Kitabı oku: «Tarzan və onun heyvanları 3»
I fəsil
Oğurlanmış uşaq
– Çox müəmmalı əhvalatdır. Dəqiq bilirəm ki, nə polisin, nə də baş qərargah zabitlərinin bunun necə baş verdiyindən xəbərləri var. Hamıya bircə şey məlumdur: Nikolas Rokoff yoxa çıxıb, – deyə d`Arno dilləndi.
Əvvəllər meymun qəbiləsindən Tarzan kimi tanınan Con Kleyton – lord Qreystok Parisdə, dostu leytenant Pol d`Arnonun evində oturub məyus-məyus gözlərini parıldayan çəkməsinin ucuna dikmişdi.
Lord dərin düşüncələr içindəydi. Nikolas Rokoff Tarzanın verdiyi şahid ifadələri əsasında ömürlük həbsə məhkum edilmişdi. İndi isə, budur, ona deyirlər ki, qatı düşməni naməlum şəraitdə Fransanın ordu həbsxanasından qaçmağa müvəffəq olub.
Rokoff dəfələrlə Tarzanın həyatına qəsd etmişdi. Bunu lord Qreystok unutmamışdı və tamamilə əmin idi ki, təhlükəli cani azadlığa çıxan kimi, ilk növbədə, həbsinə bais olmuş adamdan qisas almağa çalışacaq, məqsədinə yetişməyincə sakitləşməyəcək.
Tarzan arvadı ilə oğlunu Uziridən, Afrikada Vaziri məmləkətindəki malikanəsindən Londona yenicə gətirmişdi. Orada yağışlar mövsümü başlanmışdı. Yüksək nəmişlik uşağın səhhətinə ziyan idi.
Ailəsini Londondakı malikanəsində yerbəyer edən kimi lord Qreystok Parisə, köhnə dostu d'Arno ilə görüşməyə getmişdi. Dostundan aldığı ilk xəbər uzun ayrılıqdan sonra görüş sevincini alt-üst etmişdi. Artıq o, Londona qayıtmaq barədə düşünürdü.
– Mən özümə görə qorxmuram, Pol! – nəhayət, Kleyton sükutu pozdu. – Rokoffla döyüşlərdən həmişə qalib çıxmışam. Amma əvvəl öz əlim, öz başım idi. İndi isə ailəmin təhlükəsizliyinin qayğısına qalmalıyam. Mən bu adamı yaxşı tanıyıram, bilirəm ki, arvadıma və balaca Cekə zərər yetirməyə çalışacaq. O, yaxşı başa düşür ki, məndən ancaq bu cür intiqam ala bilər. Yox, Pol, yubanmadan Londona qayıtmalıyam. Rokoff tutulana, ya da birdəfəlik zərərsizləşdirilənədək yanlarında qalmalıyam…
Dostlar Parisdə ikilikdə söhbət edən vaxt başqa iki şübhəli şəxs Londonun kənarındakı gecəqonduların birində qabaq-qabağa əyləşib məkrli planlar cızırdı. Görkəmlərindən onların əcnəbi olduqları bilinirdi. Həbsxanadan qaçmış, arıq və yorğun sifətli kişi qarabuğdayı, topasaqqal həmsöhbətinə deyirdi:
– Mütləq saqqalını qırxmalısan, Aleksis. Yoxsa tanıyacaqlar. Biz indi ayrılacağıq. Amma çox ümid edirəm ki, «Kinkayd»ın göyərtəsində görüşəndə yanımızda iki «fəxri qonağımız» da olacaq. Doğrudur, tezliklə uzaq səfərə çıxacaqları barədə onların özlərinin hələlik xəbərləri yoxdur. Bu gecə mən qonaqlarımızdan biri ilə Duvr limanında olacağam. Sabah axşam isə, əlbəttə, əgər mənim dediklərimə dəqiq əməl etsən, digər qonağı sən gətirəcəksən. Əminəm ki, səylərimiz uğurla nəticələnəcək, böyük gəliri əldən verməyəcəyik. Fransız hökuməti axmaqlıq edərək mənim həbsxanadan qaçmağım barədə məlumatı bir müddət gizlədib, odur ki planımızı incəliklərinə qədər düşünüb-daşınmaq, əməliyyatı hazırlamaq üçün kifayət qədər vaxtımız olub, işimizdə heç bir maneə yaranmamalıdır. Hə, xudahafizləşmək vaxtıdır, Aleksis. Uğurlar olsun!..
Üç saatdan sonra Parisdə poçtalyon leytenant d'Arnonun evinin qapısını döyürdü.
– Lord Qreystoka teleqram var, – deyə poçt xidmətçisi qapını açan qulluqçuya məlumat verdi. – O, buradadır?
Qulluqçu sənədə qol çəkib teleqramı götürdü və yubanmadan onu yola çıxmağa hazırlıq görən Tarzana çatdırdı.
Tarzan kağızın qatını açan kimi rəngi ağardı, teleqramı dostuna uzatdı:
– Oxuyun, Pol. Başlandı.
Teleqram iki qısa cümlədən ibarət idi:
«Ceki təzə qulluqçumuzun köməyi ilə oğurlayıblar. Təcili geri qayıt.
Ceyn».
* * *
Tarzan Londondakı malikanəsinin pilləkənlərini qaça-qaça qalxdı. Qapıda onu arvadı gözləyirdi. Ceyn özünü mərdanə aparırdı: lord ledinin gözlərində bir damcı da yaş görmədi, qadının balaca yumruqları qəzəbindən düyünlənmişdi.
Ceyn hadisənin necə baş verdiyini qısaca Tarzana danışdı.
Səhər tezdən dayə Ceki uşaq arabasına qoyub həyətin gün dəyən tərəfində gəzdirməyə çıxarmışdı. Bu vaxt bir taksi evə yaxınlaşmış və binanın küncündə dayanmışdı. Maşından heç kim çıxmamışdı, amma sürücü avtomobilin mühərrikini söndürməmişdi, sanki o, kiminsə evdən çıxmasını gözləyirmiş. Dayə bunlara diqqət yetirsə də, ciddi əhəmiyyət verməmişdi.
Qreystokların təzəcə işə götürdükləri Karl adında qulluqçu həmin an qaça-qaça pilləkənləri düşmüşdü, xanımın əlimyandıda dayəni axtardığını, uşağı Karlın yanında qoyub dərhal yuxarı qalxmağı tələb etdiyini demişdi. Bu da dayədə heç bir şübhə oyatmamışdı. Amma o, qapının ağzına çatanda ayaq saxlamışdı ki, Karla uşağı gəzdirəndə arabanı döndərməməyi, körpənin gözünə gün salmamağı tapşırsın. Geri dönəndə görmüşdü ki, qulluqçu iti addımlarla arabanı maşına doğru aparır. Taksinin qapısı açılmış və oradan qarabuğdayı bir kişinin başı görsənmişdi. Dayə təhlükə hiss etmiş və özünü taksiyə tərəf atmışdı. Karl isə uşağı da götürüb tez taksiyə oturmuş və qapını çırpmışdı. Amma sürücü maşını yerindən tərpədənədək dayə özünü yetirmiş və avtomobilin ayaq yerinə sıçramışdı. Nə qədər çalışsa da, qapını aça bilməmişdi. Taksi evdən aralanıb yola çıxanda Karl pəncərənin şüşəsini endirmiş və bir yumruqla dayəni avtomobilin ayaq yerindən aşağı salmışdı. Yazıq qızın əl-ayağı əzilmişdi.
Dayənin qışqırıqları yoldan keçənlərin diqqətini cəlb etmişdi. Hətta Ceyn də səsə evdən bayıra çıxmış və dayənin uşağı qaytarmaq üçün necə fədakarlıqla mübarizə apardığını öz gözləri ilə görmüşdü.
Ledi Qreystok baş vermiş əhvalat barədə ərinə bundan artıq bir şey danışa bilmədi. Onun hər hansı fərziyyəsi, kimdənsə şübhələnmək üçün əsası yox idi. Axı Qreystoklar Londonda heç kimlə düşmənçilik etmirdilər. Körpə uşağı oğurlamaq kimin ağlına gələ, işinə yaraya bilərdi? Yalnız Tarzan Rokoffun həbsxanadan qaçdığını söyləyəndən sonra Ceyn zərbənin haradan gəldiyini dərk etməyə başladı.
Kabinetdə telefon zəng çalanda Tarzan ledi Qreystokla məhz bu barədə danışır, oğlunu xilas etməyin yollarını arayırdı. Dəstəkdə tanış olmayan kobud kişi səsi eşidildi:
– Lord Qreystok?
– Bəli.
– Sizin oğlunuz oğurlanıb, mən onu qaytarmağa kömək edə bilərəm. Oğruların planları barədə dəqiq məlumatım var, çünki bu cinayətin hazırlanmasında və həyata keçirilməsində şəxsən iştirak etmişəm. Boynuma alıram. Mənə pul mükafatı söz vermişdilər, amma görürəm ki, aldatmaq istəyirlər. Mən də hərif deyiləm, heyfimi heç kimdə qoymaram. Qulaq asın, lord, oğlunuzu geri qaytarmaqda sizə yardım göstərməyə hazıram. Bircə şərtim var: söz verməlisiniz ki, sonradan bu işdə əlim olduğuna görə məni təqib etməyəcəksiniz. Razılaşdıq?
– Söz verirəm, əgər məni oğlumun gizlədildiyi yerə aparsanız, sizi heç vaxt təqib etməyəcəyəm, – deyə Tarzan cavab verdi. – Əksinə, yaxşıca mükafatlandıracağam.
– Danışdıq, – naməlum kişi sevindi. – Mən dediyim yerə gələcəksiniz. Amma tək olacaqsınız. Sizin quru vədinizə inanmağımın özü bir riskdir. Yanınızdakı ikinci adama etibar edə bilmərəm…
– Nə vaxt və harada görüşək? – Tarzanın kişini sonadək dinləməyə səbri çatmadı.
– Duvr limanında bir yeməkxana var, matrosların sevimli görüş yeridir. Bu axşam saat onda ora gəlin. Tələsməyə ehtiyac görmürəm, hələlik oğlunuza heç bir təhlükə yoxdur. Biz görüşəndən sonra mən sizi onun gizlədildiyi yerə aparacağam. Amma bir daha xəbərdarlıq edirəm: tək gəlməlisiniz, polisi bu işə qatmağa cəhd göstərməməlisiniz. Sizi üzdən tanıyıram, hər addımınızı izləyəcəyəm. Tək olmadığınızı, yaxınlıqda polislərin, yaxud onların xəfiyyələrinin hərləndiyini sezsəm, hərəkətlərinizdən şübhələnsəm, oğlunuzu bir daha görmək ümidindən həmişəlik əl çəkə bilərsiniz.
Naməlum kişi cavab gözləmədən dəstəyi asdı.
Tarzan söhbətin məzmununu arvadına danışdı. Ceynin limana birgə getmək təklifi onun qəti etirazına səbəb oldu. Tarzan qorxurdu ki, yanındakı adam qadın olsa belə, zəng vuran kişi dərhal dediyi kimi edər: hədəsini həyata keçirər.
Axşam Tarzan arvadını evdə qoyub təyin olunmuş vaxtdan da xeyli qabaq Duvra yola düşdü. Ceyn həyəcandan özünə yer tapmırdı. Səfərin nə ilə nəticələnəcəyini düşünür, gözlərinin önündə bir-birindən ağır səhnələr canlanırdı. Amma gənc ledinin ağlına da gəlmirdi ki, əri ilə yenidən görüşmək üçün hansı məşəqqətlərdən keçməli olacaq.
On dəqiqə idi ki, Ceyn Kleyton kitabxanada yerə döşənmiş yumşaq xalçaların üstündə var-gəl edirdi. Ana ürəyi dözmür, bir an belə rahatlaşmırdı. Ceyn özünü inandırmağa çalışırdı ki, hər şey yaxşı qurtaracaq, amma qəlbini sarmış şübhələrdən, beyninə dolmuş qara fikirlərdən heç cür xilas ola bilmirdi.
Fikirləşdikcə də şübhələri artırdı. Bəlkə, bu telefon söhbətinin özü oğruların növbəti fırıldağı idi? Uşağın valideynlərini müvəqqəti sakitləşdirmək, ciddi tədbirlər görməkdən çəkindirmək və bununla körpəni ölkədən çıxarmağa vaxt qazanmaq üçün onlar belə bir bicliyə əl ata bilməzlərmi? Bəlkə, Duvr limanında görüş hiyləgər Rokoffun Tarzanı əsir götürmək üçün qurduğu tələdir?..
Ceyni sanki ildırım vurdu. O var-gəl etməyi dayandırdı.
– Əlbəttə! Əlbəttə, belədir! Tarzana tələ qurublar! İlahi, necə olub ki, bu, dərhal ağlımıza gəlməyib, gözlərimiz yumulub?
Ceyn kitabxananın böyük divar saatına baxdı. Artıq gec idi. Tarzanın minmək istədiyi qatar bir neçə dəqiqə əvvəl stansiyadan ayrılmışdı. Duvra növbəti qatarsa bir saatdan sonra yola düşəcəkdi. Amma hələ heç nə itirilməmişdi. Saat ona qədər Ceyn ikinci qatarla da özünü naməlum kişinin görüş təyin etdiyi yeməkxanaya çatdıra bilərdi.
Ledi Qreystok qulluqçunu və sürücünü çağırıb lazımi göstərişlərini verdi. On dəqiqədən sonra Qreystokların avtomobili səs-küylü London küçələri ilə vağzala tərəf şütüyürdü.
* * *
Saat ona on beş dəqiqə qalmış Tarzan Duvr limanı yaxınlığındakı çirkli yeməkxanaya çatdı. Bir qədər bayırda gözlədikdən sonra o, üfunət saçan salona daxil oldu. Plaşa bürünmüş bir adam dərhal yerindən qalxıb çıxışa doğru getdi, Tarzanla bərabərləşəndə qulağına pıçıldadı:
– Arxamca gəlin, lord!
Tarzan dinmədən geri döndü və yeməkxanadan çıxdı. Bələdçisi onu qaranlıq küçələrlə sahilə doğru aparırdı. Ağır torbalar, iri yeşiklər, çəlləklər qalaqlanmış limana çatanda plaşlı adam qəflətən dayandı.
– Mənim oğlum haradadır? – deyə hövsələsi daralmış Tarzan soruşdu.
Naməlum kişi halını pozmadan cavab verdi:
– Odur, işıqları görünən o gəmidə.
Tarzan zəif işıqda bələdçisinin sifət cizgilərini ayırd etməyə çalışdı, amma qarşısındakı adamı tanımadı. Əgər lord Qreystok həmin şəxsin Aleksis Paulviç adı altında gizlənən, saqqalını qırxmış xəfiyyə Aleksey Pavlov olduğunu bilsəydi, oğlunu xilas etməyə gəldiyi halda, özünü necə böyük təhlükə gözlədiyini başa düşər, xəyanətin qarşısını alardı.
– Uşağı heç kim mühafizə etmir. Oğrular əmindirlər ki, onu tapa bilməzlər. Hazırda «Kinkayd»ın göyərtəsində iki matrosdan savayı kimsə yoxdur. Mən onları möhkəmcə içirtmişəm ki, yuxuya getsinlər, əl-ayağımıza dolaşmasınlar. Biz sakitcə göyərtəyə qalxacağıq, müqavimətə rast gəlmədən oğlunuzu götürüb sahilə qayıdacağıq.
Tarzan başı ilə razılıq işarəsi verdi.
Bələdçi sahil dirəyinə bağlanmış kəndiri açdı və onlar kiçik qayığa mindilər. Plaşlı adam avar çəkirdi, qayıq sürətlə gəmiyə yaxınlaşırdı. Buxar gəmisinin yoğun borusundan göyə qatı tüstü qalxırdı. Deməli, mühərriklər işə salınmışdı. Amma Tarzan buna da diqqət yetirmədi, onun bütün fikri balaca Cekin yanında qalmışdı.
Gəminin məhəccərindən aşağı kəndir nərdivan sallanmışdı. Hər ikisi bu pilləkənlə göyərtəyə qalxdı. Bələdçi ətrafa boylandı və göyərtənin ortasındakı lükü Tarzana göstərdi.
– Uşaq bu ağzıaçıq anbardadır. Siz onun dalınca düşün. Mən düşsəm, görüb qorxar, ağlayar, matrosları oyadar, işlərimiz korlanar. Burada qalıb keşik çəksəm yaxşıdır.
Tarzanı nə mühərriklərin ahəngdar səsi, nə də yola çıxmağa hazır vəziyyətdə dayanmış gəminin göyərtəsindəki kimsəsizlik şübhəyə saldı. O sanki heç nə sezmir, heç nə eşitmir, yalnız oğlunu görmək istəyirdi. Anbarın pilləkənlərini düşə-düşə balaca Cekini bağrına basacağı an barədə düşünürdü…
Qəflətən yuxarıda lük zərblə çırpıldı. Ətrafa zülmət qaranlıq çökdü.
Yalnız indi Tarzan aldadıldığını, satqınlığın qurbanı olduğunu başa düşdü. Oğlunu xilas edə bilməməyi bir yana, özü qatı düşməninin əlinə keçmişdi.
Lord geri qayıdıb çiyinlərini anbarın qapısına dirədi. Nə qədər güc versə də, dəmir lük yerindən tərpənmədi. O, kibrit yandırdı. Bapbalaca anbardan ikinci çıxış yolu yox idi. Açıq-aşkar görünürdü ki, bu yeri məhz onun üçün hazırlayıblar. Bəlkə də, Cek, həqiqətən, gəmidə gizlədilmişdi, amma onun bu anbarda olmadığının sübuta ehtiyacı qalmırdı…
Bütün uşaqlığını və yeniyetməlik çağını, anadan olduğu gündən 20 yaşınadək Tarzan Afrika cəngəlliklərində yaşamışdı. İnsan olduğunu bilməmişdi, çünki o vaxtadək insan görməmişdi, meymunların arasında böyümüşdü. Tarzan vəhşi heyvanların xasiyyətini, onların bir çox adətini götürmüşdü. Daim təhlükələr içində keçən meşə həyatı onu güclü, dözümlü və çevik olmağa öyrətmişdi. Elə buna görə də insanlar ona «meymun-adam» adı vermişdilər.
Ən kiçik, həssas vaxtlarından Tarzan sevincini tək yaşamış, dərdini içində çəkməyə alışmışdı. Cəngəllikdə bütün vəhşi heyvanlar belə edirlər.
İndi də çətinliyə düşəndə ağlayıb-sıtqamadı, özünü ora-bura vurmadı, səbirlə nə baş verəcəyini gözləməyə başladı. Amma ümidsizliyə də qapılmadı. Tarzan düşünür, bu qaranlıq zindandan çıxmaq üçün xilas yolu axtarırdı. O, addımları ilə anbarın enini-uzununu ölçdü, divarların möhkəmliyini yoxladı.
Gəminin pərləri işə düşdü. «Kinkayd» yola çıxırdı. Görəsən, uzaqmı gedirdilər, onu hara aparırdılar?
Birdən Tarzanın qulağına qadın səsi dəydi. Göyərtədən eşidilən bu dəhşətli qışqırıqdan meymun-adamın damarlarında qanı dondu…
II fəsil
Kimsəsiz adaya atılmış adam
Tarzanla bələdçisi liman yeməkxanasından çıxıb tini burulan kimi yarıqaranlıq dar küçədə bir qadın görsəndi. Şlyapasının tündrəngli qalın duvağı bu yaraşıqlı və bahalı paltar geyinmiş qadının sifətini gizlədirdi. O, sürətlə yeriyir, az qala qaçırdı. Yeməkxananın qarşısında qadın ayaq saxladı, bir anlığa tərəddüd keçirdi, sonra qətiyyətlə qapının dəstəyini dartdı.
Yeməkxanadakı iyirmiyədək sərxoş matros və şübhəli görkəmli digər şəxslərin hamısı birdən qapıya tərəf döndü. Onların ağızları açılı qalmışdı: bu çirkli, üfunətli salona indiyədək belə nəcib və gözəl məxluq ayaq basmamışdı.
Qadın iti addımlarla piştaxtanın arxasında dayanmış bufet işçisinə yaxınlaşdı. Bufetçi qız onu yarı qibtə, yarı ikrah dolu nəzərlərlə başdan-ayağa süzdü.
– Zəhmət olmasa, deyin, məndən əvvəl bura ucaboylu cənab gəlməmişdi? – qadın nəzakətlə soruşdu. – O, burada bir nəfərlə görüşüb harasa getməli idi.
Bufetçi qız ledini maraqlandıran cənabı gördüyünü, onun yeməkxanaya girən kimi kiminləsə bayıra çıxdığını dedi. Amma bu iki nəfərin hara getdiyini bilmirdi.
Piştaxtanın yanında dayanmış matros söhbətə qarışdı:
– Mən bilirəm. Bura gələndə qabağımdan keçdilər; limana gedirdilər.
– Əgər məni ora aparsanız, xidmətinizi yüksək qiymətləndirərəm, – deyə qadın matrosun ovcuna qızıl pul basdı.
Kefi kökəlmiş dənizçini dilə tutmaq lazım gəlmədi. Qızıl sikkəni görən kimi o qalxıb qadının qabağına düşdü.
Onlar limana çatanda Tarzanla plaşlı adamın mindiyi qayıq artıq sahildən xeyli aralanmışdı. Matros reyddə dayanmış gəmiyə tərəf üzən qayıqdakı iki silueti qadına göstərdi:
– Odur, siz axtardığınız adamlardır.
– Qayıq tapıb məni həmin gəmiyə çatdırsanız, sizə on funt-sterlinq verərəm!
Söz matrosa kifayət idi.
– Onda tələsməliyik. Bu gəminin mühərrikləri üç saatdır ki, fasiləsiz işləyir. İstənilən vaxt yerindən tərpənə bilər.
Dənizçi qayıqların dayanacağına tərəf qaçdı. Qadın var qüvvəsi ilə ondan geri qalmamağa çalışırdı. Bəxtlərindən dayanacaqda suda həzin-həzin yellənən boş bir qayıq tapdılar.
Durduğu yerdə böyük gəlir əldə etmək imkanı matrosun qollarına qüvvət vermişdi. Onlar sürətlə gəmiyə yaxınlaşırdılar. Nəhayət, qayığın burnu «Kinkayd»ın böyrünə dirənəndə dənizçi haqqını tələb etdi. Qadın əlində hazır tutduğu kağız pulları saymadan matrosun ovcuna basdı. Təcrübəli dənizçi ötəri bir baxışla ovcunda vəd edildiyindən də artıq pul tutduğunu müəyyənləşdirdi və qadına gəmidən sallanan kəndir nərdivanla yuxarı dırmaşmağa kömək etdi. Amma sahilə qayıtmağa tələsmədi. Kim bilir, bəlkə, bir azdan səxavətli xanıma sahilə dönmək üçün də qayıq lazım olacaqdı?
Elə bu an pərlər hərəkətə gəldi, zəncir səsi eşidildi: «Kinkayd»ın lövbəri qaldırılırdı. Gəminin ətrafında su qaynadı və o, yavaş-yavaş dönməyə başladı.
Matros gəmidən aralanmaq və sahilə tərəf üzməkdən ötrü avara yatdı. Birdən göyərtədən qadın qışqırığı eşidildi.
– Lənətə gələsən! – matros qəzəblə donquldandı. – Bütün kefimə soğan doğradılar. Zəhmətim zay oldu. Qoymazlar ki, xoşluqla pulunu qazanasan!..
Ceyn göyərtəyə qalxanda özünü itirdi. Ətrafda kimsə yox idi. İndi nə etsin, hansı tərəfə getsin, əri ilə oğlunu harada axtarsın?
O, göyərtənin ortasına yaxın böyük bir qapı gördü. Ehmalca qapını açıb pilləkənlə aşağı endi. Uzun dəhlizin sağında və solunda bir-birinə bənzəyən başqa qapılar sıralanmışdı. Ceyn qulağını növbə ilə bu qapılara dirəyir, içəridən səs gəlib-gəlmədiyini eşitməyə çalışırdı. Səs-səmir yox idi. Axırda qadının başı gicəlləndi. Dəhlizin sonuna çatanda ona elə gəlirdi ki, get-gedə güclənən ürək döyüntüləri indicə bu gəmini parça-parça edəcək, sulara göməcəkdi.
Ceyn çılğınlıqla geri atıldı. Qapıları bir-bir açır, hər dəfə boş kayut gördükcə daha çox vahimələnirdi. Pərlərin işə düşdüyünü və gəminin dönməyə başladığını hiss etmirdi. Nəhayət, sonuncu kayutun qapısını açanda o qışqırdı. Qabağına çıxmış saqqallı kişi Ceyni içəri çəkdi və qaba əli ilə qadının ağzını yumdu:
– Biz sahildən uzaqlaşanda nə qədər istəsəniz, qışqıra bilərsiniz, əzizim, indisə…
Ledi Qreystok ilan vurmuş kimi geri sıçradı, bədəni əsdi.
– Nikolas Rokoff?! Müsyö Türan?!
– Bəli, xanım, hüzurunuzdayam, – Rokoff nəzakətlə təzim etdi.
– Mənim oğlum… Mənim balacam hanı? – Ceyn inildədi. – Yalvarıram, onu özümə qaytarın, Rokoff. Axı siz insansınız, yəni heç mənə yazığınız gəlmir? Tanrı xatirinə, deyin, oğlum haradadır? Əgər sinənizdəki daş yox, ürəkdirsə, məni balamın yanına aparın!
– Mənim göstərişlərimə qeyd-şərtsiz əməl etsəniz, oğlunuza heç bir xətər yetirilməyəcək, – Rokoffun səsində qəddarlıq duyulurdu. – Nəzərə almalısınız ki, ledi, sizi bu gəmiyə heç kim zorla dartıb gətirməyib, ona görə də bundan sonra baş verənlərə özünüz cavabdehsiniz.
Rokoff cavab gözləmədən kayutdan çıxdı və qapını arxadan bağladı. Bundan sonra o, bir neçə gün Ceynin gözünə görünmədi.
Rokoff dəniz səyahətini o qədər də xoşlamırdı. İlk gündən qalxan güclü küləyin yaratdığı dalğalar isə gəmini atıb-tutur, onun ürəyini bulandırırdı. Rokoff dəniz xəstəliyindən yatağa düşmüşdü.
Ledi Qreystoka hərdən Sven Andersen adlı isveçli aşpaz baş çəkirdi. O, Ceynə yemək gətirirdi.
Ucaboylu Andersenin uzun, sallaq sarı bığları, solğun sifəti, qaradırnaqlı yoğun barmaqları var idi. Üst-başı, əlləri həmişə çirkli olurdu, önlüyündən az qala yağ damırdı. Acından ürəyi gedən Ceynin onu görən kimi iştahı qaçırdı.
Andersenin balaca, rəngsiz gözləri bir yerdə durmur, daim oynayırdı. Pişik kimi yeriməyindən onun qapalı və kifayət qədər hiyləgər adam olduğu bilinirdi. Belinə yağlı kəndirdən kəmər taxmışdı. Kəmərə iri bıçaq keçirilmişdi. Aşpaz bu bıçaqdan mətbəxdə iş görəndə istifadə edirdi. Amma Ceynə o, silah təsiri bağışlayırdı və yekəpər isveçlini bir az da qorxunc göstərirdi.
Aşpaz heç vaxt ledi Qreystokla kəlmə kəsmirdi. Ceyn isə Andersendən qorxsa da, onun rəğbətini qazanmağa çalışırdı. Hər dəfə qaşqabaqlı isveçlini gülərüz qarşılayırdı; xoş sözlər deyir, gətirdiyi yeməyə görə təşəkkürünü bildirirdi. Amma çox vaxt aşpaz gedəndən sonra qazanın içindəki xörəyi balaca pəncərədən dənizə boşaldırdı.
Məhbus həyatının ilk günlərində – ah, bu günlər o özünü necə də narahat və tənha hiss edirdi! – Ceynin beynini iki sual didirdi: əri sağdırmı və oğlu haradadır? Ürəyinə dammışdı ki, oğlu salamatdır və çox ehtimal ki, elə bu gəmidədir. Bəs Tarzan? Bu qəddar adamlar onu sağ qoyardılarmı? Ceynin ağlına çox pis fikirlər gəlirdi…
Ledi Qreystok bilirdi ki, Rokoff onun ərinə dəlicəsinə nifrət edir və Tarzandan intiqam almaq arzusu ilə alışıb-yanır. Yəqin, cani bu arzusuna çatmaq, barışmaz düşməni ilə haqq-hesabı birdəfəlik çürütmək üçün Tarzanı aldadıb tələyə salmışdı.
Tarzansa həmin dəqiqələrdə anbarın çirkli döşəməsində uzanmışdı və arvadının gəmidə olduğundan xəbərsizdi. Ceynə yemək gətirən ucaboylu isveçli aşpaz gündə bir dəfə Tarzana da lükdən pay atırdı. Əsirin onu söhbətə çəkmək cəhdləri heç bir nəticə vermirdi. Bu yekəpər, qanmaz insan bütün suallara sözlərin qol-qabırğasını qıra-qıra ingiliscə eyni cavabı verirdi:
– Mən fikirləşmək, külək bir azdan burada güclü…
Axırda Tarzan bezib aşpazdan nəsə öyrənmək istəyindən birdəfəlik əl çəkdi.
Beləcə bir neçə həftə keçdi. Ceynə də, Tarzana da bu həftələr aylar qədər uzun gəlirdi. Əsirlər gəminin onları hara apardığını, talelərinin necə olacağını bilmirdilər.
Yolboyu «Kinkayd» cəmi bir yerdə dayandı. Ola bilsin, gəminin yanacaq ehtiyatı tükənirdi, kömür götürmək lazım idi. Dayanacaq çox qısa çəkdi. Əsirlərə elə gəlirdi ki, bu zəhrimara qalmış səyahətin sonu olmayacaq!
Xəstəlikdən qalxandan sonra arıqlamış, rəngi sap-sarı saralmış Rokoff bir dəfə də ledi Qreystoka baş çəkdi. O, kayuta girib qapını arxadan bağladı və vaxt itirmədən mətləbə keçdi. Rokoff Ceynə onun adına böyük məbləğdə çek yazıb imzalamağı təklif etdi, əvəzində ledini azadlığa buraxacağına və Londona qaytaracağına söz verdi.
– Mən razıyam, müsyö Rokoff, – deyə Ceyn dilləndi. O, çox ciddi idi. – İstədiyinizdən ikiqat artıq pul alacaqsınız. Amma bir şərtlə: mən gəmidən ərim və oğlumla bir yerdə düşəcəyəm və bizi sivil ölkələrdən birinə çatdıracaqsınız. Əks təqdirdə pul üzü görməyəcəksiniz. Başqa şərtlər barədə danışmaq belə istəmirəm.
– Siz indi, buradaca mənim adıma çek yazacaqsınız! – Rokoff hədə-qorxu gəldi. – Yazmasanız, nə oğlunuz, nə də əriniz bir daha sahilə çıxmayacaq.
– Nə istəyirsiniz edin. Amma mən çek yazmayacağam. – Ledi Qreystokun səsi dəmir kimi möhkəm idi. – Kim mənə zəmanət verə bilər ki, çeki alandan sonra yenə ağlınıza gələni etməyəcəksiniz?
– Deməli, tələbimi yerinə yetirməkdən imtina edirsiniz? – Rokoff hirslə qapıya tərəf döndü. – Yaxşı, olsun. Amma unutmayın ki, oğlunuzun həyatı mənim əlimdədir. Onun son hıçqırıqlarını eşidəndə bilərsiniz ki, körpənizin ölümünə özünüz bais oldunuz.
– Yox, yox, bircə bunu etməyin! – bədbəxt ana yalvarışa keçdi. – Siz bu dərəcədə qəddar olmamalısınız!
– Qəddar mən deyiləm, ledi, sizsiniz, – Rokoff etiraz etdi. – Xırda bir məbləğə görə oğlunuzun ölümünə fərman verirsiniz.
Söhbət rus xəfiyyəsinin gözlədiyi kimi bitdi: Ceyn tələb edilən çeki imzalayıb Rokoffa verdi. Cani pul kağızını götürüb istehza ilə güldü və heç nə demədən kayutdan çıxdı.
Ertəsi gün Tarzan başının üstündə addım səsləri eşitdi. Sonra anbarın qapağı açıldı. Deşikdə Paulviçin murdar sifəti görsəndi.
– Çıxın! Nəzərə alın ki, mənə, ya bir başqasına hücum etsəniz, quduz it kimi güllələnəcəksiniz.
Meymun-adam dinməzcə anbardan çıxdı. Gün işığı gözlərini qamaşdırdı. Bir müddət belə dayandıqdan, işığa alışandan sonra o, ətrafına baxdı. Rokoff göyərtədə görsənmirdi. Yəni, doğrudanmı, o özü gəmidə yoxdur?
– Lord Qreystok! – Paulviç rəsmi tonda Tarzana müraciət etdi. – Son iki ildə siz dəfələrlə özünüzə aid olmayan məsələlərə qarışmısınız, cənab Rokoffun işlərinə burnunuzu soxmusunuz. Tamamilə təbiidir ki, sizi zərərsizləşdirmək üçün lazımi tədbirlər görməli olduq. Odur ki başınıza gələn bədbəxtliklərə görə yalnız özünüzü günahlandırmalısınız. Digər tərəfdənsə başa düşməlisiniz ki, bu tədbirlər və bizim indiki səfərimiz Rokoffa ucuz başa gəlməyib. Cənab Rokoff ümid edir ki, yeganə günahkar şəxs kimi siz səfərə çəkilmiş bütün xərcləri ödəyəcəksiniz. Sizə bəyan edirəm ki, lord Qreystok, yalnız mister Rokoffun bu ədalətli tələbini yerinə yetirməklə arvadınızı və oğlunuzu gözləyən xoşagəlməz hadisələrin qarşısını ala, özünüz də sağ qala və azadlığa çıxa bilərsiniz.
– Nə qədər? – Tarzan Paulviçin çərənləməsinə son qoydu. – Vədinizi yerinə yetirəcəyinizə hansı zəmanəti verirsiniz? Sizin və mister Rokoff kimi naqislərin quru sözünə inanmağa heç bir əsasım yoxdur.
Paulviçin hirsindən sifəti əyildi:
– Sizin vəziyyətinizdə belə təhqiramiz ifadələr işlətmək ağılsızlıqdır. – O, səsini bir az da qaldırdı: – Mən sizə quru sözdən başqa heç bir zəmanət verməyəcəyəm, amma tam əmin olun ki, tələbimizə müsbət cavab almasaq, dediyimizi edəcəyik. Ağlınızı sonadək itirməmisinizsə, başa düşməlisiniz ki, böyük məmnuniyyətlə matroslara alnınıza bir güllə sıxmaq əmri verərdik. Bunu yalnız ona görə etmirik ki, sizin üçün başqa cəza fikirləşmişik, sizi öldürmək hələlik planlarımıza daxil deyil.
– Bir sualıma cavab verin: oğlum bu gəmidədir, ya yox?
– O, burada yoxdur. Oğlunuz başqa bir təhlükəsiz yerdədir. Əgər bizim ədalətli tələbimizə tabe olsanız, ona zərər yetirməyəcəyik. Əksinə, inad göstərsəniz, sizi öldürəsi olsaq, onu da aradan götürəcəyik, çünki uşağa da gərək qalmayacaq. Görürsünüz? Oğlunuzun sağ qalması üçün əvvəlcə öz həyatınızı xilas etməlisiniz. Bunun bircə yolu var: çeki indi imzalamalısınız.
– Yaxşı, razıyam, – qısa tərəddüddən sonra Tarzan cavab verdi.
O anlayırdı ki, bu yaramazlar heç bir vicdan əzabı çəkmədən köprəni məhv edə bilərlər. Amma tələblərini yerinə yetirsə, bəlkə, Cekə toxunmazlar.
Digər tərəfdənsə Tarzan inanmırdı ki, istədiklərini alandan sonra onu həqiqətən azadlığa buraxacaqlar.
Meymun-adam qərar qəbul etdi. İndi onun beyni təmiz, fikri qəti idi: axıradək mübarizə aparacaq, ləyaqətlə öləcəkdi! Son nəfəsində düşmənlərinə elə bir dərs verəcəkdi ki, qalan ömürləri boyu Tarzanı unutmasınlar. İlk qurbanını da seçmişdi: Paulviç. Heyif ki, Rokoffun özü göyərtədə deyildi.
Tarzan tələsmədən çek kitabçasını, qələmini döş cibindən çıxardı və sakit tərzdə soruşdu:
– Nə qədər?
Paulviç rəqəmi dedi. Tarzan gülümsədi: bu adamların acgözlüyünün həddi-hüdudu yox idi. Rəqəm lordun bank hesabındakı pulun məbləğindən də böyük idi, odur ki çekin heç bir hüquqi qüvvəsi olmayacaqdı. Amma Tarzan özünü elə göstərdi ki, tərəddüddədir; alverə girişdi. Paulviç bir addım da geri çəkilmədi. Nəhayət, Tarzan çeki imzaladı.
Bu əhəmiyyətsiz kağız parçasını kitabçadan qoparıb Paulviçə uzadanda Tarzan bir də diqqətlə ətrafa boylandı. Gəminin gur yaşıllıqla örtülü sahilə yan aldığını görəndə təəccübləndi. Cəngəlliyin arxasından meşəli dağlar ucalırdı.
– Baxın, baxın, – Paulviç çeki götürdü. – Bu yerdə sahilə çıxmalı olacaqsınız.
Tarzan qulaqlarına inanmadı, şübhə ilə özündənrazı halda gülümsəyən Pualviçə baxdı. Doğrudanmı, düşmənləri onu sağ buraxacaqdılar? Amma niyə yalan danışmalıdırlar ki?
Tarzanın gərilmiş əzələləri boşaldı. O əmin idi ki, qarşısındakı Afrika cəngəllikləridir; bu yerdə sahilə çıxsa, itib-batmaz, hətta sivil dünyaya qayıtmağın da yolunu tapar.
– Zəhmət çəkib paltarınızı soyunun. Cəngəllikdə gərəyiniz olmayacaq.
Tarzan tələsmirdi. Paulviç yanındakı silahlı matroslara işarə etdi. Meymun-adamın paltarını çıxarmaqdan başqa əlacı qalmadı.
Gəmi dayandı. Matroslar suya qayıq salladılar, güclü mühafizə altında Tarzanı sahilə çıxarıb yarım saata geri qayıtdılar. Pərlər dərhal işə düşdü.
Tarzan matroslardan birinin qayıqda ona verdiyi kağız parçasını ovcunda bərk-bərk sıxıb sahildə dayanmışdı. Kağızı açıb oxumaq istədi. Birdən uzaqlaşan gəmidən qışqırıq səsləri eşidildi. Meymun-adam başını qaldırdı. Göyərtədə kimsə dayanıb onu çağırırdı.
Bu, Nikolas Rokoff idi. Rokoff şaqqanaq çəkib gülür, başının üstündə tutduğu uşağı Tarzana göstərirdi.
Tarzan gəminin gur yaşıllıqla örtülü sahilə yan aldığını görəndə təəccübləndi. Cəngəlliyin arxasından meşəli dağlar ucalırdı
Meymun-adamın gözləri qaraldı. O, gəminin arxasınca üzmək üçün irəli atıldı, amma cəhdinin mənasız olduğunu dərhal anladı.
Gəmi tüstü buraxa-buraxa üfüqdə yox olanadək Tarzan gözlərini ondan çəkmədi.
Arxada – meşəlikdən vəhşi heyvanların səsləri gəlirdi. Amma Con Kleyton – lord Qreystok bu səsləri eşitmirdi, ağır dərd onu tamamilə keyləşdirmişdi.
Cəngəllikdən eybəcər, tüklü bir baş çıxdı. Qan sızmış gözlər sahildə dayanıb okeana baxan meymunabənzər ikiayaqlı canlını görəndə qəzəblə parıldadı.
Tarzan səhvini özünə bağışlaya bilmirdi. Necə olmuşdu ki, o belə asanlıqla düşmənin hiyləsinə uymuşdu, oğlunu xilas etmək imkanını əldən vermişdi?
«Yaxşı ki, heç olmasa, Ceyn Londonda təhlükəsizlikdədir», – deyə o öz-özünə təsəlli verdi.
Tüklü vəhşi arxadan yavaş-yavaş meymun-adama yaxınlaşırdı. Tarzan nə onun iyini hiss edir, nə addımlarını duyurdu. O, ovcunda tutduğu kağızı açıb oxumağa başladı.