Kitabı oku: «Tanrı nə vaxt gülür», sayfa 2
ANANIN ŞAPALAĞI
Balaca bir oğlan uşağı küçə ilə bərk qaçırdı. Küçəni dönərkən bir adamla toqquşdu.
– Allahım! – yoldan keçən səsləndi. – Sən hara belə tələsirsən?
– Evə, – uşaq cavab verdi. – Tələsirəm, çünki evdə anam məni şapalaqlamalıdır.
– Sən evə anandan bir neçə şapalaq almaq istədiyinə görə tələsirsən? – heyrətlənmiş yolçu soruşdu.
– Yox. Amma əgər atam evə məndən tez gələrsə, onda şapalaqları o vuracaq.
Uşaqlar bizim güzgümüzdür. Onlar sevgi mühitində yaşadıqca bunu əks etdirirlər. Sevgi olmayanda isə əks etdirməyə bir şey qalmır.
QULAQBURMASI
Nəsrəddin uşağa səhəngi verərək quyuya su dalınca getməyi tapşırdı. Ancaq uşaq hələ bir addım da atmamış ona bir qulaqburması da verib üstünə qışqırdı:
– Əlindən salsan, özündən küs!
Yoldan ötən bir nəfər dözmədi:
– Günahsız uşağı necə döymək olar? O axı hələ heç bir pis şey etməyib!
– Siz indi deyirsiniz ki, mən onu səhəngi salıb sındırandan və nəticədə həm səhəngdən, həm də sudan məhrum olandan SONRA cəzalandırım? Belədə isə o yadında saxlayacaq ki, səhəngi də, suyu da qorumaq lazımdır, – Nəsrəddin cavab verdi.
PSİXOLOQUN MÖCÜZƏSİ
Balaca oğlan qonşu uşağının oyuncaq atına minmişdi və ondan düşməyə qəti surətdə razı olmurdu. Evlərində bu cür oyuncaqdan düz üçü var idi, ancaq uşaq təkidlə məhz bunun üstündə oturmaq istəyirdi. Anası onu zorla oyuncağın üstündən götürmək istəyəndə isə elə ucadan qışqırıb ağlayırdı ki, məcbur olub yerində otuzdururdular. Oğulları ilə nə edəcəklərini bilməyən valideynlər uşaq psixoloqu çağırmalı oldular.
Psixoloq uşağa yaxınlaşdı, saçlarına tumar çəkdi, ona tərəf əyildi və gülümsəyərək qulağına nəsə dedi. Elə həmin andaca uşaq oyuncaqdan düşdü və dinməz-söyləməz öz evlərinə tərəf üz tutdu.
– Siz ona hansı sehrli sözü dediniz? – təəccüblənmiş valideynlər soruşdular.
Cavab verməzdən əvvəl psixoloq qonorarını aldı:
– Hər şey çox sadədir. Mən ona dedim: “Əgər bu saat atdan düşməsən, mən sənin dalını elə kötəkləyəcəm ki, sonra düz bir həftə heç yerdə otura bilməyəcəksən. Buna görə mənə pul verirlər və mənim bunu edəcəyimə heç bir şübhən olmasın”.
Uşağı cəzalandırmazdan əvvəl özünüzdən soruşun, bəlkə, onun sözə baxmamasının səbəbi sizin özünüzsünüz.
AĞILLI VALİDEYNLƏR
Valideynlər:
– Conni səndən kiçikdir, amma onun məktəbdəki qiymətləri həmişə səninkindən daha yaxşı olur. Bu niyə belədir?
Yeddiyaşlı oğul:
– Çünki Conninin ağıllı valideynləri var.
MÜASİR UŞAQLAR
Bir nəfər övladlarında musiqiyə sevgi yaratmaq üçün onlara pianino alır.
Evə qayıdarkən görür ki, uşaqları karıxmış halda çalğı alətinə tamaşa edirlər. Atalarına:
– Başa düşmürük, bunu elektrik şəbəkəsinə necə qoşurlar? – dedilər.
***
Balaca bir oğlan uşağı ömründə ilk dəfə olaraq böyük şəhərdən kəndə gəlir. Yolun kənarında durduğu vaxt görür ki, yaşlı bir adam at arabası ilə dükana yaxınlaşdı və düşüb içəri keçdi. Uşaq atı böyük maraqla seyr etməyə başlayır – o, əvvəllər heç vaxt bu heyvanı görməmişdi. Kişi dükandan çıxıb getməyə hazırlaşanda oğlan onu səsləyir:
– Ey, cənab! Sizi xəbərdar etmək istərdim ki, o, indicə bütün yanacağını boşaltdı.
***
Əlində banan qabığı tutmuş balaca qız meyvə-tərəvəz dükanına girir. Satıcı qadın soruşur:
– Sənə nə lazımdır, əzizim?
– Bunun içini doldurmaq, – deyə qız cavab verir.
HƏDƏF NƏDİR
Kamandan oxatma məktəbinin müəllimi həyat məsələlərində də ox atmaqda olduğu kimi yaxşı baş çıxarması ilə məşhur idi.
Bir dəfə onun ən istedadlı şagirdi yerli yarışma zamanı üç dəfə dalbadal hədəfi sərrast vurdu. Tamaşaçılar ucadan alqışlamağa başladılar. Onların alqışı həm şagirdin özünə, həm də onun müəlliminə ünvanlanırdı.
Ancaq müəllim çox laqeyd, hətta narazı görünürdü.
Bir müddət sonra şagird müəllimin narazılığının səbəbini soruşdu.
– Sən hələ anlamamısan ki, hədəf hədəfin özü deyil?
– Bəs onda hədəf nədir? – şagird soruşdu.
Lakin müəllim cavab vermədi. Cavabı şagirdin özü nə vaxtsa tapmalı idi, çünki onu sözlə izah etmək mümkün deyildi.
Nəhayət, bir dəfə o, müəllimin nə demək istədiyini başa düşdü: əsas olan nailiyyətin özü deyil, ona olan münasibətdir. Əsas olan hədəf deyil, eqonun4 yox olmasıdır.
BİR UŞAQ ÜÇÜN HƏBSXANA
Bir dəfə hökumət orqanları uşaqlar üçün islahetmə müəssisəsi açmaq qərarına gəlir. Məsləhət üçün tanınmış pedaqoqu dəvət edirlər. O, ehtiraslı bir çıxış edir, koloniyada təlim-tərbiyə işini humanist metodlarla aparmağa çağırır; uşaqlarla səriştəli pedaqoqların işləməsi, onlarla mehriban və nəvazişlə rəftar edilməsi üçün bütün səyləri cəmləşdirməyə dəvət edir.
Çıxışını bu sözlərlə yekunlaşdırır:
– Əgər, heç olmasa, bir uşağın mənəviyyatının pozulmasının qarşısı alınsa, onda hesab etmək olar ki, bu müəssisənin yaranmasına qoyulmuş bütün vəsaitin və zəhmətin əvəzi ödənilmişdir.
Bir qədər sonra şura üzvlərindən biri ondan soruşur:
– Sən nəyisə qarışdırmısan. Məgər bir uşağın xilası bütün vəsait və çəkilən zəhmətin haqqını verə bilər?
– Əgər həmin uşaq mənim övladımdırsa, onda ola bilər, – cavabı gəlir.
AVTORİTET
Avtoritetə olan inam düzgün qavrayışa mane olur
NƏHAYƏT Kİ!
Bir kral var idi. Hər gün keşiş ona “Bhaqavadgita”dan parçalar oxuyur və dediklərini izah edirdi. Sonra isə, adətən, soruşurdu:
– Mənim kralım, sənə söylədiklərimi başa düşdünmü?
Kral suala nə təsdiqləyici, nə də inkaredici cavab verirdi. Belə hallarda o, adətən, deyirdi:
– Əvvəlcə bunu özün başa düşməyə çalış.
Kralın cavabı keşişi pərt edirdi, çünki o bu görüşlərə həmişə çox ciddi hazırlaşırdı və izahlarının da dəqiq və anlaşıqlı olduğunu düşünürdü.
Keşiş, həqiqətən, mənəvi axtarış içində olan biri idi. Bir dəfə meditasiya5 zamanı, o, reallığın – evin, ailənin, var-dövlətin, dostların, şöhrətin, hörmətin və bütün qalan şeylərin xəyali və nisbi təbiətini gördü. Keşiş bütün bunları o qədər aydın dərk etdi ki, ürəyində bütün bu sadalananlara olan həvəsi tamamilə itdi. O, evdən getməyi və ömrünü səyahət etməklə keçirən bir asket6 olmağı qərara aldı.
Getməzdən əvvəl krala qısa bir məktub yazdı:
– Mənim kralım! Nəhayət ki, mən anladım!
SƏTƏLCƏM OLUN!
Bir qadın bərk soyuqlamışdı və həkimlərin yazdıqları heç bir dərman ona kömək etmirdi.
– Nə olar, bir şey edin, həkim, – deyə qadın yalvardı.
– Bir ideyam var, – həkim fikirli halda dedi. – Gedin evə, qaynar duş qəbul edin və qurulanmazdan əvvəl çılpaq halda yelçəkən bir yerdə dayanın.
– Düşünürsüz ki, bu kömək edər? – təəccüblənmiş qadın soruşdu.
– Yox, amma siz sətəlcəm olacaqsınız, onu isə mən müalicə etməyin yolunu bilirəm.
Heç fikirləşmisinizmi ki, sizin quru sizə hər hansı bir xəstəlik üçün bir dərman verə bilər, halbuki xəstəliyin səbəbi elə onun özüdür?
– Allaha şükür ki, piknikə gedərkən özümüzlə qatırı da götürmüşük. Oğlanlardan biri yaralananda onu qatıra mindirib gətirdik evə.
– Necə oldu ki, o yaralandı?
– Qatır ona şıllaq atdı.
HƏKİM ÇUN MƏNİ NECƏ XİLAS ETDİ
– Mənə yaxşı bir həkim məsləhət görə bilməzsən?
– Çun adlı bir həkim var. Mənim həyatımı xilas edib.
– Bu necə olub?
– Bilirsən, çox ağır xəstələnmişdim. Həkim Çinin yanına getdim. Dediyi dərmanı qəbul etdim, halım daha da pisləşdi. Buna görə həkim Çanın yanına getməli oldum. Onun dərmanını içdim və hiss elədim ki, ölürəm. Onda mən həkim Çunun yanına getməyi qərara aldım, amma həmin vaxt o, evdə yox idi.
HƏKİM DAHA YAXŞI BİLİR
Həkim həyat əlamətləri sezilməyən xəstənin üstünə əyildi. Sonra dikələrək dedi:
– Təəssüf edirəm, amma əriniz keçindi.
Cəsədin sinəsindən zəif bir etiraz səsi çıxdı:
– Yox! Mən hələ sağam!
– Ağzını yum, – arvadı onun sözünü kəsdi, – həkim nə dediyini daha yaxşı bilir.
KİMƏ DAHA ÇOX İNANIRSAN
Nəsrəddinin yanına qonşusu gəlir və eşşəyini borca verməyini xahiş edir.
– Mən onu artıq başqasına vermişəm, – Nəsrəddin cavab verir. Elə bu vaxt tövlədən eşşəyin səsi gəlir.
– Amma mən eşşək anqırtısının səsini eşidirəm, – qonşu deyir.
– Sən kimə daha çox inanırsan: mənə, yoxsa eşşəyə?
NƏ VAXT GÜLMƏK LAZIM OLDUĞUNU DEYƏCƏYƏM
Kinoteatrda bir ucaboy tamaşaçı onun arxasında oturan oğlana müraciət edərək soruşur:
– Ekranı görə bilirsən, oğlum?
– Xeyr.
– Narahat olma. Mənə bax və mən gülməyə başlayanda sən də gül.
MÜHARİBƏ NƏ VAXT BİTƏCƏK
Marşal Ferdinand Fok I Dünya müharibəsi zamanı Birləşmiş qüvvələrə başçılıq edirdi. Müxbirlər hər vəchlə onun şəxsi sürücüsü olan Pyeri ələ alaraq marşalın beynində hansı fikirlərin dolaşdığını öyrənmək, müharibənin nə vaxt sona yetəcəyini bilmək istəyirdilər. Amma Pyeri danışdırmaq mümkün olmurdu.
Bir dəfə müxbirlər hərbi qüvvələrin baş qərargahından çıxan Pyeri dövrəyə aldılar.
Sürücü dedi:
– Marşal bu gün, axır ki, dilləndi.
– Nə dedi? – ətrafdakılar səbirsizliklə soruşdular.
– Məndən soruşdu: “Səncə, Pyer, müharibə nə vaxt qurtaracaq?”
Keşişin qızı atasından moizə oxumaq üçün ideyaları haradan aldığını soruşdu.
– Allahdan, – cavabı gəldi.
– Elə isə nəyə görə sən oxuduğun kağızda həmişə nəyinsə üstündən xətt çəkirsən? – deyə qız soruşdu.
MARKONİNİN SAVADSIZLIĞI
Radionun yaradıcısı olan Markoni bir dəfə dostu ilə laboratoriyada oturub simsiz rabitənin texniki məsələlərini müzakirə edirdi.
Artıq laboratoriyanı tərk etdikləri vaxt Markoni dedi:
– Bütün ömrümü mən bu problemin həllinə həsr etmişəm, amma bir nüans var ki, onu heç cür başa düşə bilmirəm.
– Radio ilə bağlı bilmədiyin bir şey var? – heyrətlənmiş dostu soruşdu. – Bu nədir ki elə?
– O necə işləyir, – Markoni cavab verdi.
YEPİSKOP RAYTIN SƏHVİ
Uzun illər bundan əvvəl Amerika Birləşmiş Ştatlarının şərq sahilindən olan bir yepiskop qərb tərəfdə yerləşən dini kolleci ziyarət edir. Onu kollecin fizika və kimya elmləri professoru olan gənc və mütərəqqi fikirli prezidentinin evində yerləşdirirlər.
Bir dəfə prezident müdrik, təcrübəli bir adamla ünsiyyət qursunlar deyə kafedra üzvlərini yepiskopla nahara dəvət edir. Nahardan sonra söhbət sivilizasiyanın qızıl əsrindən düşür. Yepiskop deyir ki, bu lap tezliklə baş verəcək. Sübut kimi o bu dəlilləri gətirir ki, təbiətdə artıq hər bir şey tədqiq olunub və mümkün olan bütün kəşflər edilib.
Prezident nəzakətlə etiraz edir. Onun fikrincə, bəşəriyyət, əksinə, hələ ən böyük kəşflərin astanasındadır. Yepiskop ondan, heç olmasa, birini nümunə gətirməyi xahiş edir. Prezident cavab verir ki, onun hesablamalarına görə, yaxın əlli il ərzində insanlar uçmağı öyrənəcəklər.
Bu, yepiskopu çox güldürür.
– Cəfəngiyyatdır, mənim əzizim, – o bildirir, – əgər Allah bizim uçmağımızı istəsəydi, bizə qanad verərdi. Səma yalnız quşların və mələklərin ixtiyarına verilib.
Bu yepiskopun soyadı Rayt idi. Onun iki oğlu var idi. Birinin adı Orvil, digərininki Uilber idi – məhz onlar birinci aeroplanı ixtira etmişlər.
MƏN ATA UÇMAĞI ÖYRƏDƏCƏYƏM
Bir dəfə Qədim Hindistanda kral bir nəfəri edama məhkum edir. Məhkum onu öldürməməyi xahiş edərək deyir:
– Əgər kral mənə qarşı mərhəmətli olub həyatıma son qoymasa, mən bir il ərzində onun atına uçmağı öyrədərəm.
– Razıyam, – kral deyir. – Amma əgər bu vaxtın tamamında at uça bilməsə, sən edam olunacaqsan.
Təşvişə düşmüş qohumlar soruşanda ki hansı yolla verdiyi sözü həyata keçirəcək, adam cavab verir: “Bir il ərzində kral ölə bilər. Ya da at ölə bilər. Yaxud da o, uçmağı öyrənəcək!”
MƏFTİLDƏN ÇƏPƏR
Qurunun da iştirak etdiyi bir məclisdə cavan alim müasir elmin nailiyyətlərindən ağızdolusu danışmağa başlayır.
– Biz quşlar kimi uça bilirik, – o deyirdi. – Quşların etdiyini biz də edə bilirik!
– Bir istisnadan başqa: biz quşlar kimi tikanlı məftilin üstündə otura bilmirik, – quru fikrini bildirir.
AKKORDEONÇU
Həkim diqqətlə xəstəni müayinə edib dedi:
– Siz musiqiçisiniz, elə deyilmi?
– Düzdür, – təəccüblənmiş xəstə cavab verdi.
– Və siz nəfəs çalğı alətində ifa edirsiniz.
– Elədir! Siz bunu nədən bildiniz?
– Çox sadə! Ciyərlərinizdən xırıltı səsi gəlir, boğazınız da iltihablanıb. Şübhə yoxdur ki, bu, güclü təzyiqin nəticəsidir. Hansı alətdə ifa edirsiniz?
– Akkordeonda.
Qüsursuzluğun təhlükələri!
QARTAL VƏ TOYUQ
Necəsə oldu, qartal yumurtası gəlib fermerin hinində toyuq yumurtaları arasına düşdü. Bir müddətdən sonra digər cücələrlə yanaşı, qartal balası da dünyaya gəldi.
Bir qədər də keçdi və lələkləri təzəcə çıxmış quşcuğaz özündə uçuşa qəribə bir meyil hiss elədi. Bir dəfə anası-toyuqdan soruşdu:
– Mən nə vaxt uçmağı öyrənəcəyəm?
Yazıq toyuq uçmağa qadir olmadığını heç dərk də eləmirdi və başqa quşların balalarına uçuş sənətini necə öyrətmələri haqqında təsəvvürü belə yox idi. Lakin özünün bu qüsurunu boynuna almağa utanırdı, odur ki cavab verdi:
– Hələ tezdir, balaca. Hələ tezdir. Bir az da gözlə, sən tam hazır olanda sənə bunu öyrədəcəyəm.
Aylar ötdü və gənc qartal şübhələnməyə başladı ki, anası uçmağı bacarmır. Amma sərbəst uçmağa da qərar verə bilmirdi, çünki onun uçmağa olan dəlisov həvəsi onu böyüdən quşa olan minnətdarlıq hissi ilə ziddiyyət təşkil edirdi.
NƏSRƏDDİNİN MƏSLƏHƏTİ
Molla Nəsrəddinlə bağlı məlumat topladıqdan sonra xəlifə onu məhkəmədə baş müşavir vəzifəsinə təyin etdi. Onun hakimiyyəti səriştəyə deyil, xəlifənin himayəsinə əsaslandığından Nəsrəddin onun yanına məsləhətə gələn hər bir kəs üçün əsl cəzaya çevrilmişdi. Bir parlaq nümunə gətirək.
– Nəsrəddin, dünyagörmüş adamsan, – deyə bir yaltaq ona müraciət etdi. – Gözağrısına qarşı bir vasitə bilmirsən? Neçə vaxtdır ki, göz ağrıları məni incidir.
– Səninlə öz təcrübəmi bölüşəcəyəm, – Nəsrəddin cavab verdi. – Mənim dişim ağrıyanda heç bir şey kömək etmirdi, ta mən onu çəkdirib atana qədər.
HƏKİMİN HÖKMÜ
Həkim fikirləşdi ki, xəstəyə həqiqəti söyləməyin vaxtıdır.
– Düşünürəm ki, sizə bunu deməliyəm: xəstəliyiniz çox ciddidir və siz, güman ki, iki gündən artıq yaşaya bilməyəcəksiniz. Yəqin ki, hansısa işləri yoluna qoymalısınız. Kimisə görmək istəyirsinizmi?
– Hə, – xəstə titrək səslə cavab verdi.
– Kimi? – həkim soruşdu.
– Başqa bir həkimi.
MARK TVENİN ŞÖHRƏTİ
Bir cavan ədəbiyyatçı Mark Tvenə deyir ki, öz yazıçılıq istedadına olan inamını itirməyə başlayıb.
– Sizi də nə vaxtsa belə hislər narahat edib?
– Hə, – Tven cavab verir. – Bir dəfə, yazıçılığa başlayandan 15 il sonra, birdən dərk elədim ki, tamamilə istedadsızam.
– Bəs siz nə etdiniz? Yazmağa son qoydunuz?
– Bunu necə edə bilərdim? Həmin vaxta qədər artıq tanınmış idim.
VARLI DİRİJOR
Bir varlı adam çoxdankı arzusunu – orkestrə rəhbərlik etməyi – həyata keçirmək fikrinə düşür. O, bir təbilçi, üç saksofonçu və iyirmi dörd skripkaçı tutur. Birinci məşqdə elə pis dirijorluq edir ki, təbilçi digər musiqiçilərə onu tərk etməyi təklif edir. Lakin saksofonçulardan biri deyir:
– Niyə gedək ki? Bizə yaxşı əməkhaqqı verir. Bundan başqa, yəqin ki, musiqidən də yaxşı başı çıxır.
Növbəti məşqdə dirijor heç cür takta düşə bilmir. Təbilçi hirsindən təbilləri bərkdən döyəcləməyə başlayır. Dirijor səssizlik tələb edir, musiqiçiləri nəzərdən keçirir və soruşur:
– Kim idi bunu edən?
ASAN İŞ
Bir nəfər orkestr meneceri olan dostuna deyir ki, həmin orkestrdə yer almaq istəyərdi.
– Mən heç bilmirdim ki, sən musiqi alətində çalmağı bacarırsan.
– Bacarmıram, – deyə dostu etiraf edir. – Amma fikir vermişəm ki, orkestrdə bir nəfər var, o birilər çalan zaman o, əlində bir çubuq tutub ora-bura yellədir. Məncə, bu işin öhdəsindən gələrəm.
Ücretsiz ön izlemeyi tamamladınız.