Kitabı oku: «Alın yazısı»

Yazı tipi:

Müəllifdən

Əziz oxucu,

Bəlkə də, bir çoxumuz əsərdə baş verən hadisələrin real həyatda iştirakçısına çevrilmiş, ya da şahidi olmuşuq. Əsərdə hər hansı peşə sahəsini sadalamaqda məqsəd, qətiyyən, bu sahəni və ya bu sahədə çalışan insanları təhqir etmək, onlara qarşı nifrət bəsləmək deyil. Buna mənəvi haqqımız belə çatmaz. Hədəf – vicdanını nəfsinə qurban vermiş, sadəcə insanlığa deyil, cəmiyyətə və öz peşəsinə ləkə olan “insanlardır.” Bir insan öz işində vicdanlı deyilsə, onun bütün əməlləri cəmiyyət üçün təhlükədir. Məsələn: “Mən savadsız olduğumu bilə-bilə müəllim, həkim, dini xadim hüquq işçisi, və s. kimi fəaliyyət göstərirəmsə, mənim yetişdirdiyim cəmiyyətdə sağlam düşüncədən, sağlam candan, sağlam əqidədən, sağlam ədalətdən və s. söhbət gedə bilməz. Hətta kimsə min bir əziyyət ilə alim kimi yetişsə belə, bu “cəmiyyət” onu məhv edəcəkdir.

Bu gün görməzdən gəldiyimiz bu tip məsələlər, ən xırda məsələ olsa belə, bir gün cəmiyyətin ən dərin yarasına çevriləcək, bizim və ya bizdən sonrakı nəslin faciəsinə dönüşəcəkdir. (necə ki, günümüzdə baş verənlər keçmişdə atılan yanlış addımların təzahürüdür.) Yalnız bu günü düşünən insanın gələcəyi amanda ola bilməz. Yalnız özünü düşünən insanın övladı əmniyyətdə qala bilməz. Çünki hər bir fərd cəmiyyətdə özünəməxsus bir iz, bir “xəstəlik” yaradır. Bu gün bu “xəstəliyin” çevrəsi hər nə qədər geniş olsa da, sabah o çevrə daralacaq, biz də çürüyən cəmiyyətin bir parçasına çevirəcəkdir. Cəmiyyət də orqanizm kimidir – hər zaman qorunmağa, müalicəyə ehtiyacı vardır. Cəmiyyətin həkimləri isə insanlardır.

Unutmayaq ki, bizə bəxş olunmuş bu dünya, bu həyat, yaşadığımız yer üzü hər bir insana məxsus olan və hər bir insanın bərabər şəkildə istifadə edəcəyi bir sərvətdir. Bu sərvəti qorumaq, ondan layiqli faydalanmaq isə ən əsas mənəvi borcumuzdur. Çünki bu sərvət sadəcə bizim deyil, bizdən sonrakı nəsil üçün də labüd bir mirasdır.

Əvvəlcədən təşəkkürlər.

(Təklif və iradlarınızı məmnuniyyətlə qəbul etmək üçün: soltanoglu1990@mail.ru )

Hörmətlə, Elnur Soltanoğlu Qubadov

Ön söz

Nə isə yaratmaq üçün istedad lazımdır. Eləcə də əsər yaratmaq üçün. Mən Elnuru uzun müddətdir tanıyıram. Onun istedadlı biri olduğunu tanıyanlar hamısı bilir. Çox gözəl lirik şeirlər, satiralar yazdığından xəbərdaram. Əgər onun yaradıcılığı ilə tanış olsanız, satiraları ilə Sabiri, Pünhanı xatırlatdığının da şahidi olarsınız.

Belə irihəcmli əsər yazdığını isə, düzü, bilmirdim. Elə ilk əvvəl mənə rəy yazmağı deyəndə də şeirlər olduğunu düşünmüşdüm. Amma nəsr əsəri olduğunu söylədi.

Mənə göndəriləndə artıq axşam idi. Şam yeməyini yeyib: “Yarısını bu gün, yarısını da sabah oxuyaram”, − deyə düşündüm və başladım oxumağa. Amma planlaşdırdığım kimi olmadı. Gecə yarısına qədər telefon əlimdə (karantinlə bağlı olaraq rayonda idim və noutbukum şəhərdə qalmışdı.) “Alın yazısı”nı oxudum, ta ki bitirənəcən. Çünki əsərin süjeti, mövzusu o qədər müasir, cəlbedici, maraqlı oldu ki, ayrıla bilmədim. Düşünürəm ki, hər kəs mənim kimi sevə-sevə oxuyacaq.

Əsərə gəldikdə, müasir dövrümüzdə, nəinki Azərbaycanı, hətta bütün dünyanı əhatə edən bir çox məsələlərə toxunulmuşdur. Burada Qurandan çəkilən nümunələrin düzgün izahı, alın yazısının fəlsəfi şərhi, əsl ədalətin qanunlarda deyil, insanın vicdanında və ilahi ədalətdə olduğunu, sevgi, dostluq, övlad-valideyn münasibətləri, şəxsiyyət azadlığı, səhiyyəmizdəki çatışmazlıq, qızların təhsildən yayındırılması problemi, Azərbaycan qadınının çətinlikləri, qız-oğlan övladları arasındakı ayrı-seçkilik, din adından öz məqsədləri üçün istifadə edən fırıldaqçıların ifşası, cəmiyyətdəki gerilik və onların səbəbləri, narkotikin gətirdiyi bəlalar, xüsusilə də, gənclərin həyatını məhv etməsi, hətta onların namusunu belə ləkələyəcək qədər alçaltması, insanlıqdan çıxarması, polis işçilərinin həyatı və s. bu kimi çoxlu məsələlər öz əksini tapmışdır.

“Alın yazısı” bizə qeybət etməkdənsə, inkişaf etməyin daha yaxşı olduğunu öyrədir. Bunun üçün paxıllıq etməməli, başqalarının uğurlarını təqlid, təkrar etmək yerinə özümüzə yeni yol, hədəf seçməli olduğumuzu bizə təfəkkür etdirir.

Əsər bizi elmin dindən, dinin elmdən ayrı olmadığınına, alimin elmi ilə dinin humanistliyi, birlik, bərabərlik ideyaları birləşincə daha gözəl bir dünya yarana biləcəyinə inandırır. Dini yalançı, insanları geriliyə, təhsilsizliyə, ayrı-seçkiliyə yönləndirən “dindar” mollalardan deyil, alimlərin, eləcə də müqəddəs kitabların özündən öyrənməli olduğumuzu dərk edirik.

“Alın yazısı”nı oxuyarkən mütləq karandaşınız əlinizdə olsun, çünki gözəl ifadələr, aforizmlərlə tez-tez rastlaşacaqsınız: “Düşünə bilməzsən, çünki düşüncələrin də həbs olunub sevgində sənin”, “Anlar heç zaman unudulmur, hətta zaman unudulsa belə”, “İndi bəzi həkimlər xəstəlikdən daha təhlükəlidir”, … hamısını deməyim ki, oxuyarkən özünüz o gözəllikləri kəşf edəsiniz.

Əsərin qəhrəmanı Həsən dostu Nuran kimi bu dövrdə gerçək sevginin olmadığına, hər şeyin həvəs, maraq və vərdiş əsasında qurulduğuna inanır. Şərqşünaslıq fakültəsini bitirən Həsən işi ilə bağlı İrana (Cənubi Azərbaycana) getməli olur. Burada o təsadüfən özü kimi Şimaldan anasının müalicəsi üçün gələn Səma adlı gözəl bir qızla tanış olur. İlk dəfə özü kimi düşünən bir xanımla rastlaşan qəhrəmanımız bütün qəlbi ilə ona bağlanır. Heç vaxt inanmadığı, daim uzaq qaçdığı sevgi hissi damarlarında dolaşaraq onu əsir alır. Di gəl ki Həsən və Səma bu da keçər düşüncəsi ilə (hərçənd ki, keçəcəyinə heç biri inanmırdı) bir-birindən telefon nömrəsi almırlar, yalnız qız yaşadığı kəndin adını deyir. Vətənə qayıtdıqdan sonra bir müddət qızdan xəbərsiz qalan Həsən artıq dözə bilmir, hətta depressiyaya düşür. Və sevgisi üçün uzaq bir kəndə − Bəcrəvana yollanır. Orada Həsənin başına gələn hadisələr, qarşılaşdığı şəxslər və baş verən faciələr barədə əsəri oxuyandan sonra biləcəksiniz.

Əziz oxucular, qeyd etdiyimiz kimi, sizi çox maralı süjeti, mövzusu olan bir əsər gözləyir, sevəcəyinizdən əminəm. Xüsusilə, gənclərimizin tərbiyəsi üçün gözəl bir əsər olduğunu düşünürəm. Əvvəlcədən hər birinizə təşəkkür və uğurlar.

Hörmətlə, Filoloq Seyran Cəfərli

Yay fəsli idi. Bu yay son 50 ilin ən isti yayı hesab olunurdu. İyul ayında isə temperatur ən yüksək həddə çatmışdı. Gecədən bir qədər keçməsinə baxmayaraq, hələ də bürkülü hava nəfəs almağa imkan vermirdi. Bürkünün təsirindən təbiət susmuş, ətrafda cansıxıcı sükut peyda olmuşdu.

Nuran narazı halda ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Belə hava onun üçün darıxdırıcı idi. O, geri dönərkən dostuna nəzər saldı. Həsənin üzündə gah mənalı təbəssüm, gah da sonsuz kədər nəzərə çarpırdı. Bayırda olduğu kimi, otaqda da sükut hökm sürür, təkcə saat öz ahəngdar çıqqıltısı ilə bu sükutu pozmağa çalışırdı. Nuran narazı halda dilləndi:

− Nə olub? Yenə də beynində səhnələr canlandırırsan?

Həsən yerində tərpəndi. Onun bu suala cavabı dərin “ah”dan başqa bir şey olmadı.

Nuran bilirdi ki, Həsənin belə vəziyyətdə söhbət etməyə həvəsi olmur. Lakin yenə də çalışırdı ki, dostunu az da olsa, düşüncələrdən uzaqlaşdırsın. Son günlərdəki vəziyyəti onu narahat edirdi.

Nuran Həsən ilə üç il öncə universitetdə qarşılaşmışdı. Hər ikisi BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alırdı. Onlar qarşılaşarkən Həsən ikinci, Nuran isə birinci kurs tələbəsi idi. Nuran da Həsən kimi ciddi, ağır təbiətə və fəlsəfi düşüncəyə malik bir insan idi. Bu xüsusiyyət onları digər tələbələrdən fərqləndirirdi. Həyatı olduğu kimi dərk edən, eyni hissə malik olan, eyni düşüncəni paylaşan bu iki insanın, hətta zövqləri də eyniyyət təşkil edirdi. Bütün bunlar Nuran ilə Həsənin tez bir zamanda dost olmasına səbəb oldu. Günün, demək olar ki, yarıdan çoxunu bir yerdə keçirən bu iki dost bir müddət sonra birlikdə mənzil kirayələyib eyni yerdə yaşamağa başlamışdılar.

Nuran mətbəxə keçib soyuducuya yaxınlaşdı. Alma şirəsi götürüb iki stəkana süzdü. Dostunun yanına qayıdıb stəkanı astaca əlinə toxundurdu. Həsən diksinib dostuna baxdı.

− Bağışla, deyəsən, səni şirin xəyallardan ayırdım. İç…

Bəlkə, danışasan? Nə baş verib ki, son vaxtlar bu qədər fikirlisən? Eşqə düşmüsən deyərdim, amma sevgiyə inan adam deyilsən. Qohumlarda da salamatçılıqdır. İşlər də qaydasında. Sağlığın da yerində. Nədir axı səni sıxan, ay Həsən? İnan ki, ürəyim ağrıyır sənə baxanda. İnsanın yaşam həvəsini söndürürsən?

Həsən gülümsəyərək dostuna baxdı:

− Elə isə baxma, nə ürəyin ağrısın, nə də yaşam eşqin tükənsin.

− İnadkarlıq et həmişəki kimi. Nə isə səninlə söz güləşdirmək fikrim yoxdur. Bilirəm ki, heç nə paylaşmayacaqsan. Amma nə zaman istəsən, burdayam. Yəqin ki, dost olduğumuzu unutmamısan.

Nuran sözlərini bitirib bir qədər Həsənə baxdı. Həsənin danışmaq istəmədiyini görüncə qapıya doğru addımladı. Otaqdan çıxarkən geri çevrildi:

− Bir şam da yandır. Daha romantik olsun. Həm ilham bulağın da qaynayar.

Həsən başını qaldırıb dostuna baxdı:

− Narahat olma, Nuran. Tək və tam məsuliyyətlə bir qərar verməliyəm. Odur ki, bir az zamana ehtiyacım var. Hər şeyi danışacağam. Mənə bir az zaman ver. Sadəcə bir qədər səbir.

Nuran başını yelləyib otağı tərk etdi.

* * *

Bir il öncə Həsən işlədiyi istehsalat şirkəti tərəfindən İrana ezam olunmuşdu. Əvvəlcə Tehran şəhərində oldu, sonra isə Azərbaycanın qədim tarixi diyarına – Təbriz şəhərinə göndərildi. Həsən Təbrizdə özünü rahat hiss etməyə başladı. Bu da səbəbsiz deyildi. Bir tərəfdən Azərbaycan torpağında olması, digər tərəfdən də bu şəhərin əhalisində hiss olunan doğmalıq onu darıxmağa qoymurdu. Həsənin uşaq yaşlarından ən böyük arzusu Azərbaycanın bu əzəli torpaqlarını gəzmək idi. Təbriz məktəblərində Azərbaycan dili tədris olunmasa da, yerli əhali öz dilini, mədəniyyət və adət-ənənələrini farslaşma siyasətindən qismən də olsa, qoruya bilmişdi. Hər axşam insanlar işlərini bitirdikdən sonra istirahət üçün ailələri ilə birgə parka gəlir, kimisi söhbət edir, kimisi yemək yeyir, kimisi də müxtəlif oyunlar oynayaraq günün yorğunluğundan yaxa qurtarmağa çalışırdılar. Həsən də mümkün olduqca axşamlar buraya gələr, sakitcə bir tərəfdə oturub insanlara tamaşa edərdi. Yenə də parkın girişinin sağ tərəfində ağaca söykənib ətrafa baxırdı. Buradan həm yolu, həm də parkın içərisini görmək mümkün idi. Onun diqqəti qarşı tərəfdəki ailənin hərəkətlərində idi. Ailə üzvlərinin üzlərindəki təbəssüm, səslərindəki sevinc çoxdankı bir arzunun həyata keçməsindən xəbər verirdi. Həsən onlara baxdıqca, özü də bilmədən xəyallara qərq olmuşdu. Bu zaman parkın kənarında dayanan maşın səsi, ardından isə iki şəxsin mübahisəsi onu xəyallarından ayırdı. Həsən narazı halda geri çevrildi. Yolda bir taksi dayanmışdı. İlk baxışdan müştərinin bura vətəndaşı olmadığı nəzərə çarpırdı. Burada taksi şoferləri əcnəbi müştəriləri aldadıb artıq pul almağı peşəyə çeviriblər.

Sürücü özünəməxsus saxta təbəssümü ilə xanımın üzünə gülümsəyir, artıq pul almağa çalışması bəs etmirmiş kimi, “qonaqpərvərlik” göstərərək: “Əziyyət çəkməyin, qonaq ola bilərsiz”, – deyə acgözlüklə qızın əlindəki pullara baxırdı. Qız da özünü itirmiş halda bütün pullarını çıxarıb əlində tutmuşdu. Görünür, yerli pul nişanlardan başı çıxmırdı. Həsən vəziyyəti belə görüncə müdaxilə etməli oldu:

− Xanım, kömək lazımdı? − Cavab gəlməyincə bir az da yaxınlaşıb ucadan:

− Bakıdan gəlmisiz, xanım?

Səma növbəti dəfə duyduğu yad səsdən diksindi. Tamam özünü itirib əsəblə geri çevrildi. Başqa zaman olsaydı, yəqin ki, cavabı da fərqli olardı, amma indi bunu düşünəcək halda deyildi. Qız istəmədən Həsənlə göz-gözə gəldi və sadəcə başını tərpədərək “hə” deməyi bacardı.

Həsənin müdaxiləsi sürücünü narahat etmişdi. Çünki qızı aldadıb artıq pul qoparacaqdı. Odur ki, əsəblə:

– “Baba, sənə nəki hardandi? Bizi məşğul eləmə. Boro peye-karət”1.

Həsən üzünü sürücüyə tutub: “Xamuş, xamuş baş!”2 – deyə qışqırdı. Sonra da cibindən beş yüz tümən çıxarıb ona doğru uzatdı:

– “Begir, çizi nəqu, boro”.3

Sürücü çaşqın halda maşına oturdu və deyinə-deyinə oradan uzaqlaşdı.

Qız heç bir şey başa düşməsə də, qarşısındakı oğlanın ona görə sürücü ilə mübahisə etdiyini anlayırdı. Həsən də qızın sual dolu baxışlarını görüb dedi:

− Narahat olmayın, normal haldır. Hər yerdə olduğu kimi, burada da əcnəbiləri aldatmaq sürücülərin sevimli peşəsidir. Siz də bu qədər həyacanlandığınıza görə, yəqin ki, birinci dəfədir, burdasınız.

− Hə, ilk dəfədir. İkinci gündür burdayam.

− Təksiz?

− Niyə soruşursuz ki?

− Heç, sadəcə soruşdum.

Səma öz yaşadığı kənddə Həsənlə qarşılaşsaydı, üzünə də baxmazdı. Çünki o yerlərdə tanımadığın insan, hələ də cavan bir oğlanla danışmaq heç də normal qarşılanmırdı. Lakin qürbətdə öz həmyerlisi ilə rastlaşması onun üçün çox sevindirici bir hal olmuşdu. Amma yenə də psixologiya öz işini görür, utanc hissi onu rahat buraxmırdı. Ona elə gəlirdi ki, ətrafdakı hər kəs onlara baxır, onlar haqda danışır. Səma uzun kirpikləri ilə sanki qızarmış üzünü örtməyə çalışırdı. Həm təşəkkür etmək, həm də qaçıb uzaqlaşmaq istəyirdi. Düşdüyü vəziyyətdən özünü itirən qız Həsənin səsindən diksindi:

− Bağışlayın, əgər kömək lazımdırsa, məmnuniyyətlə hazıram, yəni harasa getmək istəyirsinizsə, buyurun.

Səma razılıq vermək istəmədi, lakin az əvvəl baş verən hadisəni düşündükdə qərarsız şəkildə Həsənin üzünə baxdı. Həsənin üz cizgiləri də sözləri kimi sərt və inandırıcı idi. Həsən qızın tərəddüdünü görüb danışmağa başladı.

− Narahat olmayın, mən sadəcə kömək etmək istəyirəm. Mən də sizin həmyerlinizəm. Buraya işlə bağlı gəlmişəm. Bilirəm ki, burada tək gəzmək sizin üçün çətin olacaq.

− Mən burada tək deyiləm. − Səma gözlənilmədən dilləndi. − Anamla gəlmişəm. Amma o, indi xəstəxanadadır. İlk gecəni yanında yatdım, bu gün isə qoymadılar. Nahardan sonra bildirdilər ki, xəstə yanında yalnız bir gecə qalmaq olar. Odur ki, otelə dönməli oldum.

Bayaqdan ağzına su alıb dayanmış qızın bir nəfəsə bu qədər danışması qəribə göründü.

− Bəs ananızın vəziyyəti necədir?

− Yaxşıdır.

− Şikayəti nədir?

− Ürəyi ilə bağlıdır. Əslində, biz elə düşünürdük, yəni həkimlər elə demişdilər. Amma ürək deyilmiş, şükür ki, qorxulu bir şey yoxdur.

– Çox şükür. Acınacaqlı haldır.

– Nə?

– Bizim səhiyyədəki vəziyyəti deyirəm. İnsanlarda o qədər inamsızlıq yaradıblar ki, xırda bir narahatçılıqda belə xəstələr xaricə üz tuturlar.

– Anam bir neçə ay idi müalicə alırdı. Əməliyyat etmək istəyirdilər. Qayıdandan sonra şikayət edəcəyik. Anam onlara görə nə qədər fikir edib. Hər gün öləcəyəm deyə ağlayır, yemək yemir, günbəgün gözümüzün qarşısında əriyirdi. İnsan həyatı ilə bu qədər rahat oynamaq? Nə bilim. Başa düşə bilmirəm.

Qızı sakitcə dinləyən Həsən təəssüflə başını yellədi:

– “Həkim soyuqqanlı olmalıdır”, – deyirlər, görünür, bizim həkimlər həm də soyuqvicdanlıdırlar. Həkim seçimində diqqətli olmaq lazımdır. İndi bəzi həkimlər xəstəlikdən də təhlükəlidirlər. Nə isə. Başım qarışdı, gedəcəyiniz ünvanı soruşmadım.

Səma sanki yuxudan oyandı. Ömründə ilk dəfə tanımadığı insan ilə bu qədər söhbət edir, səmimiyyət göstərirdi. Danışmaq istəsə də, nitqinin quruduğunu hiss etdi. Titrək əli ilə gedəcəyi otelin kartını Həsənə uzatdı.

– “Otel-e-Ziba”. Yaxındır bura. Yolu keçib sağa dönəcəyik. “Ləbniyyat” mağazasından sonra.

Onlar otelə çatana qədər Həsən burdakı insanların həyat tərzindən və öz işlərindən danışdı. Səma isə heç bir söz demədən düşdüyü vəziyyəti və Həsənin sürücüyə ödədiyi pulu ona necə qaytaracağını düşünürdü.

– Çatdıq. – Həsənin səsi Səmanı düşüncələrindən ayırdı.

Otelin binasına daxil oldular. Bir qədər irəlidə, sol tərəfdə iki xanım əməkdaş əyləşmişdi. Burada müştərilər binadan çıxdıqları zaman otağın açarını təhvil verib, vəsiqələrini götürür, geri qayıtdıqda da yenidən vəsiqə ilə açarı dəyişirdilər. Səma da qaldığı nömrənin açarını almaq üçün xanımlardan birinə yaxınlaşdı. Nəzarətçi onun vəsiqəsinə baxdıqdan sonra:

– “Xanum4, az əvvəl Mədain bimarestanından5 telefun etdilər. Madəriniz6 bihal olub. Sizi görməx istər.”

Səma tam başa düşməsə də, xəstəxananın adını eşidən kimi, özünü itirdi. Nə cavab verəcəyini bilmədi. İxtiyarsız geri çevrilib Həsənə baxdı. Həsən hələ də girişdə dayanmışdı. Çağırmaq istədi, amma necə müraciət edəcəyini bilmədi. Bu qədər söhbət etsələr də, tanışlıq olmamışdı. Onun bu çaşqınlığı Həsənin diqqətindən yayınmadı. İti addımlarla ona doğru addımladı.

– Nə baş verib?

– Anam, anama nəsə olub. Xəstəxanadan zəng vurublar. Məni axtarırlar.

– Özünüzü ələ alın. Bu oteldə qaldığınızı, yəqin ki, ananız deyib onlara. Sakitləşin. Burada işiniz yoxdursa, vaxt itirməyək.

Səma başının gicəlləndiyini hiss etdi, gözləri qaraldı, dizləri əssə də, özünü itirmədi. Birtəhər başı ilə razılıq verib Həsənin arxasınca binadan çıxdı.

Həsən maşının qapısını açıb onu gözləyirdi. Səma maşına mindikdən sonra qarşı tərəfə keçib şöferlə yanaşı əyləşdi. Sürücü mühərriki işə saldı.

– “Baba, hara inşəAllah.”

– Mədain xəstəxanasına.

– “Baba, şurəvidən gəlibsüz?”

Həsən sadəcə başını tərpətdi. Sürücü bir neçə sual da verdi. Aldığı qısa cavablardan sonra həmsöhbətinin danışmaq istəmədiyini görüncə susdu.

Maşın parkın qarşısından ötüb körpüyə doğru yön aldı. Körpünü keçib sağa döndü. Bir müddət getdikdən sonra yolun kənarında dayandı. Həsən cəld maşından düşüb Səma üçün qapını açdı. Sonra da sürücüyə yaxınlaşıb haqqını ödədi. Görünür, bu sürücü əvvəlki kimi pul hərisi, hiyləgər biri deyildi. Pulu aldıqdan sonra təşəkkür edib uzaqlaşdı. Hər ikisi tələsik yolu keçib xəstəxanaya tərəf addımladılar.

Qəbul şöbəsinə yaxınlaşdılar. Həsən önə keçib növbətçi ilə danışdı. Vəsiqəni Səmadan alıb ona təqdim etdi. Daha sonra ikinci mərtəbəyə qalxdılar. Səma anasını müayinə edən həkimi görüncə yanına qaçdı.

– Həkim, anam, anam necədir? Anamı görmək istəyirəm.

– “Xanum, kəmi ahəstə, lotfən. Esme-madərət çie?”

Burada həkimlər yarı fars, yarı türkcə danışırlar. Odur ki, ilk əvvəl onları başa düşmək çətin olur. Səma da həkimin nə soruşduğunu anlamırdı.

Həsən ona yaxınlaşıb: “Xanım, ananızın adını soruşur həkim”, – dedi.

– Mehriban, Nəcəfova Mehriban.

Xəstənin adını eşidən həkim dilləndi:

– “Hə, madərinizin fəşarı yüksəldi. Nagəhan belə hal, xeyli motəəsefəm7. Sizi çox arzuladi. Onvan dedi. Telefon etdik. Hala daru yeyib yatır. Fərda gələrsüz”8.

Həkim sözlərini bitirib getdi. Dəqiq bir şey anlamayan Səma çiyinlərini çəkərək əvvəlcə həkimin arxasınca, sonra Həsənin üzünə baxdı. Həsən məcburən yalan danışmalı oldu:

– Deyir ki, narahat olmayın, hər şey qaydasındadır. Dərman qəbul edib yatır. Sabah görüşə bilərsiz.

Həsən saata baxdı. Saat 21:30-u göstərirdi.

– Xanım, artıq gecdir, burda qala da bilməyəcəksiz. Nə düşünürsüz? Yəqin, yemək də yeməmisiz.

Səma məhz indi sabahdan bəri ac olduğunu xatırladı.

– Mən, mən anamı görməliyəm.

Həsən palatadan çıxan tibb bacısına yaxınlaşdı. Uzun danışıqdan sonra onu razı sala bildi. Səma cəld içəri atıldı.

Həsən girişdə dayanıb içəri göz gəzdirirdi. Burada nisbətən ağır xəstələr yatırdı.

– “Mehriban xanımı burada niyə yatırdırlar, görəsən. Burada sağlam insanı yatırsan, sabaha xəstə olar”, – deyə düşünən zaman gözü xəstəyə sataşdı. Ona təqribən 45-50 yaş vermək olardı. Baş örtüyünün kənarından ağarmağa başlayan saçları görünürdü. Səma onun əlindən tutmuş, nə isə pıçıldayırdı. Görünür, yuxu dərmanı hələ də öz təsirini itirməmişdi. Qız çarəsiz şəkildə oturmuş, anasının üzünə diqqətlə baxaraq boğazında düyünlənən kədəri udmağa çalışırdı. Bu zaman tibb bacısı Həsənə yaxınlaşıb:

“Lotfən, dige bəse. Fərda biyayin”9. – dedi.

Həsən təşəkkür edərək Səmaya doğru addımladı.

– Bağışlayın, təəssüf ki, çox qala bilmərik, getməliyik.

Səma ayağa qalxdı. Çaşqın nəzərlərlə gah yerə, gah da Həsənin üzünə baxaraq pıçıltı ilə: “Çox sağ olun”, – dedi.

Bu üç söz Səmanın qəlbindən qopub gələn razılığın tam ifadəsi idi. Səmanın üzündəki ifadə Həsəni kövrəltdi. Bu cizgi çarəsiz bir insanın yalvarışını əks etdirirdi.

− Təşəkkür ediləsi bir şey yoxdur. Narahat olmayın. Təəssüf ki, getməliyik. Hər şey yaxşıdır, yaxşı da olacaq. Sabah gəlib yenidən baş çəkərik.

− Bəlkə, həkimlə bir də danışaq?

− Bu heç nəyi dəyişməyəcək. Burda qaydalar ciddidir. Həm yuxu dərmanı veriblər. Sabaha qədər yatacaq. Onsuz da əlimizdən gözləməkdən başqa bir şey gəlmir.

Səma yanağından süzülən yaşı silib uşaq kimi hiçqırdı. Dodaqları titrəyirdi. Bir təhər Həsənin arxasınca otaqdan çıxdı.

− Sabah gəlib həkimi ilə danışarıq. Əgər hər şey qaydasında idisə, niyə elə oldu?

− Əslində, anam buna görə müalicə alır. Tez-tez tutmalar olur və təzyiq yüksəlir. Odur ki, bir çox həkim ürəyindən şübhələnirdi. Amma sinir sistemi imiş. Burda elə dedilər. Məncə də əsəbdir. Çünki anam atamdan sonra belə oldu.

Həsən onların ayrıldığını düşünüb susdu. Pilləkənləri enib xəstəxananın həyətinə çıxdılar. Səma dərindən nəfəs alıb özünü sakitləşdirməyə çalışırdı. Havada xoş, sərin meh var idi.

− Bilirəm, yeri deyil, amma bir şey yeməlisiz. Ac qalmaqla özünüz də xəstələnə bilərsiz. O isə güclü olmalı-sız, ən azından ananıza xatir. Otelin yaxınlığında restoran var, yaxşı yeməklər verirlər. Düzdür, bizim yeməklər qədər dadlı deyil, amma yaxşıdır. Yemək yeyər, oradan da otelinizə gedərsiz. Bir az yatıb dincəlməlisiz ki, sabah ananız sizi canlı görsün. Bu halda sizi görsə, çox məyus olacaq. Çünki ona görə burada və bu vəziyyətdəsiz.

Əslində, Həsən özü də yemək istəmirdi. Sadəcə qızı sakitləşdirmək üçün çalışırdı. Səma heç bir söz demədi. Bayaqdan bəri doğma bir insan kimi onun qayğısına qalan Həsənin yorğun üzünə nəzər saldı. Başını tərpədib razılıq verdi. Bəlkə, o da Həsən ac qalmasın, − deyə bu addımı atdı. Hər ikisi yolun kənarında dayanan sarı rəngli “Samand” markalı maşına tərəf addımlamağa başladılar.

* * *

Günəşin pəncərədən süzülərək otağı aydınladan parlaq şüası içərini isitməyə başlamışdı. Nuran yatağında çevrilib gözlərini açdı. Bazar günü idi. Hər gün tezdən oyanıb işə getdiyi üçün istirahət günlərində yata bilmir, bir iki saat yatağında sağa-sola çevrilir, bəzən uzun-uzun düşüncələrə dalır və bundan sonra yerindən qalxırdı.

Saata baxdı, artıq 10 idi. Pəncərəyə yaxınlaşanda gözlərini qıyıb sifətini turşutdu:

− “Bu gün də isti qoymaz nəfəs almağa”. − Qaş-qabaqlı halda otağından çıxıb Həsənin otağının qarşısında dayandı. Otaqda sakitlik idi. Qapını döydü. Cavabsız qaldığını görüncə içəriyə boylandı. Həsən yatağında deyildi. Çarpayısı da qaydasında idi. Zala daxil oldu.

− “Yəqin, gecəni burada keçirib. Bu insan özünə niyə bu qədər zülm edir axı?” − Nuran təəssüflə ah çəkib dostuna yaxınlaşdı, amma onu oyatmağa ürəyi gəlmədi. Geri döndükdə gözü masa üzərindəki kağız-qələmə sataşdı.

− Aaa!, məsləhətim işə yarıyıb, deyəsən. Şeir filan yazmağa başlayıb ki. Adətən, insanlar İrana “Məşhədi” olmaq üçün gedirlər, bizimki “Məcnun” olub qayıdıb. – Nuran gülümsəyərək kağızı götürdü:

Hələ də unuda bilmədin deyilmi? Səbəbini soruşdunmu tənha qaldığında özündən? Bir cavab, bir çarə tapa bildinmi heç? Çarəsizliyin nə demək olduğunu anladınmı? Ağlın acizliyini gördünmü? Heç bir şey mümkün olmadı deyilmi? Çünki sən…

İnkar etdin daima sevmədim, – deyə, amma dilin söyləyənləri qəlbin qəbul etmədi. Qəlbin hər zaman onu istədi. Bir az qorxu, bir az təlaş, bir az da sevinc hissi ilə yaşatdı daxilində.

Bəs gözlərin? Bacara bildinmi gözlərinlə sən? Hər zaman, hər yerdə onu axtarmadımı? Gördüyü insanları ona bənzədib qəlbini həyəcanlandırmadımı? Ya əllərin, əllərin ona toxunmaq arzusu ilə yanmadımı? Xəyalın, xəyalın hər an onu canlandırmadımı? Ruhun onun qəlbinə, onun cisminə həbs olmadımı? Qəbul edirsən deyilmi? Sən tam ona aidsən. Səni sən edən də odur.

Niyə qərarsızsan? Niyə bu dünyadan uzaqsan düşündünmü sən? Düşünə bilməzsən, çünki düşüncələrin də həbs olunmuşdur sevgində sənin…

Unutma!!!, Yox sandığın bir şeyi həyatında var edən həyatının sahibidir demək ki.

Nuran mətni oxuduqdan sonra diqqətlə Həsənə nəzər yetirdi. Sanki indi özünə gəldi. Həqiqətən də, son günlər Həsənin ziddinə işləyirdi. Həddən artıq zəifləmiş, üzü saralmış, gözlərinin altı kölgə salmışdı. Nuran sevgiyə inanmırdı. Daha doğrusu, indiki zamanda kiminsə həqiqi sevgi yaşayacağını təsəvvür edə bilmirdi. Həmişə qeyd edirdi ki, bu dövrdə hər şey həvəs, maraq və vərdişdən qaynaqlanır, insanlar etdiklərinin, eləcə də düşündüklərinin doğru zaman və məkanını təyin edə bilmirlər. Beləcə, zamansız və maraqdan qaynaqlanan hərəkət xoşagəlməz sonluqla nəticələnir. Həsən də onunla, qismən də olsa, razılaşırdı. Münasibətdə ağlın, qarşılıqlı anlayışın, hörmətin daha vacib olduğunu vurğulayır və deyirdi:

− “Sevgi də, ehtiras da bir hisdir. Sevgi donuna bürünən ehtiras isə daha təhlükəlidir. Heç bir halda kökündə ehtiras dayanan bir hissə sevgi adı vermək olmaz. Sevgi daimi, ehtiras isə keçici bir hisdir. Bu hisləri fərqləndirmək isə ağlın işidir. Ümumiyyətlə, bütün hislər yabanı formadadır. Onları ram edəcək qüvvə ağıldır. Sevgi də, ehtiras da ram edilməzsə, nəticəsi faciəli olar: ehtiras zalımlıqdan, sevgi isə məzlumluqdan məhv edər sahibini. Adətən, kamil olmayan sevgi də xəyallar qurmağa vadar edir. O xəyallar həyata keçmədikcə insanda məyusluq yaranar, şübhə yaranar. Şübhə yaranarsa, inam itər. İnam itən yerdə isə nə hörmət olar, nə də başqa bir şey. Odur ki, ailənin təməli ağıl və anlayış üzərində qurulmalıdır. Bir-birini anlayan insan arasında, təbii ki, sevgi də, hörmət də daimi olacaqdır”.

Düşüncələrinin və gördüklərinin qarşısıda çaşıb-qalan Nuran qərarsız idi. Daim fərqli fikirlər səsləndirən Həsənin birdən-birə belə bir “xəstəliyə” tutulması yarı ciddi görünürdü.

Həsən gözlərini açdı. Yorğun bir halda qalxıb divanda oturdu. Gözlərini ovaraq ətrafa nəzər saldı. Nuranı görüncə gülümsədi. Onun üzündə acı kədər hökm sürürdü. Gözləri qızarmış, bir qədər də şişkin görünürdü. Ayağa qalxıb ağır addımlarla otaqdan çıxdı. Bir azdan əlində dəsmal üz-əlini silə-silə otağa daxil oldu. Nuran hələ də onu izləyirdi.

− Bəlkə, danışasan?

− Nəyi?

− Gördüyün yuxunu.

− Yuxu görmədim ki.

− Həsən, nəyi nəzərdə tutduğumu yaxşı bilirsən. Bizim aramızda nə zamandan bəri məsafə yarandı? Məndən nəyi və niyə gizlədirsən? Danışmasan, sənə kömək edə bilmərəm ki. Özün də bu halda özünə kömək edə bilməzsən. De görüm, İranda nə baş verib?

− Nuran, sadəcə zaman lazımdı. Hər şey keçib gedəcək.

− Heç bir şey keçmir, səni narahat edən hər nədirsə, onun üzərinə getmədikcə bir yol tapmadıqca sən düzələn deyilsən. Səni tanıyıram axı. İnan ki, yaraşmır sənə. Bu yaşda, bu ağılda uşaq kimi hərəkət edirsən. Get sən də intihar et. İndi dəbdir axı bu. Hər kəs eşq dastanı yaratmaq istəyir. Elə bilirlər, ölümləri ilə insanları cəzalandıracaq, qisas alacaqlar. Halbuki acizlik və ağılsızlıqdan başqa bir şey deyil.

− Sən nə danışırsan? Söhbəti hara gətirib çıxardın? Mən sadəcə yaşadıqlarımın təsirindəyəm. Bəlkə də, vicdan əzabıdır, bəlkə, başqa şey. Bilirəm ki, zamanla keçəcək.

− Oldu, susuram. Heç nə soruşmuram, heç nə ilə də maraqlanmıram. Madam mənim sənin üçün edə biləcəyim bir iş yoxdur, o zaman öz işlərimlə məşğul olaram. Sən də otur, necə rahatdırsa, elə də et.

Həsən dostunun bu tərzdə otağı tərk etdiyini görüncə dözməyib dilləndi:

− Yaxşı, yaxşı. Gəl otur. Mən qərarımı vermişəm və uzatmaq istəmirəm. Səninlə də paylaşım. Gəl.

Nuran geri döndü və üz-üzə oturub: “Buyur. Paylaş qərarını, dinləyirəm”, – dedi.

* * *

Restoran o qədər də dəbdəbəli olmasa da, çox təmiz idi. Müştərilərə qarşı diqqət isə həddindən artıq yüksək səviyyədə idi. Bir qədər keçməmişdi ki, verilən sifarişlər masa üzərinə düzülməyə başladı. Qarşı masada bir ailə hansısa əlamətdar bir günü qeyd edirdi. Az sonra edilən təbriklərdən ad günü olduğu məlum oldu. Ailənin üzündəki təbəssüm insanın daxilindəki bütün iztirabı silib aparırdı. Sanki restoranın xaricində bir dünya, daxilində başqa bir dünya var idi; xaricdə kədər, daxildə isə sevinc. Bu xoş mənzərə Səmanın da qəmli çöhrəsini yumşalda bilmiş, üzündə xəfif təbəssüm canlandırmışdı.

− Qəribədir. −Səma gülümsəyərək dilləndi. −Mehriban bir ailə və sadə bir süfrə. Xoşbəxt olmaq bu qədər asandır, demək. Təəssüf ki, biz hər şeyi çətinləşdiririk. Qəlizləşən həyat da yavaş-yavaş adiləşir və bir də baxırsan, öz marağını itirib.

− Cahillik. – Həsən yeməyə ara verib Səmaya nəzər saldı. – Göz açandan kim necə yaşayırsa, biz də elə yaşamağı öyrənirik. Çərçivəli, qəlibləşmiş bir ömür sürmək sanki bir qanundur.

− Dəyişmək olmazmı?

− Gərək kar, kor və lal olasan: kimsəni görmə, kimsəni duyma və ən önəmlisi arzuların, hədəflərin barədə kimsəyə bir söz demə.

− Ona görə bu qədər qapalısız?

− Qətiyyən. − Həsən gülümsədi. − Acı bir etiraf edim. Mən də böyüdüyüm mühitin təsirindən tam çıxmamışam. Çox şeyi öz istədiyim kimi edirəm, amma bu heç də asanlıqla başa gəlmir. Axına qarşı çıxdıqca qorxu hissi yaranır. Ən kiçik uğursuzluqda belə ətrafın qınağı, sən haqsızsan, − deyə ittiham edilmək, əzilmək və. s Bütün bunlar insanı inkişafdan saxlayır. Odur ki, bu düşüncələrdən birdən-birə xilas olmaq olmur. Bildiyin və dərk etdiyin halda, yenə də müəyyən məqamlarda rahatlığı, yəni qəlib həyatı seçməli olursan. Bu tip yaşam bizə məlum olduğu üçün rahat görünür, əslində isə düşünən və yaradıcı insanlara əziyyətdən başqa bir şey deyil.

− Mən möcüzələrə inanıram və bilirəm ki, insan necə yaşamaq istədiyini xəyal edərsə, o şəkildə də yaşayacaq. Həyat insana ürəkdən arzuladığı hər şeyi verir. Doğrudur, qarşılığında nəyisə almasa, daha gözəl olardı, amma qazanmaq üçün itirmək şərtdir, məncə. Bunu qəbul etmək lazımdır. Necə ki, sal bir daş parçalana-parçalana gözəl sənəd əsərinə çevrilir. Biz, hətta yaşamaq, canımızı qorumaq üçün bəzən bədənimizdən bir hissəni qurban verməli, itirməli oluruq.

− Görünür, ədəbiyyatı sevirsiz. − Həsən maraqla Səmaya baxıb soruşdu. Onun fərqli düşüncə tərzi Həsəni heyran etmişdi.

− Əlbəttə. Uşaqlıqdan oxumaq ən sevimli peşəm olub. Təhsil ala bilməsəm də, özümü bu həzdən məhrum etmədim və axtardığım bütün sualların cavabını oxuduğum kitablarda tapdım.

− Maraqlıdır. İndi çox nadir halda kitab həvəskarlarına rast gəlmək olur. Mənim üçün çox xoş oldu. İnsanın düşüncə tərzi fərqli və geniş olduqda özü də, söhbəti də maraqlı olur.

− Təşəkkürlər. Düzü, mənə bu həvəs anamdan keçib. Həmişə oxuduğu kitablardan maraqlı parçalar danışar və həyatı bu şəkildə izah edərdi. Anam nağılları daha çox sevir. Sonsuz sevgi, xoşbəxt ailə, mehriban qohumlar, anlayışlı və vicdanlı cəmiyyət arzulayır anam. Hər nə qədər bunların sadəcə nağıllarda olduğunu bilsə də, ümidini üzmür, həmişə inanır və mənə də: “Heç vaxt ümidini itirmə. Ümidsiz yaşayan hər gün ölər”, – deyir. Bəlkə də, özü daxilində əzab çəkir, amma mənim üzün gülsün, − deyə belə edir.

Səma danışdıqca yanağından süzülən yaşı belə unutmuşdu. Gözləri bir nöqtəyə baxır, keçmişi göz önündə canlandıqca ağlayırdı.

− Ananız sizin kimi övlad yetişdirdiyi üçün çox xoşbəxtdir. − Həsən əmin bir halda dilə gəldi. −Siz ananızın arzularını həyata keçirib onu xoşbəxt edəcəksiz. Çünki çox güclü bir xanımsız: hər bir çətinliyin öhdəsindən gələcək qədər güclü.

Səma boğazında düyünlənən qəhəri udub: “Bacaracağam, hə?” – deyə sual etdi. Onun gözləri parlayırdı.

− Əlbəttə, bacaracaqsız. İndi bu barədə düşünməyin. Yeməyinizi bitirin. Gedib istirahət edin. Çox maraqlı həmsöhbətsiniz. Sabah ananızla bağlı xoş xəbər aldıqdan sonra, söhbətimizi müsbət notlarda davam edərik.

Səma tərəddüdlü halda gülümsədi. Yanaqlarında xəfif qızartı gözə dəyirdi.

− Onda, sabah görüşəcəyik yenə də?

− Təbii ki, siz nadir tapıntısız. Sizinlə hələ çoxlu-çoxlu maraqlı söhbətlərimiz olacaq. Sabah işdə olacağam. İşim bitən kimi, xəstəxanaya gələrəm.

Yeməkdən sonra Həsən Səmanı otelə yola salıb evinə döndü. Ömründə ilk dəfə idi ki, belə bir mənzərə ilə qarşılaşmışdı. Çox təsirlənmişdi. Hər şey sanki yuxu idi. Mətbəxə keçib özünə su süzdü. Bir-iki qurtum içib otağına qayıtdı. Üzüstə çarpayıya uzanıb baş verən qəribə hadisə haqqında düşünməyə başladı. Səmanın ailəsi haqda danışarkən kövrəlməsi onun diqqətindən yayınmamışdı:

− “Əgər anası atasından ayrılıbsa, bəs digər qohumları? Niyə anası məhz qızı ilə bura gəlib? Amma qəribə və maraqlı qızdır. Adı necə idi?” – Həsəni bir an içində gülmək tutdu. Bu qədər müddətdə qızın adını soruşmamışdı.

O gecə Səma da yata bilmədi. İçində qəribə hislər yaranmışdı. Anası xəstə olmasaydı, bəlkə də, həmişə nağıllarda oxuduğu qeyri-adi hadisələri həyatında yaşadığı üçün çox xoşbəxt olardı. Həsən nağıllardakı xilaskar kimi peyda olaraq onu qorumuş, dəstək olmuşdu. O qədər doğmalıq hiss etmişdi ki, sanki bu gün deyil, illər öncə başqa bir dünyada, başqa bir yerdə birgə yaşamışdılar. Hətta o qədər yaxınlıq hiss etmişdi ki, ismini belə soruşmağa ehtiyac qalmamışdı. Odur ki, özü də özünə təəccüb edirdi: “Bu necə haldır ki, haqqında düşündüyün insanın adını belə bilmirəm?”

* * *

Həsən İranda baş verənləri bitirdi və dedi: − Sabah da məzuniyyət götürəcəyəm. − Niyə? − Nuran təəcüblə dostuna baxdı.

− Kəndə gedəcəyəm.

− Hansı kəndə?

− Bəcrəvana − qızın yaşadığı kəndə.

− Bu qədər əminsən yəni?

− Əlbəttə.

Nuran hər iki əlini başının arxasına qoyub: “Dəhşətdir”, −dedi. Sən ağlını itirmisən, deyəsən. Heç özün öz qərarın barəsində düşünmüsən? Bilirsən, nə qədər gülməli görünür? Bir dəfə qarşılaşdığın qız üçün aylarla depressiya yaşa, sonra kəndlərinə get. Gedib nə edəcəksən? Elçilikmi? Ya da qapıdan içəri girib: “Salam, mən sizin qızınızı unuda bilmədim, arxasınca gəldim”, −deyəcəksən? Onlar da alqışlayacaq: “Gəl, biz də səni gözləyirdik”, − deyə sevinəcəklər? Həsən, özünə gəl. −Nuran danışdıqca əsəbləşir, bəzən əsəbindən qəhqəhə çəkib gülürdü.

− Nuran, Nuran. Sən mənim başıma bir iş gələr, − deyəmi qorxursan?

− Nə əlaqəsi?

− O zaman niyə əsəbləşirsən? Gəzməyə gedirəm. İstirahət edəcəyəm. Belə düşün.

− Bu sənin işindir. Təbii ki, qarışa bilmərəm. Amma belə bir xırda səbəbdən aylarla dərd-qəmə batıb sonra da bu addımı atmağın mənə gülməli gəlir. Sən neçə müddətdir, hər şeydən soyumusan, bütün günü fikirli, bütün günü yorğun-bitkin. Zamanla keçəcək dedin. Lakin daha da üzərinə-üzərinə gedirsən.

− Sən demirdin ki, arzularının arxasınca get?

− Deyirdim, yenə deyirəm. Amma bu sənin arzun deyil ki. Sadəcə beynində yaratdığın xoş bir səhnədir. Mən səni tanıdığım üçün bilirəm, sən sevgiyə inanan insan deyilsən. Sənin arzuların, istəklərin, hədəfin tam başqadır. Ümumiyyətlə, bizim hədəflərimiz tam başqadır və bir-birimizə bu haqda söz vermişik. Birimiz bu hədəfindən uzaqlaşsa, o birimiz ona mane olacaq. Biz sıradan insan deyilik. Sıradan biri kimi də yaşamayacağıq. İnsan kimi öz vəzifəmizi yerinə yetirəcək, yaradılış hədəfimizə doğru addımlayacağıq. − Nuranın yüksələn səsi otağın divarlarında cingildəyirdi.

− Nuran… Qışqırmaqla heç nə dəyişməyəcək. Haqlısan, amma hər birimizin həyatında şəxsi addımlar olacaq, istəsək də, istəməsək də olacaq. Mən sevgi arxasınca qaçmıram. Başa düş. Özümdən asılı deyil. Bəli, son vaxtlar özümdə deyiləm. Çünki bir qüvvə var: məni özünə doğru çəkən bir qüvvə. Və mən məni özünə çəkən hər nədirsə, onun sonuna çıxmaq istəyirəm. Əminəm ki, burada başqa nə isə var. Sirli, bağlı bir şey. Mən bunun sadəcə sevgi ilə bağlı olduğuna inanmıram. Odur ki, oraya getməliyəm. Bəlkə də, mənim yaradılış məqsədim budur.

− Nə? − Nuran Həsənin son cümləsini duyunca təəccüb və heyrətlə gülməyə başladı. − Sən düşünürsən ki, sənin yaradılış səbəbin oxuduğun və təsirinə düşdüyün hər hansısı bir nağılı həyata keçirməkdir? Səncə, buna dəyər? Bəs itirəcəyin zaman necə olacaq?

− Hazırda elə bir haldayam ki, heç bir şey düşünə bilmirəm, düşünmək də istəmirəm. Beynimi gəmirən fikirlər, gördüyüm yuxular, qarabasmalar, mən bunlardan yaxa qurtarıb normal həyatıma davam etmək istəyirəm. Odur ki, get-mə-li-yəm.

− Yaxşı, heç olmasa, zəng vur danış. Danışsan, rahatlaşarsan. Sonra da normal bir tərzdə görüşərsiz.

− Danışa bilmərəm

− Niyə?

− Telefon nömrəsi yoxudur.

− Nəə!. Necə yəni?

− Yoxdur da, Nuran, yoxdur. Vəziyyətin bu yerə gələcəyini düşünmədik. Unuda bilərik, – deyə o nömrəni vermək istəmədi, mən də üzərinə getmədim.

− Hmm. Həqiqətən, sevirsənsə, məsafələr qət etməlisən. MaşAllah, özünüz üçün hind filmləri kimi ssenari yazmısız ki. İndi də oynamağa başlayırsız. Daha niyə boş-boşuna danışıram ki mən. Siz hər şeyi düzüb qoşmusunuz. Sənə uğurlu oyun, xoşbəxt sonluq arzulayıram. − Nuran sözlərini bitirib otaqdan çıxdı.

− Hara gedirsən?

− Özümə dost axtarmağa. Madam səni itirdim…

− Hmm, sən belə tez üstümdən xətt çəkməzsən…

− Necə deyirlər? − “Qolun sınığı boyunundur”. Məcbur mən də sənə dözəcəyəm. Nə isə. Mən şəhərə çıxıram. Gedim, bəlkə, bir ağıllı tapdım, söhbət edim, fikrim dağılsın. − Nuran kinayəli sözlərini bitirib digər otağa keçdi. Az sonra telefon, ardından da Nuranın səsi eşidildi. Kim iləsə danışıb görüş üçün vaxt təyin edirdi.

* * *

Səma o gecəni, demək olar ki, yatmadı. Saat 7 olmadan yatağından qalxıb hazırlaşmış, divanda oturaraq gözlərini qarşı divardakı saata zilləmişdi. Gah anasının, gah da həyatına gələn yeni qonağın düşüncələri beynində cövlan edirdi. Təqribən bir saata yaxın idi ki, bu vəziyyətdə oturub xəyallara dalmışdı. Həmişə tək qalmaqdan qorxardı. Hətta tanımadığı bir yerdə, tanımadığı insanlar arasında tək yaşadığını düşünməkdən belə qaçardı. Amma indi… İstəmədiyi bir vəziyyəti yaşamaq məcburiyyətində idi. Lakin bir az rahatlıq vardı içində. Bəlkə, qorxduğu səhnəni yaşadığına görə o qədər də qorxulu olmadığını dərk edirdi. Nə də olsa, insan hər bir şeyə öyrənən varlıqdır. Bəlkə də, bu rahatlıq dünənki səhnədən sonra yaranmışdı. Nə də olsa, inandığı bir insan var idi yanında.

Saat 8 də çalınan qapı zəngi onu düşüncələrdən uzaq saldı, qəlbində həyəcan yaratdı. Yavaş-yavaş qapıya yaxınlaşdı. Səhər yeməyini gətirmişdilər. Ehtiyat və tərəddüdlə qapını açdı. Bu oteldə təkcə səhər yeməyi verilirdi. Ümumi bir yemək zalı olmadığından yeməklər otaqlara göndərilir, adətən də, qaymaq, yağ, bal və lavaşdan ibarət olurdu. Səma yeməkləri qəbul edib otağına qayıtdı. Masanın üzərinə qoyduqdan sonra elektrik çaydanı işə saldı. Anasının xəstəxanada ac olduğunu düşündüyündə boğazından heç nə keçmədi. Çay hazır olduqdan sonra bir stəkan çay içib otağını tərk etdi.

Bu gün heç bir hadisə ilə qarşılaşmadan xəstəxanaya çatdı. Hər bir işi qaydasında gedirdi. Anası ilə də rahatca görüşə bildi. Anasını dünənə nəzərən daha sağlam görüncə sevindi. Üzərinə qaçıb qucaqladı. Əllərini üzünə qoydu.

− Necəsən, ana?

− Yaxşıyam qızım. Allah bilir, nə çəkdin dünəndən bu günə. Kaş bura gəlməyəydik. Sənə çox əzab verdim.

− O nə sözdür, ay ana. Təki sən yaxşı ol. Məni çox istəyirsənsə, tez sağal. Məni sənsiz qoyma.

− Əlimdə deyil ki, qızım. Məndən asılı olsa, xəstə olardım, bura gəlib sənə bu günləri yaşadardım?

− Ana, özün də bildin ki, qəlbində filan heç bir şey yoxdur. Sənin narahatçılığın ürəyinlə, bədəninlə bağlı deyil ki, psixoloji hadisədir. Sən özünü və əsəblərini qorusan, tutman da olmaz axı. Eşitdin də həkim nə dedi:

“Panik ataq”10 var səndə. Düz də deyir. Atamdan sonra belə oldun. Sinirlərin pozulub. İstənilən daxili və ya xarici qıcıq səndə həyəcan yaradır və təzyiqin yüksəlir.

− Düzələcək, qızım. Söz verirəm ki, səni incitməmək üçün çalışacağam.

− Məni incitməmək üçün deyil, yaşamaq üçün çalış, ana. Sən həyatımda olduğun müddətcə mən nə incimərəm, nə də bezmərəm, əksinə xoşbəxt olaram. Xoşbəxtliyim səninlə bağlıdır axı. Səndən başqa kim mənə dəstək olacaq? Kimim var ki o ailədə, ay ana? Sən ki bunu bilirsən axı.

− Aaa!. Sən bura məni danlamağa gəlmisən?

− Danlamıram. Ana, sadəcə bir də belə etmə. Unut olanları, keçmişini. Məni düşün, bizi düşün.

− Yaxşı qızım, sakitləş.

−Yemək yemisən?

− Əlbəttə. − Mehriban xanım qızını daha çox üzməmək üçün yorucu söhbətin mövzusunu dəyişdi. − İndi de görüm, dünən necə keçdi?

Səma anasının sualını eşidən kimi, saata baxdı və gözlənilmədən: “Yəqin bir-iki saata gələr”, – dedi.

− Necə? Kim gələcək?

− Heç ana. Bir nəfər var. − Səma qızardığını hiss etdi. Amma yalan da danışa bilmədiyindən: “Bakıdan gəlib o da”, – dedi.

− Xəstəxanaya gəlib?

− Xeyr, ana.

− Hə. Yəqin oteldə qarşılaşdız?

− Yox, ana. Bura işlə bağlı gəlib.

− Deyirəm, görürsən, qızım, valideynləri icazə verir, qız uşağı xaricə işləməyə gedir. Mən səni bir gün də gözümdən yan etməzdim.

− Ana, o qız deyil.

− Nə? Oğlanla tanış olmusan? − Mehriban xanım özü öz sualından qorxdu. − Qızım, məni peşman etmə.

− Ana, narahat olma. Düşündüyün kimi deyil. Sən mənə inanmırsan?

− İnanıram, ağıllı balam. Amma yad yerdə. Tanımadığın biri, Allah qorusun, başına hər nə desən gələr. Hələ bir mənə bax, bədənim əsir qorxudan.

− Ana, inan ki pis heç nə olmayıb. Əksinə kömək etdi mənə. Gecə birlikdə bura gəlmişdik. Sən yatmışdın.

− Qorxuram Səma. İndiki insanlara inam var. Kiri, kiri danışma. Sən danışdıqca mən ağlımı itirirəm az qala. − Mehriban xanım titrək əli ilə stəkanı götürüb dodaqlarına yaxınlaşdırdı. Artıq ətrafındakı insanlara da qorxu və şübhə ilə baxırdı. Bir qədər susduqdan sonra dözə bilməyib soruşdu:

− Adı nədir?

− Bilmirəm ki, deməyib.

− Necə yəni? Sənin adını öyrəndi, amma öz adını demədi, hə?

− Ana, heç mənim də adımı bilmir. Tanış olmağa vaxtımız olmadı ki.

Səma başına gələnləri anasına danışıb onu rahatlaşdır-maq üçün çalışsa da, Mehriban xanım daha da narahat olur:

“Buradan tez bir zamanda getmək lazımdır”, – deyirdi.

O gün Həsən üçün bir il kimi göründü. Sanki saat yerində sayır, hər dəqiqə bir saat kimi keçirdi. Məqsədi sadəcə Səmanı görmək deyildi. Həm də qızın anasına görə narahat idi.

– “Görəsən, qadın necə oldu? Gecə, həqiqətən də, yaxşı görünmürdü. Əgər ona bir şey olsa, qız da infarkt olar. Gərək işdən icazə alıb, qızın yanında olardım”. – Həsən bu düşüncələr altında əzilir, özünü danlayır, vicdan əzabı çəkirdi. Dalğın bir vəziyyətdə birtəhər işlərini yekunlaşdıra bildi. Saata baxdı, 16:11.

İşdən çıxan kimi taksi çağırdı. Evə gedib duş aldı. Otağın səliqəsinə nəzər yetirmədən evdən çıxmağı sevmirdi. Yenə də adəti üzrə hər bir şeyi nəzərdən keçirib otaqdan çıxdı və birbaşa Mədain xəstəxanasına üz tutdu. Bir saat müddətdə artıq bütün işlərini bitirmiş, xəstəxanada Mehriban xanımın həkiminin qəbulunda idi. Özünü xəstənin oğlu kimi təqdim edən Həsən bütün yoxlanış nəticələri ilə tanış olub, qorxulu bir şey olmadığını, sadəcə “Panik atak” yarandığını öyrəndi.

Həsən bir az rahatlaşdı. Həkimə təşəkkür edərək ondan ayrıldı və Mehriban xanımın yatdığı otağa tərəf yönəldi. O içəri daxil olanda Səma kiçik uşaqlar kimi başını anasının çarpayısına qoymuş, anası da saçlarını oxşayırdı. Səmanın başındakı örtük çiyinlərinə düşmüşdü. Uzun və sarımtıl saçları çiyinlərinə səpələnmişdi. Anasının narahat olduğunu görən Səma başını qaldırıb qapıya doğru baxdı. Həsəni görüncə ayağa qalxıb cəld saçlarını yığaraq örpəyi ilə başını örtməyə çalışdı. Ağladığından uzun kirpikləri dən-dən olmuşdu. Badamı gözləri bulaq kimi qaynayırdı. Nəfəsindən və sürətlə enib-qalxan sinəsindən nə qədər həyəcanlı olduğunu görmək mümkün idi. Ağzı qurumuş, dodaqları titrəyirdi. Özünü ələ alıb: “Salam, buyurun” – dedi. Daha sonra anasına:

– Ana, həmin şəxsdir: bayaq haqqında danışdığım.

Mehriban xanım bir az da dikəlib:

– Buyur, bala. Adını da bilmirəm. Yaxın gəl görüm.

Həsən birdən-birə nə deyəcəyini bilmədi. Hətta adını da bir qədər fikirləşdikdən sonra: “Həsən, adım Həsəndir”, –dedi.

– Çox sağ ol, Həsən. Bu yad diyarda qızıma kömək olubsan.

Həsən üzündə və qulaqlarında xəfif istilik hiss etdi. Qadının gözlərinə baxmadan: “Xoşdur, təki siz yaxşı olun. Mən təşəkkür ediləsi bir şey etdiyimi düşünmürəm”, – deyə vəziyyətdən çıxmağa çalışdı. Sonra da mövzunu dəyişdi:

– İndi özünüzü necə hiss edirsiz?

– Yaxşıyam. Qızım da yanımdadır. Yaxşıyam. – Mehriban xanım da Həsənin sıxıldığını görüb dünəni xatırlatmadı.

– Sən çoxdandı burdasan, bala?

– Xeyr. Bir neçə aydır.

– Hə. Allah kömək olsun. Ailəndən uzaq darıxmırsan?

– İnsan zamanla hər şeyə alışır. Uzun zamandır, valideynimdən uzağam. Sadəcə bayramdan-bayrama görüşür, arada da telefonda danışırıq. Belə.

– Bəs öz ailən yoxdur?

– Hələ ki, yox. − Həsən yenə qızardı.

– Qızım, Həsən balam ayaq üstə qaldı. Bəlkə, icazə verəsən, yerində o otura?

– Narahat olmayın. Mən gedirəm onsuz da. Sizə görə narahat idim. Şükür ki, yaxşısız. Həkim də bir-iki günə gedə biləcəyinizi dedi. − Həsən etiraz etsə də, Səma anasının nə demək istədiyini başa düşüb, ayağa durub:

“Onda mən bir az hava alım”, – deyərək otaqdan çıxdı.

– Yaxın gəl oğlum. Səninlə danışmaq istəyirəm.

Həsən çaşqın halda yaxınlaşdı. Oturacağı çarpayıdan kənarlaşdırıb oturdu.

Mehriban xanım dərindən ah çəkərək danışmağa başladı.

– İnsanın başına nə gəlirsə, fikirdən gəlir, oğlum. Yoldaşım dünyadan köçəndən sonra mən bu hala düşdüm. Səma ilə tək qaldıq. Kişisi olmayan evdə yaşamaq çox çətindir indiki vaxtda. Nə əziyyətlər çəkdik. Səma mənim üçün həm oğul övladı oldu, həm qız. Mənim yaşamağıma səbəb hazırda odur. Allahdan da ömrü qızıma görə istəyirəm. Onu bir yerə çıxardım, xoşbəxt olduğunu görüm, sonra ölüm.

– Elə danışmayın. Mehriban xanım. − Həsən yerində qurcalandı.

– Sözümü kəsmə bala. Bunları danışmaqda məqsədim var. Səma mənim üçün çox dəyərlidir. Heç bir arzusunu yerinə yetirə bilmədim. Oxumaq istəyirdi. Kitab əlindən yerə düşmürdü. Oxuda bilmədim. Bir çox arzusunun üstündən mənə, ailəsinə görə xətt çəkməli oldu. Hələ indi bir az yaxşıdır vəziyyət. Qızım məktəbli olanda heç doğru-düzgün dərsə də getmirdi. Nədir ki, kəndə oxuyan qıza yaxşı baxmırlar. İndi şükür ki az-çox oxudanlar var. Nə isə uzun danışıb səni də yormayım. Səndən bir ana kimi xahiş edirəm, nə qədər ki burda qonağıq və nə qədər ki qızım səninlədir, onun namusunu öz ailənin namusu kimi bil. Sənin mədəniyyətinə şübhəm yoxdur. Oxumuş, təhsilli, savadlı, mərifətli adamsan. Amma mən də anayam. Ana ürəyi həmişə övladından nigaran olur. Odur ki, oğlum, məni səhv başa düşmə və incimə. Burda bizim kimsəmiz yoxdur. Qızımın qarşısına çıxmısan, kömək etmisən, çox sağ ol. Bundan sonra da onu qoru. Öz ailənə rəva bilmədiyini, qızıma da rəva görmə.

– Sizi başa düşürəm, ana. – Həsən özü də bilmədən belə müraciət etdi. Kövrəlmişdi. – Sizə hala olsun ki, elə bir qız övladı böyütmüsünüz. Oxumaq sadəcə universitetə qəbul olmaq, diplom almaq da savadlı olmaq demək deyil. Qızınız o qədər ağıllı və dünyagörüşülüdür ki, inanın ali təhsilli insanların çoxundan üstündür. Mənə gəlincə, özünün və ailəsinin mənəviyyatını qorumaq istəyən insan nə olur olsun, başqasının mənəviyyatına göz tikməz. Biz özgə hesab edib həyatını zəhərlədiyimiz hər bir insan ilə cəmiyyəti də zəhərləmiş oluruq. Və o cəmiyyətdə yaşadığımız üçün etdiyimiz hər bir əməlin nəticəsi, şübhəsiz, bir gün öz ətrafımızda da təzahür edəcəkdir. Bu mütləqdir.

– Sənə tərbiyə verən valideynə halal olsun, oğlum. Kaş ki hər kəs belə bir qəlbə, belə bir düşüncəyə malik olardı. Çox sevindim. Rahat oldum. Qızım sənə əmanət, oğlum. Amma bu söhbətdən xəbəri olmasın. “Hələ də məni qoruyursan və mənə inanmırsan”, − deyə inciyir məndən.

– Narahat olmayın, Mehriban xanım. Sizi də çox yordum. Üzrlü sayın. İnşAllah tezliklə müalicəniz bitəcək. Ondan sonra sizi sağ-salamat evinizə yola salarıq.

Mehriban xanım da sevinclə: “İnşAllah, bala”, – deyə gülümsədi.

Həsən otaqdan çıxdığında Səma qapının arxasında dayanmışdı. Yəqin ki, içəridə edilən söhbəti eşitmiş, indi Həsənə daha da inamla baxırdı.

– Anam hər insan ilə bu qədər söhbət etmir. Söhbətiniz maraqlı oldu, deyəsən.

– Hə. Çox maraqlı idi. Çox da xoş oldu.

– Mövzusunu bilsəm, mənə də xoş olardı. − Səma gözlərini süzdürüb dodaqlarını büzdü.

– Onu da zəhmət olmasa, içəridə öyrənərsiz. − Həsən başı ilə otağı göstərdi.

– Hmm. Başa düşdüm. − Səma incisə də, hiss etdirmədi. − Bəs indi hara gedirsiz? Əgər o da sirr deyilsə…

– Sirr deyil. Düzü, vacib bir işim yoxdur, Yəqin ki, evə gedərəm. Siz nə edəcəksiz?

– Anam bu gün də burdadır. Yenə tək qalacağam. Bir azdan otelə dönərəm, yəqin.

– Nahar etmisiz?

– Əlbəttə, indiyə nahar qalar? Bir azdan şam vaxtıdı.

– O zaman icazənizlə mən gedim.

– Buyurun. Yəqin ki, yenə görüşəcəyik. − Səma kövrək şəkildə dilləndi. Sanki getmə, qal demək istəyirdi, amma bu addımı qarşı tərəfdən gözləyirdi.

– Təbii ki, görüşəcəyik. Sağ-salamat yola salacağam, inşAllah.

– Deyəsən, bizimlə çətin oldu. Getməyimizi arzulayırsız.

– Mən sadəcə xəstəxanadan tez çıxmağınızı istəyirəm. Nə qədər istəsəniz, qonaq ola bilərsiz. Özüm də qonağam burda, düzdür, amma yenə də narahatçılıq yoxdur.

– Çox sağ olun. Zarafat edirdim. Hər şeyə görə çox sağ olun. Tezliklə görüşərik. −

Səma baxışlarını gizlətmək üçün başını aşağı əydi, daha sonra geri dönərək otağa daxil oldu.

Əslində, Həsən buraya Səma ilə görüşmək, dünən yarımçıq qalmış söhbəti davam etdirmək – bir sözlə, onu yaxından tanımaq üçün gəlmişdi. Amma Mehriban xanımla yaşanan söhbətdən sonra bu addımı atmaq istəmirdi.

Həsən bir qədər düşündükdən sonra ağır addımlarla pilləkənə tərəf üz tutdu. Hara gedəcəyini bilmirdi. Evə getsəydi, darıxdırıcı olacaqdı. Odur ki, bir qədər gəzib fikrini dağıtmaq üçün yenə də parkı xatırladı. Bu niyyətlə xəstəxanadan çıxıb yola doğru addımlayırdı ki, adının səsləndiyini duydu.

– Həsən.

Geri çevrildiyində Səmanın həyəcanlı və gülən üzünü gördü. Aydın bir gecədə sayrışan ulduzlarla bəzənmiş məftunedici bir asiman gözəlliyi canlandı gözlərində. Bəlkə də, adının Səma olması da Həsənin düşüncəsində məhz belə bir gözəllik təcəssüm etdirdi. İlk dəfə idi ki, Səmanın dilindən öz adını duyurdu.

– Məni də gözləyin. − Səma iti addımlarla Həsənə çatmaq üçün tələsirdi. Örpəyi başından düşməsin, − deyə əli ilə tez-tez düzəliş verirdi.

– Anam otelə getməyimi istədi. − Səma Həsənin susduğunu görüb: “Hətta gedəcəyim yerə qədər sizin nəzarətinizdə olmağıma razılıq verdi”, – deyə əlavə etdi.

– Yaxşı, elə isə buyurun, birlikdə gedək.

– Əgər başqa işiniz varsa, mən tək də gedə bilərəm.

– Kinayə ilə deyirsiz? − Həsən qaşlarını düyünlədi.

– Xeyr. Bu sabah tək gəldim. Tək də qayıda bilərəm.

– Mən də otelin yanındakı parka gedirəm. Yolumuz birdir, onsuz da. Biz burda dayanıb mübahisə edəcəyik, yoxsa gedək?

– Gedək, Həsən müəllim. Adınızı bayaq anama söyləyərkən duydum. − Səma xüsusi intonasiya ilə vurğuladı.

– Hmm. Səma xanım. Mən də adınızı ananızdan eşitdim. − Həsən də eyni tərzdə cavab verdi.

– Qəribədir. Bir gündən sonra öyrəndik.

– Onu da ananızın sayəsində.

Hər ikisi gülə-gülə maşına oturdular. Həsən sürücüyə gedəcəkləri ünvanı bildirdi və mənzil başına çatana qədər danışmadı. Onun fikirli olması Səmanın diqqətindən yayınmadı. Bilirdi ki, Həsən anası ilə söhbət etdikdən sonra dəyişdi. Onun bu vəziyyətinə görə özünü də günahkar hesab edirdi.

Maşın parkın kənarında dayandı. Hər ikisi maşından düşüb baxışdılar. İkisi də susurdu. Baş verənləri öyrənmək və Həsənin fikirlərini dağıtmaq üçün Səma sükutu pozmaq qərarına gəldi:

– Dünənki yemək çox dadlı idi. Amma əhvalım və iştaham yaxşı olmadığından doyunca yeyə bilmədim.

Həsən Səmanın istəyini başa düşüb dilləndi:

– Elə isə birlikdə gedib şam edə bilərik.

– Bəs parkda gəzmək istəmirsiz?

– Qalsın yeməkdən sonraya.

Həsən önə keçdi. Səma da onu izləyərək restorana doğru addımlamağa başladılar.

* * *

Adətən, şənbə-bazar günləri normal istirahət etməyən işçi üçün bazar ertəsi işə çıxmaq bir növ işgəncəyə çevrilir. Həsən də yorğun bir görkəmdə, 8:45-də şirkətə daxil oldu. Həmkarları ilə görüşüb kabinetə keçdi. Kompyuteri işə salıb içərinin səliqəsinə göz gəzdirdi. İş yerini, xüsusən də iş masasını təmiz və səliqəli saxlamağı çox sevirdi. Kompyuter yükləndikdən sonra mail ünvanına gələn bildirişləri gözdən keçirməyə başladı:

– “9:30 da iclas. Yeni əməkdaşa xeyirli olsun. Yaxşı oldu, elə iclas sonu məzuniyyət məsələsini də deyərəm”. − Həsən bildirişləri oxuyub qeyd dəftərini götürdü. Bir neçə əlavələr edib vacibi işləri gün ərzində tamamlamağı qərara aldı.

Şirkətin müdiri, Araz Kərimov həmişə ay tamında, eləcə də yeni işçilərin ilk iş günündə iclas keçirirdi. İclaslar bir növ mərasim xarakteri daşıyır və işçilərin iş həyatında mühüm rol oynayırdı. Araz Kərimov ona məlumat ötürən və ya bir işçinin mənfi xüsusiyyətini gizlində danışan − bir sözlə, dedi-qodu yayan işçiləri sevmir və bu hal üçün şərait də yaratmırdı. Odur ki, hər bir işçisinə eyni diqqətlə yanaşar, fərqlilik hiss etdirməz və deyərdi:

– “Biz burada insanları yaxşı və pis deyə qiymətləndirmək üçün işləmirik. Bura axirət məhkəməsi deyil. Təbii ki, mərifət və mənəviyyat mütləqdir. Lakin ittiham edərək, alçaldaraq pisi yaxşıya çevirə bilmərik. Ümumiyyətlə, pis insan olmur. Pis xüsusiyyət olur və həmin pis xüsusiyyətlər insanı yaxşı və ya pis kimi tanıdır. Bəzən elə bir hərəkət edə bilərik ki, ən mülayim, ən xeyirxah insan qatilə çevrilər. Əgər yaxşını pisə çevirə biliriksə, deməli, əksini də bacararıq. Unutmayın!!! Yaxşı müdir, yaxşı rəhbər işçilərini dahi edər, dahilərlə çalışar. Pis müdir isə nadan edər və nadanlarla işləyər”.

Araz bəyin digər əsas tələbi isə iclasda işçilərin açıq şəkildə irad bildirmələri idi. Beləliklə də, hər bir işçi azad, qərəzsiz və vicdanlı şəkildə digər əməkdaşı haqqında öz fikrini söyləyirdi. Bu, mənfi rəy də olsa, kimsə incimir, əksinə təşəkkür edir və öz üzərində çalışıb növbəti iclasa qədər bu halı aradan qaldırırdı. Hətta müdirin özü haqda da fikirlər səslənir, eyni zamanda şirkətin çatışmazlıqları müzakirə olunurdu. Ona görə də hər kəs bir-birinə əsl dost kimi yanaşır, qarşılıqlı kömək və diqqət sayəsində inkişaf edirdi. Yeni gələn əməkdaşlar da düşdükləri mühitə uyğunlaşmaq üçün çalışır, qısa zamanda kollektiv daxilində nüfuz qazanırdılar. Öz mənfi xüsusiyyətlərin-dən əl çəkə bilməyən işçilər isə məcburən işdən uzaqlaşmalı olurdular.

Araz bəy zala daxil olduqda bütün işçilər sevimli müəllimini görən şagirdlər kimi ayağa qalxdılar. 30-a yaxın əməkdaş gülərüzlə müdiri qarşıladı. Müdir əməkdaşlarla salamlaşıb öz yerinə keçdi. Bir qədər hal-əhval tutub həftə sonunu necə istirahət etdiklərini soruşdu. Hər bir işçini nəzərdən keçirib Həsənə çatdıqda: “Deyəsən, Həsənə məzuniyyət lazımdır”, – dedi.

Həsən təəccüblənib heyrətlə ona baxdı:

– Müdir, lap ürəyimi oxuyursuz. İclasdan sonra yaxınlaşmağı düşünürdüm, görünür, ehtiyac qalmadı.

Araz bəy gülümsəyərək: “İşçisini başa düşməyən müdirdən müdir olmaz”, – dedi.

Daha sonra ayağa qalxaraq söhbətinə davam etdi:

– Həmkarlar bu gündən etibarən gənc bir əməkdaş, Emil Nəcəfov bizimlə birgə addımlayacaq. Emil də dostumuz Həsən kimi şərqşünasdır. Əminəm ki, o da Həsənin yolu ilə gedəcək, dəyərli bir işçi olaraq şirkətimizə fayda verəcəkdir. Düzdür, Emil? – Müdir çevrilib Emilə diqqətlə baxdı.

– Əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm.

– Mən də buna tam əminəm Emil. Həsənin yanında çalışacaqsan. İşin gedişini, ümumiyyətlə, bütün suallarını Həsəndən soruş, o, sənə öyrədəcək.

– Müdir, Həsəni məzuniyyət adı altında işdən çıxarır-sız, deyəsən. − Fuadın şən səsi eşidildi.

– Bəli, Fuad. Həsən artıq tərcümə ilə məşğul olmayacaq. Ona Beynəlxalq Əlaqələr üzrə Menecer vəzifəsini təklif etmək istəyirəm. Bu barədə rəylərinizi eşitmək xoş olardı.

Söhbətə birinci şirkətin Baş mühasibi Kəmalə Quliyeva başladı:

– Həsən haqqında fikir bildirməyi özümə borc bilirəm. Həsən, bəlkə də, yeganə işçidir ki, hər kəs onun haqqında eyni fikirdədir. Şirkətin bütün sahələrində Həsənin əməyi vardır. Və hər birimiz ondan nələr isə öyrənmişik. Təvazökar, səmimi, pozitiv. Odur ki, tam əminliklə bu qərarı dəstəkləyir, Həsəni də təbrik edirəm. Sadəcə məni narahat edən bir məsələ var; Həsən son günlər, bəlkə də, son bir ay çox narahat və bir az da qapalı görünür. Biz burda ailə kimi bir-birimizin çətinliyini öyrənir və kömək edirik. Həsən isə hələ də susur və heç bir şey demir. Bəlkə də, yorulub. Səbəb hər nədirsə, özü açıqlama versə, biz də rahat olardıq.

– Mən də Kəmalə xanımın ilə həmfikirəm. − Fuad Həsənə tərəf boylandı. Həsən haqqında kimsənin mənfi iradı ola bilməz. Amma son günlərdəki əhvalı hamını narahat edir. Hətta işinə də təsirsiz ötüşmür. Yəqin ki, özü də bunu hiss edib, − deyə məzuniyyət istəyir.

Digər işçilərdə eyni fikir üzərində dayandılar.

– Hələ də susmaq fikrindəsən, Həsən? − Müdir ona səsləndi. − Əməkdaşlar haqlıdırlar. Şirkətdə işə başladığından bu yana, təqribən iki il olur, səni bu vəziyyətdə görməmişik. Əməkdaşlar son bir-iki ay deyir, amma mən dəqiq deyə bilərəm ki, ezamdan qayıtdıqdan sonra narahatsan.

Bayaqdan bəri hər kəsi səbirlə dinləyən Həsən susmağın yersiz olduğunu görüb fikirli halda ayağa qalxdı.

– Əvvəlcə hər birinizə təşəkkür edirəm, xoş sözləri-nizə və layiq gördüyünüz vəzifəyə görə. Hər biriniz mənim üçün çox dəyərlisiz. Son vaxtlar fikirli olub sizlərə diqqətsizlik göstərmişəmsə, bağışlayın. Düzdür, nə isə fikirlərimi toplaya bilmirəm, lakin bu nə işimlə, nə də işçilərlə əlaqədardır. Odur ki, bir qədər istirahət etsəm, məncə, əvvəlki gücümü bərpa edəcəyəm. Təklif etdiyiniz vəzifəyə gəlincə, müdir, üzrlü sayın, indi heç bir qərar verə bilmərəm. Əgər icazə verirsinizsə, məzuniyyətdən sonra bu barədə danışarıq. Mən verəcəyim qərarın məsuliyyətinə görə bir az düşünməliyəm. Çox sağ olun.

1.Get işinlə məşğul ol.
2.Sakit, sakit ol
3.Götür, bir söz demədən çıx get.
4.Xanım
5.Mədain xəstəxanasından
6.Ananız
7.Ananızın təzyiqi yüksəldi. Gözlənilmədən belə hal, çox təəssüf edirəm.
8.İndi dərman qəbul edib yatır, sabah gələrsiz.
9.Xahiş edirəm, kifayətdir. Sabah gələrsiz.
10.Panik atak narahatlıq, qorxu və ya hər hansı qıcıq səbəbi ilə qəflətən yaranan ağır təşvişli, həyəcanlı bir halıdır.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺56,39
₺112,78
−50%
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
Hacim:
160 s. 1 illüstrasyon
Telif hakkı:
Alatoran yayınları
İndirme biçimi:

Benzer kitaplar