəkdi. Bəkirin isə odunu hazır deyildi hələ. Komolizma da insana hər cür şeylər eşitdiriridi. Sağdan soldan qulaqlarına: “Rusiyada kəndlilərin əlindən torpaqlar alınırmış!” – deyən xəbərlər gəlir, amma bunun yalan olduğuna heç sübhə etmirdi. Çünki alınan, verilən torpaqlar, kim bilir, necədilər? O isə illərdir ata mirası torpağında otururdu, ata torpağı isə elə asan-asan nə alınır, nə verilirdi.
Amma yenə də qalxa bilmirdi. Qalxıb gedib qızının, arvadının yanında otura bilmirdi. Dünyanı, həyatı çox qaranlıq gördüyü bu dəqiqələrdə, köməyə möhtac bir adam kimi arvadına səslənmək istəyirdi, amma səslənmirdi. Güc-qüvvət özundə yoxsa, saçı uzun, ağlı qısa zəif bir qadından necə qüvvət ala bilərdi? “Vay, vay, səhərdən bəri içimdə şeytan var!” – deyir, əlini yelləyirdi, – “Çıxar, vaxtı gəlincə çıxar çölə!” Amma şeytan çıxmaq istəmirdi.
Bu dərin, ağır səssizlik, gözlərinə görünməyən, amma içini gəmirən bu dərd, kim bilir, daha nə vaxta qədər davam edəcəkdi? Nəhayət, tarlalarından, bostanlarından qayıdan kəndlilər sataşdı gözünə. Evin yanından keçən yolda heyvan və insan görüncə həyat qəflətən Bəkirin gözlərində canlandı. Tarlada işini tez bitirib evə tez döndüyünə sevinməli idi? Xeyr, tam əmin deyildi buna, amma yanıb-yandırılmağa da ehtiyac yox idi, doğrusu! Arvadı: “Dünyanın işini gördün bu gün!” – deməmişdimi?
Birdən ağacların arxasından biri səsləndi:
– Axşamın xeyir, Bəkir Ağa!
– Eyvallah! Sizsiniz, Ənvər?
– Mənəm!
Battal Ənvər əncir ağaclarının arxasından çıxdı, düz uzun ağacların yanında dayandı. Bəkir aynəbəndin pilləkənlərindən enib Ənvərə tərəf getdi:
– Kəsdin, doğradın bu gün uzunqulağı, Ənvər!
– Özümü də az kəsmədim, Bəkir Ağa! Səni tarlada tapa bilmədim. İşini tez bitirdin bu gün. Xeyir olar, Əsma xalam halsızdı?
Bəkir dayandı:
– Yox, halsız filan deyil. Amma qocalıq da halsızlığın dostudur. Çox tütün qırdın, desənə!
Ənvər qürurla başını arxaya atdı, əlini qaldırdı, Bəkirin evi qarşısındaki bostanı sağdan sola işarə etdi:
– Tarlanı tərtəmiz etdim, Bəkir Ağa!
Bəkir iki addım da irəlilədi, Ənvərin bu sözünü eşidər-eşitməz ayaqları yerə batmış kimi birdən durdu, təəccüblənərək dedi:
– Yox, canım.
– Bəli, təmizlədim. Sən getdikdən sonra on beş səbət də qırıldı, tövləyə daşındı, dəstələrə bağlandı. Lakin təpədə bir ovuc qırılmamış bir yer var, amma onu da özüm buraxdım, sabah işsiz qalmayım deyə. O biri gün də tarladakı tütün saplarını təmizləyəcəm, sonra dağa oduna gedəcəm…
Bəkir torpağa salınmış bir bel kimi dayanıb danışmırdı. Ənvər davam etdi:
– Çoban Səid Əligil məndən daha yaxşı becərdilər. Barmaqsız Osman da elə! Rəcəbin də olsa-olsa iki günlük işi qaldı. Ey, yatırsan sən, Bəkir Ağa, yatırsan! Millətə bax! Sinəmə fənər taxacam, qırıb bitirəcəm tarlanın tütününü sabaha qədər, deyirdi indi başında… Bilirsənmi, Nogaylıqda kəndlilərin torpaqlarını götürüblərmiş ruslar. Bunu mənə Molla Rəcəb izah etdi, ona da şəhərdən gələnlər söyləyiblər, önümüzdəki cümə namazında danışacaqmış millətə. Verərəm mən onlara torpaq! Atamın torpağına burnunu soxmaq istəyən cənabın gözünü partladaram, vallah! Əzərəm leşlərini, kübrə edərəm. Torpaq vermək haa! Kimə? Komolizmaya! Qızıl ilə çətin alınan şey pulsuz verilirmi, Bəkir Ağa?
Amma Bəkir Ənvərin dediklərini eşitmirdi. Demək, belə? Kəndlilər işlərini bitirirdilər, yalnız Bəkir geridə idi. İki, bəlkə üç, kim bilir, bəlkə də, dörd həftəlik işi vardı tarlada, tütün sahələrində. İçindən belə deyirdi:
“Dilənəcəksən, Bəkir, dilənəcəksən! Bütün aləm işini bitirdi, sən isə Günəş batmadan tarlanı buraxıb, bəy kimi evə gəldin. Sabah tarlasından qurtulan gedəcək dağa oduna. Qış qılınc kimi gəlib kəndi bassa, qorxmaz heç biri. Bütün aləm oturar sobasının başında paşa kimi, çəkər tütününü, yeyər paxlavasını, yeyər üzümünü, almasını, armudunu… Sənsə Nogay kəndlisi kimi təzək yandırmalısan, Bəkir, təzək! Tarlan da kübrəyə möhtac, tarlandan qalsan təzəyə də şükr et! Amma sən də vaxt tapdın haa! Bir yandan komolizma da gəlir. Batacaqsan, Bəkir, batacaqsan!”
Battal Ənvərin düz uzun ağacların yanından nə vaxt getdiyini belə görməmişdi. Ağır-ağır getdi, dəhlizin ağac pilləkənlərinə oturdu. Artıq özü üçün dünyada siqaret çəkməkdən başqa heç bir şey qalmamış kimi bir siqaret də yandırdı.
Arvadı Əsma dəhlizdə dayanmasaydı, kim bilir, başına daha nə fəlakətlər tapıb açacaqdı. Arvadı dedi:
– Çöməldin qaldın axşamdan bəri buralarda! Nədir bu halın? Allah hər kəsə ər verdi, mənə nə verdi? Sən də niyə başqalarının əri kimi danışmırsan? Hər kəsin canı candı, mənimki badımcandı?
Bəkir yavaş-yavaş ayağa qalxdı, dəhlizə çıxdı, amma arvadının səsi belə içinin dərdini yatırtmadı, əlini yellədi:
– Qışqırma, Əsma! Vallah, içimə bir qurd girib, səhərdən bəri yeyir məni.
– Yaxşı, nə olub?
– Daha nə olsun! Hər kəs tarlasında işini bitirdi, mənsə armud ağaclarına qədər çata bilmədim bu gün.
– Nə olsun bitiriblər? Bir həftəlik işin qalıb deyə, Tanrı aclıqdan öldürməz bizi! Amma belə başını ovuclayıb oturmaqdansa mənə bir tabutla bir kəfən sifariş et, vallah, daha yaxşıdı! Öldürürsən məni!
– Tütünümüz hələ tarlada dayanır, qışlıq yanacağımız da yoxdu…
– Sən məni niyə aldın, niyə mənimlə evləndin? İşləyə bilmərəm mən? Taxaram sinəmə bir fənər, gedərəm tarlaya, səhərə qədər qırıb bitirərəm o lənətəgəlmiş yerin tütününü.
– Tütünləri bitirsək dəstələmə işi var, sonra odun…
– Eşşək kimi odun da daşıyaram Roman Koşun dibindən. Sən məni İstanbul gözəlimi hesab edirsən?
Arvadının bu cəsur sözləri belə bu axşam Bəkirin qulağına girmir, içində bir ümid oyandıra bilmirdi. Hər acıdan acı, hər dərddən dərdli bir səslə dedi:
– Komolizma torpaqları alacaqmış!
– Kim alacaq?
– Bilirəm ki kim? Komolizma…
– Yalandı!
– Yalan deyil, Ağ məsciddən gələnlər gətirdilər xəbəri.
– Yalandı, dedim sənə!
– Yalan deyil! Boş yerə söz deyilməz. Madam tüstüsü göründü, çox çəkməz, alovu da görünər.
– Yalandı, dedim sənə, yalandı! Bağın, bağçan açıqdadır deyə, kim alar sənin torpağını. Söylə mənə, kim? Gəlirsə gəlsin, bir-iki qoyun, albalı, bir-iki salxım üzüm zibillənib gedər. Əvvəldən nə Naçalniklər, Qospodinlər, Barinlər gəlməzdi ki Rusiyadan?
– Amma indi başqadı…
– Nəyi başqa? Gəlirsə qonaq gələn kimi yeyib, gedər. Qonaqdan əsirgənməz! Amma insanın torpağını almaq olarmı? Torpaq almaq can almaqdı! Kim alar sənin torpağını?! Ata torpağıdı bu. Dünyada namus deyilən şey bitməyib hələ. Qorxma, qorxma!
– Qorxuram mən bu komolizmadan, Əsma! Torpağa girərsə necə çıxararsan?
– Torpağıma hələ yaxınlaşsın, baxım, bağıma yaxınlaşsın hələ! Üzünü, gözünü dağıdıb, göz bəbəklərini çıxararam. Leşini, ciyərini köpəklərə yedirdərəm. Mənim atam bağımı komolizmaya ver deyəmi verdi sənə? Bizə verdi, komolizmaya deyil! Amma dedim, yenə də deyirəm, elə başını ovuclayıb dərdli-dərdli otursan, vallah, billah, şirin canımnan olacağam. Vallah, gedib özümü Məmiş dərəsinə ataram. Ayşə qızın ömrünü də puç edəcəksən.
– Ey, çox deyinmə, Əsma!
– Haram edəcəksən hər şeyi bizə, haram! Nə qızına baxırsan, nə mənə. Bizi yolun ortasında tapmısan?
– Ey, kəs, Əsma, kəs!
– Kəsməyəcəm, niyə kəsim? De, niyə kəsim?
– Hər kəs eşitdi səsini.
– Eşitsin hər kəs, bütün aləm eşitsin səsimi!
– Allah xətrinə, uzatma, dedim sənə!
– Bütün aləm eşitsin. Aləmin əri var, mənim nəyim var? Hər kəsin canı candı, mənimki bənövşəyi badımcan?
Bəkir saçlarını, əllərini oxşayıb sakit qalın səsi ilə arvadına cəsarət verərkən Əsma gözlərini düz uzun ağaclarına dikmiş səssizcə baxırdı. Sonra yavaş-yavaş ərini qucaqlamağa başladı. Gözləri hələ uzun ağaclarda, bədəni titrəyirdi. Bəkir arvadının bu istiliyini sevgi yaxınlaşmasına oxşadırdı, arxaya çevrilib açıq qapıdan otağa baxdı, Ayşənin çölə çıxaraq onları bu vəziyyətdə görməsindən çəkinirdi, amma arvadını narahat etmək də istəmirdi.
Nəhayət, ayağa qalxdı ki, Əsma pəncə kimi əllərilə ərinin sinəsini qavradı?
– Bəkir, Bəkir, düz uzun ağaclarına bax! Görürsənmi, bax!
Bəkir baxdı:
– Allah bəlanızı versin! Arvadı qorxutdular, şeytandı bunlar…
– Şeytan deyil! Xatırlayırsan dünən axşam qəzetdə bir şəkil göstərmişdi Ayşə, komolizmanın saqqallı atasını! Bu saqqallı Kala Mala olacaq, yanında da oğlu, komolizma.
– Yox, canım, bunlar…
– Kala Mala ilə komolizma, dedim sənə. Tanıdım mən, çağır ikisini də bura, soruş, anla bu torpaq məsələsini!
– Canım, o saqqallını mən də Kala Malaya bənzətdim, amma…
– Çağır Ayşəni, o soruşsun. Sən bir yaxın getmə. Nə qədər torpağın, nə qədər bağın var, demə onlara. Qoy Ayşə danışsın, sən də kənardan dinlə!
– Mən onları bu axşamüstü bizim tarlanın kənarında gördüm, yanlarına getdim, müsəlman salamı verdim, amma salamımı almadılar. Salam almayan kimsədən xeyir gələr?
– Canım, sən onların salamını neynirsən? Çağır Ayşəni, danışsın onlarla, bəkə, işin iç üzünü izah edərlər.
Bəkirin axşamüstü tarlasının kənarında gördüyü iki kişi qarşıda uzun ağacların arxasında canlı heykəl kimi dayanmış, səssiz, hərəkətsiz dəhlizə baxırdı. Bəkir onları ürkütmədən qorxar kimi yavaşca ayağa qalxdı, içəri otağa girdi. İki dəqiqə sonra yanında Ayşə dönüb dəhlizdə gəldi.
Əsma dedi:
– Bax, Ayşə! Kala Mala ilə oğlu qarşıdadır!
Ayşə uzun ağacların arxasında insanlara heyrətlə baxdı, qəmli gözləri canlandı, gülərək dedi:
– O, Karl Marks deyil, ana! Karl Marks yüz il əvvəl ölüb. Komunizm da insan deyil, bir partiyadır, təşkilatdır.
– Dünən sənin oxuduğun qəzetdəki adamdı bu saqqallı!
– Yox, ana, bu o deyil!
– Yaxşı, bunlar nədi?
– İki zavallı insan.
– Burada nə işləri var?
– Bilirəm ki? Dayan bir dəqiqə. Mən indi başa düşərəm.
Ayşə pilləkənlərdən endi, qaçaraq o iki kişinin yanına getdi. Ortalığa dərin ağır bir səssizlik çökdü. Qoca danışır, Ayşə maraqla onu dinləyirdi. Dəhlizdə Bəkir bir Ayşəyə, bir arvadına baxırdı, qulaq qabarırdı, səbirsizlənirdi. Nəhayət, Ayşə atasına tərəf döndü və dedi:
– Ata, bu iki insan səninlə danışmaq istəyir!
Bəkir rəngdən rəngə girən gözlərini arvadının üzünə dikdi, yavaşca soruşdu:
– Nə deyim, Əsma, nə qədər torpağım var deyə soruşsa? Heyvanların hamısını sayım bir-bir? Malımızın gizlisi yox, amma komolizmadı bu, bilmək olmaz.
Əsma ərinə təpədən baxaraq gur səslə cavab verdi:
– Yox bir! Oğurladıq biz heyvanlarımızı? Torpaqlarımız da ata mirasıdı. Kimin torpağında gözümüz var ki, bizim torpağımıza göz qoysunlar?
– Elədir!
Bəkir düz uzun ağaclara tərəf getdi. Bəkir yanından ayrılan kimi Əsmanın qəlbinə bir qurd düşdü. “İnanmaq olmaz Rusun komolizmasına!” – deyə düşündü, ərinin arxası ilə getdi, pencəyini tutdu, Bəkiri çəkib yavaşca dedi:
– Ey, Bəkir, inanmaq olmaz bunlara! Nə qədər malın, mülkün var desə, sən başa düşməmiş kimi cavab ver!
Bəkir Ağa arvadına üstdən baxaraq əlini ombasına vurdu, uca səslə dedi:
– Daha nələr! Oğurladıq biz malımızı? Alnımızın təri ilə qazandıq. Torpağımız da atadan, babadan miras. Kimin torpağında gözümüz var ki, bizim torpağımıza göz qoysunlar!
Belə deyib düz uzun ağaclara tərəf getməyə davam etdi.
İndi yad adamları daha yaxından görə bilirdi. Ayaqyalın idilər, ayaqlarının dırnaqları əzilmiş sərçə başları kimi idi, ayaqlarını, qollarını tər axan yanaqlarını sanki yüz illik bir toz örtmüşdü. Saçları quşların ailə etdikləri kollar kimi qarmaqarışıq, ucları kir və tərdən qurumuş, topa-topa olmuşdu.
Çox fikirli görünürdülər. Amma zavallı desən deyildilər, məsud desən, o da deyil. Bu dünyanın insanları deyildilər sanki. Sanki dünya və həyat onları özündən ayırıb atmışdı. Onlar da həyata incimirdilər, kədərlənmirdilər, şikayət belə etmirdilər. Yorğunluqlarına, yoxsulluqlarına baxmayaraq torpağı sevən kəslər olmadıqlarından əmindi Bəkir.
Çünki ikisinin də ayağı çox kobud və çox sərt idi, əkilmiş torpaqdasa belə qaba, belə sərt ayaqlarla gedilməzdi. Sonra əllərinin içi yox, üstü parça-parça idi, demək ki, bərəkəti torpağın altından deyil, üstündən gözləyirdilər, demək ki, torpağın bərəkətini almaq üçün əllərinə heç toxa və bel almamışdılar. Yorğunluqları da torpağın işini görməkdən gəlmirdi, çünki torpaq işində yorulan insanın üzündə ağır günün izləri, bu izlərin hər yanı sabahın ümidləri mütləq görünürdü. Bu insanların üzlərindəsə ümid yox idi. Amma hansı səbəbdən bu hala düşüblərsə, yenə də insandılar və insanı insanlıqla qarşılamaq lazımdı.
Bəkir kəsdirməyə yaxınlaşdı, uzun ağacı qaldırdı, ikisini də içəriyə həyətə dəvət etdi. Saqqallı qoca yanındakı saqqallı gəncə baxdı. Saqqallı gənc gözlərini Ayşəyə dikib dayanmışdı. Saqqallı qocanın ona baxmasını görməmiş kimi, yerindən tərpənmədi. Qoca yumruğu ilə gəncin yanına vurdu, sonra əlindən tutdu, bərabər getdilər, Bəkir Ağanın həyətinə girdilər. Və kolları, otları, tikanı, daşı, torpağı ilk dəfə Bəkir Ağanın babaları tərəfindən təmizlənmiş bu torpaq parçasında, kim bilir, nə uzun yollar keçib, hansı uzaq yerlərdən gəlmiş bu insanlar dayandılar.
Bəkirə “uzaqlardan gələn bu insanlar mənim gözəl və bərəkətli torpağımı görürlər” deyən bir ifadə, bir qürur gəldi hətta. Amma bunu onlara bəlli etməyərək əyildi, çox asta bir səslə Ayşədən soruşdu:
– Qızım, bunlar kimdı?
– Bunlar ata-oğuldular. İkisi də yazıqdılar. Rusiyadan gəliblər. Kəndlərdə iş axtarırlar.
Əvvəllərdə gəlirdi bunlar kimi insanlar, Rusiyada qıtlıq, aclıq olduğu zamanlarda. Gəlib bir-iki ay işləyib, bir az pul qazanıb, sonra yenə gəldikləri kimi səssizcə məmləkətlərinə dönərdilər. Amma bu son on ildir ki kəndlərdə belə insanlar heç görünmürdü. Demək, indi Rusiyada yenə aclıq var. Bəkir torpağında dayanan bu iki kişinin qılığından açıqca başa düşürdü.
Bəkir başını çevirdi, üzlərinə diqqətlə baxdı. “Haralısız?” – deyə soruşacaqdı ki ağzını açmağa vaxt tapa bilmədən, qoca yerə diz çökdü, üzünü torpağa sürtdü, sonra başını qaldırdı, zavallı gözlərini Bəkirin üzünə dikdi, iməkləyərək gəlib Bəkirin ayaqlarına sarıldı, çarıqlarını öpməyə başladı.
Bəkir nə olduğunu, qocanın niyə, hansı səbəblə yerə bağlandığını, iməkləyib ayaqlarına sarıldığını birdən başa düşmədən qəlbi göynədi, ürəyində dua etdi: “Allahım, insanlara yurd yoxsulluğu göstərmə!”.
Qoca Bəkirin ayaqlarında alnını çarıqlara sürtərkən gənc səssizcə dayanmışdı, bir sərsəm kimi hissiz, ağzı açıq, dərin yaşıl gözlərilə Ayşəni süzürdü. Qoca başını gəncə tərəf qaldırdı. Amma gəncin duruşu və baxışları çox fərqli idi.
Qoca qışqırdı:
– İvan! İvan! Tı sobaka! Poydi suda!*
Qoca çox canlı idi, atəşli gözlərini gəncə dikmişdi, nəsə əmr edirdi. Qocanın qışqırmasından Bəkir qorxmuşdu biraz. Dəhlizə qayıtmaq istəyirdi ki, birdən qoca ayağa qalxdı, gənci iki əli ilə boğazından tutub Bəkirin ayaqlarına atdı, sonra özüdə diz çökdü, gəncin başını yumruqlayaraq qışqırmağa başladı:
– Prosi! Prosi kak sobaka! Prosi, İvan!**
İndi ikisi də yerdə, ikisi də Bəkirin ayaqlarına qapanıb yalvarırdılar.
Bəkir bunların zavallı olduqlarını bütün qəlbilə hiss etmişdi, ayağa qapanıb yalvarmaq buralarda heç də adət olmadığı, belə kədərli yalvarmaqlara ömründə ilk dəfə rastlaşdığı üçün gözləri yaşarmışdı. Əlini qaldırdı, yanaqlarına axan yaşları pencəyinin qırağına sildi, ayaqlarının dibindəki iki insandan yayılan kir, tər, pis qoxuları hiss etməyərək, iyrənmədən, o da diz çökdü, əllərini qocanın çiyinlərinə qoydu.
– Var bir çarə. Mən varlı deyiləm, amma varımı-yoxumu verərəm sizə! Vallah, verərəm.
Sonra başını ayaqda dayanan qızına qaldırdı:
– Ayşə, Ayşə! Anana de süfrəni hazırlasın. Vah, vah, vah, vah! Əsma, bura gəl! Xeyr, gir içəri, süfrəni hazırla!
Dəhlizin yanından Əsma səsləndi:
– Kimdilər?
– Dayanma orada, kimdilər deyə. Kim olursa-olsunlar, Allahın qulları, görmürsən? Yeyəcək, içəcək bir şey çıxar evdən.
Əsma içəri girdi. Atasının mərhəmət dolu həyəcanlı səsilə gələnlərin zavallılıqları Ayşəyə də toxunmuşdu, onun da gözləri dolmuşdu. Qoca bir az tatarcada bilirdi, ağlayan bir səslə davam etdi:
– Biz Poltavalıyıq, Qospodin. İşimizə görə pul ver bizə. Hər işi edərik. Mən qocayam, amma yenə də heyvanlara baxaram. Odun da kəsərəm, su da daşıyaram. Bu, mənim oğlum İvan…
Başını birdən-birə İvana çevirdi:
– İvan! Yalvar, köpək, yalvar!
Bəkir cibindən siqaret qutusunu çıxartdı, saqqallı qocaya uzatdı:
– İndi bir siqaret yandırın!
– Amma iş, Qospodin? Bizi yanınıza götürərsiniz? Haa? Götürərsən, Qospodin?
Bu yad adamların pis qəlbli olmadıqlarından Bəkirin heç şübhəsi qalmamışdı, çünki pis qəlblilər heç belə ağlayıb yalvarmazlar, çörək üçün belə uzun yollar getməzlər, bu hallara düşməzlər. Amma Bəkir ruslara bəli və ya xeyr deməyə hələ cəsarət etmirdi.
Qoca yenidən Bəkirə dedi:
– Haa? Götürəcəksən bizi yanına, Qospodin?
Bəkir yavaş-yavaş ayağa qalxdı, peysərini qaşıdı. Arvadı ilə danışmadan bir cavab verə bilməzdi!
– Siz oturun. Mən bir evə gedib gələcəm! – deyərək dəhlizdə tərəf getdi. Bəkir yanlarından ayrılan kimi qoca oğlunu yaxasından tutaraq özünə çəkdi, həm yavaş, həm də sərt bir səslə danışmağa başladı:
– İvan! Bu müsəlman pis adama oxşayır.
– Pis, pis, hamısı pis. Ho, ho!
– Amma bu çox pis, başa düşdün?
– Bəli, çox pis!
– Gördünmü önümüzdə necə diz çökdü. Bizə tütün verdi, gördün?
– Ho, ho! Gördüm, gördüm.
– Gözlərinə baxdın?
– Ho, ho! Baxdım.
– Gözləri yaşlandı…
– Ho, ho!
– Varımı, yoxumu sizə verərəm, dedi. Eşitdin?
– Ho, ho!
– Çox pis adam.
– Ho, ho. Hamısı pis.
– Amma bu hamısından pisdir İvan!
– Hamısından pis. Ho, ho! Niyə ata?
– O, məni aldada bilməz, İvan! Mən köhnə rusam.
– Ho, ho!
– Heç olacaq şeydi, müsəlman tatar rusu sevsin?
– Ho, ho! Sevməz.
– İki gözünü dörd aç, haa!
– Ho, ho! Qorxma!
– İki qulağın dörd olsun, haa!
– Ho, ho! Sən mənə burax.
– Mən ağlayanda sən də ağla!
– Ho, ho!
– Ayaqlarına sarıl, yalvar. Səni döysə də heç səsini çıxarma haa!
– Ho, ho!
– Amma qapılara yaxşı bax. Kilidsiz qapı varsa…
– Ho, ho! Baxdım.
– Hansı qapı kilidsizdir?
– Hamısı kilidsiz. Toyuq damı kilidsiz, tövlə kilidsiz.
– Kilidsiz haa! Pis adam.
– Ho, ho! Çox pis adam.
– Amma heyvan oğruyaq demə haa!
– Uuuuu! Niyə ata?
– Heyvan bəlalıdır, pul isə tərtəmiz, soxarsan cibə…
– Ho, ho!
Bəkir ilə arvadı dəhlizdə dayandılar, az sonra da Ayşə süfrəni çölə çıxartdı. Yan-yana dayanıb kədərlənərək ruslara baxdılar. Bu zavallıları torpaqlarında işlətməyə həm arvadı, həm Bəkir razı idilər. Hətta onların darda olduqları, işlərin bu qızğın zamanında belə qəflətən gəlmələrinə Allahın bir gözü ilə baxıb sevinirdilər, uğurlu kimsələr olduqlarından heç bir şübhə etmirdilər. Zəngin deyildilər, amma üç insanla üç-beş heyvanın doyduğu yerdə iki boğaza da bir şeylər tapılardı, əlbət. Geyim işini də həll edə bilərdi, çünki sandıqlarda Bəkirin köhnə və yamaqlı olsa da təmiz paltarları vardı. Bərbər Həsən də sabah bir ara işindən qurtular, gəlib saç- saqqallarını kəsər, ikisini də insan halına gətirərdi.
Çeşmələrdə də Allahın suyu əskik deyildi – çimib təmizlənərdilər. Ən mühüm məsələ evin harasında yatacaqlar idi. Çünki nə də olsa müsəlman deyildilər. Bəkirlə eyni dam altında yatarlarsa yad nəfəsləri müsəlman nəfəslərinə qarışar, olar ki, Molla Rəcəbin dediyi cinlər məzarlıqlardan çıxarlar, kafirlərin Bəkirin evində yatdıqlarını bilərək, evin ətrafına toplanarlar. Bəlkə də, evinə girərlər, Ayşəyə, arvadına, özünə sataşarlar…
Ər-arvad belə düşünürdülər, amma Ayşə bu fikrə tamamən qarşı idi. Zavallılara yazığı gəlirdi, gənc qəlbi yanırdı, dəhlizin kənarındakı boş otaqda, orada olmasa tövlədə bir yer verməsini atasından istəyirdi. Atası bir qərar verə bilmirdi. Ayşə isə səssizcə ağlayırdı. Əsma ərinə baxıb səsini çıxartmırdı.
Nəhayət, Ayşə dedi:
– Ata, tövlənin içərisi tərtəmiz, nə olar ki tövlədə yatsınlar.
Bəkir baxışlarını arvadına çevirdi:
– Bunlar heyvandılar?
– Dəhlizdə yatsınlar onda.
– Olmaz axı, biz müsəlman, onlar xristian.
– Xristian olanda nə olar ki?! Siz də Molla Rəcəbin sözünə qulaq asırsız. Məzarlıqda cin yoxdu, atacan. Bunların hamısı uydurmadır!
– Sus, tövbə de!
– Tövbə, Rəbbim, tövbə, Rəsulullah!
– Yaman yerdə axşamladıq.
– Amma ata, sizə deyirəm, dəhlizdə yatsınlar. Bundan günah gəlməz. Yaxud dəhlizin kənarındakı boş otaqda. İnanın mənə. Bu, günah deyil, atacan!
– Necə günah deyil, xristiandır onlar, biz isə müsəlman. Eləmi, Əsma?
– Elədi!
– Amma ata, dinləyin, sizə bir şey deyəcəm, əminəm ki, qane olacaqsınız.
– Yaxşı, de, görüm.
– Gaspıralı İsmail Bəy müsəlman idi?
– Ah, ah, həm də necə müsəlman!
– Bəs Çələbican?
– O, Allahın yolu ilə getdi.
– Cəfər Səid Əhməd kimilər?
– Allah onların qüvvət və səhhətlərini əksiltməsin!
– Gördünüz, atacan! Bunlar hamısı bizim əziz adamlarımız deyilmi?
– Bəli, bəli!
– Amma hamısı xristian məktəblərində oxudular. Madam ki, xristian məktəblərində oxudular, demək ki, xristian tələbələrlə bir damın altında yaşadılar, bir masada oturdular, bir qazandan şorba yedilər. Amma onlar müsəlman deyildilər, deyə bilərsənmi?
Bəkir təəccüblə arvadının üzünə baxdı, sonra da baxışlarını qızına və ruslara çevirdi, peysərini qaşıdı.
– Elə?
– Elədi, ata, əlbəttə, elədi! Heç bir zərəri yoxdu. Məsələn, Cəfər Bəyi götür. Cəfər Bəy Fransada, Parisdə oxumayıbmı?
– Fransızlar da xristiandırlar?
Ayşə güldü:
– Ata, əlbəttə, xristiandırlar!
Bəkir yenidən peysərini qaşıdı:
– Amma zənn etmirəm ruslar kimi xristian olsunlar. Onlar xristian olsalar da hər halda başqa cür xristiandılar.
İndiyə qədər ikisinin söhbətində heç səsini çıxarmayan, diqqətlə dinləyən Əsma sözə qarışdı:
– Sən sus, Ayşə! Çox qəzet oxudun deyə mənə, atana dərs verməyə qalxma! Günah deyilmi, Çələbican kimilərin adlarını qarışdırırsan bu məsələyə, yadlarla bərabər yemək yedilər, deyə! Qəzetdən həmişə belə şeylər öyrənirsən, daha görməzsən qəzet! Qalx, gir içəri görüm!
Ayşə başını aşağı əydi, içəri girdi. Əsma ərinə döndü:
– Sənə işçi lazımdı, eləmi? Al bunları, işləsinlər yanında, tütünləri tarladan yığana qədər. Yatsınlar tövlənin içində.
– Heyvandılar bunlar, canım?
– Aaa, nə olsun ki! Yolların toz-dumanında yatanlara tövlə də şükür etsinlər. Rusiyada qızıl saraylarda yatırdılar? Tövlədə yer göstər onlara!
– Bəs razı olmasalar?
– Olmasalar, cəhənnəm olub getsinlər gəldikləri yerə!
Bəkir gözlərini açaraq həyəcanla arvadına baxdı:
– Düz dedin!
– Düzdü! Mən sənə necə əmr etmişəm, sən də get o Kala Malaya əmr et. Belə, belə deyib izah et məsələni. Tütünlərimi tarladan yığana qədər iki adam lazımdı mənə. İzah et nə edəcəklər, oğlunun işi ayrı, qocanın işi ayrı. Özlərinə nə qədər pul verəcəksən, bu qədər, bu qədər… Amma işlərinə görə pul! Hesabı çox böyütmə! Yeyəcəklərini, içəcəklərini. Süfrəmizdə nə varsa paylaşarıq. Sonra harada yatacaqlarını. Burada, burada, vəssalam. Yaxşı izah et, bazarlıq et, amma çox böyütmə, işə görə pul! Başa düşdün, yaxşı danış!
Bəkir Ağa əlini ombasına vurdu:
– Ey, əmr etmə mənə komandir kimi! Mən işimi bilirəm. Rusiyada qızıl saraylarda yatdılar? Harada əmr edərsən orada yatarlar. İşlərinə görə pul verərəm. İstəməzlərsə cəhənnəm olub getsinlər gəldikləri yerə. Bilirəm mən işimi! Sən evə gir!
Bəkir ürəkləndi. Dəhlizin taxta pilləkənlərini endi. Ağır addımları ilə yerə qüvvətlə basaraq getdi, iki rusun yanına çatdı. Yanlarında dayandı. Sinəsini köhnə zənginlər, mal mülk sahibləri kimi qürurla qabartdı, bığlarını burdu, gur, kişi səsi ilə arvadının dediklərini ruslara təkrarlamaq istədi.
Lakin səsi çıxmırdı. Yavaşca başını sinəsinə əydi. Artıq bığlarının uclarını da burmurdu. Əzablı bir insan kimi bığlarını çəkişdirirdi, əlləri bığlarına gedirdi, oradan sinəsinə, sinəsindən budlarına enirdi, çətinliyini bəlli edən gözlərlə ruslara baxırdı, nə deyəcəyini bilmirdi.
Arvadının sözlərini ruslara təkrarlamaq üçün yenidən ruhlanıb özündə bir qüvvət tapmaq istəydi. Tapa bilmədi, cəsarəti yox idi. Əllərini yellədi, içindən dedi: “Eh, indi qalxdın kasıb-füqəraya nəzakətlilik göstərməyə, Bəkir! Özün də sabancı oğlu sabancı deyilsən? Utan, Bəkir, utan!”.
Yavaş-yavaş əyildi, qoca rusun əlindən qutusunu aldı, bir siqaret yandırdı. Sözə başlamaq istədi, amma başlaya bilmədi. “Söhbət də tütün tarlasındakı işə oxşayır. Biri başlayana qədərdi. Başlayınca gedər avtomobil kimi patır-patır!” – deyə düşündü.
Amma necə başlayacaqdı? Zavallılara tövlədə heyvanların yanında yer göstərmə məsələsi qəlbini gəmirirdi. Qarşıda dörd göz otaqlı evi olarkən, tövlədə heyvanların kübrələri yanında gedib yatın, deyə bilməzdi!
“Bizim Əsma da nə arvaddı ha! Olmaz, dedi! Yumruğunu daşa vursa daşın suyunu çıxarar, vallah. Ayağını dirədisə bir döşəmə yer verməz. Bərəkət, saçı uzun doğulmuş. Kişi doğulsaydı soltan Həmidi basdırardı! Həriflərə dəhlizin kənarındakı boş otağı verə bilməzdi ki guya iki həftəlik?”
Başını çevirdi, ümidsiz dəhlizə baxdı. Ruslarla öz yerinə Əsmanın danışmasını elə istəyirdi ki! Amma arvadı dəhlizdə yox idi. Dəhlizdə olsa belə evin kişisi olarkən məsələni qadının həll etməsi düz olmazdı.
Əlini bığlarına qaldırdı, sinəsini qabartdı. Amma sözə başlamağa vaxt tapmadan, qoca rus yenidən Bəkirin ayaqlarına sarıldı:
– Ee, Qospodin, götürəcəksən bizi yanına?
Bəkir yavaşca cavab verdi:
– İki-üç həftə üçün mənə iki adam lazımdır, amma..
– Könlündən nə keçərsə razıyıq, Qospodin! Köpəyinə yedizdirdiyin qədər yedirt bizi, Qospodin!
– Olar, olar, canım…
– Olar, Qospodin, sənin hər işini edərik.
– Amma… Amma bizim ev bir az darısqaldır. Darısqal deyil, amma… tövlə təmizdır, özüm təmizlədim.
– Biz yol kənarında yatarıq, Qospodin!
– Olar heç…
– Bu divarın dibində yatarıq, Qospodin!
– Olar heç…
– Yaxud tövlədə…
– Yatarsız tövlədə, heyvanların yanında?
– Bəli, Qospodin. İcazə versən yatarıq tövlədə. Sənin tövlən bizim üçün qızıl saray. Eləmi, İvan?
– Ho, ho!
– Biz təmizləyərik sənin tövləni. Heyvanlara baxarıq, yatarıq tövlədə, heyvanların yanında. Onsuz da özümüz heyvan kimiyik. Sənin heyvanların bizdən təmizdi, bizdən yaxşıdı. Eləmi, İvan?
– Ho, ho! Elədi!
Bəkir yavaş-yavaş ayağa qalxdı. Peysərini qaşıyaraq, çox diqqətlə ruslara bir də baxdı.
“Pis insan deyil bunlar. Qarınlarını doyursam iki həftəyə dünyanın işini edərəm. Tarlanın işini bitirincə evin damını təmir edərəm. Bunları iki həftə yerinə üç həftə işlədərəm dağdan qışlıq odunu da gətirərəm, yığaram tövləyə!”– deyə düşündü, əyildi, əlini qocanın çiyninə qoydu.
– Yaxşı, Allaha şükür, indilik çörəyimiz var, amma arağımız yoxdu. Qalın iki həftə yanımda. Qarnınızı doyuyaram, haqqınızı da yaxşı ödəyərəm!
Qoca rus yenidən Bəkirin ayaqlarına sarıldı:
– Spasibo, Qospodin, spasibo! Sən bizə çörək ver, biz də sənin işini edərik. Arabir boğazımızı islatmaq üçün bizə araq da lazım, amma biz taparıq. Kisəmdə var bir-iki şüşə. Dərman yerinə saxlayıram, Qospodin…
Bəkir məsələnin belə həll edilmiş olmasına sevinərək rusları dəhlizə dəvət etdi.
Qaranlıq düşmüşdü, göz gözü görmürdü. Ayı Dağa doğan Ay Qara dənizin sakit sularında parıldayırdı.
Bəkir Kala Malanı (qoca rusun adı o gündən sonra Kala Mala qalmışdı) tövləyə apardı, divardakı fənəri yandırdı, yatacaqları yeri göstərdi. Ata-oğul dəhlizdə yeməklərini yeyərkən onları narahat etmək istəmədiyi üçün özü də içəri girdi.
Evdə, qapıları bir-birinə açılan otaqlar boş və səssiz idi. Bəkir qaranlıqda əlini uzatdı, masanı axtardı, tapdı, bir kibrit yandırdı, şüşəni yavaşca qaldırıb lampanı yandırdı. Divarın yanında Ayşə ilə arvadı eyni döşəkdə şirin-şirin yatırdılar.
Bəkir onlara baxarkən içi səbəbini bilmədiyi bir qürurla doldu. Sinəsini iftixarla qabardaraq gözlərini otağın divarlarında, xalçalarda gəzdirdi. Dairəvi sandıqlara, çarpayılara, döşəklərə baxdı. Sonra baxışları döşəkdə anasının yanında yatan qızının üzündə dayandı. Yavaş-yavaş getdi, döşəyə yaxınlaşdı, diz çökdü, qızının ağ çiyinlərinə tökülmüş uzun, parlaq saçlarını oxşadı, əyilib alnından öpdü. Deyərkən arvadı gözlərini açdı, pıçıldayaraq dedi:
– Bəkir, get, gir döşəyinə.
Bəkir eyni pıçıltı ilə soruşdu:
– Bəs sən?
– Məni burax, gir yatağa. Sabah tezdən qalxacaqsan. Tarlada hələ dünyanın işi var.
– Eh, nə işi… Hələ gecənin yarısıdı.
– Yatağına gir, dedim sənə! İşimiz başımızdan aşır. İşini Kala Malanın edəcəyini düşünürsən?
Əsma gözlərini yumdu. Bəkir arvadının son sözü dediyinə əmin olmuşdu ki, səssizcə ayağa qalxdı, sinəsini qabartdı, başını çevirib təkrar divarlara, rəflərə, sandıqlara bir də göz gəzdirdi. Otağın gözəlliyi içini fərəhlə doldurmuşdu. “İnşallah, damı da da təmir edərəm!” – deyə düşünərək pəncərəyə tərəf getdi. Pərdəni yavaşca qaldıraraq dəhlizdə yemək yeyən Kala Mala ilə İvana baxdı.
– İşlərin tam da qızğın zamanında Allah yolladı bunları mənim evimə! – deyib güldü.
Pəncərədən çəkildi, yataqda şirin-şirin yatan qızı ilə arvadına baxdı. Sonra sabahki işlərini düşünərək yavaş-yavaş soyunub lampanın işığını söndürdü.
Kala Mala ilə oğlu İvan dəhlizdə Əsmanın yağ, pendir, zeytun, çörək qoyduğu süfrəyə oturub yemək yeyirdilər.
Ay işığı var idi. Solda səssiz yatan məzarlığın ağır türbələri, qalın, geniş, sakit meşə ağacları arasından durğun dost dəniz görünürdü. Yorğun Qızıldaş indi dərin, şirin yuxulara dalmış, evlərin pəncərələrində lampa işıqları söndürülmüş, dəhlizlərdə səs səda kəsilmişdi. Heyvanlar da səssiz idilər. Təkcə Bəkirin dəhlizinə arabir gecə quşları gəlib dəhlizin qabağında uçurdular, orada oturanların yad adamlar olduğunu bilənlər kimi birdən-birə ürkərək qaranlıqlarda itib gedirdilər.
İvan həm yeyirdi, həm də tilsimli gecəyə baxırdı, aylı-nurlu gecədə gördükləri ona əcaib gəlirdi. Çünki yaşı indi iyirmi beş olmuşdu, amma ömrünün yaz-qış gecələrinin çoxunu səmanın altında, açıqda keçirmiş olmasına baxmayaraq belə gecəni, belə məmləkəti hələ ilk dəfə görürdü. Bu məmləkət yaxşı idi, yoxsa öz yurdu, hələ bilmirdi. Amma bu müsəlman torpaqları bir az qəribə idi! Başını sağa çevirəndə dağ, dərə-təpə, sola çevirəndə dağ dərə-təpə görürdü, qarşıda isə su, su, yalnız su var idi. Başqa heç bir şey! İnsanlar da, evlər də başqa idilər, heyvanlar da elə!
İvan səssizcə yeyirdi, yeyərkən qarşıdakı meşə ağacları arasından görünən Ayın qızıl işıqları altından parlaq dənizə baxırdı, dənizi çox yaxında hiss edirdi. Oturduğu dəhlizdən aşağı tüpürsə, tüpürdüyünün dənizə düşəcəyini düşünürdü. Qəribəydi bu müsəlman torpaqları!
İvan gözlərini təkrar dənizin aydın sularına dikdi, sonra yavaşca ayağa qalxdı, dəhlizin kənarına getdi, başını arxaya atdı, udquna-udgquna ağzında bütün tüpürcəyi damağı ilə dili arasına topladı, başını önə əyərək tüpürüb güldü. Oğlu İvana arxadan Kala Mala qışqıraraq səsləndi:
– İvan, gəl, boğazını islat. Quru boğazdan tüpürcək çıxmaz.
İvan tüpürürdü. Bəkirin evindən bir kilometrə yaxın məsafədəki qəbiristanlığın sıx meşələri arasından görünən dənizin nazlı suları kədərli səssizliyi ilə İvana baxırdı. Qəbiristanlığın qalın meşələri, budaqları ilə dənizə divar olmaqla səssizcə ağlayırdılar sanki. İvan isə tüpürürdü. Bu qədər yaxın sayılan dəniz İvana, əlbəttə, çox uzaq idi və İvanın araq qoxuyan boğazından çıxan tüpürcəklər Əsmanın axşam suladığı bostanda balqabaq, xiyar, lobya, bostan kənarındakı çiçəklərə düşürdülər.
İvan uzun müddət dənizə tüpürdükdən sonra döndü. Kala Mala:
– İvan, boğazını islat, dedim sənə! – deyə səsləndi, araq şüşəsini dodaqlarına qaldırdı, başını arxaya atdı, boğazına araq boşaltdı. Sonra yun jaketinin cibindən quru, duzlu bir balıq çıxarıb burnunun altına soxdu, bığlarının, saqqalının tükləri arasına basdırdı, iylədi, öskürdü, jaketinin qırağı ilə dodaqlarını sildi:
– Müsəlman yeməyi dadlıdır, amma arağı insanın mədəsinə həzm etdirmir. İçəcəksən?
İvan:
– Ho, ho! – deyə cavab verdi.
Kala Mala araq şüşəsini oğluna uzatdı. İvan atasının yanına oturdu. Kala Mala ağ kirpiklərini endirib qırmızı yorğun gözlərini bağladı, bir müddət dərin bir düşüncəyə daldı, sonra gözlərini açdı, qalın yumruğunu qəflətən süfrəyə vurdu:
– Bezdim!
Yumruğunu elə şiddətli vurmuşdu ki, masanın üstündə rəsmli taxta qaşıqlar taqqıldayaraq sıçradılar.
İvan başını arxaya atdı, gözlərini bağladı, iki qurtum araq içdi, jaketinin qırağını iylədi:
– Ho, ho! – dedi.
Kala Mala bu dəfə yumruğunu süfrəyə daha hirslə vurdu:
– Bezdim, İvan! Bezdim. Sən?
İvan da atası kimi yumruğunu masaya elə hirsli vurdu ki, bir litrlik araq şüşəsi havaya sıçradı.
– Ho, ho! Mən də bezdim.
– Sən də?
– Ho, ho! Mən də!
– Aaa, demək sən də?
– Sən niyə bezdin?
– Bəs sən niyə bezdin?
Gecənin sərin küləyi dəhlizdə asılı salxımların, çiçəklərin şirin qoxusunu dəhlizdə açıq pəncərələrdən evin otaqlarına götürürdü.
Kala Mala ilə oğlu İvan yan-yana oturmuşdu. İvanın sağ əli atasının boynunda, atasının sol əli İvanın boynunda növbələşə-növbələşə əldən-ələ keçən şüşədən araq içərək, yüksək səslə yalnız özlərinin başa düşdüyü bir şeylər danışır, nəyinsə müzakirəsini edirdilər.
İndi növbə İvanda idi. Şüşəni qaldırdı. İki, üç, dörd, beş, altı qurtum içdi, pencəyinin qırağını iylədi, yumruğunu süfrəyə elə bərk vurdu ki, taxta qaşıqlar taqqıldayaraq süfrədən dəhlizin taxtalarına düşdülər.
– Əvvəlcə sən söylə, niyə bezdin?
– Mən? Mən haa! Mən…
Bu zaman Kala Mala əlini İvanın boynundan çəkdi. Saçını, saqqalını ovuclarına alaraq hönkür-hönkür ağlamağa başladı:
– Mən yol getməkdən bezdim, yol getməkdən! Xolera gəbərtsin məni! Xolera! Getmərəm mən bu müsəlman evdən artıq. Getmərəm. Xolera gəbərtsin məni, İvan, getmərəm!
Qəflətən necə ağlamağa başladısa elə qəflətən də susdu və bir, iki, üç, dörd, beş, altı qurtum araq içdi, başını İvana çevirdi:
– Bəs sən?
İvan bir an səslənmədi.
– Sən?
İvan yavaşca dedi:
– Ho, ho!
Kala Mala təkrar dedi:
– Sən?
İvan çiyinlərini qaldırıb və dedi:
– Bilirəm ki mən…
Araq get-gedə başlarına vurur, gözləri qanla dolurdu, bulanıq nəfəsləri bir-birinə qarışdırırdı, cəhənnəmdən çıxmış zəbanilər kimi Bəkirin dəhlizində, nazlı güllərin yanında oturaraq vəhşi-vəhşi baxırdılar. Kala Mala güldü, barmağını qaldırdı:
– Hişt, İvan!
Başını İvanın qulağına uzatdı:
– İvan! Bu müsəlman torpağına yerləşsək, haa? Olmaz ki, haa? İvan, haa?
– Ho, ho!
– İndi torpaqlar kasıblara keçir. Haa?
– Ohoo, ho!
İvan başını dənizə çevirdi, Ayı Dağa baxdı. Ayın gümüş şüaları altında ağarmış Dərmənkənd təpələrinə baxdı, sonra gözlərini üzünə dikdi, yumruğunu süfrəyə vuraraq dedi:
– Yox, istəmirəm!
Kala Mala da yumruğunu süfrəyə vurdu:
– Niyə?
– Torpaq dərə-təpədir burada… Yollar dar. Pul yox, donuz yox. Donuz olsa belə bu dərələrin içində donuz saxlanıla bilməz. Donuzsuz torpaq kimə lazım?
Kala Mala saqqalını tutdu, bir an düşündü, sonra saqqalının tüklərini qaşıdı:
– Müsəlmanın atını, inəyini, qoyunlarını, keçilərini satsaq on dənə donuz ala bilərik.
İvan da saqqalını tutdu, bir an düşündü, sonra saqqalının tüklərini qaşıdı:
– On beş dənə!
Kala Mala yumruğunu süfrəyə daha hirslə vurdu:
– İyirmi dənə!
İvan yumruğunu süfrəyə ondan da hirslə vurdu:
– İyirmi beş dənə!
Kala Mala ayağa qalxdı, araq şüşəsini ağzına qaldırdı, dibinə qədər içdi. Boş şüşəni dəhlizin qarşısındakı bostana atdı, pencəyinin qırağını iylədi, süfrəyə bir təpik vurdu:
– Əlli dənə!
İvan ayağa qalxdı:
– Donuzu harada saxlayacağıq?
Kala Mala barmaqları ilə saqqalını qaşıdı, dənizə baxdı, sonra əlini qaldırdı, məzarlığın bir ucundan o biri ucuna baxıb, dedi:
– Orada! Orada o ağacları kəsərik. Daşları təmizləyərik, donuzlarımızı oraya salarıq.
Sonra ikisi birdən bir-birinin boynuna sarıldılar, hönkür-hönkür ağlamağa başladılar:
– Bu müsəlman pis adam!
– Ho, ho! Pis adam…
– Çox pis adam!
– Ho, ho! Çox pis adam!
– Amma sən qorxmazsan.
– Ho, ho! Qorxmaram.
– Əlli donuz!
– Ho, ho! Əlli donuz!
Bir az uzaqdan, məzarlıq tərəfində Battal Ənvərin evindən bir köpək hürüşü eşidildi. Səs yavaşdan başlamışdı. Hər halda, Ənvərin köpəyi idi, çünki çox yaxından gəlirdi. Sonra kənddə kəndin, gecənin, insanların hüzurunu pozan kimsələrin olduğunu hiss ediblər kimi bütün itlər hürməyə, daha hirslə hürməyə başladılar.
Hava sakit və küləksiz idi. Səma açıq, buludsuz olduğu halda havada bilinməyən bir sıxıntı vardı. İndi hər evdən gecənin pərdəsini yırtan köpək səsləri gəlirdi. Hinlərdə yuxulu toyuqlar kənddə nə baş verdiyini bilməyərək tez-tez qanad çırpırdılar, hirsli-hirsli sıçrayırdılar. Tövlələrdə o biri heyvanlar da narahat olmağa başlamışdılar. Tənbəl inəklər də oyanmışdı. Başlarını boş yalaqlara uzadıb su axtarırdılar, tapmayınca böyürürdülər.
İnsanlar da oyanmışdı. Heyvanlar bir zəlzələ hiss edib, deyə kişilər dəhlizlərə, bağçalara enirdi, qadınlar balaca uşaqlarını alıb bağlara, açıqlıqlara çıxırdılar, dənizə, yamacın üstünə, dağlara baxırdılar, amma səma açıq, yüksək və buludsuz idi. Dəniz də sakit idi, ay işığında parıldayırdı. Kəndlilər göydə, yerdə görünən bir təhlükə olmadığını başa düşüncə daşlar, çubuqlar, qışqırışlarla səs salan itləri susdurmağa başladılar.
Bəkir də oyanmışdı. Paltarını geyinib dəhlizə çıxdı. Dənizə, yaylanın üstünə baxdı. Amma o da nə yerdə, nə səmada təhlükəyə oxşayan bir şey görmədi. “Tanrı yenə gözəl bir gün verəcək!” – deyə düşündü. Allahın verdiyinə şükürlər etdi. Kala Malanın köməyi ilə sabah tarlanı çatrapı armudlarına qədər qıracağını düşündü.
Köpək səsləri yavaş-yavaş kəsildi. Heyvanlar susdu, toyuqlar sakitləşdi, kənd yenidən köhnə səssizliyə daldı.
Bəkir dəhlizdən endi, tövlə getdi, tövlənin qapısını sakitcə açdı. Kala Mala ilə oğlu yan-yana kirli paltarlarını başlarına çəkib yatmışdılar. Bəkir ürəyində dedi: “Zavallılar, heyvan kimi tövlədə yatırlar!” və qapını bağladı. “Sabah bizim Əsma ilə yaxşıca danışaram. Bəlkə bir az qəlbini yumşaldaram. Onun da qəlbi padşah qəlbi kimidir.”
Birdən yoldan əncir ağaclarının arxasından biri səsləndi:
– Bəkir Ağa, nə olub sənin evində?
– Sənsən, Ənvər?
– Mənəm.
– Nə olub ki? Heç nə.
– Necə heç nə? Bizim köpək sənin evinə baxaraq elə hürürdü ki! Mən əvvəlcə bizim hinə tülkü girdi düşündüm. Sonra zəlzələ gəldi ağlıma…
– İlahi! Bizim evdən tülkü çıxmaz, Ənvər! Çıxsa-çıxsa insan çıxar.
– Yox, Bəkir Ağa, mən səni incitmək istəmədim. Gördüyümü deyirəm.
– Nə gördün? Nə oldu?
– Sənin dəhlizində iki kişi gördüm.
– İnsansız ev olur ki?
– Olmur, amma onlar ruşca danışırdılar. Həm məncə, “Qorxmaram, qorxmaram!” – deyə qışqırırdılar.
– Həə, onlar!
– Kimlər?
– İki zavallı rus. İndidə mənim pəyəmdə yatırlar. Uzun yol gəliblər. Yarı ölü, yarı diri gəlib ayağıma qapandılar. Yatacaq yer deyə yalvardılar yazıqlar.
– Yazıqdılarsa niyə “Qorxmarıq. Qorxmarıq!” – deyə qışqırırdılar?
– Mən nə bilim!
– Amma kimdən qorxmurlar? Kənddə bizdən başqa kim var ki qorxsunlar?
– Bilirəm ki? Birinin adı Kala Mala, birinin İvan! O İvan dünyada heç bir şeydən qorxmaz!
– Soruşmadın Allahdan da qorxmaz?
– Soruşdum.
– Bəs nə dedi?
– “Ho, ho!” dedi
– “Ho, ho!” nə deməkdi?
– Mən nə bilim!
İkinci bölüm
1
Bəkir həyatının ən məsud günlərini yaşayırdı.
O axşam Kala Mala ilə oğlu İvanın işinə yarayıb-yaramayacağından şübhə etmiş, amma indi bu şübhə qəlbindən silinib getmişdi.
Düzdü, rusların Bəkirin yanında yerləşmələrini kəndlilər soyuq qarşılamışdılar. Amma Bəkirin vəziyyətini, köməksiz işin bitirə bilməyəcəyini bildikləri üçün də fikirlərini Bəkirdən gizlədirdilər. Zatən Bəkir rusları iki həftəlik saxlayacaqdı. Amma yenə də Bəkirdən incimişdilər, hələ çoban Səid Əlinin oğulları və Ənvər. Çünki ağır zamanlarında ilk onlar Bəkirin köməyinə gələrdilər.
Bir axşamüstü çoban Səid Əli Ənvərə belə demişdi:
– Bəkir bizim köməyimizi münasib bilmədi, getdi dünyanın, bilmirəm, hansı küncündən bir Kala Mala tapdı gətirdi!
Ənvər Bəkirdən yana çıxmaq istəmişdi, amma Səid Əli susdurmuşdu onu:
– Boş-boş danışma! Bu torpaq müsəlman torpağıdır, yad məmləkətdən gələn ağac, kök tutmaz burada!
Bir neçə gün sonra Battal Ənvər bu söhbəti Bəkirə təkrarlayanda Bəkir çoban Səid Əlidən çox Ənvərə hirslənmişdi. Amma evinə dönərkən yolboyu çoban Səid Əlinin sözlərini düşünmüşdü dərin-dərin. Bir neçə dəfə ürəyində bu sözləri təkrarlamışdı: “Yad məmləkətdən gələn ağac kök tutmaz müsəlman torpağında… Bəkir bizim köməyimizi münasib görmədi.”
Bəkir bu sözləri çoban Səid Əlinin dediyinə inanmırdı. Evinə çatmadan dayandı, peysərini qaşıdı:
“O cingöz Ənvər də az aşın duzu deyil haa! Özü uydurdu bu sözləri. Dur sən, dur! İşləri bitirim, Kala Mala məmləkətinə getsin, Məcik öküz balalasın, göstərəcəm mən sənə Yalta qəhvəsini də! Çağırarsan bir daha sən məni! Dur sən, dur! Çıxardaram sənin gözünü!”
Qəbahəti Ənvərdə tapırdı, amma o gündən sonra Ənvər deyil, çoban Səid Əli idi bir qurd kimi onun içinə girən. Ya kənddə biri çıxıb “kəndə rusları aldın” deyə ondan üz çevirərsə? Bunu düşündükcə tükləri ürpəşir, içi titrəyirdi. Amma kimə ziyanı toxunmuşdu, iki həftə üçün yanına iki saqqallı alıbsa! Sanki bütün kəndi yadlara satmışdı, durub hələ söz edirlər? İki həftə üçün, iki həftə!
“Kimə nə? İstəsəm iki həftə deyil, iki il işlədərəm tarlamda! Torpaq mənim, mal mənim, keyf mənim! İşlərimi gördüm. Kala Mala namuslu, İvan bacarıqsız, amma çalışqandır. Tütünləri uzun ağaclara yaxşı bağlaya bilmirmiş, Ayşənin dediyinə görə! Amma çalışqandı. Həm Ayşə nə bilir, durub aləmə dərs verir. Öyrənər yavaş-yavaş. İkisi də namuslu insanlardı. Kimə zərər etdilər ki? Bərbər Həsən gəlib ikisinin də saçını, saqqalını kəsdikdən sonra onlar da bizə oxşamayacaqlar ki? Oxşayacaqlar! Biz nəyik? Başımız var, ayaqlarımız var, əllərimiz var. Elə onların da var! Düzdü, onlar sünnətli deyil, məscidə getmirlər. Nə olsun? Kilsəyə də getmirlər. Məscidə getmirlər, kilsəyə getmirlər, demək ki, mübah insanlardı! Amma boyunlarında asılı xaç görsəm, bax o başqa! O zaman iş dəyişər! Yox, canım, pis insan deyil bunlar. Başqasının sözünə deyil, öz gözünə inan! Kala Mala, İvan kim olursa-olsunlar, bütün kənd yenə də məni sevər, sayar. Bir it hürməyi ilə bir karvan geri dönməz! Hamısı o Ənvərin işidir!”
Amma bunları Ənvərə deyə bilmirdi, çünki Ənvəri öz oğlu kimi sevirdi. Çoban Səid Əli bu sözləri həqiqətən söylədisə! – deyə düşünürdü, onda o zaman kürəyindən aşağı soyuq bir titrəmə keçirdi. Çünki aranın pozulması, fitnə, fəsad yox idi kənddə. Yeni-yeni oldusa mütləq komolizma kəndə gözə görünməyən cinlər göndərir, bu cinlər məzarlıqda gizlənir, gecələri ortaya çıxıb evlərə dalır, yatan insanların ürəklərinə gizli-gizli soxulurdular.
Bəkir eyni günün axşamı qızını, arvadını götürüb çoban Səid Əlinin evinə qonaq getməyi düşünmüşdü, amma onu bu fikrindən Əsma daşındırdı:
– Səbr et! İşlərin qızğın vaxtında qonaqlıq olmaz, ayıbdır. İşlər bitsin, Ayşəni götürüb gedərik.
Bəkir arvadının haqlı olduğunu düşündü, amma uzun saçlıların kişidən daha ağıllı olduqlarını düşünməməsi üçün:
– Dur indicə gedək, demədim ki! – dedi, – Gözləyək, işlər bitsin, mən Yaltaya gedib oğlanlarına xırda şeylər alım, elə gedərik!
Bunu ikisi də uyğun gördülər. Ayşə də çoban Səid Əli gilə gedəcəkləri günü səbirsizliklə gözləyirdi…
Kala Mala ilə oğlu İvan Bəkirə namuslu, yaxşı insanlar kimi görünürdülər. Tövlə yerləşdikləri gecənin səhəri Bəkir çox tez qalxmışdı. Geyinib, çarıqlarını bağlayıb dəhlizdə dayandığı zaman səma yeni ağarmağa başlamışdı, göyü xallı edən ulduzların çoxu sönməmişdi. Bəkir dəhlizin kənarında dayandı. Sinəsini qabartdı, səhərin sərinliyinə qarışan, insanı sərxoş edən güllərin qoxularını içinə çəkdi, güldü, təkrar sinəsini qabartdı, yumruqlarını polad kimi qatı, sağlam hiss etdiyini sinəsinə söykədi.
Səhərin bu dəqiqələrində o, qoca bir kəndli deyildi. Bir gənc idi, sevən, sevilən bir gənc! Dünənki xəstə bu səhər qəflətən dərmanını tapmışdı, illərdir gözlədiyi taxtına çıxan bir şah, bir pəhləvan idi, enəcəyindən əmin bir pəhləvan! Çünki bilirdi ki, bu gün İvanın köməyi ilə dünən buraxdığı yerdən tütünləri qırmağa başlayacaq, Günəş Ayı Dağın üstünə gəlmədən çatrapi armudlarına qədər bitirəcək, tarlanı təmizləyəcəkdi. Bundan əmin idi, əmin olmaq elə xoş bir şeydi ki!
Bəkir dəhlizin ağac pilləkənlərindən endi, tövləyə tərəf getdi, amma hələ tövləyə çatmamışdı ki, Əsma çıxdı dəhlizə. Səsini ərindən başqa kiminsə eşitməsini istəmirmiş kimi yavaş bir səslə:
– Bəkir, bura gəl! – dedi, sonra dərhal yandakı otağa girdi.
Bəkir arvadının hərəkətini anlaya bilmədən Əsma əlində böyük bir qazan pilləkənlərdən endi. Bəkirə heç baxmayaraq bostanın kənarındakı çınqıl döşənmiş yoldan getdi, düz əncir ağaclarının yanındakı daş divara çatdı.
Arvadının nə edəcəyini hələ başa düşməyən Bəkir qah arvadına, qah qazana baxırdı, belə səhər-səhər arvadının evdən bu qazanı nə üçün çıxardığını düşünürdü. Əsma hər səhər olduğu kimi canlı idi bu səhər də! Tez-tez evə girib çıxırdı, evdən bəzən bir qutu, bəzən bir qab, bəzən kibrit, bəzən də qucaq-qucaq quru budaq daşıyıb divarın dibinə yığırdı. Bostanın kənarındakı yolda gedərkən də boynuna, sinəsinə sallanmış dağınıq saçlarını darayardı, hörürdü, hörüklərini arxasına atırdı.
Bəkir isə düşünürdü. Arvadı ya əlində, ya qoltuğunda bir şeylə evdən çıxdıqca Bəkir peysərini qaşıyırdı, arvadına baxırdı: “Bizim arvada nəsə olub bu səhər!” – deyə düşünürdü. Çünki başa düşə bilmirdi arvadının məqsədini. Başqa evə köçürdü, Bəkiri buraxıb gedirdimi? Niyə?
“Qadın xeylağının işini bilsə-bilsə, şeytan bilər!” – deyə əlini sallayaraq tövlənin qapısına tərəf getmək istəyirdi ki, arxadan təkrar Əsmanın səsi eşidildi:
– Ey, Bəkir, dayan!
Bəkir dayandı, arvadına tərəf döndü, eyni sağlam və gür səslə arvadına səsləndi:
– Qiyamətə qədər duracaq burada! Kala Malanı oyatmaq lazımdır. Günəş doğmadan qırmağa başlasaq günortaya, bəlkə, çatrapi armudlarına çatarıq.
– Burax Kala Malanı!
– Həə, nə dedin?
– Burax Kala Malanı, dedim. Görmürsən etdiyin işi?
– Görürəm! Evdə qab-qacaq buraxmadın. Qazanlarıda daşıyırsan divarın dibinə. Sanki İvanın sünnət günüdür. Bütün kənd xalqına aş bişirməyi düşündün?
– Bağla ağzını! Kafirin pis yerindən söz etmə mənə Allahın bu təmiz səhərində. Onları yuyub təmizləmədən bağıma, bağçama su vermərəm!
Bəkir arvadının məqsədini açıqca başa düşməməklə bərabər sözü daha uzatmayaraq tövlənin qapısına getdi. Amma qapıya çatmadan təkrar səsləndi:
– Sən get tarlaya, tütünləri qırmağa başla! Atı və səbətləri Ayşə gətirər.
Bəkir təəccüblənərək soruşdu:
– Bəs Kala Mala?
Əsma ərinə yaxınlaşıb qarşısında dayandı, gözlərini ərinin üzünə dikdi. Əlini qaldıraraq təpəsi qara kölgələrin altından çıxmış, bayırlardakı bağ və bağçaların əbədi gözətçisi kimi dəniz kənarında duran yüksək böyük Cənəviz qalasını işarə etdi:
– Bu Cənəviz qalasını görürsən?
– Kor deyiləm!
– Bilirsən, neçənci ildən bəri dayanır o qala orada?
– Yaxşı, qadın, sən ağlını itirdin bu səhər? Neçənci ildən dayanırsa, dayansın da, Cənəviz qalasından mənə nə?
– İki min ildən çox dayanır orada.
– Sənin nəslində Cənəvizlidi deyəsən, Cənəvizcə danışdığına görə!
– Bəlkə! O qala şahiddir bu işə. Yeddi göbəkdən bəri mənim bağıma-bağçama Kala Mala qılığında insan ayaq basmamışdı. Mən indi qoyaram ki bassın? Öldüyüm gün mənim şirin canım sənin evindən çıxmadan atam məzarından qalxıb gələr, əlimdən tutub məni düz cəhənnəmə aparar. Vallah, billah, saçlarımdan tutub məni cəhənnəm atəşinə atar…
– Sən…
– Demə elə! Atam gəldi ağlıma anamla. İkisi də qan ağladı səhərə qədər. Gözlərindən tökülən qanlara atamın ağ saqqalı qırmızı oldu. Anam da saçlarını yolaraq başını torpağa vururdu. İkisi birdən: “Xeyirsiz övladlar, xeyirsiz övladlar!” – deyə qışqırırdılar, “Bu pis insanları ata torpağına götürdünüz, xeyirsiz övladlar!” – deyə qışqırıb saçlarını yolurdular.
– Amma gecə sən deyildin…
– Sonra birdən-birə yeddi qat yerin dibindən süd kimi ağ bir at çıxdı. İkisi birdən-birə o ağ ata oturub havaya qalxdılar, sonra birdən-birə iki parça bulud oldular. Sonra bir külək qopdu, anam-atam buludların üstündə uçaraq Cənəviz qalasının üstünə qondular, oradan mənə baxaraq yumruq görsətdilər, qəflətən gözdən itdilər.
– Yaxşı düş… Ata minən muradına çatar.
– Bəlkə çatar, bəlkə çatmaz. Amma sən Kala Malanı burax.
Bəkir iki addım geri çəkildi:
– Canım, danışdırma məni. Yuxuna da, sənə də!
Əsma hirsləndi:
– Ağzını bağla!
– Canım, sən deyildin “götür yanında tütünləri qaldırmağa kömək etsinlər” deyən?
– Mən idim.
– İndi nə oldu?
– Yenə də deyərəm.
– Daha nə?
– Amma qoymaram onlar elə tövlədə yatsınlar. Qoymaram pis ayaqları ilə gəzsinlər tarlamda. Sən indi get, qırmağa başla. Mən divarın dibində alov yandırıram, Ayşə qız da çeşmədən su daşıyar. İsti su ilə çirkli dərilərini yusunlar əvvəlcə. Bütün günü rahat olsunlar, sabah səhər işə başlayarlar. Madam ki, götürdün yanına, əvvəl insana bənzət ikisini də. Amma tarlaya gəldikləri kimi girsələr, kəsilər torpağın bərəkəti, vallahi-billahi!
Bəkir arvadının məqsədini ancaq indi başa düşdü. Həm də çox düz deyirdi arvadı. Ayaqlarında, qollarında Rusiyanın bütün pisliyi ilə tarlaya girib Bəkirin tütününü qıra bilməzlər, əlbəttə. Atı da Kala Malanı o halda görsə, bəlkə, yanında getmək üçün inad edəcəkdi. Düzünü deyirdi arvadı, həm də çox ağıllı idi, insanı aldatmaq üçün min dəridən su gətirərdi. İndi Cənəviz qalasından tutmuşdu, söz uzansa nəslinin Cənəvizlilərdən olduğunu da inandırardı insana.
Bəkir arvadının haqlı olduğunu başa düşüncə söhbəti qısa kəsdi, əlini salladı:
– Evdə kişi varkən uzun saçlı komandanlıq edərsə, hər əskikliyi gözlə, Bəkir! – deyib kəsdirməyə tərəf getdi, yola çıxdı, əncir ağaclarına çatmadan başını çevirdi, arvadına baxdı, özü-özünə, “Düzünü dedi qadın. Düz sözə səhv deyə bilmərəm!” – deyib tarlasına getdi.
2
Əsma da ərinə izah etdiyi kimi etdi. Böyük qazanı divara asdı, altında ocaq yandırdı. Ayşə qalxdı, çeşmədən su daşıdı, sonra tövləyə getdilər. Kala Mala ilə İvanı oyatdılar. Təmizlik başladı.
Və o səhər kənd qadınları, uşaqları ilk dəfə rus gördülər. Qadınların, qızların, uşaqların bir çoxu divarların, damların üstündən rusları seyr edirdilər. Kala Malanın saqqalını qəribə hesab edən uşaqlar arxasından qaçırdılar, kənddən çıxana qədər arxasından ayrılmırdılar.
Amma bir axşamüstü Əsma bərbər Həsəni evinə çağırdı. Həsən gəldi. Əvvəlcə Kala Malanı, sonra İvanı köhnə kötüyə oturtdu, bir saat içində saçlarını, saqqalını kəsib də insan qılığına saldı. O gündən sonra uşaqlar arxalarına düşmədilər, çünki artıq insana oxşayırdılar.
Günlər keçdikcə rəngləri, üzləri, hətta yerişləri və hərəkətləri dəyişirdi. İvanın bədəni kökəlirdi, qolları, biləkləri qalınlaşırdı, gözlərindən alov çıxırdı, ağ üzü tunclaşıb qızıl kimi parıldayırdı. Təkcə danışmağı bacarmırdı yaxşı. Bəkir onu neçə dəfə danışdırmaq istəsədə, “ho, ho”dan başqa bir cavab almamışdı. Bəkir İvanın səssizliyini, baxışlarını, hoo deməsini arvadına deyincə: “Sən onun hohosunu nə edəcəksən? Çalışqan olsun, qalanına fikir vermə!” – deyirdi Əsma.
İlk həftə Bəkirin işi tam istədiyi kimi getdi. Çatrapi armud ağaclarına qədər Bəkir özü qırdı tütünləri, armudların sonrasını İvana buraxdı. Kala Mala atı arana aparıb gətirirdi, İvan da tütünləri qırırdı.
Bəkir indi evi ilə məşğul ola bilirdi. Evin damını bərpa etdi, kif tutmuş kirəmitləri dəyişdirdi, pəncərələrin çərçivələrini yaşıl rəngə boyadı. Ara-sıra tarlaya gedib İvanın işini gözdən keçirməyə, sahələrə çıxıb tütünlərin uzun ağaclara düzülməsində arvadı ilə Ayşəyə kömək etməyə də vaxt tapırdı.
Həftə bitmədən tarlanın tütünləri qırılıb qurtardı. Sonra tütün saplarını torpaqdan çıxardılar, dərə başında toplayıb yandırdılar, beləcə tarla tam hazır, quru, təmiz oldu.
İkinci həftə aranın qarşısındaki iki illik kübrə də tarlaya daşındı, tarlanın aşağı hissələrinə səpildi. İndi Bəkir sinəsini iftixarla qabarda bilirdi, səbəb var idi çünki!
Amma çox çəkmədi. Bəkirin evinə gizli bir uğursuzluq girməyə başladı. Əvvəlcə Məcikdə hiss olundu bu. Heyvanın südü günü-gündən azalırdı. Bir axşam Əsma ancaq qabın dibini örtülə biləcək qədər süd sağa bildi. Bir axşamüstü Ayşə Məciki çobandan götürərkən Topuzlu çeşmə başında qoca çoban Səid Əliyə rast gəldi. Səid Əli atasının xətrini soruşdu. Ayşə cavab verdi. Amma Məcikin südünün kəsildiyini deməyə başlayınca Səid Əli dedi:
– Heyvana Kala Malanın nəzəri dəydi. Atan rusları evdən qovsa heyvanın da südü çoxalar.
Ayşə:
– Məcikin nəzər muncuğu var! – dediyi zaman çoban Səid Əli Ayşəyə dik-dik baxdı.
– Rus kafirin gözünə nəzər muncuğu belə çatmaz! – deyib qışqırdı.
Həmin o axşam Ayşə bunu atasına təkrarladığı zaman Bəkir çox hirsləndi. Qaranlıq düşənə qədər əllərini arxasına qoyub dəhlizi bir ucundan o biri ucuna gəzdi, dayandı: “Vallahi billahi mənim dəli damarıma basdılar, qan beynimə doldusa gedib təpələrini əzəcəm!” – deyə diş gıcırdatdı.
Amma hələ ertəsi gün Səid Əliyə hirsi keçmədən Bəkirin peysərində bir çiban çıxdı. Kala Mala Ənvərin evinin yanından keçib gedərkən Ənvərin beş yaşındakı oğlu damdan düşdü, alnı qoz boyda şişdi. Bəri yanda Əsma da: “Divar dibində iki balqabaq qurudu birdən-birə!” – deyə tutdurmuşdu.
Böyük Günəş Roman Koşunun arxasına hələ gizlənməmişdi ki, Ayşə Məciklə bərabər kəndə girirdi. Heyvan ağır-ağır gedirdi, üç-beş addımdan bir dayanırdı, başını uzadıb böyürmək istəyirdi, böyürmürdü, gözlərini Ayşəyə çevirib kədərli baxışlarla bir müddət Ayşənin üzünə baxırdı, yenə ağır-ağır irəli getməyə davam edirdi. Ayşə heyvanın halsızlığını gördüyü üçün heç tələsmirdi. Bəzən Məcikin önünə keçirdi, bir az irələyirdi, Məcik dayanınca dərhal geri dönürdü, heyvanın başını oxşayırdı, sonra yenə ağır-ağır getməklərinə davam edirdilər.
Ayşə uzun ağaclara yaxınlaşanda kölgələr səssizcə bayırları bağlayırdı, alçaqlarda qalan evlərin lampaları yanırdı, köhnə quyuların ətrafında sazlıqlarda qurbağalar quruldayırdı. Mavi rəngli səma qaralırdı və ulduzlar parlamağa başlayırdı. Tarla yollarında çoxdan insan görünmürdü, kənd küçələri də boşalmışdı. Qızıldaşın üzərinə gecənin sakit, yüngül qanadları enirdi, hər yer gecəyə bürünürdü.
Kala Mala axşamdan tövləyə girmişdi, indi daş kimi yatırdı. İvan köhnə kötükdə oturmuşdu, siqaret çəkirdi, Bəkir isə arvadı ilə dəhlizdə səbirsizliklə Ayşəylə Məciki gözləyirdilər.
Amma heç birinin gözünə nə Ayşə, nə Məcik dəyirdi, buna görə də hava qaraldıqca ikisi də narahat olmuşdular, bir-birlərinin üzünə baxırdılar, sanki bir-birlərindən soruşurdular: “Nə olub? Haradadılar? Niyə hələ gəlməyiblər?”
İnsanlar dəhlizlərində, heyvanlar tövlələrində, toyuqlar hinlərində, yollar, küçələr, uçurumlar səssizlik içində ölü kimi idilər. Yumşaq qanadları ilə kəndin üzərinə çökən tilsimli gecə Bəkirin Əsmanın qəlblərinə soxulurdu, kinayə ilə sanki belə deyirdilər: “Qızınızı Rəmziyə layiq görmədiniz də, baxın necə sizi buraxdı, qaçdı. Görə bilmərsiniz bir daha Ayşəni!”
Amma buna nə Əsma inanırdı, nə də Bəkir! “Topuzlu çeşmə başında Rəmzi ilə bir az danışdısa bundan nə çıxar?” – deyə düşünürdülər, özlərini bununla təsəlli edərək Ayşəni gözləyirdilər.
Ayşə isə gəlmirdi. Məcik də yox idi. Məcik haradasa Ayşə də orada olacaqdı. Bəkir bir neçə dəfə məhəllə başına qədər getdi. Ayşəni və Məciki axtardı, tapmadı. Çoban Səid Əlinin oğulları bilməsələr kimsə bilməz, deyə düşünərək Səid Əlinin evinə qədər getdi. Amma evə girməyə, Səid Əliyə görünməyə cəsarət etmədi.
Evinə gəlirdi, döndü. Heyvan huysuzluq etdi və başqasının bostanına girdi deyə düşünərək bostanlara getdi. Bağçalarda, tarlalarda axtardı, heç bir yerdə tapmadı.
Qaranlıq yaxşıca hər yanı bürüdü, alnındakı təri sildi, bir siqaret yandırdı, “bəlkə, başqa yoldan evə getdilər” – deyərək o da evə tərəf getdi.
Ay işığı havanı aydınladırdı. Arabir dayanıb yol kənarındakı daş divarlara çıxırdı, tarlalara, bostanlara göz gəzdirirdi, amma heç bir yerdə qızını və heyvanını görə bilmirdi.
Ancaq evinə yaxın bir yerdə heyvanın ayaq izlərini gördü, diz çökdü, kibrit yandırıb izlərə baxdı. Üç addım qabaqdan da burnuna təzə kübrə qoxusu gəlirdi. Atəşini kübrənin üstünə tutdu, diqqətlə kübrəyə baxdı. İzlərlə kübrənin Məcikə aid olduğuna şübhəsi qalmamışdı. Kübrə təzə idi, hələ dumanlanırdı, demək ki heyvan bir-iki dəqiqə öncə getmişdi. Bəkir Məciklə Ayşənin evə bu qədər gec gəlmələrini çox qəribə sanırdı. Çox düşünmədən addımlarını sürətləndirib, evə tərəf getdi. Tələsirdi, həyətə girən kimi Ayşəni sorğuya çəkəcəkdi. Ayşə Topuzlu çeşmə başında Rəmzi ilə rastlaşdısa desə, vallah-billah, qayışını çıxarıb döyəcəkdi qızı.
Amma məsələ heç də Bəkirin zənn etdiyi kimi deyildi. Evinə yüz addım qalanda, kəsdirmənin yanında üç-beş insan kölgəsi ilişdi gözünə. Alçaq divarın arxasında da bir fənər işığı gördü, həyətdən qulaqlarına tək-tük kəlmələr, səslər gəlirdi. Öncə: “Bizim arvad birinin suyunu kəsdi deyəsən. Millət də bizim bostanın başına toplandı, su davası edirlər” – deyə düşündü. Amma bu düşüncəsindən dərhal imtina etdi.
Çünki Əsmanı dəhlizdə qoyub çıxarkən arvadının bostanı sulamaq niyyətində olmadığını xatırladı. Məciklə Ayşəni gözləyərək bostan sulamazdı! Hər halda, başqa bir şey vardı, amma nə?
“Bəlkə erməni satıcı gəlib, yaxud saqqızçı. Açıb səbətini bizim həyətdə, toplayıb milləti başına. Bir saqqız parça alış-verişidir gedir” – deyə düşündü Bəkir. Ya da başqa bir şey. Çünki həyətdən gələn səslər bazarlığa bənzəmirdi. Bəli, nə satıcı idi, nə də su duası. Çünki kəsdirmənin yanında duranlardan birinin Battal Ənvər olduğunu seçmişdi. Ənvər də Bəkiri gördü uzaqdan, kütləni yarıb çıxdı, əlini sallayıb qışqırdı:
– Bəkir Ağa, tələs, sənin Məcikivə nəsə olur.
Bəkirin bel sümüyündən soyuq bir titrəmə keçdi, ürəyini bir şey sıxdı, birdən-birə dizində taqət kəsildi. Qorxusunu sakitləşdirmək istədi, bəlkə də Ənvər başqa bir şey deyər, qəlbini yumuşadar ümidi ilə səsləndi:
– Nə olub bizim Məcikə!
– Necə! Heyvan…
Ənvər sözünü bitirmədən divarın arxasında səslər eşidildi. Ənvər kütləni yarıb Bəkirin həyətinə girdi. Bəkir dayandı, titrəyən əli ilə peysərini qaşıdı.
– Ənvər də bağırır! Polis kimi. Çıxdı ortaya, Məcikə bir şey oldu deyə. Nə olar mənim Məcikimin südü azacıq kəsildisə…
Lakin evinə çatmamışdı ki, Ayşənin kütlənin arasından əllərini başına vuraraq, ağlayaraq ona tərəf qaçdığını görüncə, titrəməyə başladı. Məcikin bir fəlakətə düşdüyünü artıq şübhəsi qalmamışdı.
Ayşə qaçaraq gəldi, atasının sinəsinə bağlandı.
– De görüm ağlamadan.
Ayşə qəhərlənərək:
– Məcik ölür, atacan! – dedi, – Heyvana nəsə oldu, ölür. Boğazına sarımsaq tökdük, duz tökdük.
Ayşənin bu xəbərinə Bəkir ildırım vurmuş kimi oldu. Hər bəxtsizliyi düşünə bilərdi, amma Məcikin ölümü…
Ayşə ağlaya-ağlaya təkrar evə qaçdı. Bəkir olduğu yerdə dayanırdı, nə edəcəyini bilmirdi. Əlini ombasına vurdu, boğazı tıxandı, gözləri doldu, boğularaq:
– Hay anasını! – dedi, – Bəlanı da Tanrı sanki yalnız mənim üçün yaratdı bu dünyada.
Olduğu yerdə çöməlib başını ovuclarına almaq, ağlamaq istədi, amma kəsdirmənin yanında dayanan millətin gözü Bəkirə dəydi.
– Hay anasını! Qızıl kimi inək idi! Allah bunu da əlimizdən aldı, həm də təzə aparmışdım Rum öküzünün yanına. Öküz balalayacaq deyə sevinərkən indi inəksiz qaldıq. Hay anasını!
Başını sinəsinə əydi, ayaqlarını sürüyə-sürüyə evinə tərəf getdi. Kəsdirmənin yanında dayananlar Bəkirə baxaraq nəsə danışırdılar, amma Bəkir başa düşmürdü, səslərini eşitmirdi belə. Qulaqlarında bir uğultu vardı, içində bir əzab. Evinə könülsüz girdi.
– Hay anasını! Komolizmadan betər oldu bu… İnsan inəksiz qalacağına komolizma gəlsəydi, daha yaxşı olardı! Evdə qadın başçılıq edəndəə belə olar. Malın, mülkün əriyib gedər. Hay anasını! Məcik də yaxşı inək idi!
Bəkir evə yaxınlaşırdı. Kəsdirmənin yanındakı insanlar Bəkirə baxırdılar, Bəkir isə heç bir şey görmürdü.
Boğazındakı qatılıq xirtdəyini sıxdıqca başını yumruqlayıb ağlamaq istəyirdi, bunu edə bilməyincə də yanırdı. Bir an insanlara baxdı:
– Millət toplandı bizim evin başına. Yox bir, sabah axşam hamınız da təzə ətli lobya şorbası yeyərsiniz süfrənizdə. Yox bir, ayın son çərşənbəsi kimi kimə zərər, kimə yarar. Hay anasını! Bizim mülk qarət oldu el aləmə!
Bəkir kütləyə yaxınlaşdı. İnsanlar yol açdılar, Bəkir həyətə girdi. Solda kübrələrin üstündə Məcik uzanılı haldaydı.
Ayşə ovucları ağzında hönkür-hönkür ağlayırdı. Əsma ilə Battal Ənvər diz çökmüşdülər. Ənvər Məcikin başını qaldırmış, ağzını açmışdı. Əsma əlindəki çanaqdan Məcikin boğazına şoraba deyilən duzlu sudan tökürdü.
Əsma ərini görüncə duz çanağını əlindən düşürdü, birdən yerə çökdü, başını ovuclayıb ağlamağa başladı. Kəsdirmə arxasındakı insanlar maraqla önə tərəf əyildilər: “Heyvanın son nəfəsi gedir, çarə yox, can verir!” – deyə pıçıldadılar.
Battal Ənvər Məcikin başını yavaşca yerə yatırdı. Heyvan başını bir az da uzatdı. Bəkir arvadının ayağının ucunda duran fənəri aldı, Məcikin başına tərəf tutdu. Məcik sahibindən imdad və mərhəmət gözləyən kimi başını çevirdi, duman basmış, kədərli gözlərlə Bəkirə baxdı. Bəkir fənəri yerə buraxdı, qaşqabağını tökdü: “Mən çəkim çəfanı, ellər sürsün səfanı!”
Sonra arvadının yanına çöməldi, başını ovuclarına basdırdı:
– Hay anasını… Amma da zalım olur Tanrı cəzası! Bir inəyimiz var idi, onu da çox gördülər bizə. Hay anasını!
Battal Ənvər inəyin ətrafında dolanarkən düz uzun ağaclarının arxasından səslər eşidildi:
– Heyvana bir az öz südündən içirdin, damarını kəsin qarnının altından. Bəlkə qanı fışqırar.
– Qanı fışqırarsa, bəlkə, qurtular heyvan.
– Sarımsaqlı su içirdin heyvana!
– Soyun heyvanı gec olmadan…
– Çoban Səid Əlini çağırın, o bilər.
– Çoban Səid Əli kömək edə bilməsə heç kim kömək edə bilməz.
Battal Ənvər Bəkirin yanında dayandı. Əyildi, Məcikin gözlərinə bir daha baxdı. Bəkirə dedi:
– Bəkir Ağa, üzülmə elə, canım, heyvan hələ ölməyib!
– Ölməyibsə bir az da gözlə, ölər.
– Canım, bir çarə tapmalıyıq.
– Necə çarə?
– Damarı açın. Qan fışqırınca, bil ki, heyvan qurtular.
– Get işinə sən də! Boş-boş danışma, bilirəm mən işimi!
– Mən boş-boşuna danışmıram. Amma dedim, yenə də deyərəm, heyvanı çoban Səid Əli kömək edə bilməsə, heç kim kömək edə bilməz.
– Onun bildiyi qədər biz də anlayırıq heyvandan. Sən bizi kosa hesab eləyirsən?
– Ey, hirslənmə, Bəkir Ağa! Vallah, insanı köpək yerinə belə qoymursan sən. Nə desəm uçurdursan sözümü havaya alman topu kimi. Mən sənin yaxşılığını istəyərək gəldim bura. Vallah, yeməyimi yemədən gəldim, amma yeməyimi də zəhər etdin mənə! Nə etdim ki belə danışırsan?
Gənc Ənvər çox hirslənmişdi. Əlini tez ombasına vurdu, həyətdən dərin səssizlik içində çıxıb evinə getdi. Ənvərin bu acı sözlərinə Bəkir heç də fikir vermədi.
Ücretsiz ön izlemeyi tamamladınız.