Kitabı oku: «Amerika Prezidentləri»
Ön söz
Müstəqil Azərbaycan Respublikası öz sosial institutlarının qurulmasının elə bir mərhələsindədir ki, bu dövrdə dünya təcrübəsi böyük dəyərə malikdir. Ən geniş yayılmış belə dövlət quruluşu institutlarından biri, artıq 200 ildən çox bir müddətdə ABŞ-da bütün digər dövlət institutlarının fəaliyyətini əlaqələndirən prezidentlik institutudur. Prezidentlik institutu öz mahiyyətinə görə hakimiyyət institutu, daha doğrusu dövlət idarəetmə sistemində prezident hakimiyyəti səlahiyyətlərinin məcmusu kimi nəzərdən keçirilməlidir.
Rus tədqiqatçısı V.E.Çirkin qeyd edir ki, prezidentli respublikanın, tez-tez nazir böhranlarının alovlandığı və hökumət dəyişmələrinin adi hala çevrildiyi parlamentli respublikadan əsas üstünlüyü onun icraedici hakimiyyətin sabitliyinə təminat verməsidir; əsas qüsuru isə demokratik institutların inkişaf etməməsi şəraitində avtoritarizmə meyllənməsidir.
«Prezident» termini hərfən «irəlidə əyləşən» mənası verən latın sözü «praesidens»dən götürülüb və yəqin ki, antik dövr məclislərində sədrlik edənin tutduğu yerlə əlaqəli olmuşdur. Sonralar senat başçılarını prezident adlandırmağa başladılar. «Prezident» termini öz müasir məzmununu XVIII əsrin sonlarında, ABŞ-da prezidentlik institutu təsis edildikdə almışdır. Prezidentlik vəzifəsinin təsis edilməsi ilk dəfə 1787-ci ildə Filadelfiyada, ABŞ-ın yeni Konstitusiyasının hazırlandığı Konstitusiya Konventində müzakirə edilmişdir.
Maraqlıdır ki, o zamanlar ölkənin şəriksiz siyasi lideri müharibə qəhrəmanı, general Corc Vaşinqton idi və təsis ediləcək dövlət başçısı vəzifəsi (kral) «ona uyğunlaşdırılır», dövlət quruluşu kimi monarxiya təklif edilirdi. C.Vaşinqtonun nəhəngliyi təkcə onun monarx olmaq istəməməyində yox, sonralar, üçüncü dəfə prezident seçkilərində iştirakdan könüllü imtina edərək, ABŞ-ın demokratik inkişafında misilsiz ənənənin başlanğıcını qoymasında idi.
Beləliklə, ABŞ-da respublika idarəetmə formasının bərqərar olması olduqca çətin məsələ idi, çünki, ABŞ-ın nə lazımi siyasi təcrübəsi, nə də uyğun tarixi ənənələri yox idi. İcraedici hakimiyyətin başçısı – prezidentin həm fəaliyyət müddəti, həm də seçilməsi qaydaları haqqında ciddi müzakirələr getmiş, nəticədə, C.Medisonun təklif etdiyi, müəyyən düzəlişlərlə bu gün də davam edən plan qəbul olunmuşdur. Prezident vəzifəsinin unikallığı onda idi ki, o, həm dövlət başçısı, həm də icraedici hakimiyyətin rəhbəri idi.
Xatırladaq ki, ABŞ dövlət quruluşu modeli, hakimiyyət bölgüsü ideyasını ilk yaradanlardan biri, fransız mütəfəkkiri Ş.L.Monteskyönün konstitusiya hüququ nəzəriyyəsinə əsaslanırdı. Məhz bu məqam ABŞ-da güclü prezident hakimiyyətinin ölkədə avtoritar rejim yaratmasına imkan verməmişdir.
Yeri gəlmişkən, Latın Amerikası ölkələrində ABŞ nümunəsinə uyğun olaraq prezidentlik institutu təsis edilsə də (XIX əsrin birinci yarısında), bu təhlükədən yaxa qurtarmaq mümkün olmamışdır. Bundan əlavə, prezidentlik vəzifəsi ABŞ modelindən «köçürülmüş», 1848-ci ildə Avropanın ilk prezidentli respublikası olan Fransanın (digəri İsveçrə) prezidenti seçilmiş Lui-Napoleon öz səlahiyyətlərindən monarxiyaya qayıtmaq və özünü III Napoleon adı ilə imperator elan etmək üçün istifadə etmişdi. Burdan görünür ki, uğurlu siyasi sistem təkcə kağızda yazılmış qanun və konstitusiyalardan asılı deyil, bu sistemi yaşadan konkret insanlardan, onların keyfiyyətlərindən, malik olduğu dəyərlərdən asılıdır. Məhz buna görə ABŞ konstitusiyasını yaşadan siyasi liderlər – prezidentlər bizim üçün çox maraqlıdır.
Azərbaycan oxucusunun diqqətinə təqdim olunan «Amerika prezidentləri» kitabı ABŞ prezidentləri və onların fəaliyyət tarixinə həsr olunmuşdur ki, bu da onun ABŞ-ın bütün uğur və uğursuzluqları, nailiyyət və böhranları ilə birlikdə demokratik inkişaf təcrübəsindən söhbət açdığından xəbər verir. Amerika tarixinin «əsas» personajlar qalereyası ilə tanışlıqdan sonra, oxucu özü onların fəaliyyətini müstəqil şəkildə dəyərləndirə bilər. Belə ki, kitabın müəllifi Elşən Bayramzadə təfsirlərə az yer verərək, daha çox faktlara əsaslanmaqla uğurlu praktika seçə bilmişdir. Bundan əlavə, kitabın sonunda göstərilmiş geniş ədəbiyyat siyahısı oxucuya ABŞ-ın – bu gün dünyanın yeganə superdövlətinin siyasi sistemi və o sistemi yaşadan mədəniyyəti haqqında öz biliklərini müstəqil şəkildə artırmağa imkan verəcək.
Əli AbasovFəlsəfə elmləri doktoru, professor, AMEA-nın“Müasir fəlsəfə problemləri” şöbəsinin müdiri
GİRİŞ
Müasir dünyada prezident üsul-idarəsi geniş tətbiq olunur. Dünyanın müxtəlif inkişaf səviyyəsinə malik bir çox ölkələrində bu institut uzun tarixi dövr ərzində fəaliyyət göstərməkdədir. Bu idarəetmə formasının konkret məzmununu müəyyənləşdirən prezident seçkiləri, onun səlahiyyətləri, hakimiyyətdə olma müddəti və digər xüsusiyyətləri heç də bütün ölkələrdə eyni deyil. Onlar əsasən tarixi şərait, siyasi ənənə, prezident və hakimiyyətin digər qolları arasında münasibətlər və digər amillərlə müəyyənləşir.
Dünya miqyasında prezidentlik üsul-idarəsi tarixinə nəzər yetirsək görmək olar ki, o heç də demokratiyanın meyarı deyil. Prezidentlik üsul-idarəsi örtüyü altında gizlənmiş diktatura və totalitar rejimlərə çoxlu misallar göstərmək olar. Lakin bununla yanaşı prezidentlik üsul-idarəsi daha çox demokratiya ilə əlaqələndirilir.
Bu mövzuda ABŞ-ın tarixi təcrübəsi xüsusi maraq doğurur. Bu maraq Böyük Britaniyanın Şimali Amerikadakı 13 koloniyasının 1775-1783-cü illərdə müstəqillik uğrunda apardığı inqilabi müharibənin alovlarından ABŞ-ın doğulması ilə müəyyənləşir. XVIII əsrin böyük inqilabi hadisəsi sayılan müstəqillik uğrunda müharibəni bəzən bəşəriyyət tarixində nəhəng rol oynamış 1789-1794-cü illər Böyük Fransa inqilabına proloq da hesab edirlər. Amerika kontinentində ilk müstəqil dövlətin yaradılması və onun dövlət quruluşu üçün respublika formasının seçilməsi bütün dünyadakı demokratik qüvvələr üçün mühüm sosial-siyasi nümunə olmuşdur. Lakin liberal-demokratik prinsipləri, insan hüquqlarını əsas amalı elan etmiş dövlətin qurulması heç də asanlıqla gerçəkləşməmişdir. Xarici düşmənə qarşı vahid mövqedən çıxış edən qurucular, daxili problemlərin həllində bəzən rəqiblərə çevrilmişlər.
Hələ müstəqillik uğrunda mübarizənin başlandığı ilk illərdə gələcək dövlətin quruluşu, idarəetmə forması çoxlarını düşündürürdü. Müharibənin gedişində artıq özlərini Amerika Birləşmiş Ştatları adlandıran koloniyalar onları bir ölkə tərkibində birləşdirəcək müqavilə yazıb hazırlamışdılar. «Konfederasiya və əbədi ittifaq maddələri» kimi tərtib edilən bu müqavilə 1777-ci ildə on üç ştatın nümayəndəsinin iştirak etdiyi Kontinental Konqres tərəfindən qəbul edilmiş, 1778-ci ilin iyulunda rəsmən imzalanmışdır. 1781-ci ilin martında 13-cü ştat – Merilend tərəfindən ratifikasiya edildikdən sonra müqavilə qüvvəyə minir.
Lakin çox keçmir ki, müqavilənin səmərəsizliyi aşkar olur və ittifaq idarəetmə qabiliyyətini tamamilə itirir. Belə ki, ağır müharibə dövründə Konfederasiya ştatların üzərinə vergilər qoya bilmir, yalnız onlardan kömək diləyirdi: o qoşun yığmaq, onu maliyyələşdirmək, ticarət və sənayeni tənzimləmək, xarici siyasət yürütmək imkanından da məhrum idi. Yeni yaradılan ölkə siyasi, iqtisadi cəhətdən xaos vəziyyətinə düşmək həddinə gəlir. Sonralar ölkənin ilk prezidenti olacaq Corc Vaşinqtonun sözləri ilə desək 13 ştat bir-birinə yalnız «qum kəndiriylə» birləşdirilmişdi.
1786-cı ildə beş ştat Konqresə Konfederasiya haqqında Əsasnaməyə düzəliş vermək tələbiylə müraciət etdi. Məqsəd daha səmərəli idarəetmə formasını tapmaq idi. Federasiyanın – daha sıx ittifaqın yaradılması tərəfdarları, başda Vaşinqton olmaqla ölkə konstitusiyası üzərində işə başladılar. Layihə üzərində işə, gələcəkdə ABŞ-ın dördüncü prezidenti olmuş Ceyms Medison rəhbərlik edirdi.
Dövrün məşhur liderlərinin də daxil olduğu 55 nəfər nümayəndənin hazırlayacağı konstitusiya ilk növbədə güclü icraedici hakimiyyət yaratmalı, lakin bu hakimiyyətin səlahiyyətləri də hüdudsuz olmamalı idi. Digər tərəfdən ittifaqın işlək qanunverici orqanını və vahid məhkəmə sistemini yaratmaq lazım idi. Bütün deyilənləri gerçəkləşdirmək üçün ölkə qurucuları XVIII əsr fransız maarifçilərinin, xüsusilə filosof və tarixçi Ş.Monteskyönün yaratdığı «hakimiyyətin bölüşdürülməsi» nəzəriyyəsindən bəhrələnmişlər. Onun nəzəriyyəsinə görə düzgün qurulmuş dövlətdə vahid hakimiyyət ola bilməz, əksinə bir-birindən asılı olmayan üç hakimiyyət – qanunverici hakimiyyət, icra hakimiyyəti və məhkəmə hakimiyyəti olmalıdır. Bu hakimiyyət növlərinin bir orqanın, və yaxud şəxsin əlində birləşdirilməsi mütləq ümumi mənafenin unudulmasına, sui-istifadə təzahürlərinə aparıb çıxarır və şəxsiyyətin siyasi azadlığı ilə bir araya sığmır. Monteskyö yazırdı ki, qanunverici və icra hakimiyyətinin bir əldə cəmlənməsi Qanunun aliliyini pozur: əgər hakimlər təkcə mühakimə etməklə kifayətlənməyib həm də qanunvericiliklə məşğul olsalar məhkəmə özbaşınalığı labüddür. Onun sxemi hakimiyyətin bütün növlərini birləşdirən hər hansı orqanın varlığını istisna edirdi. Monteskyöyə görə qanunverici hakimiyyət parlamentə, icra hakimiyyəti monarxa məxsus olmalı, məhkəmə hakimiyyəti andlı iclasçılar məhkəməsində təcəssüm tapmalıdır.
Medison qarşıda duran vəzifənin öhdəsindən ustalıqla gəldi. O, Monteskyönun «hakimiyyətin bölüşdürülməsi» ideyasından səmərəli istifadə etməklə «əyləclər və balanslar» (checks and balances) və ya «qarşılıqlı nəzarət və əks təsir» prinsipinə əsaslanan siyasi quruluş yaratdı.
1787-ci ilin mayında öz işinə başlayan konstitusiya Konventi sentyabrın 17-də Konstitusiya layihəsini qəbul etdi. İki il ərzində ştatlarda ratifikasiya edilən konstitusiya 4 mart 1789-cu ildə qüvvəyə minmişdir.
Konstitusiya Konventindəki müzakirələrin gedişində Tomas Cefferson başda olmaqla bir qrup nümayəndə konstitusiyanın mətninə dövlətin məhdudlaşdıra bilməyəcəyi insan hüquqlarının siyahısını daxil etmək tələbini irəli sürürdü. Əvvəlcə etirazla qarşılanan bu təklif 1789-cu ilin yazında Konqresdə ciddi müzakirə edilir. Ceffersonun təklif etdiyi düzəlişlər siyahısı dərhal qəbul edilərək ratifikasiya üçün ştatlara göndərilir. 1791-ci ilə qədər düzəlişlərin 10-u təsdiqlənir və o vaxtdan ABŞ Konstitusiyasının Hüquqlar haqqında Billi kimi tanınır. Bu Billə əsasən Konqres vicdan, söz və dinc yığıncaqlar azadlığını məhdudlaşdıran qanunlar qəbul edə bilməz.
Hüquqlar haqqında Billin qəbul edildiyi 1791-ci ildən indiyə qədər Konstitusiyaya daha 17 düzəliş edilib. Bu düzəlişlər əsasən vətəndaş hüquqlarını (quldarlığın ləğvi, seçki hüquqlarının genişləndirilməsi və s.) artırmış və vətəndaşların dövlət üzərindəki nəzarətinin güclənməsinə kömək etmişdir.
ABŞ Konstitusiyasına əsasən icra hakimiyyətini prezident həyata keçirir. «Köhnə dünyadakı» böyük dövlətlərin əksəriyyətində monarxiya üsul-idarəsinin hökmran olduğu bir dövrdə məhdud müddətə seçilən prezident ideyasının özü inqilabi hadisə idi. Geniş səlahiyyətlərə malik olan prezidentlik institutunun yaradılması Konstitusiya Konventində bəzi mübahisələrə səbəb olmuşdu.
Sonralar Ceyms Medison yazırdı ki, 1 iyun 1787-ci ildə pensilvaniyalı nümayəndə Ceyms Uilson Konventin gündəliyinə gələcək «icra hakimiyyəti» haqqında məsələnin daxil edilməsini təklif edərkən zala sükut çökür. 55 nümayəndənin hər biri başa düşürdü ki, onlar hakimiyyət sisteminin ağrılı məqamına toxunmuşlar: onların əksəriyyəti 1777-ci ildə qəbul edilən «Konfederasiya və əbədi ittifaq maddələri» ilə müqayisədə icra hakimiyyətinin gücləndirilməsinin zəruri olduğunu başa düşürdülər. Lakin belə icra hakimiyyətinin forması, onun əhali tərəfindən necə qarşılanacağı haqqında konkret heç nə məlum deyildi. Konvent bir çox, o cümlədən A.Hamiltonun təklif etdiyi əbədi prezident seçilməsi, respublika prinsiplərinə daha çox uyğun gələn kollegial rəhbərliyi həyata keçirən orqanın yaradılması kimi modelləri nəzərdən keçirir.
Ceyms Uilson elə ilk çıxışındaca bildirmişdi ki, «icraedici hakimiyyət bir nəfərdən ibarət olmalıdır». Virçiniyalı nümayəndə Edmond Rendolf bu təklifə inamsız yanaşaraq onda «Monarxiya rüşeymlərinin» olduğunu bildirsə də, müzakirələrdən sonra Uilsonun təklifi qəbul edilir. Lakin məsələ bununla bitmir: bu qərar kim və hansı müddətə prezident seçiləcək, Konstitusiya ona hansı səlahiyyətləri verməlidir kimi sualları cavablandırmırdı. Bu sualların müzakirəsi həftələr, aylar boyu davam etmişdir. Xüsusilə prezidentlik müddəti ətrafında aparılan müzakirələr gərgin keçir. Burada əsas iki təklif gündəlikdə olub: bir dəfə seçilməklə yeddi illik və yenidən namizədliyi irəli sürmək hüququna malik olmaqla dörd illik müddətə seçilmək. İkinci variantın seçilməsinə əsas səbəb yeddi illik müddətdə vəzifə sahibinin sui-istifadə ehtimalının daha böyük olması idi.
ABŞ-da prezident və vitse-prezident seçkiləri, onların səlahiyyətləri və s. Konstitusiyanın II maddəsində əksini tapıb. Konstitusiyanın II maddəsi və məhz onunla bağlı edilmiş dəyişiklikləri aşağıda oxuya bilərsiniz.
II MADDƏ
(icra hakimiyyəti)
1-ci bölmə. İcra hakimiyyətini Amerika Birləşmiş Ştatlarının Prezidenti həyata keçirir. O öz vəzifəsində dörd illik müddətdə qalır və onun, eləcə də eyni müddətə seçilən Vitse-prezidentin seçkiləri bu cür keçirilir:
Hər ştat özünün Qanunverici yığıncağının müəyyənləşdirdiyi qaydada, ştatın Konqresə göndərmək hüququ olan Senatorların və Nümayəndələrin sayı qədər seçimçilər təyin edir, ancaq Senatorlar, Nümayəndələr və Birləşmiş Ştatların xidmətindəki fəxri, yaxud maaşlı vəzifələri tutan şəxslər seçimçi təyin edilə bilməzlər.
Seçimçilər öz ştatlarında toplaşır və gizli səsvermə ilə heç olmasa biri bu ştatın sakini olmayan iki şəxsi seçirlər. Sonra onlar səs yığmış bütün şəxslərin siyahısını tərtib edir, burada onların hər birinə verilmiş səslərin sayını göstərirlər. Seçimçilər siyahini imzalayır və təsdiqləyir, sonra o, möhürlənmiş halda Birləşmiş Ştatlar Hökumətinin olduğu yerə, Senatın Sədrinin adına göndərilir. Senatın Sədri Senatın və Nümayəndələr Palatasının iştirakı ilə bütün təsdiqlənmiş siyahıları açıb götürür, bundan sonra səslərin hesabı aparılır. Ən çox sayda (bu say bütün seçimçilərin yarısından çoxunu təşkil edirsə) səs toplamış şəxs Prezident olur. Səslərin əksəriyyətini bir neçə adam topladıqda və onlara eyni sayda səs verildikdə Nümayəndələr palatası birbaşa gizli səsvermə ilə onlardan birini Prezident seçir; əgər heç bir şəxs səslərin əksəriyyətini toplamazsa, Nümayəndələr palatası daha çox səs yığmış beş şəxsin içərisindən yenə həmin qayda ilə prezident seçir. Bu halda prezident seçilərkən səslər ştatlar üzrə verilir və hər ştatın nümayəndəliyinin bir səsi olur; bu məqsədlər üçün seçilmənin yetərsayı ştatların üçdə ikisinə bərabərdir, seçilmək üçünsə bütün ştatların əksəriyyəti zəruridir. Prezidentin seçilməsindən sonra ən çox səs toplamış şəxs bütün hallarda Vitse-prezident sayılır. Bir neçə şəxs bərabər sayda səs topladıqda Senat onlardan birini gizli səsvermə yolu ilə Vitse-prezident seçir.
Konqres seçimçilərin seçilmə vaxtını və onların öz səslərini verdikləri günü təyin edə bilər; həmin gün Birləşmiş Ştatların bütün ərazisində eyni olmalıdır.
Doğulduğu zaman Birləşmiş Ştatların vətəndaşı olmayan, yaxud bu Konstitusiyanın təsdiq edildiyi vaxt Birləşmiş Ştatların vətəndaşı olmayan şəxs Prezident vəzifəsinə seçilə bilməz; bu vəzifəyə eləcə də otuz beş yaşına çatmamış və birləşmiş Ştatlarda on dörd il daimi sakin olmamış şəxs seçilə bilməz.
Prezident vəzifəsindən kənarlaşdırıldıqda, yaxud öldükdə, istefa verdikdə, ya da vəzifəsi ilə bağlı hüquq və borclarını yerinə yetirməyə qabil olmadıqda həmin hüquq və borclar Vitse-prezidentə keçir; prezident və vitse-prezident kənarlaşdırıldıqları, öldükləri, istefa verdikləri, yaxud qabiliyyəti itirdikləri təqdirdə Konqres hansı vəzifəli şəxsin Prezident kimi fəaliyyət göstərməli olduğunu qanunla müəyyənləşdirə bilər və o, prezidentə öz borclarını həyata keçirməyə mane olan səbəblər aradan götürülənədək, yaxud yeni Prezident seçilənədək onu əvəz edəcək.
Prezident öz xidmətinə görə, müəyyən edilmiş vaxtlarda haqq alır və bu haqq onun seçildiyi müddətdə artırıla, yaxud azaldıla bilməz; bu müddətdə o, Birləşmiş Ştatlardan, yaxud hər hansı ştatdan pul şəklində heç bir haqq ala bilməz.
Vəzifəsinə başlamazdan öncə Prezident bu cür and içir, yaxud təntənəli vəd verir: «Mən təntənəli şəkildə and içirəm (söz verirəm) ki, Birləşmiş Ştatların Prezidenti vəzifəsini şərəflə yerinə yetirəcək, Birləşmiş Ştatlar Konstitusiyasını var gücümlə qoruyacaq, müdafiə edəcək və dəstəkləyəcəyəm».
2-ci bölmə. Prezident Birləşmiş Ştatlar ordusu və donanmasının, ayrı-ayrı ştatların Birləşmiş Ştatların həqiqi xidmətinə çağırılmış xalq qoşunlarının ali baş komandanıdır; o, hər bir icra departamentinin başçısından onun səlahiyyətinə aid istənilən məsələ haqqında yazılı fikir bildirməyi tələb edə bilər; onun hökmlərin yerinə yetirilməsini təxirə salmaq, impiçment qaydasında ittiham halları istisna olunmaqla, Birləşmiş Ştatlara qarşı törədilmiş cinayətləri bağışlamaq hüququ var.
Onun Senatın məsləhəti və razılığı ilə beynəlxalq müqavilələr bağlamaq (onları iştirak edən Senatorların üçdə ikisi bəyənməlidir), Senatın məsləhəti və razılığı ilə səfirləri, başqa səlahiyyətli Nümayəndələri və konsulları, ali Məhkəmənin hakimlərini, eləcə də Birləşmiş Ştatların, təyinatları haqqında bu Konstitusiyada başqa göstəriş olmayan və vəzifələri qanunla müəyyənləşdirilən, bütün vəzifəli şəxslərini təyin etmək hüququ vardır, ancaq Konqres lazım bildiyi aşağı vəzifəli şəxslərin təyin edilməsini qanunla şəxsən Prezidentin özünə, hakimlərə, yaxud departamentlərin başçılarına həvalə edə bilər.
Prezidentin Senatın sessiyaları arasındakı dövrdə yaranan bütün boş yerlərə Senatın ən yaxın sessiyası qurtaran müddətədək vəzifə səlahiyyətləri verməklə adam təyin etmək hüququ vardır.
3-cü bölmə. Prezident vaxtaşırı Konqresə ittifaqın vəziyyəti haqqında hesabat verir və baxılmaq üçün ona özünün zəruri və faydalı saydığı tədbirləri təqdim edir; təcili lazım olduqda o, hər iki Palatanı, yaxud onlardan birini çağırır, sessiyaların təxirə salınması vaxtı haqqında Palatalar arasında fikir ayrılığı yarandıqda onları özünün münasib bildiyi vaxta keçirir; səfirləri və başqa səlahiyyətli Nümayəndələri qəbul edir, qanunlara dəqiq riayət edilməsini təmin edir və Birləşmiş Ştatların vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir.
4-cü bölmə. Prezident, Vitse-prezident və Birləşmiş Ştatların bütün mülki vəzifəli şəxsləri impiçment qaydasında ittiham edilərkən xəyanətdə, rüşvətxorluqda, başqa ağır cinayətlərdə və əməllərdə təqsirli bilinərlərsə vəzifədən kənarlaşdırılırlar.
XII DÜZƏLİŞ (1804)
Seçimçilər öz ştatlarında toplaşır və ən azı biri həmin ştatın sakini olmayan Prezidentə və Vitse-prezidentə bülletenlərlə səs verirlər; onlar öz bülletenlərində prezident kimi səs verdikləri şəxsi, ayrıca bülletenlərdə isə vitse-prezident kimi səs verdikləri şəxsi göstərirlər; elə onlar da Prezident kimi səs verdikləri bütün şəxslərin və vitse-prezident kimi səs verdikləri bütün şəxslərin ayrıca siyahılarını onlardan hər birinə verilmiş səslərin sayını göstərməklə tərtib edirlər; onlar bu siyahıları imzalayır, təsdiqləyir və möhürlənmiş halda Birləşmiş Ştatların hökumətinin olduğu yerə Senat Sədrinin adını göndərirlər. Senatın sədri Senatın və Nümayəndələr Palatasının iştirakı ilə bütün təsdiqlənmiş siyahıları açıb götürür, bundan sonra səslərin hesabı aparılır. Prezidentliyə ən çox sayda (bu say bütün təyin edilmiş seçimçilərin yarısından çoxunu təşkil edirsə) səs toplamış şəxs Prezident olur; heç kəs səslərin belə əksəriyyətini toplaya bilməzsə, daha çox səs toplamış şəxslərdən (prezidentliyinə səs verilmişlərin içərisindən üç nəfərdən artıq olmamaqla) Nümayəndələr Palatası gecikdirmədən, bülletenlərlə səs verərək Prezident seçir. Ancaq Prezident seçkisində səslər ştatlar üzrə verilir, özü də hər ştatın nümayəndəliyinin bir səsi olur; belə halda yetərsayı Nümayəndələr palatasının ştatların üçdə ikisindən olan üzvləri təşkil edir; bu vaxt Prezidentin seçilməsi üçün bütün ştatların səslərinin əksəriyyəti zəruridir (Nümayəndələr Palatası, seçmə hüququ ona keçərkən, növbəti martın dördüncü gününədək Prezidenti seçməzsə, onda Vitse-prezident Prezidentin öldüyü, yaxud başqa konstitusiya iqtidarsızlığı halında olduğu kimi Prezident sifətində hərəkət edəcək). Vitse-prezidentliyə ən çox sayda (bu say bütün təyin edilmiş seçimçilərin yarısından çoxunu təşkil edirsə) səs toplamış şəxs Vitse-prezident olur; heç kəs səslərin əksəriyyətini toplaya bilməzsə Senat siyahıdakı bütün namizədlərin içərisində ən çox səs toplamış iki şəxsdən birini Vitse-prezident seçir; bu zaman Vitse-prezidentin seçilməsi üçün bütün Senatorların səslərinin əksəriyyəti zəruridir. Ancaq Konstitusiya tələblərinin gücü ilə prezident vəzifəsinə seçilə bilməyəcək heç kəs Birləşmiş Ştatların Vitse-prezidenti vəzifəsinə seçilə bilməz.
XX DÜZƏLİŞ (1933)
1-ci bölmə. Prezidentin və Vitse-prezidentin səlahiyyət müddətləri yanvarın 20-də günorta, Senatorların və Nümayəndələrin səlahiyyət müddətlərisə yanvarın 3-də günorta o illərdə qurtarır ki, bu maddə ratifikasiya edilmiş olsaydı, həmin müddətlər başa çatardı; elə bu vaxtdan da onların varislərinin səlahiyyət müddətləri başlanır.
2-ci bölmə. Konqres ildə ən azı bir dəfə toplaşır və bu sessiya, konqres qanunla başqa vaxt müəyyənləşdirməzsə, yanvarın 3-də günorta başlanır.
3-cü bölmə. Seçilmiş Prezident Prezidentin səlahiyyət müddətinin başlanğıcı kimi müəyyənləşdirilmiş vaxtadək ölərsə, seçilmiş Vitse-prezident Prezident olur. Əgər Prezident onun səlahiyyət müddətinin başlanğıcı kimi müəyyənləşdirilmiş vaxtadək seçilməsə, yaxud seçilmiş Prezident bu vəzifəyə namizədlər üçün müəyyən edilmiş tələblərə cavab vermirsə, onda seçilmiş Vitse-prezident Prezident bu tələblərə cavab verincəyədək Prezident kimi fəaliyyət göstərir, seçilmiş Prezident də, seçilmiş Vitse-Prezident də bu vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə cavab vermədikdə Konqres kimin Prezident kimi fəaliyyət göstərəcəyinin qeyd olunduğu, yaxud Prezident kimi fəaliyyət göstərməli olacaq şəxsin seçilməsi qaydasının müəyyənləşdirildiyi qanun qəbul edir; həmin şəxs Prezident və Vitse-prezident bu vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə cavab verincəyədək uyğun vəzifəni yerinə yetirir.
4-cü bölmə. Konqres Nümayəndələr Palatasının seçki hüququ ona keçdiyi zaman Prezident seçə biləcəyi şəxslərdən birinin ölümü halı üçün və Senatın seçki hüququ ona keçdiyi zaman Vitse-prezident seçə biləcəyi şəxslərdən birinin ölüm halı üçün qanunda öncədən tədbirlər nəzərdə tuta bilər.
5-ci bölmə. 1-ci və 2-ci bölmələr bu maddənin ratifikasiyasından sonrakı ilk oktyabrın 15-ci günündə qüvvəyə minir.
6-cı bölmə. Bu maddə təqdim edildiyi gündən sonrakı yeddi il ərzində ayrı-ayrı ştatların dörddə üçünün Qanunverici yığıncaqları tərəfindən Konstitusiyaya düzəliş kimi ratifikasiya edilməyincə qüvvəyə minmir.
XXII Düzəliş (1951)
1-ci bölmə. Heç bir şəxs Prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz və Prezident vəzifəsini tutmuş, yaxud Prezident seçilmiş başqa şəxsin müddətində iki ildən artıq Prezident kimi fəaliyyət göstərmiş heç bir şəxs Prezident vəzifəsinə bir dəfədən artıq seçilmir. Ancaq bu maddənin qüvvəsi Konqres bu maddəni təklif edərkən prezident vəzifəsini tutmuş şəxsə şamil edilmir və bu maddənin qüvvəyə mindiyi müddət ərzində Prezident vəzifəsini tutan, yaxud Prezident kimi fəaliyyət göstərən heç bir şəxsə həmin müddətin qalan vaxtında da Prezident vəzifəsini tutmağa, yaxud Prezident kimi fəaliyyət göstərməyə mane olmur.
2-ci bölmə. Bu maddə Konqresin onu ştatların bəyənməsi üçün təqdim etdiyi gündən keçən yeddi il ərzində, Konstitusiyada nəzərdə tutulduğu kimi, ayrı-ayrı ştatların dörddə üçünün Qanunverici yığıncaqları tərəfindən Konstitusiyaya düzəliş kimi ratifikasiya edilməzsə, qüvvəyə minmir.
XXIV Düzəliş
1-ci bölmə. Birləşmiş Ştatlar vətəndaşlarının Prezidentin, yaxud Vitse-prezidentin, Prezidentin, yaxud Vitse-prezidentin seçimçilərinin, ya da Senatorların və Konqresdəki Nümayəndələrin hər hansı ilkin, yaxud başqa seçkilərində səsvermə hüququnu Birləşmiş Ştatlar, yaxud hər hansı ştat hansısa seçki vergisinin, yaxud başqa verginin ödənilməsi ilə bağlı danmamalı, yaxud məhdudlaşdırmamalıdır.
2-ci bölmə. Konqres bu maddəni uyğun qanunların qəbulu yolu ilə yerinə yetirə bilər.
CORC VAŞİNQTON
(GEORGE WASHINGTON)
(1789-1797)

Corc Vaşinqton adı Amerika tarixinə böyük hərflərlə yazılmış şəxsiyyətlərdəndir. O, on üç koloniyanın əvvəl suveren respublikalar ittifaqına, sonra dünyada ilk federal dövlətə çevrilməsində mühüm rol oynamışdır. Virciniyada keçirilən ilk Kontinental konqresdə qətiyyətlə İngiltərənin müstəmləkə siyasətinə qarşı çıxanlardan olmuşdur. Amerika hərbi qüvvələrinin Ali Baş Komandanı kimi hərbi müqaviməti təşkil və ona rəhbərlik etmiş, səkkiz il davam edən müharibə Amerikanın tam müstəqilliyi ilə nəticələnmişdir.
C.Vaşinqton 11 fevral 1732-ci ildə artıq dördüncü nəsli Virciniyada yaşayan varlı plantator Avqustin Vaşinqtonun ailəsində dünyaya gəlmişdir. 1752-ci il təqvim islahatında tarix 11 gün irəliyə çəkilmiş, elə o vaxtdan 22 fevral C.Vaşinqtonun doğum günü hesab edilmişdir. İlk uşaqlıq və yeniyetməlik dövrü, aldığı səthi təhsil onun gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermir. 1743-cü il 12 apreldə ailəyə bədbəxtlik üz verir. 11 yaşlı Corcun atası vəfat edir. O vaxtkı ənənəyə görə mirasın böyük bir hissəsi onun ögey qardaşları (A.Vaşinqtonun birinci nikahdan olan) Lourens və Avqustin arasında bölüşdürülür. Lakin Lourensin övladı olmadan vəfat edəcəyi təqdirdə Corc onun varisi kimi göstərilir.
Atasının vəfatından üç ay sonra Lourens varlı qonşuları Uilyam Ferfaksın qızı Anna ilə evlənir. Vaşinqtonun dünyagörüşünün formalaşmasında U.Ferfaksın böyük rolu olur. Elə onun məsləhəti ilə 1748-ci ildə Corc yerölçən kimi fəaliyyətə başlayır.
1752-ci ildə Lourens vərəm xəstəliyindən vəfat edir və onun bütün varidatı, eyni zamanda Aleksandriya yaxınlığındakı Maunt Vernon malikanəsi C.Vaşinqtona qalır. Elə bu vaxtdan o, Virciniya milisində mayor rütbəsində fəaliyyətə başlayır. Çox keçmir ki, 22 yaşlı Corc polkovnik rütbəsində fransız-hindu müharibəsinə cəlb edilir. Burada o, özünü bacarıqlı hərbçi kimi göstərir. Amma ingilis ordu zabitlərindən fərqli olaraq onlara ikinci dərəcəli, ögey münasibət bəslənilir və demək olar ki, onun rəhbərlik etdiyi milis dəstəsindən yalnız sərhədləri qorumaq üçün istifadə edilir. Bu, gənc Vaşinqtonun qəlbində ingilis ağalığına dərin nifrət oyadır. Bu hisslərin təsiri altında 1759-cu ildə istefaya gedir.
Hərbi xidmətdən istefa verən C.Vaşinqton böyük sərvətə malik olan, varlı, dul və iki uşaq anası olan Marta Dendric Kastislə ailə həyatı qurur. Məhz indi, özü də Virciniya parlamentinin üzvü olan Vaşinqton üçün müstəmləkənin plantator aristokratiyasına gedən yolda yaşıl işıq yanır. Marta ilə nikah Vaşinqtona böyük var-dövlət gətirməklə yanaşı, onun üçün dəbdəbəli və qayğısız həyatın rəhninə çevrilir. Aristokrat həyatının bütün incəliklərinə bələd olan Martanın sayəsində Maunt Vernon malikanəsi tezliklə Virciniya plantatorlarının qeyri-rəsmi görüş yeri olur. Vaşinqtonun öz övladı olmasa da, Martanın birinci nikahından olan övladlarının tərbiyəsini öz üzərinə götürür.
C.Vaşinqtonun 1759-1775-ci illərdəki həyat və fəaliyyəti Amerika plantatorları ilə metropoliya arasında ziddiyyətlərin yaranma səbəblərini tam şəkildə özündə əks etdirir. Amerika müstəmləkələrinə xammal və satış bazarı kimi baxan ingilis burjuaziyası, burada iqtisadi inkişafı ləngidir, sənaye yüksəlişinə imkan vermirdi. Özlərini Böyük Britaniya kralının sadiq təbəələri hesab edən plantatorlar bir çox siyasi hüquqlardan, məsələn parlamentə öz nümayəndələrini seçmək hüququndan məhrum idilər. Onlar istehsal etdikləri məhsulların satılmasında ingilis ticarət evlərindən tam asılı idilər. Qaydalara görə Avropaya göndərilən tütün və digər xammal məhsullarının daşınma və digər xərclərini özləri ödəyirdilər.
Adətən yüklərin daşındığı gəmilər Amerikaya qayıdarkən, plantatorlar tərəfindən sifariş edilmiş hazır məhsulları gətirirdilər. Bu zaman plantatorlar istədikləri malın keyfiyyətinə baxmaq, qiymətində razılaşmaq kimi imkanlardan məhrum idilər. Bəzən tütünə qoyulan aşağı qiymətlər, göndərilən malların dəyərini və yol xərclərini ödəyə bilmirdi. Buradan əmələ gələn borc isə yüksək faizlərlə növbəti mövsümə saxlanılırdı.
Hər bir plantator kimi Vaşinqton da bu problemlərlə üzləşirdi. Vəziyyətdən çıxış yolunu öz plantasiyalarında aqrar islahatlar aparmaqda görən Vaşinqton 1763-cü ildən etibarən taxıl yetişdirməyə başlayır. Beş il müddətində taxıl plantasiyalarda becərilən əsas məhsul olur. Böyük dəyirman tikdirməklə 60-cı illərin sonuna yaxın Vest-Hində un ixracında uğurlar qazanır. Beləliklə o, plantasiyalarında nisbi iqtisadi sərbəstlik əldə edir. Bu Vaşinqtonun müstəqillik uğrunda apardığı mübarizənin Maunt Vernon çərçivəsində ilk qələbəsi idi.
1763-cü ildə İngiltərə və Fransa arasında yeddi illik müharibə sonuncunun Şimali Amerikadakı əsas torpaq sahələrini itirməsi ilə başa çatır. Tezliklə müharibə nəticəsində İngiltərənin çoxlu borclarının yığıldığı aşkar olur. Bu borcların ödənilməsi üçün C.Qrenvill kabinetinin təklifi ilə müstəmləkələrə qoyulan vergilər artırılır. Kral xəzinəsinin doldurulması üçün yeni-yeni vergi növləri («Möhür qanunu», «Mənzil təminatı qanunu») tətbiq edilir. 1763-cü ildə verilmiş fərmana görə müstəmləkəçilərə Qərbə tərəf köçmək, yeni torpaq sahələri əldə etmək qadağan edilir.
Bütün bunlar getdikcə müstəmləkələrlə metropoliya arasındakı münasibətləri daha da kəskinləşdirirdi. Nyu-York və digər iri şəhərlərdə mitinqlər keçirilir, vergi verilməsindən boyun qaçırılır, kral hakimiyyətinə itaətsizlik göstərməyə çağırışlar səslənirdi. Digər tərəfdən ingilis mallarına boykot elan edilirdi. 1773-cü ildə çay yüklənmiş bir neçə gəminin Boston limanında batırılması etirazların kulminasiyası oldu. Tarixə «Boston çay qonaqlığı» adı ilə daxil olmuş bu aksiya bir daha göstərdi ki, müstəmləkələrdə ingilis ağalığını əvvəlki qaydada davam etdirmək mümkün deyildir.
1774-cü ildə on üç ştatın iştirakı ilə Birinci Kontinental Konqres çağırılır. Konqres iştirakçıları kral III Georqa müraciət edərək, onları qəddar nazirlərdən qorumağı xahiş edirlər. Lakin Kral nəinki bu xahişləri qəbul etmir, əksinə onları qiyamçı elan edərək cəza dəstələrinə müstəmləkələrdə qayda-qanun yaratmaq əmri verir. Beləliklə Amerika müstəmləkələrinin İngiltərə ilə aparacağı səkkiz illik İstiqlaliyyət müharibəsi başlayır.
10 may 1775-ci ildə Filadelfiyada İkinci Kontinental Konqresin açılışı olur. Bu konqresdə Corc Vaşinqton Şimali Amerika Hərbi qüvvələrinin Ali Baş Komandanı seçilir. İlk döyüşlərdən uğur qazanan Vaşinqton ordusu 1776-cı ildə Bostonu azad edir. Müstəmləkələr bir-birinin ardınca öz müstəqilliklərini elan edirlər. Bu hadisələrin məntiqi yekunu olaraq 1776-cı il iyulun 4-də Filadelfiyada Konqres «İstiqlaliyyət bəyannaməsi» qəbul edir. T.Cefferson tərəfindən yazılmış bu sənəd, yeni bir dövlət yarandığını elan etməklə yanaşı dünyada ilk dəfə insan azadlıqlarının şərhini verir.
Müharibə ərzində Vaşinqtonun ən böyük problemi ordunun silah və digər hərbi ləvazimatla təmin edilməsi olmuşdur. Bəzən o özünü Konfederasiya Konqresi tərəfindən unudulmuş hiss etsə də qətiyyən ruhdan düşməmişdir. Eyni zamanda o heç vaxt mülki rəhbərliklə qarşıdurmaya getməmiş, vacib hərbi qərarları da ətraflı müzakirələrdən sonra qəbul etmişdir. Onun daim məsləhətləşdiyi şəxslər arasında Aleksander Hamilton və Markiz de Lafayet xüsusi yer tuturdular. Vaşinqton bir çoxlarının təklif etdiyi partizan müharibəsi ideyasını rədd edərək yalnız açıq döyüşlər aparılmasına üstünlük verirdi. Onun fikrincə yalnız belə döyüşlərdə qazanılan qələbələrlə düşməni danışıqlara getməyə məcbur etmək olar. Bu strategiya özünü Virciniya ştatının Yorktaun şəhəri ətrafında gedən döyüşlərdə təsdiq etdi. 1781-ci il 19 oktyabrda General Kornuollisin 7.000 əsgərlə təslim olması danışıqlar üçün stimul yaratdı və iki il sonra rəsmi olaraq sülh müqaviləsinin imzalanması ilə nəticələndi.
Müharibə başa çatdıqdan sonra ordu komandanlarında öz gələcək taleləri üçün bir inamsızlıq var idi. Zabitlər müharibədən sonra Konqresin onlara hansı münasibəti göstərəcəyindən narahat idilər. Bu baxımdan Vaşinqtondan mülki rəhbərliyi öz əlinə almağı tələb edirdilər. Lakin 1783-cü il mart ayında Vaşinqton zabit heyətinə şəxsi müraciətində ordunun siyasi rəhbərliyə tabe olmasının zəruriliyini bildirirdi.
1783-cü il dekabr ayının 23-də Vaşinqton Ali Baş Komandanlığı təntənəli surətdə Konqresə qaytarır. Bununla yanaşı güclü, mərkəzləşmiş hakimiyyətin yaradılmasının zəruriliyi haqqında hər bir ştat rəhbərliyinə məktub imzalayır. Lakin ayrı-ayrı ştatların rəhbərliyi bu təklifə soyuq münasibət göstərir. Onlar ştatlara daha geniş sərbəstlik verən Konfederasiya tərəfdarı olduqlarını bildirirlər.
İstefaya çıxdıqdan sonra C.Vaşinqton yenidən Maunt Vernona qayıdır. Burada o, rahat və qayğısız həyat sürsə də, ölkə daxilində gedən prosesləri diqqətlə izləyirdi. Ştatlar arasında əlaqələrin düzgün qurulmaması, bir çox iqtisadi problemlərin öz həllini tapmaması ittifaqın gələcəyini şübhə altına salırdı. 1786-cı ilin payızında istefada olan kapitan Şeysin başçılığı ilə yoxsul fermerlərin üsyanı isə təcili tədbirlər görülməsini vacib etdi. Bu səbəbdən 1787-ci ilin mayında yeni Konstitusiya hazırlanması üçün Konstitusiya Konventi yaradılır. Xüsusən A.Hamilton və C.Medisonun təkidi ilə Vaşinqton Konventə sədr seçilir. Yeni hazırlanmış Konstitusiya özündə federal dövlət quruluşunu əks etdirirdi. Uzun müzakirələrdən sonra Konstitusiya qəbul edilir.
Artıq C.Vaşinqtonun prezident olacağı heç kimdə şübhə doğurmurdu. Hətta 1788-ci il 4 iyul Konstitusiya bayramı şənliklərində «Vaşinqton-Prezident» kimi şüarlar səsləndirilirdi.
Nəhayət 1789-cu il fevral ayının 4-də keçirilən prezident seçkilərində Corc Vaşinqton ABŞ-ın ilk prezidenti seçilir. Səslərin sayına görə ikinci yeri tutan Con Adams Konstitusiyanın müvafiq maddəsinə əsasən vitse-prezident olur. Vaşinqtonun Maunt Vernondan Nyu-Yorka gəlişi bayram kimi qeyd olunur. O, 30 aprel 1789-cu ildə inauqurasiya nitqi söyləyir.
Prezident olaraq ilk gördüyü iş hakimiyyətin icraedici orqanlarını yaratmaq olur. Bunun üçün o, ətrafına intellektual və bacarıqlı şəxsləri toplayır. Aleksandr Hamilton maliyyə, Tomas Cefferson beynəlxalq əlaqələr, Henri Noks hərbi məsələlər, Edmund Rendolf ədliyyə naziri təyin edilir.
Bəzi tədqiqatçılar C.Vaşinqtonu başqalarının plan və layihələrini həyata keçirdiyi üçün yalnız simvolik rəhbər hesab edirlər. Əslində belə deyil. Məhz onun prezidentlik dövründə ölkənin gələcək müqəddəratında mühüm rol oynamış bir çox qərar və qanunlar qəbul edilərək həyata keçirilmişdir. Milli Bankın yaradılması, Hüquqlar haqqında Billin qəbul edilməsi bu dövrə təsadüf edir.
Cəmiyyətdə olan böyük nüfuzuna baxmayaraq o, ikinci dəfə prezident seçilmək istəmirdi. Hətta, ilk prezidentlik müddətinin sonuna yaxın C.Medisonun köməyi ilə Amerika xalqına vida müraciəti hazırlamışdı. Maunt Vernona qayıdıb sakit həyat sürmək onun başlıca arzusu idi. Lakin nazirlər arasındakı hərc-mərclik onu çox narahat edirdi. Nazirlər bir fikirdə tam həmrəy idilər: Vaşinqton yenidən seçilməlidir. Yeri gəlmişkən qeyd edək ki, nazirlər və digər siyasi xadimlər arasındakı fikir ayrılıqları, xüsusən Hamilton-Cefferson qarşıdurması tezliklə siyasi rəng alır və kabinet çərçivəsindən kənara çıxır. Hamilton tərəfdarları özlərini federalistlər adlandırır, ceffersonçular isə ad qayğısına qalmayıb antifederalist sözü ilə kifayətlənirlər. Lakin onların Fransa Burjua İnqilabının təsiri altına düşməsi özlərini demokrat respublikaçılar və ya sadəcə respublikaçılar adlandırması ilə nəticələnir. Beləliklə ABŞ prezidentlik institutunun yaradılması, siyasi qüvvələrin partiyalaşması prosesinin bünövrəsini qoyur.
Nəhayət Vaşinqton, xüsusən T.Ceffersonun ciddi təkidlərindən sonra öz namizədliyini irəli sürür və 1792-ci il seçkilərində ikinci dəfə ABŞ-ın prezidenti seçilir.
C.Vaşinqtonun ikinci prezidentlik dövrü Avropada müharibələrlə müşayiət edilir. Onun əsas məqsədi ABŞ-ı bu müharibələrdən kənarda saxlamaq idi. Bu istiqamət ölkənin Amerika kontinentində mövqeyini daha da möhkəmlədir, iqtisadi yüksəlişinə rəvac verirdi.
O, tərəfdaşlarına birmənalı şəkildə bildirir ki, növbəti prezident seçkilərində iştirak etməyəcək. Xatırladaq ki, o vaxt bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə hələ məhdudiyyət qoyulmasa da, o bu imkandan sui-istifadə etməmiş, öz xələflərinə böyük nümunə göstərmişdir. F.D.Ruzvelt istisna olmaqla heç bir prezident üçüncü dəfə seçilməmişdir. 1796-cı ilin yazından, Vaşinqton xalqa vida müraciətini hazırlayır. O, 1792-ci ildə yazılmış müraciəti A.Hamiltonun köməyi ilə yenidən işləyir və bu müraciət 1796-cı il 19 sentyabrda qəzetlərdə çap olunur.
İstefaya çıxdığı 15 mart 1797-ci il tarixindən sonra Maunt Vernon malikanəsində yaşamağa başlayır və Filadelfiyaya etdiyi qısamüddətli səfərləri nəzərə almasaq buranı heç vaxt tərk etmir. 1798-ci ilin yayında ABŞ-ın Fransa ilə münasibətləri kəskinləşəndə, müharibə olacağı təqdirdə Ali Baş Komandanlığı öz üzərinə götürəcəyini elan etsə də, hadisələr müharibəyə qədər inkişaf etmir.
Maunt Vernonda təsərrüfatla məşğul olan Vaşinqton gündəlik yazmışdır. Bu gündəlikdəki sonuncu qeyd 13 dekabr 1799-cu ildə edilmişdir. Həmin gün o, fermalarına baş çəkir və yağan sulu qar onu tamamilə isladır. Axşam evə qayıdarkən boğazında bərk ağrılar hiss edir. Səhəri gün yüksək hərarət içərisində olan Vaşinqtonu müalicə etmək üçün, qonşu fermada praktika keçən üç həkimi çağırırlar. Onların etdiyi müalicə yalnız qanalma olur. Bu isə sonu sürətlə yaxınlaşdırır. Axşam saat 10-a yaxın bu böyük insan əbədi olaraq gözlərini yumur.
Corc Vaşinqton vəsiyyətnaməsində ona məxsus olan bütün qulların azad edilməsini yazırdı. O, Müstəqillik haqqında Bəyannamənin prinsiplərini əsas tutaraq quldarlığı qəbul etmir, lakin quldarlığın tam şəkildə ləğv edilməsini də o dövr üçün qeyri-mümkün hesab edirdi. Onun vəsiyyəti Marta Vaşinqton tərəfindən həyata keçirilmişdir.
CON ADAMS
(JOHN ADAMS)
(1797-1801)

Vaşinqtondan sonra ölkəyə rəhbərlik etmək olduqca çətin iş idi. 1796-cı il seçkilərində qalib gəlmiş Con Adams üçünsə ikiqat çətindi. Balaca boylu, dolu bədənli Adams, təkcə öz xarici görünüşü deyil, həm də ideya və dünyagörüşü ilə Vaşinqtonun tam əksi idi. Aristoteldən Monteskyöyədək əksər dahi müəlliflərə dərindən bələd olmuşdu.
Con Adams 1735-ci il 30 oktyabrda Massaçusets ştatının Breyntri yaşayış məntəqəsində, nüfuzlu fermer ailəsində dünyaya gəlmişdi. Ailənin kənd şəraitində yaşamasına baxmayaraq təhsilə xüsusi meyli ilə digərlərindən fərqlənirdi. Gələcək prezident Harvardda təhsilini bitirdikdən sonra vəkil kimi fəaliyyətə başlayır və tezliklə böyük uğurlar qazanır. Çox keçmir ki, onun adı Bostonun tanınmış vəkilləri ilə bir sırada çəkilir. 1764-cü ildə pastor qızı Abigeyl Smitlə ailə həyatı qurur. Bu Amerika müstəmləkələrinin metropoliyaya qarşı mübarizəsinin başlandığı dövrə təsadüf edir. Öz karyerası haqqında düşünən gənc Adams bu mübarizədə iştirak etməkdən çəkinir. Hətta o, 1770-ci ildə Bostonun mülki əhalisinə qarşı qanunsuz əməllərinə görə mühakimə edilən ingilis əsgərlərini müvəffəqiyyətlə müdafiə edir.
Lakin tezliklə əmisi oğlu Samuel Adamsın təsiri altında mübarizəyə qatılır. Kontinental konqresin nümayəndəsi kimi, istiqlaliyyət qazanılmasında mühüm rol oynayır. Konqresdə İstiqlaliyyət Bəyannaməsini hazırlayacaq komissiyanın beş üzvündən biri olur. 1778-ci ildə oğlu Con Kunsi ilə birgə diplomatik danışıqlar aparmaq üçün Avropaya göndərilir. Diplomatik nümayəndə heyətinə «birinci amerikalı» adını almış Bencamin Franklin başçılıq edirdi. Bu səbəbdən onun fəaliyyəti kölgədə qalmışdı.
1779-cu ildə vətənə qayıdan Adams Massaçusets ştatının konstitusiyasını hazırlayır. Bu konstitusiyanın başlıca xüsusiyyəti – güclü icraedici hökumət, ikipalatalı qanunverici orqan və müstəqil məhkəmə sistemi – onun ideal hesab etdiyi qarışıq və məhdud idarəetmə forması idi. Lakin o, 1787-1788-ci illərdə yeni konstitusiya layihəsinin müzakirələrində bir o qədər fəalıq göstərmirdi. Bəzən hakimiyyətin bölünməsinə etirazlarını bildirən antifederalistlərlə razılaşır, qeyri-ardıcıllığı ilə özünü çətin vəziyyətə salırdı.
1788-ci il prezident seçkiləri ilə əlaqədar Massaçusetsə qayıdır. Adams Vaşinqtona alternativ qismində özünü bu vəzifəyə şanslı hesab etmirdi və vitse-prezidentliklə razılaşmaq onun üçün elə də çətin deyildi.
Vitse-prezident kimi Adamsın ölkənin idarə edilməsində kifayət qədər böyük xidmətləri olmamışdır. Belə ki, prezident C. Vaşinqton onunla təsadüfi hallarda məsləhətləşərdi. Konstitusiyanın müvafiq bəndinə görə o, həmçinin senatın sədri hesab olunurdu. Səsvermələrdə səslərin sayı bərabər olduqda həlledici səsə malik idi.
Adams özünü respublikaçı hesab etsə də, gələcəkdə Birləşmiş Ştatların İngiltərə kimi monarxiyalı respublikaya çevriləcəyinə olan inamını gizlətmirdi. 1791-ci ildə çap etdirdiyi «Davil haqqında düşüncələr»i Fransa Burjua inqilabının təsiri altında olan amerikalılar arasında öz nüfuzunu itirməsinə səbəb olur. Başlıcası isə, bu yazı onun Ceffersonla olan dostluq münasibətlərinə son qoyur. Lakin Şimal ştatlarında o, hələ böyük hörmətə malik idi və 1792-ci il seçkilərində yenidən vitse-prezidenti seçilir.
1795-ci ildə Vaşinqton bir daha prezident seçilməyəcəyini bəyan etdikdə Konqresin federalist üzvləri Adamsın namizədliyini irəli sürməyi qərara alırlar. Növbəti ildə 16 ştatda keçirilən seçkilər (bu zaman Kentukki, Tennesi və Vermont da ittifaqa daxil olmuşdular) partiyalı sistemin yeni inkişaf mərhələsi olur. Seçkilər artıq özlərinin təkmil ideologiya və proqramları olan partiyaların yarışına çevrilir. Respublikaçılar isə T.Cefferson və Aron Burrun namizədliyini irəli sürürlər. Gərgin keçən seçkilərdə, Adams yalnız iki səs üstünlüyü ilə qalib gəlir. T.Cefferson vitse-prezident seçilsə də, bu vəzifəni ciddi qəbul etmir və özünün Montiçellodakı malikanəsinə çəkilir. Partiyalı seçkilərdə, vitse-prezidentin uyğun Konstitusiya maddəsi ilə müəyyənləşdirilməsi özünü doğrultmur və bu çatışmazlıq 1804-cü ildə Konstitusiyaya edilən 12-ci düzəlişlə aradan qaldırılır.
1797-ci il 4 martda İnauqurasiya nitqi söyləyən Con Adams siyasi qruplaşmalar arasında barışdırıcı mövqe tutacağını vəd edir. Öz sələfinə sadiq olduğunu göstərərək kabinetdə ciddi dəyişiklik etmir. Və tezliklə səhv etdiyini anlayır. Əslində Adamsın mükəmməl fəaliyyət proqramı olmamışdır. Bu səbəbdən o, vaxtının çox hissəsini Massaçusetsdəki malikanəsində keçirir. Digər tərəfdən o, qarşıya çıxan hər hansı problemi qətiyyətlə həll etmək bacarığına malik idi.
Adamsın yeritdiyi xarici siyasi kurs əsasən ABŞ-ın beynəlxalq aləmdə bitərəfliyinə hesablanmışdı. İngiltərə ilə münasibətlər Cey tərəfindən bağlanmış müqavilə ilə tənzimlənirdisə, artıq 1796-cı ilin payızından Fransa ilə münasibətlər korlanmağa başlayır. 1797-ci ilin mayında prezident ekstremist federalistlərin etirazına baxmayaraq münasibətləri qaydaya salmaq üçün Fransaya nümayəndə heyəti göndərir. Altı aydan sonra nümayəndələr, danışıqların baş tutması üçün Fransa Xarici İşlər Naziri Taleyranın onlardan böyük miqdarda pul tələb etdiyini bildirirlər.
Bu hadisə tarixə «XYZ fırıldağı» kimi düşmüşdür. Problemin bu yolla həlli Adamsı razı salmır və 1799-cu il 18 fevralında Parisə yeni nümayəndə heyəti göndərilir. Nəhayət danışıqlar öz səmərəsini verir. 1800-cü ilin oktyabrında Napoleon Fransası ilə ABŞ üçün əlverişli müqavilə imzalanır və hələ onun prezidentliyi dövründə senatda ratifikasiya edilir.
Bu proseslər Adamsın nüfuzuna böyük zərbə vurur. Çünki, onun tərəfdarları arasında da Fransa ilə müharibənin başlanmasını istəyənlər vardı. Bəzi federalistlərin, xüsusilə A.Hamiltonun Luiziana və Floridanı işğal etmək barədə fikirləri özünə tərəfdarlar toplaya bilmişdi. Hamilton və onun bir sox tərəfdarlarının kabinetdən kənarlaşdırılması federalistlər arasındakı ziddiyyətləri daha da kəskinləşdirirdi. Cavab olaraq Hamilton Adamsın daha prezidentliyə yaramadığını bəyan edir. Bu isə növbəti seçkilərə öz təsirini göstərməyə bilməzdi.
Prezidentliyinin son aylarını Adams Vaşinqtonda davam etdirir. 1790-cı ildə paytaxt haqqında qəbul edilmiş qərara əsasən Vaşinqton şəhərinin tikilməsi yekunlaşırdı. Hökumətin buraya köçməsi 1800-cü ilin yazına təsadüf edir. Köçürmə prosesi çətin olmur və qısa müddətdə həyata keçirilir. Nazirliklərin bütün sənədləri yeddi iri qutuya asanlıqla yerləşirdi. Abigeyl Adams prezident sarayının ilk «sahibəsi» olur.
Con Adamsın prezidentlik kürsüsündəki son fəaliyyəti, bir çox gələcək konfliktlərin əsasını qoyur. Bu çoxsaylı hakim vəzifələrinə federalistlərin təyin edilməsi ilə həyata keçirilir. Ən başlıcası isə, xarici işlər naziri Con Marşallın ABŞ Ali Məhkəməsinə sədr təyin edilməsi olur. 1801-ci il 4 martda Ceffersonun prezidentlik fəaliyyətinə başlamasına bir neçə saat qalmış Adams ikinci müddətə seçilməmiş ilk eks-prezident kimi nəzərə çarpmadan paytaxtı tərk edir.
65 yaşlı eks-prezident özünü vəkilliyə və ya yenidən siyasi mübarizəyə həsr etmək üçün çox yaşlı hesab edirdi. Onun tarixin gedişi, Amerika inqilabı vaxtında həll edə bilmədiyi problemlər haqqında fikir yürütməyə çoxlu vaxtı vardı. Bu düşüncələr onun ədəbi-fəlsəfi yaradıcılığında öz əksini tapmışdır. 1811-ci ildən başlayaraq, öz köhnə rəqibi T.Ceffersonla yazışmaları ona bir növ məğlubiyyət acısını unutdurur. Ömrünün son günlərini Boston yaxınlığındakı Kuinsi malikanəsində keçirir.
Con Adams oğlu C.K.Adams 1824-cü ildə prezident seçildikdən sonra, 1826-cı il iyulun 4-də 90 yaşında vəfat edir. Bu gün Con Adams ABŞ tarixində görkəmli dövlət xadimlərindən biri hesab edilir. Bu dəyərləndirmə, onun prezidentlik fəaliyyəti yox, bütün həyat və yaradıcılığı kontekstində götürülür.
TOMAS CEFFERSON
(THOMAS JEFFERSON)
(1801 -1809)

Tomas Ceffersonun həyat və fəaliyyəti bəşər tarixində dərin iz qoymuşdur. Onun ABŞ-ın, Yeni Dünyada ilk burjuaziya respublikasının, yaradılmasında əvəzsiz xidmətləri olmuşdur. O, tarixə təkcə böyük dövlət və siyasi xadimi kimi deyil, eyni zamanda filosof-humanist, maarifçi, linqivist, botanik, arxitektor, etnoqraf, paleontoloq kimi düşmüşdür. Bəzi bioqrafları onu Amerikanın Leonardo da Vinçisi adlandırırlar. T.Ceffersonun həyat və yaradıcılığı bir çox tədqiqatçıların diqqətini özünə cəlb etmiş, haqqında çoxlu sayda kitablar, məqalələr yazılmışdır.
T.Cefferson 13 aprel 1743-cü ildə Virciniya ştatının Albemarl qraflığında, varlı plantator ailəsində dünyaya gəlmişdir. Yaşlı vaxtında yazdığı memuarlarda, əcdadlarının Şimali Amerikaya ilk müstəmləkəçilərlə birlikdə Uelsdən gəldiyini bildirir. Uşaqlığı atası Piter Ceffersona məxsus Şedvil malikanəsində keçmişdir. Ailənin böyük oğlu olduğundan, atası onun təhsilinə ciddi fikir vermişdir. Çünki, Virciniya plantatorları feodal Avropa ənənələrinə sadiq qalaraq böyük oğlu əsas varis hesab edirdilər. Balaca Tomas beş yaşından xüsusi müəllimlər yanında sistemli təhsil alırdı.
1757-ci ildə Tomas çox sevdiyi atasını itirir. Bu ona böyük zərbə olur. Atasının vəsiyyətnaməsinə əsasən, ona 3.000 hektar torpaq sahəsi və 60 qul miras qalır. Lakin Cefferson təhsilini davam etdirmək niyyəti ilə Şedvili tərk edərək Uilyamsburqa gəlir. Burada o, virciniyalıların fəxri sayılan nüfuzlu «Uilyam ənd Meri» kollecinə daxil olur. Bu kollec din, hərb, tibb və hüquqşünaslıq sahələrində mütəxəssislər hazırlayırdı. Tomas tərəddüd etmədən vəkil olmağı qərara alır.
1763-cü ildə təhsilini bitirən Cefferson dostu və müəllimi, professor Corc Uaytın hüquq kontorunda fəaliyyətə başlayır və tezliklə böyük uğur qazanır. Virciniyanın varlı plantatorları onun müştərilərinə çevrilirlər. Cəmiyyətdə böyük nüfuz qazanan gənc Tomas 26 yaşında Virciniya qanunvericilik məclisinin üzvü seçilir.
1770-ci ildə Şedvil malikanəsində yanğın baş verir. Yanğın onun evi ilə birlikdə, zəngin kitabxanasını da məhv edir. Bu ərəfədə o, gənc dul qadın Marta Skeltonla tanış olur. 1772-ci il yanvarın 1-də onlar evlənirlər. Bu nikahdan beş övladları olsa da, onların yalnız ikisi sağ qalır.
Ceffersonun siyasi fəaliyyətə başlaması müstəmləkələrdə antiingilis əhval-ruhiyyələrinin gücləndiyi dövrə təsadüf edir. O, müstəmləkələrin azadlıq hərəkatında fəal iştirak edərək, 1775-ci ildə Virciniyada əlaqələndirici Komitənin yaradıcılarından olmuşdur. Artıq belə komitələr əksər ştatlarda da yaradılmışdı və metropoliya qanunlarına tabe olmadığı üçün buraxılmış Müstəmləkə Assambleyasını əvəz edirdi. Cefferson 1775-ci ildə Kontinental Konqresə üzv seçilir. Qeyd edək ki, natiqlik bacarığının olmaması ona «qaradinməz deputat» imici qazandırmışdı. Lakin geniş erudisiya və dərin elmi biliklərə malik olması qərar və qanun layihələrinin hazırlanmasında onu əvəzsiz edirdi.
1776-cı ilin iyun ayında Kontinental Konqresdə İstiqlaliyyət haqqında bəyannamə hazrlamaq üçün B.Franklin, C.Adams, C.Dikkinson, E.Livinqston və Ceffersondan ibarət komissiya yaradılır. Komissiya üzvləri tərəddüd etmədən bu işi Ceffersona həvalə edirlər. O, layihə üzərində on yeddi gün gərgin işləyərək Adams və Franklinin xırda düzəlişlərindən sonra onu Konqresə təqdim edir. Layihə uzun sürən müzakirələrdən sonra 4 iyul 1776-cı ildə qəbul edilir. Bu, T.Ceffersonun siyasi arenada ilk böyük qələbəsi idi. Şedvildə baş vermiş yanğından sonra öz layihəsi əsasında tikilmiş Montiçello malikanəsinə qayıdan Cefferson Virciniya parlamentində fəaliyyətini davam etdirir.
1779-cu ildə Tomas Cefferson yenidən fəal siyasi mübarizəyə başlayır. Bu dəfə o, Virciniya ştatının qubernatoru vəzifəsinə – ştatın ali siyasi hakimiyyətinə iddialı olduğunu bildirir. Gərgin keçən seçkilərdə dostu Peynə qalib gələrək qubernator olur. Bu vəzifəni tutmaqda onun əsas istəyi bir çox sahələrdə islahatlar keçirmək idi. Onun başlıca arzusu azadlıq uğrunda dinc mübarizəni davam etdirərək, seçki hüququnu təkmilləşdirmək, təhsil sistemini yaxşılaşdırmaq idi. Bu niyyətlə o, dini azadlıq haqqında qanun layihəsi hazırlasa da, bu layihə Virciniya ştatının qanunverici məclisi tərəfindən yalnız yeddi ildən sonra – 1786-cı ildə C.Medisonun səyləri nəticəsində qəbul olundu. Bu günə qədər həmən qanun Virciniya ştatının Konstitusiyasının dini azadlıq haqqında müddəasının əsasını təşkil edir.
Lakin, İstiqlaliyyət uğrunda gedən müharibənin Şimaldan Cənuba keçirilməsi təəssüf ki, maarifçilik deyil, onda olmayan hərbçilik bacarığı tələb edirdi. Bəzi hərbi problemlərin həllində qətiyyətsizliyi, ştatın müdafiəsini yaxşı təşkil edə bilməməsi onu 1781-ci ildə istefaya getməyə məcbur edir. Növbəti il, ona daha bir bədbəxtlik üz verir, həyat yoldaşı Marta vəfat edir.
İstefaya çıxdıqdan sonra Cefferson Montiçello malikanəsinə qayıdır. 1782-ci ilin axırlarında Filadelfiyadan gələn kuryer, Konqresin onu diplomatik missiya ilə Fransaya göndərmək fikrində olduğunu çatdırır. Lakin bu ərəfədə Fransadan İngiltərə və ABŞ arasında razılıq əldə edildiyi xəbəri gəlir. Səfər yalnız 1784-cü ilin yayında baş tutur. Səfərin əsas məqsədi, Ceffersonun bu zaman Avropada olan C.Adams və səfir B.Franklinlə birlikdə 19 Avropa ölkəsi ilə siyasi və ticarət müqavilələri imzalaması idi. 1785-ci ilin yazında Franklin onun səfirlik fəaliyyətinə son qoyulması xahişi ilə Konqresə müraciət edir. Konqres tərəddüd etmədən Ceffersonu ABŞ-ın Fransada səfiri təyin edir. O, Fransadakı fəaliyyəti müddətində Fransa maarifçiləri ilə dostluq əlaqələri saxlamışdı.
23 noyabr 1789-cu ildə Cefferson Parisdən vətənə qayıdır. Burada ona gözləmədiyi bir xəbər çatdırırlar: prezident Vaşinqton onu Dövlət katibi təyin etmək istəyir. Dekabrın 11-də o, bu məzmunda Vaşinqtonun şəxsi məktubunu alsa da, qəti cavab vermir. Nəhayət 1790-cı ilin fevralında, xüsusən dostu Medisonun təkidlərindən sonra Cefferson dövlət katibi təyin edilməsinə razılıq verir.
Dövlət katibi kimi çalışdığı dövrdə, o, ABŞ-ın xarici siyasət kursunun müəyyənləşdirilməsində başlıca rol oynamışdır. Ceffersonun əsas məqsədi bütün müharibələrdən kənarda qalmaq, bir sözlə ABŞ-ın bitərəfliyini təmin etmək idi. O, yazırdı: «Yeni Dünya Köhnə Dünyanın səfehliyindən mənfəət götürməlidir. Onlar vuruşurlarsa, biz möhkəmlənməliyik». Onun müəyyənləşdirdiyi yeni xarici siyasi kurs, ölkənin bir çox Avropa dövlətləri ilə qurduğu iqtisadi-ticari əlaqələrə də öz təsirini göstərməyə bilməzdi. Bu əlaqələrdən ölkənin daha çox qazanc götürməsi məqsədini güdən maliyyə naziri A.Hamiltonla uzun müddət davam edən qarşıdurmalar öz mənbəyini məhz buradan götürürdü.
1796-cı ilin əvvəllərində C.Vaşinqton bir daha prezident seçilmək arzusunda olmadığını bildirdi. Respublikaçılar bu vəzifəyə Ceffersonu namizəd göstərdilər. İlin axırında keçirilən seçkilərdə federalistlərin namizədi Con Adams kiçik üstünlüklə (71:68) prezident seçilir. Cefferson vitse-prezident olur. Lakin, Adamsla aralarında ciddi fikir ayrılığı olduğu üçün, ölkənin idarə edilməsində onun rolu nəzərəçarpacaq olmur.
1800-cü il prezident seçkiləri, artıq liderlər yox, yaxşı təşkil edilmiş, konkret fəaliyyət proqramlarına malik partiyalar arasında gedən mübarizə kimi xarakterizə edilir. Bu seçkilərə respublikaçılar böyük əhəmiyyət verirdilər. Hətta T.Cefferson onu 1776-cı il inqilabı ilə eyniləşdirirdi.
Prezident seçkilərində T.Ceffersonun ilk atdığı addım, partiya daxilində həmrəyliyə nail olunması məqsədi güdürdü. Bunun üçün Şimal ştatlarında böyük nüfuza malik Aaron Burrla bir mövqedən çıxış etməyi qərarlaşdırır. Belə ki, Burr Şimal ştatlarında onun, o isə Cənub ştatlarında Burrun federalistlərlə mübarizəsinə yardımçı olmalı idi. Belə taktikanın seçilməsi, onların hər ikisinin federalistlərin nümayəndəsi Adamsdan çox səs toplaması ilə sonuclanır. Lakin səslər bərabər olduğundan, seçkilər Konqresin Nümayəndələr Palatasına keçirilir. Burada hər ştat, nümayəndələrinin sayından asılı olmayaraq bir səslə təmsil olunur. Gərgin keçən seçkilərdə T.Cefferson prezident seçilir. Aaron Burr vitse-prezident olur.
4 mart 1801-ci ildə T.Cefferson inauqurasiya nitqi söyləyir. Bəziləri gözləyirdi ki, o, siyasi rəqiblərinə hücum edəcək, onların siyasətini tənqid edəcəkdir. Lakin bunun əvəzində o, ölkənin bütün siyasi qüvvələrini əməkdaşlığa çağırdı.
Tomas Ceffersonun prezident kimi gördüyü ilk iş kabineti formalaşdırmaq olmuşdur. Onu ən çox narahat edən iki əsas nazirin: maliyyə naziri və dövlət katibinin təyin edilməsi idi. O, bu vəzifələrə əvvəlcədən nəzərdə tutduğu şəxsləri təyin edir. Beləliklə C.Medison Dövlət katibi, əslən isveçrəli olan Albert Qallatini isə maliyyə naziri təyin edilir. Maraqlı bir faktı qeyd edək ki, prezident digər nazirləri təyin edərkən də onların intellektual bacarıqları ilə yanaşı, regional mənsubluğunu da əsas götürmüşdür. Bununla o, ştatlar arasındakı birliyi gücləndirmək məqsədi güdmüşdür.
Tomas Ceffersonun ilk prezidentlik dövründə əldə etdiyi ən böyük uğuru şübhəsiz ki, Luiziananı ABŞ-a birləşdirməsi olmuşdur. ABŞ dövləti 80 milyon frank ödəməklə Fransanın nəzarəti altında olan Luiziananı əldə edir. Bu isə ABŞ ərazisinin təqribən iki dəfə böyüməsi demək idi.
1804-cü ilin ortalarından respublikaçılar partiyası növbəti prezident seçkilərinə hazırlaşmağa başlayır. Cefferson yenidən respublikaçılar partiyasının namizədi kimi göstərilsə də, vitse-prezidentliyə A.Burrun deyil, Corc Klintonun namizədliyi irəli sürülür. Bu halda Burr federalistlərlə koalisiya yaratmaq istəsə də, federalistlərin lideri A.Hamilton buna razılıq vermir. Burr və Hamilton arasındakı düşmənçilik iyul ayında duellə nəticələnir. Hamilton dueldə öldürülür. Bu, Aaron Burrun da siyasi ölümü demək idi. Müxalifət partiyası olan federalistlər Pinkni və Kinqin namizədliyini irəli sürürlər. Əvvəlki prezident seçkisində verdiyi vədlərin heç də hamısını yerinə yetirə bilməməsi Ceffersonun qalib gəlməsinə mane olmur. Luiziananın əldə edilməsi öz işini görmüşdü.
İkinci müddətə prezident seçilən Cefferson kabinetində ciddi dəyişikliklər etmir.
Avropada başlamış Napoleon müharibələri ABŞ ticarət donanmasının Atlantik okeanında və Avropa limanlarında hərəkət etməsinə mane olurdu. Buna görə də ticarət hüquqlarının qorunması ikinci prezidentlik müddətində «bitərəf» Ceffersonun başlıca problemi olur. İngiltərənin hərbi donanması ABŞ ticarət gəmilərini müsadirə etməkdən belə çəkinmir. Problemi diplomatik yolla həll edə bilməyən prezident Avropa ölkələri ilə ticarət əlaqələrinə embarqo tətbiq edir. İngilislərə təzyiq kimi nəzərdə tutulan bu qərar, nəticədə ABŞ-ın özünə böyük ziyan vurur. Sonralar Cefferson bu qərarı özünün böyük səhvi olduğunu etiraf etmişdir.
Hələ 1807-ci ildə respublikaçılar partiyasının liderləri Ceffersona üçüncü dəfə namizədliyini irəli sürməyi təklif etmişdilər. Lakin respublikaçıların lideri buna qəti etirazını bildirir. O, əsası Vaşinqton tərəfindən qoyulmuş ənənəni pozmaq istəmir. İstefaya çıxmamışdan əvvəl özünün siyasi varisi haqqında düşünür. Bu vəzifəyə daha çox Medisonu layiq görür. Ölkə rəhbərinin iradəsi öz təsirini göstərir. C. Medison yekdilliklə növbəti seçkilərə namizəd göstərilir.
İstefaya çıxdıqdan sonra Montiçello malikanəsinə qayıdan eks-prezident maarifçilik fəaliyyəti ilə məşğul olmuşdur. 1919-cu ildə yaradılmış Virciniya Universiteti onun maarifçilik fəaliyyətinin bariz nümunəsidir. Universitet binasının tikilməsindən tutmuş, tədris planının hazırlanmasına qədər bütün prosesə şəxsən özü rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə universitetə Avropadan təcrübəli müəllim və alimlər dəvət olunmuşdur.
1826-cı ilin yazında Ceffersonun səhhəti pisləşir. O, əsasən yaddaşının pozulmasından, ayaqlarındakı bərk ağrılardan şikayət edir.
Mart ayında tərtib etdiyi vəsiyyətnaməsində bütün mülkiyyətinin qızı və nəvələrinə çatmasını, kitabxanasının isə Virciniya Universitetinə verilməsini göstərir.
İyunun 13-də qeydiyyat kitabçasına sonuncu qeydini edir. 3 iyulda İstiqlaliyyət haqqında bəyannamənin qəbul edilməsinin 50 illiyi ərəfəsində sonuncu dəfə «4 iyul hələ başlamayıb?» deyə soruşur. Bu onun dediyi son sözlər olur. Növbəti günün səhəri Cefferson vəfat edir. Elə həmin gün Massaçusets ştatında başqa bir xadim – Con Adams vəfat edir. Adamsın sonuncu kəlməsi «Cefferson isə hələ yaşayır» olur. Bu, Adamsın sonuncu səhvi idi. O öz siyasi rəqibi və dostundan bir neçə saat çox yaşamışdı.
Ceffersonu ailə qəbiristanlığında, həyat yoldaşı Marta və qızı Mariyanın qəbirləri arasında dəfn edirlər. Vəsiyyətnaməyə görə, qəbir daşının üzərində aşağıdakı sözlər yazılmışdır:
ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin və Virciniya ştatının dini azadlıq qanununun müəllifi,
Virciniya Universitetinin yaradıcısı,
Tomas Cefferson burada dəfn edilmişdir.
Qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi qeyd olunmamışdır. Görünür Cefferson həmvətənlərinin xatirəsində yalnız maarifçi kimi qalmaq istəmişdir.
CEYMS MEDİSON
(JAMES MADISON)
(1809-1817)

Dünyanın ilk yazılı konstitusiyasının layihəsi Amerika Millətinin iftixarı hesab olunur. Bunun başlıca səbəbi bu konstitusiyanın dünyanın digər demokratik dövlətlərinin konstitusiyaları üçün əvəzsiz nümunə olmasıdır. Tarixdə ilk dəfə olaraq hakimiyyətin bölünməsini özündə ehtiva edən konstitusiyanın müəllifi ABŞ-ın gələcək prezidenti Ceyms Medison idi.
Ceyms Medison 1751-ci il martın 16-da Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində anadan olmuşdur. Ailənin on bir uşağından ən böyüyü olan Ceyms, mirasa olan hüquqlarından istifadə etməmiş, yalnız özünü dolandırmaq üçün vəsait tələb etmişdir. Yerli internatda beş il təhsil aldıqdan sonra 1769-cu ildə, indi Prinston Universiteti adlanan Nyu-Cersi kollecində təhsilini davam etdirir. Burada o, Şotland Maarifçilərinin ideyalarına böyük maraq göstərir. Özünün bir çox siyasi mübarizə həmkarlarından fərqli olaraq onun hüquq təhsili olmamışdır. Məhz bu səbəbdən bəzi müasirləri konstitusiyanın zəif olmasını iddia edirdilər.
23 yaşında siyasi fəaliyyətə başlayan Medison Virciniyada ingilis ağalığına qarşı müqavimət hərəkatının Orinc komitəsinə üzv seçilir. 1776-cı ilin iyulunda o, Orinc dairəsini İnqilabi Konqresdə təmsil edir. Növbəti il Virciniya deputatlar məclisinə seçkilərdə uğur qazanmayan Medison 1777-79-cu illərdə Virciniya qubernator Şurasının, sonra, 1783-cü ilə qədər isə Konfederasiya Konqresinin iştirakçısı olur. Sonra Virciniyaya qayıdaraq yerli qanunverici məclisdə fəaliyyətini davam etdirir. Məclis üzvlərinin sərt müqavimətinə, populist əhval-ruhiyyələrinə baxmayaraq, dini azadlıq və kilsənin dövlətdən ayrılması haqqında Tomas Cefferson tərəfindən hazırlanmış qanun layihəsinin təsdiq edilməsinə nail olur. Bu qanun Amerika maarifçiliyinin əsasını təşkil edir.
C.Medison dul qadın Dolli Toddla ailə həyatı qursa da onların övladları olmamışdır. Dolli Medison Amerika prezidentləri tarixində ilk «First Ledy» hesab edilir.
1786-cı il Annapolis Ticarət konfransında Virciniyanın nümayəndəsi kimi iştirak edən Medison Konstitusiya islahatı tərəfdarları ilə birlikdə Filadelfiyada Konstitusiya Konventinin çağırılmasına nail olur və orada doğma ştatını təmsil edir. O, 1787-ci ildə yazdığı «Birləşmiş Ştatlar siyasi sisteminin qüsurları» məqaləsində Konfederasiya Haqqında Əsasnamənin çatışmazlıqlarını qeyd edərək, mükəmməl Konstitusiyaya ehtiyac olduğunu bildirir. Əsas mətni Medison tərəfindən yazılmış Konstitusiya ratifikasiya edilməsi üçün ştatlara göndərilir.
O, Cen Cey və Aleksander Hamiltonla birlikdə yeni konstitusiyanın təbliğinə yönəlmiş 85 qəzet məqaləsi ilə çıxış edir. «Publius» ləqəbi ilə imzalanan bu yazılar, sonradan «Federalist» adlı kitab kimi nəşr edilmişdir. Fraksiyaçılığın geniş təhlil edildiyi və aktuallığını bu gün də itirməmiş 10 saylı məqalə Medison tərəfindən yazılmışdı.
Konstitusiya əleyhdarları icraedici hökumətə həddən artıq səlahiyyətlər verilməsinə, insan hüquqlarının qorunmamasına etirazlarını bildirirlər. Medison ilk Nümayəndələr Palatası önündə verdiyi vədə əməl edərək Konstitusiyaya ilk on dəyişikliyi hazırlayır. Bu dəyişikliklər 1791-ci ildə Hüquqlar Haqqında Bill adı ilə qüvvəyə minir.
C. Medison 1797-ci ilə qədər Konqresin Nümayəndələr Palatasının üzvü olur. Burada o, Ceffersonla birlikdə Hamiltonun siyasi-iqtisadi proqramlarının tənqidçisi olaraq müxalif respublikaçılar partiyasını yaradır. Cefferson prezident seçildikdən sonra onun formalaşdırdığı kabinetdə xarici işlər naziri olur.
1808-ci ildə onun prezident seçilməsi partiyadaxili çəkişmələrlə müşayiət olunmuşdur. Bir dəfə də seçkiqabağı nitq söyləməyən Medison öz siyasi dostlarının, xüsusən Ceffersonun köməyi və bəzi partiyadaxili sövdələşmələr əldə edilməsi nəticəsində respublikaçılar partiyasının namizədi olur. Belə razılaşmalardan biri vitse-prezident vəzifəsinin Nyu-Yorklu partiya üzvlərinə güzəştə gedilməsidir. 60 yaşlı Corc Klinton vitse-prezident seçilsə də 1812-ci ildə onu, bu vəzifəyə daha layiq Elbric Herri əvəz etmişdir.
Kabinetin formalaşdırılmasında partiyadaxili qruplaşmaları və regional faktoru əsas götürən prezident maliyyə naziri A.Qallatindən başqa bütün nazirliklərə yeni rəhbərlər təyin edir. Bu təyinatların heç də hamısı uğurlu olmur. Tezliklə xarici işlər naziri Robert Smitin öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsi aşkar olur. 1811-ci ilədək Virciniya qubernatoru işləmiş Ceyms Monronun bu vəzifəyə təyin olunmasına qədər, prezident eyni zamanda xarici işlər naziri vəzifəsini də icra edir.
1807-ci ildən Avropa ölkələri ilə ticarət əlaqələrinə tətbiq olunmuş embarqo kabinetin ilk müzakirə mövzusu olur. İxrac edilməyən kənd təsərrüfatı məhsullarının qiymətlərinin sürətlə aşağı düşməsi amerikalılara böyük ziyan vururdu. Nyu-York və digər liman şəhərlərinin gəmi sahibləri ticarət gəmiçiliyinin təcili bərpasını tələb edirdilər. Bunun üçün Fransa və İngiltərə ilə münasibətlərin qaydaya salınması lazım idi.
Problemləri danışıqlar yolu ilə həll edə bilməyən prezident, Qallatinin məsləhəti ilə müharibəyə hazırlaşır. 1812-ci il iyunun 1-də C.Medison İngiltərəyə müharibə elan edilməsi məzmunlu məktubunu Konqresə təqdim edir. O, bu təklifini belə əsaslandırır: İngiltərə ABŞ-a – «müstəqil və bitərəf millətə» düşmən münasibət bəsləyir. Ticarət gəmilərinin müsadirə edilməsi, minlərlə matrosun əsir götürülərək məcburi xidmətə cəlb olunması, hindu tayfalarının üsyanının təşkil edilməsi böyük cinayətlərdir. Təklif istər Nümayəndələr palatasında (79: 49), istərsə də Senatda (19: 13) təsdiqlənir. Beləliklə iyunun 19-da İngiltərəyə rəsmi olaraq müharibə elan edilir.
Səsvermənin nəticələrindən göründüyü kimi müharibə əleyhdarları da az olmamışdır. Onlar, xüsusilə də virciniyalı deputat Con Rendolf müharibənin başlanmasına qəti etirazlarını bildirirlər. Əhali arasında, xüsusilə mərkəzi ştatlarda anti-müharibə əhval-ruhiyyəsi güclənirdi. Bu 1812-ci il prezident seçkilərinə təsirni göstərir. Mərkəzi Ştatlarda aşkar məğlubiyyətə uğrayan C.Medison səslərin ümumi sayına görə (128: 89), federalistlər partiyasının nümayəndəsi De Uitni Klintona qalib gələrək ikinci dəfə prezident seçilir.
Hərbi əməliyyatlar əsasən üç cəbhədə: Kanada sərhədləri boyunca, Atlantik okeanı sahillərində və Meksika körfəzində aparılırdı. Tarixçi Robert Rutlend prezidentin hərbi məqsədləri haqqında yazırdı: «Medisonun məqsədi İngiltərəyə məxsus torpaqların işğalı deyildi. O, Britaniya rəhbərlərindən ABŞ-ı uzaq, asılı qohum kimi yox, müstəqil dövlət kimi tanımasını istəyirdi». Bu baxımdan 1812-15-ci il müharibəsini ikinci İstiqlaliyyət müharibəsi adlandırırlar.
Avropada davam edən Napoleon müharibələri 1814-cü ildə onun hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. Medison haqlı olaraq, döyüşlərdən azad olan ingilis qoşun hissələrinin də bu müharibəyə cəlb ediləcəyindən narahat idi. Bu perspektivdən ehtiyatlanan prezident və onun kabineti hərbi əməliyyatları dayandırmaq, müharibədən əvvəlki vəziyyətin bərpa edilməsi (status-kvo) şərti ilə sülh danışıqlarına başlamaq qərarına gəlir. Bu ərəfədə ingilis qoşunları Vaşinqtonu tutaraq Dövlət binalarını o cümlədən prezident iqamətgahını yandırırlar. Medison tələsik paytaxtı tərk edir.
Hindularla aparılan müharibələrdə böyük təcrübə toplamış general Endrü Cekson 1815-ci il yanvarın 8-də Yeni Orlean şəhəri yaxınlığında ingilislərin 5.000 canlı qüvvəsini məhv edərək qələbə qazanır. Lakin buna qədər 1814-cü il 24 dekabrında flamand şəhəri Kentdə sülh müqaviləsi imzalanmışdı.
14 fevral 1815-ci ildə Medison Vaşinqtona qayıdır. Müharibə qeyri-müəyyən sonluqla başa çatsa da, Birləşmiş Ştatları Amerika kontinentində ciddi ictimai quruluşa malik dövlət kimi bir daha təsdiqləyir.
C.Medison 1816-cı il prezident seçkilərində iştirak etməsə də öz siyasi varisinin bu vəzifəyə seçilməsinə köməklik göstərmişdir. Həmin varis gələcək səkkiz ildə ölkənin prezidenti olmuş Ceyms Monro idi. Vəzifə yüklərindən azad olan eks-prezident 6 aprel 1817-ci ildə ömrünün son illərini yaşadığı Cənuba köçür. Bu zaman o, bir müasirinin yazdığı kimi «tətilə gedən şagird» kimi sevinirdi. C.Medison istefada olanda da bəzi konstitusional problemlərin həllində iştirak etmiş, öz məsləhətlərini vermişdir.
Onun quldarlıqla bağlı dəqiq mövqeyi olmasa da 1817-ci ildə yaradılmış Amerika müstəmləkə Cəmiyyətinin sədri seçilmişdir. Bu cəmiyyət azad edilmiş qulları Afrikaya göndərməklə məşğul idi. Lakin maliyyə problemləri olduğu üçün özünə məxsus qulları azad edə bilməmişdir.
C.Medison 1836-cı il iyunun 28-də Virciniya ştatındakı Montpiliyer malikanəsində vəfat etmişdir.
CEYMS MONRO
(JAMES MONROE)
(1817-1825)

ABŞ-ın 5-ci prezidenti Ceyms Monro 1758-ci il aprelin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Vaşinqton-Periş şəhərciyində anadan olmuşdur. Virciniyanın digər nüfuzlu siyasətçilərindən fərqli olaraq, atası Spens Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi. Ceyms ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin yanında alır. 16 yaşında Virciniyanın paytaxtı Uilyamsburqa gələrək «Uilyam ənd Meri» kollecində təhsilini davam etdirir. İstiqlaliyyət müharibəsi başladıqda Kontinental ordunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik şəhadətnaməsi alır. Bacarıq və cəsarətinə görə fərqlənən Ceymsə 1778-ci ildə podpolkovnik rütbəsi verilir. Qeyd edək ki, Medisonun göstərdiyi hərbi xidmət rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, ona Qərb ərazisində böyük torpaq sahələri verilmişdir.
1780-83-cü illərdə Tomas Ceffersonun rəhbərliyi altında hüquq elmlərini öyrənərək, onunla uzun müddət dostluq əlaqələri saxlamışdır.
1782-ci ildə Virciniya qanunvericilik məclisinə üzv seçilən Monro, siyasi fəaliyyətə başlayır. 1786-cı ilədək, ştatin nümayəndəsi kimi, iclaslarını Nyu-Yorkda keçirən Konfederasiya Konqresinin iştirakçısı olur. Nyu-Yorkda yaşadığı vaxt (16 fevral 1786-cı ildə) müflis olmuş Vest-Hind plantatorunun qızı Elizabet Konraytla ailə qurur. Həmən ilin dekabr ayında anasının şərəfinə Elizabet adlandırılan ilk övladları dünyaya gəlir.
1787-ci ildə Filadelfiyada keçirilən Konstitusiya Konventinin üzvü olmasa da Virciniya ştatının Konventdəki nümayəndəsi kimi konstitusiyanın əleyhinə çıxış edir. Nümayəndələr palatasına seçkilərdə C.Medisona məğlub olmasına baxmayaraq, 1790-cı ildə Virciniya parlamenti onu senator seçir. Fransaya səfir göndərilənədək dörd il müddətində senator olur.
Onun Fransada səfir kimi fəaliyyəti qənaətbəxş olmur və 29 iyul 1796-cı ildə xarici işlər naziri Timoti Pikerinq tərəfindən geri çağırılır. Səfirlik fəaliyyətinin kəskin tənqid olunması onun siyasi nüfuzuna xələl gətirmir. Monro 1799-cu ildə Virciniya Ştatının qubernatoru seçilir və 1802-ci ilə qədər bu vəzifədə çalışır. Dostu T.Cefferson Birləşmiş Ştatların prezidenti seçildikdən sonra Vaşinqtona qayıdan Monro 1809-cu ilədək siyasi fəaliyyətini burada davam etdirmişdir. 1803-cü ildə yenidən Parisə səfər edərək, burada R.Livinqstonla birlikdə Luiziananın alınması danışıqlarında iştirak edir. Lakin Qərbi Floridanın İspaniyadan alınması və Londonda İngiltərə ilə münasibətlərin nizamlanması haqqında Uilyam Pinkni ilə birgə aparılan danışıqların uğursuzluqla nəticələnməsi onun siyasi reytinqinin aşağı düşməsinə səbəb olur. Bu ona 1808-ci il prezident seçkilərində namizədliyini irəli sürməyə mane olur. O, 1788-ci ildə olduğu kimi, bu dəfə də Medisona məğlub olur və bu, iki siyasətçi arasında münasibətlərin korlanmasına gətirib çıxarır.
C.Monro 1811-ci ildə yenidən Virciniya ştatının qubernatoru seçilir. Cefferson Medisonla onu barışdırdıqdan sonra, prezident 1811-ci ilin mart ayında Monronu Robert Smitin yerinə xarici işlər naziri təyin edir. C.Medisonun prezidentliyi müddətində, ABŞ-ın xarici siyasəti, xüsusilə İngiltərə ilə münasibətlər, məhz Monronun fəaliyyəti ilə müəyyənləşmişdir. İngiltərə ilə aparılan müharibə ərəfəsində Con Armstronq müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu vəzifə də C.Monroya tapşırılır. Yeni Orlean və Plattsburqda ABŞ ordusunun qələbələri, eyni zamanda Kent sülhünün bağlanması onun siyasi mövqeyini daha da möhkəmləndirir.
O, partiyadakı tərəfdarlarının böyük köməyi sayəsində Respublikaçılar partiyasının 1816-cı il prezident seçkilərinə namizədini müəyyənləşdirməyə həsr olunmuş konqresində Medison hökumətində maliyyə naziri olmuş Uilyam Krouforda kiçik üstünlüklə (65: 54) qalib gələrək partiyanın namizədi olur. Prezident seçkiləri Monronu xüsusi narahat etmirdi. Belə ki, müharibədən sonra federalistlər partiyası praktiki olaraq öz fəaliyyətini dayandırmışdı. Nəticədə o, federalistlərin namizədi Rufus Kinqə böyük üstünlüklə (183: 34) qalib gələrək prezident olur.
Ceyms Monronun səkkiz illik prezidentlik dövrü «xoş əhval-ruhiyyələr dövrü» («The era Good feelings») kimi xarakterizə edilir. Bu hər şeydən əvvəl onun prezidentliyi dövründə partiyalar arası ziddiyyətlərin olmaması ilə əlaqədardır. Prezidentin partiyalar fövqündə dayanması prinsipini əsas tutan Monro istər şəxsi, istərsə də fraksiyalar arası münasibətlərlə bağlı qarşıdurmalarda iştirak etməməsidir. Bu mövqeyi onun kabinetə olan münasibətində də özünü göstərmişdir.
İspaniya ilə bağlanmış müqaviləni Monro hökumətinin böyük uğuru hesab etmək olar. 24 fevral 1819-cu ildə Monro tərəfindən imzalanan Transkontinental müqavilə haqlı olaraq Adams-Onis müqaviləsi adlanır. Xarici işlər naziri Adamsın gərgin fəaliyyəti sayəsində bağlanmış bu müqaviləyə əsasən bütün Florida ABŞ-a birləşdirilmişdi.
1820-ci ildə keçirilən prezident seçkiləri ötən seçkilərdən fərqli olaraq sakit keçmişdir. Respublikaçıların rəsmi namizədi kimi çıxış edən Monronun rəqibi müstəqil respublikaçı C.K.Adams olmuşdur. C.Monro böyük üstünlüklə (234: 1) ikinci müddətə prezident seçilmişdir. Bu dövr bir çox beynəlxalq-siyasi hadisələrlə zəngin olmuşdur.
Xatırladaq ki, İspaniyanın Avropada gedən Napoleon müharibələrinə cəlb olunması onun Latın Amerikasındakı müstəmləkələrini itirməsi ilə nəticələnir. Müharibələr sona çatdıqda Müqəddəs İttifaqda birləşmiş dövlətlər İspaniyanın öz əski müstəmləkələrindəki ağalığını bərpa etməsinə kömək göstərirlər. Bu, ABŞ-ın ciddi etirazı ilə qarşılanır. Bununla əlaqədar 2 dekabr 1823-cü ildə Ceyms Monro Konqresə məktub göndərir. Sonradan «Monro doktrinası» adını almış məktubda dünyanın Avropa və Amerika sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerikanın daxili işlərinə qarışmamaq tələb olunurdu.
Xələflərinin qoyduğu ənənəyə sadiq qalan Monro 1824-cü il prezident seçkilərində iştirak etmir. Ömrünün son illəri maddi çətinliklər içərisində keçir. 1830-cu il 23 sentyabrda həyat yoldaşı vəfat etdikdən sonra, Nyu-Yorka qayıdaraq kiçik qızı Mariya Hesterin yanında yaşayır. 4 iyul 1831-ci ildə, Birləşmiş Ştatların İstiqlaliyyət Bəyannaməsinin 55-ci ildönümü günü vəfat edir.
CON KUİNSİ ADAMS
(JOHN QUINCY ADAMS)
(1825-1829)

ABŞ-ın ilk altı prezidenti dövlətin əsas qurucuları hesab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır. Onların sonuncusu Con Kuinsi Adams 11 iyul 1767-ci ildə Massaçusets ştatının Breyntri şəhərində, ABŞ-ın ikinci prezidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun gələcək taleyinin müəyyənləşməsində həlledici rol oynamışdır. Hələ 17 yaşlı gənc ikən atasını bir çox Avropa ölkələrinə səfərlərində müşayiət etmiş, 1794-cü ildə Haaqada ölkəsinin səfiri olmuşdur. Bu səfərlər zamanı nəinki müxtəlif məktəb və universitetlərdə öz bilik səviyyəsini artırmış, həm də məşhur Avropa saraylarının siyasi yönümü ilə yaxından tanış olmuşdur. Zəngin həyat təcrübəsi, aldığı mükəmməl təhsil onu Amerikanın görkəmli dövlət xadimlərindən biri etmişdir.
Londonda yaşadığı müddətdə, tütün ticarətçisinin qızı Luiza Ketrin Consonla tanış olur. Nəticədə onlar 1797-ci il 26 iyulda evlənirlər.
C.K.Adamsın prezident seçildiyi 1824-cü ilə qədərki müxtəlif hadisələrlə zəngin həyatında üç amil xüsusilə seçilir: 1814-cü ildə ingilis-amerikan müharibəsinə son qoymuş Kent sülhü, 1819-cu ildə İspaniya ilə bağlanmış Transkontinental müqavilə, 1823-cü ildə elan edilən «Monro Doktrinası». Xüsusilə sonuncu iki hadisə məhz C.K.Adamsın yaradıcı fəaliyyətinin bəhrəsi idi və onun prezident C.Monro ilə sıx əməkdaşlığının nəticəsində həyata keçirilmişdi.
1820-ci il prezident seçkilərinə müstəqil respublikaçı kimi qatılan Adams Monroya məğlub olur. Lakin bu məğlubiyyət onun növbəti seçkilərə qatılmasına mane olmur.
1824-cü il prezident seçkiləri olduqca gərgin keçmişdir. Bu vəzifəyə iddialılar arasında heç bir inzibatçılıq təcrübəsi olmasa da hərbi qələbələri sayəsində şöhrət zirvəsində olan Endrü Ceksondan başqa, kabinet və konqres üzvləri də vardı. Adamsla yanaşı Kalxaun, Krouford, Kley kimi dövlət xadimləri iddiaçilar arasında idilər.
1 dekabr 1824-cü ildə keçirilən seçkilərdə Endrü Cekson daha çox səs toplasa da, səslərin sayı prezident seçilmək üçün zəruri olan miqdara çatmadı və seçkilər nümayəndələr palatasında keçirildi. 1825-ci il 9 fevralda nümayəndələr palatasında keçirilən seçkidə E.Cekson deyil, ilkin seçkilərdə ikinci yer tutmuş C.K.Adams prezident seçildi. Adams Henri Kleyi dövlət katibi təyin etdikdə Cekson və tərəfdarları Adamsı seçkilərdən öncə H.Kleylə gizli ittifaq bağlamaqda ittiham etdilər. Bu məsələ hələ də düzgün şərhini tapmayıb. Əvvəla, hələ seçkilərdən öncə Kley və Cekson arasında ixtilaf yaranmışdı. Digər tərəfdən Kley bir çox başqaları kimi respublikaçılar partiyasının rəsmi namizədi Kroufordun prezident seçiləcəyi təqdirdə öz vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə şübhə edirdi. Şübhəsiz ki, Adams və Kley adasında səsverməyə qədər hər hansı razılaşma olub. Lakin bu razılaşmanın nədən ibarət olması müasirlərini maraqlandırmırdı. Onlar üçün «mənfur razılaşmanın» olmasını milli qəhrəman Ceksonun deməsi kifayət idi. Bu ittiham Adamsın bütün prezidentlik müddətində ona problemlər yaratmışdır.
Şəxsi keyfiyyətlərindəki bəzi naqisliklər Adamsa siyasi komandasını yaratmağa mane olurdu. Bu özünü kabinetin təşkil edilməsində də göstərir. Ceksonu müdafiə naziri təyin etmək istəsə də, bu fikirdən daşınır. Başa düşür ki, Cekson bu vəzifəni özünə qarşı təhqir kimi qəbul edəcək. Krouforda maliyyə naziri vəzifəsini təklif etsə də rədd cavabı alır və bu vəzifəyə 1818-ci ildən Avropada yaşayan, ABŞ-da heç bir siyasi dayağı olmayan, Londonda Amerika səfiri Riçard Raşı təyin edir. Beləliklə Adams siyasi rəqiblərini zərərsizləşdirə bilmir. Tezliklə Cekson, Krouford və Kolxaun tərəfdarları Konqresdə birləşirlər və Adamsın siyasi kursuna müxalif mövqedən çıxış edirlər. Prezidentliyinin üçüncü ilində Konqresə keçirilən seçkilərdə Adamsın rəqibləri hər iki palatada üstünlüyə nail olurlar.
C.K.Adamsın 4 mart 1825-ci ildə etdiyi inauqurasiya nitqi prezidentlik borcunun dərk edilməsinin yüksək ifadəsidir. O, milli birliyə çağıraraq faktiki olaraq artıq mövcud olmayan partiyaların milli maraqlar yönümündən çıxış etməsini istəyir.
Deyilənlərlə yanaşı onun prezidentlik illərində digər problemlər də qarşıya çıxmışdır. Amerika ticarət gəmiçiliyinin Britaniyaya məxsus Karib adaları arasında hərəkətinə bərabər hüquqlar tələb edilməsi Londonun etirazına səbəb olur, hətta 1826-cı ildə bütün Vest-hind limanları ABŞ gəmilərinin üzünə bağlanır. 1827-ci ilin martından Adamsın İngiltərə gəmilərinin Amerika limanlarına daxil olmasını qadağan etməsindən başqa çarəsi qalmır. Vest-hind ticarət əlaqələrini yalnız 1830-cu ildə qaydaya salmaq mümkün olmuşdur.
Konqresdə ona qarşı formalaşmış mütəşəkkil müxalifət Adamsın öz siyasi-iqtisadi platformasını reallaşdırmağa böyük əngəl yaradır. Artıq onun 1828-ci il seçkilərində məğlub olacağı qabaqcadan görünür. Bu seçkilərdə səslərin 56 %-ni toplayan E.Cekson prezident olur.
Yenidən seçilməyən bütün prezidentlər aktiv siyasətdən uzaqlaşmışdılar və atası Con Adams buna ən yaxşı nümunə idi. Lakin onun oğlu qəribə istisna təşkil edir. Qısa fasilədən sonra 1831-ci ilin dekabrında Plimutdan nümayəndələr palatasına üzv seçilərək ömrünün axırınadək burada fəaliyyət göstərir. C.K.Adams Amerika-Meksika müharibəsi haqqında aparılan müzakirələr zamanı, 21 fevral 1848-ci ildə elə Konqres zalındaca vəfat etmişdir.
ENDRÜ CEKSON
(ANDREW JACKSON)
(1829-1837)

Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi.
15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uokshou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin maddi çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.
1780-ci ildə hərbi əməliyyatlar Uokshouya da gəlib çatır. Burada baş vermiş ağır döyüşlərdə Ceksonlar ailəsinin böyük oğlu Uilyam həlak olur. Ağır dərdə dözməyən Elizabet tezliklə vəfat edir. 1782-ci ildə məktəbi bitirən Endrü pedaqoji kadrlar çatışmadığı üçün həmin məktəbdə müəllim kimi fəaliyyət göstərir. Lakin o, on yeddi yaşında doğma Uokshounu tərk edir.
Müstəqil həyata qədəm qoyan Endrü hüquqşünas olmağa qərar verir. Hüquqşünaslıq Şimali Amerikada artıq hörmətli peşə hesab edilir, istər ictimai nüfuz, istərsə də yaxşı təminatlı həyatın qarantına çevrilirdi. Cənubi Karolinanın Solsberi şəhərciyində Makkeyin hüquq kontorunda praktika keçən Endrü vəkillik fəaliyyətinə başlayır, iki il sonra ştatın Ali Məhkəməsinə üzv seçilir. Təcrübəli vəkillərin çoxluq təşkil etdiyi Solsberidə uğur qazanmaq onun üçün çətin idi. Ona görə Qərbə köçməyi qərara alır və 1788-ci ildə Neşvill qəsəbəsində məskunlaşır. Qısa müddət ərzində böyük hörmətlə yanaşı var dövlət də toplaya bilir. 24 yaşlı Cekson Neşvill sakini, tanınmış ailədən olan Raşel Rabardsla ailə qurur.
XVIII əsrin 90-cı illərində Cənub-Qərb bölgəsi sürətlə inkişaf edirdi. Artıq burada yaşayan əhalinin sayı 76.000 nəfərə çatırdı. Bu baxımdan ərazinin müstəqil ştata çevrilməsi gündəmə gəlir (federal qanunvericiliyə əsasən əhalisinin sayı 60 mini keçdikdə əraziyə ştat statusu verilə bilər). 1796-cı ildə çağırılan konventdə əraziyə ştat statusu verildi və Tennessi adlandırıldı. Cekson bu prosesdə fəallıq göstərmiş və haqlı olaraq İttifaqa daxil edilmiş Tennessidən Nümayəndələr Palatasına üzv seçilmişdir. Növbəti il o, Ştatı senatda təmsil edir.
Lakin Cekson yalnız altı ay senatorluq edir. 1798-ci ilin yazında biznes ortağı Devid Allison həbs edildikdə istefa verərək Neşvillə qayıdır. Az bir zamanda işlərini qaydaya salır. İşgüzar sahibkar, varlı quldar Cekson ştatın Ali Məhkəməsinə üzv seçilir.
E.Ceksonun karyerasında növbəti mərhələ Tennessi legislaturasında milis general-mayoru seçilməsidir. Lakin, o, hərbi xidmətlə yanaşı siyasi fəaliyyət də göstərir, belə ki, 35 yaşlı general Şimali Amerikada Avropa müstəmləkə torpaqları və hindular yaşayan ərazilər hesabına ABŞ ərazisinin genişləndirilməsi arzusunda olduğunu bildirir. Onun bu istəyi sülhsevər prezident Ceffersondan dəstək almır.
1812-ci ildə prezident Medison İngiltərəyə müharibə elan etdi. Müharibəyə qatılan İngiltərə hökuməti hindu qəbilələrini ələ alaraq onların ABŞ-a qarşı qiyama qalxmasına nail olur. 1813-cü ilin əvvəllərindən iki alay formalaşdıran Cekson Cənub-qərbdə hindu qiyamlarını yatırmağa göndərilir. Hindularla amansız döyüşlərdə bir-birinin ardınca qələbə qazanan Cekson bəzi qəbilələri tamamilə məhv edir, qiyam amansızlıqla yatırılır. Hindulara məxsus 23 milyon akr torpaq sahəsi ABŞ-a birləşdirilir. Bundan razı qalan Konqres Ceksona ordu generalı rütbəsi verir. Qorxmaz, cəsur bir döyüşçü olması ona «Qoca Hikari» ləqəbi qazandırır.
Əldə etdiyi uğurlar Ceksona şöhrət gətirsə də bəzi dairələrdə buna barmaqarası baxır, primitiv silahlarla döyüşən hindular üzərindəki qələbələri böyük rəşadət hesab etmirdilər. Lakin ingilis nizami orduları üzərində, xüsusilə Yeni Orlean yaxınlığındakı qələbəsi onun bacarıqlı hərbçi olduğunu təsdiq edərək generalı milli qəhrəmana çevirdi.
1818-ci ildə Florida ABŞ-a birləşdirildikdən sonra prezident Monro, onu yeni ştatın qubernatoru təyin edir. Lakin general tezliklə istefa verir, üç il sonra isə ordudan gedir. Yaxınlarına yazdığı məktublarında qalan həyatını dinc fermerlik fəaliyyətinə həsr etmək arzusunda olduğunu bildirir. Lakin yaxın dostları, xüsusilə Tennessi ştatının varlı şəxsləri J.Levis, C.Overton və C.İton onun növbəti prezident seçkilərinə namizədliyini verməsini istəyirlər.
1824-cü il seçkilərində E.Cekson C.K.Adams, U.Krouford və H.Kleylə birgə namizədliyini irəli sürür. Seçkilərdə birincilik qazansa da zəruri olan minimum səs həddini aşa bilmir və seçkilər Nümayəndələr Palatasına keçirilir. H.Kleyin səslərini Adamsa verməsi sonuncunun prezident seçilməsi ilə nəticələnir. Məğlubiyyətdən məyus olan Cekson Adamsı və onun dövlət katibi təyin etdiyi H.Kleyi gizli sövdələşmədə günahlandırır.
Qeyd edək ki, gərgin keçən seçkilər siyasi qüvvələrin yenidən qütbləşməsinə səbəb olmuşdur. Adams-Kley qruplaşması milli respublikaçılar, 1832-ci ildən viqlər adlandırılan partiyanın yaranması ilə nəticələnir. Cekson tərəfdarları, xüsusilə C.Kalxaun və M.Van Burenin təşəbbüsü ilə demokrat respublikaçılar və ya sadəcə demokrat adlandırılan partiyanı təsis edirlər.
1828-ci il seçkilərinə ciddi hazırlaşan demokratlar yeni təbliğat taktikalarından istifadə edirlər. Artıq namizəd proqramını seçicilərlə birbaşa təmas yaratmaqla, mitinqlərdə açıqlayır, mətbuatdan geniş istifadə olunur. Bu tədbirlər bəhrəsini verir və Cekson Adamsa böyük üstünlüklə qalib gələrək prezident seçilir.
İnauqurasiya nitqində demokratik islahatların zəruriliyindən danışan yeni prezident bu işə ilk olaraq dövlət məmurlarının dəyişdirilməsi ilə başlayır. Cekson hələ 12 il əvvəl prezident Monroya yazdığı məktubunda partiya mənsubluğuna görə dövlət vəzifələrinin paylanmasının əleyhinə çıxırdı: «Hər bir halda partiya marağı və partiya mənsubluğu kənara qoyulmalıdır… Böyük və güclü millət rəhbəri özünü partiya mənsubluğu ilə buxovlamamalıdır». Buna baxmayaraq sonrakı fəaliyyətində əvvəl dediklərinə riayət etmir, tərəfdarlarını vacib vəzifələrə təyin edir. Bunu o, Adamsın dövründə kadrların korrupsiya və rüşvətxorluğa qurşanması ilə izah edirdi. Hadisələrin sonrakı inkişafı onun haqlı olduğunu göstərdi. Təkcə hərbi dəniz nazirliyində aparılan yoxlamalar ildə bir milyon dollar yeyinti olduğunu üzə çıxartdı.
Ceksonun siyasi rəqibləri islahatların keçirilməsinə müqavimət göstərir, təyin etdiyi kadrların Konqresdə təsdiq olunmasına maneçilik törədirdilər. Tədricən prezidentin fəaliyyəti demokrat partiyasının daxilində narazılıqla qarşılanmağa başladı. Xüsusilə federal hakimiyyətin hüquqlarını ştatların suverenliyindən üstün tutması partiyanın vitse-prezident Kalxaunun başçılıq etdiyi cənub qanadının ciddi etirazına səbəb oldu. Konstitusiyanı özünəməxsus şəkildə şərh edən Kalxaun, ştatların İttifaqdan ayrılması hüququnu özündə saxladığını iddia edirdi. Prezident isə onun bu təfsiri ilə qətiyyən razılaşmırdı. Fikir ayrılığı, müharibəylə sonuclanacaq quldarlıq problemi gündəmə gəlməmiş, partiya daxili ikitirəliyin yaranmasına səbəb oldu.
Partiyadaxili ixtilaflar Ceksonun nüfuzuna ziyan vurmur. Onun yeni formalaşan kiçik burjuaziyanın mənafeyini güdən maliyyə sistemində apardığı islahatlar, Konqres qanunlarına veto qoymaqla Milli Bankın monopoliyasının qarşısını alması cəmiyyətdə ona islahatçı-prezident imici qazandırmışdı.
1832-ci il seçkilərində Ceksonun əsas rəqibi H.Kley olur. Gərgin keçən seçkilərdə Cekson böyük üstünlüklə ikinci müddətə prezident seçildi. Qeyd edək ki, seçkilərdə üçüncü siyasi qüvvə kimi çıxış edən Antimason partiyası ciddi uğur qazanmadı və bu ümumiyyətlə ABŞ-da bərqərar olmuş iki partiyalı sistemə əsaslı dəyişiklik gətirmədi. Onların nümayəndəsi Floyd seçimçilər kollegiyasında Cekson və Kleyin topladıqları 219 və 49 səsə qarşı yalnız 11 səs ala bilmişdi.
Cekson ikinci prezidentlik müddətində də götürdüyü kursun fundamental xarakter daşıdığına inanır və başladığı demokratik islahatları özünəməxsus inadkarlıqla davam etdirirdi.
Cekson prezidentlik müddətinin başa çatmasından çox əvvəl daha seçilmək niyyətində olmadığını bildirir və siyasi varis qayğısına qalır. Məhz onun istəyilə demokratların 1835-ci ilin mayında keçirilən Konventində M.Van Buren prezidentliyə namizəd göstərilir. Elə onun böyük köməyi nəticəsində də M.Van Buren ABŞ-ın növbəti prezidenti seçilir.
Tennessiyə qayıdan eks-prezident Ermitaj malikanəsində yaşayır. Buradakı mənzərə heç də ürəkaçan deyildi. Səkkiz illik prezidentliyi müddətində oğulluğu Endrü-kiçiyə tapşırdığı böyük təsərrüfat iflas həddinə çatmışdı. Buna səbəb bir tərəfdən 1834-cü ildə Ermitajda baş vermiş yanğın idisə, digər tərəfdən oğulluğunun işə soyuq yanaşması, spirtli içkilərlə aludə olmasıydı. Təsərrüfata rəhbərliyi ələ alan eks-prezidentə tədricən vəziyyəti sabitləşdirmək nəsib olur.
Təsərrüfatla ciddi məşğul olması, ona ölkədə gedən siyasi prosesləri izləməyə mane olmamışdır. Xüsusilə 1844-cü il seçkilərində, siyasi əlaqələrindən, partiya daxilində hələ də mövcud olan böyük nüfuzundan istifadə edərək C.Polkun prezident seçilməsinə yardımçı olmuşdur.
1845-ci ilin əvvəllərindən Ceksonun səhhəti pisləşir. Qısa müddətdə hərəkət qabiliyyətini itirən qoca general xüsusi quraşdırılmış kreslodan istifadə edir. Bu ərəfədə onun əhval-ruhiyyəsini yüksəldən yalnız Texasın ilhaq olunması idi. Var-dövlətinin böyük hissəsinin Endrü-kiçiyə və nəvələrinə, şəxsi silah-sursatlarının yaxın dostlarına verilməsini vəsiyyət edir.
E.Cekson 8 iyun 1845-ci ildə 78 yaşında vəfat etmişdir. İki gün sonra düzənlənən dəfn mərasimində onu son mənzilə yola salmağa üç mindən çox adam toplanmışdı.
Ücretsiz ön izlemeyi tamamladınız.