Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Son qazıntı», sayfa 2

Yazı tipi:

Hayalet bunu sezdi, birdən yaxınlaşdı, Behzat Ç.-nin əlindəki stəkanı götürdü. Tahsin gərginliyi sezib:

– “14-lük” yaxşı silahdır, – deyib vəziyyətdən çıxmağa çalışdı. Təhlükəsizdir. Hər şeyi ən son Cinayətə vermirik. İki ay əvvəl birinci buradan başlamadıqmı saten boyayla rəngləməyə? – Tahsin işarə barmağını hamar divara sürtdü. Barmağına boya bulaşmadığını görüncə gülümsədi və ikinci dəfə – Haaaağğğ! – dedi. Onsuz da təlaşlı biriydi, hər şeyi son dəqiqədə xatırladıqca əməlli-başlı təlaşlanırdı. – Müfəttişlər atış məsafəsini soruşsa, – dedi Haruna. – O həngamədə görə bilmədim, deyəcəksən. Çox sıxışdırsalar “on metr də ola bilər on beş metr də ola bilər” de, “Hətta iyirmi də."

– Niyə? – Harun soruşdu.

– Vurulan adamın köynəyindən atış məsafəsini təsbit etdirə bilərlər, – Tahsin açıqladı. – Onu etsələr, “qaçıb tuta biləcəyiniz adama niyə atəş açdınız? – filan deyərlər. Sən bağlı bir ifadə versən izah etdiyimiz hekayə inandırıcı olar. Görmədim, bilmirəm, deyəcəksən. Akbabaya söyləyin, o da tam görə bilmədim deyəcək. Tahsin, Hayaletə döndü, – Sən onsuz da “hadisə yerində deyildim,” deyəcəyin üçün bəri başdan “bilmirəm” deyəcəksən. İfadələriniz arasında ziddiyyət olmasın.

– Lap yaxşı, – Hayalet dedi. – Heç biriniz bu hadisəni görmədiniz deməyəcəklərmi?

– Desinlər, – Tahsin dedi. – Orası mühüm deyil. Başqa hal şahidi yoxdur. Birdən Haruna döndü – Sənin qalstukun haradadır? – deyə soruşdu.

– Nə qalstuku?

– Qalstuksuz olmaz. Bunlar müfəttişdir, d…qlı adamlardır, bir az üst-başınıza diqqət yetirin.

– Biz də arvad kimi saçmız uzadaq? – Harun dedi.

Tahsin bu sözdən sonra üzərinə müdiri əvəz etdiyini hiss etdi bütün varlığıyla. Sağa-sola əmrlər yağdırmaq, dağıdıb tökmək istəyi duydu.

– Bu düşüncəni dəyişdirin, – deyə qışqırdı. Mən elə tökülüb-itən, pinti adam istəmirəm şöbədə. Qalstuk deyirəmsə qalstuk! Gözü Behzat Ç.-nin 45 faizi ağarmış saqqalında idi. – Sən də bunu qırx, deyəcəkdi amma fikirindən daşındı. Akademiyaya Behzat Ç.-dən iki kurs sonra girmişdi. Behzat Ç. istintaqlardan düşüb vəifəsində gerilədikcə, Tahsin, vəzifə pillələrini ağır və qərarlı addımlarla qalxmışdı.

Behzat Ç. paslı siyirtməni açıb fövqəladə vəziyyətlər üçün saxladığı boz xətliqalstuku uzatdı Haruna. Harun çətinliklə bağladı, qalstuk qısa gəldi. Boyu tam olsun deyə təkrar bağladı, bu səfər də ip kimi sallandı. Hayalet güldü.

– Gül, gül, – Harun dedi. – Necəsə sən də bağlayacaqsan bu mərəti. Bax müdirim, bunlar da bağlayacaq. Yoxsa mən də bağlamaram.

– Tamam, – Tahsin dedi.

Səlim qapını açdı:

– Müfəttişlər hazır. Gözləyirlər.

Harun birdən həyəcanlandı, qarınından sinəsinə doğru bir ürpərdi qalxdı. Qurtuluş Liseyində intizam komissiyasının qarşısına çıxdığı günləri xatırladı. Tahsin, Harunun arxasınca qalxdı, qoluna girdi.

– FTB müqayisəsini unutma, – dedi. – Onlarınkı 67 faiz, bizimki 87 faizdir.

Tahsinin bir sözü qırx dəfə təkrarlaması Harunu gərginləşdirmişdi:

– Yaxşı, amirim, yaxşı.

4

Barni Moloztaşa Bənzəyən Müfəttiş – qısaca BMBM – soruşdu:

– Xəbərin gəldiyi gecə birlikdə idiniz?

Harunun gözü, mikrofonu ona tərəf olan diktafonda idi.

– O alət durmadan işləyəcək?

Yanındakı adam Barı Moloztaşa bənzədiyindən, özü də bir az Betti Moloztaşı xatırladan müfəttiş cavab verdi:

– Bəli. Buna görə hesabat hazırlayacağıq. Ətəyi tam dizindən idi. Üstündə dar, boz bir pencək vardı.

– Qarşıdurma xəbərinin gəldiyi axşam, yəni iki gün əvvəl, birlikdə idiniz?

– Bəli. TED Kollecin önündə idik.

– Hansı TED Kolleci?

– Neçə dənə Kollec var. Kollecdəki Kollec.

– Oranı bələdiyyə alıb. Kolleci İncekə köçürüblər.

– Təfərrüatı bilmərəm. Biz Kollecin qarşısından Qurtuluş istiqamətinə gedirdik.

– Saat neçə idi?

– 23. 15 radələri.

– Hadisə yerinə neçədə çatdınız?

– 23. 19 idi deyəsən. O zibil maşını önümüzü kəsməsəydi, daha erkən çatardıq.

Betti göz vurdu:

– Usta sürücüsünüz yəqin, dörd dəqiqədə hadisə yerinə çatdığınıza görə belə düşünürəm.

Harun, anasını xəstəxanaya çatdırmaq istəyərkən, arxa oturacaqda dünyaya gəlmişdi. Bu həyatda gördüyü ilk şey “Renault”un paneli idi, motorlu nəqliyyat vasitəsilərini şüuraltıyla belə idarə edə bilərdi. Amma bunları izah etməyə ehtiyac görmədi, təvazökar bir ədayla:

– Pis sürücü sayılmıram, – dedi. Atam bələdiyyədən təqaüdə çıxmış sürücüdür. Dörd yaşından bəri avtobus sürürəm.

Barı Moloztaşa Bənzəyən Müfəttiş – qısaca BM x 2 – hücumun istiqamətini dəyişdirdi:

– Nə qədər müddətdir birlikdə işləyirsiniz?

– Amirimlə?

– Bəli.

– Səkkiz ildir.

– Zorakılığa meyli varmı? – Betti soruşduqda, Harun onu başdan-ayağa süzdü.

– Zorakılıq deyəndə nəyi nəzərdə tutursunuz?

– Zorakılıq, lazım olmayan yerdə güc tətbiq etmək.

– Lazım olmadıqca kimsəyə yumruq atdığını görmədim.

– Hansı vəziyyətlərdə lazımdır?

– Adam yola verməyə, yalan danışmağa, bildiyini gizlətməyə çalışar. Nə bilim söyüş söyər, rüşvət təklif edər. Belə vəziyyətlərdə…

– Belə vəziyyətlərdə yumruq atır?

– Bəzən yumruq da atır. Amma lazım olmadıqca heç kəsi vurmaz.

– Tez-tez lazım olurmu? – Betti oruşdu. Harunun gözləri Bettinin dizqapaqlarına sataşdı. Dərhal qaçırdı baxışlarını. Barni Moloztaşa bənzəyən adamla – qısaca Birləşmiş Millətlərin kvadratı – bacara bilərdi, amma bu qadın heç nirmal deyildi.

– Baxın, – dedi. Mən burada səmimi olmağa çalışıram. Bunları söz almaq üçün soruşursunuz?

– Düzgün danış. – Barni xəbərdarlıq etdi.

– Düz danışıram! Adam gəlib polisə tərbiyəsizlik etsə, dövlətə, millətə söysə, bizim də əlimiz armud toplamaz! Bu təbii bir şeydir. Sizcə təbii deyilmi? Betty geri çəkilmədi:

– Deyil!

– Niyə?

Barni sözünü kəsdi:

– Bimkan ver sualları biz verək…

Harun heç nə eşitməmiş kimi davam etdi:

– Yəni sakit adama, dövlətini, millətini sevəni biz niyə vuraq. Dəliyik? Hamımız Türkük nəticədə, soyunda dönmə olmayan Türk övladıyıq.

Bu dəfə mövzunu dəyişdirən Betty oldu:

– Bir neçə ay əvvəl, Ulusda bir səyyarsatıcı hadisəsi olub. O gün birlikdə idiniz?

Harun, mövzunun ətrafında dönüb dolaşmalarından narahat olmuşdu.

– Bu istintaq iki gün əvvəlki hadisə ilə əlaqədar deyilmi? – deyə soruşdu.

– Hər şey bir-biriylə əlaqədardır, Betti şeytani bir təbəssümlə dilləndi. Ona görə bu səyyar satıcı hadisəsini danışaq bir az.

– O xüsusi bir vəziyyətdir!

– Necə xüsusi?

– Adam tərbiyəsizlik etdi.

– Nə tərbiyəsizliyi? – Barni sərtləşdi. – Adam işini görürmüş. Adi səyyar satıcı. Oyuncaq satırmış.

– Oyuncaq deyil. Bu maqnitli daşlar var ha! Havaya atırsan, bir-birini çəkir, cız-cız edir.

Betti qeyri müəyyən şəkildə üzünü turşutdu:

– Bəli, xatırlayıram, – dedi. Bir vaxtlar hər kün-bucaqda satılırdı. Sinir pozucu bir səsi var.

– Eynilə elədir. Məhz ona görə.

– Anlamadım, – Barni dedi.

– Əcaib bir səs çıxarır ya bunlar, cız-cız. Biz qarşısından keçərkən bu tərbiyəsiz, az qala amirimin üstünə doğru atdı tutdu daşları. Amirim dayandı. Mən adama etmə dedim. Dinləmədi, yenə atdı tutdu. Bundan sonra amirim adama bir şillə ilişdirdi.

– Şillə?

– Bildiyimiz şillə! Şapalaqdan ağır, yumruqdan yüngül əl zərbəsi olaraq təbir edə bilərik. Sonra satıcının həmyerliləri gəlincə hadisələr böyüdü bir az.

– Yəni sırf daş atdı tutdu deyə?

– Sırf atma-tutma deyil, az qala önünə atdı deyirəm.

– Mənim də az qala önümə atdılar o daşdan, amma heç kəsi vurmadım, – Betti ciyildədi.

– Az əvvəl sinir pozucu deyirdiniz? Cinayət bürosunda işləyən birinə ziddiyyətli ifadə vermənin çətinliyini qavrayan Betti:

– O qədər asanlıqla sinir pozulur?

– “Pet shop” sahibi Səlami Qartal, – Barni hücuma keçdi.

– Haydaaa! – Harun müdafiəyə keçdi. Bu istintaq nə üçündür? Mən amirimin həyatındakı hər şeyi bilə bilmərəm ki. Səlamı Qartal hadisəsindən xəbərim yoxdur. Yəni bir qəza olduğunu eşitdim, xərci nədirsə ödəndi deyə bilirəm.

– Spirtli içki içərkən avtomobillə dükana girib. Sonra da təhdid etmisiniz.

– Çox içirmi? – Betti soruşdu.

– İçməz, rakını tərgitdi.

– Rakını tərgidib amma içməyə davam edir yəqin.

– Bir adam rakını tərgitdiyi zaman içkini buraxmış sayılar. Ən azından bizim mühitdə belə bilinir.

– Sizin mühit hara?

– Cebeci Dörtyol.

Betty alınına düşən saçlarını düzəldib:

– Ən yaxşısı belə soruşum, – dedi. Vəzifə başındaykən içirmi? Ya da ən yaxşısı belə soruşum, iki gün əvvəlki hadisədə içkili idi?

– Xeyr.

– Bir şahid, qrup avtomobilindən qəzetə bükülmüş pivə şüşəsiylə çıxdığını görüb.

– Kim görübsə səhv görüb. Eyni zamanda qəzetə bükübsə pivə şüşəsi olduğunu haradan bilir?

– Nəysə, – Betti dedi. Əsas məsələyə keçək. Hadisəni qısaca danışın.

– Sakarya prospektindəki qarşıdurma xəbərini aldıq. İlk qrup olaraq hadisə yerinə getdik. İki qrup atışırdı. Oradakı əcaib heykəli sipər aldıq, hovuzun qarşısından gələcək qrupu gözləməyə başladıq.

– Hansı hovuz?

– Bu Sakaryanın ortasındakı hovuz yoxdur? Millət axşam toplaşıb pivə içdiyi yer. İndi doldurublar.

– Anladım, davam edin.

– Sonra o şəxs pivə çəlləyinin arxasından atəş açdı. Ortada qalan qız boyunundan vuruldu. Sonra vuran şəxs qaçdı.

– Qaçan şəxsin arxasınca SSK İşhanına ilk siz girdiniz?

– Bəli.

– O sırada amiriniz harada idi?

– Tam bilmirəm, hərhalda o biri qrupu qovurdu Yeni Səhnəyə doğru.

– Hansı Yeni Səhnə?

– Bu sökülən Yeni Səhnə yoxmu? Köhnə Meşəbəyilər Lokalının altı.

– Siz şəxsi harada tutdunuz?

– İşhanının dibində, ümumi tualetin qarşısında tutdum. Silahını götürdüm, vurub uzatdım.

Betti, Harunu başdan ayağa süzdü:

– Vurub uzatdınız?

– Təsirsiz hala gətirdim deyək.

Betty qımışdı, ardından ən əhəmiyyətli sualı olduğunu bəlli edən bir rəftarla:

– Amiriniz o adama silahı tuşlayanda siz harada idiniz? – dedi.

– Arxasındaydım.

– Şəxsin arxasında?

– Xeyr, amirimin.

– Necə yəni? Az əvvəl mən tutdum deyirdiniz. Prokurora verdiyiniz ifadədə şübhəlini ilk tutanın siz olduğunu söyləmisiniz.

Polis Müfəttişi Bani:

– Şəxsi buraxıb komandirinizin arxasına keçdiniz? – deyə soruşaraq Haruna köməkçi oldu. Mülki müfəttiş Betti həmkarına yeyəcəkmiş kimi baxıdı.

– Bəli, – Harun dedi. Şəxs əlimdən qaçdı. Mən də amirimin arxasına keçdim.

Narahat edici bir səssizlik oldu.

– Sizin boyunuz nə qədərdir, – Betti pozdu bu səssizliyi.

– Bir doxsan dörd.

– Kilonuz?

– Bu nə deməkdir?

– Lütfən suala cavab verin. Kilonuz neçədir?

– Bilmirəm. Yüzdən çox, yarım tondan az.

– Maşallah. Əlinizdən qaçırdığınız şəxsin boyu bir altmış beş, kilosu altmış yeddi kiloqram. Az qala sizin yarınız qədər bir adam.

– Eee?

– Əlinizdən necə qaçdı?

Harun, boz xəttli qalstuku boşaltmaq ehtiyacı duydu.

– Qandal çıxararkən…

– Komandiriniz nə vaxt silahını qaldırdı.

– Şəxs qaçında.

– Şəxsin arxasından dayan xəbərdarlı etdinizmi?

– Bəli.

– Neçə dəfə?

– İki.

– Şəxs qaçıb tuta bilməyəcəyiniz bir məsafədə idimi?

– SSK-dan çıxıb kütlənin arasına qarışma ehtimalı vardı.

– Atış məsafəsi nə qədər idi?

– Bilmirəm, – Harun dedi. O həngamədə görə bilmədim. Betti heyrətləndi:

– Necə yəni? Necə görə bilmədiniz?

– Görə bilmədim dedim. O qarışıqlıqda dayanıb atış məsafəsini ölçəcəkdim?

– Təqribən bir şey söyləyə bilərsinizmi?

– İndi, – Harun dedi. Nə söyləsəm yalan olar. On metr də ola bilər, iyirmi metr də. Otuz metr belə ola bilər.

Betti önündəki kağızları qarışdırdı, başını qaldırmadan:

– Komissar Səbri Özay da hadisə yerində idi? – deyə soruşdu.

– O kimdir?

– İllərdir birlikdə çalışdığınız yoldaşınızı tanımırsınız?

– Anlamadım. Bizim Hayaleti deyirsiniz?

– Bəli. Hayalet ləqəbiylə tanınır, yəqin.

– Onun adı Səbridir? Mən Sami zənn edirdim.

– O da hadisə yerində idi?

– Bəli.

– Harada idi?

– Son dəfə görəndə qrup avtomobilinin yanında idi. SSK-ya filan girmədi.

Betty başını kağızlardan qaldırdı.

– Mən SSK-ya-filan girdi deyə soruşmadım ki, – dedi. Harun, Bettiyə rəqibanə gözlərlə baxdı. Bir az qımışıb, yaxasını boşaltdı.

– Baxın, – Barniyə deyə guruldadı xeyli yüksək desibeldə. Şərəfsizin biri, iyirmi yaşında bir qızı vurur. Siz burada bizi mühakimə edirsiniz.

Barni gözlərini kağız yığınından ayırdı, təpəsindəki bir tutam sarı saçı düzəltdikdən sonra heç gözlənilməz bir anda ayağa qalxdı.

– Bir saniyə icazə verirsinizmi? – Bettidən soruşduqdan sonra cavabı gözləmədən Harunun qoluna girdi. Qapı önünə çıxdılar. Barni aydın bir dillə – Ağıllı ol, – dedi. – Sənin bəlanı si…rəm. Harun tutuldu. Barni – Sən kiminlə danışdığının fərqindəsən? – deyə davam etdi. Arvad mülki müfəttişdir, istəsə bu an hamınızı uzaqlaşdırar. Sən belə danışsan mən səni necə qoruyum? İçəri girdiklərində Betti:

– Əvvəlcə bunu söyləyim, – dedi Haruna. Biz kimsəni mühakimə etmirik. Administrativ bir istintaqdır. Son bir ildə üst-üstə yığılan hadisələr var. Yəni amiriniz ondan əvvəl bir müddət administrativ icazəli olub. Təqaüdə göndərməyi düşünmüşlər, amma nədənsə etməyiblər.

– Bəli, elə bir şey oldu, – Harun dedi. Səsi bir az qısılmışdı.

– Bəzi mövqelərdə hörmətli dostları var, – Betti davam etdi. Amma bu dəfə dostlarının faydasını görə bilməyəcək. Yaxşı, daha əvvəl dəbəzi istintaqa cəlb edilib, amma bu son hadisədir…

– Siz əvvəldən qərarınızı vermisiniz, – Harun Bettyin sözünü kəsdi. Barni üzünü tumarlayıb söyüş söyəcəkmiş kimi Haruna baxdı. Harun əl-qol hərəkətləriylə izah etməyə çalışdı:

– Yəni siz bilmirsiniz müfəttiş xanım. Böyük bir hadisə yaşayıb.

– Bilirəm, – Betti dedi. Xəbərim var.

– Yəni psixoloji olaraq ona pis təsir etdi. Yoxsa yaxşı insandır. İnsanı dərhal xərcləməmək lazımdır, bunları da nəzərə almaq lazımdır. Biz burada hər il neçə cinayətin üstünü açırıq. Bizim müvəffəqiyyət nisbətimiz FTB-dan yüksəkdir. Onlarınki 67 faiz, bizimki 87 faizdir. Bunu bilirdiniz?

– Bilirəm, – Barni dedi. Bunlar on il əvvəlki statistikalardır.

– Mən də ona görə söylədim onsuz da. On il əvvəl də bu büronun başında o vardı.

– Amma Ankarada çox planlı cinayət işlənmir ki, – Betti gərginlik yaratdı.

– Planlı-plansız fərq etməz. Cinayət cinayətdir. Yəni bu büronun müvəffəqiyyəti FTB-dən yüksəkdirsə, bu büronun amirinii də xərcləməmək lazımdır.

Betti yerindən qalxdı.

– Səni anlayıram , – deyərək əlini Harunun çiyininə qoydu. Harun bu səmimiyyətdən dərhal çox narahat oldu. Mənə doğrunu söylə, – Betti dedi. – O tualetin qarşısında nə oldu? Gözlərini süzüb, – Daha çox gəncsən, – deyərək pıçıldadı. Az əvvəlki soyuq müfəttiş getmiş, yerinə hərarətli qadın gəlmişdi. Bilirsən rütbə və təyinat vaxtı çatıb. Başdan çıxarıcı bir ədayla: Bir neçə aya komissar olacaqsan. Önün açıqdır. Yalan danışsan, öz peşə həyatını da təhlükəyə atırsan.

Harun iki yarım saniyə düşündükdən sonra dilləndi:

– Mən yalan danışmağı sevmirəm.

5

Behzat Ç. müfəttişlərin gəldiyi günün axşamı, “Toros”u İncəsənət Liseyinin küçəsində saxlamış, Hoşdere prospektindən keçən avtomobillərin uğultusunu dinləyirdi. Təkrarlanan uğultunun arasından bağrı yanıq mikroavtobus mühərriklərinin fəryadını ayırd etmək mümkün idi. İnsanlar işdən çıxanda tıxac yaranan yollardan keçmək istəyən sürücüləri də eşitmək olurdu. Haruna görə Barni Moloztaşa bənzəyən adamla bacarmaq mümkün idi, amma hesabatı o qadın yazacaqsa işləri çətin idi.

Müfəttişlər Behzat Ç.-nin vecinə deyildi. Gözlərini əlli metr kənardakı məktəbə dikmişdi. Bahar az əvvəl girmişdi içəri. Bir azdan altı yaşlarında bir uşaqla çıxacaqdı. Adını bilmirdi bu uşağın, hələ o qədər yaxınlaşa bilməmişdi Bahara. Sanki hər an biri ön şüşəni döyəcək, "Altı yaşında uşağı olan dul bir qadını izləməyə utanmırsanmı?" deyəcəkdi. Günahkarlıq duyğusuyla qarışıq bir kəsavət çökmüşdü içinə. Yoldan keçən hər kəs özünə baxırmış kimi hiss edirdi.

Daha əvvəl bir neçə dəfə Bahara yaxınlaşmağı düşünmüş amma dərhal fikirindən daşınmışdı. Yaxınlaşıb nə deyəcəkdi ki? Onsuz da bunun üçün əvvəl danışmağa başlaması lazım idi. O da ayrı bir dərd idi. Hələlik uzaqdan-uzağa seyr etməklə kifayətlənirdi. Bəlkə də altı aydır bir təsadüfün arxasında idi, qarşılaşmaları həm qaçınılmaz və təbii olsun həm də danışmasına gərək qalmasın. Məsələn bir soyğunçu Baharın çantasına alsa, o da hadisəni görən bir polis kimi dərhal özünü yetirsə. Hər qırx saniyədə cana və mala istiqamətli bir hücumun olduğu gözəl məmləkətimizdə, bu iş mümkün görünürdü. Olsaydı, artıq heç kim tuta bilməzdi onu, soyğunçuya bir kəllə, bir yumruq, sonra sərbəst stildə təpik yumruq ratsiya… Amma belə olmaz. Romantik mühiti zədələməyəcək ağayana bir yumruq kifayətdir. O da olmadı bir şillə. Ardınca "Mənim yerimdə hansı baş komissar olsa edərdi bunu," mənasına gələcək jest və mimikalarla uzadardı soyğunçudan götürdüyü çantanı. Bahar "Sağ olun məmur bəy," deyərdi. Məmur beyin Behzat Ç. olduğunu görüncə də ürəyindən vurulardı yenə. "Məndə baş olsa onsuz da səndən ayrılmazdım iyirmi il əvvəl," deyərdi. "Hadisəni eşitdim, çox kədərləndim. Başın sağ olsun," deyərdi. Sonra daboyuna sarılıb, "Eee! Harada qalmışdıq… "

Kriminal bir tip şüşəni döydü. Behzat Ç.-nin bir anlıq ürəyi ağızına gəldi. Adamın tipini görüncə rahatladı. Yan şüşəni açmaq üçün qolu çevirdi.

– Beş lirə alım ağbicim, dayanacaq ödənişi.

Adamın axmaq sifətinə dikdi gözlərini. İşarə barmağıyla saqqalını qaşıyarkən anlamağa çalışırdı. Ciddi idi yoxsa zarafat edirdi?

– Elə tərs-tərs baxma. Beş lirə ver görüm.

Adamı, sağ əliylə yaxasından yapışıb sürətlə özünə çəkdi, sol əliylə ritmik və gicəldici yumruqlar atmağa başladı. Adam, Behzat Ç.-dən xilas olmaq üçün vurnuxarkən, bir kriminal tip də qaçaraq gəldi. Behzat Ç.-ni yaxadan ayırmağa çalışan qolların sayı dördə çıxdı. Əlli metr kənarda Bahar, əlindən tutduğu uşaqla çıxmışdı məktədən. Onu görüncə yaxanı buraxdı. Sonradan gələn "Qüsura baxmayın amirim,” dedi. Behzat Ç. əlinin tərsiylə uzaqlaşmalarını işarə etdi. Baharın belə bir hadisə ilə onu fərq etməsini istəmirdi. Sonradan gələn, yaxası əzilənin peysərinə bir yumruq atdı:

– Görmürsənmi lan polis avtomobili olduğunu!

– Haradan bilim Bahəddin Ağbi. Mülki maşındır.

– Lan çaş ördək! Polisdən başqa ağ “Toros” istifadə edən qalıbmı?

* * *

İki gün sonra, 18 Fevral bazar axşamı, açar kiliddə iki səfər döndü. Behzat Ç. evə girincə girişin işığını yandırdı. Bazar günləri işlənən ailə içi cinayətlərin həddi-hesabı olmadığından bir az yorğun idi. Beyni yorulan bir məmur, iş günləri başlamadan uşaq-muşağı doğramağa qalxmışdı yenə. Çəkmələrini çıxarıb başmaqlarını geydi. Hoppa üç ayağıyla tullanaraq gəldi dərhal,ön ayaqlarından biri içə dönük idi. Tullanarkən axsayır, tarazlığını təmin etməkdə çətinlik çəkirdi. Behzat Ç. ona baxmadan mətbəxə getdi, şkafı açdı, “Tekel” pivələrini buzluğa qoydu. Kahı bitmişdi, iki xiyar soydu. Hoppa, Behzat Ç.-ni görüncə yemək saatının gəldiyini anlamışdı. Yemək qabının qarşısında gözləyərkən səbirsizliklə qabın altındakı kartonu gəmirirdi. Önünə tökülən xiyarları qabıqlarından yeməyə başladı. Qabıqlar bitincə “daha yoxdur?” baxışıyla baxdı, olmadığını görüncə məcbur olaraq xiyarlara girişdi.

Behzat Ç., Hoppanın qabıqlara olan marağını anlayınca təkrar şkafı açdı. Tərəvəzlikdə üç dənə təzə lobya tapdı, içlərini çıxarıb qabıqlarım uzatdı. Hoppa xiyarları bir tərəfə buraxıb dərhal paxla qabıqlarını dişlədi. Behzat Ç. çaşdı, hər keçən gün başqa bir xasiyyətini öyrənirdi Hoppanın. İlk qarışıqlığı, kök sevmədiyini öyrənincə yaşamışdı. Hoppa kökə ağız büzürdü, amma gördüyü bütün yaşıllıqlara hücum edirdi. Yaşıl jaketini belə gəmirmişdi.

Pimapenlə örtülmüş mətbəx balkonuna çıxdı, bura Hoppanın evi olmuşdu. Meyvəsatan sandığından süni bir daxması belə vardı. Daxma evin ən mənzərəli yerində idi, diqqətli baxınca iki mənzilin arasından Dikmen vadisini görmək mümkün idi. Daxmanın yanındakı plastik tualet qutusunu götürdü, duşa getdi, Hoppanın işəməyini tökdü, sonra öz işədi, sifonu çəkdi. Balkona dönüb tualet qutusunu yerinə qoydu. Qutunun yerinə “Posta”nın baş səhifəsini sərdi. Boşalan su qabını doldurdu. Hoppa önündəkiləri yedikdən sonra qulaqlarını V şəklində uzadıb üzünü əymiş, süzgün qırmızı gözləriylə ən sevimli ifadəsini nümayiş etdirirdi. Behzat Ç. şkafı açıb iki ovuc quru yem götürdü, yemək qabına qoydu. Hoppa, ön dişləriylə yemə hücum etdi. Şuləyə görə bir ovuc yarımdan çox quru yem vermək zərərli idi. Hoppa adını da Şulə tapmışdı onsuz da. Behzat Ç., yemək sırası özünə gəlincə dörddəbir çörəyin arasına “Ferma” pendiri qoyub tost maşınına basdı. Hoppa acgözlüklə baxmağa davam edirdi.

Gəlib Behzat Ç.-nin ayaqlarına sürtündü. Behzat Ç. ayağının kənarıyla Hoppanı itələdi. Hoppa küsdü dərhal, donquldandı bir az, topal olduğunu vurğulamağa diqqət yetirərək balkon qapısına getdi. Boz ağ tüklərlə örtülmüş kürəyini Behzat Ç.-yə çevirdi, arada “başını döndərib baxırmı görəsən” deyə nəzarət edirdi.

Behzat Ç. ömürü boyunca evheyvanı bəsləməmişdi. Heyvanlar aləmiylə əlaqəsi TRT-nin BBC-dən aldığı “Böyük pişiklərin gündəliyi”ni seyr etməklə məhdud idi. Seçimini soruşsalar hərhalda çita balası filan bəsləmək istəyərdi. Bir də, O uşaqkən hələ, hərdən bir “Ferma”nın zooparkına gedərdi. Qaplanlara baxarkən “kağız halva”sını dişləyərdi. Bu görüntünü dərhal ağılından qovdu. Altı ay əvvəl, gecə yarısı bir böyük raknı aşırdıb Səlamı Qartalın Bəstəkar küçəsindəki “Pet shop”una “Toros”un burnuyla girincə, bu Hoppa da girmişdi həyatına. Beləcə həyatında, Şulənin ifadəsiylə "Yeni Rakıya Vida Hoppaya Mərhaba" dövrü başlamışdı. Qəzanın sabahısı günü, təqribi vitrin pulunu güc bəla düzəldib “Pet shop”a getmişdilər. Salamı Qərtal pulu qəbul etməmişdi, məhkəməyə verməyə qərarlı idi. Ancaq Harun, münasib bir dillə, məhkəməyə verməyin onun özünə ziyan vuracağını başa salandan sonra imtina etmiş, pulu götürmüşdü.

Polislər dükandan çıxmağa hazırlaşarkən Hoppanı peysərindən qaldırıb:

– Yaxşı bu dovşanı nə edim? – demişdi Səlamı Qartal. Heyvan şikəst qaldı. Atsan atılmaz, satsansa satılmaz. Qəzada Hoppanın sol ayağı qəfəsə sıxışmışdı.

Behzat Ç.-nin qərar verməsi 2,5 saniyə davam etmiş, adamın əlindən Hoppanı götürüb pencəyinin cibinə atmışdı. O zaman barmaq qədər bir şey idi, indiki kimi bir kilo gəlmirdi. İyirmi lirə verincə Səlamı Qartal qaşlarını qaldırıb əllərini açmışdı:

– Olarmı heç? Cins dovşandır bu. İyirmi lirə də vermiş, sonar bir az düşünüb on lirəsini geri almışdı.

Dörddəbir tostu maşından götürüb nahar qabına qoydu. Şkafdan “Tekel” pivəsini çıxarıb alışqanın arxasıyla açdı. Tam mətbəx işığını söndürəcəkdi ki, Hoppanın balkon qapısı qarşısında hələ eyni küsmə mövqeyində dayandığını gördü. Döndü, soyuducunu qarışdırmağa başladı. Tərəvəzlikdə bir dənə yaşıl alma tapdı. Şuləyə görə alma da zərərli idi, ishal ola bilərdi. İki mənfi dəyər arasında sıxışmışdı, ən sonunda c bəndini seçdi: "Aç qalacağına ishal olsun!" Almanın qabıqlarını soydu, xırda-xırda dilimlədi. Hoppa dərhal yaxınlaşdı, sevinclə hoppandı. Burnunu Behzat Ç.-nin baldırlarına sürtdü. Alma önünə qoyulduğunda yenə qabıqlardan başlamışdı gəmirməyə.

Behzat Ç. salona getdi. Tək kreslosunda oturdu, televizoru açdı, səsini tamam azaltdı. NTV-də “Real Madrid”in oyunu vardı. Dörddəbir tostun yarısını yeyib qalanını stolun üstünə qoydu. Kreslosunu bir az arxaya yatırdıb bir “216” yandırdı, sonra da “Tekel” pivəsinə girişdi. O bitincə ikinciyə, ikinci bitincə üçüncüyə girişdi.

Üçüncü bitincə iki “Tekel” götürüb gəldi, get-gəl çətin olurdu. Qarınını doyuran Hoppa da mətbəxdən gəlmiş, üçlü kreslonun önündə üzüstə uzanmışdı, kefi yerində idi.

Behzat Ç. beşinci “Tekel”i açarkən Roberto Karlosa aut xəttinin qarşısında yerə uzatdılar. Hakim, həkimləri meydançaya dəvət etdi. Roberto Karlos, əliylə xərəyə gərək olmadığını işarə etdi, tək ayağının üstündə aut xəttinin kənarına çıxdı. Hoppa, hakimin verəcəyi kartın rəngini öyrənmək istərcəsinə başını qaldırmışdı. Sonra eynilə yıxılmış Roberto Karlos kimi axsaya-axsaya irəlilədi. Televiziya kabelinin qarşısında dayandı, birdən gəmirməyə başladı. Behzat Ç., Hoppanın nə etdiyini görüncə əllərini bir-birinə vurdu. Hoppa qorxub ciyildədi. Diqqəti dağılmış, kabeli buraxmışdı. Təkrar kabelə əyilincə, Behzat Ç. “216” qutusunu götürdü, içini boşaldıb qutunun üstündəki neylonu sıyırdı. Boş qutunu Hoppanın başına atdı. Hoppa sevinclə öz ətrafında fırlanmağa çalışdı. Gəmirməyi ən çox sevdiyi şey “216”nın qutusu idi, televiziya kabelini buraxdı.

Behzat Ç. oyun bitəndə altıncı “Tekel”i açdı, əllərinin titrəməsi azalmışdı. Tavana dikdi gözlərini. Bir müddət sonra tavandakı xətlər dəli olub sağa sola qaçmağa başladılar. Sonra da birləşib üstünə gəldilər. Dikəldi, nəfəs ala bilmirdi. Divarlar yastılaşıb üstünə gəlincə, əşyalar da şəklini itirdi, baxdığı hər şey bir girdab olub yaxasından çəkməyə başladı. Avtodayanacağa baxan pəncərəyə getdi titrəyərək. Sürətlə soyuq havanı çəkdi ciyərlərinə. Ay buludların arasından göz qırpınca bir az özünə gəldi, tualetə gedib əlli dörd saniyə işədi. Əllərini yuyarkən güzgüyə baxdı. Üzünü görüncə qorxdu bir az. Saçın-saqqalın 45 faizi ağarmış, spirt “215” promil, vəziyyət p…x kimi… Dəsmala uzanarkən ayağı sürüşdü, paltaryuyan maşının önünə sərildi. Elə qaldı, içindən qalxmaq gəlmirdi. Gözlərini maşının altqapağındakı yazıya tikmişdi: "DİQQƏT! MAŞININIZI BU QAPAĞIN ALTINDAN TUTARAQ QALDIRMAYIN"

Nə qədər müddət orada yatdığını xatırlamırdı. Salonda telefon zəng çalmağa başlayınca yerdə yatdığının fərqinə vardı. Hoppa, qorxulu ciyiltilər və atılıb düşməklə gəldi, tam gözünün qarşısında dayandı, burnunu saqqallarına sürtdü.

Telefonun zəngi davam edirdi. Behzat Ç. əlləriylə döşəməyə söykənib qalxdı, salona qayıtdı. Hamamda tək qalan Hoppa arxasınca ağlamsınan gözlərlə baxdı.

Dəstəyi qulağına apardı.

– Alo. Bahəddin Ağbi… Səsim gəlirmi? Bahəddin Ağbi! – Xoşagəlməz bir kişisəsi idi. İstirahət yerlərindəki kafeteryalarda, gecənin bir vaxtı, piştaxtanın arxasındakı işçiyə – Dörd çay süz– deyə qışqıran cır səsli qarsonları xatırladırdı. Telefonu bağlayıb yeddinci “Tekel”i açdı. Daha ilk qurtumu içmədən telefona yenə zəng gəldi.

– Alo. Bahəddin ağbiylə görüşə bilərəmmi? Səsim gəlirmi? Bahəddin Ağbi!"

Behzat Ç. dəstəyi üstünə qoyub telefonun kabelini çıxardı. “Tekel”I başına çəkdi.

* * *

Qucağındakı şüşəylə yatıb qalmışdı. Son yandırdığı “216” yerə düşmüş, xalçada dəqiq bir deşik açmışdı. Küçə qapısından səs gəlincə gözlərini açdı birdən. İki ehtimal vardı, ya qapı döymə xasiyyəti olmayan Hayalet ya da ehtiyat açar sahibi Şulə.

Doqquz addımlıq salonda Alkokolik qruplar komandanlığı yazacaq qədər boş şüşə vardı. NTV-də Mustafa Varuy həftənin ilk iş gününün IMKB indeksini şərh edir, hər vaxt olduğu kimi izah olunmaz bir melanxoliyayla baxırdı. Baş komissar da ondan geri qalmırdı, bütün təcrübəsini az əvvəl birjada batırmış bir müflis kimi baxırdı. Çox haqsız da sayılmazdı; maaşım üç günəvvəl çıxarmış, ev kirayəsi, kommunal ödənişlər və kredit kartlarını ödədikdən sonra cibində doğru-düzgün pul qalmamışdı.

– Hələ də “Hansı Hasan? Flor hasan”, deyə zarafat etməyə çalışan adamlar var bu ölkədə, – Şulə salona girdi. İonesko pyeslərindən çıxmış obraz ədasıya Hoppanı qucağına götürüb üç dənəli kreslonun ətrafında iki dövrə vurdu. Beş “Tekel” şüşəsini aşırtdıqdan sonra pərdəni və pəncərəni açdı. Əvvəl təmiz hava girdi içəri. Sonra işıq, bir az daha işıq. Şulə, Hoppanın burnundan öpüb, – Hələ də şəkil çəkdirərkən dovşan işarəsi göstərən adamlar var, – deyərək davam etdirdi çıxışını. Daha da qorxuncu bunun komik olduğunu düşünənlər var.

Yenə nəyəsə əsəbiləşmişdi. O qədər qarışıq bir hadisə danışdı ki, Behzat Ç. heç bir şey anlamadı. Çünki əhvalatı danışmağa hər yerindən birdən başlamışdı. Gələrkən yolda kimsə şəkillərini çəkməsini istəmişdi. Sonra qarışırdı iş. Behzat Ç. dünəndən qalan dörddəbir tostun yarısının yarısını yedi. Telefonun kabelini taxdı. İki aydır ortalarda görünməyən Şuləni gördüyünə hiss etdirməsə də sevinmişdi. Çənəsinin altı oxşanılınca Hoppa boşaldı dərhal, üzünə dinc bir ifadə yayıldı.

Şulə kürəyini divanın qoltuqaltına söykəyib qıçlarını kürək qoyacaq yerə uzatdı. Behzat Ç. onun hər hansı bir divanda ya da stolda düz oturduğunu görməmişdi.

– Narahat olma, – Şulə dedi. Sənin üçün gəlməmişəm. Hoppanın parazit peyvəndi etmək lazımdır. İki ay keçdi. Şulə bəzi təhlükəli intriqalardan sonra, Behzat Ç.-yə varlığını zorla qəbul etdirmişdi. Baş komissar hərdənbir qıcıq olsa da onu sevirdi. Heç olmasa danışmağa məcbur etmirdi. Sual vermir, versə belə cavabını özü verirdi. Başqası söyləsə dava səbəbi ola biləcək sözlər onun ağızında şirin bir zəvzəklik kimi çıxırdı. Hər hansı bir planla gəlmirdi, bəzən iki ay ortalarda görünmür, bəzən üç gün divana yerləşirdi. Şulə, Hoppanı sinəsinə sıxıb:

– Dovşanlar ictimai heyvanlardır, – dedi. Tək qalsalar böhrana girərlər. Həm də dişilərdən uzaq qalmış bir erkək dovşandan bəhs edirik burada. Hoppa, Şulənin iki saç düşmüş yanağını yaladı. Behzat Ç., Hoppaya murdar-murdar baxdı.

– Eee! Necə gedir təqib işləri?

– Behzat Ç. qaşqabağını töküb zehinindəki ehtimalları ölçüb-biçdi. Bir az da utandı. Bu dəli haradan bilir Baharı izlədiyimi? Yoxsa… Şulə, Hoppanı xalçaya buraxdı. Telefon zəng çalmağa başladı. Hoppanın həyatda ən çox qorxduğu şey telefon zəngi idi, ciyildəyib üçlü kreslonun arxasında gizləndi.

– Açsansa bu telefonu.

Dəstəyi qaldırdı. Yoxsa… Bu dəli də məni izləyir?

Dəstəyi qulağına apardı. Harun idi.

– Dərhal Gənclik parkına gəl amirim!

Səssizlik. “Eeee! Nə olub?” demək idi.

– Özünə Red Kit deyən bir telefon avarası vardı ha. Müfəttişlər gəldiyi gün zəng etmişdi.

Səssizlik. “Xatırladım. Gözləmə etmə, davam et.”

– Telefon avarası deyilmiş, əməlli başlı axmaq imiş. Gənclik parkında bir tabut basdırıb. “Tabutun içində bir qadın var,” deyir.

Dəstəyi yerinə qoydu. Tozlu masanın üstündən bir aspirin götürüb çeynədi.

– Bu aspirini suyla içsənə, çeynəmək zərərlidir.

Ağızındakı acı dadı aradan qaldırmaq üçün şüşənin dibində qalanı başına çəkdi. Daha betər bir dad yayıldı ağızına. Köhnədən içdiyi “Tekel” pivələrini xatırlayıb Özəlləşdirmə İdarəsinə ürəyində söydü.

6

Xeyri atanın yapon balıqlarının iztirabı

Professor dəri kreslodan qalxıb zəng çalan telefonun yanına getdi. Dəstəyi qaldırıb bir müddət dinlədikdən sonra, tələsik "Tamam! Sən çıx," dedi. Hərhalda, Sevgililər günü səbəbiylə sevgilisiylə görüşməyə hazırlaşan Səlma zəng etmişdi.

Red Kit izah etdiyi əhvalat boyunca əlində çək-çevir etdiyi “Maltepe”ni təkrar dodağının ucuna qoymuşdu.

Professor, əlini telefondan ayırmadan, maraqla soruşdu:

– Eee! Balıqları sən götürmüşdünmü?

Red Kit şərtlərini söyləyincə, Xeyri Ata əvvəl əsəbi bir qəhqəhə çəkmiş, sonar qəhqəhəsi əsəbi şəkildə bir diş ağartmağa dönmüşdü. Dişini ağartması qaşqabaq tökməyə dönərkən yaxınlaşmış, onunla eyni xəttə gəlmək üçün əyilmişdi.

Az əvvəl deyilənləri tam olaraq qavraya bilmədiyindən, təsdiqlətməyə ehtiyac duydu:

– Balıqları gizlətdim deyirsən?

Red Kit başını tərpədib təsdiqlədi.

– İnternatın içində bir yerdədir?

Red Kit başıyla təsdiqlədi.

– Çox ömürləri qalmayıb?

₺84,60

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
260 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 4,5, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 3,8, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,5, 8 oylamaya göre
Metin
Ortalama puan 5, 5 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin PDF
Ortalama puan 4,9, 7 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,5, 4 oylamaya göre