Kitabı oku: «Bir dəqiqə axmaqlıq», sayfa 2
Səyahətdən qayıdan Ustad başına gələn və onun fikrincə, həyatın metaforası ola biləcək bir əhvalat danışdı:
“Bir dəfə qısa müddətlik dayanacaq zamanı o, rahat bir kafeyə yollandı. Menyuda dadlı şorbalar, müxtəlif souslar və digər cəlbedici xörəklər vardı.
Ustad şorba sifariş etdi.
– Siz bu avtobusdansınız? – ofisiant qadın nəzakətlə maraqlandı.
Ustad başı ilə təsdiqlədi.
– Onda şorba yoxdur.
– Bəs buğda bişirilmiş düyü və kerri sousu? – təəccüblənmiş Ustad soruşdu.
– Əgər siz bu avtobusdansınızsa, yoxdur. Təkcə sendviç sifariş edə bilərsiniz. Xörəklərin hazırlanma-sına bütün səhərimi sərf etmişəm, sizinsə on dəqiqədən çox vaxtınız qalmayıb. Mən imkan verə bilmərəm ki, vaxtınızın darlığından dadını layiqincə qiymətləndirə bilməyəcəyiniz xörəyi yeyəsiniz”.
Ustadda dəbdəbəlikdən əsər-əlamət yox idi. Onun nitqi elə hey qəfil və kəskin gülüşlərlə müşayiət olunurdu, bu isə dini məsələlərə və özünə ciddi yanaşanları karıxdırırdı.
– Bu adam əsl kloundur! – məyus olmuş bir ziyarətçi bildirdi.
– Yox-yox, – şagird etiraz elədi. – Sən əsas olanı başa düşməmisən: kloun səni məcbur edir ki, ona güləsən, Ustad isə özün özünə.
– İlahi qüvvənin varlığına inanmağı necə öyrənmək olar?
– İlahi qüvvəyə inanmaq, – Ustad cavab verdi, – cibində qara qəpik olmadan bahalı restorana gedib özünə bir düjin dəniz ilbizi sifariş vermək və sonra da onların arasında yeməyin pulunu ödəmək üçün mirvari tapacağına ümid etməyə bənzəyir.
Ustadın hər cür sitayişlərə laqeyd münasibəti şagirdləri heyrətləndirirdi.
– Özünüzə sitayiş üçün bir obyekt tapın və o sizi, həqiqətən, vacib olandan – məhəbbətə aparan şüurdan yayındıracaq – deyə Ustad təkrarlamağı sevirdi.
Sözlərinin sübutu kimi “Allah, Allah!” deyə qışqıran, amma bu zaman tamamilə şüursuz olaraq pislik edən adamları qınayan İsanı misal gətirirdi.
Şagird Ustada pərəstiş edir və onu Tanrının həqiqi təcəssümü sayırdı.
– Mənə izah et, Ustadım, – o soruşdu, – sən bu dünyaya nə üçün gəlmisən?
– Sənin kimi axmaqlara vaxtlarını Ustadlara pərəstiş etməklə boş yerə itirməməyi öyrətmək üçün.
***
Bir dəfə Ustad ona çox böyük ehtiram bəsləyən şagirdə banan verdi, şagird isə bu hədiyyəyə elə həyəcanla yanaşdı ki, onunla nə edəcəyini də bilmədi.
Ustada bu haqda xəbər verəndə özünəxas açıqlıqla dedi:
– O axmağa deyin ki, onu yesin.
Təzə şagird yoldaşlarının birindən soruşdu:
– Nəyə görə məbəddə Ustadın yanında yaşamağım mənə, demək olar ki, heç nə vermir?
– Bəlkə, bu, ona görə belədir ki, sən məbədə ondan mənəvi keyfiyyətlər əxz etməyə gəlmisən?
– Bəs deyə bilərsənmi, sən özün bura nə üçün gəlmisən?
– Onun səndəllərini necə bağladığına baxmaq üçün.
***
Ustadın ən adi işləri necə yerinə yetirməsini – oturmasını, yaxud gəzməsini, çay içməsini, ya da milçək qovmasını müşahidə etmək maraqlı idi. O hər şeyi qəribə bir zərifliklə edirdi və adama elə gəlirdi ki, Ustad Təbiətlə elə bir harmoniyadadır ki, sanki bu hərəkətləri o deyil, Kainatın özü yerinə yetirir.
Bir dəfə ona banderol gəldi. Şagirdlər sanki tilsimlənmiş halda, böyük heyranlıqla onun hərəkətlərini – ipin düyününü necə boşaltmasını, kağızı açmasını və orada olanı üzə çıxarmasını seyr edirdilər: – sanki bu, adi bağlama deyil, canlı bir məxluq idi.
– Bir dəfə dərk edəcəksən ki, artıq sahibi olduğun şeyi axtarırsan, – deyə Ustad hər işdə çox səy göstərən şagirdə bildirdi.
– Bunu bəs indi niyə dərk etmirəm?
– Çünki sən çox cəhd edirsən.
– Onda nə edim, heç səy göstərməyim?
– Sakit ol və gözlə, hər şeyin öz vaxtı var.
Tanrının dostluğunu və ya mərhəmətini qazanmaqdan ötrü yaxşılıq edən adamlara Ustad, adətən, bu əhvalatı danışırdı:
“Böyük bir insan kütləsi sabun istehsal edən şirkətin “Kadillak” markalı maşın qazanmaq üçün apardığı müsabiqədə iştirak edirdi.
İştirakçılardan soruşurdular:
– “Cənnət ətri” sabunu nə üçün xoşunuza gəlir?
Bir qadın səmimi etiraf etdi:
– “Kadillak”ım olmağını istədiyim üçün”.
– Artıq dörd aydır, sənin yanına gəlirəm, amma sən hələ mənə heç bir üsul, texnika öyrətməmisən.
– Üsul? – Ustad soruşdu. – Deyə bilərsənmi, sənə necə üsul lazımdır?
– Elə üsul ki, onun köməyi ilə mən daxili azadlığa nail ola bilim.
Ustad ucadan güldü:
– Doğrudan da, çox böyük məharətə sahib olmaq lazımdır ki, üsul adlandırılan tələnin köməyi ilə azadlıq əldə edəsən.
Şagirdlərdən biri belə fikir irəli sürdü ki, Ustadın öz dini təcrübələrini mükəmməlləşdirmək vaxtı yetişib. Bunu eşidən Ustad ucadan güldü və bir tələbə haqqında bu hadisəni danışdı.
– Sizin anatomiyaya aid daha müasir nəşriniz yoxdur? Təklif etdiyiniz bu kitabın azı on yaşı var, – deyə tələbə kitab dükanının satıcısına müraciət etdi.
– Qulaq as, oğul, son on ildə insan bədənindəki sümüklərin sayı artmayıb, – satıcı cavab verdi.
– Və son on min ildə də heç nə artmayıb, – Ustad əlavə etdi.
Vaiz məşhur natiq kimi tanınırdı. Amma bir dəfə dostlarına etiraf etmişdi ki, onun natiqliyi öz effektliyinə görə Ustadın azsözlü mülahizələri ilə müqayisə edilə bilməz.
Ustadın yanında bir həftə qaldıqdan sonra bu sirri tapmışdı.
– Ustad danışanda onun sözləri sükut yaradır. Mənim nitqimsə, təəssüf ki, fikir yaradır.
***
Sanskrit3 dilini öyrənən alim Ustadın sanskritcə necə ahəngdar şeir söyləməsinə heyran olmuşdu.
– Mən həmişə bilirdim ki, yer üzündə İlahiliyi sanskritdən daha gözəl ifadə edə bilən dil yoxdur!
– Axmaq olma! – Ustad ona dedi. – İlahiliyin dili sanskrit deyil, Səssizlikdir.
***
Bir dəfə Ustad bir tapmaca verdi:
– Rəssam və musiqiçi ilə sufi arasında ümumi olan nədir?
Cavabı bilən olmadı.
– Hər üçü bilir ki, ən mükəmməl nitqi söz yaratmır, – Ustad dedi.
Ustad rəssama dedi:
– Uğura nail olmaqdan ötrü hər bir rəssama, yaxud bəstəkara uzun müddət səylə çalışmaq lazımdır. Bəzilərinə bu zəhmət zamanı öz eqosundan qurtulmaq nəsib olur. Və belə hallarda da şah əsər yaradılır.
Bir qədər keçdikdən sonra şagird Ustaddan soruşdu:
– Ustad kimdir?
– O kəs ki, eqosundan azad ola bilib. Belə adamın həyatı şah əsərdir, – Ustad cavab verdi.
Ustad həmişə deyirdi ki, Həqiqət gözlərimiz önündədir, lakin onu görməyimiz üçün bizə perspektiv çatışmır.
Bir dəfə dağa gedərkən Ustad şagirdini də özü ilə götürdü. Yolun artıq yarısı arxada qaldıqda şagird ətrafı nəzərdən keçirərək məyus halda dedi:
– Hə, indi hanı bəs barəsində həmişə danışdığın gözəl peyzaj?
Ustad gülümsəyərək cavab verdi:
– Sən o gözəlliyin düz ortasında dayanmısan və dağın zirvəsinə çatanda özün buna əmin olacaqsan.
– Ölkəmə qayıtdıqdan sonra mən özümə layiqli Müəllimi haradan tapa biləcəyəm?
– Onu axtarmağına ehtiyac yoxdur. O, həmişə sənin yanındadır.
Şagird heyrətə gəldi.
– Sadəcə, ətrafdakılara verdiyin reaksiyanı müşahidə et – quşlara və ağacların yarpaqlarına, göz yaşına və gülüşə – və onda hər şey sənin Müəllimin olacaq.
Ustadı etiket və xoş davranış tərzinin müdafiəçisi adlandırmaq olmazdı, amma insanlarla ünsiyyətində həmişə özünə təbiətən xas olan ədəb və nəzakətini göstərirdi.
Bir axşam Ustadı maşınla evinə aparan şagirdi yolda polisə qarşı kobudluq etdi. Özünə bəraət qazandıraraq dedi:
– Mən necəyəmsə, elə də olmaq istəyirəm və qoy hamı mənim nə hiss etdiyimi bilsin. Nəzakət havanın tərpənməsi kimi boş bir şeydir.
– Bu elədir, – Ustad gülümsəyərək razılaşdı, – ancaq bizim maşınımızın təkərləri məhz hava ilə doludur və görürsən, zərbəni yumşaltmağa o necə kömək edir.
Ustad, adətən, çox danışmazdı, ancaq söhbət sözlərin heyranedici gücündən düşdükdə o, gözəl natiqə çevrilirdi:
– Sözlərdən ehtiyat edin, – o deyərdi, – elə ki siz ehtiyatı əldən verdiniz, onlar öz həyatlarını yaşamağa başlayır; onlar sizin gözünüzü qamaşdıracaq, sizi hipnoz edəcək, terrora məruz qoyacaq, sizi reallıqdan uzaqlaşdıracaq və məcbur edəcək ki, elə onların özünü gerçəklik kimi qəbul edəsiniz.
Sizin gördüyünüz dünya uşaqların qavradığı Aləm deyil; sizin dünyanız fraqmentlərə bölünüb, sözlərinizlə minlərlə hissəciklərə parçalanıb…
Sanki okeanın hər bir dalğası müstəqildir və okeanın özündən ayrılıqda mövcuddur.
Sözlər və fikirlər susanda Kainat çiçəkləyir, o, real, bütöv və vahid olur; sözlər isə nə olmalıdılarsa, ona çevrilir: partituraya, amma musiqiyə yox; menyuya, amma xörəyə yox; yolda işarəyə, amma yolun sonuna yox.
Bir dəfə Ustad sözlərin hipnozedici gücündən danışırdı. Arxa sıralardan kimsə yerindən səsləndi:
– Sən cəfəngiyyat danışırsan! Məgər durmadan “Allah, Allah, Allah” deyə təkrarlasan, müqəddəs adama dönərsən? Ya da elə hey “Günah, Günah, Günah” deyən adam günahkara çevrilir?
– Otur yerinə, alçaq! – Ustad onun sözünü kəsdi.
Həmin adam çox hiddətləndi. Ən pis söyüşlər yağdırmağa başladı və xeyli vaxt özünə gələ bilmədi.
Peşman olmuş kimi görünən Ustad dedi:
– Bağışlayın məni… özümdən çıxdım. Buna görə səmimi qəlbdən sizdən üzr istəyirəm.
Şagirdin hirsi o dəqiqə soyudu.
– Bu da sənə cavab, – Ustad nəticə çıxardı. – Tək bircə sözə görə sən özündən çıxdın, digərinə görə isə sakitləşdin.
Hökmdar öz möhtəşəm iqamətgahını tərk edib Ustadın yanına gəldi və ona dərs keçməsini tələb etdi.
– Sən məndən nəyi öyrənmək istəyirsən? – Ustad soruşdu.
– Müdrikliyi.
– Ah, dost! Mən bunu böyük məmnuniyyətlə edərdim, ancaq bir əngəl var!
– Hansı?
– Müdrikliyi öyrətmək mümkün deyil.
– Deməli, burada öyrənəcəyim heç nə yoxdur.
– Müdrikliyi öyrənmək olar. Lakin onu öyrətmək olmaz.
Kimsə Ustaddan bəxtə inanıb-inanmadığını soruşdu.
– Əlbəttə, – Ustad göz vuraraq cavab verdi. – Əks halda, sevmədiyin insanların uğurlarını necə izah etmək olar?
***
Məhəbbət qavrayışı təhrif edir – Ustad bunu tez-tez deyirdi.
Bir dəfə şagirdlər bu sözlərin düzgünlüyünü sübut edən söhbətin şahidi oldular. Ustad bir qadından qızının necə yaşadığını soruşurdu.
– Mənim sevimli qızım! O çox xoşbəxtdir! Onun elə gözəl əri var! Qızıma maşın bağışlayıb, zinət əşyaları alıb, onun üçün qulluqçular tutub. Səhər yeməyini özü onun çarpayısına gətirir, qızım isə hər gün günortadan qabaq yerindən qalxmır. Ər deyil, əsl şahzadədir!
– Bəs oğlunun vəziyyəti necədir?
– Ah, mənim yazıq oğlum! Elə deyingən arvadı var ki! Oğlum onun üçün nə istəyirdisə, edib; maşın, zinət əşyaları alıb, bir ordu qulluqçu tutub. O isə günortayacan yatağında sərilib qalır! Heç ərinə səhər yeməyi hazırlamaq üçün də qalxmır!
Hamı təzə xəbəri müzakirə edirdi: çox dindar olan bir adam intihar edib.
Məbəddə intihar edənin əməli təqdir edilmədi, lakin bəziləri onun imanına heyranlıqlarını dilə gətirməyə başladı.
– Onun imanı? – Ustad soruşdu.
– Axı o öz qərarında mətin olub, elə deyilmi?
– Bu, fanatizmdir, iman yox. İman daha çox mətinlik tələb edir: öz qənaətlərini nəzərdən keçirmək və faktlara uyğun gəlmirsə, onlardan imtina etmək.
Ustad hələ uşaq olarkən məktəbdə onu dalaşqan sinif yoldaşı tez-tez incidirdi.
Böyüdükdən sonra peşman olan həmin adam məbədə gəldi. Ustad onu çox gülərüz qarşıladı.
Bir dəfə yoldaşı özünün o vaxtkı kobud rəftarından söhbət açdı, ancaq Ustad özünü elə göstərdi ki, guya heç nəyi xatırlamır.
– Doğrudan, heç nə yadında deyil? – deyə dostu soruşdu.
– Niyə ki, mən bunu unutduğumu aydın şəkildə xatırlayıram! – cavabı gəldi və hər ikisi güldü.
Yaxınlıqdakı meşənin yanğın nəticəsində məhv olduğunu eşidən Ustad bütün şagirdlərini yanına yığdı:
– Biz sidr ağacları əkərək meşəni bərpa etməliyik.
– Sidr ağacları? – şagirdlər təəccübləndi. – Axı onların böyüməsi üçün iki min il lazım olacaq!
– Belə olan halda bir dəqiqə də ləngiməyək. Dərhal işə başlamaq lazımdır.
Bir şagirdə sual verdilər:
– Ustadın yanına niyə gedirsən? O sənə yaşamaq üçün pul qazanmağa kömək edir?
– Xeyr, ancaq mən pul qazananda Ustadın köməyi sayəsində həyatımla nə edəcəyimi biləcəyəm.
– Sənin dini liderlərin sənin özün kimi kordurlar və başlarını itirmişlər, – Ustad dedi. – Həyatın çətinlikləri ilə qarşılaşdıqda İncildən hazır cavablar axtarırlar. Lakin həyat həddindən artıq genişdir və hər hansı bir kitaba sığa bilməz.
Sözlərinin sübutu kimi Ustad soyğunçu haqqında danışdı:
– Bu, soyğundur! Pul, ya da başqa bir şey! – deyə cani qışqırdı.
– Konkret olaraq nə?
– Məni çaşdırma. Bu mənim ilk işimdir!
– Ustad dünyada şərin olmasını necə izah edir? – ziyarətçi soruşdu.
Şagirdlərdən biri cavab verdi:
– Heç cür izah etmir. O, çox məşğuldur, hələ bir bununla da məşğul olmağa vaxtı yoxdur.
Başqa şagird əlavə etdi:
– İnsanlar ya daim dünya ilə mübarizə aparırlar, ya da darıxmaqdan üzülürlər. Ustad dünyanı valehedici, ecazkar, dərkedilməz hesab edir – o, sadəcə, dünyaya vurğundur.
Ustad uzun müddət idi ki, bir qrup müəllimlə qızğın söhbət edirdi, axı onun özü də nə vaxtsa müəllim olmuşdu. Müəllimlərin problemi bundadır ki, onlar təhsilin vəzifəsinin bilik yığmaqda deyil, həyatın özünü dərk etməkdə olduğunu həmişə unudurlar.
Ustad bir dəfə çay sahilində bir oğlan uşağına rast gəlməyindən danışdı. Uşaq balıq tuturdu.
– Salam! – Ustad salamlaşdı. – Balıq tutmaq üçün yaxşı gündür!
– Çox, – oğlan razılaşdı.
Bir qədər sonra Ustad soruşdu:
– Bəs sən nə üçün bu gün məktəbə getməmisən?
– Axı, cənab, siz özünüz bayaq dediniz ki, bu gün balıq tutmaq üçün yaxşı gündür.
Ustad həmçinin balaca qızı Minanın bir gün məktəbdən gətirdiyi xasiyyətnamədən danışdı:
“Dərslərini yaxşı oxuyur. Və bir qədər də yaxşı ola bilərdi, əgər buna bir şey mane olmasaydı – o, həyata həddindən çox sevinir”.
Vaiz ehtiramla: – Qanun Tanrı iradəsinin müqəddəs ifadəsidir və hörmət edilməli və sevilməlidir, – söylədi.
– Cəfəngiyyatdır, – Ustad etiraz etdi. – Qanun qaçılmaz şərdir və minimum dərəcəyədək azaldılmalıdır. Mənə qanunu sevən bircə nəfər göstər və mən sənə qanmaz tiranı göstərim.
Bir dəfə o, bacısı haqqında danışdı. Qadın balaca qızının oturduğu arabanı itələməkdən bezərək ona kiçik mühərrik qoşmuşdu. Həmin andaca polislər peyda olmuşdu. Qadına bildirmişdilər ki, mühərrikli uşaq arabası saatda beş kilometrədək sürətlə gedir, deməli, “özü hərəkət edən nəqliyyat vasitəsi”dir. Buna görə də ana gərək dərhal motovasitəsinə sahiblik haqqında sənəd, nömrə, fara, əyləc əldə etsin və nəhayət, sürücülük vəsiqəsi alsın!
***
Daha sonra Ustad Yerin ətrafında beş yüz dəfə fırlanaraq kosmosdan qayıdan kosmonavt haqqında danışdı. Özünü necə hiss etməsi haqda suala o belə cavab vermişdi:
– Daha taqətim qalmayıb! Bir təsəvvür edin, neçə dəfə dinimin mənə buyurduğu səhər, günorta, axşam və gecə dualarını oxumalı olmuşam!
Ücretsiz ön izlemeyi tamamladınız.