Kitabı oku: «Artemis Faul», sayfa 2
İkinci fəsil
TƏRCÜMƏ
Siz yəqin artıq anladınız, öz məqsədinə çatmaq üçün Artemis Faul demək olar, hər şeyə hazır idi. Bəs bu nə məqsəd idi? Durub dünyanın o başına getmək, alkoqol iliyinə işləmiş türkəçarəçi qarını şantaj etmək nəyə lazım idi? Cavab çox sadədir. Hər şeyin səbəbi – qızıldır.
Artemisin axtarışları yuxarıda təsvir edilmiş hadisələrdən iki il əvvəl, o, İnterneti özü üçün kəşf etdiyi zamandan etibarən başlanmışdı. Tezliklə Artemis qeyri-adi hadisələrə:
insanların yadplanetlilər tərəfindən oğurlanmasına, UNO-larla görüş və s.-dən bəhs edən saytlara rast gəldi. Lakin han-sısa qəribə irqin mövcudluğu haqda məlumat onu xüsusilə maraqlandırdı.
Giqabaytlarla məlumatları nəzərdən keçirərək, o, yüzlərlə istinad aşkara çıxardı. Dünyanın hər bir ölkəsində bu sehrli varlıqları bir cür adlandırırdılar, lakin Artemis bir saniyə də olsun şübhə etmirdi ki, söhbət eyni irqdən gedir. Bir neçə dəfə hətta bu sirli xalqcığın hər bir nümayəndəsində olması vacib olan Kitab da təsvir olunmuşdu, içərisində sehrli varlıqların tarixi və onların riayət etməli olduqları ehkamlar təsvir edilmiş Bibliyaya bənzər kitab. Adi insanlar onun sehrli mətnini oxuya bilməsinlər deyə, aydın məsələdir, Kitab cırtdanların dilində yazılmışdı.
Lakin Artemis, texnologiyaların çağdaş imkanlarında Kitabın çevrilməsini tamamilə mümkün olan bir iş hesab edirdi. Sonra isə… Təkcə bu qeyri-adi varlıqların, Kitabın sahiblərinin bütün sirlərini öz xeyrinə istifadə etmək qalır.
“Öz düşmənini tanı” – Artemisin devizi belə idi. Bu oğlan problemin həllinə tamamən baş vurmuşdu və sehrli xalqcıq üzrə ensiklopediya hazırlamışdı.
Lakin bu az idi. O zaman Artemis İnternetdə belə bir elan yerləşdirdi.: “İrlandiyalı biznesmen elf, leprekon, sprayt, piksi və ya sehrli tayfanın istənilən digər nümayəndəsi ilə görüş üçün amerika dollarları ilə böyük məbləğdə pul ödəməyə hazırdır”. Bundan sonra yağış kimi yağan təkliflərin əksəriyyəti saxta çıxdı, lakin Xo Şi Minə səfər onun bütün gözləntilərini üstələdi.
Yəqin ki, Artemis planetdə yaşayan yeganə insan idi ki, öz qeyri-adi tapıntısından maksimal qazanc əldə etmək istəyirdi. Birincisi o, hələ sehrbazlığa öz uşaq inamını itirməmişdi, ikincisi də bu sehrə sahib olmaq qətiyyəti onun inamını daha da möhkəmləndirirdi. Bu qiymətli xəzinələri sehrli xalqcığın əlindən ala biləcək bir kimsə var idisə o da – ikinci Artemis Faul idi.
Dublindəki malikanələrinə Artemis Faul və Nökər səhərə yaxın çatdılar. Artemis bilgisayarın arxasına keçmək və Kitabla işləmək üçün səbirsizlənirdi, amma o, əvvəlcə anasına baş çəkməyi qərara aldı.
Angelina Faul yataq xəstəsi idi. Onun xəstəliyi əri itkin düşdükdən dərhal sonra başlanmışdı. “Hər şeyin səbəbi sinir gərginliyidir, – həkimlər belə deyirdilər. – Heç nə ilə kömək etmək mümkün deyil, yalnız sakitlik və yuxu dərmanları lazımdır”. Anası artıq bir il idi ki, xəstə idi.
Anasının otağına aparan pilləkənin alt qatında Nökərnin kiçik bacısı Cülyetta əyləşmişdi. Parıltılı kiprik tuşu qızın divarı deşən qaşqabaqlı baxışını daha da ifadəli edirdi. Artemis Cülyettanı artıq bir dəfə bu vəziyyətdə görmüşdü – həmin gün Cülyetta bir sırtıq heyvərəni, pizza daşıyanı supleksləmişdi. “Supleksləmə”, Artemisin başa düşdüyü qədər idman mübarizəsinin fəndlərindən biridr. Qız uşağı üçün tamamilə qeyri-adi məşğuliyyətdir. Nə isə, axı o Nökərlər nəslindən idi…
– Cülyetta, nəsə baş verib? Cülyetta tələsik başını qaldırdı.
– Mən çox təqsirkaram, Artemis. Yəqin mən pərdələri yaxşı bağlamamışam. Missis Faul bu gecə gözlərini heç yummayıb.
– Hm, – deyərək Artemis palıd ağacından düzəlmiş pillələrlə asta-asta yuxarı qalxmağa başladı.
Anasının vəziyyəti onu narahat edirdi. Anası artıq çoxdan idi yataq otağını tərk etmir və adam arasına çıxmırdı. Lakin digər tərəfdən, əgər o, hansısa sehrli bir yolla həyata qayıtsaydı, Artemisin hüdudsuz azadlığının sonu gələcəkdi. Yenidən məktəbə getmək lazım gələcəkdi və – əlvida, qanunsuz həyat.
O, ehtiyatla ikitaylı qapını döydü.
– Ana? Yatmısan?
Qapının o biri tərəfində nəsə sındı. Gələn səsdən belə başa düşmək olardı ki, sınan nəsə qiymətli bir əşya idi.
– Yoox, yatmıram! Belə gözqamaşdıran işıqda mən necə yata bilərəm?!
Artemis kandarı keçməyə risk etdi. Məxmər pərdələr arasındakı çox ensiz yarıqdan solğun işıq zolağı düşərək, qədim, bəzəkli çarpayıya sərt kölgələr buraxırdı. Angelina Faul yumaq kimi büzüşərək çarpayının bir küncünə qısılmışdı; onun solğun əlləri alaqaranlıqda səyriyirdi.
– Artemis, balacan, sən harada idin? –
Artemis köks ötürdü. Anası onu tanıdı. Yaxşı əlamətdir.
– Məktəb ekskursiyasında idim, anacan. Avstriyada xizəklə sürüşürdüm.
– A-a, xizəklə… – Angelina uzatdı. – Xizəklə sürüşməkdən ötrü necə də darıxmışam! Bəlkə atan qayıdanda, biz hamımız…
Artemis boğazında qəhər hiss etdi. Lakin hisslərin ona xas olmayan təzahürünün cəld öhdəsindən gəldi.
– O, mütləq qayıdacaq, anacan.
– Oğlum, sən bu lənətə gəlmiş pərdələri bağlaya bilərsən? Qorxunc, dəhşətli işıqdır!
– Əlbəttə, anacan.
Artemis əlləri ilə yoxlaya-yoxlaya, necə gəldi durmuş paltar sandıqlarını dolanıb keçərək otağın o biri tərəfinə keçdi. O, qəfildən pəncərələri taybatay açmaq istəyi hiss etdi, lakin… Artemis sadəcə bir dəfə də köks ötürdü və pərdələri bağladı.
– Çox sağ ol, əzizim. Yeri gəlmişkən bu qulluqçudan canımızı qurtarmalıyıq. O, heç bir işə yaramır.
Artemis dilinin ucunda olan sözləri güclə saxladı. Cülyetta artıq üç ildi onların evində xidmət edirdi və bu müddət ərzində özünü çox yaxşı aparmışdı. Lakin anasının xəstəliyi ona bəzi üstünlüklər verirdi.
– Əlbəttə, sən haqlısan, ana. Mən çoxdandır bunu etmək istəyirdim. Həm də Nökərnin bir bacısı var, o, bu işin öhdəsindən yaxşı gələr. Deyəsən, mən onun haqqında sənə artıq danışmışam. Onun adı Cülyettadır.
– Cülyetta? – Angelina üz-gözünü turşutdu. – Hə, hə, adı sanki tanış gəlir. Nə isə, indi bizdə işləyən qızdan pis olmayacaq. O, nə vaxt işə başlaya bilər?
– Elə bu gün. Qız qonaq otağında gözləyir. Mən Nökərdən xahiş edəcəyəm ki, onu sənin yanına gətirsin..
– Sən çox xeyirxah oğlansan, Artemis. İndi isə gəl ananı öp.
Artemis anasının geniş xalatının kölgəsinə tərəf addımladı. Xoş, güclə sezilən ətir hiss etdi – gölməçənin səthində üzən gül ləçəklərindən bu cür ətir gəlir. Angelina Faulun əlləri soyuq və zəif idi.
– Mənim əzizim… – anası pıçıldadı və bu pıçıltıdan Artemisin tükləri ürpəşdi. – Mən qəribə şeylər eşidirəm. Gecələr. Onlar balışların üzəri ilə sürünürlər, mənim qulaqlarıma girirlər…
Artemis yenə də qəhərləndiyini hiss etdi.
– Anacan, bəlkə mən pərdələri açım?
– Yox! – Anası ağladı və qollarını boşaltdı. – Bircə bunu etmə. Axı o zaman mən onları görərəm!
– Ana, xahiş edirəm…
Lakin onu dilə gətirmək faydasız idi. Angelina yenə yatağın uzaq küncünə qısıldı və yorğanı çənəsinədək üstünə çəkdi.
– O təzə qızı buraya göndər.
– Yaxşı, anacan.
– Qoy mənə doğranmış xiyar və su gətirsin.
– Oldu, anacan.
Angelina oğluna şübhəli nəzərlərlə baxdı.
– Bir də ki, bəsdir məni ana deyə çağırdın. Bilmirəm kimsən, amma dəqiq bilirəm ki, mənim balaca Artim deyilsən.
Artemis qəzəblə gözlərini qırparaq axmaq istəyən göz-yaşlarını saxladı..
– Əlbəttə. Bağışla, a… madam.
– Hm. Bir də buraya gəlmə, yoxsa mənim ərim sənin dərsini verər. Kişim çox mühüm adamdır, yoxsa onun haqda eşitməmisən?
– Yaxşı, missis Faul. Siz məni bir daha görməyəcəksiniz.
– Lap yaxşı. – Angelina qəflətən donub qaldı. – Budur, budur, gör onları eşidə bilirsən?
Artemis başını yırğaladı:
– Mən heç bir şey eşitmirəm…
– Onlar dalımca gəlirlər. Onlar hər yerdədirlər.
Sığınacaq axtarışıya Angelina başını yorğanın altına saldı. Onun qorxu dolu hıçqırıqları pilləkəndən düşərkən bütün yol boyu Artemisi izləyirdi.
Kitab Artemisin düşündüyündən daha inadcıl çıxdı, bütün gücü ilə – əgər “güc” sözünü ümumiyyətlə kitaba aid etmək olarsa – müqavimət göstərirdi. Hansı proqramdan keçirməsindən asılı olmayaraq, nəticə yox idi.
Artemis hər bir səhifəni çap edərək tam mənzərəni görmək üçün onları kabinetin divarlarından asdı. Belə mətnə Artemis hələ rast gəlməmişdi, eyni zamanda hərflər təccüblü dərəcədə tanış gəlirdi. Bu, simvollar və işarələrin qarışığı idi, həm də sanki hər bir səhifədə hərfləri necə gəldi, təsadüfi yerləşdirmişdilər.
Bilgisayar proqramına hansısa hesabat sistemi, çıxış nöqtəsi lazım idi. Artemis hər bir işarəni ayrılıqda götürdü və ingilis, çin, yunan və ərəb əlifbaları ilə tutuşdurdu. Kirill əlifbasını da yoxladı, hətta qədim irlandiya və kelt əlifbalarını da gözdən keçirdi. Bütün çarpışmaları sonucsuz qaldı.
Artemis yavaş-yavaş öfkələnməyə başlamışdı. Sendviç gətirərək onu işindən ayıran Cülyettanı da qovdu və simvolları öyrənməyə başladı. Ən çox rast gələn simvol kişi fiqurunu ifadə edən piktoqram idi. Artemisin ehtimalına görə kişi fiquru idi, amma onun sehrli xalqcığın anatomiyası sahəsində cüzi biliklərə malik olduğunu nəzərə alsaq, fiqur qadın cinsinə də məxsus ola bilərdi. Qəfildən Artemisin başına bir fikir gəldi. “Ən güclü tərcüməçi” proqramında o, “Qədim dillər” qovluğunu açdı və misir dilini seçdi.
Nəhayət ki! Tapıldı. Kişi fiquru Tutanxamonun məqbərəsinin daxili divarlarında aşkarlanmış və Anubis allahını ifadə edən simvola eynilə bənzəyirdi. Bu, Artemisin digər axtarışları ilə də tam uyğunlaşırdı. Qədim yazı abidələri sehrli xalqcığı insanlardan əvvəl yaşamış sivilizasiya kimi təsvir edirdi. Yəqin ki, misirlilər sadəcə olaraq onlara qədər mövcud olmuş yazını götürüb öz ehtiyacları üçün uyğunlaşdırmışdılar.
Simvollar bir-birlərinə çox bənzəyirdilər, lakin fərq də çox böyük idi – bilgisayar proqramı onlar arasındakı əlaqəni tuta bilmirdi. Bütün işləri əllə görməkdən başqa bir əlac qalmırdı. Cırtdan dilinin hər bir işarəsini böyütmək, printerdə çap etmək, daha sonra ieroqliflərlə müqayisə etmək lazım gəldi.
Artemisin ürəyi şiddətlə döyünürdü, o, artıq uğuru hiss edirdi. Hər bir sehrli işarə, hər bir piktoqram ieroqliflər içərisində oxşar simvollara malik idi. Universal işarələr də var idi – məsələn, günəş və ya quş. Lakin bir şey çox müəmmalı görünürdü, uyğun variantı tapmazdan qabaq əməlli-başlı baş sındırmaq lazım idi. Məsələn, Anubisin fiquru. Burada çaqqal-allahın nə rolu var? Buna görə də Artemis bu simvolu sehrli xalqcığın kralı kimi deşifrə etdi.
Gecə yarısına yaxın Artemis nəhayət ki, öz axtarışlarının bütün sonuclarını bilgisayara yüklədi. İndi ona ancaq “Deşifrə et” əmrini vermək lazım idi. O, belə də etdi və anlamsız cəfəngiyyatla dolu bir yığın səhifə aldı.
Normal uşaq çoxdan bu tapmacaya tüpürərdi. Adi böyük insan klaviaturanı divara çırpmaqla işi bitirərdi. Lakin Artemis belə deyildi. Kitab ona meydan oxuyrdu və o, hansısa aciz bir kitabcığa məğlub ola bilməzdi.
İşarələr düzgün şifrələnmişdi, o buna zərrə qədər də şübhə etmirdi. Çox güman ki, bütün məsələ onların ardıcıllığında idi. Artemis yumulan gözlərini ovuşdurdu və gözlərini acıqla Kitabın səhifələrinə zillədi. Mətn, bir-birindən qalın xəttlərlə ayrılmış ayrı-ayrı hissələrdən ibarət idi. Bu xətt fəslin və ya abzasın sonunu bildirə bilərdi, lakin adət edilən ardıcıllıqda – soldan sağa – sətirləri oxumaq mümkün deyildi.
Artemis eksperiment etmək qərarına gəldi. O, ərəb dilində – sağdan sola və çin dilində – sütun boyu yuxarıdan aşağıya oxumağa çalışdı. Lakin heç bir şey alınmadı. O zaman Artemis fikir verdi ki, hər bir səhifənin bir ümumi hissəsi – mərkəzi sektoru var. Digər piktoqramlar bu sahənin ətrafında düzgün sıra ilə yerləşmişdilər. Bəlkə elə budur çıxış nöqtəsi? Lakin bəs hansı istiqamətə hərəkət etmək lazımdır? Artemis artıq neçənci dəfə Kitabı vərəqlədi ki, bəlkə təkrarlanan, ümumi işarələr tapsın. Bir neçə dəqiqə sonra o, belə işarələri tapdı. Hər bir səhifədə sektorlardan birinin küncündə nizə ucluğuna bənzəyən kiçicik bir ox işarəsi vardı. Bəlkə bu elə istiqamət verən göstəricidir? Nə isə “O tərəfə oxu” kimi bir şeydir? Nəzəri olaraq belə alınırdı ki, mərkəzdən başlamaq, daha sonra ox işarələrinə əsaslanaraq spiral üzrə oxumaq lazım idi.
Bilgisayar proqramı bu cür məsələnin həlli üçün nəzərdə tutulmamışdı, buna görə də Artemis improvizasiya etməli oldu. Kağız kəsən bıçağın və xətkeşin köməyilə o, Kitabın birinci səhifəsini zolaqlara ayırdı və onları qərb dilləri üçün ənənəvi olan qaydada – soldan sağa paralel sıralarla düzdü. Daha sonra səhifəni yenidən daradı (skan etdi) və misir dilindən modifikasiya olunmuş tərcümə proqramından keçirdi.
Bilgisayar uğuldayaraq, informasiyanı ikili koda çevirdi. Arabir dayanaraq bu və ya digər işarənin tərcüməsi üçün təsdiq sorğusu verirdi. Lakin maşın yeni dili öyrəndikcə bu hal getdikcə daha gec-gec baş verirdi. Nəhayət ki, ekranda iki söz yazıldı “Fayl çevirildi”.
Artemis yorğunluqdan və həyəcandan titrəyən barmaqları ilə “Çap etmək” düyməsinə basdı. Lazer printerindən cəmisi bircə səhifə çıxdı. Səhifə ingilis dilində idi. Düzdür, bəzi yerlərdə səhvlər var idi, çox şeyləri təmizləmək və düzəliş etmək lazım idi, lakin başlıcası – mətn oxunurdu. Bundan daha mühümü isə o idi ki, onu anlamaq mümkün idi.
Bir neçə minillikdən sonra sehrli dil yenidən deşifrə olunmuşdu. Bunu heç kim yox, Artemis etmişdi. Oğlan masaüstü lampanı yandırdı və oxumağa başladı.
Sehrli Xalqın sehrbazlıq sənətinin təlimatlarını və müxtəlif həyat qaydalarını özündə ehtiva edən Kitabı
Sən məni qoru, həmişə özünlə gəzdir.
Mən otların və ovsunların sirrini sənə açaram,
Mən sehrli biliklər dünyasına gedən yolu göstərərəm.
Məni unutsan – sehr də olmayacaq..
Sehrli ehkamlar cəmisi yüzdür
Sehrbazlığı necə idarə etməyə cavab verəcək
Ovsun, dərman, əlkimyanın sirrlərini —
Sənə hər şeyi danışacam, bütün məsləhətləri verəcəm.
Lakin yaxşı yadda saxla:
Mən torpaq üzərində qaynaşan
Aciz mənənələr üçün deyiləm
Mənim sirrlərimi insanlara verənə
Əsrlər boyu lənətlər olsun.
Artemis nəbzini qulaqlarında hiss etdi. Nəhayət ki, bu varlıqlar onun əlindədirlər! Qədim sirrlər onun ağlının gücü və texnologiyaların əzəməti qarşısında geri çəkildilər. Qəfildən onu dəhşətli yorğunluq bürüdü və o taqətsiz halda özünü kürsünün üzərinə atdı. Hələ nə qədər iş görmək lazımdır! Başlanğıc üçün – qalan qırx üç səhifəni tərcümə etmək lazımdır.
O, selektorun düyməsini basdı.
– Nökər, Cülyettanı da götür, ikiniz də yuxarı qalxın. Sizin üçün bir-iki tapmacam var.
Yəqin ki, ailə tarixçəsinə kiçik ekskursiya etməyin vaxtı gəlib çatdı.
Faullar cinayət dünyasının əsl əfsanəsi idilər. Faullar nəslinin bir neçə qolu kölgədən gün işığına çıxmaq üçün kifayət qədər vəsait yığanadək qanun və hüquq qaydaları əleyhinə gizli müharibədə iştirak etmişlər. Lakin demək olmaz ki, parlaq işıq onların xoşuna gəlmişdi və Faullar tezliklə öz qaranlıq işlərinə qayıtmışdılar.
İyirminci əsrin sonlarında Faulların ailə vəziyyətləri təhlükə altına düşdü və bunun təqsirkarı bizim qəhrəmanımızın atası – Birinci Artemis idi. Kommunist Rusiyasının dağılmasından sonra böyük Artemis, Faulların kapitalının əksər hissəsini nəqliyyat daşımalarına yatırmaq qərarına gəldi: o, çox məntiqi olaraq düşünürdü ki, yeni istehlakçılara yeni istehlak malları tələb olunacaq. Təbii ki, rus mafiyası onların qanuni ərazisinə müdaxilə etmək istəyən qərbli işbazı sevinclə qarşılamadı və ona kiçicik xəbərdarlıq göndərmək qərarına gəldi. Bu xəbərdarlıq – “Faul ulduzu” gəmisi Murmansk limanı akvatoriyasından keçərkən onun üzərinə buraxılmış – əlbəttə ki, oğurlanmış – “stinger” raketi formasını aldı. Təsadüfdən, Artemis Faul özü şəxsən Nökərnin dayısı və 250 000 koka-kola çəlləyi ilə birlikdə gəminin bortunda idi. Bir sözlə, partlayış çox güclü oldu.
Faullar ailəsi ümidsizliyə qapılmadı, əsla. Lakin onlar mal-dövlətlərinin əhəmiyyətli bir hissəsindən məhrum oldular. Bax elə o zaman İkinci Artemis ailəsinin işlərini düzəldəcəyinə and içdi. O, Faullara əvvəlki şöhrəti qaytaracaqdı. Bunu özünəməxsus, unikal bir yolla həyata keçirəcəkdi.
Kitabın tərcüməsi sona çatırdı. Nəhayət ki, Artemis gələcək addımların planını işləyib hazırlamağa başlaya bilərdi. Məqsəd olduğu halda, sadəcə bu məqsədə necə çatmağı düşünmək qalırdı.
Aydındır ki, Artemisin məqsədi qızıl idi. Çoxlu qızıl. Artemisə məlum olduğu qədər, sehrli xalqcıq qiymətli metalları heç də insanlardan az sevmirdi. Yaxşıca gizlədilmiş qızıl dolu küplər və sairə… Lakin əgər, Artemisin hazırladığı plan işə düşsə, tezliklə hər şey başqa cür olacaq. Sehrli xalqcığın ən azından bir üzvünün cibləri boş qalacaq.
On səkkiz saatlıq möhkəm yuxudan və yüngül, lakin doyumlu səhər yeməyindən sonra Artemis, ona atasından irsən keçmiş kabinetinə qalxdı. Tünd rəngli palıd panellər və döşəmədən tavanadək uzanan kitab rəfləri – Artemisin buraya daxil etdiyi bilgisayar texnikasının ən yeni nailiyyətləri ilə güclə uyğunlaşan tamamən ənənəvi bir şəraitdir. Künclərdə vahid şəbəkəyə qoşulmuş AppleMacs bilgisayarları uğuldayırdı. Onlardan biri qarşı divara CNN saytını proyeksiya edirdi – orada ən yeni xəbərlərin nəhəng şəkilləri sayrışırdı.
Nökər artıq kabinetdə idi, maşınların işinə nəzarət edirdi.
– Bilgisayarların hamısını söndür, – deyə Artemis otağa daxil olaraq əmr etdi. – Kitabla işləyən bilgisayardan başqa, hamısını. Mənə sakitlik lazımdır.
Bu əmri eşidən xidmətçi açıqdan-açığa təəccüblənmişdi. CNN saytı artıq bir ildir ki, fasiləsiz işləyirdi. Artemis şübhə etmirdi ki, atasının möcüzəli xilası haqda xəbər nə zamansa mütləq veriləcək. Xəbər saytını söndürməyi əmr etmək yalnız bir şeyi bildirirdi: gənc Faul nəhayət ki, artıq baş verənlərlə barışıb.
– Bilgisayarları söndürmək? Mən düzgün eşitdim, ser?
Bir neçə saniyə Artemis uzaqdakı divara baxdı.
– Bəli, – nəhayət o, cavab verdi. – Tamamilə doğrudur.
Nökər ərk edərək əlini ehtiyatla öz ağasının çiyninə vurdu – cəmisi bircə dəfə, daha sonra Kitabın yanına qayıtdı. Aretmis barmaqlarını şaqqıldatdı. Sevimli məşğuliyyətə – məkrli planların hazırlanmasına başlamaq vaxtıdır.
Üçüncü fəsil
ELFİ
Elfi Balacaboy yatağında uzanıb hirsindən tir-tir əsirdi. Bunda qeyri-adi heç nə yox idi. Ümumiyyətlə leprekonlarda1 mehribanlıq olmur. Lakin Elfi hətta sehrli xalqcığın gözündə də həddindən artıq pis əhval-ruhiyyədə idi (fey və elflər2 yalnız nağıllarda mehriban və şən varlıqlar olurlar). Yeri gəlmişkən, Elfi formal olaraq elf idi. O həm də leprekon idi, amma yalnız fəaliyyətinə görə.
Bəlkə də oxucuya Elfinin xarici görkəmini təsvir etmək onun mənşəyi haqqında mühazirə oxumaqdan daha çox şey deyə bilər. Elfi Balacaboyun dərisi qoz qabığı kimi açıq qəhvəyi rəngdə idi, qısa vurulmuş kürən saçları və qonur gözləri vardı. Burnu azca aşağıya doğru əyilmişdi, dodaqları körpə uşağın ağzı kimi yupyumru idi; ulu babasının məşhur Kupidon olduğunu nəzərə alsanız, bunlar sizə metafora kimi görünməz. Elfinin anası Avropa elflərinin nəslindən idi, coşğun temperamenti və gözəl qaməti ilə dillər əzbəri olmuşdu. Elfi də anasına bənzəyirdi. Onun uzun və ucları ensiz barmaqları elektrikli polis dəyənəyini tutmaq üçün ideal dərəcədə uyğun idi. Daha nə var? Sivri qulaqlar – əlbəttə, bunu deməyə ehtiyac yoxdur… Hə, bir də boyu. Düz bir metrdir, elflərin orta boyundan bir-iki santimetr qısa! Amma bəzən bircə santimetr də həlledici rol oynaya bilər, xüsusən bu santimetrlərin çox az olduğu zaman.
Elfi daha çox mayor Roota qarşı acıqlı idi. Mayor ilk gündən onun əleyhinə çıxmışdı. Başqa cür ola da bilməzdi, Legionun bütün tarixi ərzində ilk qadın-polis məhz onun korpusuna daxil edilmişdi! Root bunu özünə təhqir kimi sayırdı. Yeraltı kəşfiyyat korpusunda xidmət etmək asan deyildi, burada ölüm halları Legionun başqa korpuslarına nisbətən daha çox olurdu, buna görə də Root belə hesab edirdi ki, onun korpusunda qızlara yer yoxdur.
Eybi yoxdur, – deyə Elfi öz-özünə mızıldandı, – o öz fikrini dəyişməyə məcbur olacaq. Boş yerə heç vaxt xidməti buraxmaram – Rootlar məni buna məcbur edə bilməz.
Lakin onun qanını qaraldan başqa bir səbəb də var idi, hərçənd Elfi özü bunu etiraf etmək istəməzdi. Bu Ritual idi. O, ayın bədrləndiyi gecələrdə dalbadal bir neçə dəfə bu ritualı yerinə yetirmək istəmişdi, amma hər dəfə ona nə isə mane olurdu. Əgər Root onun sehrli qüvvəsinin tükənməkdə olduğunu bilsə, dərhal onu növbətçi vəzifəsinə qoyar.
Elfi döşəkdən qalxıb kövrək addımlarla duş qəbul etməyə getdi. Yer nüvəsinin yaxınlığında yaşanan həyatın bir üstünlüyü də budur ki, evində həmişə isti su olur. Əlbəttə, burdan günəş görünmür, ona görə də yalnız süni işıqlanma-dan istifadə edilir, lakin insanlardan uzaqda yaşamaq imkanı əldə etmək üçün bu elə də böyük qiymət deyil. Yerin altı. Üstdəkilərin, yuxarıdakı bu adamcığazların öz uzun burunlarını hələ soxmadıqları yeganə yer, planetdə axırıncı zona. Uzun iş günündən sonra evə qayıdaraq qoruyucu ekranı çıxarıb köpüklənən palçıqlı hovuza girməkdən yaxşı heç nə yoxdur. Əsl ləzzətdir.
Elfi geyindi, tünd yaşıl rəngli kombinezonunu çənəsinə qədər bağladı və şlemi başına keçirtdi. LEPrekonun indiki mundirləri əvvəlkilərdən daha rahatdır. Bu bölmənin döyüşçülərinin vaxtilə məcbur olub geydikləri qədim kostyumlar həmişəlik keşmişdə qalıb. İpli ayaqqabılar, bric şalvarlar, düz sözümdür!
İnsanların düzüb-qoşduqları nağılların hamısında leprekonların belə axmaq görkəmdə təsvir edilməsi təəccüblü deyil. Hərçənd… Əgər bu üstdəkilər birdən öyrənsəydilər ki, əslində “leprekon” sözü LEPrekon, yəni, “Legion Polisləri, Yeraltı Kəşfiyyat Korpusu Nümayəndələri” adlı seçmə bölmənin adından əmələ gəlib? Onda nə olardı? O andaca leprekonların ovuna çıxardılar. Yox, artıq diqqət cəlb etmək nəyə lazım, qoy yuxarıdakılar bundan sonra da öz fikirlərində qalsınlar…
Yer üzündə ay görünməyə başlamışdı, buna görə də qəlyanaltı etməyə demək olar ki, vaxt yox idi. Elfi qaça-qaça soyuducudan gicitkənli yoqurt şüşəsini götürüb özünü tunelə atdı. Həmişəki kimi mərkəzi küçədə xaos hökm sürürdü. Elflərin uzaq qohumları olan uçan spraytlar tunelin az qala tavanına qədər doluşub hava tıxacı yaratmışdılar. Yoğun dallarını yırğalaya-yırğalaya ayaqlarını yerə döyən qnomlar da eyni vaxtda yol hərəkətinin hər iki tərəfini bağlayaraq ümumi qarışıqlıq və tünlüyə bacardıqları qədər öz töhfələrini vermişdilər. Gölməçələrdəki ağzıyava qurbağalar ətrafa yeddiqat söyüşlər yağdırırdılar. Bu cins kiminsə axmaq zarafatı nəticəsində əmələ gəlmiş, sonra isə fəlakətli dərəcədə artıb çoxalmışdı. Buna görə kimsə hətta öz sehrli çubuğundan məhrum olmuşdu. Elfi polis bölməsinə gəlmək üçün çətinliklə özünə yol açırdı. Ticarət mərkəzinin yanında izdiham tamamilə coşmuşdu. Kapral Trittonun nizam-intizam yaratmaq cəhdi heç bir nəticə vermirdi. Elfi ürəyində ona uğurlar arzuladı. Dəhşətdir, oğlanın bəxti gətirməyib. O özü heç olmasa yerin üstündə işləyir.
Legion polisi bölməsinin girişini nümayişçilər bağlamışdılar. Qnomlar və qoblinlərin quldur dəstələri ərazilərin yenidən bölüşdürülməsi uğrunda müharibə aparırdılar. Hər səhər bura qəzəbli valideynlərdən ibarət izdiham toplaşır və günahsız övladlarının azad olunmasını tələb edirdilər. Elfi donquldandı. Günahsız qoblin! Elfi hələ beləsinə rast gəlməyib. Qoblinlər və qnomların əllərinə qandal vurub kameralara doldurmuşdular, burada onlar öz oğru mahnılarını bağıra-bağıra oxuyur və bir-birlərinin üstünə şarşəkilli şimşək atırdılar. Elfi coşub-daşan izdihamın içinə soxuldu.
– Yol verin, buraxın, – deyə o qışqırırdı. – Mən işə gedirəm.
O, bunu nahaq yerə dedi. Çarəsiz valideynlər dərhal onun üstünə atıldılar, sanki milçəklər qurda daraşmışdı:
– Mənim Qrampom günahsızdır!
– Polis özbaşınalığı!
– Xahş edirəm, bu yorğanı mənim oğluma verin! Uşaq yorğansız yata bilməz!
Elfi şlemin üz qapağını aşağı saldı, onu güzgülü etdi və heç bir söz demədən bölməyə tərəf getməyə başladı. Axı, vaxtilə polis mundirinə hörmət edirdilər… Amma o dövr çoxdan geridə qalıb. İndi sən – danlaq obyektisən.
– Bağışlayın, zabit, ziyil dolu bardağımı hardasa itirmişəm və…
– Üzr istəyirəm, mənim pişiyim stalaktitin3 üstünə çıxıb, siz eləyə bilərsinizmi…
Bəs buna nə deyirsiniz?
– Kapitan, deyə bilərsinizmi, Əbədi Həyat Mənbəyinə necə getmək olar?
Elfinin əti ürpəşdi. Elə bircə turistlər çatışmırdı. Onun öz problemləri boğaza qədərdir. Hətta daha çox olduğunu tezliklə öyrənəcək.
Polis bölməsinin qəbul otağında tanış qnom-kleptoman4 ərizə vermək üçün növbədə dayananların cibinə girirdi. Qnomun əlini öz əlinə qandallamış polisin də cibindəkilər oğurlanmışdı. Elfi elektrikli dəyənəklə oğrunu vurdu. Güclü cərəyan onun dəri şalvarını yandırıb dalına yapışdırdı.
– Burda da oğurluqla məşğulsan, hə, Mulç?
Qnom diksindi, oğurlayıb paltarının qollarına doldurduğu şeylər yerə səpələndi.
– Rəis xanım, – o, üzündə saxta peşmanlıq ifadəsi ilə zingildədi, – axı, mən nə edə bilərəm? Xasiyyətim belədir.
– Əlbəttə, Mulç, səni başa düşürəm. Amma bizim də xasiyyətimiz tələb edir ki, səni iki yüz, üç yüz il həbsxanada saxlayaq.
Elfi qnomu bölməyə aparan polisə baxıb göz vurdu:
– Afərin, sayıqlığı itirmirsən.
Polis xəcalətindən qızardı və pulqabı ilə nişanını yerdən götürmək üçün aşağı əyildi.
Elfi gözə çarpmadan öz yuvasına sivişib girmək üçün nəfəsini çəkib ayağının ucunda rəisin kabinetinin yanından keçib getdi.
– BALACABOY! TEZ OL YANIMA GƏL!
Elfi ah çəkdi. Yenə başlanır.
O, qalpağını qoltuğuna vuraraq mundirinin qırışlarını düzəltdi və mayorun kabinetinə girdi. Rootun sifəti hirsindən qıpqırmızı olmuşdu. Ümumiyyətlə, mayor öz tabeçiliyində olanları danlamaqdan ötrü sinov gedirdi. Buna görə də Zəhlətökən Root ləqəbini qazanmışdı. Mayorun daim qıpqırmızı olan sifətinə gəlincə isə, ürəyinin nə vaxt tutacağı haqqında bölmədə hətta mərc gəlirdilər. Yarım əsr ya da bir azca çox müddətə mərc gəlib pul qoymaq ən sərfəli variant hesab edilirdi. Root barmaqlarını biləyindəki ayölçənə vurdu.
– Nə deyirsən? – o hiddətlə soruşdu. – Səncə saat neçədir?
Elfi qızardığını hiss etdi. O, bir dəqiqədən də az gecikmişdi. Onun növbəsindən olan ən az on polis hələ öz iş yerlərinə gəlib çıxmamışdılar. Amma Root danlamaq üçün həmişə məhz Elfini seçirdi.
– Mərkəzi küçə… – Elfi sıxıla-sıxıla dilləndi. – Yolun dörd zolağı işləmir…
– Boş bəhanələrdir! – deyə rəis bağırdı. – Beş dəqiqə tez dur! İlk dəfə deyil ki, böyük şəhərdəsən!
Bax, bu məsələdə o tamamilə haqlı idi. Elfi Balacaboy Limanda doğulub böyümüşdü. Lakin insanlar dərin qazma işləri aparandan bəri sehrli xalq məskunlaşmış yerləri tərk etməyə başladı və yer nüvəsinin yaxınlığına köçdü və beləcə daha təhlükəsiz olan Limanda məskən saldı. Metropoliyada əhali həddindən artıq sıxdır, xidmət sahəsində işləyənlərə böyük ehtiyac var. Hakimiyyət orqanları isə hələ də götür-qoy edir, şəhərin mərkəzindən avtomobillərin keçməsinə icazə verilsin ya verilməsin? Sanki küçələrdə avaralanan pinti qnomların üfunəti boğaza yığmışdı.
Root haqlı idi. Yuxudan tez durmaq lazımdır. Amma bölmədə təkcə Elfidirmi? Qoy başqaları da düzəlsinlər.
– Bilirəm, nə haqqında fikirləşirsən, – Root dedi. – Mən hər gün nə üçün məhz sənə ilişirəm? O biri avaraları niyə heç vaxt danlamıram?
Elfi susdu, amma üzündəki ifadədən cavabı oxumaq mümkün idi.
– Səbəbini bilmək istəyirsən?
Elfi risk edib başını tərpətdi.
– Çünki sən qızsan.
Elfi özündən asılı olmadan yumruqlarını sıxdığını hiss etdi. Aha, o bunu boynuna aldı!
– Lakin hər şey sən fikirləşdiyin qədər sadə deyil, – deyə Root sözünə davam etdi. – Sən bizim Korpusda ilk qadınsan. Həm də bütün dövrlər ərzində. Sən sınaq nümunəsisən. Mayaksan. Milyonlarla vətəndaşımız sənin hər bir hərəkətini izləyir. Sənə böyük ümidlər bəsləyirik. Bununla belə paxıllığını çəkənlər də çoxdur. Hüquq mühafizə qüvvələrinin gələcəyi sənin əllərindədir. Amma görürəm ki, bu yükü daşımağa gücün çatmır. Ən azından indi belədir.
Elfi çaşqın halda gözlərini döydü. Əvvəllər Root onunla bu cür söhbət etməmişdi. Adətən mayorla onun ünsiyyəti “Qalpağını düzəlt”, “Kəmərini bərkit” kimi boş-boş sözlərdən ibarət olurdu.
– Sən ən yüksək səviyyədə olmalısan, Balacaboy, bu isə hamıdan yaxşı olmaq deməkdir. – Root ah çəkərək fırlanan kresloya söykəndi. – Bilmirəm nə olacaq, Elfi, bilmirəm… Xüsusən də Hamburqda beş vermiş hadisədən sonra…
Elfi üz-gözünü turşutdu. Hamburqdakı iş tam uğursuzluqla bitmişdi. Onun axtardığı cinayətkarlardan biri yuxarıya qaçmış və yuxarıdakılardan siyasi sığınacaq almağa çalışmışdı. O vaxt Root zamanı dayandırmağa məcbur olmuş, Çevik Alayı çağırmış və bu işdə əli olan dörd adamın yaddaşını sildirmişdi. Polislər boş yerə vaxt itirmişdilər. Hər şey də onun günahı ucbatından olmuşdu.
Mayor yazı masasının üstündən bir blank götürdü.
– Nə isə, Elfi, mən qərarımı vermişəm. Səni Yol hərəkəti şöbəsinə keçirirəm, yerinə isə kapral Frondanı götürürəm.
– Frondanı?! – Elfi hirsindən bağırdı. – Axı o lap kütbeyindir. Axmağın biridir! Siz ona nümunəvi polis deyirsiniz?!
Rootun qıpqırmızı sifəti daha da qızardı.
– Niyə də olmasın?! Sən özünü yaxşı cəhətdən göstərməyə heç zaman çalışmamısan! Çünki sənin yaxşı cəhətin digər cəhətlərindən heç də yaxşı deyil. Bağışla, Balacaboy, sən öz şansını əldən verdin…
Mayor gözlərini kağıza dikdi. Söhbət qurtarmışdı. Elfi dəhşətdən hətta barmağını da tərpədə bilmədi. Hər şeyi özü korlamışdı. Amma karyera qazanmaq üçün nə gözəl imkan idi – belə fürsət bir də nə zaman əlinə düşəcəkdi! Vur-tut bircə səhv onun gələcəyini məhv etmişdi. Bu ədalətsizlikdir. Elfi qəzəbindən özünü itirsə də hisslərini cilovlaya bildi. İndi hirslənmək vaxtı deyildi.
– Mayor Root, icazə verin müraciət edim. Düşünürəm ki, mənə daha bir şans verilməlidir, buna layiqəm.
Root hətta gözlərini kağızdan qaldırıb baxmadı.
– Nə əsasla bunu deyirsən?
Elfi dərindən nəfəs alıb dedi:
– Xidməti göstəricilərim əsasında, ser. Əgər Hamburq məsələsini nəzərə almasaq, bu göstəricilər hər şeyi deyir. Uğurla yerinə yetirilmiş on xüsusi tapşırıq. Nə bir silinmiş yaddaş, nə də zamanın dayandırılması, əgər…