Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Kainatin mələkləri», sayfa 2

Yazı tipi:

9

Atam evi sahmana salana qədər anamla mən nənəm və babamla birlikdə Skeggjagatada qaldıq. Mən ana tərəfdən ailənin birinci nəvəsi sayılırdım, anam isə dostları arasında ilk uşaq sahibi. Bu, o zamanlar idi ki, qadınların məşhur Bett Devisin filmlərinə heyranlığı yalançı və qeyri-səmimi deyildi. Mən sanki pərəstişkarlarımın əhatəsində şöhrət dənizinin içində üzürdüm. Bircə dəfə dilimi çıxarmaq bəs edirdi ki, ətrafımdakı insanları başlarını silkələyəcək qədər qəhqəhələrə boğum.

Məni təkcə gözyaşardıcı qaz və daşlarla qarşılamadılar. Çarpayımın ətrafında böyük bir izdiham vardı. İnsanlar mənə gülümsəyir və əl yelləyirdilər. Mən uşaq çarpayıları ilə əhatə olunmuş böyük bir səhnədə uzanmışdım.

Mənim doğuluşum dünyanın bütün kölgələrini bir tərəfə qovdu. Ətrafımda gecə və gündüzün hər saatında işıq vardı.

Var idimi, yoxsa?

– O həmişə rəqs meydançasında olur, – deyə anamın dostu Hafdis dedi.

Bu sözləri ilə atamı nəzərdə tuturdu.

– O nədir? – anam söylədi.

– Hə, deyirlər o həmişə rəqs meydançasına gedərək hündür boylu, uzun, dalğalı saçları olan bir qadınla rəqs edir. Digər dostları da eyni fikirdə idilər. Onlar da başqa qadınlardan eşitmişdilər.

Anamın döşlərini əmərkən şübhələrin onu necə tədirgin etdiyini duyurdum. Atam bizə zəng edib uğurlarından – mətbəx üçün lazımi avadanlıqları tamamladığından, qazan dəsti almaq üçün hətta sürücülükdən kifayət qədər pul qazanmasından danışanda, anam sadəcə qəzəblənirdi.

Sanki bu işıqlı dünyada qazan və digər mətbəx ləvazimatlarından başqa yeni heç nə yox idi. Axı, bu axmaq kimdir ki?

Anam ona şübhəli nəzərlərlə baxırdı. Yəqin ki, bu söz-söhbətlər əsassız deyildi. Taksi sürücüləri hamısı qadın düşkünü olurlar… Və Hafdis dostları ilə birlikdə rəqs meydançasına gedərkən bütün bunları öz gözləri ilə görmüşdü. Fakt fakt idi. Atam rəqs meydançasının ortasında sanki bir kavaler imiş kimi rəqs edirdi. Bundan əlavə, o özünü elə aparırdı ki, elə bil nə qadınları, nə Hafdisi, nə də başqalarını görüb tanıyır. Hətta bütün gecəni oturub onlara Kamb kilsəsinin kasıbların müalicəsi üçün hazırladığı samaqondan, anasının – mənim nənəmin yaşamaq uğrunda apardığı mübarizədən danışırdı. Ətrafdakılar ona heç nə söyləmədən qulaq asırdılar.

Anam özünü dəhşətli dərəcədə pis hiss edirdi. Rəqs meydançasından qayıdan dostlarını görüncə, gözləri yaşarırdı. Hətta ən möhkəm təməllər belə sarsıla bilir. O, gərək Kamb kilsəsindən çıxan küçə tüfeylisinə inanmayaydı. Amma indi ondan bir uşağı vardı.

Və hətta…

– Mən gedib onunla danışacağam, – böyük dayım Johannes söylədi. O bu oğlanla niyə sevişmişdi? Bununla bağlı qeyri-müəyyən şübhələr onun üzərinə çökürdü. Bütün bu təlaşları heç cürə anlaya bilmirdi. Dayım Johannes şəhərə gedərək rəqs meydançasının qapısından çətinliklə içəri daxil oldu. Atam yenə də rəqs edirdi. Johannes birbaşa onun qarşısına keçdi.

– Siz arvadınız və uşağınız haqqında çox az düşünürsünüz, – kəskin bir şəkildə söylədi.

– Nə? – deyə rəqs meydançasının kralı özünü heç bir şey anlamırmış kimi göstərdi. – Bu nə əsəbdir belə?

Johannes boğazını arıtladı.

– Bu nə deməkdir? Sən mənimlə necə danışırsan? Çaşmısan deyəsən?

– Siz yeni doğulmuş oğlunuzu da tanımaq istəmirsiniz? – deyə Johannes söylədi.

– Yox, siz yəqin ki, mənim qardaşım Olafı nəzərdə tutursunuz. Mən Qammiyəm – söyləyərək rəqsinə davam etdi. Və Johannes gördü ki, indi onlar bir-birləri üçün ölüm zəngindən başqa bir şey deyillər.

Johannes evə tələsirdi. Axı niyə bu qadınlar Olaf və qardaşları onlarla salamlaşmadıqda hisslərinin təhqir olunduğunu düşünmürlər…

Johannes başını yellədi. Bəli, bu dünyanın çılğınlığı böyükdür.

10

Anam gecənin kölgəsində beşiyimin başında oxuyurdu. Şirin və uzun laylalar məni dərin yuxuya aparırdı.

* * *

Nənəm Mariya da mənə qolları arasında laylalar söyləyirdi. Bütün dünya sanki həzin bir poeziyanı nəğmənin dili ilə dinləyirdi. Nənəm çoxlu hekayə və şeirlər bilirdi. Bildikləri təkcə şairlərin poeziyasından deyildi. İslandiyanın Hraungerdisdalur vadisinin Lyosaland fermasında yaşayan kor qadının söylədiyi şeirlərin də vurğunu idi. Bu vadinin ən möhtəşəm yerlərindən biri sayılan Eyjafjord rayonu nənəmi hər zaman xatirələri ilə təqib edirdi. Baxmayaraq ki, nənəm əlində çəlik bu yerləri gəzmədi, amma hekayə və təsvirlərini on illərlə yaddaşında yaşatdı; saatlarla mətbəxin sakit guşəsində oturaraq.

Nənəm oraları ruhunda yazda quşların civiltisində, yayda otların şehində yaşadırdı. Bu münasibətinə görə nənəmin şimallı insanlarla oxşarlığı vardı. Onun düşüncələrinin bir hissəsi hələ də bir-birləri ilə vadi olmaq uğrunda rəqabət aparan şimallıların düşüncələri ilə eyni idi.

Anam həkim müayinəsindən gələnə qədər nənəm məni döşəmənin üzərində qolları arasında yelləyirdi. Anam paltosunu çıxardıqdan sonra güzgü qabağında saçlarını səliqəyə saldı.

– Onlar gülməli suallar verirlər, – anam söylədi. – Ailədə bir dəlilik varmı deyə bir şey soruşdular.

– Dəlilik, – nənəm mənə baxaraq cavab verdi. – Məgər bütün ailələrin daxilində bir dəlilik yoxdurmu?

Anam gülümsündü. – Necə də axmağam, gərək nə isə deyib cavabını verəydim.

Nənəm on beş yaşında ikən anasını itirmiş, atası isə iki il fermanı tərk edib getmişdi. O, Reykyavikə piyada gedənə kimi heç zaman doğulduğu vadini tərk etmədi.

Orada bir müddət qulluqçuluq etdi, sonra sərhədi keçərək Danimarka və İsveçdə fermalarda çalışmağa başladı. İslandiyaya dönənə qədər Selma Lagerlof, Hamsun, Strindberg və Bjornsonun kitabları onunla oldu. İxtiyar çağında o, Laqerlo-fun hekayəsini danışmağı xoşlayırdı; hekayə yuxusunda ona qızılgül verilən birinin ayılarkən pəncərənin şüşəsinə yapışdırılmış yarpağı görməsi və keçirdiyi hissləri tərənnüm edirdi.

Əgər babam nənəmin yolunu kəsməsəydi, yəqin ki, o, yenidən şimala qayıdardı.

Birlikdə Reykyavikdə ferma quraraq ona Lyosaland adını verdilər. Lyosaland şimalda yaşayış komplekslərinin arasında bir neçə fermanı özündə birləşdirən kiçik yaşayış massivi idi. Buranın sakinləri yerlərini tərk etmək istəmirdilər. Lakin onların aqrar təsərrüfatları çox da uzun sürmədi. Babam Kənd təsərrüfatı assosiasiyası tərəfindən işlə təmin edildi. O, bütün İslandiyanı gəzərək bitki örtüyünün xəritəsi əsasında sərhəd mübahisələrinin həlli ilə bağlı fermerlər arasında iş aparırdı.

Bu müddətdə nənəm həm fermaya, həm də körpəlikdən sağ qalan altı uşağa baxırdı. İkisinə bir arada qulluq eləmək çox çətin idi. Buna görə onlar fermanı yaxşı qiymətə sataraq Skeggjagata ikiotaqlı mənzil aldılar. Skeggjagata ilə bağlı nənəm xatirələrini danışarkən ilk olaraq küçələrdə saysız-hesabsız şütüyən cipləri, uniformalı boyksautlara1 verdiyi sualları yada salırdı. Sonra ingilis qoşunları İslandiyanı işğal etdilər.

11

Yadımdadır, babam onun adını daşıdığım üçün beşiyimin başında dayanıb gülümsər gözlərlə mənə baxırdı. Xatırladığım və xatırlamadığım anlar var. Mən unutmuşam, amma babamın mənim haqqımda oxuduğu misralar heç bir zaman yaddan çıxmırdı.

 
Paul, kiçik oğlan necə də sevincdoludur,
Dua edirəm ki, bu arzular hər gün onu izləsin.
Həyatı həmişə bir nağıla bənzəsin
Və günəşin şüası daima yolunu işıqlandırsın.
 

Sonralar babam bu şeiri mənə 8-ci yaş günümdə içində köhnə markaların da olduğu qırmızı albomla birlikdə hədiyyə etdi. Günəş şüaları sönüb illəri qaranlığa bürüyəndə babamın mənə bundan deyəcək başqa sözü qalmamışdı. Hətta həmin albomun mənim həyatımı necə təqib edib qarışdırdığı haqqında da məlumatı çox deyildi. Daha sonra babam qocaldı və təqaüdə çıxdı. Mən isə işsiz olduğum üçün sosial müavinət hesabına yaşayırdım. Həmişə nənəmlə babamın Teigavegurdakı mənzilində oturardıq. Onların hər birinin öz maraq dairəsi vardı.

Babam divanda əyləşərək dincəlir, bəzən uzanır, ürəyi istəyəndə trubkasını yandırır, əsasına söykənərək bu misraları söyləyirdi:

 
Günəş ağlayan dumana təsəlli verir, Çiskinli yağışda axan göz yaşlarını qurudur. Şeh damçılarına bürünən çiçəklər başlarını xoşbəxtliklə yelləyirlər.
 

Mən bilmirəm bu misralar babamın idi, yoxsa başqasının, amma o öldükdən sonra nənəmin tək yaşadığı Teigavegurda mən tez-tez onun boş qalmış divanına baxır, dodaqlarından qopan sevimli misralarını eşidirdim.

İKİNCİ HİSSƏ

1

Parlaq qu quşunun olduğu, mələklərin rəqs etdiyi reallığın boş sahillərində olmusanmı? Yuxunda köhnə gəmilər sahilə tərəf üzür və duman yanındakı qumluqlara qədər gəlib çatır.

Amma sarayların sarı-bozumtul işıqlarını okeanın müşayiəti ilə görmək olur.

* * *

Psixiatriya xəstəxanasının ətrafındakı ağaclar xeyli boy ataraq ucalsa da, sahil qısırlıqla örtülmüş, qum və daşlıqların arasındakı taxıl zəmisinin ağuşunda uyuyurdu. Qulaqlarınızda sörf köpüklənir, dalğalar sahilə can atır; qaranlıqda itib-batan xatirələr…

Sahil xətti anbar və çardaqlarla doludur. İçində gizli xəzinə haqqında məlumat olan butulkaları tapmaq üçün dənizə axışan uşaqlar da gözümə dəymir. Lakin burada bir zamanlar təkcə çəmənlik və tarlalar, sıraya düzülmüş təpəciklər, xəndəklər, daxmalar, balıqların qurudulması üçün qurulmuş rəflər və tövlələr vardı. Günəşli günlərdə gənc analar uşaq arabalarını aşağı itələyərək, çəmənlikdə may çiçəklərinin arasında dincəlirdilər. Uşaq arabalarında isə günəş şüaları uyuyur, bəzən yatır, bəzən vurnuxur, bəzən də ağlayırdı.

2

Bir dəfə anam əsrimizin ortalarında günəş şüalarının əhatəsində bərq vuran möhtəşəm mənzərə tablosunun qarşısında əyləşmişdi. Qarşısında açıq mavi körfəz uzanırdı. Yaşıl ada, sakit, Esja dağı üzərində parlaq mavi səma başında sanki bir papaq kimi bir neçə ağ buludla daha əzəmətli görünürdü.

Arxasında olan şəhər oyanmaq üzrə idi, mən isə arabamda uzanaraq xoşbəxtcəsinə uyuyurdum.

Anamın yanına bir kişi yaxınlaşdı. Dənizdən əsən meh otların arasından narın bir cığır salaraq saçlarını qarışdırdı. Anam günəşin şüaları qarşısında gözlərini qıyaraq qarşısında dayanan kişiyə baxdı. Və həmin an onun kim olduğunu tanıdı. O, kral Bolduin idi. Britaniya imperiyasının kralı. O, həmçinin özünü Britaniya ordusunun polkovniki hesab edirdi.

Kral Bolduin əyalət məmuru olduğu zamanlarda bir dəfə evinin arxa bağçasında həyat suyunu kəşf etdiyini düşünür. Eyni zamanda müqəddəs ruhlar Bolduini təqib edərək onun Britaniya imperiyasının hökmdarı olduğunu söyləyirlər.

İnsanlar anidən yerli hökumət ofisində Bolduinin adının baş hərfini “W” hərfi ilə yazdığının, iş yerində başına tac qoyduğunun şahidi olurlar.

– Zəngləri eşidirsən? – Bolduin anama söylədi. O, əlində çubuq, qara palto geyinmişdi. Səliqə ilə qırxılmış saqqalı da palto və saçları kimi qara idi.

– Hansı zənglər? – anam soruşdu.

– Günəşdə zənglər çalınır.

Anam oturdu və zəngi dinlədi. Uzaqdan kral Bolduinin sözlərindən başqa heç bir yerə aid olmayan dinqdonun səsini eşidirdi.

Onun üzündə zəfər ifadəsi vardı. Dənizin yüngül mehi saqqalını tərpədirdi. Gözləri isə öz orbitlərində yolunu axtaran uğursuz ulduzlar kimi parlayırdı. Bu anda may çiçəkləri otların üzərinə sərilərək başlarını yelləyirdi, eynilə babamın şeirlərindəki çiçəklər kimi.

Sonra kral Bolduin, “Olar?” – deyə arabaya işarə etdi. Anam başını tərpətdi və bu zaman onun gözləri sevincdən parladı. Əlindəki çəliyi arabaya keçirən Kral Bolduin irəli gələrək kölgəyə baxmaq üçün başını irəli verdi. Səs məni yuxudan ayıltdı və mən vurnuxaraq səs-küy salmağa başladım.

Anam yerindən qalxaraq arabamın qapağını qaldırdı. Məni yerimdə oturdaraq qapağı yenidən bağladı. Bu zaman günəşin şüaları mənim qıvrımlarımı oxşadı: “ quqli-qu, quqli-qu, quqli-qu…”

Britaniya kralı Bolduin uşaqla danışmağa başladı və mən onun üzünə baxdım. Qara saqqalı və gözlərini gördüm. Mənə xeyli baxandan sonra qalxaraq üzünü anama tərəf çevirdi.

– Mələklər bu oğlana baxır, – deyə Bolduin söylədi. Bu zaman onun gözləri havada rəqs edən günəş şüaları qədər sadə təbəssümlə qarşılaşır.

Çox sonralar bu qəribə şəhərin küçələrində bərbad durumda dolaşarkən mən kral Bolduinlə qarşılaşdım. Artıq qocalmış, üz-gözü qırışmışdı və küçənin hündür eyvanından baxırdı.

– Sən mələklərinin qayğısına qalmadın, – ciddi bir şəkildə söylədi.

3

Mən öncə döşəməyə, sonra tavana, daha sonra anamın və stol-stulun ayaqlarına baxdım. Mənim dünyamın rəsmi mütləq tamamlanmışdı.

Sonra qapını açıb bağçaya çıxdım. Saralmış hasar uzaq-uzaq bir divarı xatırladırdı. Darvazaya tərəf gedərək dəstəyindən tutdum və növbəti bağçaya baxdım. Məni əllərində qırmızı plastik vedrə və bel ilə üç qız gördü. Barmaqlarımı hasarın çubuqları arasına keçirdim.

Qızlardan biri qalxaraq mənə tərəf gəldi. Barmaqlarımdan birini ağzına soxub bütün gücü ilə sormağa başladı.

Əlimi geri çəkmək istəsəm də, barmaqlarım hasarın çubuqları arasında qaldı.

O biri qızlar da gələrək məni dişlədi. Necə azad oldum, bilmirəm, sonra dəhlizdəki güzgüdən özümə baxırdım.

Güzgüdə kimsə vardı, amma o mən deyildim. Anam gəldi və mənim adımı söylədi.

– Paul!

Amma məni Paul deyil, tamam fərqli adlarla çağırırdılar.

4

Yayı düşünəndə gözlərimin önündə saysız-hesabsız kəpənəklərin uçuşduğunu görürəm. Küçəboyu evlərin ətrafında velosipedlər şütüyür, günəş şüaları quşların qanadlarında par-par parıldayır.

* * *

“Mən özümü yaxşı hiss edirəm. Altı yaşımdan bəri özümü bu qədər yaxşı hiss etdiyimi xatırlamıram.” Daha sonralar tarixçi olmaq üçün xaricdə təhsil almağa gedən qardaşıma məktub yazacaqdım.

Müalicə kursu bitdikdən sonra məni psixiatriya xəstəxanasından evə yazdılar. Rəssam Bergsteinin oğlu Qulli məni öz arabasında çimərliyə doğru kələ-kötür yollarla aparırkən içimdə giziltili bir hiss keçirdim.

Orada köhnə anqar və yüksək qum təpəcikləri vardı. Aralıqdakı gölməçələrdə isə donanma şəklində köhnəlmiş taxta gəmi və qayıqlar üzürdü.

Qulli on yaşlarında qarasaçlı, iri mənalı gözləri, uzun əl və ayaqları olan bir oğlan idi. Qaçışı elə sürətli idi ki, qarşısındakı arabanı yamacboyu itələyərkən sanki üfüqə doğru uçur, elə hey uçurdu. Mən əlimdəki ipi tutub sükanı idarə etməyə çalışırdım.

– Paul, əylən, əylən, – deyə Qulli var gücü ilə qışqırırdı.

Onun hamar saçları qulaqlarına çatırdı. Qulli dayanmaq istərkən arabanın sürəti onu kənara süpürlədi. O, güclə nəfəs alır, alnından tər axırdı. Məni sanki qıdıqlayırmışlar kimi bərkdən gülərək arabadan aşağı yuvarlandım.

– Ey, bura bax, – təngnəfəsliyi keçən Qulli barmağı ilə təpəyə işarə edərək dilləndi. Təpənin ucunda Qullinin atası Bergstein əynində ağ xalat, başında beret, molbert üzərində quraşdırılmış böyük kətan üzərindəki rəsmin qarşısında dayanmışdı.

Yay fəsli idi. Kəpənəklər uçuşurdu. Bergstein yay tətilinə gəlmişdi. Bergstein başında bereti Bryggjusunddan aşağı enəndə, onun xaricə getdiyindən orada yaşayan sakinlərin ən kişik bir şübhəsi qalmırdı.

Bergstein yay tətilinə gəlmədiyi vaxtlarda tikiş fabrikində çalışır, yataq çantaları və gödəkçələr tikirdi.

Bergstein oğlu Qulli kimi arıq və hündür idi, arvadı Gudbjorg isə vəfat etmişdi. Amma ata-oğul birlikdə küçədə gəzərkən bu kədərin ağırlığını duymamaq mümkün deyildi.

Bergstein Qulli üçün üstü örtülü araba və qayıq düzəltmişdi. Əslində o, müxtəlif sahələrdə bacarığı olan biri idi. İşlədiyi fabrikdə gözəl, zövqlü paltarlar tikir, məişət avadanlıqlarını xüsusi məharətlə təmir edirdi.

Bununla belə Bergstein bəzən işə gəlmirdi. Bu, dostları onu seminar çərçivəsində çağırarkən baş verirdi. Bu zaman Bergstein özünü saxlaya bilmir, ilham pərisi və rəssam fırçasına tabe olurdu.

Bu, Bergsteinin böyük çağırışı idi. Və o, bədəni və ruhu ilə özünü ona həsr edirdi. Əgər kimsə Bergsteindən əsərlərini almaq istəsəydi, buna nail olmayacaqdı. O yalnız qonşuluqdakı uşaqların şəkillərini pulla çəkirdi.

Qulli sıldırımlı dolanbac yollarla arabası ilə yola düşməzdən öncə məni dəniz sahilində xeyli gəzdirdi. Anqara gedən yolun yarısından geri döndük. Qulli əyləci basaraq arabanı dayandırdı. Sonra ayağa qalxmağıma kömək edərək Bergsteinin dayandığı təpəyə qaldırdı.

Bergstein qarşısında açılan geniş mənzərənin şəklini çəkirdi. O mənə baxarkən psixiatriya xəstəxanasının damını qırmızı rəngə boyayırdı.

– Qulaq as, Paul, – mən torpaq və dənizi, səma və quşları, bir də xəstəxananı bu kiçik tablonun içinə sığdırdım.

Mən öncə mənzərəyə, daha sonra tabloya baxdım. Dəqiq təsvir idi. Kətan hər şeyi udmuşdu.

– Hə, Paul, – Bergstein dedi, – səncə bu mənim tərəfimdən düzgün yanaşma deyil.

– Hə, elədir, – ikili dünyaya – həyatdakı reallıqla tablodakı reallığa heyrətamiz bir şəkildə baxaraq dedim.

Sonra mən, üst-başı rənglərə bulaşmış ağ xalatlı, başı beretli Bergsteinə bir günəşin işığı altında baxdım. Və bu anı uzun müddət valideynlərimin evinin zirzəmisində çınqıl döşəmənin üzərində dayanarkən xatırlayırdım.

O zaman biz artıq çoxdan Bryggjusunddan köçmüşdük və mənim üzüm, əllərim sarı-yaşıl rənglərə bürünmüşdü. Özümü Van Qoqun reenkarnasiyası olduğuma inandırmışdım.

Qulağım ağrıyır.

5

Kiçik yaşlarımda ikən elm mənim üçün sadəcə yerli intuisiya idi. Gecə dalğa torpağın üzərindən keçir, gündüz isə ağaclar köksüz üzür.

Mələklər şüurdan keçərək bütün okeanların qaranlığına axıb gedirdi. Pəncərədən çölə baxarkən kainat mənimlə toqquşurdu. Və bütün bu şöhrət küçə lampasının işığında sadəcə kölgədə qalırdı.

Mən ulduzdan ulduza tullanan qəribə kişilər görürəm. Kiçik oğlanlar isə kosmosda iplərin üzərində yellənir.

Səma elə budur!

O, zəngin mavi xalça kimi yellənir. Kimsə yaşıl tüstü buraxır. Əllərimi göyə uzadarkən ulduzlar yerə düşərək titrəyir.

* * *

Bryggjusundakı zirzəmidə yerləşən mənzilin qarşısındakı bağçada çoxlu uşaq vardı və xatirələrimdə Edem kimi iz salıb. Baxmayaraq ki, nə ağacları, nə meyvələri vardı, qızların düşüncəsi isə uzatdığım barmağımı dişləməkdən uzağa getmirdi.

Mənim bir çadırım və hindlilərə məxsus baş geyimim var idi. İkinci dostum Gunnar xaricdən alıb gətirmişdi. Təhsil üçün xaricə gedən dayılarım qayıdarkən bizi ziyarət etməsələr də, mənim üçün oyuncaqlar alırdılar.

Mənim SAS loqosu olan bir təyyarəm, yarış treki və dəmir yolu modelim vardı. Mənim bağçam çox populyar idi. Atamım bağçanın ortasında quraşdırdığı çadır uşaqların diqqətini özünə çəkmişdi.

Qulli yaşca hamıdan böyük olsa da, tez-tez arabası və qayığı ilə mənim bağçama gəlirdi. Otların arasında böyük bir donanma yaranırdı. Yağış yağanda qayıqlar gölməçələrdə üzür, ya da bütün ekipaj çadıra doluşurdu. SAS-da uçanlar da olurdu.

Bağçama əsasən, qardaşlar – sarışın Daniel və Skuli, əsmər Co və Siqqi qardaşları gəlirdilər. Co, Skuli və mən eyni yaşda idik, Siqqi və Daniel bizdən iki yaş böyük idi. Anam bəzən mənimlə Co və Siqqinin yaşadığı zirzəmiyə gəlirdi. Bura bizim yaşadığımız zirzəmidən kiçik və qaranlıq idi. Zirzəminin qoxu və rütubətini çox zaman öz üzərimdə hiss edirdim.

Co və Seqqinin ataları Benni kimi saçları qara, gözləri isə qəhvəyi rəngdə idi. Yaraşığı ilə diqqət çəkən Benni san-texnik işləyirdi.

Bəzən içində alətləri olan çantası ilə evdən çıxdığını, Chevroletinə minib getdiyini görürdüm. Anaları Tori isə əksinə, parlaq dərili, uzun və mavigözlü qadın idi. Və onun özünün Trostur və Yona adlı iki kiçik uşağı vardı. O tez-tez yorğun və xəstə görünürdü. Solğun çöhrəsinə sanki havanın kifi hopmuşdu.

Daniel və Siqqi isə həm cüssəli, həm də möhkəm idilər. Eynilə ataları Tor kimi sarı-parıltılı saçları vardı, burunlarının üzəri isə saysız-hesabsız çillərlə örtülmüşdü. Tor balıqçı idi. Trol gəmisində söz sahibi idi. Bryggjusundə yalnız gəmilər sahilə yan alarkən gəlirdi. O, dağlara qaçmaqdansa, evə getməyi tərcih edirdi. Benni və Tor oğlanları kimi iki yaxşı dost idilər. Onların hər ikisinin ovçuluğa vazkeçilməz bir ehtirası vardı. Ova gedir, fürsət düşəndə qaz və kəklik ovlayırdılar. Arada oğlanlarına da onlarla getməyə icazə verirdilər. Siqqi tüfəngi xoşlayırdı. O, tez-tez insanlara elə baxırdı ki, sanki onları hədəfə alır. Zirzəmidə oynarkən Siqqi bəzən tüfəngi çıxarıb mənə göstərirdi. Quş sürüsünü hədəfə alarkən əlində əsl silahı tutmağı bacarmaq da böyük bir iş idi.

– Çimərliyə enib qağayıları vurmaq həqiqətən əyləncəli olardı, – deyə Siqqi söylədi. Qağayılar səs-küy salaraq sanki uçuşur kimi havanı nişan almaq…

Bu zaman qapı açıldı və Benni içəri girdi. Siqqi atasını vuracaqmış kimi tüfəngin lüləsini ona tərəf tuşladı.

– Sən hirslənmisən, nədir? – Benni söylədi. – Sənə silaha toxunmağı qəti qadağan edirəm.

– Mən sadəcə Paula göstərmək istəyirdim.

– Bu, tamamən qadağandır. Bunu çox yaxşı bilirsən.

Benninin əynində damalı köynək və bulaşıq iş şalvarı vardı. Onun üz ifadəsi sərt idi. Üzündəki qırışlar bir az dərinləşmişdi. Göz ətrafındakı qırışlar daha aydın, qaşları daha kəskin, alnı geniş və ağır idi. Benni əlini damalı köynəyinin cibindən yarımçıq qalmış siqaretini çıxararaq yandırdı. Yenidən tüfəngə baxmağa başladı. Co, əlində cemli çörək içəri daxil oldu. Hamımız Benniyə baxırdıq. Bəlkə də gözümüzdəki heyranlığı görüb sərt münasibətinə görə peşman olmuşdu. Əllərini tüfəngin üzərində gəzdirdi. Onun sərt üz ifadəsi konsentrasiyaya çevrildi.

– Əziz oğullarım, – deyərək üzümüzə baxdı. Sonra yanan siqareti damağından götürdü. – Siz bilirsiz ki, bu tüfəng bir gün sizin olacaq.

– Nə zaman?

– Mən ondan istifadə etməyi buraxdığım zaman.

– Bu nə zaman olacaq?

– Hardan bilmək olar, – deyə Benni söylədi.

O daha nə isə demək istəyirdi ki, zəng çalındı. Tor ovçu paltarında qapının kandarında dayanmışdı. Şən və xoşbəxt görünürdü. Onun qızılı sarı saçları yun papağının altından görünürdü. Okeanın mavi rəngi gözlərində parlayırdı.

Benni hazırlaşdı və birlikdə çıxdılar. Bəlkə də tüfəngin müvəqqəti olaraq bizim yanımızda qalması yaxşı olardı. Deyəsən, onların işləri yolunda deyildi. Bu zaman Tor ilə birlikdə dağın yamacına gedərək silahdan atəş açırdılar. Tor Benninin atəş açacağını düşündü. Yoxsa, silahın doldurulmasında problemmi yaranmışdı? Tüfəngi götürüb lüləsinin aşağı hissəsinə baxdı. Həmin anda açılan atəş dəqiqliklə Torun gözünə dəydi. Tor yalın çınqılların üzərində qan içində uzanmışdı. Dağların sakitliyi içində ağrılar içində qıvrılırdı. Quşlar başı üzərindəki soyuq, aydın səmada uçuşurdu. Okeanın suları qırmızıya boyanmışdı.

Benni tüfəngi götürdü və onlar tələsik dağdan enməyə başladılar. Sonra filmlərdə olduğu kimi, yüksək sürətlə şəhərə üz tutdular. Chevrolet yolda şütüyürdü. Dağların başında günəş parıldayırdı. Qarğalar uçuşurdular.

Tor müayinə üçün xəstəxanaya yerləşdirildi. Onun bir gözü sıradan çıxmışdı. Yeni şüşə göz hazır olana kimi sarğı bağlamalı olacaqdı. Xəstəxanadan çıxarkən qara sarğını Daniel və Skula verdilər. Bununla da, bağçanın zirzəmisində uşaqların dəniz quldurluğu oyununa son qoyuldu; bütün oğlanlar gözlərini bağlayaraq qaranlığın arxasında gizlənməyə çalışırdılar. Birgözlü dəniz quldurları kimi, Tor və bütün dünya kimi.

1.Boyksaut – Gəncləri həyatda özünü yetişdirmək, yaşam uğrunda xarakter və fiziki inkişafını dəstəkləmək məqsədi daşıyan beynəlxalq hərəkatdır.

Ücretsiz ön izlemeyi tamamladınız.