Kitabı oku: «Yurdunu itirən adam», sayfa 2
Bir neçə əsgər, arxasıncasa bir neçə gizir evdən çıxdı. Komandir və alman gizirləri qapının qarşısında söhbət edirdilər.
Komandir həmişəki səsi ilə dedi:
– Kəndçinin günahı yoxdur… Bir səhvə qurban getdi. Bunu legion komandirinə özüm açıqlayaram.
Qan içində yerə sərilmiş kəndçiyə bir az da baxıb, aralarında söhbətləşib getdilər. Qapının qarşısında tək qaldım.
Axşam həm qəribə bir qorxu, həm də uşaq kimi maraq hissi mənə güc gəlirdi. Amma deyəsən, marağım qorxumdan qüvvətli idi. Çünki mən evə komandir və gizirlər həyətdən çıxandan sonra girdim. Özümü yarıqaranlıq bir otaqda tapdım. Sağda kiçik bir pəncərə, pəncərənin yanında divardan asılı kiçik, çatlamış bir güzgü vardı. Sol tərəfdə bir ayağı qırıq masa, onun da üstündə şüşəsi qaralmış çıraq vardı. Bütün bu kiçik və kasıb əşyaların yanında dağ kimi böyük bir dolab gözə girirdi. Çölə çıxmaq istəyəndə otağın qzülmət küncündə saçı-başı dağınıq bir qadının qaranlıqda, səssiz və hürkmüş pişik kimi oturduğunu sezdim. Qucağında iki uşaq vardı. Üçüncü uşağın başı da sinəsinə söykənmişdi. Uşaq sanki başı anasının sinəsində doğulmuşdu. Onun anasını qucaqlamağı, anasının da ondan yapışmağını görən hamı bu cür düşünərdi. Qadının qucağında yatan uşaqlardan biri məni görən kimi anasının boynuna sarılaraq, iri və mənalı gözlərini mənə zillədi. Onun baxışlarından qorxurdum. Aramızda dərin, qaranlıq bir uçurum yarandığını duyurdum. Uşağın gözləri mənə çox dərin, çox ağrılı nələrsə deyir, bütün mənliyimi silkələyirdi. Bəlkə də, müharibənin qorxu və dəhşətini ilk dəfə olaraq o uşağın gözlərindən oxuyurdum.
Çöldə şeypur çalındı. Yavaş-yavaş batan günəş də, sanki bu evdə ümid işığının sönməyini simvolizə edir, sonuncu şüalarını kiçik pəncərənin şüşəsindən uzadıb içəriyə baxırdı. Ana da, uşaqlar da, hətta küncdəki ikona da sükuta qərq olmuşdu.
Evdən çıxanda bədənim buz kimiydi. Bizim tağımlar yavaş-yavaş evdən uzaqlaşırdılar. Ürəyim artıq maraqdan yox, qorxudan tir-tir əsirdi. Həyətdəki meyit, sanki mənə baxırdı. Elə bil, mənimlə danışmaq istəyirdi. Tağımıma tərəf götürüldüm. Əkinin arasından tağımlara çatana qədər o uşağın gözləri, otağın səssiz divarları, ikonalar, arxamca məni təqib edirmiş kimi bədənim ürpəşdirirdi. Çox keçmədi ki, özümü Muhanla Huşnuda yetirdim. Huşnud susur, Muhansa hamının yerinə danışırdı. Bir anlıq üzümə baxıb dedi:
– Üzün niyə saralıb, Sadıqım?
Cavab vermədim.
– Gördün ölünü?
– Gördüm…
– Birinci dəfəydi, ölü görürdün?
– Hə…
– Elə bil bir az qorxmusan, hə?
– Bir az…
– Baxma! Ölüdən qorxursansa, ölüyə baxma! Yanındanca keçib get, üzünə baxma. Ayaqlarını görsən, eybi yoxdu. Mən ölünün təkcə ağzına baxanda qorxuram. Əlləri də bir az qorxuducu olur, amma ağzı qədər yox. Biz əsirlikdə ölülərin ağzını görməmək üçün ayaqlarından dartıb barakdan çölə çıxarırdıq. Bizim ağsaqqala bax…
O da bir az mızıldandı. Amma niyəsini bilmirəm. Görəsən, nəyə pis olmuşdu – donuza, yoxsa kəndçiyə görə?
– Bayaq kimin üçün ağlayırdın, hə, ağsaqqal?
– Cavab vermir… Yəqin ki, donuza.
Günəş gözdən itmiş, ucsuz-bucaqsız tarlaya matəm səssizliyi çökmüşdü. Buludların qaralmağa başlayan qanadları altında bütün dünya yuxuya getməyə hazırlaşırdı. Muhan hələ də danışır, aralıdakı Huşnudsa elə hey susurdu. Mən arabir başımı döndərib arxadakı, dəniz üfüqlərində batan bir gəmi kimi kiçilə-kiçilə gözdən itən evə baxırdım.
Bu da ilk günahımız! İstiqlal yolu bizi haralara aparacaqdı? Bilmirəm. Amma yenə tənha deyildim. Gizir Mustafanın, azərbaycanlının, Süleymanın kölgələrinə sığındığım günlər kimi, yanımda kölgələrində gizlənə biləcəyim adamlar vardı.
Buğda tarlasından çıxandan, Leyjonovaya girməmişdən qabaq Huşnudun yanına getdim. Tüfəngi çiynində, gözlərisə yerdəydi.
– Allahım, sən günahlarımı bağışla! – deyə dua edirdi.
Bu hadisədən düz iki həftə sonra, axşamüstü tüfənglərimizi təmizləyərkən Qılıncbay otağa girdi. Baxışları yaman dumanlı görünürdü, rəngi solğun idi. Yanımda oturdu, əvvəlcə mənim danışmağımı gözləyirmiş kimi gözlərimin içinə baxdı. Səsimi çıxartmadım. Sonra özü dilləndi:
– Sadıq bəy.
Bəy sözünü boğazına ilişmiş loxmanı udurmuşcasına çətinliklə tələffüz etdi.
– Sizə bir xəbər verməliyəm.
Birdən-birə adıma əlavə etdiyi bu “bəy” sözünə çaşıb-qalmışdım:
– İnşallah, yaxşı xəbərdir.
Bir anlıq susdu. Başını qaldırıb, üzümə baxdı.
– Pis deyil… Yaxşı xəbərdi. Bayaq qərargahdan bir katib gəlmişdi, sizi axtarırdı.
– Məni?
– Hə, sizi. Təcili legion komandiri ilə görüşməlisən.
– Legion komandir ilə?
– Hə, legion komandiri təcili gəlməyini istəyir.
Bilmirdim, bu yaxşı, yoxsa pis xəbər idi. Tüfəngimi çarpayıma qoyub qapıya tərəf getdim. Qılıncbay yanımca gedirdi. Otaqdan çıxmamış dayandı, üzümə uzun-uzadı baxdı və alçaq səslə dedi:
– Sadıq bəy. Keçdiyim təlimlərdə sizə çox əziyyət vermişəm. Məni bağışlayacaqsınızmı?
Qılıncbayın soyuq baxışlarını təpədən-dırnağa qədər süzdüm.
– Sanki bir-birimizdən ayrılacaqmışıq kimi danışırsan, cənab gizir.
– Deyəsən, elə olacaq.
– Nəsə bilirsənsə, açıq-aydın de.
– Dəqiq bilmirəm… Amma təxmin edirəm ki… Dünən komandir bundan sonra bölükləri və tağımları türküstanlı zabitlərin idarə edəcəyini deyirdi.
– Olsun da, bundan mənə nə?
– Siz rus ordusunda zabit idiniz…
Qılıncbay sözünü bitirməmiş otaqdan çıxdım.
Legion komandiri mayor Erniki ilk dəfəydi ki, görürdüm. Bədəni ləyəndə şişən xəmir kimi, dar uniformasının düymələrini qoparıb çölə daşmaq istəyirdi. Toqqasını bərk sıxdığına görə təraşlı üzü qıpqırmızı olmuşdu. Peysəri qalın idi. Yaşıl gözləri parlaq və nəmli görünürdü. Göz qapaqları qızarmışdı. Amma çirkin də demək olmazdı. Üzündəki ilk nəzərə çarpan şey – sağ qulağının dibindən düz dodağının ucuna qədər davam edən, olduqca dərin bir qılınc yarası idi. İzi açan adam qılıncı elə ustalıqla çəkmişdi ki, sanki mayorun ağzındakı qızıl dişin görünməyini istəyirmiş kimi, dodağının kənarından balaca barmağının dırnağı böyüklüyündə bir ət parçasını kəsib-atmış, qızıl dişi aşkara çıxarmışdı. Üzünün bu qüsuruna rəğmən mayor Ernik, dediyim kimi, nə çirkin, nə də göründüyündən daha pis bir insandı. Məni çoxdan tanıyırmış kimi qarşıladı. Adımı, rütbəmi bilirdi. Mənə Kamal deyə xitab edirdi, o biri adımı da bilirdi. Uzun və dar bir otaqda, qəhvə rəngli masanın üstündəki Hitlerin tunc büstünün arxasında ayaq üstə dayanaraq mənə oturmağa yer göstərdi. Oturmamışdan qabaq əl uzadıb, salamlaşdım. Üzünə diqqətlə baxdım. Bu günə qədər tanıdığım almanlara qəti bənzəmirdi. Dodaqlarının ucunda daim təbəssüm vardı. Amma buna baxmayaraq, sanki maskaya və ya bir aktyorun üzünə baxırmış kimi gözümü ondan çəkə bilmirdim. Bəzən onu kapitan Baha oxşadırdım. Əslindəsə, onun kimi deyildi. Mənə bacardığı bütün yaxşılıqları etdi. Amma mən duruşumu heç pozmadım. Mayor Ernikin bütün əsgərlər tərəfindən sevilməyi də fikirlərimin səhvliyinin sübutuna yaraya bilərdi. Bəzən cümə namazımıza gəlib meydanın kənarında bizi izləyirdi. Bir il sonra axundların arasında komandir müsəlman olacaq deyə, bir şaiyə gəzməyə başlamışdı. Amma çox keçmədi ki, bu söz-söhbət yaddan çıxdı.
İndi masanın arxasındakı kresloda oturub təbəssümlə gözlərimin içinə baxırdı. Çətinliklə Türkiyə türkcəsində dedi:
– Bir aydan çoxdur ki, əsgər kimi təlim keçirsiniz.
Türkcəsinin zəif olduğunu, bu dili qısa zamanda öyrənəcəyini, xüsusilə də, qırğız və özbək ləhcələri ilə maraqlandığını dedi.
Haqqımda heç nə soruşmurdu: Qızıl Orduda, sonra əsir düşərgəsində keçirdiyim günlərdən heç söhbət salmırdı.
Söz dildən düşmüşkən, birdən ayağa durdu, düzbucaqlı formadakı otağın o biri başına var-gəl edərək dedi:
– Kamal bəy, ordu qərargah rəisindən aldığımız əmrə görə, bütün tağım və bölükləri türküstanlı komandirlərə təhvil veririk.
Mən susurdum. Yenə eyni təbəssümlə soruşdu:
– Bu xəbər sizi bir az da olsa sevindirmədimi?
Cavab vermədim, əvəzinə başımı qaldırıb mayor Ernikin üzünə baxaraq güldüm. Bu gülüşümü mayor Ernik komandirliyi qəbul etməyim kimi başa düşdü. Onsuz da etiraz edəcək vəziyyətdə deyildim. Əsgər kimi qayalıqlarda dizlərimi qanatmaqdansa, zabit olub at üstündə gedərdim. Gizirlərin üstümə qışqırmasındansa, mən onlara təpinərdim. Tər, torpaq qoxusu içində çürümək əvəzinə, zabit uniforması geyinərdim. Nişanlarımla, ulduzlarımla parıldayardım. Onda mən əvvəlki Turan idim. Mayor Ernik papağını asılqandan götürəndə ayağa qalxdım.
– Gedə bilərəm, herr mayor?
– Yox. Bütün legionda otuz zabit tapa bildik. Siz otuz birincisiniz. Ən yaxşı alman zabitlərinin idarəçiliyində üç aylıq zabit kursu açırıq. Üç ay alman silahlarını və təlim üsullarını yaxşıca öyrənəndən sonra, tağımları və bölükləri idarə etməyə başlayacaqsınız. İndisə mənimlə gəlin, sizi kurs keçəcək dostlarınızın yanına aparım.
Papağını taxdı, otaqdan çıxdıq. Binanın pilləkənlərindən yan-yana enərək avtomobilə minəndə, ürəyim qürurla dolub-daşdı. İndi, bəlkə də, ilk dəfə olaraq, rahat, gənc və özüm olmuşdum. Avtomobildə dəmir hasarlardan keçərək şosenin sağındakı meydana girəndə, elə hey mayorun formasına baxırdım. Uniforması şux, gözəl və gözqamaşdırıcı idi. Bircə sinəsində – ürəyinin üstündəki gümüş qartalın pəncəsində tutduğu qamalı xaç əsəbimə toxunurdu. Bu, bəlkə də, qamalı xaçın mənim üçün heç bir mənası olmamasından irəli gəlirdi. Yalnız zabit olub tağımımla Rusiyanın içinə girəndən sonra alman xaçından, alman qartalından mənə nə?!
Bəs çərkəz papağı taxmayacam? Papağın üstünə ukraynalı qızlara ay-ulduz toxutmayacağam? Bircə o məmləkətin sərhədlərindən keçsəydim! Yoxsa alman qartalı vecimə də deyil.
Bəli, mən artıq əvvəlki Turan idim. Mən yenə də kişi olurdum. Bəlkə də, damarlarımdakı tatar qanı işini görməyə başlayırdı.
İki balaca kazarmanın arasında avtomobildən düşdük. Zabit kursu keçəcək dostlarımızın bir qismi qolları çırmanmış, kazarma divarına söykənərək dayanmışdılar. Onları xeyli kənardan izlədim, sonrasa yanlarına getdim.
İki gün heç bir iş görmədik. Üçüncü günün axşamı zabit kursunun başlandığı elan olundu. Açılış mərasimi çox təntənəli keçirildi. Hətta ziyafət də təşkil edilmişdi. Legionun bütün yüksək rütbəli zabitləri buradaydı. Uzun kazarmada Türküstan və Almaniya bayraqları altında nitqlər söyləndi. Türküstanın istiqlalı və Almaniyanın daim var olması şərəfinə sağlıqlar deyildi.
Həmin axşam uzunboylu, ağbənizli, iri gözləri par-par parıldayan Əhməd Akın adlı hiveli gənc özbəklə tanış oldum. O da Türküstan istiqlalını mənim kimi müqəddəs amal hesab edirdi. Amma qərar vermək anında məndən güclü, cəsarətli və fədakar olacağına şübhə yox idi.
Birinci axşam döyüş xatirələrini, cəbhədə qazandığı təcrübələri mənə uzun-uzadı danışdı. Bu hücumlardakı rolunu ya mümkün qədər gizlətməyə çalışır, ya da əhəmiyyətsiz bir şeymiş kimi təqdim edirdi. Dindar idi. Əsirlikdən xilas olmağını Allahın kəraməti hesab edir, buna görə də canını təkcə Tanrı və millət uğrunda fəda edəcəyini göz yaşları içində deyirdi.
Ən qəribəsisə bu idi ki, adımı, kimliyimi və haralı olduğumu soruşmadı, elə birbaşa əlini uzadaraq mənə dost olmağı təklif edərək səmimiyyət qurdu. Bu, mənə əvvəlcə bir az gülməli gəldi, amma büruzə vermədim, əlini sıxaraq dostluğunu qəbul etdim. Gözlərindəki qayğıkeş baxışlarının insana elə təsiredici qüvvəsi vardı ki, əllərimizlə birlikdə qəlblərimiz də bir-birinə bağlandı, dost olduq. Dostluğumuz, həqiqətən, səmimiyyət üzərində qurulmuşdu, təəssüf ki, çox çəkmədi.
Hekayəmdə Əhməd Akın üçün bir səhifə – qırmızı bir səhifə ayırdım. Amma o səhifəyə hələ çox var…
Zabit kursu ziyafətdən sonra başladı. Həm də necə başladı! Lampaları söndürüb yatmışdıq ki, dəhlizdə bir fəryad qopdu:
– Həyəcan!
Almanlar otaqların qapısında dayanıb imkan vermirdilər ki, işıqları yandıraq. Qaranlıqda silahlarımızı qucaqlayıb, dəhlizdə paltarlarımızı düymələyə-düymələyə özümüzü çölə atırdıq. Dəhlizdə almanlar dayanmadan bizə qışqırırdılar. Hətta bəziləri bizimlə məzələnirdilər:
– Heraus! Heraus, herr oficiere…
Çöldə leysan yağırdı. Yay uniformamız bədənimizə yapışmış halda kazarmanın qarşısında almanları gözləyirdik. Yarım saat sonra almanlar gəldilər. Sərt üz cizgiləri olan komandirlər bizi ovaya apardılar. Saatlarla yağışın altında, palçığın içində qaçdıq. Səhəri gün tezdən, müəllimlərimizi gördük. Hamısı gizir idi. Alman ordusunun ən sərt və zalım heyəti idilər. Qolları çırmanmış, ətrafımızda ov iti kimi fır-fır fırlanırdılar. Bizim bircə hərəkətimiz, adi baxışımız belə gözlərindən yayınmırdı. Nə əsəbi, nə zalımdılar! Onların qalib gələcəklərini fikirləşəndə, Türküstanın istiqlalını belə xəyal edə bilmirdim. Əhməd Akın da zabitlər haqqında mənim kimi düşünürdü. Bir dəfə qorxu ilə astadan dilləndi:
– Sadıq bəy, bizə dərsi bu adamlar keçəcək?
Təlimlərə başladıq. Qılıncbayın təlimi onların yanında heç nə idi. Alman gizirlərinin təlimi Qılıncbayın təlimini kölgədə qoyurdu. Hər gecə üç, bəzən dörd, bəzən də beş dəfə həyəcan siqnalı verilirdi. Qaranlıqda, toz-torpaq meydançada bizi dördayaq gəzdirirdilər. Birimizin ağzından bir səs eşidilsə, o dəqiqəcə çiynimizə qum çuvalı yükləyib, bizi saatlarca ovalarda qaçırdırdılar.
Bəzi günlər otuz-qırx kilometr yol yeriyirdik. Geri qayıdanda, Lejyonovaya iki kilometr qalmış, hər birimizin çiynində ağır, belimizi deşik-deşik edən borular, dəmir yastıqlar ola-ola bəzən qaçırdır, bəzən də qaz yerişi yeridirdilər. Zülmün müxtəlif növlərini, ən şeytani formasını bilirdilər. Bugünkü kimi xatırlayıram, bir gün Lejyonovanın şimal-cənubunda, Narevin üstündəki körpüdən keçirdik, anidən bir qışqırtı eşitdik:
– Qarşıdan düşmən atəşi!
Arxaya çevrilib qaçmağa başlayanda, təzədən bir səs eşidildi:
– Düşmən arxadan atəş açır!
Çoxumuz silahlarımızla birlikdə çaya tullandıq. Sudan qorxan dostlarımızı alman gizirlər söyərək məcburi çaya tökmək istəyirdilər.
Bəzən də iki-üç günlük səyahətə çıxırdıq. Kəndlərdən keçərkən, yerli sakinlər qapıların, pəncərələrin arxasından bizə qəribə bir qorxu ilə baxırdı. Bostanlarda, tarlalarda məşqlər keçir – hərbi “oyun”lar oynayırdıq. Bu “oyun”larda polşalı kəndlilər, qadınlar gözləri intiqam parıltısı ilə yanan, yalın ayaq, cırıq şalvar uşaqlar həmişə quldur, partizan rolunda olurdular. Alman gizirlər saçları ağarmış qadınlardan təhlükə, üsyan gözləyirmiş kimi bellərində tapança ilə evlərə girirdilər. Qaranlıq otaqların qapılarını təpik, qoçbaşı ilə açırdılar. “Silah, qaçaq, partizan axtarırıq!” – deyə, hər künc-bucağı, anbarları, çarpayıların altını belə axtarırdılar.
Biz – istiqlal əsgərləri tüfənglərimizlə bərabər Türküstanın ən müqəddəs gələcəyini çiyinlərimizdə daşıdığımız kimi, o uşaqların, o qadınların gözlyaşlarının əzabını da ürəyimizdə daşıyırdıq. Biz də vəhşi, insan cildindən çıxmış o gizirlərin izlərinə ayaq basaraq irəliləyirdik. Onların vəhşiliyinə çox tez öyrəşdik. Biz də o gizirlər kimi həyatın vəhşi üzü ilə sərxoş olub, başqalarının təlaş və qorxularını özümüzə əyləncə, zövqü-səfa bilirdik. Həyatın və insanlığın bizə verdiyi gözəl, ilahi şeyləri tapdaladıq, ayaqlarımızdakı Prussiya çəkmələrinin altına salıb korcasına, axmaqcasına əzik-üzük etdik. Əbədi qayəmiz, müqəddəs Türküstanımıza çatmağa çalışarkən çox pis əməllərə imza atdıq.
Bu sətirləri böyük məsuliyyət hissi ilə yazıram, hörmətli millətimin təmiz ruhunu törətdiyimiz bu pis əməllərə calaq etməkdən qorxuram. Amma nə etdiyimiz əməllərdən qaçacağam, nə də özümüzü uzaqlarda, gözüyaşlı gözləyən millətdən ayıracağam. Bu gün keçmişi daima qırmızı, gələcəyi həmişə qara görən xəstə beynimdə ürəyimin alovunu söndürəcək və bədənimin titrəməyinin qarşısını alacaq, məni qızdırmadan xilas edəcək bir fikir, ürəyimə su sərpəcək bir təsəlli qalmayıb. Təkcə Allahdan diləyirəm ki, məhkəməyə sürütlənib aparılana qədər, bir divarın dibində düşmən güllələri sinəmi dəlik-deşik edənə qədər, millətimə sevgim, imanım, düşmənlərimə qarşı kin və intiqam hislərim sönməsin!
Bu da günahlarımız: kəndlinin heyvanına atəş açmaq, evlərə girmək, divarlardakı ikonaları yerə tullamaq… Bu da günahlarımız: həyətdə ağ saçlı ana ağlayarkən, qaranlıq künc-bucaqda, belimizdəki alman qamçılarının izləri keçməmiş, alman gizirləri ilə birləşib qızlarla mazaqlaşmaq. Ya Rəbbim, bunları da istiqlal üçünmü etmişdik!?
Dörd ay sonra zabit oldum. Soyuq bir qış axşamı idi. Lejyonovanın bazarına yaxın bir yerdə hərbi yeməkxanadan çıxmışdım. Meyxanalardan, fahişəxanalardan çıxmış əsgərlərimizin səsləri arasından qulağıma ulamağa bənzər bir hayqırtı dəydi. O tərəfə getdim. Hündür, iki taylı bir qapının üzərində yanan lampanın işığında iki türküstanlının vlasovçu bir rusu ayaqlarının altına salıb təpiklədiklərini gördüm. Rus buğa kimi səslər çıxardırdı. Məni görən türküstanlılar dayandılar. Onların düz yanında ayaq saxladım. Rusun üzü qandan qıpqırmızı olmuşdu. Sürünə-sürünə gəldi, çəkmələrimdən yapışdı. Türküstanlılar başlarını aşağı əymişdilər, gözlərindəki fəxr hissinin işıltısı çəkmələrimə düşürdü.
– Bu adamı niyə döyürsünüz?
Cavab vermədilər. Burun deşikləri vəhşi heyvanlardakı kimi yuxarı-aşağı hərəkət edir, gözlərindəki qəzəblə gah rusa, gah da mənə baxırdılar.
– Niyə döyürsünüz demədim sizə, dəyyuslar?!
Hadisənin səbəbini bilmək istəyirdim. Onlardan biri başını bir az qaldıraraq bir az qorxu, bir az da etdiklərinə məndən dəstək gözləyirmiş kimi dilləndi:
– Bu adam rusdur, komandan ağa.
Həmin axşam rusu bir tərəfə, türküstanlıları başqa tərəfə göndərmişdim. Amma səhəri şəhərdə gəzən patrul rusun cəsədini dəmiryol stansiyasının yaxınlığında tapmışdı. Gedib o cansız bədənə baxdım. Bu sətirləri yazarkən belə, gözümün qabağına indi görürəmmiş kimi gəlir. Üzü necə də qorxunc vəziyyətə düşmüşdü! Bədəni illərdir üstündə odun kəsilən kötük kimi idi. Alman həkimləri qırx yeddi bıçaq yarası saymışdılar. Komandir dərhal icazələri ləğv etdi. Əsgərlər şəhərə çıxmaq üçün düz bir ay icazə ala bilmədilər. Almanlar bir ay var gücləri ilə rusun qatillərini araşdırdılar, tapa bilmədilər. Bir dəfə axşamüstü zabitlərin iclasından sonra mayor Ernikdən bu barədə soruşdum:
– Onlar tutulsa, nə cəza veriləcək?
Həmin günlərdə mayorun qırmızı üzü saralmış, dodaqlarının ucundakı təbəssüm yoxa çıxmışdı.
– Ölüm cəzasını bütün legionun gözü qarşısında yerinə yetirəcəyik.
Mayor Ernikin bu cavabından sonra ağzımı qıfıllayıb danışmadım. Həmin axşam restoranın arxasında rusu döyən iki türküstanlı ilə hər dəfə rastaşanda, salamla bərabər, gözlərində təşəkkür dolu baxışlarla yanımdan keçib gedirdilər. Cəbhəyə gedənə qədər onlarla birlikdə, ürəyimdə qəribə, əzabverici bir sirri daşıdım. Qatil idilərmi? Bilmirəm. Günahkar idilərmi? Bəlkə də. Amma millətimə qarşı edilən günahları da ancaq millətim bilir. O əsgərlər qatil idilərsə, özlərini müdafiə üçün “O adam rus idi, komandan ağa” deməkdən başqa nə edə bilərdilər ki?!
Zabit kursunda gizirlərin bizə keçdikləri təlim düz bir ay davam etdi. Bir gün axşamüstü gizirlər birdən-birə itdilər. Səhəri gün tezdən qalxıb kazarmanın qarşısında təəccüblə gizirləri gözlədik. Gəlmədilər. Günortaya yaxın təmiz paltarda mədəni və dik duruşlu iki zabit gəldi. Zabitlər gizirlərin etdiyi təlimlərin sona çatdığını xəbər verdilər və o gün kazarmada qum sandığının üstündə həmin zabitlər taktiki dərslər keçməyə başladı. Təlimlərdə iştirak etmir, yol yerimir, saat səkkizdə qalxır, doqquz-doqquza qalmışa qədər uniformalarımızı təmizləyirdik. Zabitlər həftədə bir dəfə bizi kinoya aparırdılar. Axşamlar qrammofon dinləyirdik. Tez-tez iclas keçirilirdi. Hər iclasda zabitlər müharibənin məsuliyyətini yəhudilərin boynuna yıxırdılar. Müharibənin səbəb olduğu bütün fəlakətlər gözümün qabağına gəldikcə, “Bunu yaradan səbəb nə qədər kiçikmiş!” – deyirdim. Ən qəribəsi də, buna inanmaq asan deyildi. Bu millətin yəhudilərə qarşı instinktiv nifrət hissi, görəsən, bizdə də vardımı? Bəlkə də, vardı.
Zabitlər Türküstanın yaxın gələcəkdə Asiyanın böyük və güclü bir dövləti olacağını deyirdilər. Şərqdə türk-tatar dünyası yaponlarla dost və müttəfiq olandan sonra, qərbdə Almaniyaya, şərqdə Yaponiyaya və bizə, demək olar ki, bütün dünyanı idarə etmək hüququ veriləcəkdi. İndi bunları yazarkən gülürəm. Amma bunu bizdən qat-qat yüksək və ağıllı zabitlər deyirdilər. Dediklərinə də özləri bizdən daha çox inanırdılar. Həm inanır, həm də bu inam uğrunda qanlarını tökürdülər. Bizi yavaş-yavaş öz çevrələrinə buraxırdılar. Görəsən, bu da dünyanı idarə etmək üçün ilk addım idimi? Elitar məclislərdə necə hərəkət edəcəyimizi, süfrədə çəngəl-bıçaq tutmağı, xanımlara salam vermə üsullarını, ictimai münasibətlərin bütün incəliklərini izah edirdilər.
Dünyanı almanlar idarə edəcəkdi. Buna inanırdılar. Biz alman formasını geyinəndən, dişimizdən saçımıza, dırnağımıza qədər alman olduqdan sonra həyatımızı istər-istəməz bu mənfəətlərə görə planlamayacaq və Türküstan ideyasını yavaş-yavaş unutmayacaqdıqmı?
Kurs avqustun əvvəlinə qədər davam elədi. Zabit kursunun son həftəsi baş qərargahdan gələn, ciddi görünüşlü, çatmaqaş zabitlərin baxışları altında imtahan verdik. O zabitlər hər hərəkətimizlə maraqlanırdılar. Davranışımızı, danışığımızı, hətta yemək yeməyimizi belə diqqətlə izləyirdilər. Bizi zabit etməmiş, o parlaq uniformalarımızı geyindirməmişdən əvvəl, bizdən mütləq özləri kimi mədəni insan yaratmağa çalışırdılar. Uniformalarımızın və rütbələrimizin bizi doğru, ancaq özləri üçün doğru olan yolda irəli aparacağına inanırdılar.
Alman zabitlərində bir səhv görmək mümkün deyildi. Özləri yaxşı idilər və bizim də yaxşı olmağımızı istəyirdilər. Bütün dünya onların ancaq pis tərəflərini görürdü. Bəs bizə açdıqları ideallıq yolunda onların pis tərəflərini görə bilərdikmi? Bəlkə də, hazırda əynimə geyindiyim uniformanın şərəfini qorumaq üçün bunları yazıram.
Türküstanımızdan danışırdılar, bizim istiqlalımızın detallarını açıqlayırdılar. Belə danışanda, onları pis hesab edə bilərdikmi?
1942-ci il, avqustun 8-i zabit kursunun sonuncu günü idi. Səhər tezdən böyük təmizliyə başladıq. Sanki bayrama hazırlaşırdıq. Komandir mayor Ernik sevincli halda bütün medallarını sinəsinə taxıb, çəkmələrini parıldadıb ətrafda gəzişir, tez-tez otaqlarımıza girib-çıxırdı. Hər birimizlə dayanıb söhbət edir, dost kimi davranır, hal-əhval tuturdu.
Günortaya yaxın, demək olar ki, legionun bütün zabitləri kazarmamızın yanında toplaşdılar. Bəziləri, hətta gəlib əl uzadaraq təbrik edir, bizimlə dost olmağa çalışırdılar. Almaniyanın keçmiş əsirlərinə etdiklərindən dolayı, o gənc zabitlərin gözündə parıldayan iftixar hissi Almaniyanın tamamilə tək qalmayacağı haqqında ümid parıltılarına qarışırdı. Alman millətinin yetişdirdiyi o məğrur zabitlərinin qüdrətli baxışlarına qarışan bu qəribə ümid parıltısını neçəmiz görür, neçəmiz başa düşürdük?! Amma aramızda onların üzlərinə baxaraq dişlərini qıcıdanlar, alman çəkməsi altında əzildiyini xatırlayaraq “hələ əsgərləri əlimə aparım” deyə, intiqam saatını gözləyənlər də az deyildi. Şərqi Polşanın meşələrinə çatan kimi, yanındakı bir ovuc almanın başını tüfəngin qundağı ilə yarıb qaçdılar. İndi hardadılar? Hansı ağac, hansı su, hansı yol qırağında can verdilər?
Günortaya az qalmış Türküstan və Almaniya bayraqları altında düzüldük. Bir tərəfdə Baş Qərargahdan gələn yüksək rütbəli zabitlər, digər tərəfdə də biz dayanmışdıq. Hə, biz – dünənə qədər əsir düşərgələrində skelet kimi yatan adamlar, indi əyinlərində par-par parıldayan uniformalarla dünyaya hakim olmaq üçün müharibə edəcək igidlər. Qarşımızda dayanan zabitlər dünənlə bu günün arasındakı fərqi yaxşı anlayırdılar. Odur ki, bizə dayanmadan, iftixarla baxırdılar. Amma mən həmin dəqiqələrdə o zabitləri görmürdüm. Həmin vaxt bütün ürəyimlə yurdumun və millətimin ən sadiq övladı olduğumu düşünürdüm. Gözlərimin qarşısında yeni bir həyat, indiyə qədər yadırğadığım həyatdan tamamilə fərqlənən bir ömür canlanırdı.
Xəyallara dalmışdım. Komandir mayor Ernik adlarımızı və rütbələrimiz, bölük və tağımlarımızı oxuyurdu. Adımı eşidəndə dərin bir yuxudan oyanmış kimi diksindim.
– Üçüncü bölük komandiri: Sadıq Kamal.
Tağım komandirləri: Taxtagül Səlim, Ersan Bağir, Mumin Battal, Əhməd Akın.
Yoldaşlarım gözləri ilə təbrik edirmişcəsinə, hamısı birdən mənə baxdılar. Komandir və ordu komandanlığının zabitləri gələrək əlimi sıxıb, təbrik etdilər. Cərgələr dağılandan sonra, yoldaşlarım ətrafımda, hər birinin əli çiynimdə, gözlərinin içi gülərək, məni yenidən təbrik etdilər. Bu bir neçə dəqiqə içində mən onların hər şeyi olmuşdum.
– Kamal bəy, səninlə güllə altına gedərik, Türküstanımız üçün ölərik, – deyirdilər.
Təkcə Əhməd dişlərini ağardıb gəzirdi:
– Ölümdən danışmaq tezdi. Bəs Hivedə Sadıq bəyin toyunda içməyəcəyik?
Qəhqəhə çəkir, əlimizi qaldırıb bir-birimizə beş vururduq. Dostluğumdakı səmimiyyəti göstərmək üçün həmin gün Akının gözlərindən öpdüm. Yazıq Akın, yazıq… Bir il sonra sənin başına nələr gəldi?!
II
Səhər tezdən legiona köçdük. İki mərtəbəli, qırmızı kərpicdən tikilmiş binanın qarşısında üçüncü bölüyə təyin edilmiş gizirlər məni gözləyirdi. Gizirlərin arasında Qılıncbaya gözüm sataşdı. “Bundan sonra günəşin altında nə görsəm, təəccüblənməyəcəm” – deyə düşündüm. Bu adam Süleymanın toplarından ayrıldığım gündən bəri, sanki məni izləyirdi. Amma ən qəribə təsadüf iki ay sonra oldu. Əsgər üç günə qədər Lejyonovaya çatacaqdı. Gizirlərin hamısını Əhməd Akının əmrinə verdim. Komandirin icazəsi ilə Muhanı və Huşnudu üçüncü bölüyə keçirtdim. Muhan gizir məktəbinə getdi və tabor Rusiyaya hərəkət etməmişdən bir ay əvvəl gizir rütbəsi ilə geri qayıtdı. Huşnuda da gizir məktəbinə getməyi tövsiyə etmişdim, amma razılaşmadı. Kəndlinin ölümündən bəri onun üzünün rəngi dəyişmişdi. Heç kimlə danışmır, heç kimə yaxınlıq vermirdi. Təlimini səssizcə, içində qəribə bir əzabla həyata keçirirdi.
Günlərin bir günü xəstələndi. Bir ay xəstəxanada yatdı. Aradabir yanına gedir, yatağının qırağına oturub, uzun-uzadı danışırdım. Onu xəstəxanada qoyub Rusiyaya gedəcəyik deyə, əzab çəkirdi.
– Məni burda qoyma, Sadıq bəy, – deyə ağrı-acı dolu səsi ilə yalvarırdı.
Yaxşı ki, xəstəliyi çox uzun çəkmədi, bölüyə qayıtdı, mən də onu təlimlərə çox göndərməməyə çalışırdım. Mətbəxdə aşpaza kömək edir, boş vaxtlarını bir şam ağacının kölgəsində, əlində təsbeh, ürəyində dualar oxumaqla keçirirdi.
Ukrayna meşələrində ilk dəfə döyüşə girənə qədər Muhanla Qılıncbayın arası pis idi. Aralarındakı soyuqluq, hətta düşmənliyə qədər gedirdi. Amma hücuma keçəndə ikisinin arasında vurulan qardaşımızın qanı onları bir-birinə birləşdirdi. Həm də necə birləşdirdi! Döyüşə girməmişdən qabaq bir-birinə rakı şüşəsini uzadaraq, yumruqları ilə alov kimi qırmızı dodaqlarını silərək, kömür kimi qara gözlərindən fışqıran alovlarla, qana-qan dedikləri vaxt komandirlə olaraq mən belə qorxardım. “Boş yerə qan tökmək günah deyilmi?” – deyə əlim, ayağım titrəyirdi. İndi Krım, Şimali Qafqaz mənim millətimdən yetim qalmışkən, bunu titrəyərək yox, ən böyük qürur və məmnunluqla yazıram.
Mən əsl Qılıncbayı onda gördüm, əsl Qılıncbayı odun-alovun içində tanıdım. Cəhbədən ayrılıb geri, Polşaya qayıdandan sonra yenə əvvəlki kimi güclü, amma bu gücünü istifadə edə bilmədiyi üçün özünə əzab verən bir Qılıncbay olacaqdı. Muhanın ölümündən sonra məni öldürəcək, bölükdəki almanları bıçaqlayıb qaçacaqdı. Nə məni öldürdü, nə də almanları bıçaqladı. Amma nə əzablar çəkdi, bir Allah bilir…
Əsgərlər Lejyonovaya üç gün sonra gəlib çatdılar. Şəhər stansiyasına gedib qarşıladıq. Necə ağrılı, necə yorğun vəziyyətdəydilər?! Uzun boylu, arıq idilər. Bəzilərinin arıqlıqdan almacıq sümüyü çıxmışdı. Ağıllarını itirmiş kimi, ağızları açıq, təəccüb və qorxu ilə bizə baxırdılar.
Amma bizim şübhəmiz yox idi. Türküstan ruhu bizi ayağa qaldırdığı kimi, onları da qaldıracaqdı. Biz onları türk ruhu, türk qanı ilə adam edəcəkdik.
İki həftə təlimi qadağan etdim. Yazıqlar hələ əsir düşərgələrindəki kimi başları əyik gəzirdilər. Ya da uzaqdan mətbəx qapısına gözlərini zilləyib saatlarla dayanırdılar. Yeni həyata yavaş-yavaş öyrəşdilər. Uzun boylu, gur saqqallı, qara gözlü, böyük, ağ alınlı, mədəni görünüşlü Mirzə Seyfüddinin ətrafında bir qoyun sürüsü kimi toplaşıb, meydanda gəzişməyə başladılar. Bir çoxu otaqlarda, şam ağaclarının kölgəsində namaz qılırdı. Seyfüddin, demək olar ki, hər axşam otağıma gəlib, iki ovucunu sinəsinə, ürəyinin üstünə qoyub, yeni əsgərlərə göstərdiyim bu mərhəmətə görə mənə təşəkkür edirdi. Yazıq molla Seyfüddin! Gözlərində mərhəmət işığı, iki ağ əli sinəsində, göylərə baxaraq can verdi. Bu sətirləri yazmaqla, iki ovcunun altında almaz kimi qoruduğu ürəyini, Türküstan yolunda fəda etdiyi canını Vətənin gənclərinə təslim etmək istəyirəm. Şəhid olan bütün qəhrəmanlarımızın ürəkləri kimi, onun qəlbi də istiqlal yolunda sönmək bilməyən bir məşəl təki yanacaq.
İndi bu qəhrəmanlar yadıma düşəndə, “Xatirələr”i qoyub-qaçmaq, elə hey qaçmaq istəyirəm. Amma mən öz dünyamda yaşayarkən, onlar da mənimlə birlikdə yaşamalıdır. Sabah dünyamdan uzaqlaşacağımı bilsəm, bir neçə yarı-yarımçıq sətirlə “Xatirələr”i yazar və bitirərdim.
Təlim iki həftə sonra başladı. Əvvəlcə yumşaq keçdik, yavaş-yavaş həqiqi insan, sağlam, tam əsgər oldular. Özləri ilə birlikdə nəzərlərində həyat da dəyişdi. Keçmiş həyat unuduldu. Yeni həyatlarında kora, qorxağa, çarəsizə yer qalmadı. Hamısının bənizinə qan gəldi, gözlərində alov parıldadı. Artıq boş vaxtlarını ancaq dua və namazla keçirmirdilər. Bazar axşamları şəhərdən qayıdarkən, şərabın verdiyi xumarlıqla qollarını bir-birinin çiyninə atıb mahnı da oxuyurdular. Görəsən, Molla Seyfüddinin ürəyi onlarla idimi, onlara qoşulmaq istəyirdimi? O da yeni üsullu molla idi! Qardaşlarının bu balaca günahlarını görmürmüş kimi dodaqlarının ucunda xəfif təbəssümlə yanlarından keçib gedirdi. O da yeni mollalardan idi! Sabah yurdu üçün ölümə gedəcək bu uşaqların kiçik günahlarından molla Seyfüddinə nə vardı ki? Günah da günah olsa… Millətin günahsız tökülən qanı üçün, düşmənlərimizin zülm və istismarına qarşı duran bu günahkar uşaqlarımızın ruhları da müqəddəs babalarımızın ruhları ilə birlikdə olacaq.
İki aylıq nizam-intizamlı təlimdən sonra əsgər cəbhəyə getməyə hazır idi. Bu uşaqlar döyüş meydanlarının qan və od qasırğasını hələ bilmədiklərindənmi, yoxsa məmləkət üçün ölməyə can atdıqlarındanmı, mayor Ernikin bizi Rusiyaya götürəcək əmrini səbirsizliklə gözləyirdilər. Türküstan sərhədlərinə yaxınlaşan alman ordusunun ön cəbhəsində olmaq istəyirdilər. Hər axşam otaqlarında Türküstandan danışırdılar. Bu axırıncı günlərdə Muhan çox xoşuma gəlirdi. Bəzən təlimlərdə atıma Muhanı mindirib, kənardan almanlarla izləyirdik. At dördnala uçarkən Muhan heyvanın kürəyindən tullanıb sıçrayırdı. Bəzən yenə dördnala gedən heyvanın boynuna sinib, əlindəki tüfənglə otuz addım uzaqdakı siqaret qutusunu nişan alırdı. Bu tamaşadan sonra mükafat olaraq siqaret verəndə, xırda gözlərinin içi gülürdü.