Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bir dəqiqə müdriklik»

Yazı tipi:

MÜDRİKLİYƏ GEDƏN YOL

Bu kitabda yezuit rahibi Entoni de Mellonun dünyanın hər yerindən topladığı şən və ibrətamiz pritçalar yer almışdır.

Pritçalara etinasız yanaşmayın. İtirilmiş qızıl pulu ən ucuz şamın işığı ilə tapmaq olar; ən dərin həqiqəti ən sadə hekayənin köməyi ilə dərk etmək olar.

– Müdrikliyə bir dəqiqəyə çatmaq olarmı?

– Əlbəttə, olar, – Ustad cavab verdi.

– Amma bir dəqiqə çox azdır axı?

– Lakin əlli doqquz saniyə lazım olduğundan çoxdur.

Çaşıb-qalan şagirdlərə Ustad bir qədər sonra izah etdi:

– Aya baxmaq üçün nə qədər vaxt lazımdır?

– Bəs onda bütün bu mənəvi axtarış illəri nəyə lazımdır?

– Gözləri açmaq üçün, bəlkə də, bütün ömür gərək olacaq. Görmək üçün bir an kifayətdir.

Oxuculara Ustadın və ya Müəllimin adından təqdim olunan hekayələrdə danışan bir adam deyil. Bu həm hindli quru, həm dzen rahibi, həm daoslu müdrik, həm yəhudi ravvini, həm xristian keşişi, həm sufi mütəfəkkiridir. Bu, Lao-Tszıdır, Sokratdır, Buddadır, Zərdüştdür, İsadır və Məhəmməddir. Ustad İsanın mövludundan çox qabaq da, eramızın XXI əsrində də yaşaya bilərdi. Onun müdrikliyi eyni dərəcədə Qərbə də, Şərqə də aiddir.

Bu hekayələrdən istənilən birini oxumaq üçün cəmi bir dəqiqə kifayətdir. Ola bilsin ki, Ustadın nitqi sizə bəzən istehzalı, bəzən dolaşıq, bəzən isə tamamilə mənasız gələcək. Nə etməli, bu, sadə kitab deyil! O öyrətmək üçün yazılmayıb, onun məqsədi AYILTMAQdır. Kitabı vərəqlədikcə, Ustadın mühakimələrinin sirli mənasını açmağa çalışdıqca oxucu istər-istəməz sətirlər arasında gizlənmiş Səssiz Təlimlə təmasda olur, oyanır və dəyişir.

Müdriklik bax budur: heç bir cəhd göstərmədən dəyişmə, sözlərin və hər cür anlayışların hüdudları xaricində olan həqiqi həyata, sadəcə, oyanmaqla transformasiya.

Əgər sizə Oyanmış olmaq səadəti nəsib olarsa, siz başa düşəcəksiniz ki, ən parlaq sözlər deyilməmiş sözlərdir, ən mükəmməl hərəkət edilməmiş hərəkətdir, ən dərin dəyişiklik isə öz-özünə baş verən dəyişiklikdir.

Yalnız bir məsləhət: az-az oxuyun, gündə bir, ya iki hekayə. Miqdarın artırılması qavramanın effektini azalda bilər.

MÖCÜZƏLƏR

Bir nəfər Ustadın qeyri-adi bacarıqlarına inanmaq üçün öz gözləri ilə görmək istəyir. Buna görə o, çox uzun bir yol qət edir.

– Sənin Ustadın hansı möcüzələri yaradıb? – deyə o, bir şagirddən soruşdu.

– Nəyin möcüzə adlandırılmasından asılıdır. Sizin ölkədə Allah kiminsə iradəsini yerinə yetirirsə, bu, möcüzə sayılır. Bizdə isə kiminsə Allahın iradəsini yerinə yetirməsi möcüzədir.

YETKİNLİK

Ustad bütün günü dua edən bir şagirdə dedi:

– Sən nə vaxt artıq Allaha arxalanmağı buraxıb özün öz ayaqların üstdə duracaqsan?

Şagird təəccübləndi:

– Axı sən özün bizə Allahı özümüzə Ata bilməyi öyrətmisən!

– Bir başa düş, ata o deyil ki, ona dayaqlana biləsən, ata odur ki, sənə bu vərdişini unutdursun.

HƏSSASLIQ

– Yaradanla qovuşmaq üçün mən nə edə bilərəm?

– Sadəcə, qulaq as.

– Mən necə qulaq asmalıyam?

– Ətrafdakı hər bir səsə qulaq ver, kainatın hər xışıltısına. Amma elə ki öz səsini eşitdin, sus.

ABSURD

Ustad şagirdinin meditasiya etdiyi otaqda kərpicləri yerə sürtməklə məşğul idi.

Əvvəlcə bu, şagirdin xoşuna gəlirdi, o fikirləşirdi ki, Ustad onun fikrini cəmləşdirmək bacarığını sınayır. Amma tezliklə səs dözülməz olur və şagird deyir:

– Allah xatirinə, sən nə edirsən? Məgər görmürsən ki, mən meditasiya ilə məşğulam?

– Mən kərpici parıldadıram, ondan güzgü hazırlamaq istəyirəm, – Ustad cavab verir.

– Dəli olmusan?! Heç kərpicdən də güzgü düzəltmək olar?

– Səndən ki çox dəli deyiləm. Heç eqo ilə də meditasiya etmək olar?

AYDINLIQ

– Allahı axtarmayın, – Ustad dedi. – Sadəcə, baxın və siz onu görəcəksiniz.

– Bəs nə cür baxaq?

– Hər hansı bir şeyə baxanda çalışın ki, başqa heç bir şeyi deyil, yalnız onu görəsiniz.

Cavab şagirdləri karıxdırdı, buna görə də Ustad izahını bir qədər asan dildə başa salmağa çalışdı.

– Məsələn, siz Aya baxırsınız və yalnız onu görürsünüz.

– Aya baxarkən ondan başqa daha nə görmək olar ki?

– Ac olan pendir parçası görə bilər, sevən insan isə sevgilisinin üzünü.

DİN

Səyahət edən hökmdar ehtiramını bildirmək üçün Ustadın yanına gəldi.

– Məni dövlət işləri gözləyir, uzun söhbətlərə vaxtım yoxdur, – deyə o, Ustada müraciət etdi. – Mənim kimi məşğul bir adama dinin mahiyyətini iki kəlmə ilə izah edə bilərsənmi?

– Əlahəzrətə bunu bir kəlmə ilə də ifadə edə bilərəm.

– İnanılmazdır! Tez ol, bu qeyri-adi sözü mənə de!

– Sükut.

– Bəs sükuta necə nail olmalı?

– Meditasiya ilə.

– Bəs mən öyrənə bilərəmmi, meditasiya nədir?

– Sükut.

MƏNƏVİYYAT

Ustadın Sükut günü idi, amma səyyah yalvarırdı ki, onu doğru həyat yoluna yönəldəcək, heç olmasa, bircə kəlmə söyləsin. Ustad nəzakətlə baş endirib kağız götürdü və yeganə bir söz yazdı: “Dərkedilmə”.

Səyyah karıxdı.

– Bu, çox azdır. Daha ətraflı izah edə bilərsənmi?

Ustad kağızı alıb yazdı: “Dərkedilmə, dərkedilmə, dərkedilmə”.

– Bu sözlər nə deməkdir?

Ustad yenidən kağızı götürüb yazdı: “Dərkedilmə, dərkedilmə, dərkedilmə DƏRKEDİLMƏ deməkdir”.

SAYIQLIQ

– Mən aydınlanmaq1 üçün nə isə edə bilərəmmi?

– Səhər günəşin çıxması üçün nə isə edə biləcəyin qədər az.

– Bəs onda bütün bu mənəvi çalışmalar nə üçündür?

– Yuxuya qalıb günəşin çıxmasını ötürməmək üçün.

İŞTİRAK

– Aydınlanmanı harada axtarmalı?

– Burada.

– O nə vaxt baş verəcək?

– O elə indi baş verir.

– Bəs niyə mən onu hiss etmirəm?

– Çünki sən baxmırsan.

– Mən nə görməliyəm ki?

– Heç nə. Sadəcə, bax.

– Nəyə?

– Nəzərin nəyə düşürsə, ona.

– Mən necəsə fərqli baxmalıyam?

– Yox. Sadəcə, bax.

– Məgər mən həmişə baxdığım kimi baxmıram?

– Yox.

– Nə üçün yox?

– Görə bilmək üçün burada olmaq lazımdır. Sən isə, əsasən, burada olmursan.

DƏRİNLİK

Ustad bir sahibkara dedi:

– Balıq sahildə həlak olduğu kimi, sən də bu fani dünyada həlak olursan. Balığa suya qayıtmaq lazımdır, sənə isə təkliyə çəkilmək.

Sahibkar heyrətləndi:

– Nə deyirsən, indi mən işimi atıb monastıra gedim?

– Yox-yox. İşinlə məşğul olmaqda davam elə və öz ürəyinə gir.

MƏBƏD

Bir şagird Ustaddan ona müdrikliyi öyrətməyi xahiş edir. Ustad deyir:

– Öz məbədinə gir, o da sənə öyrədəcək.

– Mən hara gedə bilərəm ki, mən axı rahib deyiləm.

– Sənin, əlbəttə, getməyə yerin var. Öz daxilinə nəzər sal.

ALLAH VERGİSİ

– Mən hansı saleh əməllərlə Allahın mərhəmətini qazana bilərəm? – deyə bir yəhudi soruşdu.

– Mən haradan bilim? – Ustad cavab verdi. – Sənin Tövratında yazılıb ki, İbrahim hər vaxt üzügülər olardı və Allah onunla idi. İliya dua edərdi və Allah onunla idi. Davud hökmranlıq edirdi və Allah onunla idi.

– Bəs mənim qismətimə düşən işin nədən ibarət olduğunu hansısa yolla öyrənmək olar?

– Olar. Öz ürəyindən soruş ki, ona ən xoş olan nədir və onunla da məşğul ol.

HARMONİYA

Ənənələrə bağlılığına baxmayaraq, Ustad qanun və şərtiliklərlə elə də hesablaşan deyildi. Bir dəfə bir ata ilə qızı arasında mübahisə yarandı. Ata istəyirdi ki, qızı gələcək həyat yoldaşının seçimində dinlərinin qanunlarına uyğun hərəkət eləsin.

Ustad açıq-aşkar qızın tərəfini tutdu.

Ata təəccübləndi: belə mömin bir adam onun qızını necə müdafiə edə bilər?

Ustadın cavabı bu oldu:

– Başa düş, həyat musiqi kimidir. Musiqi üçün isə hislər və intuisiya hər cür qanundan vacibdir.

ANLAMAQ

– Allahın mərhəmətini necə qazanım ki, O məni yaxınlarımı daim tənqid etmək xasiyyətimdən qurtarsın?

– Dua ilə.

– Elə isə bəs niyə indiyə kimi bu mərhəməti qazanmamışam?

– Lazım olan yerdə dua eləməmisən.

– Harada lazımdı ki?

– Allahın ürəyində.

– Bunun üçün nə etmək lazımdır?

– Anlamaq ki, günah işlədən nə etdiyindən xəbərsizdir, ona görə də bağışlanmağa layiqdir.

XƏYAL

– Əbədi Həyata necə nail olmaq olar?

– Bizim həyatımız elə Əbədi Həyatdır. Hazırkı zamanda da ol.

– Bəyəm mən indi hazırkı zamanda deyiləm?

– Yox.

– Niyə yox?

– Çünki sən keçmişindən azad olmamısan.

– Keçmişimdən niyə imtina edim ki? Orada hər şey elə də pis deyil.

– Keçmişdən imtina etmək onun pis olduğuna görə deyil, artıq ölü olduğuna görə lazımdır.

PEYĞƏMBƏRLİK

– Mən Həqiqət müəllimi olmaq istəyirəm.

– Sən qırx beş yaşına kimi istehzalara, tənhalığa və aclığa dözməyə hazırsan?

– Hazıram. Amma qırx beş yaşdan sonra nə olacaq ki?

– Sən, sadəcə, bunların hamısına öyrəşəcəksən.

YAXŞILAŞMA

Bir gənc ona qalan bütün mirası xərcləyir. Belə hallarda həmişə olduğu kimi, pulsuz qaldıqdan sonra o başa düşür ki, eyni zamanda dostlarını da itirib. Ümidi kəsilmiş, nə edəcəyini bilməyən gənc Ustadı axtarıb tapır və ondan soruşur:

– İndi mənim halım necə olacaq? Mənim nə pulum, nə də bir dostum qalıb.

– Qəm çəkmə və yadda saxla: hər şey yaxşı olacaq.

Əhli-kef gəncin gözlərində ümid qığılcımı parlayır:

– Mən yenidən varlanacağam?!

– Yox. Sən, sadəcə, pulsuzluğa və tənhalığa öyrəşəcəksən.

PRAKTİKLİK

Bir tələbə qız öz toyuna hazırlaşırdı. Yoxsullara olan mərhəmətinə görə o, valideynlərini dilə tutdu ki, qəbul olunmuş normalardan kənara çıxsınlar. Elan edildi ki, ziyafət zamanı kasıb qonaqlar stolun yuxarıbaşında, varlılar isə qapı ağzında oturacaqlar. Qız bu hərəkətinin Ustad tərəfindən bəyəniləcəyini zənn edərək ona baxdı. Ustad bir qədər fikirləşib dedi:

– Bu çox məntiqsiz bir qərardır. Belə bir toy heç kimə sevinc gətirməyəcək. Sənin valideynlərin xəcalət çəkəcəklər, varlılar özlərini təhqir olunmuş sayacaqlar, yoxsullar isə ac qalacaqlar, çünki hamının gözünün onlarda olduğunu görüb özlərini narahat hiss edəcəklər.

CƏHALƏT

Ustadın şagirdi çox istedadlı bir gənc idi. Hər yerdən onun yanına məsləhətə gələn elm adamları gəncin biliyinə heyran qalırdılar.

Bir dəfə hökmdara məsləhət lazım olduqda o, Ustadın yanına getdi.

– Deyirlər, bu cavan hər şeyi bilir. Bu, düzdür?

– Düzünü desəm, – Ustad istehza ilə dedi, – oğlan o qədər çox oxuyur ki, mən onun nəsə öyrənməyə necə vaxt çatdırdığını heç təsəvvür edə bilmirəm.

MİFLƏR

Ustad ibrətamiz rəvayət və hekayələrin köməyi ilə öyrədirdi. Bu, şagirdlərin xoşuna gəlirdi. Lakin bəzən onlar açıq-aşkar darıxırdılar, nə isə daha ciddi bir şey eşitmək istəyirdilər.

Ustad isə fikrində qəti idi. Bütün etirazlara yalnız bir cavabı var idi:

– Siz, mənim əzizlərim, hələ dərk etməlisiniz ki, rəvayət Həqiqətlə insan arasında ən qısa məsafədir.

Başqa bir vaxt o dedi:

– Rəvayətlərə etinasız yanaşmayın. İtirilmiş qızıl pulu ən ucuz şamın işığı ilə tapmaq olar; ən dərin həqiqəti ən sadə hekayənin köməyi ilə dərk etmək olar.

XOŞBƏXTLİK

Bir nəfər Ustadın yanına gələrək yalvarıb kömək istədi:

– Mən nə edəcəyimi bilmirəm. Dəli olacağam. Biz hamımız bir otaqda yaşayırıq: uşaqlar, arvadım, qohumlar. Əsəblərimiz tarıma çəkilib, hamı qışqırır, bir-birinin üstünə bağırır. Ev deyil, cəhənnəmdir!

– Nə desəm, eləyəcəyinə söz verirsənmi? – deyə Ustad bir qədər fikirləşdikdən sonra soruşdu.

– And içirəm, nə lazımdırsa, edəcəyəm.

– Əla. Neçə baş heyvanın var?

– İnək, keçi və altı toyuq.

– Onların hamısını otağına gətir. Bir həftədən sonra isə yanıma qayıt.

Şagird dəhşətə gəldi. Amma andına əməl etməli idi.

Bir həftədən sonra şagird Ustadın yanına gəldi. Ona baxanda adamın ürəyi yanırdı.

– Mən daha dözə bilmirəm. Çirk! Üfunət! Səs-küy! Hamımız dəli olmaq dərəcəsindəyik!

– Evə qayıt və heyvanları otaqdan çıxar.

Şagird evinəcən yolu qaça-qaça getdi.

Ertəsi gün o, yenə Ustadın yanına gəldi: gözləri sevincdən yanırdı.

– Həyat necə də gözəldir! Heyvanlar yoxdur. Sakitlik, genişlik, hər yan tərtəmiz! Ev deyil, cənnətdir!

1.aydınlanma – buddizmdə dini anlayış: qəflətən yaranan şüur aydınlığı, reallığın təbiətini bütövlüklə və tam şəkildə dərketmə. Aydınlanmış – aydınlanma məqamına çatmış (adam).
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
07 ekim 2022
ISBN:
9789952242799
Telif hakkı:
Altun Kitab
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre