Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hekayələr», sayfa 2

Yazı tipi:

– Sən bu uğursuz yuxuları yadından çıxart, Pərican, – deyə ovçu səsləndi. – Yuxu ancaq yuxudur, başqa heç bir mənası yoxdur.

Pəri gözlərini ocaqdakı alova zilləyib bir an fikrə getdi.

– Yox, laçınım, – dedi, – mənim yuxum həmişə çin çıxıb. Görünür, maralımın başında bir xəta var… İndi mən gərək həmişə gözdə-qulaqda olam.

O gündən Pəri tez-tez meşələrdə, dağlarda yox olmağa başladı.

* * *

Bir axşam ovçu adəti üzrə bir dəstə meşə göyərçini vurub evə qayıtmışdı. Pəri meşə göyərçinlərinin kababını çox sevirdi. Qız bu quşları Əşrəf babanın nar çubuqlarından qayırdığı şişlərə çəkib qızardır, hər axşam ailə üçün kiçik, lakin dadlı bir süfrə açırdı.

Bu dəfə ovçu öz komasına girərkən içəridə heç kəsi tapmadı. Quşları ocaq qırağına atıb qonşu komadan Pərinin anasını səslədi. Ovçunun səsini eşidən ana öz komasından çıxdı, qızının hələ də evə qayıtmadığını bilib təlaşa düşdü, yaxın dağlara tərəf baxaraq:

– Meşəyə getmişdi, – dedi. – Olmaya qız dumana düşüb azdı?!

Ovçu ananı sakitləşdirib Pərinin dalınca meşəyə getdi. Meşə artıq duman və qaranlıq içində idi. Ovçunun özünü vurmadığı yer, axtarmadığı bucaq qalmadı. Lakin Pəri yoxdu ki, yoxdu. Ovçu özünü qalınlıqlara vurub vurnuxur, üzünü müxtəlif tərəflərə çevirib Pərini haylayır, lakin qaranlıq meşədən cavab gəlmir, harayına yalnız uzaq təpələrdə ağız-ağıza verib ağlaşan çaqqallar səs verir, gah sağında, gah solunda isə ağaclar arasında od kimi közərən qoşa nöqtələr zahir olurdu. Bu, meşədə dolaşan ac canavarlardı, hərdən onların gözləri zülmət içində bir məşəl kimi alovlanırdı. Dəhşətdən ovçunun alnını soyuq tər basdı: o, köməksiz sevgilisini qan-ölüm və pusqu təhlükəsi ilə nəfəs alan belə bir gecədə, bu çıxılmaz və qaranlıq meşədə tapa bilmir, Pərini çağıran səsi qəhərlənmiş boğazında ilişib qalır, batqın xırıltılarını yalnız özü eşidirdi.

Bu zaman onun yanından qara bir kölgə ötüb keçdi. Ovçu diksinib gözünü qaranlığa zillədi. Lakin heç bir şey görüb seçə bilmədi. Yalnız irəlidə kiminsə ayağı altında quru çır-çırpıların sındığını eşidirdi. Ovçu bu xışıltını tuş tutub getdi. Birdən səs kəsildi, ovçu dərhal addımlarını sürətləndirib od çaldı, qarşısında nə olduğunu bilmək istədi. Kiçik alovun parçaladığı qaranlıqdan bir cüt qonur-qara göz işıldadı. Bu maral idi. Ovçunun yaxınlaşdığını görüb cəld kənara sıçradı və bu an ovçu uzaqdan onu çağıran Pərinin səsini eşitdi.

Ovçu dəli kimi irəli atıldı, əlləri ilə, döşü ilə ağacların qol-budaqlarını yara-yara Pərinin səsi gələn səmtə doğru yüyürdü.

Ovçu çox gedib, nəhayət, Pərini yuxarıda, laləli dərənin üstündə dik ucalan qoca qovaq ağacı altında tapdı.

İki kölgə qaranlıq içində bir-birinə sarıldı. Çox keçdi, lakin heç biri heç bir söz deyə bilməyərək, yalnız ürəyinin döyüntüsünə qulaq asdı. Handan-hana Pərinin səsi eşidildi:

– Laçınım, – deyə başını ovçunun sinəsinə sıxaraq meşəyə tərəf baxdı, – bir bax, dərə dibində canavarların gözləri çıraq kimi yanır. Maral isə evə getmək istəmir. Nə qədər yalvarıb oxşadım, getmədi… Axşamdan burada, bu qovaq altında dayanıb durmuşuq… Meşədən sənin səsin gələndə tanıdı, dalınca getdi, səni gətirdi, laçınım, amma özü yenə yox oldu.

Ovçu ağır-ağır nəfəs alıb dinmədi. Üzü tutuldu, ürəyi qaynar bir hirslə döyündü. Başından keçən fikirlər, külək qovub parçalayan qara buludlar kimi, ağır və pərakəndə idi. Artıq Pəri də susmuşdu, başını ovçunun döşünə sıxıb dinmirdi. İndi hər ikisi gözünü qaranlığa zilləyib, sanki baxışı ilə qatı qaranlığı yararaq, gələcəyin uzaq və dumanlı aynasında nə isə görmək istəyirdi.

Bəzən onlar axşamlar gəzməyə çıxarkən buraya, laləli dərənin üstünə gələr, indi dayandıqları yerdə, qoca qovaq ağacı altında ot üstünə yıxılıb yanaşı oturardılar. Gündüzlər buradan baxanda sanki bütün dünya onların ayaqları altında qalar, gözləri qarşısında xəyalı qanadlandıran uzaq və dumanlı üfüqlər açılardı. Arxada, başları üstündə isə bol otlaqlı, səfalı yaylaqlı, başıqarlı Şahdağı ilə sıldırım qılınc qayaları çılpaq və heybətli Baba dağı yüksələrdi.

Bu zaman Pəri uzaqdakı dumanlı düzənlərə baxaraq soruşardı:

– Düzünü de, laçınım, könlün quşu heç aşağılara, gəldiyin yerlərə uçmaq istəyirdimi?

Ovçu cavab verərdi:

– Yox, göyərçinim, yox… Könlüm quşu padşahını axtaran bir dövlət quşu idi ki, nəhayət, gəlib sənin başın üstündə qanad çaldı… Elə xoşbəxtəm ki, göyərçinim, qorxuram bütün bunlar bir yuxu ola, birdən ayılam.

O zaman Pərinin gümüş sədalı bəxtiyar səsi laləli dərənin üzərində qanad çalar, ta Şahdağının qarlı zirvələrinə qədər ucalar, meşələrdə vaz atan4 cüyürlər, çılpaq qayalar üstündən havalanan qartallar qızın ovçuya oxuduğu dağların bu misilsiz bayatılarına qulaq asardılar:

 
Dağlara şeh düşəndə,
Gülə şəbnəm düşəndə
Ruhum qəfəsdə oynar,
Sən yadıma düşəndə.
 
 
Dağlar başı tütündü,
Kimin başı bütündü.
Tez gəl üzünü görüm,
Dünya ölüm-itimdi.
 
 
Dağlar, mənə qar göndər,
Əsirgəmə, var göndər.
Ya bu dərdə şərik ol,
Ya dərmanı var göndər.
 
 
Dağlar duman oldu, gəl,
Halım yaman oldu, gəl.
Günlə vədə vermişdin,
İllər tamam oldu, gəl.
 

İndi bu dumanlı və qaranlıq gecədə elə bil onların səadətinin açıq səmasına hardansa qopan bir bulud gəlmişdi. Bəlkə, bu, azğın düşmüş sərsəri bir buluddur ki, tezliklə ötüb gedəcək, bəlkə, onların ürəklərini döyündürən səbəbsiz bir təlaşdı ki, gecənin bu zülmətindən doğub, bu zülmət ilə bərabər də əriyəcək.

Nəhayət, ovçu sanki bu ağır fikirlərindən azad olmaq istəyirmiş kimi yerindən qımıldandı:

– Gecə keçir, Pərican, gedək, anan evdə nigarandır.

– Bəs maral nə olsun, laçınım, yenə onu meşədə qoyub gedək?

Ovçudan cavab gəlmədi. Qız başını qaldırıb onun üzünü görmək istədi, lakin qaranlıqda nə ovçunun tutqun üzünü, nə də gözlərində kölgə salmış ağır düşüncələrini gördü.

Sükut içərisində evə qayıtdılar.

Əşrəf baba əlində qaraçıraq koma yanında onları qarşıladı. Çırağın qırmızı hisli işığında qoca onları küskün görüb gülümsədi.

Əşrəf baba bu gün çox tez durub sarı qaya tərəfə yola düşmüş, bildirdən5 orada yerini bələdlədiyi yamaclardan yeralması adlandırdığı yumru köklər qazıb gətirmişdi. İndi ovçu ilə Pərini bikef görərkən, qoca gedib komadan həmin yeralmalarından ikisini gətirdi, hərəsinə bir dənə bağışlayıb dedi:

– Bunları yeyib yatın, onda elə bir yuxu görəcəksiniz ki, qüssəniz səhər dumanı kimi uçub dağılacaq.

Ovçu ilə Pəri bu almacıqları yedilər və dərhal yuxuya gedib ağ çiçəklərlə dolu fərəhli bir yuxu gördülər.

Səhər açılarkən gecə ürəklərindən asılmış o ağır və tutqun duyğulardan əsər belə qalmamışdı. Dərhal əl-ələ verib bir uşaq sevinci ilə ayağa qalxdılar. Yuxarılardan axıb gələn durnagözlü bir çeşmənin dupduru suyunda yuyundular. Ovçu suyun gətirdiyi bir dağ çiçəyini tutub Pəriyə verdi. Saçlarını darayan Pəri çiçəyi dişləri arasına aldı, ovçuya baxıb gülümsədi. Ovçu sevgilisinin bu çiçəkli təbəssümünü görərkən, öz bəxtiyarlığından özü qorxdu, sevinclə qabaran sinəsindən ixtiyarsız həzin bir fəğan qopdu.

Sonra tut ağacı altında, çəmən üstündə sərilmiş süfrə başında oturdular, bütün günü ovçu sevgilisini güldürür, Pəri isə bir körpə kimi o qədər ürəkdən gələn, qayğısız bir səmimiyyətlə gülürdü ki, bu gülüşlərdən məst olan ovçunun başı gicəllənirdi.

Axşamüstü onlar komalarının arxasındakı təpəyə qalxdılar. Orada oturub Yasamal dalına çəkilən günəşə, dumanlanan uzaq üfüqlərə, hardasa çox dinlənib yubanan, indi yuvalarına tələsən azğın düşmüş tənha quşlara tamaşa elədilər.

Sonra ovçu gözünü qaranlıqlaşan uzaqlardan çevirib, üzünü Pərinin saçlarında qərq elədi. Qızın dağ çiçəkləri kimi ətir saçan saçlarını qoxulayıb kirimişcə nəyə isə qulaq verdi.

Nəhəng dağlar, qalın meşələr dərin bir sükut içində donub durmuşdu.

Lakin bu sonsuz və möhtəşəm sükut özü sanki hansı tərəfdən gəldiyi bəlli olmayan, güclə gəlib yerə yetişən, varlığını eşitdirməkdən artıq hiss etdirən çox uzaq və qərib bir səsə qulaq verirdi. Elə bil ki, bu, milyon-milyon illər bundan əvvəl ulduzlardan o tayda məhv olub dağılmış bir dünyanın sonuncu fəryadı idi ki, indi gəlib bizə yetişir, sönən səsiylə kimi isə gecikmiş, əbəs bir köməyə çağırırdı.

Birdən uzaqlarda, meşə dalında dalbadal bir neçə güllə açıldı. Bu səsdən səksənən sükut şüşə kimi qırıldı, donub nəhəng dəvə karvanı kimi dayanmış qatar dağlarda boğuq bir vəlvələ qopdu. Səslər yalçın qayalarda partlayıb guruldadı, sonra qəlpələri bir uçqun kimi üzüaşağı, zülmət dolu dibsiz uçurumlara töküldü.

Pəri sıçrayıb ayağa qalxdı, əli ilə ürəyini tutaraq:

– Laçınım, – dedi, – bu, yəqin, arandan dağa qalxan ovçulardır…

Ovçu başını tərpətdi, dalğın halda uzaqlara baxaraq cavab verdi:

– Görünür, maral ovuna çıxıblar.

Bunu eşidən Pəri daha da həyəcanlandı, bir müddət meşəyə baxaraq qaldı. Sonra təpədən üzüaşağı, komalarına doğru yüyürdü.

Bir az sonra tövşüyə-tövşüyə, birnəfəsə təpə başına qalxaraq, əlində gətirdiyi tüfəngi ovçuya uzadıb:

– Gedək, laçınım, – dedi, – gedək, maralımızı mərdimazar ovçu gülləsindən qoruyaq.

Ovçu yerindən tərpənməyərək, heyrətlə Pərinin təlaş dolu gözlərinə baxdı.

– Oyan, laçınım, nə olub sənə, tez ol tərpən, yoxsa yubanıb özümüzü bədbəxt edərik.

Pəri irəli şığıyıb, ovçunu da dalısınca aşağıya doğru çəkdi: bir anda qızın həyəcanı ovçuya da sirayət elədi, hər ikisi təpədən enib meşəyə sarı yüyürdü. Meşəyə girərkən Pəri artıq qabağa düşüb bələdçilik eləməyə başladı.

İndi o dibsiz uçurumların üstündən asılmış yalçın qayaların böyrü ilə, bir adam güclə sığışan dik cığırlarla yuxarı qalxır, arxadan gələn ovçu isə qızın qopub yıxılmasından qorxaraq, öz ayağı altına baxmadan daban-dabana Pərinin izi ilə gedirdi. Xeyli yuxarı qalxdıqdan sonra ovçu nəfəsi qaralmış Pərinin qolundan tutub saxladı:

– Dayan, göyərçinim, dayan, nəfəsini dər, çox ola bilsin ki, güllələr aşağıda atıldı, əks-sədası yuxarıdan, qayalar dalından gəldi.

Pəri qaya divarına söykənib nəfəsini dərdi.

– Təki elə olaydı, laçınım, – dedi, – amma indi ki buracan gəlmişik, geri qayıtmayaq. Yuxarıda bir göl var. Bu vaxtlar maral ora su içməyə gedir. Qalxaq, onu salamat görüm, ürəyim rahat olsun.

İndi onlar ağır-ağır qalxır, dağ keçisi sürülərinin açdığı, eni bir qarış cığırları kəsifləşən alaqaranlıqda güclə seçirdilər. Bir yerdə Pəri cığırı itirərək dayandı, gözlərini qaldırıb göyə baxdı.

– Bir az gözləyək ay çıxsın, – dedi, – qaranlıqda cığırı tapa bilmirəm.

Yanaşı bir daş üstündə oturdular. Ay göy ətəyindən qalxıb buludlar içindən çıxaraq, ta qayalar başına gələnə qədər gözlədilər.

O zaman sanki dağlar, meşələr üzərinə gümüş tozundan narın bir yağış səpələndi. Yuxarıda dağ yalının üfüqü kəsdiyi cizgi üzərinə isə bir dəstə ağ ulduz qondu. Onlar bu ulduzları tuş tutub getdilər. Lakin ovçu ilə Pəri aşırım başına çatanda, ulduzlar ürkmüş ağ göyərçinlər kimi yal belindən qopub yuxarı qalxdılar, bir-bir göy qübbəsinə sancılıb, yenə öz doğma boşluqlarında göz qırpıb sayrışmağa başladılar.

Ovçu ilə Pəri ulduzlar qopan yaldan aşıb o taya keçdilər. Dayanmadan baş alıb gedən Pəri birdən ovçunu yanında görməyəndə, dönüb geri baxdı. Ovçu bir az yuxarıda hərəkətsiz dayanaraq, sanki yerində donub qalmışdı.

Qız tez onun yanına yüyürərək ovçunun qoluna toxundu.

– Niyə dayandın, laçınım, – dedi. – Budur ha, artıq çatmışıq…

Handan-hana dilə gələn ovçu əlini aşağıya doğru uzadaraq yavaşdan dedi:

– O nədir elə, Pərican? O büllur ayna kimi parıldayan nədir orda?

Pəri gülümsəyərək dönüb geri baxdı:

– Dediyim maral gölü odur, laçınım, dağların maralları oradan su içirlər.

Ovçu gözlərini gördüyü mənzərədən çəkə bilməyərək qızı köksünə sıxıb pıçıldadı:

– Yox, göyərçinim, o göl deyil, o, yuxudur, röyadır, bizə görsənir…

Gülümsər gözləri parıldayan Pəri altdan yuxarı ovçunun üzünə baxdı.

– Yaxına gedək, laçınım, – dedi. – Yaxın gedəndə o göl elə bil adamın üzünə gülür, uzaqlaşanda doluxsunur, elə bil ağlamaq istəyir.

Ay işığı düşmüş cığırla, yenə Pəri qabaqda, ovçu dalda üzüaşağı endilər. Hər ikisinin gözü irəlidə idi, elə bil əfsanəvi bir quşu ürküdüb uçurtmaqdan ehtiyat edərək, nəfəslərini belə çıxarmadan hərəkət edirdilər.

Bir az aşağıda isə yaşıl meşəli təpələr arasına sığınmış kiçik bir dağ gölü sınmış ayna kimi ay işığında bərq vururdu. Elə bil ulduzlar onun üzünə gümüş pərəkli bir duvaq salmış, başı üstündə yüksələn heybətli dağlar keşiyində dayanmış, sahilində cərgələnmiş şümşad qamətli ağaclar əsrlik tamaşasına durmuşdu. Başını sular üzərinə əymiş budaqlarda titrəşən yarpaqlardan isə sanki ehtiraslı bir inilti qopurdu. Ovçu xırdaca ləpələrin döydüyü böyük bir daşın böyrünə qısılıb, sehrlənmiş kimi yaxından gölə baxırdı. Yuxarıda həmin daş üstündə oturmuş Pəri isə əlləri ilə dizlərini qucaqlayıb başını sağ çiyninə söykəmişdi. İndi bir-birinin qarşısında dayanmış iki dağ gözəli bir-birinə tamaşa edirdi. Bunu hiss edən ovçu başını qaldırıb bir Pəriyə, bir gölə baxdı… Və birdən qızın, gölün, gecənin gözəlliyi bir dalğa kimi kükrəyib, bir uçqun kimi onun üstünə aşdı, ovçunun başı döndü, ovçu ixtiyarsız gözlərini yumub alnını yanındakı soyuq daşa söykədi.

Bu zaman gölün o biri tayından boğuq səs gəldi. Sonra meşəni yarıb çıxan bir maral ay işığında gölün o biri sahilində ucaldı.

Pəri diksinib ayağa sıçradı, sonra daş üstündən yerə atılıb suyun qırağına yüyürdü, yarı insan, yarı quş nəğməsini andıran qəribə səslərlə maralını haraylayıb çağırmağa başladı.

Pərinin çağırışını eşidən maral qarşı sahildən qopan bir daş kimi gölə düşdü və dərhal su üzərində iki gümüş qanad açılıb büküldü, sonra sanki sapı qırılmış boyunbağıdan dağılan incilər gölün aynası üzərində səpələnib diyirləndi. Bu zaman ulduzlar da göydən qopub aşağıya, gölə töküldü, xırdaca dalğaların belində əl-ələ verib yallı getdi.

Pəri dönüb ovçuya baxdı, bir uşaq kimi sevinib çığırdı:

– Laçınım, boyun qurbanı, yaxın gəl, bir bax, maralımız salamatdır, maralımız üzüb yanımıza gəlir.

Ovçu söykəndiyi daşdan qopub Pərinin yanına gəldi. Şaxlı-budaqlı buynuzlarını yuxarı qaldırıb, eyzən ulduzlardan çiçək açmış gölün sularında onlara doğru üzən maralı gördü. Maral sanki gümüş bir axını yararaq gəlir, fınxırdıqca burun pərələrindən sağa-sola mavimtraq qığılcımlar saçırdı. Bu zaman birdən gölün suları söndü, ulduzlar sıçrayıb yuxarı qalxdı, maral görünməz oldu, göl üzərində yalnız qara bir işıltı qaldı.

Pəri yenə oxuyub maralını çağırdı, lakin bu dəfə onun səsi qaranlıqda qüssə ilə titrədi, qız ovçuya qısılaraq, başını yuxarı qaldırıb pıçıldadı:

– Ay batdı, laçınım. Bu qara bulud haradan gəldi? Maral da, deyəsən, geri qayıtdı.

Ovçu qızın saçlarını oxşadı:

– Ürəyini sıxma, göyərçinim, özün gördün ki, maralın salamatdır. Amma ay çıxmasa, geri qayıdanda yolu tapmaq çətin olacaq. İstəyirsən gecəni burada qalaq?

– Qalaq, laçınım, qalaq, – deyə Pəri ehtirasla pıçıldadı. – Əgər alnımıza yazılıbsa, bu gecə ömrümüzün ən bəxtiyar gecəsi olsun!

Ovçu dərhal meşədən qucaq dolusu quru ot yığıb gətirdi, köməkləşib gölün hündür sahilində, ağ qovaq ağacları altında özlərinə yataq düzəltdilər. Ovçu qolunu qızın başı altında yastıq elədi, yorğun olduqlarından çox tez yuxuya getdilər.

Hardasa yaxında bir iydə ağacı çiçək açmışdı. Gecəyarısı iydə ağacı tərəfdən əsən həzin külək ara vermədən iydə çiçəklərinin tünd qoxusunu onların nəfəsinə verir, ovçu ilə Pəri isə sanki bu qoxudan yuxularında məst olaraq, yuxu içində qırıq nidalarla bir-birini səsləyirdilər.

Lakin gecənin bir aləmində ovçu qəfildən diksinib oyandı. Pəri yanında yox idi. Ovçu qalxıb yerində oturdu, ətrafına boylandı, zərif bir duman içində xumarlanan gölə baxdı, başı üstündə gecə şərqisi oxuyan qovaq yarpaqlarına qulaq verdi, küləyin gətirdiyi iydə çiçəklərinin ətrini tənəffüs etdi və ona elə gəldi ki, bütün bunlar bir az əvvəl gördüyü yuxunun davamıdır.

Lakin əgər bu, gördüyü yuxunun davamı isə, bəs Pəri harada idi? Axı yuxularında belə onun sevgilisindən ayrı düşdüyü bir dəqiqəsi olmamışdı…

Ovçu bir hənirti eşidərək, sıçrayıb ayağa qalxdı. Aşağı enib bir az irəlidə, ay işığı düşmüş meşə yanında maral ilə Pərinin qara kölgələrini gördü. Ovçu nə edəcəyini bilməyərək, bir an yerində hərəkətsiz qaldı. Nəfəsini udmuş bu lal gecə içərisində yalnız yarpaqların, bir də Pərinin səsi titrəyirdi. Qızın səsində sanki bir yalvarış vardı, maralın üz-gözünü oxşayaraq ona nə isə deyirdi.

Birdən ovçu geri dönüb yatağı yanında qoyduğu tüfəngin dalınca cumdu… Lakin iki addım atmamış yaxındakı bir ağacdan yapışdı, bütün iradəsini toplayaraq, güclə özünü dayanmağa məcbur etdi.

Ovçu sanki təngnəfəs olub boğulurdu. O, tüfəngini qapıb meşələrə cummaq, dağlara qaçmaq, bir ilan kimi ürəyini sancan zəhərli ağrının hovunu almaq üçün qarşısına çıxan nə varsa ovlamaq, mərdimazar bir ovçuya dönüb meşələrdəki ağaclara, dağlardakı göllərə, yol qırağındakı daşlara, dərələrdə çağlayan çaylara… rastına düşən hər bir şeyə…və dünyanın bütün marallarına bir güllə sıxmaq istədi. Buna görə idi ki, özünü zorla saxlayan ovçunun gözlərinə qan sağılmışdı, çiyninə bir dağ ağırlığı çökmüş kimi ağır-ağır nəfəs alırdı. Hələ bu dağlar… ta uşaqlığından onu çağırıb nə isə vəd edən, nəhayət, onu çəkib gətirərək vədini yerinə yetirən, bir anda ona dünya səadətini bəxş edən bu uzaq və əzəmətli dağlar belə indi birdən-birə onun gözlərində qaralmışdı.

Ovçu bir an gözlərini yumub başını ağacın gövdəsinə söykədi. Sonra gözlərini açıb sanki bir yuxu içərisindən dönüb geri baxarkən, tala qırağında maralın birdən diksinib geri sıçradığını, Pəridən üz çevirib meşəyə doğru qaçdığını gördü. Elə bil indi Pəri ondan çox uzaq bir nöqtədə, əl irişməz6, səs çatmaz bir məsafədə dayanmışdı.

Maral üz çevirib meşəyə qaçarkən, Pəri də dönüb geri baxdı, ovçunu ağaca söykənib dayanmış görərək, qız cəld ona sarı yüyürdü. Bir-birinə heç bir söz demədilər, quru otdan salınmış yataqları yanına gəldilər. Bir az əvvəl yorğun və xoşbəxt yuxuya getdikləri bir yataq indi onlara soyuq və narahat görünürdü. Bir-birinin yanında oturub göl qırağındakı daşlar kimi hərəkətsiz qaldılar. Sonra Pəri sanki canına işləyən amansız bir soyuqdan titrəyərək ovçuya qısıldı.

– Niyə dinmirsən, laçınım, – dedi, – yoxsa mən şirin yuxunu sənə haram elədim?

Ovçu Pərinin başını ovucları içərisinə alaraq, ay işığında diqqətlə onun gözlərinə baxdı. Qızın qorxu ilə alacalanmış gözlərini görərkən, ovçunun hirslə döyünən ürəyində sevgilisinə qarşı yenə sonsuz bir şəfqət oyandı:

– Niyə rəngin qaçıb, göyərçinim, niyə rahat olmursan, axı gözlərində yuva salan bu qorxu nədir?

– Ah, laçınım… heç özüm də bilmirəm, – deyə Pəri köksünü ötürüb inildədi.

– Yox, buna son qoymaq lazımdır, – deyə ovçu yenə boğazında düyünlənən hirsini uddu, – dağlarda sərgərdan gəzən o maral elə bil səni tilsimə salıb, fikrini-xəyalını əsir eləyib. Tufan qopan o gecədən sonra sən həmişə səksəkə içindəsən, gecələr çığırıb yuxudan ayılırsan…

Ovçu ağır-ağır nəfəs alıb bir an susdu. Sonra Pərinin başı üstündən hara isə baxaraq, batqın bir səslə dedi:

– Qoy o maral bu dağlardan çıxıb getsin… Qoy o bir daha nə sənin gözünə görünsün, nə mənim!

Pəri diksinib başını ovçunun sinəsindən qaldırdı:

– Yox, yox, laçınım, mən onu gözümdən irağa qoya bilmərəm. O mənim qismət maralımdır, səni buralara o gətirdi, məni xoşbəxt eləyən o oldu. Özü isə obadan didərgin düşdü, meşələrdə tək qaldı… Allah eləməsin, o mərdimazar bir ovçu gülləsinə tuş gəlsə, onda mən də ölərəm, laçınım…

Ovçu qulaqlarına inanmayaraq heyrət içində donub qaldı, yalnız dili dolaşa-dolaşa:

– Sən nə danışırsan, Pərican… Sən nə danışırsan… – deyə bildi.

Pəri bir an fikrə getdi, gözlərini ay işığında qaralan meşəyə tərəf zillədi, sonra sakit və həzin bir səslə dedi:

– Düz deyirəm, laçınım, o maralsız mən yaşaya bilmərəm.

Ovçunu sanki yeddi il susuz qalmış zəhərli bir ilan çaldı – nəfəsi qısıldı, rəngi qaraldı, gözləri geniş açıldı, sonra o, üzüqoylu quru ot üstünə düşüb qıvrıldı. İndi amansız bir ağrı onun sinəsini sökür, ürəyindən qopan fəğan içində boğulur, xudbin bir hiss qana susamış bir qartal caynağı ilə bütün varlığını didib dağıdırdı.

Ovçunun ağır sükutundan ürəyinə vahimə çökən Pəri titrək bir səslə:

– Səsini çıxar, laçınım, – dedi, – səsini çıxar, mən qorxuram.

Lakin ovçudan səs çıxmadı.

Pəri uşaq kimi onun böyrünə qısıldı, dərindən köksünü ötürdü, yalnız səhər üzü alaqaranlıqdan sıyrılan dağ təpələri ayazıyan göylərin dərinliyinə sancılarkən ağır bir yuxu qızın gözlərinə qara pərdə çəkdi.

* * *

Üç gün sonra axşama yaxın dağlardan qopan bir külək sakit və hərəkətsiz dayanmış ağacları yırğalayıb səsə gətirdi. Bir az sonra isə artıq bütün meşələr çalxanıb uğuldayan bir dənizi andırırdı.

Səhər evdən çıxan ovçu hələ də meşədən qayıtmamışdı. Pəri isə təlaş dolu gözlərini meşəyə tərəf dikərək, komalarının arxasındakı təpə üstündə oturub, ovçunun yolunu gözləyirdi.

Maral gölü kənarında keçirdikləri o səadətli və fəlakətli gecədən sonra artıq üç gün idi ki, ovçu evə qapanaraq ova getmək istəmirdi. Nəhayət, bu gün Pərinin ricasını yerə salmaq istəməyərək tüfəngini əlinə alarkən, dərhal ürəyini bir həyəcan çulğaladı, bir an tərəddüd etdi, nə isə elə bil ayaqları getmirdi, sonra birdən o, tələsik özünü komadan çölə atdı, adəti üzrə Pərini qolları arasına alıb xudahafizləşməyi belə unutdu.

İndi Pəri təpə üstündə oturub, ürəyini üzən bir intizar içərisində ovçunun yolunu gözləyir, bu gün meşədə çox yubandığı üçün fikrində gah onu məzəmmət edir, gah da öz məzəmmətlərinə özü etiraz edirdi.

– Yox, görünür, bu gün laçınımın ovda bəxti gətirməyib, – deyə qız öz-özünə fikirləşirdi, – yoxsa o, heç vaxt bu qədər meşədə yubanıb məni tək qoymazdı…

Günəşin odlu çevrəsi artıq tamamilə Yasamal dalına çəkilib batabatda idi. Növbəti bir külək hücumu qızın saçlarında ilişib qalmış axırıncı qızıl şüaları da söndürərkən, meşədən bir güllə səsi gəldi.

Pəri diksinərək dodaqları altında öz-özünə nə isə pıçıldayıb ayağa qalxdı. Atılan güllənin boşa çıxmayıb nəyə isə dəydiyini səsin batqın çıxdığından anladı. Ürəyinə daman uğursuz bir hissin həyəcanı içərisində o, artıq davam gətirməyərək, təpədən üzüaşağı meşəyə doğru yüyürməyə başladı. Pəri meşəyə yetişərkən, ovçu qalınlıqdan çıxıb tala içindən keçən cığırda göründü. Saçları dağılmış, rəngi qaçmış Pəri özünü ovçunun üstünə saldı. Ovçunun əlini və çantasını boş görərkən, qızın həyəcanı daha da artdı, nəfəsini güclə dərərək:

– Laçınım, laçınım, – dedi, – sənin ki, boşa çıxan güllən olmamışdı, bəs indi əlin niyə boşdur?

Ovçu nədənsə qızın gözlərinə baxa bilmədi, nə isə demək istədi, lakin deyə bilmədi, yalnız Pərinin başı üzərindən uzaqlara baxaraq susdu. Pəri artıq taqətdən düşdüyünü hiss edərək, var gücünü toplayıb, ovçunun qolundan tutaraq silkələdi:

– Niyə dinmirsən, laçınım? İndicə atdığın güllə də mi boşa çıxdı?

O zaman ovçu özünün hiss etmədiyi bir zalımlıq və ovçuluq qüruru ilə:

– Yox, – dedi, – güllə boşa çıxmadı… Ancaq ömrümdə birinci dəfədir ki, mən ovumu yaraladım, yıxa bilmədim.

Qız bütün cəsarətini toplayaraq:

– Axı ovun nə idi ki, laçınım, yıxa bilmədin? – deyərkən sanki ovçudan eşidəcəyi cavabdan qorxurmuş kimi bir addım geri çəkildi.

Gözləri hələ də uzaqlarda olan ovçu:

– Ovum dağlarda avara gəzən o maral idi, – dedi.

Pəri öz sualının cavabını eşitməmək üçün qulaqlarını tutmaq istədisə də, lakin artıq gec idi. Qızın sinəsindən qopan ah o qədər zəif oldu ki, bunu ovçu yox, yalnız yaxındakı otlar, çiçəklər eşidib titrədi. Sonra qızın dizlərinin heyi kəsildi, yıxılmamaq üçün ovçunun qoluna söykəndi, zəif bir səslə yalnız:

– Məni evə apar, laçınım, – dedi.

Yalnız bu zaman ovçu birdən səksənib sanki yuxudan ayıldı, yıxılmaqda olan Pərini qucaqlayıb qolları üstünə aldı. Yarıhuşsuz qızı gətirib yatağa uzadarkən başını itirib dəhşətə gəlmiş ovçu sevgilisini dəli öpüşlərə qərq edərək, qızdırmaya tutulmuş bir adam kimi sayıqlayırdı. Pəri azacıq özünə gələrkən qollarını qaldırıb üzərinə əyilmiş ovçunun boynunu qucaqladı. Ovçu isə başını qızın çiyninə söykəyərək:

– Pərican, Pərican, – deyə inildəyirdi. – Mən sənin xəyalını uğursuz bir qorxudan, ürəyini daimi bir səksəkədən, yuxularını qara vahimələrdən xilas etmək üçün o tilsimi qırmaq istədim… İndi sən rahat nəfəs alacaqsan, elim-günüm… İndi sən mənim, yalnız mənim, təkcə mənim, ancaq mənimsən, sevgilim!

Pərinin rəngi qaçmış dodaqlarında solğun bir təbəssüm oynadı. Qız ovçunun başını şəfqətlə sinəsinə sıxaraq:

– Ah, dəli laçınım, – dedi, – fələklərin gözü bizim xoşbəxtliyimizi götürmədi. Fələklər sənin ağlını çaşdırdılar, öz əlimizlə sinəmizə dağ çəkdilər… Yadındadırmı, laçınım, o gecə göl qırağında mən sənə nə dedim… Dedim ki, o marala güllə dəysə, mən də ölərəm… O, mənim doğru sözümdü, laçınım… Neçə ildi o maral mənim yuxumu qaçırmışdı, neçə ildi mən od ilə su arasında qalmışdım… Bir yandan çalışırdım ki, maralım el-obaya isinişib meşəyə getməsin, bir yandan da istəyirdim ki, yolunu gözlədiyimə rast gəlsin, onu dalınca salıb obaya gətirsin. Axırda o gün gəlib çatdı. Laçınım, o, səni dalınca salıb gətirdi… Amma tufan qopan gecədən sonra ürəyim yenə vahimə ilə doldu. Fikrim-zikrim onu ovçu gülləsindən qorumaq oldu… Axırda isə gör bəla haradan çovudu7 gəldi… Düz deyiblərmiş ki, sən saydığını say, gör fələk nə sayır. İndi əgər sən onu sevər yerindən yaralamısansa, mən də sağ qalmayacağam, laçınım… Bu əzəldən mənim alnıma yazılıb. Fal açan bir qarı bu barədə mənə xəbərdarlıq eləyib… Şamaxı zəlzələdən batan ili idi. Dəlisov bir qarı bizim obaları gəzib fal açırdı. O ili hamı falına baxdırırdı, laçınım, mən də on yumurta verib falıma baxdırdım.... Qarı əvvəlcə göz-qaşımı çox təriflədi, mən utandım. Başımı aşağı saldım, sonra dedi ki, qismətin bir ovçu olacaq, qızım. Onu bir maral gətirib sənə tuş edəcək. Amma gözdə-qulaqda ol, dedi, o qismət maralını ovçu gülləsindən qoru, əgər o, güllə yarasından yıxılsa, sən də ölüm yatağından qalxmayacaqsan…

Pəri bir an susdu, ovçunun boynunu qucaqlamış qolları açıldı, birnəfəsə dediklərindən yorulub gözləri yumuldu. Ovçu başını qaldırıb dəli bir ifadə almış gözləri ilə qıza baxdı, qurumuş dili söz tutub hərəkətə gəlmirdi. Eşitdiyi sözlərdən sanki onun nitqi batmışdı. Pəri yenə gözlərini açdı, komanın tavanına, hisli pərdələrə baxaraq pıçıldadı:

– Görünür, sən onu sevər yerindən vurmusan, laçınım… Gözümü yuman kimi ölüm quşu uçub üstümə gəldi.

O zaman ovçu:

– Yox, – deyə heybətli bir səslə çığırdı. – Yox, göyərçinim, bu, təsadüfdür, uğursuz, amansız bir təsadüfdür. Qalan nə varsa, hamısı yalandır, puç etiqaddır… İnanma fala, inanma caduya, inanma alın yazısına, inanma, elim-günüm, inanma, sevgilim, sən ölməyəcəksən!

Pərinin dodaqlarında yenə solğun bir təbəssüm oynadı, sonsuz bir məhəbbətlə ovçuya baxaraq dedi:

– Yox, laçınım, elə bil ürəyim şam kimi əriyir, görünür, o maral da indi hardasa taqətdən düşüb ayaq üstə dura bilmir… Əgər onu tapa bilsəydin, laçınım, yarasına məlhəm qoyub bağlasaydın… Kim bilir, bəlkə…

Dizi üstə yataq yanında yıxılıb qalmış ovçu artıq davam gətirməyərək sıçrayıb ayağa qalxdı. Dənizdə batan çör-çöpə sarılan kimi o da bütün ümidini bu ”kim bilir, bəlkə“yə bağlayaraq, başıaçıq, yaxasıaçıq özünü komadan çölə atıb meşəyə doğru yüyürdü.

Lakin qaranlıq meşə cığırlarında o, ölümcül yaraladığı heyvanın qanlı izlərini tapa bilmirdi. Ovçu özünü xeyli dağa-daşa vurduqdan sonra, nəhayət, bir sövq-təbii ilə maral gölünə tərəf yönəldi. Təxminində yanılmamışdı. Maral göl qırağında, suya yaxın yerdə yıxılmışdı, lakin qanlı dodaqlarını suya çatdıra bilməmişdi. Ovçu onun yanında oturdu, maralın başını qaldırıb dizləri üstə qoydu, əyilib göldən ovuclarını dolduraraq yaralı heyvana su içirtdi, sonra yaxasını cırıb maralın yarasını sarıdı. Can verən maral ovçusuna baxdı. Heyvanın gözlərində qara bir işıltı oynadı, sonra bütün bədənindən ani bir titrəyiş keçdi. Ovçu isə lal bir sükut içində marala yalvarırdı. Yalvarırdı ki, heyvan ayağa qalxıb onunla bərabər obaya getsin, Pəri qapı ağzına çıxıb maralını salamat görsün, o zaman… O zaman sevgilisini bu dağlardan, bu qismət marallarından, fal açanlardan, cadulardan, bütün bu mövhum qara kölgələr içindən götürüb yeni işıqlar vəd edən uzaq üfüqlərə doğru qaçardı…

Birdən ovçu diksindi. Maralın şüşəyə dönmüş gözlərində uzaq ulduzların ölgün işıqları titrəyirdi. Möcüzə baş verməmişdi, maral artıq nəfəs almırdı.

Ovçu ayağa qalxdı, tüfəngini çiynindən çıxarıb gölə atdı. Artıq ovçuluq qurtarmışdı, öz ehtirasının əqrəbi dönüb özünü çalmışdı. Son güllə ilə yıxdığı son ov – indi öz səadəti idi.

* * *

Ovçu obaya qayıdarkən gecəyarıdan xeyli keçmişdi. Yarıqaranlıq komada isə Pərinin başı üstündə bir şam yanırdı, bir ana. Ovçu içəri girərkən ana durub getdi. Pəri isə gözlərini açıb bir müddət dumanlı baxışlarla qapı ağzında dayanmış ovçuya baxdı. Əvvəlcə qız onu tanıya bilmədi, sonra birdən tanıyarkən yerindən sıçrayaraq çağırdı:

– Laçınım, bu nə haldır, sənin başın ağarıb. Laçınım, kor olsun Pərin, sənin başına bəla gətirdim.

Ovçu Pərinin yatağı yanına yıxılıb qızın dizlərinə qapandı:

– Bir yox, min bəla gəlsin başıma, sevgilim, – dedi. – Təki sən ayağa qalx, göyərçinim, təki sən ayağa qalx!..

Pəri çiyinləri titrəyən ovçunun başını dizi üstündən qaldıraraq qolları arasına aldı, bir müddət susdu, gözləri yol çəkdi, sonra qız həzin bir səslə oxudu:

 
Göydə göyərçin ağlar,
Yuvada laçın ağlar.
Sən yadıma düşəndə
Başımda saçım ağlar.
 

Ovçu başını qaldırdı, şamın titrək işığında sevgilisinin gözlərinə baxdı. Pəri ovçunun baxışlarına davam gətirməyərək var qüvvəsilə onu bağrına basdı:

– Yox, elə baxma, elim-günüm, bütün marallar, bütün pərilər sənə qurban! Neyləyək, qismətimiz bu imiş… Get, laçınım, daha bu yerlərdə qalma… Qayıt öz elinə, qayıt öz obana, orada səni gözləyənlərin gözünü yolda qoyma… Elə bu gecə, laçınım, bu gecə baş alıb get, bəlkə, o uzun yollarda qəmin dağıla…

Qızın ovçunu qucaqlamış qolları sustalıb açıldı, boynu vurulmuş bir quş kimi yana əyildi, başı yastıq üzərinə düşdü. O zaman komada ovçunun qulaqlarını batıran bir sükut cingildədi. Sevgilisinin əbədi olaraq bu sükuta qərq olduğunu görən ovçu fəryad edərkən, nəfəsi vurub şamı söndürdü. Ovçu ocağı sönmüş komasında dəhşətli bir qaranlıq ilə üz-üzə qaldı.

* * *

Pərini torpağa təslim edəndən sonra bütün oba, on dörd koma ovçunu da laləli dərənin kənarına qədər ötürdü. Əşrəf baba ovçunun başı üstündən dumana bürünmüş uzaqlara baxaraq dedi:

– Bu cığırları düz tutub gedərsən, ovçu, o, səni arana, gəldiyin yerə aparar… Get, ovçu, sənin ucbatından dağlarımız maralsız, obamız pərisiz qaldı, amma biz sənə qarğış eləmirik. Görünür, bəxtin çox qara imiş, bir gecədə öz başın ağardı.

Ovçu yola düzəldi.

O yalnız bircə dəfə dönüb geriyə, tərk edib getdiyi diyara baxdı. Tutulub qaralmış meşələr, qaşları çatılmış uca dağlar ağır bir sükut içində onu yola salırdı.

4.Vaz atmaq – hoppanmaq, sıçramaq, atılıb-düşmək
5.Bildir – keçən il, ötən il, əvvəlki il
6.İrişmək – çatmaq, yetişmək
7.Çovumaq – cəld yönəlmək, cummaq

Ücretsiz ön izlemeyi tamamladınız.

₺58,33
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
07 ekim 2022
ISBN:
9789952243796
Telif hakkı:
Altun Kitab
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre