Kitabı oku: «Əmim Hamlet»
ELDƏNİZ QURTULAN
Əmim Hamlet
“Xatirə ədəbiyyatı” silsiləsindən 48-ci kitab
Müəllif haqqında
Eldəniz Qurtulan 1932-ci ildə İranda anadan olub. İkinci Dünya Müharibəsində iki əmisi Sibirdə sürgündə ölüb, atası isə əvvəl ingilislər, sonra ruslar tərəfindən həbs edilib, müharibədən sonra azadlığa buraxılıb.
Atası başda olmaqla ailəsinin arzusu – ölkələr içərisində ən çox könüllərinə yatan Türküyədə yaşamaq olub. İş elə gətirib ki, bu ölkəyə tibbi təhsil almaq üçün öncə yazarın özü gedib. Burada Azərbaycan Qurtuluş Hərəkatı sıralarına qoşulub. Ankarada yayımlanan “Azərbaycan dərgisi” ilə illərlə əməkdaşlıq edib. Bundan başqa, “Cümhuriyət”, “Toplumsal Kurtuluş” və digər mətbu orqanları üçün məqalələr yazıb. Tibbə aid kitablar nəşr etdirib. Azərbaycan və fars ədəbiyyatından, xüsusilə Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Səməd Behrəngi, Anar, Elçin, Sadiq Hidayət, Əli Dərvişyan və Firudin Əhməd kimi imzaların hekayə və romanlarını Türkiyə türkçəsinə çevirib. Boş vaxtlarında çəkdiyi rəsmlər və yaratdığı heykəllərdən ibarət bir neçə dəfə sərgisi baş tutub.
Anamın xatirəsinə ithaf edirəm.
Məhəbbətlə… Həsrətlə…
1873
Abşeron yarımadasında Bakı kəndi Balaxanıda neft emalı ilə məşğul olan Sərkisov Qardaşları və Tağıyev Şirkətinin fəhləsi Cavad Axundov o gün iş saatının sonunda işdən uzaqlaşdırıldı. Bu, təkcə onun problemi deyildi. Buxarlı mexanizmlərin dövrəyə girməsiylə bir çox fəhlənin işsiz qalacağına şübhə yox idi. Buna görə, zavod təmsilçisi İstvan Darvas işdən çıxarılanların hər birinə ayrı-ayrı bəhanələr uydurmuş və bunları utanmadan qeyd dəftərinə yazaraq fəhlələrin gözlərinin içinə baxıb oxumuşdu.
– Sənə gəlincə, Cavad Axundov, gör nə vaxtdan bəri şagird kimi yanına göndərdiyimiz o gəncə heç nə öyrətmədin, üstəlik, bu gün onunla mübahisə etdiyini eşitdim! İndisə şələ-şüləni yığışdır, rədd ol burdan!
– Yox, yox, dalaşmadıq. Mən… mən nə lazımdırsa, hər şeyi öyrətdim ona. Buyurun, onun özündən soruşun… Elə deyil, Miri?
Bu, necə ola bilərdi? İşsiz qalsa nə edərdi? Birdən bütün bədəninində istilik hiss etdi, süstləşdi, başqa bir şey deyə bilmədi. Dizləri titrədi, başı fırlandı, gözlərinə qaranlıq çökdü. Bir balaca yer tapsaydı, belini ora söykəyib oturardı… Əlini alnına apardı; onu soyuq tər basmışdı, titrəyir, boğazı qurumuşdu. Bircə qurtum su olsaydı… Dönüb ətrafına boylandı. Miri bir az aralıda günahkar və boynubükük dayanıb ona baxırdı…
“Hardan gəlib çıxdı bu oğlan? Guya ki, uzaqdan qohumum imiş. Kim demişdi? Mən buna inanmıram. Yaramaz, ailəsinin sərvətini taladığı azmış kimi, mühəndislik məktəbini atıb, indi də gəlib fəhlə olmaq istəyir… Özü də neft quyusunda … Əşi, cəhənnəmə, belə qohumum yoxdur mənim. Olsa belə, mənim heç bir günahım yoxdur. Mən indi nə edim? O boyda külfəti necə saxlayım?” – deyə düşüncələrə dalmışdı.
Bir az kənərda İstvan Darvas işdən qovulan fəhlələrin əmrini oxumaqdaydı. O, rus dilini yaxşı bildiyi halda yerlilərlə danışarkən fərqində olmadan çətinlik çəkir, sözləri təkrar-təkrar seçib, güclə dilə gətirirdi. Miriyə gəlincə, başqa məsələ. Çünki onun rusçası əla idi.
– Bax, oğlum, səni idarəyə qəbul edirik. Sabah orda yeni işə başlayacaqsan. Dediklərimi yaxşı-yaxşı yadında saxla: orada ancaq işlə maraqlanacaqsan! Vaxtını boş yerə xərcləməyəcəksən! Və heç kimlə mübahisə etməyəcəksən!
Miriylə şirkətdən bir yerdə çıxdılar. Cavad kədərli və qəzəbliydi: onu nahaq yerə işdən qovana deyil, hətta buna səbəb olan Miriyə də deyil, “dalaşdılar” adıyla onları şərləyən çuğula hirsli idi.
– Bircə əlimə düşsə!
Halbuki, satqını ələ keçirsə belə, ona heç nə edə bilməzdi. Çünki o gücsüzdü, yorğundu, xəstədi, dərmansızdı. Yalnız o an üçün deyil, özünü tanıyandan elə bu cürdü. Həmişə də bir çətinliyə düşəndə “çarəsizəm” deyib, taleyə boyun əyərdi; əzilən sinifin bir üzvü kimi Yaradan onu belə yaratmışdı. Hər zaman da öz-özünə: “Nə olaydı, Tanrı çaşıb məni bu burulğandan çıxaraydı… Eh… Kim bilir, nə gözəl olardı onda…” – deyə fikirləşərdi.
Əzənlərin dəstəsinəmı qatsaydı onu Tanrı? Bu məsələdə də şübhəliydi…
İşdən qovulanları, təbii ki, heç birinin haqqını vermədən, qapının önünə qoyanda İstvan Darvas onlara, “Cəzalısınız! – demişdi. – Cəzalısınız, amma həftənin axırı idarəyə gəlin, bir şeylər fikirləşərik”.
Miri qolundan tutaraq onu birtəhər bayıra çıxardı.
– Kefini pozma, sənə daha yaxşı iş tapacağam. İnan mənə. Yaxşı tanışlarım var. Yəni adamlarım…
– Keçəlin dərmanı olsa, öz başına sürtər.
– Mənim dərdim başqadır. Fürsət olanda danışaram. İndisə gəl, sənə bir az borc pul verim. Evə belə əliboş getmə. Mən sabah gələrəm, bir yerdə iş axtarmağa çıxarıq.
Bütün quyu fəhlələri kimi bir az donqar, orta boylu, arıq bir adamdı Cavad; qaranlığa öyrəşmiş xırda gözləri tərtəmizdi.
O, iki ildir ki, mühəndisin işarət etdiyi yeri bir neçə adam boyu dərinliyində qazar, quyunun üzərinə qüllə və cihazlar yerləşdirər, sonra başqa bir qazıntı yerinə keçərdi. Bu günə qədər işləri həmişə razılıqla qarşılanmışdı, daha doğrusu, heç bir xataya yol verməmişdi.
Tək qalında dərindən nəfəs aldı. Səmaya baxdı. Hava qaralmışdı. Asta-asta evə doğru irəliləməyə başladı. Özü bilə-bilə gecikmək istəyirdi… Cibindəki pul onu bir qədər rahatlatsa da, Mirinin ona iş tapması nağılına inamı yoxdu. Ayaqlarını sürüyərək evə çatanda artıq gecə yarı olmuşdu. Ancaq küçə qapısı taybatay açıq idi. Evə girdi; həyət uzun dəhlizə bənzəyirdi; hər yan üfunət qoxuyan zibil qablarıyla aşıb-daşırdı. Beş fəhlə ailəsinin yerləşdiyi otaqlar həyətin səviyyəsindən bir metrəyə qədər hündürdəydi. Tək pəncərəli, alçaq tavanlı otaqların hər birinin arxasında başqa bir otaq, ümumi ayaqyolu, ümumi mətbəx…
Təkcə onun evinin pəncərəsindəki çırağın solğun işığı Cavadı şübhələndirdı. Cırıldayan taxta pilləkəni bir anda qalxdı. Qapıya yaxınlaşınca ağrıdan inildəyən arvadının səsi onu özünə gətirdi. Təlaşla içəri girdi. Həyat yoldaşı evin bir küncündə ağrıdan qıvrılırdı. Uşaqların üçü də özünü itirmişdi. Arvadının yanına gəldi, onu həyəcanla qucaqladı, başını sinəsinə söykədi. Tər içindəydi Xanım. Cavad dəsmalını çıxarıb arvadının alın və üzünün tərini sildi.
Sonra boğuq bir səslə:
– Yoxsa?.. – deyə soruşdu. Gözlədi.
Arvadı tərəddüdlə:
– Deyəsən, – deyə bildi, – gəlir…
Cavad Xanımın alnından öpüb uşaqlarına sarı boylandı:
– Tuti, üçünüz də qalxın, tez Nigar xalagilə gedin. “Anamın ağrısı tutdu” de, yubanmadan bizə baş çəksin. Anaxanım və Zibanı da özünlə apar. Üçünüz də onlarda qalın. Sən böyüksən, uşaqlara göz-qulaq ol!
Uşaqlar gedən kimi çarəsizliyi, dərdi-kədəri yenə də aşıb-daşdı. “Bu, lap yerinə düşdü”, – deyə acı-acı güldü içində…
Bir anda qonşu qadınlar otağa doluşdular. Hamısı durmadan danışırdı. Nigar amiranə səslə:
– Halal olsun, Xanım! Bu, nədir indi? Niyə xəbər vermirsən, qapıbir qonşuyuq, ayıb deyilmi?
Xanımın yerinə Cavad cavab vermək məcburiyyətindəydi, o da əzilə-büzülə:
– Haqlısınız, – deyə bildi. – Amma Xanımı yaxşı tanıyırsınız, heç kimə əziyyət vermək istəməz.
Sözünü bitirən kimi içindən: “Hə, mərhəmətlidi mənim arvadım, hələ bir oğlan doğsa…” – deyərək gülümsədi. İşdən qovulandan bəri ilk dəfə onun üzündə xəfif təbəssüm oyandı. “Oğlan doğsa… mütləq oğlan doğacaq! Mənim oğlum olacaq, oxuyub adam olacaq, mənim kimi əzilməyəcək!”
Qonşular Xanımı qaldırıb ehtiyatla arxa otağa keçirdilər. Bir azdan Cavad da Tutinin qonşuda isitdiyi suyla əllərinin, üzünün, boynunun, ayaqlarının palçıq sarısını və neft qarasını sabunlayıb qurulandı. Bir qədər dincini aldı. Qonşulardan kimsə şorba gətirmişdi. O, şorbanı görüncə sabahdan bəri heç bir şey yemədiyi yadına düşdü. Heç tərəddüd etmədən şorbanı qaşıqladı, üstündən də tənbəki çubuğunu yandırdı. Bu arada Xanımın səsi yüksəlincə Cavad içində salavat gətirməyə başladı. Bütün diqqətilə qulaq asdı. Gözlədi…
Otaqdan Xanımın çığırtısı gəldi. Bir qışqırıq daha… Bir neçə qışqırıq daha… Sonra körpənin ağlayış səsi… Həmişə pis xəbər eşitməyə vərdişkar olduğu üçün ürəyi ağzına gəlməyə başladı, soyuq tər basdı… Yerindən durmaq istədi, bacarmadı, güclə ayağa qalxdı və qolunu uzadıb, yuxarıdakı rəfdən babalarından yadigar qalmış “Quran”ı əlinə aldı: hörmətlə üç dəfə öpüb alnına qoydu, sonra arxa qapağını açdı; oradakı kağızda uşaqların adları və doğum günləri yazılmışdı. Yenə eyni rəfdə yerləşən köhnə qabı açdı, qələmin ucunu ehtiyatla mürəkkəbə batırdı, daha əvvəl yazdığı sətirlərin altına ürəklə 4 rəqəmini, sonra bir əlif hərfi yazdı… Bu an Nigar arxa otağın aralı qapısından başını çıxardıb sevinclə:
– Cavad ağabəy, – dedi, – muştuluğumu istəyirəm, vallah…
Cavad günlərdən bəri Miriylə məşq etdiyi adı yazmağa çalışırdı: sin… dal…
Nigar davam etdi:
– Yoxsa, deməyəcəyəm!
Cavad adı bitirdi: elif, lam, bir dənə də lam, hı…
Nigar inadla sözlərinə davam etdi:
– Vallah-billah, deyən deyiləm!
Cavad yazmağa çalışdığı adı gözdən keçirdi: gözlədiyindən daha yaxşı alınmışdı. Sonra oxudu: “Əsədulllah”. Bəyəndi, yazmağa davam etdi: “Cavad oğlu Axundov, 1 mart 1873”. Bir də altına, “Bakı, Persidskaya küçəsi, No. 62” yazsaydı nə gözəl olardı. Amma yazmadı, öz-özünə: “”Quran”a ünvan yazmaq olmaz”, – dedi. Nigara sarı döndü, həyəcandan danışa bilmədi və səsi qısıldı, yalnız:
– A Nigar bacı! – deyə bildi. Bir nəçə dəfə udqunduqdan sonra, – Bilirəm ki oğlandır, – dedi. Sonra həyat yoldaşının vəziyyətini soruşdu. Yaxşı olduğunu öyrənincə bir qədər rahatlandı.
İlk dəfəydi, hər şey qaydasındaydı. Qadınlar ev-eşiyi yığışdırdıqdan sonra, hamı öz sandığından körpə üçün bir şeylər tapıb gətirdi, amma onu bələyə bürümədən əvvəl hər şeyin qaydasında olduğunu bildirmək üçün körpə anasına və atasına göstərildi.
Körpəni qucağına alan Cavad həyat yolđaşını görmək istəyərkən, mənasını bilmədiyi bir neçə dua oxudu.
Nigar onun yolunu kəsdi:
– Ay Cavad ağabəy, işdən çıxarıldığını Haşımdən eşitdim. Qətiyyən bunu Xanıma demə, yazığın südü kəsilər.
Cavad işdən qovulduğunu arvadına söyləmədi, yalnız bərk-bərk onun alnından öpdü, sonra uşağı bələyə qoydu. Xanım üç qızdan sonra ərinə bir oğlan verdiyi üçün xoşbəxt idi; nəslin davamçısı, gələcəyin təminatçısı…
Ertəsi gün Cavad işə gedirmiş kimi, eyni saatda evdən çıxdı. O, Miri ilə iş axtarmaq məqsədilə şəhərdəki neft müəssisələrinin bürolarına baş çəkəcəkdi. Cavad Miri ilə görüşəndə onu xoşbəxt edən doğum hadisəsi haqda danışdı. Miri sevindiyini söylədi və onu qucaqlayaraq təbrik etdikdən sonra:
– Mən İstvanın istəyinə uymayacağam, – dedi, – bir neçə gün sonra da Bakıdan gedəcəyəm. Nobel firmasında işləyən bir tanışım var: Oleq Bardin. Sən bir neçə gündən sonra onun yanına gedərsən, mən ona çox güvənirəm. Görəcəksən, əvvəlkindən daha yaxşı işin olacaq.
– Sağ ol! Sənə borcumu necə ödəyəcəyimi bilmirəm. Ən pis vaxtımda Xızır kimi imdadıma çatdın… Tanrı nə muradın varsa, versin!
– Sən indi bunları dərd eləmə, səni pis vəziyyətdə qoyan mən idim, mübahisə etdiyimizi nə tez yadından çıxarmısan?
– Doğurdan, yadımdan çıxıb. Nə haqda mübahisə edirdik ki?
– Bəlkə də, çox yersiz, çox mənasız söhbətdi. Yaddan çıxartsaq yaxşıdı.
– Yox, danış. Səni tanımağıma köməklik edər.
– Məni və ya səni tanımaq o qədər də vacib deyil. Əsas olan şey bir-birimizi, yəni özümüzü tanımaqdır. Hə, indi xatırladım. Sən, “Biz kimik?” – deyə tutub durmuşdun. Mən də, “Necə yəni biz kimik? Sən bizim kim olduğumuzu bilmirsən? Nə ağzına gələni danışırsan?’’ – deyirdim. Səsimiz bərk çıxdığına görə işverənlər duyuq düşüblər…
– Ağzıma gələni danışmıram. “Biz kimik?” – deyəndə, təkcə səni, ailəni, ya da özümü nəzərdə tutmuram; bütün bu şəhərdə, əyalətlərdə və kəndlərdə, daha doğrusu, ölkədəki insanları nəzərdə tuturam. Bax, neft istehsalı bölgəsində bizimlə bir yerdə işləyən Gevorq – erməni; ustabaşı Alek – rus; rəis köməkçisi İstvan – macar; baş mühəndis Şuman isə almandır… Başa düşdünmü nə demək istədiyimi?
– Davam et.
– İndi biz kimik?
– Yenə eyni yerə gəldik. Bax, biz… Biz musəlmanıq, təbii ki, o saydıqlarından ola bilmərik. Biz adlı-sanlı müsəlmanlarıq.
– Olmadı da… Olmadı. Müsəlmanlıq dindir, onların da hamsı xristiandır, amma adları, dilləri, üstəlik, həyat tərzləri belə bir-birindən fərqlidir. Bəs biz? Biz necə danışırıq?
Cavad bir müddət fikirləşəndən sonra:
– Müsəlmanca deyəcəkdim, amma səhv olduğunu anlayıram, – dedi.
– Hə, haqlısan, düzgün deyil. Amma həmişə elə deyirlər. Qəribə camaatıq biz, adımız belə yoxdur. İtirmişik adımızı. Bizdən söz açanlar, “Müsəlmandır” – deyib keçirlər. Bəziləri də bizim üçün yeni ad uyduraraq “Tatar” – deyirlər. Heç aidiyyəti yoxdur. Tatarlar bizə heç oxşamır, heç bir ortaq cəhətimiz yoxdur.
Uzun sürən müzakirə bitəndən sonra Cavad və Miri bir daha görüşmədilər. Miri təhsil aldığı Kiyev şəhərinə qayıtdı. Cavadsa ağır keçən işsiz günlərin birində Nobel şirkətindəki Oleq Bardinlə görüşə bildi. Ona Miridən söz açdı, öz dərdini danışdı.
Oleq Bardin ona şübhəylə baxdı, uzun-uzun danışdırandan, yaxşıca sıxıb-sıxışdırdıqdan və bir çox şərtlərlə onu təngə gətirəndən sonra, nəhayət, işə götürdü. Əvvəllər olduğu kimi, Cavad yənə də əlində kürək, kəndirin ucundakı vedrəylə quyuya endi… Bəs nə oldu quyu qazmaqda gündəmə gələn o buxar maşınları? O, hələ də bel və kürəkləmi işləməyə davam edəcək?..
1881
Çətinliklə keçən günlərdən sonra ağlını başına yığan Cavad tapdığı işdən dördəlli yapışdı. Artıq heç kimlə dalaşmır, hətta dostyana söhbət belə etmir, bir fikri olsa da, olmasa da heç kimlə paylaşmırdı. O, hər yerdə dilini saxlamağı və sakit durmağı yaxşıca öyrənmişdi. Böyüklərin qabağında boynubükük durmağa, danlanarkən cavab qaytarmamağa, danışmamağa və gülümsəməməyə belə adət etmişdi.
Quyu diblərində, qaranlıqlar içində əlində kiçik bel və kürək olduğuna baxmayaraq gələcəyə ümidlə baxırdı. Nədənsə qaranlığın bir çox insanda oyatdığı qorxu hissi ona təsir etmirdi. Bəlkə də, bu, onun qaranlıqda ətrafını daha aydın gördüyündən irəli gəlirdi. Aydınlıqsa bir gurultu kimi dincliyini pozur, qorxudurdu onu; tanımadığı və öyrəşə bilmədiyi qələbəlikdəki kütlələrin izdihamı, hayqırışı və dalğa kimi qabarmasından qorxurdu. Üç qızdan sonra bir oğlu anadan olmuşdu ki, bu da onun irəlidəki həyatında yeganə ümidi idi. Oğlunun doğumundan iki il sonra ikinci oğlu dünyaya gəldi, amma ikincisi, ağır keçən hamiləlik nəticəsində doğulduğu üçün sağlam deyildi və ancaq bir il yaşadı.
Əsədə gəldikdəsə, o, həm sağlam və ağıllı, həm də diribaş idi. Gah əmisinin uşaqları ilə Buzovnada, gah bacıları ilə həyətdə, gah da küçədə məhəllə uşaqları ilə oynayırdı. Ancaq atasının günü-gündən arıqladığı və tez-tez öskurməsi onun gözündən yayınmırdı. Axırda, soyuq bir qış günü Cavad şirkətdəki alman həkiminin vərəm diaqnozu ilə işdən çıxarılıb evə göndərildi. O, evdə, yataq şəraitində ancaq bir həftə yaşadı. Öskürə-öskürə, qan qusa-qusa can verdi. Ölərkən qırx beş, oğlu Əsədsə səkkiz yaşında idi. Ailənin istənilən üzvü yoxsulluq, aclıq və kədərin hər üzünü bir yerdə görmüş, hər şeyə birlikdə dözmüş, ayaq üstündə birlikdə dura bilmişdilər. Əgər buna ayaqda durmaq demək olardısa…
Əsəd otağın ortasında yerə uzadılmış atasının yanında oturdu. “Mənim ona xoşbəxtlik gətirəcəyimə inanırdı, – dedi ürəyində. – Oxuyub adam olacağıma ümid edirdi”.
Ətrafında hamı qışqıra-qışqıra ağlayarkən o ağlamadı, ağlaya bilmədi. Ancaq heç kəsin görmədiyi tənha bir yerə çəkilib, orаda öz içini tökməyi elə istəyirdi ki… Kaş, atasını hamıdan çox sevdiyini orada fəryadqarışıq deyə biləydi, ya da bu anda, burada onu bağrına basıb içinə dəfn edəydi… Ancaq o, çarəsiz, solğun gözlərlə ayağa qalxıb yerdə rahat və qayğısız yatan atasına baxa bildi. Artıq nə işsizlik dərdi, nə gələcək arzuları… Əsəd dönüb ətrafındakı ah-halə edənlərə nəzər yetirdi, ürəyi sıxıldı.
Bir neçə həftədən sonra, əvvəlcə əmisi onun oxumasının lazım olduğunu yada saldı. Sonra anası dörd əllə sarıldı bu fikrə, çünki atasının istəyi də elə bu idi: “Hə, oxuyub molla olmalıdır mənim oğlum, başına sarıq sarımalı, ölənlərimizə mərsiyə oxumalıdır”.
Əsəd, əmisi Rəşad Axundovla daha maraqlı söhbət edə biləcəyinə inanaraq ondan mollanın nə olduğunu şoruşdu.
– Molla din adamıdır, – əmisi dedi, – Din adamı olmaq istəyirsənmi? Dini mərasimlər keçirir molla. Bir də məktəblərdə, yəni mollaxanalarda müəllimlik edir, dərs verir. Bəzi yerlərdəsə hakimlik edir. Bununla yanaşı, qədimdən hörmətli, mərifətli, geniş dünyagörüşünə sahib, böyük şairlərə və alimlərə də molla deyilirmiş. Hə, indi nə deyirsən, molla olmaq istəyirsənmi?
– Başqa yolum varmı?
– Başqa yolun? – əmisi Cavadın bu qədər ağıllı ola biləcəyini heç düşünməmişdi.
Təxminən əlli il bundan əvvələ qədər Bakıda iyirmi doqquz şagirdi olan bir məktəb vardı. Şəhərdə yaşayan digər millətlərin uşaqları orda oxuyurdu. Əsasən də yüksək rütbəli dövlət məmurlarının övladları idi, yəni bəy, ağa, şahzadə kimi olanların və bir neçə tacir ailənin uşaqlarıydı. Bəlkə də, burda “Quran” və ana dilindən dərs deyilmədiyinə görə yerli xalqın övladlarına rast gəlinməzdi bu məktəbdə. Əgər xalq öz övladlarını oxutmalı olsa, mollaxana deyilən azsaylı köhnə məktəblərdə oxutmalıydı. Mollalar da, həmişəki kimi İrandan, daha doğrusu, Güney Azərbaycandan olurdu; onların xərclərini məscid vəqfləri, bir az qismini də uşaqların valideynləri ödəyirdi. Bir müddət sonra Çarın fərmanı ilə müsəlman məktəbləri açılmağa başladı. Üç müəllimi və əlli şagirdi olan bu məktəblərdə rus diliylə birlikə ərəb, fars və ana dili də proqrama daxil edilmişdi. Ərəbcə dini işlər, bütün ticarət sahələri fars dilində aparılarkən, ana dili, təbii ki, ən xeyirli və gərəkli olduğundan bu dildə yeni-yeni nəşrlər ortaya çıxırdı. Bütün bunlara baxmayaraq hələ də ana dilinin əsl adı yox idi. Rəsmi rus qurumları bu dili hələ də “tatarca”, xalq isə israrla “müsəlmanca” adlandırırdı. Məktəblərin adı rus-tatar məktəbləriydi.
Nəhayət, fikirləşib qərara gəldilər ki, Əsədullahı şəhər mollaxasınasına qoysunlar.
Tək pəncərəli, dar qapılı, yarıqaranlıq, döşəməsi qamış, havası rütubətli, cansıxıcı bir otaq… Otuz, otuz ikiyə qədər şagird, evdən gətirdikləri kiçik nazik palazların üstündə diz çöküb otururdular. Mollanın palazı xüsusi olaraq böyük və qalındı, üstəlik, belini söykədiyi yastığı da vardı. Qabağında açılıb-bağlanan masa, onun üstündə qalın, qara qablı bir kitab… Uşaqların hamısı müxtəlif boy və yaşlarda oğlan uşaqları. Həmişə olduğu kimi, balacalar qabaqda otururdular. Zənn edilirdi ki, ən çox döyülənlər onlardır, amma heç də elə deyildi. Mollanın əlində çox uzun bir dəyənək vardı. Ən arxada oturan uşağın belə keçəl başına da vura bilirdi. Bundan başqa, divarda falaqqa hazır vəziyyətdəydi, lazım olanda şagirdlərin ən böyüyünün yardımı ilə (ona halfe deyirdilər) cəzalı olanı falaqqaya yatırır, yəni falaqqa vasitəsilə şagirdin ayaqları şallaqlanırdı.
İlk aylar əlifbanı avazla əzbərləməyə çalışdı.
Elif nohte nedared babacunem yad begir yad,
Be, yek nohte dared babacunem yad begir yad…
O, bunu əzbərləyincə başqa şagirdlər kimi hər günü döyulməklə keçdi.
Altıncı ayın ortalarında, bir gün necə olmuşdusa mollanın döşəkçəsinə iynə kimi nəsə batmışdı. Molla yerindən sıçradı və aləmi bir-birinə qatdı.
– Bu işi kim edibsə boynuna alsın! Yoxsa mən nə edəcəyimi yaxşı bilirəm.
Əsəd, “Bu yaramaz hərəkəti kim edib, görəsən?” – deyə fikrə getmişdi ki, birdən mollanın uzun dəyənəyi başına dəyəndə özünə gəldi.
– Mən? Yox! Vallah-billah, mən etməmişəm. Bu işdən qətiyyən xəbərim yoxdur.
– Yalan deyirsən, məlun! Hə, qalx ayağa, halfə, falaqqanı gətir, düzünü deyənə kimi döyəcəyəm onu…
– Mollam, inan ki, mən etməmişəm. Vallah, mən etməmişəm, deyirəm, niyə inanmırsan? Kimin etdiyini də bilmirəm.
– Onda kim edibsə, çıxsın ortaya.
– Mənim bu halımı görən heç ortaya çıxarmı, molla!
Bir sözlə, ortaya heç kim çıxmadı. Əsədullahla birgə dörd üşaq da falaqqaya uzadıldı və ürəkləri gedincəyə gədər döyüldülər.
İşgəncə bitdikdən sonra bir müddət ağrıdan ayağa dura bilmədi, axır ki, birtəhər dəftər-kitablarını heybəsinə yığdı. Axsaya-axsaya mollaya yaxınlaşdı, heybəsini var gücüylə mollanın sarıqlı başına keçirtdi və təhsil həyatını beləcə başa vurdu…
Geriyə boylananda, bu altı ildə “Quran”ı əvvəldən-axıra kimi əzbərləmişdi. Yəni hafiz olmuşdu. Fars dilində ana dili kimi danışa bilirdi. Fars şairi Şirazlı Sədinin iki divanı – “Gülüstan” və “Bustan”dan çoxlu şeir əzbərləmiş, ən əsası, bütün Məhərrəm ağılarını ana dilində, avazla və yanıq səslə oxuya bilirdi.
Molla, görəsən, niyə Əsədullah və onun dörd dostundan şübhələnmişdi? Çünki onlar mollaxananın qanunlarına bir elə də tabe deyildilər. Üstəlik, Əsədullah öz dünyagörüşüylə onlardan fərqlənirdi.
Əsədullah anasının bütün xahişlərinə baxmayaraq mollaxanaya qayıtmadı və oxuduqlarının üstünə biryolluq qara xətt çəkdi.
– Səni heç başa düşmürəm. Oxumasan, məktəbi qurtarmasan çətinlik çəkəcəyini bilirsənmi, oğlum? Az qalıb, artıq bir neçə il sonra Tanrının köməyilə sarığını sarıyacaq, cübbəni geyinəcək, hörmət-izzətli bir molla olacaqsan. Hələ sən bir molla ol, gör onda nələrə sahib olacağıq.
– Molla olmayacağam, çünki mollaxanaya dönməyəcəyəm!
– Gəl, inad etmə, gözümün nuru, səni oxutmaq üçün illər boyu corab, başlıq hörürəm, min bir dərdə qatlanıram. Bu qədər əziyyətin üstündən bir qələmlə xətt çəkməyə dəyməz. Atan da oxumağını, oxuyub adam olmağını istəyirdi.
– Xeyr! Getməyəcəyəm! Orada heç bir günahım olmaya-olmaya falaqqaya yatırılan mənəm, siz deyilsiniz.
– Yaxşı, sən haqlısan, mən müəlliminlə görüşüb, ona hədiyyələr verərəm. Bir daha döydürmərəm səni. Əmindən də xahiş edərik ki, araya girib, bağışladar səni. Sən də bir az dözərsən…
– Nə günahın sahibiyəm ki, molla məni bağışlasın? Məni haqsız yerə döydü deyə mollaya hədiyyə verəcəksən? Xeyr! Qətiyyən! Bir də kimsə bu işə qarışmayacaq!
– Əmin də qarışmasın? Afərin sənə!
Xanım oğlunu başa sala bilməyəcəyini anlayıb, onun əlindən tutdu, az qala süruyərək əmisinin evinə gətirdi. Ramiz əmi xaricdən gətirdiyi kitab qutularını açmaqla məşğuldu. Qutulardan çıxan hər kitabı zövqlə gözdən keçirib, kitabxananın rəfinə yerləşdirirdi. O, gələnləri görüb:
– Buyurun, – dedi.
Xanım birnəfəsə baş verənləri Ramiz əmiyə danışdı. Əsədullah susdu, heç danışmadı.
– Bir ildən sonra sarıq geyəcək, cübbə qurşanacaqdı. Amma istəmir… Bu xəyalın həyata keçməsi ümidi ilə mən illərin əzabını çiyinlərimə yüklədim. Mərhum Cavadın neft quyularında çabaladığını, əsəbini, əzabını, xəstəliyini və yoxsulluğunu boş yerəmi paylaşdım? Siz allah, ona deyin ağlını başına yığsın. Məktəbi atandan sonra bu işlərin axırı necə olacaq? Küçədəki sərsərilərin, qaragüruhçuların dəstəsinəmi qoşulacaq? Bizə yazığınız gəlsin! Bir fikirləşin, necə olacaq bizim halımız?
Ramiz əmi Xanımı uzun-uzadı dinlədi. Nəhayət:
– Yaxşı, – dedi, – ürəyinə dərd eləmə, gəlin sonrasını düşünək. – Sonra da Əsədə sarı dönüb dedi, – Oğlum, gəlin başqa bir məhəlləyə köçdüyünüzü fikirləşək. O zaman başqa bir mollaxanaya gedərsən… Hə, buna nə deyirsən?
– Əmi, anam bizim bu hadisənin sonunu yadından çıxardıb, danışmadı. Falaqqanın qayışını ayaqlarımdan açan zaman dabanlarım partlamışdı, qan içindəydi. Ağrıya güclə dözürdüm. Bir müddət yerimdən tərpənməyə çətinlik çəkdim, hətta çarıqları belə ayağıma geyinə bilmədim və bir müddət beləcə, mollanın, bir də ona kömək edənlərin üzünə baxıb qaldım. Onlar bu halımı görüb sevinirdilər, sanki hamısı bəxtəvər idi. Dizimin üstündə güclə duraraq, dəftər-kitablarımı heybəmə doldurdum, çətinliklə ayağa qalxdım, mollaya yaxınlaşdım və var gücümlə heybəmi başına vurdum. O anda düşündüyüm bir şey vardı: nə olaydı heybəm onun boynunu qıra biləcək ağırlıqda olaydı! Bundan sonra başqa mollaxanaya getməyim də bir çıxış yolu deyil, çünki bilirəm, orda da həmin şeylər təkrar olacaq və bəlkə də, daha ağır hadisələrlə üzləşəcəyəm.
Ramiz əmi heç bir şey demədi. Cavadın bu qədər rahat danışacağını, bu qədər haqlı olacağını heç gözləmirdi.
Xanımasa ancaq gözlərinin yaşını silmək qaldı və bu problemin heç biri həlli olmadığını anlayaraq yavaş-yavaş ayağa qalxdı:
– Mənasız yerə gəlmişik. Oğlan Nuh deyir, peyğəmbər demir. – Sonra oğluna sarı döndü, – Gəl gedək, – dedi, – anladıq, səndən adam çıxmaz. Mənim əziyyətim özümə qaldı. Ayıb olsun sənə. Oxumursansa heç olmasa bir sənət öyrən!
Xanım, Ramiz əmidən bu mövzuda kömək istədikdən sonra oğlunu, gəldikləri kimi, yenə də, az qala, sürükləyərək evə apardı.
Bir neçə gün sonra əmisi Əsədullahı yanına çağırdı və ona:
– Sənin məsələn barədə anana bir söz vermişdim, – dedi.
– Nə məsələ, əmi? Bilirsən ki, mən anamı çox sevirəm, amma heç vaxt mollaxanaya getməyəcəyəm!
– Gətməyəcəksən ora. Anan heç olmasa bir sənət öyrənməyini istəmişdi. Mənim bir zərgər dostum var. Onun yanında çalışsan bu peşəni öyrənib bir işin qulpundan yapışarsan. Get anana dua et ki, bu iş düzəlsin. O, sənin xoşbəxtliyini istəyir.
Əsədullah mollaxananı atandan sonra məşhur bir zərgər ustasının yanında şagirdliyə başladı. Spasskaya küçəsində zərgər dükanına sahib olan Kərbəlayi Əliyev qaraqabaq, tərs və heç kimlə yola getməyən bir adam kimi ad çıxarsa da, Bakının ən usta “naxışçı” zərgərlərindən sayılırdı.
Qısa boyu, bir az donqar, arıq, sümüklü üzü, uzun çənəsininin ucunda seyrək saqqalı, bığsız, sümüklü yekə burunu xüsusi bir görünüş verirdi ona. Üstəlik, sağ gözündə, qaşla yanağının arasında tək şüşəli gözlüyü vardı. Geyim-keçiminə olduqca diqqət edirdi. Barmaqlarında bahalı iri daşlı üzüklər, jiletinin cibində Breguet markalı qızıl zəngli saatının zənciri bir cibindən o birinə tərəf sallanırdı… Bir də şuxluğunu tamamlayan fil dişindən olan incə əsası…
Əsədullah Axundov üç il bu zərgər dükanında kuryer kimi işlədi. Alacağı əmək haqqı əvəzində daima danlaq və təhqirlərə məruz qalsa da, özünün dediyi kimi, bu, falaqqadan daha yaxşı idi. Bütün bunlara baxmayaraq ağlını işlədib zərgərliyin incəliyini diqqətlə öyrənirdi, cünki bir gün bacarıqlı zərgər ola bilərdi. İstər-istəməz verilən maaşla razılaşdı: ayda beş manat. Artıq ustasının yardımı belə olmadan hər cür sifarışı, məsələn, qiymətli qaşlarla bəzəkli “Quran” qabları, alın və boyunbağlarını düzəltməyi bacarırdı. O, bu cür asan qavrayışı ilə get-gedə ustasını təəccübləndirir və onun təqdirini qazanırdı.
Dükanda usta Kərbəlayi Qafar Əliyevdən başqa qardaşı Əlibala Əliyev də işləyirdi. O, qardaşının acığına, ya da ki, ona inad olaraq özünə fikir verməzdi; heç vaxt ütülü və təmiz şey geyinməz, qalstuk-filan taxmazdı, saqqalı və bığı da səliqəli deyildi, amma o da öz işində usta idi. Bir yandan da sadə və ürəyinin istədiyi kimi yaşamağı sevən, içki və qumara meyl etməzdi. Böyük ehtimalla elə buna görə böyük qardaşı ondan, o da öz qardaşından ayrılmağa can atardı.
Maaş təyin edildikdən bir neçə gün sonra Kərbəlayi Qafar, Əsədi qırağa çəkib dedi:
– Üç il döyülə-söyülə səni qul kimi işlətdikdən sonra, axır ki, qardaşım insafa gəlib sənə beş manatlıq aylıq maaş təyin etdi, nə deyirsən, buna razısan?
– Heç, nə deyim? Kisəsinə bərəkət.
– Amin, bunda gözümüz yoxdu. Amma sən mənimlə işləməyə razı olsan on beş manat təklif edərəm. Yaxşı-yaxşı fikirləş, onun verdiyinin üç misli…
– Anlamadım. Mənimlə işləsən nə deməkdir? Mən kiminlə işləyirəm ki?
– Sənin xəbərin yoxdu. Qulaq as. Bakının ən işlək yerində, varlı-karlı insanların alış-veriş etdikləri yerdə, yəni Mixaylovski küçəsində olduqca münasib, gözəgəlimli bir zərgər və saatçı dükanı açmışam. Burdan çıx, gəl, mənimlə işlə, aylığın on beş manat, nəğd pul. Düşün-daşın, mənə cavab ver.
– Burda fikirləşəcək nə var ki! Qəbul edirəm.
Elə ki Əsəd razı oldu, müdiri bunu eşidib onun boğazından yapışıb:
– Mənim yanımdan bir yerə gedə bilməzsən! Buradan ancaq meyitin çıxar, – ona hədə-qorxu gəldi. Eyni təhdidi Əsədullahın anasına da çatdırdı, – Oğluna de ki, ağlını başına yığsın. O, mənim işçimdir. Mən icazə verməyənədək heç bir yerə gedə bilməyəcək. Gözünün yaşına-filan baxmaram, öldürtdürərəm onu, vallah!
Böyük qardaşının sözlərini eşidər-eşitməz Əlibala qəzəbli-qəzəbli qardaşına:
– Böyük-filan dinləmərəm, əlimdə qalarsan, vallah! Əgər Əsədin başından bir tel əskik olsa, gör, necə qiyamətlər qopararam!
Əmək istismarının nə qədər gəlir gətirən karlı bir iş olduğunu o vaxtlar anladı Əsəd. Onun əməyinə ucuz qiymətə sahib olmaq üçün qardaşlar bir-birinin qanına susamışdılar. Əsəd o gün kapitalın istismar etdiyi əməyin, əslində, dünyanın yeganə dəyərli, yegənə güclü, yeganə müqəddəs sahəsi olduğunu öyrənə bildi.
Yeni müdiri Əlibala Əliyev, Əsədullahın yorulmaq bilməyən işgüzarlığı və əməyi sayəsində qısa bir vaxtda – iki aya Bakının ən məşhur varlıları arasına girə bilmişdi.
Bu müddət ərzində Əsədullah müdirinin şəxsi faytonu ilə işə gəlirdi. Az vaxt içərisində onun maaşı otuz manata qalxdı, üstəgəl, mağazanın bütün məsuliyyətini öz üzərinə götürdü.
Axundov ailəsinin, yeni köçdükləri Suraxanski küçəsindəki evində artıq kasıblıqdan əsər-əlamət qalmamışdı. Qızların ən böyüyü Tuti artıq evlənmişdi, hamiləydi. O biri qızlar da nişanlanmışdı, yaxınlarda ər evinə köçəcəkdilər.
Anası Xanım bir vaxtlar “səndən adam olmaz” dediyi oğlunun indi başına fırlanırdı.
– Mənim günahım yoxdur, – deyərdi, – iş lap əvvəldən səhv idi. Bizim dinimiz qul ilə Tanrı arasında heç bir kəsi qəbul etmədiyi bir halda din adamı yetişdirməyin heç bir mənası yoxdur. Mən səhv anlamışam. Üstəlik, sarıq və cübbə onsuz da sənə heç yaraşmayacaqdı. Yaxşı ki, sən mənə o vaxtlar qulaq asmadın.
Əlibala Əliyev müdir də oldu, amma qiyafətini dəyişə bilmədi. Müştərilər çox vaxt Əsədullahı müdir, onu isə şagird sanırdılar. Diqqət çəkən bir görünüşü vardı, çünki boy-buxunlu, ağbənizdi. Gözlərinin qəribə bir parıltısı vardı: açıq yaşıl, bənövşəyi… Dodaqlarından təbəssüm əskik olmurdu. Bəyaz, bir az yumru üzündəki qara bığı qəribəydi, amma ona çox yaraşır, başqa bir görkəm verirdi: özündən əminlik, əzmkarlıq…
– Buradan getmək istəsən, heç vaxt xəbər eləmədən getmə. Mənə deyib, elə get. Mən sənin zərgərlikdə az rast gəlinən, nadir bacarığı olan bir usta olduğuna inanmışam, haqlarını həmişə qorumuşam.
– Sağ ol, müdir, usta olmağım mənim üçün yetərli deyil. Ətrafımızda vacib hadisələr baş verir. Onlardan baş açmaqda acizəm. Məsələn, çox qısa bir zamanda bir çox varlı iş adamı ortaya çıxdı. Dünənə kimi varlıqlarından belə xəbərsiz olduğumuz Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullahyev, Murtuza Muxtarov kimi zənginlərimiz var artıq. Ümümi olaraq yaxşı işlər də görürlər, həm də get-gedə çoxalmaları bizim işimizə sərf eləyir, amma cəmiyyətdə yoxsulluq da sürətlə artır, bu da ölkə səviyyəsində narahatlıq yaradır.
– Narahatlıqdan bizə nə? Bizim məqsədimiz, o saydığın varlı iş adamlarının səviyyəsinə yüksəlməkdir.
– Mənim məqsədim o deyil, cəmiyyətdə tarazlığın qurulmasıdır. Həm də mənim maraq göstərdiyim çox şey var. Məsələn, Avropada nələr baş verir? Rusiya qaynayır, deyirlər. Maraqlanıram, amma rus dilini yaxşı bilmədiyimə görə hadisələrin gedişini izləyə bilmirəm. Ayrılmağa gəlincə, çox sağ ol, soruşmağın yaxşı oldu, işdən çıxmağı, özümə bir dükan açmağı, əlbəttə, düşünürəm.
– İşə bax ha! İndi vaxtı deyil! Həm də mən sənin maaşını otuz manatdan əlli manata qaldırmaq istəyirəm.
Müdirin kefi pozulmuşdu. Çox vaxt etdiyi kimi dükanı Əsədə təhvil verib, dənizin sahilindəki bulvara tərəf getdi. Bulvarda Güney Azərbaycandan gələn, iş axtaran bir çox insan vardı.
– Əsəd haqlıdır, yerdən göyə qədər haqlıdır. Bakıda neft sənayesi inkişaf etdikcə, bir varlıya qarşı yüzlərcə kasıb fəhlə, ya da işsiz ortalığı qarışdıracaq.
Dənizə baxan, yaşıl bir ağacın altındaki bir skamyada oturaraq düşüncələrə daldı.
“Heç nəzərə almadığımız başqa bir məsələ də İrandan gələn bu işsizlər ordusu bizimkilərdən daha geri, daha qaba və daha təhlükəlidir, çünki başqa çıxış yolları yoxdur…Vay bizim halımıza”.
1894
Bakının məşhur varlı sahibkarları, tacir və tüccarların qabaqcılları, xüsusən şairlər, ədiblər və rəssamlardan ibarət qələbəlik kitabxana və oxu zalının açılışında bir yerə toplanmışdılar. İnsanlar arasında Əsədullah Axundov da vardı və o, çox həyəcanlı görünürdü.
Nəriman Nərimanov açılış nitqində dünya tarixində olan kitabxanalar haqqında ətraflı danışdıqdan sonra əlavə etdi:
– Bizə gəlincə, – dedi, – bildiyim qədərilə, XIII əsrdə Nəsrəddin Tusinin Marağada Rəsədxana Kitabxanası ilə XVI əsrdə Şah İsmayıl Xətainin Saray Kitabxanasından sonra, XIX əsrdə Bakıxanov və Mirzə Fətəli Axundzadənin şəxsi kitabxanalarının hər biri özünəməxsus xəzinədir. İndi açılışını etdiyimiz bu mədəniyyət evi kitabxana olmaqdan əlavə, ölkəmizin və qonşu ölkələrin köhnə və yeni nəşrlərini, qəzet, jurnal və kitablarını xalqımızın əldə edib oxuması üçün daim açıq olacaq.
Rəsmi danışıqlar bitdikdən sonra dostlar, tanışlar dəstə-dəstə ayrıldılar. Əsədullah kitabçı dostu Təbrizli Əli Əkbəri Füzuli haqqında söhbət edərkən onların arasında gördü.
– Bağdadlı Füzulinin ərəbcə və farsca divanlarından başqa türk dilində divanı olması onu fars oxucularının gözündən salıb. Ona görə mən belə deyərdim ki, Füzulinin şeirlərini bütün türk xalqları arasında yaymaq lazımdır. Dinləyin onu, görün nə deyir:
Ol səbəbdən fars ləfzilə nəzm çoxdur kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm,
Növbahar olğac tikəndən bərgi-gül izhar olur.
Əsəd mollaxanada keçən son falaqqalı gününü xatırladı. O gündən sonra ərəbin kitabından, farsın şeir divanlarından uzaqlaşdı, bundan sonra Füzuli onun könlündə taxt qurdu. Çünki ana dilində, yəni türk dilində yazmışdı şair. Bəzi şairlərsə nədənsə bu gücü özlərində tapa bilməmişdilər.
– Məsələn, kim?
– Məsələn, Xəqani, Nizami…
– Onların hər biri İran ədəbiyyatının abidəsidir.
– Ola bilər, amma ikisi də azərbaycanlıdır.
– Axı, onlar farsca yazıblar, bunu nəzərə al.
– Olsun. Axı, mən də “nə səbəbdən bəzi şairlərimiz türkçə yazmaq gücünü özlərində tapa bilməmişlər?” – dedim. Haqlı deyiləm?
– Haqlısan. Onlardan yalnız Nizami türkü və türkçülüyü mədh edib öz şeirlərində.
– Bunda nə var ki?
– Nə olduğunu mən sənə deyim, deməli, azərbaycanlılar türkdür.
Özündən aslı olmadan onun Aristotel məntiqi yürütməsinə güldü:
– Xeyr, bu, Aristotel məntiqi deyil: bu, riyaziyyatın “ikini ikiyə vuranda dörd edir” məntiqidir.
Nərimanov Mədəniyyət Evi onun bir çox ziyalılarla tanış olmasına səbəb olmuşdu. Heç bir incəsənət və mədəniyyət yığıncağından qalmazdı Əsədullah Axundov. Bu qurumun imkanlarından yararlanaraq xaricdən bir çox kitab gətizdirə bildi. İndi o, uşaqlıq illərində heyran qaldığı Rasim əminin kitabxanasından daha böyüyünə sahib idi. Füzuli, Nəsimi və Xətainin əsərlərilə yaxından tanış olduqdan sonra, uşaqlığında ən çox marağını cəlb edən Mirzə Fətəli Axundzadənin əsərlərini də əldə etmişdi.
* * *
Əsədullah Axundov öz iş yerini qurarkən iyirmi beş yaşında idi və iyirminci əsrə iki il qalmışdı. Səkkiz il Əliyev qardaşlarının yanında işlədikdən sonra, görkəmli Metropol otelinin (indiki Nizami muzeyi) nəzdində təkbaşına bir zərgər-saatçı mağazası açdı. Təbii ki, müdiri bu işin qarşısını almaq üçün əlindən gələni etdi, amma istədiyinə nail olmayınca, o da böyük qardaşı kimi, əgər bu qərarından vaz keçməsə onu öldürtdürəcəyi ilə hədələdi.
“Əlbəttə, dediyini edər! Hər gün onlarla insan şəhərin ortasında qoçular tərəfindən güllələnərək öldürülür. Mənim başqa əlacım yoxdur, necə olur-olsun müdirin tabeçiliyindən çıxıb, öz həyatıma lazım olan bir yol seçməliyəm. Mənim hər şeydən əvvəl özümü inkişaf etdirməyim, ətrafımda və dünyada baş verənləri tanımağım lazımdır. Bunun üçün birinci növbədə rus dilini yaxşı öyrənib, bu çatışmazlığımı aradan qaldırmalıyam”.
Müdir öldürtmədi Əsədullahı. Əsədullah mağazasını ürəyi istədiyi kimi bəzədi və lazımı qədər cib saatı, qiymətli daşlarla işlənmiş bijuteriya hazırladı. Artıq hər şey hazır idi və özünə köməkçi axtararkən Nəriman Nərimanov onu bir nəfərlə tanış elədi.
– Bu İvan Terpovdur. Moskvalı, yüksək təhsillidir… Ona çox güvənirəm. Mahaçqalada bir çeçen ustadan zərgərlik öyrənib. Onu yanına alsan, həm işinə yarayar, həm də ruscanı istədiyin kimi öyrənməyində sənə köməyi dəyər…
İvan Terpov, Əsəd yaşında cavan oğlandı. Onun idmançı kimi bədəni vardı; tipik slavyan, saçları sarı, gözləri mavi idi. Dərhal işə başladı. İvan təkcə zərgərliklə məşğul olmayıb, üstəlik, sabahdan axşamadək Əsadullaha vasvasalıqla rusca öyrədir, ona dünyada baş verənlərdən, çox zaman da Rusiyada cərəyan edən hadisələrdən söz açırdı.
Əsadullah, İvandan bunları öyrəndiyi üçün xöşbəxt idi. Sanki o, artıq cəmiyyətin qurtuluşu üçün bir çıxış yolu tapa biləcəyinə özündə güc hiss edirdi. İçinin sevinclə dolu olduğu bu günlərdə həmişə bir konsertə və ya teatra, operaya getməyi adət halına almışdı. Bakıya gələn aktyor Şalyapin ilə xanəndə Cabbar Qaryağdıoğlunun dostluğu haqda qəzetlərdən bu xəbəri oxuyub fəxr hissi keçirmişdi. Əsadullah o gecə Cabbarın konsertinə getdi. O, sanki zaldakı məbədində dua edən bir dindarın duasıyla ovsunlanmışdı. “Dua ediləcəksə belə edilməlidir”, – deyə düşundü. Həmin gecə uzun müddət onu narahat edən məsələlərdən uzaqlaşdı, bir qədər rahatlıq tapdı. Cabbarın gah sakit, gah da üsyankar səsiylə yoğrulmuş mahnılarımı onu bu fikirə sövq eləmişdi? Gör, nə vaxtdan bəri dua etmir, namaz qılmırdı? Çoxdan… Amma anası evdə ara vermədən xeyir-duasını və namazını əskik etməzdi. Onun namaz qılmamasının səbəbi son falaqqadan sonraki üsyanı idi?
– Xeyr, ola bilməz! Fikirləşirəm ki, dindən uzaqlaşmışam mən. Çünki heç bir problemimizi həll etmir.
– Yaxşı, bəs çarə nədir? Problemlərin həlli necə reallaşır?
Bu işlərin çıxış yolu insanlarda olmalıydı. İnsanların düşüncələrində, yazdıqları kitablarda…
Əsədullah Axundov əldə etdiyi peşəyə, açdığı mağazaya o qədər də əhəmiyyət vermədən, günün əksər hissəsini Nərimanov kitabxanasında müxtəlif kitablar axtarmaq, oxuduqlarını tanış olduğu ziyalılar ilə müzakirələrdə keçirirdi. Bir gün o, İvan Terpovun ona məsləhət görduyü Nikolay Qavriloviç Çernişevskinin “Nə etməli?” romanı ilə tanış oldu. Bu əsəri o İvan Terpovla birlikdə düz beş dəfə oxumuş, sonra Nərimanov kitabxanasında yazıçının vəfatının onuncu ili münasibətilə keçirilən müşavirədə nitq də söyləmişdi.
Önəmli bir sınaqdan böyük uğurla çıxmışdı bu ilk təşəbbüsü ilə. Həyəcanlı və tər içindəydi, üstəlik, çox yorulmuşdu. Dinləyicilər onu tərifləyərək təbrik etdilər.
– Bu cür maarifləndirici müşavirələrin davamı olacaqmı?
– Olacaqsa, nə vaxt?
Bu sualların cavabını menecerlərə həvalə etdi. Salon getdikcə boşaldı, qalan üç-beş nəfər və İvan onu dövrəyə aldı. Əvvəlcə Nəriman Nərimanov onu sevinclə təbrik etdi, sonra Məşədi Əzizbəyov, Soltan Məcid Əfəndiyev və Məhəmməd Əmin Rəsulzadə.
Hamıya gülər üzlə baxırdı Əsədullah Axundov.
– Mənə qulaq asaraq şərəfləndirdiniz… Hamınıza minnətdaram.
Nəriman Nərimanov dostları ilə daha öncə razılığa gəldiyi mövzuya keçdi:
– Sizinlə başqa bir məsələ ilə əlaqədar görüşmək istəyirik. Qarşıdakı bir neçə gün ərzində görüşə bilərik?
– Şərəf duyaram, sizi yeni açdığım dükanda qonaq etmək istəyərəm. Saatçı və zərgər adı daşıdığımdan heç kimdə şübhə oyandırmaz, üstəlik, dükanın arxasında geniş və rahat bir otaq var.
Görüşün yeri barədə dərhal razılığa gəldilər, gün və saata gəlincə, o da müəyyən olundu: bu gün və elə indi.
Metropol Bakının yeni inşa edilmiş görkəmli otellərindən biriydi. Əsədullahın mağazası otelin alt mərtəbəsində yerləşirdi; xarici görünüşdən birotaqlı olsa da geniş və hündürdü. Üstəlik, arxasında geniş bir emalatxana vardı. Zərgər dükanının üç işçisi bir an da dayanmadan aldıqları sifarişləri hazırlayırdılar. Son sözü özü deyirdi. İvan da işçilərdən biriydi, amma vaxtının çox hissəsini Əsədullahın təhsilinə ayırırdı.
– Bildiyiniz kimi, Rus Sosial Demokrat Fəhlə Partiyasının Bakı şöbəsini qurmuşuq. Və bu partiyanın ilk azərbaycanlı üzvü olaraq sizi qəbul etmək istəyirik. Nə deyirsiniz?
– Şərəf duyaram!
O anda bu günə qədər keçən həyatı gözunun qabağında canlandı. “Əgər, – dedi öz-özünə, – mollaxanadakı müəlliminə döşəmədəki iynə, ya da hər nəsə batmasaydı, indi yəqin ki, sarıqlı, cübbəli bir molla kimi minarəyə çıxınb azan oxuyar, Məhərrəm ayında hər cümə axşamları evlərə gedib mərsiyə deyərdi”.
Güldü və təkrarladı:
– Şərəf duyaram, yoldaşlarım. Məni bu işə xalqımın ehtiyacları, bir də İvan Terpov yönləndirdi… Özümü ona borclu sayıram. Sizin qarşınızda ona öz minnətdarlığımı bildirirəm.
Söz İvana veriləndə o, Əsədullahın düşüncə, obyektiv reallıqları dərk etmə, mühakimə yürütmə və nəticə çıxarma bacarıqlarını təriflədi. Əsədullah utanmış, ağ üzü qızarmışdı. Dərhal mövzunu dəyişdirməyə ehtiyac duydu və bu məqsədlə:
– Şişirdirsən, İvan Terpov, – dedi. – Xatırlatmaq istədiyim vacib bir məqam var: mən nəinki sadə müsəlman camaatımızı, hətta ziyalımızı və fəhləmizi bu partiyaya cəlb etməyimizdən çox da əmin deyiləm.
Düşüncələr içində susdu Əsədullah Axundov, bununla əlaqədar Soltan Məcid Əfəndiyev qaşlarının çatdı. Nəriman Nərimanov onun daha nə deyəcəyini maraqla gözlədi. Məhəmməd Əmin Rəsulzadə isə heç gözlənilmədən onu dəstəklədi:
– Doğrudur. Xalqımız siyasi qarışıqlıqdan və rəhbərliyin təzyiqindən haqlı olaraq çox qorxur… Əsədullah haqlıdır.
– Yaxşı, bəs nə məsləhət görürsünüz? – bunu deyən Məşədi Əzizbəyov idi.
– Gəlin, müsəlman xalqına xitab edən leqal bir cəmiyyət quraq. Cəmiyyətin ictimai və mədəni fəaliyyəti ilə xalqın qarşısına çıxaq. Təbii ki, cəmiyyət partiyanın tabeliyində olmalıdır. Onu qurmaq məsuliyyətini mən boynuma götürürəm.
Yenə də onu ilk dəstəkləyən Məhəmməd Əmin Rəsulzadə oldu:
– Əgər dostlar məsləhət görürlərsə mən də cəmiyyətin nizamnaməsini yazaram, nəticə barədə sizə məlumat verərəm… Bu məsələ ilə bağı ikinci yığıncağımız mənim evimdə olsun.
Bakının Novxanı kəndində anadan olan Məhəmməd Əmin Rəsulzadə orta gəlirli bir din adamının oğlu idi. İlk təhsilini ev şəraitində aldıqdan sonra texniki məktəbə daxil olsa da, təhsilini davam etdirə bilməyib, özünü çar rejiminə qarşı bir inqilabçı kimi yetişdirmişdi. İştirak etdiyi toplantılarda duyğu və düşüncələrini, bir sıra məsləhətlərini gözəl bir müraciət formasında çoşqu ilə anladır, bununla əlaqədar bir çox məqalələr yazıb çap etdirirdi.
Gözəl bir yaz günü idi. Məmməd Əmin Qaladibi parkında gəzən, bir-biriləri ilə zarafatlaşan gənclərə rast gəldi. Onlar bir-birilə öz ana dillərində deyil, çətinlik çəkə-çəkə rus dilində danışırdılar. Onların hamısı Məmməd Əmin yaşda olardı. Bu mənzərəni görən Məmməd Əmin o anda özünü saxlamayıb onların yaxınlaşdı:
– Uşaqlar, deyin, niyə buna məcbur edirik özümüzü? Əslində, diqqət etdim, bir-birinizə dediklərinizi öz ana dilinizdə söyləsəniz, daha mənalı, daha təsirli olar, məncə…
Aralarından biri onu ciddiyə almadan “Sənə nə?” – dedi, o birilər də davam etdirdilər oyunlarını. Dərdini anlada bilməmişdi. Kefi pozğun halda evə gəldi. Əlinə qələmi götürüb bir-iki sətr söz qaraladı.
“İdiki vəziyyətdə müstəqilliyimizi tapmışkən, işğalçı bir millətin dilini aramızda yaymaq böyük bir xətadır…”
Tiflisdə Türk dilində nəşr edilən Şərqi-Rus adlı qəzetin Məhəmməd Əmin Rəsulzadənin bu məqaləsini nəşr etməsi ilə onun yazıçılıq həyatı başlamış oldu. O, məqaləsinin nəşr olunmasını eşidəndə duyduğu sevinc hissini sözlə ifadə ediləcək kimi deyildi. Sanki gözlənilmədən dəyərli bir şeyə sahib olmuşdu. Təbii ki, bu sevinc onun halal haqqı idi.
Yaşadıqları evdə onunla həmfikir gənclər qapısı çölə açılan otaqda toplanırdılar. Onlar evdəki zəngin kitabxanadan faydalanıb, türkcə danışıb, nələrisə müzakirə edərdilər.
Cəmiyyətlə bağlı nəzərdə tutulan ikinci toplantı da bu evdə keçirilirdi.
– Adı nə olsun?
– Dostluq? Qardaşlıq? Azadlıq? Ya da ona bənzər bir şey.
Məhəmməd Əmin Rəsulzadə otağın divarında asılmış lövhədə ərəbcə bir cümlə göstərərək oxudu:
– “Hümmet-ül rical, takli-ul cabal.” – Sonra onu türkcəyə tərcümə etdi, – “Ərlərin hümməti, devirər dağları”. Gəlin, cəmiyyətimizin adını “Hümmət” qoyaq.
“Hümmət” adını cəmiyyət üçün hamı uyğun gördü. Eyni adla bir də jurnal nəşr etmək qərara alındı ki, bu qərar Məhəmməd Əmin Rəsulzadənin sevincini birə-beş qat artırdı.
– Məncə, bu cəmiyyət, üzvlərinin milli hislərini daha da canlandırmaq, ana dilimiz tədris olunmayan məktəblərin şagirdlərinə də öyrətmək, ədiblərimizi xalqımıza yaxından tanıtmaq, onların əsərlərinə jurnalda yer vermək məqsədi güdəcək. Bununla yanaşı, çar üsuli-idarəsinə qarşı yazıları da, inqilabi şeirləri də yeri gəldikcə dərc edəcək.
Əsədullah söhbətə qoşuldu:
– Fəhlələrin arasına çıxıb, sistemli bir şəkildə azadlıq və inqilab düşüncəsini yaymağa nə deyirsiniz?
– Qəbul edirəm, tamamilə sizinlə razıyam.
Doğrudan da o, heç bir yığıncağı buraxmadan qəzet və jurnallara ardıcıl məqalələr yazdı.
Sonradan baş verən hadisələr haqqında yaxın silahdaşı Abbasqulu Kazımzadəyə belə deyirdi:
– Ümumiyyətlə, Rusiya imperiyasından bir şahzadə tərəfindən idarə edilən Qafqazın mərkəzi Tiflisdə menşeviklər, neft emalı sahəsində bir sənaye bölgəsi olan Bakıda mədən və liman fəhlələri arasında bolşeviklər kök saldılar. Əslində, bildiyin kimi, bu iki fraksiya sosial-demokratların keçənilki məşhur London konfransında bir-birindən ayrıldı. Yənə də bildiyin kimi, Lenin bolşeviklerin, Martov menşeviklərin lideri olaraq qalır… Çara qarşı müharibə aparırıqsa, hal-hazırda bir yerdə mübarizə etməyə məcburuq. Bəs hansı fraksiya ilə? Əlbəttə ki, bolşeviklərlə! Ancaq onlar lazım olan inamı təmin edərlər”.
“Hümmət” jurnalı bunları olduğu kimi çap etdi. Hacı Molla Əli Əkbər jurnalı oxuyandan sonra oğlunu sorğu-suala çəkdi. Məhəmməd Əmin Rəsulzadə atasına belə cavab verməli oldu:
– Atacan, sadəcə fikrimi, düşüncəmi açıqlayan əlinizdəki bu məqalə başqaları tərəfindən oxunması üçün çap olunub. Amma fikrimin əvəzinə bir hadisə də ola bilərdi, məsələn, bomba… Bax, onda o bombanı da lazım olan yerə atardım!
Rəsulzadənin atası oğlunun bu cavabına çox qəzəblənsə də, hələ susmağı lazım bildi.
1904
Havaların tez qaralması Metropoldaki iş yerlərinin vaxtından gec bağlanmasına səbəb oldu… İvan Terpov təhsilini bitirib, Moskvaya – anasının yanına qayıtmışdı. Əsədullah şagird və köməkçilərini evə erkən buraxmışdı. Özü isə saatçı-zərgər dükanının qapı-pəncərəsini bağlayıb küçəyə çıxanda hava artıq qaralmağa başlayırdı. O, yaxası kürklü qalın paltosu, başında buxara papaq, əlləri cibində şəxsi faytonuna minərək evinin yolunu tutdu. Qayğısızdı, yenicə çapdan çıxan “Kommunist Manifesti”ni çox yerə yaya bilmişdi…
Boğazınadək siyasi işlərə başı qarışan oğlunu kədərli görən anası Xanım:
– Oğlum, – dedi, – bax, sənə bu işlərə qarışma, bu işlər təhlükəlidir, demirəm. Artıq böyümüsən, maşallah, 31 yaşına çatmısan… Amma bir az da ətrafınla maraqlanmağını istəyirəm.
– Anacan, mənim etdiklərim onsuz da ətrafıma olan marağımdandır. Özüm üçün bir şey etmirəm ki.
Xanım güldü:
– Yaxşı, elədirsə bir az da özünə gün ağla.
– Nə edim ki? Necə lazımdır yeyirəm, necə lazımdır geyinirəm, daha nə istəyirsən?.. Oxuyuram, yaxşı bir işim var.
– Bəs etməz bu saydıqların. Həyatın səndən gözlədiyi başqa şeylər də var. Bir az fikirləş! Bax, bacılarının üçü də evlənib, ailə qurublar.
– Mənim başımı qaşımağa vaxtım yoxdur. Sən də mənə nağıl danışırsan. Di, söylə görüm, həyatın məndən gözlədiklərini.
– Fikirləş, fikirləş!
– Fikirləşə bilmirəm, bir az kömək edə bilərsən mənə? Həm də bir şey etməliyəmsə və bunu edə bilmirəmsə, sən et, nə olar.
– Onsuz da çox şey etmişəm. Bax, oğlum, bizim bu Hacı Əhməd var ha.
– Hansı Hacı Əhməd?
– İçərişəhərli.
– Hə, nə olub ki, ona?
– Ona bir şey olmayıb. Qızı Səriyyə, çox gözəl, çox sevimli, bacarıqlı, əlindən hər iş gələn bir qızdır… Onu sənə istədim!
– Nə? Mənə istədin?
Əsədullah təəcübləndi, amma anasına bir yandan da haqq verirdi. Hazırlıqlar bitəndən sonra, o, istər-istəməz bir az ənənələrə uyğun, amma sadə bir toy mərasimi ilə evləndi Səriyyə ilə. Evləndi, amma bu dəyişiklik onun xasiyyətini dəyişdirmədi. Artıq peşəkar inqilabçı adını qazanmışdı. “Hümmət”dəki ikiillik fəaliyyətini artıq kafi görmürdü. Məsləkdaşları ilə bəzi məsələləri dönə-dönə müzakirə etdikdən sonra “Nicat” Maarif Cəmiyyətini yaratmalı oldular. Bu cəmiyyət ana dilində ədəbiyyat və teatrın inkişafında mühüm rol oynayacaq, Bakı və ətrafında oxuma-yazma kursları açacaq, kitabxanalar yaradacaq, xüsusilə də xalqın mənafeyini hər şeydən üstün tutacaqdı. Ən əsası da, bu cəmiyyət xalqın hər üzvünə fikir və siyasi fərq qoymadan açıq fəaliyyət göstərməyə başladı və bütün lazımi işləri yerinə yetirdi.
Nəticə olaraq, dövrün məşhur demokrat və milliyətçi ziyalılarından olan Həsən bəy Zərdabi, Mahmud bəy Mahmudbəyov, Üzeyir bəy Hacıbəyli, tanınmış bolşeviklərdən Nəriman Nərimanov, Məşədi Əzizbəyov müxtəlif dövrlərdə Nicat Cəmiyyətinə rəhbərlik etdilər. Dövrün məşhur aktyorlarından Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseynqulu Sarabski və s. cəmiyyətin teatr qanadında fəaliyyət göstərdilər.
Öz fəaliyyəti dövründə Nicat Cəmiyyəti bütün klassik teatr əsərlərini səhnələşdirərək xalqın rəğbətini qazandı və ən önəmlisi, xalqı bu teatra və özünə bağlaya bildi.
Nicat Cəmiyyətinin müdaxıləsilə Gəncə, Şamaxı, Lənkəran və Ağdamda dəyişik adlarla bir sıra həmrəylik cəmiyyətləri və məktəblər açıldı. Qafqaz Müsəlman Müəllimləri I Qurultayının keçirilməsi reallaşdırıldı. “Nicat” adlı həftəlik türkcə nəşr olunan jurnal cəmiyyətin fəaliyyətini daha da genişləndirdi.
* * *
Əsədullah Axundov, Nicat Cəmiyyətinin idarə heyətində kassir kimi fəaliyyətə başladı. O, “Oxranye Otdeleniye” tərəfindən davamlı olaraq nəzarət altında saxlanılırdı. Çünki Əsədullah Axundovun saatçı və zərgər dükanı şəhərin bütün bolşeviklerinin xəbərləşmə, gediş-gəliş və toplanma məkanı, xüsusən partiya və iki cəmiyyətin gizli fəaliyyətinin dayaq nöqtəsi idi.
Bir axşamüstü iki mülki geyimli “Oxrana” nümayəndəsi vitrindəki ləl-cəvahirat və saatlara baxmaq bəhanəsilə müştəri kimi içəri daxil oldu. Amma özlərini o yerə qoymamaqları, hətta köhnə və nimdaş geyimləri belə oynadıqları tamaşanı gizlədə bilmirdi.
Onlardan qabaqdakı:
– Biz mülki təhlükəsizlik təşkilatındayıq, – dəyərək özünü çətinliklə təqdim etdi və, – bu, adət edilmiş, davamlı bir yoxlamadır, – deyə dili topuq çaldı.
Əsədullah həyəcanlanmadan və bir azca sərt:
– Nə yoxlama imiş bu? Bizim sənədlərimiz yerindədir! Biz bu tərəflərin ən hörməti sənətkarıyıq. Bizi hamı tanıyır. Şəxsən qubernatorun özü ən yaxşı müştərimizdir.
Qubernator sözünü eşidincə vəzifəli şəxs bir az özünü yığışdırsa da təvrini heç pozmadan:
– Əlbəttə, hər şeydən xəbərimiz var, müştərilərinizin hamsını tanıyırıq. Xahiş edirik, narahat olmayın. Bu, sadə bir yoxlamadır… Lütfən, işimizə mane olmayın.
Sonra çiyni tüfəngli iki əsgər içəri girib qapının ağzını tutdu. Onların arxasınca da daha dörd mülki geyimli içəri girib, arxaya – atelyeyə keçdilər və köməkçi ilə şagirdi çölə çıxarıb küçədə gözləyən faytona soxdular. Sonra axtarış başlandı: yığın-yığın kitab, qəzet və broşuraları çuvallara doldurdular…
“Nə qədər də cox imiş”, – Əsədullah ürəyində dedi.
Çağırılmamış qonaqlar məsələnin ciddiliyinə varmayıb, çuvalları çölə çıxararaq at arabasına yüklədilər.
– İşinizi qurtardınız?
Cavab verən olmadı. Dörd vəzifəlidən biri, ən qısa boylusu kök olanını bir müddət gözlədikdən sonra:
– Qurtardıq, qurtardıq… Vəssalam. Biz bunları araşdıracağıq. Ümid edirik, içində qadağan olunmuş kitab tapmarıq. O zaman bircə səhifəsi də itməz, inanın, gəlib mərkəzdən götürərsiniz. Mən indi bir protokol yazacağam, həm də bir qəbz yazacağam. Qəbz sizdə qalacaq, çalışın itirməyin, – dedi. Sonra əllərini ovuşduraraq vitrinlərə yaxınlaşdı, – Aman Allah, nə qədər də gözəldi… İnanılmaz… Hamsını siz düzəltimisiniz?
– Bəli! Bunlar müştərilərindir.
– Anladım. Başa düşdüm, vitrindəkilərin hamısı müştərilərindir. Onsuz da müştərilər bunların haqqını ödəyiblər, nəsə götürsək kəsiriniz olmaz yəqin ki? – hamısını diqqətlə çantasına yığdı. Əsədullah buna müdaxilə etmək istəyəndə, əsgərlər onu uzaqlaşdırdılar. – Müştərilərin olsa da heç bir şey itməyəcək. Əmin olun, hamısı üçün qəbz verəcəyəm; üzüklər üçün, bilərziklər üçün, nə bilim, hamısı üçün. Saatlar üçün də ayrı bir qəbz… Baxın yazıram: “Müştərilərə aid külli miqdarda ləl-cəvahirat…”. Hə, oradakı saatları qeyd edək: “Saatlar nadir marka Avropa malı saatlarıdır. Qızıl saatlar, brilliant-filan…” Hə, Əsaddullah Cavadoviç Axundov, indisə seyfi açın!
Əsədullah tərpənmədi.
– Lütfən, amma bizi güc işlətməyə məcbur etməyin! Lütfən!..
Yerindən tərpənməyən Əsədullahı əsgərlər silahlarının qundağı ilə itələyərək onu seyfi açmağa məcbur etdilər. Açdı. Qızıl külçələri, qutular dolusu nadir daşlar, yaqutlar, sapfirlər, brilliantlar, sonra banknotlar, sənədlər, nadir kağızlar… Hamısını yığışdırandan sonra, qəbz dedikləri kağız parçasına “və başqa, və başqa” deyə əlavə etdi mülki polis.
Əsədullah əsgərlərin qundağına məruz qalanadək heç bir şeyin fərqində deyildi. Hər şey səhnədə oynanılan bir komediya kimi idi onunçün. Ya da gördüyü sanki yuxu idi. Çiyninə və belinə dəyən zərbələr silkələmişdi onu. Artıq ayılmışdı və vəziyyətinin nə qədər ağır olduğunu anlamağa başlamışdı.
Oxranalar və əsgərlər mağazanı necə lazımdı soydular. Atelyedəki avadanlığı da götürdülər, təkcə samovar qaldı, çay stəkanları, boşqablar, kreslolar, masalar… hamısını götürdülər. Bircə külqabı, boş bir su şüsəsi, süpürgə, xəkəndaz və bir də Əsədullah Axundov mağazanın ortasında tək-tənha qaldı…
* * *
– Koba ləqəbi bir gürcü var, bilmirəm, eşitmisənmi? Bolşeviklərin qabağa çıxanlarından. Hamı ondan danışır. İpə-sapa yatmayan Koba…
– Bəli, – Məhəmməd Əmin Rəsulzadə dedi. – Qeyri-adi adamdır, mən də danışacaqdım sənə o haqda. Neft Fəhlələri İttifaqında katib işləyirdi ha, mənim əmim oğlu Məmməd Əli, Koba bizimlə görüşmək istədiyini söyləyib ona.
– Görüşəcəksən?
– Əlbəttə… Sən də orda ol!
Kobanın təklifinə görə, Məmməd Əmin və Abbasqulu Kazımzadə Bakı kəndlərindən Balaxanıda yerləşən təmizləmə evlərinin yaxınlığındakı fəhlə baraklarının birində, olduqca sadə bir otaqda görüşdülər.
Qapını barakda yaşayan fəhlə açdı, gələnləri içəri dəvət etdi. İçəridə Koba tək idi, ayaq üstə gözləyirdi. Arıq bir cavan oğlan orta boylu, sıx və tünd saçları alnını daraltmış, qara pələ bığlarının ucları iti, üzünün xəfif çiçək solğunluğunda ciddi bir təbəssüm… Əynində boz bir şalvar, onun üstündə hörmə bənövşəyi kazak jaketi, ayağında çəkmələr…
Koba, qonaqları səmimiyyətlə qarşıladı. Gürcü ləhçəsi açıq-aşkar bəlli olan qarışıq rus dilində danışdı, amma çox rahat…
Hal-əhval tutub, bir az qaynayıb-qarışdıqdan sonra:
– Hamıdan tərifinizi eşitdiyim üçün sizinlə görüşməyi arzuladım, – deyə Koba sözə başladı. – Ortaq düşmənimiz olan çarizmə aid fikirlərinizi öyrənmək üçün dəvətimi qəbul etdiyinizə görə minnətdaram.
Məhəmməd Əmin Rəsulzadə də öz qarışıq ruscası ilə bu incə giriş nitqini cavablandıraraq təşəkkürunü bildirdi və bunları dedi:
– Ölkəm yarım əsr əvvəl çar imperializmi tərəfindən istila olunaraq, ona tabe edilib. Bu müddət ərzində bütün milli qurumlarımıza qarşı yoxetmə siyasəti aparan çarizm hələ məqsədinə tam çatmayıb. Bu məqsədlərinə çatacağına da inanmıram! Yəni, xalqımız milli xüsüsiyyətlərini itirməyərək, həm də azadlıq və müstəqillik düşüncəsini mənimsəyən bir nəsil, aydın bir nəsil yetişdirməkdədir.
Gülümsərəyək Rəsulzadəni dinləyən Koba cibindən tütün kisəsini çıxardıb, asta-asta qəlyanını doldurdu. Barak sahibi bir fəhlə o dəqiqə bir kibrit axtarib tapdı. Koba piporosunu yandırıb, aldığı bir qullabla otağı toz-dumana bürüdü:
– Sizi anlayıram, – dedi. – Anladığıma da inanıram. Bir neçə cümləylə fikrinizi bildirdiniz. İcazə versəniz, mən də özümüzdən bir az ətraflı danışaram.
Qulplu, ağzı açıq, kiçik bardaqlara doldurulan çaylar süfrəyə gətirilidi. Koba qabağındakı çaydan üfürərək bir qurtum aldıqdan sonra sözünə davam etdi:
– Biz fəhlə sinifini təmsil edirik. Şübhəsiz, tarixdə proletariat sinifinin digər siniflərə nisbətən daha az imtiyazı var. Və bizə görə dünyadakı bütün ədalətsizliklərdə mülkiyyət hüqüquna əsaslanan kapitalist sistemi məsuliyyət daşıyır. Fikrimizcə, dünyanı həqiqətən xoşbəxt görmək istəyənlər, azadlıq və ədalətdən yana olanlar bu sistemi kökündən çıxarıb atmalıdırlar.
Məhəmməd Əmin Rəsulzadə bir söz demədən onu dinləyirdi. Koba sönən papirosunu yeniden yandırdı və söhbətini davam etdi:
– Millətləri, zəhmətkeş xalqları zülm və istibdad altında saxlayan çarizm bu sistem üzərində qurulub.
Yenə bir az susdu, gözləri naməlum bir nöqtəyə zilləndi. Hər halda, əməkdaşlıq etmək istədiyi Məhəmməd Əmin Rəsulzadənin qrupu ilə, özünün təmsil etdiyi bolşeviklər arasındakı sərhəd xəttini qeyd etmək istəyirdi. Yenə sözləri təkrar-təkrar arxa-arxaya və bir az da fasilələrlə düzüb:
– Çarlığın kökünü dibindən qazmaq üçün mülkiyyət hüququnu ortadan qaldırmaq lazım gəlir. Belə böyük inqilaba ancaq mülkiyyətlə əlaqəsi olmayan fəhlə sinfi girişə bilər. Çünki o, heç bir şeyə malik deyil, onun malı ancaq iki əli ilə bir başıdır, – dedi.
Koba qəlyanını qurcalayaraq yanmış tütünü külqabına boşaltdı. Başını dik tutaraq mühasibinin üzünə baxdı və sözünə durduğu yerdən davam etdi:
– Buna görə də biz inqilab mövzusunda yalnız proletariatın səmimiliyinə inanırıq!
Məhəmməd Əmin Rəsulzadə və dostu Abbasqulu Kazımzadə çarizmə qarşı mübarizədə özlərinə çiyin verdikləri fraksiyalar ilə haraya qədər birlikdə gedəcəklərini və nə vaxtdan sonra ayrılacaqlarını açıq-aşkar bilirdilər. İndiki halda burda əlavə edəcəkləri heç bir sözləri yoxdu.
Barak sahibi olan fəhlə bir şüşə köhnə gürcü şərabı gətirib Kobanın qarçısına qoydu. Kobanın gözləri gülərək:
– Axı dostlarımız müsəlmandır, – dedi, sonra əlavə etdi, – Eybi yoxdur, bəlkə, bizə qoşularlar. Qədəhimi onların sağlığına qaldırıram, bizim tərəfdə olmasalar da bizimlə tərəfdaşlıq içindədirlər! – Sonra fəhləyə dönərək, – Sən də qaldır! – dedi.
Dörd qədəh yavaşca bir-birinə toxunduruldu.
Hələ ki, danışılan mövzuya aid lazımi fikir əldə edilməmişdi. Ayrılmazdan əvvəl Koba bu cür yığıncaqlarla bağlı xatirəsini dilə gətirdi:
– Bu qrupa gəlib-gedənlərin birindən şübhələndiyim haqqında yoldaşlara söylədim, “Bu adam mənim heç xoşuma gəlmir” – dedim. Ona etibar edə bilmirəm. Sonra bir neçə dəfə qarşılaşsaq da, o adamı aramızda görmədim. Bir gün maraqlandım, nə oldu bu yoldaşa, dedim, niyə gəlib-getmir, deyə soruşdum. Fəhlələr, “Koba yoldaş, siz bu adama etibar yoxdur dediniz ha!.. Biz də onu dərhal təmizliyə verdik!..” – dedilər.
Qonaqlar Kobanın xatirəsinə qorxu ilə qulaq asdı. Onlar hardan biləydilər ki, gün gələcək, Koba Stalin adını alıb nə qədər insanı “təmizlik” bəhanəsiylə gedər-gəlməzə göndərəcəkdi.
Bu görüşdən sonra Məhəmməd Əmin Rəsulzadə, Kobanı çox seyrək, aradabir gördü. Gün keçdikcə quruluşun təməlindənki çat böyüyür, Rusiyanın hər tərəfində müxtəlif hərəkatlar ortaya çıxırdı. Bakı ən qarışıq vaxtını yaşayırdı. Fəhlələrin bitməyən və nəticə verməyən tətilləri, mahiyyəti siyasi olan nümayişkəranə yürüşləri… İctimaiyyəti çalxalandıran qarətlər və siyasi cinayətlər də inqilabi quruluşların yarıgizli hərəkatları arasında yer almaqdaydı.
Uzaq şərqdəki Rus ordusunun yaponlara məğlub olmasından sonra meydana gələn və “Kiçik inqilab” adlandırılan 1905-ci il inqilabı fəhlələrin Çara ərizə vermək üçün Qış Sarayına yürüş edərkən gülləbaran edilmələrinin doğurduğu aksiyalarla başladı. Bu, Rusiyada həqiqətən, xalqın bir inqilaba damğa vurması demək idi. Çar rejimi bu ilk rus inqilabını iki il ərzində yatırmasına baxmayaraq, artıq geriyə dönüş yolları bağlı idi və Böyük Oktyabr İnqilabına gedən yollar açılmışdı.
Bu inqilabdan tək qazancla çıxan tərəf bolşeviklər deyildi. Bu inqilabdan Çar Rusiyasının dustaq etdiyi, rus olmayan millətlərin hamısı faydalanmışdı. Xüsusilə özlərini müsəlman adlandıran Rusiya Türkləri üçün milli intibah mərhələsinin başlanğıcı sayılırdı.
İctimai təşkilatların formalaşması və mətbuatın azad olması yönündən az da olsa bir tərpəniş yaradan bu inqilabdan faydalanan bütün Rusiya Türklərində olduğu kimi, Qafqaz Türklərində də sürətlə milli hərəkat başladı. Bir tərəfdən milli mətbuatın qurulması, o biri yandan milli məktəb və dini qurumların xalq tərəfindən seçilən insan və qurumların vasitəsilə idarə edilməsi məsələsi meydana gələrkən, Kiçik inqilab, inqilabçıların istəyinin əksinə, şovinist rus millətçilərinin əlinə keçdi. Buna görə, hakimiyyət təzyiqləri artırdı. Rus olmayan millətlərin yeni-yeni ərsəyə gəlmiş ictimai və mədəni-maarif cəmiyyətləri bir-bir aradan götürüldü. Rus şovinizmi yenidən xortlamışdı.
* * *
Bakının kənarındakı Qaraşəhər səmtində, dülgər emalatxanasında Çar rejiminə qarşı olan müxtəlif inqilabi quruluşların nümayəndələrindən ibarət qeyri-leqal bir konfransda Əsədullah Axundov ilə Məhəmməd Əmin Rəsulzadə qarşılaşdılar.
– Sizi görməyimə şadam… Necəsiniz? Nə var, nə yox?
– Sağ olun, yaxşıyam, üstəlik, sevinc içindəyəm. İlk dəfədir, ata oluram. Bir neçə gün əvvəl oğlum dünyaya gəldi.
– Ay Allah, nə gözəl! Təbrik edirəm sizi. Analı-atalı böyüsün. Oğlandır, hə? Bəs adı nədir?
– Cavad, atamın adı.
– Dəməli, Cavad, hə? Çox gözəl! Gözəl etmisiniz, milli qəhrəmanımız Cavad Xanın adını unutdurmalı deyilik ki! Knyaz Sisianova qarşı qanının son damlasınadək Gəncəni müdafiyə edən, axırda qala topu üzərində parçalanan ulu Cavad xan! Balaca Cavadımız da ölkəmizin bir qəhrəmanı olar, inşallah.
Əsədullah, Məhəmməd Əmin Rəsulzadənin bu arzusuna çox da müsbət baxmadığı halda, hörmətsizlik olmasın deyə yüngülcə:
– İnşallah, – dedi və “Cavad atamın adıdır, bir neft quyusunda fəhlə idi. Kürəklə, yəni əllə quyu qazan bir fəhlə. Heç günəş üzü görmədi, oğlum Cavadın günəşli günlər görməsini arzu edirəm!” – deyə içindən keçirdi.
Nəysə… Yığıncağın gedişi aralarındakı söhbətin uzanmasının qarşısını aldı. Günün gedişini formalaşdıran ortaq problemlər müzakirə edilir, söhbətlər daha çox bolşevik-menşevik görüşləri üzərində cəmləşirdi.
Məhəmməd Əmin Rəsululzadə çarlıq əleyhinə olan milli müxalifət orqanı “Təkamül”qəzetini təmsil edirdi. Ortaq dil rus dili idi. O da zəif ruscası ilə təmsil etdiyi milli müqavimət hərəkatının anladığı taktika olaraq baltanı çarizmin kökünə vuran baxışına üstünlük verdiyini anlatmağa çalışırdı. Bunu həzm etməyən ozamankı menşevik Vışinski, onun ruscasındakı qrammatik səhvlərini düzəldərək:
– Dostumuzun dilini çox da anlamaq olmur, – deyə sataşdı.
Koba bu münasibətə hirslənib dərhal:
– Yaxşı, yoldaş Vişinski! İndi sən çıx kürsüyə və bu xalqın dilində danış, baxaq, görək, dediklərini anlaya biləcəyikmi? – dedi.
Kobanın bu sözü salonda alqışlarla qarşılandı. Saatlar keçdikcə Məhəmməd Əmin ürəyində bolşeviklərə qarşı bir istilikmi, ya da nə isə sezibmiş kimi yanında oturan Əsədullah Axundova bir az da yaxınlaşaraq:
– Sizinlə əməkdaşlıq etdiyim üçün peşman deyiləm, – dedi.
– Mən də çox məmnunam. Ümumi xüsusiyyətlər daşıdığımıza inanıram. Ona görə də daha çox bir araya gəlib, görüşməmizdə fayda görürəm.
– Hansı sahələrdə?
– Məsələn, sistemin siyasi quruluşuna qarşı çiyin-çiyinə mübarizə etdiyimiz kimi, mürtəcelər, fundamentalistlər, fanatik cahillərə qarşı da birlikdə hərəkət edib-etməyəcəyimizi müzakirə etmək kimi…
– Xalqın rəyini əvvəlcədən araşdırmaq lazımdır.
– Araşdıraq. Amma nəticə nə olursa-olsun, bir həqiqətdir ki, çarizm fundamentalistləri qorumaqdadır və İrandan sürüylə Molla ithal etməkdədir. Bu vəziyyətə qarşı birlikdə olmağımızı vacib bilirəm.
– Başqa ağlınıza gələn nə əngəllər var?
– Çox var. Başqa bir nümunə, bəzi ziyalılarımız bizim türk olduğumuzu nəşrlərində israrla ifadə edirlər…
– Mən də ifadə edirəm…
– Lap yaxşı! Amma Osmanlıca yazmaq türklüyə nə dərəcədə lazımdır? Anlamıram. Danışdığımız dil türkcədir, şübhəsiz, bu, inkar edilə bilməz. Bəs Osmanlıca? Baxın, biz mollaxanada təhsil aldığımıza görə fars və ərəb dillərini bilirik. Osmanlıya gəlincə, Fars qrammatikası ilə ərəb sözləri… Belə şey olar? Çox uydurma və gülüncdür. Halbuki, bizim dilimiz son dərəcə təmizdir. Biz bu dilimizlə mədəniyyətimizi də dəyişdirə bilirik.
Həqiqətən də, mübahisə edəcəkləri mövzu çox idi, amma görüşləri üçün əlverişli yer çətinliklə tapılırdı. Saatçı-zərgər mağazasına edilən basqında polislər o qədər ağılagəlməz miqdarda qənimət əldə etmişdilər ki, hətta ortaya çıxan bir çox qadağan olunmuş materiala belə göz yummuşdular. Əsədullah mağazasına edilən basqından, daha doğrusu, soyğundan sonra, bütün var-dövlətini itirməsi bir yana, üstəlik, işsiz də qalmışdı. Odur ki, o, öz dolanışığını təmin etmək üçün başqalarının atelyelərində, hətta bir müddət keçmiş müdirinin yanında belə köməkçi olaraq işləməyə məcbur oldu.
Əsədullah, Tiflisdə məşhur ədib Cəlil Məmmədquluzadə tərəfindən nəşr edilən ilk satirik jurnal olan “Molla Nəsrəddin”in Bakıda yayılaraq ünvanlara çatdırılmasını öz öhdəsinə götürəndə də, yenidən Oxrana tərəfindən izləndi, evinə basqın edilib, kitabları müsadirə edildi və özü də bir müddət həbsdə qaldı. Həbsdən çıxan kimi, partiyanın əmrilə ilk leqal bolşeviklərin həftəlik “Dəvəti-Qoç” qəzetini nəşr etməyə başladı. Qəzet iki dildə, Azəri türkçəsi və ermənicə çap olunurdu. Bəzi dairələrdə, xüsusilə fəhlələr arasında çox təsirə malik olan bu qəzet, on doqquz sayı nəşr olunduqdan sonra bağlandı. Onun arxasınca “Təkamül” qəzeti də nəşrini dayandırdıqdan sonra, məşhur bolşeviklədən Orcanakidze, Şaumyan, Caparidze və Koba ilə birlikdə “Qudok” adlı rusca qəzetin işlərinə qoşuldu. Nəşr olunan qəzet və jurnallar siyasi mövqelərinə görə bağlayırdılar, amma buna baxmayaraq dərhal onların boş qalan yerlərini dolduran qəzet və jurnallar ortaya çıxırdı. O ilin ortalarında Əsədullah Axundov “Hümmət” cəmiyyətinin qərarı ilə redaktorluğu, yazarlığı və nəşrini öz üzərinə götürərək Azərbaycan türkcəsində həftəlik leqal “Yoldaş Bolşevik” qəzetini də çıxarmağa başladı.
* * *
Osmanlı İmperiyasında Gənc Türklər İnqilabı baş verincə ətrafdakı bütün müstəqillik yolunda olanlar, xüsusilə Qafqaz müsəlmanlarının fikir və siyasi fəaliyyət mərkəzi olan Bakıda gündəmdə olan mövzu həmin inqilab haqqında idi. Koba, Məhəmməd Əmin Rəsulzadəni axtarıb tapdı və ona:
– Osmanlı inqilabına aid bizim jurnal üçün bir məqalə yaza bilərsiniz? – deyə soruşdu. O, bizim jurnal deyərkən, Sənaye İşçiləri İttifaqının orqanı, rusca çıxan “Qudok”u nəzərdə tuturdu.
Məmməd Əmin bu təklifə razı oldu.. Onsuz da hadisələr maraq mərkəzində idi. Heç tərəddüd etmədən:
– Əlbəttə, yazaram, – dedi, – özü də ürəkdən və elə bu günlərdə.
Koba gülümsəyərək:
– Əminəm. Mən də səbirsizliklə gözləyəcəyəm. – Bir az düşundükdən sonra, – Hər mətbu orqanda olduğu kimi, redaksiyanın da iki üzü var. Biri rəsmi, hökumətdən icazə alan və onların qarşısında məsuliyyət daşıyan jurnalın sahibi və məsul katibi Saşa Sarmatsev, o birisə, yəni, ondan sonra jurnalın gizli və əsl redaksiya heyəti məndən və Timofeyev adlı partiyalı bir ziyalıdan ibarətdir. Yazınızı biz dəyərlindərəcəyik.
–Bitirəndə gətirərəm.
Rəsulzadə, Osmanlı İmperiyasında baş vermiş Məşrutiyyət hərəkatı haqda yazdığı məqaləni, bir çəkməçi dükanının bez pərdə ilə ayrılan arxa tərəfində toplanan jurnal redaksiya heyətinə oxudu. Məqalə bir xeyli müzakirə edildi. Xüsusilə, Timofeyev məqaləni şiddətlə tənqid etdi və dedi:
– Öz burjuaziyamızı tənqid edib yerin dibinə soxuruq. Yaxşı, elə isə onda niyə Osmanlı burjua inqilabını tərifləyib göylərə qaldıraq? Rəsulzadə bu hərəkatı tərif edə bilər, bu, onun problemidir. Özümüzdə xoş görmədiyimiz bir şeyi nə üçün xoş görüb, idealizə etməliyik? Yox, məncə, bu məqalə “Qudok”da çap oluna bilməz!
Koba müdaxilə etdi:
– Yoldaş Timofeyev, yanılırsınız, çünki məsələni çox bəsitləşdirirsiniz. Bizim şəraitlə Osmanlıdakı şərait bir-birindən fərqlənir: bizdə reaksiya deyə hesab olunan hadisə ora üçün bir tərəqqi hadisəsidir. Rəsulzadənin məqaləsində yürüdülən mühakimə doğrudur, üstəlik, çıxardığı nəticə çox yerindədir, ona görə məqalə çap olunmalıdır.
Əlbəttə ki, məqalə çap olundu.
Əslində, bəlkə də, Timofeyev haqlıydı, amma Koba öz xarakteri ilə daban-dabana zidd olduğu halda, Rəsulzadənin yerli müsəlmanların arasında böyük təsirə malik olan bir öndərin bütün xüsusiyyətlərini daşıdığını yaxşı bilirdi. Bu səbəbdən ona qarşı böyük hörmət bəsləyirdi. Doğrudan da, yeri gəldikcə o, bu hörmətin səmərəsindən çox faydalandı.
Rusiya, Qafqaz, əsasən də Bakı qorxunc bir anarxiyanın burulğanındaydı. Leqal və qeyri-leqal cəmiyyətlərlə qruplar sürətli hərəkətdəydi. Yəni, ümumi xeyriyyə funksiyası və mədəniyyət yönümlü olan cəmiyyətlərlə birlikdə, gizli siyasi-ideoloji təşkilatlarından başqa, rəhbərliyin zəifliyindən faydalanan saysız qarətçi qruplar da iş başında idilər. Fərqli düşüncələrər adından soyğunluqlar törədən bu quldur dəstələri dövlətliləri sıxışdıraraq pul toplayır, ya da qaçırıb istədikləri pulun qarşılığında sərbəst buraxır, hətta böyük təşkilatlara göndərdikləri hədə-qorxu məktubları ilə onları xərac verməyə məcbur edirdilər. Bakının məşhur varlılarından Musa Nağıyev bunlardan biri idi. O, əvvəlcə qaçırıldı və ancaq tələb olunan pulu ödəyəndən sonra xilas ola bildi.
Kobanın da bu metodlardan istifadə edərək partiya üçün pul əldə etdiyini hər kəs bilirdi.
Polis və jandarma təhlükəsizliyi təmin edə bilmirsə, böyük məbləğlərlə bu işə cəlb olunan özəl mühafizə işciləri lazım olanı edirdilər. Qədim zamanlardan bəri Bakının başına bəla olan qoçu dəstələri indi şəxsi mühafizə işçilərinə çevrilmişdilər.
Günlər keçdikcə partiyanın xərclərinin ödənilməsi daha da çətinləşirdi. Gəlir gətirən yeganə qurum sədri Məhəmməd Əmin Rəsulzadə, mühasibi Əsədullah Axundov olan “Nicat” mədəni-maarif cəmiyyəti idi.
Partiya maliyyə komissiyası üzvlərindən bir neçə adam sədrin yanına getdi:
– Bir təklifimiz var: ortaq şəkildə bir partiya təsis edək, – dedilər. – Siz rəsmi ünvanınızı verərsiniz, biz də lazımi işçilərlə təmin edərik; məşhur aktyorları, aktrisaları və faydalı ola biləcək hamını… Öhdəsindən gələcəyimizdən əminik!
Məhəmməd Əmin Rəsulzadə bir az düşündükdən sonra onların təklifini qəbul etdi: yalnız:
– Belə bir təşəbbüsün qabaqcadan bəzi xərcləri olur, –dedi, – ən azından, ilk addımda beş min rubl lazım olacaq.
Əsədullah Axundov dərhal razılaşdı:
– Beş min rublu mən taparam.
– Nə? Sən? Sənin var-dövlətini əlindən almadılarmı? Bildiyim qədəriylə, bir elə babat işin də yoxdu. Necə, hardan tapacaqsan?
– Evimi ipotekaya qoyaram… Hə? Buna nə deyirsiniz?
Rəsulzadə çox təəccübləndi, digərləri sevindilər. Əsədullah davam etdi:
– Ortaya gələcək qazancdan evi xilas edərik, geri qalan pulu da partiya ilə cəmiyyət arasında bərabər bölərik.
– Yaxşı.
* * *
Lazım olan hazırlıqlar yekunlaşdı. “Garden parti” üçün götürülən qubernator evinin məşhur bağçası kağız, rəngarəng şarlar və Yapon fanarları ilə bəzədildi. Proqramda bir çox işlər nəzərdə tutulmuşdu: səhnələrdən parçalar, tamaşalar, konsertlər, sərgilər, lotereya və bir sıra mədəni incəsənət və ictimai fəaliyyətlər. “Garden parti” əyləncə formasında üç gün davam etdi. İlk gecə Üzeyir bəy Hacıbəylinin, ilin sonunda səhnəyə qoyulacaq olan “Leyli və Məcnun” operasından bir neçə səhnə müvəffəqiyyətlə canlandırıldı və hararətlə alqışlandı. Ayvazovskinin yağlı boya ilə işlənmiş dəniz mənzərəsi əsərini açıq auksionda Hacı Zeynalabdin Tağıyev min rubla satın aldı. Sergey adlı bir uşaq Şopendən piano musiqisi ifa etdi. Bir sözlə, qeyri-adi mənzərə idi. İşdi, irəlidə bir əngəl çıxmasa və iş bu qayda ilə getsə, gözlənildiyindən daha artıq bir qazanc əldə bilərdi. Buna heç kimin şübhəsi yoxdu.
İkinci gün də hər şey yolunda getdiyi zaman partiyanın maliyyə komissiyasının üzvü Serebryakov sədr Rəsulzadəyə yaxınlaşdı:
– Kobanı tanıyırsınız, sizə çox hörməti var…
– Hə, sağ olsun. Nə olub ki?
– Həbs olundu!
– Necə?.. Həbs olundu? Sən bir işə bax!.. – Ortalığı səssizlik bürüdü… Sonra Rəsulzadə, – Harda yatır? – deyə soruşdu.
– Bayıl həbsxanasında.
– Hə, tanıyıram oranı… Mən də yatmışam orda. Bakının Bayıl burnu deyilən bir yerdə üç tərəfi dəniz bir qaladır.
– Bəli, əlçatmaz bir qaladır.
– Elədir.
– Amma qərar vedik, onu ordan qaçırmalıyıq!
– Bu ki çox çətindir! Qaçıra bilərsiniz?
– Pulun qarşısında çətinliyin yeri yoxdur. Sözü belə gedə bilməz. “Garden parti” yaxşı qazanc gətirdi; payımıza düşəndən bir az nəğd pul versəniz, iş hazırdır!
– Çox gözəl, amma pul məndə deyil, bir neçə nəfərin əlindədir. Qoy “Garden parti” başa çatsın, gəlir-çıxarlar hesablansın, əldə qalan mühasibə təhvil verilsin, o zaman payınıza nə düşürsə hamısını götürərsiniz.
– Çox şey istəmirik, sadəcə iki yüz rubl məbləğində bir avans versəniz minnətdar olarıq. Koba bizə xüsusi olaraq sizinlə görüşməyi məsləhət bildi. Həm də işimiz təcilidir. Bu gecə həll olunmalıdır. Yoxsa sabahkı məhbus qəfil naməlum bir yerə sövq ediləcək. Pul bizə mütləq bu gecəyə lazımdır. Siz indi verin, payımızdan çıxarsınız. Bu qədər sadə!
– Bəli, çox sadədir, amma bir az gözləyin, tənzimləmə komissiyası üzvləriylə görüşüm.
Komissiya üzvü və cəmiyyətin mühasibi Əsədullah Axundov heç bir problem görmədi:
– Koba mənə də çox yaxındır. Mən zamin dururam, istədiklərini verin, lütfən.
Məhəmməd Əmin Rəsulzadə iki yüz rublu öz cibindən verdi. Alıb getdilər.
“Garden parti”nin axırıncı günündə də lazımi qədər gəlir əldə edildi.
Proqram sona çatdı. Sənətçilər uzun müddət ayaqda alqışlandı, sonda qonaqlar yavaş-yavaş qubernator evinin bağçasını boşaltmağa başladılar. Cəmiyyətin sədri Məhəmməd Əmin Rəsulzadə Garden partidə məsul şəxsləri toplayıb onları təbrik edərək təşəkkürünü bildirdi və Əsədullah Axundovla birlikdə üç günlük gəliri, sənədləri, lotereya üçün aldıqları qiymətli əşyaların artıq qalanlarını nizamladılar, sonra komissiya üzvlərindən biri olan Madam Baykovanı da özləriylə götürərək, üçü bir yerdə madamın evinə getmək üçün faytona mindilər. Mühafizə işçisi də faytonçunun yanında əyləşdi. Açıq yaxasında iri zümrüd daşlı pandatifi, barmağında eyni zümrüddən olan üzüyü, qulaqlarında iri brilyant sırğaları ilə gözəl Madam Baykova faytonda tam aksessuarlı jaket geymiş iki yaraşıqlı gəncin arasında oturanda üzündə güllər açdı. Ürəyində “Görəsən, məni hansı bəyəndi? – demək istədi, ancaq:
– Tanrı sizi qorusun, bəylər! – dedi. – Bu günə gədər çox baloda oldum, amma heç biri sizin təşkil etdiyinizə çata bilməz. Aman Tanrım, nə çox əyləndiyimi söz ilə ifadə edə bilmirəm. Keçən il Tiflisdə…
Birdən susdu. Tiflis xatirəsini danışa bilmədi. Üzü ağappaq oldu, gözlərinə inana bilmədi. Qabaqda oturan mühafizə işçisi tapançasını faytonçunun gicgahına dayamışdı. Fayton dayandı. Bir neçə quldur dərhal onların üstünə cumub, bir anda pul və əşyaya əl qoymaqları bəs etmirmiş kimi, madamın zinət əşyalarını, hətta Əsədullahın qalstukundakı brilyantı belə alıb aradan çıxdılar…
Bir anda dünyanın sərvəti quş olub, ovuclarından ucdu, buxar olub, havaya qarışdı. Əvvəl-əvvəl nə olduğundan baş aça bilmədilər Təəccüb dolu gözlərlə bir-birinin üzünə baxdılar.
– Nə edəcəyik indi?
– Heç… Əlimizdən nə gəlir ki?
Madama baxdılar. O, qorxu və kədərdən şoka girmək üzrəydi. Və elə bu cür, çarəsiz bir halda Madam Baykovanın evinə doğru yollarına davam etdilər. Evdə qazancın protokolu yerinə, soyğunun protokolunu tərtib edərək polisə xəbər verdilər.
Bir gün Əsədullah Axundov cəmiyyətin mühasibi olaraq hesabları yoxlayarkən, bir anlıq da olsa “Garden parti” aksiyasında əldə olunan pulun quldurların əlinə keçdiyini deyil, seyfə qoyulduğunu təsəvvür etdi. O anda sanki başına bir güllə sıxdılar, qəzəbini gizlətmədən qabağına kim çıxdısa hirsini onun üstünə tökdü. Dostu Məşədi Əzizbəyov onu sakitləşdirməyə çalışdı:
– Bu qəzəbin yersizdir, yoldaş Əsədullah Axundov!
– Yersizdir? Necə yersiz olur? Biz ortaq şəkildə bu işi gördik. Mən evimi ipotekaya qoydum. Rəsulzadə cibindən pul verdi, Madam Baykovanın dəyərini ölçə bilmədiyimiz zinət əşyaları, üstəlik, “Garden parti”nin üç günlük gəliri, aldığımız əmanətlər, çəkilən xərclər, bu aksiyada iştirak edən sənətçilərin əməyinin qarşılığı və, və, və… İndi deyirsən, qəzəbin yersizdir?
– Yaxşı, yaxşı! Bəsdir, özündən çıxma. Bolşevik partiyasının mövcudiyyatı, inqilabın reallaşması üçün biz bunu etdik… Özünü ələ al, biz bir müharibənin içərisindəyik. Müharibədən qalib çıxacağıq və hər şeyi artıqlamasıyla qaytaracağıq, əmin ol! İndi qulaq as, xüsusilə səni maraqlandıran bir məsələdən söz açıram: ətrafımızda neçə müddətdən bəri İran hadisələri dərin əks-səda oyandırmaqdadır. İzləmiş olarsan. Mətbuatımız bu mövzunu gen-bol işıqlandırır. Bildiyin kimi, inqilabçı gənclik də İran hərəkatına dəstək olmaq üçün axın-axın ora getməkdədir. Artıq Bakı, İran inqilabçılarının qərərgahı halını almış vəziyyətdədir…
– Bunların, xüsusilə məni maraqlandırdığına şübhə edirəm.
– Məni axıradək dinləsən, maraqlandırdığına şahid olacaqsan.
– Dinləyirəm!
– Nə deyirdim? Hə, İranda xalq ayağa qalxıb, Tehran hökumətinə qarşı hərəkətə keçməyə hazırlaşır. Partiyanın Baki Komitəsinin qərarıyla yoldaş Orcanakidze ilə birlikdə ora gedəcəyik, üsyançılara dağıtmaq üçün özümüzlə çoxlu silah götürəcəyik.
– Bir yerdəmi gedəcəyik?
– Bəli, üçümüz bir yerdə. Öncə orada saxta bir “müəssisə” təsis edəcəyik. Əlbəttə ki, kağız üzərində; tikinti, mühəndislik, layihə-filan idarəsi…
– Buna nə gərək var? Tikinti işləri, mühəndislik?
– Mənim Peterburq texnoloqu olduğumu unudursan.
– Unutmuram, amma bu, bizə nə kimi faydalar gətirə bilər?
– Tikinti vasitələri altına silahlar yerləşdirərək buradan gəmiylə Ənzəliyə yola salınacaq. Oradakı müəssisədə bir çox fəhlə çalışacaq. Görəcəyimiz işlər üçün iş yerləri açılacaq. Hər yerdə işçilərlə üz-üzə olacağıq. Və gecə-gündüz onları maarifləndirəcəyik. Burjua çevrilişini fəhlə inqilabına çevirəcəyik. Aydın oldumu?
– Aydın oldu, buradakı inqilabımızı buraxıb, İran inqilabını gerçəkləşdirməyə gedirik…
– İmkanlar əl versəydi bütün dünyada inqilab edərdik.
– Nə olardı?.. – istehza ilə deyən Əsədullah qalxıb otaqdan çıxdı, cəmiyyətin binasını tərk edərək dəniz sahilindəki bulvara getdi. Boş bir skamya axtardı… Bulvar İrandan – Güney Azərbaycandan yorğanını çiyninə alıb, iş axtarmağa gələn, hakim dairələrin təzyiqindən qaçan və canını qurtarmış yığın-yığın yorğun insanlarla doluydu. Axırda boş bir skamya tapıb oturdu. Nə isə axtarırmış kimi qıyılmış gözlərini uzun-uzun üfüqə dikdi. Dəniz də, göy də boz-bulanıqdı… Sakit, kədərli…
Bu son hadisə onu çox sarsıtmışdı. Silahdaşlarını haqlı sanmırdı. Kimsənin üzünə baxacaq gücdə deyildi. Bir sözlə, cinayət etmişdilər. Ən yaxşısı, elə çıxıb getmək idi. Bəlkə də, bilərəkdən ona bu vəzifəni tapşırmışdılar. Getməli, hadisə unudulana qədər gözlərdən uzaq qalmalı idi. Onsuz da iş yox, güc yox… Bu yaşdan sonra bir tikə çörək üçün onun-bunun əlinin altında şagird, ya da köməkçi olmağı özünə yaraşdırmırdı… Evdə xanımı Səriyyə zahı yatağında idi; üç qız doğandan sonra ikinci oğlunu – Əli Abbası təzəcə dünyaya gətirmişdi. İndi nə etsin? Hələ qundaqdakı körpəsini əməlli-başlı bağrına basmadan, üstəlik, məqsədi bilinməyən bir ovuc iranlı burjuanın istiqlalı uğrunda mübarızə aparmaq üçün qalxıb İrana getsin?
Ən çox Səriyyə qarşı idi bu səfərə:
– Bizə nə özgələrin inqilabından! Gəl, oturub öz həyatımız haqqında doğru-düzgün bir yol seçək. Anan haqlı imiş, bu işlərə baş qoşandan bəri evdə heç dincliyimiz qalmayıb. Olan-qalan o zərgər dükanı da bu işlərin ucbatından bağlandı. Evə polis basqın etdi, kitablarını toplayıb apardılar, həbsxanalarda yatdın… “Garden parti” deyib evdən uzaq düşdün, təkbaşıma uşaq doğdum. Hələ də özümdə deyiləm. Südüm olmadı, uşağı necə saxlayacağımı bilmirəm… İndi də durub İrana gedirsən…
Əsədullah səssiz durduqca arvadı daha da özündən çıxırdı. Üstəlik, dili bir o qədər də şirin deyildi Səriyyənin. O, ağlamağa başlayanda isə artıq gec idi: Əsədullah çamadanını götürüb, qapını səssizcə örtüb çıxıb getmişdi. Tez limana üz tutdu. Limanda “Elevina” gəmisi toz-duman qaldıraraq öz yerində durmuşdu…
Xəzər gecə qaranlığında sakitcə ləpələnirdi. Hər tərəf neft və tullantılarla dolu idi. Neft ləkələrində əks olunan gəminin fənər işıqları gah mavi, gah qırmızı, gah yaşıl mənzərələr əmələ gətirirdi. Gəminin bacasından qəflətən yüksələn qapqara duman qağayıları ürkütdü, amma onlar uzağa uçmadılar, yalnız uzun-uzun qaqqıldadılar. Gəmi yavaş-yavaş limandan ayrıldı… Ayrılarkən üç dəfə fit verdi, sonra mühərikkinin cansıxıcı gurultusu eşidildi. Bir müddət sahil boyu irəlilədi… Və bulvardan uzaqlaşdı. Bibiheybət geridə qaldı. Bayıl burnunun önündən keçərkən, adamlar qaranlığa qərq olan Bayıl qalasını görməyə çalışdılar. Onlar da yüzlərcə ziyalı kimi sıralarını tərk edərək, bu qalanın məhbusları olaraq qandallanmışdılar.
Sergo Orcokinidze içini çəkdi:
– Bu qala, – dedi, – Bakıya heç yaraşmır. Bir gün xalq ayağa qalxıb, Bastiliya kimi dağıdacaq buraları…
Məşədi Əzizbəyov heç düşünmədən Orcokinidze ilə razılaşdı. Əsədullah Axundovsa məsələyə başqa cür yanaşdı:
– Dağıtmaq nəyə lazımdır ki? – deyərək onlara etiraz etdi. – Xeyirli məqsədlər üçün istifadə edə bilməzlər? Şəxsən mənim vətənimdə bir daşın belə yerindən oynadılmasına razı olmaram.
Əzizbəyov, Əsədullahın bir müddətdən bəri inadcıl və narahat olduğunun, deyilən hər sözə qarşı çıxdığnın fərqində idi. Susdular, sonra salona keçdilər. Salonda Rəsulzadə öz dostlarından icazə alaraq onlara qoşuldu. Yenə ilk söz alan Orcanakidze oldu:
– Əsrlər boyu imperiyalar qurub ətrafına qorxu salan İran indi başqa imperialist dövlətlərin müstəmləkəsi halına düşdü.
Rəsulzadə dərhal müdaxilə etdi:
– Mənə görə, – dedi, – Səfəvilər zamanında Cənubi Qafqazı tərkibinə qatan İran İmperiyası öz mənşəyi baxımından bir Azərbaycan dövləti idi. Uzun sürən müharibələrdən sonra Çar Rusiyasının Cənubi Qafqazı öz torpaqlarına qatması nəticəsində Qərb imperialistləri İranı yarı müstəmləkə vəziyyətinə saldılar. Qısası, İranı bu hala gətirən də elə Çar Rusiyasıdır.
Əsədullah heç rahat deyildi:
– Yaxşı, bu vəziyyətdən qurtulmaq üçün, – dedi, – İranın öz xalqının bir təşəbbüsü yoxdurmu?
Məşədi Əzizbəyov ona belə cavab verdi:
– Əlbəttə, var. Doğrusu, bu vəziyyətin nəticəsi, yəni imperialist təzyiqlər inqilab üçün lazımi mühiti hazırlamaqdadır. Xüsusilə bizdəki hərəkatın İran xalqına təsir etməsi danılmaz bir həqiqətdir. Bunu Təbriz üsyanı da təsdiq edir.
– Hakim dairələrin, daha doğrusu, Şahın üsyanlara qarşı mövqeyi necədir?
– Müzəffərəddin şah üsyanı yatızdıra bilməyincə Məclisi toplayaraq, yeni bir nizamnamə ilə birlikdə Məşrutiyyəti qəbul etdiyini elan etdi.
Əsədullah Axundov məsələnin nə yerdə olduğunu bildiyi halda yenə soruşdu:
– Xalqın istədiyi elə bu idi?
– Bəlkə də… İşə bax ki, dörd gündən sonra Müzəffərəddin öldü, yerinə Məhəmmədəli oturdu. Yeni Şah konstitusiya düzəlişinə qarşı idi. Odur ki, Məclisi topa tutaraq bu işə son qoydu.
– Vay-vay, onların vəziyyəti lap cığırından çıxıb ki… Bəs fəhlə, kəndli sinfi? Geri çəkilmədilər, elə deyilmi?
– Qətiyyən, çünki arxalarında biz durmuşuq. Təbriz üsyanı buna canlı örnəkdir. Bir-iki ildən bəri davam edən daxili mübarizənin mərkəzidir Təbriz. Öndərləri də Səttar xan və Bağır xandır… Onlara olan güvən və dəstək üçün… Odur ki biz buradayıq.
* * *
Səhər günəş çıxmadan Elevina gəmisi Ənzəli limanının sahilinə yanaşdı. Əsədullah səyahətinin bir neçə saatını göyərtədə keçirmişdi. Şəhərə yaxınlaşdıqca ürəyi tez-tez döyünür, həyəcanlanmışdı. Bu, onun ilk səyahəti idi. Qazamatda keçən günlərini nəzərə almasaq ilk dəfə ölkəsindən, ailəsindən ayrılmışdı. Gözləri yaşardı. Əli Abbas təzəcə dünyaya gəlmişdi. O, necə bir dünyada yaşayacaq, görəsən? Bu müharibədə qələbə çala biləcəyikmi? İnsanlarımız xoşbəxtliyi dadacaqmı? Bu limanın arxasındakı boş ərazidə bir bulvar salınmalıdır. Sağdakı ağaclığın yaxınlığında da bir teatr. Yoox, hər şeydən qabaq məktəb, kitabxana…
Gömrük nəzarətindən sonra İran torpağına ayaq basdılar. Hər kəsin ayrıca bir qarşılayanı vardı. Əsədullahı Nobel Neftin Reşt şəhərindəki təmsilçisi Rəhim xan Xəlilov qarşıladı. O, Qaziyan səmtində geniş bağçalı, iki mərtəbəli, lazımi əşyalarla təmin edilmiş bir ev kirayəyə götürmüşdü; iş otağı, arxiv…
Nobel müəssisələri üçün bir neçə yerdə depo və yataqxana tikiləcək. Dərhal işə başlanıldı.
Bir həftə sonra Rəhim xan Xəlilov bağçada quzu kəsdi, əla bir ziyafət verdi. Orcokinidze və Əzizbəyov gətirdikləri silahları təhvil vermiş, öz vəzifələrini yerinə yetirmişdilər. Bir azdan vidalaşacaqdılar. Əsədullah Axundov bu məsələlərdə özünü bir az kənarda tutulduğunu hiss etdi, amma səs çıxarmadı. Ziyafətdə yeyildi, içildi və bölgə məsələləri müzakirə edildi.
– Gilanlılar farslardan çox fərqlənir: bir az Şimali Qafqazlıları xatırladırlar; bədən quruluşları, boy-buxunları, xüsusilə ağbəniz, sarışın və mavi gözlülərin daha çox olması…
– Buna baxmayaraq çox primitiv, heç bir ictimai fəaliyyətləri yoxdur, üstəlik, fanatik və cahildirlər; danışdıqları dildə heç bir kitab, qəzet və sənədə imza atmayıblar.
– Gəlin, məsələyə belə baxmayaq. Hakim dilin farscada da heç bir mədəni fəaliyyəti yoxdur burada. İşləyənlər istismar edildiklərinin, yaşayanlar yaşadıqlarının fərqində deyil. Ancaq ilk baxışda, düyü və çay plantasiyası, sitrus meyvələri, zeytun bağları sayəsində buranın qeyri-adi məhsuldar bölgələrdən biri olduğu sayılır… İpəkqurdu yetişdirmək, ipək toxuculuğu da öz yerində…
Ücretsiz ön izlemeyi tamamladınız.